Elxan elatlı cəhənnəmnən gələn səs
“Xəstə ruhlar”da 25 illik qan düşməni olan Zibeydə xanımla Qaçaq Seyid bir-birlərini öldürməyə and içiblər. Çünki, Qaçaq Seyid Zibeydə xanımın atasının qatilidir. Lakin 1918-ci ildə ermənilər bunların kəndinə girəndə Zibeydə xanım kənd əhalisi ilə onların qarşısında dura bilməyəcəyini başa düşür. Bu zaman oğlunu qaçaqların gizləndiyi dağa göndərir. “Get Qaçaq Seyidə de ki, düşmənçilik öz yerində qalır. Amma qanında az da olsa kişilik varsa, səhərə qədər özünü yetirməlidir. Yoxsa kəndimiz, namusumuz, qeyrətimiz əldən gedəcək” deyir. Bu hissə məni çox kövrəldir.
Elxan Elatlı
Elxan Elatlı (Elxan Əbdürrəhman oğlu Osmanov) 1962-ci ilin 19 dekabrında Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam etdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. “Kirpi” jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.
1980-1985-ci illərdə BDU-nun mexanika–riyaziyyat fakültəsində oxuyub.
1985-2001-ci illərdə doğulduğu kənddə fizika-riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb.
2001-ci ildən Bakı şəhərində yaşayır.
İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı (“Qisas gecəsi”), digəri psixoloji roman (“Mərtəbələr”) və “Xəstə ruhlar” əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli “Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan “Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Elxan elatlı cəhənnəmnən gələn səs
Elxan Elatlı: ““Məxfi Şöbəm Xarici Kəşfiyyat Xidmətinə bənzəyir”
“Yazıçılar Birliyi mənə yardım etmədi”
Dedektiv yazar Elxan Elatlı Modern.az saytına müsahibə verib. Bu söhbətdə daha çox onun əsərlərinin təhlili, bədii personajların reallıqla əlaqəsi üzərində dayanmışıq. Eyni zamanda Elxan müəllimə şəxsi kontekstdə də suallarımız oldu. Onunla söhbəti təqdim edirik:
-Elxan müəllim, işləriniz necə gedir? Bilirsiniz ki, manatın dollar qarşısında ucuzlaşması yazıçılara da təsirsiz ötüşmədi. Kitab çapında hansı problemləriniz var?
-Sözsüz ki, problemlər var. Ümumilikdə kitabların çapı azalıb deməzdim. Ancaq mənim kitabımı çap edən nəşriyyatın çapı aşağı düşüb. Mənim kitablarımın çapında müxtəlif pirat qrupları üstünlük təşkil edir. Metrolarda satılan zamanlarda mənim kitablarım daha çox alınırdı. İndi isə, deyərdim ki, kitablarımın satışı ən azı 2 dəfə aşağı düşüb. Amma yenə də şükürlər olsun ki, kitablarımı tapırlar, oxuyurlar.
Alıcılıq qabiliyyəti aşağı düşüb, amma mənim oxucularım çoxdur. Bunu niyə belə deyirəm? Çünki oxucuların əksəriyyəti kitabxanalara müraciət edir, başqa böyük bir əksəriyyəti isə mübadilə yoluna üstünlük verir. Bir-birlərindən alıb oxuyurlar. Deyərdim ki, oxucularımın yalnız 20 faizi nəğd pulla kitablarımı alır.
-Amma əsas gəlir qaynağınız kitab satışıdır. Siz də deyirsiniz ki, az adam nəğd pulla almağa üstünlük verir. Bu mənada sizin maliyyə problemləriniz varmı? Sıxıntı yaşayırsınız?
-Sıxıntı yaşadığım vaxtlar olub. Amma dostlar köməyimə çatıb. İndinin özündə də ailə üzvləri, məsələn, qardaşlarım çox sıxıntı yaşamağıma imkan vermirlər. Ona görə də, şükürlər olsun ki, elə də böyük sıxıntım olmayıb.
-Keçək əsərlərinizin müzakirəsinə. İki qəhrəmanınız var: Professional kəşfiyyatçı Ələmdar Məlikov və dedektiv Qanbay Qasımlı. “Leopard” kod adlı Ələmdar Məlikov obrazı məndə belə bir təəssürat yaradıb ki, o, kiminsə prototipidir. Düşünürəm ki, siz sadəcə şəxsi bədiii təxəyyülünüzün gücü ilə öz interpretasiyanızı əsərlərdə təsvir etmisiniz.
–Bu sualı mənə çox verirlər. Mənim milli təhlükəsizlik orqanlarına rəğbətim olub. Açığı onları bir neçə dəfə kənardan müşahidə etmişəm. Gənc yaşlarımda Şamaxı rayonunda mən icra hakimiyyətinin nümayəndəsi işləyirdim. Bu zaman bütün orqanlar kimi onlarla da istər-istəməz təmasda oldum. Məndə bu zaman xüsusi xidmət orqanlarına simpatiyam yarandı. Ancaq Ələmdar Məlikov obrazını yaradarkən onların heç biri mənim nəzərimdə olmayıb. Yəni, onlardan heç birini canlandırmamışam. Yalnız öz içimdəki biliklər, gördüklərim və sevgim Ələmdar obrazının yaranmasına gətirib çıxardı. Açığını deyim ki, xüsusi xidmət orqanlarının özləri də Ələmdar obrazı ilə çox həvəslə maraqlanıblar. “Bizim içimizdən kimdir ki, Elxan müəllim ondan material götürüb, onu canlandırır” deyə sual ediblər. Araşdırıb görüblər ki, bu obraz realda olan biri deyil.
-Ələmdar Məlikov “Məxfi şöbə”nin əməkdaşıdır. Yazıçının bir əsəri yazması və orada məkana ya da qəhrəmana adlar verməsi üçün ona müəyyən gerçək tezislər lazımdır. Siz Ələmdar Məlikovun rəhbəri Baratovun adını qeyd edirsiniz. Bu da bir xəyal məhsuludur? Bilirsiniz bu, sualları niyə verirəm? Çünki təhkiyə və üslubunuz faktoloji təəssürat yaradır.
–Mənim ilk kitablarımda belə anlaşıla bilər ki, “Məxfi şöbə” Müdafiə Nazirliyinin bir şöbəsidir. Bir qədər keçəndən sonra gördüm ki, bu düşüncə bədii ədəbiyyat yaratmaq baxımından sərf etmir. Buna görə də, bu şöbəni prezidentə tabe olan bir struktur kimi düşündüm. Fikir vermisinizsə, kitablarda Milli Təhlükəsizlik Nazirliyinin adı ayrı, “Məxfi şöbə”nin isə adı ayrıca çəkilir. Yəni, “Məxfi şöbə”nin əməkdaşları kənarda MTN əməkdaşları ilə bir araya gəlir, görüşür. Əslində Azərbaycanda belə bir təşkilat yoxdur. MTN ləğv ediləndən sonra onun bazasında 2 qurum yarandı: Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti. Mənim “Məxfi şöbə”m Xarici Kəşfiyyat Xidmətinə daha çox bənzəyir. Amma təbii ki, o ola bilməz. Sadəcə deyə bilərəm ki, bu, fantaziyamın öz yerini tutmasıdır.
“Məxfi şöbə”ni ona görə yaratmışam ki, istədiyimi yaza bilim. Bir dəfə məndən “Məxfi şöbə”nin hansı qurum olduğunu soruşdular. Mən isə dedim ki, bu, özümün məxfi şöbəmdir. Elxan Elatlının “Məxfi şöbə”si.
-Ali təhsiliniz riyaziyyat üzrədir. Riyaziyyatçı olan biri mürəkkəb sxemlər qura bilər. Amma məncə, bu sxemlərin bədii şəklə köçürülməsi bir az çətindir. Siz “Qan ləkəsi”ndə o qədər çətin labirint yaratmısınız ki. Düşünmürəm ki, sırf riyaziyyatçı məntiqi ilə belə bir əsər yazılsın. Mən bu kitabı oxuyanda “Elxan Elatlı xüsusi xidmət orqanının əməkdaşıdır” deyə ağlımdan keçdi. Buna görə də sual edirəm: siz nə zamansa xüsusi xidmət orqanlarında çalışmısınız?
–Mən heç zaman xüsusi xidmət orqanlarında işləməmişəm. Sizə bir şeyi deyim. Hətta bəziləri mübahisə əsnasında Qurana and içir ki, Elxan Elatlı xüsusi xidmətin əməkdaşıdır. Halbuki, mən heç onların kim olduğunu bilmirəm. Bu cür düşüncələr təbiidir. Artıq bu düşüncələr mənə qəribə gəlmir. Mən də gəncliyimdən son illərə kimi Cəmşid Əmirovu polis polkovniki bilirdim. İnandırım sizi ki, hardasa 3 il bundan əvvəl mən Cəmşid Əmirovun həyatı ilə maraqlandım, onun həyatını oxudum. Gördüm ki, bu adam ancaq jurnalistika və ədəbiyyatla məşğul olub. Artıq inandım ki, Cəmşid Əmirovun xarakter və şəxsiyyətində gizli bir şey yoxdur. Sadəcə oxucular əsərləri mütaliə edirlər, onun bədii təsirinə qapılırlar. O qədər inandırıcı gəlir ki, müəllifin hansısa orqanda işlədiyini düşünürlər. Dedektiv janr rokurorluq orqanlarına və polisə daha çox uyğundur. Bu orqanların işçilərinə Allah istedad versə belə, onlar dedektiv yaza bilməzlər. Çünki onların işi belə tələb edir ki, bir qədər daş ürəkli olsunlar. Sentimentallıqdan uzaq olsunlar. Bu adamların işləri bunu tələb edir. Bu xüsusiyyətlər olmasa, onlar işlərində uğur qazana bilməzlər. Deməli, onlar yaxşı roman yaza bilməzlər.
Yaxşı roman yazmaq üçün bir az şair təbiətli, bir az sentimental olmalısan. Bu zaman səni bütün kütlə oxuyub başa düşəcək. Bu insanları həyəcanlandırmaq istəyirsənsə, özün də müəyyən qədər həyəcanlanmalısan. Mən inanmıram ki, 30-40 prokurorluqda işləmiş biri nədənsə həyəcanlansın.
-Həyəcandan söz düşmüşkən. Maraqlıdır Elxan Elatlını daha çox hansı əsəri həyəcanlandırır? Şəxsən məni “Qan ləkəsi”, “Cəhənnəmdən gələn səs”, “Seçilmiş cəza”, “Adsız tablo” daha çox həyəcanlandırıb. Hətta axırıncı adını çəkdiyim kitabı oxuyanda tüklərim ürpərib.
-Məni doğurdan da təsirləndirən və kövrəldən məqamlar bir qədər fərqlidir. Mən oxucularımın ağladığı yerdə ağlamamışam. Sizə konkret bir misal çəkəcəyəm. 720 səhifəlik “ Qan ləkəsi” romanının ən axırıncı cümləsi həmişə məni titrədir. Nə zaman o cümləni oxuyuramsa, kövrəlirəm. Ələmdarı əməliyyat üçün qanla, qırğınla dolu bir yerə göndərirlər.
Həmişə oğlu Ələmdarla çox sərt davranan Əminə ana oğlunu yola salanda sanki bunu duyur. Oğlu ilə ilk dəfə mehriban danışır, arxasınca su atır. “Get səni Allaha tapşırıram” deyir. Əminə ananın bu sözü həmişə məni kövrəldir.
Axırıncı romanlarımdan olan “Xəstə ruhlar” da məni elə bir şey kövrəldib ki, bunu oxucularımda görmürəm. Milli birlik həmişə məni həyəcanlandırır. Bu məsələni “Qan ləkəsi”ndə də çox qabartmışam.
“Xəstə ruhlar”da 25 illik qan düşməni olan Zibeydə xanımla Qaçaq Seyid bir-birlərini öldürməyə and içiblər. Çünki, Qaçaq Seyid Zibeydə xanımın atasının qatilidir. Lakin 1918-ci ildə ermənilər bunların kəndinə girəndə Zibeydə xanım kənd əhalisi ilə onların qarşısında dura bilməyəcəyini başa düşür. Bu zaman oğlunu qaçaqların gizləndiyi dağa göndərir. “Get Qaçaq Seyidə de ki, düşmənçilik öz yerində qalır. Amma qanında az da olsa kişilik varsa, səhərə qədər özünü yetirməlidir. Yoxsa kəndimiz, namusumuz, qeyrətimiz əldən gedəcək” deyir. Bu hissə məni çox kövrəldir.
-Əsərlərinizdə qadınların təsvirinə də geniş yer verirsiniz. Yəni, bu, da əsərlərinizə erotik elementlər qatır. Bu erotik epizodları canlandırmaq haradan qaynaqlanır?
-Birincisi, açığını deyim ki, bu hissələr kitablarımın oxunmağına çox xidmət edir. Bütün təbəqəyə aid etmirəm, amma böyük bir qrup məhz bu hissələrə görə, kitablarımı alıb oxuyurlar. Mən də öz məqsədimə nail oluram. Çünki kitablarımda milli birlik çağırışları daha çoxdur. Deməli, oxucuya bu mesajı da çatdırmış oluram. Dövlətçiliyə sədaqəti də aşılaya bilirəm. Erotik məqamları təsvir etməyin haradan qaynaqlandığı ilə bağlı sualınız çox yaxşıdır. Bu, uşaq yaşlarımda Şərq ədəbiyyatını daha çox oxumağımdan qaynaqlanır. Əlimə daha çox onlar keçib, mən də onları oxumuşam. “Min bir gecə”ni maraqlı olduğu üçün dəfələrlə oxumuşdum. Belə əsərlər uşaq yaşlarında oxunanda beynin alt qatlarına həkk olunur.
Tərbiyəvi əhəmiyyətli “Qobusnamə” ni oxumuşam. Mənim yazdığım erotika “Min bir gecə” nin yanında təbii ki, çox az şeydir. Heç onun 1 faizi də deyil.
-Qadın obrazlarınız da var. Hansına vurulmusunuz?
–Ən sevdiyim obrazlardan biri xüsusi xidmətin əməkdaşı Gültəndir. Onun prototipi yoxdur. Özüm düşünüb yaratmışam. “Qan ləkəsi”ndəki Cəhalə obrazını da heç kəsə bənzətmədən, özüm necə görmək istəyirəmsə, elə də yaratmışam. Özümün də Cəhalədən çox xoşum gəlir.
-Etiraf edim ki, “Niyə susursan polkovnik” əsəriniz o birilərinin yanında mənə görə zəifdir. Çünki, təkrarçılıq çoxdur, üstəgəl süjeti də çox xoşuma gəlməyib. Bunu bir kənara qoyuram. Bu əsər real həyatda baş verənlərlə daha yaxınlıq təşkil edir. Hər halda sizə də məlumatlar çatır ki, hansısa müğənniyə biznesmen, məmurlar himayədarlıq edir. Bunlar bilinən şeylərdir. Bəs siz müğənni Hasilənin timaslında konrekt kimi nəzərdə tutmusunuz?
-İnanın ki, konkret birini nəzərdə tutsaydım, sizdən xahiş edərdim ki, bu hissəni yazmayın. Sizə də adını açıqlayardım. Məsələ burasındadır ki, belə hadisələr o qədər çoxdur ki, mənə konkret belə şəxs lazım deyil. Hasilənin üstündə mübahisələr gedir. Biri deyir ki, filan müğənnidir, biri də deyir ki, başqa biridir.
-Elxan müəllim, Hasilənin məndə doğurduğu reaksiya onu konkret birinə bənzədir. Düzü aydın səbəblərini izah edə bilmirəm, amma nəticə olaraq Hasilə gözümün önündə Şəbnəm Tovuzlunu canlandırır.
-Düzü, Şəbnəm Tovzulunu heç yaxşı tanımıram. Heç onun üzü də yadımda deyil. Mən o əsərdə Mazanovun timsalında da konkret kimisə nəzərdə tutmamışam. Bunlar hamısı ümumiləşmiş obrazlardır. Mən obraz yaradanda o, kiməsə daha çox bənzəyirsə, bundan qaçıram. Çünki sonra buna cavab verməli olaram.
-Hiss və arzularınızı, simpatiyanızı sətirlərə köçürərkən Milli Təhlükəsizlik Nazirliyinin işini çox təqdir etmisiniz. Bilirsiniz ki, ləğv olunmuş MTN əməkdaşlarının bir çox cinayətkar əməlləri aşkara çıxdı. Buna görə də sualım belə olacaq. MTN haqqında yazdığınız təriflərdən imtina edirsinizmi?
–Xeyr, imtina etmirəm. Amma deyim ki, MTN məsələsində çox təəssüfləndim, pərt oldum. İmtina etməmək səbəbinə gəlincə.
Mən bu günlərdə Milli Qəhrəman Nadir Əliyevə həsr olunmuş bir kitabın təqdimatında idim. Onun həyatını əvvəl də araşdırmışdım. Təqdimatda isə bir az da artıq sözlər eşitdim. Bu adam o dərəcədə bir vətənpərvər olub ki, Moskvada “KQB”nin məktəbini bitirsə də, böyük vəzifə istəməyib. Ağadama könüllü olaraq döyüşməyə gedib və orada canını qoyub.
Ümumiyyətlə, orqan işlərində yaxşılar pislərdən həmişə az olub. Yenə də bu yaxşıların xatirinə hansısa quruma pis deyə bilmərəm.
-Yazıçı kimi “MTN işi” sizin əla bir əsər yaratmağınız üçün yaxşı materialdır. Gələcəkdə Eldar Mahmudov və onun ətrafında olan adamların obrazını yaratmağını düşünürsünüz?
–Düşünmüşəm. “Leopard”la bağlı düşündüyüm əsəri yaza bilsəm, bu məsələləri qabardacağam. Əsərin adı isə ola bilsin ki, belə olacaq: “Telefonlar dinlənilir”. Bir qədər əsrarəngiz addır. Çox güman ki, bu əsərdə MTN ətrafında baş verən proseslərə toxunacağam.
-Yəni Eldar Mahmudovun obrazını yaradacaqsınız?
–Növbəti əsərimdə Eldar Mahmudovun obrazını yaradacağam. Amma qəhrəman kimi yox. Qəhrəman yenə də Ələmdar Məlikov və onun ətrafı, “Məxfi şöbə” olacaq. Lakin “MTN işi”nin dərinliyinə getməyəcəyəm. Bədii şəkildə sahibkarların incidilməsini, qanunsuz həbs olunmasını, ümumiləşmiş şəkildə canlandıracağam. Bu əsərdə sevgi də ola bilər, məhəbbət də. Amma MTN məsələsinə də toxunmaq istəyirəm. Düzü, bu məsələyə toxunmaya da bilmərəm. Çünki məni sahibkarların əzilməsi, xalqın aldadılması çox hiddətləndirdi. Sahibkarlığı məhv etməyə çalışmaq dövlətin belini sındırmaq deməkdir. Bu adamlar dövlətin belini sındırmaqla məşğul olub. Yəqin ki, çox yaxın vaxtlarda bu əsəri yazmağa başlayacağam.
-İlk oxucusu mən olmağa çalışacağam. Bir az şəxsi motivli sual verim. Elatlı təxəllüsünü hardan götürmüsünüz?
–Mən folklorla bağlı oxuduğum əsərlərdə elat sözünə çox rast gəlmişdim. Bu sözdən xoşum gəlirdi. İlk şeirlər kitabını yazanda mən heç bu sözün mənasını tam bilmirdim. İlk dəfə Yazıçılar Birliyinə gedəndə, Fikrət Sadıq mənə dedi ki, təxəllüsümü çox bəyənir. Mənə “sən şeiri də pis yazmazsan” dedi. Fikrət Sadıq mənə izah etdi ki, “at” hissəciyi qaçan atı nəzərdə tutmur. “Elat” elli, obalı mənasını verir. Sizə bir etiraf edəcəyəm. Nəsrə başlayanda Elatlı təxəllüsündən imtina etmək istəyirdim. Çünki bu, daha çox şair təxəllüsünə oxşayır. Ancaq heyfim gəldi, çünki artıq şeirlər kitabım çıxmışdı.
-“Pəncərədə görünən kölgə” kiçikhəcmli əsər olsa da, süjet xəttini özünəməxsus tərzdə qurmusunuz. Səhv etmirəmsə, bu əsər real bir hadisənin motivləri əsasında yazılıb.
–Mən bu əsəri yazanda Şamaxını Bakıdan daha çox tanıyırdım. Bakıya təzə köçmüşdük. Bu əsərdəki polislər o zaman Şamaxıda tanıdığım polislərin obrazıdır. Onlar da bu əsəri oxuyanda bir-birlərini tanıyıblar. “Bu sən olarsan, o sən olarsan” deyə bir-birlərinə deyiblər. Təbii ki, məndən incimədilər, çünki süjetdə mənim polislərə simpatiyam hiss olunur. Bu əsərdə Əmirəliyev adlı polis obrazı var. Onun nöqsanları göz qabağındadır. Amma mən onun nöqsanlarını da sevə-sevə yaratmışam. Bu əsər konkret baş vermiş bir hadisənin motivi əsasında yazılmayıb. Öz həyat yoldaşına qarşı vəhşilik törədən bir hadisə olmuşdu. Amma onun bu əsərlə əlaqəsi yoxdur. Realda olanlarla əsərdə yazdıqlarımın motivləri fərqlidir.
-“Cəhənnəmdən gələn səs”də qəhrəmanınız Ələmdar Məlikovu xarici ölkəyə aparırsınız – daha doğrusu düşmən dövlət Ermənistana. “Bakıdan gələn xəfiyyə”də isə dedektiv Qanbay Qasımlını Rusiyaya aparırsınız. Ancaq bu, məncə azdır. Sizin təsvir etdiyiniz bütün hadisələrin çoxu Azərbaycanda baş verir. Bu mənada, gələcək əsərlərinizdə qəhrəmanlarınızı daha hansı ölkəyə aparmaq fikriniz var?
–Bəzən elə düşünürlər ki, hadisələrin xaricdə cərəyan etməsini qələmə almaq çətindir. Ancaq bu, belə deyil. Əksinə, asandır. Mən xaricilərdən yazanda çox da əziyyət çəkmərəm. Bu zaman quru və süni də yazanda inandırıcı olur. Bizdə isə obrazların hər birini Azərbaycan oxucusu öz ətrafında görmək istəyir. Görə bilməyəndə əsərlər onlara süni təsir bağışlayır. Mən Con ya da Cek obrazı yaratsam, quru şəkildə onun hərəkətlərini, əməllərini versəm, bunu daha çox oxuyarlar. Amma təzad burdadır ki, Azərbaycanda özümüzün Məmməd ya da Əli obrazımızı yaradanda burada sünilik axtarmağa başlayırlar. Bəzən mənə “niyə Azərbaycan yazıçılarının əsərlərini oxumurlar?” deyə sual verirlər. Halbuki, bizim Azərbaycan yazıçılarının içərisində kifayət qədər yaxşı yazan yazarlar var. Ancaq daha çox yaxşı yazmalıdırlar ki, inandırıcı olsun. Mən yazıram siz oxuyursunuz.
-Elxan Elatlı ən çox hansı personajını ittiham edir?
–Açığını deyim ki, bu haqda heç düşünməmişəm. Görürəm ki, siz mənim əsərlərimi yaxşı təhlil etmisiniz. Mənfi obrazlarıma da fikir vermisinizsə, görərsiniz ki, məndə onlara qarşı da nifrət olmayıb. Oxucularımın çoxu isə nifrət edir. Maraqlısı budur ki, mən nifrət edə bilmirəm. “Qan ləkəsi”ndəki Əlifağa Sadıqov obrazına diqqət edin. O, erməni ilə ailə qurub. Bütün cinayətlərin də sifarişini o verir. Amma mən əsərimin sonunda çalışmışam ki, oxucularımın ona yazığı gəlsin. Bununla belə, oxucularım ona acımır. Mən isə deyirəm ki, erməni qadınının caynağına keçmək əslində bir türk kişisi kimi Əlifağanın faciəsidir. Ancaq mən hiss edirəm ki, oxucularım bütün nifrəti Əliağaya yönəldir. Mən onu əsərdə boy-buxunlu, yaraşıqlı, bilikli biri kimi xarakterizə etmişəm. Eyni zamanda bədbəxtçilik də budur ki, o, vaxtında düzgün təhsil almayıb, rusdilli olub. Milli ruhu zəif olub, erməni qadınla evlənib və başına da belə işlər görüb.
-“Cəhənnəmdən gələn səs” daha çox sənədli bir əsər təsiri bağışlayır.
-İnanın ki, bu əsər tamamilə bir təxəyyülün məhsuludur. Mən bu kitabı yazanda Xocalı ilə bağlı heç bir dərin araşdırma aparmadım. Yalnız onu deyim ki, Nəsiman Yaqublunun o hadisənin isti vaxtlarında yazdığı “Xocalı qırğını” kitabını oxumuşdum. Əsərdə bəzi faktları Nəsiman Yaqublunun bu kitabından götürmüşəm. Bu əsərimdə hər şey yazıçı təxəyyülünün məhsuludur. Amma ermənilərin azərbaycanlı əsir və girovlara etdiyi işgəncələrin heç biri təxəyyül deyil. Hamısı doğurdan da soydaşlarımızın başına açılan oyunlardır.
-Dünyaca mıəşhur dedektiv yazıçılar var. Artur Konan Doyl, Edqar Allan Po, Aqata Kristi. Ən çox hansını bəyənirsiniz? Məsələn, mən bir oxucu kimi Aqata Kristininin “On zənci balası” (əslində bu əsər dedektiv sayılmır – A.K), “Şərq ekspressində ölüm” və Artur Konan Doylun “Baskervillərin iti” əsərini bəyənirəm.
-Mənim Aqata Kristiyə heç zaman rəğbətim yaranmayıb. Heç səbəbini də bilmirəm. Aqata Kristi qadın olub. Qadın üçün dedektiv janrda yazmaq çox çətindir. Amma bilmirəm ki, Aqata Kristi necə olub ki, dedektiv yazıb.
Mən əsasən, Konan Doylun, Jorj Simenonun yazdığı əsərlərin təsirindən faydalanmışam. Bir də Çingiz Abdullayevin “Müəmmalı qətl” povestindən təsirlənmişəm.
-Çingiz Abdullayevin əsərlərini oxumusunuz?
–Yazıçılığa başlayandan sonra, Çingiz Abdullayevin əlimə keçən kitablarını oxumuşam.
-Çingiz Abdullayev özü də orqan işçilərindən olub. Bəlkə bundan sonrakı əsərlərinizdə onun da obrazını yaradasanız? Məncə, bu zaman onsuz da oxunan əsərləriniz, daha da oxunaqlı olar.
-Heç bu barədə düşünməmişəm. Ancaq olar. Düzü, sizin dediyiniz mənim üçün maraqlı təklif oldu. Mənim Çingiz Abdullayevə çox böyük hörmətim var. Yaş səviyyəmiz imkan vermir ki, ona mənəvi ata deyəm. Çünki məndən 3 yaş böyükdür. Amma böyük qardaşım kimi onun xətrini çox istəyirəm. İstəməyə də bilmərəm.
Bir neçə il bundan əvvəl atam hələ sağ idi. Kənddən qohumlardan biri zəng edib dedi ki, ötən gün Çingiz Abdullayev televiziyada çıxış edəndə, atam stuldan durub gedib ekranı öpüb. Mən də “a kişi, onu televizordan niyə öpürsən, özün də heç bir əsərini oxumamısan” dedim. Atam kitab oxuya bilmirdi. Çünki çox həssas idi, hər bir epizod ona təsir edirdi. Mənim “Cəhənnəmdən gələn səs” kitabımı oxuyanda çox sarsılmışdı, həm də ruhlanmışdı. Mənə zəng edib deyirdi ki, Müdafiə Nazirliyində tanışım varsa, onu səngərə göndərsinlər. Mən də bildirirdim ki, heç istəsək də, yaşın ona imkan verməz.
Nə isə. Atam Çingiz Abdullayevə olan hörmətini mənə izah etdi. “Mən bilirdim ki, Çingiz Abdullayev böyük adamdır. Oğlumun 10-a yaxın kitabı var. Oğlumu gözümün önündə bu qədər tərifləyirlər. Mən isə Çingiz Abdullayevə baxanda onun nə qədər böyük adam olduğunu gördüm. Buna görə də öpdüm” dedi.
–Bayaq dediniz ki, MTN-də sizin kitablarınızı, obrazlarınızın reallıqla əlaqəsini araşdırmağa başlayıb. Bu haqda sizə kimə məlumat vermişdi?
–Bu, rəsmi araşdırma olmayıb. MTN əməkdaşlarından neçəsi olub ki, mənə oxucu kimi zəng edib. Öz rəğbətlərini bildiriblər, bu çərçivədə söhbətlər etmişik. Orta rütbəli zabitlərdən biri mənimlə görüşəndə deyirdi ki, 2 gün bundan əvvəl generallardan birinin maşınına minib və orada “Qan ləkəsi”ni görüb. Sual edib və general da deyib ki, bu kitabı oxuyur. Həmin general o zabitə deyib: “Mənə elə gəlir ki, bizdə kimsə Elxan Elatlıya belə məlumatları öyrədir”. Mənim orqan işçiləri olan çoxlu oxucum var. Sizə bir fakt deyim. Mənə elə gəlir ki, bu, onların sirrini açmaq sayılmaz. Xüsusi xidmət orqanının əməkdaşlarının böyük əksəriyyəti kitab oxuyur. Onların içərisində mənim oxucularım da çoxdur. Məsələn, rayondakı, mərkəzdəki şöbə rəisləri mənim kitablarımı oxuyurlar.
Özü də çox maraqla. Bəzən “ədəbiyyat nədir ki?!” deyirlər. Amma elə deyil. Təsəvvür edin, müəllim işləyən Elxan Elatlı polislərin, orqan işçilərinin işindən romanlar yazır və polislərin böyük əksəriyyəti “biz bu romandan öyrənirik” deyirlər. Əlbəttə ki, onlar məndən qanunları öyrənmirlər. Çünki qanunların məndən qat-qat yaxşı bilirlər. Mən özüm də qanunları oxuyuram ki, bəzi məsələlərdə uduzmayım. Maraqlı budur ki, bəs onlar mənim kitablarımdan nə öyrənirlər? Bu barədə düşünməyə dəyər. Bir qədər təxəyyül, bir qədər məntiqi mühakimə, bir qədər də həyat öyrənirlər. Mənim savadlı hesab etdiyim müstəntiqlərdən biri başqasına deyib ki, Elxan Elatlının kitablarını oxuyur. O deyib ki, işi ilə bağlı nələrisə mənim kitablarımdan öyrənir.
-Bəzən kitablarınızda süjet xətti kəskin və labirintli olur. Heç olubmu ki, bir yazıçı kimi siz özünüzü də qurduğunuz mürəkkəb mexanizmdən çıxış yolu tapmaqda çətinlik çəkəsiniz? Yəni sonluğun necə olacağını özünüz də tam bilməyəsiniz.
-Xeyr. Məndə belə şey olmur. Mən əsərin sonunu fikirləşməmiş yazıya başlamıram. Bəziləri isə əsər yazarkən onu axarına buraxır. Hərənin bir üslubu var. Mən son cümləni, son nöqtəni də bilirəm. Çünki sonuncu cümlədən çox şey asılıdır.
-Qəhrəmanınız Qanbay Qasımlı iki əsərinizdə susur: “Seçilmiş cəza” və “Niyə susursan polkovnikdə?”. Birinci susmağı mənəviyyatın təcəssümü və bir növ də hüquqdan kənar olan ədalələtin təntənəsidir. “Niyə susursan polkovnik?”də isə susmağı onun geri çəkilməyi və qorxması kimi başa düşülür. Qəhrəmanınızı niyə bu əsərdə “susdurmusunuz?”
–Maraqlı sualdır. Birinci siz dediyiniz əsərdə susmağı həqiqətən də ilahi ədalətin təcəssümüdür. O, gəncləri bədbəxt etmək istəmir. Biz bəzən nəyisə səmimi yazanda onu anlaya bilmirlər. Başa düşürəm.
Mazanov ümumiləşmiş bir obrazdır. Qayınatası da vəzifəli adamdır. Belə bir vaxtda Qanbay Qasımlı onlarla nə edə bilərdi? Bir də məni az da olsa təsirləndirən bir şey var. Sosial şəbəkələrdə açılan müzakirələrdə də oxucularım Qanbay Qasımlının niyə susması ilə dərhal iradlarını bildirirlər. Amma romanın adına fikir vermək lazımdır. “Niyə susursan polkovnik?”. Deməli, yazıçının özü də polkovnikə bu sualı verib. Sirrin özü də bundadır. Bir də həmin əsərin axırnda türk müğənnisinin mahnısı da səslənir. “Siz benim neden susduğumu, nereden bileceksiniz?” deyə oxuyur. Mən də burada oxuculara çatdırmaq istəyirəm ki, Qanbay Qasımlının niyə susduğunu anlamayacaqlar. Amma müasir quruluş və şəraitimizi təhlil edən anlayar ki, Qasımlı götür-qoy edir və uduzacağını anlayır. Ona görə də susur.
-“Arxalı canavar”da iki qəhrəmanınızı – Ələmdar Məlikovla Qanbay Qasımlını bir araya gətirmisiniz. Elə bununla da bitdimi? Daha onları görüşdürməyəcəksiniz?
–Qəhrəmanlarının hörməti oxucuların diqqət və nəzərindədirsə, onların bir araya gəlməsi yenə mümkün olar.
-Qanbay Qasımlı Ələmdar Məlikovdan daha soyuqqanlıdır. Düzdür, Ələmdar da professionaldır, amma bəzən hissləri ilə hərəkət edir. Daha çox hansını bəyənirsiniz?
-Qanbay Qasımlını. O, daha çox ağlı ilə iş görür.
-Özünüzü bir oxucu yerinə qoyun və sual edin: Elxan Elatlının ən zəif əsəri hansıdır?
-Əsərlərimin heç biri alınmayıb deməzdim. Ancaq hamısından da çox da razı deyiləm. Konkret tam mükəmməl hesab etdiyim bir əsərim yoxdur. Mən ilk dəfə öz kitabımı, “Xəstə ruhlar”ı bu yaxınlarda oxudum. Bu kitablarım çap olunandan sonra oxuduğum ilk əsərim idi. Kitablarım çap ediləndən sonra heç birini tam oxumamışam. Çapa gedənə qədər bir neçə dəfə oxuyub yoxlayıram, amma kitab çap ediləndən sonra oxuya bilməmişəm. Mən “Xəstə ruhlar”ı kitab halında oxudum və gördüm ki, peşman olduğum, silmək istədiyim bir dənə də cümlə yoxdur. Açığı, demək istədiklərimi deyə bildiyimə görə də bu əsərimi bəyəndim. Mən daha çox yeni bir məsələyə toxunmuşam: ermənilər nəyə görə bizə qarşı bu qədər düşmən münasibət bəsləyirlər? Görəsən bizim günahımız nə olub? Buna aydınlıq gətirməyə çalışmışam.
-Xalq yazıçısı adı almağı gözləyirsiniz?
-Xeyr, gözləmirəm. Dövlət bizlərə nə qayğı göstərsə, etiraz da etmərəm, buna hüququm da yoxdur. Ancaq həqiqətən də xalq yazıçısı adını almağı gözləmirəm. Mən son kitablarda özüm haqqında “Qızıl qələm” mükafatı laureatı və Yazıçılar Birliyinin üzvü olduğumu yazmıram. Yazıçı üçün ən böyük ad “sevilən yazıçı” ifadəsidir.
-Yazıçılar Birliyinin üzvüsünüz. Özünüz də bilirsiniz ki, bu gün ədəbiyyat çevrələrində Yazıçılar Birliyi çox tənqid olunur. Bunları normal qarşılayırsınız?
–Əslində, heç biri məndə hiddət doğurmur. Çox tənqidləri oxumuram. Ancaq nə dedikləri ilə bağlı ümumi təsəvvürlərim var. Düzü, çoxu ilə də razılaşıram. Özümün Yazıçılar Birliyi ilə 3 ilə yaxındır ki, əlaqəm yoxdur.
-Yazıçı Anarla şəxsi görüşünüz olub?
–Şəxsi görüşüm olmayıb. Doğrusu görüşmək istəmişəm. Amma görəndə ki, çətin alınır, kənara çəkilmişəm.
-Görüş istəyiniz nə ilə bağlı idi?
–İlk vaxtlar sadəcə tanış olmaq istəyirdim. Çünki mən Anarın oxucusu olmuşam. Mən özümdən əvvəlki yazıçıların əsərlərinin hamısından nəsə götürmüşəm. Ən çox oxuduqlarımdan biri də Anar, Elçin Əfəndiyev olub.
2-3 il bundan əvvəl Yazıçılar Birliyinin kiçik bir yardımına ehtiyacım da var idi. Amma kömək etməyiblər. Mən buna görə də demirəm, çalışıram ki, obyektiv yanaşım. Gördüm ki, hər kəs ədəbiyyatı fərdi yaradır.
-Yardım istəyiniz kitabın çapı ilə bağlı idi?
-Yox. Orada yazıçılara təqaüd ayırırdılar. Hər ay 60-70 yazıçıya. Mən bir neçə dəfə çalışsan da, o 70 yazıçının içərisinə düşmədim. O yazıçılar da kimlərdir, hansı ədəbiyyatı yaradır? Adama bir az qəribə gəlir. Ədəbiyyatı fərdlər yaradır. Bu adamlar imkan daxilində ədəbi mühitdən uzaq durmalıdır, həyatın içərisində olmalıdır. Xalqın ən çox sevdiyi, oxuduğu yazıçıların çoxu ində Yazıçılar Birliyindən uzaq durublar.
-Görürəm ki, Yazıçılar Birliyinin üzvü olduğunuza görə, peşmansınız.
-Elə ciddi peşmanlıq da çəkmirəm. Çünki ora o qədər mötəbər, tanınmış adamlar üzv olub ki, “peşmanam” desəm xətirlərinə dəyər. Ümumilikdə isə, peşman deyiləm.
-Övladlarınız, xanımınız nə işlə məşğuldur?
-Həyat yoldaşəm ibtidai sinif müəllimdir. Amma biz Bakıya köçəndən sonra işləməyib. Çünki indi ona uyğun iş tapmaq çətindir. Yeganə bir övladım olan qızım Bakıda Anadolu liseyini bitirib. Türkiyədə Hacettepe Universitetinin tibb fakültəsinə qəbul oldu, oranı bitirdi. İndi Türkiyədə psixiatr işləyir.
-Başqa işiniz varmı? Yoxsa ancaq kitab satışından qazanırsınız?
-Başqa işim yoxdur. Mən öz həyatımla bağlı illəri çox zaman unuduram. 4 ilə yaxındır ki, könüllü olaraq mən işdən çıxmışam. Əvvəllər orta məktəbdə direktor müavini idim. Sonra oradan çıxdım müəllim işlədim. Bir qədər keçəndən sonra gördüm ki, müəllimlik də vaxtımı alır. Məni buraxmaq istəmirdilər “sənin üçün hər cür şərait yaradarıq. Sənə ən az saatı verək ki, 2 gündən bir məktəbə gələsən” deyirdilər. Mən isə razı olmadım. Çünki, riyaziyyat dərsi deyirdim. Belə çıxır ki, mən yuxarı sinfə bir gün dərs deməli idim, bir gün yox. Riyaziyyat da vacib bir fəndir. Çətinliklə də olsa, işdən ayrıldım.
-Sonuncu sualım yenə əsərinizlə bağlı olacaq. “Qanunsuz əməliyyat”da hadisələrin düyün nöqtəsi məhz 20 Yanvar gecəsində cərəyan edir. Hadisələri belə uzlaşdırmaqda məqsədiniz nədir?
-Bu, mənim özümdən asılı deyildi. İstər-istəməz 20 Yanvar tarixini yaşatmaq istəmişəm. Oxucuların yadına salmaq üçün 20 Yanvar gecəsi zamanı bir ailədə baş verən faciəyə toxunmuşam. Baş qəhrəmanlardan biri Gültən 20 Yanvarda anadan olur. O, başqa gündə də anadan ola bilərdi. Mən isə belə etməklə, 20 Yanvarı bir daha bədii şəkildə xatırlatmışam.
Söhbəti apardı: Aqşin KƏRİMOV
Comments are closed, but trackbacks and pingbacks are open.