Press "Enter" to skip to content

Azadıstan-Cənubi Azərbaycan Milli Hökuməti

S.Talıblının “İran islam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” (Bakı, 2016) adlı kitabında İİR hakimiyyətinin Qafqaz siyasətində Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda mövqeyi, eyni zamanda onun həlli istiqamətində göstərdiyi təşəbbüslər və atdığı addımlar maraqlı və əyani faktların qarşılıqlı müqayisəsi fonunda ortaya qoyulmuşdur.

Tarix

Birinci dünya müharibəsinin doğurduğu tarixi şəraitdə, Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanda da xalq öz milli dövlətçilik ənənələrinin dirçəlişi uğrunda mübarizəyə qalxdı.

Müharibə illərində İran ərazisi, o cümlədən ölkənin şimal-qərbini əhatə edən Cənubi Azərbaycan torpaqları da xarici dövlətlərin hərbi əməliyyat meydanına çevrilmişdi. İran irticası və yadelli işğalçıların ağalığı xalqın onsuz da ağır olan vəziyyətini, ölkə daxilindəki ziddiyyətləri son həddə çatdırmışdı. Rusiyada fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrilsə də rus qoşunları hələ də Cənubi Azərbaycanı işğal altında saxlayırdılar. Şahlıq rejiminə və xarici işğalçılara qarşı bütün İranı əhatə edən xalq hərəkatı, Konstitusiyalı quruluş və demokratik dəyişikliklər uğrunda mübarizə, çox çəkmədən, Cənubi Azərbaycanda milli azadlıq hərəkatı xarakteri almağa başladı.

Rusiyada baş verən hadisələr, Azərbaycanın şimalında azadlıq hərəkatının qələbəsi, milli dövlətçilik ənənələrinin dirçəlişi və Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlar ölkənin cənubunda milli azadlıq hərəkatını daha da qüvvətləndirdi.

Cənubi Azərbaycanda milli azadlıq hərəkatına 1905-1911-ci illər İran inqilabının fəal iştirakçısı olan Şeyx Məhəmməd Xiyabani (1879-1920) başçılıq edirdi.

Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi azadlıq mücahidləri daxili irticaya və yadelli işğalçılara qarşı mübarizə aparmaqla bərabər, ölkə miqyasında yeniləşmə — demokratik dəyişikliklər aparılmasını tələb edir, bütün İranda xalq inqilabının qələbəsinə, şahlıq rejiminin ləğvinə və respublika tipli demokratik dövlət yaradılmasına çalışır, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə edirdilər. Cənubi Azərbaycan əhalisinin vahid cəbhə halında azadlıq mücadiləsinə qalxmasında Azərbaycan Demokrat Firqəsi (ADF) mühüm rol oynayırdı. ADF-nin Mərkəzi Komitəsinə Şeyx Məhəmməd Xiyabani rəhbərlik edirdi.

Xiyabaninin göstərişi ilə hərəkət edən demokratlar Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəncan və b. Azərbaycan şəhərlərində əhalini mitinqlərə qaldırır, ingilispərəst İran hökumətinin istefasını və ölkədə demokratik islahatlar keçirilməsini tələb edirdilər.

Milli azadlıq hərəkatının genişlənməkdə olduğu bir şəraitdə — 1918-ci ilin əvvəllərində rus qoşunları Cənubi Azərbaycandan çıxarıldı. Bundan istifadə edən İngiltərə öz hərbi qüvvələrini Cənubi Azərbaycanda yerləşdirməyə başladı. İngilislər Bakı neftinə can atırdılar. İngiltərə hökuməti, əlavə olaraq, İrana general Denstervilin başçılığı ilə yeni hərbi qüvvələr də göndərdi. General Denstervilə Ənzəli, Rəşt və Bakını ələ keçirmək barədə göstəriş verilmişdi.

İngilislərin, guya “türk təhlükəsini” “qabaqlamaq” məqsədilə, Cənubi Azərbaycanın Türkiyə ilə həmsərhəd rayonlarını ələ keçirməsi və bununla bütün İranı nəzarət altına almaları ölkədə narazılığı daha da artırdı, Cənubi Azərbaycanda milli azadlıq hərəkatını daha da qüvvətləndirdi.

Belə bir şəraitdə keçmiş rus zabitləri tərəfindən silahlandırılmış erməni quldurları Şərqi Anadolu və Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanın Türkiyə ilə sərhəd bölgələrində də Azərbaycan türklərinə qarşı soyqırımına başladılar. Fransız zabitləri və Amerika missionerləri tərəfindən qızışdırılan aysorlar və kürdlər də Azərbaycan xalqına qarşı törədilən bu qanlı qırğında fəal iştirak edirdilər. Yaranmış ağır vəziyyətdə qardaş Türkiyənin hərbi qüvvələri Cənubi Azərbaycan türklərinin köməyinə çatdı. 1918-ci ilin martından başlayaraq Maku, Urmiya və Salması işğalçılardan və erməni-aysor-kürd quldurlarından təmizləyən türk hərbi hissələri Təbrizə daxil oldular. Beləliklə, Cənubi Azərbaycan ərazisində də xalqımıza qarşı həyata keçirilən soyqırımının qarşısı alındı. Lakin Türkiyə üçün yaranmış çox ağır beynəlxalq şəraitdə türk hərbi qüvvələri 1918-ci ilin noyabrında Cənubi Azərbaycanı tərk etməli oldular. Bundan istifadə edən ingilislər Təbriz də daxil olmaqla bütün Cənubi Azərbaycanı işğal etdilər. Beləliklə, İran ərazisi tamamilə ingilislərin nəzarəti altına keçdi.

1919-cu il avqustun 9-da işğalçıların təzyiqi altında İranla İngiltərə arasında saziş bağlandı. Sazişin şərtlərinə əsasən İran İngiltərədən asılı dövlətə çevrilirdi. Odur ki, 9 Avqust sazişi xalq hərəkatını daha da alovlandırdı. Bütün İran, o cümlədən Cənubi Azərbaycan bu alçaldıcı sazişə qarşı ayağa qalxdı. Cənubi Azərbaycanın hər yerində izdihamlı mitinqlər və nümayişlər başlandı. 1919-cu ilin oktyabrında üsyana qalxan Təbriz mücahidləri İran valisini şəhərdən qovdular. Bundan çox keçməmiş Təbriz əhalisinin tələbi ilə ingilis hərbi hissələri də şəhərdən çıxarıldı.

Milli azadlıq hərəkatı getdikcə daha ardıcıl xarakter aldı və özünün həlledici mərhələsinə daxil oldu. 1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başlandı. Bütün Təbriz əhalisi üsyançıların müdafiəsinə qalxdı. Üsyanı yatırtmaq üçün mərkəzdən göndərilmiş polis dəstələri buna cəsarət göstərməyərək şəhəri tərk etdilər. Xalqın misli görünməmiş fəallığı nəticəsində 1920-ci ilin 7 Aprel üsyanı qan tökülmədən qalib gəldi. Üsyanın qalib gəldiyi 7 Aprel günü xalq qarşısında çıxış edən Şeyx Məhəmməd Xiyabani həmin gündən etibarən Azərbaycanın adının dəyişdirilərək “Azadıstan” (“Azadlıq ölkəsi”) adlandırılacağını bəyan etdi.

Təbriz üsyançıları dərhal əməli fəaliyyətə başladılar. Mərkəzdən göndərilmiş dövlət məmurları və hərbi qulluqçular vəzifələrindən kənar edildilər. Bütün dövlət idarəçiliyi ADF fəallarının əlinə keçdi. Beləliklə, bütün İran ərazisində demokratik dəyişikliklər və yeniləşmə uğrunda başlanmış hərəkat, nəticə etibarilə, milli azadlıq hərəkatına çevrildi. Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin dirçəldilməsinə başlandı. Xalq azadlığa can atır, özünün müstəqil, milli dövlətini yaratmaq istəyirdi.

Təbrizdə silahlı üsyan qələbə çaldıqdan sonra Xoy, Ərdəbil, Astara, Marağa, Əhər və Zəncanda da üsyanlar baş verdi. Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatı İranın başqa yerlərində də daxili irticadan və ingilislərdən narazı olan qüvvələr tərəfindən rəğbətlə qarşılandı.

İrticaya və ingilis ağalığına qarşı ümumxalq narazılığının bütün İranı əhatə etdiyi şəraitdə Təbriz üsyançıları daha qəti addımlar atmağa başladılar. 1920-ci il iyunun 23-də Təbrizdə Ş.M.Xiyabaninin başçılığı ilə Milli Hökumət yaradıldı. ADF fəallarından ibarət olan Milli Hökumətin tərkibi əhalinin müxtəlif təbəqələrinin nümayəndələrindən ibarət idi.

Milli Hökumətin fəaliyyətə başladığı 24 İyun günü Təbrizdə ümumxalq bayramına çevrildi. Bütün müəssisələrdə, tədris ocaqlarında iş dayandırıldı, bazarlar bağlandı. Milli Hökumətin qərarı ilə, mərkəzdən göndərilmiş bütün dövlət məmurları, İran valisi də daxil olmaqla Təbrizdən çıxarıldılar. Bu, faktiki olaraq, Cənubi Azərbaycanda mürtəce şahlıq rejiminin — İran hakimiyyətinin devrilməsi və milli dövlətçilik ənənələrinin dirçəlişi demək idi. Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Milli Hökumət isə müstəqil demokratik respublika funksiyasını yerinə yetirirdi.

Bununla belə, xalqın tamamilə müstəqil yaşamaq əzminin əleyhinə olaraq, Milli Hökumət bütün İranın demokratikləşdirilməsi və ölkədə konstitusiyalı quruluş yaradılması, daxili irticaya və ingilis ağalığına son qoyulması uğrunda mübarizə xəttini davam etdirir, Cənubi Azərbaycana qarşı yeridilən ayrı-seçkilik siyasətinə qarşı çıxış edirdi.

Beləliklə, xalqın tam müstəqilliyə can atmasına və faktiki olaraq, özünün müstəqil demokratik respublikasını yaratmasına baxmayaraq, Milli Hökumət Cənubi Azərbaycanın tam müstəqilliyi uğrunda deyil, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində milli muxtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparırdı.

Milli Hökumətin rəhbərləri inanırdılar ki, Təbrizdən sonra bütün İran ayağa qalxacaq, şahlıq idarə üsulu devriləcək, xalq hakimiyyətə gələcək və bütün ölkədə respublika quruluşu bərqərar olacaqdır; yeni yaradılacaq ümumiran xalq hökumətinin təşkilində azərbaycanlılar mühüm rol oynayacaqlar. Xiyabani əmin idi ki, “Təbriz İrana nicat verəcəkdir!”

Beləliklə, qarşısına İrandan ayrılıb müstəqil Azərbaycan dövləti yaratmaq kimi siyasi vəzifə qoymayan Milli Hökumət iqtisadiyyat, maarif, səhiyyə və b. sahələrdə islahatlara başladı. İlk növbədə dözülməz vəziyyətə düşmüş yoxsul əhalinin, o cümlədən təbrizlilərin vəziyyətini yaxşılaşdırmaq üçün müxtəlif xarakterli tədbirlər görüldü. Savadsızlığın ləğvinə başlandı. Milli məktəblər, xəstəxanalar açıldı. Təbrizdə yoxsul uşaqları üçün pulsuz qız məktəbi fəaliyyətə başladı. Yeni açılmış milli məktəblərdə dərs demək üçün Bakıdan, Türkiyədən, habelə Tiflisdən müəllimlər dəvət olundu. Milli qvardiya yaradılması üçün hazırlıq işlərinə başlandı. Milli Hökumətin öz jandarm və polis dəstələri yaradıldı. Polis məktəbi açıldı. Eyni zamanda yeni iş yerləri açılması, pul islahatı keçirilməsi, bank-maliyyə sistemi yaradılması, bələdiyyə seçkiləri keçirilməsi üçün hazırlıq işləri görülməsinə, torpaq islahatına başlandı. Bu məqsədlə yeni idarələr, müəssisələr, nazirliklər yaradıldı.

Göründüyü kimi, Milli Hökumətin həyata keçirdiyi bütün tədbirlərin, habelə nəzərdə tutulan islahatların özü də, əslində, Cənubi Azərbaycanda Respublika tipli müstəqil, demokratik dövlət yaradılmasına yönəlmişdi. Yaradılmaqda olan müstəqil Azərbaycan dövləti Azadıstan Məmləkəti adlanırdı. Buna müvafiq olaraq bütün rəsmi sənədlərdə, blanklarda, habelə nazirliklərin, idarə və müəssisələrin adı əks olunan lövhələrdə Azərbaycan adı “Azadıstan”la əvəz olundu.

Xiyabani öz doğma xalqını daim maariflənməyə, inkişaf naminə mübarizəyə çağırır, müstəqilliyin, azadlığın yalnız bu yolla əldə olunacağına inanırdı. O, Təbrizin şəhər bağında təşkil olunmuş yığıncaqlarda tərəqqipərvər fikirlərini təbliğ edirdi. Şeyx Məhəmməd Xiyabaninin 15 iyun 1920-ci ildə söylədiyi nitqində onun mübarizəsinin əsas ideyaları öz əksini tapıb:

– “Mənliyini sevmək təbii və ümumi bir qanundur. Hər bir adam, hər bir canlı bəşər özünü başqasından çox sevər. Buna görə də bir cəmiyyət öz rifah halını yaxşılaşdırmağı başqasından gözləməməlidir. Xüsusilə özünə nisbətən rabitə və yaxınlığı olmayanlardan yardım və xidmət gözləmək yersizdir. Öz şəxsiyyətinə hörmət etmək, ona inanmaq da mənliyini sevməklə bir sırada qoyulmalıdır. Bir xalq, bir cəmiyyət təkəbbürlü və özünə bədgüman olmamalıdır. İnsan öz şəxsi etimadının əsasını laxladan alçaqlığı, acizlik qədər təvazökarlığı qəbul etməməlidir. Bəşəriyyət bütün üzvlərinin birlikdə olan fəaliyyət və yardımına möhtacdır. Elə təsəvvür etməməlidir ki, dünyada yaşayan kiçik bir xalq bəşəriyyətə xeyir verə bilməz və onun varlığına etinasız münasibət bəsləmək olar. Çox təəssüf olsun ki, biz öz qədir və qiymətimizi çox az bilmiş, bəlkə də özümüzdə olan mənlikdən xəbər tutmamışıq. Bu, fərdlərin həyatında təcrübədən keçirilmişdir. Yüksək xüsusiyyətə malik olan, ali fikirlərə xidmət edən, öz dərəcə və heysiyyətini qiymətləndirən və bunun qorunması üçün çalışan şəxslər həmişə yüksək məqama çatmışlar. Məhz buna görədir ki, bir çox ədib və filosoflar öz şəxsiyyətləri naminə ali dərəcəyə çatmış və padşahları belə öz zəhmət və qüdrətinə qarşı hörmət etməyə məcbur etmişlər. Onlar saraylarda ən parlaq yer tutmuşlar. Xalqlar dəxi bu əzəməti, mənəvi qüvvəni, mənliyi və öz varlığına etimadı üzə çıxarmaqla tərəqqi və inkişafa nail ola bilərlər. Azad və müstəqil olmaq istəyən bir xalq, öz həyatına və ictimai məsələlərə laqeyd qala bilməz. Biz dəxi mütərəqqi xalqlar cərgəsinə çatmaq üçün öz fikir və hissiyyatımızı onların dərəcəsinə qaldırmalıyıq.

Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır.

Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir”.

Cənubi Azərbaycanda milli azadlıq hərəkatı dərinləşməkdə idi. Azərbaycan xalqı, faktiki olaraq, özünün respublika tipli demokratik dövlətini yaratmağa başlamışdı.

Azadıstan Məmləkətinin uğurları bütün İranı hərəkətə gətirmişdi. Lərzəyə düşən şahlıq rejimi, həmçinin, İranı öz asılılığında saxlamağa çalışan və Bakı neftinə can atan ingilislər real təhlükə qarşısında qalmışdılar. Odur ki, İran irticası və ona yaxından kömək edən ingilislər Tehranda Milli Hökumətə qarşı qəsd hazırlamağa başlamışdılar.

Tehran rejimi bir tərəfdən Milli Hökumətin başını qarışdırmaq üçün Ş.M.Xiyabani ilə danışıqlar aparır, müxtəlif vədlər verir, digər tərəfdən isə Təbrizə hücum planı hazırlayırdı. Bütün hazırlıq işləri başa çatdırıldıqdan sonra 1920-ci il sentyabrın 12-də təpədən dırnağadək silahlanmış irtica qüvvələri Təbrizə hücum etdilər. Təbriz üsyançıları iki gün ərzində qəhrəmancasına müqavimət göstərdilər. Lakin sayca çox olan və yaxşı silahlanmış nizamlı hökumət qüvvələri üstünlüyü ələ ala bildi. Sentyabrın 14-də Xiyabani öldürüldü və üsyan qan içərisində boğuldu. Beləliklə, Azərbaycan xalqının istiqlal mübarizəsinin daha bir parlaq səhifəsi tarixə qovuşdu. Şimali Azərbaycanda Sovet Rusiyasının qanlı bolşevik rejimi Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyduğu kimi, Cənubi Azərbaycanda da İranın irticaçı şahlıq rejimi Azadıstan Məmləkətini qan içində boğdu. Vaxtilə Gülüstanda və Türkmənçayda Azərbaycanı öz aralarında iki yerə parçalamış qüvvələr onun azadlığa çıxmasına yol vermədilər. Yenə də Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın tərkibində qaldı.

Azadıstan-Cənubi Azərbaycan Milli Hökuməti

Güney Azərbaycan Demokrat Firqəsi açıq fəaliyyətə 1917-ci ildə başlamış, həmin il aprelin 9-da “Təcəddüd” qəzetinin ilk sayı nəşr edilmişdir.
I Dünya Müharibəsində İran torpaqlarını işğal edən Osmanlı ordusu Təbriz və Urmiya şəhərlərini tutmuşdur. Osmanlı ordusunun Azərbaycan bölgəsini işğal etməsinin əleyhinə çıxan Şeyx Məhəmməd Xiyabani və yoldaşları həbs edilir və qoşunlar Təbrizi tərk etdikdə onları da özləri ilə aparırlar. Noyabr 1918-ci ildə Osmanlı ordusunun geri çəkilməsindən sonra Xiyabani İrana qayıtmış və Azərbaycan Demokrat Partiyasının fəaliyyətini yenidən canlandırmışdır.
1920-ci ilin may ayında Təbrizdə Demokrat Firqəsinin rəhbərliyi ilə böyük mitinq təşkil edildi. Mitinqdə imperialistlərin və İran irticaçı qüvvələrinin əleyhinə mübarizəni daha da gücləndirməyə çağırışlar səsləndirildi. Mitinq iştirakçıları təklif etdilər ki, Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda qabaqcıl olmuşdur. Bu səbəbdən də onun Azərbaycan əyaləti yerinə “Azadıstan” (azadlıq ölkəsi) adlanması daha düzgündür və təklif iştrakçılar tərəfindən qəbul edildi.
Bu mitinqdən sonra qiyam hərəkatı Azərbaycanın digər şəhərlərinə, Zəncan, Marağa, Miyana, Əhər, Xoy və daha sonra Ərdəbilə də yayıldı.1920-ci il 22 iyunda Azərbaycan Demokrat Firqəsi ümumi səslə milli hökumətin qurulması haqqında qərar qəbul etdi və Şeyx Məhəmməd Xiyabani milli hökumətin sədri seçildi. 1920-ci il iyunun 22-də hökumət başçısı kimi Xiyabani Alaqapıya köçdü. Bu, Güney Azərbaycan tarixində yaranmış ilk demokratik milli hökumət idi. “Azərbaycan” sözü yerinə bütün lövhələrdə, dövlət vərəqələrində “Azadistan əyaləti” yazıldı. Xiyabaninin əleyhinə olan bir sıra şəxslər, o cümlədən doktor Zeynalabdin xan, Mirzə Bağır Təliə, Hüseynağa Fişəngçi (“Təbriz” qəzetinin redaktoru), Sultanzadə və başqaları qiyam əleyhinə fəaliyyətə başlayıb, gizlincə Eynüddövlənin yanına gedirdilər. Digər bir dəstə isə alman “Kart Vispço” təşkilatının əlaltısı, “Klidi-nicat” qəzetinin redaktoru Q.Rzazadənin rəhbərliyi ilə Sosial-demokrat Partiyası ünvanı altında Azərbaycan Demokrat Partiyası əleyhinə fəaliyyət göstərməyə başladı. Təbrizin vəziyyətini öyrənmək üçün buraya gəlmiş İngiltərə siyasi idarə rəisi Xiyabani ilə görüşərək onunla söhbətləşmiş və Azərbaycanın tələblərinin nə olduğunu soruşmuşdur. Xiyabani demişdir: “Azərbaycan İranın ayrılmaz əyalətidir. Azərbaycan əhalisi öz qanları bahasına aldıqları konstitusiyanın icrasını və əməldə məşturə rejimini qoruyub, bütün ölkədə islahat aparılmasını istəyir”.
Xiyabani milli hökumətin rəhbəri kimi Təbrizdə bir çox islahatlar aparmağa başladı. O cümlədən: jandarm təşkilatını genişləndirərək, öz başçılığı ilə Milli Qvardiya yaratdı. Məşhur azərbaycanlı maarifpərvər Əbülqasım Füyuzatı maarif rəisi təyin etdi. “Məhəmmədiyyə” və “Hikmət” adlı iki qadın məktəbi açdı. Məktəblərdə təhsilin Azərbaycan dilində keçilməsinə göstəriş verdi. Bakıdan “İttihadiyyeyi-iraniyan” məktəbindən bir neçə müəllim çağırdı. Məktəblərdə fars dilni Azərbaycan dilində öyrənməyə göstəriş verdi. Tehrandan göndərilmiş maliyyə rəisi və hakim müavini Tehrana qaytarılıb, yeni şəxslər təyin edildi. Xiyabani əyalətdə əmin-amanlığın bərpa edilməsinə çox əhəmiyyət verirdi. Təbrizə gələn xaricilər Xiyabani milli hökumətin başçısı olduğu zaman əyalətdəki yüksək dərəcədə olan əmin-amanlıq haqqında danışırdılar. Bütün idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar türk dilində aparılırdı.
Müxbirüssəltənə qiyam və qiyamçıları məhv etmək üçün Təbriz Milli Qvardiyasının rəisi Bağır xan Salarimillinin oğlu Mirzə Hüseyn xan Haşimini (sərtib Haşimi) və Təbriz kazak rəisini razı etdikdən sonra Alaqapıya hücum etməyi əmr etmişdir. Dörd gün davam edən qarşıdurmadan sonra “Azadıstan” höküməti ləğv edilmişdir. Xiyabani 14 sentyabr 1920-ci ildə öldürülmüşdür.

Orientalstudies.az

Cənubi Azərbaycan şöbəsinə ilk olaraq tarix üzrə elmlər doktoru, prof. Şövkət xanım Tağıyeva (1976-cı ildən), 2009-2014-cü illərdəiqtisad üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Əkrəm Rəhim oğlu Bije rəhbərlik etmiş,hazırda isə adıgedən şöbənin müdiri tarix üzrə fəlsəfə doktoru Bayramzadə Səməd Zülfəli oğludur.

Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun mövcud olduğu uzun illər ərzində Cənubi Azərbaycan problemləri, əsasən, İran tarixi və iqtisadiyyatı şöbəsi daxilində öyrənilmişdir. Cənubi Azərbaycanla bağlı tədqiqatlarda 1941-1946-cı illər milli-azadlıq hərəkatı və xüsusən, Azərbaycan Milli hökumətinin yaranması, onun müxtəlif sahələr və istiqamətlər üzrə fəaliyyəti, həmçinin həmin dövrdə meydana gəlmiş müxtəlif ictimai-siyasi təşkilatların işi, Azərbaycanda mövcud olan mədəni və mənəvi həyat geniş şəkildə araşdırılmış, hərəkatın meydana gəlmə səbəbləri, hərəkətverici qüvvələri, məğlubiyyət səbəbləri əsaslı şəkildə öyrənilmişdir (M.V.Dəvəli, İ.Q.İbrahimi, K.Məmmədov, M.M.Çeşmazər, S.Mirzəzadə, F.Dəstqoşadə, S.Səmədov, C.Ələsgərov, H.Bülluri, M.R.Vilai).

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının əvvəlki mərhələləri də İran şöbəsində tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Gərgin elmi axtarışların nəticəsində Ş.Ə.Tağıyeva tərəfindən Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə 1920-ci il Təbriz üsyanının tədqiqinə həsr edilmiş “İran Azərbaycanında milli-azadlıq hərəkatı. 1917-1920-ci illər” adlı namizədlik dissertasiyası1956-cı ildə uğurla müdafiə edilmiş və 1990-cı ildə “1920-ci il Təbriz üsyanı” adlı monoqrafiya şəklində işıq üzü görmüşdür. Əsərdə Cənubi Azərbaycandakı 1917-1920-ci illər milli-azadlıq və demokratik hərəkatı, ölkədəki sosial-iqtisadi və siyasi zəmin üzərində meydana gələn Təbriz üsyanı, üsyan nəticəsində yaranan Milli Hökumətin fəaliyyəti tədqiq edilir.Əsərdə üsyana rəhbərlik etmiş Azərbaycan Demokrat Partiyasının və onun başçısı Ş.M.Xiyabaninin İran irticasına və İngiltərə imperializminin ölkədə işğalçı siyasətinə qarşı yönəlmiş mübarizədəki rolundan danışılır.

1976-cı ildə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi strukturunda Cənubi Azərbaycan tarixi şöbəsi yaradılmış və ona Ş.Tağıyeva rəhbərlik etmişdir.

İranda şah rejiminin süqutuna və devrilməsinə gətirib çixaran 1978-1979-cu illər inqilabının qələbəsindən sonra burada yaşayan millətlər və xalqlar bəzi nisbi azadlıqlar əldə etdilər. Böyük məhdudiyyətlər olsa da, Azərbaycan dilində kitablar, qəzet-jurnallar (“Azərbaycan”, “Araz”, “Azadlıq”, “Azərbaycan-e ayənde”, “Vətən uğrunda”, “Odlar yurdu”, “Oxtay”, “Çənlibel”, “Azərbaycan kargərləri”, “Ulduz” və s. kimi qəzetlər, “Azərbaycan səsi”, “Varlıq”, “Koroğlu”, “Yoldaş”, “Molla Nəsrəddin” və s. kimi jurnallar) çap edildi, şəxsi təşəbbüslər əsasında Azərbaycan dilini öyrədən kurslar açıldı, bəzi siyasi təşkilatlar və cəmiyyətlər fəaliyyətə başladı, bir sıra mədəniyyət ocaqları, o cümlədən Tehran və Təbrizdə ayrı-ayrılıqda Azərbaycan yazıçılar və şairlər cəmiyyəti işə başladı. Bu fəaliyyətlərin əsas qayəsini azərbaycanlıları vahid Azərbaycan tarixi və onun mənəvi sərvətləri ilə tanış etmək, vahid tarixi-mədəni köklərə malik Şimali və Cənubi Azərbaycan arasında elmi, ədəbi və mədəni əlaqələrin yaranmasına, bu sahədə körpü salınmasına yardım etmək və bu dayaqlar üzərində Cənubi Azərbaycanın inqilabi və demokratik ruhlu ədəbiyyat və incəsənətini inkişaf etdirmək kimi mühüm vətəndaşlıq məsələləri təşkil edirdi. Bu məsələlərin qoyuluşunda Vahid Azərbaycan xalqının mədəni irsinin mühüm hissəsini təşkil edən Şimali Azərbaycanın elm və mədəniyyəti ilə tanışlığa, burada elm, mədəniyyət və incəsənətin müxtəlif sahələrindəki nailiyyətlərdən faydalanmağa, bunların həyata keçirilməsi üçün zəruri olan əlaqələrin yaradılmasına, Şimalla Cənub arasında mənəvi-mədəni əlaqələrin daha da canlandırılmasına və bu əsasda Cənubi Azərbaycanda maarif və mədəniyyətin, elm və incəsənətin inkişafına xüsusi diqqət yetirilməyə başladı.

O zaman Azərbaycan SSR KP MK-nın I katibi olan Heydər Əliyev sözügedən əlaqələrin möhkəmləndirilməsi, azərbaycançılığın ideyadan ideologiyaya çevrilməsi istiqamətində ilk ciddi addımlarını atdı. Onun israrlı təşəbbüsləri nəticəsində Azərbaycan SSR-də “Cənubi Azərbaycan” adı elmi-siyasi məfhum kimi rəsmiləşdirildi.

Elə bu dövrdən başlayaraq, xüsusilə 1978-1979-cu illərdə, bir sıra istedadlı gənc tədqiqatçılar AMEA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycanşöbəsi ətrafında cəmləşdi və bu şöbənin sonrakı fəaliyyəti dövründə neçə-neçə bacarıqlı cənubi azərbaycanşünas alim və tədqiqatçılar hazırlandı (N.Nəsibzadə, S.Bayramzadə, C.Vəkilov, V.Mustafayev, N.Bayramlı, S.Gəncəliyeva). Odur ki, Cənubi Azərbaycan tarixi problemlərinin kompleks şəkildə öyrənilməsində və aparılmış tədqiqatların nəticələrinin geniş oxucu kütləsinə çatdırılmasında, ümumiyyətlə, Güney mövzusunu qabartmaqda bu şöbənin böyük fəaliyyəti olub.

Cənubi Azərbaycan tarixinin müxtəlif problemlərinin ardıcıl, sistemli və əsaslı şəkildə araşdırılması və tədqiq edilməsinin nəticəsi olaraq 1828-1917-ci illər dövrünə həsr olunmuş və bu sahədə ilk fundamental əsər olan “Cənubi Azərbaycan tarixinin oçerki” adlı kitab Ş.Ə.Tağıyevanın redaktorluğu ilə 1985-ci ildə işıq üzü gördü. Kitabda göstərilən dövr üzrə Cənubi Azərbaycanın sosial-iqtisadi, siyasi-mədəni vəziyyəti, onun Şimalı Azərbaycan ilə iqtisadi-mədəni və inqilabi-siyasi əlaqələrinin gedişi öz əksini tapmışdır. Kitabın ayrı-ayrı fəsilləri Ş.Ə.Tağıyeva, T.Ə.İbrahimov, Ə.M.Həbibov O.S.Məlikov, N.R.Məmmədzadə, Q.Kəndli, M.İ.Şəmsi və A.Z.Zunuzi kimi tanınmış alimlərimiz tərəfindən yazılmış və bu zaman tədqiqatın daha dərindən və hərtərəfli araşdırılması, dəqiq elmi nəticələrin əldə edilməsi məqsədilə Azərbaycanın görkəmli tarixçi-şərqşünas alimləri Z.Z.Abdullayev, R.Ə.Seyidov, Ə.M.Agahi və Ə.Əminzadənin təqdim etdikləri müvafiq materiallardan istifadə edilmişdir.

Cənubi Azərbaycan tarixi şöbəsinin yaranmasından keçən 40 il müddətində XIX əsr Təbriz tarixinə (S.Gəncəliyeva), Cənubi Azərbaycan maarifçilərinin fəaliyyətinə (N.R.Bayramova), Cənubi Azərbaycan milli şüurunun formalaşmasına (V.K.Mustafayev), XX əsrin birinci yarısında Azərbaycan-İran mədəni əlaqələrinə (C.M.Vəkilov), Cənubi Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişafına (1947-1962-ci illər – S.Z.Bayramzadə, 1962-1977-ci illər – N.L.Nəsibzadə), Azərbaycan Demokrat partiyasının yaranması və fəaliyyətinə (M.M.Çeşmazər) namizədlik dissertasiyaları həsr edilmiş, sonralar onların bəziləri təkmilləşdirilərək monoqrafiya şəklində çap edilmişdir.

Bu müddət ərzində şöbədə həmçinin Cənubi Azərbaycan tarixinin sonrakı dövrlərini əhatə edən oçerk üzərində gərgin iş aparılmışdır. 1987-ci ildə çap edilmiş Azərbaycan Sovet Ensiklopediyasının X cildində getmiş “Cənubi Azərbaycan” başlıqlı iri həcmli məqalə də bu şöbə tərəfindən təqdim edilmişdir (Ş.Ə.Tağıyeva və S.Z.Bayramzadə). Həmin məqalədə 1828-1917-ci illər tarixini əhatə edən “Cənubi Azərbaycan tarixinin oçerki”nin I cildində öz əksini tapmayan bir sıra məsələlər – Cənubi azərbaycanlıların etnoqrafiyası, folkloru, ədəbiyyatı, dil xüsusiyyətləri, Cənubi Azərbaycanda memarlıq və incəsənət, elm və səhiyyə, radio və televiziya, kitabxanalar, muzeylər və onların fəaliyyəti barədə dəqiq məlumatlar verilmişdir ki, şöbənin gələcək fəaliyyət proqramında həmin mövzular geniş tədqiqat obyekti olmuş və bu gün də araşdırılmaqdadır.

1988-ci ildə 1914-1918-ci illər I Dünya müharibəsi illərində Cənubi Azərbaycanda azadlıq hərəkatının tədqiqinə həsr edilmiş eyni adlı monoqrafiya – “Cənubi Azərbaycanda azadlıq hərəkatı” kitabı (Ə.M.Həbibov) çapdan çıxdı.1989-cu ildə şöbənin elmi əməkdaşları tərəfindən hazırlanmış “Cənubi Azərbaycan tarixi məsələləri” (Ş.Ə.Tağıyevanın və N.Nəsibzadənin redaktorluğu ilə) məqalələr toplusunun ilk nəşri işıq üzü gördü. Eyni zamanda akademik Z.M.Bünyadov və Y.B.Yusifovun redaktorluğu ilə ilk dəfə 1994-cü ildə ali məktəb tələbələri üçün çap edilmiş “Azərbaycan tarixi” dərsliyinin I cildində getmiş “Cənubi Azərbaycan (1828-1917)” adlı fəsil (S.Z.Bayramzadə) bu şöbənin məhsuludur.

XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində keçmiş Sovet İttifaqının dağılması, müstəqillik uğrunda keçmiş sovet respublikalarında baş verən milli hərəkatlar çərçivəsində baş verən münaqişə və qarşıdurmalar, xüsusilə həmin dövrlərdə baş vermiş və günümüzə qədər davam edən Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi fonunda formalaşan yeni beynəlxalq münasibətlər, qonşu dövlətlərlə, o cümlədən İran İslam Respublikası ilə əlaqələr, nəhayət, 1991-ci ildə Cənubi Azərbaycan tarixi şöbəsinin ləğvi barədə qərarın verilməsinə gətirib çıxardı. Onun yerində İran tarixi və iqtisadiyyatı şöbəsi nəzdində “Cənubi Azərbaycan elmi araşdırmalar qrupu” yaradıldı. Bundan sonra “Cənubi Azərbaycan elmi araşdırmalar qrupu”nun elmi əməkdaşları “Cənubi Azərbaycan tarixi oçerki”nin sonrakı cildi üzərində işi davam etdirmişlər və həmin əsər yaxın zamanlarda öz çapını gözləyir. Elmi qrupun səyi ilə “Güney Azərbaycan” məlumat kitabı (Ş.Ə.Tağıyeva, Ə.Bije, S.Bayramzadə) və “Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946)” adlı monoqrafiya (Ə.Rəhimli-Bije) nəşr olundu. “Cənubi Azərbaycan tarixi məsələləri” məqalələr toplusu işlənilərək yenidən ikinci dəfə çap edildi (1991).

Bundan əlavə İrantarixivə iqtisadiyyatı şöbəsiCənubiAzərbaycantarixiilə bağlı dahaiki əsər –“CənubiAzərbaycan: milli şüur (XX əsrinIyarısı)” və “CənubiAzərbaycanməsələsinin öyrənilməsi” (V.K.Mustafayev) adlı kitabları nəşretdirmişdir. Birinci əsərdə milli şüurun formalaşmasının siyasi, iqtisadi, sosial və mədəni amilləri, mərhələləri, əsas xüsusiyyətləri, milli şüurun məzmunu və birlik proseslərində rolu və digər məsələlər, ikinci əsərdə isə Cənubi Azərbaycan məsələsinin tarixşünaslığı öz əksini tapmışdır.

Son illərdə şöbə əməkdaşları Cənubi Azərbaycan tarixinin müasir ictimai-siyasi, iqtisadi və mədəni vəziyyəti ilə əlaqədar müxtəlif aspektlərdə öz tədqiqatlarını uğurla davam etdirirlər.Belə ki, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda milli azadlıq hərəkatının öndəri, tanınmış mütəfəkkir-ziyalı, inqilabçı-demokrat S.C.Pişəvərinin həyat və mübarizəsinə həsr olunmuş kitablar işıq üzü görüb.

Onların arasında Ə.R.Bijenin “Seyid Cəfər Pişəvəri.Həyatı və ictimai-siyasi fəaliyyəti” (Bakı, 2009), yenə də eyni müəllifin Türkiyədə çap olunmuş “S.C.Pişeveri” (Trabzon, 2013), S.C.Pişəvəri.“Məşəle Cavid” (Qum, 2014), “Seyid Cəfər Pişəvəri.Zindan xatirələri” (Bakı, 2014) adlı kitablarını qeyd etmək olar. Şöbə əməkdaşları həmçinin tanınmış tarixçi alim doktor Səməd Sərdariniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı” əsərini (tərcüməçi A.Maralanlı, Bakı, 2006), “Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı – 90” elmi məqalələr toplusunu (elmi redaktoru Ə.Rəhimli, Bakı, 2011) nəşr etmiş, cənublu tarixçi-alim Tohid Məlikzadə Dilməqaninin “Güney Azərbaycan Birinci Dünya müharibəsi illərində” kitabını fars dilindən Azərbaycan dilinə çevirərək (C.Mirzəyeva) çap etdirmiş (Bakı, 2011) və həmin müəllifin “Azərbaycan Pəhləvilər dövrünün ilk illərində” kitabını da fars dilindən dilimizə tərcümə edərək (C.Mirzəyeva) çapa təqdim etmişlər.

Son illərdə Cənubi Azərbaycan şöbəsinin elmi potensialı, kadr bazası gücləndirilmiş, şöbəyə istedadlı gənc tədqiqatçılar cəlb edilmiş, onların elmi fəaliyyətlərinin istiqaməti və həmçinin elmi tədqiqat işlərinin mövzuları günün tələblərinə, tariximizin hazırkı mərhələsində işlənilib üzə çıxarılması daha aktual sayılan məsələlərə uyğun olaraq müəyyənəşdirilmiş, dissertasiya mövzuları kimi təsdiq edilmişdir.

Şöbənin aparıcı elmi işçisi, dosent, t.ü.f.d. S.Talıblı “İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)”, böyük elmi işçi Y.Hacıyeva “İran inqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər)”, böyük elmi işçi H.Səfəri “Güney Azərbaycanın Qərb bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım -1918-ci il”, böyük elmi işçi R.Rüstəmov “III-XIV əsrlərdə Azərbaycanın Muğan bölgəsinin maddi mədəniyyəti (İmişli rayonunun materialları əsasında)”adlı dissertasiya mövzularını uğurla müdafiə etmişlər.

Elmi işçi C.Mirzəyeva “Güney Azərbaycanın Qərb bölgəsinin etno-demoqrafik durumu (çağdaş dövrdə)” və elmi işçi Ş.Rüstəmova “İran İslam İnqilabından sonra Cənubi Azərbaycanda milli şüurun inkişafı” adlı dissertasiya mövzuları üzərində işlərini davam etdirirlər. Tədqiqatçılar tərəfindən elmi ədəbiyyatlarda mövzuları əhatə edəcək bir sıra yazı və məqalələr dərc edilmişdir.

Şöbə əməkdaşlarının hazırladıqları “Güney Azərbaycan: tarix və müasirlik” toplusu (məsul redaktor S.Bayramzadə, redaktor Ş.Rüstəmova) və “Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim (başlıca tarixi olaylar, siyasi və ədəbi şəxsiyyətlər)” adlı kitabları (Ə.Rəhimli-Bije, S.Bayramzadə) çapdan çıxmışdır.

1941-1945-ci illər Cənubi Azərbaycanda milli-demokratik mübarizənin zirvəsi hesab olunan 21 Azər hərəkatının və Azərbaycan Milli Hökumətinin qurulmasının (12 dekabr 1945) 70 illiyi ilə bağlı şöbə əməkdaşlarının yaxından iştirakı ilə “21 Azər-70” elmi məqalələr toplusu (redaksiya heyəti: S.Bayramzadə-sədr, Ə.Rəhimli, Ş.Rüstəmova, Bakı, 2015), “21 Azər-70” fotoalbomu (tərtib edən və məsul redaktor: S.Bayramzadə, Bakı, 2015) nəşr edilmiş, bu münasibətlə də Ə.Rəhimlinin (Bijenin) “Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1945-ci illər)” adlı əsəri işlənərək yenidən “21 Azərə gedən yol” (Bakı, 2015) adı ilə çap olunmuşdur.

21 Azər hərəkatının 70 illiyinə həsr olunmuş məqalələr toplusuna daxil edilmiş yazılar 1945-1946-cı illərdə fəaliyyət göstərmiş Azərbaycan Milli Hökumətinin sosial, siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirdiyi tədbirləri və bununla bağlı fəaliyyətini, bu hökumətin qurulmasına gətirib çıxaran milli-demokratik hərəkatın məzmun və mahiyyətini əks etdirir, xalqın iradəsi ilə yaranmış hakimiyyətin milli-demokratik hərəkatda yerini və rolunu açıqlayır.

“21 Azər -70” fotoalbomu tarixi fotoşəkillər və sənədlər əsasında tərtib edilmişdir. Albomda 1945-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş milli-demokratik hərəkat, Azərbaycan Milli Hökuməti, onun birillik fəaliyyəti, dövlətçilik tariximizdə bu hərəkatın yeri və rolu, qoyduğu izlər və təsirlər yetərincə öz əksini tapmışdır.

Ə.Rəhimlinin (Bijenin) “21 Azərə gedən yol. Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1945-ci illər)” kitabında keçən yüzilliyin 40-cı illərində Güney Azərbaycandakı milli-demokratik hərəkatdan bəhs olunmuş, 21 Azərə gedən mübarizə yolu tədqiq və təhlil edilir, sosial, siyasi, iqtisadi və mədəni durum, baş vermiş olayların məzmun və mahiyyəti, 21 Azərin qələbəsindən sonra yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti yetərincə öz əksini tapmışdır.

Həmçinin t.ü.f.d. S.Bayramzadənin,t.ü.f.d. S.Talıblının və t.ü.f.d. H.Səfərinin monoqrafiyaları işıq üzü görmüşdür.

S.Bayramzadənin rus dilində nəşr edilmiş “Cənubi Azərbaycan: “21Azər”dən “ağ inqilaba”a kimi” (Bakı, 2016) adlı monoqrafiyasında 21 Azərdən İrandakı ağ inqilaba qədərki dövr ərzində ölkədəki mövcud şəraitdə Azərbaycanın, azərbaycanlıların bir çox siyasi, sosial, iqtisadi, demokratik problemləri və müvafiq tələbləri ortaya qoyulur, İran daxilində Azərbaycan məsələsinin mahiyyəti beynəlxalq münasibət və şəraitin mərkəzi İran hökumətinin bu məsələ ilə bağlı siyasətinə təsiri fonunda araşdırılır, dövlətin Azərbaycan siyasətindəki yeni cəhətləri nəzərdən keçirilir.

S.Talıblının “İran islam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” (Bakı, 2016) adlı kitabında İİR hakimiyyətinin Qafqaz siyasətində Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda mövqeyi, eyni zamanda onun həlli istiqamətində göstərdiyi təşəbbüslər və atdığı addımlar maraqlı və əyani faktların qarşılıqlı müqayisəsi fonunda ortaya qoyulmuşdur.

H.Səfərinin “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” (Bakı, 2016) adlı monoqrafiyasında isə I Dünya müharibəsinin gedişində Qərb dövlətləri və Rusiyanın köməyi sayəsində yaradılan erməni silahlı dəstələri tərəfindən Cənubi Azərbaycanın Urmiya, Salmas və Xoy kimi yaşayış məntəqələrində 200 minə qədər azərbaycanlının soyqırıma məruz qalması araşdırılır.

Cənubi Azrbaycan şöbəsinin aparıcı elmi işçisi, i.ü.f.d. Əkrəm Rəhimlinin (Bije) tərtibatında (ön soz və şərhlərin müəllifi özüdür) “Seyid Cəfər Pişəvəri. Məqalə və çıxışlarından seçmələr (Təbriz, 1945-1946-cı illər)” (Bakı, “Nurlar”, 2016) və “Cənubi Azərbaycan: düşüncələr, problemlər”(Bakı, “Nurlar”, 2017) kitabları da çap edilmişdir. Müəllifin “Seyid Cəfər Pişəvəri. Məqalə və çıxışlarından seçmələr (Təbriz, 1945-1946-cı illər)” adlı kitabında 1945-1946-cı illərdə Cənubi Azərbaycandakı xalq hərəkatının, o dövr sosial-iqtisadi və mədəni durumun ayrı-ayrı cəhətləri açıqlanır, “Cənubi Azərbaycan: düşüncələr, problemlər” adlı kitabında isə onun son 17 ildə yazdığı məqalə, müsahibə və rəylərindən seçmələr verilmişdir.Məqalələrdə Cənubi Azərbaycanda baş vermiş olayların elmi-siyasi və tarixi-ədəbi səpgidə şərhi verilir.

Y.Hacıyevanın “İran İslam inqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər)” adlı monoqrafiyası İnstitut Elmi Şurasının müvafiq qərarı ilə 306 səhifədə çapolunmuşdur (Bakı, “Adiloğlu” nəşriyyatı, 2017). Kitabda 1979-2005-ci illərdə İran İslam Respublikası hakim qüvvə¬lə¬rinin Azərbaycan türkcəsini sıxışdırmaq və azərbaycanlıların milli şüurunu kosmopolitləşdirmək cəhdlərinə qarşı Cənubi Azərbaycan türklərinin mübarizəsinin tarixi araşdırılmışdır. Müəllif panfarsist siyasi sistemin və ideologiyasının təsirinə məruz qalan cənubi azərbaycanlıların həm İran daxilində, həm də xaricdə Azərbaycan dilinin statusunun yüksəldilməsi və funksiyalarının genişləndirilməsi uğrunda mübarizəsinin tarixi şəraitə uyğun olaraq formalaşması prosesini tədqiq etmişdir.

Hazırda “İran İslam Respublikasının regional siyasətində Cənubi Azərbaycan” (S.Bayramzadə), “Dağlıq Qarabağ münaqişəsi İran mətbuatı və elmi ədəbiyyatında (1979-2009-cu illərdə)” (S.Talıblı) kimi mövzular üzərində tədqiqat işləri davam etdirilir.

Həftənin cümə günlərində şöbədə Güney Azərbaycanın aktual sosial-siyasi, iqtisadi və mədəni məsələlərinə aid dəyirmi masa keçirilir. Burada olan söhbət və müzakirələr gənc güneyşünasların region haqda məlumat və biliklərinin artmasına kömək edir.

Son olaraq qeyd olunmalıdır ki, 1976-cı ildən başlayaraq 40 il müddətində AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən “Cənubi Azərbaycan” şöbəsi parçalanmış Vətənimizin cənub hissəsinin çağdaş tarixini kompleks şəkildə öyrənmək, tədqiq etmək və bununla bağlı onlarla elmi-tədqiqat, elmi-publisistik əsərləri ortaya qoymaqla artıq ənənəvi bir məktəbə çevrilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.