Press "Enter" to skip to content

Dövlət qullugu haqqinda qanun

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçiriləcək.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maddə 1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 22-1.3.3-cü maddədən “attestasiyası və ya onun” sözləri çıxarılsın.

1.2. 28-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 28. Dövlət qulluğuna qəbul

28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.

28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir.

Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.

28.5. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28.6. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 5 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 2 nümayəndəsi daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır.

Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28.8. Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.

28.9. Daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir.

28.10. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.

28.11. Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilir. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır. Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdudlaşdırmır.

28.12. Bu Qanunun 28-ci maddəsinin müddəaları ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali, birinci, ikinci və üçüncü təsnifatı vəzifələrinə və bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növünə qəbula şamil edilmir. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət orqanlarında qulluğa (xidmətə) qəbul qaydaları Azərbaycan Respublikasının dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunları ilə müəyyən edilir.”.

1.3. Aşağıdakı məzmunda 28-1-ci maddə əlavə edilsin:

“Maddə 28-1. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi

28-1.1. Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.

28-1.2. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz.

28-1.3. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq, vəzifədə irəli çəkə bilər.”.

1.4. 29.2-ci maddənin birinci hissəsinin üçüncü cümləsində və 29.4-cü maddənin birinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin.

1.5. 29.7-ci maddədə “nümayəndəsi də daxil olmaqla, üzvlərinin sayı üç nəfərdən az olmayan” sözləri “yaratdığı qurumun 2 nümayəndəsi daxil edilməklə, 5 nəfərdən ibarət” sözləri ilə əvəz edilsin.

1.6. 29.9.2-ci və 31-ci maddələr ləğv edilsin.

1.7. 30-1.1-ci maddənin üçüncü cümləsi çıxarılsın.

1.8. 33.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə;”.

Maddə 2. Keçid müddəaları

2.1. Bu Qanunun müddəaları bu Qanun qüvvəyə minənədək dövlət qulluğunda çalışan şəxslərə şamil edilmir.

2.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.8.4-cü maddəsi bu Qanun qüvvəyə mindikdən sonra dövlət qulluğuna qəbul edilən şəxslərə şamil edilmir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2016-cı il.

Dövlət qullugu haqqinda qanun

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, № 11, maddə 1974, № 12 (I kitab), maddə 2192; 2018, № 2, maddələr 158, 159, № 3, maddə 392, № 5, maddələr 864, 880, № 6, maddə 1191, № 7 (I kitab), maddələr 1383, 1428; 2019, № 1, maddə 8; 2020, № 7, maddələr 828, 851, 856, № 11, maddə 1322, № 12 (I kitab), maddələr 1425, 1427; 2021, № 2, maddə 114) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Şuranın fəaliyyətinin təşkilini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan Katiblik həyata keçirir.”;

1.2. 22.7-ci maddə üzrə:
1.2.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir.”;

1.2.2. ikinci cümlə ləğv edilsin;
1.3. aşağıdakı məzmunda 22.7-1-ci və 22.7-2-ci maddələr əlavə edilsin:

“22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.

22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.”;

1.4. 28-ci maddə üzrə:

1.4.1. 28.3-cü maddənin birinci cümləsində “sertifikat” sözü “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat)” sözləri ilə əvəz edilsin;

1.4.2. 28.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“28.5. Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

1.4.3. aşağıdakı məzmunda 28.7-1-ci və 28.8-1-ci maddələr əlavə edilsin:

“28.7-1. Dövlət orqanının rəhbəri tərəfindən bu Qanunun 28.7-ci maddəsinə uyğun olaraq təqdim olunmuş namizədlər sırasından seçim edilərkən müsabiqədə daha yüksək nəticə əldə etmiş namizədlərə, müsabiqə nəticələri bərabər olduqda ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük verilir.”;

“28.8-1. Bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə müsahibə əsasında ilk dəfə dövlət qulluğuna qəbul edilən şəxslərə də şamil edilir.”;

1.4.4. 28.11-ci maddənin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji vakant vəzifə olduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə təqdim olunurlar.”;

1.4.5. 28.12-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:

“1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) qəbul bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq daxili müsahibə əsasında həyata keçirilir.

Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edirlər.”;

1.5. 28-1-ci maddə üzrə:

1.5.1. 28-1.1-ci maddəyə “son ilində” sözlərindən sonra “, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq” sözləri əlavə edilsin;

1.5.2. 28-1.2-ci maddədə “ömürlük” sözü “müddətsiz” sözü ilə əvəz edilsin;
1.5.3. 28-1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“28-1.3. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu Şuranın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

1.6. 29.2-ci maddə üzrə:

1.6.1. birinci hissənin birinci və ikinci cümlələrində “Birinci – beşinci” sözləri “1-5-ci” sözləri ilə əvəz edilsin;

1.6.2. ikinci hissəyə “Dövlət qulluqçusu” sözlərindən sonra “(iki il müddətində bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilsin;

1.6.3. üçüncü hissəyə “Dövlət qulluqçusu” sözlərindən sonra “(bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilsin;

1.7. 29.3-cü maddə üzrə:
1.7.1. birinci hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir.”;

1.7.2. birinci hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə bilərlər.”;

1.7.3. ikinci hissənin birinci cümləsində “Birinci-beşinci” sözləri “1-5-ci” sözləri ilə, “birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri “dördüncü-yeddinci (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) təsnifatlarına uyğun olan vəzifələrin” sözləri ilə, “müsahibə (daxili müsahibə)” sözləri “daxili müsahibə” sözləri ilə əvəz edilsin və həmin cümləyə “dövlət qulluqçularının” sözlərindən sonra “, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin” sözləri əlavə edilsin;

1.7.4. üçüncü hissədə “müsahibə (ümumi müsahibə)” sözləri “ümumi musahibə” sözləri ilə əvəz edilsin və həmin hissəyə “müsabiqə” sözündən sonra (“bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələr istisna olmaqla)” sözləri əlavə edilsin;

1.7.5. aşağıdakı məzmunda beşinci və altıncı hissələr əlavə edilsin:

“1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədilə keçirilən müsahibədən müvəffəqiyyətlə keçmiş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Həmin namizədlərin vakant inzibati vəzifələrə təyin olunması və ehtiyat kadrlar siyahısından çıxarılması ilə bağlı məsələlər bu Qanunun 28.11-ci maddəsinə uyğun olaraq tənzimlənir.

Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxs bu Qanunun 29.2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq keçirilən ümumi müsahibədə və ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq keçirilən daxili müsahibədə iştirak edə bilər.”;

1.8. 29.4-cü maddənin ikinci hissəsinə “olunur” sözündən sonra “, dövlət orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun rəsmi internet saytlarında yerləşdirilir” sözləri əlavə edilsin;

1.9. 29.5-ci maddə üzrə:
1.9.1. ikinci hissədə “bir il” sözləri “altı ay” sözləri ilə əvəz edilsin;

1.9.2. üçüncü hissəyə “birinci hissəsi” sözlərindən sonra “bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrin tutulmasına, habelə” sözləri əlavə edilsin;

1.10. 29.7-ci maddəyə “komissiya” sözündən sonra “bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrin tutulması ilə bağlı müsahibə zamanı yalnız həmin dövlət orqanının nümayəndələri daxil edilməklə, digər hallarda isə” sözləri əlavə edilsin;

1.11. 29.11-ci maddəyə “inzibati vəzifə” sözlərindən sonra “(bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələr istisna olmaqla)” sözləri əlavə edilsin;

1.12. 29-1-ci maddəyə “yaratdığı quruma” sözlərindən sonra “, Şuraya” sözü əlavə edilsin.
Maddə 2. Keçid müddəaları

2.1. 2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutulurlar.

2.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-1-ci maddəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş dövlət qulluqçularına (bu Qanunun 2.1-ci maddəsi nəzərə alınmaqla) onlar daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda tətbiq edilir.

Dövlət qullluqçularının nəzərinə! – Qayda dəyişir

E-huquq.az-ın məlumatına görə, bu, Milli Məclisin növbəti plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq “Dövlət qulluğu haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək.

Eyni zamanda, ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçularının, stajçı kimi və sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin, habelə təqvim ilinin sonunadək müvafiq vəzifədə faktiki olaraq 6 aydan az müddətdə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilməyəcək.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçiriləcək.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qiymətləndirmə forması əsasında aparılacaq. Qiymətləndirmə forması dövlət qulluqçusunun təqvim ili ərzində yerinə yetirməlui olduğu tapşırıqlar (hədəflər) və və qanunda göstərilən meyarlar habelə əmək intizamı nəzərə alınmaqla tərtib ediləcək, tapşırıqların (hədəflərin) və meyarların mühümlük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən ediləcək.

Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun il ərzində icra etməli olduğu mühüm işlərdir. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və dövlət qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır. Tapşırıqların (hədəflərin) icra müddəti dəqiq müəyyən edilməli, ölçüıə və yerinə yetirilə bilən olmalıdır. Hər bir tapşırığın (hədəfin) icra edilməsindən gözlənilən nəticə müəyyən edilməlidir.

Qanun layihəsində dövlət qulluqçusunun il ərzində fəaliyyətinin hansı meyarlar əsasında qiymətləndiriləcəyini də müəyyən edib.

Beləliklə, bunlar aşağıdakılardır:

– qulluq (xidməti) vəzifələrinə münasibət;

– təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;

– yaradıcılıq və təşəbbüskarlıq;

– iş təcrübəsi və onu bölüşmə;

– kollektivdə işləmək və ünsiyyət bacarığı;

Həmçinin qanun layihəsinə əsasən, rəhbər vəzifə tutan dövlət qulluqçularının fəaliyyəti isə yuxarıda göstərilənlərə əlavə olaraq, aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

– kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı;

– komanda qurmaq bacarığı.

Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı şəkildə qiymətləndiriləcək:

Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin 50%-i tapşırıqların (hədəflərin) icra vəziyyətinin qiymətləndirilməsinə; 40%-i meyarlar əsasında qiymətləndirilməyə; 10%-i isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanacaq.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdiriləcək. Dövlət qulluqçusunun fəaliyyəti bütün tapşırıqlar (hədəflər), meyarlar, eləcə də əmək intizamı üzrə qiymətləndiriləcək və verilmiş qiymətlər əsaslandırılacaq. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticəsi ilə razılaşmadıqda xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənəd onun rəyi əlavə edilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun şəxsi işində saxlanılır.

Dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə yekun qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçiriləcək. müsahibə zamanı dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunacaq. Müsahibə zamanı növbəti qiymətləndirilmə ili üçün tapşırıqlar (hədəflər) və onların mühümlük dərəcəsi müəyyən edilə bilər.

Dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi əsasında onun barəsində aşağıdakı tədbirlərdən biri görülə bilər:

– dövlət qulluqçusunun mükafatlandırılması;

– dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi;

– dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və xüsusi təlimlərə cəlb edilməsi;

– dövlət qulluqçusunun bilik və bacarıqlarının uyğun digər analoji vəzifəyə keçirilməsi;

– dövlət qulluqçusunun aşağı inzibati vəzifəyə keçirilməsi.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası və qiymətləndirilmə formasımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadıqda inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququna malik ola biləcək.

Comments are closed, but trackbacks and pingbacks are open.