Press "Enter" to skip to content

BURADA REKLAMINIZ OLA BİLƏR

Belə təfsir həm də faktiki olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin qeyri-müəyyən müddətədək uzadılmasına imkan yaradır. Belə hallarda inzibati məsuliyyətə cəlbetmə müddəti hətta cinayət məsuliyyətinə cəlbetmə müddətindən də artıq ola bilər. Belə ki, bu halda cinayət təqibi üzrə icraatın dayandırılması, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzanması və ya prosessual hərəkətlərinin təkrarlanması istisna edilmir.

Cm-in 263-1-ci maddəsi hökm

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri T.Muxtarovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ş.Yusifovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın və Bakı Apellyasiya Məhkəməsinin hakimi H.Məmmədovun mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin və Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Bayramovanın rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinin “bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 64-cü maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya (bundan sonra – Konvensiya) dair 7 saylı Protokolun 4-cü maddəsi baxımından, eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 38.1, 38.2, 38.3 və 38.5-ci maddələrinin hüquqi müəyyənlik prinsipi baxımından şərh edilməsini xahiş etmişdir.

Müraciətdə qeyd olunur ki, M.Hacıyevin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində sərnişinlərdən T.Əsədov sağlamlığa az ağır zərərvurmaya aid olan xəsarət almaqla yanaşı, yüngül zərərvurmaya səbəb olan xəsarət, R.Əhmədov isə sağlamlığa ağır zərərvurmaya səbəb olan xəsarət almışdır.

Gəncə hərbi prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxslə barışdığına və dəymiş zərəri ödədiyinə görə M.Hacıyev Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 39.1.11 və 40.3-cü maddələrinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilmiş və barəsində Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir.

Müraciətdən göründüyü kimi, Gəncə hərbi prokuroru məhkəmə-tibbi ekspertizasının rəyinin T.Əsədova münasibətdə “digər xəsarətlər isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir” hissəsini rəhbər tutaraq M.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edərək işi baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərmişdir.

Gəncə Hərbi Məhkəməsinin qərarı ilə əməlində inzibati xətanın tərkibi olmadığından M.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir.

Məhkəmənin qənaətinə görə, M.Hacıyev Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxslə barışdığına və dəymiş zərəri ödədiyinə görə cinayət məsuliyyətindən azad edildikdən sonra onun eyni bir əməllə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində T.Əsədovun sağlamlığına yetirilən yüngül zərərvurmaya görə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi həm beynəlxalq aktlarda, həm də milli qanunvericilikdə öz əksini tapmış eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinə ziddir.

Gəncə hərbi prokuroru həmin qərardan apellyasiya protesti verərək Gəncə Hərbi Məhkəməsinin qərarının ləğv edilməsi və M.Hacıyevin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, hadisə zamanı az ağır və yüngül dərəcəli bədən xəsarəti almış T.Əsədov araşdırma zamanı ərizə ilə müraciət edərək M.Hacıyevlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və sonuncudan heç bir şikayəti olmadığını bildirmiş, buna görə də Cinayət Məcəlləsinin müvafiq maddəsinin Qeyd hissəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində zərər çəkmiş şəxslə barışmaqla bağlı inzibati məsuliyyətdən azad etmə nəzərdə tutulmadığından (həmin Məcəllənin 157, 158-ci və Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallar istisna olmaqla), M.Hacıyev həmin əmələ görə inzibati məsuliyyətə cəlb olunmalıdır.

Müraciətdə qaldırılan digər məsələ İnzibati Xətalar Məcəlləsinin inzibati məsuliyyətə cəlbetmə müddətlərinə dair 38-ci maddəsində öz əksini tapmış müddəalar arasında mövcud qeyri-müəyyənliklə bağlıdır. Belə ki, Məcəllənin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Dairəsi müəyyən edilmiş inzibiti xətalara görə tənbeh xətanın törədildiyi gündən ən geci bir il keçədək verilə bilər. Bundan fərqli olaraq İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində inzibati xəta hadisəsinin hansı tarixdə baş verməsindən asılı olmayaraq, inzibati tənbehin cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsi müəyyən edilmişdir.

Müraciətedənin qənaətinə görə, belə bir qaydanın müəyyən edilməsi həmin maddələrin tətbiqi zamanı müəyyən çətinliklərə səbəb olur. Məsələn, cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar hadisənin törədildiyi gündən bir il keçdikdən sonra qəbul edildiyi təqdirdə, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun gəlmir.

Göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsi qanunçuluq, ədalətlilik və eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsiplərini, o cümlədən hüquqtətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək məqsədi ilə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinin müvafiq müddəasının, habelə İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd edir.

Konstitusiyanın 64-cü maddəsinə əsasən, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipini ifadə edən bu konstitusiya normasının mənasına uyğun olaraq, əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyət etibarı ilə həm qanunvericiliyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquqtətbiqedicilərə istiqamətlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 2013-cü il 4 mart tarixli Qərarı).

Eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip cinayət, cinayət-prosessual və inzibati xətalar qanunvericiliklərində də əks olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin 34.1-ci maddəsində göstərilmişdir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.

Bir əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda da ifadə olunmuşdur. Belə ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Böyük Palatasının Sergey Zolotukhinin Rusiyaya qarşı iş üzrə 2009-cu il 10 fevral tarixli Qərarındakı mövqeyinə əsasən, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi ikinci cinayətin eyni faktlardan və ya birinci cinayətin əsasında duran faktlarla “əhəmiyyətli dərəcədə” eyni olan faktlardan irəli gəldiyi hallarda şəxsin ikinci “cinayətə” görə cinayət təqibinə məruz qalmasını və məhkəməyə verilməsini qadağan edən norma kimi qəbul edilməlidir (§§ 79-82).

Həmin Qərarda Avropa Məhkəməsi onu da göstərmişdir ki, 7 saylı Protokolun 4-cü maddəsində təsbit edilmiş təminat əvvəlki ittiham və ya bəraət hökmünün “res judicata” qüvvəsinə artıq mindiyi halda yeni cinayət işi başlandıqda yer alır. Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin məqsədi “yekun” qərarla nəticələnmiş cinayət təqibinin təkrarlanmasını qadağan etməkdir. Öz növbəsində “Cinayət işləri üzrə hökmlərin beynəlxalq qaydada tanınması haqqında” Avropa Konvensiyasına istinad edən Konvensiyaya dair 7 saylı Protokolun İzahedici Məruzəsinə müvafiq olaraq, “qərar” ənənəvi ifadəyə görə “res judicata” qüvvəsinə mindikdə yekun sayılır (§ 83, 107).

Avropa Məhkəməsi həmçinin müəyyən etmişdir ki, prokuror tərəfindən cinayət işinə xitam verilməsi nə ittiham hökmünü, nə də bəraət hökmünü təşkil etmir və buna görə də 7 saylı Protokolun 4-cü maddəsi bu situasiyaya tətbiq edilə bilməz (Böyük Palatanın Marguš Xorvatiyaya qarşı iş üzrə 2014-cü il 27 May tarixli Qərarı, § 120).

Bununla belə eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin müraciətdə qaldırılan birinci məsələyə təsirini tamamilə istisna etmək olmaz. Belə ki, şəxsin əməlinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə tövsifi zamanı göstərilən cinayət əməlinin obyektiv tərəfinin və inzibati xətanın eyni əlamətləri iki dəfə nəzərə alınır. Bu səbəbdən göstərilən şəxsin eyni zamanda həm İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati məsuliyyətə, həm də Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi non bis in idem prinsipi baxımından yolverilməzdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 17-ci bəndində də qeyd olunur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir.

Bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinin tələbinə əsasən Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri əsasında cinayət işinin başlanması haqqında qərar olduqda İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu cür hüquqi tənzimetmə nəticə etibarilə Konstitusiyanın 64-cü maddəsinin tələblərinin pozulmasının qarşısının alınmasına yönəlmişdir.

Bununla da İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsində nəzərdə tutulmuş əsasla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məsələsinin həlli zamanı cinayət işinin başlanması haqqında qərar qəbul edilərkən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsilə tövsif edilməsi üçün şəxs tərəfindən törədilmiş hüquqazidd əməlin hansı əsas əlamətlərinin nəzərə alınıb-alınmamasını, onlardan hər hansı birinin inzibati xəta haqqında iş üzrə icraata başlanarkən şəxsin hərəkətlərinin tövsifinin əsasında duran əlamətlərlə üst-üstə düşüb-düşməməsini müəyyən etmək lazımdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni yanaşma Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham olunan şəxsin həm az ağır zərər, həm də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş şəxslə barışması zamanı da rəhbər tutulmalıdır. Burada həmçinin Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin yüngül bədən xəsarətləri ilə əlaqədar halları da əhatə edən dəymiş zərərin tamamilə ödənilməsinə dair ikinci bəndinin birinci cümləsinin tələblərinin nəzərə alınması vacibdir. Bundan əlavə Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 305.1-ci maddələri ilə cinayət işi üzrə icraata xitam verildikdən sonra şəxsin İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi elə həmin Məcəllənin 9-cu maddəsində də nəzərdə tutulmuş ümumhüquqi prinsip olan ədalətlilik prinsipinin pozulmasına gətirib çıxaracaqdır.

Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, cinayət qanunvericiliyi ilə inzibati xətalara dair qanunvericiliyin vəzifələrinin eyniliyinə baxmayaraq, Cinayət Məcəlləsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması (Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələri) cinayətini törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə cinayət məsuliyyətindən azad olunmasına imkan verdiyi halda, İnzibati Xətalar Məcəlləsi həmin Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə (İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi) inzibati məsuliyyətdən azad olunmağın belə əsasını nəzərdə tutmamışdır. Göründüyü kimi, cinayət və inzibati-delikt qanunvericiliklərinin qeyd olunan müddəalarının sistemləşdirilmiş uyğunluğuna baxmayaraq, barışıq imkanı ilə əlaqədar məsələ fərqli şəkildə həll olunur.

Bu mənada qeyd olunmalıdır ki, sistemli şəkildə əlaqəli və oxşar olan münasibətlərin hüquqi tənzimləməsində Cinayət Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi halında İnzibati Xətalar Məcəlləsinə də belə dəyişikliyin edilməsi labüd xarakter daşıyır. Bu mövqe daha sərt cəza nəzərdə tutmuş maddənin müddəasının liberallaşdırılması hallarında xüsusilə aktualdır.

Müraciətdə qaldırılan digər məsələ inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının inzibati xətalar qanunvericiliyində öz əksini tapmaması ilə bağlıdır.

Bununla əlaqədar göstərilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin maddənin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsi müəyyən edir ki, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.

Məcəllənin 38.3-cü maddəsində isə cinayət məsuliyyətini istisna edən hallar olduğu halda inzibati tənbehin tətbiq edilməsi müddəti göstərilmişdir. Maddənin dispozisiyasına əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.

İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi).

Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin II hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür.

İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin müddəaları nəzərə alınmadan həmin Məcəllənin 38.3-cü maddəsinin hərfi təfsiri yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən bir il keçəndən sonra da verilə bilməsi hallarını istisna etmir.

Belə təfsir həm də faktiki olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin qeyri-müəyyən müddətədək uzadılmasına imkan yaradır. Belə hallarda inzibati məsuliyyətə cəlbetmə müddəti hətta cinayət məsuliyyətinə cəlbetmə müddətindən də artıq ola bilər. Belə ki, bu halda cinayət təqibi üzrə icraatın dayandırılması, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzanması və ya prosessual hərəkətlərinin təkrarlanması istisna edilmir.

Bununla da cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (“M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarlar).

Bu hüquqi mövqeyin davamı olaraq qeyd olunmalıdır ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirlməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır.

Yuxarıda göstərilənlərə əsasən qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının müəyyən edilməsi məsələsinin həlli zamanı İnzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin həmin Məcəllənin 38.3-cü maddəsi ilə sistemli əlaqəsindən çıxış etmək lazımdır.

Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

– Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Konstitusiyanın 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır;

– Konstitusiyanın 71-ci maddəsinin II hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır.

Müraciətdə bilavasitə qaldırılmayan, lakin təcrübə üçün əhəmiyyətli ola bilən məsələlərdən biri Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir.

Qeyd etmək lazımdır ki, ikiobyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər.

Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır.

2. Şəxsin həm az ağır zərər, həm də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi həmin Məcəllənin 9.1-ci maddəsində ifadə olunan ümumhüquqi ədalətlilik prinsipinin pozulması kimi qəbul edilməlidir.

3. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr: Fərhad ABDULLAYEV

Bakı şəhəri, 9 mart 2022-ci il.

İş yoldaşını daşla vuraraq öldürən şəxsə 10 il 6 ay cəza verildi

İsmayıllı rayonunda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda təqsirləndirilən Qədir Qədirlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd: Ötən il fevralın 28-də İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində hərəkətdə olan “VAZ-2106” markalı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü Elşad Fərzəliyev və sərnişini Vüsal Salmanov müxtəli dərəcəli bədən xəsarətləri alıblar. Bir neçə gündən sonra E.Fərzəliyev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra araşdırmalar zamanı müəyyən edilib ki, yol-nəqliyyat hadisəsi baş verməzdən təxminən 3 saat öncə onlarla tikintidə birlikdə işləyən rayon sakini Qədir Qədirli arasında mübahisə yaranıb. Nəticədə Qədir hər iki şəxsin baş nahiyəsinə daşla vuraraq ağır xəsarətlər yetirib. Daha sonra mübahisəni davam etdirmək üçün onunla təkrar görüşə gedən E.Fərzəliyev və V.Salmanov qəzaya düşüblər.

İstintaq zamanı alınan məhkəmə tibbi-ekspertizanın rəyləri ilə də Q.Qədirlinin mübahisə zəminində digər iki nəfərə ağır bədən xəsarətləri yetirdiyi təsdiq olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, Q.Qədirli şübhəli şəxs qismində saxlanılıb.

Cm-in 263-1-ci maddəsi hökm

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair

24 sentyabr 2014-cü il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Şəmkir rayon Məhkəməsinin sədri Qafil Baxşıyevin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firudin Səməndərovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanovun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsinin rəisi Hikmət Kərimovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Şəmkir rayon Məhkəməsinin müraciəti ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Şəmkir rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsini xahiş etmişdir.

Müraciətdə qeyd olunur ki, N.Zeynalovun Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir.

Dövlət ittihamcısı öz mövqeyini onunla əsaslandırmışdır ki, 20 noyabr 1935-ci ildə anadan olmuş N.Zeynalov 23 may 1985-ci ildə nəqliyyat vasitələrini idarə etmək hüququ verən “B” kateqoriyalı müddətsiz sürücülük vəsiqəsi almışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yol hərəkəti haqqında” Qanun) 33-cü maddəsinin V hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa, sürücülük vəsiqəsi dəyişdirilənədək məhdudlaşdırıla bilər.

Həmin Qanunun 34-cü maddəsinin I hissəsinə görə sürücülük vəsiqəsi şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Qeyd olunan maddənin V hissəsinin 1, 2 və 3-cü bəndlərində sürücülük vəsiqəsinin etibarlıq müddəti 60 yaşına çatmayan şəxslər üçün 10 il, 60 və daha çox yaşı olan şəxslər üçün onların 70 yaşı tamam olanadək qalan müddət, 70 və daha çox yaşı olan şəxslər üçün 2 il müəyyən edilmişdir.

Eyni zamanda, “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin VIII hissəsinin 4-cü bəndində göstərilmişdir ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2-4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış təqdim edilməlidir.

Eləcə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 4 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın 6-cı bəndində keçmiş SSRİ nümunəli sürücülük vəsiqələrinin dəyişdirilməsi qaydaları nəzərdə tutulmuşdur.

Beləliklə, dövlət ittihamçısının mövqeyinə görə, istintaq orqanı N.Zeynalova nəqliyyat vasitələrini idarə etmək hüququ verən 23 may 1985-ci ildə əldə etdiyi sürücülük vəsiqəsinin etibarlı olub-olmamasını müəyyən etməmiş, yalnız həmin sürücülük vəsiqəsinin müddətsiz verilməsinə istinad edərək yanlış olaraq 78 yaşlı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun olması qənaətinə gəlmişdir. Belə ki, təqsirləndirilən şəxs N.Zeynalov sürücülük vəsiqəsini 50 yaşında almış və yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinə görə hadisə törədilən zaman onun nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır.

Şəmkir rayon Məhkəməsi hesab edir ki, keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsi olan şəxsə münasibətdə Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin dispozisiyasında əks olunmuş “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının tətbiqində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə həmin müddəanın şərh edilməsinə zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli Sərəncamı (bundan sonra –Sərəncam) qəbul edilmişdir.

Sərəncamın 1.2-ci bəndində yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxslər tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət məsuliyyətinin sərtləşdirilməsi təklif olunmuşdur.

Qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinə müvafiq əlavələrin edilməsindən öncə Azərbaycan Respublikasının cinayət qanunvericiliyində yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxslər tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə tövsif olunurdu.

Cinayət Məcəlləsinin 263-cü maddəsinə müvafiq olaraq avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, eləcə də bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. (Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3-cü maddələri).

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli Qanunu ilə Cinayət Məcəlləsinə yeni məzmunda 263-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. (Cinayət Məcəlləsinin 263-1.1–263-1.4-cü maddələri).

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir.

Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir.

Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər.

Bununla yanaşı, Cinayət Məcəlləsinin 263-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin subyektlərindən biri olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsin düzgün müəyyən olunması üçün “Yol hərəkəti haqqında” Qanunun normaları təhlil olunmalıdır.

“Yol hərəkəti haqqında” Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.

“Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir.

“Yol hərəkəti haqqında” Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir.

Bununla yanaşı, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsində fiziki şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından bəhs olunur. Belə ki, həmin normaya əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək;

2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək;

3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək.

Beləliklə, qanunverici şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasının üç şərtini müəyyən etmişdir: sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitməsi; yol hərəkəti qaydalarının bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulması; şəxsdə xəstəliklərin və ya fiziki qüsurların müəyyən edilməsi.

Sürücülük vəsiqəsinin etibarlıq müddəti “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsində göstərilmişdir. Həmin maddənin V hissəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

Həmin Qanunun 35-ci maddəsinə görə isə sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması onun dəyişdirilməsini tələb edir. Sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu məhdudlaşdırır. (“Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsinin 1-ci bəndi). Belə olan halda Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxsi ehtiva edir.

Bununla yanaşı, şəxsin yol hərəkəti qaydalarının kobud surətdə pozulmasına görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması Azərbaycan Respublikasının İnzibati Xətəlar Məcəlləsi (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) ilə müəyyən edilmişdir.

İnzibati Xətalar Məcəlləsinin 28-ci maddəsinə əsasən həmin Məcəllənin 151.4-cü maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.

Həmçinin, Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər.

Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarının təhlilindən belə qənaətə gəlmək olar ki, hadisə törədilən zaman nəqliyyat vasitəsini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilmiş şəxs və yol hərəkəti qaydalarının qanunvericiliklə müəyyən edilmiş hallarda kobud surətdə pozulmasına görə bu hüququ məhdudlaşdırılmış şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir.

Bununla yanaşı qeyd edilməlidir ki, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsinin 3-cü bəndinə görə şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə, xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək həmin şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıla bilər.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 33-cü maddəsinin III hissəsində (birinci halda) və VI hissəsində, 34-cü maddəsinin V hissəsinin 4-cü bəndində və 35-ci maddəsinin II hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.

Belə olan halda qanunvericiliyin tələblərinə görə hadisə törədilən zaman xəstəliyə və ya fiziki qüsurlara görə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs də nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir.

Göründüyü kimi, “Yol hərəkəti haqqında” Qanunun yuxarıda qeyd olunan normalarında şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməsi və bu hüququn məhdudlaşdırılması halları dəqiq müəyyən edilmişdir. Beləliklə, qanunvericilikdə göstərilən hallarda nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilmiş və ya bu hüququ məhdudlaşdırılmış şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir.

Bununla yanaşı, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin II hissəsi, 34-cü maddəsinin II və IV hissələri, 35-ci maddəsinin IX hissəsi ilə sürücülük vəsiqəsinin əldə edilməsi, sürücülük vəsiqəsində müəyyən olunmuş kateqoriya ilə hansı nəqliyyat vasitəsini idarə etmək hüququnun yaranması, sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların dəyişdirilməsi qaydaları tənzimlənir.

“Yol hərəkəti haqqında” Qanunun yuxarıda göstərilən normaları hər bir nəqliyyat vasitəsinin idarə edilməsinin ayrı-ayrı xüsusiyyətlərini müəyyən etmişdir. Bu xüsusiyyətlər isə müxtəlif növ nəqliyyat vasitələrinin idarə edilməsini xüsusi bilik, vərdiş və təcrübə ilə əlaqələndirmişdir. Bu baxımdan, müəyyən kateqoriyaya aid olan nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinə malik şəxs başqa kateqoriyaya aid olan nəqliyyat vasitələrini idarə etdikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir.

Beləliklə, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi ehtiva edir.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, “Yol hərəkəti haqqında” Qanunda keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsinin bu Qanunun tələbləri ilə müəyyən olunan yeni sürücülük vəsiqəsi ilə dəyişdirilməsi və ya qüvvədən düşməsi nəzərdə tutulmamışdır. Bununla da, dövlət həmin dövrdə verilmiş sürücülük vəsiqələrini tanımış və onların dövriyyədən çıxarılması ilə bağlı heç bir imperativ norma müəyyən etməmişdir.

Lakin “Yol hərəkəti haqqında” Qanunun qəbul edilməsi ilə bu sahədə yeni qaydalar müəyyən edilmişdir. Keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsinin sahibi də bu qaydaların təsiri altına düşür və həmin qaydalara mütləq riayət və əməl etməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 149-cu maddəsinin III hissəsinin tələblərinə görə yalnız dərc edilmiş qanunların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

Bununla yanaşı, Konstitusiyanın 72-ci maddəsinin II və III hissələrinə müvafiq olaraq hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

“Yol hərəkəti haqqında” Qanunun əsas təyinatı yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətinin təşkil edilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və s. ibarətdir.

“Yol hərəkəti haqqında” Qanunun 4-cü maddəsində yol hərəkəti sahəsində dövlətin vəzifələri müəyyən edilmişdir. Həmin maddəyə görə yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi, yol hərəkəti qaydalarının, habelə onların pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi ilə bağlı qanunlar və digər normativ hüquqi aktlar qəbul etmək, onların icrasını həyata keçirmək; sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən təhsil müəssisəsi və kursların açılmasına razılıq vermək, onların fəaliyyətinə nəzarət etmək, nəzəri təcrübi imtahanlar qəbul etmək, imtahanlardan müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsi vermək, onların uçotunu aparmaq.

Qeyd olunduğu kimi, qanunverici “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsinin V hissəsində sürücülük vəsiqəsinin etibarlıq müddətini aşağıdakı kimi müəyyən etmişdir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

Eyni zamanda, “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin VIII hissəsinin 4-cü bəndində göstərilir ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2-4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış təqdim edilir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunvericinin müəyyən etdiyi bu qaydalar məhz yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətinin təşkil edilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədlərinə xidmət edir.

Göründüyü kimi, SSRİ nümunəli müddətsiz sürücülük vəsiqələri “Yol hərəkəti haqqında” Qanunun tələblərinə müvafiq verilməsə də, onların etibarlıq müddəti ilə bağlı məsələlər bu Qanunun normaları ilə tənzimlənməlidir.

Belə ki, “Yol hərəkəti haqqında” Qanun SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsinə malik olan şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu məhdudlaşdırmasa da, onun müəyyən yaşa çatması və ya müəyyən xəstəliyə düçar olması ilə əlaqədar həmin sürücülük vəsiqələsinin dəyişdirilməsini nəzərdə tutan yeni qaydalar müəyyən etmişdir.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsinə malik olan şəxs “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsinin V hissəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir.

Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinə uyğun olaraq, təxirə salınmadan keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqələrinin “Yol hərəkəti haqqında” Qanuna müvafiq olaraq yeniləri ilə əvəz olunması işini təşkil etməlidir.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir.

Keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsinə malik olan şəxs “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsinin V hissəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir.

Keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqələrinin “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq yeniləri ilə əvəz olunması işinin təşkil edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına tövsiyə edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir.

2. Keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsinə malik olan şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin V hissəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir.

3. Keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqələrinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yeniləri ilə əvəz olunması işinin təşkil edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına tövsiyə edilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr Fərhad Abdullayev

Comments are closed, but trackbacks and pingbacks are open.