Firudin bəy Köçərli – 160 TƏHLİL
Milli.Az
8 Mart – bayram, yoxsa faciə?
Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Bu gün – qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq, görərik ki, bu bayram heç də gözəlliyi və romantikliyi tərənnüm etmir. Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün xüsusi gündür. Bütün bunları nəzərə alaraq demək olar ki, 8 Mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür. Bu günün tarixi və keçdiyi yol haqqında daha ətraflı Kəpəz TV-nin (Region TV) əməkdaşı Ruhəngiz Hacızadənin hazırladığı materialda.
8 Mart – Beynəlxalq Qadınlar Günü. Hər ilin bu tarixi dünyanın bir çox ölkəsində qadınlara məxsus gün kimi qeyd edilir. İlk baxışdan elə təsir bağışlayır ki, sanki bu bayram xanımlara çiçək və hədiyyə almaq üçün təsis edilib. Ancaq günün tarixinə nəzər salsaq, görərik ki, 8 Mart heç də romantik hadisələr nəticəsində yaranmayıb. Bu günün əsasında qadının cəmiyyətdəki rolu və hüquqları uğrunda apardığı mübarizə dayanır.
1857-ci il martın 8-i ABŞ-ın Nyu-York şəhərində tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxırlar. Onlar 10 saatlıq iş günü, işıqlı və rahat iş yeri, kişilərlə eyni maaş tələb edirlər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində isə qəpik-quruş alırdılar. Ancaq polis nümayişi dağıtmaq üçün işçilərə hücum edir və fabrikin qapılarını bağlayır. Fabrikdə yanğın başlayır. Ancaq işçilər fabrikin qarşısında qurulan barrikadalardan keçərək qaça bilmirlər. Nəticədə çoxu qadın olmaqla 129 işçi yanaraq həyatını itirir. Beləliklə, qadınların haqqı uğrunda apardığı mübarizəyə qanla yekun vurulur. İşçilərin cənazə mərasiminə 100 mindən çox insan qatılır.
Bu hadisədən 53 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 martın “Dünya Qadınlar Günü” olaraq qeyd olunmasını təklif edir və təklif qəbul edilir.
Amma qadınlar günü ilk dəfə Avstriya, Danimarka, Almaniya və İsveçrədə 1911-ci ilin martın 19-da qeyd edilir. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak edir. 1917-ci ildə rusiyalı qadınlar “Çörək və Sülh” şüarı ilə küçələrə çıxırlar. 4 gün sonra çar II Nikolay devrilir. Müvəqqəti hökumət qadınlara səsvermə hüququ verir. Bu hadisə 8 mart tarixinə təsadüf edir.
Azərbaycanda isə 8 mart ilk dəfə 1917-ci ildə qeyd edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar Gününü qeyd edir. İki il sonra isə qurumun ümumi qurultayında 8 Mart – Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq rəsmiləşir.
İllər keçdikcə qadın hüquqları uğrunda mübarizə sadəcə qadınlar günü ilə əvəzlənir. Bu gün 8 mart qadınlara hədiyyə almaq bayramına çevrilib desək, yanılmarıq. Əslində yaranma tarixi faciəyə dayanan, əsasında qadının haqqını tələb etməsi duran günün belə keçirilməsi onun əsl mahiyyətini itirir. Həmin gün hətta qadın hüquqlarını tapdalayan, ona qarşı zor tətbiq etməkdən belə çəkinməyən kişilər də bir dəstə gül alıb “bayramın mübarək” deyə bilər. Bəli, bu, həyatın ironiyasıdır. Qadınlar hüquqlarını qorumaq üçün mübarizəyə qalxır, illər keçdikdən sonra isə uğrunda öldükləri hüquqları əvəzinə. onlara gül bağışlanır. Bu gün qadına qarşı zorakılıq, azyaşlı qızların zorla ərə verilməsi, təhsil hüququndan məhrum edilmə kimi problemlərin qaldığı bir zamanda onlara çiçək və ya ətir yox, haqqını vermək daha doğru olmazdımı?!
Qadın barədə “yaxşı at özünə qamçı vurdurmaz”, “qadının beyni quş beyni”, “qızını döyməyən dizini döyər” ifadələri hələ qalıbsa, qadınlara yuxarıdan aşağı baxmaq təfəkkürü dəyişməyibsə, bu bayram hədiyyələri onları xoşbəxt edə bilərmi?!
Bəzi ailələrdə qız uşağına hamilə olanda ondan imtina edilir, qız doğulanda oğlan uşağına sevindikləri kimi sevinmirlər. Oğul dünyaya gətirən anaya “gözün aydın” deyəndə, qız anasına “canın sağ olsun, oğlan da olar” deyilir. Deməli, qadınların cəmiyyətdə inkişafına nail olmaq üçün insanların düşüncəsindəki o stereotiplər qırılmalıdır. Xüsusilə də ona görə ki, həmin stereotiplər sonradan sanki qəsdən Azərbaycan xalqına sırınıb. Keçmişimizə, onu əks etdirən dastanlara, nağıllara, əsatirlərə nəzər salanda görürük ki, onların hamısında qadın yüksək qiymətləndirilib. “Dədə Qorqud” eposunda qəhrəman Oğuz igidləri – ərlərlə yanaşı qəhrəman qadın obrazları da vəsf edilir. Dastanda qabarıq formada görünən və bəzi mətləblərin ideya daşıyıcısı olan qadın obrazları var. Məsələn, Burla xatun, Banuçiçək, Selcan xatun. Qanturalı özünə nişanlı axtaranda deyir ki, elə bir qız istəyirəm ki, mən ayağa qalxmamış o qalxmış olsun, mən evdən çıxmamış o çıxmış olsun, mən ov ovlamamış o ovlamış olsun. Atası Qanlıqoca isə deyir: sən özünə arvad yox, qardaş axtarırsan. Bəli, oğuz igidləri özlərinə tay ola biləcək, onlarla çiyin-çiyinə vuruşacaq, ocağı, evi qoruya biləcək xanım axtarırdılar. Dastandakı qadın obrazlarının əksəriyyəti qurşaq tutur, ox atır, ov ovlayır, Oğuz elinin dar günündə ərləri ilə yanaşı döyüşlərdə iştirak edirlər.
Ruziyyə Quliyeva – folklorşünas: “Dədə-Qorqud dastanına nəzər yetirək, Bayandur Xan əmr eləmişdi ki, 3 çadır tikilsin. Ağ, qızılı və qara çadır. Oğlu olanları ağ çadırda, qızı olanları qızılı, övladı olmayanları isə qara çadırda otuzdurun. Görün qıza necə böyük qiymət verilir. Qızılı çadırda qız övladlarını əyləşdirmək onları qızıla bərabər tutmaqdır. Kişilər görünən tərəfdir, ön cəbhədə vuruşan onlardır, arxada məsləhət verən isə qadındır. Elə Koroğlu dastanında Nigarın Koroğluya münasibətinə, onu danlamasına baxaq: Utan, qoç Koroğlu, utan. Dağların damənin tutan. Sənin kimi başa çatan, elin qədrini nə bilər. Nigar hökmdar qızıydı, bilirdi ki, cəmiyyəti necə idarə etmək olar”.
Bəli, cəmiyyətin idarə edilməsində qadının da özünəməxsus rolu var və bunun əhəmiyyətini bu gün bütün sivil dünya qəbul edir. Bəlkə də çoxlarına qəribə gələr ki, bu cəhətdən Azərbaycan bir-çox qərb sivilizasiyalarını qabaqlayıb. Xalqımız qadın hüquqları sahəsində tarixi təcrübəyə malikdir. Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda gender bərabərliyi sahəsində qanunvericilik aktları qəbul olunub. Əksər Avropa ölkələrinin qadınları seçki hüququndan məhrum olduğu vaxt – 1918-ci ildə isə Azərbaycan Demokratik Cümhuriyyətində qadınlara seçki hüququ verilib. Bəli, biz həmin xalqıq. O xalqın nümayəndələriyik ki, tarixi keçmişində qadına bu qədər yüksək dəyər verib. Qadının başının örpəyini yerə atması ilə müharibələr dayanıb, qan davalarına son qoyulub. Amma bu gün bu xalqın nümayəndələrinin qadına qarşı bəzən zor tətbiq etməsi təəssüf doğurur. Təkcə 2013-ci il ərzində fiziki məişət zorakılığına məruz qalan qadınların sayı 3200-ü ötüb. 2014-ci ildə isə zorakılıq halları pik həddə çatıb. Bu sırada zorakılıq nəticəsində öldürülmə, intihar həddinə çatdırılma, müəyyən xəsarətlər yetirmə, şikəst edilmə kimi hallar da var. Əlbəttə, ölkəmizdə qadın hüqüqlarının qorunması istiqamətində işlər görülür. Dövlətimiz qadınlara qarşı hər cür ayrı-seçkiliyin aradan qaldırılması haqqında konvensiyaya qoşulub. Bunun əsasında ölkədə gender bərabərliyinin təmin edilməsi barədə qanun qəbul edilib. Bir çox qurum və komitələrin rəhbərləri qadınlardır. Amma bəzi statistik rəqəmlər ümumi mənzərəni korlayır. Faktlar göstərir ki, qadına qarşı məişət zorakılığı daha çox bölgələrdə müşahidə olunur. Qərb bölgəsi də istisna deyil.
Məleykə Əlizadə – Gəncə Regional Qadın Mərkəzinin rəhbəri: “2013-14-cü illərdə Gəncə Regional Qadın Mərkəzinə məişət zorakılığı ilə bağlı 10 qadın müraciət edib. Biz imkan daxilində onlara yardım etməyə çalışırıq. İmkanlarımızdan istifadə etməklə hüquq-mühafizə orqanlarının köməyi ilə bu halların qarşısını almağa çalışırıq. Onların içərisində öz hüquqlarından tamamilə məhrum edilən qadınlar da olur. Biz məhkəmələr vasitəsi ilə onların hüquqlarının bərpasına çalışırıq. Övladlarının uşaq bağçalarına yazılması, qadınların işlə təmin edilməsi və təbii ki, ilk növbədə onların reabilitasiyası ilə məşğul oluruq”.
Müsahibimiz bu kimi halların qarşısını almaq üçün maarifləndirmə işinin daha da gücləndirilməsini vacib sayır. Həm də bu işə uşaq vaxtından, məktəblərdən başlamaq lazımdır.
Məleykə Əlizadə: “Təkcə qadınları deyil, eyni zamanda paralel olaraq kişiləri də maarifləndirməliyik. Bu işlər orta məktəblərdən aparılmalıdır ki, oğlan və qızlar gender bərabərliyi haqqında qanundan xəbərdar olsunlar”.
Uzun illər Azərbaycan xalqı istila altında yaşayıb. Bu illər ərzində milli mənliyimizi, dilimizi, adət-ənənələrimizi qoruya bilsək də itirdiklərimiz də olub. Düşünürük ki, itirdiyimiz ən böyük dəyərlərdən biri də qadına qarşı münasibətdə ucalıq, ülvilik, dərin hörmət hissidir.
Ruziyyə Quliyeva: “Məhəbbət dastanlarının hamısında aşiq sevdiyi qızın dalınca gedir. Amma bu, təkcə sevdiyi qız deyil. Bu, simvolik olaraq haqqın dalınca getməkdir. Və sonda haqq-ədalət qalib gəlir. “
Başqa sözlə desək, haqq-ədalətin qalib gəlməsi üçün sevgi vacibdir. Deyirlər hər bir dahi kişinin arxasında dahi qadın dayanır. Zənnimizcə bu, səhv fikirdir. Qadın arxada yox, yanaşı dayanmalıdır. Bu, daha ədalətlidir. Haqq-ədalətin daim qalib gəlməsi diləyi ilə bayramınız mübarək, əziz qadınlar!
Milli.Az
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Firudin bəy Köçərli – 160 TƏHLİL
Tarixən mədəniyyət beşiyi olan, ədəbi-bədii fikir tariximizə böyük dərəylər bəxş etmiş Qarabağın incisi hesab olan Şuşa Azərbaycan tarixinə böyük mütəfəkkirlər, ictimai-siyasi xadimlər bəxş etmişdir. Onların dəsti-xətti, yaradıcılıq irsi, elmi, siyasi görüşləri tariximizdə iz salmış və hər birinin özünəməxsus olan bir tərcümeyi- halı var ki, onları vərəqlədikcə böyük qürur yaşayırsan ki, xalqımızın belə zəngin, fədakar simaları olub. Hər sahədə mücadilə aparıb, geniş yaradıcılıq imkanları, siyasi mübarizələri ilə Şuşada boya-başa çatan insanların kimliyi bizdə əməlləri ilə lazımı təsəvvür yaratmışdılar. Bu torpağın yetirdiyi Azərbaycan Demokratik Cumhuriyyəti dövründə Ukraynada diplomatik nümayəndə təyin edilən Yusif Vəzir Çəmənzəminli, eyni zamanda, Krımda və Polşada da Azərbaycanın diplomatik nümayəndəsi idi. Yenicə işə başlamış diplomatik nümayəndəliyin əsas məqsədi Azərbaycanı bu ölkələrin ictimaiyyətinə tanıtmaq idi. Böyük əsərlər müəllifi olan Yusif Vəzir bu vəzifəni yerinə yetirməklə yanaşı, ədib olduğunu da heç vaxt unutmamış və Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında əsərlər yaratmışdır. 1921-ci ildə yazıçının elmi müşahidələrlə zəngin olan “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi –coğrafi və iqtisadi Azərbaycan” adlı kitabları işıq üzü görür. 1930-1935-ci ildə o özünün “Qızlar bulağı”, “Studentlər”, “1917-ci ildə” romanlarını çap edir, komik pyes olan “Həzrəti Şəhriyar” əsərini qələmə alır. Qarabağın – Şuşanın yetirdiyi Azərbaycan yazıçısı, publisisti, tərcüməçisi, tənqidçisi, maarifləndiricisi və ictimai xadimi Xəlil İbrahim ictimai-siyasi, mədəni-maarifləndirci, sosial və s. qadın azadlığı mövzusunda yazaraq, özünü bütün janrlarda mükəmməl yazıb-yaradan bir ziyalı olaraq təqdim edib. Əlbəttə ki, Şuşanın tarixini vərəqlədikcə nə qədər böyük ziyalılarının olduğunu görürük. Bu gün onlardan biri olan Azərbaycan ədəbiyyatşünaslığı və pedaqoji fikir tarixində məşhur olan alim, tənqidçi və pedaqoq kimi dəyərləndirilən Firudin bəy Köçərli haqqında söz açacağıq. Böyük sənətkarın doğum günündə – 26 yanvar tarixində.
ŞUŞADA KÖÇƏRLİ MƏHƏLLƏSİ
Tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdən olan Firudin bəy Əhməd ağa oğlu Köçərli 160 il bundan əvvəl – 1863-cü ilin 26 yanvarında Şuşada anadan olub. Əsli Cavanşir mahalının Köçərli kəndindən olan Firudin bəyin ulu babalarından Məhəmməd bəy Köçərli kəndindən Şuşaya köçmüş, burada yurd-yuva salmış, beləliklə, Şuşada Köçərli məhəlləsi yaranmışdır. Firudin bəyin dünyaya göz açdığı mühit əsl ziyalı mühiti olmuşdur. Belə ki, onun atası Əhməd ağa savadlı bir şəxs olmuşdur. Belə bir mədəni mühitdə böyüyən Firudin bəy Mirzə Kərim Münşizadənin məktəbində təhsilə başlamış, sonralar Şuşadakı rus məktəbinə daxil olmuşdur. Onun tərcümeyi-halında göstərilir ki, Firudin bəy Köçərli 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir və Firudun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayır. 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris edir, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşıyır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılan Firudin bəyə “Kollecski sekretar”, “Titulyar sovetnik” və “Statski sovetnik” rütbələri verilir. 1893–1894-cü illərdə yenidən İrəvan gimnaziyasında fəaliyyət göstərir. 1895-ci ildə isə İrəvan şəhərini tərk edir. Elə həmin ildə mütərəqqi təhsil ocağı olan Qori Müəllimlər Seminariyasının “tatar şöbəsi”-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilir. 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə həyatı qurur. 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunur. 1916–1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərir, təkliflər irəli sürür.
MAARİFPƏRVƏR ZİYALININ PEDAQOJİ BAXIŞLARINDA XƏLQİLİQ
Firudin bəy Köçərli siyasi proseslərə qoşularaq, “Müsavat” partiyasına üzv olur. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürür, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılır. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. 17 sentyabr tarixindən Qazax Müəllimlər Seminariyasında ilk dərslər başlayır. Sonradan Qazaxda ilk uşaq evi açır. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilir, və İstiqlal bəyannaməsini imzalayır. 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilən Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir.
1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən “Təlimi-Sokrat” əsərini yazıb. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-türkü” adlı dərslik tərtib edir. 1890-cı ildə İrəvanda “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını tamaşaya qoyur. 1891-ci ildə “Təlimi-Sokrat” adlı kitabı Bağçasarayda “Tərcüman” mətbəəsində, 1892-ci ildə isə A.S.Puşkindən tərcümə etdiyi “Torçu və balıq” mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxır. M.Y.Lermontovun “Üç xurma ağacı” və A.Koltsovun “A kişi, niyə yatıbsan?” şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilir. “Tatar komediyaları” adlı ilk elmi məqaləsi “Novoye obozreniye” qəzetində dərc olunur. 1898-ci ildə “Ərəb əlifbası və onun qüsurları” silsilə məqaləsi “Qafqaz” qəzetində dərc olunur. 1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F.Köçərlinin kitabları da daxil edilir. 1903-cü ildə Tiflisdə “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabı rus dilində çap edilir. Elə həmin ildə M.F.Axundovun “Aldanmış kəvakib” povestini rus dilinə çevirir. 1904-cü ildə A.P.Çexovun “At familiyası” hekayəsini tərcümə edib, kiçik bir müqəddimə ilə “Şərqi-Rus” qəzetində dərc etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, “Tiflisskiy listok” qəzetində dərc etdirir. “İrşad” qəzetində “Bir darülmüəllimin kifayətdir” adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini qaldırır. Cəlil Məmmədquluzadənin “Usta Zeynal” kitabçası haqqında eyniadlı məqaləni “Znaniye” qəzetində çap etdirir. M.F.Axundzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış edib. “Mirzə Fətəli Axundov” adlı kitabı çap olunub. 1912-ci ildə uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı Bakıda “Kaspi” mətbəəsində çap olunur. 1913-cü ildə yazdığı “Azərbaycan ədəbiyyatı tarixi” adlı üç cildlik əsərini tamamlayır. 1920-ci ildə “Vətən dili”nin I hissəsinin yenidən işlənməsində xidmətləri olur. Onlarla dərsliyə düzəliş edən Firudin bəy nəzəri materialı, hekayələri artıraraq, metodika və stilistikasını zənginləşdirir. Ölümündən sonra 1925-ci ildə “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabının I hissəsi, 1926-cı ildə isə kitabın II hissəsi çap edilir. Uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı isə 1967,1972 və 2013-cü illərdə çap edilir.
QƏRARA ALINIR: MÜTTƏHİM KÖÇƏRLİNSKİ GÜLLƏLƏNSİN
1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər “Müsavat” funksionerlərini “xalqa xəyanətdə”, “milli nifaq törətməkdə”, “torpaq və mülk zəbt etməkdə”, general-qubernator Ə.Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham edirlər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunur, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılır və hökm yerinə yetirilir. Güllələnmə haqqında çıxarılmış qərarda belə deyilirdi: “Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firudun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda “Müsavat” partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir. Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər. Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.
Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman
Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov”.
1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti bolşevik-daşnak qüvvələri tərəfindən süquta uğradılandan sonra başlanan faciə və məqsədli terror qurbanlarından biri Firudin bəy Köçərli olmuşdur. O, Gəncədə heç bir əsas olmadan güllələnmişdir. Millət aşiqi, maarif fədaisi olan Firudin bəy Köçərlinin gənc nəslin təhsil almasında, maariflənməsində əvəzsiz xidmətləri olmuşdur. Qədirbilən xalqımız böyük mütəfəkkirin işıqlı əməllərini heç vaxt unutmayacaq.
Bu gün maarifpərvər ziyalı Firudin bəy Köçərlinin böyüyüb boya-başa çatdığı Qafqazın incisi olan Şuşa böyük inkişaf dövrünü yaşayır. Şuşa xalqımız üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. Qarabağ xanlığının tarixi paytaxtı, mədəniyyət məbədi olan bu qədim şəhər böyük mütəfəkkirlər diyarıdır. Ümummilli lider Heydər Əliyev Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyəti olduğunu bildirərək demişdi: “. Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Təbii ki, qısa bir zamanda Şuşa Qarabağımızın və bütövlükdə Azərbaycanımızın elm, mədəniyyət və təhsil mərkəzinə çevriləcək, əvvəlki şöhrətini özünə qaytaracaqdır. Şuşanın musiqi, mədəni və təhsil həyatı öz əvvəlki ahənginə qovuşacaqdır. Yenidən Firudin bəy Köçərlilər, Üzeyir bəy Hacıbəylilər, Xurşidbanu Natəvanlar bu torpaqdan boy verəcəklər, yetişən fidanlar böyük mütəfəkkirlərin yaratdığı salnamələri əxz edə-edə Şuşanın tarixi yaddaşına səyahət edəcəklər.
F.b köçərli 8 mart
F.Köçərli böyük ədib haqqında: [M.F.Axundovun vəfatının 90 illiyi münasibətilə] /Firidun bəy Köçərli //Ədəbiyyat və incəsənət.- 1958.- 8 mart.
Görkəmli əbidlər Sabir haqqında: [F.B.Köçərlinin M.Ə.Sabir haqqında sitatı verilmişdir] /Firidun bəy Köçərli //Azərbaycan qadını.- 1962.- №5.- S.6.
Görkəmli şəxslər Sabir haqqında: /F.B.Köçərli, A.Səhhət, N.Nərimanov, S.Hüseyn, M.S.Ordubadi, S.Vurğun, Y.V.Çəmənzəminli, A.Şaiq, M.Hacınski, T.Şahbazi, S.C.Pişəvəri, N.Hikmət, Ə.Lahuti //Azərbaycan dili və ədəbiyyatı tədrisi: metodik məqalələ məcmuəsi.- Bakı, 1962.- bur.2.- S.3-4.
“Müşfiqi-mehribanım Mirzə Abdulla”: [Firi¬dun bəy Köçərlinin Abdulla Şaiqə məktubları] /Firidun bəy Köçərli //Azərbaycan.- 1967.- №6.- S.168-176.
“Sizin gələcəkdə müqtədir bir yazıçı olmağınıza şübhəm yoxdur”: [Firidun bəy Köçərlinin Yusif Vəzirə məktubları] /Firidun bəy Köçərli //Ədəbiyyat qəzeti.- 1991.- 8 noyabr.- S.1.
Abbasqulu Ağa Bakıxanov Qüdsi /Firidun bəy Köçərli //Şəhriyar.- 1995.- 26 yanvar.
Comments are closed, but trackbacks and pingbacks are open.