Gəlin dərdləşək
– Bağırov Xalid Zakir oğlu,
Səməd Vəkilovun Son çıxışı – Qətl işi
Bu gün Nəsimi Rayon Məhkəməsində BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölüm işi ilə bağlı CM-nin 124.1 və 320.1-ci maddələri ilə təqsirləndirilən Firuz İbrahimova hökm oxunmazdan öncə zərərçəkən tərəfin hüquqi nümayəndəsi Səməd Vəkilov son çıxışını edib.
Axar.az ictimai əhəmiyyətini nəzərə alaraq, çıxışı təqdim edir:
Hörmətli hakim, hörmətli proses iştirakçıları!
Son illər həkim səhlənkarlığından dünyasını dəyişən şəxslərin sayının durmadan artması bu tendensiyanın qarşısının alınmasını zəruri edir. Səhlənkarlıq edən həkimlərə qarşı bəzi hallarda cinayət işinin başlanmaması, bəzi hallarda isə cinayət işlərinin əsassız olaraq xitam olunması qurbanların sayının artmasına səbəb olur. Bu gün burada mühakimə olunan anesteziloq Firuz İbrahimovun simasında bir ananın, bir ziyalı xanımın – Elnarə Niftəliyevanın ölümünə səbəb olmuş üç həkimin – Mahir Məmmədov, Fərəcullah İdrisov və Firuz İbrahimovun ədalət mühakiməsinə bu konteksdə yanaşdıqda görürük ki, bu, fərdi cinayət hadisəsi kimi deyil, ictimai təhlükəlilik dərəcəsinə və nəticələrinə görə çox təhlükəlidir.
Elnarə Niftəliyevanın ölümünə səbəb olmuş həkimlərin cinayət işi xüsusi ictimai əhəmiyyət daşıyır. Mənəvi və hüquqi amilləri özündə ehtiva edən bu cinayət hadisəsi ilk günlərdən ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Həkim səhlənkarlığının qurbanına çevrilmiş Elnarə Niftəliyevanın həm ziyalı, həm də iki azyaşlı qızın – Nəsibə Xatun və İncinin anası olması faktı ictimaiyyətin həssaslığını daha da artırmışdır.
Xüsusi ilə zərəçəkmiş Anar Niftəliyevin mövqeyi əvvəlcədən bu mənada diqqətəlayiq olmuşdur. Onun mövqeyi şəxsi qisas hissindən qaynaqlanmır. Belə ki, zərəçəkmiş Anar Niftəliyevin mövqeyinə görə, bu hadisədən hazırda o və iki körpə qızı Nəsibə Xatun və İnci və digər yaxınları zərər çəkibsə, adekvat cəzalandırma yalnız və yalnız bu cür cinayətin gələcəkdə digərlərinin qapısının döyməməsi üçündür: həkim səhlənkarlığı Nəsibə Xatun və İncini ana şəfqətindən məhrum etdiyi kimi, digər insanları da belə faciələrlə üz-üzə qoymasın. Şübhəsiz ki, cinayət törətmiş həkimlərin cəzalandırılması heç kimin yarasına məlhəm olmayacaq.
Hər bir fərdin mənəvi cəhətdən tam təmin olunmaması cəmiyyətin harmoniyasının pozulmasına gətirib çıxarır. Bu cinayət hadisəsi nəticəsində iki körpə qız uşağının ana şəfqətindən məhrum olması bütövlükdə cəmiyyətin harmoniyasının pozulmasına ciddi təsir edir. Təqsirkar şəxslərin adekvat cəzalandırılması isə gələcəkdə cəmiyyətin bütövlüyünü qorumaqla, bu cür hadisələrin qarşısını almağa yönəlmiş olacaqdır.
Heç bir halda ehtiyatsızlıqdan adam ölümünə səbəb olmuş bu əməlin Cinayət Məcəlləsində nəzərdə tutulan sanksiyasını (3 il azadlıqdan məhrum etmə) ictimai təhlükəli əmələ adekvat hesab etmirik. Gələcəkdə bu məsələnin ictimai müzakirəsinin keçirilməsini vacib sayırıq.
Hüquqi baxımdan mühakimə edilən Firuz İbrahimovun məsuliyyətə cəlb edilməsi digər iki həkimin mənəvi və hüquqi məsuliyyətdən azad olunması anlamına gəlmir. Müvəkkilim Anar Niftəliyevin cinayət hadisəsindən sonra rəyi birmənalı olaraq belə idi ki, mərhum həyat yoldaşı Elnarə Niftəliyevanın ölümünə səbəbkar, başda Fərəcullah İdrisov olmaqla, hər üç həkimdir. Lakin bizim bu mövqeyimiz özünü təmizə çıxarmağa cəhd edən böyük bir həkim şəbəkəsi ilə qarşılaşdı. Və nəticədə həkimlər öz aralarından onların da məsuliyyətini daşıyacaq bir şəxs seçdilər – anestezioloq Firuz İbrahimovu.
Şübhəsiz ki, Firuz İbrahimovun hüquqi və mənəvi məsuliyyəti danılmazdır və ən azı məsuliyyətə cəlb edilməmiş Mahir Məmmədov və Fərəcullah İdrisov qədərdir. Lakin hər dəfə cinayət işinin materialları ekspertiza üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinə təkrarən göndəriləndə həkimləri məsuliyyətdən yayındırmağa çalışan şəbəkə ilə qarşılaşdıq. Bu səbədən məhz bu gün burada 3 həkimdən yalnız biri – Firuz İbrahimov mühakimə olunur.
Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq, hakim məhkəmə istintaqı zamanı araşdırdığı sübutlara qiymət verir. Məhkəmə istintaqının gedişində biz ibtidai istintaqda irəli sürülmüş ittihamın özünü o qədər də doğrultmadığının şahidi olduq. Həmçinin müvəkkili olduğum Anar Niftəliyevin Səhiyyə Nazirliyinə göndərdiyi rəsmi sorğuya cavab olaraq verilmiş rəsmi məktubda ölüm faktına görə bütün tibb personalının məsuliyyət daşıdığı bildirilsə də, sonrakı proseslərdə Səhiyyə Nazirliyinin ekspertləri həkimlərin məsuliyyətdən yayındırılmasında xüsusi canfəşanlıq etdilər. Məhkəmə prosesi zamanı dindirilən ekspert həkim Vaqif Rəhimov yüksək peşəkarlıq və intellektual cavabları ilə ekspert rəyinin həkim şəbəkəsi tərəfindən təəssübkeşlik və subyektiv maraqlarla qəbul edildiyini bir daha sübut etmiş oldu.
Lakin biz prokurorluq tərəfindən nüfuz davasına çevirləcəyini və o cümlədən, yenidən həkim şəbəkəsi ilə qarşılaşacağımızı bildiyimiz üçün işin yenidən ibtidai istintaqa qaytarılmasına cəhd etmədik.
Şahid qismində dindirilmiş cərrah Mahir Məmmədov ibtidai istintaqda verdiyi ifadələri məhkəmə istintaqında təkzib etdi. Mənim M.Məmmədova “Siz ibtidai istintaqda təqsirləndirilən şəxsin öz vəzifələrini yerinə yetirmədiyini söyləmisiniz, burada isə Firuz İbrahimovun öz vəzifələrini yerinə yetirdiyini bildirirsiniz, bunu nə ilə izah edərsiniz” – sualımı cavablandıra bilməməsi də proses iştirakçılarının diqqətindən kənarda qalmadı.
Digər şahid İdrisov Fərəcullah Sədullah oğlu da ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, əməliyyat zamanı assistent kimi vəzifəsi Mahir həkimə köməklik etməkdən, yəni cərrah kəsik apardıqdan sonra yaranan qanaxmasının qurudulması, yara sahəsinin açılması, tikiş qoyulan vaxtı tikişlərin düyünləməsini təmin etməkdən ibarət olmuş, sağ süd vəzisində əməliyyat təxminən 10-15 dəqiqəyə başa çatdıqdan sonra sol süd vəzisinin üzərində kəsik aparılarkən Mahir həkim nəsə baş verdiyini hiss edib monitora baxmaq istədikdə, monitor anestezioloqa tərəf çevrili olduğuna görə əyilib monitora baxmış, nə baş verdiyini xəstənin başı tərəfdə ayaq üstə olan Firuz həkimə deyəndə, o, “narahat olmayın, yəqin ki, daççik boşalıb, indi düzəldərəm” cavabını vermişdir. Firuz həkim həmin vaxt monitorun yanında olmasına baxmayaraq, göstəricilərin vəziyyətini nəzərdən qaçırmış, Mahir həkimin sözlərindən sonra xəstənin barmağına taxılmış və monitora göstəriciləri ötürən qurğunu nəzərdən keçirmiş, aparat tərəfdən verilən havanı təcili artırmağa başlamış, bunun xeyri olmadığını görərək süni tənəffüs aparatını ayırıb intubasion boru vasitəsi ilə ağzı ilə nəfəs verməyə başlamış, həmin vaxt Mahir həkim xəstənin ürək döyüntülərini yoxladıqda xəstənin ürək döyüntülərinin olmadığını, yəni ürəyin dayandığını görüb ona bildirmiş, artıq həmin vaxtı xəstənin əlində və sifətində göyərmə əlamətləri olmuş, dəfələrlə Firuz həkimdən nə kömək lazım olduğunu soruşsa da, başı xəstəyə qarışdığına və onun ürəyinin masajı ilə məşğul olduğuna görə cavab verməmiş, həmin ərəfədə reanimasion tədbirlərin effektsiz olduğunu görüb artıq həkim kimi vəziyyətin yaxşı olmadığını başa düşüb, əməliyyat otağından çıxaraq xəstənin adamlarına narahatlığını bildirmişdir.
Lakin məhkəmə istintaqı zamanı Fərəcullah İdrisov tamamailə əksinə ifadə vermişdir. Bildirmişdir ki, o, əməliyyat zamanı elə bir vəziyyətdə olmuşdur ki, onun monitoru görməsi texniki baxımdan mümkün olmamışdır. Dəfələrlə zərərçəkən tərəfin və hakimin dəqiqləşdirməsindən sonra sədrlik edən hakim İdrisovun ibtidai istintaqa verdiyi ifadəsini elan etmiş və soruşmuşdur ki, sizin ifadələriniz ziddiyət təşkil edir, hansı daha doğrudur? F.İdrisov bildirmişdir ki, o ibtidai istintaqa verdiyi ifadədən imtina edir, onun məhkəmə istintaqı zamanı verdiyi ifadə doğrudur.
Ümumiyyətlə, Fərəcullah İdrisovun hamının gözü qarşısında məhkəmə heyətinə hörmətsizliyi, o cümlədən özünü məhkəmə prosesində əsl cinayətkar kimi aparması, heç bir təhlükə hiss etmədən ibtidai istintaqa verdiyi ifadədən imtina edərək, həmin ifadəni təkzib edən ifadə verməsi və s. hərəkətlərinin hökm qəbul edilərkən işə baxan hakim tərəfindən müşavirə otağında dəyərləndirilməsini zəruri hesab edirik.
Hörmətli hakim!
Məhkəmə prosesində vəsatət verərək F.İdrisovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə ibtidai istintaq zamanı bilə-bilə yalan ifadə vermə cinayəti törətməsini nəzərə alaraq, onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbir görmənizi xahiş etmişdik. Hökm qəbul edərkən bu halı qiymətləndirərək hökmdə əksini tapmasını xahiş edirik.
Bildiyiniz kimi, hazırkı cinayət işi üzrə şahid F.İdrisov barəsində Azərbaycan Cinayət məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi ayrılaraq Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Hazırda Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinin nəzarəti ilə Bakı şəhər Baş Polis İdarəsində açılmış bu cinayət işinin istintaqı aparılır. İbtidai istintaqa yalan ifadə verən F.İdrisovun şəxsiyyətini xarakterizə edərkən bu xüsusatları nəzərə almağınızı xahiş edirik.
Yuxarıda göstərilənləri nəzərə alaraq, anestezioloq həkim Firuz İbrahimovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1, 320.1 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökm qəbul edərkən törədilmiş cinayətin cəzasının adekvat verilməsini və o cümlədən, F.İbrahimovun başqalarına da zərər yetirməsinin qarşısını almaq üçün onun həkim fəaliyyətinə məhdudiyyət qoyulmasını xahiş edirik.
Gəlin dərdləşək !
Zaman təbib deyil, o sadəcə insanı kədərlə yaşamağa vərdiş etdirir…
Məhkəmə səhvi, yoxsa hakim həyasızlığı?
Məhkəmə səhvi, yoxsa hakim həyasızlığı?
Əziz həmvətənlər, bir daha öz şəxsi işimlə bağlı yazıb Sizin qiymətli vaxtınızı aldığım, üçün məni bağışlayacağınıza ümid edib, mərhəmətinizə sığınıram. Problemin şəxsi deyil, daha çox ictimai, ümumi olduğunu nəzərə alaraq bunu etməyə məcburam.
Nəsimi rayon məhkəməsinin “hakim”i Mehdiyev Emin Əlixan oğlu, haqqımda aparılan cinayət işi üzrə tərtib edilmiş məhkəmə iclas protokolunun başına elə oyun açıb, elə saxtalaşdırıb ki, bu barədə susmaq mümkün deyil.
Mənim 37 illik vəkillik, nümayəndəlik, hüquqşünaslıq təcrübəm var və ilk dəfədir ki, belə bir halla rastlaşıram.
Hamının bilməsi lazımdır ki, məhkəmə iclas protokolu məhkəmə prosesinin aynasıdır və iş üzrə qəbul edilmiş hökmün qanuniliyi və ədalətliliyi yalnız məhkəmə iclas protokolunda yazılanlarla yoxlanıla, qiymətləndirilə və əsaslandırla bilər. Mülki işlərədə də belədir.
Ona görə də, gələcəkdə tərəflərin istinad etdikləri dəlilləri sübut etmək, əsaslandırmaq üçün qanunverici məhkəmədə baş verənlərin protokollaşdırılmasını zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 270-ci maddəsinə əsasən, “məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir”. Bunu təşkil və təmin etmək isə sədrlik edən hakimin vəzifəsidir – MPM-nin 272.1-ci və CPM-nin 51.2-ci maddələri. Qanunverici bununla kifayətlənməyib. Gələcəkdə tərəflərin hüquqlarının pozulmaması, öz hüquqlarını əsaslı surətdə qorumaları və hansısa tərəfin cığallıq etməsinin qarşısını almaq üçün “protokolla tanış olmaq və onda yol verilmiş yanlışlıqları və natamamlıqları göstərməklə protokol barədə yazılı qeydlər təqdim etmək” kimi bir hüquq müəyyənləşdirmişdir. Bu hüquq MPM-nin 273-274-cü, CPM-nin isə 51.7-ci və 91.5.32-ci maddələrində nəzərdə tutulub. Təəssüflər olsun ki, bir çox vətəndaşlarımız hələ də bu hüquqlarını bilmir, yaxud da bilsələr də, bu hüquqlarından istifadə etmirlər. Belə olduqda isə “ara xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən bəzi hakimlər protokolun başına elə oyun açır ki, gəlcəkdə “Qurandan don da geysən”, ALLAH da, əstağfurullah, göydən ensə, sən Apellyasiya və Ali Məhkəmə instansiyalarında, gətirdiyin arqument və dəlilləri sübut edə bilməyəcəksən. Çünki hakimlər hər dəfə protokolu vərəqləyib deyəcəklər: “hörmətli vətəndaş, sənin dediklərin bu protokolda yoxdur, sən hansı məhkəmə prosesindən danışırsan?”. Ona görə də, mənim əziz bacı və qardaşlarım, xanımlar və bəylər ey azərbaycanın müstəqil olmayan, ancaq siyasi hakimiyyətin əlində qisas, cəza, cinayəti qanunlaşdırma dəyənəyi olan məhkəmələrin qapısında ömrü kəsilən, həyatı çürüdülən, əsəbləri pozulan, vaxtı öldürülən, hüquqları qətl edilən həmvətənlərim, birinci instansiya məhkəməsində sədrlik edən hakim son qərarı elan etməmişdən öncə belə bir ərizə yazın: “Xahiş edirəm, məhkəmə iclas protokolu ilə tanış olmaq üçün mənə imkan və şərait yaradın”. Maddələrə istinad etməyiniz vacib deyil.
Yuxarı da qeyd etdiyim kimi, bu sahədə 37 illik təcrübəm olduğu və bu məhkəmə sistemini yaxşı tanıdığım üçün mən hələ məhkəmə iclasının gedişində, yəni hökm oxunana qədər 3 dəfə yazılı ərizə vermişdim ki, məhkəmə iclas protokolu ilə tanış olmaq üçün mənə imkan yaradılsın. Çünki hələ prosesin gedişində artıq görürdüm ki, ittiham tərəfinə (Azərbaycanda 1969-cu ildən başlayaraq, xüsusilə də, son 20 ildə məhkəmələr də ittiham tərəfindən çıxış edirlər) sərf etməyən ifadələr, məlumatlar, rəqəmlər, eksperetlərin hesablamaları məhkəmə iclas protokoluna qeyd edilmir. Baxmayaraq ki, mən hər dəfə CPM-nin 91.5.18 və 91.5.19-cu maddələrində nəzərdə tutulan hüquqlarımdan istifadə edərək, sədrlik edənin və dövlət ittihamçısının hərəkətlərinə etdiyim etirazların, eləcə də qeyd edilməsini zəruri bildiyim halların protokola daxil edilməsini tələb edirdim.
Baş verənlərin məhkəmə səhvi, yoxsa hakim həyasızlığı olmasını Sizinlə birlikdə müəyyənləşdirmək üçün, hörmətli oxucu, bir faktı və bir də hüquqi məsələni bilməyiniz lazımdır.
Fakt ondan ibarətdir ki, birinci instansiya məhkəməsində məni Azərbaycanın tanınmış, təcrübəli 5 vəkili müdafiə edirdi:
– Qasımov Süleyman Ələsgər oğlu,
– Mehdiyev Fəxrəddin Məhəddin oğlu,
– Qasımlı Anar Elman oğlu,
– Bağırov Xalid Zakir oğlu,
– Əsabəli Mustafayev.
Vəkillərin adlarını hökmdə göstərilən ardıcıllıqla yazdım və Əsabəli müəllimin adını burada yazmaya da bilərdim (. ), çünki onun məhkəmədə iştirak etməsinə, mənim müdafiəmdə müstəsna rol oynadığına baxmayaraq, Emin Mehdiyev onun adını hökmdə ümumiyyətlə qeyd etməyib.
Məni də hüquqşünas kimi qəbul etsəz, olarıq: 6.
Bunu yadda saxlayın: prosesdə 6 nəfər təcrübəli hüquqşünas müdafiə tərəfində, 2 nəfər isə: prokuror və hakim ittiham tərəfindən çıxış edirdi. Məhkəmə iclas protokolunu isə Nəsimi rayon məhkəməsinin “hakim”i Mehdiyev Emin Əlixan oğlu tərtib edibdir.
Hüquqi məsələ isə ondan ibarətdir ki, CPM-nin 399.1-ci maddəsində nəzərdə tutulan məhkəmə səhvlərinə yol veriləndə hökm ləğv edilə və ya dəyişdirilə bilər. Bunlar aşağıdakılardır:
399.1.1 – məhkəmənin gəldiyi nəticələr üzrə mühim əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması;
399.1.2 – məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması;
399.1.3 – birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi;
399.1.4 – cinayət qanunu normasının düzgün tətbiq edilməməsi;
399.1.5 – təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması.
Başqa səhvlər də var ki, o səhvlər də iş üzrə apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanmasına (CPM-nin 391.4-cü maddəsi), cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılmasına (CPM-nin 391.6-cı maddəsi), apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsinə və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılmasına (CPM-nin 391.8-ci maddəsi) səbəb olur. Bu səhvləri burada sadalamaqla vaxtınızı almaq istəmirəm, çünki indi məqsədimiz başqadır. Ancaq qeyd edim ki, bu maddələrdə nəzərdə tutulan səhvlərin təqribi sayı 24-dür. Bunların sırasında “məhkəmə iclas protokolunun düzgün tərtib edilməməsi” yoxdur.
Ona görə ki, səhv: diqqətsizliyin, savadsızlığın, təcrübəsizliyin, tələsgənliyin və s. bu kimi – qəsdə, niyyətə bağlı olmayan hərəkətin nəticəsidir.
Protokolun saxtalaşdırılması isə, qəsdin, bilə-bilə qanunu pozmaq niyyətinin nəticəsidir.
Yadınızdadırmı, yuxarıda qeyd etdim ki, biz 6 nəfər peşəkar hüquqşünas bir tərəfdə, tək Emin Mehdiyev isə o biri tərəfdə olub. Bu tək adam 6 peşəkar hüquqşünasın, onlardan 5-i Azərbaycan Vəkillər Kollegiyasının üzvləridir, iştirak etdiyi məhkəmə prosesini, əvvəldən axıradək tərəfimizdən qeydə alınan (yazılı və audio) bir iclasın protokolunu elə saxtalaşdırıb ki, Sizə yalnız heyrətlənmək qalacaq bunları biləndə.
Mənim təcridxanada saxlanılmağım barədə son qərarı E.Mehdiyev verib. Yəni bilir və iş materiallarından görünür ki, mən həbsdəyəm. Sərbəst hərəkət edə bilmirəm və Nəsimi Rayon Məhkəməsinin binasına gəlib protokolla tanış olma imkanım yoxdur. Mən oraya hakimin məktubu əsasında etap edilməliyəm, ya məhkəmədən kimsə protokolu təcridxanaya gətirməlidir, ya da protokolun kserosurətləri poçt vasitəsilə mənə rəsmi qaydada təcridxananın dəftərxanası vasitəsilə təqdim edilməlidir. Mən də onu oxuyub CPM-nin 51.7-ci maddəsində göstərildiyi 3 gün müddətində (əslində bu müddət olduqca azdır və qanunverici bu müddəti 10 günədək artırmalıdır) qeydlərimi verməliyəm.
İndi Siz görün, bu hakimciyəz nə oyun çıxarır?
Mən ona ərizə yazıram: “Xahiş edirəm, məhkəmə iclas protokolu ilə tanış olmaq üçün mənə imkan yaradasınız”.
O, mənə 16 dekabr 2013-cü il tarixli məktubunda yazır: “Sizin CPM-nin 51.7, 91.5.32 və 92.9.8-ci maddələrinə əsasən, məhkəmə iclas protokolu ilə tanış olmaq və qeydlər vermək hüququnuz var”.
Mən yenə ona və Ədliyyə Naziri F.Məmmədov cənablarına, Məhkəmə Hüquq Şurasına və Ombudsmana yazıram: “CPM-nin 51.7 və 91.5.32-ci maddələrinə əsasən, xahiş edirəm …”.
O, mənə 20 dekabr 2013-cü il tarixli məktubunda təkrar yazır: “CPM-nin 51.7, 91.5.32 və 92.9.8-ci maddələrinə əsasən … hüququnuz var”.
Mən ona və əlaqədar orqanlara yenə yazıram: “….. mən bilirəm hüququm var, Siz də bilirsiniz ki, mənim hüququm var. Di, tanış edin daa bəə”.
Emin Mehdiyev susur. Saxlandığım kameranın daşlarından, divarlarından səs çıxır, ondan yox. Ədliyyə naziri, Məhkəmə Hüquq Şurası, Ombudsman nə düşünür bilmirəm.
Emin Əlixan oğlu isə, məhkəmə iclas protokolunu vaxtında (. ) mənə təqdim etməkdən yayınır, dartınır, uzadır, süründürür, burcudur.
CPM-nin 51.7-ci maddəsində deyilir ki, protokol “sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra 3 (üç) gün müddətində imzalanır”.
Mənim hökmüm 06 dekabr 2013-cü ildə elan edilib, deməli, 09 dekabrda protokol hazır olmalı idi. Hazır olubmu? Bilmirəm! Bu, sirr olaraq qalır!
Müdafiəçim Süleyman Qasımov özünün israrlı tələbləri ilə, nəhayət ki, 26 dekabr 2013-cü ildə protokolun “qaralamasını” Emin Mehdiyevdən alır və təcridxanaya mənə gətirir.
Protokolu oxuyanda mən, sadəcə olaraq, öncə heyrətə, sonra dəhşətə, daha sonra isə riqqətə gəldim.
Riqqətə gəldim çünki, bu hakimin özünü öz əli ilə saldığı vəziyyətə təəssüf etdim, ona acıdım, yazığım gəldi.
Heyrət və dəhşətin səbəbləri isə Sizi də düşündürəcək.
1. Bir hüquqşünas 6 hüquqşünası aldatmağa, ələ salmağa cəhd edib.
2. Protokol elə həcmdə saxtalaşdırılıb ki, ona qeydlər verməklə, məhkəmə iclasının əsl gedişi barədə tam və obyektiv təəssürat yaratmaq mümkün deyil.
3. Protokol yenidən yazılmalıdır.
4. Mən protokola 116 bənddən ibarət 57 səhifəlik qeyd yazmağa məcbur oldum.
5. Məhkəmədə 2-3 gün ardıcıl dindirilən şahid və ekspertin ifadələrinin birinci günü qismən qeyd edilib, qalan günlər yerli-dibli protokolda yoxdur. Sanki, həmin gün həmin şahid dindirilməyib.
6. Məhkəmədə ifadə verən zərərçəkmişin, şahidlərin (nədənsə, ekspertlər də şahid kimi göstərilib protokolda) və ekspertlərin ifadələri və cavabları protokola yazılmayıb. Əvəzində, istintaqda yazılmış ifadələr və cavablar protokola mexaniki olaraq “copy past” üsulu ilə atılıb və bu da, gülməli nəticələr yaradır. Cavabların çoxu suala uyğun deyil.
7. Mənim hakimin, prokurorun hərəkətlərinə etirazlarım protokolda yazılmayıb.
8. Vəkillərin sualları, alınan cavablar, hətta vəkillərin iştirakı belə bəzi günlərdə qeyd edilməyib.
9. Mənim öz adımdan yalanlar yazılıb.
10. Məhkəmənin gedişində verilmiş şifahi və bəzi yazılı vəsatətlər ümumiyyətlə protokola daxil edilməyib.
11. Məhkəmə prosesində audio qeydə icazə verilməsi barədə məhkəmənin qərarı protokola salınmayıb.
12. 04 dekabr 2013-cü il tarixli məhkəmə iclasını 2 saat əvvəl, üzürlü səbəbdən və mənim xahişimlə (sübut toplanmalı idi) tərk edən müdafiəçimin adından, guya “istintaqın yekunlaşdırılması barədə” prokurorun vəsatətinə razılıq verməsi və mənim də razı olmağım barədə protokola qeydlər daxil edilib. Halbuki, tam əksi olub məhkəmədə. Hətta yazılı etirazımızı təqdim etmişik və iş materiallarına əlavə edilib.
13. Son sözdən sonra “hökmün layihəsi”ni və hökm elan ediləndən dərhal sonra Apellyasiya şikayətini məhkəməyə təqdim etməyim barədə, vəkillərin məhkəmə çıxışları protokola daxil edilməyib.
Bir sözlə, tapşırılmış hökmü çıxarmaq üçün, Emin Mehdiyev hökmə uyğun protokol yazıb, məhkəmə iclas protokolu əsasında hökm yox!
İndi Sizə aydın oldumu ki, niyə protokol vaxtında mənə verilməyib? Tələsməyin, tam aydın deyil hələ. Məsələ burasındadır ki, həmin hökmdən apellyasiya şikayətinin 20 günlük müddəti 26 dekabrda bitirdi və iş Apellyasiya instansiyasına göndərilməli idi. Emin “kişi” guya ağıl işlədib, əməliyyat cızıb ki, protokolu saxtalaşdırması barədə biz vaxtında məlumat ala bilməyək, biləndə də “iş-işdən keçmiş olsun”, yəni işi elə o vəziyyətdə Apellyasiya məhkəməsinə göndərə bilsin və biz bu qanunsuzluğu qanunda nəzərdə tutulan qaydada sübut edə bilməyək. Yəni CPM-nin 51.7-ci maddəsində nəzərədə tutulan 3 günlük prosessual müddətin bizim tərfimizdən ötürülməsi üzürsüz hesab edilsin və “Qeydlər” qəbul edilməsin, onlara baxılmasın. Axı 29 dekabr 2013-cü il axırıncı iş günü idi.
Görünür, E.Mehdiyev CPM-nin, “müddətlərin hesablanması” adlı, 202-ci maddəsini diqqətlə oxumayıb. Mən “Qeydlər”in bir hissəsini vəkilim vasitəsi ilə 28 dekabrda poçta, bir hisəsini isə 29 dekabrda təcridxananın müdiriyyətinə təqdim etmişəm. Yəni müddəti buraxmamışam və hələ də məhkəmə iclas protokolları tam şəkildə və tikilmiş, səhifələnmiş qaydada mənə təqdim edilməyib.
Keçən ilin son günündə isə xəbər aldım ki, mənim onun saxta protokollarına verdiyim “Qeydlər”ə CPM-ə uyğun qaydada baxmadan, Emin Mehdiyev cinayət işini Apellyasiya məhkəməsinə göndərib. Çünki vəkillərimi 26 dekabrdan sonra təcridxanaya mənimlə görüşə buraxmırlar ki, iş Apellyasiya instansiyasındadır, yəni order təqdim etmək lazımdır.
İndi Siz deyin: Nəsimi rayon məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlunun bu hərəkətləri məhkəmə səhvidir, yoxsa HAKİM HƏYASIZLIĞIDIR?
İndi söz məhkəmə-hüquq şurasınındır. Əgər bu ölkədə qanunlar işləyirsə.
P.S.
Əziz həmvətənlər, 6 peşəkar hüquqşünasa, rəsmi vəkil statusu olan 5 şəxsə qarşı Azərbaycan məhkəmələrində bu səviyyədə, açıq şəkildə belə həyasızlıq, qanunsuzluq edilirsə, görün Sizin və balalarınızın başına nələr açılır, nələr gətirilir?!
Hamınıza müraciət edirəm: məhkəmə iclas protokolu ilə tanış olmamaq, öz hökmünü öz əli ilə yazmaq deməkdir. Mütləq protokolu oxuyun, yoxlayın və zəruri qeydlərinizi məhkəməyə təqdim edin.
Zaman gəlcək, o saxtakar hakimlərə qarşı CM-nin 295-ci maddəsi ilə, “bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma” cinayətinə görə məhsuliyyət elan ediləndə, bu “Qeydlər” mötəbər sübutlar kimi istifadə olunacaqdır.
Məmmədov Qurban Cəlal oğlu
8,118 dəfə ümumi oxunub, 2 dəfəsi bu günə aiddir.
Meşələri qıranı 51 nəfərə qarşı inzibati protokol tərtib olundu
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, “Ətraf mühitin mühafizəsi”, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı 2017-ci ilin on ayı ərzində Oğuz RPŞ tərəfindən 51 inzibati protokol tərtib olunub.
Azərbaycan Respublikası İXM-nin 252-ci maddəsi ilə yəni, meşəqırma fondundan istifadənin oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə 6 fakt, meşəqırma bileti olmadan meşə fondunun kök üstə yaş ağacların və kolların kəsilməsi, məhv edilməsi və zədələnməsinə görə 6 fakt, meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə 5 fakt və nəhayət Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə, yəni torpaqların, meşə fondu torpaqlarının münbit qatının korlanmasına görə 34 fakt qeydə alınıb və barələrində müvafiq tədbirlər görülüb.
Eləcə də Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə iki cinayət faktı qeydə alınaraq araşdırma aparılmış və baxılması üçün məhkəməyə göndərilib.
Oğuz rayon Polis Şöbəsi tərəfindən qeyd olunan inzibati xətaların aşkarlanması üzrə tədbirlər davam etdirilir.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.