Press "Enter" to skip to content

Ekoloji tərbiyə

Akademik Urxan Ələkbərov: – Əməkdaşlıq üçün həmişə hazıram. Əsas məsələ odur ki, vacib nəşrdir. Bu mənada əhəmmiyətini danmaq olmaz. Var sahə nəşrləri, məsələn, fizikaya, riyaziyyata, hüquqa və s. aid olan nəşrlər. Ancaq bu, umumi problemləri – həm milli, həm regional, həm də qlobal problemləri əhatə edir. Onunçün də bu nəşrə böyük arzularım var və əminəm ki, müvəffəqiyyət qazanacaq. Ən əsası odur ki, yaşından asılı olmayaraq indiki dövrdə gərək oxucularınızı öz iştirakçılarınıza-həmtərəflərinizə çevirəsiniz. Qoy, bu birtərəfli hərəkat olmasın. Həm öyrətsin, həm də öyrənsin. Onda uğurlarınız çox olacaq.

EKOLOJİ TƏRBİYƏ: ONA NECƏ NAİL OLMALI?

İki çox dəyərli alimimizdən 18 il öncə götürdüyümüz bu müsahibənin maraqlı tarixçəsi var. O zaman Təhsil Nazirliyinin nəzdindəki Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində şöbə müdiri vəzifəsində çalışmaqla bərabər, burada yenicə nəşrə başlayan “Ekoloji tərbiyə” metodiki-informasiya bülleteninə də redaktorluq edirdim. Qərara aldıq ki, redaksiyanın ilk qonaqları kimi görkəmli ekoloqlar – Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Qara Mustafayev və AMEA Genetika və Seleksiya İnstitutunun direktoru, akademik Urxan Ələkbərova müraciət edək. Həvəslə müsahibə verdilər. Düşünürük ki, müsahibədə dəyərli alimlərimiz gənc nəslin ekoloji tərbiyəsi baxımından olduqca maraqlı məsələlərə toxunublar. Bu, 2001-ci ildə olub və bülletenin 1- ci sayında çapa gedib. Mövzunun aktuallığını nəzərə alıb, həmin müsahibənin təkrar dərcini lazım bildik (Yeri gəlmişkən, müsahibədə qeyd olunan məsələlər hazırkı vaxtda ölkədə gedən sosial-iqtisadi inkişafdan öncəki problemləri əhatə edir. Y.D.).
Artıq haqq dünyasına qovuşmuş böyük təbiətşünas alimimiz, professor-akademik Qara Mustafayevə Allahdan qəni-qəni rəhmət diləyirik. Ruhu şad olsun!
Yusif Dirili: – Sizcə, ekoloji tərbiyə nədir və onun təbiət-insan münasibətlərindəki rolu və yeri barədə bir alim kimi nə düşünürsünüz?
Akademik Urxan Ələkbərov: – Tərbiyə mədəniyyətin çox vacib bir hissəsidir. Bu mənada ekoloji tərbiyə də, ekoloji mədəniyyət də ümumi mədəniyyətin ayrılmaz hissələridir. Mədəniyyətin inkişafı tədrislə əlaqədardır. Mədəniyyət deyəndə biz nəyi başa düşürük: incəsənəti, musiqini, memarlığı və s. Lakin mədəniyyət insanın öz ətrafı ilə vəhdət təşkil etməsi, onunla harmoniyada yaşamasıdır. İstər insan olsun, istər təbiət-bu belədir. Tərbiyə ömrün ilk illərində evdə, bağçada, məktəbdə aparılırsa, sonradan bunu tədris etmək lazımdır. Çünkü təbiətin prosesləri çox mürəkkəbdir. Ona görə də onu tədris etmək, öyrətmək vacibdir.
Professor Qara Mustafayev: – İnsanın formalaşması, hər hansı bir şəxsin yetişməsi üçün 3 şərt var. Bu şərtlərdən biri heç kimdən asılı deyil. O genetik proqramdır. Əsil-nəcabətindən kimin bəxtinə nə düşübsə, kimdən nə gəlib çıxıbsa – odur. Onu hələ ki, nə elm, nə texnika idarə eliyə bilmir.
İkincisi, təlim-tərbiyədir. Tərbiyəni adətən, uşaq yaşlarından götürürlər, amma təlim də, tərbiyə də insanın bütün ömrünü əhatə etməlidir. Ana laylasından başlamış, ta ömrünün axırına qədər hər bir adam tərbiyə almalıdır, təlim almalıdır. Bunun ən yaxşı formulunu Məhəmməd Peyğəmbər (ə.s) verib. Onun hədislərinin birində deyilir: “İnsan beşikdən qəbrə qədər öyrənməlidir” – hamısı burada əhatə olunub. Lakin siz təlimi necə aparırsınız, kimlər dərs keçir, hansı proqramla, – bu barədə mənim təsəvvürüm yoxdur. Tərbiyəyə gələndə, deməzdim pisdir, hətta nümunəvidir – deyərdim. Götürək,Uşaq Ekoloji Polisini. Ekoloji Polisə sizin öyrətdikləriniz mən deyərdim ki, bütün Azərbaycanın o yaşda olan gəncləri üçün örnək ola bilər. Bu təkcə bir qrup ekopolisin işi deyil, o hər bir yetişməkdə olan gəncin işidir. Öz valideynlərindən başlamış bütün əhaliyə qədər hamıyla onlar siz deyən kimi davranarlarsa, buna güclü tərbiyə demək olar. Bax, mən tərbiyəni bu cür başa düşürəm. Hesab edirəm ki, insan qabaqcıllıqla tərbiyə oluna bilər.
Deməli, təlim verən adamın gördüyü iş yox, ağzından çıxan şərtdir, ancaq tərbiyə verən adamın isə gördüyü işlər, yəni onun fəaliyyəti şərtdir. Ona görə də siz gərək gücünüzü tərbiyəyə verəsiniz. Çünkü təlim verməyə qalsa, Respublikada sizdən çox güclü, böyük təşkilatlar var. İstər ictimai təşkilatlar olsun, istərsə də dövlət əhəmiyyətli qurumlar. Burada mən nəzərdə tuturam ibtidai məktəbdən tutmuş doktoranturaya qədər qurumları. Siz onların hamısına örnək olan bilməzsiniz. Sizin ona gücünüz çatmaz, amma bütün uşaqlara ekoloji polisdə yaratdığınız keyfiyyətləri aşılıya bilsəniz, böyük xidmət göstərmiş olarsınız.

Yusif Dirili: – Milli adət-ənənələrimizin fövqündə indiki nəslin ekoloji tərbiyəsindən razısınızmı?
Akademik Urxan Ələkbərov: – Maraqlı sualdır 2000-ci ildə Parisdə XXI əsr üçün YUNESKO-nun toplantısı keçirilirdi. Koordinasiya şurasının üzvü kimi həmin toplantıda mən də çalışırdım. Biz orada etnik biliklərin, yəni milli və yerli biliklərin bu məsələlərin həlli üçün nə dərəcədə əhəmiyyətli olduğunu müzakirə etdik. Həqiqətən də ənənələrin saxlanması olduqca vacibdir. Bu minilliklərlə seçilmiş proseslərdir, minilliklərlə formalaşmış münasibətlərdir. Ekoloji inkişaf -ekologiyaya söykənən inkişaf, hansı ki, davamlı inkişaf deyirlər, indi bu ancaq sintez əsasında mümkündür. Yaxşı, bəs hansı sintezin? – Etnik biliklərin, ənənəvi mədəniyyət biliklərinin-tarixin seçimindən çıxmış milli biliklərin, regional biliklərin, üstəlik, ən müasir elmi-texniki biliklərin. Təəssüf ki,biz bir çox şeylərin unutmuşuq. Demək lazımdır ki, bu proses Azərbaycanda yox, bütün dünyada gedir. İndi artiq dərk olunur ki, etnik biliklərdən, o cümlədən ekoloji biliklərdən imtina etməməliyik. Çünki onların əhəmiyyəti olduqca böyükdür. Ona görə də, hesab edirəm ki, ekoloji tədris bizim etnik biliklərə, yəni tarixi biliklərimizə daxil edilməlidir.
Professor Qara Mustafayev: – Razı deyiləm, buna görə gənclərimizdən inciməyə dəyməz. Çünki uzaq keçmişdən bəri bizim milli adət-ənnənələrimizdə (o vaxt ekologiya olmasa da) bu olub. Lakin adı, forması başqa idi. O formalar get-gedə zəyifləyib, xüsusilə, XX əsrin əvvələrindən başlayaraq, son 80-90-cı ildə ətraf mühitə münasibət baxımından olan milli mentalitetimiz, milli adət-ənənələrimiz sönüb.Yenisini isə, hansı kı, bu saat Avropa, dünya onunla məşğuldur, mənimsəyə bilməmişik. Onunçün də biz yaxşı vəziyətdə deyilik. Keçmişimizi nəzərə almaq şərtilə əhalidə milli ekoloji adət və ənənə yaratmaqdan ötrü hələ çox onilliklər çalışmalıyıq.
Yusif Dirili: – Tərbiyə deyəndə gözümüzün önünə ailə tərbiyəsi, baxça tərbiyəsi, məktəb tərbiyəsi gəlir. Necə bilirsiniz, ekoloji tərbiyəni də bu qayda ilə mərhələlərə ayırmaq olarmı?
Akademik Urxan Ələkbərov: – Bilirsiz, BMT-nin bir termini var: Fasiləsiz tədris. Bu, fasiləsiz tərbiyə də ola bilər. Tərbiyənin konkret vaxt müddəti olmur, anadan doğulan gündən başlanır, ömrün axırınacan davam edir. Fikir verin, şəhərimizdə necə abadlıq işləri aparılır, təmizlik işləri görülür. Bəyəm bunun tərbiyəvi əhəmiyyəti azdır? Bunu görən adam yəqin ki, küçəni zibilləməz. Eləcə də, uşaqlar arasında Uşaq Ekoloji Polisinin fəaliyyəti,onun tədrisi… Mənə elə gəlir ki, vaxt gələcək tərbiyə elə bir səviyyəyə çatacaq ki, ekoloji polisə ehtiyac olmayacaq. Çünki hər bir adamın daxilində ekoloji polis olacaq və onu ətraf mühitə mənfi təsir göstərməyə qoymayacaq.
Professor Qara Mustafayev: – Olar. Heç bir fərqi yoxdur, tərbiyənin digər formaları kimi ekoloji tərbiyə də təkamüllə formalaşır. Bayaq dediyim o irsi proqramlar ki, var, onu qoyaq bir kənara. Buna hələ bizim gücümüz çatmır. Üçüncüsü, gör-götürdür. Gör-götür insanın ətraf mühitindən passiv keçən xüsusiyyətlərdir və təlim- tərbiyədən heç də zəyif deyil. Müəllim sinifdə bir cür deyir, uşaq küçəyə çıxıb başqa cür görür. Uşağın küçədə gördükləri sinifdə eşitdiklərindən güclü olur. Bax,bu da böyük şərtdir.
Tərbiyənin digər formaları kimi ekoloji tərbiyənin də çoxlu mərhələləri var: ailədə alınan ekoloji tərbiyə, bağçada, ibtidai məktəbdə, orta məktəbdə və s. alınan ekoloji tərbiyə. Şəxsiyyətin yaşadığı sosioloji mühit, sosioloji şərait tərbiyənin formalaşmasında çox böyük rol oynayır. İnsan hansı sosioloji mühitdə yaşayırsa, o mühit şəxsiyyətin istəyindən asılı olmayaraq öz təsirini ona göstərir.

Yusif Dirili: – Səhv etmirəmsə, inkişafda olan və ya inkişaf yoluna qədəm qoymuş ölkələrin bir çoxunda, o cümlədən postsovet məkanında formalaşmış müstəqil dövlətlərin əksəriyyətində ekoloji təhsil icbari qaydada həyata keçirilir. Həmin ölkələrdə ekoloji tədrisə xüsusi diqqət yetirilir. Axı gələcək nəslin problemə yanaşması ilk növbədə bu elmi necə və hansı səviyyədə mənimsəməsindən asılıdır. Bu isə birbaşa təhsillə, tədrislə bağlıdır. Onu da xatırladım ki, hələ 1999-cu ildə müstəqil Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş “Ətraf mühitin mühafizəsi haqqında” dövlət qanununda (maddə 59, bənd 3) həmin məsələ öz əksini tapıb. Bəs onda nəyi gözləyirik? Gecikmirik ki…
Akademik Urxan Ələkbərov: – Deməzdim ki, gecikir. Ekologiyanın tədrisi həm orta, həm ali məktəblərdə aparılır. Bəlkə tədrisin keyfiyyətindən danışaq? Cünki çox zaman ekologiyanı tədris edənlər də vətəndaş mövqeyindən çıxış edirlər: ona dəymə, buna toxunma… İş onda deyil. Cəmiyyət inkişaf eləməlidir. Cəmiyyət insanın rifahını yaxşılaşdırmalı, ömrünü uzatmalı, təhlükəsizliyinin təmin etməlidir. Ona görə də, ekologiyanın tədrisi ekoloji qadağaların tədrisi olmamalıdır. Eyni zamanda ekologiyaya uyğun inkişaf yolları müəyyənləşdirilməlidir. Çünki ekologiya da insan üçündür. Heç kim balığı balıq üçün qorumur, havanı hava üçün qorumuruq. Bunlar insandan ötrü qorunur…Bu, bir prosesdir gedir, yəni ona da vaxt lazımdır. Ancaq bu sahədə dərsliklər yazılmalı, dərs vəsaitləri buraxılmalıdır. Və onlar ənənəvi olaraq, sadəcə, ətraf mühitin qorunması məsələsinə yox, eyni zamanda davamlı inkişafa – ətraf mühitdən istifadə edərək indiki və gələcək nəsillərin yaxşı yaşamasına, uzunömürlüyünə xidmət göstərməlidir.
Hərdən ətraf mühitin çirklənməsini, ekoloji pozuntuları elmi-texniki tərəqqi ilə, ümumiyyətlə, tərəqqiylə bağlayırlar. Tamamilə yalandır! Axı elmi-texniki tərəqqi çox şey verib bəşəriyyətə. Bircə misal göstərəcəyəm. Qədim Romada orta insan ömrü 25 il olub. Ötən əsrin əvvəllərində inkişaf etmiş Avropa ölkələrində bu rəqəm 41 yaş həddinə qalxdı. İndi orta ömür 80 ildir. XXI əsrin ortaları üçün 120-130 yaşdan danışırlar. Görürsünüzmü, bu, ancaq elmi-tekniki inkişafın nəticəsidir. Təəssüf ki, bunun neqativ nəticələri də var və onları aradan qaldırmaq lazımdır. Yəni inkişaf proseslərini təbiətlə, təbii ehtiyatların optimal istifadəsi ilə ətraf mühitin qorunmasını uzaqlaşdırmaq gərəkdir.

Professor Qara Mustafayev: – Ekoloji təhsil Azərbaycanda var, xüsusən son 50 ildə ekologiya bir elm kimi öyrənilməyə başlandıqdan sonra Respublikamızın tədris müəssisələrinin proqramlarına daxil edilib və tədris olunur da. Lakin, təbii ki, dünya standartlarına uyğun deyil və ona çata bilmir. Bu isə, çox vacibdir.
Keçən ildən etibarən biz müxtəlif ali məktəblərlə müştərək işləmək istəyirik. Bunun üçün görüşlər keçirir, əməkdaşlıq edir, əlaqə saxlayırıq. Sağlıq olsun, cari ildə bu istiqamətdə umumrespublika konfransl keçirmək niyyətindəyik. Məqsədimiz bağçadan tutmuş doktoranturaya qədər ekoloji təhsilin proqramlarını tutdurmaqdır. Bu proqramla bütün tədris müəssisələrində və onun müxtəlif pillələrində ekologiyanı tədris etmək olmaz. Tutaq ki, ekologiyanın tədrisində fizika elmindən istifadə etməliyik. Bu barədə bir proqram olmalıdır. Eləcə də kimya, biologiya, geologiya, humanitar elmlər və s. Hamısından ekoloji təhsil üçün proqramlar tutulmasına çalışırıq. Dediklərim ali məktəblərə aiddir. Orta məktəblərə gəlincə, yaxşı olar ki, ümümi ekologiya dərsi keçirilsin. Hətta mən istərdim ki, bu proses ibtida siniflərdən başlansın. Adı “Təbiətşünaslıq”mı, “Ekologiyaya giriş”mi , “İlkin ekologiya”mı olsun, – hələ bunu fikirləşəcəyik. Hər halda fasiləsiz ekoloji təhsilə nail olmaq lazımdır. Bağçadan tutmuş doktoranturaya qədər hər bir adam ömrü boyu fasiləsiz ekoloji təhsil almalıdır. Əks təqdirdə, ətraf mühitlə munasibətlərimizi müasir dövrün tələbatı səviyyəsinə yüksəldə bilməyəcəyik. Yəni, bizdə ekoloji bilik olmalıdır. Bu ekoloji biliyin əsasında ekoloji tərbiyə, ekoloji məsuliyyət hissi və ekoloji hüquq formalaşmalıdır. Yalnız bunların hamısına nail olduqdan sonra insanın ətraf mühitlə münasibətlərində irəliyə doğru ciddi addım atıla bilər.
Yusif Dirili: – Çox halda müəyyən problemlər ortaya qoyularkən xarici ölkələrlə paralellər aparılır, yaxud onların iş təcrübəsi örnək kimi qabardılır. Bu məsələ şübhəsiz ki, sizə də tanışdır. Elə isə ekoloji tərbiyədə bizim xaricilərdən ciddi fərqimiz nədədir? Sizə elə gəlmirmi ki, onlardan geri qalmışıq?
Akademik Urxan Ələkbərov: – Hər il mütəmadi olaraq yüksək inkişaf etmiş xarici ölkələrin universitetlərində mühazirələr aparıram. Və əlbəttə, savad, bilik, mədəniyyət məsələlərinə gələndə bizim əhali heç birindən geri qalmır. Çox yüksək dərəcədə biliyimiz də var, mədəniyyətimiz də. Sadəcə, nəzərə almaq lazımdır ki, müstəqilliyimizin hələ cəmi 10 yaşı var. Təbii ki, bu, ömür üçün böyük müddətdir, amma tarixi baxımdan heç nədir. Qeyd etmək istəyirəm ki, Qərb kompaniyalarının bura gəlməsi, öz ekoloji standartlarını gətirməsi (çünkü onlar yüksək ekoloji standartlara riayət etməyə çalışırlar) və onların siyasəti məhz ona yönəlmişdir ki, iqtisadiyyat inkişaf etdirilsin, bununla da insanların uzunömürlüyünü təmin etmək üçün vəsait olsun. Mən hamısını demirəm, amma onlarçün fərqi yoxdur, məsələn, “Statoyl” Norveçdə işləsin, ya Azərbaycanda – onun standartları eynidir və eyni cür də münasibət var.

Professor Qara Mustafayev: – “Geri qalırıq” demək olmaz. Hər ölkənin bir mentaliteti, hər ölkənin mədəniyyətinin özünəməxsus xüsusiyyətləri var. Biz deyirik “Amerika və Avropa ölkələrində ətraf mühitə münasibət düzgündür” ona görə yox ki, onların ekoloji təhsili güclüdür, ona görə ki, orda digər mənbələr güclüdür. Birinci növbədə gör-götür mənbələri güclüdür. Əgər heç bir ekoloji təhsilə malik olmayan uşaq görürsə ki, valideyni zibili üç yerə bölüb metal tullantısını bir qutuya, şüşə və beton qırıntılarını o biri qutuya, polietilen tullantılarını isə başqa qutuya atır, onda o, gec-tez nəticə çıxaracaq. Bir gün, 5 gün,15 gün başa düşməsə də, axırı bir gün başa düşəcək. Deməli, uşaq görüb-götürür. Orda tərbiyə və müasir mədəniyyət güclüdür. Təkcə ətraf mühitə deyil, insanın insana münasibəti də çox mülayimdir. Həmişə, deyirik, insanın insana qayğısı Şərqdə güclü olub. Olub! Ancaq indi yox! Hesab edirəm ki, biganəlik artıb. Biganəlik isə çox dəhşətli bir xüsusiyyətdir və sivil insan xarakteri deyil. O qədər biganə olmuşuq ki, bir birimizin qayğısını az çəkirik.

Yusif Dirili: – “Ekoloji tərbiyə” metodiki-informasiya bülleteni bu sahə üzrə ilk nəşr nümunəsidir. Qonağımızın bizə deməyə sözü varmi? Bir oxucu və alim-mütəxəssis kimi bizdən nə gözləyir, nəyi tələb edərdiniz və bizimlə əməkdaşlığa necə baxırsınız?

Akademik Urxan Ələkbərov: – Əməkdaşlıq üçün həmişə hazıram. Əsas məsələ odur ki, vacib nəşrdir. Bu mənada əhəmmiyətini danmaq olmaz. Var sahə nəşrləri, məsələn, fizikaya, riyaziyyata, hüquqa və s. aid olan nəşrlər. Ancaq bu, umumi problemləri – həm milli, həm regional, həm də qlobal problemləri əhatə edir. Onunçün də bu nəşrə böyük arzularım var və əminəm ki, müvəffəqiyyət qazanacaq. Ən əsası odur ki, yaşından asılı olmayaraq indiki dövrdə gərək oxucularınızı öz iştirakçılarınıza-həmtərəflərinizə çevirəsiniz. Qoy, bu birtərəfli hərəkat olmasın. Həm öyrətsin, həm də öyrənsin. Onda uğurlarınız çox olacaq.

Professor Qara Mustafayev: – Müsbət baxıram və təbrik edirəm! Belə bir bülleten aça bilsəniz, çox faydalı olar. Mən söz verirəm ki, mümkün qədər sizin nəşrdə iştirak edim, üstəlik kolleqalarıma da deyərəm, sizinlə işləsinlər, əməkdaşlıq əlaqələri qursunlar. Ancaq bir şərtim var: öz profilinizi möhkəm gözləyəsiniz, obyektinizi tanıyasınız. Biləsiniz ki, bülleteninizdə gedən yazıların obyekti kimdir, yəni kimlərə təsir etmək istəyirsiniz. Obyekt çox konkret olmalıdır. “Ekoloji tərbiyə” bülleteninə təsisçilik edən Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinə gəlib-gedənlər yaşlılar deyil. Yaşlılar gəlirlərsə, öyrətməyə gəlirlər. Öyrətdiyiniz obyekt məktəb yaşlı uşaqlardır. Ona görə də sizin yazılarınız hamısı gərək onlara yönəlsin.

“Ekoloji tərbiyə” metodiki – informasiya bülleteni
1/2001, səh.10-12

Ekoloji tərbiyə

Yeni nəsildə vətəndaş şüurunun formalaşdırılmasının əsas istiqamətlərindən biri kimi Ekoloji tərbiyə ətraf mühitin dərk olunması və təbiətə qayğı ilə yanaşmanın formalaşması proseslərindən keçir. Ekoloji cəhətdən savadlı insan dərk etməlidir ki, təbiət də onun özü kimi canlıdır. Təbiət güclüdür, ancaq bu güc tükənməz deyil. Təhsil ocaqlarında ekoloji təhsilin gücləndirilməsinin tərəfdarları hesab edirlər ki, uşağa kiçik yaşlarından təbiətə qayğı ilə yanaşmanı aşılamaqla biz onun şəxsiyyətinin formalaşmasına ciddi təkan vermiş oluruq. Başqa sözlə, yeni nəsildə vətəndaş şüurunun formalaşdırılmasının əsas istiqamətlərindən biri də məhz ekoloji təhsil və tərbiyə olmalıdır. Bu yolla gəncləri doğma torpağı və təbiəti sevməyə, ətraf mühitə biganəlikdən qaçmağa öyrədə bilərik. Təbiətə biganəlik dünyaya biganəlik deməkdir Belə bir səhnənin şahidi çoxlarımız olmuşuq: kiçik yaşlı uşaq yediyi şokoladın kağızını açıb yerə atır, anası isə buna heç fikir də vermir. Bu nədir ki? Sadəcə kağız parçası. Həyat isə belə sadə və xırda problemlərin məcmusundan ibarətdir, çünki həmin uşaq böyüyüb bu dünyanın sakininə – istehlakçıya çevriləcək. Böyüyəndə onun küçəyə, yola atdığı tullantıların çəkisi və ölçüsü də artacaq. Ölkəmizdə avtomobildən yola hər hansı əşyanın atılmasına dair cərimə tətbiq olunur. Bununla belə, hamımız gün ərzində bir neçə dəfə bu qadağaya riayət etməyən sürücüləri görürük. Avtomobildən yola siqaret kötüyü atan sürücü həmin kiçik yaşlı uşağın gələcəyidir. Antuan de Sent-Ekzüperi deyirdi ki, “biz hamımız Yer kürəsi adlı gəminin sərnişinləriyik. Deməli, bizim minəcək başqa nəqliyyat vasitəmiz yoxdur”. Mütəfəkkirin bu sözləri nə vaxt dediyini və ekoloji durumun indi hansı həddə olduğunu nəzərə alsaq, ekoloji təhsil və tərbiyənin necə vacib olduğunu dərk edə bilərik. Yer kürəsi elə bir inkişaf mərhələsinə çatıb ki, onun yaradıcı, məsuliyyətli sakinlərə daha çox ehtiyacı var. Əgər belədirsə və biz ən kiçik yaşlarımızdan hədsiz istehlakçı ruhunda tərbiyə olunuruqsa, hansı məsuliyyətdən söhbət gedə bilər? Bu gün sivil dünyada insan tərbiyəsi prosesində ekoloji tərbiyəni nəzərə almamaq mümkünsüz görünür. Təbiətlə biz ən kiçik yaşlarımızdan üz-üzə gəlirik. Və əslində, məhz təbiət də bizim ilk müəllimimizdir. İnsan Yer kürəsinin ayrılmaz hissəsidir. Əgər biz həyatı qorumaq istəyiriksə, ekologiyanı mühafizə etməkdən başlamalıyıq. Bu gün yaxınlaşan ekoloji faciədən çox danışılır, ancaq maraqlanan və təlaşlanan demək olar ki, yoxdur. Bu o deməkdir ki, biz təhlükəni dərk edirik, ancaq ekoloji təhsilimiz olmadığına görə bu, dərketmə hərəkətə keçməyimiz üçün yetərli deyil. İnsanları ilk növbədə nə ilgiləndirir? Ərzaq qiymətləri və artan vergilər. Ancaq bu ərzağı bizə bəxş edən təbiətə qayğı barədə fikirləşən yoxdur. Belə çıxır ki, bu gün biz ekoloji təhsil və tərbiyə barədə düşünmürüksə, gələcəyimizi unutmuş oluruq. Fizika üzrə Nobel mükafatı laureatı Nils Borun sözləri çox ibrətamizdir: “Bəşəriyyət atom bombası, saysız müharibələr və epidemiyalardan məhv olmayacaq. O, özünü öz tullantıları və zibillərinin altında dəfn edəcək”.

Məktəbdə günəş elektrostansiyası

Qəzetimizin ötən sayında oxucuları ekoloji təhsil kontekstində dünyanın müxtəlif ölkələrində orta məktəblərdə həyata keçirilən bir neçə layihə ilə tanış etmişdik. Təbiətin qorunması və məktəblilərin ekoloji dünyagörüşünün inkişafına yönəlmiş bu layihələr adi məktəblərdə reallaşdırılır. Ancaq elə təhsil ocaqları da var ki, yerləşdikləri binanın inşasında istifadə olunan tikinti materiallarından tutmuş istifadə olunan enerji mənbələrinədək hər şeydə ekologiyaya zərər vurmamaq fəlsəfəsi əsas götürülüb. Onlardan bir neçəsi ilə tanış olaq. “Liwa İnternational School”, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ). Bu məktəb BƏƏ-də ilk ekoloji təhsil mərkəzi hesab olunur. Məktəb həyata keçirdiyi layihələrə görə “World Future Energy Summit” tərəfindən yüksək qiymət alıb. Bu layihələrin hamısı il ərzində məktəb tərəfindən həyata keçirilir. Məsələn, hər gün təqribən 4 ton istifadəyə yararlı olmayan su təmizlənmə prosesindən keçir və sonra məktəbin əkin sahəsində istifadə olunur. Bu su ilə 35 min bitki suvarılır. BƏƏ-nin yerləşdiyi coğrafi bölgədə havanın hərarətini nəzərə alsaq, bu suyun əhəmiyyətini izah etmək çətin deyil. Məktəbdə quraşdırılmış günəş panelləri hesabına hər gün saatda 78 kilovat elektrik enerjisi istehsal olunur. Bu, məktəbin ehtiyaclarından çoxdur. Həmin elektrik enerjisi təhsil ocağının binası ilə yanaşı, suvarma prosesində və gecə vaxtı ərazinin işıqlandırılmasına sərf olunur. “Trivandrum”, Hindistan. Bu məktəb ekoloji təhsil üçün kampusdur. “Trivandrum” beynəxalq statuslu məktəbdir. Əsas diqqət ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və təbii resurslardan qənaətlə istifadə istiqamətində maarifləndirməyə yönəldilir. Məktəb Hindistanda yağış suyundan istifadəyə keçən ilk müəssisələrdən biridir. Təhsil ocağında istehlak olunan suyun 50%-i yağışdan əldə olunur. Fəaliyyətdə olan orqanik ferma məktəbi kənd təsərrüfatı məhsulları ilə təmin edir. Bu məhsullar istisnasız olaraq biogübrələrin köməyilə yetişdirilir. Nahar konservantsız məhsullardan hazırlanır, odur ki, tullantılardan bioqaz qurğusunda yararlanırlar. Və bütün bunların hamısı uşaqlara keçilən praktiki ekoloji dərslərin tərkib hissəsidir. Məktəbdə plastikdən istifadə olunmur. Plastiki uşaqların özlərinin ixtira etdikləri kağız paketlər əvəzləyir. Bu paketləri təkrar emal etmək olur. “Trivandrum”da “yaşıl ənənə” də mövcuddur. Hər bir məzun təhsilini bitirdikdən sonra məktəbə məxsus ərazidə iki ağac əkməlidir.

“Panyaden” bambuk məktəbi, Tailand. “Panyaden” məktəbi əvvəllər meyvə bağının mövcud olduğu yerdə tikilib. Məktəbin bütün otaqları bambuk, daş və palçıq kərpicindən inşa olunub. Təbii tikinti materialları təhsil ocağında sərin havanı təmin edir, məktəbdə kondisioner yoxdur. Məktəb otaqlarının çöl divarları istifadə olunmuş içki və paltaryuyan maşınının şüşə hissəsindən hörülüb. Hörmə prosesində samandan da yararlanıblar. Pəncərə çərçivələri yenidən emal olunmuş möhkəm ağac növlərindən hazırlanıb. Məktəbin akt zalı və yeməkxanası sözün əsl mənasında açıq səma altında fəaliyyət göstərirlər. Dam bambuk yarpaq və budaqları ilə örtülür.

Bu məktəbdə də axıntı suları filtrdən keçirilir və əkin sahələrində istifadə olunur. Yemək qalıqları gübrə, bioqaz isə mətbəxdə istifadə üçün enerjidir. Məktəbdə, eyni zamanda, 375 uşaq təhsil alır. Onlar tropik bitkilər, Tailandın şimalı üçün xas olan mətbəxin özəllikləri barədə məlumat alır, pestisidlərsiz düyü və tərəvəz əkməyi öyrənirlər. Dünyanın ən yaşıl məktəbi Ekoloji məktəb “Sing Yin”, Honkonq. Burada uşaqlar ekologiya barədə baza bilikləri əldə etməklə yanaşı, ətraf mühiti qorumaq məqsədilə praktiki məşğələlər də keçirlər. Dil dərslərində ekologiya mövzusunda inşalar yazılır, riyaziyyatda ətraf mühitin qorunmasına sərf olunan xərclər hesablanır, bədən tərbiyəsi dərsindən sonra isə futbol meydançası təmizlənir. Məktəbin binası bərpa olunan enerji mənbələri – fotohalvanik panellərlə təmin olunub. Otaqlarda işığa qənaət edən qurğular quraşdırılıb, kondisioner və hava qızdırıcılarının istifadəsi maksimum məhdudlaşdırılıb. Məktəbdə çalışırlar ki, kağızdan az istifadə etsinlər. Bu səbəbdən bütün sənədləşmə işləri elektron formatdadır. Kağızdan qənaətlə istifadə olunur, surətçıxarma işləri azaldılıb, əl-üz üçün kağız dəsmallar alınmır. Məktəbdə tez-tez geyinilmiş paltarların, işlədilmiş kompüter, istifadə olunmuş plastik və alüminium qabların yığımı aksiyası keçirilir. ABŞ-ın ekoloji tikinti şurası “Sinq Yin”i planetin ən “yaşıl” məktəblərindən biri elan edib.

“Dunbarton”, Kanada. Daha bir “yaşıl” təhsil ocağı bu ada 2015-ci ildə layiq görülmüş Kanadanın “Dunbarton” məktəbidir. Ontarionun bu məktəbi son 5 ildə həm dərs proqramını, həm də binanı modernləşdirməklə ən “yaşıl” ekoloji məktəb adını alıb. “Dunbarton”da uşaqlar ekoloji prosesin tək içtirakçısı deyil, həm də ekolayihələrin rəhbərləridirlər. 1960-cı ildə tikilmiş məktəbi “yaşıllaşdırıblar” – orqanik tullantılar yenidən emal olunur, binanın pəncərə və divarlarına günəş işığından elektrik enerjisi alan panellər quraşdırılıb. Bu yolla həm bina işıqla təmin olunur, həm də su qızdırılır.

“Secmol”, Hindistan. Bu məktəb dəniz səviyyəsindən 3,4 km hündürlükdə, Hind çayının sahilində tikilib. Tikinti zamanı yerli daşdan istifadə olunub, aborigen sakinlərin arxitektura ənənələrinə əməl edilib. Məktəbin tikintisi böyük xərclər tələb etməyib, “Secmol”da ətraf mühitlə harmoniyada yaşamağın yollarını, hətta ən adi əşyaları belə ikinci dəfə istifadə etməyin üsullarını yaxşı bilirlər. Otaqların soyuq havada isti olması problemini yerli texnologiya – divarların palçıqla örtülməsi və qara rənglə rənglənməsi hesabına çözürlər. Bunu necə edirlər demək çətindir, ancaq divarların samanla, istifadə edilmiş kağız və plastiklə də isidilməsi texnologiyasını məhz bu məktəbdə sınaqdan çıxarırlar. Suyu yeraltı quyulardan çıxarırlar. İçməyə yararlı olmayan su əkin sahələrinə yönəldilir. Məktəbin gündəlik həyatında uşaqlar da yaxından iştirak edirlər: kimisi alternativ enerji mənbələrinə nəzarət edir, kimisi günəş plitələrində yemək bişirir, kimisi isə dərsə qulaq asır. Yeri gəlmişkən, dərslər partalar olmayan siniflərdə keçilir. “Watkinson”, ABŞ. Məktəb 3500 kv.m-lik ərazidə inşa olunub. Onu elə tikiblər ki, günəş işıqlandırması nəticəsində büdcəyə 25% qənaət edilir. Yəni, söhbət tək günəşdən alınan işıqdan getmir. Sadəcə olaraq, bina elə quruluşdadır ki, günün əksər hissəsində siniflərə günəş şüaları düşür. Məktəbin elektrik enerjisi təminatı günəş panellərindəndir. Otaqlarda qənaət məqsədilə lüminisent lampalardan, həyətin işıqlandırılmasında isə fotoelementli fənərlərdən istifadə edilir. Binanın təmizlənməsində istifadə olunan təmizlik ləvazimatlarının 90%-i ekoloji cəhətdən təhlükəsizdir. Kampus ərazisində tullantıların toplanması və sortlaşdırılması mərkəzi var. Məsələn, məktəbin qəzeti təkrar emal olunmuş kağızdan çap edilir. Hesablanıb ki, bir məktəb qəzetinin bu yolla çapı ildə ən azı 60 ağacı kəsilməkdən qoruyur. Məktəbin bostanındakı əkin işlərində yerli tullantılardan hazırlanmış biogübrələrdən geniş yararlanırlar. Yeməkxanada istifadə olunan bütün meyvə-tərəvəz məktəblilərin özlərinin məhsuludur. Belə məktəblərin siyahısı yuxarıdakılarla məhdudlaşmır. Dünyada ekoloji məktəblərin sayı getdikcə artır və güman ki, bu, gələcəyin məktəb quruculuğunda başlıca trendə çevriləcək. Yəni, reputasiya tək keçilən dərslər və məzunların işlə təminatı deyil, həm də təhsil ocağı və “sakinləri”nin ekoloji tələblərə nə qədər riayət etmələri ilə də ölçüləcək. Xatırlayırsınızsa, Z nəslinin nümayəndələrinin işə qəbul olunarkən şirkətin və ya müəssisənin ekoloji siyasəti ilə maraqlanmaları barədə yazmışdıq. Görünür, ekoloji təhsil təsirsiz deyil. (Azərbaycan müəllimi) Rüstəm QARAXANLI

Comments are closed, but trackbacks and pingbacks are open.