Hməd Seyidov
You must be logged in to comment this photo Login
Qazax Information Centre
Erkən – dörd yaşında atasını itirmişdi. Anasının himayəsində böyümüş və təhsil almışdı. Əhməd Seyidov Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirmiş (1917), kənddə, evlərinin ikinci mərtəbəsində qızlar və oğlanlar üçün məktəb açmışdı. Və ilk “Əlifba” dərsliyini də gözəl maarifçi, şair H.K.Sanılı ilə birgə yazmışdı. Böyük yazıçımız Mehdi Hüseynin atası Ə.Hüseynovun təklifilə otuzuncu illərdə Bakıya gəlmiş, az sonra onu Lənkəran qəzasına maarif müdiri göndərmişdilər. Bu bölgədə müdir kimi təhsilin təşkilində, xüsusilə yetim uşaqların məktəbə cəlb olunmasında əməyini əsirgəməmişdi. Yenidən Bakıya qayıtmış, Azərbaycan Pedaqoji İnstitutunda “Pedaqogika” kafedrasına 40 il rəhbərlik etmişdir. Professor Əhməd Seyidov elmi kadrların yetişdirilməsi məsələsini ön plana çəkmiş və bu sahədə misilsiz iş görmüşdür. Qırxıncı illərdən vəfatına qədər (1977) 100-dən artıq elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olmuşdur. Bəlkə də müasir nəslə bu rəqəm və illər sadə görünər, amma elə deyil. Bir faktla kifayətlənəcəyəm: görkəmli pedaqoqlarımızdan akademik Hüseyn Əhmədov və professor, əməkdar elm xadimi Nurəddin Kazımov məhz Ə.Seyidovun yetirmələridir. Onlar da xeyli sayda pedaqoqlara elmi rəhbərlik etmişlər. Əhməd Seyidov Azərbaycanda pedaqoji fikrin inkişafında bilavasitə xidmət göstərməklə yanaşı, vaxtilə SSRİ məkanında, xüsusilə Moskvanın pedaqoq elitasında milli irsimizi yüksək səviyyədə tanıtmışdır. Akademiklərdən Y.M.Medinski, N.K.Qonçarov, D.İ.Konstantinov onun pedaqoji yaradıcılığını yüksək qiymətləndirmişlər, Ə.Seyidovun mühitində Mirzə İbrahimov, Mirzə Məmmədov, Yusif Qasımov, Əli Hüseynov (Mehdi Hüseynin atası), Mehdi Mehdizadə, Mehdixan Vəkilov, Mir Cəlal Paşayev və digər sayılı simalar olmuş və onlar böyük pedaqoqun nüfuzunu gözləmişlər. Müharibə illərində Ə.Seyidova APİ-nin rektorluğunu təklif edirlər. O vaxt Maarif Komissarı olan Mirzə İbrahimov M.C.Bağırovun bu tapşırığını çatdıranda Əhməd Seyidovdan “Mirzə müəllim, mən kommunist deyiləm, bunu MK-da bilirlər” cavabını alır. Ə.Seyidov 1941-1949-cu illərdə bu vəzifəni daşıyır. Dəfələrlə milli müəllim kadrların yetişməsi üçün tələbə qəbulunda erməni funksionerləri ilə üzləşir. Hətta məsələlər MK səviyyəsinə qədər qalxır. Lakin ədalətli və xalqını sevən Əhməd müəllim qalib çıxır. Onun həyatında bu cür siyasi-əxlaqi faktlar istənilən saydadır… Professor Ə.Seyidov tarixi şəxsiyyətlər sırasında daha çox yeri görünənlərdən biridir. Onun sağ qalmasının və 85 il ömür sürməsinin səbəbləri ibrətlidir: dövlət intizamından çəkinən, vəzifəsindən və nüfuzundan sui-istifadəni rədd edən, məsuliyyət hissinə tabe olan, elmi öz idealı seçən xeyirxah bir fenomenal şəxsiyyət olması. Daha doğrusu, pedaqoji fikir tarixinin “məktəb”ini yaradan, onu inkişaf etdirən bir alim idi. Sovet rejimində, klassiklərimizə hörmət qoyulmayanda, hər şeyi rus şovinizminə bağlayan vaxtda Nizami və Füzulini orijinaldan araşdırdı, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirı, Mirzə Cəlili pedaqogika dərsliklərinə gətirdi. Firudin bəy Köçərlinin pedaqoji görüşlərini tədqiq etməklə öz müəlliminə borcunun sanki bir qismini qaytardı.
Professor Ə.Seyidovun pedaqoji yaradıcılığında bir idealı da o idi ki, milli pedaqoji fikir tariximizi araşdırsın, qeyri-xalqlar yəqinləşdirsinlər ki, zəngin keçmişimizi və təhsil-tərbiyə ənənələrimizi gizlətməyə ehtiyac qalmır. Otuzuncu illərdən belə bir elmi missiyanı üzərinə aldı və klassiklərimizdən A.A.Bakıxanov, M.Ş.Vazeh, H.B.Zərdabi, M.F.Axundov irsinə də müraciət etdi. Bununla yanaşı, dünya pedaqoqlarından Con Lokku, K.D.Uşinskini, S.Disterveqi, J.J.Russonu, N.Pestalotsini və başqalarını araşdırdı. Maraqlı bir fakt: Ə.Seyidov Moskvaya məşhur akademik Y.M.Medinskinin yanına gəlir və ingilis Con Lokku dissertasiya mövzusu kimi tədqiq etmək fikrini ona söyləyir. Bu söhbətdən sonra Əhməd Seyidov Abbasqulu ağa Bakıxanovun pedaqoji irsini layiqincə tədqiqata qoşdu və ilk dəfə pedaqoji elmlər namizədi dissertasiyasını müdafiə etdi. Digər maraqlı fakt: Bir gün Mikayıl Müşfiq Əhməd Seyidovun evinə gəlir və xahiş edir ki, onun poeziyasındakı tərbiyə məsələləri haqqında məqalə yazsın (Artıq 37-ci il yaxınlaşmışdı, şairə hücumlar da güclənmişdi). Və qələmə alır: 12 səhifə. Məqalə M.Müşfiqin şeirlərini xilas etsə də, şairin xilasına gücü çatmadı. Ə.Seyidov rejimi gözləyən inadkar alim olub və bu hissdən yorulmayıb. Akademik Y.M.Medinskinin məsləhətindən sonra “Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri” mövzusunda doktorluq işini başa çatdırdı (1945) və az sonra (1947) uğurla müdafiə etdi. Daha bir fakt: vaxtı ilə, yəni 2-3 il əvvəl rektor işləyərkən institutda sıxışdırdığı erməni kommunistlər Azərbaycan MK-ya və hətta SSRİ-nin yuxarı təşkilatlarına məktublar ünvanladılar. Xeyli çək-çevirdən sonra Əhməd Seyidov qalib çıxdı və əsərin çapını məsləhət gördülər. Ə.Seyidovu bu proseslərdə ermənilərdən müdafiə edənlərdən biri də böyük ədəbiyyatşünas, professor Mikayıl Rəfili olmuşdur. Onun tribunadan cəsarətlə erməniləri ifşa etməsi – özü də dəlillərlə – qeyri-adi səs salır. Hətta bu çıxış yuxarılara da gedib çıxır və heç bir mənfi reaksiya doğurmur… Tarix yerində saymır, siyasi mühit hər şeyi özünə tabe edirdi. Ona görə ki, ideologiya sərt qanunları ilə başqa cür davranır: 30-50-ci illərdən çıxanlar hər iki münasibəti yaşamışdılar; birinin payına az, digərinə çox – hər halda təsəlli o idi – qara buludlar dağılmalı, çən-duman çəkilib getməliydi. Və getdi də. Amma 60-70-ci illər siyasi-əxlaqi konturlarını cızdı, ziyalılara başqa yöndən yanaşıldı. O da sələfi qədərində yeni “davranış xətti”nə imza atdı. Yeni iddialar yaranmışdısa, bunlar professor Əhməd Seyidovdan yan keçirdi. Qırxıncı illərdən başlayaraq, pedaqoji fikrin tədqiqinin unudulduğu bir dövrdə vətənpərvər alim öz milli irsimizi seçdi: “A.Bakıxanovun fəlsəfəsi onun pedaqoji sisteminin əsasıdır”, “A.Bakıxanovda əxlaq tərbiyəsi və təhsil”, “S.Ə.Şirvani müəllimin rolu haqqında”, “XIX əsrin əvvəllərində Azərbaycanda pedaqoji fikrin inkişafı” əsərlərini çap etdirdi. Qonşu respublikaları qabaqlayan professor Əhməd Seyidov artıq ittifaq miqyasında tanınmalı oldu. Məşhur rus akademiki Y.Medinskinin bir fikri bu gün də əhəmiyyətli səslənir: “Ə.Seyidovun tədqiqatı, şübhəsiz, bir başlanğıcdır. Bundan sonra SSRİ-nin ayrı-ayrı xalqlarının pedaqoji fikirlərinin inkişafını işıqlandırmaq məqsədini daşıyan dissertasiyalar yazılmalıdır. Bu səpkili elmi işlər pedaqogika tarixini zənginləşdirməkdə çox şey verir, yeni məsələlər qaldırır, hətta pedaqogika sahəsində çalışan təcrübəli işçilərin görüş dairəsini genişləndirir”. Bir həqiqətdi ki, xalqımız, digər xalqlar kimi, pedaqoji fikir tarixində məhz bu sahədə araşdırmaların aparılması məsələsini üzərinə götürdü və son nəfəsinədək elmi əqidəsinə sadiq qaldı. Təsadüfi deyil ki, bu gün pedaqogika sahəsində səmərəli fəaliyyət göstərən H.Əhmədov, N.Kazımov, F.Seyidov, Ə.Ağayev, S.Şəfiyev, S.Quliyev, İ.İsayev, İ.Musayev, S.Orucov və digərləri böyük pedaqoqun yetirmələridir. Ə.Seyidov güclü şəxsiyyət idi və heç bir siyasi-əxlaqi mühit, hakim elita onun əqidəsini az da olsa, əyə bilməmişdir. Ermənilərin tüğyan etdikləri vaxtda, M.C.Bağırovla üzbəüz görüşündə də bu millətçi və yaltaq fərdləri ifşa etmiş, haqlı olduğu üçün qalib çıxmışdır. Azərbaycan Pedaqoji İnstitutunun direktoru vəzifəsində çalışarkən milli müəllim kadrların yetişməsində erməni partiya funksionerlərin amanını kəsmiş, küncə sıxışdırmışdır. Unutmayaq ki, bu proses 46-48-ci illərdə baş vermişdir. Professor Əhməd Seyidov “Pedaqogika” kafedrasının müdiri olarkən bu mikroelm mərkəzinin səviyyəsini nəinki institutda, hətta o vaxtkı SSRİ respublikalarının pedaqogika kafedraları sırasında fərqləndirmişdir. Hər il Zaqafqaziyadan, Moskvadan, Daşkənddən, Düşənbədən təcrübə mübadiləsinə (stajirovkaya) onlarca pedaqoq gəlirdi. Onlar arasında professorun elmi rəhbəri olduğu gənclər, orta yaşlılar da vardı. Bu sətirlərin müəllifi bunların şahidi olmuşdur. Xatırlayıram: D.Harunov, B.Həmzətova (Dağıstan), B.İsmayılov, F.Ustoyev (Tacikistan), K.Kolba (Abxaziya), C.Urumbayev (Karakalpak) və başqalarını. Bu şəxslər Pedaqoji İnstitutda dissertasiya müdafiə etmişlər. Professor Əhməd Seyidov görkəmli alimlərimizdən Mehdi Mehdizadənin, Ziyəddin Göyüşovun, Ağamməd Abdullayevin, Şövqi Ağayevin, Bəşir Əhmədovun rəsmi oppenenti olmuşdur. Görkəmli pedaqoq unudulmaz şəxsiyyətlərimizdən İsmayıl Şıxlının, Şıxəli Qurbanovun müəllimi kimi, onlardan qürurla danışırdı. Xüsusilə, İsmayıl Şıxlı “Dəli Kür” romanını yazanda Qori Müəllimlər Seminariyası ilə əlaqədar bəzi məlumatları Əhməd Seyidovdan almışdı. Yeri gəlmişkən xatırladaq ki, İ.Şıxlı Qori Seminariyasındakı ictimai-siyasi mühiti, Semyonov, Çernyayevski kimi pedaqoqların azərbaycanlı tələbələrə münasibətini byrənmək istəyirdi. “Rus Əhməd” obrazı da yaranmalı idi. Professor gələcək roman müəllifinə materiallar verir, maraqlı əhvalatlar söyləyirdi. Amma Əhməd Seyidov bir arzusunu gizlətmədi: insan xarakterinin mənfi, yaxud müsbət xüsusiyyətlərində doğulduğu, böyüdüyü təbiətin rolunu əyaniləşdirsin. Müdrik İsmayıl Şıxlı müəlliminə nikbin cavab verdi, əsəri tamamladı və bir nüsxəsini avtoqrafla professora bağışladı. Ə.Seyidov isə seminarist Əşrəf Cahandar ağa oğlunu bir obraz olaraq alqışladı, Kürü ilə, Qarayazı ilə… Ə.Seyidov 1958 və 1970-ci illərdə çoxcildlik “Pedaqogika tarixi” və “Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən” monoqrafiyalarını qələmə aldı. Bu gün də həmin əsərlərdən bir dərslik kimi ali məktəblərdə istifadə olunur. Professor Əhməd Seyidov səhhətilə bağlı Bakıdan doğma Aslanbəyli kəndinə gəldi. Torpaq idi onu çəkən. Onun gəlişini eşidənlər, qonşu kəndlərdən – Şıxlı, Kosalar, Salahlı, Daş Salahlı, Orta Salahlı, Muğanlıdan axışır, qocaman pedaqoqun görüşünə can atırdılar. Maraqlı həm də o idi ki, 20-ci illərdə Qazaxda dərs dediyi uşaqlar daha çoxdu, indi onların özü yaşa dolmuşdularsa, “uçitel Əhməd Seyidova” qulluq göstərmək səadətinə nəsib olmuşdular. Professor, əməkdar elm xadimi, pedaqoji fikir tarixinin patriarxı Əhməd Seyidov 1977-ci ildə gözlərini əbədiyyətə yumdu və Aslanbəyli kəndində dəfn edildi.
Əhməd Seyidov
Professor, əməkdar elm xadimi, Qafqazda ilk pedaqoji elmlər doktoru Əhməd Seyidov iş başında. Əhməd Yusif oğlu Seyidov 1892-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuş, 1917-ci ildə isə Qori Müəllimlər Seminariyasını bitirmişdir. 1917-ci ildən fasiləsiz maarif sahəsində çalışmışdır. 1947-ci ildə doktorluq dissertaciyasını müvəffəqiyyətlə müdafiə edərək Qafqazda ilk pedaqoji elmlər doktoru olmuşdur. Professor Əhməd Seyidov 1943-cü ildən 1974-cü ilə kimi Azərbaycan Pedaqoji İnstitutunun (APİ) pedaqogika kafedrasının müdiri və professoru işləmişdir. 1944-cü ildən 1950-ci ilə kimi Azərbaycan Pedaqoji İnstitutunun rektoru olmuşdur. 1965-ci ildə pedaqoji elmi kadrların hazırlanması və yetişdirilməsi sahəsindəki xidmətlərinə görə ona Azərbaycan SSR əməkdar elm xadimi fəxri adı verilmişdir. Professor Əhməd Seyidov həyatının son illərini doğma kəndində keçirmişdir. O, 1977-ci ildə vafat etmişdir və Aslanbəyli kəndində dəfn edilmişdir.
Tags
Similar Photos
Lütfi Zadə
Azkataloq
Müsəlman üləmaları, 1907
Azkataloq
Azad Mirzəcanzadə tələbələrin əhatəsində
Azkataloq
Sona Axundova
Azkataloq
Ziya Bünyadov
Azkataloq
Lütfi Zadə
Azkataloq
Yusif Məmmədəliyev çıxış edir
Azkataloq
Həsən Abdullayev
Azkataloq
Azad Mirzəcanzadə
Azkataloq
Əlibəy Əlibəyov
Azkataloq
Comments( 0 )
No comments yet
You must be logged in to comment this photo Login
Azkataloq
Published on Dec 02, 2022 1,952 Photos
130
0
0
License and Use
Free for commercial use No attribution required
Share
Color Palette
- Details
- Dec 02, 2022 Published on
- JPG Photo type
- 1667×1136 Resolution
- Foto Category
- 312.8kB File size
Azərbaycanın tarixi foto və sənədlər kataloqu. Sayt GlobalSoft şirkətinin dəstəyi ilə hazırlanıb —globalsoft.az
Comments are closed, but trackbacks and pingbacks are open.