Press "Enter" to skip to content

18 manatlıq borca görə mağaza sahibini öldürən müştəriyə ağır cəza – VİDEO

Məhkəmə hesab edib ki, Əmrah Əlizadənin əməli CM-in 126.3-cü maddəsi ilə tövsif edilməklə ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır.

Hakim: “Xuliqanlıq əməllərinin tövsifi ilə bağlı fərqli yanaşmaların olduğu ortaya çıxır”

E-huquq.az xəbər verir ki, müraciətdə hakim Cinayət Məcəlləsinin 221-ci maddəsinin subyektiv cəhətinin şərh edilməsini xahiş edib.

Həmin müraciəti təqdim edirik:

“XXXX XXXX XXXX oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə, “o, 20 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Sabirabad rayonu Qəzli kəndi ərazisində yerləşən özünə məxsus kafedə həmkəndlisi XXXX XXXX XXXX oğlu ilə görüşüb, sonuncunun, bir neçə gün əvvəl ondan evinin həyatyanı sahəsi üçün qamış çəpər düzlətmək məqsədi ilə 15 manat məbləğində pul alsa da, həmin işi vaxtında görməməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış, qaydaları, Əxlaq ve mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik edərək, həmin vaxt kafedə olan digər şəxslərin gözləri qarşısında XXXX XXXX oğlunun üzərinə hücüm edərək stolun üstündəki boş şüşəni götürüb silah qismində istifadə etməklə sonuncunun baş nahiyəsindən üç dəfə ardıcıl vurub, eləcə də sifət nahiyəsinə başı ilə iki dəfə zərbə endirməklə, XXXX XXXX oğlunu ənsə və təpə nahiyələrində 2,3×0,3sm, 17×0,2sm, 1,5×0,3sm ölçülərdə kənarları nahamar, bucaqları küt əzilmiş yara, üst dodaqda selikli qişada ölçüsü 1×0,7sm ölçüdə oval formali, bənövşəyi rangli qansızmalarla müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaqla, qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir”.

Sabirabad Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarına Əsasən XXXX XXXX XXXX oğlunun amali CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, zərərçəkmiş şəxslə barışdığına görə CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir.

İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, təqsirləndirilən şəxs XXXX XXXX hadisədən bir neçə gün Əvvəl həmkəndlisi olan zərərçəkmiş şəxs XXXX XXXX oğluna həyətyanı sahəsində çəpər çəkmək üçün 15 manat pul versə də, sonuncu vəd verdiyi vaxtda həmin işi görməmiş ve buna baxmayaraq qabaqcadan aldığı pul vəsaitini də geri qaytarmamışdır. Belə olan halda XXX XXX oğlu icrasını XXX XXX oğluna tapşırdığı işi başqa şəxsə gördürmüşdür. XXX 20 yanvar 2021-ci ildə özünə məxsus yarımtikilidə digər iki nəfər şəxslə birlikdə domino oynayarkən XXXX da ora gəlmişdir. XXXX XXXX oğlu XXXX XXXX oğlunu görən zaman ondan iş görmək üçün verdiyi 15 manat pulu geri istemiş, sonuncu isə maddi imkanı olmadığı üçün pulu qaytara bilməyəcəyini demişdir. Nəticədə onlar arasında mübahisə yaranmış ve mübahisənin gedişi zamani təqsirləndirilən Şəxs stolun üstündə olan boş butulkanı götürərək zərərçəkmiş şəxsin baş nahiyəsinə zərbə endirməklə ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir.

Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini CM-in 221.3 cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edərkən mövqeyni aşağıda qeyd olunan hallarla əsaslandırmışdır:

1. XXXX XXXX oğlu ilə XXXX XXXX oğlu arasında mübahisə səbəbsiz və ya hər hansı bəhanə ilə deyil, əsaslı səbəbdən, yəni tərəflər arasında XXXX məxsus həyətyanı sahəyə çəpərin çəkilməsinə görə şifahi qaydada bağlanmış podrat müqaviləsi üzrə XXXXX öz öhdəliyini icra etməməsi səbəbindən yaranmışdır. Belə ki, XXXX avvəlcədən görüləcək işin xidmət haqqını XXXX ödəsə də, sonuncu həmin işi icra etməmiş və buna baxmayaraq, pul vəsaitini də geri qaytarmaqdan imtina etmişdir. Tərəflər arasında mübahisənin yaranmasına səbəb olmuş bu hal, məhkəmə tərəfindən tutarlı əsas kimi qiymətləndirilmişdir. 2. Təqsirləndirilən şəxsin şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsi birbaşa qəsdlə vuraraq ona bədən xəsarəti yetirsə də, onun ictimai qaydanı pozmaq niyyəti olmamışdır. 3. Hadisənin baş verdiyi məkan təqsirləndirilən şəxsə məxsus yarımtikili ictimai yer hesab olunmamışdır. Sabirabad Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 15 dekabr 2021-ci il tarixli hökmünə əsasən apellyasiya protesti qismən təmin olunmaqla Sabirabad Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, XXXX XXXX XXXX oğlu CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, >> Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.1-ci bəndi tətbiq olunmaqla həmin cəzadan azad edilmişdir.

Şirvan Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, yalnız cinayət məsuliyyətindən azad etmə ilə bağlı normanın tətbiqində səhvə yol verildiyi üçün protesti qismən təmin etməklə, həmin səhvi aradan qaldırmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir.

Ali Məhkəmənin Cinayət Kollegiyasının 18 may 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, hökm ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuşdur. Ali Məhkəmənin Cinayət Kollegiyası qeyd olunan nəticəyə gələrkən mövqeyni onunla əsaslandırmışdır ki, baş vermiş hadisə ailədə, mənzildə, qohumlar arasında şəxsi münaqişə zəminində, intiqam hissi ilə və ya zərərçəkmişin təşəbbüsü və onun qanunsuz hərəkətləri nəticəsində baş vermədiyi halda, məhkəmə təqsirləndirilən şəxsin əməlini şəxsi münaşiqə zəminində baş vermiş sağlamlığa yüngül zərər vurma olaraq qiymətləndirmişdir. Hadisənin baş verdiyi yerin şəxsi ev, mənzil olmamaqla kafe olması (faktiki fəaliyyət göstərməsə belə), yolun kənarında, insanların gediş-gəlişinin olduğu yer olmaqla ictimai yer hesab olunması, həmçinin, hadisə zamanı içəridə və kafedən kənarda başqa şəxslərin olmasını, eyni zamanda cinayətin subyektiv cəhəti olan niyyətin müəyyən edilməsi zamanı cinayət hadisəsinin qisas, intiqam hissi ilə törədilməməsi, əvvəllər tərəflərin aralarında bu səbəbdən belə bir münaqişənin olmaması, cinayətin məhz cüzi səbəbdən (çəpər düzəltmək üçün verilmiş 15 manat müqabilində qeyd olunan çəpərin vaxtında zərərçəkmiş şəxs tərəfindən hazır olmaması) baş verməsini nəzərə almamışdır. Hazırkı iş üzrə XXXX XXXX oğlunun əməlinin hüquqi tövsifinə qiymət verilən zaman “xuliqanlıq” cinayəti ilə bağlı formalaşmış təcrübə nəzərdən keçirilərkən belə əməllərin tövsifi ilə bağlı fərqli yanaşmaların olduğu ortaya çıxır. Təcrübədəki yanaşma fərqi “xuliqanlıq” cinayətinin subyektiv tərəfinin qiymətləndirilməsi ilə bağlıdır.

“B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, «Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv ve məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir».

Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, “Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz”.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarin qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir”.

İstər hüquq ədəbiyyatının, istərsə də “xuliqanlıq” cinayəti ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 17 fevral 2006-cı il və 20 may 2011-ci il tarixli qərarlarının nümayiş etdirdiyi mövqeyə görə, bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir.

Birbaşa qəsd, təqsirin forması kimi, bir psixoloji akt olaraq, özündə əqli və iradi ünsürləri birləşdirir. Əqli ünsür şəxsin törətdiyi əməlin ictimai təhlükəli olduğunu və ictimai təhlükəli nəticələr verəcəyini görüb, dərk etməsində, iradi ünsür isə belə nəticələri arzu edib, hərəkətləri ilə buna yol verməsində ifadə olunur.

Konstitusiya Məhkəməsinin adı çəkilən qərarlarında “xuliqanlıq” cinayətinin subyektiv tərəfi aşağıdaki kimi izah olunur:

“Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərəçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakını məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir”.

Qərarın məhz bu hissəsi müxtəlif məhkəmə instansiyalar tərəfindən fərqli interpretasiya olunur. Bəzilərinin fikrine göre “xuliqanlıq” cinayətinin subyektiv tərəfinin birbaşa qəsd növünü nəzərdə tutan təqsir forması bu cinayətin əsas obyekti olan ictimai qaydanın pozulmasına münasibətdə deyil, əlavə obyekt olan insan sağlamlığına və mülkiyyətə qarşı kriminal davranış hissəsində nəzərə alına bilər.

Başqa sözlə, həmin mövqeyin müdafiəçilərinin fikrinə görə, “xuliqanlıq” cinayətinin törədilməsi zamanı təqsirkar tərəfindən zərərçəkmişin sağlamlığına zərər vurulmasına və ya ona əmlak zərəri yetirilməsinə münasibətdə birbaşa qəsdin mövcudluğu kifayətdir ki, o, ictimai qaydanı pozmağı arzulamasa da belə, onun əməli “xuliqanlıq” cinayəti kimi tövsif olunsun. Əgər bu mövqedən Çıxış edilərsə, o zaman ictimai qaydanın dolayı qəsdlə pozulduğu hallarda da əməlin “xuliqanlıq” cinayəti kimi tövsif olunması mümkündür.

Şəxsi münasibətlər zəminində, ictimai yerdə baş vermiş münaqişə zamanı təqsirləndirilən şəxs ictimai qaydanı pozmağı arzulamasa da, hərəkətləri nəticəsində həm də ictimai qaydalar pozulduğundan əməl “xuliqanlıq” cinayəti kimi qiymətləndiriləcəkdir. Göründüyü kimi, burda xuliqanlıq hesab edilən cinayət iradi ünsür baxımından dolayı qəsdlə törədilmiş olur. Hazırda icraatımızda olan cinayət işinin faktiki halları da belədir. Təqsirləndirilən şəxsin hadisə zamanı ictimai qaydanı pozmağı arzulaması sübut olunmur.

Digər mövqeyin müdafiəçilərinin fikrinə görə isə, “xuliqanlıq” cinayətinin subyektiv tərəfinə aid olunan birbaşa qəsd əlaməti hökmən əsas obyekt olan ictimai qaydanın pozulmasına münasibətdə tezahür etməlidir. Başqa sözlə, xuliqanlıq edən şəxs başqalarının sağlamlığına və əmlakına zərər yetirməklə həm də ictimai qaydanı pozduğunu, bunun cinayət olduğunu və ictimai təhlükəli nəticələr verəcəyini bilməli, ictimai qaydanı pozmağı arzulamalı və hərəkətləri ilə buna yol verməlidir ki, onun əməli “xuliqanlıq” kimi qiymətləndirilsin.

Fikrimizcə, bu sonuncu mövqe “xuliqanlıq” cinayətinin qanunda nəzərdə tutulan, tərkib əlamətlərinin gerçək məzmununa ve Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarlarının həqiqi ruhuna, həmçinin cinayət tərkibinin elementlərinin elmi-nəzəri əsaslarına uyğundur.

Çünkü bu cinayət tərkibi ilə ictimai təhlükəli qəsddən qorunan əsas obyekt ictimai təhlükəsizliyə aid qaydalardır və bu cinayət törədilən zaman cǝrǝyan eden psixi proseslər də bu qaydalarla bağlı baş verməlidir.

Vahid məhkəmə təcrübəsinin formalaşdırılması və qüvvədə olan Qanunvericiliyin hüquq tətbiqedənlər tərəfindən eyni qaydada tətbiq edilməsinə nail olmaq, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməlidir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya VI «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini rəhbər tutaraq xahiş edirik ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin hüquqi tövsifində subyektiv cəhətin birbaşa qəsd formasının bu cinayətin hər iki obyektinə həm əsas, həm də əlavə obyektə yönəlib, yönəlməməsi məsələsini şərh edəsiniz”.

18 manatlıq borca görə mağaza sahibini öldürən müştəriyə ağır cəza – VİDEO

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 2017-ci il yanvarın 7-də Bilgəh qəsəbəsində bir nəfər şəxsin bıçaq xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına daxil olması barədə Sabunçu RPİ-yə məlumat verilib.

Xəsarət almış 1964-cü il təvəllüdlü Hacıbaba Məmmədov əməliyyata hazırlandığına görə həkimlər onun dindirilməsinin mümkün olmadığını bildiriblər.

Hadisənin baş verdiyi Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən ərzaq mağazasına baxış keçirilib. Dükanda, müxtəlif yerlərdə qan ləkələri, həmçinin 3 ədəd bıçaq aşkar edilib.

Faktla bağlı CM-in 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Həmin tarixdə zərərçəkmişə xəsarət yetirmiş 1997-ci il təvəllüdlü Əmrah Əlizadə könüllü şəkildə 14-cü PB-yə gələrək təslim olub. Xəstəxanadan özəl klinikaların birinə köçürülən Hacıbaba Məmmədov yanvarın 20-də vəfat edib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Məmmədovun ölümünə deşilmiş-kəsilmiş yara ilə əlaqədar beyin maddəsinə qansızma səbəb olub.

İstintaqla müəyyən edilib ki, Əmrah Əlizadə müxtəlif ərzaq məhsulları aldığına görə Hacıbaba Məmmədova olan 30 manat borcundan 12 manatını qaytarmaq üçün yanvarın 7-si saat 23 radələrində Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən mağazasına gəlib.

Lakin həmin məbləği ödəməsi dükan sahibini qane etməyib və o, Əmrahı təhqir edib. Əlizadə söyüşlə cavab qaytardıqda Məmmədov onu yerə yıxıb əlləri ilə boğazını sıxıb.

Bundan sonra Əmrah cibindən qatlanan bıçağı çıxarıb Hacıbabaya ilk zərbəni vurub, Məmmədov kəsici aləti əlindən vurub yerə saldıqdan sonra özü mağazasında olan təsərrüfat təyinatlı bıçaqla ona 4 ədəd kəsik yetirib.

Qarşılıqlı münaqişə zamanı Əmrah mağazada yerdə olan daha bir bıçağı götürərək onunla Məmmədovun üzünə və baş nahiyyəsinə zərbələr endirib.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Əmrah Əlizadə ifadəsində göstərib ki, qəsəbədə mağaza işlədən Hacıbaba Məmmədov atasının qohumu olub. Onun dükanından dəfələrlə digər qəsəbə sakinləri kimi nisyə ərzaq malları alıb.

Yanvarın 6-da Əmrah mağazaya gələrək Məmmədova səhər borcunu gətirib qaytaracağını bildirib. Lakin ayın 7-də dükana gəldikdə üzərində cəmi 12 manat pul olub.

Hacıbabaya borcunu tam ödəmək üçün daha 1 gün gözləməsini söylədikdə, mağaza sahibi ailə üzvlərinin ünvanına söyüş söyüb. Bundan sonra onlar arasında dava baş verib.

Məhkəmə prosesində Əmrah Əlizadə ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmə hesab edib ki, Əmrah Əlizadənin əməli CM-in 126.3-cü maddəsi ilə tövsif edilməklə ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əmrah Əlizadə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.

Məhkəmə başlayır: Lamiyə azadlığa çıxa bilər

Fevralın 13-də Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə məhkum Lamiyə Quliyevanın işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Saat 12:30-a təyin edilən iclas açıq elan olunub. Baş Prokurorluq məhkum Lamiyə Quliyevanın 2010-cü ildə Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə olan məhkəmə hökmünün ağırlığına görə apellyasiya protesti və müddətinin bərpa olunması üçün vəsatət verib.

Fevralın 3-də verilən vəsatətə bir gün sonra 4 saylı cəzaçəkmə müəssisəsində Xətai rayon Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə baxılıb. Dövlət ittihamçısı qismində Eldar Balakışiyev çıxış edib. Apelyasiya müddətinin bərpa olunması ilə bağlı vəsatət təmin edilib. Protestin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunub. Prosesdə Lamiyə Quliyeva və onun vəkili Fəxrəddin Mehdiyev iştirak ediblər.

Lamiyə Quliyevanın “yüklənməsi” qərarı əlimizdə.

Yada salaq ki, L.Quliyeva və nişanlısı olmuş Vüqar Əliyev 2003-cü ildə həbs ediliblər. Hər iki şəxs o dövrdə Şəmkirin icra başçısı olmuş Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirməkdə ittiham olunublar. Quliyeva 10 il müddətinə, Əliyev isə ömürlük azadlıqdan məhrum ediliblər.

L.Quliyevanın həbs müddəti 2013-cü ilin mayında bitməli və o azadlığa çıxmalı idi. Lakin 2010-cu ilin mayında Xətai Rayon Prokurorluğuna Penitensiar Xidmətdən sənədlər daxil olub. Həmin sənədlərə əsasən 2010-cü il mayın 13-də L.Quliyevanın barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanmasına qərar verilib.

Qərarları oxuduqca məhkum qadının bir-birinin ardınca “yüklənməsi” göz önünə gəlir

Həmin “Cinayət işi başlamaq barədə” qərarı əldə etmişik və olduğu kimi təqdim edirik:

“Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif Əli oğlu İldırımzadə vətəndaş Quliyeva Lamiyə Sahib qızının xuliqanlıq hərəkətləri barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş materialı nəzərdən keçirib müəyyən etdim:

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş sənədlərin məzmunundan görünür ki, 27 aprel 2010-cu il tarixdə, saat 22 radələrində Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Quliyeva Lamiyə Sahib qızı ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən müəssisənin nəzarətçisi, ədliyyə baş çavuşu Ağayeva Aysel Aydın qızına qarşı müqavimət göstərərək, ictimai qaydanın kobud surətdə pozmaqla məişət əşyalarını sonuncunun üzərinə ataraq xuliqanlıq etmişdir.

Göründüyü kimi, Quliyeva Lamiyə Sahib qızının əməlində Azərbaycan Respublikası CM-in 221.2.2-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır. Odur ki, onun barəsində həmin maddə ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılması zəruridir.
Yuxarıda göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası CPM- nin 84, 209 və 210-cu maddələrini rəhbər tutaraq qərar verdim:

– Quliyeva Lamiyə Sahib qızı barəsində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə cinayət işi başlansın. Cinayət işi aidiyyəti üzrə ibtidai istintaq aparılması üçün RPİ-nin İstintaq şöbəsinə göndərilsin”.

1 ay sonra Lamiyə Quliyevanın vəziyyətini ağırlaşdıran daha bir qərar qəbul olunub!
Təxminən 1 ay sonra nəticə etibarı ilə məhkum qadının vəziyyətini ağırlaşdıran daha bir qərar verilib. “Cinayət əməlinin tövsif edilməsi və cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə qərar” adlanan sənəd 16 iyun 2010-cu ildə tərtib olunub. Xətai RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Racif Almazovun tərtib etdiyi sənəddə yazılıb:

“İcraatımda olan 105534 saylı cinayət işinin materiallarını nəzərdən keçirib müəyyən etdim:
27 aprel 2010-cu il tarixdə, saat 22 radələrində Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Quliyeva Lamiyə Sahib qızı ictimai qaydanın qorunması vəzifəsini yerinə yetirən həmin müəssisənin nəzarətçisi, ədliyyə baş çavuşu Ağayeva Aysel Aydın qızına qarşı müqavimət göstərərək, ictimai qaydanı kobud surətdə pozmaqla məişət əşyalarını sonucunu üzərinə ataraq xuliqanlıq etmişdir.

Həmin fakt görə 13 may 2010-cu ildə Xətai Rayon Prokurorluğu tərəfindən CM-nin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaq aidiyyəti üzrə Xətai RPİ-nin istintaq şöbəsinə göndərilib.

13 may 2010-cu ildə cinayət işinin istintaqı mənə həvalə edildiyinə görə tərəfimdən icraata qəbul edilib istintaq aparılıb”.

Daha bir tövsif .

“19 may 2010-cu il tarixdə cinayət əməli CM-nin 221.7. 2 maddəsindən CM-nin 221.3-cü maddəsinə tövsif edilmiş və 20 may 2010-cu ildə Quliyeva Lamiyə Sahib qızı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən, 22.12.2003-cü tarixdə CM-nin 120.2.1, 120.2.3, 120.2.4 (qəsdən adam öldürmə) və 177.2.1(oğurluq) maddələri ilə 10 il müddətinə məhkum olunmuş və Penitenisiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Quliyeva Lamiyə Sahib qızı Xətai Rayon Məhkəməsinin 21 may 2010-cu il tarixli qərarı ilə 3 saylı İstintaq Təcridxanasına köçürülmüşdür.

Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, 22.12.2003-cü il tarixdə CM-nin 120.2.1, 120.2.3, 120.2.4 və 177.2.1 maddələri ilə 10 il müddətinə məhkum olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəza çəkmə müəssisəsində cəza çəkən məhkum Quliyeva Lamiyə Sahib qızı 27 aprel 2010-cu ıl tarixdə saat 22 radələrində cəza çəkdiyi 4 saylı cəza çəkmə müəssisəsinin ayaq yolunda heç bir səbəb olmadan ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən ədliyyə baş çavuşu Ağayeva Aysel Aydın qızı ilə mübahisə edib dalaşaraq ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, səsə hadisə yerinə toplaşan şəxslərə əhəmiyyət verməyərək onların gözü qarşısında sonuncunu nalayiq söyüşlərlə söyüb təhqir etdikdən, döyməklə hədələdikdən sonra Aysel Ağayevanın nəzarətçi otağına getməsini görüb onun arxasınca nəzarətçi otağına daxil olmuş və öz hərəkətlərini davam edib islah olunmasına mane olaraq, ictimai vəzifələrini yerinə yetirməsinə görə nəzarətçi Aysel Ağayevadan intiqam almaq məqsədilə sonuncunu nalayiq söyüşlərlə söyüb təhqir etmiş, qaz plitəsinin üzərində olan, içərisində qaynar su ilə dolu çayniki götürüb silah qismində istifadə edərək Aysel Ağayevanın üzərinə atıb. Çaynikin Aysel Ağayevaya dəymədiyini görüb qaynar su dolu olan ikinci çayniki götürüb Aysel Ağayevanın üzərinə atıb və ona sol budun aşağı ½-nin bayır səthinə 3,0×2,0 sm ölçüdə qançırla nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət yetirərək qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş və cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozaraq CM-nin 317.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədib.

Təqsirləndirilən şəxs Quliyeva Lamiyə Sahib qızının qeyd edilən cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işdə olan digər sənədlərlə tam təkzib edilməz qaydada sübuta yetirilmişdir”.

Daha bir tövsif və iş Xətai Rayon Prokurorluğuna göndərilib

“Ona görə təqsirləndirilən şəxs Quliyeva Lamiyə Sahib qızının əməli CM-nin 221.3-cü maddəsindən CM-nin 317.2-ci maddəsinə tövsif edilməli və cinayət işi istintaq aidiyyəti üzrə Xətai Rayon Prokurorluğuna göndərilməlidir”.

Prokurorluğa göndərilən “təkzibedilməz” sübutlarla zəngin qərar.

Beləcə tövsif qərarları bir-birini əvəzləməklə iş ağırlaşdırılaraq polisin səlahiyyət çərçivəsindən çıxarılıb və aidiyyatı üzrə Xətai Rayon Prokurorluğuna göndərilib. Orada “təkzibedilməz” əsaslarla Quliyevanın istintaqı davam etdirilib. İttiham aktı tərtib olunaraq Xətai Rayon Məhkəməsinə göndərilib və onun cəza müddəti 5 il 6 ay artırılıb. Əgər həmin CM-nin 221-ci – xuliqanlıq maddəsi 317-ci – cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma – maddəsinə tövsif edilməsəydi, L.Quliyevanın cəzası maksimum 2 il artırıla bilərdi. Görünür, Lamiyə Quliyevaya xüsusi münasibət göstərən şəxs bunu nəzərə alıb və onu məhkəmə qarşısına daha ağır maddə ilə çıxarılması və cəzalandırılmasına nail olub. Bu adi “yükləmə” taktikasıdır.

Bakı Apelyasiya Məhkəməsində məhz bu iş üzrə çıxarılmış hökmdən verilmiş protestə baxılacaq.

Lamiyəni növbəti dəfə “yükləyiblər”

Lamiyə Quliyevanı növbəti dəfə 29 may 2013-cü ildə “yükləyiblər”. Həmin tarixdə Xətai rayon prokuroru Penitensiar Xidmətin Daxili Təhqiqat Şöbəsində toplanmış materialı nəzərdən keçirib: “L.Quliyevanın digər məhkum Elmira Ağabala qızı İdrisovadan hədə-qorxu ilə pul tələb etməsi faktına görə” tərtib olunan sənədə yazılıb:

– Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Daxili Təhqiqat Şöbəsindən daxil olmuş materialdan görünür ki, 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Quliyeva Lamiyə Sahib qızı 2011-ci ilin fevral ayından 2012-ci ilin oktyabr ayınadək ayrı-ayrı vaxtlarda digər məhkum Elmim İdrisovaya hər 100 manata görə 15 gün ərzində 50 manat faiz qaytarmaq şərtilə küllü miqdarda borca pul vermiş, lakin sonuncu aldığı pulları vaxtında qaytara bilmədiyindən məhkum Lamiyə Quliyeva digər məhkum Elmira İdrisovaya verdiyi borc pulların qaytarılmasını onun şəxsiyyəti üzərində zor tətbiq edəcəyi hədəsi ilə tələb etmişdir”.

Bunu oxuyan prokuror belə bir qərar verib:

– Göründüyü kimi, məhkum Quliyeva Lamiyə Sahib qızının əməlində Azərbaycan Respublikası CM 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır. Odur ki, onun barəsində həmin maddə ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılması zəruridir.

Beləcə L.Quliyeva növbəti dəfə prokurorluq müstəntiqləri və məhkəmə hakimləri qarşısında dayanmalı olub. Lakin Xətai Rayon Məhkəməsinin hakimi bir qadın məhkumun bunca yüklənməsinə göz yuma bilməyib. Onun etirazlarına, işdə zərərçəkən kimi adı keçən qadının kimliyinə diqqət yetirərək L.Quliyevaya bəraət verib. Bu hökmdən verilmiş protest Bakı Apelyasiya Məhkəməsində təmin olub və L.Quliyevanın cəzası 6 il 6 ay artırılıb. Ali Məhkəməyə edilən şikayət isə Xətai rayon Məhkəməsinin hökmünün qüvvədə saxlanılması ilə sonuclanıb. Beləcə L.Quliyeva növbəti dəfə “yüklənməkdən” yaxa qurtara bilib.
13 fevralda keçiriləcək məhkəmə digərlərindən fərqlidir. Bu proses 12 ildən artıq əzab-əziyyətlərə, məhrumiyyətlərə, işgəncələrə, alçaldılmalara düçar edilmiş qadının azadlığa aparan yolda son məhkəmə qapısıdır.

Musavat.com

Comments are closed, but trackbacks and pingbacks are open.