Press "Enter" to skip to content

Milli Kitabxanada kitabxanaşünas alim Kərim Tahirovun 70 illiyi münasibətilə virtual sərgi hazırlanıb

Rusiya Milli Kitabxanasında ölkəmizlə bağlı minlərlə nüsxə var

Milli kitabxanda tədbirlər keçirilib FOTOLAR

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası qonaqlarının iştirakı ilə Milli Kitabxanada tədbirlər keçirilib. SİA-nın məlumatına görə, “Azərbaycan inciləri dünya kitabxanalarında” adlı sərginin təqdimatı olub. Rusiya Milli Kitabxanasının fondlarındakı ölkəmizə dair materialların və Azərbaycan ədəbiyyatı klassiklərinin əlyazmalarının elektron versiyası Milli Kitabxanaya təqdim edildi. Həmçinin Azərbaycan Milli Kitabxanası ilə Bosniya və Herseqovina Milli Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Azərbaycan inciləri dünya kitabxanalarında” Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə bağlı ölkəmizdə səfərdə olan qonaqları salamlayaraq ənənəvi keçirilən bu tədbir çərçivəsində nəşriyyat və kitabxanaların əməkdaşlığının səmərəsindən danışdı.

Əvvəlcə “Azərbaycan inciləri dünya kitabxanalarında” adlı sərginin təqdimatı oldu. Direktor qeyd etdi ki, sərgidə Rusiya Milli Kitabxanasında qorunan Azərbaycana aid kitablar, habelə Avstriya, Türkiyə, Özbəkistan və Gürcüstandan gətirilmiş qiymətli nümunələr yer alıb. Bildirildi ki, bu kitablar Milli Kitabxananın fondunu bir daha zənginləşdirəcək, tədqiqatçılar, alimlər üçün əvəzsiz tapıntı olacaq.

Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Buludxan Xəlilov, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyeva-Kəngərli IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının əhəmiyyətli hadisə olduğunu vurğuladılar. Bildirildi ki, dünyanın məşhur kitabxana rəhbərlərinin və nəşriyyatların bu tədbirə qatılması qarşılıqlı əlaqələrə, ölkələr arasında kitab mübadiləsinə zəmin yaradır.

Vurğulandı ki, Milli Kitabxana Azərbaycan elminin məbədidir və onun fondunun zənginləşməsi oxucular üçün də böyük töhfədir. Mədəniyyət elə bir sahədir ki, o heç vaxt qapalı qalmır. Məhz bunun sayəsində kitablar, yazılı ədəbiyyat mədəniyyəti təbliğ edərək ölkələri, xalqları bir-birinə tanıdır. Azərbaycan öz mədəniyyəti ilə fəxr edir. Ölkəmizlə bağlı qiymətli nəşrlər dünya kitabxanalarında qorunub saxlanılır. Bundan sonra tədqiqatçılar bu kitabları rahat şəkildə öz Milli Kitabxanamızda əldə edib oxuya biləcəklər.

Rusiya Milli Kitabxanasında ölkəmizlə bağlı minlərlə nüsxə var

Rusiya Milli Kitabxanasının direktoru Anton Vladimiroviç Lixomanov ölkəmizdə keçirilən kitab bayramında iştirakından məmnunluğunu ifadə etdi. O, Rusiya Milli Kitabxanasında qorunan Azərbaycan dilində ərəb qrafikasında olan kitablardan ibarət 6 diski Azərbaycan Milli Kitabxanasına hədiyyə etdi.

Bildirdi ki, RMK-da Azərbaycan dilində çoxsaylı kitablar var. Onların 1000-dən çox nüsxəsi 1917-ci ildən əvvəl, çar Rusiyası zamanında kitabxanaya daxil olub: “Bu gün müasir texnologiyaların sayəsində biz Azərbaycan Milli Kitabxanasında olmayan bu kitabların elektron versiyalarını sizlərə təqdim edə bilirik. Bu siyahıya əlyazmalar, xəritələr, dərsliklər, müəllif əsərləri daxildir”.

Azərbaycan və Bosniya və Herseqovinanın milli kitabxanaları əməkdaşlıq edəcək

Daha sonra Azərbaycan Milli Kitabxanası ilə Bosniya və Herseqovina Milli Kitabxanası arasında əməkdaşlıq barədə memorandum imzalandı. Bosniya və Herseqovina Milli Kitabxanasının direktoru İsmət Ovcina öz çıxışında bu sənədin əhəmiyyətini vurğuladı, kitabxananın tarixi barədə məlumat verdi. Bu sahədə əməkdaşlığın xalqlarımız arasında daha da sıx münasibətlər yaradacağını dedi, Azərbaycan Milli Kitabxanasının rəhbərliyini və əməkdaşlarını ölkəsinin Milli Kitabxanası ilə tanışlığa dəvət etdi. Qonaq bildirdi ki, memorandum qarşılıqlı kitab mübadiləsi, peşəkar təcrübə və maddi-mədəni irsin tanınmasında öz töhfəsini verəcək. Qonaq kitab sərgi-yarmarkasında yaradılan şəraitə və qonaqpərvərliyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.

Sonda tədbir iştirakçıları “Azərbaycan inciləri dünya kitabxanalarında” sərgisi ilə tanış oldular.

Milli Kitabxanada kitabxanaşünas alim Kərim Tahirovun 70 illiyi münasibətilə virtual sərgi hazırlanıb

Noyabrın 12-də Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor, kitabxanaşünas alim Kərim Tahirovun 70 yaşı tamam olub.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, alimin yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Professor – Kərim Tahirov” adlı Elektron məlumat bazası (http://anl.az/el/emb/K.Tahirov/index.html) və “Kitabxanaşünas alim – Kərim Tahirov” adlı virtual sərgi (http://anl.az/el/vsb/Kitabxanasunas_alim_Kerim_Tahirov/index.htm) hazırlanıb. Təqdim olunan virtual sərgidə rəsmi sənədlər, professor Kərim Tahirovun müəllifi, redaktoru, tərtibçisi, layihə rəhbəri olduğu kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələri, mükafatları, fotolar nümayiş olunur. Həmçinin, Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli kitabxanaşünas alimlər Kərim Tahirov haqqında”, “Layihələri”, “Əsərləri”, “Haqqında məqalələr”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrdən ibarətdir.

Qeyd edək ki, K.Tahirov həyatının 30 ildən artıq dövrünü Azərbaycan mədəniyyətinin, kitabxana işinin və Azərbaycan kitabxanalarının inkişafına, çiçəklənməsinə həsr edərək, təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış alim, görkəmli kitabxanaşünas kimi şöhrət qazanmışdır. Əsas tədqiqat sahəsi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı olan alim ilk dəfə olaraq Azərbaycan Milli Kitabxanasının yarandığı gündən etibarən keçdiyi tarixi inkişaf yolunu əsaslı şəkildə araşdırmış, yeni tarixi faktlar, mühüm elmi nəticələr əldə etmiş və 2009-cu ildə “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. Qeyd edək ki, K.Tahirovun tarixi araşdırmaları Milli Kitabxananın yeni inkişaf strategiyasının formalaşmasında mühüm rol oynamışdır.

O, dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur.

K.Tahirov kitablarla bağlı şərəfli bir ömür yaşamış alimdir. “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)” adlı monoqrafiyanın, “Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası” adlı dərs vəsaitinin, 150-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmuş, 250-dən artıq elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə onlarla yeni kitabın təqdimat mərasimi keçirilmişdir. 2015-ci ildə işıq üzü görmüş, fundamental nəşr hesab edilən Azərbaycanda ilk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş və onun baş redaktoru olmuşdur. “Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri”nin, “Əlamətdar və tarixi günlər təqvimi”nin, “Azərbaycan kitabı” on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.

K.Tahirovun rəhbərliyi dövründə Milli Kitabxana respublikanın ictimai həyatında fəal iştirak etməyə başlamış, oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuş, müxtəlif mövzulara dair 70-dən artıq fundamental biblioqrafiyalar tərtib edilərək çap olunmuş, cari biblioqrafiya və informasiya göstəricilərinin, “Elmi əsərlər”in nəşri bərpa edilmiş, kitabxananın elektron kataloqu, elektron kitabxanası, Elmi Şurası yaradılmışdır, 44 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır.

Kərim Tahirov bir sıra layihələrin – “Milli – mənəvi dəyərlərimizin Vətənə qayıdışı”, “Qarabağa kitabla gedək!”, “Musiqi kitabxanası”, “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)”, “Açıq kitabxana”, “Milli musiqi xəzinəmizdən səs yazmaları və qramafon vallar”, “Beynəlxalq musiqi kitabxanası” və s. rəhbəri olmuşdur.

Həmçinin o, Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Milli-mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində dahi Nizaminin dünya kitabxanalarında mühafizə olunan 150-dən artıq əlyazmalarının digital surətlərinin Milli Kitabxanaya gətirilməsinə və elektron bazasının yaradılmasına, habelə onlardan ən əhəmiyyətlilərinin bir nüsxə çap olunaraq Milli Kitabxananın nadir fonduna verilməsini təmin edib. 2021-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş ilk fundamental biblioqrafiyanın – “Nizami Gəncəvi: Biblioqrafiya” kitabının müəllifi və elmi redaktorudur.

Dünya milli kitabxanaları-kərim tahirov

Azərbaycan Milli Kitabxanasında Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Birliyi (ILESAM) tərəfindən toplanmış türk dilindəki 10 min nüsxə kitabın Milli Kitabxanaya təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

APA -nın məlumatına görə, tədbirdə bildirilib ki, bu, Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində baş tutub.

Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, “Qarabağa kitabla gedək” layihəsinin əsas məqsədi işğaldan azad olunmuş torpaqlarda kitabxanaları bərpa etməkdir: “Bu gün layihə çərçivəsində xeyli kitab yığılıb. Tezliklə biz bu kitabları işğaldan azad olunmuş ərazilərdəki kitabxanalara təqdim edəcəyik”.

Mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, Qarabağda kitabxanalar da məhv edilib: “Hər zaman olduğu kimi, qardaş Türkiyə Qarabağımızın dirçəldilməsində, şəhərlərin yenidən qurulmasında, tarixi-mədəni abidələrin bərpa edilməsi prosesində də Azərbaycana böyük dəstək göstərir. Qarabağda təkcə mədəni abidələrimiz deyil, həm də kitabxanalarımız məhv edilib. Həmin kitabxanaları yenidən bərpa etmək məqsədilə biz bu layihəni həyata keçiririk”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ölkəsinin daima Azərbaycanın yanında olduğunu vurğulayıb: “Türkiyə dünən də Azərbaycanın yanında olub, bu gün də yanındadır və sabah da yanında olacaq. Türkiyə kitabxanalarında belə bir şüar var: “Kitab ən gözəl hədiyyədir”. Biz Qarabağa kitabla gəlmişik”.

Sonda tədbir iştirakçıları işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti bərpa olunacaq kitabxanalar üçün Milli Kitabxanaya hədiyyə olunan kitabların sərgisi ilə tanış olublar.

Comments are closed, but trackbacks and pingbacks are open.