VÖEN nədir? VÖEN açmaq, yoxlamaq, bağlamaq haqqında ✅
11.4. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. [9]
Eu vergi nömrəsini necə yoxlaya bilərəm
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2002, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 155)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1. Qanunun təyinatı
Bu Qanun Azərbaycan Respublikasında yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir.
Maddə 2. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə qanunvericilik
2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra – yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir.
2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir.
Maddə 3. Yerli vergilər və ödənişlər
3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir.
3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir.
3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir.
3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir.
3.5. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır.
Maddə 4. Yerli vergilərin müəyyən edilməsinin əsasları
4.0. Yerli vergilərin müəyyən edilməsinin əsasları aşağıdakılardır:
4.0.1. vergitutma obyekti;
4.0.2. vergitutma bazası;
4.0.3. vergitutma dövrü;
4.0.4. vergi dərəcəsi;
4.0.5. verginin hesablanması qaydası;
4.0.6. verginin ödənilməsi qaydası və müddəti.
Maddə 5. Vergitutma obyekti və vergi ödəyicisi
5.1. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. [1]
5.2. Vergi ödəyicisi – bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir.
5.3. Bu Qanunun 8.0.1-ci və 8.0.2-ci maddələrində nəzərdə tutulmuş vergilərin yığılması üçün bələdiyyələr ərazilərində yerləşən vergitutma obyektlərinin müəyyən edilməsi məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrindən qanunla müəyyənləşdirilmiş qaydada məlumat ala bilərlər. [2]
5.4. Əmlakın dəyəri fiziki şəxsin təşəbbüsü ilə və onun hesabına müstəqil peşəkar qiymətləndiricilər tərəfindən hesablana bilər.
5.5. Vergi agenti – vergi qanunvericiliyinə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə yerli büdcəyə köçürməyə borclu olan şəxsdir.
5.6. Vergi ödəyicisinin və vergi agentinin hüquq və vəzifələri vergi qanunvericiliyi ilə tənzimlənir.
Maddə 6. Vergitutmanın formaları
6.0. Vergilər aşağıdakı formalarda tutulur:
6.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);
6.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);
6.0.3. bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında, bələdiyyələrin vergi xidməti orqanlarının hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi üzrə vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).
Maddə 7. Bələdiyyələrin vergi xidməti orqanları, onların hüquq və vəzifələri
7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir.
7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir.
Maddə 8. Yerli vergilərin tərkibi
8.0. Yerli vergilərə aşağıdakılar aiddir:
8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; [3]
8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi; [4]
8.0.3. yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi; [5]
8.0.4. bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi.
Maddə 9. Yerli ödənişlərin tərkibi
9.1. Yerli ödənişlərə aşağıdakılar aiddir:
9.1.1. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş; [6]
9.1.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;
9.1.3. bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;
9.1.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir; [7]
9.1.5. bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir. [8]
9.2. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edə bilər. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır.
Maddə 10. Yerli vergilərin dərəcələri və vergi üzrə güzəştlər
10.1. Yerli vergilərin dərəcələri Azərbaycan Respublikasının vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir.
10.2. Bələdiyyələr vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını vergidən tam və ya qismən azad etmək, vergi dərəcələrinin aşağı salınması barədə qərar qəbul edə bilərlər.
Maddə 11. Yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi
11.1. Bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir.
11.2. Bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir.
11.3. Bu Qanunun 9.1.5.-ci maddəsində göstərilən ödənişlər hər bir ödəyicidən tutularaq, bələdiyyələr tərəfindən müəyyən edilmiş müddətlərdə və qaydalarla bələdiyyələrə ödənilir.
11.4. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. [9]
Maddə 12. Yerli vergi və ödənişlərin yığılmasına və istifadəsinə nəzarət
12.1. Yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir.
12.2. Zəruri hallarda yerli vergi və ödənişlərin yığılmasına və onlardan istifadə edilməsinə nəzarət məqsədi ilə bələdiyyələrin qərarına əsasən müvafiq yoxlamaların aparılması üçün müstəqil auditorlar cəlb oluna bilər.
12.3. Bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir.
Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər.
Maddə 13. Yerli vergi və ödənişlərə dair qanunvericiliyin pozulmasına görə məsuliyyət
13.1. Yerli vergi və ödənişlərin ödəyiciləri, vergi agentləri, habelə bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
13.2. Bu Qanunla müəyyənləşdirilən yerli vergi və ödənişlərin toplanması və büdcəyə köçürülməsi sahəsində bələdiyyələrin səlahiyyətlərinin icra hakimiyyəti orqanları tərəfindən məhdudlaşdırılmasına yol verilmir.
Maddə 14. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 27 dekabr 2001-ci il
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)
2. 20 iyun 2014-cü il tarixli 1002-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 12 avqust 2014-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 8, maddə 955 )
3. 14 oktyabr 2016-cı il tarixli 350-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 dekabr 2016-cı il, № 268 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1778 )
4. 31 may 2017-ci il tarixli 699-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, № 155 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1265 )
5. 1 oktyabr 2018-ci il tarixli 1261-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr 2018-ci il, № 252 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2197 )
6. 30 oktyabr 2018-ci il tarixli 1314-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 noyabr 2018-ci il, № 268 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2224 )
7. 6 oktyabr 2020-ci il tarixli 183-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 24 noyabr 2020-ci il, № 245 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1333 )
8. 3 dekabr 2021-ci il tarixli 408-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1307 )
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 14 oktyabr 2016-cı il tarixli 350-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 dekabr 2016-cı il, № 268 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1778 ) ilə 5.1-ci maddəyə “habelə” sözündən sonra “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda” sözləri əlavə edilmişdir.
6 oktyabr 2020-ci il tarixli 183-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 24 noyabr 2020-ci il, № 245 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1333 ) ilə 5.1-ci maddəsindən “avtomobil və özüyeriyən təkərli texnika,” sözləri çıxarılmışdır.
3 dekabr 2021-ci il tarixli 408-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1307 ) ilə 5.1-ci maddədən “yerli əhəmiyyətli tikinti materialları,” sözləri çıxarılmışdır.
[2] 30 oktyabr 2018-ci il tarixli 1314-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 noyabr 2018-ci il, № 268 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2224 ) ilə 5.4-cü maddəsi ləğv edilmişdir və 5.3-cü maddəsi yeni redaksiyada veril mişdir.
əvvəlki redaksiyada deyilir:
5.3. Tikililər və onların hissələrinə görə fiziki şəxslərdən əmlak vergisi hesablamaq məqsədi ilə bələdiyyələr 3-5 ildə bir dəfədən çox olmamaq şərti ilə, ərazilərində yerləşən müvafiq əmlakın vergiqoyma məqsədləri üçün qiymətləndirilməsi barədə qərar qəbul edirlər. Əmlakın qiymətləndirilməsi üzrə əməliyyatlar bələdiyyələrin vəsaiti hesabına maliyyələşdirilir. Bu dəyər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan qaydalar əsasında müəyyənləşdirilir.
[3] 14 oktyabr 2016-cı il tarixli 350-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 dekabr 2016-cı il, № 268 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1778 ) ilə 8.0.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
8.0.1. fiziki şəxslərdən torpaq vergisi;
[4] 3 dekabr 2021-ci il tarixli 408-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1307 ) ilə 8.0.2-ci maddədə “fiziki şəxslərdən” sözləri “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin” sözləri ilə əvəz edilmişdir.
[5] 3 dekabr 2021-ci il tarixli 408-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1307 ) ilə 8.0.3-cü maddə ləğv edilmişdir.
[6] 31 may 2017-ci il tarixli 699-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, № 155 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1265 ) ilə 9.1.1-ci maddəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
9.1.1. bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş;
1 oktyabr 2018-ci il tarixli 1261-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr 2018-ci il, № 252 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2197 ) ilə 9.1.1-ci maddəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
9.1.1. açıq məkanda (bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə) reklamın yerləşdirilməsinə və yayımına görə ödənilən haqq;
[7] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 9.1.4-cü maddəsində “şərti maliyyə vahidinin 1 mislindən” sözləri “1,1 manatdan” sözləri ilə əvəz edilmişdir.
[8] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 9.1.5-ci maddəsində “şərti maliyyə vahidinin 0,1 mislindən” sözləri “0,1 manatdan” sözləri ilə əvəz edilmişdir.
[9] 20 iyun 2014-cü il tarixli 1002-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 12 avqust 2014-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 8, maddə 955 ) ilə 11.4-cü maddə əlavə edilmişdir.
VÖEN nədir? VÖEN açmaq, yoxlamaq, bağlamaq haqqında ✅
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000 ci il 21 dekabr tarixli 222 nömrəli qərarına əsasən mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının, nümayəndəliklərinin, həmçinin vergi ödəyicisi olan fiziki şəxslərin-fərdi sahibkarların uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən VÖEN verilməklə aparılır.
2001 ci il 1 Yanvar tarixindən uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifkasiya nömrələri (VÖEN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur. Vətəndaşın VÖEN alması onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması deməkdir. O, bununla gəlir əldə etməklə tutulan müəyyən əməliyyatı yerinə yetirir. Bir sözlə VÖEN vətəndaşın vergi uçotuna alındığını göstərən bir sənəddir.
VÖEN açmaq necə olur?
VÖEN açmaq – Sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs-fərdi sahibkar sahibkarlıq fəaliyyətinə başlayan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması elektron və ya kağız formatda aparılır.
Vergi ödəyicisi vergi orqanlarında uçota alınmaq üçün fiziki şəxs özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə ilə (notariat qaydada təsdiq olunmuş etibarnamə ilə) fiziki şəxsin vergi uçotu haqqında ərizə və fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti ilə yaşadığı yer üzrə (şəxsiyyət vəsiqəsində qeyd olunan) vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir.
Müvafiq sənədlər vergi orqanında daxil olduğu gündən sonrakı bir gün ərzində fiziki şəxs ödənişsiz olaraq vergi uçotuna alınır. Fiziki şəxsin uçot məlumatları vergi ödəyicilərinin reystrinə daxil edilir, ona 10 rəqəmli VÖEN və Nəzarət kitabçası verilir. Fiziki şəxs vergi uçotuna alındıqdan sonra ona şəhadətnamə verilir.
Hər bir adam təkcə şəxsiyyət vəsiqəsi ilə yaşadığı ərazinin Vergi idarəsinə və ya Asan Xidmət mərkəzinə müraciət edərək VÖEN açdıra bilər.
Vergi məcəlləsinə görə fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər yalnız VÖEN aldıqdan sonra fəaliyyət göstərə bilərlər.
VÖEN hesabı yaradan bütün fiziki şəxsləri bir sual maraqlandırır. VÖEN hesabına görə hər ay ödəniş olunmalıdırmı?
Sadəkəşdirilmiş vergi ödəyiciləri il ərzində hər rübdən bir – rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməklə həmin müddətdə hesablanmış vergini dövlət büdcəsinə ödəməlidir.
Əgər siz gəlir vergisi ödəyicisinizsə rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət hesabına ödəməlisiniz. Hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına müvafiq bəyannamə təqdim edilməlidir.
VÖEN bağlamaq haqqında
VÖEN bağlamaq – Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektlərinin – obyektinin fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” arayış”ı təqdim etməlidir. Sahibkarlıq fəaliyyətinin və digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti arayışda göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqqında müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Gücləndirilmiş elektron imza (və yaxud Asan İmza) və istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətini onlayn rejimdə dayandırılması mümkündür.
Əgər fəaliyyətinizin aktiv və ya passiv olması haqqında məlumat almaq istəyirsinizsə bu barədə kağız daşıyıcı da və ya elektron formada müraciət göndərə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün isə vergi ödəyicisi uçotda olduğu vergi orqanına ” Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Əgər vergi şəhadətnaməsi itirilsə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir. Fiziki şəxs vergi orqanından çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “vergi ödəyicisinin uçotdan çıxarılması haqqında” bildiriş göndərilir.
VÖEN Yoxlamaq
VÖEN yoxlamaq üçün sizə qeyd etdiyimiz aşağıdakı linkdən daxil olaraq VÖEN-nin mövcud olub olmamasını, Aktiv olub, olmamasını yoxlaya bilərsiniz. Bu isə Vergilər Nazirliyinin öz rəsmi saytı və dəqiq məlumatlarıdır. Buradan baxın
VÖEN haqqında məlumatlar itirildikdə və ya unudulduqda (istifadəçi kodu, parol, şifrə) yenisini almaq üçün “Elektron sənəd mübadiləsi haqqında ərizəni” müvafiq qaydada hazırlayıb poçt vasitəsilə qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməlisiniz.
Vergi uçotuna alınma, yenidən uçota alınma,uçotdan çıxarılma ödənişsiz həyata keçirilir
Comments are closed, but trackbacks and pingbacks are open.