Press "Enter" to skip to content

Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək

SOCAR: Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırılıb Bu gün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılıb.

SOCAR: Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırılıb

SOCAR: Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırılıb Bu gün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılıb.

31 Dekabr , 2020 11:05

https://static.report.az/photo/75fb8bc9-7b45-3089-a780-e6c0d43637d6.jpg

Bu gün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılıb. “Report” SOCAR-a istinadən xəbər verir ki, tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail olub. Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra bu gün kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb. Dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir. SOCAR-ın prezidenti Rövnəq Abdullayev TAP üzərindən ilk qazın nəqli ilə bağlı deyib: “Bu tarixi gündə TAP və “Şahdəniz-2” layihəsini, Cənub Qaz Dəhlizini ərsəyə gətirən, Azərbaycan qazının tarixdə ilk dəfə Avropa bazarına çatdırılmasına öz töhfəsini verən tərəfdaş ölkələrə və şirkətlərə, mütəxəssislərə, bütün həmkarlarımıza, bu layihəni dəstəkləyən maliyyə qurumlarına, boru xətlərimizin keçdiyi icmaların sakinlərinə dərin minnətdarlığımızı bildiririk. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində iştirak payına malik olmaqla, bu tarixi missiyanı uğurla başa çatdıran SOCAR və Azərbaycan neftçiləri adından Avropa Birliyi xalqlarına və əziz Azərbaycan xalqına gözaydınlığı verir, bu möhtəşəm layihənin müəllifi və aparıcı qüvvəsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! 7 il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə yekun investisiya qərarını verdik və Avropanın qazpaylayıcı şirkətləri ilə 25 illik qaz alqı-satqısı haqqında müqavilələri imzalamaqla yola çıxdıq. Bəzilərinin vaxtı ilə mümkünsüz hesab etdiyi 3500 kilometr uzunluğunda bir-birinə bağlanan üç qaz boru xəttinin inşası artıq başa çatıb. Azərbaycan qazı bu gün Avropadadır. Avropa yeni mənbədən alternativ marşrut üzrə təbii qaz əldə etməklə öz enerji təhlükəsizliyini gücləndirəcək. Avropa daxilində hasilatın azalması bazarda əlavə qaz həcmlərinə ehtiyac yaradır və Azərbaycan qazı məhz bu ehtiyacın ödənilməsinə kömək edəcək. Beləliklə, köhnə qitə üçün Azərbaycanın əhəmiyyəti daha da artacaq”. TAP-ın idarəedici direktoru Luka Şieppati tarixi hadisəyə belə şərh verib: “Bu gün layihəmiz üçün, eləcə də kəmərin keçdiyi ölkələr və Avropanın enerji landşaftı üçün tarixi bir gündür. TAP qitənin qaz şəbəkəsinin ayrılmaz parçasıdır və enerji tranzitinin yol xəritəsinə töhfədir. Biz Çənub-Şərqi Avropaya və digər ölkələrə etibarlı, birbaşa və əlverişli nəql marşrutu təklif edirik”. Qeyd edək ki, TAP-ın gələcəkdə genişlənməsi və kəmərin ötürücülük gücünün 20 milyard kubmetrə çatdırılması üçün bazar araşdırmasının ikinci mərhələsi 2021-ci ilin yay aylarında başlanacaq. Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır. TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33%-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da öz növbəsində ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir. TAP-ın səhmdarları SOCAR (20%), bp (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.

Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək

Cari il Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin istismara verilməsi üçün həlledici ildir. Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb layihədir. Layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və iddialı layihələrdən biridir.

Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasil edilir. 2018-ci il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edir. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetrdir. İndiyədək “Şahdəniz” qaz-kondensat yatağından 117 milyard kubmetr təbii qaz çıxarılıb. Hazırda “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə təbii qaz çatdırılır.

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Ötən il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir. “Enerjinin İpək yolu” adlandırılan TANAP-la Türkiyəyə indiyədək 4 milyard kubmetrədək Azərbaycan təbii qazı nəql edilib.

TAP boru kəməri isə Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP boru kəməri, həmçinin Cənub-Şərqi Avropa ölkələri üçün də mühüm əhəmiyyət daşıyır.

Ötən ilin noyabrından TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılıb. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli səkildə nəql edilməyə başlanacaq. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin cari ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.

Kapital xərcləri 4,5 milyard avro olan TAP layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 92 faizi yekunlaşıb. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Payızda Azərbaycan təbii qazı Avropaya nəql ediləcək

Azərbaycan Prezidenti kompleks boru kəmərləri zənciri olan Cənub Qaz Dəhlizinin inkişafını daim diqqətdə saxlayır, hər il Bakıda ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası təşkil edilir. Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək və toplantıda 13 ölkənin iştirakı təsdiqlənib. İclasda layihə üzrə iştirakçı ölkələrin müvafiq sahə üzrə nazirləri, bu layihədə iştirakda maraqlı olan dövlətlərin təmsilçiləri, BP, SGC, “Botaş”, TPAO, TANAP, TAP, “Snam”, Fluxys, “ICGB AD”, “Transgaz”, “SNGN Romgaz SA”, “Uniper Global”, “Bulgargaz EAD”, “SACE”, “Plinacro” şirkətlərinin və Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının üzvləri iştirak edəcək.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı isə 2019-cu il fevralın 20-də keçirilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini xüsusi qeyd edərək deyib: “Biz keçən ilin uğurlarını qeyd edərkən TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını mütləq qeyd etməliyik. Bu, tarixi hadisədir, bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP demək olar ki, tam istifadəyə verilmişdir. Keçən ilin noyabr ayında biz Türkiyə-Yunanıstan sərhədindəki mərasimdə bu layihənin tam istismara verilməsini qeyd etmişdik. Ondan əvvəl TANAP-ın Türkiyəyə çatdırılmasını qeyd etmişik. Bu, doğrudan da tarixi layihədir. Bu layihə artıq Cənub Qaz Dəhlizinin dördüncü seqmenti olan TAP layihəsinin uğurlu inkişafını və başa çatmasını şərtləndirir. Əminəm ki, bu il bu nəhəng infrastruktur layihəsi – uzunluğu 3500 kilometr olan, bir neçə ölkəni birləşdirən Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim növbəti böyük tarixi qələbəmiz olacaq”.

Təqribən 40 milyard dollar investisiya ilə həyata keçirilən Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Bu boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Beləliklə də, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Azərbaycan növbəti – Xəzər dənizi ilə Adriatik dənizinin boru kəmərləri ilə birləşdirilməsi hədəfinin astanasındadır. Bu boru kəmərləri zənciri Azərbaycan təbii qazını Türkiyəyə və həmin ölkədən də Avropaya çatdırmaqla nəinki regionun, eləcə də qitənin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz töhfəsini verəcək.

Cənub Qaz Dəhlizi Avropa İttifaqının şərqində çoxtərəfli əməkdaşlığın canlı nümunəsidir

Çoxmilyardlıq Cənub Qaz Dəhlizi sadəcə enerji təhlükəsizliyi layihəsi kimi görülməməlidir: bu həm də Mərkəzi Asiyada Avropa İttifaqı bazarına çıxış imkanları axtaran digər tərəfdaşlar üçün etibarlı bağlantı təşəbbüsüdür. Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın Belçikadakı səfirliyinin məlumatında bildirilir.

Onu vurğulamaq lazımdır ki, 90-cı illərdən başlayaraq yeni bağlantılar və boru kəmərlərinin inşa edilməsi istiqamətində göstərdiyi real səylər sayəsində Avropanın enerji təhlükəsizliyinin yaradılması və ona töhfə verilməsində Azərbaycanın strateji rolu Aİ tərəfindən geniş miqyasda tanınmış və təqdir edilmişdir. Avropa üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, mərhum Prezident Heydər Əliyevin əsasını qoyaraq inkişaf etdirdiyi alternativ mənbələrdən alternativ həcmlərin nəqli konsepsiyasının müjdəçisi oldu.

Hazırda Azərbaycan Avropa İttifaqının qaz tələbatının 5%-ni qarşılayır. Çoxmilyardlıq Cənub Qaz Dəhlizi sadəcə enerji təhlükəsizliyi layihəsi kimi görülməməlidir: bu həm də Mərkəzi Asiyada Avropa İttifaqı bazarına çıxış imkanları axtaran digər tərəfdaşlar üçün etibarlı bağlantı təşəbbüsüdür.

Onun həyata keçirilməsinə cəlb olunmuş xüsusən 2 Aİ üzvü, 2 namizəd ölkə, 1 assosiativ tərəfdaş və Azərbaycan arasında dinamik qarşılıqlı əlaqələr yaradan Cənub Qaz Dəhlizi Şərq Tərəfdaşlığında çoxtərəfli əməkdaşlığın canlı nümunəsidir.

Cənub Qaz Dəhlizi Avropa İttifaqı və digər ölkələrdə minlərlə iş yerlərinin açılmasına vəsilə olmaqla, dövlətçiliyin, iqtisadi və sosial dayanıqlılığın gücləndirilməsi ilə bağlı Şərq Tərəfdaşlığının məqsədlərinin həyata keçirilməsinə daha çox nəticələr qazandırır. Cənub Qaz Dəhlizinin başlıca komponenti olan Trans Adriatik boru kəməri (TAP) Yunanıstanda həyata keçirilən birbaşa xarici investisiya layihələrinin ən böyüyüdür. Yunanıstan üçün bu 1.5 milyard avrodan çox sərmayə və 8.000 iş yeri deməkdir.

TAP boru kəməri ev sahibi ölkələrinin hökumətləri tərəfindən təsdiqlənmiş Ətraf mühit və Sosial Təsirlərin Qiymətləndirilməsi strategiyalarında öz əksini tapmış layihə standartlarının yerinə yetirilməsinin dəstəklənməsi məqsədilə ətraf mühit, mədəni və ictimai irsin idarəolunması mexanizmlərini yaratmışdır.

Təbii mühitin qorunub saxlanılmasına nail olmaq məqsədilə tikinti öncəsi TAP və onun podratçıları özündə ətraf mühit, sosial və mədəni irs amillərini ehtiva edən geniş və çoxistiqamətli araşdırmaları yekunlaşdırmışdır. Bundan əlavə, boru kəmərinin İtaliya ərazisindən keçən hissəsində hər bir zeytun ağacı diqqətlə müayinə olunmuş, kəmər salma işləri başa çatdıqdan sonra yenidən geri əkilməsi məqsədilə ehtiyatla müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilmişdir. TAP həmçinin, Balkan və şimal-şərqi Avropa ölkələrindən olan istehlakçılara daha yaxşı enerji tədarükünü təmin etməyə o cümlədən, kömürlə işləyən köhnəlmiş elektrik stansiyalarının əvəzlənməsi yolu ilə atmosferə buraxılan karbon dioksid tullantılarının miqdarının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmağa yardım edəcəkdir.

Avropa İttifaqı, eləcə də layihənin iştirakçıları Cənub Qaz Dəhlizi layihəsinin faydalarına tam şahidlik edirlər və buna görə də, onlar layihənin tam fəaliyyətini təmin edəcək əlverişli şərait yaratmağa sadiqdirlər. Avropa Yenidənqurma və İnkişaf Bankının layihəyə kredit ayırması ilə bağlı qərarı Avropa İttifaqının layihəyə praqmatik yanaşmasının reallaşdırılması istiqamətində atılan düzgün addımdır.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.