Press "Enter" to skip to content

Cm-nin 177.2.5-ci maddə hökm

Q Ə R A R I

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 6, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 181-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 18.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“18.4. Residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır:

18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar;

18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar;

18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar.”;

1.2. 47.3-cü maddənin ikinci cümləsində “on iki” sözləri “səkkiz” sözü ilə əvəz edilsin;

1.3. 128-ci maddə üzrə:

1.3.1. sanksiyada “üç yüz” sözləri “beş yüz manatdan min” sözləri ilə əvəz edilsin;

1.3.2. maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.”;

1.4. 162.2-ci maddədən “ildən beş” sözləri çıxarılsın;

1.5. 165-ci maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

Bu Məcəllənin 165-166-cı maddələrində “xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür.”;

1.6. 165-1, 165-2, 165-3-cü maddələrin “Qeyd” hissələri ləğv edilsin;

1.7. 177-ci maddə üzrə:

1.7.1. 177.1-ci maddədə “yüz manatdan yeddi yüz” sözləri “beş yüz manatdan min” sözləri ilə əvəz edilsin;

1.7.2. aşağıdakı məzmunda 177.2.5-ci maddə əlavə edilsin:

“177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə -”

1.7.3. 177.3-cü maddədə “altı” sözü “yeddi” sözü ilə əvəz edilsin;

1.7.4. “Qeyd” hissəsinin 1-ci bəndində “177.1-ci maddəsində” sözləri “177.1, 178.1 və 179.1-ci maddələrində” sözləri ilə, “otuz manatdan min manatadək” sözləri “yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğdə” sözləri ilə əvəz edilsin;

1.7.5. “Qeyd” hissəsinin 2-ci bəndində “min manatdan yeddi min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə yeddi” sözləri “üç min manatdan yuxarı, lakin on min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə on” sözləri ilə əvəz edilsin;

1.8. 184-cü maddə üzrə:

1.8.1. 184.1-ci maddədə “olmadan” sözündən sonra “xeyli miqdarda” sözləri əlavə edilsin;

1.8.2. 184.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.8.3. 184.2.3-cü maddə ləğv edilsin;

1.8.4. 184.2-ci maddənin sanksiyasında “beş yüz manatdan” sözləri “iki min manatdan üç” sözləri ilə, “bir ildən üç” sözləri “iki ildən dörd” sözləri ilə əvəz edilsin;

1.9. 185-ci maddə üzrə:

1.9.1. 185.1-ci maddədə “iki ilədək müddətə islah” sözlərindən əvvəl “min manatdan iki min manatadək miqdarda cərimə və ya” sözləri əlavə edilsin;

1.9.2. 185.2-ci maddədə “iki” sözündən əvvəl “iki min manatdan üç min manatadək miqdarda cərimə və ya” sözləri əlavə edilsin;

1.10. 186.1-ci maddədə “yüz manatdan beş yüz” sözləri “min manatdan iki min” sözləri ilə əvəz edilsin;

1.11. 189-1.3-cü maddədə “189-1.1-189-1.2-ci” sözləri, 189-1.4-cü maddədə və 189-1-ci maddənin “Qeyd” hissəsində “189-1.1 və 189-1.2-ci” sözləri “189-1.1 və ya 189-1.2-ci” sözləri ilə əvəz edilsin;

1.12. 190-cı maddə üzrə:

1.12.1. 190.2-ci maddədə “min manatdan üç min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək” sözləri ilə əvəz edilsin;

1.12.2. “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:

“Bu Məcəllənin 192.1, 192-1.1, 192-1.2, 193.1, 194.1-1, 195.1, 195-1.1, 195-1.2, 196.1, 197.1, 198.1, 200-2.1, 203.1, 204.2, 205-2.1, 210.1, 211.1 və 212.1-ci maddələrində “xeyli miqdar” dedikdə, iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, 190.2, 192.2.1, 192.2.2, 192-1.3.2, 193.2.1, 193.2.2, 194.2.4, 195.2, 195-1.3, 196.2, 197.2, 198.2, 200-2.3, 202.2, 202-1.2, 202-2.1, 203.2, 203-1.1, 204.3.2, 205.2.3, 205-2.2.3, 210.2, 211.2 və 212.2-ci maddələrində “külli miqdar” dedikdə yüz min manatdan artıq olan mәblәğ başa düşülür.”;

1.13. 192-ci maddə üzrə:

1.13.1. 192.1-ci maddənin dispozisiyasında “qeydiyyatına” sözündən sonra “(vergi uçotuna)” sözləri əlavə edilsin;

1.13.2. maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.”;

1.14. 192.1, 192-1.1, 192-1.2, 193.1, 195.1, 195-1.1, 196.1 və 210.1-ci maddələrin sanksiyasında “iki misli miqdarında” sözləri “iki mislindən dörd mislinədək miqdarda” sözləri ilə əvəz edilsin;

1.15. 192.2, 192-1.3, 193.2, 195.2, 195-1.2, 196.2 və 210.2-ci maddələrin sanksiyasında “üç misli miqdarında” sözləri “üç mislindən beş mislinədək miqdarda” sözləri ilə əvəz edilsin;

1.16. 193-cü maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Bu Məcəllənin 193.1-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.”;

1.17. 194.1-1-ci maddədə “beş min manatdan yeddi min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək” sözləri ilə əvəz edilsin;

1.18. 195-1-ci maddə üzrə:

1.18.1. 195-1.2 və 195-1.3-cü maddələrdə “tutma və” sözləri “tutma və ya” sözləri ilə əvəz edilsin;

1.18.2. 195-1.3-cü maddənin sanksiyasında “dörd misli miqdarında” sözləri “dörd mislindən altı mislinədək miqdarda” sözləri ilə əvəz edilsin;

1.19. 197-ci maddə üzrə:

1.19.1. 197.1-ci maddədə “min manatdan beş min manatadək miqdarda cərimə və ya bir” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki” sözləri ilə əvəz edilsin;

1.19.2. 197.2-ci maddədə “iki ilədək müddətə islah işləri” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə”

1.20. 198-ci maddə üzrə:

1.20.1. 198.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.20.2. 198.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.21. 200-cü maddə üzrə:

1.21.1. 200.3-cü maddədə “gizlədilməsi” sözündən sonra “ehtiyatsızlıqdan” sözü əlavə edilsin;

1.21.2. 200.4-cü maddədə “Eyni əməllər” sözləri “Bu Məcəllənin 200.3-cü maddəsində nəzərdə tutulmuş əməllər” sözləri ilə əvəz edilsin;

1.21.3. “Qeyd” hissəsində “qırx manatdan beş yüz manatadək miqdarında, “külli miqdar” dedikdə beş yüz” sözləri “yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə üç min” sözləri ilə əvəz edilsin;

1.22. 200-2-ci maddə üzrə:

1.22.1. 200-2.1-ci maddədə “üç min manatdan beş min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək” sözləri ilə əvəz edilsin;

1.22.2. 200-2.3-cü maddədə “yeddi min manatdan doqquz min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək” sözləri ilə əvəz edilsin;

1.23. 202.2 və 202-1.2-ci maddələrdə “beş yüz manatdan min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək” sözləri ilə əvəz edilsin;

1.24. 202-2-ci maddə üzrə:

1.24.1. 202-2.1-ci maddədə “iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə səkkiz min manatdan on min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək” sözləri ilə əvəz edilsin;

1.24.2. “Qeyd” hissəsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində” sözləri “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsində” sözləri ilə əvəz edilsin;

1.25. 203-cü maddə üzrə:

1.25.1. 203.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.25.2. 203.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.26. 203-1.1-ci maddədə “iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək” sözləri ilə əvəz edilsin;

1.27. 203-1.2-ci maddədə “üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə yeddi min manatdan on min manatadək” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək” sözləri ilə əvəz edilsin;

1.28. 205-2-ci maddə üzrə:

1.28.1. 205-2.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.28.2. 205-2.2-ci maddənin sanksiyasında “yeddi min manat miqdarında” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda” sözləri ilə əvəz edilsin;

1.29. 208-ci maddənin “Qeyd” hissəsində “, “külli miqdar” dedikdə, otuz min manatdan yuxarı olan məbləğ” sözləri “yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləği, “külli miqdar” dedikdə otuz min manatdan artıq olan məbləği” sözləri ilə əvəz edilsin;

1.30. 209-cu maddə üzrə:

1.30.1. 209.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.30.2. 209.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.30.3. “Qeyd” hissəsinin 1-ci bəndində “iki min manatdan, “külli miqdar” dedikdə, dörd min manatdan yuxarı olan məbləğ” sözləri “iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləği, “külli miqdar” dedikdə yüz min manatdan artıq olan məbləği” sözləri ilə əvəz edilsin;

1.31. 211-ci maddə üzrə:

1.31.1. 211.1-ci maddənin sanksiyasında “iki” sözündən əvvəl “cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya” sözləri əlavə edilsin;

1.31.2. 211.2-ci maddənin sanksiyasında “iki” sözündən əvvəl “cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya” sözləri əlavə edilsin;

1.32. 212-ci maddə üzrə:

1.32.1. 212.1-ci maddənin sanksiyasında “iki min manatdan dörd min manatadək miqdarda” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda” sözləri ilə əvəz edilsin;

1.32.2. 212.2-ci maddənin sanksiyasında “üç” sözündən əvvəl “cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya” sözləri əlavə edilsin;

1.33. 213-cü maddə üzrə:

1.33.1. 213.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.33.2. 213.2-ci maddənin sanksiyasında “üç ilədək” sözlərindən əvvəl “cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya” sözləri əlavə edilsin;

1.33.3. “Qeyd” hissəsinin 1-ci bəndində “iki min manatdan əlli min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə əlli min manatdan yuxarı” sözləri “iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə yüz min manatdan artıq” sözləri ilə əvəz edilsin;

1.34. 213-1-ci maddə üzrə:

1.34.1. 213-1.2-ci maddədə “Eyni” sözü “Bu Məcəllənin 213-1.1-ci maddəsində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin;

1.34.2. 213-1.4-cü maddədə “Eyni” sözü “Bu Məcəllənin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin;

1.35. 213-3.2-ci maddədən “bir il ərzində” sözləri çıxarılsın;

1.36. 234.5 və 284.2-ci maddələrdə “beş” sözü “üç” sözü ilə əvəz edilsin.

1.37. 240-cı maddə üzrə:

1.37.1. 240.1-ci maddədə “və ya zəhərli” sözləri çıxarılsın;

1.37.2. aşağıdakı məzmunda 240.1-1-ci maddə əlavə edilsin:

“240.1-1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma –

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.37.3. 240.2-ci maddədə “Eyni hərəkətlər” sözləri “Bu Məcəllənin 240.1 və 240.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər” sözləri ilə, “beş” sözü “altı” sözü ilə əvəz edilsin;

1.37.4. 240.3-cü maddədə “240.1 və 240.2-ci maddələrində göstərilən” sözləri “240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin;

1.38. 308-ci maddənin “Qeyd” hissəsinin 7-ci bəndində “arbitrajların xarici və ya yerli arbitrləri” sözləri “Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər” sözləri ilə əvəz edilsin.

Maddə 2. Keçid müddəaları

2.1. Bu Qanun 2016-cı il iyunun 1-dən qüvvəyə minir.

2.2. Bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə görə bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.

2.3. Bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu Qanunun 2.2-ci maddəsində nəzərdə tutulmuş məsələlərə hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən, cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında baxılır.

2.4. Bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2016-cı il.

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Cm-nin 177.2.5-ci maddə hökm

Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 177.2.3 maddəsini şərh etdi. Başqasından oğurlanmış bankomat kartından pul çıxarılması saxlanc yerinə qanunsuz daxil olmaq sayılmır.

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olub. İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu ilə əlaqədar konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Babayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin “başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla” müddəası özgəyə məxsus oğurlanmış hesab kartı və identifikasiya nömrəsi ilə bankomatın informasiya sisteminə daxil olmaqla oradan hesab kartının sahibinin hesabında olan pul vəsaitinin çıxarılmasını ehtiva etmir.
Bankomata qanunsuz daxil olma fiziki təsir, fiziki güc tətbiq etməklə, bankomatın seyfinin kilidinin sındırılması, seyfin divarlarının qaynaq və ya digər texniki vasitələrlə kəsilməsi, cırılması və ya əridilməsi kimi hərəkətlərlə müşayiət edilərsə, bu halda törədilən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu qərarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin dispozisiyası ilə bağlı əks olunmuş mövqeyi cinayət qanunvericiliyinin təkmilləşdirilməsi zamanı Azərbaycan Respublikası Milli Məclisi tərəfindən nəzərə alınmalıdır. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz. ANSPRESS

Cm-nin 177.2.5-ci maddə hökm

22.06.15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair

22 iyun 2015-ci il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze, Mahir Muradov (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Vidadi Cəfərovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firudin Səməndərovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun, Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Mürvət Həsənovun, Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşma departamentinin böyük mütəxəssisi Tamerlan Rüstəmovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N E T D İ:

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.3-1-ci maddəsinin şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmü ilə T.Tağıyeva Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona görə məhkum edilmişdir ki, o, O.Əsgərovanın əl çantasından “Bank of Baku” bankının “qızıl kart” bankomat kartını üzərində kod yazılmış kağız ilə birlikdə oğurlayaraq, kartda olan 300 manat pulu ödəmə terminalından çıxarmaqla ona maddi ziyan vurmuşdur.

Sumqayıt şəhər Məhkəməsinin hökmündən apellyasiya protesti verilərək, hökmün ləğv edilməsi və cinayət işinin yeni məhkəmə baxışına göndərilməsi xahiş olunmuşdur. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, T.Tağıyeva O.Əsgərovaya məxsus olan bankomat kartını və onun pin kodunu bankomata daxil edərək, bankomatın kompyuter sistemi vasitəsi ilə O.Əsgərovanın hesabında olan pulu çıxarıb gizli yolla talamışdır. Prokurorluğun qənaətinə görə, T.Tağıyevanın bu əməli Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır.

Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsindəki “elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə törədilməsi” müddəasının hansı hallara şamil olunması ilə bağlı məhkəmə təcrübəsində fikir ayrılığı olduğundan, həmin maddənin şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I və II hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin I və II hissələri).

Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması Cinayət Məcəlləsinin əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən bu Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi).

Bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir.

Müraciətdə qaldırılan məsələnin araşdırılması üçün, ilk növbədə cinayətlərin tövsifi anlayışının təhlil edilməsi zəruridir.

Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir.

Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir.

Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı).

Göstərilənlərə əsaslanaraq, Konstitusiya Məhkəməsinin Plenumu talama cinayətlərinin tərkibinin müəyyən edilməsini vacib hesab edir.

Mülkiyyət əleyhinə olan cinayətlər sırasında talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətləri çox vaxt əmlak cinayətləri adlandırılır. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanuna zidd olaraq götürməsində, özünün və ya başqalarının xeyrinə ələ keçirməsində ifadə olunur.

Bu baxımdan, talama cinayətlərinin predmetini istehlak dəyərinə malik olan istənilən maddi-əmtəə dəyəri, habelə istənilən maddi dəyərlərin ümumi ekvivalenti olan pul təşkil edə bilər. Talama cinayətləri fəal hərəkətlə törədilir.

Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakını götürmədən və (və ya) özünün, yaxud başqa şəxslərin xeyrinə keçirmədən ibarətdir.

Talamanın istənilən forması subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında təqsirlə xarakterizə olunur. Təqsirkar özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü və (və ya) özünün və ya başqa şəxsin xeyrinə keçirdiyini dərk edir, bunun əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə) real maddi ziyan vuracağını qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir. Talamanın subyektiv cəhətinin daha bir zəruri əlaməti tamah məqsədinin olmasıdır.

Oğurluq talama cinayətlərinin bir növü kimi çıxış edir. Cinayət qanunvericiliyinə görə oğurluq özgənin əmlakının gizli olaraq talanmasıdır (Cinayət Məcəlləsinin 177.1-ci maddəsi).

Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin köhnə redaksiyasında oğurluğun tövsifedici əlaməti kimi yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi nəzərdə tutulmuşdu. İstintaq və məhkəmə təcrübəsində həmin maddənin tətbiqi ilə bağlı müəyyən çətinliklər yarandığından, Azərbaycan Respublikası Prokurorluğu sorğu ilə Konstitusiya Məhkəməsinə müraciət edərək həmin maddənin şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 9 iyun 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, ictimai həyatın iqtisadi və sosial sahələrində baş verən dəyişikliklər cinayətkarlığın strukturunda və dinamikasında yeni tendensiyaları şərtləndirmişdir. Cinayətlərin yeni növlərinin, cinayətkar fəaliyyətin yeni forma və vasitələrinin meydana gəlməsi belə əməllərə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsini zəruri edir. Belə əməllərə son illərin təcrübəsində yer alan, yeni texnologiyalardan istifadə etməklə özgənin əmlakını saxlanc yerlərindən, yaxud neft və ya qaz boru kəmərlərindən talamanı və s. aid etmək olar. Məsələn, “neft və qaz boru kəmərləri” anlayışları oğurluq zamanı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan “saxlanc yeri”nin bütün əlamətlərini özündə ehtiva etsə də, talamanın bu formasına görə cinayət məsuliyyəti qanunvericilikdə öz əksini tapmamışdır. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 177-ci maddəsinin dispozisiyasının müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədə müvafiq hesab etmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda formalaşdırdığı hüquqi mövqe nəzərə alınaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 30 aprel tarixli Qanunu ilə Cinayət Məcəlləsinə 177.2.3-1-ci maddə əlavə edilmişdir.

Həmin maddənin dispozisiyasında iki əməl müəyyənləşdirilmişdir:

– oğurluğun elektron məlumat daşıyıcılarından istifadə edilməklə törədilməsi;

– oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi.

Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir.

Konstitusiya Məhkəməsinin Plenumu bankomata özgənin kart və identifikasiya nömrəsini daxil etməklə oradan pul vəsaitlərinin talanması əməlinin tövsifində qeyri-müəyyənliyin aradan qaldırılması üçün bankomat və bank kartının elektron məlumat daşıyıcıları olub-olmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir.

İlk növbədə, ödəniş kartlarının təyinatı müəyyənləşdirilməli və bunun əsasında həmin kartdan istifadə etməklə oğurluq cinayətinin törədilməsinin xüsusiyyətləri təhlil edilməlidir.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən 10 iyul 2012-ci il tarixində qəbul edilmiş “Ödəniş kartlarının emissiyası və istifadəsi qaydaları”nın 2.1.1-ci bəndinə əsasən ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Həmin qaydaların 2.1.6-cı və 2.1.19-cu bəndlərinə görə kart hesabı kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabıdır. Ödəniş kartlarının hazırlanması zamanı kartda olan elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə kart istifadəçisi haqqında məlumatlar yüklənir.

Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir.

Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir.

Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olanidentifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir.

Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır.

Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları -informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir.

Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir.

Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr Fərhad Abdullayev

Comments are closed, but trackbacks and pingbacks are open.