Press "Enter" to skip to content

Elm haqqında” qanun qəbul olundu

Qanun yüksəkixtisaslı kadr hazırlığını, kadrların attestasiyasını, fəaliyyətin ekspertizasını dünya standartları nəzərə alınmaqla nəzərdə tutur, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi üçün müvafiq Şuranın vəzifələrini konkret olaraq müəyyənləşdirir

“Elm haqqında” Qanun həm imtiyazlar, həm də məsuliyyət deməkdir

Azərbaycanda elmin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Elmin inkişafı ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx əlaqədədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla, yeni çalarlarla davam etdirilir.

Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın yeni və mürəkkəb mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolunu elm və təhsil sahələrinin inkişafında, onların müasir tələblər səviyyəsinə çatdırılmasında və həmin proseslərdə alimlərin böyük potensialından düzgün istifadədə görür.

Müasir dövrdə dayanıqlı inkişafın əsasında elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması, elmi tədqiqatların infrastrukturunun modernləşdirilməsi sahəsində bir sıra mühüm qərarlar qəbul edib.

Dövlətimizin başçısı son illərdə elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir çox sərəncamlar və fərmanlar imzalayıb, Dövlət proqramları təsdiq edib. Prezident İlham Əliyevin 2009-cu il 4 may tarixli “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 2009-cu il 22 may tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamları bu baxımdan xüsusi vurğulanmalıdır.

Prezident İlham Əliyev “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb. Artıq qüvvəyə minən bu Qanun ölkədə elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir, ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan Respublikası vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir.

Elm sahəsində mövcud olan münasibətlərin tənzimlənməsinin təşkilati-hüquqi bazası olan Qanun ən müxtəlif səviyyələrdə müzakirəyə çıxarılıb, alimlərin və ictimaiyyət nümayəndələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının və digər məsul qurumların irad və təklifləri nəzərə alınıb, ilkin variantından fərqli olaraq, kifayət qədər təkmilləşdirilərək mükəmməl bir sənədə çevrilib. Bu işdə Milli Məclisin elm və təhsil komitəsinin, onun sədri, akademik İsa Həbibbəylinin səyləri xüsusi olaraq qeyd edilməlidir. Məmnunluq hissi ilə bildirmək lazımdır ki, Elmin İnkişafı Fondu da bu müzakirələrdə fəal iştirak edib, verilən rasional təkliflər nəzərə alınıb.

Xüsusi vurğulanmalıdır ki, Qanunun mühüm üstünlüklərindən biri də elmin fəaliyyətin maliyyələşdirilməsinin konkret mexanizmlərinin təsbit olunmasıdır. Baza, proqram məqsədli və qrant maliyyələşdirilməsi elmin inkişafına xidmət edən müxtəlif qurumlar arasında əlaqələndirmə işini asanlaşdırmaqla, çevik qərarlar qəbul edilməsinə də imkan verəcək.

Elmi infrastrukturun təkmilləşdirilməsinə şərait yaradan Qanun maddi-texniki bazanın gücləndirilməsi zamanı qanunvericilik çərçivəsində güzəşt və imtiyazlardan istifadəni də nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, humanitar faktoru əsas götürən Qanun elmi fəaliyyət sahəsində dövlət siyasətinin qabaqcıl prinsipi kimi ilk olaraq məhz elmi yaradıcılıq və tədqiqat sərbəstliyini əsas qəbul edir. Elm, təhsil və iqtisadiyyatın vəhdəti, elmi-innovasiya fəaliyyəti, elmi innovasiya subyektləri Qanunda prioritet olaraq öz yerini tapıb.

Elmi işçilərin sosial müdafiəsi və onların maddi həvəsləndirilməsi üçün imkanların Qanunda nəzərdə tutulması elmi fəaliyyət üçün stimulu artıracaq, elmi nəticələrin şəffaflığı və ictimaiyyətə açıqlığı, elmin ictimai həyata inteqrasiyası isə elmin və elmi işçilərin cəmiyyətdə nüfuzunun daha da artmasına əlavə şərait yaradacaq. Dünya elm məkanına inteqrasiyanı nəzərdə tutan Qanun Azərbaycanda alınan elmi nəticələrin tanıdılmasına, yeni elmi əlaqələrin qurulmasına imkan verəcək.

Elm sahəsində dövlət siyasətinin əsas prioritetlərinin Qanunda öz əksini tapması isə qrant maliyyələşdirilməsində layihələrin seçimi işində öncül istiqamətlərin müəyyənləşdirilməsində orientir olacaq.

Əqli mülkiyyət hüquqlarının qorunmasının təminatının və elmi etikanın Qanunda təsbit edilməsi isə bu sənədin əhəmiyyətini və nüfuzunu daha da artırır, məsuliyyəti müəyyənləşdirir. Elmi fəaliyyətin subyektlərinin, iştirakçılarının sistemləşdirilməsi və konkretləşdirilməsi, vəzifə və hüquqların müəyyənləşdirilməsi informativ, terminologiya və hüquqi-normativ təyinat (funksiya) sahəsində dağınıqlığı aradan qaldıraraq unifikasiya olunmuş bir mənbəyə çevirir.

Qanun yüksəkixtisaslı kadr hazırlığını, kadrların attestasiyasını, fəaliyyətin ekspertizasını dünya standartları nəzərə alınmaqla nəzərdə tutur, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi üçün müvafiq Şuranın vəzifələrini konkret olaraq müəyyənləşdirir

Elm dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Bu mənada tamamilə əminik ki, “Elm haqqında” Qanun elmin inkişafına dövlət səviyyəsində qayğının təzahürü olmaqla, dövlətçiliyin möhkəmləndirilməsinə, xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi fəaliyyət göstərəcək.

Elmi tədqiqatların ölkədə aparılan iqtisadi siyasətlə bağlılığının diqqətdə saxlanılması vacib şərtdir. “Elm haqqında” Qanun Azərbaycanın elmi-texniki potensialının, innovasiya siyasətinin, kadr hazırlığının imkanlarına əsaslanır, ixtisaslaşdırılmış elmi-tədqiqat institutlarının və yaradılması nəzərdə tutulmuş tədqiqat universitetlərinin, həm də ayrı-ayrı istiqamətlər üzrə dövlət siyasətinə cavabdeh olan rəsmi strukturların, o cümlədən Elmin İnkişafı Fondunun qarşısına mühüm vəzifələr qoyur.

Azərbaycan alimlərinin cəmiyyətin inkişafında və bu istiqamətdə qarşıya çıxan problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, həmçinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək Qanunun qarşıya qoyduğu əsas vəzifələrdəndir.

Elmin innovasiyalı inkişaf strategiyasını və elmdə sahibkarlıq fəaliyyətini nəzərdə tutan Qanun qlobal rəqabət şəraitində ölkənin elmi potensialının davamlı şəkildə yüksəldilməsini, yaradıcı, yüksək intellektual səviyyəli alimlərin istedadından maksimum şəkildə istifadə olunmasını ehtiva edir.

“Elm haqqında” Qanun imkan verəcək ki, alimlərimiz Azərbaycan xalqının və ölkənin rifahına və tərəqqisinə, dövlətin möhkəmləndirilməsinə, elmin yüksək xətlə inkişaf strategiyasının həyata keçirilməsinə və onun təkmilləşdirilməsinə, elmi-tədqiqat proqramlarının və layihələrinin uğurla reallaşdırılmasına və ölkədə elm sahəsində dünyamiqyaslı və rəqabət apara biləcək elmi nəticələrin alınmasının yüksək səviyyədə həyata keçirilməsinə və bu nəticələrin xaricdə də tanıdılmaqla, tezliklə iqtisadiyyatda, həyatda öz tətbiqini tapmasına yüksək səviyyədə xidmət etsinlər. Elmin İnkişafı Fondu bu şərəfli və məsuliyyətli vəzifələrin yerinə yetirilməsində alimlərə daima dəstək olacaq.

Elçin Babayev

Azərbaycan Respublikasının Prezidenti yanında

Elmin İnkişafı Fondunun icraçı direktoru

“Elm haqqında” qanun qəbul olundu

Milli Məclisin növbədənkənar plenar iclasında “Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az xəbər verir ki, layihə barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, 7 fəsil, 40 maddədən ibarət olan layihə Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir.

Layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr salınıb və ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib.

Təhsil kreditlərinin verilməsi və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycanda doktorantura pilləsində təhsil alanlara təhsil haqqı və digər təhsil xərcləri ilə bağlı güzəştli və uzunmüddətli kredit verilməsi dövlət tərəfindən təmin ediləcək.

Habelə, gələcəkdə işlə təmin olunacaq doktorantların borclarının ödənilməsi üçün yeni mexanizm də yaradılacaq.

Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.

Comments are closed, but trackbacks and pingbacks are open.