Azərbaycan Milli Elmlər Akademiyası
Dərs vəsaiti iki hissədən ibarətdir. “Tarix elminin prinsipləri. Hərb tarixi elminin metodologiyası” adlı birinci hissə “Tarix bir elm kimi. Tarixi prosesin öyrənilməsi prinsipləri”, “Elmi yanaşma anlayışı” və “Hərbi-tarixi tədqiqatların metodologiyası və metodlarının əsas aspektləri” mövzularına həsr olunmuş 3 fəsildən ibarətdir.
Pedaqoji tədqiqat və onun metodları
Digər elmlərdə olduğu kimi, pedaqogika da elmi-tədqiqatların nəticəsində inkişaf edib, yeni-yeni müddəalarla zənginləşir. Pedaqoji tədqiqatlar təlim-tərbiyə prosesini təkmilləşdirmək, müəyyən qanunauyğun əlaqələri üzə çıxarmaq məqsədi ilə planlı şəkildə aparılan axtarışlardır.
Tədqiqatlar müxtəlif metodların köməyi ilə aparılır. Tədqiqatın metodları onun metodologiyası ilə sıx bağlıdır. Tədqiqatın metodologiyası dedikdə, tədqiqat zamanı rəhbər tutulan metodoloji prinsiplərin məcmusu başa düşülür.
Ümumi metodoloji prinsip kimi pedaqoji məsələlərin öyrənilməsinə materialist-dialektik yanaşma prinsipi əsas götürülür. Bundan əlavə, pedaqoji tədqiqatlarda bəzi xüsusi metodoloji prinsiplər də tətbiq olunur: fəaliyyət prinsipi; şəxsiyyət baxımdan yanaşma prinsipi; sistemlilik prinsipi və s.
Tədqiqatın müvəffəqiyyəti onun metodlarını düzgün seçib tətbiq etməklə sıx bağlıdır.
Pedaqoji tədqiqatın metodları dedikdə, müəyyən elmi problemi həll etmək üçün istifadə olunan yol və vasitələrin məcmusu başa düşülür. Bu metodları şərti olaraq dörd qrupa bölmək olar: a) empirik tədqiqat metodları; b) nəzəri tədqiqat metodları; v) empirik-nəzəri tədqiqat metodları; q) pedaqoji tədqiqatda riyazi, statistik, sosioloji metodlar.
Empirik tədqiqat metodları müəyyən faktlar toplamağa xidmət edir. Bu metodlara daxildir: pedaqoji müşahidə, pedaqoji müsahibə, anket sorğusu, pedaqoji konsilium, pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi metodları.
Pedaqoji müşahidə – pedaqoji prosesi müəyyən məqsədlə və planlı şəkildə izləməkdir. Tədqiqatçı müşahidə zamanı nəyi, nə məqsədlə izləyəcəyini müəyyən edir, müvafiq faktlar toplayır, onları təhlil edib qruplaşdırır və nəticə çıxarır.
Pedaqoji müsahibə – müəyyən pedaqoji hadisənin mahiyyətini, səbəblərini, başvermə şəraitini aşkara çıxarmaq məqsədi ilə aparılan sual-cavab metodudur. Müsahibəyə hazırlıq zamanı onun nə məqsədlə, kimlərlə (müəllim, valideyn, məktəb işçiləri və ya şagirdlərlə), hansı suallar əsasında aparılacağı müəyyənləşdirilir. Müsahibə prosesində alınan cavablar dəqiq qeyd olunmalı (və ya lentə yazılmalı), sonra isə ciddi təhlil olunmalıdır.
Anket sorğusu – bu və ya digər pedaqoji məsələ (problem) barədə müəllim, şagird və ya valideynlərin mövqeyini, rəyini öyrənmək, hər hansı pedaqoji hadisənin tipikliyini müəyyən etmək məqsədi ilə aparılan yazılı sorğudur. Anket sorğusunda sualların düzgün seçilməsi və ifadə olunması mühüm şərtdir.
“Pedaqoji konsilium ” metodu – bu və ya digər pedaqoji fakt, hadisə və ya konkret şagirdlə bağlı pedaqoji işçilərin (müəllimlərin) kollektiv müzakirəsi, fakt və ya hadisənin qiymətləndirilməsi, çətinliklərin araşdırılması və optimal tədbirlərin müəyyən edilməsi metodudur.
Pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi – tədqiqatda bəzi zəruri faktları toplamağa xidmət edən metodlardır.
Məktəb sənədləri (jurnallar, hesabatlar, iş planları, şəxsi işlər və s.), habelə şagirdin fəaliyyət məhsulları (yazı, rəsm, əmək işləri, yaradıcılıq məhsulları və s.) təlim-tərbiyə işlərinin vəziyyəti, təlim müvəffəqiyyəti haqda müəyyən məlumat əldə etməyə imkan verir.
Nəzəri tədqiqat metodları nəzəri mənbələrin öyrənilməsi, təhlili və nəticə çıxarılması məqsədi güdür. Nəzəri tədqiqatlar praktik faktlar səviyyəsində yox, əsasən, pedaqoji anlayışlar səviyyəsində aparılır və pedaqogikanın köklü problemlərinə (məsələn, pedaqoji qanun və prinsiplərin tədqiqi, şəxsiyyətin formalaşması amillərinin öyrənilməsi və s.) həsr olunur.
Nəzəri tədqiqat metodlarına daxildir: təhlil və tərkib, induksiya və deduksiya, modelləşdirmə, müqayisəli-tarixi təhlil metodları.
Nəzəri təhlil metodu pedaqoji hadisələri tərkib hissələrinə bölməyi, başlıca əlaməti, xüsusiyyəti ayırmağı nəzərdə tutur. Təhlil həmişə tərkiblə (sintezlə) ayrı-ayrı hissələrin, əlamətlərin əlaqələndirilməsi, ümumiləşdirilməsi metodu ilə müşayiət olunur, onunla tamamlanır. Təhlil və tərkibin vəhdəti pedaqoji hadisələrin mahiyyətini dərk etməyə, ümumidə xüsusi, xüsusidə isə ümumi cəhəti tapmağa imkan verir.
Pedaqoji tədqiqatlarda çox vaxt induksiya (konkret faktlardan ümumi nəticələr çıxarmaq) və deduksiya (ümumi nəticəni konkret faktlara tətbiq etmək) metodlarına da müraciət olunur.
Modelləşdirmə – müəyyən pedaqoji sistemi xüsusi analoqlar (modellər) yaratmaq yolu ilə təsvir etmək metodudur. Bu metod əyani-obrazlı şəkildə (sxem, çertyoj, sözlə təsvir), öyrənilən pedaqoji prosesi xarakterizə etməyə imkan verir. Bu yolla, məsələn, dərsin quruluşunun, onun müxtəlif tiplərinin, şəxsiyyətin inkişafının səmərəli modelini qurmaq olar.
Müqayisəli-tarixi təhlil metodu müxtəlif tarixi dövrlərdə, dünya təcrübəsində ayrı-ayrı pedaqoji sistemləri müqayisəli şəkildə öyrənməyə, bu əsasda müasir pedaqoji problemlərin həlli yollarını müəyyənləşdirməyə imkan verir.
Pedaqoji tədqiqatda bəzən empirik-nəzəri metodlar əlaqəli şəkildə tətbiq olunur. Belə metodlara eksperiment, təcrübi-eksperimental iş, sınaq metodları daxildir.
Pedaqoji eksperiment müəyyən pedaqoji fərziyyəni yoxlamaq metodudur. Onun məqsədi pedaqoji prosesdə səbəb-nəticə əlaqələrini, kəmiyyətlər arasındakı asılılığı öyrənməkdən, yeni forma və metodların səmərəliliyini aşkara çıxarmaqdan və s. ibarət ola bilər.
Məqsədinə görə pedaqoji eksperimentin bir neçə növü ayırd edilir: müəyyənedici, öyrədici və yoxlayıcı eksperiment.
Təşkili formasına görə eksperiment üç cür olur: təbii (adi, təbii şəraitdə keçirilir), laborator (laboratoriya şəraitində keçirilir) və kompleks (həm təbii, həm də laborator şəraitdə keçirilir) eksperiment.
Eksperimentin təşkili üçün iki paralel sinif (qrup) götürülür: bunlardan birində iş yeni qaydada təşkil edilir (eksperimental sinif və ya qrup), digərində isə ənənəvi qaydada aparılır (kontrol sinif və ya qrup). Müəyyən müddətdən (1 rüb, 1 il) sonra hər iki sinifdə (qrupda) işin nəticəsi yoxlanılır və bir-biri ilə müqayisə edilir. Eksperiment yaxşı nəticə verərsə, onu bir qədər geniş miqyasda keçirmək lazımdır.
Eksperimentin səmərəli nəticə verməsi üçün onu başqa metodlarla (müşahidə, müsahibə, anket sorğusu və s.) əlaqələndirmək mühüm şərtdir.
Pedaqoji tədqiqatlarda eksperiment metodu ilə yanaşı təcrübi-eksperimental iş, sınaq metodları da tətbiq olunur. Bu zaman müəyyən plan üzrə təcrübə işləri aparılır, onların səmərəliliyi öyrənilir.
Pedaqoji tədqiqatlarda yeri gəldikcə riyazi-statistik və sosioloji metodlara da müraciət olunur. Riyazi-statistik metodlar tədqiqatın nəticələrini kəmiyyət baxımından təhlil etməyə imkan verir. Sosioloji metodlar pedaqogikanın sosial məsələlərinin (təlim-tərbiyə işinə ailə və mühitin təsiri, kollektiv və fərdin münasibətləri, peşə seçmə və s.) həllində geniş tətbiq olunur. Sosioloji metodlara kütləvi sorğular, sosiometrik metodlar (şkala, sosioqramma və s.) daxildir.
Pedaqoji tədqiqatda nəzərdən keçirilən metodların kompleks tətbiqi tədqiqatın uğurlu və obyektiv olmasını təmin edən əsas şərtdir.
Azərbaycan Milli Elmlər Akademiyası
“Hərb tarixi elminin əsas tədqiqat metodları” adlı dərs vəsaiti çapdan çıxıb
Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru Nurulla Əliyevin AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nərminə Əmirbəyova ilə birgə ərsəyə gətirdikləri “Hərb tarixi elminin əsas tədqiqat metodları” adlı dərs vəsaiti çapdan çıxıb.
7 fəsildən ibarət olan kitabda hərb tarixi elminin təşəkkülü prosesinə, elmi tədqiqatın metodlarının və prinsiplərinin öyrənilməsinə geniş yer ayrılıb. Bu nəşr fundamental və sistemli bilikləri ehtiva edir, hərb tarixi üzrə tədqiqatların daha fəal aparılmasını stimullaşdırır. Kitabda hərbi-tarixi tədqiqatların aparılması çərçivəsində metodların təkmilləşdiriliməsi və onların praktiki məşğələlərin keçirilməsində tətbiqi məsələləri işıqlandırılıb, müxtəlif sahələr (sosiologiya, psixologiya, filologiya) üzrə tədqiqatçıların istifadə edəcəyi xüsusi elmi tədqiqat üsulları açıqlanıb.
Dərs vəsaiti iki hissədən ibarətdir. “Tarix elminin prinsipləri. Hərb tarixi elminin metodologiyası” adlı birinci hissə “Tarix bir elm kimi. Tarixi prosesin öyrənilməsi prinsipləri”, “Elmi yanaşma anlayışı” və “Hərbi-tarixi tədqiqatların metodologiyası və metodlarının əsas aspektləri” mövzularına həsr olunmuş 3 fəsildən ibarətdir.
“Hərbi-tarixi tədqiqatların ümumi elmi metodları. Elmi kitabların yazılması metodikası” adlı ikinci hissə elmi metodları universal dərketmənin, empirik, nəzəri problemlərin izah olunduğu dörd fəsildən ibarətdir.
Vəsaitin elmi redaktoru AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, redaktoru Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, filologiya elmləri doktoru Sədi Nuriyevdir.
Comments are closed, but trackbacks and pingbacks are open.