Press "Enter" to skip to content

Cümhuriyyət tələbələri – Dilqəm ƏHMƏD

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, о cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.

Cümhuriyyət tələbələri

İstiqlal bəyannaməsinin elan olunması.
Tiflis 1918, 28 may

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir.

1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar. Seymdə Müsəlman Fraksiyasının Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Müsəlman fraksiyası və ya müsəlman şurası, əslində, Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.

Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti hökumət bu tərkibdə idi: Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri, Xosrov Paşa bəy Sultanov – hərbi nazir, Məmməd Həsən Hacınski – xarici işlər naziri, Nəsib bəy Yusifbəyli – maliyyə naziri və xalq maarifi naziri, Xəlil bəy Xasməmmədov – ədliyyə naziri, Məmməd Yusif Cəfərov – ticarət və sənaye naziri, Əkbər Ağa Şeyxülislamov – əkinçilik naziri və əmək naziri, Xudadat bəy Məlik- Aslanov – yollar naziri və poçt-teleqraf naziri, Camo bəy Hacınski – dövlət nəzarətçisi.

Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

Parlamentin açılışı. Bakı, 1918, 7 dekabr

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, о cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Altı aya qədər davam edən bu müddət ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdi. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir. Azərbaycan Milli Şurasının о zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə – Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas – 1918-ci il mayın 27-də Tiflisdə, son iclas – 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağırılmaq şərti ilə bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdi. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin – geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək – cəmi 17 ay davam etmişdir. İlk iclas – 1918-ci il dekabrın 7-də, son iclas -1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun – qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.

Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət Hökuməti və Parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin һәr yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və Hökuməti ölkənin başı üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq məqsədilə gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də Parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Görkəmli dövlət xadimi Ə.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, XI Qızıl Ordunun Şimali Azərbaycanı işğal etməsi ilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

Azərbaycan Parlamentinin və Cümhuriyyət Hökumətinin daim böyük diqqət yetirdiyi problemlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra

Bakı Dövlət Universitetinin möhürü

Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.

Paris sülh konfransında iştirak edən
Azərbaycan nümayəndə heyəti. Paris,1919.

Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə, ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası var idi.

Parlamentin fəaliyyəti xüsusi olaraq bir məqsəd üçün hazırlanmış nizamnamə – «Azərbaycan Parlamentinin nakazı (təlimatı)» əsasında idarə olunurdu.

Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

Xarici ölkələrə təhsil almağa göndərilən gənclər

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir.

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.

Cümhuriyyət tələbələri – Dilqəm ƏHMƏD

1918-ci ilin iyununda Azərbaycan Cümhuriyyəti hökuməti Gəncəyə köçdükdən sonra milli siyasətlə bağlı mühüm addımlar atıldı. Məsələn, 27 iyunda hökumət türk dilini bütün ölkə ərazisində dövlət dili elan etdi, 28 avqustda “İbtidai, ali ibtidai və ümumi orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qərar verdi.

Gəncədə əsası qoyulan bu siyasət hökumət Bakıya köçdükdən sonra daha sistemli şəkildə həyata keçirilməyə başlandı. Bu cür milli addımlardan ən mühümü hökumətin Avropada təhsil almaq üçün 102 tələbəni göndərməsi oldu.

Azərbaycan Cümhuriyyəti ilə bağlı aparılan tədqiqatlarda hökumətin tələbələrlə bağlı qərarları, hədəfləri, eləcə də onların qürbətdəki, vətəndəki, sürgündəki həyatları ilə bağlı araşdırmalara rast gəlinirdi. Lakin öyrənilməsi böyük zəhmət tələb edən bu proses indiyədək sistemli şəkildə tədqiqata cəlb edilməmişdi.

Nəhayət, 2016-cı ildə uzun illər bu mövzu ilə bağlı tədqiqat aparan professor Ədalət Tahirzadə və Oğuztoğrul Tahirli 1220 (!) səhifədən, min fotoşəkildən ibarət “Azərbaycan Cümhuriyyəti tələbələri” kitabını təqdim etdilər.

Ə.Tahirzadə və O.Tahirlinin kitabında mövzular oxuculara bu şəkildə təqdim edilir: Cümhuriyyətin təhsil siyasəti, 102 tələbənin xaricə göndərilməsilə bağlı hökumət və parlament müzakirələri, dövlətin yekun qərarı (102 tələbənin və göndəriləcək universitetlərin müəyyənləşdirilməsi, onlara ödəniləcək xərclər, qarşılarına qoyulan öhdəliklər) və tələbələrin hər birinin həyat hekayəsi.

İlk dəfə olaraq bu kitabda Azərbaycan Cümhuriyyəti hökumətinə qədər xaricdə ali təhsil almış azərbaycanlıların siyahısı təqdim edilib və bununla da 1920-ci illərdə bolşeviklərin azərbaycanlıların təhsilsizlikləri ilə bağlı uydurduqları yalanlar puç edilib. Müəlliflər 700-dən yuxarı tələbənin adlarını və oxuduqları universitetlərin siyahısını hazırlayıblar. Bunun ardınca Cümhuriyyət dönəmində milli təhsil siyasəti ilə bağlı görülən işlər və mühüm qərarlar haqqında bəhs edilib.

Müəlliflər ilk dəfə olaraq tələbələrlə bağlı, demək olar ki, bütün arxiv sənədlərini oxuculara təqdim ediblər. Bu sənədlər, hökumətin qərarları, parlament müzakirələrini oxuduqca dövlətin milli kadr siyasəti ilə bağlı necə mətin addımlar atdığını görmək mümkün olur. Çünki Cümhuriyyətin elanından sonra kadr çatışmazlığı ciddi problemə çevrilmişdi. Dövlət idarəetmədə islahatları həyata keçirməli, milli kadr ehtiyacını təmin etməli idi. Bunun tək yolu isə dövlətin yeni kadrları yetişdirmək üçün üzərinə öhdəlik götürməsi idi. 4 il ərzində bu tələbələr müəyyənləşdirilən ixtisaslara yiyələnəcək və geri qayıtdıqları zaman gənc dövlətin ilk milli kadrları olacaqdılar.

Kitabdan öyrənirik ki, bu məsələ bir müddət qeyri-rəsmi şəkildə müzakirə edilib, mövzu ilə bağlı mətbuatda bir sıra yazılar dərc edilib. Məhəmməd ağa Şahtaxtlı layihəyə qarşı çıxıb, dövlət üçün ağır bir yükə çevriləcəyini yazıb. Amma hökumət qərarından vaz keçməyib.

Nəhayət, 1919-cu ilin iyul ayının sonunda qanun layihəsi təqdim edilib: 1919-1920-ci dərs ilində abituriyent və tələbələrin əcnəbi ali məktəblərə göndərilməsi üçün Dövlət xəzinəsi vəsaitindən xalq maarif nazirinin sərəncamına dörd yüz on min frank buraxılsın.

Bunun ardınca tələbə olmaq istəyənlərin hökumətə müraciəti başlanıb. 1919-cu ilin 4 avqustunda “Azərbaycan” qəzeti ilkin siyahı təqdim edib: “İsveçrəyə 51 nəfər, Fransaya 13 nəfər, Türkiyəyə 4 nəfər, İtaliyaya 1 nəfər, Rusiyaya 17 nəfər, İngiltərəyə 3 nəfər, Almaniyaya 11 nəfər. Cəmi 100 nəfər…”.

Avqustun 10-da nazir Rəşid xan Qaplanov yüz nəfər tələbənin xaricə göndərilməsi üçün nəzərdə tutulan 410 min frank pulun təsdiqlənməsi üçün parlamentə qanun layihəsini təqdim edib. Tələbələrin xərcliyi belə nəzərdə tutulub: hər birinin xərcliyinə 3600 frank və yol xərcləri üçün 500 frank…

Ardınca Parlament təklif olunan layihəni müzakirəyə başlayıb. Layihə maliyyə-büdcə komissiyasının müzakirəsinə göndərilib. Əhmədcövdət Pepinov məruzəsində layihənin qəbul edilməsini təklif edib. 20 avqustda baş tutan iclasın protokolunda belə yazılıb: “…Layihədə göstərilən 410 min frank əvəzinə 7 milyon rubl ayrılması qəbul olunsun”.

Komissiyanın bu qərarı layihənin parlamentdə təsdiqi üçün olduqca yetərli idi. Parlament bu məsələni bir neçə dəfə təxirə saldıqdan sonra, nəhayət, 1 sentyabr 1919-cu ildə tələbələrlə bağlı qərar çıxardı. Qərara görə: dövlət xəzinəsindən maarif nazirinin ixtiyarına 7 milyon rubl ayrılır; Hökumətin təqaüd verəcəyi tələbələr təhsillərini bitirdikdən sonra hökumətin göstərdiyi yerlərdə 4 il qulluq etməyə borcludurlar.

Qərardan sonra Parlament tələbə işləri üçün xüsusi komissiya təşkil etdi. Məhəmməd Əmin Rəsulzadə komissiyanın sədri seçildi. 15 sentyabr 1919-cu ildə Rəsulzadənin sədrliyi ilə komissiyanın geniş iclası keçirildi. Məlum oldu ki, komissiyaya 280 ərizə daxil olub. Komissiya tələbələrin seçimində türk dilini və gedəcəyi ölkənin dilini bilənlərə, attestat qiymətləri yüksək olanlara, eləcə də kasıb balalarına üstünlük verdi. Göndəriləcək tələbələrin Azərbaycan vətəndaşı olması şərti olduğuna görə 10-a yaxın tələbə Azərbaycan vətəndaşlığına qəbul edildi.

Dekabrın 12-də komissiya dövlət təqaüdçüləri sırasına 100 nəfər götürməyi qərara aldı. 6 gün sonra isə “Azərbaycan” qəzeti 100 tələbənin siyahısını dərc etdi. Təqaüdçülərin vizaları hazır edildi, onlara xarici pasportlar verildi. Tələbələrdən iki iltizamnamə alındı: onlar qayıtdıqdan sonra hökumətin göstərdiyi yerlərdə 4 il qulluq edəcəklər; getdikləri ölkələrdə heç bir siyasi və partiya işlərinə qarışmayacaqlar.

14 yanvar 1920-ci ildə təqaüdçülərin 24 nəfərlik ilk dəstəsi Bakıdan yola salındı. Həmin gün Azərbaycanda qeyri-iş günü idi, çünki yanvarın 12-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanımışdı. Hökumət tanınmanın şərəfinə 14 yanvarı qeyri-iş günü elan etmişdi.

Rəsulzadə yola saldı, Topçubaşov qarşıladı

Kitabda mənim üçün maraqlı hissə Cümhuriyyət tələbələrinin yola salınma mərasimi idi. Müəlliflər arxiv materialları, dönəmin rəsmi qəzetləri, eləcə də tələbələrin mühacirətdə yazdıqları xatirələr əsasında bu yolasalmanı geniş şəkildə işıqlandırıblar.

Əsərdən öyrənirik ki, tələbələri yola salmağa Məhəmməd Əmin Rəsulzadə, əmək naziri Əhmədcövdət Pepinov, Salman Mümtaz, Abbasqulu Kazımzadə və başqaları gəliblər. İlk çıxışı Rəsulzadə edib və bildirib: “Sizlərə yaxşı yol diləyirəm, gülə-gülə gedin, ancaq gələrkən yabançı gəlin gətirməyin”.

Tələbələrə nəsihətlər verildikdən sonra yola salınıblar. Qatar hərəkət edərkən tələbələr Azərbaycan bayrağı çıxarıb tar və nəğmə tərənnümü altında “Yaşasın Azərbaycan” – deyə yola düşüblər.

Təqaüdçülərin ikinci və böyük dəstəsi iki gün sonra, yanvarın 16-da yola salınıb. Bu zaman onların sayı artıq 102 nəfər idi.

Onlar harada oxudular?

Ə.Tahirzadə və O.Tahirli ilk dəfə olaraq tələbələrin dəqiq siyahısını və onların təhsil aldıqları universitetləri və getdikləri ölkələri sistemləşdiriblər. Məlum olur ki, 102 tələbə bu ölkələrdə təhsil alıblar:

Türkiyə – 9 tələbə (İstanbul Universiteti); Almaniya – 52 tələbə (Göttingen Universiteti, Leypsiq, Darmştadt, Berlin, Bonn, Frayberq, Münhen və s.); Fransa – 25 tələbə (Paris, Nansi, Lion); İtaliya – 3 tələbə (Roma, Peruca); Ukrayna – 8 tələbə (Kiyev Kommersiya İnstitutu, Odessa Novorossiya Universiteti, Xarkov Universiteti, Xarkov Texnologiya İnstitutu); Rusiya – 5 tələbə (Moskva Ali Texniki Məktəbi, Don Universiteti, Don Politexnik İnstitutu, Sankt-Peterburq)

Tələbələr Avropaya çatdıqdan sonra onlar Azərbaycanın Parisdəki Sülh Nümayəndə Heyətinin sədri Əlimərdan bəy Topçubaşov və digər Heyət üzvlərinin yaxın diqqət və qayğısını görüblər.

1920-ci il yanvarın 31-də tələbələrdən bir qrup Parisə çatır. Vağzalda onları Azərbaycan Sülh Heyətinin başçısı Əlimərdan bəy Topçubaşovla heyətin iki əməkdaşı – Abbas bəy Atamalıbəyovla Məhəmməd Məhərrəmov qarşılayırlar. Tələbələrin məşhur fotoşəkli də məhz Parisdə çəkilir. Fevralın 13-də Parisdəki “Claridges” otelinin qarşısında 48 tələbə ilə birgə Sülh Heyətinin əməkdaşları Məhəmməd Məhərrəmov və Abbas bəy Atamalıbəyov xatirə fotoşəkli çəkdirirlər.

Tələbələrin taleyi

Rusiyanın Azərbaycanı işğalından sonra tələbələrin ağır həyatı başlayır. Kitabda bolşevik hökumətinin tələbələrə göstərdiyi biganə və ehtiyatlı münasibət sənədlərlə ortaya qoyulub. Bəlgələrdən aydın olur ki, bolşeviklər tələbələri doğmalar və yadlar olaraq iki qrupa ayırıblar, göstərilən münasibət də buna əsaslanıb. Bunu hiss edən tələbələrin bəziləri ölkəyə qayıdıb, bəziləri isə mühacirətdə qalmağı üstün sayıb. Geri dönənlərin bəziləri isə vətənə, xalqa göstərdikləri xidmətlərə baxmayaraq repressiya ediliblər.

Yaşamlar

Kitabda ümumi prosesin geniş izahından sonra 102 tələbənin hər biri haqqında ayrıca materiallar təqdim edilib. Müəlliflər bu materialları əldə etmək üçün Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan arxivlərində çalışıb, Avropadakı qaynaqlar da müxtəlif yollarla əldə edilib, ən əsası, tələbələrin ailə üzvləri, qohumları ilə görüşlər keçirilib, onlardan alınan şəxsi arxivlər əsasında hər birinin həyat hekayəsi yazılıb. Biz bu həyat hekayətlərində tələbələrin oxuduqları sahə üzrə hansı uğurları qazandıqlarını, şəxsi həyatlarında hansı hadisələrin baş verdiyini öyrənirik.

Bu həyat hekayətlərini oxuduqca bir məsələdə tam əminlik yaranır: Cümhuriyyət xadimləri olduqca uğurlu seçim ediblər. Onların arasında kimlər yoxdur ki?

Məsələn, Hilal Münşi. Almaniyada təhsil aldı, geri qayıtmadı, Rəsulzadənin silahdaşı mövqeyinə qədər yüksəldi, “Azərbaycan Cümhuriyyəti” kitabını yazdı. Cəfər Kazımov – Sovet hökuməti üçün mükəmməl kadr idi. Lakin repressiya maşını onu da ağuşuna aldı. Amma taleyin işinə bax ki, Cümhuriyyət tələbəsi sürgündə ağır şərtlər altında da uğur qazandı. Belə ki, 1947-ci ildə Cəfər Kazımov Rüstəm Vəkilovun başçılıq etdiyi dörd nəfər mütəxəssis və iki fəhlədən ibarət ekspedisiyanın tərkibində möhtəşəm uğur qazanır – Sovet uranını tapır!

Bizim hər bir tələbə haqqında yazmağa imkanımız yoxdur. Təkcə bu iki fakt onu göstərir ki, əgər Cümhuriyyət yaşasaydı və tələbələr ilk milli kadrlar olaraq dövlətdə çalışmaq imkanı qazansaydılar, Azərbaycan Cümhuriyyəti Avropanın ən güclü, ən çağdaş dövlətlərindən biri olacaqdı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Cümhuriyyət tələbəsinin vəsiqəsi – Nadir fotoşəkil

2016-cı ildə çap edilmiş professor Ədalət Tahirzadə ilə Oğuztoğrul Tahirlinin “Azərbaycan Cümhuriyyəti tələbələri. Tarixi arayış, bəlgələr, yaşamlar” adlı kitabı Azərbaycan Cümhuriyyətinin təhsil siyasəti ilə bağlı ən mükəmməl qaynaqdır. 1220 səhifədən ibarət olan kitabda mindən çox fotoşəkil və bəlgə dərc edilib. 102 tələbənin hər biri haqqında geniş məqalə hazırlayan müəlliflər Azərbaycanla yanaşı tələbələrin təhsil aldıqları müxtəlif ölkələrdə, ailə arxivlərində çalışıblar. Kitabda hər tələbənin tərcümeyi-halı, təhsil dönəmi, məzun olduqdan sonrakı həyatı, ictimai fəaliyyəti geniş şəkildə işıqlandırılıb.

Cümhuriyyət tələbələri

1918-ci ilin iyununda Azərbaycan Cümhuriyyəti hökuməti Gəncəyə köçdükdən sonra milli siyasətlə bağlı mühüm addımlar atıldı. 27 iyunda hökumət türk dilini bütün ölkə ərazisində dövlət dili elan etdi, 28 avqustda “İbtidai, ali ibtidai və ümumi orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qərar verdi. Gəncədə əsası qoyulan bu siyasət hökumət Bakıya köçdükdən sonra daha sistemli şəkildə həyata keçirilməyə başlandı. Bu cür milli addımlardan ən mühümü hökumətin Avropada təhsil almaq üçün 102 tələbəni göndərməsi oldu.

1919-cu ilin iyul ayının sonunda qanun layihəsi təqdim edildi: 1919-1920-ci dərs ilində abituriyent və tələbələrin əcnəbi ali məktəblərə göndərilməsi üçün Dövlət xəzinəsi vəsaitindən xalq maarif nazirinin sərəncamına dörd yüz on min frank buraxılsın. Bunun ardınca tələbə olmaq istəyənlərin hökumətə müraciəti başladı.

Avqustun 10-da nazir Rəşid xan Qaplanov tələbələrin xaricə göndərilməsi üçün nəzərdə tutulan 410 min frank pulun təsdiqlənməsi üçün parlamentə qanun layihəsini təqdim etdi. Tələbələrin xərcliyi belə nəzərdə tutuldu: Hər birinin xərcliyinə 3600 frank və yol xərcləri üçün 500 frank.

Parlament təklif olunan layihəni müzakirəyə başladı. Layihə maliyyə-büdcə komissiyasının müzakirəsinə göndərildi. Əhmədcövdət Pepinov məruzəsində layihənin qəbul edilməsini təklif etdi. 20 avqustda baş tutan iclasın protokolunda belə yazıldı: “… Layihədə göstərilən 410 min frank əvəzinə 7 milyon rubl ayrılması qəbul olunsun”.

Nəhayət, 1 sentyabr 1919-cu ildə tələbələrlə bağlı qərar çıxarıldı. Qərara görə: dövlət xəzinəsindən maarif nazirinin ixtiyarına 7 milyon rubl ayrılır; Hökumətin təqaüd verəcəyi tələbələr təhsillərini bitirdikdən sonra hökumətin göstərdiyi yerlərdə 4 il qulluq etməyə borcludurlar. Tələbələrdən iki iltizamnamə alındı: Tələbələr qayıtdıqdan sonra hökumətin göstərdiyi yerlərdə 4 il qulluq edəcəklər; getdikləri ölkələrdə heç bir siyasi və partiya işlərinə qarışmayacaqlar.

14 yanvar 1920-ci ildə təqaüdçülərin 24 nəfərlik ilk dəstəsi Bakıdan yola salındı. Təqaüdçülərin ikinci və böyük dəstəsi iki gün sonra, yanvarın 16-da yola salındılar. Bu zaman onların sayı artıq 102 nəfər idi.

102 tələbə bu ölkələrdə təhsil aldılar:

Türkiyə – 9 tələbə (İstanbul Universiteti)

Almaniya – 52 tələbə (Göttingen Universiteti, Leypsiq, Darmştadt, Berlin, Bonn, Frayberq, Münxen və s.)

Fransa – 25 tələbə (Paris, Nansi, Lion)

İtaliya – 3 tələbə (Peruca)

Ukrayna – 8 tələbə (Kiyev Kommersiya İnstitutu, Novorossiya Universiteti, Xarkov Universiteti, Xarkov Texnologiya İnstitutu)

Rusiya – 5 tələbə (Moskva Ali Texniki Məktəbi, Don Universiteti, Don Politexnik İnstitutu, Sankt-Peterburq)

Ağacəfər Mustafayev

Həmin tələbələrdən biri də Mustafayev Ağacəfər Kərbəlayı Əbdülbağı oğlu idi.

A.Mustafayev 9 yanvar 1894-cü ildə Bakıda doğulub. Bakı 2-ci kişi gimnaziyasında oxuyub, 5 iyun 1913-cü ildə bitirib. 1913-1914-cü illərdə Kiyev Politexnik İnstitutunun kimya bölümündə təhsil alıb. Daha sonra Rostovdakı Don Universiteti fizika-riyaziyyat fakültəsinin təbiyyat bölməsində təhsilinə davam edib. 14 avqust 1919-cu ildə elə bu universitetin III kurs tələbəsi kimi Azərbaycan Cümhuriyyəti maarif nazirinə məktub ünvanlayaraq hökumətin təqaüd proqramından yararlanmaq, Don Universitetində və ya İsveçrənin Sürix Universitetində oxumaq istədiyini bildirib. Onun müraciəti müsbət dəyərləndirilib və o da Cümhuriyyət tələbələri siyahısına daxil edilib.

Ağacəfər Mustafayevin həyatı haqqında geniş bilgi yoxdur. 21 mart 1933-cü ildə o, onunla eyni soyadı daşıyan, axtarışda olan biri ilə qarışdırılaraq həbs edilib. Lakin istintaq nəticəsində bəlli olub ki, şübhəli bilinən şəxs başqasıdır və o, İrana qaçıb. Ağacəfərin azad olunması ilə bağlı qərar verilsə də, 1933-cü ildən sonra onun başına nə iş gəldiyi bəlli deyil.

Ə.Tahirzadənin bu həbslə bağlı dövlət arxivindən təqdim etdiyi sənəddə A.Mustafayevin tərcümeyi-halı bu şəkildədir:
“9 yanvar 1894-cü ildə Bakıda doğulmuşam. 2-ci kişi gimnaziyasında oxuyaraq oranı 1913-cü ildə bitirmişəm. 1913 və 1914-cü illərdə Kiyev Politexnik İnstitutunda oxumuşam. 1916 və 1918-ci illərdə Rostov-Donda keçmiş Varşava Universitetində oxumuşam. 1918-ci ilin sonunda Bakıya qayıtmışam. 1919-cu ildə aprel ayında Dövlət Nəzarətçisinin İdarəsində nəzarətçi kimi qulluğa girmişəm, orada fasiləsiz olaraq 1921-ci ilədək işləmişəm. 1920-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə girərək oranı 1924-cü ildə bitirmişəm. 1921-ci ilin mart ayından Xalq Maarif Komissarlığının Məktəbdənkənar Təhsil İdarəsində və Baş Siyasi Maarif İdarəsində katib və kitabxana müdiri, məruzəçi işləmişəm. 1924-cü ildən Azərbaycan Dövlət Universitetində sinir xəstəlikləri klinikasında ordinator və 1931 -ci ildən Azərbaycan Tibb İnstitutunda assistent işləyirəm. Bundan başqa, 1927-ci ildən Qara Şəhər və Ağ Şəhər ambulatoriyalarında həkim işləyirəm”.

A.Mustafayevin həyat hekayəsini ilk dəfə olaraq təqdim edən Ə.Tahirzadə məqaləsinin yekununda yazır: “Burada bir məqamı da qeyd etməyi artıq saymırıq – fotosunu əldə edə bilmədiyimiz iki-üç tələbədən biri bu Mustafayevdir. Ən qəribəsi odur ki, fotosunun olması məcburi sayılan 3 qaynağın heç birində (Kiyevdəki şəxsi işində, ARDA-dəki şəxsi işində və istintaq işində) onun fotosu yoxdur! Bu da bir qəribə taledir. ”.

Həmin qəribə taleyə kiçik bir işıq salmaq bu məqalə ilə bizə nəsib oldu. İçərişəhərdəki bukinist mağazalarının birindən təsadüf nəticəsində Ağacəfərin üzərinə fotoşəkil yapışdırılmış Don Universitetinə aid tələbə biletini və başqa bir fotoşəklini əldə edə bildik. Həmin sənədləri təqdim edirik:

Comments are closed, but trackbacks and pingbacks are open.