Press "Enter" to skip to content

Zəncirlərdən xilas edilmiş Prometey. Nicat Həşimzadə

Müasir insan üçün Prometeyin nə anlamı var? Şübhəsiz, demək olar ki, tanrıya qarşı çıxan bu qiyamçı – bu günümüz üçün nümunədir və bu müqavimət min illər öncə Skifiya çöllərindən başlanmışdı, hazırda tarixin belə bilmədiyi bir sarsıntılarla sona çatır. Amma eyni zamanda bizə nəsə təklif edir, o izləyicidir, hal – hazırda aramızdadır, ancaq biz onun insanlıq adına qiyama çağıran tək səsinə qarşı karıq.

Prometey cəhənnəmdə

Müasir insan üçün Prometeyin nə anlamı var? Şübhəsiz, demək olar ki, tanrıya qarşı çıxan bu qiyamçı – bu günümüz üçün nümunədir və bu müqavimət min illər öncə Skifiya çöllərindən başlanmışdı, hazırda tarixin belə bilmədiyi bir sarsıntılarla sona çatır. Amma eyni zamanda bizə nəsə təklif edir, o izləyicidir, hal – hazırda aramızdadır, ancaq biz onun insanlıq adına qiyama çağıran tək səsinə qarşı karıq.

Əslində, bu günümüzün insanı – dar dünyanın saysız – hesabsız toplumları əziyyət çəkir, o, ocaq və qidadan məhrumdur və azadlıq onun üçün – həm də gözləyəcəyi təmtəraqdır; və məsələ burasındadır ki, onun iztirabları daha da artacaq, amma azadlıq və onun sonunda şahidləri bir o qədər az qalacaqdır. Prometey insanları o qədər çox sevirdi ki, qəhrəman bir dəfəsində insana hədiyyə olaraq od və azadlıq, sənətkarlıq və incəsənəti bəxş etdi. Bu gün insanlıq yalnız buna ehtiyac duyur, onu yalnız bu qayğılandırır – sənət. Onun qiyamı maşınlarda təcəssüm edir, amma incəsənət və incəsənət kimi qiymətləndirilən hər şeyi, o, müdaxilə və köləlik əlaməti sayır. Axı Prometey, əksinə, maşınlarla incəsənət arasında heç fərq qoymamışdı. O düşünürdü ki, cismi və ruhu dərhal azad etmək mümkündür. İndiki zamanın insanı isə düşünür ki, əvvəlcə bədənini xilas etsin, ruh bu zaman hətta ölə də bilər. Bəs ruhun məhv olması bu zaman baş verə bilərmi? Əgər Prometey bir də dünyaya qayıtsa idi, insanlar həmin qədim allahlar kimi davranardı: onu, təmsil etdiyi o həmin insanlıq adına qayaya zəncirləyərdi. Və məğlub olmuş qəhrəmana Esxilin faciəsi zamanı dinlədikləri, eyni düşmən kəsilən səslərlə təhqir yağdıracaqdılar: Zorakılıq və Qəddarlıq səsləri.

Ola bilsin ki, mən qıtlıq dövrünün çılpaq ağacları altında, bizim dünyanın qışı qarşısında baş əyirəm? Amma bu işıq həsrəti özü mənə əsas verir: o, mənə o biri dünya, həqiqi vətənim haqqında danışır. Çox insanlar var ki, bu ayrılıq onlara yad deyil? Müharibə başlayan il Ulissin (Odisseyin) üzüb keçdiyi həmin sularla dəniz səyahətinə çıxdım. O zamanlar cibində bir quruşu belə olmayan gənc hələ xoş xəyallar qura bilirdi – işıqlı dünya axtarışı ilə dənizləri arxada qoydum. Ancaq mən hamı kimi hərəkət etdim. Gəmiyə heç minmədim. Mən öz yerimi cəhənnəmin taybatay açıq qapılarına dartıb aparan uzun bir növbədə aldım. Bir – birimizin arxasınca daxil olurduq. Elə birinci günahsız ölünün qışqırıqları ilə də qapı bizim üzümüzə çırpıldı. Özümüzü cəhənnəmdə tapdıq, artıq çıxış yox idi. Altı uzun il boyu burada yer tapmağa çalışdıq. Xoşbəxt adaların isti mənzərəsi bizlərə darıxdırıcı o illərdə yalnız od və günəşdən məhrum uzaqlarda mövcud idi.

Rütubətli və qaranlıq Avropa gecələri özündən asılı olmadan məyusluqla, titrəyə – titrəyə və acılarını anlayaraq, Şatobrianın qocalığında Yunanıstana yola düşən Amperə müraciətini necə də xatırlayırsan: “Siz artıq mənim Attikada gördüyüm nə zeytun yarpaqlarını, nə də üzüm salxımlarını tapa bilməzsiniz. O illərin hər otuna görə üzülürəm. Gücüm süpürgəotunun bircə kolunu xilas etməyə yetmədi. “Biz həmçinin, baxmayaraq ki, damarlarımızda təzələnmiş qan dövr edirdi, əsrimizin eybəcər qocalığı ilə yüklənmişdik, bəzimiz bütün dövrlərin otluqlarına, özümüz seyrinə gedə bilməyəcəyimiz zeytun yarpaqları, azadlıq üzümləri üçün acıyırdıq. Ətraf hər yerdə – insanlar, insan harayları, iztirablar və hədələr. Bu qarma – qarışıqlıqda çəyirtkələrə daha yer qalmadı. Tarix – süpürgəotunun bitmədiyi bar verməyən torpaqlardır. Yenə də müasir insan tarixi seçdi, bacara bilmədi, ondan üz çevirməyə haqqı yox imiş. Amma tabe etmək niyyətində ikən, əvəzində, səbirlə hər ötən gün onun köləsinə çevrildi. Beləliklə, buradaca insan Prometeyə xəyanət edir, “fikrində cəsarətli və həssas ürəkli olan” gənc. Bu məqamda insan övladı Prometeyin xilas gətirmək istədiyi yerdən yoxsul heçliyə geri dönür. “Onlar xəyalların kölgələri kimi baxırdılar və görmədilər, qulaq verirdilər və eşitmədilər.”

Bəli, bir gecə Provansedi, yetər ki, əsrarəngiz təpələrini, duz küləyini anlayasan: bütün işlər hələ qarşıdadır. Yenidən biz odu ixtira etməyə, sənətkarlığı ucaltmağa məcburuq, bədənin aclığını bu yolla sakitləşdirmək mümkündür. Attika, azadlıq və üzüm tənəkləri, ruhun qidası – bütün bunlar sonra. Bizə demək qalır ki: “Heç vaxt onlar artıq olmayacaq, ya da onları heç kim tanımayacaq” – hər yola əl atmaq lazımdır ki, heç olmasa başqaları çarəsiz qalmasın. Kimə dərk etmək ağrılı gəlir və kim kədər hiss etmədən bunu anlamağa çalışır, bizlər çox erkən yoxsa çox gec gəlmişik? Süpürgəotunu əkməyə bircə imkan olacaqmı?

Təxmin var ki, bu suala Prometey nə cavab verəcək. Bəli, əslində o çoxdan cavab deyib: “Tam başqa və maraqlı gələcək – ölüm haqda söz verirəm, əgər sizin qabiliyyətiniz çatsa, hünər və güc öz əlləri ilə onun öhdəsindən gələcək.” Bax, xilas öz əlimizdədirsə, əsrin sualına cavab verirəm mən: “Bəli”, insanlar var ki, bu düşüncə gücünü və aydın mərdliyini o insanlarda hiss edirəm. “Ədalət uğrunda, əziz anam – Prometey hayqırır – sən mənim iztirablarımın şahidisən!” Hermes qəhrəmana istehzayla gülür: “Təəccüb edirəm, necə qabaqgörənsən ki, peyğəbmərlik edib səni işgəncə gözlədiyini bilmədin.” “Bunu bilirdim” – cavablandırdı asi. Haqqında danışdığım insanlar həm də ədalət uşaqlarıdır. Onlar ümumi iztirablardan və onun haradan gəldiyini bilə – bilə əziyyət çəkir. Onlar aydın bilirlər ki, kor ədalət mümkün deyil, tarixin gözü yumuludur, belə alınır ki, onun məhkəməsini inkar etmək və mümkün qədər düşüncə məhkəməsi ilə əvəz etmək lazımdır. Və son, burdaca bizim əsrimizə yenidən Prometey gəlir.

Miflər yalnız özləri üçün yaşamır. Onlar gözləyir ki, biz onları cana və qana gətirək. Heç olmasa bircə insan yer üzündə onların çağırışına hay versin – və onlar bizi özlərinin bitməz – tükənməz meyvə şirələri ilə doydurur. Bizim işimiz – onları qoruyub saxlamaqdır, elə etmək ki, onların yuxusu əbədi yuxuya çevrilməsin, dirilmə imkanı olsun. Və üstəlik, onun uşaqlarını, onların cismini və ruhunu xilas etmək mümkündür. İşıqlı gələcəyə və xoşbəxtliyə yol aça bilərik. Əgər biz boz həyatla və deməli, azadlıqdan məhrum (çünki gözəllik azadlıq deməkdir) mövcudluqla barışmalıyıqsa, onlardan biri olan Prometey haqqında mif xatırladacaq: insan xislətini ancaq bir müddətlik təhrif edə bilərsən, insana xidmət isə birlik və tamlığında mümkünləşə bilər. Əgər o acdırsa, həmçinin çörək və süpürgəotuna ehtiyac duyursa, doğru budur ki, ilkin çörək zəruridir, heç olmasa süpürgəotu haqda yaddaşımızı qorumağı öyrənək.

İnsanlıq tarixinin qaranlıq dövrlərində Prometey öz ağır əməyindən geri qaçmadan torpağı və yabanı otları görmək qabiliyyətini saxlayıb. Zəncirlənmiş qəhrəmana ildırım və şimşək yağdırırlar, ancaq o, insana olan səssiz inamını itirmir. Bax, bu səbəbdən o, qayadan sərt, qana susamış qartaldan dözümlüdür. Bu əbədi dəyanət tanrılara qarşı üsyandan daha yüksək durur, bizim üçün məna kəsb edir. Və bu qeyri – adi iradə hər şeyi vahid, bütöv kimi qoruyur, ayrılmadan hər zaman barışırdı və dünya baharına qatlaşan insan qəlbi bir daha barışacaqdı.

Tərcümə: Şərif Abde

  • Teqlər:
  • fransız ədəbiyyatı
  • , dünya ədəbiyyatı
  • , Albert Kamyu
  • , Alber Kamyu
  • , esse

Zəncirlərdən xilas edilmiş Prometey. – Nicat Həşimzadə

Zənnimcə, baş qaldıran qüvvə olmayınca, ilahilikdə nəsə çatışmır.

Lukian. “Prometey Qafqazda”

Prometey və Zevs arasındakı münasibətlər məni həmişə düşündürüb. Prometey insanlara azadlıq, müdriklik bəxş etmək istəyirdi. İnsanlara azadlıq və düşünmə bacarığı vermək nə üçün Zevsi qane etmirdi? Burada bir neçə ciddi sual yaranır. Ona görə ciddi sual deyirəm ki, bu suallara cavab tapmaq çətindir. Bəzən insan uzun müddət bu suallara cavab axtarsa da tapa bilmir. Ancaq bu suallara cavab axtarmaqdan imtina etdikdə bəzən cavab özü insanı tapır. Zevs Prometeyə nəyə görə qəzəblənmişdi? Həqiqətənmi Zevsin qəzəbinin səbəbi Prometeyin odu oğurlayıb insanlara verməsi idi? Axı Prometey görürdü ki, insanların ehtiyacları var. Prometey insanların dostu idi, onların müdrikləşməsini, səadət içində yaşamasını istəyirdi. Bəs Zevs nə istəyirdi? İlkin məqamda biz düşünə bilərik ki, Zevs bəşəriyyətin öz imkanları hesabına inkişafını istəyir.

Bu mifoloji məqamlara qiymət vermək üçün Esxilin “Zəncirlənmiş Prometey” əsərinə müraciət etmək lazımdır. Prometey anası Femidanın məsləhəti ilə hakimiyyətə gəlməkdə Zevsə kömək edir. Ancaq Zevs hakimiyyətə gəldikdən sonra ədalətsiz qərarlar verir. Zevsin bu davranışları Prometeyi narahat edir, o, Zevsə dəstək olmaqdan imtina edir. Əksinə, Zevsə qarşı açıq mübarizəyə başlayır.

Prometeyin insanlara odu bəxş etməsi Zevsi qəzəbləndirir. İnsanlar soyuq havaya da öyrəşməli, həyatın enişini-yoxuşunu görməli idilər. Əslində, Zevsi narahat edən məqam odun oğurlanması deyildi. Prometey insanlar arasında biliyi, düşünməyi, öyrənməyi təbliğ edirdi. Eyni vəziyyətə “İncil”də baxsaq və Adəmin Həvvanın sözünə aldanaraq alma oğurlamasına nəzər yetirsək təqribən eyni nəticəni alarıq. Ağacdakı alma, əslində, zəka idi. Adəm təbiətdən məhz bilgini oğurlamışdı. Tanrısa bilirdi ki, bilgi bəşər övladına heç vaxt səadət gətirməyəcək, əksinə, onları əbədi kədərə məhkum edəcək. Bəlkə Zevs də insanların bilik əldə etməsinə bu səbəbə görə qəzəblənmişdi?

Eyni hadisələri müasir dövrümüzə uyğunlaşdırsaq, paralel təhlillər aparsaq maraqlı nəticələrə gələcəyik. Bu gün texnologiyanın sürətli inkişafı insanlara vaxta və enerjiyə qənaət etmək imkanı verir. Ancaq insanlar rahatdılarmı? Əlbəttə ki, rahat deyillər, əksinə, narahatlıq hər addımda onları təqib edir. Odun kəşfi də insanlara enerjiyə və zamana qənaət etmə imkanı vermişdi. Axı tarix sübut edib ki, insan öz yaratdıqlarına məğlub olur. Babalarımız 200 km yolu piyada bir neçə günə gedirdilər. Ancaq indi biz 200 km yolu 1,5-2 saata maşınla gedə bilirik. Babalarımız 200 km yolu piyada bir neçə günə getsələr də, 80-90 il yaşayırdılar. Biz isə zamana və enerjimizə qənaət etmə fürsətlərinə sahib olduğumuz halda 80-90 il yaşaya bilmirik.

Bu günümüzdə od sürətlə inkişaf edən texnologiyadır. İndi Prometey bizə od əvəzinə nanotexnologiya bəxş edir. İndi Zevs böyük miqyaslı kapitalist olduğu üçün Prometeyi cəhənnəmə göndərmir. Və indi mən bu yazını texnoloq Prometeyin bəxş etdiyi noutbukda yazdığım üçün Prometeyin zəncirlərini qırıb ona azadlıq vermək istəyirəm. Məncə, Tanrıların sirrini insanlara demədiyi müddətcə onun azadlıq hüququna toxunmamaq olar. Axı Prometey həm də tanrıların sirrini bilirdi. Yəqin ki, cəhənnəmə məhkum olunmağının səbəbi də tanrıların sirrini bilməsi idi. Yəqin, Zevs də elə bunu isbat etmək istəyirdi ki, düşünən insanın başı həmişə bəladadır. O, hansısa sirlərə vaqif olduğu üçün daxili sakitliyini, rahatlığını həmişəlik itirir. Elə Dostoyevski də bunu deyirdi: “Hər şeyi başa düşürəm və yaşamaq dözülməz hala çevrilir”.

Zaman və şərtlər o qədər dəyişib ki, indi biz mifologiya haqqında oxumadan, öyrənmədən də yaşaya bilərik. Ancaq sənət adamı Qədim Yunan mifologiyasını, Antik Roma incəsənətini mütləq oxumalı, öyrənməlidir. İndi biz öz dövrümüzün Prometeyləriyik. Sadəcə, zəncirləri qırılmış Prometeylərik. Zəncirlərimizsə bizdən öncəki Prometeylərin sayəsində qırılıb.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Kratos (mifologiya)

Yunanıstan mifik şəxsiyyəti / From Wikipedia, the free encyclopedia

Kratos və ya Kratus (yun. Κράτος — “güc” [2] [3] və ya “hakimiyyət” [4] [5] ) — Qədim yunan mifologiyasında güc və hakimiyyət tanrısı, titan tanrı. O, Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Zel (qısqanc), Nikanın (zəfər) qardaşıdır. [6] Kratos ilk dəfə qardaş və bacıları ilə birlikdə Hesiodun “Teoqoniya” poemasında görülmüşdür. Hesioda görə Kratos və onun qardaş və bacıları Zevs ilə bir yerdə yaşayırdılar. Bunun səbəbi onların anaları Stiksin Zevsdən hakimiyyətində vəzifə istəyən ilk şəxs olması idi. Kratos və bacısı Biya ən çox Esxilin “Zəncirlənmiş Prometey” faciəsinin açılış səhnəsindəki rollarına görə tanınırlar. Onlar burada Zevsin qulluqçusu olurlar və titan Prometeyi səhnəyə gətirirlər. Kratos dəmirçilik və vulkanlar tanrısı Hefesti Prometeyi alovu oğurladığına görə cəza olaraq qayaya zəncirləməyə vadar edir. [7] Kratos vəhşi, əzazil və zülmkar olaraq xarakterizə edilir. O, tez-tez Hefesti və Prometeyi lağa qoyur, lüzumsuz şiddətdən istifadəni dəstəkləyir. Kratos Zevsin zülmkar hakimiyyətini dəstəkləyir və Prometeyin heç vaxt azadlığa qovuşa bilməyəcəyini deyir. Eskilin ” Xoeforlar ” faciəsində Elektra Kratos, Dike (ədalət) və Zevsi qardaşı Orestə ataları Aqamemnonun intiqamını almaqda kömək etməyə çağırır. Kratos və Biya e.ə. V əsrin axırların hazırlanmış ” İksionnun cəzalandırılması” adlı bir qırmızıfiqur skifos dulusçuluq işində də görülürlər. Bunun Evripidin qeyb olmuş bir faciəsindən səhnə olduğu ehtimal olunur. Onlar həmçinin “Zəncirlənmiş Prometey” faciəsinin XVIII və XIX əsrlərdə hazırlanmış romantik təsvirlərində və adaptasiyalarında da görülürlər.

Quick facts: Kratos, Mifologiya, Təsir sahəsi, Adının izah.

Kratos
Prometeyin zəncirlənməsinin Con Flaksman tərəfindən çəkilmiş təsviri. Bu təsvir ilk dəfə 1795-ci ildə “Zəncirlənmiş Prometey” faciəsinin Riçard Porson tərəfindən edilən tərcüməsində nəşr edilmişdir. Hefest Prometeyi zəncirləyərkən Kratos və Biya onu tuturlar. [1]
Mifologiya Qədim yunan
Təsir sahəsi Güc [d]
Adının izahı güc, hakimiyyət
Yunanca adı Κράτος
Cinsi kişi [d]
Atası Pallant
Anası Stiks
Qardaşı Zel
Bacısı Nika • Biya
Əlaqəli personajlar Zevs
Əlaqəli hadisələr Titanomaxiya • Prometeyin zəncirlənməsi
Vikianbarda əlaqəli mediafayllar

Close

Comments are closed, but trackbacks and pingbacks are open.