Cümhuriyyətin gəncə dövrü
Bu , Müstəqil Azərbaycanın bütün dünyaya yayılan ilk bəyanatı, ilk sədası idi . 1918-ci il iyunun 16-da yeni hökumət Gəncəyə köçdü və onun ilk addımlarından biri də bu oldu ki , qədim Gəncənin 1804-cü ildən Yelizavetpol olmuş tarixi adı bərpa edildi .
Cümhuriyyətin gəncə dövrü
1918-ci ildə Azərbaycan Demokratik Respublikası məhz Gəncə şəhərində fəaliyyətə başlayıb. Gəncə XX yüzillikdə ilk müstəqil dövlətimizin ilk paytaxtı olub. Bu da Gəncənin milli dövlətçilik tariximizdə xüsusi bir yerinin olduğunun bariz nümunəsidir.
1918-ci il mayın 27-də keçirilən iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti seçildi və M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi.
Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Camo bəy Hacınski, Xosrov Paşa bəy Sultanov və başqaları Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi.
Həmin dövrün tarixi faktlarını araşdıran ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, tarixçi Azad Bayramov Bizim.Media-nın yerli bürosuna müsahibəsində qeyd edib ki, 1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü.
“Milli hökumət Gəncə şəhərinə indiki Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında yerləşdi. Azərbaycan Respublikasının müvəqqəti paytaxtının Gəncədə yerləşməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərildi”.
Azad Bayramovun sözlərinə görə Cümhuriyyətin Gəncə dövrü bir sıra mühüm hadisələrlə zəngindir:
“Həmin dövrdə Gəncədə, ilk dəfə olaraq, milli bayrağımız başımızın üstündə dalğalanmağa başladı, Azərbaycan dili dövlət dili elan edildi. Gəncədə keçirilən iclasda Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqda qərar qüvvəyə mindi. Həmin dövrdə dahi Üzeyir bəyin başçılığı ilə «Azərbaycan» qəzeti işıq üzü gördü. Gəncənin ulu adı özünə qaytarıldı. Tarixdən də göründüyü kimi Gəncədə dövlətin sosial – iqtisadi, maliyyə əsaslarını yaratmaq, sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili, bank əməliyyatlarının nizama salınması və digər istiqamətlərdə əməli addımlar atıldı.
Gəncədə fəaliyyət göstərdiyi dövrdə cümhuriyyət xarici siyasətdə mühüm işlər gördü, daşnakların Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri araşdıran Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Komissiya qısa bir müddətdə 36 cild və 3500 vərəqdən, 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimayyətinə çatdırmaq üçün konkret işlər gördü.
Sentyabrda keçiriləcək Paris Sülh Konfransında dünyanın böyük dövlətlərinin müstəqil Azərbaycanı dəstəkləməsi üçün lazımı işlərin görülməsi məqsədilə həmin dövlətlərə komissiyalar göndərildi.
Milli Ordumuzun təşkili sahəsində ilk addımlar atıldı. Azərbaycan dövlətçiliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün hərbi nazirlik, hərbi zavod yaradıldı. Hərbi mükəlləfiyyət haqda qərar qəbul edildi. Zabit kursları təşkil olundu. 26 iyun 1918-ci ildə isə Azərbaycan dövlətinin ilk nizami hərbi qüvvəsi olan müsəlman korpusu əsasında Əlahiddə Azərbaycan korpusu yaradıldı. Bakı Sovetinin Gəncə üzərinə hücumunun qarşısı Azərbaycan – türk birləşmiş qoşunları tərəfindən alındı.
Tam 3 ay, 16 iyun- 15 sentyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Gəncə şəhərində fəaliyyət göstərdi. 3 ay Gəncə dövrü ərzində dövlətçilik üçün vacib olan 200-dən çox müxtəlif qərarlar qəbul edilmişdir”.
Bu gün həmin faktları təsdiq edən şəkillər və sənədlər Gəncədə, Azərbaycan Aqrar Universitetin Xalq Cümhuriyyəti muzeyində qorunub saxlanılır.
Bu bir tarixdir. Həm qədim Gəncənin, həm də müstəqil Azərbaycanımızın şanlı tarixində qızıl hərflərlə yazılmış bir tarix. Gələcək nəslə çatdırılması üçün qorunub saxlanılan tarix.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
Cümhuriyyətin gəncə dövrü
Gəncədən başlanan yol
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 97 il keçir
1918-ci ilin may ayında Zaqafqaziya Seymi dağıldı . Mayın 26-da onun son iclası oldu . Gürcü nümayəndələri yığıncaqdan çıxan kimi Gürcüstanın müstəqilliyini elan etdilər. Mayın 27-də Seymin müsəlman fraksiyası Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək müvəqqəti Milli Şura yaratdı.
May ayının 28-də axşam saat 8-də Tiflis şəhərində Canişin Sarayının göy salonunda Həsən bəy Ağayevin sədrliyi ilə Milli Şuranın ilk yığıncağı çağırılır. 24 səslə Azərbaycanın dövlət müstəqilliyi haqqında məşhur � İstiqlal bəyannaməsi � qəbul edilir . Bu tarixi sənəddə həyata yenicə qədəm qoyan Azərbaycan dövlətinin məqsəd və vəzifələri şərh olunur :
1. Azərbaycan tam suveren dövlətdir. O, Azərbaycan xalqının hakimiyyəti altında Zaqafqaziyanın Cənub və Şərq hissələrindən ibarətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Demokratik Respublikadır.
3. Azərbaycan Demokratik Respublikası hamı ilə, xüsusən də qonşu millət və dövlətlərlə dostluq əlaqələri yaratmaq niyyətindədir.
4. Azərbaycan Demokratik Respublikası etnik mənşəyindən, dinindən, sinfindən, peşəsindən, yaxud cinsindən asılı olmayaraq sərhədləri daxilində bütün vətəndaşlara tam mülki və siyasi hüquqlar üçün təminat verir .
5. Azərbaycan Demokratik Respublikası öz ərazisində məskunlaşmış bütün millətlərin azad inkişafını təmin edir .
6. Müəssisələr Məclisi çağırılana qədər Azərbaycan ali hakimiyyəti xalq tərəfindən seçilmiş Milli Şura və bu şura qarşısında cavabdeh olan müvəqqəti hökumət sayılır.
Milli Şura ali qanunverici , Nazirlər Şurası isə ali idarəedici orqan hesab olunur . Milli Şuranın sədri Məmmədəmin Rəsulzadə, müvəqqəti hökumətin başçısı Fətəli xan Xoyski seçilir . May ayının 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski dünyanın siyasi mərkəzlərinə radioqramla xəbər verir :
� Gürcüstan çıxandan sonra Federativ Zaqafqaziya Respublikası dağıldığı üçün Azərbaycan Milli Şurası 1918-ci ilin may ayının 28-də Azərbaycanın müstəqilliyini elan etmiş , Şərqi və Cənubi Zaqafqaziyadan ibarət Azərbaycan Respublikasını yaratmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-ailinizdən bu barədə hökumətinizə xəbər verməyinizi rica edirəm. Mənim hökumətimin müvəqqəti məskəni Yelizavetpol şəhəridir�.
Yelizavetpol şəhəri – yəni, Gəncə!
Bu , Müstəqil Azərbaycanın bütün dünyaya yayılan ilk bəyanatı, ilk sədası idi . 1918-ci il iyunun 16-da yeni hökumət Gəncəyə köçdü və onun ilk addımlarından biri də bu oldu ki , qədim Gəncənin 1804-cü ildən Yelizavetpol olmuş tarixi adı bərpa edildi .
İyun ayının 17-də saat 2-də Milli Şuranın Gəncədə ilk iclası açılır (Ümumən isə bu , Milli Şuranın yeddinci yığıncağıdır). Məmmədəmin Rəsulzadə qısa giriş sözü söyləyir. Söhbət Milli Şuranın taleyindən gedir : qalsın, qalmasın? Kəskin mübahisələr başlanır. Bəziləri Milli Şuranın ləğvinə əsla razı deyildilər.
Ətraflı mübahisə və müzakirədən sonra Nəsib bəy Yusifbəyli, Məmmədhəsən Hacınski və başqaları Milli Şuranın istefasına, yeni hökumət kabinetinin təşkilinə və yaxın vaxtlarda təsis yığıncağının çağırılmasına tərəfdar olduqlarını bildirirlər.
Milli Şuranın axşam iclasında Fətəli xan Xoyski yeni müvəqqəti hökumətin tərkibini elan edir . Cəmi on iki nəfər. Onların tən yarısı əvvəlki kabinetdən gəlir, yarısı təzə seçilir .
Bəs yeni hökumətin məqsədi, məramı nə idi ?
Hökumətin başçısı Fətəli xan Xoyski çıxışında bu suala çox yığcam və aydın cavab verir : � Bizim proqramımız Azərbaycanın şərəfini, azadlığını və müstəqilliyini müdafiə etməkdir�.
Bununla da , Məmmədəmin Rəsulzadənin rəhbərlik etdiyi ali qanunvericilik orqanı olan Milli Şuranın fəaliyyəti dayandırılır.
İki gündən sonra – iyunun 19-da hökumət üzvləri arasında vəzifə bölgüsü aparıldı. Fətəli xan Xoyski Nazirlər Şurasının sədri və ədliyyə naziri , Məmmədhəsən Hacınski xarici işlər naziri , Nəsib bəy Yusifbəyli daxili işlər naziri , Xudadat bəy Rəfibəyov səhiyyə və sosial təminat naziri , Ağa Aşurov ticarət və sənaye naziri , Xudadat bəy Aslanov yollar naziri , Əbdüləli bəy Əmircanov maliyyə naziri . Daha üç nəfər – Əlimardan bəy Topçubaşov , Xəlil bəy Xasməmmədov və Musa bəy Rəfiyev isə portfelsiz nazirlər oldular .
Cümhuriyyətin Gəncə dövrü bir sıra mühüm hadisələrlə zəngindir. İlk müstəqil dövlət üç ay ərzində burada xalqın taleyi ilə bağlı yüzə yaxın qərar və qanun qəbul edib . 1920-ci ildə Bakıda nəşr edilmiş �Azərbaycan Respublikasının 1920-ci il üçün ünvan-təqvim� kitabında həmin tarixi sənədlərin ətraflı siyahısı verilib . Oxuduqca düşünürsən ki , qısa bir vaxt ərzində ( özü də elə gərgin dövrdə!) yeni ayaq açan bir gənc respublika nə qədər gərəkli işlər görə bilərmiş.
Gəncədə Azərbaycan dili dövlət dili elan olundu .
Gəncədə ilk dəfə üçrəngli , ay- ulduzlu bayrağımız ucaldı .
Gəncədə Üzeyir Hacıbəylinin redaktorluğu ilə � Azərbaycan � qəzeti nəşrə başladı .
Gəncənin öz ulu adı özünə qaytarıldı .
Gəncədə Qoryagin qəzası Cəbrayıl adlandırıldı . Ağdaşa şəhər statusu verildi , Zaqatala dairəsi Azərbaycan Cümhuriyyətinin tərkibinə daxil edildi .
Ən əsası isə Azərbaycan milli ordusunun təşkili sahəsində ilk cəsarətli addımlar atıldı . Gəncədəki müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı . Hərbi nazirlik təsis edildi . Məcburi mükəlləfiyyət elan olundu . Əvvəlcə zabit kadrların hazırlanması üçün qısa müddətli kurslar yaradıldı , sonra isə hərbi məktəb açıldı . Hərbi zavod fəaliyyətə başladı . İlk Azərbaycan alayı formalaşdı .
Gəncədən gedən nümayəndə heyəti – Məmmədəmin Rəsulzadə , Aslan bəy Safıkürdlü və Xəlil bəy Xasməmmədov sentyabrın 6-da Aya Sofiya məscidində Sultan IV Mehmetdən Azərbaycan Cümhuriyyəti üçün xeyir-dua aldılar . Əslində , bu , yeni hökumətin Türkiyə tərəfindən tanınması yolunda atılan ilk addım idi .
Beləcə , Gəncə torpağında dirçəlib güc-qüvvət toplayan Azərbaycan Demokratik Cümhuriyyəti 1918-ci ilin sentyabr ayının 15-də real bir qüvvə kimi Bakıya köçdü .
Əhməd İSAYEV,
Azərbaycan.-2015.- 28 may.- � S.9.
Cümhuriyyət dövrü ilə bağlı kitabın təqdimatı keçirildi – FOTO
Yanvarın 30-da Bakı Konqres Mərkəzində “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihənin yekun tədbiri keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi 3 aylıq layihə çərçivəsində indiyədək “Cümhuriyyət – anılar və anlar” adlı, 416 səhifəlik kitab nəşr edilib, habelə Cümhuriyyətin ilk paytaxtı Gəncədəki Gənclər Evində kitabın təqdimat və imza törəni keçirilib.
Bakı Konqres Mərkəzində millət vəkilləri, alimlər, yazarlar və ictimai faəl gənclərin iştirakı ilə 30 yanvarda keçirilən tədbirdə sözügedən kitabla yanaşı, Cümhuriyyətin 100 illiyinə türk dünyasının 100 yazarının təbrikindən ibarət video-çarx da təqdim olunub.
“Cümhuriyyət İli”ndən “Nəsimi İli”nə keçid məzmununda tərtib edilmiş tədbirdə gənc şairlər öz şeirləri ilə də çıxış edib. DGTYB-nin bu tədbiri Cümhuriyyətin lideri Məhəmməd Əmin Rəsulzadənin 135 illik yubiley günü və 2 fevral – Gənclər Günü ərəfəsində keçirilməsi ilə də anlam qazanıb.
Bakı Konqres Mərkəzindəki tədbiri açıq elan edən DGTYB Məclis üzvü Əfsanə Ələsgərli iştirakçıları salamladıqdan sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib, ardınca dövlət himni səsləndirilib.
DGTYB-nin Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalı layihə çərçivəsində görülən işlərdən söz açaraq, hesabat xarakterli nitq söyləyib.
Daha sonra söz Milli Məclisin deputatı Sona Əliyevaya verilib. Xanım deputat Cümhuriyyətin Azərbaycan tarixindəki önəmli rolu, eləcə də, geridə qoyduğumuz “Azərbaycan Xalq Cümhuriyyəti” ilində görülən çoxsaylı işlərdən bəhs edib.
Xanım Əliyeva çıxışında həmçinin DGTYB-nin “Cümhuriyyət ili”nə töhfəsi olan “Cümhuriyyət – anılar və anlar” kitabını da təhlil edərək, toplunu iştirakçılara, özəlliklə gənc oxuculara tövsiyyə edib.
Azərbaycan Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov və Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov da öz çıxışlarında bir çox maraqlı məqamlara toxunub. Hər iki natiq ölkədə uğurla aparılan gənclər siyasətinin, bunun fonunda bir-birinin ardınca gələn töhfələrin Azərbaycanın bugünü və gələcəyi üçün önəmini diqqətə çatdırıblar.
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri dos.dr. Cihan Özdəmirin çıxışı da özəlliyi ilə yadda qalıb. O, həm 100 il öncələr, həm də çağdaş zamanda Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını və dərin köklərə bağlılığını vurğulayıb.
Daha sonra Əməkdar jurnalist Azər Həsrət, prof.dr. Əhməd Qəşəmoğlu, dos.dr. Pərvanə Məmədli və başqa natiqlər və çıxış edərək, kitab haqqında, ümumilikdə, bu böyük layihə barəsində xoş sözlərini çatdırıb.
Tədbir daha sonra gənc şairlərin vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərlə davam edib. Gənc aşıq Seymur Laçınlının qəhrəmanlıq havaları üstə ifaları tədbirə başqa bir rəng qatıb.
Sonra isə layihənin icrasında fərqlənmiş gənclər və işə töhfələr vermiş ziyalılar “Fəxri fərman”larla təltif edilib.
Tədbirin sonunda “Cümhuriyyət – anılar və anlar” kitabı müəllif Elmin Nuri tərəfindən oxucular üçün imzalanıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihə çərçivəsində gün üzü görən, gənc yazar Elmin Nurinin müəllifi olduğu “Cümhuriyyət – anılar və anlar” kitabı 5 hissədən ( –“Cümhuriyyət fədailəri – ruhla tarix yazanlar”; “Cümhuriyyət naxışları –ağ-qara rəngli hadisələr”; “Məhəmməd Əmin Rəsulzadə – anılar və anlar”; “Şərqin ilk qaranquşu–Cümhuriyyət parlamenti”; “Ədəbi Cümhuriyyət”– ) ibarətdir. Kitabda, müəllifin ayrı-ayrı portallarda işıqlanan məqalələrindən istifadə edilib. Kitabın məsləhətçisi, millət vəkili Dr. Cavanşir Feyziyev, baş redaktoru (eləcə də, layihə rəhbəri) DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru “Xalq qəzeti”inin əməkdaşı Əfsanə Ələsgərli, rəyçiləri: ADPU-nun rektoru, prof.dr. Cəfər Cəfərov və “Modern.az” xəbər portalının baş redaktoru Elşad Eyvazlıdır. Layihə əsnasında çəkilən video-çarxda isə qardaş ölkə və topluluqları ( –Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkiyə, Türkmənistan və Tacikistanı, Tatarıstan, Başqurdistan, Saxa (Yakutiya) və Dağıstanı, Axıska, Kırım, Batı Trakya, Bayır-Bucaq və doğma Təbrizi, eləcə də, respublikamızı) təmsil edən yeni nəsil yazarlarının ürək sözləri toplanıb. (AzEdu.az)
AzNews.az
Comments are closed, but trackbacks and pingbacks are open.