Edqar Allan Po
Səkkizinci gecə qapını açdıqda həmişəkindən daha təmkinli idim. Hətta, saatın kəfgiri belə məndən daha sürətli hərəkət edirdi. Həmin gecəyə kimi bu qədər güclü və fərasətli olduğumun fərqinə varmamışdım. İçimdəki qalibiyyət hissini güclə boğurdum. Baxın, mən ordaydım, qapını yavaş-yavaş açırdım. Mənim gizli düşüncələrimi yuxusunda belə görə bilməzdi. Öz fikirlərimə baxıb gülümsədim; bəlkə də, səsimi eşitdi, səksənibmiş kimi qəfildən yerində qurcuxdu. Elə bilirsiniz fikrimdən dönüb geri çəkildim?! Xeyr! Onun otağı zift kimi zülmət içində idi ( oğrulardan qorxduğu üçün pəncərələri bərk-bərk bağlamışdı). Buna görə də bilirdim ki, qapının aralandığını görə bilməz və qapını səbrlə açmağa davam etdim.* Başımı qapıdan içəri salıb çırağın üstünü açmaq istəyirdim ki, baş barmağım qalay tutqacın üzərindən sürüşdü, qoca yerindən dik atılıb qışqırdı:
Xəbərçi ürək | Edqar Allan Po
Düzdür! Əsəbi – dəhşətli dərəcədə çox əsəbi biri idim, elə indi də beləyəm! Axı hardan mənim dəli olduğum qənaətinə gəlirsiniz? Bu xəstəlik əsəblərimi tarıma çəkmişdi– korlamamışdı, kütləşdirməmişdi. Baş verənlərdən ən önəmlisi, eşitmə qabiliyyətimdəki həsaslıq idi. Göydə, yerdə baş verən hər şeyi eşidirdim. Cəhənnəmdə də olan bir çox şeyi eşidirdim. Necə dəli ola bilərəm axı? Bir dinləyin! Görün, necə sağlam düşüncə ilə – sakitlik ilə bütün hekayəni sizə danışıram. İlk dəfə bu fikrin ağlıma necə gəldiyini demək qeyri- mümkündür; bir dəfə ağlıma batdı, sonra isə səhər axşam rahatlıq vermədi mənə. Məqsəd yox idi. Ehtiras da yox idi. Bir qoca kişini sevirdim. O heç vaxt məni yanıltmadı. Mənə yuxardan aşağı baxmadı. Onun qızılında da gözüm yox idi.
Məncə, məsələ onun gözündə idi. Bəli, onun gözü! Gözü qırğını xatırladırdı – üstünü pərdə almış solğun mavi göz. Bu göz mənə zillənəndə damarımda qanım donurdu – tədricən, yavaş-yavaş – buna görə də qocanın canını almağı və bu gözlərdən həmişəlik qurtulmağı qərara aldım. Hə, gələk əsas məqama. Mənim dəli olduğumu düşünürsünüz. Dəlilər heç nə bilməyən adamlardır. Amma siz, bir məni görəydiniz. İşi necə müdrik, tədbirli, uzaqgörən – hər şeyi əvvəlcədən düşünmüş şəkildə yerinə yetirdiyimi kaş görəydiniz!
Qocanı öldürməzdən əvvəlki həftə boyu ona qarşı çox mehriban davrandım. Əvvəllər heç vaxt onunla belə mehriban olmamışdım. Hər gecə – təxminən gecəyarısı – sürgünü çəkib qapısını açırdım. Ah, bunu necə nəzakətlə edirdim! Başımın içəri girəcəyi qədər qapını araladıqdan sonra üstü örtülü çırağı otağa tərəf tuturdum. Çırağın üstünü elə örtmüşdüm ki, ondan ətrafa bir damla belə işıq şöləsi sızmırdı. Sonra isə başımı içəri salırdım. Başımı içəri necə hiyləgərcəsinə saldığımı görsəydiniz, gülməyiniz gələrdi! Qocanı yuxusundan eləməmək üçün başımı yavaş-yavaş uzadıb içəri salırdım. Başımı qapının arasından onun yataqda necə yatdığını görə biləcək qədər içəri salmaq düz bir saat vaxtımı alırdı. Sizcə, bir dəlinin bunları etməyə ağlı çatardı? Başımın yerini rahatladıqdan sonra çırağın üstünü ehtiyatla açırdım (qapının rəzəsi cırıldadığından) – çırağı elə ehtiyatla açırdım ki, çıraqdan gələn işığın yalnız bir şöləsi bu qırğı gözlərin üzərinə düşürdü. Bütün bunları yeddi uzun gecə boyu – hər gecə, düz gecəyarısı – etdim, amma bu gözlər həmişə yumuluydu; işi bitirməm mümkün deyildi, çünki mənim canımı boğazıma yığan qoca deyildi, o lənətə gəlmiş gözlər idi. Və hər səhər dan yeri ağaran kimi əl-qolumu sallaya-sallaya onun otağına gedər, cəsarətlə onunla söhbət edərdim. Səmimi şəkildə adıyla müraciət edər, gecəni necə keçirdiyini soruşardım. Görürsünüz də, müdrik – dərin düşüncəli biri olsaydı, hər gecə düz saat on iki tamamda onu yatdığı yerdəcə izlədiyimdən duyuq düşə bilərdi.
Səkkizinci gecə qapını açdıqda həmişəkindən daha təmkinli idim. Hətta, saatın kəfgiri belə məndən daha sürətli hərəkət edirdi. Həmin gecəyə kimi bu qədər güclü və fərasətli olduğumun fərqinə varmamışdım. İçimdəki qalibiyyət hissini güclə boğurdum. Baxın, mən ordaydım, qapını yavaş-yavaş açırdım. Mənim gizli düşüncələrimi yuxusunda belə görə bilməzdi. Öz fikirlərimə baxıb gülümsədim; bəlkə də, səsimi eşitdi, səksənibmiş kimi qəfildən yerində qurcuxdu. Elə bilirsiniz fikrimdən dönüb geri çəkildim?! Xeyr! Onun otağı zift kimi zülmət içində idi ( oğrulardan qorxduğu üçün pəncərələri bərk-bərk bağlamışdı). Buna görə də bilirdim ki, qapının aralandığını görə bilməz və qapını səbrlə açmağa davam etdim.* Başımı qapıdan içəri salıb çırağın üstünü açmaq istəyirdim ki, baş barmağım qalay tutqacın üzərindən sürüşdü, qoca yerindən dik atılıb qışqırdı:
Sakitcə dayanıb bir kəlmə də demədim. Düz bir saat bircə əzələm belə hərəkət etmədi, amma onun da qayıdıb yerinə uzandığını eşitmədim. Hələ də yerində oturub gözləyirdi – hər gecə mənim etdiyim kimi, ölümün divarda dayanıb onu gözlədiyini eşidərək.
Bir az sonra zəif bir inilti eşitdim, bilirdim ki, bu öldürücü qorxunun iniltisidi. Ağrıdan ya da kədərdən yaranan inilti deyil bu – yox! – bu, qorxunun əsir aldığı ruhun dərinliklərindən qopub gələn boğuq səs idi. Bu səsi yaxşı tanıyırdım. Gecələrcə, düz gecəyarısı, bütün dünya yuxuya gedəndə köksümdən qopub gəlirdi, dəhşətli əks-sədası ilə içimdə dərinləşdikcə məni mənliyimdən sapdırırdı. Dediyim kimi, bu səsi yaxşı tanıyırdım. Ürəyimdə ona gülsəm də, qocanın nə hiss etdiyini anlayırdım, ona yazığım gəlirdi. Səsi eşidib yerində bu tərəfə döndükdən sonra sayıq yatdığını bilirdim. Ta o vaxtdan içində getdikcə qorxu artırdı. Qulağına səs gəldiyini düşünməyə çalışırdı, amma olmurdu ki olmurdu. Öz–özünə deyirdi:
“ Bacadakı küləyin vıyıltısıdı yaxud bu sadəcə döşəmədə qaçan siçan idi, ya da sisəy böcəyinin səsi idi”.
Bu mülahizələrlə özünə təsəlli verməyə çalışırdı, amma əbəs yerə. Hər şey əbəs yerə idi. Qara kölgəsi ilə gizli-gizli yaxınlaşan Ölüm qurbanını sarmışdı. Görməsə də, eşitməsə də, mənim varlığımı ona hiss etdirən bu dərkedilməz kölgənin hüzünlü təsiri idi.
Onun yerinə qayıdıb uzandığını eşitmədən səbrlə uzun müddət gözlədikdən sonra çırağın bir böyrünü azacıq açmaq qərarına gəldim. Açdım – çox ehtiyatla açdım- yarıqdan çıxan hörümçək ipliyi kimi nazik işıq şöləsi qırğı gözlərin üzərinə düşənə qədər çırağın üstünü açdım. Açıq idi – geniş, geniş açılmışdı. Ona baxdıqca daha da qəzəblənirdim. Onu bütün mükəmməlliyi ilə görə bilirdim – donuq mavi və üzərində illiklərimə qədər məni titrədən iyrənc pərdə; amma qocanın üzünün və ya bədəninin başqa heç bir yerini görə bilmirdim. Elə bil özümdən asılı olmadan işığı birbaşa bu lənətə gəlmiş nöqtəyə tutmuşdum.
Dəlilik barədə yanlışınızın həddindən artıq duyğusal olmanızla bağlı olduğunu sizə deməmişdimmi? İndi, deyirəm ki, qulağıma saatı pambığa bürüdükdə çıxardığı tıqqıltılar kimi zəif, boğuq və sürətli səslər gəldi. Bu səsi də yaxşı tanıyırdım. Bu qocanın ürək döyüntüləri idi. Təbil səsi döyüşçüləri ruhlandırdığı kimi bu səs də mənim qəzəbimi alovlandırırdı.
Yenə də özümü saxlayıb heç yerimdən qımıldanmadım da. Güclə nəfəs alırdım. Çırağı əlimdə, işığı isə onun gözünün üzərində tərpətmədən saxlamağa çalışırdım. Eyni zamanda lənətə gəlmiş ürək döyüntülərinin səsi yüksəlirdi. Getdikcə sürətlənir, yüksəlirdi. Qocanın qorxusu ağlasığmaz bir həddə olmalı idi! Ürək döyüntüləri yüksəlirdi, deyirəm axı, yüksəlirdi – nə demək istədiyimi anladınızmı? Xatırlayırsınızsa, sizə gərgin olduğumu demişdim: hə, mən beləyəm. Və indi gecənin ölgünlüyündə, bu köhnə evin tükürpədici səssizliyində belə bir səsin məndə idarəedilməz vahimə yaratması çox qəribə idi.
Daha bir neçə dəqiqə də özümü ələ alıb tərpənmədim. Amma, ürək döyüntüləri yüksəlirdi, yüksəlirdi! Mənə elə gəldi ki, bu ürək indi partlayacaq. İndi içimdə başqa bir təşviş baş qaldırmışdı- qonşulardan kimsə bu səsi eşidə bilərdi! Qocanın vaxtı yetişmişdi! Güclü bağırtı ilə çırağın üstünü açdım və otağın içinə hoppandım. Qışqırdı – cəmi bircə dəfə qışqırdı. Bir dəqiqənin içində onu döşəməyə yıxdım və ağır çarpayını onun üstünə itələdim. Sonra sevinərək gülümsədim, işin indiyə qədər qaydasında getməsinə gülümsədim. Amma, ürəyi daha bir neçə dəqiqə boğuq bir səslə döyünməyə davam etdi. Bu, heç də kefimə soğan doğramadı: bu səs divarın o biri tərəfindən eşidilə bilməzdi. Nəhayət, bu səs də kəsildi. Qoca ölmüşdü. Çarpayını çəkib cəsədi yoxladım. Bəli,o daş kimi cansız idi. Əlimi ürəyinin üstünə qoyub bir neçə dəqiqə orda saxladım. Ürəyi döyünmürdü. Ölmüşdü. Gözləri daha məni narahat edə bilməyəcəkdi.
Hələ də dəli olduğumu düşünürsünüz, cəsədi gizlədərkən gördüyüm tədbirləri biləndə belə düşünməyəcəksiniz. Gecə keçirdi, cəld amma səssizcə işləyirdim. İlk olaraq, cəsədi hissələrə ayırdım. Başını, qollarını və qıçlarını kəsdim.
Sonra döşəmədən üç taxta çıxardım, kəsdiyim hissələri döşəmədəki boşluğa yerləşdirdim. Və taxtaları yerinə o qədər diqqətlə, ehtiyyatla qoydum ki, heç bir göz- heç onun gözü belə nəsə dəyişiklik sezə bilməzdi. Təmizlənəcək heç bir şey yox idi- nə bir ləkə, nə bir qan izi, nə də ayrı bir şey. İşimi ehtiyatlı tutmuşdum. Bütün işləri ləyənin içində etmişdim- ha ha! Bütün işimi görüb qurtaranda saat dörd idi – hələ də gecə yarısındakı kimi qaranlıq idi. Saatın zəngi çaldıqda çöl qapının döyüldüyünü də eşitdim. Sakit halda qapını açmağa getdim – nədən qorxmalıydım ki?! Özlərini nəzakətli şəkildə polis məmuru kimi təqdim edən üç kişi içəri daxil oldu. Gecə qonşulardan biri qışqırtı eşitmiş: kiminsə öldürülməsindən şübhələnib polisə müraciət edib, onlar da (polis məmurlar) evdə axtarış etmək üçün göndəriliblər.
Gülümsədim- nədən qorxmalıydım ki?! Cənabları içəri dəvət etdim. Bildirdim ki, yuxuda qışqıran mən olmuşam. Qocanın isə kənddə olmadığını dedim. Ziyarətçilərimə bütün evi göstərdim. Evi yaxşı-yaxşı axtarmalarını tapşırdım. Sonda onları qocanın otağına apardım. Onun sərvətinin yerində olduğunu göstərdim. Özümdən o qədər əmin idim ki, otağa stul gətirib buradaca yorğunluqlarını çıxarmaqlarını istədiyimi bildirdim, öz stulumu isə qurbanımın nəşinin olduğu yerin tam üzərinə qoydum.
Məmurlar razı qalmışdılar. Davranışlarım onlara inandırıcı gəlmişdi. Mənsə özümü çox rahat hiss edirdim. Oturdular, suallarına sevinə-sevinə cavab verirdim, onlar da ordan-burdan çənə vururdular. Amma, bir qədər sonra halsızlaşdığımı hiss etməyə başladım, elə indicə çıxıb getmələrini istərdim. Başım ağrımağa, qulaqlarım cingildəməyə başladı: amma onlar hələ də oturub söhbət edirdilər. Cingiltilər getdikcə daha aydın eşidilməyə başlayırdı: bu hissdən canımı qurtarmaq üçün daha sərbəst danışmağa başladım: amma cingiltilər artır, getdikcə daha da aydınlaşırdı – o vaxta qədər ki, bu səsin qulağımdan gəlmədiyini anladım.
Şübhəsiz ki, bənizim indi daha da solğunlaşmışdı – amma uca səslə bəlağətlə danışırdım. Səs yüksəlirdi – nə edə bilərdim? Bu saatı pambığa bürüdükdə çıxardığı tıqqıltılar kimi zəif, boğuq və sürətli səs idi. Təəccübdən nitqim tutulmuşdu – polislər hələ də heç bir səs eşitmirdi. Daha da sürətli danışmağa başladım- daha da qəzəbli; amma, bu səs inadıma daha da yüksəlirdi. Axı onlar niyə getmirdilər? Məmurların mülahizələri məni qəzəbləndiribmiş kimi iri addımlarla ora-bura gəzişirdim – səs isə elə hey yüksəlirdi.
Aman Allah, mən nə edə bilərdim, axı? Hirsimdən başımdan tüstü çıxırdı- ağzıma gələni dedim – söydüm! Oturduğum stulu döşəmənin taxtalarına sürtdüm, amma bu səs ətrafdakı bütün səsləri batırırdı və elə hey yüksəlirdi. Yüksəlir – yüksəlir- yüksəlirdi! Polislərin hələ də kefi damağlarında idi, söhbət edirdilər. Ola bilməz ki, bu səsi eşitməsinlər?! Ulu tanrım! Yox, yox! Eşidiblər!- şübhələndilər!- bilirlər! – mənim qorxumu ələ salırlar! – belə düşündüm, hələ də belə düşünürəm. Heç bir şey çəkdiyim bu əzabdan daha dəhşətli ola bilməzdi! Heç bir şey bu cür ələsalmadan daha dözülməz ola bilməzdi! Daha bu riyakar gülüşlərə dözə bilməzdim! Ya qışqırmalı, ya da ölməliydim! Və yenə – yenə!- qulaq asın!- yüksəlir!-yüksəlir!-yüksəlir! “ Alçaqlar!” deyərək qışqırdım, “ bəsdirin, özünüzü tülkülüyə vurdunuz! Mən öldürmüşəm! Döşəmənin taxtalarını qaldırın! Burda, burda! Bu onun iyrənc ürəyinin səsidir!”
- Teqlər:
- Edqar Allan Po
- , ədəbiyyat
- , dünya ədəbiyyatı
- , hekayə
Edqar Allan Po
Edqar Allan Po (1809-1849) – ABŞ yazıçısı, şair, dramaturq, naşir və ədəbi tənqidçisi.Edqar Allan Po Amerika ədəbiyyatında romantizm hərəkatının liderlərindən biridir. Qısa oçerklər, detektiv və kriminaloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi qəbul olunur. O həmçinin elmi-fantastik janra da töhfələr vermişdir. Belə zəngin ədəbi irsə malik olan yazıçı bu nailiyətlərə qırx illik qısa ömrü çərçivəsində nail olmuşdur. Ölümünün səbəbi hələ də sirr olaraq qalır. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilmişdir.
Edqar A. Po 1809-cu ilin 19 yanvar tarixində Boston şəhərində aktyor ailəsində dünyaya gəlmişdir. Valideynlərini çox erkən yaşlarında itirən Edqar Con Allan adlı varlı tacir tərəfindən oğulluğa götürülür. Əvvəcə İngiltərədə tərbiyə alan Edqar 1826-cı ildə Virginiya universitetinə xarici dilləri öyrənmək istəyilə qəbul olunur. 1830-cu ildə isə hərbi akademiyada təhsilini davam etdirir, lakin tezliklə burdan uzaqlaşır və bu hadisə ögey atası ilə münasibətlərinə son qoyur. Gənc Edqar bütün maliyyə imkanlarından məhrum olaraq yoxsulluğa düçar olur. Lakin tezliklə özünü peşəkar ədəbiyyatçı və jurnalist kimi göstərən Po çox ağır və sonu faciə ilə yekunlaşacaq həyata başlayır. Edqar Allan Po 1849-cu ilin 7 oktyabrında Baltimorda vəfat edir. Həkimlər onun quduzluğa yoluxma səbəbindən öldüyünü iddia edirlər.
Seçilmiş əsərləri:
- “Anabel Li”
- “Zınqırovlar”
- “Lenor”
- “Quzğun”
- “Ulalum”
- “Qara pişik”
- “Amontiladon dolu çəllək” (Amontiladon-ispan şərabı)
- “Aşerlər evinin süqutu”
- “Qızıl böcək”
- “Təlxək Hopfroq”
- “Xanım Liqeya”
- “Ru Morj küçəsində qətl”
- “Çuxur və kəfkir”
- “Oğurlanmış məktub”
- “Döyən ürək”
Comments are closed, but trackbacks and pingbacks are open.