Press "Enter" to skip to content

Ədəbi əlaqələr toplusu 2017

Sənə gələn haqq yoludu, əfəndim,

Ədəbi əlaqələr toplusu 2017

Azərbaycan və Qərb ədəbi əlaqələrinin izi ilə

Ədəbi proses-2017

Ədəbi əlaqələr müxtəlif millətlər arasında çoxcəhətli mədəni əlaqələrin meydana gəlməsinə, milli və bəşəri dəyərlərin qovuşaraq daha geniş məzmun kəsb etməsinə şərait yaradan mühüm sahələrdən biridir. Bu baxımdan, Azərbaycanın müxtəlif xalqlarla ədəbi əlaqələri ədəbiyyatlarımızın qarşılıqlı şəkildə inkişafına geniş zəmin yaratmışıdr. O cümlədən, Azərbaycanın Avropa mədəniyyətinə inteqrasiyası milli-mənəvi dəyərlərimizin � daha da zənginləşməsinə, bədii ədəbiyyatın geniş yaradıcılıq imkanları qazanmasına yardım etmişdir. Bu səbəbdən də ədəbiyyatların qarşılıqlı əlaqələr zəminində inkişafının tədqiqi ədəbiyyatşünaslığın qarşısındakı � aktual məsələlərindən biridir.

“Hər bir xalqın ədəbiyyatı milli zəmində artıb inkişaf edir, müəyyən ölkənin, müəyyən xalqın daxili qanunauyğunluğu və tarixi həyatı ilə şərtlənir, öz orijinal bədii ənənələrini davam etdirir. Hər bir milli ədəbiyyat təcrid olunmuş şəkildə deyil, digər ədəbiyyatlarla yaradıcı əlaqədə və qarşılıqlı hərəkətdə inkişaf edir, onlarla zənginləşir. Həmin milli ədəbiyyatların başqa ədəbiyyatlarla həqiqi qarşılıqlı əlaqələrini araşdırmadan onun dəyərli keyfiyyətlərini, milli xüsusiyyətlərini tam və dərindən dərk etmək mümkün deyil” (Lomidze Q.M. Puti razvitiə sovetskoy mnoqonaüionalğnoy literaturı. Moskva, 1967, 114).

Məruzəmizdə ədəbi əlaqələr bir neçə istiqamətdən nəzərdən keçirilmişdir:

1. Bədii tərcümə (xarici dillərdən Azərbaycan dilinə və Azərbaycan dilindən � xarici dillərə)

2. Dissertasiya və elmi məqalələr

3. Beynəlxalq konfranslar, simpoziumlar.

4. Elmi müəssisələr, Birliklər arasında əlaqələr, müqavilələr, birgə layihələr

5. Yazıçı və şairlərlə, ədəbiyyatçılarla, səfirlərlə gorüşlər

Müxtəlif xalqların ədəbiyyatlarının qarşılıqlı təsirinin öyrənilməsində, ədəbi əlaqələrin beynəlxalq ünsiyyət formasına çevrilməsində bədii tərcümənin mühüm rolu var. Tərcümə ədəbi əlaqələr sisteminin tarixi keyfiyyətlərini bilavasitə ehtiva edir. Bədii tərcümə müxtəlif millətlərin ədəbiyyatlarının qarşılıqlı öyrənilməsində � və ədəbi əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir.

Dilimizə çevrilən əsərlər içərisində epik növün janrları çoxluq təşkil edir. Tərcümələrin bir qismi müxtəlif qəzet, jurnal və toplularda oxuculara təqdim olunmuşdur. Azərbaycan dilinə tərcümə edilən əsərləri belə təsnif etmək olar:

a) Bədii tərcümələr (nəsr və poeziya nümunələri)

b) Nobel mükafatçıları haqqında yazılar

c) Dünya yazıçılarının ədəb-nəzəri görüşlərini ifadə edən məqalələri

d) Dahilərin məktubları

e) Dünya ədəbiyyatı haqqında ədəbi mozaika

Bədii � tərcümə nümunələrinə bu sahədə xüsusi çəkiyə malik olanARNK yanında Tərcümə Mərkəzinin nəşrlərində, habelə � Mərkəzin “Xəzər” jurnalında, “Aydınyol” qəzetində, Azərbaycan Yazıçılar Birliyinin nəşrləri olan � “Azərbaycan”, “Ulduz”, “Dünya ədəbiyyatı” jurnallarında və “Ədəbiyyat qəzeti”nin səhifələrində təsadüf olunur. Həmçinin, edebiyyatqazeti.az, aydinyol.az, literaz.com, sim-sim.az, avanqard.net, manera.az, kult.az, kulis.az, axar.az saytlarında da Qərb ədəbiyyatı nümayəndələrinin bədii əsərlərindən tərcümələrə və bədii tərcümə məsələlərinə dair yazılarına yer ayrılmışdır.

ARNK yanında Tərcümə Mərkəzinin nəşr etdiyi kitab və topluları, xüsusilə də mərkəzin “Azərbaycan ədəbiyyatı antologiyası”nı, Azərbaycan ədəbiyyatı nümunələrini müxtəlif dillərə tərcümə etməsi və dünyaya təqdim etməsi, dünya ədəbiyyatının nümunələrini ölkəmizdə işıqlandırması, Yazıçılar Birliyinin Dünya Ədəbiyyatı seriyasından olan nəşrləri və topluları, “Parlaq imzalar” və “Qanun” nəşriyyatının nəşrləri də xüsusi vurğulanmalıdır.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyəti də diqqətələyiqdir. � 2017-ci ildə Mərkəzin “Dünya ədəbiyyatı” jurnalının birinci sayı İngiltərə, ikinci sayı isə Moldova ədəbiyyatına həsr edilmişdir. Hər iki nömrədə bu ölkələri təmsil edən ədiblərin olduqca maraqlı əsərləri yer almışdır.

İngiltərə ədəbiyyatına həsr edilmiş dərgidə poeziya, proza və dramaturgiya nümunələrinin tərcümələri ilə yanaşı, ingilis ədibi, Nobel mükafatçısı Tomas Sternz Eliotun ədəbi yaradıcılıq barədə yazıları və Nobel nitqi də yer almışdır. Bundan əlavə, bu ildə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində İngiltərənin görkəmli yazıçısı Culian Barnsın “Aqibət duyğusu” romanı (tərc. S.Hüseynli) nəşr edilmişdir.

Moldova ədəbiyyatına həsr edilmiş dərgidə yer alan “Azərbaycan-Moldova ədəbi əlaqələrində yeni səhifə” başlıqlı material ölkələrimiz arasındakı bugunki ədəbi əməkdaşlıq əlaqələrinə həsr edilmişdir. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində Moldovanın görkəmli şairi Arkadie Suçevyanunun “Qağayı ilə göndərilən məktub” bilinqva (ikidilli) şeirlər toplusu (tərc. S. Babullaoğlu və Qismət) və tanınmış yazıçı İqor Volnitskinin “Mənə ölməyi öyrət” (tərc.A. Yaşar) romanı nəşr edilmişdir. Həmçinin, Moldovada Azərbaycan nəsri antologiyası çapa hazırlanır. Kitaba akademik İsa Həbibbəyli “Ön söz” yazmışdır.

Eyni zamanda qeyd olunmalıdır ki, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində “Nabokovun mühazirələri” və “Ədəbiyyatsız dünya” (tərc. Qismət) nəşr edilmişdir. 2017-ci ildə “ATV kitab” layihəsi çərçivəsində kitabların çap olunmasında Bədii Tərcümə vəƏdəbi Əlaqələr Mərkəzi yaxından iştirak etmişdir.

2. Dissertasiyalar və elmi məqalələr

2017-ci ildə Azərbaycan-Qərb ədəbi əlaqələri həm də dissertasiya və elmi məqalələr səviyyəsində də tədqiq olunmuşdur. Sədaqət Səlimova “Fransiz dilçiliyi tarixində türkologiya məsələlərinin tədqiqi”, Gülnarə Əliyeva “F.M.Dostoyevski və H.Cavid yaradıcılığında humanizm problemi”, Ləman Pənahova “XX əsr Böyük Britaniya postkolonial ədəbiyyatında multikulturalizm”, Aqşin Əliyev “Valter Skott və XX əsrin I yarısı Azərbaycan tarixi romanı”, Röya Mürşüdova “Çağdaş Azərbaycan və alman ədəbiyyatında roman janri (1980-2005-ci illər)”, Aliyə Əhmədova “Toni Morrisonun poetikasi”, Gilə Hüseynli � “Çağdaş Amerika bədii ədəbiyyatında postmodernizmin inikas xüsusiyyətləri (Don Delillo və Pol Oster yaradıcılığı əsasında)”, Günel Cənnətova “Ingilisdilli yəhudi ədəbiyyati II Dünya müharibəsindən sonraki Amerika ədəbiyyati kontekstində”, Natiq Adilov “İngilis-amerikan ədəbiyyatinda Hun mövzusu” filologiya üzrə fəlsəfə doktorluğu; Sevinc Rzayeva “Reseptiv estetika və XX əsr almandilli ədəbiyyat”, Həmidə Əliyeva “Qərbi Avropa ədəbiyyatında yaxın Şərq mövzusu (Epik poeziya materialları əsasında)” Leyla İmaməliyeva “Rus və Azərbaycan ədəbiyyatlarında hekayə janrının tipologiyası (XIX əsrin sonu – XX əsrin əvvəlləri)” filolgiya üzrə elmlər doktorluğu üzrə dissertasiya yazmışlar.

Azərbaycan-Qərb ədəbi əlaqələrinin inkişafında AMEA Nizami adına Ədəbiyyat İnstitutunun da xidmətləri çox olmuşdur. Ədəbiyyat İnstitutunun “Ədəbi əlaqələr”, “Ədəbiyyat məcmuəsi”, “Poetika.izm” toplularında Qərb ədəbiyyatına, ədəbiyyatşünaslıq məsələlərinə həsr olunmuş elmi məqalələr dərc olunmuşdur.

3. Beynəlxalq konfranslar, simpoziumlar.

Beynəlxalq filoloji konfrans və simpoziumların da ədəbi əlaqələrin inkişafında xüsusi rolu var. Bu baxımdan Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2017-cı ildə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə (Türkiyə, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Özbəkistan, Macarıstan, Bosniya, Hersoqovina, Belçika, Çin, İran, İordaniya, Pakistan, Gürcüstan) keçirilən beynəlxalq ədəbiyyatşünaslıq konfranslarında və simpoziumlarında, beynəlxalq sərgilərdə iştirakı vurğulanmalıdır. 2017-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda keçirilən bir sıra beynəlxalq elmi konfranslar -“Məhdimqulu Fəraqi � – dostluq və qardaşlıq nəğməkarı”, Özbəkistanın xalq şairi Camal Kamalın anadan olmasının 80 illiyi münasibətilə “Camal Kamal və Azərbaycan Ədəbiyyatı”, Azərbaycan şairi � və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr olunan “Ey Nəsimi, cahanı tutdu sözün. “, “Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri” – xüsusi əhəmiyyət � kəsb edir.

4. Elmi müəssisələr, birliklər arasında əlaqələr, müqavilələr, birgə layihələr

Hazırda elmi müəssisələr arasında bağlanmış bir sıra müqavilələr, memorandumlar, protokollar da � ədəbi əlaqələrin inkişafına təkan verir. Belə � ki , “Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri” adlı konfrans zamanı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti və Azərbaycanın Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi arasında qarşılıqlı anlaşma haqqında üçtərəfli memorandum (8 dekabr 2017) imzalanmışdır. Digər müqavilə isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) arasında əməkdaşlıq müqaviləsidir (27 aprel � 2017 ). Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Moldova Yazıçılar Birliyi arasında da əməkdaşlıq memorandumu imzalanmışdır. Qeyd olunan sənədlərdə ədəbi əlaqələrin inkişafına xidmət edən, bədii ədəbiyyatın tərcüməsi və təbliği istiqamətində layihələrin reallaşdırılmasına dair müddəalar da öz əksini tapmışdır.

5. Yazıçı və şairlərlə, ədəbiyyatçılarla, səfirlərlə gorüşlər

Müxtəlif xarici ölkələrin Azərbaycandakı səfirləri və səfirlik nümayəndələri, şair və yazıçılarla görüşlər ədəbi əlaqələrin � inkişafında mühüm rol oynayır. 2017-ci ildə Ədəbiyyat İnstitutunda Kolumbiya yazıçısı, professor, Q.Q.Markes yaradıcılığının tədqiqatçısı Conrado Zuluaga, iranlı yazıçı Mustafa Məstur və İran İslam Respublikasının Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi ilə, ARNK yanında Tərcümə Mərkəzində Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Galindo və konsulu xanım Kelly Chaib De Mares, Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Eduardo Cavallero, Çex Respublikasının Azərbaycan Respublikasındakı səfirinin müavini cənab Petr Vaqner, Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Əməkdaşlıq və mədəniyyət müşaviri cənab Yohan Şitterer, Ukrayna � Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Oleksandr Mişenko, Kuba Respublikasının � Azərbaycandakı səfiri cənab Alfredo Nieves Portuondo, Rumıniya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Dan İanku və xanımı Mihaela İanku, Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Sederkenye, İspaniya Krallığının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab İqnasio Sançes Taboada, Almaniyanın Vürtsburq Universitetinin professor Ziqlinde Hartman ilə görüşlər keçirilmiş, ölkələrimiz arasında ədəbi və mədəni əlaqələrdən, qarşılıqlı dostluq münasibətlərindən bəhs edilmiş, ədəbiyyatşünaslıq və bədii tərcümə məsələləri, qeyd olunan ölkələrin ədəbiyyatlarının Azərbaycan dilinə � tərcüməsi və nəşri , habelə Azərbaycan ədəbiyyatı nümunələrinin bu ölkələrdə nəşri, Beynəlxalq kitab sərgilərində təqdimatı, kitabların � xarici � ölkələrin aparıcı kitabxanalarına yerləşdirilməsi kimi məsələlər müzakirə edilmiş, belə görüşlərin gələcəkdə ölkələrimiz arasında ədəbi əlaqələrin daha da genişlənib mökəmlənməsinə � təkan verəcəyi vurğulanmışdır.

2017-ci ildə Azərbaycan-Qərb ədəbi əlaqələri daha da inkişaf etmiş, bədii tərcümə vasitəsilə Qərb ədəbiyyat nümunələri Azərbaycan oxucusuna, habelə, Azərbaycan ədəbiyyatı nümunələri xarici ölkələrin oxucularına təqdim edilmiş, elmi tədqiqat işləri yazılmışdır.

Xanım Zairova

Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.27.

Ədəbi əlaqələr toplusu 2017

Ötən ilin ədəbi mənzərəsi haqda düşünərkən, nədənsə, türk şair və nasiri Ahmed Hamdi Tanpınarın misralarını xatırladım: “Ne içindeyim zamanın, /Ne de büsbütün dışında;/Yekpare geniş bir anın/ Parçalanmaz akışında”. Yəni, bu elə hardasa bizim geridə qoyduğumuz zaman kəsiminə aid olan işarə sistemidi: indi nə onun içindəyik, nə də büsbütün ondan uzaqda. Amma həm də onun bir parçasıyıq. Axı zaman bütöv anlayışdı. Yola saldığımız 2017-ci il də bütöv anın parçası kimi önəmlidir.

İl girər-girməz ard-arda eşitdiyimiz ölüm xəbərlərinə üzüldük. Gənc yazıçı Mövlud Mövludun intihar xəbərinin ağırlığını hələ də daşıya bilmirik. Daha sonra dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə Kaliforniyada dünyasını dəyişdi. İlyas Tapdıq, Camal Yusifzadə, Sabir Sarvan, Aşıq Ədalətin ölümü də mədəniyyətimizdə, milli idrak sferamızda böyük boşluqla səciyyələnən itkilərdən oldu.

Müsabiqələr, mükafatlar. Ədəbiyyatı fərdlər yaradır, əlbəttə. Müxtəlif mükafatlar, müsabiqələr və onların fonunda aparılan dəyərləndirmələr də ilk növbədə, bəzi qurumların ədəbiyyat sferasına müdaxilə edib ona müəyyən qatqılarda bulunmaq cəhdinin nəticəsidir. Ötən il mükafatlar baxımından müəyyən ayrıntılarla yadda qaldı. Nobel, Blutzer, Booker kimi ali mükafatlar bizdən yan ötsə də, sahibini tapdı. 2017-ci il ədəbiyyat üzrə Nobel mükafatınaYapon əsilli ingilis yazıçı Kasuqo İsiquro layiq görüldü. Bir müddət sonra TEASpress nəşriyyatında yazıçının “Məni heç vaxt tərk etmə” romanı İlahə Əkbərin tərcüməsində çap olundu.

Dünyanın digər nüfuzlu ədəbiyyat mükafatlarından olan Bukerin 2017-ci il üzrə qalibi isə “Linkoln Bardoda” romanı ilə Corc Sonders oldu.

Bu ali mükafatlar sırasında yerimiz olmasa da, ölkəni təmsil edən yazıçı və şairlərimizin beynəlxalq aləmə çıxışına rəvac verən bir sıra uğurlarına imza atıldı. Ötən ilin sentyabrında Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görüldü. Qeyd etmək lazımdır ki, Ural Federal Universiteti Rusiyanın ən nüfuzlu universitetlərindən biridir və Rusiyanın ilk prezidenti Boris Yeltsinin adını daşıyır.

Yazıçı Varis Yolçuyev ötən il Fransanın “L`Autographe” (“Avtoqraf”) almanaxına daxil edilmiş “İyirmi bir” adlı hekayəsinə görə Antuan de Sent Ekzüperi medalının nominantı elan olunaraq “Antuan de Sent Ekzüperi diplomu”na, Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatının (YUNESKO), Moskvada və Varşavada keçirilən Slavyan Ədəbiyyat Festivalının, Beynəlmiləl Yazıçılar İttifaqının “Adam Mitskeviç” medalına layiq görülmüşdür. Qeyd edək ki, indiyədək dünya üzrə bu medala layiq görülən 101-ci ədib Varis oldu.

Gənc yazıçı Mirmehdi Ağaoğlunun “85-ci gün” hekayəsi İslam Əməkdaşlığı Təşkilatının keçirdiyi Birinci Qısa hekayə müsabiqəsində qalib oldu. Pərvin Nurəliyeva Ankarada İkinci Beynəlxalq “Dədə Qorqud” teatr əsərləri müsabiqəsinin qalibləri sırasında yer aldı. Gənc şairlər Şəhriyar del Gerani və Fərid Hüseyn Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında iştirak etdilər.

Ötən il Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan V Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası kitabın təbliği yönündə atılan mütərəqqi addımlardan biridir. Belə mütərəqqi addımlardan digərini Nazirliyin həyata keçirdiyi “Qızıl kəlmə” ədəbiyyat müsabiqəsinə də aid etmək olar. Müsabiqənin nəticələri elan olunan günü nazir Əbülfəs Qarayevın səsləndirdiyi çıxışı xatırlayıram: “Mükafatın nominasiyalarının sayını artırmaqla biz ədəbiyyatın inkişafına müəyyən dərəcədə təkan vermək istədik”. Hər halda, mükafat alan əsərlərin geniş ictimaiyyətə təqdim olunması baxımından bu cür müsabiqələrin böyük rolu olur. Elə yaradıcılığına qiymət verilən müəlliflərin bundan stimul alıb yola davam etməsində də.

Ədəbiyyatımız sərhəddən kənarda-xarici nəşrlərdə. Dünyaya açılmaq, ölkəmizdən kənarda çap olunmaq qarşılıqlı mübadilənin əhəmiyyətli şərtlərindəndir. Yola saldığımız il bu yöndə mövcud olan uğurları ilə spesifik oldu. Bu uğurlardan biri böyük Azərbaycan şairi Nizami Gəncəvinin tədqiqi istiqamətində qazanılmaqdadır. Bildiyimiz kimi 2013-cü ildə dünyanın ən möhtəşəm universitetlərindən sayılan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi yaradılmışdır. Artıq beşinci ildönümünü keçirməyə hazırlaşan Mərkəz akademik Nərgiz Paşayevanın təşəbbüsü və rəhbərliyi ilə Oksford Universitetinin tərkib hissəsi və nadir tədqiqat müəssisəsi olaraq Azərbaycan və onun elmi irsi üçün xüsusi əhəmiyyət daşıyır. Hər bir ölkənin bədii-poetik təfəkkürünün real mənzərəsinin yaradılması, onun tarix və mədəniyyətinin öyrənilməsi həmin xalqın görkəmli şəxsiyyətlərinin dünya sferasına uğurlu təqdimatından asılıdır. Qeyd edək ki, ötən il dünya şöhrətli şərqşünas-nizamişünas Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı da ilk dəfə ingilis dilinə tərcümə olunmuş və iyunun 5-də Londonda təqdimatı keçirilmişdir.

Yola saldığımız il bir sıra nəsr və poeziya nümunələrinin xaricdə nəşr olunması, təbliği və təqdimi yönündən də əlamətdar sayıla bilər. Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayevin ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitab Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə, “Bir gəncin manifesti” romanı isə Türkiyədə çap olundu.

Xalq yazıçısı Anarın “İyi padişahın masalı”, şair Firuzə Məmmədlinin “Sözlərim könlümü almağa gəlir” adlı kitabları türk dilində, Sona Vəliyevanın “Dünya görüş yerimiz” kitabı rus dilində, “Qapına gəldim İlahi” şeirlər toplusu ərəb dilində, Rəşad Məcidin, Aysel Əlizadənin, Fərid Hüseynin şeirlər kitabı ingilis dilində çap olundu. Məqsəd Nurun “Şəhər meri” romanı Türkiyədə, Mübariz Cəfərlinin “Bərpaçı” romanı “Yuxu” adıyla İranda, Vaqif Sultanlının romanları Avropa və Amerikada çap edildi. Vaqif Sultanlının Amerika və Londonda nəşr etdirdiyi “Modern Azərbaycan nəsri”, “Güney Azərbaycan nəsri” kitablarını da təqdir etməyə lüzum var.

Ötən il Belarus şəhəri Poloçkda “Sözün diplomatiyası” adlı beynəlxalq müzakirəyə, həmçinin Belarus Yazı Günü münasibətilə təşkil olunan bayram tədbirlərinə qatılan Kamran Nəzirli iki ölkə arasında ədəbi əlaqələrin genişlənməsi baxımından səmərəli planlar həyata keçirib. Belə plan əsasında gerçəkləşən işlər sırasında ötən il Belarusun paytaxtı Minskdə MDB üzrə Beynəlxalq Ədəbiyyat və Publisistika Portalı – “Sozvuçie”də müstəqillik dövrü Azərbaycan qadın şairlərindən bir qrupunun şeirlərindən müəyyən nümunələrin təqdim edilməsini qeyd etmək yerinə düşər. Rus dilində yerləşdirilən şeirləri və onların müəlliflərini MDB və Şərqi Avropa oxucularına “Qadın poeziyadır” başlıqlı yazı ilə təqdim edən Kamran Nəzirli olmuşdur.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin ötən il iki sayı – İngiltərə və Moldova ədəbiyyatı sayı çap edildi və bu ölkələri təmsil edən onlarla ədibin əsərləri topluda yer aldı. Bundan başqa Bakıda İran ədəbiyyatı ilə bağlı silsilə tədbirlər keçirildi. İranın ölkəmizdəki səfirliyinin mədəniyyət müşavirliyi ilə əməkdaşlıq əsasında İran yazıçısı Mustafa Məstur Bakıya dəvət edildi, akademiyanın Elmi Kitabxanasında, Səməd Vurğun adına muzeydə və bir çox başqa yerlərdə onunla görüşlər oldu.

Ötən il “ATV kitab” layihəsi çərçivəsində 16 kitab çap edildi ki, bu işdə də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi yaxından iştirak etdi. Həmin kitabların yarısı tərcümə ədəbiyyatına aid idi.

2017-ci ildə Dünya Gənc Türk Yazarlar Birliyinin yeni nəşri işıq üzü gördü. Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanmış, “Yeni qazax şeiri antologiyası” adlanan nəşrin baş redaktoru (və nəşrə məsul) Əkbər Qoşalıdır.

Dekabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Poeziya günü” keçirildi. Tədbir Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində gerçəkləşdi. 2017-ci ilin oktyabrında II “Məmməd Araz Poeziya günü”nə həsr olunmuş tədbirlər təşkil olundu.

Elmi həyat. 2017-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin təşəbbüsü və rəhbərliyi ilə bir sıra işlər meydana qoyuldu. Cəlil Məmmədquluzadənin Litva və Gürcüstanda kitabları çap olundu. böyük ədəbiyyatşünas alimlərdən – Əlyar Səfərlinin 80 illik yubileyi, Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş elmi sessiya, Məmməd Cəfər Cəfərovla bağlı “Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımlar” mövzusunda tədbir, onun “Get dolangilən, xainsən hələ” pyesinin ilk dəfə çapı və akademik İsa Həbibbəylinin təqdimatında elmi ictimaiyyətə təqdim edilməsi ilin əlamətdar ədəbi hadisələri kimi səciyyələnə bilər. Eləcə də Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyası çərçivəsində yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” çap olundu. “Elm” nəşriyyatında çapdan çıxan kitabın baş redaktoru AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylidir. Kitabın məsul redaktoru filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı, tərtibçisi, ön söz və qeydlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlidir.

2017-ci il həmçinin Molla Pənah Vaqif və Hüseyn Cavid ili kimi yadda qaldı. İl boyu Molla Pənah Vaqifin 300, Hüseyn Cavidin 135 illiyi ilə (şairin yubileyi ötən il Sofiyada belə keçirilmişdir) bağlı müxtəlif tədbirlər, konfranslar, elmi sessiyalar keçirildi, məqalələr toplusu çap olundu.

Ədəbi həyat. 2017-ci ilin mayında “Ədəbiyyat qəzeti”nin saytı təqdim olundu, eyni zamanda, qəzetin yayınları seriyasından mərhum şair Faiq İsmayılovun şeirlərinin və haqqında tənqidi məqalələrin yer aldığı “İynəboyu böyük dünya” kitabı çap olundu, qəzetin seçilən imzalarından bir qisminə “Əli bəy Hüseynzadə” mükafatları verildi.

Ötən il “525-cı qəzet”in yubiley ili kimi də yadda qaldı. Qəzetin 25 illiyi ölkənin müxtəlif ədəbi-ictimai məkanlarında qeyd edildi. Elə Ədəbiyyat İnstitutunda da o cümlədən. Qəzetlə bağlı müxtəlif ictimaiyyət nümayəndələrinin məqalələrinin və təbriklərinin yer aldığı “525” – zamanın sorağında” adlı kitab çap olundu.

Belə bir yubiley sevinci “Azərbaycan” jurnalının da payına düşdü. Ədəbi həyatımızda xüsusi yeri olan bu qocaman jurnalın yubiley ab-havası geniş hiss olunmasa da bu, onunla bağlı məlum gerçəyi dəyişmir: “Azərbaycan” jurnalı tarixi qata vurğusu güclü, bir neçə nəsil ədəbiyyatına şahidlik edən, yeni bədii nümunələrin ilkin ədəbi tribunası sayılan jurnaldır.

Bütün bunlar əlbəttə ki, statistik məlumatlar idi. İlin reallıqlarını, mənzərəsini gündəmə gətirmək baxımından faktlara müraciət zəruridir. Ədəbi gedişat ədəbiyyata aid bütün materialların bir axarda təqdim olunması ilə meydana çıxır. Amma həmişə vurğuladığım və dönə-dönə qeyd etdiyim gerçək: ədəbiyyat nə mükafat, müsabiqələr deməkdir, nə müzakirə-disput söhbətləri, nə də müsahibə-məqalələr çeşidi. Ədəbiyyat ilk növbədə, əsərlər deməkdir. Bu baxımdan yanaşdıqda ədəbi mənzərə nə vəd edir?

Nəsr. 2017-ci ildə roman sahəsində bir neçə əsər meydana qoyulub: “Dərdin sarı çəpkəni” (Zahir Sarıtorpaq), “Arzulardan sonrakı şəhər” (Şərif Ağayar), “Taclı” (Nəriman Əbdürrəhmanlı), “Akademikin ölümü” (S.Rüstəmxanlı), “Atabəylər” (Yunus Oğuz), “Qazi Burhanəddin səltənətinin süqutu” (H.Mirələmov), “Həyat epiqrizi” (Alpay Azər), “Yelkənsiz qadınlar” (Fərhad Amur) və s.

Nəsrdə tarixi qat və bu qata vurğusu ilə seçilən romanlara maraq dominantlığı əldən vermək istəmir. Təsadüfi deyil ki, Elçinin “Baş” və Sona Vəliyevanın Həsən bəy Zərdabinin həyat yolundan, XIX əsrin tarixi-ədəbi proseslərindən bəhs edən “İşığa gedən yol” romanı əvvəlki illərin ədəbi faktı olmasına baxmayaraq, ötən il də elmi-nəzəri düşüncənin predmetinə çevrilməyi bacardılar. Elçinin romanı bir neçə dilə tərcümə olundu, Sona Vəliyevanın romanı isə “Qızıl kəlmə” ədəbi mükafatını qazandı. Ötən il yazılan romanlar arasında Sabir Rüstəmxanlının “Akademikin ölümü”ndə dərin ictimai-sosial siqlətli nəsrin təzahürləri ilə rastlaşmaq olur. Buna baxmayaraq, tarixə və mifolojiyə, çoxqatlılığa və zamanlararası əlaqəyə maraq roman janrında aparıcı istiqamətdir.

Nəriman Əbdürrəhmanlının “Taclı” romanında böyük dövlət xadimi Şah İsmayıl Xətai və onun həyat yoldaşı Taclı Bəyimin həyatından bəhs edilir. Yunus Oğuzun “Atabəylər”ində XII əsr tarixi təsvir predmetinə çevrilir. Yaxud Hüseynbala Mirələmovun “Qazi Burhanəddin səltənətinin süqutu” əsərində Uzun Həsən, Sara Xatun obrazları ilə saraydaxili çəkişmələrə, eyni zamanda dövlətçilik şüurunun yaranışı proseslərinə diqqət yönəldilir.

Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” romanı “Azərbaycan” jurnalının 2014-cü il 9-cu sayında çap olunsa da”Kül”, “Qarğa marşrutu” kimi digər iki romanı əhatələyən kitab olaraq 2017-ci ildə işıq üzü gördü. İrfanın kodları üzərində qurulan “Dərdin sarı çəpkəni” romanında real və mistik dünya antitezaları, ölümdən öncəki düşüncələr, dini, mədəni və ədəbi mətnlərin bir araya gətirilərək əsərin qəhrəmanı Bulud müəllimin həyatında bağlantı yaratması oxucunu yaradılışın mahiyyəti, son problematikası kimi məsələlər barədə düşüncələrə sövq edir.

2017-ci ildə yazılmış iki əsər – M.Örənin “Ağ buludlar” povesti və Ş.Ağayarın “Arzulardan sonrakı şəhər” romanında mifoloji kontekst, arxetiplərlərə maraq öndədi. İnsan həyatına ritualların təsiri, etiologiyası müxtəlif dini-mifoloji pritçalara söykənən arxetiplər mətndə iç-içə gətirilir. M.Örənin “Ağ buludlar” povestində müqəddəs göl, Ş.Ağayarın “Arzulardan sonrakı şəhər” romanında İterü çayı əsərdə müxtəlif duyğu, düşüncə və yaddaşa şifrələnmiş informasiya, kod daşıyıcı olmaqla yalnız mətn qatlarında deyil, obrazların daxili dünyasında özünə yer edir.

Ötən illərə qədər roman bumu yaşandığı fakt idi. İstər yaşlı, istərsə də yeni nəsil yazıçılar daha geniş, miqyaslı təsvirlərə üstünlük verir, hətta həcm etibarilə az görünsə belə povesti roman kimi tədqim etməyə maraqlı idilər. Ötən il belə tendensiya ilə rastlaşmadıq. Əksinə, deyək ki, M.Örənin “Ağ buludlar” əsərinin roman siqləti daşısa da, povest adı ilə təqdim olunması nəsrin özündə belə janr-ölçü münasibətlərində tənzimlənmənin mövcudluğunu istisna etmir. Bu xüsusda ötən il Kənan Hacının “Fironun dəftəri”, Günel Şəmilqızının “Div olanda noolar” povestləri seçilən mətnlər sırasında qərarlaşa bildilər.

Qeyd edim ki, roman janrında olduğu kimi povestlərdə də çağın problematikasına meyil hələ hiss olunmur. Keçmişə qayıdış povest janrında da tez-tez istifadə olunan bədii üsul kimi qalmaqdadır. Əlyazmalara, nağıllara dekonstuktiv müraciət, arxetip obraz və süjetlərin aktuallandırılması mətnlərdə fərqli formalarda əksini tapmışdır.

Ötən il müəyyən mövzularda romanlar meydana qoyulsa da məncə, hekayə ili kimi daha əlamətdar oldu. Bu qənaəti həm il boyu çap olunan hekayə kitablarının sayına və ayrılıqda çap olunan hekayələrin sanbalına əsasən deyirəm. ATV-nin “Hədəf nəşrləri ” ilə təsis edilən “Çağdaş nəsrin ustaları” seriyasından Mübariz Örənin “Balıq gülüşü” və Əjdər Olun “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” hekayələr toplusu işıq üzü gördü. Vaqif Nəsibin hekayə və romanın yer aldığı “Rəngli günlər”, Həmid Piriyevin “Sərçələr üçün poema”sı, Seymur Baycanın “Alatoran” yayınlarında “Gecikmiş hekayələr”, Faiq Balabəylinin məhbəs xatirələrinin yer aldığı “Bayıldan bayıra”, Ayxan Ayvazın “Buri”, Çinarə Ömrayın “Məcnunxana”, Günel Eminlinin “Cənnətdə payız”, Mövlud Mövludun”Çətirsiz” (ölümündən sonra) adlı hekayələr kitabları çap olundu. Alpay Azərin bu yaxınlarda çap olunan “Yazıçı və arvadı” hekayələr kitabını da qeyd etmək yerinə düşər.

İl boyu Elçinin, Vaqif Nəsibin, Kamal Abdullanın, Orxan Fikrətoğlunun, Seyran Səxavətin, Azad Qaradərəlinin, Təranə Vahidin, Elçin Hüseynbəylinin, Vüsal Nurunun, Meyxoş Abdullanın, Ümid Nəccarinin, Kamran Nəzirlinin, Aslan Quliyevin, Həmid Piriyevin, Kənan Hacının, Firuz Mustafanın, Azər Qismətin, Alpay Azərin çap olunan hekayələri janrın ideya-məzmun keyfiyyətlərini ifadə eləmək baxımından material verən nümunələrdir. Onu da qeyd edim ki, yuxarıda vurğuladığım bir məqam hekayə janrı üçün xarakterik deyil. Belə ki, il boyu çap olunan hekayələrdə rastlaşdığımız bəzi hallar – nağıl süjeti, mif başlanğıcının işləkliyi keçmişi interpretasiyanın müxtəlif tipoloji təsnifatını aparmağa imkan versə də, real həyat təsvirlərinin bədii-estetik səciyyədə təqdimi, cəsarətli müşahidələr, dövrün vacib problemlərinə nüfuz, ciddi ictimai-tarixi qayğılarla yüklənmə onları fərqli düşüncə sferasından dərk etməyi və dəyərləndirməyi şərtləndirir.

Mənəvi tərəqqinin strategiyasını həmişə ədəbiyyat hazırlayıb. Xüsusilə, nəsrin missiyası bu yöndə digərlərindən daha fərqlidir, baş verənlərə epoxal baxış ona zamanın səlnaməsini yaratmaq baxımından gərək olub. Bu baxımdan yanaşdıqda, ədəbiyyatımızın bir çox dövrlərinə münasibətdə boşluqlar olduğu üzə çıxır. Repressiya prosesi, 31 mart soyqırımı, Azərbaycanlıların deportasiyası və s. kimi məsələlər nəsrdə bədii təcəssümün predmeti olmaqdan yan keçib. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ili Cumhuriyyət ili elan elədi. Düzdür, müxtəlif mətbu orqanlarda tədqiqat xarakterli silsilə yazılar əksini tapdı: “525-ci qəzet”də Vilayət Quliyevin Cumhuriyyətlə bağlı yazıları, Şirməmməd Hüseynovun ADR haqda məqalələrini xüsusi qeyd etmək lazımdır. Hər hansı bir dövrün ədəbi-fəlsəfi və siyasi proseslərinin bütün təfərrüatı, tərkib və parametrləri ilə canlandırılması həmin mərhələnin sistemli tədqiqat predmetinə çevrildiyi təqdirdə əyaniləşir. Bu baxımdan, adı çəkilən müəlliflərin məqalələri dövrün fəlsəfi dərkində, onun xarakterinin müəyyənləşdirilməsində zəruri önəm daşıyır.

Eləcə də “Ədəbiyyat qəzeti”ndə “Azərbaycan Cümhuriyyəti: tarixi, siyasi və ədəbi-fəlsəfi aspektləri ilə” mövzusunda müzakirə saatında tanınmış tədqiqatçılar: Ədalət Tahirzadə, Alxan Bayramoğlu, Vaqif Sultanlı və qəzetin baş redaktoru Azər Turanın təqdimində dövrün siyasi-ədəbi mənzərəsinə, müxtəlif problemlərinə yeni metodoloji mövqedən nəzər salındı.

Dilqəm Əhmədin “Mühacirlərin dönüşü” kitabı Azərbaycan Cümhuriyyət tarixinin, o dövrün görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında yeni araşdırma tipi meydana qoyan əsərdir. Kitabda Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinə aid 50-yə yaxın yeni material təqdim edilib. Buna baxmayaraq, bu önəmli hadisəyə qarşılıq verən bədii əsərlə rastlaşmadıq. Halbuki, tarixi-ədəbi proseslərin bədii-estetik mündəricə qazanmasına ehtiyac böyükdür. Yazıçı istənilən hadisənin təfərrüatına varılmasında tarixçi qədər əhəmiyyətli rol oynayır. Yəni ədəbiyyat və tarix yeganə sahələrdir ki, onların büllurlaşan guşə daşında zamanın obrazı görünə bilir.

Poeziya. 2017-ci ildə çap olunan şeir kitabları çoxluq təşkil etsə də seçilən mətn nümunələri kimi bunları qeyd edə bilərik: Qabilin 7 cildlik külliyatı, Firuzə Məmmədlinin “Söz macalı”, Salam Sarvanın “Heykəl tənhalığı”, Hədiyyə Şəfaqətin “Qapı”, Aqşin Evrenin “Mənfi sənsiz dərəcə”, Emin Pirinin “Sağ qalan varmı”, Tural Turanın “Tanrı qağaya ismarış”, Hikmət Orhunun “Qadın qolları dövrü”, Ulucay Akifin “Günəşə atılan mərmilər”, Məhərrəm Qasımlının “Saz başına döndüyüm”, Süleyman Abdullanın müharibə şeirlərindən ibarət “Qara beret” kitabı və s.

Ötən ilin ən gözəl şeirlərindən bir qismini Musa Yaqubdan oxuduq. (“Azərbaycan” jurnalı, № 5, 2017, “Ədəbiyyat qəzeti”, 13 yanvar, 2018). Ömür “ura”sına yazılan bu şeirlər duyğuların təbiət fonunda mənalanması, təbiəti poetik qavrayış idi əlbəttə, amma həm də həyat, yaşanılan, yaşlanan ömürlə bağlı ciddi poetik düşüncələrin məntiqi bağlılığı idi. İlin son günlərində yazdığı “Sən mənimləsən” şeiri ilə isə 81 yaşlı Musa Yaqub gənc nəslə belə meydan oxuya bildi. Şeirdə metaforaların uçuşu, lirik psixoloji vüsət, mənalı düşüncələr axarı orijinal intonasiya çalarlarında üzə çıxdı.

Nə yaxşı bilmisən xəstə halımı

Həqiqət eylədin xoş xəyalımı.

Sənin nəfəsindir, sənin əllərin

Oxşayır ruhumu, ovur alnımı-

Kövrəltdi əlimi isti yaşların.

Var ol, bu istəyə, təmasa görə,

Mənimçin Allaha yalvarışların,

Nə deyim bu nəzir-niyaza görə.

Mən indi bildim ki, sən mənimləsən.

Səlim Babullaoğlunun “Noyabr gündəliyi” silsiləsindən olan şeirləri də poetik siqləti ilə seçilə bildi. Şair anasının xatirəsinə həsr etdiyi bu şeirlərlə, ilk növbədə düşünürəm ki, mövzuya münasibətin özünü təzələmiş oldu.

Düz beş ildir demək olar heç nə yazmıram.

Ömrün qırx dördüncü payızında dünyam

qırx dördün payızındakı

dünya qədər xarabalıqdı.

yaddaşın saralmış xəritəsi əlimdə

uşaqlığın mücrüsünü axtarıram o uzaq,

yaxın, yad və tanış yerlərdə.

İriçınqıllı yaş qumsal zolaq, lal qayalıq,

bir də atılmış dəlik-deşik qayıqdı.

Sahildə cızılmış “ana” kəlməsindən

Ləpələr yuyur hər şeyi; Günəş yanmış

evin arxasından qürub edir.

Şeirin oxucu ilə baş tutan ünsiyyətinə səbəb müəllifin daxili yaşantılarının hamıya tanış həyati detallarla ifadə olunmasındadır. Ona görə bədii təsir qüvvəsi ilə seçilə bilir bu şeirlər. Obrazların reallığı, əyaniliyi poetik mənanın yaşarılığını şərtləndirən başlıca amilə çevrilir. Bu şeirləri anımlar silsiləsi də adlandırmaq mümkündür. Səlim Babullaoğlu kamera effekti yaradır, poetik lövhələrin ardıcıl dəyişimi bir ömrün dramasını göz önünə gətirir. Seirin forması həm də bununla, publisist və lirik intonasiyaların biri digərini əvəzləməsi ilə yeni estetik təcəssüm qazana bilir.

Ötən il poetik üslub çalarlarının zənginliyi baxımından seçilən bir il olmasa da, gerçəkliyi qavrayışda yeni görünən müxtəlif duyum tərzi bir neçə gənc şairin şeirlərində özünü göstərdi: Hədiyyə Şəfaqət, Aqşin Evrən, Elşən Mehdi, Faiq Hüseynbəyli, Emin Piri, Ümid Nəccari, Rəşad Nağı Mustafa, Günel Şəmilqızı, Orxan Bahadursoy, Tural Turan və b.

Hədiyyə Şəfaqət öz nəfəsi, ruhu olan şairdi, yeni dövr poeziyamızda adını inamla çəkə biləcəyimiz imzalardandı. Poeziyamızda qadın başlanğıclı şeirlərin vüsət alması 90-cı illərdən bu yana xarakterik hal olsa da, Hədiyyə Şəfaqətin şeirlərində bu, feminist nöqteyi-nəzərdən mətnə gətirilmir. Burada bütün hallarda qadın var, təslim olmağı sevməyən, amma mübarizələrdən də qaçan qadın. Sadəcə öz içinə yıxılıb yaşamağı tərcih edən qadın. Çünki bu qadının hüzuru hansısa iddia, istəklər sırasında deyil. Ruhun dincliyini tapdığı anda xoşbəxt olur, tapmayanda səssizliyə çəkilib ağlayır. Qınamır, taleyini ittiham etmir, üsyana qalxmır, sadəcə ağlayır. Hədiyyə Şəfaqət də poeziyamızda Elnaz Eyvazlı, Rəbiqə Nazimqızı, Günel Eyvazlı, Aysel Əlizadə kimi sevən qadını yazır. Bəlkə, poetik mexanizm bütün gücüylə işləmir, amma poeziya dalğası nəğmə kimi həzinləşdirir insanı.

Faiq Hüseynbəylinin şeirləri poetik sistem etibarilə tamdır, bütövdür. Onun şeirlərindəki mətləb bir şeirin ümumi axarında, intonasiya, ritm və ahəng vəhdətinin qarışığında yaranır, ayrılıqda bir misranın, yaxud beytin üzərinə yüklənmir. Sevgi hissi Faiq Hüseynbəylinin poetik mətnlərində ovqat, yaşam kimi doğula bilir.

Sənə gələn haqq yoludu, əfəndim,

Kölə canım xan da olsa, gələrəm.

Çağır məni, səssizlikdən ürpəndim,

Can üstündə can da olsa, gələrəm.

Dilə gətir içimdəki rübabı,

Bu quluna rəva görmə əzabı.

İki nədir, dünyaların hesabı

Beş də olsa, on da olsa gələrəm.

Elşən Mehdinin poeziyamıza yeni imza kimi gəlişi uğurludur. Şeirlərinin ümumi əhvalında R.Rövşən, V.B.Odər şeirinin hüznü boy versə də, xüsusən heca vəzndə meydana qoyduğu şeirlərində sözə yeni poetik nəfəs ötürə bilib. O nəfəs ki çağdaş şeirimizdə çox az hallarda təsadüf edirik. E.Mehdinin şeirlərində yeni poetik üslubun öz fərdiliyi, dəst-xətti, biçimi görünür, sözlər yüklüdür, rənglər yerindədir, təsvir israfçılığına yol verilmir. Bədii fikrin əsas axarını həyat, dünya və ölümlə bağlı düşüncələr təşkil etsə də, lirik ovqat həzin və işıqlı notlar üzərindədir:

Dünya bir az çətin olur

Çiyninə yük götürənə

Dost demişik demə bizi

Çıx gəz axtar qarış-qarış

Bir nəfər tap ruhu tanış

Bütün sirlərini danış

Kədər çəkib həsrət qalmaq

Nə oyundu, nə oyuncaq

Sevgi gözəl hissdir, ancaq

Bir məqama da toxunmadan ötə bilmirəm. Çağdaş şeirimizdə şeirin leksikonu bilərəkdən ibarələrlə doldurulur, qaba erotizm, hadisələrə çılpaq, birbaşa münasibət, prozaik ifadə meydan sulayır və bu hallar modern düşüncənin, yeni yanaşmanın əlaməti olaraq gətirilir poeziyamıza. Bu çatışmazlıq yalnız ötən ilin poeziyası üçün xarakterik deyil əlbəttə. Lakin ilbəil gözləmə mövqeyi tutub yeni nəfəs doğuluşuna, yeni poetik düşüncənin estetik biçimdə təzahür məqamına təşnə olurkən əksinə naqis olan köhnənin rişələndiyini sezirik. Bu, xüsusən sevgi şeirlərində daha aydın nəzərə çarpır. Məncə, mövzunun modern səviyyədə ifadəsinə nail olmaq o zaman mümkünləşir ki, bu, təfəkkür, düşüncə və dil hadisəsi kimi gerçəkləşsin, poetexnik islahat əzmindən doğsun, görüntü, dəb, psevdomüasirlik effekti sərgiləmək xatirinə yazılmasın. Məsələn, istedadlı şair və nasir kimi tanıdığımız Ümid Nəccarinin sevgi himni kimi səslənən aşağıdakı şeirində olduğu kimi:

Səni yaşamaq lazım,

bir ağac kimi bahar günündə,

bir qaya kimi üzü dənizə,

bir ümid kimi sevə-sevə!

Səni yaşamaq lazım,

yaşıl-yaşıl yarpaqları tökmədən,

bir Mövlanə, Şəmsə olan kimi,

sənə Kərəm kimi yanmaq lazım,

səni yaşamaq lazım.

Tərcümə. Ötən il tərcümə əsərləri sırasında Migel Delibes “Seçilmiş əsərləri” (Saday Budaqlı), Culian Barns “Aqibət duyğusu (Seyfəddin Hüseynli); Qismət Rüstəmovun tərcümə etdiyi “Ədəbiyyatsız dünya” esselər toplusu, eləcə də Vladimir Nabokovun “Rus ədəbiyyatından mühazirələr” kitabı, müasir İran poeziyasını əhatə edən “Dostun evi haradadır” antologiyasını qeyd edə bilərik. Artıq üçüncü ilə yaxındır ki, Əyyub Qiyas “Ədəbiyyat qəzeti”ndə Nobel alan yazıçıların əsərini silsilə olaraq təqdim edir. Eləcə də gözəl yazıçımız Dilsuzun təqdimatında türk poeziyasından seçmə örnəklər oxucunun ixtiyarına verilir. Qeyd edək ki, Nazim Hikmətin “İnsan mənzərələri” əsəri də ilk dəfə məhz Dilsuzun təqdimatında milli ədəbiyyatımızda əks olunma dövrünü yaşayır. Həmçinin gözəl şairimiz Məmməd İsmayılın dünya yazarlarından etdiyi tərcümələr və onların oxuculara tanıdılması yönündə xidmətləri qeyd olunası vacib məqamlardandır.

Esse. Esse janrı bədii əsərlərin təhlili ilə məşğul olmaq yükündən özünü xilas edib, əvəzində ədəbiyyata daha geniş ərazidə, ölçü və miqyasda, heç nəyin qoşqusu olmadan, müstəqil konteksdə nəzər yetirməyin gərəkliyini sübuta yetirməkdədir. Burada da, başlıca predmet ədəbiyyatdır, müəlliflər məhz ədəbiyyat müstəvisi üzərində özlərinin ədəbi-fəlsəfi düşüncələrini oynadır, müxtəlif mətnləri eyni kontekstə yerləşdirib müqayisəli təhlilə üstünlük verirlər. Ötən il janrın inkişafı baxımından işlək bir dövr oldu. Mətanət Vahidin elmi və ədəbi üslubunun uğurlu birgəliyindən hasilə gələn mətnlərindəki əsas məziyyət sehirli, duyğusal, qavramı fərqli şəkildə qoyulan dünyanın bədii sözün axarında üzə çıxarılmasıdır. Xüsusən, müəllifin ədəbiyyatı intermediallıq kontekstində təhlilə cəlb etməsi, onu daha geniş bədii-mənəvi ərazidə dərki məqamları – kino, teatr, moda, iqtisadiyyat kimi sahələrlə bağlılığını araması meyilləri yenilik ruhu ilə bərabər fərqli düşüncə sferalarına çıxmaq baxımından əhəmiyyətlidir. Digər müəlliflər – Sərdar Amin, Günel Eyvazlı, Ülvi Babasoy, Cahan Seyidzadə, Xuraman Hüseynzadə, Azər Qismət, Kənan Hacının il boyu çap olunan esseləri də janrın dinamikliyi istiqamətində əhəmiyyəti ilə seçildilər. Nərmin Kamalın “Küçədən Keçən Adam haqda yazılar”, Cəlil Cavanşirin “Sola dönmək qadağandır” adlı esselər kitabı çap olundu. Həmçinin Fərid Hüseynin “Hər kəsin öz eşqi” və “Ömür – doğum günü hədiyyəmiz” kitabları meydana qoyuldu. Müxtəlif şairlərin həyat yoldaşları ilə müsahibələrin yer aldığı birinci kitab tanıdığımız şair obrazlarının qadın nəzərlərindən təsvirə çəkilməsi, onların yeni görüm bucaqları ilə dərk olunmasına imkan yaradır. Gənc və istedadlı şair Fərhad Metenin qısa ömür bioqrafiyasına həsr olunmuş ikinci kitab isə öz sənət baxışı, diri qalan xatirələri, yaddaşa hopmuş yaşantıları ilə “işıqlı qəm içində” yazılan poetik etüddür.

Qeyd edək ki, yola saldığımız il kino və teatr estetikasına yönələn baxışın sistemliliyi və daim diqqətdə saxlanması, Azərbaycanın müasir mənəvi mədəniyyətinə daha çox yaxınlaşmaq baxımından əlahiddəliyi ilə yadda qaldı. Qanturalının teatr, kino, ədəbiyyat yönündə esseləri öz polemik ruhu ilə mövzuya münasibətdə fərqli estetik baxış yarada bildilər. Ən son tamaşa və kinolarla bağlı resenziya nümunələrini Aliyə, Sevda Sultanova və Samirə Əşrəfin təqdimatında izlədik. Sevda Sultanovanın “Kulis.az” saytında yayımlanan “Naməlum kino” layihəsi milli kino tariximizin uzaq, kənar qalan faktlarını dövriyyəyə qatmaq baxımından gərəkli hesab olunmalıdır. Eləcə də “Ədəbiyyat qəzeti”nin “Dördüncü divar” layihəsində Samirə Əşrəfin təqdimatında incəsənət xadimləri ilə aparılan söhbətlər, “525-ci qəzet”də Pərvinin dərc olunan kino və teatrla bağlı silsilə yazıları, o cümlədən, teatr görüşlərini əks etdirən “Səhnə” kitabı kino və teatr sənətinin mahiyyətinə, bədii-estetik qavrayışına kömək edən nümunələr kimi səciyyəvidir.

Tənqid və ədəbiyyatşünaslıq. Çağdaş ədəbi mühit qarışıq təsir bağışlayır, fərdi üslublar büllurlaşıb önə çıxmır. Yeni yaradıcılıq axtarışları görünmür, ədəbi gəncliyin ruhunda dağınıqlıq, pessimist əhval-ruhiyyə hakimdir. Tez-tez rastlaşdığımız bu hal gənclərin klassiklərdən heyif çıxma tendensiyasında özünü daha bariz göstərir. Bunu ona görə deyirəm ki, ötən il klassik irsə münasibətdə bəzi ifratlar özünü göstərdi. Daha çox isə S.Vurğuna münasibətdə hakim oldu bu ifratlar. Əlbəttə, heç kim büt deyil, ədəbiyyatda adı, sözü keçən hər kəslə bağlı fikir bildirmək yasaqlanmamalıdır. Üstəlik, klassika özü özünü mətn olaraq qorumağı bacarmırsa, deməli, deyilənlərin hardasa həqiqət çaları da var. Burda problem sadəcə nədə özünü göstərir? Bir tərəfdən əlbəttə ki, pozulan meyarların, zədələnmiş psixi şüurun neqativlərində. Digər tərəfdən isə müstəqillik dövrünün yazarının keçmiş irsi dəyərləndirmədə formalaşmış yanlış təsəvvürlərində. Lixaçovun bir fikrinə istinad etmək istəyirəm: “Biz keçmişin estetik mədəniyyətini müasir təsəvvürlərdən çıxış edərək dərk edirik. Bu həm düzdür, həm də dərindən səhvdir”. Müstəqilliyi qazandığımız bu illərdə bizdə yaradıcılığı mübahisə predmetinə çevrilmiş bir çox şəxsiyyətlərin əsərləri çağdaş dəyərlər kontekstində öz qiymətini almayıb. Tarixi faktlar, situasiyalar, yaddaşa münasibət məsələsi yeni reallıqlarla dərk olunub meydana qoyulmayıb. Niyə? Çünki əksər tədqiqatlarda da bu şəxsiyyətlər “mif” kimi tədqiq olunub. Yaradıcılıq incəlikləri deyil, rejim mürəkkəblikləri önə keçib. Təbii ki, zaman faktoru şəxsiyyəti dəyərləndirmədə meyar rolunu oynamalıdır, kimisə tarixi ədəbi prosesin inkişaf kontekstindən ayırıb tədqiqat predmetinə çevirmək metodoloji yanlışlıqdır. Amma etiraf edək ki, bəzən bu amil tədqiqatçını inersiya ilə istiqamətləndirib. S.Vurğunun istedadlı şair olduğunu isbat eləmək üçün mütləq siyasi gerçəkləri sıralayıb sanki nəyinsə bəraətini axtarmışıq. Halbuki, S.Vurğunun istedadı onun poetikasını incələyən mətnlər vasitəsilə müasir mövqedən əyaniləşməli idi. Yəqin belə olsaydı, müstəqillik dövrünün yazarı da məhz azad ədəbi müstəvidə dayanıb özünü ideologiyaya tabe olan, siyasi müdaxilənin qaçılmaz etdiyi S.Vurğun şeiri ilə deyil, məhz mətn, sənət faktı olan, bəlli bir meyar, estetika daşıyıcısı S.Vurğunla müqayisə etməyə lüzum görməzdi.

Ümumiyyətlə, tarixi-ədəbi prosesin xarakter və çalarlarını dərk etmədən müasir prosesi təhlil etmək və qiymətləndirmək, onun şərhinə və dərkinə girişmək metodoloji baxımdan doğru deyil. Ona görə də müasir prosesə klassik ədəbiyyatın təcrübəsini çatdırmaq, hadisənin, faktın etnik-tarixi tipini müəyyənləşdirmək üçün ədəbiyyatşünasların bu gün öz qüvvə və bacarığını birləşdirməsinə ehtiyac dünənkindən daha böyükdür. Bu üzdən akademik İsa Həbibbəylinin ədəbiyyat tarixçiliyi istiqamətində il boyu çap olunan məqalələribu məsələyə son dərəcə ciddiliklə yanaşaraq, keçmiş tarixçilik ənənələrindən heç də sərf-nəzər edilmədən obyektiv, tarixi qanunlar və qanunauyğunluqlara səriştəli yanaşma meydana qoyur. Ədəbiyyat tarixinin təsnifinin əsasında duran meyarları, prinsipləri və struktur vahidlərini müəyyənləşdirmək vəzifəsinin həllini arayan bu yazılarda Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi ilə əlaqədar ədəbiyyatşünaslığın irəli sürdüyü tədqiqat ideyalarının elmi mənzərəsi verilir, yazılı ədəbiyyatımızın mənşəyi, onun dövrləşdirilməsi məsələsi, maarifçilik dövründə yaranan ədəbiyyatın elmi təsnifatı aparılır, ümumiyyətlə, bütün Azərbaycan ədəbiyyatı barədə mövcud metodoloji qənaətlərə diqqət yönəldilir.

Nizami Cəfərovun “Afaq Məsud dünyası” və “Elçin. Yazıçının yaradıcılıq yolu” kitablarını bir yazıçının yaradıcılıq yolunun təhlil predmetinə çevrilməsi istiqamətində, bütünlükdə XX əsr nəsrinə yönələn baxışın sistemli təzahürü saymaq olar. Daha sonra Rüstəm Kamalın “Güzgü günü”, Azər Turanın “Fəryadın metafizikası”, İradə Musayevanın “Ceyms Coysun “Uliss” romanı və ədəbiyyatda devrim”, Nərgiz Cabbarlının “Qurtuluşdan sonrakı ədəbiyyat” kitabları ədəbi tənqidin ötən ildəki funksiyasını təsəvvür etməyə imkan verir. Bura həmçinin il boyu ədəbiyyatımızın müxtəlif yaradıcılıq problemləri ilə çıxış edən imzaların – Vaqif Yusifli, Məti Osmanoğlu, Cavanşir Yusifli, Tehran Əlişanoğlunun tənqidi yazılarını da əlavə etsək yetərincə dinamik mənzərə yaranar. Həmçinin tənqidçi olmayan şəxslərin ədəbi proseslə bağlı yazıları da ümumi mənzərəni ifadə etməyə şərait yaradır. Məsələn, Qəşəm Nəcəfzadənin “Ulduz” jurnalında “Gənc şairlər haqqında tənqidi qeydlər” məqaləsi müasir poetik mənzərəni tənqidi duyumla təhlilə çəkən nümunə kimi yaddaqalandır.

Adətən, tənqidin gücü ədəbiyyata bağlı məsələdir. Tənqidin məhsuldar işlədiyi bütün dövrlərdə onun fəaliyyəti məhz ədəbi əsərlər haqqında mühakiməsinin çəkisi, tutumu ilə şərtlənib. Bu mənada müxtəlif ədəbi növlərlə tənqidin gedişi sinxron rabitədə baş verib, biri digərinin fəaliyyətini şərtləndirib. Ötən il tənqidin fəaliyyəti meydana qoyulan müxtəlif janrlı mətnlərə yazılan resenziyalarla, portret və problem yazılarla yadda qalsa da, ümumən ədəbiyyatmızda mövcud olan problemlərin çoxluğu tənqidçilərə cari ədəbiyyata köklənməyə imkan vermir. Bunu tənqidçilərin ötən il qələm işlətdikləri fəaliyyət sferası da sərgilədi, bu fəaliyyətin sonucu kimi ərsəyə gələn tənqid kitabları da.

“Güzgü günü” Rüstəm Kamalın “Ədəbiyyat qəzeti”ndə çap olunan esselərindən ibarət kitab kimi ərsəyə gəlmişdir. Ədəbiyyatşünas alim Məti Osmanoğlu kitabın ön sözündə qeyd edir ki, “ədəbi tənqidə ədəbiyyatşünaslığın “qeyri-rentabelli” sahəsi kimi yanaşan R.Kamalın esseləri tənqidçi təhlilindən təmamilə fərqlənir. Bununla belə, onun müasirlik anlayışı ilə bağlı mülahizələri (“Müasirliyin hüdudları, yaxud ədəbiyyatşünaslığın nəfəsi”) ədəbiyyatşünaslığımız və tənqidimiz üçün yeni görüm hədəfi müəyyənləşdirir”. Haqlı mülahizələrdir. Məhz yeni görüm bucağı! Rüstəm Kamal tənqidinin rəng spektrində incələnən assosiasiya çalarları, məna oyunları rəngarəng və çeşidlidir. Hamımızın süjet, mövzu, problematika məsələlərinə aludə olduğumuz mətn müstəvisində onun axtarışları özgə səmtləri nişan alır, ağlagəlməz paralelliyə yol açır. Bəzən mətnlərdəki ilğım kimi görünüb yoxa çıxan nəsnələr, baxıb önəmsəmədiyimiz məqamlar Rüstəm Kamalın yaradıcı zəkası üçün əsl təhlil predmetinə çevrilir, onlardakı ahəng və məna düzümü, səs və rəng polifonizmi tənqidçinin duyğu və düşüncələr axarına vahid məcra verən bədii fabula rolunu yerinə yetirir. Məqalələrin adları belə artıq fikirlərimizin təsdiqidir: “Molla Pənah Vaqif və Səməd Vurğun: felin karması”, “Mirzə Cəlilin teleqraf poetikası”, “Əbdürrəhim bəyin stomatoloji fantaziyası”, “Yuxudan oyanma qorxusu: Frans Kafka və Mirzə Cəlil”, “Fonoqraf: Mikayıl Müşfiq və Asəf Zeynallı”, “Üç Aleksandr, yaxud “dekabrist” gülü qışda açır”, “Repressiya yuxuları” və s.

Azər Turanın “Fəryadın metafizikası” əsərində modernizm cərəyanı, onun dünya ədəbiyyatında qoyuluşu və təzahür şəkilləri modern bir təfəkkürlə araşdırılır. Kitab bütünlükdə XX əsrin estetik dalğası üzərindədir, onun tarixini, inkişaf meyillərini, çağdaş milli və dünya ədəbiyyatı kontekstində mövqeyini öyrənmək baxımından zəngin material verir.

Ədəbiyyat tarixi həm də cərəyanlar tarixidir. Bu kontekstdə araşdıranda tipoloji baxımdan XX əsr Azərbaycan ədəbiyyatı XIX-XX əsr dünya ədəbiyyatına nəzərən səciyyələnir, xüsusilə əsrin birinci iki onilliyi həmin faktların təzahürünü verir, Avropada əsası qoyulmuş cərəyanları, ideya-estetik fəlsəfə sistemlərini təcəssüm etdirir. Azər Turanın hər iki qütbün ədəbiyyatına, onların özünəməxsus inkişaf qanunauyğunluğuna vaqif olması ona beləcə, müxtəlif analogiyaları yanaşı verməyə zəmin yaradır. Müəllif iki onildən artıq bəhs edilən məsələyə problemin qoyuluş şəklindən başlamır, onun səbəbləri deyil, nəticələri üzərinə diqqət çəkir. Boşluq hardadır, milli ədəbi-ictimai düşüncənin hansı qatında? Modernizmin mövcud kontekstini müəyyənləşdirmək, dünyabaxış sistemində mövzuya müraciətin imkanlarını meydana çıxarmaq, yeni paradiqmaların fonunda qərarlaşan prinsipləri qarşılaşdırmaq yolu ilə cərəyanlar məsələsini dövriyyəyə qatmaq. Beləcə, Avropa ədəbiyyatında gedən modernizm prosesinin üzün və sürəkli yolunun Cənab Şihabəddin, Əhməd Haşim, Yəhya Kamal Bayatlı, Nazim Hikmət, Orxan Vəli, Cahit Sıtkı Tarançı, Edip Cansevər, Cəmal Sürəyya və başqa şairlərin yaradıcılığı əsasında mənzərəsini verir.

İradə Musayeva boşluqlar üzərində dayanan, təhlil sferasını o istiqamətə yönəldib araşdırmalara meyil göstərən tənqidçidir. Ötən il müəllifin repressiyanın 80 illiyi münasibətilə silsilə olaraq yazdığı “Sözlərin rəng assosiasiyası. Qara rəngli “repressiya”. ” məqalələri dövrün ictimai-siyasi ab-havasını görükdürmək, diqqəti məşum faciə qəhrəmanlarının ömür bioqrafiyaları üzərinə yönəltmək, 1937-ci ildə yaşanan ümummilli iztirabın sosial miqyasını və şiddətini öz məzmununda ifadə baxımından əhəmiyyətli sayılmalıdır. Eləcə də tənqidçinin “Ceyms Coysun “Uliss” romanı və ədəbiyyatda devrim” kitabı. Ədəbiyyat aləmində təlatüm yaratmış və nəsrin yeni istiqamətini müəyyən etmiş “Uliss” romanı bu gün də birmənalı olaraq qəbul edilmir. Bildiyimiz kimi, “Uliss” çətin oxunan romandır. Yəni əsəri oxumaq oxucudan yalnız səbr deyil, həm də elmi-intellektual səriştə, nəzəri hazırlıq tələb edir. Digər tərəfdən, Coysun romanı bizim öyrəşdiyimiz klassik romanlardan fərqlənir, izahat metodu fərqlidir. “Uliss”lə bağlı isə bədii düşüncənin özündə bir boşluq vardı. Oxucu ilə əsər, tərcüməçi ilə əsər, yaradıcı insanla əsər arasına qarşısıalınmaz bir sədd çəkilmişdi. İradə Musayeva ilk növbədə bu səddi aradan götürməyə çalışdı. Bu əsərin qayəsində dayanan əsas mürəkkəblik nədən ibarətdir? Mövzu, mündəricə nədir? “Ceyms Coysun “Uliss” romanı və ədəbiyyatda devrim” kitabında bu suallara cavab aranır. Həm də Şərq ədəbiyyatı ilə müqayisəli kontektdə, oxşar tipoloji təsnifatı aparmağa imkan verən mətnlərin bir estetik müstəviyə gətirilməsi ilə.

Ötən ilin tənqidlə bağlı yekun sözünü zənnimcə, Elçinin “Söz azadlığı tənqidimizə nə verib?” silsilə məqalələri dedi. Bu məqalələrdə bədii təcrübənin müxtəlif təmayüllərindən doğan və elmi-tənqidi düşüncənin mərkəzinə çəkilən köklü problemlər qaldırıldı. Həm də üslubunun məziyyəti sayəsində prosesə münasibətdə həm əhatəlilik, həm də ciddi elmi-nəzəri qanunauyğunluqdan çıxış edildi, ciddi elmi polemikaya yol açıldı. Belə ki, İradə Musayevanın “Xalq yazıçısı Elçin Əfəndiyevə cavab. “, Qanturalının “Söz azadlığında düşən dolu və ya ədəbi sətəlcəmlik diaqnozu” və mənim “Polemikaya sözardı, yaxud öyünə biləcəyimiz ədəbiyyat” məqalələrim Elçin məqalələrinin doğurduğu təsir nəticəsində ərsəyə gəlmişdi.

Bu məqalələrin əhəmiyyəti onda idi ki, yalnız müsbət məqamlara istinad etmirdi, problemləri dilə gətirirdi, ədəbi tənqidimizdə mövcud olan bir sıra çatışmazlıqlarla bağlı məsələlərin mahiyyətinə enirdi, tənqidlə çağdaş ədəbi proses arasında ögeylik, qarşıdurma hallarının olması, tənqidin yeni yaranmış mətnlərə dəyər vermək missiyasından uzaqlaşması, klassik ədəbi irsin milli dəyərlər işığında çağın dövriyyəsinə qatılmaması kimi hallar bu məqalələrdə qabaran başlıca amillər idi.

  • Təbriz Universitetində Azərbaycan dilində kitablar paylanıldı
  • Azad Cəfərli vəzifəsindən azad edildi
  • Rüstəm İbrahimbəyova həsr olunan jurnal çap edildi

2018-ci il: ədəbi tənqid refleksləri. – Müxbir üzvün qeydləri – Tehran ƏLİŞANOĞLU yazır

Çox hörmətli xalq yazıçısı və tənqidçi Elçin 27 fevral 2019-cu il tarixində AYB-nin Natəvan zalında ədəbi tənqidə dair “Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq?” vurğusu altda məruzə ilə çıxış etdi. Məruzə üç məqalə şəklində “525-ci qəzet” və “Ədəbiyyat qəzeti”ndə (2, 8, 16 mart 2019) çap olundu və rəsmi ədəbi dairə və instansiyaları həmişəki təki bir yel olub silkədi. Bugünlərdə məruzə kitab şəklində də (Bakı, “Təhsil”, 2019) çıxdı. Zira Elçinin zaman-zaman “tənqidi tənqid” çıxışlarının başlıca önəmi də bu: hər vaxt bizi “ol uyqudan bidar” etmədə. Elçin bu dəfə də tənqidçiləri ətalətdə qınayırdı və Sözə, Ədəbiyyata münasibətdə ədalətə çağırırdı. Zira məsuliyyətimizi janrın boynuna atmayaq!

Əslində, heç atmaq imkanımız da yox… Əgərçi bir az metafizikasına dalsaq, Elçinin özünün də daim “bidar” bu qəbil çıxışları daxil olmaqla, belə görünür ki: bizdə “tənqiddən şikayət” bir növ onun (janrın) yaşama və hərəkət düsturuna çevrilmiş. Məsələn, “Tənqid.net”in 2016-2017-ci illəri əhatə edən 2018-ci ildə çapdan çıxmış 12-ci sayından belə bir passaj: “Belə. Onlar tənqidə yox dedi. Amma biz vardıq: v.yusifli, c.yusifli, bir də mən. Onlar tənqidə yox dedi. Biz bir az da çoxaldıq: v.yusifli, c.yusifli, ə.cahangir. bir də mən. Onlar tənqidə yox dedi. Biz yenə də vardıq: v.yusifli, c.yusifli, ə.cahangir, b.əlibəyli, nər.cabbarlı. və mən. Onlar tənqidə yenə yox deyir. R.kamal: “Azərbaycanda şairlər nə qədər desən, tənqidçi istedadı isə tək-təkdir. ” v.yusifli, c.yusifli, e.akimova, nər. cabbarlı, i.musayeva. bir də mən”.

Etiraf edim: Elçinin ədəbi tənqidimizin son 30 illik mənzərəsinə “bir nəzər” yetirən məruzəsində (ikinci adı belədir: “Tənqidimiz və ədəbi prosesimiz ətrafında bir neçə söz”) müəyyən qədər kədər notları da duydum; nədən ki, nədən biz hələ də, hələ də ədəbi-tənqidi gəlişmədə sosrealizmin alternativini yarada bilməmişik, deyək ki, Vissarion Belinskidən Rolan Barta adlayammamışıq. (Məruzədən: “. bu gün Belinski kimi yazmaq olmaz – fikri zaman faktorunun vacibliyindən, hətta mən deyərdim ki, mütləqliyindən doğur və bu, elə həqiqətdir ki, mübahisəyə yer yoxdur. “) Amma insafən, oxucuların diqqətinə çatdırmağa hazırlaşdığım, haman o 30 ilin lap son – 2018-ci il ədəbi yekunlarına dair məqaləmdə mən həmin bu kədər ovqatını heç vəch bölüşə bilməyəcəm; açığı, müstəqillik havasının ağzına alıb gen-bol gətirdiyi hər növ “tənqid refleksləri” bu fürsəti mənə vermir.

Aydındır ki, məruzədə Elçinin tam obyektiv “qınağı” (və kədəri!) məhz bu “gen-bolluq” stixiyası içərisində Ön mövqenin, ədəbi tənqidin Öncül platformasının görünməməsi, bilinməməsi, sərgilənməməsi səbəbinədir. Necə ki, bir zamanlar 60-cıların estetik platforması Ön mövqedən sosrealizmi yenirdi, 70-80-ci illərin modernist müstəviləri hər gün bir yeni Ön mövqe nümayiş etdirirdi. Ön mövqe narahatlığı 1990-cı illərin olduqca nigaran “müstəqilliyə keçid” əhvali-ruhiyyəsində də qorunub- saxlanırdı (təkcə elə Elçinin “Ədəbi proses: olum və ya ölüm” silsiləsini yada gətirmək bəsdir) və hətta 2000-ci illərin əvvəllərinin təklif etdiyi kəskin mövqe savaşlarında da təslim olmaq istəmirdi (bircə elə Elçinin “ədəbiyyatda lümpenləşmə”yə qarşı “Vaysman xəstəliyi” silsiləsini anmaq kifayətdir).

Sual olunur. Bu gün kimdir öz tənqidçi imicini, “tənqid platforması”nı məhz ədəbi prosesin (oxu: Ədəbiyyatın!) Ön cəbhəsi, Ön mövqeləri, Ön manifestləri, Ön tələbləri iddiası-sevdası-həvəsi. cidd-cəhdi ilə quran, yeridən, ardıcıl gəlişdirən?

Bəlkə bir az bunu “Ədəbiyyat qəzeti”nin baş tənqid yazarı Elnarə Akimova haqqında söyləmək olar. Ötən il ərzində moderatorluğu ilə ədəbiyyatın müxtəlif problemlərinə dair “dəyirmi masa”ların təşkili (“Repressiya: gizlin və gerçəkləri ilə” – 20, 27 yanvar 2018; “Azərbaycan Cümhuriyyəti: tarixi, siyasi və ədəbi-fəlsəfi aspektləri ilə” 17, 24 fevral 2018 və s.), diskursiv hekayə axtarıcılığı, uğurlu nəsr və poeziya nümunələrini ardıcıl təfsir və təhlili, müxtəlif gündəm mövzularını aktuallaşdırması və günün təklif etdiyi ən müxtəlif müsabiqələrdə irəli çəkilmiş ekspert mövqeyi. Doğrudur, bəzən Elnarə xanımın intensiv tənqid fəaliyyətində gündəlik qəzetçilikdən gələn bir “peşə avtomatizmi”, normativ ritual notları da yox deyildir, amma tənqidçinin ədəbiyyatımızın son yarım əsrlik estetik təcrübəsindən çıxış edərək, ədəbi prosesi ardıcıl gəlişdirmək əzmi də danılmazdır. Bu belə.

Bir az da bu mövqeni bəlkə tənqidçi Nərgiz Cabbarlının “Azərbaycan” jurnalında dürüst, səliqəli, gündəm vurğuları yerli-yerində ədəbi müsahibələri (“Ölkədə kitabları ən çox satılan üç yazıçıdan biri – yazıçı Varislə”, “Azərbaycan”, № 9, 2018; “Çalışmaq və irəliyə ümidlə baxmaq – akademik İsa Həbibbəyli ilə”, “Azərbaycan”, № 10, 2018 və s.) və roman əndişələrində (“Müasir roman: həqiqətdən simvolikaya”, “Azərbaycan”, № 6, 2018) görə bilərik. Nərgiz Cabbarlı tənqidində məxsusi fərqli mövqe iddiasında olmasa da, son onillər ədəbi prosesinin sorumlusu, sıra “Yeni nəsil ədəbiyyatı” kitablarının müəllifi kimi, şəksiz ki, göz qabağında, üzərinə düşən məsuliyyət və borc duyğusu ilə daim Ön sıralarda səriştə nümayiş etdirir. Bu da belə.

Tənqidçi İradə Musayevanın bir zaman əvvəl mentor ədası ilə bütünlükdə çağdaş ədəbiyyatımıza dərs vermək həvavü həvəsi ötən il xeyli səngidisə də (görünür ki, Elçinin “525-ci” və “Ədəbiyyat qəzeti”ndə “Söz azadlığı tənqidimizə nə verib?” silsilə tənqidi təsir və təpkisini göstərmiş- bax: Tənqid.net, № 12, 2016/2017), tənqidçinin “böyük ədəbiyyat” cəfakeşliyi ilə Ön cəbhə açmaq ehtirasları, şəksiz ki, nəzərdən qaçmadı. İradə Musayeva “böyük pərişanlıq”dan sonrakı (yada gətirək Elçinə cavab məktubunu) depression enerjisini, əvvəlki gücdə olmasa da, ötən il daha çox ədəbiyyatın sosial şəbəkə “qara sevdalıları” ilə bölüşdü, paylaşdı.

Və bir də Elçinin, məruzəsində əvvəldən-axıra polemika etdiyi Əsəd Cahangirin “alilər xaki-məzəllətdə. “, ədəbiyyatda durmadan “böyük hadisələr” araçılığını yapan başdan-başa “polemik cığallıqlar” tənqidi. Gərək ki, vəssalam.

Bütün bu cidd-cəhdləri, tənqidçi Elçinin özünün də janrın məsuliyyətinə çağıran usanmaz çabaları daxil, alqışlamalıyıq, əlbəttə. Amma bir daha, bir daha Elçin “kədəri”nə hali olaraq ki, hazırda ədəbi prosesdə Ön dəyər axtarışları (Belinski mövqeyi) çox da səmərə vermir.

Yeri gəlmişkən, bu sıradan Vaqif Yusifli tənqidinin “Belinski statusu” barədə polemikada mən də Elçinin tərəfindəyəm ki: tənqidçinin məhsuldar fəaliyyətində “Belinskinin ədəbiyyat təəssübkeşliyi, Belinski səriştəsi, Belinski zövqü və intuisiyası dəyişməzdir” bəlkə də; ötən il 70 yaşını bayram etmiş Vaqif Yusifli həmişə olduğu kimi, yenə də “Belinski kimi öz ədəbiyyatına xidmət etmək, onu qaldırmaq” səylərini qətiyyən səngitmir (təkcə elə il ərzində “525-ci qəzet”də, “Ədəbiyyat qəzeti”ndə, “Ədalət”də, “Azərbaycan” və “Ulduz” jurnallarında tənqidin gündəlik Sizif əzabını çəkməsini göstərmək bəs edir). Amma deməzdim ki, bir zamanlar 1970-1980-ci illərdə və hətta 1990-2000-ci illərdə olduğu təki tənqidçinin “belinskiçilik” şövqü, ədəbi tənqiddə Ön mövqe iddiası və israrları eynən dəyişməz qalır; əksinə, indi prosesdə “belinskiçilik” iştahında olanlar daha çox onu bu “mərəz”də suçlayanlardır. Vaqif Yusifli tənqidçi ömrünün müdrik çağlarını yaşayır və o işləri görür, o yazıları yazır ki, ədəbiyyatımızda ondan özgəsi, istəsə də indən belə o əlçatmaz yerlərə gedib çatammayasıdır. Vaqif Yusiflinin son illərdə qələmə aldığı “Ədəbi əyalət” sırasından yazılar və ayrıca kitabları (“Bölgələrdə ədəbi həyat”, Bakı, 2017; “Şabranda ədəbi həyat”, Bakı, 2019); məxsusən ötən il “Köhnə kişilər” silsiləsindən Əkrəm Cəfər, Qulam Məmmədli, İmamverdi Əbilov, Məmməd Cəfər, Qılman İlkin, Ənvər Məmmədxanlı, Əli Səbri və s. “uzaqlar”a işıq salan portret-oçerkləri təkrarsız mətnlərdir. Bu ki, Vaqif Yusifli özü də indi tənqidimizdə “köhnə kişilər”dən sayılır.

“Tənqid.net”in 12-ci sayından daha bir passaj yerinə düşür: “Belə. Tənqiddə hər aşiqin öz dövranı. Son sovet, milli varlığın restavrasiyası dövrü – n.cəfərov; müstəqilliyə keçid dövrü – t.mustafayi; əsrin əvvəlləri qarışıqlıq dövrü – ə.cahangir; sonrakı diletantizm dövrü – c.yusifli. Bütün dövrlər – v.yusifli. Və Azər-turançılıq – R.kamal və “qadın tənqidi”. Perpetium-mobile. ” Bəzi həmkarlarımın yanlış yozumlarına rəğmən, hədəfimdə zəmanənin sürəkli dəyişkənliyidir. Belə ki, Belinski statusunda, ya Rolan Bart tərzində tənqidin ədəbi prosesdə klassik yeri, funksiyası: seçmə-ayırma, mühakimə yolu ilə ədəbi faktları, hadisələri, əsərləri, ümumən ədəbiyyatı dəyərləndirmə missiyası dəyişmir; intəhası həssas olarsaq, müstəqilliyimizin otuz ili ərzində ədəbi prosesin özünün strukturu, necə deyərlər, poetikası dəyişmiş. Ədəbiyyatda, ədəbi prosesdə olduğu kimi, tənqiddə də Öndən Mərkəzə doğru bir sürüşmə baş vermiş; ədəbi tənqid missiyasını Ön dəyər axtarıcılığından (haradasa oralarda, “olmadığımız yerlər”də) daha çox Mətnin (Ədəbiyyatın) dərinliklərinə – “sirr axtarıcılığı”na yönəltmiş.

Biz də (yerimizi) dəyişək. Ötən ilin “ədəbi proses və tənqid” müstəvisini ən çox işğal edən imzalardan Kamal Abdullanın, Nizami Cəfərovun, Cavanşir Yusiflinin, Rüstəm Kamalın, Məti Osmanoğlunun, Azər Turanın baxış bucaqlarını sürəkli gördük, izlədik, ədəbiyyatımıza təsir imkanlarının şahidi olduq.

Bir zamanlar Asif Əfəndiyev tənqidinin küncə sıxışdırıldığından bəri bizdə esselər sanki əlahiddə, ədəbi-tənqidi prosesə “əlavə”, “haşiyə” olaraq alt-yaddaşa ötürülmüşdü; amma Kamal Abdullanın otuz il ərzində, habelə 2018-də bir daha intensivləşmiş “Əvvəl-axır yazılanlar”ının, bir anlıq düşünsək, ədəbiyyatımıza baxış tərzi və oxucu zövqünü nə qədər dəyişdiyinin fərqindəyikmi?! Qərb dəyərlərinə mükəmməl bələd olan ədib, amma “tənqid məxrəci”ni XVIII əsrdən, şərqli Hacı Mir Həsən Ağanın “sirrlər kitabı”ndan quraraq, ədəbiyyatımızı uğurla modern üfüqlərə daşımaqda. “Hacı Mir Həsən ağa Səyyah. Sirlərin sərgüzəşti. Hicri 1056. V risalə. Payız fəsli. Bu yazı tərzi Hacı Mir Həsən ağaya xas cəhətdir. Digər əsərlərində də o, bu tərzdən yer-yer istifadə edib. Müəllif, sanki müxtəlif dəyişmələr vasitəsilə mahiyyəti daha dərindən görmək istəyir və beyninin bütün qırışlarını işə salır. Amma nəyə nail olur – bilinmir. Mahiyyət yenə də və əbədiyyən dəyişməz qalır. ” (“Ədəbiyyat qəzeti”, 8 mart 2019-cu il)

Nizami Cəfərov çox yazır, çox şeydən yazır; dildən, dindən, türkologiyadan, milli şüurdan, aristokratiyadan, etnoqrafiyadan, o cümlədən yeri düşdükcə günün ədəbiyyatından; ötən il akademikin həm də əzəlki illər tənqidini ehtiva edən “Ədəbiyyat söhbətləri” (Bakı, “Elm və təhsil”, 2018) çap olundu. Nizami Cəfərovun tənqidinin “məxrəc”i ədəbiyyatın içində(n) deyil ki, daha geniş məcrada türk, islam, Şərq, Qərb dəyərlərini həzm etmiş, özündə qapsamış milli mədəniyyətin, ideologiyanın, Azərbaycançılıq məfkurəsinin bətnində(n) qurulmuş, otuz ildir usanmadan, habelə ötən ilin yazılarında ədəbiyyatı da bu çətir altına daşıyır, geniş oxucu auditoriyalarının malı edir. “. yox, tamamilə başqa Tanrı – Türk Tanrısıdır ki, onun ən azı I minilliyin ortalarından (ən çoxu isə e. ə. III minillikdən) gələn konkret etnoqrafik tarixi var. Və bununla belə, türklərin dünyanın müxtəlif dinlərinə (və İnsanın Tanrı axtarışlarına) ehtiramının təzahürüdür ki, həm Azərbaycan dilində, həm də Azərbaycan poeziyasının dilində Tanrı tək deyil, Tanrı-Təla var, Allah var, İlahi var, Haqq var, Xuda var, Pərvərdigar var, Yaradan var. Yaradana etiqad var, yaradılana hörmət var. ” (“Şairin Tanrı sevdaları” məqaləsindən, “Ədəbiyyat qəzeti”, 28 aprel 2018)

Cavanşir Yusiflinin ötən il 60 yaşı tamam oldu; “Ədəbiyyat qəzeti”ndə Elnarə Akimovanın layiqi yubiley yazısından bir passajı sitat gətirmək istəyirəm: “90-cı illərin dəyişən tarix və zaman keçidində dəyərlərin qorunmasında, ədəbi tənqidin formalaşmasında, onun yeni düşüncə vüsəti ilə dolğunluq qazanmasında Cavanşir Yusiflinin xidməti böyükdür. O zaman sovet xərabələri altından dikələn yeni dövr tənqidi üçün bu təhlillər qeyri-standart, klişelərdən arınmış səciyyə kəsb edirdi. Günün tənqidi içindən baxanda onlar qəribə, özgə və yad idi, amma bu çağımızdan baxanda aktuallığı və orijinallığı göz önündədir. Avropa elmi-nəzəri düşüncəsinin hərəkət trayektoriyasının, estetik müəyyənliyinin yeni dövr tənqidimizin idrak və təhlil müstəvisinə gətirilməsində Cavanşir Yusifli mətnləri miqyaslı missiya daşıyıcısıdır. ” (“Ədəbiyyat qəzeti”, 29 sentyabr 2018) Belə ki, hazırda Cavanşir Yusifli ədəbiyyata xidmət və tənqidçi ömrünün zirvəsini yaşayır; ötən il təkcə elə “Ədəbiyyat qəzeti”nin az qala hər sayında yazıları getmiş. Məxsusən, “Formanın müqəddəs sirri” nəzəri-tənqidi silsiləsi, əslində, elə tənqidçinin digər yazılarını da içinə alır. Yazılarında “tənqid məxrəci”ni Cavanşir Yusifli oxucuya özü, aşkar təklif edir; bu, hər bir mətnin içində gizlənən hər hansı nəzəri başlanğıcdır, həmin mətnyaradıcı “nəzəriyyə nöqtəsi”ndən predmeti “sökə-sökə” tənqidçi bacardıqca oxucuya, oxucu içinə açılmağa yönəlir; zira nəzəriyyəsiz oxucu ilə təmas qayətdə bietibar olar. Cavanşir Yusiflinin söykəndiyi, şəksiz, modern Qərb nəzəri fikridir, amma ustalıqla həmin arsenalı milli ədəbiyyatın təhlili metodologiyasına çevirə bilir. Bu baxımdan ədəbiyyat tariximizdə Qasım bəy Zakirin yerinə işıq salan “Formanın müqəddəs sirri: ayrılan yollar” (“Ədəbiyyat qəzeti”, 15 dekabr 2018), yaxud Məmməd Araz şeirinin poetikasını açan “Şeirdə şahmat oyunu” (“Ədəbiyyat qəzeti”, 13 oktyabr 2018) məqalələri, mənimcə, tənqid klassikamıza yozulası yazılardır. C.Yusifli haqlıdır: “Kəskin çevrilmə anında ədəbiyyatın “özünüqoruma refleksi” işə düşür. Çevrilmə anında yaddaş itmir, əksinə, daha dərinləri fəhm etmək naminə mötərizə arasına alınır, dövrün, zəmanənin aparıcı ideyasını, daxili refleksiyasını fərqli biçimlərdə ifadə edir. Bu istiqamətin tam şəkildə aparıcılığını təmin etmək üçün qopub ayrıldığı ənənəyə münasibətdə “düşmənçilik işarəsi” boy atıb cücərir. “

Tənqidçi qələmini XX yüzilin modern nəzəriyyələrinə kökləyən imza sahiblərindən biri də Məti Osmanoğludur. 2018-də Məti Osmanoğlunun da 60 yaşı tamam oldu və ədəbiyyatşünas-tənqidçi yubiley yaşını çox gözəl, gərəkli kitablarla – Platondan Yaşar Qarayevəcən seçmə mətnlər çevirdiyi və təqdim etdiyi “Ədəbiyyat nəzəriyyəsi. Müntəxabat” (Bakı, “Kitab klubu”, 2018), “ədəbi fraqmentlər”dən ibarət “Sözün o üzündə” məqalələr toplusu (Bakı, “Kitab klubu”, 2018) və lap bugünlərdə çıxmış S.Vurğun, Y.Səmədoğlu və V.Səmədoğluya həsr olunmuş “Ocaq yeri” kitabları ilə qutladı. Nəzəriyyə kitabları barəsində xoş sözləri mütəxəssislərə tapşırıb, deməliyəm ki, həmin platformalar tənqidçiyə ilk növbədə günün ədəbiyyatına gözlənilməz baxış bucaqları gətirmək şansı vermişdir. Bunu Məti Osmanoğlunun il boyu “Ədəbiyyat qəzeti”ndə dərc olunan tənqid məqalələrində (“An və əbədiyyət”, “Sözün zamanla dialoqu: deyilənlər və deyilməyənlər”, “Ölüm xoşbəxtlikdirmi?” və s.) görürük; məxsusən də Mixail Baxtin nəzəriyyəsi ilə silahlanıb “Komsomol poeması”nı çağdaş oxucu üçün yenidən-kəşfi (“Təhkiyə, müəllif və oxucu” // “Ocaq yeri”, Bakı, 2019, s.3-38) buna bariz nümunə ola bilər.

Bizim bugün nəzəriyyə sahəsində effektiv çalışan Qorxmaz Quliyev, Asif Hacılı, Ülviyyə Rəhimova kimi ədəbiyyatşünaslarımız var, Qərb nəzəriyyələrini ədəbi prosesin ixtiyarına verən çalışmaları ədəbi tənqid haqqında xətti təsəvvürləri də (ədəbiyyatşünalığın üç ölçüsü və üç tərkib hissəsi) alt-üst etməyə kömək edir. Ötən il Qorxmaz Quliyevin “Ədəbi cərəyanlar və istiqamətlər” (Bakı, AU, 2018) və Asif Hacılının “XX əsr ədəbi düşüncələr tarixi (xatirələr, manifestlər, konsepsiyalar)” (Bakı, AU, 2018) kitabları bu zəmini daha da möhkəmlətdi; bu məqamı da buraxaq nəzəriyyəçilərin ixtiyarına. Bununla yanaşı, önəmlidir ki, Qorxmaz Quliyev son illərdə nəzəriyyə arsenalından passajları milli ədəbiyyat üzərinə düşüncələrlə geniş feysbuk şəbəkəsinə gətirir, müntəzəm paylaşır və modern ədəbi təsəvvürlərin demokratikləşməsinə böyük təkan verir.

Elçinin “Tənqidimiz və ədəbi prosesimiz ətrafında bir neçə söz”ündə ədəbi tənqiddən umduğu daha bir iş klassik irsin (o sıradan sovet dövrü əsərlərinin) varislər tərəfindən yenidən yozumu və günün ədəbi prosesinin mühakiməsinə verilməsidir. Hər bir tənqidçinin çalışmalarında az və ya çox qədər mövcud bu məqam məxsusən Rüstəm Kamal tənqidinin “məxrəci”ni təşkil edir. Tənqidçi bir müddət əvvəl “Güzgü günü” kitabına (Bakı, “Çaşıoğlu”, 2017) topladığı esse yaradıcılığını 2018-ci ildə də davam etdirir; əsasən “Ədəbiyyat qəzeti”ndə ardıcıl dərc olunan: “Əbdürrəhim bəyin qəstinləri”, “Bağlarımızın poeziyası, poeziyamızın bağları”, “Mir Cəfərin qara maşını”, “Mirzə Cəlilin tanatoqrafiyası”, “Əbdürrəhim bəy və pasport”, “Oyunçu”, “Şeytanbazar: itirilmiş yaddaş yeri”, “Alo, Müşfiq”, “Xoşbəxtlər” və s. yazılarında Ə.Haqverdiyev, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, A.Şaiq, M.Müşfiq, S.Vurğun, S.Rüstəm, M.Hüseyn, S.Rəhman, R.Rza, X.R.Ulutürk, V.Səmədoğlu, Elçin kimi klassiklərin irsini bir böyük Mətnin – milli ədəbiyyatın məhz bugünə açılan mənzərələri kimi oxumağa çalışır və bu zaman yazıçı şəxsiyyəti, bioqrafiyası, yanaşma və üslubunun izləri Rüstəm Kamalın iti və səhih müşahidələrindən mətnin (və böyük Mətnin) görünməmiş tərəfləri və effektlərini üzə çıxarır. Tənqidin “Belinski ölçüləri”ndən yorulub “Rolan Bart tərzi” axtaranların nəzərinə məgər Rüstəm Kamal cidd-cəhdləri misal ola bilməzmi?!

Gəlirik ədəbi proses və tənqidimizdə Azər Turan faktoru və onun “Ədəbiyyat qəzeti” üzərinə. Günün ədəbiyyat mənzərəsində Tənqidin sözünü deməyə cəhd edən ədəbi proses subyektləri çoxdur, amma bu məramda-mənzilədə, şəksiz ki, “Ədəbiyyat qəzeti”nin tayı-bərabəri yoxdur. Az əvvəl qeyd etdiyim kimi, hazırda ədəbi həyatımızda gəlişməni düzxətli (Ön – Mərkəz – periferiya) təsəvvür etmək olmur; ədəbi proses ayrı-ayrı dairələrə, çevrələrə bölünmüş, çox-köklü, çox-mərkəzli olmaqla, hər birisi də günün ədəbiyyatını təmsil etmək iddiasındadır. “Tənqid.net”in 2018-ci ildə çıxmış 12-ci sayında ədəbi-tənqidi prosesi cəmiyyət(d)ə yeridən “mərkəzləri” akademik ölçülər səviyyəsindən tanıtmağa cəhd etdik: “AYB və ədəbi 525”, “Yaradıcılıq Fondu və Simsim.az”, “AYB və Ədəbiyyat qəzeti”, “Kulis.az”, “Kaspi və artkaspi.az” və s. Bu instansiyaların hər birisi günün ədəbiyyatını fərqli oxuyur və dəyərləndirir. Məsələn, “525-ci qəzet”də ədəbiyyata və AYB-yə sədaqət əsas ölçü vahididir; təbii, burda otuz ilin ədəbiyyat stixiyasını izləyən, saf-çürük edən, nəzarətə götürə bilən Rəşad Məcid kimi AYB katibinin dəst-xətti görünür. Simsim.az-da ədəbi tənqid bölməsinə heç ayrıca yer ayrılmamışdır; amma Kamal Abdullanın, Qismətin, Rəşad İlyasovun, Mehman Qaraxanoğlunun və digərlərinin tənqid-mətnləri ümumən modern fon yaradır və ədəbi prosesi də məhz bu kontekstdə qəbul və həzm edir. Kulis.az başdan-başa ədəbiyyat stixiyası içərisindədir; və tənqid refleksiyası da pozitivi-neqativi ilə, həmin stixiyanı qəti cilovlamadan, görükdürməyə yönəlmiş. Artkaspi.az-da tənqidi prosesi intensivləşdirən maraqlı layihələr, müsahibələr yer alır; məxsusən Fərid Hüseynin “Sevdiyim əsər” layihəsi əksərən klassik mətnlərin yenidən oxunuşuna, gündəmə gəlməsinə səbəb olur.

“Ulduz” jurnalının bircə ədəbi tənqid layihəsi var; amma ki, uğurludur, il boyu peşəkar tənqidçilər, ədəbiyyatşünaslar, yazıçılar jurnalın əvvəlki sayının materiallarını tənqidi süzgəcdən keçirir, “yaxşı nədir, pis nədir” qaydasında prosesə qatır. 2018-ci ildə “Ulduz”un lokal ədəbi prosesi elə buradaca, tanınmışlar: Nizami Tağısoy, Natiq Məmmədli, Vaqif Yusifli, Pərvin, Rahid Ulusel, Nərgiz Cabbarlı, Şəfa Vəli, Abid Tahirli, Rüstəm Kamal, Ələmdar Cabarlı, Buludxan Xəlilov, Məti Osmanoğlu tərəfindən izlənmiş, birmənalı olaraq bəyənilmişdir. Jurnalda ardıcıl yer tutan daha bir layihə – “Özüylə söhbəti və yazısı (şeirləri, hekayəsi)” müxtəlif imzaları mətnlərində(n) tanıtmaqla yanaşı, ədəbiyyatı və “ədəbiyyatda özü”nü dəyərləndirmə notları da daşıyır, fərqli baxışlara diqqət cəlb edir.

“Azərbaycan” jurnalında ədəbi tənqidin mövqeyi həmişə dar olub, ədəbiyyatşünaslıqdan sonra gəlir; Vaqif Yusiflinin ardıcıl tənqid və Qəşəm Nəcəfzadənin poeziya yazıları, Südabə Ağabalayevanın ara-sıra ədəbi esseləri də bütövlükdə jurnalın kifayət qədər zəngin 2018-ci il “tənqid materialları”nı ədəbiyyatşünaslığın kölgəsindən çıxara bilmədi. Neçə il əvvəl Əsəd Cahangirin müavin statusunda jurnala gətirdiyi polemik əhval-ruhiyyəni hesaba almasaq, “Azərbaycan” sanki daima sakit-salim, kənarda, məhz “öz ədəbi prosesi”nə üstünlük verir.

Habelə, bu və ya digər məqamlarda “Ustad” və “Sənət.az”, “Axar.az”, “Avanqard.net”, “Yazı”, “Manera.az”, “Modern.az” və s. kimi dərgi və saytların ədəbi-tənqidi prosesə düz və çarpaz qatılmalarını da xatırlatmaq olar. Amma bütün bunlarla belə, “Ədəbiyyat qəzeti”nə qayıdaq; günün ədəbiyyatını bütövlükdə oxumağa çalışan və bizim də oxuduğumuz baş “ədəbi proses kitabı”, təkrar edirəm: şəksiz ki, “Ədəbiyyat qəzeti”dir. Qətiyyətlə demək olar, bugün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun akademik ədəbiyyatşünaslıq pilləsində gördüyü işin müqabilini “Ədəbiyyat qəzeti” ədəbi-tənqidi proses səviyyəsində həyata keçirir.

“Fb düşüncələrim”dən daha bir sitat: “Belə. Azər-turançılıq. Anar-izm hərəkatı, Ayo-çuluqdan sonra ədəbi prosesdə gəlib-gəlişən növbəti ciddi dalğa. ” (Tənqid.net, 12, 2016/2017) Bəzən yanlış yozulan həmin mülahizədə son otuz ilin ədəbi-tənqidi prosesində köklü fikir və mövqe gəlişmələrini qeydə almışam. Azər Turan günün ədəbiyyatında missiya daşıyıcılığını öhdəsinə götürmüş şəxsdir; bunu onun bir zaman əvvəl çapdan çıxmış kitabı da göstərmişdi: “XX əsr – Fəryadın metafizikası” (Bakı, “Elm və təhsil”, 2017). Azər Turan tənqidinin “məxrəc”i hələ 110 il öncədən, Əlibəy Hüseynzadənin mədəni turançılıq hərəkatından gəlir; esselərində tənqidçi böyük mütəfəkkirin gördüyü və görmək istədiyi modern gəlişmələri çağdaş Azərbaycan üfüqlərində arayır, təsbit edir, göstərir. Eyni zamanda, təqribən iyirmi il əvvəl “Yeni Azərbaycan” qəzetində başlatdığı həmin istiqaməti baş mühərriri olduğu “Ədəbiyyat qəzeti”ndə hərəkata çevirməyə cəhd edir. Bütünlükdə Qərb parametrləri ilə, Azərbaycan miqyasında, bu bir modernizm hərəkatıdır və heç də paralel, çarpaz, ya alternativ digər mövqeləri inkar etmir. Şəxsən mənimcə, bütün ifratlarına baxmayaraq AYO-nun əsrin əvvəllərində irəliyə doğru qəfil sıçrayışlı post-modern manifestasiyaları yanında bu dalğa geriyə-çəkilmədir. Amma belə görünür ki, zəruri addımdır.

Neyləyəcəyiz?; olanı söyləyəcəyiz, əlbəttə. Hardadır bugün AYO-nun simasında “geriçi dünya”da irəliyə tələsən geniş solçu mövqe və ideyalar? “Alatoran”ın 18 sayı və beş o qədər də “Alatoran yayınları”. – bir zamanlar “yox” yerdən böyük rezonans qoparıb, “azad yazarlar” platforması yaradanlar yeraltı (andeqraund) küncə sığınıb bugün bir kərə yüksəltdikləri bayrağın hesabını və hesabatını çözməyə məşğul. Az qala otuz il öncə Azad Yaşarın və Rasim Qaracanın bir əyalət şəhərində başlatdığı “sərbəst düşüncə estetikası” bir az Həmid Herisçidə, Murad Köhnəqalada bulaşıb, bir az Şərif Ağayarda, Qan Turalıda, Mirmehdi Ağaoğlu və s.-ində dolaşıb, Zahir Əzəmətin Kult.az-ında, Qan Turalının Kulis-ində, Qismətin Simsim.az-ında müəyyən kanonlaşma cəhdi edib, hazırda heç cür təmərküz nöqtəsi tapa bilmir, daha da çox “sərbəst düşüncələr ölkəsi” – sosial şəbəkələrdə adiləşir, kütləviləşir, utilitarlaşır. Bəlkə bircə Nərmin Kamalın Azərbaycan – dünya arası gəzişən iki-Dilli yazılarında o Sərbəstliyi hələ yenə də görə bilirik. Bu əsnada Rasim Qaracanın ötən il işıq üzü görmüş “Zülmətdə bir Alatoran” avtobioqrafik romanı (Bakı, “Alatoran”, 2018), Seymur Baycanın “Mənim mübarizəm” publisist kitablar silsiləsi və Azad Qaradərəlinin “Renessans həsrəti” sırasından ikinci kitabı (Bakı, “Alatoran”, 2018) böyük maraq kəsb edir; ən müxtəlif epizod, hadisə, esselər və “yazıçı tənqidi”ndə ədəbi proses gerçəkləri ilə üz-üzə gələn ideya mücahidlərinin barışmaz obrazı özlüyündə həm də bir xiffət notlarını qapsayır.

Azər Turan “Ədəbiyyat qəzeti”ndə başlatdığı (davam bulduğu) estetik hərəkatı, hər hansı sərbəstlikdən yox, toplumun harda(n)sa sıxılmış modern yaddaşından qurdu. Əslində, belə demək olar: bugün “Ədəbiyyat qəzeti” 60-cılar hərəkatından start götürən modern estetikasını bütün genişliyi ilə sərgiləməyə, bu zəmində milli ədəbiyyatın fakt və gerçəklərini dünya ədəbi prosesinin ötüb-keçmiş kontekstinə yerləşdirməyə məşğuldur; qapalı mühitin uzun sürən, hər növ mənasız, xırdaçı təzyiq və qadağalarından ən nəhayət qurtulub, modern yanaşmalar qəzetin səhifələrində, necə deyərlər, məlum “yetmiş il”in acığına müstəqilliyin dadını çıxarır.

Milli ədəbiyyatda modernin total qələbəsinə nail olmaq üçün Azər Turan yüngülünə-ağırına baxmayıb, bir çox layihələrə eyni zamanda meydan vermiş. Bir yandan, kütləvi janrda maarifləndirici yazılar il ərzində dünya modernizm ədəbiyyatı klassiklərini yada salırsa (bu istiqamətdə: Murad Köhnəqala, Kənan Hacı, Əyyub Qiyas, Azər Qismət, Xuraman Hüseynzadə, Günel Eyvazlı, Mirmehdi Ağaoğlu, Mətləb Ağa, Sərdar Amin, Bəsirə Əzizəli, Nərmin Cahangirova, Günay Rzalı və s. imzaların prosesə aktiv cəlb olunduğunu görürük), eyni zamanda qəzet modern sənət kontekstini də gözləməyə çalışır (Azər Turanın sənət esseləri, İlham Rəhimlinin teatr tarixi, Niyazi Mehdinin fəlsəfə, Ziyadxan Əliyevin rəssamlıq, Əlisəfdər Hüseynovun kino sahəsində ardıcıl yazıları, Sevda Sultanovanın “Ekranlaşdırılmış bədii əsərlər”, Samirə Əşrəfin “Dördüncü divar” layihələri və s.); bu növ işlər daha da professional səviyyədə bizdə hələ 1970-ci illərin “Qobustan”ında(n) başlamışdır. Həmin zəmində bəs çağdaş ədəbiyyatımız necə görünür: Hədiyyə Şəfaqətin “Əsərini danışdır” layihəsində, Nuranə Nurun çağdaş ədiblərlə ardıcıl yaradıcılıq söhbətlərində, Samirə Əşrəfin “Kürsü”sündə müsahibələr yolu ilə son illər ədəbiyyatına nəzər salınır və “Ədəbiyyat qəzeti”nin səyi ilə müstəqillik illərinin şair və yazıçıları danışır, çağdaş ədəbiyyatımızı, öz ədəbi mövqeyini təqdim edir, dəyərləndirirlər (Əlabbas, Seyran Səxavət, Məmməd Oruc, Orxan Aras, Əlizadə Nuri, Salam, Qurban Yaquboğlu, Qulu Ağsəs, Qəşəm Nəcəfzadə, Fəxri Uğurlu, Həmid Piriyev və b.-ları)

Günün ədəbiyyatını başqa necə necə dəyərləndirmək olar ki; 2018-ci il ərzində Anarın, Elçinin, Kamal Abdullanın, Mövlud Süleymanlının, Musa Yaqubun, Vaqif Səmədoğlunun, Nəriman Həsənzadənin, Nüsrət Kəsəmənlinin, Çingiz Əlioğlunun, Çingiz Abdullayevin, Vaqif Nəsib Sarıoğlunun, Vaqif Bayatlı Odərin, Əjdər Olun, Səfər Alışarlının, Əlabbasın, Ramiz Qusarçaylının, Ağacəfər Həsənlinin, Avdı Qoşqarın, Dəyanət Osmanlının, Zahid Sarıtorpağın, Kamran Nəzirlinin, Meyxoş Abdullayevin, Orxan Fkrətoğlunun, Natəvan Dəmirçioğlunun və b. yazıçı və şairlərin yaradıcılığı, yaradıcılıq portreti, əsərləri ən müxtəlif ədəbi tənqid janrlarında “Ədəbiyyat qəzeti”nin təhlil süzgəcindən keçir, görünür, şərh olunur.

Anarın 80 illiyinə (10 mart 2018), Elçinin 75 illiyinə (5 may 2018) həsr olunmuş qəzetin “Xüsusi buraxılış”ları çağdaş ədəbiyyatımızın iki aparıcı sənətkarının yaradıcılıq portretinə, ümumiləşmiş şəkildə “60-cılar” ədəbiyyatına geniş baxış və çoxtərəfli dəyərləndirmə aktı olmaqla yanaşı, çağdaş ədəbi tənqidimizin də gücünü, səriştəsini, səviyyəsini ortaya qoydu. Eyni sözü qəzetin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyinə (9 noyabr 2018) və İnstitutda sürəklil davam edən “ədəbi proses hərəkatı”nın son beş ilinə (2 iyun 2018) həsr olunmuş “Xüsusi buraxılış”lar barəsində də söyləmək olar.

Yazıçı sözünə qəzetdə böyük dəyər verilir və bu özünü “yazıçı tənqidi”nin daha da intişarında göstərir. Ölkənin baş yazarı Anarın, yazıçı Elçinin, şair-publisist Sabir Rüstəmxanlının, şair Məmməd İsmayılın il boyu doğma qəzetdə məqalələr dərc etdirməsi, AYB-nin katibi İlqar Fəhminin ardıcıl yer alan publisist traktatları (məsələn, “Şərq arxetipləri kitabından” – 13 yanvar; 3, 17, 31 mart; 21 iyul 2018; “Qızılbaş mistikası, Səfəvi metafizikası kitabından” – 17 fevral 2018; “Fəna – “mən”sizlik”: incəsənət və ədəbiyyat müstəvisində”, 7 iyul 2018; “Milli ənənələr, kütləvi mərasimlər. Dünəndən bu günə və bu gündən sabaha atılan körpü” silsiləsi, 27 oktyabr, 3 noyabr 2018) ruhunu qaldırmaqla yanaşı, modern Qərb dəyərlərini “çırtlayan” qəzetin milli-türk-Şərq – Azərbaycan kontekstini daha da gücləndirir. Anarın “Türkçülüyün banisi” (3 mart 2018), “Dilimizi yaşadanlar” (31 mart 2018), “Koroğlu – Goroğlu” (14 aprel 2018), “Özbəkistan görüşləri” (18 avqust 2018), “Tahir Salahovla söhbət” (8 dekabr 2018); Elçinin “Koroğlu ölməzliyi” (8 sentyabr 2018), “Maarifçiliyin klassiki Henri Fildinq haqqında bir neçə söz” (1 dekabr 2018), Məmməd İsmayılın “Qürbətin bircə adı var, o da qürbətdir” (31 mart 2018), “Yatağını dəyişən çay kimisə həyatın” (28 aprel, 2018), Sabir Rüstəmxanlının “Tanıdığımız və tanımadığımız Dağıstan” (13 oktyabr 2018), “Sabir Əhmədlinin evi” (15 dekabr 2018) və s. məqalələr bu qəbildəndir.

“Ədəbiyyat qəzeti”ndə “ədəbiyyatşünas tənqidi” ənənəvi olaraq geniş yer tutur, ədəbi-tənqidi prosesin professional qatını gücləndirir. 2018-ci ildə akademik İsa Həbibbəylinin, akademik Muxtar Kazımoğlunun, professor Nizaməddin Şəmsizadənin qəzetdə mütəmadi çıxışları milli epos, folklor, ədəbiyyat tarixi mətnlərini müasir elmi təfəkkürün fərqli zirvə məqamlarından görməyə imkan verdiyi kimi, çağdaş ədəbi proses materiallarını da həmin elmi müstəvilərin tələbkar kontekstində dərk etməyə stimul yaradır. İl ərzində qəzetdə adı çəkilən tənqidçi və ədəbiyyatşünaslardan başqa, habelə Təhsin Mütəllimov, Qəzənfər Paşayev, Şirindil Alışanlı, Məmməd Əliyev, Bədirxan Əhmədli, Hüseyn Həşimli, İslam Qəribli, Asif Rüstəmli, Rahid Ulusel, Abid Tahirli, Nizami Tağısoy, Baba Babayev, Rafiq Yusifoğlu, Himalay Qasımov, Təyyar Salamoğlu, Əlizadə Əsgərli, Tofiq Məlikli, Mahirə Quliyeva, Tahirə Məmməd, Səadət Şıxiyeva, Pərvanə Məmmədli, Salidə Şərifova, Mərziyyə Nəcəfova, Səyyad Aran, İsmixan Osmanlı, Safurə Quliyeva, Sərxan Xavəri, Mətanət Vahid və b.-ları çağdaş ədəbiyyatın hadisələri, faktlarına dair çoxsaylı məqalələr dərc etdirmiş, ölkənin “ədəbiyyat gücü”nü nümayiş etdirmişlər. XX əsr ədəbiyyatının Mir Cəlal, Rəsul Rza, Nigar Rəfibəyli, Əlağa Kürçaylı, Mirzağa Quluzadə, Çingiz Aytmatov, Qabil, Samət Əlizadə, Nahid Hacızadə, Teymur Bünyadov, Teymur Əhmədov, Ağalar Mirzə, Xaliq Koroğlu, Arif Əmrahoğlu, Əşrəf Veysəlli, Məmməd Kazım, Yusif Həsənbəy və b. simaları haqqında yazılar prosesdə milli ədəbiyyatın ənənə ruhunu hiss etməyə kömək etmişdir.

Belə bir incə müşahidəmi də bölüşmək istərdim. “Ədəbiyyat qəzeti”nin baş yazarı Azər Turanın və baş tənqid yazarı Elnarə Akimovanın uğurlu fəaliyyət tandemi qəzetin can atdığı geniş ideya üfüqlərini və eyni zamanda praktik proses gerçəklərini üzvi birləşdirməyə imkan verir. Azər Turan tənqidinin modern ehtiraslar “məxrəci”ndə köklənən esseistik tembrinə bir diqqət edək: “Azərbaycanın gücü” (31 mart 2018), “Və yazarsan adını rəsmin bir köşəsinə” (Jak Preverin bir şeirindən qanadlanan azadlıq essesi – 7 aprel 2018), “Sonuncu Yeni – Şəhriyar del Gerani” (28 aprel 2018), “Caz, sadəcə, musiqi deyildir. ” (23 iyun 2018), “Dünyanın Cavad mifi – Azərbaycan modernizmi” (21 iyul 2018), “Ayrılıqların sürreal mənzərəsi” (Ümid Nəccari haqqında esse, 11 avqust 2018), “Ədəbiyyatdan Vətən yaradanlar (Özbəkistan qeydləri)” (24 noyabr 2018). Eyni zamanda həmincə saylarda Elnarə Akimovanın analitik “məxrəc”də “Hekayə diskurs kimi” layihəsinə həssas olsaq: “Hekayə diskurs kimi: “Dəli Bəybala” (31 mart 2018), “Hekayə diskurs kimi: “Dəccal” (7 aprel 2018), “Hekayə diskurs kimi: “Qan azlığı, yaxud ölən uşağın xatirələri” (28 aprel 2018), “Hekayə diskurs kimi: Vaqif Nəsib – “Səbri səbri” (23 iyun 2018), “Hekayə diskurs kimi: Şərif Ağayar – “Cəfər əmimin yolları” (21 iyul 2018), “Hekayə diskurs kimi: İlqar Fəhmi -“Qardaş qanı” (11 avqust 2018), “Yaşar Bünyadın hekayələri diskurs kimi” (24 noyabr 2018). – əksinə, ədəbiyyatın təqdim etdiyi prozaik mənzərələrin şahidi olarıq. Maraqlı burasıdır ki, göylə yerin, romantik nisgillə realist praqmatikanın, analitika ilə esseistikanın yanaşılığı, bəhsləşməsi, gizli və aşkar savaşı, həm Azər Turan – Elnarə Akimova dialoqunda, həm də qəzetin ümumi yaradıcılıq fonunda il boyu davam edərək, özünəxas bir dekadans mühitinə açılır.

Azər Turan redaktor kimi yeni fikrə, gözlənilməz rakurslara, təzə yanaşmalara açıq birisidir. Çəkinmədən ədəbi gəncliyə meydan verir; ötən il də yazılarını oxuduğumuz Sərdar Amin, Günel Eyvazlı, Cahanxanım Seyidzadə, Xatirə Nurgül, Günay Rzalı, Pərviz Seyidli, Təvəkgül Baysunar imzalarının ədəbi-tənqidi publisistikada ayaq açıb yeriməsi məhz “Ədəbiyyat qəzeti”ndən başlanır. Qəzetdə Ülvi Babasoy, Narqis, Nicat Həşimzadə, Şəlalə Göytürk kimi ədəbi-tənqidi fikirdə yeni, aktual və orijinal rakursdan qələm işlədən istedadlı gənclərin ardıcıl görünməsi ədəbi prosesin donuq nöqtələrini tərpədib, günün xeyrinə, abhavanın xeyli dəyişməsinə şans verir. Adətən gənclərin baxışlarında mətnlə birbaşa, xam təmas, özünəqədərki fikirlərdən sərbəstlik sözünü deyir; böyük Mətndən xəbərsizlik – üstünlüyü olduğu kimi, gənclərin həm də zəif yeridir. Bəzən olur ki, hətta təkcə velosipedi yox, təzədən lap helikopterlər də ixtira edirlər, amma məhz böyük Mətnə girəmədiklərindən konkret mətnin ətrafında dolanıb qalırlar.

Ədəbiyyatda olanı “dekonstruksiya” cəhdləri yalnız gənc imzalara xas “zirəklik” sayılmamalıdır. Deyək ki, gənc Nicat Həşimzadə “Coys narahatlığı, Mirzə Cəlil üsyanı” essesində (24 noyabr 2018) Mirzə Cəlili bir kənara qoyub, bir xeyli “Coys və mən” müstəvisində fikir qafalaşması etdikdən sonra bu qərara gəlir ki, hər halda Mirzə Cəlil də “şərəfli və faydalı iş”ə məşğul imiş. Bunu yozuruq Nicatın cavanlıq haqqına; modernizm ehtirasları bəzən yaxını qoyub özünə “uzaq yaxınlar”da dəstək axtarır. Onsuz da bugün ədəbi prosesdə Mirzə Cəlil mövzusu dəbdədir və kimsə irsdən nə bacarırsa, nə qədər bacarırsa onu götürür. Son illər imzası fəal olanlardan Mehman Qaraxanoğlu ötən il “Ədəbiyyat qəzeti”ndə Cəlil Məmmədquluzadə mətnlərinin dekonstruktiv təhlilinə sıra məqalələr həsr etmiş (“Sən kimsən, Novruzəli?” – 17 fevral ; “Alleqoriyadan simvolikaya. “- 3 mart; “Mirzə Cəlilin nigarançılığı”- 13 oktyabr, “Dərədə yatmış idim” – 17 noyabr 2018-ci il). “Dekonstruksiya” məqamını ona görə vurğulayıram ki, müəllif həvəslə, ilk dəfəymiş kimi, Mirzə Cəlilin hər mətnini təzədən götürüb “sökür” və düşündüyü kimi, təzədən də qurur; təbii ki, zəmanəmizin təqazasına bab. Zəmanəmiz (o cümlədən “Ədəbiyyat qəzeti”) indi hər münasibətə, yapışan ya yapışmayan nəzərlərə açıqdır.

Buna bənzər bir “dekonstruksiya”nı son illərdə bir sıra entuziast layihələrə girişmiş Nizaməddin Mustafa (yada salaq, bir zaman əvvəl özünəqədərki Sabirşünaslığı “bir nəzər”lə “pozub” da sıfırdan başlamaq cəhdini) “Daha “. bir nəzər”. Səhv nəzərləri sərf-nəzər etmə vaxtı” projesində (17 mart 2018-dən ilin sonunacan) bu dəfə milli poeziya tarixini yenidən yazmağa qərar verir. Təkbaşına, kolossal zəhmət qoyduğu araşdırmasında niyyəti Mətni bir zamanlar büründüyü sosioloji-ideoloji yadlıqdan “soyundurub”, doğma islam və türk varlığı ilə təkcənə qoymaqdır. Mirzə Cəlilşünaslıq olsun, ya milli şeirşünaslıq tarixi, həmin “sərf-nəzərlər” ədəbiyyatşünaslığın professional təcrübəsi baxımından bəlkə də sadəlövh, hətta “səhv” də ola bilər, bununla belə, ədəbi prosesi zəngin informasiya enerjisi, nöqteyi-nəzər bolluğu, düşünmək üçün fürsət və imkanlarla təmin edir.

Bir qədər də yuxarıda yeri gəldikcə informasiyasını bölüşdüyüm “kitab tənqidi” barəsində. Tənqidçi kitabları xronoloji ilin deyil, bütöv bir dövrün ədəbiyyatının mənzərəsini görməyə imkan verir. Ötən il AMEA-nın müxbir üzvü Kamran Əliyevin on cildliyinin beş kitabı (Bakı, “Elm və təhsil”, 2018) işıq üzü gördü; cildlər Azərbaycan romantizminin tədqiqatçısı kimi mühüm xidmətləri və bugünə töhfələrini tanıtmaqla yanaşı (I cild – “Romantizm nəzəriyyəsi”; II cild – “Romantizm poetikası”; III cild – “Hüseyn Cavid” monoqrafiyaları), həmin halədə 1980-ci illərdən beləsinə tənqidçi fəaliyyətini də (IV cild – “Klassiklər, müasirlər”; V cild – “Ədəbiyyatşünaslıq, tənqid”) ehtiva edir. 2018-ci il milli romantizmin daha bir köklü tədqiqatçısını üzə çıxardı; Sona Vəliyevanın “Hüseyn Cavid sənətinin qüdrəti” monoqrafiyası (Bakı, “Zərdabi LTD”, 2018) və haləsində bir çox – Yaşar Qasımbəylinin, Pərvanə Bəkirqızının, Seyfədddin Rzasoyun və b.-nın “525-ci qəzet”, “Ədəbiyyat qəzeti”, Artkaspi.az-da yazıları ədəbi-tənqidi prosesin diqqətini bir xeyli Azərbaycan romantizminin problemləri və dünyada yeri üzərində saxladı. Eyni zamanda Təyyar Salamoğlunun “Azərbaycan tənqidi realizminin estetikası (C.Məmmədquluzadə və M.Ə.Sabir yaradıcılığı əsasında)” monoqrafiyası (Bakı, “Orxan NPM”, 2018) və ətrafında akademik İsa Həbibbəylinin, professor Himalay Qasımovun problem-məqalələri ədəbi tənqidin marağını yozulmuşların bir daha, yenidən-yozumu məsələlərinə çəkdi; təfsirlə yanaşı sovet dönəmində yazılanların burda müəyyən təftişi məqamları da ortaya çıxdı.

Akademik Nizami Cəfərovun “Mir Cəlalın milli idealları” monoqrafiyası (Bakı, Azərbaycan Milli Kitabxanası, 2018) bizi başqa bir ədəbi cərəyanın – sosrealizmin hakim olduğu əyyamlara çəkib aparır və əksinə, yazıçını necə sosrealizm çərçivəsindən çıxarıb milli ideallar işığında oxumağın metodolojisini təqdim edir. Monoqrafiyada Mir Cəlal yaradıcılığının milli ideyalar zəmini dürüst, mətnlərin “danışdırılması” yolu ilə təsbit olunur və “milli olmağ”ın əlacının heç də dünəni ideoloji təftişdə yox, dərin analitizmdə gizləndiyini üzə çıxarır: “20-ci, 30-cu illərin ziyalı gəncləri heç bir şübhə etmirdilər ki, bütün dünyanı bürümüş inqilablar Azərbaycan xalqını da inqilabi tərəqqi yolu ilə müstəqilliyə aparır. Və belə bir inam üçün ciddi əsaslar vardı. Ən əsası isə o idi ki, Azərbaycan xalqı bu və ya digər dərəcədə müstəqil özünüidarəyə ən azı mənəvi baxımdan tamamilə hazır hesab edirdi. “

Ötən ilin sonunda Mir Cəlal yaradıcılığının bugünə qədər daha çox kölgədə qalan daha iki istiqamətini – “Publisistika”sını (1926-1977) (Bakı, Azərbaycan Milli Kitabxanası, 2018) və “Ədəbi tənqid”i (1931-1974) (Bakı, Azərbaycan Milli Kitabxanası, 2018) ehtiva edən kitablar çıxdı və yazıçının milli ideallarının əyaniliyini müasir oxuculara bir daha nümayiş etdirdi. Milli kitabxanada təqdimat mərasimi zamanı, ədibin oğlu, ADA-nın rektoru Hafiz Paşayev, onun tövsiyyəsi ilə Mir Cəlalın sovet dövrü yazılarının cəmisinin istisnasız həmin toplulara daxil edildiyini söylədi. Zira ədəbiyyat, ədəbi ənənələr tarixdən qaçmağın yox , hər zaman üstünə getməyin düzgünlüyünü təsdiq etmişdir.

Özlüyündə ədəbiyyatşünaslıq mübahisələri tarixi irsin mənimsənilməsi prosesinə xidmət etdiyi kimi, ədəbi tənqidə də güclü enerji və təkan verir. 2018-ci ilin daha bir sıra nəşrləri: Qəzənfər Paşayevin “Seçilmiş əsərləri”nin 8, 9, 10-cu cildləri (Bakı, “Təhsil”, 2018), Məmməd Əliyevin “Bədii təfəkkürdə erkən Azərbaycançılıq düşüncəsi” (Bakı, “Elm və təhsil”, 2018), Baba Babayevin “Ədəbi etüdlər” (Bakı, “Avropa”, 2018), Yaşar Qasımbəylinin “Rəsul Rza və ədəbi çağdaşlıq” (Bakı, “Elm və təhsil”, 2018), Salidə Şərifovanın “Klassiklər və müasirlər söz müstəvisində” (Bakı, “Elm və təhsil”, 2018), Sədaqət Əsgərovanın “Qadın tənqidi realizm güzgüsündə” (Bakı, “Mütərcim”, 2018), Lalə Həsənovanın “Çağdaş ədəbi paradiqma: icmallar, məqalələr, düşüncələr” (Bakı, “Avropa”, 2018) kitabları ən müxtəlif dövrlərin yazıçılarının yaradıcılığına, ədəbi proses və mətnlərinə baş vurmaqla XX yüzilin əvvəllərindən XXI yüzilin əvvəllərinə gəlişən ədəbiyyat mənzərələrini analitik süzgəcdən keçirməyə də imkan verir. Azərbaycanda ədəbiyyat elminin baş analitika mərkəzi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu olaraq qalır. Akademik İsa Həbibbəylinin ötən il təzə “ədəbiyyat tarixçiliyi” konsepsiyasını “525-ci” və “Ədəbiyyat qəzeti”ndə təqdim edən silsilə məqalələri milli ədəbiyyat tarixini bugünün ədəbi proses zirvəsindən nəzərdən keçirdiyi kimi, müstəqillik illərinin ədəbiyyatının inkişaf tendensiyalarını da, xüsusən çoxsəslilik, rəngarənglik, ədəbi cərəyanlaşlaşma prizmasından görür və tanıdır.

Ədəbiyyat İnstitutunda çağdaş ədəbi tənqidin ölçü vahidi olaraq, hər ilin ədəbi yekunlarına həsr edilmiş “Ədəbi proses” tədbirləri hesab olunur. 2017-ci ilin ədəbi yekunlarına dair konfrans 2018-ci ilin 4 iyununda və əvvəlkilərdən daha miqyaslı keçirildi; müstəqillik illərində institutda “Ədəbi proses” toplularının bərpası və nəşrinin beş ili tamam olurdu. Bu münasibətlə İsa Həbibbəyli İnstitutda ədəbi prosesin öyrənilməsi və dəyərləndirilməsini (“Ədəbi proses-2013”, “Ədəbi proses-2014”, “Ədəbi proses-2015”, “Ədəbi proses-2016”, “Ədəbi proses-2017”) “ədəbi proses hərəkatı” adlandırdı və bütövlükdə bu “hərəkat” eyni zamanda ölkə ədəbi prosesinin ən miqyaslı tənqid refleksi kimi təsbit olundu.

“Ədəbi proses – 2017” toplusu (Bakı, “Hədəf nəşrləri”, 2018) çağdaş ədəbiyyatın janrları, problemləri, mövzuları üzrə 19 elmi məqaləni qapsamaqla (poeziya, nəsr, dramaturgiya, ədəbi tənqid, ədəbiyyat nəzəriyyəsi, ədəbi-mədəni həyat, roman, hekayə, epik şeir, publisistika, Cənub ədəbiyyatı, rusdilli ədəbiyyat, uşaq ədəbiyyatı, bölgələrdə ədəbiyyat, bədii tərcümə, ədəbi əlaqələr və s.), akademik İsa Həbibbəylinin vurğuladığı təki, əsl “miqyas və əks-səda” doğurmaqdadır. Hər bir iddia imkanlara bab olmalıdır. Ön mövqeyə iddia etməsə də, yanılmarıq desək: bu gün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ədəbi-tənqidi prosesin Mərkəzi sükanını hələ ki əlində saxlayır. Bizim də çevrə(miz) bu qədər, burda qapanır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.