Quran (V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi)/Əl-Bəqərə surəsi
278 Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!)
Öd kisəsi xəstəliyinin əlamətləri
Öd kisəsinin əsas vəzifəsi ödü bağırsağa ötürməklə, həzm prosesini təmin etməkdən ibarətdir. Kisədə gedən patoloji proseslər və müxtəlif xəstəliklər nəinki həzmə, hətta bütün orqanizmə mənfi təsir göstərir. Bəzi patologiyalar vaxtında müalicə olunmadıqda ölümlə nəticələnə bilər. Belə hallara yol verməmək üçün öd kisəsi xəstəliyinin əlamətləri haqqında məlumatlı olmaq gərəkdir.
Öd kisəsi xəstəliyinin əlamətləri – xolelitiaz
Xolelitiaz, yəni öd daşı xəstəliyi öd kisəsi və ya öd axarlarında daşların yaranması ilə xarakterizə edilir. Onun başlıca səbəblərinə irsi meyllik, ödün xolesterinlə zəngin olması, durğunlaşması və infeksion proseslər aiddir.
Statistik məlumatlara əsasən xəstəliyə 40 yaşdan böyük, açıq rəngli dəri və saça malik, həmçinin hamiləlik keçirən, artıq çəkili qadınlar daha çox tutulur.
Öd daşı xəstəliyinin xarakterik əlamətləri aşağıdakılardır:
- yağlı qida qəbulundan və ya həddindən artıq yedikdən sonra sağ qabırğa altında ağrı;
- ağrının kürək və sağ qola yayılması;
- xəstəliyin kəskin formasında ürəkbulanma, qusma, titrətmə, hərarət.
Onu da qeyd edək ki, xolelitiaz uzun müddət gizli gedir. Yalnız daş axarı tutduqda əlamətlər müşahidə olunur. Kəskin sancı tutması təcili hospitalizasiya tələb edir.
Öd kisəsi xəstəliyinin əlamətləri – diskineziya
Öd kisəsi və axarların diskineziyası (yığılma qabiliyyətinin pozulması) yemək qəbulu arasında uzun fasilə olmaqla, qeyri-düzgün qidalanma, eləcə də sinir sisteminin yüklənməsi, stress fonunda inkişaf edir.
Diskineziya adlanan xəstəliyin əlamətləri bunlardır:
- sağ qabırğa altında sızıltılı və ya əksinə, kəskin ağrı, diskomfort, ağırlıq hissi;
- nəcis ifrazının gecikməsi ilə ishalın növbələnməsi.
Öd kisəsi xəstəliyinin – xolesistitin əlamətləri
Xolesistit – öd kisəsinin iltihabıdır. Xolesistitli pasieyntlərin 90%-də xəstəlik xolelitiaz (öd daşı) fonunda yaranır. Belə ki, daşlar kisəsinin selikli qişasını qıcıqlandırır, orqan daxilində təzyiqi yüksəldir, mikroorqanizmlərin keçməsini asanlaşdırır. Nəticədə iltihabi proseslər baş verir.
Kəskin xolesistitli insanların 10%-də daşsız formaya rast gəlinir. Belə hallarda kisəsinin iltihablaşmasında daşlar iştirak etmir. Xəstəliyin səbəbləri qismində bakteriyalar, parazitlər, öd axınının pozulması, mədə-bağırsaq traktının iltihabi xəstəlikləri qeyd edilir.
Xolesistitin əsas əlamətlərinə sağ qabırğa altında sızıltılı ağrı, dəri örtüklərinin qaşınması aiddir.
Öd kisəsi xəstəliyinin əlamətləri və diaqnostikası
Pasiyent qastroenteroloqa müraciət edərkən, həkim ilk növbədə anamnez (xəstəlik haqqında məlumat) toplayır. Qarın boşluğunu palpasiya (əllə müayinə) edir. Bundan sonra diaqnozun qoyulması üçün orqanın ultrasəs müayinəsi, qan analizi tələb olunur.
Öd kisəsi xəstəliyinin müalicəsi
Müalicənin əsasını pəhriz və dərman preparatları təşkil edir. Qidalanma rejiminə əməl olunmadıqda, dərman müalicəsi heç bir nəticə vermir. Öd kisəsi xəstəliklərində qida rasionu ilə bağlı aşağıdakılar məsləhət görülür:
- yağlı, qızardılmış, acı ədviyyatlı xörəklərdən, spirtli və qazlı içkilərdən imtina etmək;
- gün ərzində 4-6 dəfə kiçik porsiyalarla qidalanmaq;
- yulaf, düyü, manna sıyıqlarına, tərəvəz suplarına, buxarda bişirilmiş və ya suda qaynadılmış yağsız ət, toyuq, balıq növlərinə üstünlük vermək;
- tünd çay və qəhvəni kompot, bitki dəmləmələri ilə əvəz etmək;
- xörəklərə soyuq sıxımla əldə olunan zeytun, kətan yağları qatmaq.
Dərman müalicəsi isə xəstəliyin növündən asılı olaraq, müvafiq qaydada aparılır. Müayinənin nəticələrinə əsasən pasiyentlərə spazmolitiklər, antibiotiklər, fermentlər və ya daşları əridən dərmanlar təyin oluna bilər. Bəzi hallarda cərrahi əməliyyat qaçılmazdır.
Xülasə
Məqalədə Sizi öd kisəsi xəstəliyinin əlamətləri ilə tanış etdik. Sağ qabırğa altında narahatlıq hiss etdikdə, vaxt itirmədən həkimə müraciət edin.
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Bəqərə surəsi
2 Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.
3 O kəslərki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.
4 O kəslərki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar,
5 Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.
6 (Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.
7 Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!
8 İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik”, – deyirlər.
9 Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.
10 Onlar ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!
11 Onlara: “Yer üzündə (küfr və günah işlədərək, möminləri aldadaraq) fəsad törətməyin!”-dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, -deyə cavab verirlər.
12 Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.
13 Onlara: “Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!” -deyildiyi zaman (öz aralarında): “Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?” -deyə cavab verirlər. (Ey möminlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər.
14 Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də (sizin kimi) iman gətirdik”,-deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”,-deyirlər.
15 (Belə əməllərin müqabilində) Allah da onlara (dünya va axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri icində şaşqın (və sərgərdan) qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində saxlayar).
16 Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi və haqq yolu da tapmadılar.
17 Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işıgını keçirər və özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər.
18 Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər.
19 Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirləri (Öz elmi, qüdrəti ilə) ehtiva edəndir (Onun əlindən əsla qaçıb qurtara bilməzlər).
20 İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın (onları kor etsin). (Şimşək) onlara işıq verdiyi zaman (onun şüası ilə) yeriyirlər, üzərlərinə qaranlıq çökdükdə isə (olduqları yerdə) dayanıb dururlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.
21 Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)
22 O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!
23 Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!
24 Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!
25 (Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”,- deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar.
26 Əlbətdə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?”-deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.
27 O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır!
28 Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.
29 Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!
30 (Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, – dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) ” Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.
31 (Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (isimlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!”- dedi.
32 Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, – dedilər.
33 (Sonra) O: “Ey Adəm, bunların (kainatda mövcud olan əşyanın) adlarını onlara bildir!”- dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində – aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” – buyurdu.
34 (Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.
35 (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”.
36 (Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə nemətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri var”,-dedik.
37 (Nəhayət) Adəm Rəbbindən (bə’zi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.
38 Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar”.
39 Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar.
40 Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!
41 Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!
42 Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin!
43 (Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!
44 Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?
45 (Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.
46 Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda Onun hüzuruna qayıdacaqlarını bilirlər.
47 Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi və sizi (vaxtilə əcdadınızı) bütün aləmlərdən (başqa insanlardan) üstün tutduğumu yadınıza salın!
48 Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!
49 (Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Firon əhli sizə (babalarınıza) ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda (sizdən ötrü) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.
50 (Yadınıza salın ki) Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa suda qərq etdik.
51 (Bir daha) xatirənizə gətirin ki, Biz Musaya (Tur dağında vəhy üçün) qırx gecəlik vədə vermişdik. (O, Tur dağına gedəndən) sonra siz buzovu özünüzə (tanrı) qəbul etdiniz və (bu hərəkətinizlə Allahdan başqasına ibadət etməklə) zalım oldunuz (özünüzə zülm etdiniz).
52 Sonra da (tövbə etdiyinizə görə) sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.
53 (Yadınıza salın!) Biz Musaya kitab (Tövrat) və (haqq ilə batili bir-birindən fərqləndirən) Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz.
54 O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir! “- demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır.
55 (Və yadınıza salın ki) siz: “Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq” – dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu.
56 Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik.
57 (Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” (deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.
58 Xatırlayın ki, (Tih səhrasından çıxandan sonra ) sizə: “Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından (Allaha) səcdə edən halda “hittə!” (“bizi bağışla!”) söyləyərək daxil olun, Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını (mükafatını) artıracağıq”, -demişdik.
59 (Özlərinə) zülm edənlər onlara deyilən (əmr olunan) sözü başqası ilə dəyişdirdilər (“bizi bağışla” mənasında işlədilən “hittə” sözünə gülərək onu “buğda” mənasında olan “hintə” sözü ilə əvəz etdilər). Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik.
60 Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” -dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. (Sonra onlara: ) “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!” (söylədik).
61 Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): “Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! – dediniz. (Musa da cavabında : ) “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” – demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya, Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi.
62 İman gətirənlərdən (müsəlmanlardan), Musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.
63 (Ey İsrail oğulları!) Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə qaldırdığımızı xatırlayın! (Biz: ) “Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz” – (deyə əmr etmişdik).
64 Bundan sonra siz (əhdinizdən) döndünüz (əvvəlcə əməl etdiyiniz Tövrata sonra əməl etmədiniz). Əgər sizə Allahın yazığı və rəhmi gəlməsəydi (tövbə etmək üçün möhlət verilməsəydi), əlbəttə, (böyük) zərər çəkənlərdən olardınız.
65 Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü (Davud zamanında şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: “(Zəlil və) həqir meymunlar olun!” – dedik.
66 Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.
67 Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” – dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” – dedilər”. (Musa da: ) Allah Özü məni cahil olmaqdan saxlasın!” – dedi.
68 Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş ki, o (inək) nə cür olmalıdır?” (Musa: ) “Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!” -dedi.
69 Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: “(Allah) onun tünd sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur”, dedi.
70 Onlar (yenə) söylədilər: “Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə (biz kəsilməsi əmr edilən o inəyi tapar və bu məsələ barəsində), əlbəttə, düz yolda olarıq”.
71 (Musa) dedi: “(Rəbbiniz) buyurur ki, o (heç kəsə) ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inəkdir”. (Bu zaman) onlar: “İndi işi həqiqətə gətirib çıxartdın”, -dedilər və onu (inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər.
72 Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə çıxarmaq məqsədilə), onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi zahirə çıxarandır!
73 Belə olduqda Biz: “(Kəsilmiş inəyin) bir parçasını ona (qatili bilinməyən ölüyə) vurun!” – dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada dirildər və sizə Öz möcüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.
74 Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!
75 (Ey möminlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.
76 (Bu münafiqlər) iman gətirənlərlə görüşdükləri zaman: “İman gətirdik”,- deyirlər. Xəlvətdə olduqları vaxtda isə biri digərinə: “Allahın (Tövratda) sizə bildirdiyi şeyi (müsəlmanlara) xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? (Bunu) dərk etmirsinizmi ?” – söyləyirlər.
77 Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!
78 Onların (yəhudilərdən) bəziləri də avamdırlar (bisavatdırlar), kitabı (Tövratı) bilməzlər. Uyduqları yalnız (bir sıra) boş arzulardır (xam xəyallardır). Onlar ancaq zənnə qapılırlar.
79 Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir!” – deyirlər. Öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!
80 Onlar (yəhudilər): “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” -deyərlər. (Ya Rəsulum!) Onlara söylə: “Siz Allahdan belə bir vəd almısınızmı? (Əgər belədirsə) Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?”
81 Bəli, günah qazanan və qazandığı günahlara əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.
82 İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.
83 Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz.
84 Xatırlayın ki, yenə bir zaman sizinlə: “Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə razılığa gəldik. Sonra siz (həmin əhd-peymana) şahid olub (onu) təsdiq etdiniz.
85 (Ey yəhudilər!) Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəya (tayfaya) zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.
86 Onlar (yəhudilər) axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar.
87 (Ey İsrail övladı!) Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra da bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar möcüzələr (dəlillər) bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə və ya ismi-əzəmlə) qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan bir şey (əmr, buyuruq) gətirən peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz (Zəkəriyya və ya Yəhya kimi).
88 (Yəhudilər Quranı anlamaq və qəbul etmək barəsində) dedilər: “Bizim qəlblərimiz örtülüdür (pərdəlidir)”. (Lakin bu heç də belə deyildir). Əksinə, Allah onlara küfrlərinə görə lənət eləmişdir. Buna görə də onların ancaq az bir hissəsi (İbn Səlam və yoldaşları kimi) iman gətirər.
89 Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə (Muhəmməddən qabaq) kafirlərə (ərəb müşriklərinə) qələbə çalmaq üçün (“Tövratda adı çəkilən axirüzzəman peyğəmbər gəlib bizə yardım edəydi!” – deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə, (paxıllıq edib) ona inanmadılar. Allah kafirlərə lənət eləsin!
90 Allahın Öz qullarından istədiyi şəxsə lütf etməsinə (peyğəmbərlik verməsinə) həsəd aparmaq, Onun göndərdiyini (Quranı) inkar etməklə (yəhudilərin) vicdanlarını satmaları nə qədər də pisdir! Bununla onlar (özlərinə qarşı) Allahın qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!
91 Onlara: “Allahın nazil etdiklərinə (İncilə və Qurana) inanın!” – deyildikdə, onlar: “Biz özümüzə göndərilənə (Tövrata) inanırıq”, -deyərək, ondan başqasını (sonrakını) inkar edirlər. Halbuki o (sonra göndərilən Quran) onların əllərində olanı (Tövratı) təsdiq edən bir həqiqətdir. (Ya Rəsulum!) Onlara söylə: “Əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”
92 Musa sizə açıq-aydın dəlillər (möcüzələr) gətirmişdi. Siz isə onun ardınca (Musa Tur dağına getdikdən sonra) buzova sitayiş edərək (özünüzə) zülm etdiniz.
93 Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını başınızın üstünə qaldırmış və: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri) eşidin!” (demişdik). Onlar (sizin ata-babalarınız) isə: “Eşitdik və (o hökmlərə) qarşı çıxdıq (əməl etmədik)!” – dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. (Ya Rəsulum!) Onlara de: “Əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir!”
94 (Ya Rəsulum!) Sən onlara (yəhudilərə) de. “Əgər (sizin iddianıza görə) Allah yanında axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm istəyin!” (Çünki Cənnətin yalnız özünə aid olduğunu iddia edən kimsə ona qovuşmaga səbəb olan ölümü mütləq arzulayar).
95 (Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır!
96 Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir!
97 (Ya Rəsulum!) Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Quranı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir.
98 Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir.
99 (Ya Rəsulum!) Biz sənə (ehkamı bildirən, halal və haramı ayıran) açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər.
100 (Yəhudilər) hər dəfə əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Onların, bəlkə də, çoxu (Tövrata) inanmır.
101 Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Tövratda Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olduğu barədə deyilənləri) guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.
102 (Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!
103 Əgər onlar (Qurana və Peyğəmbərə) iman gətirib pis əməllərdən (sehrə uymaqdan) çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Kaş ki, bunu dərk edəydilər.
104 Ey iman gətirənlər! “Raina” deməyin (bu söz ərəb dilində “bizi qoru”, “bizdə gozün olsun”, “bizə bax”, “bizi gözlə”, “bizə qayğı və ehtiram göstər”, mənalarında işləndiyi halda, ibrani dilində yuxarıdakı mənalarla yanaşı, “bizə çobanlıq et”, “bizim çobanımız”; “ay səfeh” mənalarında da işlədilir. Yəhudilər həmin sözdən Peyğəmbərə qarşı bir istehza vasitəsi kimi istifadə edirdilər), “unzurna” söyləyin! (Allahın hökmünü) eşidin! Kafirləri şiddətli əzab gözləyir.
105 (Ey möminlər!) Nə əhli-kitabdan olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə məxsus (bəxş) edər. Allah böyük mərhəmət (nemət) sahibidir!
106 Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!
107 Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!
108 (Ey Məkkə əhli!) Yoxsa siz də bundan əvvəl Musa sorğu-suala çəkildiyi kimi Peygəmbərinizi (Muhəmmədi) sorğu-suala çəkmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, həqiqətən, doğru yoldan azmışdır.
109 (Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!
110 Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!
111 (Yəhudilər və xaçpərəstlər) dedilər: “Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə: “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!”
112 (Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
113 Yəhudilər dedilər: “Xaçpərəstlər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər”. Xaçpərəstlər də: “Yəhudilər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər “, -söylədilər. Halbuki onların hər ikisi kitab (Tövrat və İncil) oxuyur. (Kitab əhli olmayan və yazıb-oxumaq) bilməyənlər də onlar kimi danışdılar. Allah onların aralarındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!
114 Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!
115 Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!
116 (Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: “Allah (Özü üçün) övlad götürmüşdür”. Allah pak və müqəddəsdir (bu sözlərin Ona heç bir aidiyyəti yoxdur. O, bütün eyib və nöqsanlardan xalidir). Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!
117 Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol !” -deyər, o da (fövrən) olar.
118 (Müşriklərdən olan) cahillər dedilər: “Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi!” Onlardan əvvəl gələnlər (yəhudilər və xaçpərəstlər) də buna bənzər sözlər demişdilər. Onların qəlbləri biri-birinə bənzəyir. Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi (dəlillərimizi) açıqcasına göstərdik.
119 (Ya Rəsulum!) Biz səni (möminlərə) haqq ilə (Quranla) müjdə verməyə və (kafirləri) qorxutmağa gondərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan.
120 (Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.
121 Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada və axirətdə) özlərinə zərər yetirənlərdir.
122 Ey İsrail övladı! Sizə verdiyim nemətimi və sizi (əcdadınızı) aləmlər üzərinə (bütün ümmətlərə) üstün etdiyimi xatırlayın!
123 Qorxun elə bir gündən ki, (o gün) heç kəs heç kəsin işinə yarıya bilməz (heç kəs heç kəs üçün bir şey ödəyə bilməz), heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz!
124 (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) “Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə: ) “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu.
125 (Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey möminlər! Sizə də: ) “İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!” – (dedik). İbrahimə və İsmailə də: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! – deyə tövsiyə etdik.
126 Yadına sal ki, İbrahim; “Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!”- deyə dua etdikdə, O (Allah) : “Kafir olanlara da bir qədər (ömürləri boyu) ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora (Cəhənnəm) nə fəna bir yerdir!” – deyə buyurdu.
127 Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” – deyə dua etdilər.
128 (İbrahim və İsmail dedilər: ) “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!”
129 (Onlar yenə dedilər: ) “Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən”.
130 (Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmə üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır.
131 Rəbbi İbrahimə : “(Əmrimə) təslim ol!” – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!” – deyə cavab vermişdi.
132 İbrahim və (sonra da) Yəqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi) : “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!”
133 (Ey yəhudilər!) Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” – deyə oğlanlarından soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların – İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)!”- dedilər.
134 Onlar (İbrahim, Yəqub və onlara tabe olanlar) bir camaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz.
135 (Yəhudilər və xaçpərəstlər müsəlmanlara: ) “Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!” – deyirlər. (Ya Rəsulum!) Sən de: “Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi.
136 (Ey möminlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq) belə deyin: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!”
137 (Ey möminlər!) Əgər onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər (imandan) üz döndərərlərsə, (sizə qarşı) ədavət bəsləmiş olarlar. (Ya Rəsulum! Belə olduqda sən onların düşmənçiliyindən qorxma!) Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir.
138 (Ey möminlər, deyin: ) “(Biz) Allahın dinini (rəngini qəbul etdik). (Dini) Allahın dinindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik”.
139 (Ya Rəsulum! Kitab əhlinə de: ) “Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!”
140 Yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yəqubun və onun övladının (nəslinin) yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? De ki, siz yaxşı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən gələn şəhadəti öz yanında gizlədən şəxsdən daha zalım kim ola bilər? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.
141 Onlar (İbrahim, Yəqub və övladı) bir ümmət (camaat) idilər ki, keçib getdilər, onların qazandıqları (əməllər) özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz.
142 (Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: “(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?” (Ya Rəsulum! Onların cavabında) de: “Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər”.
143 (Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.
144 (Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.
145 (Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətisən də, onlar sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!
146 Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.
147 (Ya Rəsulum!) Haqq sənin Rəbbindədir, buna heç vaxt şübhə edənlərdən olma!
148 Hər kəsin (hər ümmətin) üz tutduğu bir qibləsi vardır. (Ey müsəlmanlar!) Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi (qiyamətdə) bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!
149 (Ya Rəsulum!) Hər hansı bir yerə getdikdə, (namaz vaxtı) üzünü Məscidülhərama (Kəbəyə) tərəf çevir! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir.
150 (Ya Rəsulum!) Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, (özlərinə) zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan nemətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız.
151 Həmçinin (nemətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, Kitabı (Quranı), hikməti (şəriəti, halalla haramı) və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.
152 Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!
153 Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur).
154 Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.
155 Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!
156 O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.
157 Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!
158 (Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir.
159 Kitabda (Tövratda) insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar.
160 Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!
161 Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!
162 Onlar həmişəlik lənət içərisində qalarlar. (Qiyamətdə) onların əzabı əskilməz və üzlərinə də baxılmaz (üzrləri qəbul olunmaz).
163 Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir.
164 Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır.
165 İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şıddətli olacağını bilərdilər.
166 O zaman tabe olunmuşlar (bütpərəstlərin rəisləri) tabe olanlardan (bütpərəstlərdən) uzaqlaşacaq, (onların hamısı qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır.
167 O zaman (bütpərəstlərə) tabe olanlar: “Əgər bir də (dünyaya) qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq”, – deyərlər. Beləcə (qiyamətdə) Allah onların əməllərinin yalnız həsrətdən (peşmançılıqdan) ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər.
168 Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir.
169 O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər.
170 Onlara (bütpərəstlərə) : “Allahın göndərdiyinə (Qurana) tabe olun!” -deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” -deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)
171 Kafirlər səda və nidadan (çığırtı və bağırtıdan) başqa bir şey anlamayanlara (heyvanlara) bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər.
172 Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!
173 O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!
174 Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (peyğəmbərin vəsfini) gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!
175 Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbrlidirlər!
176 Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı (Tövratı, İncili və ya Quranı) haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar (onun hökmlərinin bəzisini qəbul, bəzisini rədd edənlər, bəzisini gizlədənlər, bəzisini isə təhrif edib dəyişdirənlər), şübhəsiz ki, (həqiqətdən) uzaq bir nifaq içərisindədirlər.
177 Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!
178 Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şıddətli əzab gözləyir!
179 Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz.
180 Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir.
181 (Ölənin vəsiyyətini) eşitdikdən sonra onu dəyişənlər günah sahibi olarlar. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir.
182 Hər kəs vəsiyyət edənin (öz vəsiyyətilə) səhv etməsindən və ya günaha batmasından ehtiyat edib (ədalət naminə vəsiyyətdə dəyişiklik edərək) varislərin arasını düzəltsə, ona heç bir günah yazılmaz. Allah bağışlayandır, rəhm edəndir!
183 Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!
184 (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!
185 İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz.
186 (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.
187 Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!
188 Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!
189 (Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Evlərinizə (Cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş (pis əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!
190 (Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!
191 Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!
192 Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!
193 Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.
194 (Döyüş) haram olan ay [hicrətin 7-ci ilinin zülqədə ayı) (döyüş)] haram olan ay (hicrətin 6-cı ilinin zülqədə ayı) müqabilindədir. Hörmətlər qarşılıqlıdır.Sizə qarşı həddini aşanlara siz də həmim ölçüdə həddi aşın (cavab verin).Allahdan qorxun (qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir.
195 (Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.
196 Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə (Minaya) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ihramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. Bu (ümrə ziyarəti) ailəsi Məscidülhəramda (Məkkədə və ətrafında) sakin olmayanlara aiddir.Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
197 Həcc (mövsümü) məlum olan aylardır (şəvval, zülqədə ayları və zülhiccənin birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan (həcci özünə vacib bilən) şəxsə həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!
198 (Həcc mövsümündə) Rəbbinizdən (ticarətlə) ruzi diləməniz sizin üçün günah deyildir.Ərəfatdan qayıdarkən Məşərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!
199 Sonra camaatın döndüyü yerdən siz də dönün! Allahdan bağışlanmaq diləyin, şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!
200 Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!
201 Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” deyirlər.
202 Belə şəxslərin qazandıqlarına (qazandıqları əməllərinə) görə (axirətdə) mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir!
203 (Ey hacılar!) Sayı bəlli olan günlərdə (Mina dağında) Allahı yada salın (təkbirlə zikr edin). Tələsərək iki gündə (zülhiccənin on birinci və on ikinci günlərində Minadan Məkkəyə) qayıdana heç bir günah gəlməz. Eləcə də yubanana (zülhiccənin on üçüncü günü Minada qalana) heç bir günah tutulmaz. Bu (günah tutulmaması), müttəqilərə aiddir. Allahdan qorxun və Onun yanında (hüzurunda) toplanacağınızı bilin!
204 (Ya Rəsulum!) İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır.
205 (O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!
206 Ona: “Allahdan qorx!” – deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!
207 İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!
208 Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!
209 Əgər bu qədər aşkar dəlil (ayələr) gəldikdən sonra siz yenə də doğru yoldan azarsınızsa, o zaman bilin ki, Allah da qüvvət, hikmət sahibidir!
210 Yoxsa onlar Allahın (qəzəbinin) bulud kölgələri içində mələklərlə (əzab mələkləri ilə) gəlməsini və işin tamam olmasını (özlərinin məhv edilməsini) gözləyirlər? Şübhəsiz ki, (bütün) işlər (axırda) Allaha qayıdacaqdır.
211 (Ya Rəsulum!) İsrail övladından xəbər al ki, Biz onlara (Musa peyğəmbər vasitəsilə) nə qədər açıq dəlillər göndərdik! Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!
212 Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər.
213 İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni (idarəsi) ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər.
214 (Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər.Bilin ki, Allahın köməyi (sizə) yaxındır!
215 (Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.
216 (Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi.Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.
217 (Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: “O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək, Məscidülhərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha betərdir”! (Ey möminlər!) Onlar (Məkkə müşrikləri) əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!
218 Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir!
219 (Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz.
220 Dünya və axirət (işləri) barəsində. (Ya Rəsulum!) Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onlar üçün (onların malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır. Əgər Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət sahibidir!
221 Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır.
222 (Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!
223 (Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!
224 Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq barəsindəki andlarınıza Allahı (Allahın adını) hədəf (dəstavüz) etməyin! Allah eşidəndir, biləndir!
225 Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (yalandan və ya qəsdən içib yerinə yetirmədiyiniz andlara, pis niyyətlərə) görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir!
226 Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti vardır, əgər bu müddət içərisində andlarından dönsələr, Allah (onları kəffarə vermək şərtilə) bağışlayandır, rəhm edəndir.
227 Əgər talaq vermək (boşamaq) istəsələr, şübhəsiz ki, Allah (onların niyyətlərini) eşidəndir, biləndir.
228 Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar. (Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, hikmət sahibidir.
229 (Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!) Onlara (qadınlarınıza) verdiyinizdən (kəbin haqqından, mehrdən) bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur. Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara çıxmayın. Allahın hədlərindən kənara çıxanlar, əlbəttə, zalımlardır.
230 Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları təqdirdə, (həmin qadının əvvəlinci əri ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir (hökmləridir).
231 Qadınlarınızı (rici talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi nemətləri,öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Quranı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!
232 Boşanmış qadınların gözləmə müddətləri bitərkən aralarında barışıq və yaxşılıqla yaşamağa razılıq olduğu zaman onların təkrar öz ərlərinə nikah edilməsinə mane olmayın! Bu sizin Allaha və axirət gününə inananlarınıza verilən bir nəsihətdir. Bu (şəri baxımdan) sizin üçün daha təmiz (faydalı) və daha pakdır. Allah (sizin mənfəətinizi) bilir, siz bilməzsiniz!
233 Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi görəndir!
234 Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır!
235 (Bu müddəti gözləyən) qadınlara elçi göndərmək (onlarla evlənmək) istədiyinizi (rəmz və) işarə ilə bildirməkdən və ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç bir günah gəlməz. Allah sizin onları xatırlayacağınızı bilir. Lakin (gözləmə müddətində) onlarla gizlində vədələşməyin, onlara şəriətə müvafiq söz deyin! Gözləmə vaxtları bitməyincəyə qədər onlarla nikah etmək fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan (Allahdan) qorxun, Allahın bağışlayan, həlim olduğunu bilin!
236 Yaxınlıq etmədiyiniz (toxunmadığınız) və mehrini (kəbin haqqını, başlığını) təyin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə onlara bir şey (mütə) versin!
237 Kəbin haqlarını təyin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin bağışlamağınız (güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.
238 (Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).
239 Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə və ya minik üstə (qılın). (Təhlükədən sovuşmağınıza) əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri (namazı, duanı) sizə (Peyğəmbər və Quran vasitəsilə) nə cür öyrədibsə, o cür anın (zikr edin, namaz qılın)!
240 Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən çıxarılmamaq şərtilə, bir il müddətində baxılmasını (vərəsələrinə) vəsiyyət etməlidirlər. Əgər onlar (öz arzuları ilə) çıxıb gedərlərsə, o zaman onların qəbul olunmuş qayda üzrə (şəriətə müvafiq) öz barələrində görəcəkləri işlər üçün siz günahkar deyilsiniz. Allah yenilməz qüvvət, hikmət sahibidir!
241 Boşanan qadınları qəbul olunmuş tərzdə (şəriətə müvafiq) faydalandırmaq müttəqilərin vəzifəsidir.
242 Allah sizə Öz ayələrini, (hökmlərini) bu qaydada aydınlaşdırır ki, düşünüb anlayasınız (əqlinizə batsın).
243 (Ya Rəsulum!) Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: “Ölün!” – dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!
244 Allah yolunda vuruşun və bilin ki, Allah eşidəndir, biləndir!
245 Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız.
246 (Ya Rəsulum!) Musadan sonra bir dəstə (tanınmış) İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla) vuruşaq!” – dedilər. O da (onlara): “Sizə vuruşma əmri olduqda, bəlkə, vuruşmadınız?” – söylədi. Onlar cavabında dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır!
247 (İsrail övladının) peyğəmbəri onlara dedi: “Allah Talutu sizə padşah göndərdi”. Onlar isə: “Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?” – deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir!”
248 (İsrail övladının) peyğəmbəri onlara dedi: “(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mənəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər (Musanın əsası, Tövratın bəzi lövhələri, bir az qüdrət halvası və s.) vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün (peyğəmbərin verdiyi xəbərin doğruluğunu təsbiq edən) qəti dəlil vardır”.
249 Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: “Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir”! Lakin onların az bir qismi müstəsna olmaqla, (hamısı) o sudan içdi. O (Talut) və onunla birlikdə olan möminlər (çayı) keçdikdən sonra (düşmən qoşununu görüb) dedilər: “Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur”! (İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inanalar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!”
250 Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz, bizə bollu səbr və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”
251 Nəhayət, onlar Allahın izni (iradəsi və köməyi) ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfükardır.
252 (Ya Rəsulum!) Bunlar (bu söylənilənlər) Allahın ayələridir (qüdrət nişanələridir) ki, onları sənə doğru-düzgün bildiririk. Sən, həqiqətən, (Allah tərəfindən seçilərək insanlara) göndərilən (mürsəl) peyğəmbərlərdənsən.
253 (Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-biriləri ilə vuruşmazdılar. Fəqət (bununla belə yenə də) ixtilafa düşdülər. Onlardan bəziləri (Allaha) iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!
254 Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər (bunu inkar edənlər) isə (özlərinə) zülm edənlərdir!
255 Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!
256 Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!
257 Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!
258 (Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür”, – dediyi zaman, o (Nəmrud): “Mən də həm dirildir, həm də öldürürəm”, – demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” – dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!
259 Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” – demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” – deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az” – deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi (uzunqulağının) sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?” – deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” – dedi.
260 (Ya Rəsulum!) Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” – dedikdə (Allah) : “Məgər (ölüləri diriltməyimə) inanmırsan?” -buyurmuşdu. (İbrahim: ) “Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)”, – deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu: “Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!”
261 Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir və hər şeyi biləndir.
262 Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
263 Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!
264 Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!
265 Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir!
266 Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, (ağacları) altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun, (sonra) zəif (iş bacarığı olmayan, himayəyə möhtac) uşaqları olduğu halda ona qocalıq üz versin, həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun? Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, düşünəsiniz.
267 Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tərifə) layiqdir!
268 Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir.
269 Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!
270 (Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir, lakin (xəsislik göstərib özlərinə) zülm edənlərin (qiyamət günü) heç bir köməkçisi olmaz!
271 Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!
272 (Ya Rəsulum!) İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. (Sənin vəzifən ancaq onları haqq yola dəvət etməkdir). Allah kimi istərsə, onu doğru yola yönəldər. Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin (mənfəəti) ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!
273 (Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!
274 Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
275 Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!
276 Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!
277 İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
278 Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!)
279 Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin!Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!
280 Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!
281 Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!
282 Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nəğd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!
283 Səfərdə olub katib tapmasanız, girov saxlayın. Əgər bir-birinizə etibar edirsinizsə, etibar olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi (şahidi olduğunuz şeyi) gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir!
284 Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah) istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir!
285 Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!”
286 Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!”
- Bəqərə surəsi
- Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)
7. əl-Əraf surəsi
2. Bu, insanları qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın.
3. Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.
4. Biz neçə-neçə kəndləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günorta çağı yatıb istirahət etdikləri vaxt gəldi.
5. Əzabımız onları haqladığı zaman onların çağırışları: “Həqiqətən, biz zalım olmuşuq!”– deməkdən başqa bir şey olmadı.
6. Biz, mütləq elçi göndərilən ümməti və göndərilmiş elçiləri sorğu-suala tutacağıq.
7. Onlara etdikləri əməlləri barədə Öz elmimizlə bildirəcəyik. Axı Biz qaib deyildik.
8. O gün əməllərin tərəzidə çəkilməsi bir həqiqətdir. Tərəziləri ağır gələnlər – məhz onlar nicat tapanlardır.
9. Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır.
10. Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz!
11. Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.
12. Allah dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” İblis dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”
13. Allah dedi: “Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan”.
14. İblis dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”.
15. Allah dedi: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən”.
16. İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam.
17. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.
18. Allah buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam.
19. Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bəyəndiyiniz yerlərdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa özlərinə zülm edənlərdən olarsınız”.
20. Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbədi qalanlardan olmayasınız”.
21. Üstəlik onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”– deyə and içdi.
22. Beləliklə, şeytan onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət ağaclarının yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara belə müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”
23. Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.
24. Allah dedi: “Bir-birinizə düşmən kəsilərək yerə enin! Yerdə sizin üçün müəyyən vaxta qədər qərar tutacağınız məskən və faydalanmaq üçün istifadə edəcəyiniz şeylər vardır”.
25. Allah dedi: “Siz orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız”.
26. Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb onlardan ibrət alasınız.
27. Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.
28. Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”
29. De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz”.
30. Allah Öz bəndələrinin bir qismini doğru yola yönəltdi, digərlərinə isə haqq yoldan azmaq layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğru yoldadırlar.
31. Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir.
32. De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında hamıya, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik.
33. De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”.
34. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər.
35. Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən Məndən qorxub öz əməllərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.
36. Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.
37. Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Yazıda olan qismətləri onlara nəsib olacaqdır. Nəhayət, elçilərimiz onların canını almaq üçün yanlarına gəldikdə: “Allahdan savayı çağırdıqlarınız haradadır?”– deyəcəklər. Onlar: “Bizi qoyub qaçıblar!”– deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər.
38. Allah deyəcək: “Sizdən əvvəl gəlib-getmiş günahkar cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər bir tayfa Oda girdikcə digərini lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” Allah deyəcək: “Əzab hər kəs üçün ikiqatdır, lakin siz bunu bilmirsiniz!”
39. Əvvəlkilər sonrakılara deyəcəklər: “Sizin bizim üzərimizdə heç bir üstünlüyünüz olmayıb. Elə isə qazandıqlarınıza görə dadın əzabı!”
40. Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.
41. Onların Cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq.
42. İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik.
43. Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!”
44. Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbimizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?” Onlar: “Bəli!”– deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: “Allahın lənəti olsun zalımlara!
45. O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər”.
46. Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: “Sizə salam olsun!” deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər.
47. Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalımlara tay tutma!”
48. Sədd əhli əlamətlərindən tanıdıqları adamları səsləyib deyəcəklər: “Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi”.
49. “Allah onlara mərhəmət nəsib etməyəcəkdir”– deyə barəsində and içdiyiniz kəslər bunlardırmı?” Sədd əhlinə deyiləcəkdir: “Cənnətə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz”.
50. Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”.
51. O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq.
52. Biz onlara biliyimizlə izah etdiyimiz, iman gətirən qövm üçün hidayət və mərhəmət olan bir Kitab göndərdik.
53. Yoxsa kafirlər yalnız onun (Quranda verilən xəbərlərin) aqibətini gözləyirlər? Onun aqibəti gəldiyi gün əvvəllər onu unudan kəslər deyəcəklər: “Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. İndi bizim tərəfimizi saxlayan şəfaətçilər varmı? Yaxud geri qaytarılacağıqmı ki, əvvəllər etdiyimiz əməllərdən başqasını edək?” Onlar özlərini ziyana uğratdılar. Uydurduqları bütlər isə onlardan uzaqlaşıb qeyb olacaqlar.
54. Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.
55. Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir.
56. Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır.
57. Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, düşünüb ibrət alasınız.
58. Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə çox asanlıqla bitər, pis torpaqda isə onlar yalnız çox çətinliklə yetişər. Biz ayələri şükür edən bir qövmə beləcə izah edirik.
59. Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram”.
60. Xalqının zadəganları dedilər: “Həqiqətən də, biz səni açıq-aydın azğınlıq içində görürük!”
61. O dedi: “Ey qövmüm! Mən heç də azmamışam. Lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm.
62. Mən Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan nazil olanlar sayəsində sizin bilmədiklərinizi bilirəm.
63. Allahdan qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz?”
64. Kafirlər onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Doğrudan da, onlar kor adamlar idilər.
65. Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Yoxsa qorxmursunuz?”
66. Qövmünün kafir zadəganları dedilər: “Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!”
67. O dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm. Lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm.
68. Mən Rəbbimin vəhy etdiyi hökmlərini sizə təbliğ edirəm. Mən sizin etibarlı nəsihətçinizəm.
69. Yoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız”.
70. Onlar dedilər: “Yanımıza gəlmisən ki, atalarımızın ibadət etdiklərini buraxıb tək Allaha ibadət edək? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir”.
71. Hud dedi: “Artıq Rəbbinizdən sizə əzab və qəzəb yetişdi. Siz özünüzün və atalarınızın uydurduqları adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barəsində heç bir dəlil nazil etməmişdir. Gözləyin! Şübhəsiz mən də sizinlə birlikdə gözləyənlərdənəm”.
72. Biz onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər.
73. Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar.
74. Xatırlayın ki, O, sizi Ad qövmündən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzənliklərində qəsrlər tikir, dağlarda evlər yonursunuz. Allahın nemətlərini yada salın, yer üzündə fəsad yayaraq pis işlər görməyin”.
75. Onun qövmünün təkəbbürlü zadəganları öz aralarından iman gətirən zəiflərə dedilər: “Siz Salehin öz Rəbbi tərəfindən göndərildiyini bilirsinizmi?” Onlar dedilər: “Həqiqətən, biz onunla göndərilən hər şeyə inanırıq”.
76. Təkəbbür göstərən başçılar dedilər: “Həqiqətən, biz sizin inandığınızı inkar edirik”.
77. Onlar dişi dəvənin diz vətərini kəsdilər və beləliklə də Rəbbinin əmrindən çıxıb: “Ey Saleh! Əgər sən göndərilən elçilərdənsənsə, bizə vəd etdiyin əzabı gətir”– dedilər.
78. Onları dəhşətli bir sarsıntı yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.
79. Saleh onlardan üz çevirib dedi: “Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz”.
80. Lutu da elçi göndərdik. Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz?
81. Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”.
82. Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı.
83. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu.
84. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu.
85. Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir.
86. Hər yolun başında oturub Allaha iman gətirənləri hədələyib Onun yolundan sapdırmayın və onu əyri göstərməyə çalışmayın. Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı. Bir görün fəsad törədənlərin aqibəti necə oldu.
87. Əgər aranızdan bir dəstəniz mənimlə göndərilənə inanmış, bir dəstəniz isə inanmamışsa, Allah aramızda hökm verənədək səbir edin. Axı O, hakimlərin ən yaxşısıdır”.
88. Onun qövmünün təkəbbürlü zadəganları dedilər: “Ey Şueyb! Ya biz hökmən səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz”. Şueyb dedi: “Hətta nifrət etmiş olsaq belə?”
89. Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz yenə də ona qayıtsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməyincə bizim ona dönməyimiz olacaq bir şey deyildir. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm ver. Axı Sən hökm verənlərin ən yaxşısısan.
90. Onun qövmünün kafir zadəganları dedilər: “Əgər Şueybin ardınca getsəniz, siz mütləq ziyana uğrayanlardan olarsınız”.
91. Onları dəhşətli bir şiddətli sarsıntı yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.
92. Şueybi yalançı sayanlar, sanki orada yaşamamışdılar. Şueybi yalançı sayanların özləri ziyana uğrayanlardan oldular.
93. Şueyb onlardan üz çevirib dedi: “Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmlərini sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Kafir tayfadan ötrü mən necə heyfsilənə bilərəm?”
94. Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr.
95. Sonra pisliyi yaxşılıqla əvəz etdik. Nəhayət onlar firavanlıq içində yaşayarkən: “Atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi”– dedilər. Biz də onları heç özləri də hiss etmədən qəflətən yaxaladıq.
96. Əgər o ölkələrin əhalisi iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar peyğəmbərləri yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə əzabla yaxaladıq.
97. Məgər o ölkələrin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yatarkən gəlməyəcəyindən əminmi oldular?
98. Ya da o ölkələrin əhalisi əzabımızın onlara səhər-səhər, onlar əylənərkən gəlməyəcəyindən əminmi oldular?
99. Yaxud onlar Allahın hiyləsindən ehtiyat etmirdilərmi? Allahın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər.
100. Məgər yer üzünün keçmiş sakinlərindən sonra ona varis olanlara bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər?
101. Bu, o ölkələrdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədirlər. Allah kafirlərin qəlblərini beləcə möhürləyir.
102. Onların əksəriyyətini vədə xilaf çıxan gördük. Onların çoxunu günahkar gördük.
103. Onlardan sonra Musanı möcüzələrimizlə Firon və onun əyanlarına elçi göndərdik. Onlar isə bunu inkar etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu.
104. Musa dedi: “Ey Firon! Həqiqətən, mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm.
105. Mənim borcumdur ki, Allah barəsində yalnız həqiqəti deyim. Mən Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirmişəm. Elə isə İsrail oğullarını mənimlə göndər”.
106. Firon dedi: “Əgər möcüzə gətirmisənsə və doğru danışanlardansansa, onu göstər!”
107. Musa əsasını yerə atdı və o, dərhal açıq-aşkar bir ilan oldu.
108. Əlini qoynundan çıxartdı və o, baxanlar üçün ağappaq parlaq bir əl oldu.
109. Firon qövmünün əyanları dedilər: “Həqiqətən, bu, bilikli bir sehrbazdır.
110. O sizi yurdunuzdan çıxartmaq istəyir. Elə isə təklifiniz nədir?”
111. Onlar dedilər: “Onu və qardaşını gözlət və şəhərlərə sehrbazları toplayan adamlar göndər ki,
112. bilikli sehrbazların hamısını sənin yanına gətirsinlər”.
113. Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər qalib gəlsək, doğrudanmı bizim üçün mükafat olacaq?”
114. Firon dedi: “Bəli, siz mənə yaxın adamlardan olacaqsınız”.
115. Sehrbazlar dedilər: “Ey Musa! Ya sən əsanı birinci at, ya da biz əlimizdəkiləri ataq!”
116. Musa dedi: “Siz əvvəl atın!” Onlar əllərindəkiləri atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər.
117. Biz Musaya: “Əsanı yerə at!”– deyə vəhy etdik. Elə bu an əsa ilana çevrilib onların düzəltdikləri şeyləri uddu.
118. Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu.
119. Sehrbazlar orada məğlub oldular və rüsvay olaraq geri döndülər.
120. Sehrbazlar səcdəyə qapandılar.
121. Onlar dedilər: “Aləmlərin Rəbbinə iman gətirdik!
122. Musa və Harunun Rəbbinə!”
123. Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, şəhərdə qurduğunuz bir hiylədir ki, əhalisini oradan çıxarasınız. Tezliklə biləcəksiniz.
124. Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm”.
125. Onlar dedilər: “Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq.
126. Sən sadəcə, Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür”.
127. Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qövmünü buraxırsan ki, yer üzündə fəsad törətsinlər, həm səni, həm də sənin məbudlarını bir kənara atsınlar”. Firon dedi: “Biz hökmən onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Şübhəsiz ki, onların üzərində sarsılmaz hökmranlığa malik olan bizik”.
128. Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından istədiyini onun varisləri təyin edir. Gözəl aqibət müttəqilərindir”.
129. Onlar dedilər: “Sən bizə peyğəmbər gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi”. Musa dedi: “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da necə hərəkət edəcəyinizə baxsın”.
130. Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar.
131. Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanındadır, lakin onların çoxu bunu bilmir.
132. Kafirlər dedilər: “Sən bizi sehrləmək üçün nə qədər möcüzə gətirsən də, biz sənə inanan deyilik!”
133. Biz də onların üstünə müxtəlif möcüzələr olaraq tufan, çəyirtkələr, bitlər, qurbağalar və qan göndərdik. Onlar isə təkəbbürlük göstərdilər və günahkar bir tayfa oldular.
134. Əzab onları bürüdükdə dedilər: “Ey Musa! Bizim üçün Rəbbinə sənə verdiyi əhd ilə dua et! Əgər əzabı bizdən sovuşdursan, biz hökmən sənə iman gətirəcək və İsrail oğullarını mütləq səninlə birlikdə göndərəcəyik”.
135. Biz çatacaqları müəyyən vaxta qədər əzabı onlardan sovuşdurduqda isə, dərhal əhdi pozdular.
136. Ayələrimizi inkar edib onlardan qafil olduqlarına görə Biz o tayfadan intiqam alaraq onları dənizdə qərq etdik.
137. Musa ilə olan zəif camaatı isə yer üzünün xeyir-bərəkət verdiyimiz məşriqlərinə və məğriblərinə varislər təyin etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik.
138. Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər: “Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt”. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız.
139. Şübhəsiz ki, bunların etiqad etdikləri əqidə məhvə məhkumdur, gördükləri işlər isə batildir”.
140. Musa dedi: “O, sizi aləmlərdən üstün etdiyi bir halda, mən sizin üçün Allahdan başqa məbudmu axtaracağam?”
141. Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq var idi.
142. Biz Musaya otuz gecəlik vədə verdik və buna on gecə də əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Xalqımın içərisində məni əvəz et, onları islah et və fəsad törədənlərin yoluna uyma!”
143. Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: “Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım”. O dedi: “Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!”
144. Allah dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlərimlə və səninlə danışmağımla səni seçib insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol!”
145. Biz onun üçün lövhələrdə hər şeydən öyüd-nəsihət və hər şeyin təfsilatını yazdıq və dedik: “Bunları möhkəm tut və xalqına da onun ən yaxşısından yapışmağı əmr et! Mən sizə fasiqlərin yurdunu göstərəcəyəm.
146. Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular”.
147. Ayələrimizi və axirətə qovuşmağı yalan sayanların əməlləri puç oldu. Məgər onlar yalnız etdikləri bu əməllərə görə cəzalandırılmayacaqlarmı?
148. Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdilər. Məgər bu heykəlin onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? Buna baxmayaraq ona məbud kimi sitayiş edib zalımlardan oldular.
149. Onların əlləri yanlarına düşdükdə (tutduqları işə görə peşman olduqda) və haqq yoldan azdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.
150. Musa qəzəbli və kədərli halda öz qövmünün yanına qayıtdıqda dedi: “Məndən sonra necə də yaramaz işlər görmüsünüz! Rəbbinizin əmrini qabaqlamaq istədiniz?” Musa lövhələri tulladı və qardaşının başından yapışıb özünə tərəf çəkdi. Qardaşı dedi: “Ey anamın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldürəcəkdilər. Məni rüsvay etməklə düşmənləri sevindirmə. Məni zalımlara tay tutma”.
151. Musa dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhmlisisən!”
152. Həqiqətən, buzova sitayiş edənlərə öz Rəbbindən bir qəzəb və dünya həyatında zillət üz verəcəkdir. Biz iftira yaxanları belə cəzalandırırıq.
153. Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir.
154. Musanın qəzəbi sakitləşəndə lövhələri götürdü. Onlardakı yazılarda Rəbbindən qorxanlar üçün hidayət və mərhəmət var idi.
155. Musa Bizim təyin etdiyimiz vaxt üçün tayfasından yetmiş kişi seçdi. Onları zəlzələ yaxaladıqda o dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, yalnız Sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim Himayəçimizsən! Bizi bağışla və bizə rəhm et! Axı Sən bağışlayanların ən yaxşısısan.
156. Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” Allah dedi: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam.
157. O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”.
158. De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”.
159. Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə insanları doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər.
160. Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Musadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!”– deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə saldıq, onlara manna və bildirçin endirdik, özlərinə də: “Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin!”– dedik. Onlar Bizə zülm etmədilər, ancaq özləri özlərinə zülm etdilər.
161. Bir zaman onlara deyilmişdi: “Bu kənddə sakin olun və ondan (orada olan nemətlərdən) bəyəndiyiniz yerlərdə yeyin. “Bizi bağışla!”– deyin və qapıdan Allaha səcdə edərək daxil olun ki, sizin günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq”.
162. Onlardan haqsızlıq edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Etdikləri haqsızlığa görə Biz onlara göydən əzab göndərdik.
163. Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü üçün qoyulmuş qadağanı pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq.
164. O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “Bu, Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar pis əməllərdən çəkinsinlər!”
165. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik, haqsızlıq edənləri isə itaətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq.
166. Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: “Mənfur meymunlar olun!”– dedik.
167. O zaman Rəbbin onlara Qiyamət gününədək ağır əzab verəcək kimsələr göndərəcəyini bildirdi. Doğrudan da, sənin Rəbbin tez cəza verəndir. Həqiqətən də, O, Bağışlayandır, Rəhmlidir.
168. Biz onları yer üzündə ümmətlərə böldük. İçərilərində həm əməlisaleh olanlar, həm də belə olmayanlar vardır. Biz onları yaxşılıq və pisliklə sınadıq ki, bəlkə doğru yola dönələr.
169. Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!”– deyirdilər. Onlara buna bənzər mənfəətlər yenə də gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar Kitabda olanları oxuyub öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız?
170. Kitabdan möhkəm yapışanlara və namaz qılanlara gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik.
171. Bir zaman dağı yerindən qoparıb onların başı üstünə bulud kimi qaldırmışdıq və onlar da elə zənn etmişdilər ki, dağ onların üstünə düşəcək. Biz onlara: “Sizə verdiyimizdən möhkəm yapışın və içindəkiləri xatırlayın ki, bəlkə, qorxasınız!”– demişdik.
172. Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz.
173. Yaxud: “Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”– deməyəsiniz.
174. Biz ayələri beləcə izah edirik ki, bəlkə haqq yola qayıdalar.
175. Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu.
176. Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bənzəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları onlara danış ki, bəlkə fikirləşələr.
177. Ayələrimizi yalan sayıb özlərinə zülm edən adamlar barəsindəki məsəl necə də pisdir!
178. Allah kimə hidayət verirsə, doğru yolda olan da odur. Kimləri də azdırırsa, ziyana uğrayanlar da məhz onlardır.
179. Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.
180. Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.
181. Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər.
182. Ayələrimizi yalan sayanları, özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb məhvə aparacağıq.
183. Mən onlara möhlət verəcəyəm. Şübhəsiz ki, Mənim hiyləm sarsılmazdır.
184. Məgər fikirləşmirlərmi? Onların yoldaşında heç bir dəlilik yoxdur. O ancaq qorxudan və bəyan edən bir Peyğəmbərdir.
185. Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar?
186. Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz. Allah onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edər.
187. Səndən o Saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: “Bu haqda bilgi ancaq Rəbbimə aiddir. Qopacağı vaxtı yalnız O, aşkara çıxara bilər. Bu bilgi göylərə və yerə də ağır gəlir. O sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi ancaq Allaha aiddir. Lakin insanların çoxu bunu bilmir”.
188. De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm”.
189. Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur. Adəm övladı zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi (hamilə oldu) və bir müddət onu bətnində gəzdirdi. Zövcəsi ağırlaşdığı zaman hər ikisi özlərinin Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olarıq”– deyə dua etdilər.
190. Allah onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır.
191. Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar?
192. Bütlər nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər.
193. Siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da sizin üçün fərqi yoxdur.
194. Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər.
195. Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin!
196. Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir.
197. Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər”.
198. Siz onları doğru yola çağırsanız, eşitməzlər. Onları sənə baxan görürsən, halbuki onlar görmürlər.
199. Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.
200. Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.
201. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər.
202. Şeytanlar öz qardaşlarında azğınlığı artırarlar. Sonra da onlardan əl çəkməzlər.
203. Sən onlara möcüzə gətirmədiyin zaman: “Nə olardı ki, onu da özündən uyduraydın?”– deyərlər. De: “Mən yalnız Rəbbimdən mənə vəhy olunanlara tabe oluram. Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir qövm üçün doğru yolu göstərən rəhbər və mərhəmətdir”.
204. Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun.
205. Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.
206. Rəbbinin dərgahında olan mələklər Ona ibadət etməkdə təkəbbürlük göstərmir, Onu tərifləyir və yalnız Ona səcdə edirlər.
Comments are closed, but trackbacks and pingbacks are open.