Press "Enter" to skip to content

Azərbaycan dilində hansı sözlərin yazılışının dəyişəcəyi açıqlanıb – TAM SİYAHI

Uzun mübahisələrdən sonra AXC-Müsavat hakimiyyəti xalqın rəyini nəzərə almadan, referendum keçirmədən 1992-ci ilin dekabrında “Dövlət dili haqqında” Qanunu “müzakirə” edərək Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul etmişdir. Hətta təcili olaraq ana dili dərsliklərini “Türk dili” adlı dərsliklərlə əvəzləyərək çapını da həyata keçirmişdir.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ

Bakı, 27 aprel (AZƏRTAC). Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur.

Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlamışdır.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazanmışdır. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda, onun istifadə etdiyi, danışdığı dilə – Azərbaycan dilinə çox böyük hörmət və məhəbbət yaradır.

1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin Konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün baza rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin Konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmamışdı.

Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin Konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə aparmış, bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərmişdi.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuşdur. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətə gələn naşı və səriştəsiz şəxslərin idarəetmədəki təcrübəsizliyi müstəqilliyimizi uçuruma aparır, ölkəni məhvə sürükləyirdi. AXC-Müsavat hakimiyyəti dövründə bu uçurum özünü daha qabarıq şəkildə büruzə vermişdir. Onlar heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və “türk dili” adlandırılmasını təklif edirdilər.

Uzun mübahisələrdən sonra AXC-Müsavat hakimiyyəti xalqın rəyini nəzərə almadan, referendum keçirmədən 1992-ci ilin dekabrında “Dövlət dili haqqında” Qanunu “müzakirə” edərək Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul etmişdir. Hətta təcili olaraq ana dili dərsliklərini “Türk dili” adlı dərsliklərlə əvəzləyərək çapını da həyata keçirmişdir.

Dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndər Heydər Əliyev sonralar bu məsələyə münasibət bildirərkən Milli Məclisin qəbul etdiyi bu qərarı kəskin pisləyərək demişdi: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır”.

Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin – Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bir-birinin ardınca fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.

Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı.

Müstəqilliyimizin ilk ilində – 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin müvafiq Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanmışdır. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılmışdır.

Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirilir.

Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

Azərbaycan dilində hansı sözlərin yazılışının dəyişəcəyi açıqlanıb – TAM SİYAHI

Bakı. 12 yanvar. REPORT.AZ/ “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb və ictimaiyyətə təqdim olunub. “Report”un xəbərinə görə, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib. Qaydalar layihəsi təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək. “Report” layihənin tam variantını təqdim edir: Əsl Azərbaycan sözlərinin yazılışı 1. Azərbaycan dilinin lüğət tərkibində əksəriyyət təşkil edən milli sözlərin bir çoxu deyildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş, qoşun, oğul və s. 2. Son səsi [x] və ya [ğ] kimi tələffüz olunan milli sözlər q hərfi ilə yazılır: ayaq,bar­maq, bulaq, dayanacaq, qatıq, qonaq, otaq, yaxşılıq, yanaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda q~ğ əvəzlənməsi baş verir: ota­­­ğa, bulağın, qonağımız və s. Qeyd: Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər də q hərfi ilə yazılır: filoloq,ittifaq, müstəntiq, natiq, şəfəq, texnoloq, üfüq, vərəq və s. Əsl Azərbaycan sözlərindən fərqli ola­­­raq, bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda yazıda heç bir də­yi­şik­lik baş vermir: filoloqa, şəfəqi, üfüqə və s. 3. Son səsi [xʹ] kimi tələffüz olunan iki və çoxhecalı milli sözlər k hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərlik, üzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda k~y əvəzlənməsi baş verir: biləyi, bir­li­yimiz, ürəyim, üzüyün və s. Qeyd: Söz sonunda [k] kimi tələffüz olunan əksər alınma sözlərə isə bu qayda şamil edil­mir, yəni onlarda əvəzlənmə baş vermir: əmlak-əmlaka, iştirak-iştirakımız, mexanik-mexanikə, şərik-şəriki, tex­nik-texnikin və s. 4. Son səsi həm [t], həm də [d] kimi tələffüz olunan iki və çoxhecalı milli sözlər d ilə yazılır: bulud, palıd, söyüd və s. Bu qayda ona əsaslanır ki, həmin söz­lə­rə saitlə başlanan şəkilçi qoşulduqda sondakı samit [d] kimi səslənir. Qeyd: Polad, sənəd, təqaüd və s. kimi alınma sözlər də bu qaydaya əsaslanır. 5. Son səsi həm [k], həm də [g] kimi tələffüz olunan milli sözlər g hərfi ilə yazılır: çələng, pələng, səhəng, tüfəng və s. Dördüncü bənddəki qayda bu sözlərə də aiddir. Qeyd: Bu qayda ahəng, qəşəng, nəhəng kimi alınma sözlərə də şamil edilir. 6. Son səsi həm [c], həm də [ç] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: kərpic, qılınc, ülgüc və s. Dördüncü bənddəki qayda bu bəndə də aiddir. 7. Ədəbi tələffüzdə ilk səsi [ı] ilə deyilən sözlər olmadığı üçün aşağıdakı milli sözlər i ilə yazılır: ilan, ildırım, ilğım, ilxı, ilıq, inanmaq, işartı, işıq və s. Alınma sözlərdə saitlərin yazılışı 8. O saitli alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olma­ya­raq, o ilə yazılır: avtomat, ensiklopediya, kollec, kollektiv, kom­bi­nat, laborant, Moskva, motor, obyekt, Odessa, poçtalyon, poema, poeziya, problem, prfes­sor, solist, velosiped və s. 9. İkinci hecasındakı saiti [i], bəzən də [ü] ilə tələffüz olunan ərəbmənşəli sözlər ənənəvi-tarixi prinsipə əsasən i ilə yazılır: külli (miqdarda), müdir, müdrik, müflis,müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s. Qeyd: Mühümüfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır. 10. Mənbə dildə tərkibində u saiti ilə yazılan və [yu] kimi tələffüz olunan aşağıdakı sözlər ədəbi dilimizin fonetik qaydalarına uyğun olaraq ü ilə yazılır: alüminium, bülleten, büro, jüri, karbürator, kompüter, Lüksemburq, paraşüt, süjet, tütor, uvertüra və s. 11 . Sonu a saiti ilə bitən alınma sözlər iki cür yazılır: a) Aşagıdakı sözlərin sonunda a hərfi ya­zıl­mır: aksiom, anket, ap­tek, atmosfer, fab­­rik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, qrup, leksem, lent, ma­şın, perspektiv, planet, pyes, reklam, rezin, sistem, sis­tern, sitat, teorem, vitrin və s. b) sonundakı a saiti atılarkən mənası anlaşılmayan və ya başqa məna verən sözlər mənbə dildəki kimi a hərfi ilə yazılır: botanika, doktrina, forma, kamera, qram­ma­tika, norma, poetika, poeziya,respublika, taktika və s. Belə sözlərin sonun­da a hərfi ya­zılmadıqda məna dəyişikliyi baş verir. Məsələn, botanika elm sahəsi olduğu hal­da, botanik sahə üzrə mütəxəssisdir. 12. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində metafor, profilaktori, sanatori şəklində verilmiş sözlərin metafora, profilak­to­riya, sana­to­ri­ya kimi yazılması tövsiyə olunur. 13. Mənbə dildə birhecalı olub, tələffüz zamanı, adətən, sonundakı iki samit arasına i və ya ü saiti artırmaqla tələffüz olunan ərəbmənşəli sözlər iki cür yazılır: a) iki saitlə yazılanlar: ağıl, cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, Misir, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin; b) bir saitlə yazılanlar: cəbr, əmr, əsl, həbs, həsr (etmək),hökm, hüsn,hüzn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s., Bu qisimdən olan sözlərin bir çoxu iki saitlə yazıldıqda başqa mənalı sözlər – paronimlər alınır: əsl –əsil, əsr – əsir, həsr – həsir, kəsr – kəsir , nəfs – nəfis və s. Söz köklərində samitlərin yazılışı 14. Rus dilində tərkibində ц samiti olan Avropa mənşəli alınma sözlərin ya­zı­lışında aşağıdakı qaydalar əsas götürülür: a) ümumi isimlər s ilə yazılır: aseton, dosent, konsert, lisey, sex, sement, senzura, sirk və s. Qeyd: Vitse sözü istisnadır, ts ilə yazılır. b) xüsusi isimlərdə sözün əvvəlində s ilə (Setkin, Sialkovski və s.); sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır: 15. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür: a) sözün əvvəlində və sonunda işlənən щ samiti əvəzinə ş yazılır: borş, Şedrin, Şerba, Şors və s. b) Sözün ortasında işlənən щ samiti əvəzinə qoşa şş yazılır: Quşşin, meşşan, Pleşşunov, Vereş­şa­gin və s. 16. Rus dili vasitəsilə dilimizə keçmiş aşağıdakı alınma sözlər (ümumi və xü­susi isimlər) əslinə uyğun olaraq h hərfi ilə yazılır: Haaqa, Hamburq, har­mo­ni­ya, Havana, Hegel, hektar, heroqlif, Heyne, hidrogen, himn, hospital, Höte, hu­­­manizm və s. 17. Birinci və ikinci hecasındakı samiti, əsasən, [m] ilə tələffüz olunan sözlər n samiti ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zənbil. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır. 18. iy, –skiy ilə qurtaran xüsusi isimlərin sonundakı y samiti yazılmır: Qorki, Mayakovski, Yaroslavski. 19. Kimyəvi element adları mənbə dildəki kimi yazılır: kalium, maqnezium, natrium və s. 20. Mənbə dildə [c] kimi tələffüz olunan alınma sözlər c hərfi ilə də yazılır: Cek London, cemper, Siciliya və s. 21. Mənbə dildə g samitli alınma sözlər g ilə də yazılır: biologiya, dialek­to­lo­giya, general, genezis, geologiya, gigiyena, gimnastika, gitara və s. 22. Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazıl­ma­sı məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s. Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir. 23. Mənbə dildə w samitli alınma sözlər Azərbaycan dilində v ilə yazılır: veb-sayt, Vilyam, vindos, vörd və s. Qoşasaitli və qoşasamitli sözlərin yazılışı 24. Kökündə eynicinsli və müxtəlifcinsli qoşa sait işlənən alınma sözlər ədəbi dildəki tələffüzündən asılı olmayaraq, qoşa saitlə də yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s. 25.Milyonmilyard sözləri mənbə dildəki yazılışından asılı olmayaraq, bu şəkildə yazılır. 26. Hecalarından biri p samiti ilə bitib, sonrakı hecasının ilk samiti [b] kimi səslənən sözlər qoşa pp samitiilə yazılır: guppultu, hoppanmaq, şappıltı, tap­­pıl­tı, toppuz və s. 27. Hecalarından biri k samiti ilə bitib, sonrakı hecasının ilk samiti [g] kimi səslənən sözlər qoşa kk samitiilə yazılır: mürəkkəb, mütəkkə, səkkiz və s. 28. Hecalarından biri t samiti ilə bitib, sonrakı hecasının ilk samiti [d] kimi səslənən sözlər qoşa ttsamitiilə yazılır: əlbəttə, hətta, Səttar və s. 29. Hecalarından biri q samiti ilə bitib, sonrakı hecasının ilk samiti [kʹ] kimi səslənən sözlər qoşa qq samiti ilə yazılır: diqqət, doqquz, saqqal və s. 30. İki sait arasında gələn qoşa samitli sözlər qoşa samitlə yazılır: ballada, ka­­pella, kassa, klassik, qəyyum, libretto, nəqqaş, operetta, səyyar, şassi, vassal, və s. Qeyd: Mənbə dildə tərkibində ll, nn, pp qoşa samitləri olan alınma sözlər aşağıdakı kimi yazılır: paralel, anten, ton, qrup, aparat və s. 31. Mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir sa­mit­lə yazılır: hüsnxət, kiloqram, kilovat, metal, mühüm, rəsmxət, sərhəd və s. 32. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, vatt, zənn, zidd və s. Belə sözlərə samitlə başlanan şəkilçi artırdıqda onların kökündəki qoşa sa­mitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s. Qeyd: Bu qayda hissküll sözlərinə şamil edilmir. Çünki həmin sözlərin son samitlərindən bi­ri­ni atdıqda onlar başqa məna daşıyır: his (ocağın hisi), kül (siqaretin külü). Hiss sözünə yalnız –siz şəkilçisini artırdıqdakökdəki s samitlərindən biri ixtisar olunur. 33. Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindənyalnız biri yazılır: ekspress – ekspres, konqress-konqres, stress – stres və s. 34. Mənbə dildə ss qoşa samiti ilə başlayan ssenari sözünün əvvəlində bir s hərfi yazılır: senari. Həmin sözdən düzələn sözlərdə də bu qaydaya əməl edilir. 35. Mənbə dildə söz ortasında qoşa ss samiti olan aşağıdakı sözlər də bir s hərfi ilə yazılır: masaj, pasaj, şose və s. 36. Mənbə dildə tərkibində qoşa mm samiti olan və sonu a saiti ilə bitən sözlər aşağıdakı kimi yazılır: diaqram, proqram, stenoqram, teleqram və s. 37. Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində –iyyat,- iyyət-iyyə şə­kil­çisi olan sözlər qoşa yy samiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [y] ilə tə­ləf­füz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. Məsələn: cərrahiyyə – cər­ra­hiyə, döv­riy­yə – dövriyə, ədəbiyyat – ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə, üs­lu­biy­yat – üslubiyat və s. Qeyd: Qəyyum, səyyah, səyyar, səyyarə, təyyar kimi sözlər istisnadır. Ehtiyat, mərsiyə, saniyə, təhkiyə, tərbiyə, təziyə, tövsiyə kimi sözlər isə indiyədək bir y ilə yazılmışdır və onların yazılışı olduğu kimi qalır. Şəkilçilərin yazılışı 38. Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır: 1) Bir cür yazılan alınma şəkilçilər: i şəkilçisi: cənubi, daxili, elmi, həyati,Naxçıvani, şimali, Şirvani, tarixi və s. Sonu saitlə bitən sözlərdə bu şəkilçi vi şəklində olur: ailəvi, dairəvi, Gəncəvi, kimyəvi, kütləvi və s. varı şəkilçisi: buynuzvarı, qalxanvarı, üzükvarı, yüngülvarı və s. stan şəkilçisi: Samitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitləri artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan. Saitlə bitən sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan. 2) İki cür yazılan şəkilçilər: Kar samitlə bitənlərdə: qan, –kən; cingiltili samitlə bitənlərdə ğan, –gən: burulğan, çalışqan, deyingən, döyüşkən, sürüşkən, yapışqan və s. 3) Dörd cür yazılan şəkilçilər: , –ki, –ku, – şəkilçisi: axşamkı, bildirki, gündüzkü, onunku, səhərki və s. Sifət və isim düzəldən ı, –i, –u, –ü şəkilçisi: badımcanı, Ceyranı, çərkəzi, darçını, dərbəndi, gümüşü, narıncı, novruzu, Vağzalı və s. Sonu saitlə bitən sözlərdə bu şəkilçilərin əvvəlinə y samiti artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s. 4) Feil köklərindən isim və sifət düzəldən şəkilçilər. Sonu kar samitlə bitən sözlərdə: , –ki, –qu, –: asqı, pusqu, seçki, sürtkü və s. qın, –kin, –qun, kün: bitkin, ötkün, satqın, tutqun və s. Sonu cingiltili samitlə bitən sözlərdə: ğı, gi, –ğu: bölgü, çalğı, vergi, vurğu; ğın, –gin, –ğun, –gün: əzgin, qırğın, süzgün, yorğun. 39. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-, –ci, –cu, –) yazılır: 2-ci, 3-cü, 6-cı, 10-cu. 40.Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s. Mürəkkəb sözlərin yazılışı 41. Aşağıdakı mürəkkəb sözlər bitişik yazılır: a) bir vurğu ilə deyilən müxtəlif sözlər: arabir, balacaboy, beşillik, beş­mər­təbəli, bugünkü, Bülbüloğlu, Çər­kəz­qızı, dilucu, Əliağa, gülərüz, günəbaxan, hərgecəki, Həsənoğlu, köhnəfikirli, qalxanabənzər, qanunvericilik, qara­saç­lı, Qənbərqızı, qurultayqabağı, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, türk­mən­şəli, ucdantutma, ümum­b­ə­şə­ri, yenifikirli və s. b) eyni feil kökünün təkrarı və a, ha bitişdiricilərinin vasitəsilə yaranan mürəkkəb isimlər: gəlhagəl, qaçaqaç, tutatut, vurhavur və s. Qeyd: Sözün kökü kar samitlə bitdikdə a, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır. c) eyni sözün təkrarı və ba, bitişdiricisinin vasitəsilə yaranan mürəkkəb zərflər: addımbaaddım, aybaay, günbəgün,ilbəil və s. ç) kinofoto sözləri ilə başlanan mürəkkəb isimlər: fotoalbom, fotomüxbir, kinofilm, kinoteatr və s. 42.Tərkibində anti, audio, avia, avto, makro, mikro, mini, mono, multi, nano, neo, post, super, ultrahissəcikləri olan mürəkkəb sözlər bitişik yazılır: antivirus, multikulturalizm, superdövlət, supermarket, aviasalon, avtopark, miniavtobus, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, postsovet, postmodernizm və s. 43. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı mürəkkəb sözlər defislə yazılır: a) qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük, həlləm-qəlləm, kağız-kuğuz,qara-qura, qonaq-qara, sür-sümük, top-top və s. b) tərkibində eks, əks, kontr, qeyri, ober, vebhissəcikləri olan mürək­kəb sözlər: eks-prezident, əks-səda, kontr-admiral, qeyri-adi, qeyri-iradi, ober-leytenant, veb-dizayner, veb-səhifə, vitse-admiral; c) izafət tərkibləri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar, nöqteyi-nəzər, tərcümeyi-hal, tərzi-hərəkət; ç) cəhətlər arasını bildirən mürəkkəb sözlər: cənub-qərb, şərq-qərb, şimal-şərq; d) tərkibində mənaca bir-birinə yaxın və ya zidd anlayışları bildirən sözlər: ab-hava, adlı-sanlı, ağıllı-kamallı, alğı-satqı, az-çox, baş-ayaq, dərə-təpə, dinməz-söyləməz, elə-belə, gec-tez, iki-üç, naz-qəmzə, nəvə-nəticə, ölüm-itim, pis-yaxşı, söz-söhbət, təhvil-təslim, ucsuz-bucaqsız və s. e) ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovat-saat, qram-kalori və s. ə) birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıqtünd sözlərinin, eləcə də müəyyən məna çalarlığı bildirən ala sözünün iştirakı ilə yaranan mü­rək­kəb sifətlər: açıq-sarı, ala-seyrək, tünd-göy və s. Köməkçi sözlərin yazılışı 44. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata ikən, ata imiş, gəlirkən, gəlməli idi, gəlməli ikən, gəlməli imiş, gəlmiş imiş, gəlmişdi, uşaq idi, uşaq ikən, uşaq imiş və s. Qeyd: Saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlərin ilk saiti buraxılaraq y bitiş­diri­cisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəl­mə­liy­di və s. 45. Qoşmalar iki cür yazılır: 1) birhecalı qoşmalar (can, –cən, –dək, –tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək; Qeyd: Xas qoşması istisnadır, aid olduğu sözdən ayrı yazılır: Bu dilə xas xüsusiyyət. 2) ikihecalı qoşmalar (ilə. kimi, qədər, ötrü, təki, təkin, üçün) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün. Qeydlər: 1) İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq la, – şəklində bitişik yazıla bilər: çəkiclə, qatarla, qələmlə və s. 2) etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə, vasitəsilə sözləri yalnız bu şəkildə yazılır. 46. Aşağıdakı mürəkkəb bağlayıcılar bitişik yazılır: çünki, habelə, halbuki, həmçinin, hərçənd, hərgah, nəinki, yaxud, yainki. 47. Aşağıdakı bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki, bu­na görə də, bunun üçün, bununla da, daha da, guya ki, həm də, odur ki, ona görə də, ona görə, onun üçün də, tutaq ki, və ya, və yaxud, yoxsa ki. 48. Ədatlar sözlərdən ayrı yazılır: daha gözəl, dedim də, di get, ən yaxşı, gör ha, lap pis, sən ki. , –mi, –mu, –mü;sana, –sənə-ca, – cə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: A kos-kosa, gəlsənə, torbanı doldursana? İndicə gəlmişsən?Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? Yaxşıca dincəldim. Qeyd: , –mi, –mu, – sual ədatı da, – köməkçi nitq hissəsindən sonra işləndikdə ayrı yazılır: O, yenə də mi danışacaq? Sən də mi gedirsən? 49. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay 50. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray. Birinci hərfi böyük yazılan sözlər 51. Ad, soyad və təxəllüs bildirən sözlərin (bəy, oğluqızı sözlərindən başqa) birinci hərfi böyük yazılır: Bəxtiyar Vahabzadə, İmadəddin Nəsimi, Mehdi Hüseynzadə, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Nizami Gəncəvi, Sə­məd Vurğun, Süleyman Rüstəm, Süleyman Sani Axundov, Şah İsmayıl Xətai, Uzun Həsən, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli və s. Qeyd: Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılır: Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi Aslanovlar, Mehdi Hüseynzadələr və s. 52. Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işləndikdə böyük hərflə yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qarğa, Qırat, Məstan, Samo­var, Tülkü və s. 53. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılır: Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü, Xəzər dənizi, Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Şuşa qalası Ver­sal sülhü, Vətən müharibəsi, Yeddiillik müharibə və s.Belə mürəkkəb adlara fərq­lən­di­ri­ci söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü. 54. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Bir­ləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası. 55. Yaradanın və səmavi kitabların adları böyük hərflə yazılır: Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s. 56. Planet adları, mifonimlər böyük hərflə yazılır: Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. 57. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azər­baycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (adına, üzrə kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s. Qeydlər: 1) Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azər­bay­can­lı­larının Həmrəyliyi Günü və s. 2) Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır. 3) Tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s. 58. Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq birincisi böyük hərflə yazılır: a) məşhur tarixi gün və bayram adlarında: İyirmi yanvar (20 Yanvar), Qurban bayramı, Səkkiz mart (8 Mart), Novruz bayramı və s. b) tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda: Sakit okean, Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq meydanı, Ə.Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Yasamal dərəsi, Qaraqum səhrası, İynə burnu. 59. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Res­­publikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s. Qeyd: Azərbaycan Milli Qəhrəmanı mürəkkəb adında hər üç söz böyük hərflə yazılır. 60. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azər­bay­can” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı”, “İstisu” mi­ne­ral suları. Qeyd:Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası və s. 61. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, bəyim və s. sözlər rütbə, ləqəbtitul bildirib, sözlərdən əvvəl gəldikdə böyük hərflə, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Fətəli xan, Hacı Qara, Heyran xanım, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Soltan Mahmud, Şah İsmayıl, Şeyx Nəsrullah və s. Qeyd: Ağa, bəy, xan, xanım sözləri insan adlarının tərkib hissələrini təşkil etdikdə bitişik yazılır: Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan, Böyükxanım və s. Həmin sözlər adlara qoşularaq titul kimi və ya hörmət məqsədilə işləndikdə isə ayrı yazılır: Abbasqulu ağa (Bakıxanov), Üzeyir bəy (Hacıbəyli), Fətəli xan (Xoyski), Fatma xanım (Kəminə) və s. İxtisarlar (abreviaturlar) 62. İxtisarlar üç cür yazılır: 1. Tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m. (metr), c. (cild) və s. 2. Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAC (Azərbaycan Teleqraf Agentliyi) və s. 3. Sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod) və s. 63. İxtisarlara əlavə edilən şəkilçilər onların tələffüzünə uyğun olaraq ya­zılır: AMEA-dan, BMT-yə, MDB-nin və s. Sözün sətirdən sətrə keçirilməsi 64. Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər və s. Sözün bir saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sət­rə keçirmək olmaz: a-ilə, a-zadlıq, iddi-a və s. Bu qəbildən olan sözlər sətirdən sətrə bu şəkildə keçirilir: ai-lə, azad-lıq, id-dia və s. 65. Saylar rəqəmlə yazıldıqda onlara artırılan şəkilçilər sətirdən sətrə ke­çi­ril­mir: 5-cilər, 7-ci, 9-da və s. 66. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçiləri də sətirdən sətrə ke­çirmək məqbul sayılmır: ADTU-da, BMT-nin, BDU-ya və s. 67. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını (M.F.Axundzadə, M.S.Ordubadi və s.) sətrin sonunda saxlamaq olmaz. 68. Durğu işarələri (tire, defis, mötərizə, dırnaq işarələri və s.) yeni sətrə keçirilmir. 69. Vaxtilə apostrofla yazılan cürət, məşəl, vüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin aşağı­­dakı şəkildə sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır: Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət,vü-sət və s.

Azərbaycan dilinin quruluşu

Azərbaycan dili azərbaycanlıların ana dilidir. Bu dil respublikamızda 12 noyabr 1995-ci ildə qəbul edilmiş konstitusiyada Azərbaycan dili kimi təsbit olunmuşdur. Konstitusiyanın 21-ci maddəsində yazılır: «Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir».

TÜRK DİLLƏRİ AİLƏSİ

Dünyada 3.500-dən çox dil var. Bir kökdən törəyən dillər qohum dillər sayılır. Qohum dillərin hamısına birlikdə dil ailəsi deyilir. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur.

Qədim türk dilinin qrupları: oğuz, qıpçaq, qarluq və s.

  • Oğuz qrupu: türk, Azərbaycan, türkmən, qaqauz.
  • Qıpçaq qrupu: qazax, qırğız, başqırd, tatar, qumuq.
  • Qarluq qrupu: özbək, uyğur, salar.

Bugünkü Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu və qrammatik quruluşu ilk orta əsrlərdə (birinci minilikdə) təşəkkül tapmışdır.

AZƏRBAYCAN DİLİNİN MORFOLOJİ QURULUŞU

Dillərin tipoloji bölgüsündə sözlərin morfoloji quruluşu əsasdır. Dillər tipoloji baxımdan aşağıdakı qruplara bölünür:

  • Kök (amorf) dillər sözün kökü dəyişmir və şəkilçi yoxdur: çin.
  • Flektiv dillər həm sözün kökü içəridən dəyişir, həm dəşəkilçi sözün müxtəlif yerlərində gəlir. Sözlərdə ön şəkilçi (prefiks), iç şəkilçi (infiks), son şəkilçi (sufıks) işlənir: ərəb.
  • İltisaqi (aqlütinativ) dillər- kök sabit qalır, şəkilçilər isə sözün kökünə artırılır: Azərbaycan.

Sözün əvvəlinə şəkilçi artırılması (la+qeyd, a+normal), sözdən şəkilçini ayırarkən kökün məna verməməsi (bio+loji, frazeo+logiya, lüğə+vi), l,-q,-k şəkilçilərinin olmasına baxmayaraq, həmin sözlərin kökdən ayrıla bilməməsi (alçal, alçaq, kiçik, kiçil) iltisaqi prinsipdən kənara çıxır.

İSTİSNA: na+dinc, na+kişi (dinc və kişi milli sözlərdir).

Dil və mədəniyyət. Dil və xalqın tarixi

Dildə yeni terminlərin yaranması mədəni inkişafla bağlıdır. Mədəni səviyyənin qalxması isə ədəbi dilin fəaliyyət dairəsini genişləndirir və ədəbi dil normalarım möhkəmləndirir. Bununla da dialektin sosial işlənməsi məhdudlaşır. Ümumi mədəni səviyyənin inkişafı elmin genişlənməsini şərtləndirir.

Dilin inkişafının xalqın tarixi ilə bağlılığını iki istiqamətdə görmək mümkündür. Birincisi, qohum tayfaların birləşməsi nəticəsində bu tayfaların dili də birləşərək həmin xalqın dilinə çevrilir. Digər tərəfdən dil faktları müəyyən mədəni-tarixi hadisələrin aydınlaşmasında mühüm rol oynayır. Məsələn, Midiyanın aparıcı tayfasının adı mak olmuşdur və bu söz qədim türkcədə ilan mənasını bildirir.

Fonem anlayışı

Sözün mənasını dəyişən səs fonem adlanır: tələ-dələ, zaman-saman, dağ-sağ-çağ-bağ-tağ.

Dil vahidləri iki yerə ayrılır: müstəqil və qeyri-müstəqil.

  • Müstəqil dil vahidləri: söz, cümlə. Onlar dilin formalaşması prosesində aparıcı rol oynayır.
  • Qeyri-müstəqil dil vahidi: fonem. Fonem müstəqil dil vahidlərinin formalaşması vasitəsi kimi çıxış edir.

Vurğu

Azərbaycan dilində vurğunun üç növü vardır: heca vurğusu, məntiqi vurğu, həyəcanlı vurğu.

  • Heca vurğusu — sözlərdəki hecalardan birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunmasıdır.
  • Məntiqi vurğu — cümlədəki sözlərdən birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunmasıdır. Məntiqi vurğulu söz, adətən, xəbərin yanında olur. Ancaq intonasiyadan istifadə etməklə məntiqi vurğulu sözün yeri dəyişə də bilər.
  • Həyəcanlı vurğu — hiss və həyəcanları ifadə etmək üçün sözün qeyri-adi şəkildə tələffüz olunmasıdır.

İntonasiya

İntonasiya — nitqin ahəngi, ritmi, nitqin tempi və ya sürəti, intensivliyi, məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusundan ibarətdir. İntonasiya modallıq bildirir. Onun vasitəsilə məlumat vermə, sual və əmr intonasiyaları fərqləndirilir.
Xitabların, ara söz və ara cümlələrin intonasiyası da fərqlənir.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

  • Teqlər:
  • Azərbaycan dili
  • , dilçilik

Comments are closed, but trackbacks and pingbacks are open.