Press "Enter" to skip to content

Dd qorqud dastanı

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır.

Dd qorqud dastanı

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir.

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır.

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dədə Qorqud dastanı

I minilliyin sonu, II minilliyin əvvəllərində Azərbaycanda və Anadolunun şərqində geniş yayılan ozan repertuarının əsasını təşkil edən epos.

Bəhs olunan hadisələrin tarixi əhəmiyyətini nəzərə alan türk salnaməçiləri və tarixçiləri tərəfindən ayrı-ayrı boylar şəklində yazılıb qorunan dastan sonradan kitab halına salınıb.

Feodalizmin təşəkkül tapması dövrünü əks etdirən kitabda ibtidai icma, quldarlıq quruluşunun təzahürləri də özünü göstərir. Əsərdə oğuzların əsas dövlət quruluşu “Oğuz eli” adlanır və onun əsasını başda xanlar xanı Bayandır olmaqla Oğuz bəyləri təşkil edir.

Dastanda hadisələr Azərbaycanın Qazılıq dağı, Dərbənd, Göyçə, Bərdə, Şərur, Əlincə ərazilərində baş verir.

XIX əsrdən Dədə Qorqud dastanının kütləvi nəşri və geniş tədqiqinə başlanılıb.

1815-ci ildə abidəni ilk dəfə aşkara çıxaran alman alimi Fon Dits “Təpəgöz” boyunu alman dilinə tərcümə edib.

Dd qorqud dastanı

Açar sözlər: “Kitabi-Dədə Qorqud” dastanı, milli-mənəvi dəyərlər, varislik, tarixilik, milli-mədəni refleksiya, özünüdərk
Müasir dövrdə Azərbaycanın düşüncə tarixinə diqqətin artması amili aktual bir məsələdir. Bu nöqteyi-nəzərdən yanaşsaq “Kitabi-Dədə Qorqud” dastanında milli-mənəvi dəyərlərin fundamental problemləri əksini tapmışdır. Ümumiyyətlə, hər bir xalqın özünəməxsus mentaliteti, milli-mənəvi dəyərləri, etik-əxlaqi sistemi onun varlığının təcəssümüdür. Qloballaşma və vesternizasiya proseslərinin getdiyi bir zamanda xalqımızın tarixən zəngin və qiymətli milli-mənəvi dəyərlərinin öyrənilməsi, araşdırılması zəruridir. “Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikir tarixinin rolu böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırılmaq üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.” (1, s. 39)
Varislik, tarixilik, məntiqilik və sistemlilik prinsiplərini özündə ehtiva etməyən milli-mənəvi sistemlər güclənən qloballaşma prossesləri nəticəsində öz orjinallığını və xüsusiyyətlərini itirmə təhlükəsi ilə qarşı-qarşıya gəlir. Milli-mənəvi irsin qorunub saxlanması və yeni nəsillərə ötürül¬məsi amili hər zaman ən ümdə problem olaraq qalır. Heç şübhəsiz ki, nəhəng bir prosses olan qloballaşmanın əsas və ayrılmaz komponenti olan inteqrasiya zamanı milli-mənəvi xüsusiyyətlərin, etik dəyərlərin özünəməxsusluğunun qorunub saxlanması və varislik prinsipi əsasında gələcək nəsillərə ötürülməsi yalnız ağır və məsuliyyətli əmək nəticəsində mümkün ola bilər. Qloballaşma zamanı hər bir vətəndaş milli-mənəvi dəyərlərin tənəzzülü və aşınması prosesinə qarşı varislik prinsipi ilə silahlanmalı, bu yolda öz öhdəsinə düşən vəzifəsini dərk etməli və bu istiqamətdə əlindən gələni əsirgəməməlidir.
Ümumiyyətlə, şifahi xalq ədəbiyyatı nümunələri milli-mənəvi dəyərlərin formalaşmasında və tarixi cəhətdən araşdırılmasında xüsusi bir rola malikdir. “Hər millətin tarixi milli dastan və əfsanələrlə başlar. Böyük dövlətlər quran xaqanların və onlara yardım edən milli tanrıların mənşələrinə dair söylənən əfsanələr, ayinlərdə oxunan dua və ilahilər, qəhrəmanların sərgüzəştlərini tərənnüm edən epopeyalar, nağıllar, xalq fəlsəfəsindən ibarət olan atalar sözü, bu gün bizim üçün mənasız kimi görünən xurafat yalnız bir millətin deyil, bütün bəşəriyyətin təfəkkür tarixini və onun müxtəlif təkamül səhifələrini öyrənmək üçün çox qiymətli materialları təşkil edir.” (2, 191)
Müstəqilliyini yaşadığımız indiki dövrdə ümumbəşər və milli düşüncəmizin tarixini, etik və mənəvi dəyərlərini dərk etmək, onun ən qədim yaddaş salnaməsini qoruyub saxlamaq, yaşatmaq və gələcək nəsillərə ötürmək, bu gün bizim qarşımızda duran başlıca vəzifələrdən biridir. Milli sərvətlərin toplanıb qorunması, nümayiş etdirilməsi, qiymətləndirilməsi və ən nəhayət tədqiqat obyektinə çevrilməsi vacibdir. Dünya Azərbaycanlılarının birinci qurultayındakı çıxışında ümümmilli lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdirmişdir.” (3)
“Kitabi-Dədə Qorqud” dastanı çoxəsrlik zəngin bir tarixə malik olan Azərbaycan milli-mənəvi dəyərləri özündə əks etdirərək ideoloji irs funksiyasını yerinə yetirir. Bu ideoloji irsin dərindən öyrənilməsi elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Azərbaycanın milli-mənəvi irsinin öyrənilməsi gənc nəslin təlim-tərbiyəsi üçün və elmi fikirimizin dəyərləndirilməsi müasir dövrdə mənəvi-əxlaqi inkişafımız baxımıdan zəruri bir amil hesab oluna bilər. “Azərbaycan xalqının böyük tarixi, zəngin mədəniyyəti var. Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Müasir dünyadakı qlobal inteqrasiya prosesində qabaqcıl yer tutmaq istəyən dövlət özünün iqtisadi, siyasi gücü ilə yanaşı, həm də tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə tanınmalı, onları yüksək səviyyədə təbliğ etməyi bacarmalıdır.”(4, səh.11)
Xalqımız təkcə “Kitabi-Dədə Qorqud” irsinə deyil, bu dastan timsalında bütün milli-mənəvi dəyərlərimizə, zəngin əxlaqi-fəlsəfi irsə diqqət göstərməlidir və “Kitabi-Dədə Qorqud” irsinin təbliğ edilməsi xüsusi bir mahiyyət kəsb etməlidir. “Kitabi-Dədə Qorqud” etik dəyərlərə marağın artmasında və etik dəyərlərin yenidən canlanmasına, tərəqqi etməsinə müxtəlif faktorlarla bu sahəyə böyük və önəmli bir təsir göstərmişdir. Məşhur alman filosofu G. V. F. Hegel qədim tarixi dəyərə malik olan şah əsərlərin araşdırılmasının zəruriliyini vurğulayaraq qeyd edirdi ki, “Əsl mənəvi incəsənət və onun duyulması və dərindən mənimsənilməsi zəminində xüsusi bir həssaslıq və azadlıq yaranmışdır ki, onun da sayəsində yeni dövrün, orta əsrlərin və hətta bizə tamamilə yad olan qədim xalqların (məsələn, hindlilərin) çoxdan mövcud olan dahiyanə əsərlərini qiymətləndirmək və anlamaq mümkün olmuşdur.” (5, s.26-27)
Zəngin türk mədəniyyəti içərisində milli-mənəvi sərvətlərə ən dəyərli nümunə kimi formalaşan “Kitabi-Dədə Qorqud” irsi hər zaman xalqımızın diqqət mərkəzində olma¬lı¬dır. Çünki, bədii ədəbiyyat, ədəbi-bədii fikir hər bir xalqın özündərkində və milli-mənəvi dəyərlərin genezisinin müəyyən olunmasına imkan yaradır. “Milli özünüdərk məqamları ədəbi-bədii fikir vasitəsilə də ifadə oluna bilir. Azərbaycan xalqının milli inkişafında ədəbi-bədii fikrin rolu həmişə böyük olmuşdur. Obrazlı düşüncə bir təfəkkür tərzi kimi rasional elmi düşüncəni həmişə üstələmişdir. Xalqımızın milli-fəlsəfi fikri də çox vaxt öz əksini elmi traktatlar və monoqrafiyalarda deyil, bədii ədəbiyyatda tapmışdır. Ona görə, fəlsəfi təfəkkürə gedən yol da əsasən ədəbiyyatdan keçmişdir.” (1 , s. 47)
Azərbaycan milli-mənəvi fikir tarixində önəmli bir mövqeyə malik olan “Kitabi-Dədə Qorqud” eposunun təhlil etmək öz mənəvi-əxlaqi dəyərlərimizə yüksək qiymət vermək baxımından bu gün üçün çox aktualdır. “Azərbaycan xalqı azad və suveren dövlət quraraq mədəni iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir.” (4, səh. 5)
“Kitabi-Dədə Qorqud”un yaratdığı zəngin milli-mənəvi irs XX əsr Azərbaycan etika tarixini tədqiq edən və öyrənənlər üçün önəmli bir mənbədir. Etik-mənəvi dəyərlərə yiyələnmək, mənəvi sərvətləri qoruyub-saxlamaq və gələcək nəsillərə ötürmək hər bir Azərbaycan gəncinin milli-mənəvi tərbiyəsinin əsasını təşkil etməlidir. Çünki, mənəvi dəyərlər mənəvi sərvətlərin təməlində durur.
Hər bir xalqın keçmişini özündə ehtiva edən mənəvi irs daim yad təsirlərə müqavimət göstərmişdir. Hər bir xalqın mili-etnik inkişaf tarixi bir sıra maddi və mənəvi amillərlə nizamlanan mürəkkəb bir prossesdir. Əgər biz xalqımızın milli-mənəvi mədəniyyətinin tarixinə ciddi nəzər yetirsək, onun əsas inkişaf mərhələlərini xarakterizə etsək mövcud amillərin böyük bir əhəmiyyət kəsb etdiyinin şahidi olarıq. Yüksək amallara xidmət edən milli-mənəvi dəyərləri ilə tanınan xalqımızı xarakterizə edən bəşəri ideyalar, adət-ənənələr, milli xüsusiyyətlər özünəməxsusluğunu qoruyub saxlamağı bacarmışdır. Bir sıra tədqiqaçılar da bu qənaətə gəlirlər ki, qədim köklərə malik olan Azərbaycan xalqı əsrlərin yaddaşlarından süzülüb gələn maddi və mənəvi xəzinəsini qoruyub saxlamağa nail olmuşdur. Oğuz türklərinin kodlaşdırılmış milli ruhunu tarixin qaranlıq səhifələrindən müasi dövrə çatdıran “Kitabi-Dədə Qorqud” eposunun tarixi əslində daha qədimlərə – islam dinin yaranmasında da öncələrə söykənir. “”Kitabi-Dədə Qorqud” VI-IX əsrlərdən çox-çox əvvəllər formalaşıb təşəkkül tapmış və bizim eradan, ən azı hunların Azərbaycana gəlişindən (II əsr) əvvəlki dövrün real tarixi hadisələrini əks etdirən abidədir.” (6, səh.86)
Xalqımızın bədii-poetik düşüncəsini, milli ruhunu özündə ehtiva edən və mahiyyət etibarilə qəhrəmanlıq dastanı olan “Kitabi-Dədə Qorqud” eposunda oğuz igidlərinin çılğınlığı ilə Dədə Qorqud müdrikliyi bir-birini tamamlayaraq harmoniya yaratmağa müvəffəq olur. Minilliklərin qaranlıq, keşməkeşli və ziddiyyətli qatlarından süzülüb gələn bu epos elm aləminə 1815-ci ildə məlum olduqdan sonra heç də hamı tərəfindən birmənalı bir şəkildə qarşılanmamışdır. Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının milli-mentalitetini özündə bariz və aydın bir şəkildə əks etdirən bu epos sovet hakimiyyəti dövründə hakim ideologiyanın təzyiqlərinə məruz qalmaya bilməzdi.
Xüsusilə də, 1950-ci illərin əvvəllərində bu tarixi eposa qarşı geniş bir şəkildə ləkələnmə və qarayxama kompaniyası aparılmışdır. Lakin minilliklərin axarından süzülüb gələn və böyük türk xalqının milli-mənəvi dəyərlərini özündə ehtiva edən bu eposa qarşı aparılan mübarizə öz cılızlığı ilə tarixin yaddaşına həkk oldu. Bitib-tükənməz qəhrəmanlıqla dolu olan “Kitabi-Dədə Qorqud” eposu ona qarşı aparılan və heç bir məntiqi əsası olmayan ləkələnmə iddialarını da oğuzlara məxsus qəhrəmanlıqla, Dədə Qorqud müdrikliyi ilə qarşıladı. Azad, çılğın və eyni zamanda da müdrik olan türk ruhuna qarşı etnogenezisi məchullara istinad edən cılız təbiətli insanların əsassız qarayaxma iddiaları əslində bu eposa qarşı olan qısqanclıq hissindən meydana gəlirdi.
Bütün bu təqiblərə baxmayaraq “Kitabi-Dədə Qorqud” irsinə xalqımız biganə yanaşmamış, onun zəngin etik-əxlaqi dəyərlərinə istinad edərək bu dəyərləri təbliğ etməklə kifayətləməmiş, bu etik-əxlaqi dəyərlərin zəmnində zəngin və orjinal bir irs yaratmağı bacarmışdır. Əgər biz bu gün bu etik-mənəvi dəyərlərə biganə bir münasibət bəsləsək gələcək nəsil bu səhvi bizə bağışlamaz. “Çünki böyüməkdə olan nəsil mənəvi cəhətdən korlanmamalı, millətinin keçmiş olduğu tarixi inkişaf yolunu az-çox bilməli, özünün keçmiş böyük fikir dahilərini tanımalıdır. Bu baxımdan, M.Ə.Rəsulzadənin XX əsrin əvvəllərində dahiyanə şəkildə görüb ürək ağrısı ilə dediyi sözlər indi də öz əhəmiyətini itirməmişdir: “Bir millətin yeni nəsli əskisinə nəzərən daha az kültürlü və daha az təcrübəli olarsa, o milllətin varlığı və istiqbalı təhlükəyə məruz qala bilər”. Bu gün xalqımızın mədəni tərəqqisinin mədəniyyəti və fəlsəfi fikrinin dərindən öyrənilməsi təkcə mənəvi sərvətimizə yiyələnmək baxımından deyil həm də müstəqilliyimizi qoruyub saxlamaq, əleyhdarlarımıza tutarlı cavablar vermək baxımından da zəruri əhəmiyyət kəsb edir. Milli fəlsəfi irsimizi mənimsəmək, həm də bəşəri mənəvi dəyərləri düzgün qiymətləndirmək, müasir çox mürəkkəb dünya hadisələrindən, qlobal sosial problemlərdən baş çıxarmaq və onların həlli üçün düzgün mövqe seçmək imkanı verir.” (7, səh.27)
Müasir dövrdə qlobal transformasiyalar kontekstində mədəniyyətin ən mühüm məqamlarından biri də mədəniyyətlərin dialoqu çərçivəsində milli-mənəvi dəyərlərin yəni, azərbaycançılığın təbliği məsələsidir. Bu məsələnin həll edilməsində milli-mədəni refleksiyanın önəmi böyükdür, bu nöqteyi-nəzərdən də xalqımızın milli varlığına müdrik bir şəkildə nəzər yetirib, müasir çərçivədə dünya proseslərinin dərk edilməsinə ehtiyac vardır.

1.Xəlilov S. Fəlsəfə: tarixi fəlsəfi komporativistika və müasirlik. Bakı: Azərbaycan Universiteti, 2006.
2İnan A. Epope ve Hurafe Motiflerinin Tarix Bakımından Önemi / Abdulkadir İnan. Makaleler ve İncelemeler. 3. Baskı, I cilt, Ankara: Türk Tarih Kurumu Basımevi, 1998.
3.”Azərbaycan” qəzeti, 10 noyabr, 2001 il.
4.Milli mənəvi dəyərlərin təbliğində kitabxanaların rolu /tərt. ed. N.Alışova; ixtisas red. və bur. məs. K.Tahirov; red. A.Abdullayeva; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2011.
5.Гегель. Эстетика, том III, М., 1968.
6.N. Şəmsizadə. Azərbaycançılıq, Bakı, 2006.
7.Tağıyev Ə. Azərbaycanın fəlsəfi və sosial-siyasi fikir tarixi oçerkləri. Bakı, 2015.

Rəhim Həsənov AMEA-nın Fəlsəfə və Hüquq İnistitunun doktorantı

“Kitabi -Dədə Qorqud” dastanı

“Kitabi-Dədə Qorqud” (“Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan” (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir (XI-XII əsrlər)

Əfsanəyə görə, Kitabi Dədə Qorqudda dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: “Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandığı boy”, “Bayburanın oğlu Bamsı Beyrək boyu”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, “Duxa Qoca oğlu Dəli Domrulun boyu”, “Qanlı Qoca oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu Yeynəyin boyu”, “Basat Təpəgözü öldürdüyü boy”, “Bəkil oğlu Əmranın boyu”, “Uşun Qoca oğlu Səgrəyin boyu”, “Salur Qazan dutsaq olub oğlu Uruz çıxardığı boy”, “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”. Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI yüzillikdə “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. “Kitabi-Dədə Qorqud”dakı Təpəgöz obrazı Homerin “Odisseya” dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək “Kitabi-Dədə Qorqud”un iki əlyazması məlumdur. Bunlardan biri – alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.

Elmə XIX əsrdən məlum olan “Kitabi-Dədə Qorqud”un hələlik iki əlyazma nüsxəsi (Drezden və Vatikan) məlumdur. Drezden nüsxəsi üzərində sonradan “Kitabi-Dədə Qorqud əla lisani taifeyi-oğuzan” (“Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı”) yazılmışdır və yeni bir nüxsəsi (surəti) əsası 1556-cı ildə qoyulmuş Drezdendəki Kral Kitabxanasından alınıb 1972-ci ilin avqustunda Bakıya gətirilib Azərbaycan Elmlər Akademiyasına verilib və Əlyazmalar İnstitutunda daha təfsilatlı tədqiq olunmuşdur. Bu nüsxə müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. Görünür ki, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən köçürülmüşdür. Azərbaycan EA Əlyazmalar İnstitutunda “Dədə Qorqud”un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanmışdır.Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, “Dəli Domrul” boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapmışdır. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir.

Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara – şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında “Dədə Qorqud” eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində “bəraət” ala bilmişdir. “Kitabi-Dədəm Qorqud” eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, “Kitabi-Dədə Qorqud”da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir.

Abidə haqqında ilk dəfə alman alimi F.Dits məlumat vermiş və “Təpəgöz” boyunu alman dilinə tərcüməsi ilə dərc etdirmişdir (1815). T.Nöldeke əsəri Drezden nüsxəsi əsasında çapa hazırlamaq istəmişdir. V.V.Bartold 1894-1904-cü illərdə əsərin 4 boyunu rus dilinə çevirərək çap etdirmişdir. O, 1922-ci ildə dastanın tam tərcüməsini başa çatdırmışdır; həmin tərcümə 1950-ci ildə Bakıda (H.Araslı və M.Təhmasibin redaktəsi ilə), 1962-ci ildə isə Moskvada nəşr olunmuşdur. 1952-ci ildə E.Rossi Vatikan kitabxanasında əsərin yeni bir nüsxəsini tapıb italyanca tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. “Kitabi-Dədə Qorqud” Türkiyədə ilk dəfə 1916-cı ildə Kilisli Müəllim Rifət, Azərbaycanda isə 1939-cu ildə akademik H.Araslı tərəfindən nəşr olunmuşdur. Sonralar əsər ingilis, alman və fars dillərinə tərcümə edilmiş, İngiltərədə, İsveçrədə, Amerika Birləşmiş Ştatları-nda və İranda çapdan çıxmışdır. 1951-ci ildə “Kitabi-Dədə Qorqud” Azərbaycanda və Türkmənistanda “xalq düşməni” elan edilərək oxunması yasaqlanmışdı. “İnkişaf etmiş” Sosializm cəmiyyətində feodalizm dövründən qalmış sənət nümunəsinə “yer tapılmadı”. Azərbaycanda 1957-ci, Türkmənistanda 1980-ci ildə bəraət qazanmışdır.

“Kitabi-Dədə Qorqud” dastanları XI-XII əsrlərdə və daha əvvəllər (islamın yayılmasından qabaq) Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. “Kitabi-Dədə Qorqud”u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Bayat elindən çıxmış bu bilicini oğuzun müşkül məsələlərini həll edərək gələcəkdən belə xəbər verdiyini göstərir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XIX əsr səyahətçilərinin əsərlərində bu fakta rast gəlmək olar.

“Kitabi-Dədə Qorqud” boylarında Dədə Qorqud şücaət göstərən igidlərə ad qoyur, çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol göstərir. Dədə Qorqud adı, eyni zamanda, qopuzla əlaqədardır. Dastanlarda oğuzun yaşlı (Qazan xan, Dir səxan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə) və gənc (Beyrək, Uruz, Basat, Yeynək, Səgrək, Qarabudaq, Əmran) nəslə mənsub qəhrəmanlarından söhbət açılır. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. “Kitabi-Dədə Qorqud” yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrofik məlumatla zəngindir. “Kitabi-Dədə Qorqud” qadına yüksək münasibəti ilə seçilir. Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında da aydın görünür. Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur. “Kitabi-Dədə Qorqud” Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir

Comments are closed, but trackbacks and pingbacks are open.