Press "Enter" to skip to content

Cəhənnəm onu “görənlərin” gözü ilə – FOTO

Allah-Təala buyurur: “Həqiqətən Cəhənnəm pusquda dayanıb və (itaətdən) boyun qaçıranların yeridir” (Nəbə surəsi, ayə 21-22)

«Apokalipsis» – Son yoxsa Başlanğıc?

Son zamanlar tez-tez rastlaşdığımız “apokalipsis” sözü öz kökü etibarı ilə “İncil”ə bağlıdır. Bu termin yunan dilindən tərcümədə — “açılış”, “açıqlama” mənasındadır.

Bu — “İncil”də “ İohann Boqoslovun açıqlaması” adlanır. Kitab “İncil”də peyğəmbəri açıqlamalar verən son kitabdır. “İncil”in digər bölmələrində bu cür açıqlamalar verilmir. Bu kitabı 12 apostollardan biri İohann Boqoslov yazmışdır.

“Apokalipsis”in çox hissəsi bəşər tarixinin finalına, sonuna həsr olunmuşdur. Bu səbəbdən də müasirlərimiz bu termini “dünyanın sonu” mənası kimi qəbul edir. “Dunyanın sonu”nu “İncil” necə təsvir edir?

“Apokalipsis”(Qorxunc məhkəmə) – dini təsəvvürə görə, dünya tarixinin son anı, dünyanın yeniləşməsi və son olaraq, insanın İlahiyə yaxınlaşmasıdır. Amma “İncil”in digər bölümündə isə “apokalipsis” bir az alleqorik təsvir edilir. Ancaq “Apokalipsis”də dünyanın sonunun qorxunc, dəhşətli mənzərələri tam qabarıq təsvir olunur.

İohann Boqoslov kim olub?
Apostol İohann — İsa peyğəmbərin ən yaxın şagirdlərindən olub. Bu kitabın (“Apokalipsis”in) məhz İohanna məxsus olmasına isə onun şagirdləri və kilsə şahidlik edir. Bu kitab kilsə ilahiyyatçıları tərəfindən həm “İncil”in bir hissəsi, həm də bir “İlahi xəbərdarlıq” kimi qəbul edilir.

Bu kitab nə vaxt və harada yazılmışdır?
“Apokalipsis”in yazılma tarixi haqqında hələ indiyədək mübahisələr davam etməkdədir. Amma belə hesab edilir ki, bu kitab II əsrin lap əvvəllərində hazırlanmışdır. Kitabın yazıldığı yer Egey dənizində yerləşən Patmus adasıdır. Bu adada İohanna vəhy gəlir və həmin kitabı yazmağa başlayır (Bu haqda İohann öz yazılarında qeyd etmişdir).

Yozulması:
Ötən XX əsr ərzində “Apokalipsis”i müxtəlif cür yozanlar olub. “Apokalipsis”i yozulmasını əsasən, 4 qrupa bölürlər: 1-ci İohann Boqoslovun gələcəkdən xəbər verməsi kimi; 2-ci Qiyamət günü İsanın zühur etməsi kimi; 3-cü bir çox tarixi hadisələrin və kataklizmlərin “Apokalipsis”in yaxınlaşmasına işarə olması kimi; 4-cü isə I əsrdən başlayaraq din və dindarların təqib olunması və onlara edilən təpkilər və hücumlar, mənəvi dəyərlərin itməsi nəticəsində “apokalipsisi”in yaxınlaşması kimi.

Bundan əlavə, “İncil”də “apokalipsis”in dəqiq vaxtı, saatı haqda məlumat verilmir. Hətta deyilir ki, bu haqda mələklər də heç nə bilmir, bu yalnız Allaha məxsusdur.

“Apokalipsis” – dünya incəsətində də ən önəmli mövzulardan biridir. Dünyanın ən görkəmli rəssamları “Apokalipsis” mövzusunda neçə-neçə dəyərli rəsm əsərləri yaratmışlar. Mikelancelo, El Qreko, Rafael, Albrext Dyürer, Nikolay Rerix və digər dünya şöhrətli rəssamlar “Apokalipsis” mövzusunda möhtəşəm rəsm əsərləri yaratmışlar.

Cəhənnəm onu “görənlərin” gözü ilə – FOTO

Milli.Az xəbər portalı bildirir ki, bir çox dini təlimlərin iddiasına görə, ölümdən sonra günahkar bəndələrin ruhları onların hər zaman əzab çəkməyə məhkum olunduqları xüsusi bir yerə – Cəhənnəmə gedəcək. Cəhənnəm yerin altında yerləşir. Bu söz yunan dilində “Hades” kimi ifadə olunur ki, bu da “yeraltı şahlıq” mənasına gəlir. Cəhənnəm necə görünür, quruluşu necədir və digər suallar qədimdən insanları çox maraqlandırıb. Bəzi peyğəmbərlər və öngörücülərin Cəhənnəmi görmək bacarığı olub. Orta əsrlər Avropasında kilsə keşişləri və yazıçılar, şairlər öz əsərlərində bu dəhşətli məkanı təsvir etməyə çalışıblar.
Təsvirlər çox fərqli olub və bu günə qədər Cəhənnəmin xəritəsini heç kim tərtib edə bilməyib. Lakin bəzi məqamlar var ki, heç kəsdə şübhə doğurmur. Cəhənnəmin fərqləndirici əlamətləri cəhənnəm alovu, tüstü-duman, bəzi yazıçıların qeyd etdiyi dözülməz istidir. “Zülmət”, “alaqaranlıq” – bu ifadələri yazıçı və din xadimləri yeraltı şahlıqdakı vəziyyəti təsvir etmək üçün istifadə ediblər.

Cəhənnəmin sakinləri kimlərdir?

Cəhənnəmdə günahkarların ruhlarından başqa Şeytan da yaşayır. O, Cəhənnəmin hökmdarıdı. Orada çoxlu sayda iblis məskunlaşıb. Və onlar insanlara zərər vermək üçün yer üzünə çıxırlar. Cəhənnəmi Allah yaradıb, Şeytanı və onun tərəfdarların oraya sürgün edib. Bu barədə Bibliyada qeyd olunub. İlk xristian teoloqlarından biri və kilsə xadimi Müqəddəs Avqustin V əsrdə ilk dəfə olaraq Cəhənnəmi bu şəkildə təsvir etməyə çalışıb: “Cəhənnəm, başqa sözlə, od-atəşdən ibarət göldür. O, lənətlənmiş insanlar və şeytanın bədənini,ruhunu yandıracaq, işgəncə verəcək. Və hər kəsin qisməti eyni atəş olacaqdır”.

1149-cu ildə naməlum irland monax “Tundalın qarabasması” traktatında Cəhənnəmi təsvir edir. Kilsə xadimləri hesab edirlər ki, monax Allahın seçilmişlərindəndir və ona sağlığında Cəhənnəmi görmək missiyası verilib. O, özünün həqiqi macəralarını kağıza köçürüb. Traktatın qəhrəmanı cəngavər Tundal günahkar həyat tərzi keçirir. Onun qoruyucu mələyi günahkara öz davranışlarını dəyişməyəcəyi təqdirdə düşəcəyi yeri – Cəhənnəmi göstərir.

Tundalın gördüyü ilk şey – kömür tüstüsü ilə örtülmüş böyük düzəngahdır. Orada dəmir qəfəslərdə iblislər günahkarları odda qızardırlar. Düzəngah bərk qızdırılmış dağlarla əhatə olunub. Orada iblislər iti çəngəllərlə kafir və bütpərəstlərin bədənlərini didib tökürlər. Tundal Cəhənnəmdə gözlərilə od püskürən nəhəng əjdahanı – Aşeronu görür. Tundal bir neçə km uzunluğunda və ovuc içi enində olan körpü vasitəsilə çaydan keçməyə məcbur olur. Çayda ac əjdahalar üzürdü. Onlar hər an cəngavərin suya düşməsini gözəyirlər ki, onu yesinlər. Xoşbəxtlikdən Tundal körpünü keçə bilir, lakin körpünün digər tərəfində onu dəmir caynaqları olan böyük quş gözləyirdi. O, bütün digər günahkarlar kimi, cəngavəri də yedi və Cəhənnəmin üstündən uçaraq onu donmuş bir gölə ifraz etdi. Tundal buzun içərisindən güclə xilas oldu.

Traktat müəllifinin sözlərinə görə, Şeytan böyük çuxurun ortasında yerləşən Cəhənnəmin paytaxtında yaşayır. Tundal yerə qayıdır və əyyaşlıq, əxlaqsızlıq etməkdən əl çəkir, öz varidatını yoxsullara paylayaraq səyahətə çıxır. Mömin cəngavər Şeytandan uzaqlaşmayanlara onları gözləyən dəhşətli cəza barədə xəbər yayır. Görünür, cəngavər haqda kitab yazan monax özü də məhz bu işlə məşğul olub.

Cəhənnəmin ən məşhur təsvirlərindən biri “İlahi komediya”da verilib. Dantenin versiyasına görə, Cəhənnəm yerin mərkəzinə qədər uzanan qıfabənzər uçurum formasındadır. Qıf Şeytanın göydən yerə çırpılmasından yaranıb. Cəhənnəmə böyük qapılardan keçib girmək olur. Darvazaların arxasında böyük düzənlik yerləşir, orada çox da böyük günahı olmayan, lakin mömin həyat yaşamayan adamların ruhları gəzişir. Düzənliyin arxasında Cəhənnəmi əhatə edən Aşeron çayı axır. Dante və onun bələdçisi Vergili çayı üzüb keçəndən sonra Cəhənnəmin birinci dairəsinə çatırlar. Bütün cəhənnəm doqquz dairəyə bölünüb, hər dairədə müəyyən dərəcədə günah işlətmiş adamlar edam olunurlar.

Birinci dairədə məskunlaşanlar günahsız körpələr və əzabdan xilas olmuş dindar bütpərəstlər idi. İkinci dairədə “zina etmə!” əmrini pozanlara əzab verilir. Onların ruhunu həmişə külək əsdirir. Üçüncü dairədə dolu və yağışın vurduğu acgözlər yerləşir. Üçbaşlı it Serber onların bədənini fasiləsiz olaraq dişləyir, qoparır. Dördüncü dairədə israfçı, bədxərclər Sizif qayasına bənzər qayanı əbədi olaraq daşıyırlar. Beşinci dairədə Stiks çayı axır. Onun sahillərində bataqlıqda hirsli və qaraqabaq adamlar olurlar. Birincilər biri-birlərini didib hissələrə parçalayır, ikincilər isə əbədi ağlayırlar.

Stiksdən sonra Cəhənnəmin aşağı dairələri – ən dəhşətli günah işlədənlərin olduğu dairələr başlayır. Orada Yerdə pis işlər gördükdən sonra Cəhənnəmə qayıdan iblislərin dincəldiyi Dis şəhəri yerləşir. Altıncı dairə yanan məzarlarla örtülmüş böyük düzənlik halındadır. Burada kafirlər əbədi odda yanırlar. Düzənliyin ardından Fleqeton çayı axır. Burada qatillərin və təcavüz edənlərin ruhlarının üzdüyü qaynar qan axır. Dantenin versiyasına görə, Fleqetonun sahilində intihar edənlərin meşəsi yerləşir və orada özünə qəsd edənlərin ruhlarının çevrildiyi balaca ağaclara bitir. Meşədən sonra səhralıq uzanır. Burada qumun qaynar istisində təbiətə qarşı cinayət törədənlərin ruhları iztirab çəkir. Səkkizinci dairə amfiteatrı xatırladır, burada yalançı və fırıldaqçıların ruhları əzab çəkir. İblislər onları qamçı ilə döyür və qaynar qətrana batırırlar. Səkkizinci dairədən çıxış amfiteatrın dibindədir, oranı da qırxayaqlı nəhənglər qoruyur. Amfiteatrın aşağısında Kosit – Cəhənnəmin doqquzuncu dairəsi yerləşir. Orada Şeytan lap başda oturub. Şeytan çox böyük günah işlədənləri, satqınları özü cəzalandırır, onların bədənlərini çeynəyir.

İngilis şair Con Milton Cəhənnəmi özünün “İtirilmiş Cənnət” poemasında (1667) təsvir edir. Müəllif vurğulayır ki, Cəhənnəmdə ilahiyin, ülviyyətin başlanğıcı olan işıq yoxdu. Burada zülmət hökm sürür. Milton demək olar ki, bütünlükdə görmə qabiliyyətini itirir. O, iddia edirdi ki, “İtirilmiş Cənnət” poemasında təsvir etdiyini öz daxili baxışları ilə görüb. Orada işıq saçmayan atəş püskürür, yandırılmış düzənliklər və dolu vurmuş buz səhraları uzanır. Milton Cəhənnəmin paytaxtını Pandemonium adlandırır. Orada Şeytan özünə yaxın olan mələklərlə yığıncaq keçirir.

Milton, Dantenin adını çəkdikləri yox, cəhənnəmdə axan başqa çayları sadalayır və Let haqqında da məlumat verir. Cəhənnəmdə çoxlu faydalı qazıntılar, o cümlədən yer üzündə insanları bir çox cinayətə sövq edən qızıl var. Şeytanın əmri ilə onun tabeliyində olan mələklər Cəhənnəmdə onun yaşaması üçün gözqamaşdıran bir saray tikirlər. Sarayda çoxlu qapılar, artırmalar, qalereyalar, qüllə və körpülər var. Sarayın zalı qiymətli daşlarla, qızıl və mirvarilərlə bəzənib. Şeytan Cəhənnəmin yeganə sahibidir. Onun çoxlu adı var, onlardan biri Lüseferdi – “dan yerinin oğlu” mənasını verir.

Cəhənnəm mələkləri nəyə xidmət edir?

Lüseferin yaxınları ona yeraltı şahlığı idərə etməyə kömək edirlər. Allahın hüzurunda mələklərin qulluqda dayandıqları kimi, şər qüvvə də özünü köməkçiləri – iblislərlə əhatə edib. Şeytanın sağ əli Velzevul adlı mələkdi. Allaha qarşı qiyamında Şeytanı ilk dəstəkləyən o olub. Velzevul ifritə və cadugərləri buyurur, onların qarşısında milçək kimi peyda olur. Ona görə də onu milçəklərin hakimi adlanıdırırlar. Milçəyin köməyi ilə velzevul insanlar arasında epidemiya yayır.

Şeytanın ikinci vacib köməkçisi Leviafandır. Bibliyada onun haqqında “dəniz əjdahası” kimi danışılır. O, ilan, əjdaha və ya timsah görkəmi alır. Allah ilk vaxtlarda məhz bu əjdaha ilə vuruşub. Bəzi teoloqoar hesab edirlər ki, Leviafanın ağzı Cəhənnəmin qapısıdır. El Qreko özünün “II Filippin yuxusu” tablosunda Cəhənnəmin qapısını məhz bu cür təsvir edib. Cəhənnəmdə Leviafan dəniz məsələləri üzrə katib vəzifəsini tutur.

Gərgadan Leviafanın qurudakı mələyidir. O çox böyükdür. Onu adətən böyük qarınlı fil kimi təsvir edirlər. Gərgədan acgözlük günahına görə məsuliyyət daşıyır, Cəhənnəmdə isə qonaqlıqlara başçılıq edir.

Digər bir mələk – şər qüvvələrə xidmət edən Asmodeydir. O, ailələrdə dava-dalaşları qızışdırır. O, həm də insanların tamahkarlıqlarına və azartlı oyun asılılıqlarına görə məsuliyyət daşıyır. İnsanların qarşısına əjdahanın üstündə əlində qılınc tutmuş şəkildə çıxır. Asmodeyin üç başı var: buğa, qoyun və insan, ayaqları isə xoruz ayağıdır.
Astarot Cəhənnəmdə maliyyə naziri vəzifəsindədir. İnsanlar arasında isə tənbəlliyi yayır. Adətən onu əjdahanın üstündə eybəcər başlı, əlində gürzə ilan kimi təsvir edirlər. Velial yalançı və ikiüzlülərə hamilik edən qüdrətli mələkdir.

Biz bilmirik bütün bu təsvirlər həqiqətlə nə qədər uyğunluq təşkil edir. Dini anlayışlara əsasən, Cəhənnəmdən çıxmaq çox çətindi. Yeganə yol Şeytanın kürəyindən keçir və çox təhlükəlidir. Bütün insanlıq tarixində sadəcə bir neçə nəfər, o cümlədən Tundal haqqında taraktatın müəllifi bunu edə bilib.

İslam cəhənnəm barədə nə deyir?

Müqəddəs Qurani-Kərimdə də cəhənnəmin təsviri var.

Allah-Təala buyurur: “Həqiqətən Cəhənnəm pusquda dayanıb və (itaətdən) boyun qaçıranların yeridir” (Nəbə surəsi, ayə 21-22)

Cəhənnəm alovunun odununa gəldikdə isə, Quranda deyilir: “Bu işi görə bilməsəniz – heç vaxt da görə bilməzsiniz- qorxun, kafirlər üçün hazırlanmış, odunu insanlar və daşlar olan Cəhənnəm atəşindən”. (Bəqərə surəsi, ayə 4) ; “Ancaq, haqqdan uzaq olanlar Cəhənnəmin odunu olacaqlar”. (Cin surəsi, ayə 15)

Cəhənnəmdə ən çox əzab çəkənlər barədə isə hədislərdə buyurulub: “Allahın Peyğəmbəri (s): “Qiyamət günü ən şiddətli əzabı dadacaq kəs, elmindən fayda görməyən alimdir”. (Kənzul-ummal, hədis 28977)

Allahın Peyğəmbəri (s): “Qiyamət günü ən şiddətli əzabı dadan şəxs peyğəmbər qatili, ya peyğəmbərin əli ilə öldürülən, xalqı (haqq) yolundan azdıran rəhbər və heykəltəraş olacaq”. (əd-Durul-Mənsur, c.1, səh.178)

İmam Əli (ə): “Ən şiddətli cəza, yaxşılığın müqabilində pislik edən şəxsə çatacaq”. (Ğurərul-hikəm, hədis 3217)

İmam Əli (ə): “Qiyamət günü ən şiddətli əzabı Allahın qəzavü- qədərinə qəzəblənən və narazılıq edən şəxs görəcək”. (Ğurərul-hikəm, hədis 3225)

Hz.Əli (ə) cəhənnəmi təsvir edərkən söyləyib: “Elə bir alovdur ki, qaynayıb coşan şölələri bərk sancar, yandıran dilləri qəzəbli, sönməyi gec və uzaqdır, alovlu hərarəti hər şeyi bürüyür və qorxusu dəhşətəsalandır” (Ğurərul-hikəm, hədis 9995).

Cəhənnəmdəki zəncirlər və qandallar barədə deyilir: “Onu tutun və zəncirləyin, sonra Cəhənnəm atəşinə aparın. Onu yetmiş zirə uzunluğu olan zəncirə çəkin” (Haqqə surəsi, ayə 30-32).

Cəhənnəm əhlinin yeməyi isə budur: “Cəhənnəm əhlinin zəridən (quru tikan) başqa yeməyi yoxdur. Bu yemək nə kökəldir, nə də aclığı aradan aparır”. (Ğaşiyə surəsi, ayə 6-7).
Cəhənnəm əhlinin içdikləri də zəqqumdur: “Və orada zəqqum (qaynar su) içəcəksiniz. Təşnə dəvələr içən kimi” (Vaqiə surəsi, ayə 54-55).

Və ən nəhayət, cəhənnəmdə əbədi qalanlar barədə İmam Kazım (ə) deyib: “Allah-Taala kafirlər, münkirlər (Allahın varlığını inkar edənlər), yolunu azanlar və müşriklərdən başqa heç kəsi əbədi odda saxlamayacaq. Böyük günahlardan çəkinən möminlər, kiçik günahlarına görə sorğu-sual olunmayacaqlar” (ət-Tovhid, səh.407, hədis 5).

Comments are closed, but trackbacks and pingbacks are open.