Eldənizlər dövləti
Şəmsəddin 1160-cı ildə 20 minlik qoşunla Həmədana yürüş edərək boş qalmış İraq Səlcuq sultanlığı taxtına oğulluğu Arslan şahı çıxartdı, özü isə “Böyük Atabəy” titulunu alaraq ən yaxın adamlarını yüksək dövlət vəzifələrinə təyin etdi. Böyük oğlu Məhəmməd Cahan Pəhləvanı sultanın hacibi (saray əmirlərinin başçısı), kiçik oğlu Qızıl Arslanı isə sultanın ordusunun baş komandanı (əmir əs silah) təyin etdi. Faktiki olaraq İraq Səlcuq sultanlığı Eldənizlərin əlinə keçdi. Bundan sonra Şəmsəddin sultanlığı təkbaşına idarə etməyə başladı. Bu dövrün müəllifi Sədrəddin Əli əl-Hüseyni yazırdı ki, İraq və Azərbaycan sultan və əmir Atabəy Şəmsəddin Eldənizin vaxtında əmin-amanlıqla sultanın əmirlərini yerinə yetirirdi. Arslan şahın yalnız adı hökmdar idi, Atabəy Eldənizin isə özü əmrlər verir, iqta torpaqları paylayır, xəzinələri sərəncamında saxlayır, bunlan ölkənin istənilən yerinə köçürürdü. Sultan isə bu məsələlərdə onunla münaqişəyə girə bilmirdi. Atabəy Eldənizin idarə işlərindəki müstəqilliyindən, əmrlər verib istədiyi şəxslərə iqta paylamasından ürəyi sıxılan sultan anası və Eldənizin arvadı Möminə Xatına bununla bağlı şikayətlənəndə, anası ona belə söyləmişdi: “fikir vermə, bu adam öz həyatını təhlükəyə qoyaraq dəfələrlə amansız döyüşlərə atılmış. sənin üçün sultan taxtını ələ gətirmək yolunda var-dövlətinin ən qiymətli hissəsini xərcləmiş, öz döyüşçülərinin çoxunu ölümə göndərmişdir. Səlcuqlardan yaşca səndən böyük olan neçəsi dustaqxanalara salınıb və orada ömür-günlərini çürüdürlər. Sən isə Sultan taxtına oturmusan və o, iki oğlu ilə birlikdə sənə qulluq edərək qarşında durur, sənin düşmənlərinlə vuruşaraq rəqiblərini yox edir, sənin canın isə bütün bu işlərdən azaddır! Atabəy nə edirsə, nə alıb bağışlayırsa-bunun hamısı sənin dövlətini gücləndirmək və hakimiyyətini möhkəmləndirmək üçün edilir. Qoy onun hərəkətləri sənə kədər gətirməsin… Axı o sənin məmlükündür”. Sultan anasından belə sözlər eşidərkən sakitləşib susardı.
Eldənizlər-Atabəylər (Eldəgəzlər) Dövləti
Eldəgəzlər dövləti (1136-1225) (və ya Eldənizlər dövləti, İldənizlər dövləti, Atabəylər dövləti)[
– Azərbaycan ərazisində mövcud olan, atabəy Şəmsəddin Eldəgəzin dövründə formalaşmış, onun oğlu Nüsrəddin Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti illərində daha da çiçəklənmiş dövlət. Azərbaycan (Kürdən cənuba), Şimal-Qərbi İran vilayətləri (İsfəhan, Rey) və s. yerləri əhatə edirdi. Paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan, Təbriz olmuşdur. Mühüm şəhərləri: Təbriz, Gəncə, Həmədan, Naxçıvan, Beyləqan, Urmiya, Ərdəbil, Zəncan, Xoy, Şəmkir və s. Əsas təsərrüfat sahələri: əkinçilik, maldarlıq, ipəkçilik, toxuculuq, sənətkarlıq və s. Eldəgəzlər dövlətinin ərazisindən yaxın və Orta Şərqin ticarət mərkəzlərinin birləşdirən karvan yolları keçirdi. Eldəgəzlər dövlətinin siyasi həyatında iqtidar sahibi olan hərbiçilər və ali müsəlman ruhaniləri əsas rol oynayırdılar. Eldəgəz dövlətinin təşəkül dövrü (1136-1160), yüksəliş və çiçəklənmə dövrü (1161-1191), tənəzzül dövrü (1192-1225) mərhələsi keçmişdir. Eldəgəz dövlətinin yaranması Azərbaycan atabəyi Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Eldəgizin iqamətgahı Naxçıvan şəhəri idi. 1136-cı ildə Eldəgəz Səlcuq sultanı Toğrulun oğlu Arslanşahın atabəyi Azəbaycanın cənub vilayətinin hakimi təyin olundu. İraq Səlcuq sultanlığının ictimai, siyasi həyatında mühüm rol oynayan Eldəgəz, formal surətdə Səlcuqilərə tabe olsa da, 12 əsrin 30-cu illərindən müstəqil hökmüdar kimi dövləti idarə edir və öz adına sikkə kəsdirirdi.1152-ci ildə Arran, bir qədər sonra isə Marağa hakimi Xassbəyin idarə etdiyi Ərdəbil Eldəgəzin hakimiyyətinə keçdi. O, Şirvanşahı da asılı vəziyyətə salmışdı. XII əsrinin 50-ci illərinin sonlarında Azərbaycan feodallarının mənafeyini müdafiə edən Eldəgəzlə Səlcuq sultanı Rüknəddin Məhəmməd (1153-1160) arasında toqquşma oldu. Beyləqan yanındakı vuruşma (1158) Eldəgəzin məğlubiyyəti ilə nəticələndi. Lakin tezliklə Səlcuqilər dövlətinin bütün işlərini yenidən ələ keçirən Eldəgəz 1160-cı ildə “Atabəy Əzəm” (Böyük atabəy) titulu aldı. 1161-ci ildə Eldəgəz yaranmış əlverişli şəraitdən istifadə edərək yaxın əmirlərin köməyi ilə oğulluğu Arslanşahın (1161-1176) Səlcuq sultanı elan edilməsinə nail oldu. Arslanşah formal olaraq sultan titulu daşıyırdı. Lövlətin bütün işlərini müstəqil idarə edən Eldəgəz öz oğullarını yüksək vəzifələrə – böyük oğlu Məhəmməd Cahan Pəhləvanı hacib, kiçik oğlu Qızıl Arslanı isə sipəhsalar (ordu komandanı) təyin etdi. Eldəgəz Azərbaycanın şimal və cənub torpaqlarını yenidən birləşdirə bildi. İsfahandan Şirvan və Gürcüstanadək uzanan ərazi onun hakimiyyətinə keçdi. Bununla da Eldəgəz dövlətinin təşəkkül prosesi başa çatdı və o, Yaxın Şərqin qüdrətli dövlətinə çevrildi.Eldəgəzlər qonşu ərazilər hesabına öz torpaqlarını hər vasitə ilə genişləndirməyə çalışır, Şirvana və s. yerlərə yürüş edirdilər.Dəbil (Dvin) və s. şəhərlərlə birlikdə Şərqi Ermənistan Eldəgəzlər dövlətindən asılı vəziyyətə düşmüşdü. Bu dövürdə Eldəgəzlərlə Gürcüstan arasında dəfələrlə toquşmalar baş vermişdir. 1161-ci ilin iyulunda gürcü feodalları təqribən 30 minlik qoşunla Eldəgəzin hakimiyyətində olan Dəbil şəhərini tutdular.Eldəgəz özünün vassalları Marağa, Xilat hakimləri və başqa feodal əmirləri ilə birlikdə 1163-cü ilin əvvəllərində 50 minlik qoşunla Gürcüstana yürüş etdi. 1166-cı ildə gürcü qoşunları yenidən hücum edərək Gəncəyə qədər irəllədilər. Lakin ciddi müqavimətə rast gələrək, geri çəkilməyə məcbur oldular.
Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövrü(1174-1186) Eldəgəzin vəfatından sonra hakimiyyətə böyük oğlu Məhəmməd Cahan Pəhləvan keçdi. Cahan Pəhləvanın hakimiyyəti dövründə Eldəgəz dövləti iqtisadi və siyasi cəhətdən daha da qüvvətləndi. Cahan Pəhləvan sonuncu Səlcuq sultanı III-cü Toğrulun (1176-1194) atabəyi idi. III Toğrul Cahan Pəhləvanın qəyyumluğu altında Naxçıvanda yaşayırdı.Cahan Pəhləvan Azərbaycanın idarəsini qardaşı Qızıl Arslana tapşırdı və oğlu Əbu Bəkrin atabəyi təyin etdi. 1174-cü ildə dövlətin paytaxtı Həmədana köçürüldü; Təbriz isə Qızıl Arslanın iqamətgahına çevrildi. Cahan Pəhləvan, sonralar isə Qızıl Arslan Eldəgiz dövlətinin siyasi dayağını möhkəmlətmək məqsədi ilə Səlcuq sultanlarının payladıqları iqta torpaqlarını öz tərəfdarları olan feodallar arasında bölüşdürdlər. Cahan Pəhləvan yeni iqta torpaqları almış bu əmirlərin köməyi ilə 50 minlik mükəmməl süvari ordu təşkil etdi.Eldəgəzlər dövlətinin cənub və şərq sərhədləri genişləndirildi. Cahan Pəhləvan bir-neçə dəfə gürcüstana yürüş etdi. Bir sıra qonşu ölkə hökmüdarları Eldəgəz dövlətinin nominal hakimiyyətini qəbul etdi və Cahan Pəhləvanın adına xütbə oxutdudular. Əhər məlikləri öz sikkələrində Eldəgəzlərində adını zərb etdilər. Şirvanşahlar, Xilafat, Diyarbəkr, Fars hakimləri Eldəgəzlərin vassalları oldu. Cahan Pəhləvan ayrı-ayrı vilayətlərin idarəsini oğulları arasında bölüşdürdü: Rey, İsfəhan və İraqın bir sıra vilayətlərini Qutluq İnanc və Əmiran Ömərə, Azərbaycanı Əbu Bəkrə, Həmədan idarəsini isə Özbəkə tapşırdı. Cahan Pəhləvanın hakimiyyəti dövründə Eldəgəzlər dövlətində ticarət, sənətkarlıq, elm və mədəniyyət dahada inkişaf etdi.
Qızıl Arslanın hakimiyyəti dövrü (1186-1191) Onun ölümündən sonra hakimiyyətə qardaşı Qızıl Arslan keçdi. Qızıl Arslan mərkəzi hakimiyyətə tabe olmaq istəməyən feodallara qarşı mübarizə aparırdı. Formal olaraq sultan titulu daşıyan Toğrulu ciddi nəzarətdə saxlayan Qızıl Arslan dövləti müstəqil idarə edirdi. Qızıl Arslanın qəyyumluğundan qurtarmağa çalışan Toğrul, narazı Səlcuq əmirləri, Cahan Pəhləvanın arvadı İnanc xatun, Qutluq İnanc və başqaları Qızıl Arslana qarşı çıxdılar. Toğrulla Qızıl Arslan arasında bir-neçə dəfə Mazandaran, Damğan və Həmədan ətrafında vuruşma oldu. Qızıl Arslan 1187-ci idə Toğrula qarşı Bağdad xəlifəsi Nəsrdən (1180-1225) yardım istədi. Xəlifə Toğrulu daha təhlükəli hesab etdiyindən Qızıl Arslana kömək göndərdi. Toğrul 1188-ci ildə xəlifə qoşununu, sonra isə Qızıl Arslanı məğlub etdi. Lakin bu qələbə onun mövqeyini möhkəmləndirə bilmədi. 1189-cu ildə Həmədana hücum edən Qızıl Arslan Toğrulu oğlu Məlikşahla birlikdə həbs etdi; onun mülklərini və iqta yerlərini özünə yaxın feodallara payladı. Yaranmış qarışıqlıqdan istifadə edən Şirvanşahlar da müstəqilliyə səy göstərirdilər. Buna yol verməmək üçün Qızıl Arslan 1190-cı ildə Şirvana hücum edərək Şamaxını tutdu. Şivanşah I Axistian Eldəgəz dövlətinin vassallığını qəbul etməyə və paytaxtı müvəqqəti olaraq Bakıya köçürməyə məcbur oldu. 1191-ci ildə Qızıl Arslan xəlifə Nasirin razılığı ilə özünü sultan elan etdi. Rey və İsfəhan vilayətlərini yenidən Eldəgəzlər dövlətinintərkibinə qatdı: Fars və Xuzistanın hakimləridə Eldəgəzlər dövlətinə tabe edildi. Eldəgəzlər dövləti Şamaxıdan İsfəhanadək geniş bir ərazini əhatə edirdi. Qızıl Arslanın hakimiyyəti dövründə Eldəgəzlər dövlətinin siyasi vəziyyətinin möhkəmlənməsi ölkənin iqtisadi və mədəni inkişafı üçün əlverişli şərait yaratdı. Lakin bu vəziyyət uzun sürmədi; iqta torpaqlarından mərhum olmuş narazı Səlcuq əmirlərinin sui-qəsdi nəticəsində Qızıl Arslan öldürüldü.
Əbu Bəkr hakimiyyəti dövrü (1191-1210) Onun ölümündən sonra hakimiyyətə Əbu Bəkr keçdi. Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfəhan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfəhan və Həmədanda hakimiyyəti ələ keçirdi.Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172-1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü.Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu. 1196-cı ildə Qutluq İnanc öldürüldü. 1197-ci ildə Həmədan uğrunda vuruşmada Xarəzmşah əmirini məğlub edən Əbu Bəkr qardaşı Özbəki oraya hakim təyyin etdi. Az sonra Təkəşin qoşunları Həmədanı yenidən ələkeçirdilər. Təkəşin (1200) ölümündən sonra Əbu Bəkr Həmədanı geri qaytara bildi. Lakin siyasi sabitliyin olmaması Əbu Bəkrin hakimiyyəti dövründə feodallar arasında çəkişməni dahada kəskinləşdirdi. 1205-ci ildə Marağa hakimi Əlaəddin Ağsonqur, İrbil hakimi Müzəffərəddin Kökburi ilə ittifaq bağlayaraq Təbrizə hücum etdi. Əbu Bəkr əmir Aytormuşla hücuma keçərək Marağanı mühasirəyə aldı. Əlaəddin sülh bağlamağa və tutduğu yerləri qaytarmağa məcbur oldu; əvəzində Urmiya şəhərini aldı. 1208-ci ildə Ağsoqurilərin kiçik yaşlı sonuncu hakimi öldükdə Əbu Bəkr Rəvandüz qalasından başqa, Marağa vilayətini Eldəgəzlər dövlətinə qatdı.
Özbəkin hakimiyyəti dövrü (1210-1225) Əbu Bəkrin vəfatından sonra qardaşı Özbək hakimiyyətə keçdi. Özbəkin hakimiyyəti dövründə Eldəgəzlər dövlətinin hakimiyyəti dahada gücləndi. Feodal çəkişmələrinin davam etməsi, müharibələr, mərkəzi hakimiyyətin gedikcə zəifləməsi ölkənin iqtisadi inkişafına ağır təsir göstərdi, onun müdafiə qabiliyyətini xeyli azaltdı. Belə bir şəraitdə 1220-ci ildə monqol qoşunu Azərbaycana soxuldu. Monqollar Təbrizi müdafiə edə biləcəyinə arxayın olmayan Özbəkdən qiymətli bəxşişlər, ərzaq və pul alaraq qışlamaq üçün Muğanda yerləşdilər. Lakin onlar qəfil hücumla əvvəl Marağanı, sonra isə Ərdəbili tutdular. Monqolların Təbrizə döndüklərin eşidən Özbək Naxçıvana qaçdı. Lakin şəhərin rəisi Şəmsəddin Tuğrarai Təbrizin müdafiəsini təşkil etdi. Təbrizlilərin müdafiəyə hazırlaşdığın görən monqollar Arrana döndülər və Beyləqan əhalisinin müqavimətini qırıb şəhəri dağıtdılar. 1225-ci ildə monqolların təqib etdiyi Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana hücum edərək Təbrizi mehasirəyə aldı. Özbək Gəncəyə, sonra isə Əlincəqalaya qaçdı və orada öldü. Beş günlük müqavimətdən sonra Təbrizi tutan Cəlaləddin sonralar Eldəgəz dövlətinin bütün ərazisini ələ keçirdi. Özbəkin Ölümündən sonra bəzi Eldəgəz əmirləri onun lal oğlu Qızıl Arslan Xamuşu (1225-1229) hömüdar mərhəmətinə sığınan Qızıl Arslan Xamuş ölkənin siyasi həyatında heç bir əhəmiyyətli rol oynamadı. Beləliklə daxili, iqtisadi-ictimai ziddiyətlər nəticəsində, xarici düşmənlərin zərbələri altında Eldəgəzlər dövləti əslində 1225-ci ildə suqut etdi.
Eldəgəzlər dövləti Azərbaycan xalqının iqtisadi, ictimai, siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Azərbaycan torpaqlarının vahid dövlətdə birləşməsi məhsuldar qüvvələrin inkişafına, ticarətin, sənətkarlığın, elm və mədəniyyətin yüksəlişinə şərait yaratmışdır. Yaxın və Orta Şərq iqtisadiyyatında əhəmiyyətli yer tutan Azərbaycan şəhərləri elm və mədəniyyət mərkəzinə çevrilmişdir. Eldəgəzlər Naxçıvan, Təbriz, Həmədan və s. şəhərlərdə məscidlər, mədrəsələr tikdirmişdilər. Şəmsəddin Eldəgəz sarayda şairlər məclisi təşkil etmişdir. Şairlərdən Xəqani, Nizami, Mücirəddin Beyləqani, Qivami Mütərrizi, alimlərdən, Şihabəddin Sührəvərdi, Nəcməddin Əhməd Naxçıvani və başqa bu dövrdə yazıb yaratmışlar. Memarlıq dahada inkişaf etmiş, Naxçıvan memarlıq məktəbi daha geniş təşəkkül tapmışdı. Bu dövrdə Əcəmi, Əmirəddin Məsud, Əhməd ibn Əyyub əl Hafiz Naxçıvani kimi memarlar fəaliyyət göstərmişdir. Naxçıvandakı Mömünə xatun türbəsi, Həmədandakı mədrəsə, Pir Ələviyan türbəsi, Urmiya yaxınlığında Sərqumbad türbəsi (1184) və s. Eldəgəzlər dövrünün gözəl memarlıq nümunələridir. Məmməd Səid Ordubadinin ,,Qılınc və Qələm,, tarixi romanı Eldəgəzlər dövründən bəhs edir.
Maraqlı Baxılıb: 15915 Tarix: 07 iyun 2012
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Eldənizlər sülaləsinin hakimiyyəti dövrü (1136-1225-ci illər)
Azərbaycan torpaqları Böyük Səlcuq imperatorluğundan 1118-ci ildə ayrılan İraq Səlcuq sultanlığının tərkibində idi. Vətənimizin siyasi cəhətdən dirçəlişi, dövlətçiliyimizin bərpası və güclənməsi Atabəy Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Şəmsəddin İraq Səlcuq sultanlarının sarayında adi qulamdan çox sürətlə yüksələrək nüfuzlu əmirlərdən birinə çevrilmişdi. Şəmsəddin saray əyanları içərisində at çapmaqda və ox atmaqda xüsusilə seçilirdi. Sarayda vəzifə pillələri ilə sürətlə yüksəlməsinin əsas səbəbi bir-birilə rəqabət aparan heç bir siyasi qruplaşmaya qoşulmaması idi. Sultan II Toğrul Şəmsəddini oğlu Arslan şahın atabəyi təyin etmiş, Naxçıvan və çevrəsini ona iqta olaraq bağışlamışdı. II Toğrul öləndən sonra taxta çıxan Sultan Məsud (1 135-1152) Eldənizi sultanın dul arvadı Möminə Xatmia evləndirmişdi. Şəmsəddin Eldənizin bu qadından Nüsrəddin Məhəmməd Cahan Pəhləvan, Müzəffərəddin Osman Qızıl Arslan adlı iki oğul övladı və bir qızı dünyaya gəlmişdi. 1136-cı ildə Sultan Məsud bütün Aranı iqta olaraq Şəmsəddin Eldənizə bağışlamış, o da Bərdə şəhərini özünə iqamətgah seçmişdi. 1136-cı il Azərbaycanda Eldənizlər sülaləsinin hakimyyətə başlaması tarixi kimi qəbul olunmuşdur. Tarixi qaynaqlarda yazıldığı kimi, “Atabəy Şəmsəddin gücləndi, bütün böyük hökmdarları yenərək bir çoxunu özünə tabe etdi, üsyan başçılarını aradan qaldırdı və Aran ölkəsindəki (Azərbaycanın Arazdan şimaldakı torpaqları-Red) qarmaqarışıqlığa son qoydu”.
Görkəmli türk sərkərdəsi və uzaqgörən siyasi xadim Şəmsəddin Eldəniz az vaxtda demək olar ki, bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirə bilmişdi. O, iqta kimi sahibləndiyi Arandan başqa, Azərbaycanın cənub hissəsini və Naxçıvanı müstəqil idarə etməyə başlayaraq öz adından pul kəsdirdi. Eldənizlərin ilk paytaxtı Naxçıvan şəhəri olmuşdu. Müstəqil hökmdar kimi fəaliyyət göstərən Şəmsəddin Eldəniz (1136-1175) İraq Səlcuq sultanlığı sarayında böyük nüfuza malik idi və həmin dövlətin də idarə edilməsində yaxından iştirak edirdi. Sultanlığın əsas hərbi qüvvəsi olan 50 minlik seçmə ordu da Şəmsəddinin ixtiyarında idi.
Şəmsəddin 1160-cı ildə 20 minlik qoşunla Həmədana yürüş edərək boş qalmış İraq Səlcuq sultanlığı taxtına oğulluğu Arslan şahı çıxartdı, özü isə “Böyük Atabəy” titulunu alaraq ən yaxın adamlarını yüksək dövlət vəzifələrinə təyin etdi. Böyük oğlu Məhəmməd Cahan Pəhləvanı sultanın hacibi (saray əmirlərinin başçısı), kiçik oğlu Qızıl Arslanı isə sultanın ordusunun baş komandanı (əmir əs silah) təyin etdi. Faktiki olaraq İraq Səlcuq sultanlığı Eldənizlərin əlinə keçdi. Bundan sonra Şəmsəddin sultanlığı təkbaşına idarə etməyə başladı. Bu dövrün müəllifi Sədrəddin Əli əl-Hüseyni yazırdı ki, İraq və Azərbaycan sultan və əmir Atabəy Şəmsəddin Eldənizin vaxtında əmin-amanlıqla sultanın əmirlərini yerinə yetirirdi. Arslan şahın yalnız adı hökmdar idi, Atabəy Eldənizin isə özü əmrlər verir, iqta torpaqları paylayır, xəzinələri sərəncamında saxlayır, bunlan ölkənin istənilən yerinə köçürürdü. Sultan isə bu məsələlərdə onunla münaqişəyə girə bilmirdi. Atabəy Eldənizin idarə işlərindəki müstəqilliyindən, əmrlər verib istədiyi şəxslərə iqta paylamasından ürəyi sıxılan sultan anası və Eldənizin arvadı Möminə Xatına bununla bağlı şikayətlənəndə, anası ona belə söyləmişdi: “fikir vermə, bu adam öz həyatını təhlükəyə qoyaraq dəfələrlə amansız döyüşlərə atılmış. sənin üçün sultan taxtını ələ gətirmək yolunda var-dövlətinin ən qiymətli hissəsini xərcləmiş, öz döyüşçülərinin çoxunu ölümə göndərmişdir. Səlcuqlardan yaşca səndən böyük olan neçəsi dustaqxanalara salınıb və orada ömür-günlərini çürüdürlər. Sən isə Sultan taxtına oturmusan və o, iki oğlu ilə birlikdə sənə qulluq edərək qarşında durur, sənin düşmənlərinlə vuruşaraq rəqiblərini yox edir, sənin canın isə bütün bu işlərdən azaddır! Atabəy nə edirsə, nə alıb bağışlayırsa-bunun hamısı sənin dövlətini gücləndirmək və hakimiyyətini möhkəmləndirmək üçün edilir. Qoy onun hərəkətləri sənə kədər gətirməsin… Axı o sənin məmlükündür”. Sultan anasından belə sözlər eşidərkən sakitləşib susardı.
Şəmsəddin Eldəniz Şirvanşahlığı da özündən asılı vəziyyətə salmaqla, demək olar ki, bütün Azərbaycan torpaqlarına nəzarət edirdi. Görkəmli alimimiz Ziya Bünyadovun yazdığına görə, Şəmsəddin Eldəniz Qafqaz dağlarından (Dərbənd keçidi) Kəngər (İran) körfəzinə qədər uzanan geniş bir ərazini öz hakimiyyəti altında birləşdirmişdi. “Tiflis qapılarından Məkrana qədər” çox geniş ərazilər: Azərbaycan, Aran, Şirvan, İraq, Həmədan, Mazandaran, İsfahan, Rey Azərbaycan Eldənizlər dövlətinin tərkibinə daxil idi, Xilat, Fars, Mosul və digər hakimlər isə Şəmsəddindən asılı idilər. Şəmsəddin Eldəniz mərkəzi hakimiyyətə tabe olmaq istəməyən əmirlərin əl-qolunu yığmış və mərkəzi hakimiyyəti gücləndirmişdi. 50 min nəfərlik nizami atlı orduya malik olan Şəmsəddin Eldənizin idarə etdiyi Böyük Azərbaycan dövlətində kənd təsərrüfatı, sənətkarlıq, ticarət inkişaf etmiş və mədəni oyanış baş vermişdir.
Şəmsəddin Eldənizin xarici siyasətinin əsas istiqamətlərindən biri Vətənimizi gürcülərin hücumundan qorumaqdan ibarət idi. Torpaqlarınııza və sərvətlərimizə göz dikən, müsəlman türk əhalisinə qənim kəsilən gürcülərin 1139-cu il xəyanətini Eldənizlər yaddan çıxartmamışdılar. Bədbəxtlik üz verdikdə, qonşuya yardım göstərmək kimi insani keyfiyyətdən məhrum olan gürcülər 1139-cu ildə baş vermiş dəhşətli zəlzələ zamanı əhalisinin çoxusunu itirmiş Gəncə şəhərinə hücum edərək burada qırğınlar törətmiş və məşhur Gəncə qala qapılarını qənimət kimi aparmışdılar.
Çar III Georginin başçılığı ilə 1161-ci ildə gürcü və qıpçaq qoşunları Azərbaycanın Aran bölgəsinin Ani şəhərini ələ keçirib, çoxlu müsəlman əhalini qılıncdan keçirtdilər, sonra isə kafir düşmən Azərbaycanın Dvin şəhərində soydaşlarınııza qarşı böyük qətllər törətdilər. Şəmsəddin Eldəniz azğın düşməni cəzalandırmaq və günahsız tökülən qanların qisasını almaq üçün 1163-cü ildə Azərbaycan ordusu ilə Naxçıvandan yürüşə çıxıb, Dvini (Dəbil) kafir düşməndən geri aldı, sonra isə Gürcüstana yürüyən müsəlman-türk ordusu “Allahu əkbər” sədaları altında savaşa girdi və qalib gələrək 10 mindən çox kafir döyüşçüsünü qılıncdan keçirtdi.
Şəmsəddin Eldəniz 1164-cü ildə düşməni daha bir ağır məğlubiyyətə uğradıb Ani şəhərindən qovdu və şəhərin bərpası haqqında əmr verdi. 1174-1175-ci illərdə gürcülərin Azərbaycana quldur basqınlarının qarşısını almaq üçün Azərbaycan hökmdarı Şəmsəddin Eldəniz və oğlu Məhəmməd Cahan Pəhləvan gürcülərə qarşı böyük bir yürüşə çıxdılar. Gürcülər darmadağın edildi və gürcü çarı qaçmaqla canını qurtardı. Mənbələrə görə müsəlmanlar kafirlər üzərində elə bir parlaq qələbə qazanmışdılar ki, beləsini kimsə xatırlaya bilməzdi. Döyüş meydanında gürcülərə aman verməyən Şəmsəddin Eldəniz dinc xristian əhalisinə toxunmurdu. Dövrün erməni və gürcü mənbələrində Şəmsəddinin hakimiyyəti altında olan xristian bölgələrinin əhalisinə qayğı göstərilməsi, xristianlar yaşayan torpaqlarda əmin-amanlığın hökm sürməsi haqqında təkzib olunmaz faktlara rast gəlinir.
1175-ci ildə Şəmsəddin Eldəniz arvadı Möminə Xatının ölümündən bir ay sonra Allahın rəhmətinə qovuşdu. Məhəmməd Cahan Pəhləvan Həmədandan Naxçıvana gələrək orduya, xəzinəyə və Azərbaycan taxt-tacına sahib çıxdı. İraq Səlcuq sultanı Arslan şah öldüyünə görə III Toğrulu sultan taxtına çıxartdı, özü isə “böyük atabəy” titulu aldı. Azərbaycan və Aranın idarəsini qardaşı Qızıl Arslana verərək Təbrizi Azərbaycan dövlətinin paytaxtı elan etdi. O, Mosul, Hilat, Fars, Xuzistan, Ərməniyyə (indiki Türkiyənin ərazisindədir-Red.) və digər bölgələrdə sultan III Toğrulun adına xütbə oxunması və pul kəsdirilməsi haqqında əmr verdi. İraq Səlcuq sultanlığında ali hakimiyyəti gücləndirdi, itaət etməyənləri, xüsusilə Əcəm-İraqının əmirlərini yola gətirdi, bacarıqsız sərkərdələri və məmurları vəzifədən götürdü. Ən önəmli dövlət vəzifələrinə 70 nəfər şəxsi məmlükünü (qulluqçusunu) təyin etdi və hər birinə iqta torpaqları bağışladı. İraq Səlcuq sultanlığını və Azərbaycan taxtını öz hökmü altında saxlamaqla, Bağdadda oturan Abbasi xəlifəsinin dövlət işlərinə bumunu soxmasının qarşısını aldı, onun səlahiyyətlərini azaltdı. Məhəmməd Cahan Pəhləvan xəlifəyə məktubunda bildirirdi: “Əgər xəlifə imamdırsa, onun daimi məşğuliyyəti namaz qılmaqdan ibarət olmalıdır, çünki namaz dinin dirəyi və işlərin ən gözəlidir. Bu sahədə xalqa örnək olmaq və öndə getmək xəlifə üçün yetərlidir. Bu həqiqi padşahlıqdır. Xəlifənin padşahın işlərinə qarışmasına ehtiync yoxdur. Bu işləri sultanın ixtiyarına buraxmaq lazımdır.
Məhəmməd Cahan Pəhləvan Azərbaycan dövlətinin ərazisini Şərqi Anadolu hesabına xeyli genişləndirmiş, ölkənin şərq sərhədlərində güclü Xarəzmşah dövləti ilə atasının dövründə gərgin olmuş münasibətləri nizama salmışdı. Onun sayəsində Sultan III Toğrul 10 il dövlət işlərinin qayğısından azad yaşadı (əslində Məhəmməd Cahan Pəhləvan onu heç bu işlərə yaxın da buraxmırdı-Red.) və qaynaqlara görə böyük Atabəy onun bütün arzularını həyata keçirtmiş, Məlikşah və Səncər kimi böyük sultanların əldə edə bilmədiklərini ona qazandırmışdı.
Tarixi qaynaqlara görə, 1186-cı ildə “İslam padşahı, qüdrətli hökmdar, böyük Atabəy və Əcəm xaqanı” Məhəmməd Cahan Pəhləvan vəfat etdi. Hələ həyatda ikən oğlu Əbu Bəkri Azərbaycan və Aranın hakimi təyin etmiş, ölkənin digər vilayətlərinin idarəsini isə qalan üç oğluna tapşırmışdı. Məhəmməd Cahan Pəhləvanın ölümündən sonra hakimiyyət uğrunda övladları, İnanc Xatun, Sultan Toğrul və qardaşı Qızıl Arslan böyük savaşa başladılar. Bu savaşda xəlifənin də köməklik göstərdiyi Qızıl Arslan qalib gəldi və o, Eldənizlər sülaləsindən sultan tituluna layiq görülən ilk hökmdar oldu. Xəlifə əl-Nasirin Qızıl Arslanın adına oxuduğu xütbədə o, ”Hökmdar, möminlərin əmirinin yardımçısı” adlandırılmışdı. Paytaxtı Həmədan olan İraq Səlcuq sultanlığını və Azərbaycan dövlətini idarə etməyə başlayan Qızıl Arslan daxildə siyasi çəkişmələrə son qoymaq üçün Məhəmməd Cahan Pəhləvanın dul arvadı ilə evlənərək qardaşı oğulları ilə barışığa getmişdi. O, 1190-cı ildə sultan III Toğrulu Həmədan yaxınlığında döyüşdə məğlubiyyətə uğradaraq Naxçıvanda qalada həbsə atmış və bu yolla əsas siyasi rəqibini zərərsizləşdirmişdi. Qızıl Arslan qısa vaxtda Azərbaycan, Aran, Həmədan, İsfahan, Rey, Fars, Xuzistan üzərində öz hakimiyyətini möhkəmləndirə bilmişdi. Ancaq 1191-ci ildə arvadı İnanc Xatunun başçılıq etdiyi sui-qəsdçi qüvvələr tərəfindən öldürülmüşdü.
1191-ci ildə Məhəmməd Cahanın Azərbaycan taxtına çıxan başqa bir oğlu Əbu Bəkrin (1191-1210) dövründə İraq Səlcuq Sultanlığı dövlətimizin nəzarətindən çıxdı. Paytaxt şəhəri Naxçıvanda oturan Əbu Bəkr yalnız Azərbaycan və Aranın idarəsi ilə kifayətlənməli oldu. Üstəlik gürcü Baqratuni çarlığının başçısı Tamara Şirvanşah I Axsitan və İnanc Xatunun oğulları Əmir Mahmud və Əmir Ömər ona qarşı hərbi ittifaq qurmuşdular. Müttəfiqlərin qoşunları 1194-cü ildə Şəmkir və Beyləqan döyüşlərində onu ağır məğlubiyyətə uğratmışdılar. Əmir Ömər Vətənimizə xəyanət edərək gürcülərlə birlikdə Gəncə şəhərini mühasirəyə almışdı. Gəncə əhalisi Eldəniz şahzadəsi əmir Ömərin tabe olmaq əmrinə belə cavab vermişdi: “Əgər sən tək gəlsəydin, biz şəhəri sənə verərdik, ancaq bir yığın kafirlə gəldiyin üçün şəhəri sənə təslim etməyəcəyik”. Sonda çətinliklə də olsa, şəhərə yiyələnən və Aran bölgəsinin idarəsini ələ alan Əmir Ömərin hakimiyyəti cəmi 22 gün çəkmişdi. Gürcü qoşunları Azərbaycanı tərk edən kimi, gəncəlilər Əmir Öməri öldürdülər. Əbu Bəkr dönəmində Azərbaycanda mərkəzi hakimiyyətin və dövlətin hərbi gücünün zəifləməsindən gürcülər məharətlə istifadə edirdilər. Tamaranın göndərdiyi gürcü qoşunu Dvində elə bir qətliam törətmişdi ki, mənbəyə görə “bunu eşidən insanın tükləri biz-biz dururdu”. Əbu Bəkr Xarəzmşahların ona verdiyi böyük dəstəkdən də lazımi şəkildə yararlana bilmədi. Ölkədə tam xaos, özbaşınalıq və tənəzzül hökm sürürdü. Gürcülər ölkəmizin bütün qərb bölgələrində at oynadırdılar. 1204-1205, 1210-1211-ci illərdə Azərbaycan gürcülərin irimiqyaslı quldur basqınlarına məruz qaldı. Dövrün tarixçisi İbn əl-Əsirin yazdığına görə “gürcülər ölkəmizdə böyük qətliam, soyğun və qarətlər törədir, çox sayda insanımızı əsir götürürdülər”. Azərbaycanın bütün qərb torpaqları bir yanğın bölgəsini xatırladırdı. Gürcülərin törətdikləri vəhşiliklərin həddi hüdudu yox idi. Əbül Fərəcin obrazlı şəkildə söylədiyi kimi, ölkəmizdə “yox olan bir şey daha var idi: bütün bunların qarşısını ala biləcək bir güc”.
1210-cu ildə Əbu Bəkr vəfat etdi və taxta bacarıqsızlıqda və gününü əyyaşlıqda keçirməkdə ondan geri qalmayan qardaşı Müzəffərəddin Özbək çıxdı. Azərbaycan Eldənizlər sülaləsinin sonuncu nümayəndəsi olan Özbəyin hakimiyyətinin (1210-1225) son beş ili monqol istilası və Xarəzmşah Cəlaləddinə qarşı mübarizə şəraitində keçmişdir. Bu dövrdə Özbəyin yeganə fəaliyyəti bu istilalar qarşısında canını və malını qorumaqdan ibarət olmuşdur. Onun monqol yürüşləri qarşısında bir dövlət adamı kimi aciz qalıb. Vətənimizi düşməndən qorumaq üçün hər hansı bir tutarlı addım atmayaraq tam fəaliyyətsiz qalmasını kəskin şəkildə pisləyən dövrün tarixçisi İbn əl- Əsir yazırdı: “O, heç bir xeyirli işlə maraqlanmaz və öz mənliyini sevməzdi. Onun ölkəsi zəbt edilir, əsgərləri özbaşınalıq edib xalqın malına əl uzadır, nəticədə rəiyyət əldən düşürdü. Gecə-gündüz içki ilə məşğul idi. Bir təhlükə eşidəndə, qorxudan əl -ayağı titrəyirdi. Azərbaycan və Aran tamamilə onun ixtiyarında idi. O isə ona qarşı gələn düşməndən ölkəsini müdafiə etməkdə Allahın yaratdığı adamların ən acizi və bacarıqsızı idi”.
Bütün bunların nəticəsidir ki, monqol istilası nəticəsində zəifləmiş Eldənizlərin hakimiyyətinə 1225-ci ildə Xarəzmşah şahzadəsi və sərkərdəsi Cəlaləddin tərəfindən son qoyulmuşdur.
Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova
- Teqlər:
- Atabəylər
- , Eldənizlər
- , Azərbaycan tarixi
- , Eldəgəzlər
Comments are closed, but trackbacks and pingbacks are open.