Press "Enter" to skip to content

Mənzil Tikinti Kooperativlərində kommunal xərclər necə müəyyənləşdirilməlidir? ARAŞDIRMA

Məhkəmə prosessual funksiyaların bölüşdürülməsi prinsipini rəhbər tutaraq, əməliyyat-axtarış və ya ibtidai araşdırma subyektlərinin fəaliyyəti sahəsində bütövlükdə qanunçuluğa nəzarət etmək vəzifəsini daşımır. Belə ki, cinayət barədə məlumatların qeydiyyatı, ibtidai araşdırmanın başlanması haqqında qərar və ya digər insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı olmayan prosessual tədbirlər məhkəmə nəzarətinin predmeti ola bilməz.

Azərbaycan Respublikası Adından
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Fəraid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Qəbələ rayon Məhkəməsinin sədri Vahid Sadıqovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati qanunvericilik sektorunun müdiri Fuad Məmmədovun, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının professor əvəzi, hüquq üzrə elmlər doktoru Midhəd Qəfərovun və müstəqil ekspert hüquq üzrə fəlsəfə doktoru Aydın Yusubovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Munis Abuzərlinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Baş istintaq idarəsinin şöbə rəisi Mahir Qasımovun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş cinayət axtarışı idarəsinin əməliyyat müvəkkili Ceyhun Əliyevin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qəbələ rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertlərin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Qəbələ rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilən materiallara münasibətdə məhkəmə nəzarətini həyata keçirən məhkəmənin səlahiyyətlərini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, Qəbələ rayon Məhkəməsinin icraatına CPM-in 445.2-ci maddəsinin tələblərinə uyğun olaraq Qəbələ rayon polis şöbəsi tərəfindən “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 8 iyul 2014-cü il tarixli qərar və bu qərar əsasında həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı “Baxış keçirilməsi haqqında” iki protokol daxil olmuşdur.

Müraciətedənin fikrincə, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların sübut kimi qəbul və istifadə edilməsinə yalnız həmin materialların cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun təqdim edilməsi və yoxlanılması şərti ilə yol verilir (CPM-in 137-ci maddəsi). Bu isə CPM-in 445.2-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəməyə sadəcə məlumatlandırmaq üçün təqdim edilməsini deyil, həm də məhkəmənin əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilmiş materiallar üzrə müvafiq tədbirin keçirilməsinin qanuniliyini yoxlamaq səlahiyyətini nəzərdə tutur. Əməliyyat-axtarış materiallarının təqdim edilməsi və yoxlanılması qaydaları isə cinayət-prosessual qanunvericiliyində müəyyən edilməmişdir.

Qeyd edilənlərə əsaslanaraq, Qəbələ rayon Məhkəməsi CPM-in 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarətinin hədləri baxımından şərh edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi vacib hesab edir.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri də məhkəmə-hüquq islahatlarıdır. Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra – Konstitusiya) ali dəyər olan insan və vətəndaş hüquq və azadlıqlarının təminatında məhkəmələrin rolu xüsusi qeyd olunmuşdur. Hüquqi dövlətdə insan hüquqlarının məhdudlaşdırılması yalnız qanun əsasında mümkündür. İnsan hüquqlarının məhdudlaşdırılmasının qanuniliyinə, mütənasibliyinə və ədalətliliyinə nəzarəti isə məhkəmələr həyata keçirirlər.

Məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət-prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür.

Məhkəmə nəzarətinin hüquqi əhəmiyyəti Konstitusiya və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr ilə müəyyən edilir.

Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyinin məhkəmələr tərəfindən həll edilməsi məhz Konstitusiyanın 71-ci maddəsinin VII hissəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın həmin normasına görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs əmin olmalıdır ki, dövlət orqanları tərəfindən hər hansı qanuni təqib həyata keçirilirsə, həmin fəaliyyətə müstəqil məhkəmə orqanı tərəfindən nəzarət mövcuddur.

Bununla yanaşı, ayrı-ayrı konstitusiya normalarında insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasında məhkəmə nəzarətinin vacibliyi xüsusi qeyd edilir. Məsələn, Konstitusiyanın 33-cü maddəsinin II hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 5-ci maddəsində azadlıq və toxunulmazlıq hüququnun təminatında məhkəmə nəzarətinin vacibliyi birbaşa vurğulanmışdır.

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində məhkəməyədək icraat mərhələsində məhkəmə nəzarəti nisbətən yeni institutdur. Prokuror nəzarətindən fərqli olaraq, məhkəmə nəzarəti məhkəməyədək icraat mərhələsində ibtidai araşdırma subyektlərinin fəaliyyətinin insan hüquq və azadlıqlarına qanunsuz müdaxiləsinin qarşısının alınmasına yönəlmişdir. Prokuror nəzarəti ümumilikdə təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunçuluğa riayət edilməsinə yönəldiyi halda, məhkəmə nəzarəti əməliyyat-axtarış fəaliyyəti subyektləri tərəfindən insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyi, əsaslılığı, mütənasibliyi, məqsədəmüvafiqliyi və təxirəsalınmazlığının yoxlanılması funksiyasını daşıyır.

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli Qanununa (bundan sonra – “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun) əsasən əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti prokuror nəzarətindən fərqli olsa da, onlar arasında oxşar cəhətlər də mövcuddur.

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin I hissəsində göstərilir ki, əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər. Həmin maddənin IV və V hissələrinə görə əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar prokuror nəzarətinin predmetinə daxil deyil və əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar onlara verilən sənədlərdə əks olunan məlumatların məxfiliyini təmin etməlidirlər.

Beləliklə, məhkəmə nəzarəti ilə prokuror nəzarəti arasında nəzarətin predmeti baxımından fərqlilik müşahidə olunsa da, əməliyyat-axtarış fəaliyyətinin spesifik xüsusiyyətlərini nəzərə alaraq, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin IV və V hissələrinin tələblərini məhkəmə nəzarəti fəaliyyətinə də aid etmək olar.

Məhkəmə prosessual funksiyaların bölüşdürülməsi prinsipini rəhbər tutaraq, əməliyyat-axtarış və ya ibtidai araşdırma subyektlərinin fəaliyyəti sahəsində bütövlükdə qanunçuluğa nəzarət etmək vəzifəsini daşımır. Belə ki, cinayət barədə məlumatların qeydiyyatı, ibtidai araşdırmanın başlanması haqqında qərar və ya digər insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı olmayan prosessual tədbirlər məhkəmə nəzarətinin predmeti ola bilməz.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 5 avqust 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası).

Beləliklə, prokuror nəzarətindən fərqli olaraq, məhkəmə nəzarətinin predmetini – insan və vətəndaş hüquq və azadlıqlarının təminatı ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyi və əsaslılığı təşkil edir.

Qeyd edildiyi kimi, məhkəmə nəzarəti Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nisbətən yeni institutdur. 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş CPM-in 442.2-ci maddəsi məhkəmə nəzarətinin obyektini müəyyən edərək göstərir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, bununla yanaşı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə.

Məhkəmə nəzarəti sahəsinə aid olan məsələlər, habelə onların həyata keçirilməsi qaydası CPM-in 443-454-cü maddələri ilə müəyyən edilir. Bu maddələr cinayət prosesində istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi halında mütləq qaydada məhkəmə nəzarətinin mövcudluğunu nəzərdə tutur.

Bununla yanaşı, əməliyyat-axtarış fəaliyyətinin əsasları “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun ilə tənzimlənir. Bu Qanun insanların konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələn hər hansı bir əməliyyat-axtarış tədbirinin yalnız məhkəmənin qərarı əsasında keçirilməsini və ya keçirildikdən dərhal sonra məhkəməni həmin tədbir haqqında məlumatlandırmağı nəzərdə tutur.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Xudobin Rusiyaya qarşı iş üzrə 26 oktyabr 2006-cı il tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Eyni hüquqi mövqe Avropa Məhkəməsinin Klass və başqaları Almaniyaya qarşı iş üzrə 6 sentyabr 1978-ci il, Lüdi İsveçrəyə qarşı iş üzrə 15 iyun 1992-ci il tarixli Qərarlarında da ifadə edilmişdir.

Avropa Məhkəməsi öz qərarlarında göstərir ki, əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti sui-istifadənin qarşısının alınmasına və qüvvənin mütənasib istifadəsinə nəzarət edir. Avropa Məhkəməsi Uzun Almaniyaya qarşı işi üzrə 2 sentyabr 2010-cu il tarixli Qərarında bildirmişdir ki, şübhəli şəxslərin avtomobilində quraşdırılan və güdmə funksiyasını daşıyan GPS (qlobal təsvir sistemi) hazırlanan cinayətin qarşısının alınması məqsədi ilə məhkəmə nəzarəti altında istifadə edildiyinə görə adekvat və effektiv təminatlarla aparılıb. Bu isə istifadə olunan əməliyyat-axtarış tədbirlərinin aparılmasında sui-istifadənin qarşısının alınması üçün faydalı vasitədir.

Məhkəmə nəzarətinin mövcudluğu, ilk növbədə, əməliyyat-axtarış fəaliyyətinə qərəzsiz orqanın nəzarətinin mövcudluğunu ifadə edir. Avropa Məhkəməsi Avropaya inteqrasiya və insan hüquqları naminə Assosiasiya və Ekimciyeva Bolqarıstana qarşı iş üzrə 28 iyun 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, məxfi müşahidənin tətbiqinə ümumi nəzarətin bilavasitə xüsusi vasitələrin tətbiq edilməsini həyata keçirən daxili işlər orqanlarına həvalə edilməsi nəticə etibarı ilə əməliyyat-axtarış fəaliyyətinə qərəzsiz orqanın nəzarətinin olmadığını bildirir, bu isə Konvensiyanın 8-ci maddəsinin tələblərinin pozulduğunu göstərir.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət prosesində istifadə olunan əməliyyat-axtarış fəaliyyətinin nəticələri iki yolla əldə oluna bilər: 1) məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində; 2) əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan həmin tədbir barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində.

Birinci halda, məhkəmə qərarının əvvəlcədən alınması qaydasında əməliyyat-axtarış fəaliyyətinin aparılmasına məhkəmə nəzarətinin həcmi (həddi) problemi təcrübədə hər hansı mübahisə yaratmır. CPM-in 446.4-cü maddəsindən görünür ki, istintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinin və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyini təsdiq edən materiallar vəsatətə əlavə edilməlidir. Həmin materiallar kifayət etmədikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakim onların tamamlanmasını tələb etmək hüququna malikdir.

Qanunverici əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın rəhbərinin vəsatətinin əsaslandırılması üçün bir sıra tələblər irəli sürür. Məsələn, vəsatətdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyi əsaslandırılmalı, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi nəticəsində hansı nəticənin əldə edilməli olduğu və nə üçün həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin mümkün olmaması, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin hansı müddətdə, harada və hansı üsullarla nəzərdə tutulduğu və digər əhəmiyyətli məlumatlar göstərilməlidir.

Əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın vəsatətində qeyd olunan müddəalar əsaslandırılmaqla prokurora təqdim edilir. Prokuror öz növbəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında materialları nəzərdən keçirməklə müvafiq qərar qəbul edir, yəni vəsatətin müdafiə edilməsindən imtina haqqında əsaslandırılmış qərar çıxarır, yaxud zəruriliyini təsdiq edən materialları vəsatətə əlavə etməklə müvafiq qərarın qəbul edilməsi üçün məhkəməyə təqdimat göndərir.

Beləliklə, məhkəmənin razılığı ilə aparılan tədbirlərə dair məhkəmə nəzarətini həyata keçirən hakimin qanunvericiliklə müəyyən edilən səlahiyyətləri kifayət qədər genişdir. Əvvəla, məhkəmənin razılığını almaq məqsədi ilə qaldırılan vəsatətə istintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinin və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyini təsdiq edən materiallar əlavə edilməlidir. Həmin materiallar kifayət etmədikdə, hakim onların tamamlanmasını tələb etmək hüququna malikdir.

Göründüyü kimi, CPM-də əməliyyat-axtarış tədbirləri keçirilərkən şəxsi toxunulmazlıq, yazışma, telefon danışıqları, poçt, teleqraf və poçt rabitəsi şəbəkələri ilə ötürülən digər məlumatların sirri, eləcə də mənzil toxunulmazlığı barədə hər bir kəsin konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair materiallara məhkəmə qaydasında baxılması nəzərdə tutulmuşdur. Məhkəmə nəzarəti qaydasında daxil olan əməliyyat-axtarış sənədlərində göstərilən məlumatların məxfiliyinin təmin edilməsi üçün məhkəmədə şərait yaradılır.

CPM-in 448-ci maddəsinə görə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məsələlərinə dair məhkəmə iclasının nəticələri üzrə hakim müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verir və ya onun keçirilməsindən imtina edir, bu barədə əsaslandırılmış qərar qəbul edir. Həmin qərar əməliyyat-axtarış tədbirinin keçirilməsinin təşəbbüskarına verilir və təqdim olunmuş materiallar geri qaytarılır. Eyni zamanda, məhkəmə nəzarəti qaydasında qəbul edilən qərar hakim tərəfindən tam əsaslandırılmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Qəbələ rayon Məhkəməsinin müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, təxirəsalınmaz tədbirlərin keçirilməsindən sonra məhkəmə nəzarəti qaydasında keçirilmiş tədbirlər barəsində məhkəməni məlumatlandırmaq qaydası təcrübədə fərqli tətbiq edilir. Bunun səbəbi isə ilk növbədə, qanunu tətbiq edən subyektlərin normanın tələblərinə tam formal yanaşmasıdır. Belə ki, CPM-in 445.2-ci maddəsinin tələblərinə görə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda CPM-in 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir.

CPM-in qeyd edilən norması əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqandan məhkəmə nəzarəti qaydasında, formal olaraq müvafiq tədbir keçirildikdən sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə yalnız əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təqdim etməsini tələb edir.

Məsələyə formal cəhətdən yanaşıldığı təqdirdə məhkəmə yalnız həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin zəruriliyini və qanuna uyğun aparıldığını yoxlamaqla müvafiq qərar çıxarmalıdır. Bu qərarın surəti əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana və ibtidai istintaqa rəhbərlik edən prokurora göndərilir. Gələcəkdə işə mahiyyəti üzrə baxılarkən bu əməliyyat tədbirinin nəticələrinə ümumi qaydada baxılır. Yəni digər sübutlar kimi əməliyyat-axtarış tədbirlərinin nəticələri də yoxlanılıb qiymətləndirilir.

Məhkəmə nəzarətinin formal olması məhkəmə nəzarəti funksiyasını “passiv legitimləşdirmə” fəaliyyətinə oxşar edə bilər. Bu terminin izahı ətraflı olaraq Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarında verilmişdir. Lakin məhkəmə qarşısında məhkəməyədək mərhələdə nəzarətə dair xüsusi prosessual vəzifə – insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilənin qarşısının alınması vəzifəsi qoyulmuşdur.

Nəzərə alınmalıdır ki, məhkəmə nəzarətinin obyekti iki əsas elementdən ibarətdir: 1) konstitusiya hüquq və azadlıqlarının qorunması; 2) həmin hüquq və azadlıqların qorunması ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyi və əsaslılığı. Bu elementlərə nəzarətin təminatı üçün məhkəmələrin kifayət qədər məhkəmə nəzarəti funksiyalarını həyata keçirmək səlahiyyətləri olmalıdır.

CPM-in 143.2-ci maddəsində qeyd edilir ki, məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır.

Məhkəmənin bu səlahiyyətləri sübutların toplanması prosesinə aiddir. Əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti altında aparılması isə sonda həmin tədbirin nəticələrinin cinayət-prosessual qaydada sübut qismində istifadəsinə əsas verir. Beləliklə, məhkəmələr sübutların gələcək məhkəmə prosesində faydalı və obyektiv istifadəsini təmin etmək məqsədi ilə məhkəməyədək mərhələdə məhkəmə nəzarəti funksiyasının geniş və hərtərəfli aparılmasında səlahiyyətli olmalıdırlar.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hakim məhkəməyə qədər mərhələdə məhkəmə nəzarətini həyata keçirən zaman aşağıdakı səlahiyyətlərə malikdir:

• əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə vermək və tədbirin keçirilməsinə dair qaldırılan vəsatəti təmin etmək və ya etməmək;

• şəxsin konstitusiya hüquq və azadlıqlarının qanuni məhdudlaşdırılması haqqında qərarın güvədə olma müddətini uzatmaq;

• əməliyyat-axtarış tədbirinin keçirilməsinin əsaslarına dair əlavə materialları tələb etmək;

• hüquq və azadlığı məhdudlaşdırılan şəxsi dinləmək və ehtiyac olduğu halda (əməliyyat-axtarış tədbirlərinin gizli və ya aşkar keçirilməsindən asılı olaraq) ərizəçini ona qarşı aparılan əməliyyat-axtarış tədbirlərinin səbəbləri haqqında məlumatlandırmaq;

• şəxsin konstitusiya hüquq və azadlıqlarının təminatı məqsədi ilə digər tədbirlər görmək.

Nəzərə alınmalıdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər.

Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

– CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər;

– əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər.

2. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr Fərhad Abdullayev

Mənzil Tikinti Kooperativlərində kommunal xərclər necə müəyyənləşdirilməlidir? – ARAŞDIRMA

Mənzil Tikinti Kooperativlərində kommunal xərclər necə müəyyənləşdirilməlidir? – ARAŞDIRMA İqtisadiyyat Nazirliyi: “İşıq, qaz, su kommunal xidmətlərini qanunvericiliklə yalnız təchizatçı müəssisə dayandıra bilər”

14 Yanvar , 2017 10:08

https://static.report.az/photo/5e58c5e1-477d-4fb0-a207-ec4889615b6b.jpg

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanda yeni inşa edilmiş binalarda yaşayan insanların Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən mütəmadi olaraq istehlakçı hüququları pozulur. Adətən, tam təhvil verilməyən binalarda sayğaclaşma aparılmadığından sakinlər kommunal xərclərini əvvəlcədən müəyyən edilmiş formada ödəyirlər. Belə formalarda mənzil pulu sahə (kvadratmetr), adam və ya otaq sayına əsasən hesablanır. Nəticədə yeni tikililərdə yaşayan insanlar tez-tez MTK komendantlarının özbaşınalığı ilə üzləşirlər. Məsələn, MTK komendantları qanunu kobud şəkildə pozaraq borclu vətəndaşa görə borcu olmayanları da işıq, qaz və su təchizatından mərhum edirlər. Bəs qanunvericiliyin tələblərinə görə istehlakçılar hansı hüquqlara malikdir? Hüquqları pozulan istehlakçılar belə hallarla üzləşdikləri zaman nə etməlidir? Bu kimi vəziyyətlər Azərbaycanda qanunla necə tənzimlənir? “Hər bir istehlakçının kommunal xidmətlərin təchizatının dayandırılmasına görə məhkəməyə müraciət etmək hüququ var” Hüquqşünas Xalid Ağaliyev “Report”a açıqlamasında deyib ki, Mənzil Məcəlləsi mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi bazadır: “MTK-larda ev sahibləri payçılar sayılırlar, yəni həmin binalardan ev alanların müqavilələri alqı-satqı müqaviləsi kimi bağlanmamalıdır. Bu prosesin həyata keçirilməsi qanunvericiliyə ziddir. Yeni tikilməkdə olan bina ilə bağlı alqı-satqı müqaviləsi bağlana bilməz. Yəni daşınmaz əmlak dövlət qeydiyyatından keçməyənədək alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Bu səbəbdən MTK-larla bağlanan müqavilələr evin alqı-satqısı ilə bağlı deyil, payın alqı-satqısı üzrə olmalıdır. Belə olan təqdirdə isə bina ilə bağlı verilən qərarlar tərəflərin, yəni sakinlərin hamısının razılığı ilə baş tutmalıdır. Bəs kommunal xidmətlərin MTK-lar tərəfindən dayandırılmasına qanunlar nə deyir? “Su təchizatı haqqında”, “Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında” qanunlarda su, qaz, elektrik enerjisindən istifadə haqlarını ödəməyən istehlakçıya kommunal xidmətlərin dayandırılmaması, borcunu vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməsi aydın şəkildə qeyd olunub. Yəni bir istehlakçının borcuna görə digər istehlakçıları bu xidmətlərdən məhrum etmək olmaz, bu, qanunu pozmaq deməkdir. Eyni zamanda hər üç qanunda vurğulanır ki, istehlakçılara su, qaz, elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilməlidir”. Onun sözlərinə görə, bir nəfərin borcuna görə digərlərinin kommunal xidmətlərdən məhrum edilməsi Nazirlər Kabinetinin sudan, qazdan, elektrik enerjisindən istifadə ilə bağlı qaydalarına da ziddir: “Nazirlər Kabinetinin sudan, qazdan, elektrik enerjisindən istifadə ilə bağlı qaydalarında hesabın istehlakçıya təqdim edildikdən sonra bir ay müddətinə tam ödənilməsi göstərilib. Yalnız bundan sonra su, qaz və ya elektrik enerjisinin verilişini dayandırmaq olar. Qanun pozuntusu ilə üzləşmiş vətəndaşlar onların su, qaz və ya elektrik enerjisinin başqalarının borcuna görə dayandırılmasının inzibati xəta olduğunu bilməlidirlər. Buna məruz qalan hər bir istehlakçının məhkəməyə müraciət etmək hüququ var”. Mənzil mülkiyyətçiləri yaşayış sahəsinin saxlanılması haqqını ödəməlidirlər” İqtisadiyyat Nazirliyindən “Report”a bildirilib ki, mənzil-kommunal təsərrüfatı sahəsində mülkiyyətçi ilə idarəedici arasında münasibətlər bu sahədə mövcud qanunvericilik çərçivəsində, o cümlədən Mənzil Məcəlləsinə uyğun olaraq tənzimlənir: “Belə ki, mənzil mülkiyyətçiləri yaşayış sahəsinin saxlanılması haqqını ödəməlidirlər. Bu xərclərə binadaxili və həyətyanı işıqlandırma, lift təmiri, məişət tullantılarının daşınması, bina və həyətin təmizliyi, mühafizə, işçilərin maaşı və s. xidmətlər daxildir. Qanunvericiliyə uyğun olaraq çoxmənzilli binaların idarəediciləri bina sakinlərindən bu haqqın ödənilməsini tələb edə bilərlər. Bina sakinlərinin ödəniş etmədiyi və ya ümumiyyətlə, ödənişdən imtina etdiyi hallarda idarəedici məhkəməyə müraciət edə bilər. İşıq, qaz, su kommunal xidmətləri isə abonentlə təchizatçı müəssisə arasında tənzimlənir və bu xidmətləri qanunvericiliklə müəyyən olunan hallarda yalnız təchizatçı müəssisə dayandıra bilər”. “Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir: “Məcəlləyə əsasən, mənzil fondunun idarə edilməsi ilə bağlı üç metod (bilavasitə özləri tərəfindən idarəedilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaratmaqla idarəetmə və idarəedici təşkilat tərəfindən idarə edilmə) var. Bunlardan beynəlxalq təcrübədə ən geniş tətbiq olunanı və səmərəli hesab ediləni Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləridir. Hazırda nazirlik binalarda yeni idarəetmə metodlarının tətbiqi, eləcə də MMMC-lərin yaradılmasının dəstəklənməsi, vətəndaşların bu sahədə hüquq və vəzifələri ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirir. Çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə əlaqədar görülən işlər nəticəsində indiyədək Bakı şəhərində və Abşeron rayonunda 40-dək MMMC dövlət qeydiyyatına alınıb”, – nazirlikdən vurğulanıb. “MTK-ların bir-iki nəfərə görə digərlərini kommunal xidmətdən məhrum etməyə ixtiyarı yoxdur” Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov vurğulayıb ki, yeni inşa edilən bina İstismar Qəbul Komissiyasına təhvil verilmədiyi halda orada yaşamaq qəti qadağandır: “Buna qanun da yol vermir. İlk qanun pozuntusu buradan başlayır. Qanun pozuntularının zəncirvari halqası olur. Əlbətdə bir qanun pozuntusu olan yerdə digərləri də qaçılmaz olur. Belə olan halda da yeni tikilən binalarda yaşayan bina sakinləri MTK-ların müəyyən etdiyi komendantların özbaşınalığı ilə qarşılaşırlar. MTK-ların “ev pulu”nu ödəməyən bir və ya iki bina sakininə görə digərlərini hər hansı bir kommunal xidmətdən məhrum etməyə ixtiyarı yoxdur. Bu cür qanunsuzluqlardan yeganə çıxış yolu bina sakinlərinin məhkəməyə müraciət etməsidir. Hər hansı bir yeni tikilən binada yaşayan ölkə vətəndaşı qanunsuz olaraq kommunal xidmətdən mərhum edilə bilməz. Binaları elektrik, qaz və su təchizatı ilə üçüncü tərəf olaraq MTK-lar deyil, başqa müəssisələr təmin edir. Heç bir halda hüquqi cəhətdən komendantların özbaşına bina sakinlərini şəxs və cəm halında ödənişini həyata keçirdiyi kommunal xidmətlərin istifadəsinə qadağa qoymağa səlahiyyəti çatmır”. “Qanunda birmənalı olaraq yazılıb ki, tikilən binalar İstismar Qəbul Komissiyasına təhvil verilməlidir, sonra mənzillərə çıxarış alınmalıdır, 6 ay müddətində Mənzil Mükiyyətçiləri Müştərək Cəmiyyəti yaradılmalı (MMMC) və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidir. Daha sonra yaradılan cəmiyyət binanın idarə etmə strukturunu, yığılan “ev pulu”nun miqdarını və qanunla müəyyən edilən digər məsələləri formalaşdırmalıdır. Bu proseslərin heç biri həyata keçirilmədiyi üçün vətəndaşlar hər addımbaşı qanun pozuntusu ilə üzləşirlər. Bir sözlə, MTK komendantları “bulanıq suda balıq tuturlar”, – o əlavə edib. “ƏMDK istismara təhvil-təslim prosesi olmadığından yeni tikililərdə sənədləşmə işini apara bilmir” Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədr müavini Rafiq Cəlilov qeyd edib ki, Mənzil Tikinti Kooperativlərində (MTK) əsas problem yeni tikilən binaların İstismar Qəbul Komissiyasına qəbul olunmamasıdır: “ƏMDK istismara tam təhvil-təslim prosesi olmadığından həmin binalarda mənzillərin sənədləşmə işini apara bilmir. Komitə bina istismara qəbul olunanda yerində gedib sənədləşmə işini aparır”. Qaninvericilikdə kommunal xidmətlərin dayandırılmasına görə cərimələr nəzərdə tutulub İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsinə görə, qaz, elektrik və ya istilik enerjisi xətlərini qanunsuz olaraq kəsmək, istehlakçıya yazılı bildiriş göndərmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsini dayandırmaq olmaz. Məhkəmə buna yol verən fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri 1000 manatdan 1500 manatadək, hüquqi şəxsləri isə 2500 manatdan 3500 manatadək cərimələyə bilər.

Cpm-in tələblərinə uyğun deyil

X Ü S U S I R Ə Y

Azərbaycan Respublikasının Prokurorluğu sorğu ilə Konstitusiya Məhkəməsinə (bundan sonra – KM) müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının həmin proses iştirakçıları tərəfindən ittihamdan qismən imtina edilməsini (eyni əmələ görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinin tövsifedici əlamətlərini özündə əks etdirən cinayət tərkibindən sadə tərkibli cinayət əməlinə tövsif edilməsini, yaxud təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə imtina edilməsini) özündə ehtiva edib-etməməsinə şərh verilməsini xahiş etmişdir.

Biz bu sorğu üzrə KM-in 15.02.2008-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsinin bəzi müddəaları ilə razıyıq, lakin nəticə hissəsinin 1-ci bəndinin və 3-cü bəndinin ikinci abzasında istifadə olunmuş ifadələri, habelə bu hissəsinin 3 və 4-cü bəndlərinin məzmunu ilə razılaşa bilmərik.

Xüsusilə qeyd olunmalıdır ki, KM heç bir normaya əsaslanmadan belə qənaətə gəlmişdir ki: məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəzanı nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir; CPM-də məhkəmə baxışında təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair hüququnun və onun həyata keçirilməsi üsullarının tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə olunsun.

Biz hesab edirik ki, bu müddəaları qəbul edərək KM: 1) CPM-in 43.1.1 və 314.2-ci maddələrinin müddəalarına şərhin verilməsi üçün kifayət qədər olan və özü-özlüyündə zəruri xarakter daşıyan mövcud prosessual normalardan istifadə etməmiş; 2) sorğuda qoyulan məsələlərdən və öz səlahiyyətlərindən kənara çıxaraq göstərilən maddələrə şərh vermək əvəzinə faktiki olaraq Konstitusiya və CPM-in normaları ilə toqquşan yeni norma yaratmış; 3) məhkəmə araşdırılması zamanı məhkəmənin ədalət mühakiməsini həyata keçirməyə müstəsna səlahiyyəti olan müstəqil hakimiyyət orqanı kimi hüquqi vəziyyətini təhrif etmişdir.

Mövqeyimiz çoxluğun qərarından fərqli olduğündan öz fikirlərimizin təfsilatı ilə bu rəydə açıqlanmasını zəruri hesab edirik.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və VI hissələrinə müvafiq olaraq səlahiyyətli subyektərin sorğu və müraciətləri əsasında Konstitusiya və qanunlara şərhin verilməsi KM-in səlahiyyətlərindən biridir. Belə şərh, ilk növbədə, hamı üçün (o cümlədən KM üçün) məcburi olan hüquq normasının mövcudluğuna əsaslanmalıdır. Şərh yalnız mövcud normanın çatışmazlığı, qeyri-müəyyənliyi və ya qeyri-dəqiqliyi hissəsində müəyyən məsələlərin izah olunması üçün verilir. Odur ki, şərh normanın mövcud olub-olmaması məsələsini, əgər o mövcuddursa, həmçinin bu normanın şərh edilməli sualı və ya halı əhatə edib-etməməsi məsələsinin dəqiq və sonadək araşdırılmasını tələb edir və bu xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən hər hansı qanun normasının şərhi qanunda ifadə olunmuş qanunvericinin iradəsindən çıxış edilməsini zəruri edir. Bu iradəni təhrif etməmək üçün KM-in şərhi həm özünün fərziyyə və arzularından, həm də, ona müraciət etmiş subyektlərin buna oxşar münasibətlərindən fərqləndirməlidir.

Kodifikasiya olunmuş qanunların normalarının şərhi zamanı, nəinki onun hərfi mənası və (ya) məntiqi məzmunu müəyyən olunur, həmçinin şərhin müxtəlif, o cümlədən sistematik və müqayisəli növlərindən istifadə olunur. Bu, bir tərəfdən izah edilən normanın həqiqi mənasının aydınlaşmasına və onun qanunvericilik sistemində yerinin göstərilməsinə imkan yaradır. Digər tərəfdən isə digər normalarla birgə nəzərdən keçirilmə yolu ilə şərh olunan normanın həqiqi mənasının müəyyən olunmasına xidmət edir.

Cinayət prosessual institutları sıx və ayrılmaz şəkildə bir-birilə əlaqəlidirlər. Onlardan hər biri müəyyən vəzifələrin həyata keçirilməsinə kömək edən və eyni zamanda digər hissələri ilə birlikdə harmonik işləyən vahid bir tamın hissəsidir. Cinayət qanununun normaları ayrılıqda izah edə bilərsə də, cinayət-prosessual normalara aid bu, demək olar ki, qeyri-mümkündür. Ona görə, ayrı-ayrı institutların əhəmiyyətinin və məhkəmə araşdırılması sistemində onların yerinin məhz qanunun müddəaları əsasında dəqiq aydınlaşması çox vacibdir.

Azərbaycan Respublikası Konstitusiyasının və «Konstitusiya Məhkəməsi haqqında» Qanununun müddəaları KM-ə hər hansı normaları qüvvədən düşmüş hesab edərkən, xüsusən də konstitusiya və ya qanun normalarına şərh verərkən norma yaratmaq səlahiyyəti vermir. Digər tərəfdən Konstitusiyanın 7-ci maddəsinin III və IV hissələrində öz əksini tapmış hakimiyyətlərin bölünməsinə dair müddəalar da digər hakimiyyət orqanlarının səlahiyyətlərinə aid edilmiş məsələlərə KM-in müdaxilə etməsinə icazə vermir. Qanunverici və icra hakimiyyət orqanlarının öz üzərilərinə məhkəmə məsələlərinin həllini götürmələri mümkünsüz olduğu kimi məhkəmə hakimiyyəti də (o cümlədən KM) hüquq normasını yarada bilməz.

Vurğulamaq lazımdır ki, CPM-in 6.1 və 80.1-ci maddələrinin müddəalarına əsasən: 1) cinayət prosessual qanunvericiliyin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir; 2) cinayət prosesində hakimin səlahiyyətləri CPM və Azərbaycan Respublikasının digər qanunlar ilə müəyyən olunur.

Nə CPM-in, nə dəki digər qanunun hər hansı müddəası dövlət ittihamçısının təqsirləndirilən şəxsin əməlinin cinayət qanunu ilə daha yüngül cəza nəzərdə tutan normaya tövsif edilməsinə dair təkliflə çıxış etməsi məhkəmə üçün cinayət işi üzrə irəli sürülmüş ittiham aktında əks olunan ittiham daxilində, lakin bu təkliflə müqayisədə daha ağır cəza nəzərdə tutan cinayət qanununun norması üzrə hökmün çıxarılmasını istisna etmir. Buna baxmayaraq, normayaradıcılıq səlahiyyətinə malik olmayan KM qanunvericilikdə olmayan və cinayət prosessual normalarla uzlaşmayan müddəanı öz qərarında əks etdirərək cinayət prosesində hakimin səlahiyyətinə qanunla nəzərdə tutulmayan məhdudiyyət qoyub.

Hesab edirik ki, KM qanunvericinin iradəsini nəzərə almadan qanuna şərh vermək adı altında qanunun qüvvədə olan normaları ilə ziddiyyət təşkil edə biləcək və hüquq tətbiqetmədə anlaşılmazlığa gətirib çıxara biləcək mahiyyətcə yeni norma yarada bilməz. Belə hal baş verərsə, məhkəmələr ədalət mühakiməsi funksiyasını Konstitusiya və cinayət-prosessual qanunvericiliyin müddəaları əsasında həyata keçirilməyə davam etməlidirlər.

KM-in qərarının nəticə hisəsində əks olunmuş müddəalarla məzmunca razı olmadığımızın səbəblərini anlamaq üçün qüvvədə olan qanunvericilik normalarından irəli gələrək, hər hansı digər ölkədə deyil, məhz Azərbaycan Respublikasında cinayət prosesinin təşəkkülü diqqətlə təhlil olunmalıdır. Eyni zamanda bu normalarda nəzərdə tutulmuş ideyaların müasir cinayət prosessual hüququnda necə qəbul olunması məsələsi də dəqiqləşdirilməlidir.

«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin mənasına görə məhkəmələrin əsas vəzifələri ədalət mühakiməsini və məhkəmə nəzarətini həyata keçirmək, habelə insan hüquq və azadlıqlarını pozuntulardan müdafiə etməkdir.

Ölkəmizdə hakimlərin müstəqilliyi, məhkəmə icraatının əsas prinsipləri və şərtləri Konstitusiyada təsbit olunmuşdur. Konstitusiya müddəalarına görə Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlər işlərə gərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. (Konstitusiyanın 125-ci maddəsinin I, IV və V hissələri, 127-ci maddəsinin I, III, VII – IX hissələri).

Dövlət müstəqilliyinin bərpasından sonra ölkədə baş vermiş siyasi, iqtisadi, sosial və digər dəyişikliklər yeni prosessual qanunvericiliyin hazırlanmasını şərtləndirmişdir. Cinayət prosesinin xüsusi xarakterini və əhəmiyyətini nəzərə alaraq, bu sahədə qanunvericilik tənzimlənməsinin beynəlxalq təcrübəsi öyrənilmiş, yeni CPM-in layihəsi diqqətlə hazırlanmış, aparıcı Avropa elmi mərkəzləri və məhkəmə-hüquq qurumlarını təmsil edən nüfuzlu ekspertlər tərəfindən onun beynəlxalq standartlara uyğunluğu ekspertizası keçirilmiş, əlavə işlənilmiş layihə hüquq ictimaiyyətinin iştirakı ilə açıq müzakirə edilmişdir. Yalnız bundan sonra qitə Avropası hüquq sisteminin əhəmiyyətli təsiri altında formalaşmış yeni CPM Azərbaycan Respublikası Milli Məclisi (Parlament) tərəfindən qəbul olunmuşdur.

Ölkəmizdə mövcud cinayət prosesini qarışıq formaya (növə) aid etmək olar. Məhkəməyədək icraat mərhələsində bu prosesdə axtarış prosesinin elementləri vardır. Lakin, məhkəmə icraatı mərhələrində çəkişmə prosesinə xas olan məhkəmə baxışının demokratik prinsipləri açıq-aşkar ifadə olunur (açıqlıq, proses iştirakçılarının hüquq və azadlıqlarının məcburi təminatı, tərəflərin çəkişməsi və s).

Məhkəmə baxışında cinayət təqibi məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın mövcudluğu əsasında həyata keçirilir. Onsuz, nəinki müdafiə funksiyası, hətta ədalət mühakiməsi funksiyası da yarana bilməz. Bununla belə, yalnız məhkəmə qanunla müəyyən olunmuş qaydada və hallarda hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxa və bu ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxara bilər (CPM-in 7.0.10-cu maddəsi). İttiham və ədalət mühakiməsi funksiyalarının birini digərinə nisbətdə fərqləndirmək üçün aşağıdakılar nəzərə alınmalıdır.

Ölkəmizdə olan cinayət prosesində ittiham hüququ, bir qayda olaraq, prokurora məxsusdur. Bəzi hallarda, onunla birgə, bəzən də onun hər hansı iştirakı olmadan xüsusi ittihamçı statusunu əldə edən zərərçəkmiş şəxslər bu hüquqdan istifadə edə bilər. Cinayət təqibinin ictimai, ictimai-xüsusi və xüsusi ittihama bölünməsi məhz bundan irəli gəlir (CPM-in 37-ci maddəsi).

Xüsusi ittiham qaydasında cinayət təqibi zərərçəkmişin şikayəti üzrə məhkəmədə başlanılır. İctimai və ya ictimai-xüsusi ittiham üzrə cinayət təqibi isə (böyük ictimai təhlükə törətməyən aşkar cinayət halları istisna olmaqla) cinayət işinin qaldırılması ilə başlanır. Bu işlər üzrə müstəntiq ibtidai araşdırmanı aparır, onun gedişatında ilkin ittiham formalaşdırır, onu təqsirləndirilən şəxsə elan edir, ilkin ittihamın dəyişdirilməsinə (ona əlavələr edilməsinə) zərurət yarandığı halda isə onu yenidən formalaşdırır və təqsirləndirilən şəxsə elan edir. İş üzrə ibtidai araşdırma ittiham aktının tərtib olunması, onun prokuror tərəfindən təsdiqi və işin məhkəməyə göndərilməsi ilə yekunlaşır. İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir (CPM-in 37.2, 298, 45.3, 224.1, 225.1, 289.1, 292.2 və 289.4-cü maddəsi).

İttiham aktı ilə məhkəməyə daxil olmuş cinayət işinin mövcudluğu məhkəmənin üzərinə ona baxmaq vəzifəsini qoyur. Məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr həyata keçirilir. Məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda, ittiham aktının prosessual formasına riayət edildikdə və məhkəməyədək icraatın gedişində kobud prosessual pozuntulara yol verilmədikdə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edir (CPM-in 298, 299.1, 300.1.1 və 301.1-ci maddələri). Göründüyü kimi məhkəmə ona daxil olunmuş cinayət işi üzrə ilk əvvəl hazırlıq iclasını, sonradan isə məhz işdə olan və ittiham aktının mahiyyətini təşkil edən ittiham üzrə məhkəmə baxışını keçirir.

Prokurorun cinayət prosesinin bütün mərhələrində cinayət təqibini həyata keçirən yeganə prosessual subyekt olmasına baxmayaraq, cinayət prosesinin müxtəlif mərhələlərində onun funksiyaları və səlahiyyətləri də müxtəlifdir.

Məhkəməyədək icraatda prokuror geniş nəzarətedici və sərəncamverici hüquqlara malikdir (CPM-in 84.5-ci maddəsi). Onun belə hüquqi vəziyyəti əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməsi ilə şərtlənir. Lakin, nəzərdən qaçırmaq olmaz ki, prokuror həmçinin əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar tərəfindən qanunların icrasına da nəzarət edir («Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 20-ci maddəsi). Bütün bunlar isə, cinayətlərin qarşısının alınması, onların açılması, təhqiqatın və istintaqın lazımi səviyyədə aparılması, o cümlədən zəruri sübutların toplanması, prosessual məcburiyyət tədbirlərinin tətbiqi, təqsirkarların məsuliyyətə cəlb olunması, təqsirsizlərin məsuliyyətə cəlb olunmasına yol verilməməsi və nəticə etibarı ilə məhkəmədə əsaslı ittihamın irəli sürülməsi məqsədlərinə xidmət edir.

Lakin, məhkəmə icraatında prokuror özünün əvvəlki geniş səlahiyyətlərini itirir və müdafiə tərəfi ilə prosessual bərabərlik şəraitində məhkəmə baxışında dövlət ittihamçısı qismində çıxış edir. İttiham tərəfinin nümayəndəsi kimi, o, ittiham funksiyalarını həyata keçirməklə ittihamı müdafiə edir. Bunun üçün cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir və bunu edərkən yalnız prosessual qanunun yol verdiyi hüquqlardan istifadə edir (CPM-in 32.2.3 və 84.6-cı maddələri).

Dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı qanuna müvafiq olaraq və yalnız onun hədlərində müdafiə etməyə borcludur. Bunun üçün o, məhkəmədə təqsirləndirilən şəxs barəsində cinayət təqibini istisna edən hallar aşkar edərsə, cinayət təqibindən imtina etməlidir (CPM-in 39.1 və 41.3-cü maddələri). Cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar edilərsə isə, dövlət ittihamçısı borclu olmasa da, cinayət təqibindən imtina etməyə haqlıdır (CPM-in 40 və 41.6-cı maddələri). Hər bir halda, dövlət ittihamçısı tərəfindən cinayət təqibindən imtina edilməsi məhkəmə tərəfindən işə xitam verilməsinə o vaxt səbəb ola bilər ki, ictimai-xüsusi ittiham qaydasında xüsusi ittihamçı cinayət təqibini davam etdirməyi tələb etməsin. Dövlət ittihamçısının və ya xüsusi ittihamçının cinayət təqibindən və ya ittihamdan imtina etməsi ittihamın bütün və ya ayrı-ayrı bəndlərindən (tam və ya qismən) imtinanı ehtiva edə bilər (CPM-in 37.3, 41.3, 41.6, 290.3.2 və 318.1-ci və -cı maddələri).

Prosessual qanun nəinki dövlət ittihamçısının səlahiyyətlərini, həm də məhkəmə baxışının hədlərini müəyyən edir. Belə ki, məhkəmə baxışı yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittihamın hədləri ilə məhdudlaşır (CPM-in 318.1-ci maddəsi). Bu iki məsələ isə (həm məhkəmədə ittihamın irəli sürülməsi, həm də irəli sürülmüş ittiham üzrə məhkəməyə verilməsi) yuxarıda göstərilən kimi məhkəmə baxışında deyil, ondan əvvəl həll olunur. Ona görə də, məhkəmədə təqsirləndirilən şəxsə qarşı baxılan ittiham məhkəmə baxışının sonunadək onun predmeti və məzmunu olaraq qalır.

Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir (CPM-in 318.1-ci maddəsi). Lakin, CPM-in 318.2-ci maddəsinin müddəalarının mənasına görə ittiham funksiyası olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin hüquqi vəziyyətini məhkəmə baxışı zamanı ağırlaşdıra bilməz. Qanun məhkəməyə belə bir hüquq verməmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin əməlini məhkəmədə ona qarşı irəli sürülmüş və ya onun məhkəməyə verildiyi ittiham üzrə daha ağır cəza nəzərdə tutan normaya özü tövsif edə bilsin. Bunun üçün dövlət ittihamçısının və ya zərərçəkmişin (onun qanuni nümayəndəsinin) vəsatəti tələb olunur. Belə vəsatət olduqda məhkəmə baxışı dayandırmalı və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Əgər bu prokuror digər (daha ağır) ittihamı irəli sürərsə, məhkəmə baxışı onun məhkəmə iclasında elan olunması ilə davam etməlidir. Cinayət tövsifin dəyişməsi nəticəsində məhkəmə aidiyyətinin dəyişdirilməsi zərurəti yaranarsa, məhkəmə qərarına əsasən məhkəmədə işin baxılmasına xitam verilir və iş baxılmaq üçün başqa məhkəməyə göndərilir.

Cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya cinayət prosessual qanunda müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə CPM-nin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır (CPM-in 38.4, 41.4, 314.2 və 41.5-ci maddələri).

Prosessual qanundan göründüyü kimi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurordan fərqli olaraq dövlət ittihamçısına məhkəmədə ittiham irəli sürmək, cinayət işinin materiallarında olan və məhkəmədə cinayət təqibinin ən əhəmiyyətli sənədi olan ittiham aktını ləğv etmək və ya dəyişdirmək hüququ verilməmişdir. Həmçinin prosessual qanunda dövlət ittihamçısının təqsirləndirilən şəxsin əməlinin ağır cinayətdən daha yüngül cəza nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsinə dair təklifinin məhkəmə üçün məcburi olması da nəzərdə tutulmamışdır.

Prosessual qanunun məhz cəkişmə prinsipinə aid müddəalarında nəzərdə tutulur ki, tərəflərdən hər biri təqsirləndirilən şəxsin əməlinin tövsifinə, habelə məhkəmənin yekun qərarına dair öz təkliflərini verə bilər (CPM-in 32.2.3 və 32.2.4-cü maddələri). Mahiyyətcə bu imkan qanunda dövlət ittihamçısının müstəqil hüququ kimi əks olunmamışdır. Buna görə o, yalnız məhkəmədə həll olunan məsələlər və cinayət prosesin digər iştirakçılarının vəsatətləri üzrə öz fikrini ifadə etmək hüququnun tərkib hissəsi kimi çıxış edə bilər (CPM-in 84.6.3-cü maddəsi). Məhkəmə baxışında cinayət təqibi üzrə dövlət ittihamçısının təklifinin qəbul edilib-edilməməsi digər məsələlər kimi məhkəmənin səlahiyyətinə aiddir (CPM-in 7.0.4, 7.0.5, 81.2, 346.1.5 və 347.1-ci maddələri). Bununla yanaşı qanun dövlət ittihamçısına hüquq vermişdir ki, məhkəmə tərəfindən onun gəldiyi nəticələri və təklifləri nəzərə almadığı hissədə apellyasiya protesti versin (CPM-in 383.2-ci maddəsi).

Beləliklə, cinayət prosessual qanunun müddəaları (cinayət prosesini qarışıq formasına malik olan digər ölkələrdə olduğu kimi) hər kəsin (o cümlədən həm təqsirləndirilən şəxsin, həm də, zərərçəkmiş şəxsin) ədalətli məhkəmə araşdırılması hüququnun şərtsiz təmin olunması zərurətindən irəli gələn işin bölünməzlik prinsipini əks etdirir.

Məhkəmə cinayət işi ona daxil olandan sonra sadəcə onun «yiyəsi» deyil, Konstitusiya və prosessual qanunla (CPM-in 8 – 36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqana çevrilir. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmalıdırlar.

Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin vəzifəsi – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-in 8.0.5, 28.1, 28.2, və 28.6-cı maddələri).

Prosessual qanunun tələblərinə əsasən məhkəmə: qanunla nəzərdə tutulmuş qaydada məhkəmə baxışını həyata keçirməli; cinayət icraatının obyektivliyini, qərəzsizliyini və ədalətliliyini təmin etməli; çəkişmə və tərəflərin bərabər hüquq və imkanları əsasında cinayət prosesi tərəflərinin iştirakı ilə işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı; ona təqdim olunmuş və onun tərəfindən araşdırılmış bütün sübutların məcmusu üzrə tərəflərin bütün dəlillərini yoxlamalı və qiymətləndirilməli; işin bütün hallarının yoxlanılması və qanunun tələbləri əsasında daxili inamına müvafiq olaraq sübutlara sərbəst verdiyi qiymətləndirmə nəticəsində məhkəmənin yekun qərarını çıxarmalıdır.

CPM-in 7.0.41, 51.1 və 318.2-ci maddələrinin mənasına görə təqsirləndirilən şəxsin əməlinin tövsifinin dəyişdirilməsinə dair dövlət ittihamçısının təklifi yazılı vəsatət şəklində verilməli və məhkəmə tərəfindən ona CPM-in 28.1, 28.2, 28.4.1, 28.4.2, 87.6.8, 88.4.3, 91.5.38, 92.9.22, 93.4.17, 121.1.2 və 121.1.3-cü maddələrinin müddəalarına riayət etməklə baxılmalıdır. CPM-in 121.2 və 346.1.5-ci maddələrinin tələblərinə əsasən isə bu vəsatət qanunun düzgün tətbiq edilməsinə və ya təqsirləndirilən şəxsin pozulmuş hüquqlarının bərpasına yönəldilmişsə, məhkəmə onu rədd edə bilməz.

Cinayət prosesinin xüsusiyyətləri qanunvericinin cinayət mühakimə icraatının prinsip və əsas şərtlərində əksini tapan iradə ifadəsinin, eləcə də qitə Avropası hüquq sistemində qəbul olunmuş cinayət-prosessual hüququnun müddəalarını əks etdirməklə bir-biri ilə bağlı olan prosessual normaların müəyyən konstruksiya üzrə qurulmasının nəticəsidir. KM isə buna diqqət yetirmədən çoxsaylı prosessual normalardan yan keçərək qərar qəbul etmişdir. Bu hal cinayət prosesinin xüsusiyyətlərini təşkil edən bəzi ideyaların üstündə daha ətraflı dayanmağı tələb edir.

Qanunun aliliyinin bərqərar olması qanunçuluq prinsipinə riayət edilməsi şərti ilə mümkündür. Cinayət prosesində bu prinsiplərin prinsipidir və «qanunla icazə verilən, yol veriləndir» postulatı əsasında dayanır. Heç kəs cinayət prosessual qanununda nəzərdə tutulandan fərqli qaydada hər hansı hərəkəti edə və ya hər nəyisə şərh edə bilməz.

Tərəflərin çəkişməsi prinsipi məhkəmədə öz dəlillərini və tələblərini əsaslandırmaq üçün onlarda bərabər hüquq və imkanlardan istifadə edilməsi, eləcə də məhkəmə baxışına aid məhkəməyə öz təklif və fikirlərini ifadə etməsi, onları rədd etməsi və ya digər tərəfdən irəli gəlirsə onlarla razılaşması hüququnun tanınmasını nəzərdə tutur. Ədalət mühakiməsinin yalnız məhkəmə tərəfindən həyata keçirilməsi məhkəmə baxışı zamanı məhkəməyə başçılıq vəziyyətini tutmaq və rəhbər rolunu oynamaq imkan yaradır. Cinayət prosesinin iştirakçıları bütün hərəkətlərini məhkəmənin icazəsi və onun nəzarəti ilə edə bilərlər. Məhkəmənin fəaliyyəti, cinayət işlərinin həllində dövlət fəaliyyətinin hər hansı digər formasına xas olmayan üstünlükləri ehtiva edən xüsusi hüquqi qaydada həyata keçirilir. Bu qayda, iş üzrə qanuni və ədalətli qərarın çıxarılması üçün daha çox təminatlar verir və ədalət mühakiməsi funksiyasının dövlətin hər hansı digər orqanının, o cümlədən prokurorluğun üzərinə keçməsini yolverilməz edir.

Həqiqətən ədalət mühakiməsinin ən mühüm şərtləri bərabər dəyərə malik aşağıdakılarda ifadə olunur: bütün obyektiv mümkün olan versiyaların diqqətli yoxlanılması; iş üzrə mütləq müəyyənləşdirməli olan bütün halların aydınlaşması; bu vəzifəni yerinə yetirməyə imkan verən sübutlar məcmusunun toplanılması; bütün faktiki materialın qərəzsiz və vicdanlı araşdırılması; təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət verən, həm də onun məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən bütün halların nəzərə alınması.

Sübutların sərbəst qiymətləndirilməsi prinsipi məhkəmənin üzərinə vəzifə qoyur ki, daxili hüquqi düşüncəyə əsaslanan özünün inamı və qanunun tələbləri əsasında işi həll etsin. Məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi azad sistem olsa belə, o, nəzarət altında qalmaqda davam edir. Lakin, bu nəzarət yalnız yuxarı məhkəmə tərəfindən həyata keçirilə bilər.

Azad hakim mülahizəsi prinsipinin məzmunu, cinayət işinə baxarkən sübutların hər birinin ayrılıqda və onların hamısının məcmusuna diqqətlə baxılmasına əsaslanan daxili inam üzrə sübutedici materialın qiymətləndirilməsinə dair məhkəmənin vəzifəsindən ibarətdir. Daxili inamın subyektiv cəhəti müəyyən faktların mövcudluğu ilə bağlı hər hansı şübhə və tərəddüdlərin aradan qaldırılmasını tələb edir. Onun obyektiv cəhəti isə tələb edir ki, subyektiv əminlik, iş üzrə müvafiq qaydada toplanmış və tələb olunan obyektivlik, hərtərəflik və tamlıqla yoxlanılmış məlumatlardan irəli gəlsin. O, açıq-aydın və inandırıcı tərzdə əsaslandırılmalıdır.

Məhkəmə hakimiyyətinin müstəqilliyi hakimlərin müstəqilliyinə və onların yalnız Konstitusiya və qanunlara tabe olduqlarına dair müddəa ilə möhkəmlənir. Bu onu tələb edir ki, işin məhkəmə araşdırılması elə bir şəraitdə aparılsın ki, hakimlər yalnız qanuna bağlı olsunlar, məhkəmənin iş üzrə gələcəyi yekun qənaəti isə hər hansı təzyiqdən asılı olmadan formalaşsın. Heç kəs hakimlərə təzyiq edə və işin hansı yolla həll edilməli olmasına dair göstəriş verə bilməz.

Hakimlərin müstəqilliyi və qanuna tabeliyi prinsipləri eyni medalın iki üzünü təşkil edir. Hakimlərin müstəqilliyi onların yalnız qanuna tabe olduğu təqdirdə mümkündür, qanuna tabelik isə hakimlərin xarici və daxili faktorların təsirindən kənarlaşdırılması şərti ilə mümkündür. Hakimlərin müstəqilliyi ədalət mühakiməsinin həyata keçirilməsinin yalnız qanunla müəyyən olunmuş prosedurlarla aparılması zamanı təmin olunur. Sübutların araşdırılması və məhkəmə tərəfindən qərarın qəbul olunması qaydası isə prosessual qanunda elə tərzdə müəyyən olunmuşdur ki, o: hakimlərin prokurorun və cinayət prosesinin digər iştirakçılarının fikri ilə bağlı olmamasını; sübutların qiymətləndiriməsinin daxili inamla aparılmasını; məhkəmə tərəfindən ittihamın qəbulunun, dəyişdirilməsinin və ya rədd olunmasının mümkünlüyünü təmin etsin.

Məhkəmə hakimiyyəti öz təyinatına görə cinayət prosesində iştirak edən bütün şəxslərin hüquq və azadlıqlarının müdafiəçisidir. KM-in əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqelərinə görə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi zamanı nəinki təqsirləndirilən şəxsin, həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin hüquqları və qanuni maraqları da nəzərə alınmalıdır.

Məhkəmə əsla ittiham tərəfinin girovuna çevrilməməlidir. Məhkəmə dövlət ittihamçısı ilə münasibətlərini prosessual qanunun normaları əsasında qurmalı və ittiham funksiyasını daşımamaq üçün aşağıdakıları etməməlidir: məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham olmadan ədalət mühakiməsini həyata keçirsin; bu ittiham üzrə təqsirləndirilən şəxsi məhkəməyə vermədən məhkəmə baxışını təyin etsin və işə mahiyyəti üzrə baxsın; məhkəmə iclasında ittiham aktını elan etsin; tərəflər bunu etmədən birinci olaraq sübutları araşdırsın, təqsirləndirilən şəxsi, zərərçəkmişi və şahidləri dindirsin; işi əlavə istintaqa qaytarmaq yolu ilə ittihamı təsdiq edən sübutların tamamlanmasına dair tədbirlər görsün; yeni ittiham üzrə və başqa şəxslər barəsində iş qaldırsın.

Məhkəmə cinayət işinin baxılmasında ittiham aktının ifadələri ilə, eləcə də işin baxılmasının gedişində və onun yekunlaşmasında yaranan məsələlərin həllində dövlət ittihamçısının mövqeyi ilə bağlı deyildir. Hakimlər iş üzrə toplanmış və məhkəmə tərəfindən qəbul olunmuş sübutlardan çıxış edərək, qanunun tələblərinə və daxili inama əsaslanaraq: bir tərəfdən məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın (o cümlədən bütövlükdə və ya onun ayrı-ayrı bəndləri üzrə) sübuta yetirilib-yetirilməməsini, habelə bu şəxsin cinayətin törədilməsində təqsirli bilinib-bilinməməsini göstərməlidir; digər tərəfdən dövlət ittihamçısının tövsiflə bağlı təklifinin qəbul edilib-edilməməsindən asılı olaraq məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama uyğun və ya həmin ittihamla müqayisədə bu şəxsin hüquqi vəziyyətini ağırlaşdırmadan ittihamı təqsirkara bu və ya digər cəzanı təyin edə, təqsiri müəyyən olunmayana isə bəraət verə bilər.

Hakimiyyət səlahiyyətlərinin lazımi qaydada yerinə yetirilməsi üçün, məhkəmələr, məhkəmə həllini gözləyən tərəflərin maraqlarından, bu maraqların xüsusi və ya ictimai olmasından asılı olmadan, tamamilə azad qalmalıdırlar. Konstitusiya və cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş cinayət mühakimə icraatının demokratik prinsipləri və əsas şərtləri məhkəmədən tələb edir ki, o, tərəflərin təqsirləndirilən şəxsin əməllərinin tövsifi ilə bağlı ifadələrindən asılı olmadan ədalət mühakiməsinin qərəzsiz və obyektiv qoruyucusu olsun. Bu zaman qanunçuluq və təqsirə görə məsuliyyət prinsiplərinə əsasən məhkəmə: bir tərəfdən təqsirləndirilən şəxsin özünün təqsirsizliyinə haqq qazandırmaq istəməməsinə və ya dövlət ittihamçısının təqsirkara göz yummasına qulluq etməməli; digər tərəfdən isə hər hansı şəxsin əsassız və ya cinayət qanununun tələblərinə cavab vermədən, o cümlədən təqsirləndirilən şəxsin hərəkətlərinin səhv tövsifi səbəbindən məhkum edilməsinə yol verməməlidir.

Beləliklə, Azərbaycan Respublikası Prokurorluğunun sorğusunda qoyulan suallara münasibət ədalət mühakiməsinin prinsipləri və əsas şərtlərinə uyğunlaşdırılmış cinayət prosesində hər bir şəxsin hüquq və azadlıqlarının bütün zəruri təminatlarını ehtiva edən prosessual normalar əsasında bildirilməlidir. Biz hesab edirik ki, məhz mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq, KM-in qərarında onun nəticə hissəsinin 2-ci bəndi ilə yanaşı aşağıdakılar da göstərilməli idi:

1) CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulmuş dövlət ittihamçısının və ya xüsusi ittihamçının cinayət təqibindən və ya ittihamdan imtina etməsi cinayət təqibini istisna edən və ya onun həyata keçirilməməsinə imkan verən halların məhkəmədə aşkarlanmasından sonra ittihamın bütövlükdə və ya onun ayrı-ayrı bəndlərindən (tam və ya qismən) imtinanı ehtiva edə bilər;

2) İttihamın ayrı-ayrı bəndlərindən imtina edilməsi və bu hissədə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi məhkəmə tərəfindən həmin şəxsə qarşı məhkəmədə irəli sürülmüş ittihamın digər bəndləri üzrə cinayət təqibinin davam etdirilməsini və ədalət mühakiməsinin həyata keçirilməsini tələb edir;

3) Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanunu ilə daha yüngül cəza nəzərdə tutan normaya tövsif edilməsinə dair təklifin verilməsi cinayət prosesinin çəkişmə prinsipindən irəli gəlir. Məhkəməyə ünvanlanmış belə təklifi cinayət prosesinin hər bir tərəfi verə bilər. Təklif xahişi ifadə etdiyi və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni maraqlarına toxunduğu üçün yazılı vəsatət şəklində təqdim olunmalı və məhkəmə tərəfindən ona CPM-in müddəalarına riayət etməklə baxılmalıdır. Dövlət ittihamçısının bu cür vəsatəti cinayət qanununun düzgün tətbiqinə və ya təqsirləndirilən şəxsin pozulmuş hüquqlarının bərpasına yönəlmişsə, məhkəmə onu rədd edə bilməz.

Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsinin hakimləri:

Comments are closed, but trackbacks and pingbacks are open.