Füzuli kimdir? Təqdim etməyə utanıram. Kərbəlada alınan halallıq – REPORTAJ FOTO
Ey Füzuli, çıxdı can, çıxman təriqi-eşqdən,
Rəhgüzari-əhli-eşq üzrə qılın mədfən mana!
Füzuli haqqında melumat
Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Füzuli 08.08.1930-cu ildə inzibati rayon statusu almış və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Tarixi 1827-ci ildən hesablansa da, Azıx mağarasındakı tapıntılar buranın ən qədim insan məskəni olduğunu sübut edir.
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Cənub-qərbdə Cəbrayıl, şimalda Xocavənd, Ağcabədi, şərqdə Beyləqan rayonları və cənubda Araz çayı boyunca İranla həmsərhəddir. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.
Füzuli rayonunun ərazisi 1.39 min km2, əhalisi 133,8 min (01.01.2020) nəfərdir. Rayonda 2 şəhər (Füzuli, Horadiz), 11 qəsəbə (yeni salınmış 1-11№-li Qayıdış qəsəbələri), 82 kənd vardı. Kəndləri bunlardır – Alxanlı, Arayatlı, Babı, Mollaməhərrəmli, Aşağı Seyidəhmədli, Şükürbəyli, Araz Dilağarda, Şəkərcik, Şıxlı, Böyük Bəhmənli, Cuvarlı, Çimən, Xələfşə, Dədəli, İşıqlı, Qarğabazar, Yuxarı Yağlıvənd, Yuxarı Aybasanlı, Yal Pirəhmədli, Dilağarda, Dördlər, Qobu Dilağarda, Dövlətyarlı, Qərvənd, Zərgər, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Kürdlər, Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Əhmədbəyli, Araz Zərgər, Qarabağ, Murtuzalılar, Gecəgözlü, Üçüncü Mahmudlu, Horadiz, Dördçinar, Hüngütlü, Kərimbəyli, Aşağı Yağlıvənd, Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu, Qacar, Divanalılar, Qaraxanbəyli, Qaraməmmədli, İkinci Mahmudlu, Merdinli, Qarakollu, Gorazıllı, Xatınbulaq, Qaradağlı, Saracıq, Yuxarı Rəfədinli, Yuxarı Güzlək, Qoçəhmədli, Arış, Mollavəli, Sərdarlı, Üçbulaq, Govşatlı, Şıxımlı, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Ağbaşlı, Yuxarı Seyidəhmədli, Birinci Mahmudlu, Mirzəcamallı, Ələsgərli, Hüseynbəyli, Seyidmahmudlu, Pirəhmədli, Aşağı Güzlək, Aşağı Rəfədinli, Mandılı, Musabəyli, Bala Bəhmənli, Qorqan.
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Bu da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz –qəhvəyi torpaq sahələrinin olması ilə izah edilir. İşğala qədər rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Rayonda 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı, 11 üzüm emalı müəssisəsi və s. vardı. Kənd təsərrüfatına yararlı torpaqlar 85 min hektar idi. 50,9 min ha otlaq sahələri var idi. Rayonda Köndələn çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdir. Suvarılan torpaqlar 24 min hektardı. İşğaldan əvvəl təsərrüfatlarda 17. 6 min baş qaramal, 70 min baş qoyun və keçi saxlanılırdı. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.
Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Təhsil və səhiyyədə də yaxşı göstəricilərə malik rayonda 685 çarpayılıq 13 xəstəxana, 17 həkim məntəqəsi, 30 feldşer–mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, texnikum, 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 65 məktəbəqədər müəssisə, stadion, və s. obyektləri olub.
Eləcə də güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə respublikamızda ad-san qazanmışdır. Əməyə bağlılıq, halal zəhmət də füzulilərin həyat tərzi olmuşdur. Bu torpağın yetirməsi Şamama Həsənova iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Füzulidə 300-dən artıq elmlər namizədi və doktoru yetişmişdir.
Füzuli rayonu həm də yaşı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay mədəniyyəti, tarixi və memarlıq abidləri ilə tanınır.
Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
1994-cü ildə aparılan uğurlu hərbi əməliyyatların sayəsində rayonun 82 yaşayış məntəqəsindən 23-ü azad edilmiş, bu gün 65962 füzulili doğma yurd-yuvalarında yaşayır. 55038 nəfər məcburi köçkün Bakı şəhəri və Respublikamızın 50 şəhər və rayonunda məskunlaşıb. Füzulidə bu gün ermənilər zəbt etdiyi torpaqlarımızda ekoloji terrorla yanaşı, rayonun XII əsrə gedib çıxan qəbristanlığını, XVII əsrə aid Mirəli türbəsini, Cəlil türbəsini, XIX əsrdə tikilmiş məscidi, İmamzadə türbəsini və qədim körpüləri darmadağın edərək vandallıq etmişlər. Qeyd edək ki, Qarabağ savaşında Füzuli rayonundan 1100-dən çox şəhid, 1550 nəfər əlil, 181 nəfər itkin düşmüşdür. Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Müharibənin əsas ağırlığını Qacar, Divanlılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər.
Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 1 şəhər (Horadiz), 11 qəsəbə, 21 kənd vardır. Qəsəbələrdən 11-i respublika Prezidentinin Fərmanları ilə Dövlət Neft fondundan ayrılmış vəsait hesabına işğaldan azad olunmuş ərazidə salınmışdır.
17 oktyabr 2020–ci ildə Füzuli şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 53 kəndi Ermənistan işğalından azad olunmuşdur. Füzuli rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ Azərbaycandır!
Qarabağ Yaddaş kitabı. Bakı 2010, MHS- paliqraf
Dövlət Statistika Komitəsinin məlumatları
Füzuli kimdir? Təqdim etməyə utanıram. – Kərbəlada alınan halallıq – REPORTAJ + FOTO
Yanımdan ötənlər görürlər ki, diz çökmüşəm, dualar oxuyuram, şeirlər vird edirəm. İmamın məqbərəsinin nəyə görə içində yox, çölündə diz qatlayıb əyləşməyim ziyarətçilərdə təəccüb doğurur. Gəlib soruşurlar ki, bu divara adı həkk olunan Füzuli kimdir? Füzulini təqdim eləməyə utanıram.
“Kaspi” qəzetinin Məhəmməd Füzulinin Kərbəladakı məzarından hazırladığı reportajı təqdim edirik:
Budəfəki Novruz bayramında Məhəmməd Füzulini “tək qoymadım”. Kərbəlada hər gün minlərlə ziyarətçi Füzulinin qəbrinin yanından biganəliklə ötüb keçir, çoxu heç belə bir zatın tarixi mövcudluğundan da xəbərsizdir. Hətta iraqlı ziyalıların, şair-yazıçıların əksəri də Füzulini düz-əməlli tanımır, dahi şairin yaradıcılığı, kimliyi əbədi uyuduğu diyarda çoxları üçün o qədər də böyük maraq kəsb etmir. Elə Kərbəlaya ziyarətə gələn çoxsaylı azərbaycanlılar da əksərən şair hayında deyillər, ölməz söz sənətkarını yad etmək kimi bir qayğıları da yoxdur.
Səhər mehi sayaq.
İraqa IX Babil Mədəniyyət və İncəsənət Festivalına getmişdim, o günlərdən birində – 21 martda imkan tapıb Kərbəla ziyarətinə də getdim. Həzrəti İmam Hüseyn və Həzrət Abbasın məzarlarının və ibadət komplekslərinin ziyarətlərindən sonra gedib oturdum dahi söz sənətkarının məzarını işarə verən daşın yanında və gücüm yetdiyi qədər dualar oxudum, vaxt aman verənəcən qəzəllərindən pıçıldadım, onun yaradıcılığı xüsusunda hazırda yazdığım “Füzulinamə” adlı kitabımın halallığını istədim.
Füzuli zamanında ona qarşı olan etinasızlığı, biganəliyi belə dilə gətirirdi:
Nə yanar kimsə mənə atəşi-dildən özgə
Nə açar kimsə qapım badi-səbadan qeyri.
Bu bayramın şair üçün badi-səbası – səhər mehi mən idim və Füzulinin əbədi mənzilinin “qapısına gəlmişdim”, amma meh sayaq özüm yox, ürəyim əsirdi. Müqəddəsliyin ecazında idim.
Kölgənin qalınlığı.
Zənnimcə, Füzuli başqa yerdə dəfn edilsəydi, bunca unudulmazdı, bu qədər kölgədə qalmazdı. Bəlkə də, dəfn ediləcəyi məzarıstanın ən çox yad ediləni elə o olardı. Amma kölgədə qalanda da gərək belə qalasan, bu sayaq müqəddəs insanların, yaşamları ilə örnək olanların kölgəsində “yaddan çıxasan”. Füzuli ömrü həm də o mənada örnəkdir ki, bu gün kölgəyə sığınmaq istəyən şair-yazıçılar, adətən, kölgə deyəndə vəzifəli, pullu adamların əhatəsində dolanmağı nəzərdə tuturlar, kölgənin ancaq dirilərin bir xəyali parçası olduğunu zənn edirlər. Kölgəni əmin həyat, qayğısız güzəran, tapşırılma, vəzifə yüksəlişinin təminatı kimi qavrayırlar. Ancaq Füzulinin sığındığı kölgə bir ayrı kölgədir, o sayə daim düşür, gün olsa da, olmasa da, bu gün də, sabah da, əbədiyyən də. O kölgəni nə “budamaq” olar, nə “kəsib atmaq”, nə də hansı cürsə məhv etmək. Füzuli sayədə – kölgədə qalması ilə belə bir insanlara ibrətamiz məktəbdir. Onun şeir dəsti-xətti ədəbiyyatımızda “Füzuli məktəbini” yaradıbsa, yaşayışı, güzəranı da həyati baxımdan “aliliyə xidmətkarlıq” mədrəsəsini ucaldıb.
Sayə sevdası.
Füzulinin vəsiyyətincə, onu gərək elə yerdə torpağa tapşıraydılar ki, İmam Hüseynin məzarının kölgəsi daim onun qəbrinə düşəydi. Vəfatından sonra vəsiyyətinə uyğun olaraq həzrəti imamın məzarına yaxın bir yerdə dəfn edilir. Bəs görəsən, nə idi Füzulinin kölgə sevdasının kökündə dayanan əsas səbəb, bariz məqam? O, bir qəzəlində yazırdı ki:
Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı,
Sayətək bir yerdə durmağa qərarım qalmadı.
Yəni kölgə səbirsizliyin nişanəsidir, o, yerini tez-tez dəyişir, sahibi ilə birgə gəzir, yiyəsi nə qədər kəmhövsələdirsə, kölgə də o qədər ipə-sapa yatmayan olur. Fəqət, qəbrin kölgəsi isə yerini dəyişmir, müdam elə bir yerdə qalır. Yuxarıdakı misranın bir mənası da ölümün səbrə bərabər olmasıdır. Ölüm kölgəyə belə sabitlik, səbir aşılayır, aram verir. İmamın kölgəsində olmaq həm də səbrin, dözümün, sadiq – dəyişməz əqidənin, yerin sayəsində əbədi qərar tapmaq deməkdir.
Füzuli ilə.
Dayanmışam Füzulinin məzarının yanında, artıq dualarımı bitirmişəm, şeirlərindən bəs qədər oxumuşam, daha indi sadəcə ətrafın seyrindəyəm. Az öncə yanımdan ötənlər görürlər ki, diz çökmüşəm, dualar oxuyuram, şeirlər vird edirəm. İmamın məqbərəsinin nəyə görə içində yox, çölündə diz qatlayıb əyləşməyim ziyarətçilərdə, yanımdan keçənlərdə haqlı təəccüb doğurur. Gəlib soruşurlar ki, bu divara adı həkk olunan Füzuli kimdir? Füzulini təqdim eləməyə utanıram. Axı mən kim, o kim?! Fəqət sonra özümdə bir az təpər tapıram. Ürəyim yanır ki, nədən ömür etdiyi bu diyarda onu yurdumuzdakı qədər tanımırlar, nə üçün haqqı olan miqdarda sevmirlər? Özümə bu sualı verirəm, cavabı isə Füzulidən gəlir:
Gəlmə qəbrim üzrə, ey eşq içrə məntək olmayan!
Tənə daşidir sənə, səngi-məzarımdan saqın!
Füzuli yadıma öz sözlərini salır, deyir, axı mən əsrlər öncəsindən tapşırmışam ki, mənim eşq fəlsəfəmi, həyat amalımı anlamayanın quruca məzarım üzərinə gəlməsinə ehtiyacım yoxdur. Füzuli bu qəzəli ilə şairi tanımayanların ziyarətini qadağan edib, onu duymadan yolunu onun qəbir evinə salanları öz sözləri ilə bu yoldan saqındırıb. Qəzəlində açıqca yazıb ki, mənim kimi aşiq deyilsənsə, qəbrimə üz tutma, onda qəbir daşım günahkara atılan tənə daşı kimi səni də əzər, uzaq dur, kənar dayan məndən ki, xətər görməyəsən. Məni də o yerə aparan elə dinimizə sevgi qədər sözümüzə də, klassik irsimizə ehtiram deyildimi? Əgər qəlbimdə həmin eşq olmasaydı, o qəbri bu qədər tanımaz-bilməz adamların arasında necə tapa bilərdim ki?
“Məzarı” necə tapıram.
Məzar daşını – Füzulinin adı yazılmış divarı zülmlə tapıram, kimdən soruşuruqsa belə bir adamı tanımırlar. Allah ağlıma bərəkət versin, nə yaxşı ki, məzarın internetdə olan şəklini telefonumda saxlamışam. Onu göstərə-göstərə gəzirik, amma xeyri yoxdur, tanıyan tapılmır. Məzarın şəklini çox adama göstərsəm də, tanımırlar, “öldü var, döndü yoxdur” inadı ilə az qala İmam Hüseyn məqbərəsinin dörd bir yanındakı mühafizəçilərə məzarın şəklini göstəririk, hərəsi bir səhv ünvanı nişan verir. Məni ziyarətə aparan bələdçiyə deyirəm ki, gəl yaşlı adamlardan soruşaq, bəlkə, onlar bilələr. Yaşı 80-i adlamış bir ixtiyardan soruşuruq, çox düşünəndən sonra deyir ki, hə, yadıma düşdü, elə bir şairin məzarı var burda. Və gətirir bizi qəbri işarə verən yerə. Sən demə, o adam 50 ildən çoxdur bu yerdə su satır və onun gözləri önündə dünyanın çox gedişatları təzələnib, çox hakimləri taxtdan salınıb, dürlü-dürlü gözəllikləri xarabazara dönüb.
Məzarın başına gələnlər.
Zamanında mərhum yazıçı Zakir Sadatlı qəlbən sızlayaraq Füzuli məzarına olan arzuolunmaz münasibətə qarşı etiraz edərək yazırdı: “1979-cu ilə qədər Füzulinin məzarı böyük Bəktaşilər nəslinin nümayəndəsi olan və Dədə Bəktaşi deyilən bir şəxslə eyni günbəzin altında olub. 1978-79-cu illərdə məzarı söküblər. Üstündə su hovuzu tikiblər. Füzulinin məzarı Kərbəlada – İmam Hüseynin məqbərəsinin yaxınlığında su hovuzunun altındadır”.
Türkmən alimi və şairi Məhəmməd Mehdi Bayat bir məktubunda dahi şairin məzarı barədə belə xəbər verir:
“1975-ci ildə məscidin “Qiblə qapısı” tərəfindən sahəsi genişləndikdə məqbərə dağıdıldı və bərpa olunmadı. Yalnız 1994-cü ilin sentyabrında Bağdadda keçirilmiş Füzuli əl-Bağdadi festivalında Həzrəti Hüseynin məqbərəsi ilə əhatələnən darvazanın kənarında qiblə tərəfdən sağda yerləşən ofis və əlyazmalar fondunun kitabxanasının otaqlarından birində şairin rəmzi qəbri tikildi”.
Türkiyəli yazar Murad Bardakçı da ürək ağrısı ilə bu qəbir xüsusunda yazıb: “Şairin sümükləri yığılıb bir qutuya qoyulmuş və yaxınlıqdakı kiçik Sultaniyyə məscidinə yerləşdirilmişdi. Füzulinin sümükləri illərlə həmin məsciddə qalıb. Yola görə buldozerlər bu məscidi də uçurdur. 1994-cü ildə Azərbaycan yenə Füzulinin sümüklərini istədi. Şairin sümükləri qarşılığında İraqa “biz türkiyəliləri yola gətirərik” deyib, ərəb ədəbiyyatının ən güclü şairi İmrul Qeysin Ankaradakı qəbrini vəd etdilər. Bağdad yenə “olmaz” cavabını verir, ancaq Azərbaycanın basqıları davam edir. İraq söz verir ki, adına layiq bir yerdə Füzuliyə yeni türbə ucaldacaq. Qəbrin yerini də azərbaycanlılar seçir. Füzulinin sümükləri Kərbəladakı Həzrət Hüseyn türbəsini dövrəyə alan məscidin qiblə girişindəki əlyazmalar otağına köçürülür və giriş qapısının solundakı divarın altında dəfn edilir”.
Ürəyə dammalar.
Amma Füzuli öz zamanında bilirmiş ki, qəbrinin aqibəti belə olacaq, axır evini belə tufanlar çalxalayacaq, ona görə də bu haqq misranı kağıza köçürüb:
Olmayıb xali qəmü ənduhdən qəbrim evi.
Şairin özü irəlicədən xəbər verib ki, qəbir evim bəladan, qəmdən yayına bilməyəcək. Son mənzildə də mənə rahatlıq verməyəcəklər, ordan bura, burdan ora aparacaqlar, gah bir ünvanda, gah başqa bir məkanda qərar tapmalı olacağam.
Qəbri necə tanıyaq?
Füzuli bizim sonradan görəcəyimiz o həqiqəti də hələ öz zamanında duyub söyləyirdi ki, məni dərdsizlər, dünyanın halından bixəbərlər dəfn edəcəklər. Amma məni torpağa tapşıranlar qəbrimə elə bir əlamət qoysunlar ki, o əlamətlə məzarımı hamı tanısın, hər kəs Füzuli cisminin son sığınacağı, əbədi qərargahının bu ünvan olduğunu yəqin etsin.
Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən
Ki, məlum ola dərd əhlinə qəbrim ol əlamətdən.
Füzuli bilirdi ki, onu dəfn edən dərdsizlərlə elə məzarı başındaca əbədiyyən ayrılacaq, bir daha yolu heç vəchlə onlarla kəsişməyəcək, çünki bidərdlər onu torpağa verən kimi, elə unudacaqlar, elə bil heç bu dünyada Füzuli adda birisi olmayıb. Füzuli tapşırır ki, məzarımı eşq əzabının daşından, yaxud sevda yolunda aşiqlərə atılan məzəmmət daşından ucaldın ki, mənim kimi eşqə qapılanlar, məhəbbətə aludə olub yaxasını qəmin əlinə verənlər o saat həmin əlamətdən, daş nişanədən mənim kimliyimi anlasınlar, qəti şəkk gətirmədən “bu odur” – Füzulidir” söyləsinlər.
Və dahi ədib onu da bildirir ki, canım çıxa bilər, amma eşqin yolundan sapmaram, ona görə də mənə eşqə sarı istiqamətlənənlərin yönündə qəbir qazın.
Ey Füzuli, çıxdı can, çıxman təriqi-eşqdən,
Rəhgüzari-əhli-eşq üzrə qılın mədfən mana!
Döymə nökər qapısını, döyərlər bəy qapını.
Füzulinin məzarını sökdürən Səddam Hüseyni İraqın ucqar bir yerində dəfn etmişdilər, sonra məzarı bir neçə dəfə dağıdıldı, təhqirlərə tuş gəldi, axır ki, elə yerdə basdırdılar ki, izi-tozu bilinməsin. Vətənində Səddama uyuya biləcəyi məlum bir guşə belə çox görüldü. Qapı döydü, qapısı döyüldü. Onun hakimiyyəti dönəmində buldozerlər Füzuli məzarını “didərgin salmışdı”. Fəqət Füzulinin məzarını Azərbaycana qıymayanlar, yaxud buldozer “buynuzları” ilə dağıdanlar bir həqiqəti gözə almamışdılar ki, onun qəbri də, varlığı da sözlərində, qəzəllərində və ölməz əsərlərindədir. Onlarısa nə Səddamın buldozerləri, nə də başqa güc sahiblərinin texniki vəhşəti dağıda bilər. Xoş o kəsin halına ki, sarayı könüllərdə, qəbir evi isə əbədiyyətdə bərqərar olub. Füzuli kimi.
P.S. Mən səfərə getməmişdən öncə təhlükəsizlik məsələsinə görə Azərbaycanın İraq Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədova Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, hörmətli Anar müəllim adından məktub ünvanlamışdı ki, həm İraqa yollanmağımdan xəbərdar olsunlar, həm də təhlükəsizlik məsələləri baxımından köməklərini əsirgəməsinlər. Sağ olsun, səfirliyimiz orada olduğum günlərdə daim mənimlə maraqlandı və Kərbəlaya səfərimin təşkili məsələsində əllərindən gələni etdi.
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
Füzuli rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə zəngindir. 27 ildir ki, rayonun tarixi memarlıq və arxeoloji abidələri erməni işğalı altındadır.
AZƏRTAC xəbər verir ki, rayon ərazisindəki memarlıq abidələrinin bəziləri Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunub. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il) rayonun işğaldan azad olunmuş hissəsində yerləşir. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində İbrahim türbəsi (XVIII əsr), Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı və Mir Əli türbəsi (XIII əsr), Qoçəhmədli kəndində XVIII əsr məscid və yaşayış binası, Horadizdə XIX əsr məscid və İmamzadə türbəsi, Füzuli şəhərində, Qacar, Böyük Pirəhmədli, Merdinli kəndlərində XIX əsrə aid məscidlər, Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri, “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç füquru, dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası, həmçinin ondan çox kurqan tipli arxeoloji abidə isə 27 ildir erməni vandalizminin qurbanına çevrilib. İşğal altında qalan tarixi abidələr erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bizi sosial şəbəkələrdə izləyin
Comments are closed, but trackbacks and pingbacks are open.