Orqoğalın hazırlanması Dünən, 18: 41 Mətbəx / Şirniyyat 0 3 048
İstər qadın və istərsə də kişi alt paltarları kətan və pambıq parçalardan tikilirdi. Lakin çox zaman varlı ailələrdə alt köynəyini də ipək parçadan tikirdilər.
Azerbaycan milli geyimleri
Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı sabit etnik əlamətlər sırasına daxildir. Geyimlər etnogenez məsələlərini aydınlaşdırmaq, xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynamaqla xalqın həm təsərrüfat sahələrinin səviyyəsindən və həm də coğrafi şəraitdən asılıdır.
Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.
Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış eradan əvvəl V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. Eradan əvvəl III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.
Bakı şəhərindəki Şirvanşahlar sarayı (XV əsr) yanındakı məqbərədə aparılan həfriyyat işləri zamanı qiymətli xara və ipək parça qalıqları aşkara çıxarılmışdı.
Azərbaycanda çoxlu miqdarda ucuz xammal mənbələrinin olması burada orta əsr şəhərlərində ipək və yun parça istehsalı sənətkarlığının inkişafı üçün lazımi şərait yaratmışdır.
XVII əsrdə Azərbaycan Yaxın Şərqin böyük ipəkçilik zonası, Şirvan əyaləti isə Azərbaycanın əsas ipəkçilik rayonu idi. Şamaxı Şabran, Ərəş, Qəbələ, Cavad, Ağdaş və s. ilə birlikdə Azərbaycanın mühüm toxuculuq mərkəzlərindən biri idi. Bu haqda məşhur səyyah Adam Oleari yazırdı: “Onların (şirvanlıların) əsas məşğələsini iplik, ipək və yun toxuma və müxtəlif tikmə işləri təşkil edir”. Şamaxıda istehsal olunmuş tafta, fata və darayı parçaları xüsusi şöhrət tapmış, zərif baş örtüklərinə və başqa toxuma məmulatlarına isə böyük tələbat vardı.
Azərbaycanda Gəncə, Şəki, Naxçıvan, Marağa, Mərənd, Ərəş və Ordubad mühüm toxuculuq mərkəzləri idi. Bunların sırasında ipək parça sənətkarlığının görkəmli mərkəzlərindən biri olan Gəncəni xüsusi qeyd etmək lazımdır.
Evliyə Çələbi (XVII əsr) yazırdı ki, Gəncə ipəyi çox məşhur idi. Gəncə şəhərində mövcud olan sənətkarlıq içərisində pambıq parça istehsalı da böyük yer tuturdu.
Təbriz şəhərində ən müxtəlif növlü parça istehsalı mərkəzləşmişdi. Bu şəhər yüksək keyfiyyətli məxmər, atlas, qumaş və keci istehsalı üzrə xüsusilə məşhur idi. Adları çəkilən parçaların bir hissəsi hətta başqa ölkələrə də ixrac olunurdu.
Naxçıvanın mahir toxucu sənətkarları çoxlu miqdarda ucuz, lakin gözəl və yuksək keyfiyyətli pambıq parça isehsal edirdilər. Onların hazırladığı rəngarəng çit parçalara böyük tələbat var idi.
Beləliklə, XVII əsrdə Azərbaycan şəhərlərində parça istehsalı sahəsində meydana gələn müəyyən ixtisaslaşma sonrakı əsrlərdə də davam edirdi. Azərbaycanda istehsal olunub geniş işlənən və başqa yerlərə ixrac olunan parçalar sırasında zərbəft, xara, atlas, tafta, qanovuz, kəmxa, kiseyə, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. qeyd etmək lazımdır. Bu parçalardan bəziləri xalq arasında “Hacı mənə bax”, “gecə-gündüz”, “gendə dur”, “alışdım yandım”, “küçə mənə dar gəlir” və s. ad altında məşhur ildi.
Şübhə yoxdur ki, parça xalqın mədəniyyətini əks etdirən elementlərdən biridir. Parçaların naxışı və rəngləri həm bir xalqı başqasından ayırmağa və həm də eyni xalqın içərisində müxtəlif sinifi təbəqələrin numayəndələrini fərqləndirməyə imkan verirdi. Azərbaycanda əhali arasında qanovuz, darayı, mov, zərbaft, xara, atlas, məxmər, tafta, fay, tirmə və başqa parçalar geniş istifadə olunurdu.
Qadın paltarları əsas etibarilə ipək parça və məxmərdən tikildiyi halda kişi geyimləri əksər hallarda mahuddan və evdə toxunan şal parçadan hazırlanırdı.
İstər qadın və istərsə də kişi alt paltarları kətan və pambıq parçalardan tikilirdi. Lakin çox zaman varlı ailələrdə alt köynəyini də ipək parçadan tikirdilər.
XVI – XVII yüzilliklərdə Azərbaycan geyimləri də zəngin inkişaf yolu keçmişdir.
Araşdırmalar göstərir ki, bu vaxt Azərbaycanda əsl mənada milli geyim məktəbi yaradılmışdır. Geyimlə şəxsin yaşını, peşəsini, hətta hansı təbəqəyə mənsub olmasını bilmək olurdu.
XVI yüzildə Azərbaycan geyimləri içərisində ən maraqlısı baş geyimləri idi.
Tarixdən məlumdur ki, XVI yüzildə azərbaycanlıları “qızılbaşlar” adlandırırdılar, çünki onlar başlarına təpəsi nazik və hündür, qırmızı papaq qoyub, onun da ətrafına sarıq dolayırdılar. Zadəganlar və rütbəli hərbi xidməçilər isə əmmamənin üstündən 12 qaş taxar və ya zərli xətlər çəkdirərdilər.
Yüksək rütbəli əyanların qoyduqları baş geyimlərinin üstündə bəzən böyük və qiymətli bir qaş, onun da ətrafında nisbətən kiçik həcmli qaş-daş olurdu. Burada böyük qaş Məhəmməd peyğəmbərə və ya Əliyə, kiçik qaşlar isə 12 imama işarədir.
Səfəvilər dövrünün baş geyimlərini öyrənən məşhur özbək alimi Q.A.Puqaçenkova və alman alimi H.Hots isbat etmişlər ki, onların baş geyimləri XVI yüzilin əvvəllərindən başlayaraq əsrin axırlarınadək bir neçə dəfə öz formasını dəyişmişdir. Onların qeydinə görə, XVI yüzilin başlanğıcından 1535-ci ilə qədər bu baş geyimləri davam etmiş, XVI yüzilin ikinci yarısından isə azalmağa başlamışdır. XVI yüzilin axırlarınadək dəbdə olmuş bu tip baş geyimləri Təbriz, Naxçıvan, Şamaxı şəhərlərində də xüsusilə geniş yayılmışdı.
XVI yüzildə Azərbaycanda ucu şiş, qırmızıbaşlı əmmamələrlə yanaşı, adi bəzəksiz əmmamələr də olmuşdur.
O zaman ən çox yayılmış əmmamələr, əsasən ağ rəngli idi. Şah, vəzir və ya rütbəli ruhanilər isə yaşıl rəngli əmmamə qoyardılar.
XVI-XVII yüzilliklərdə Azərbaycanda çalma ilə yanaşı, orijinal kiçik şlyapaya bənzər papaqlar da mövcud idi.
XVI-XVII yüzilliklərdə Azərbaycanda bir sıra başqa formalı papaqlar da olmuşdur. Bunların içində qoyun dərisindən tikilən papaqlar nisbətən geniş yayılmışdır. Bunu əsas etibarilə maldarlıq və qoyunçuluqla məşğul olan ərazilərdə geyərdilər.
XVI-XVII yüzilliklərdə Azərbaycanda qadın baş geyimləri də müxtəlifdir. Əldə edilmiş materiallara əsasən demək olar ki, Azərbaycanda həmin vaxt yeddi növə yaxın qadın baş geyimi olmuşdur. Bunlardan gözəl, əlvan naxışlı örpəkləri, kiçik narın naxışlı araqçınları, çənə altından bağlanan xəz və ya məxmərdən tikilmiş şlyapaları göstərmək olar.
XVI-XVII yüzilliklərdə ən çox yayılmış qadın baş geyimlərindən biri araqçın idi. Bunlar əsas etibarilə iki cür olurdu: qadın və qız araqçınları.
Baş geyimlərini qadınlar evdə, həyətdə və qonaqlığa gedəndə geyər, küçəyə çıxdıqları vaxt isə üstən əsas etibarı ilə ağ çarşab örtərdilər. Küçədə çarşabsız gəzməyə, adətə görə kiçik qızlara və qarılara icazə verilirdi.
XVI-XVII yüzilliklərdə Azərbaycanda üst geyimləri də çox müxtəlif və rəngarəng olmuşdur. Bu dövrdəki üst geyim formaları əsas etibarilə qədim geyim ənənələrinin davamı kimi inkişaf edir. Lakin bu ən-ənə getdikcə daha da zənginləşmiş, gözəlləşmiş və dekorativləşmə istiqamətində inkişaf etmişdir. Dəyişiklik əsas etibarilə ayrı-ayrı detallarda, naxış və bəzəklərdə əmələ gəlmişdir.
XVI-XVII yüzilliklərdə Azərbaycanda nisbətən varlı təbəqəyə mənsub olan kişilər lap üstdən ətəkləri, çiyin və boyun hissələri tikməli xələt geyərdilər. Bu xələtlər iki növ olardı. Birinci növ xələtlər məhz çiyinə atmaqdan ötrü idi.
İkinci növ xələt, əksinə ensiz yarımqol olub, əyində nisbətən kip dayanardı.
XVI-XVII yüzilliklərdə Azərbaycanda ənənəvi libas sayılan üst geyimi – əba da çox yayılmışdı. Qabaqkı dövr əbalarından fərqli olaraq, bunlar bədəndə kip oturur, qollar nisbətən dar olurdu. Bu əsrin miniatürlərində biz belə əbaların ətəklərinin kəmərə sancılaraq gəzdirildiyini də görürük.
Kişilər ayaqları dar, yuxarı getdikcə enləşən şalvar geyərdilər. Şalvarlar da üst köynəyin malından tikilərdi, lakin rəngi çox vaxt göy və ya tünd-sarı olurdu.
Bu əsrlərin kişi ayaqqabıları da müxtəlif formalı olmuşdur. Ən çox yayılmış kişi ayaqqabısı yumşaq dəridən tikilən dabansız (bəzən də alçaqdabanlı) və uzunboğaz (yüngül) çəkmələr idi.
XVI-XVII yüzilliklərdə Azərbaycanda qadın üst geyimləri də müxtəlif olmuşdur. Lakin bu geyimlər biçiminə görə həmin dövrün kişi geyimlərini xatırladır.
Kişilər kimi qadınlar da (xüsusən varlı təbəqələr) çiyinlərinə bəzək üçün uzunqollu xələt salarmışlar. Lakin qadın xələtləri daha sadə olub, az naxışlarla bəzənərdi.
XVI-XVII yüzilliklərdə kütləvi surətdə geyilən qadın əlbəsələrindən biri də dabana qədər uzanan şalvarlar idi. Kişilərdə olduğu kimi, qadınların da şalvarları ayaq tərəfdən çox dar, yuxarısı enli olurdu.
XVIII yüzildə Azərbaycan geyimləri də çox rəngarəng olmuşdur. Bakı, Quba, Şamaxı, Qarabağ, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, və s. bu kimi müstəqil xanlıqların əmələ gəlməsi geyim məsələlərinə də az təsir etmirdi. Xanlıqların belə xüsusi çərçivədə, başqa-başqa siyasi və iqtisadi vəziyyətdə yaşamaları geyimin (üzdən də olsa) dəyişməsinə səbəb olmuşdur. Bu dəyişkənlik əsas etibarilə geyimin biçimi və siluetində deyil, onun tikildiyi malda və bəzəklərində idi.
XVIII yüzildə Azərbaycanda kişilər üstündən uzunqollu, bədənə kip oturan çuxa geyərdilər. Çuxa əsas etibarilə qalın parçadan tikilərdi. Şəxsin yaşından asılı olaraq çuxanın rəngi və boyu başqa-başqa olardı.
XVIII yüzildə əbanı əvvəlki dövrlərə nisbətən, əsas etibarilə mollalar və hörmətli qocalar geyərdilər.
XVIII yüzildə kişi ayaqqabıları da çox müxtəlif olmuşdur. Ən çox işlədilən kişi ayaqqabıları dəridən tikilmiş dabansız kiçik başmaqlar idi. Bu zaman dövlətlilər arasında nazik dəridən tikilmiş uzunboğaz çəkmələr və kəndlilər tərəfindən keçmişlərdən XX yüzilin əvvəllərinə qədər geyilən çarıqlar da var idi.
XVIII yüzildə qadın geyimləri nisbətən daha gözəl və zövqlə hazırlanırdı. Bu əsrin axırlarında Azərbaycanda olmuş səyyah marşal Fon Biberşteyn bu ölkənin qadınlarının və onların geyimlərinin gözəlliyinə valeh olduğunu xüsusi qeyd edir.
XVIII yüzildə qadın üst geyimləri – üst köynəyi, çəpkən, arxalıq, kürdü, küləcə, ləbbadə, eşmək və baharıdan ibarət idi.
Yaşlarından asılı olaraq qadınların geydikləri köynəklərin rəngi də müxtəlif olurdu. Qızlar və gəlinlər sarı, qrmızı, yaşıl, qoca qadınlar isə ağ və ya qara rəngdə köynək geyərdilər.
Bu əsrdə gözəl biçimli üst qadın geyimlərindən biri çəpkən idi. Çəpkən astarlı olub, belə qədər bədənə kip biçilirdi. Onun yan tərəflərində aşağıda çapıq adlanan qabarıq hissələri olurdu ki, bu da bədənin daha gözəl və fiqurlu görünməsinə imkan verirdi.
Qadınlar arasında geniş yayılmış geyimlərdən biri də arxalıq idi. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilirdi. Arxalığa beldən aşağı hissədə büzmə, yaxud qırcınlı müxtəlif endə ətək tikilirdi. Bəzi arxalıqlar gen və düz biçilirdi, yan hissədə isə çapığı olurdu.
Bu əsrdə ən gözəl qadın arxalıqları Şuşa, Şəki, Naxçıvan və Şamaxıda tikilirdi.
Zəngin qadın üst geyimlərindən biri də bu əsrdə kürdü olmuşdur. Kürdü sarıqlı və qolsuz idi. O, qış fəslində geyildiyi üçün onun boynuna, yaxası və ətəklərinə xəz tikilirdi.
Qadın ayaqqabısı forması bəzi kişi ayaqqabısına bənzəyirdisə də, onlardan öz zərif biçimi və gözəl bəzəkləri ilə ayrılırdı. Nisbətən kübar qadınların ayaqqabılarının üstünə tikmə salınır, içərisinə isə dabandan tutmuş pəncəyə qədər naxışlarla bəzənmiş gümüş parçası bərkidilirdi (respublikamızın bir çox muzeylərində saxlanılan belə qadın ayaqqabıları buna misal ola bilər).
XVIII yüzillikdə qadın baş geyimləri də əvvəlki dövrlərdə olduğu kimi çox müxtəlif olmuşdur.
Qadınlar saçı bir yerə yığmaq üçün cuna və kətandan istifadə edərdilər. Buna həm də tərgötürən vasitə kimi baxılırdı (Qəşbənd-Naxçıvanda). Sürüşməsi üçün qüllabıdan – (çəngəl, boğazaltı) əsasən qızıldan hazırlanar, uclarına üstünə qarmaq yapışdırılmış qızıl pul bərkidilərdi. Cuna ağ rəngli pambıq parçadan, çarqat isə narıncı, al çəhrayı rənglərdə və bəzən də saçaqlı olurdu.
Kələğayının əlvan rənglərinə üstünlük verilərdi.
Ləçəyin kələğayının üstündən bağlanmasına da təsadüf edilirdi. Deməli, eyni zamanda üç baş geyimi geyilirdi, birinci cuna (və ya kətan), ikinci kələğayı, üçüncü ləçək (və ya qəsabə, sərəndaz, zərbab).
Soyuq havalarda bütün bu geyimin üstündən şal salardılar (tirmə şal, kəşmiri şal, təbii yundan əllə toxunmuş şal).
Bu dövrdə ən çox yayılmış baş geyimlərindən biri araxçın idi. Lakin bu araxçınlar XVI-XVII yüzilliklərdəki araxçınlardan arxa tərəfdə hörük torbasının olmaması ilə fərqlənirdi.
XVIII yüzildə və sonralar Azərbaycanda “təsəkqabağı” adlı parçadan tikilmiş baş geyimi də geniş yayılmışdı. Daha çox qadınların alnını bəzəyən bu baş geyimlərini həmin dövrdə dərzilər yox, zərgərlər hazırlayırdılar.
Bu tip baş geyimləri əsas etibarilə Qarabağ, Gəncə, Qazax, Tovuz, Borçalı mahalında geniş yayılmışdı.
XIX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Şəki, Gəncə, Qazax və s. şəhərlərini gəzib orada milli geyimlərin naturadan şəkillərini çəkmiş rus rəssamları V.V.Vereşşaqin və Q.Q.Qaqarinin əsərləri də müəyyən əhəmiyyətə malikdir.
Azərbaycan ərazisini şərti olaraq bir neçə tarixi-etnoqrafik zonaya bölmək olar. Bunlardan Quba-Xaçmaz, Abşeron, Lənkəran-Astara, Şamaxı, Qarabağ, Naxçıvan-Ordubad, Qəbələ-Oğuz, Şəki-Zaqatala, Gəncə və Şəmkir-Qazax zonalarını göstərmək olar. Adları çəkilən tarixi-etnoqrafik zonalarda yaşayan azərbaycanlıların geyimlərinin əsasən eyni olması onların tərixən vahid etnik qrupa mənsub olmaqlarına bir sübutdur. Bu zonaların əhalisinin geyimlərindəki kiçik fərqlər Azərbaycanın vahid milli geyiminin yalnız lokal xüsusiyyətlərini əks etdirirdi.
Geyimlər Azərbaycanın ayrı-ayrı tarixi-etnoqrafik zonalarının lokal xüsusiyyətlərini əks etdirməklə bərabər, eyni zamanda onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də büruzə verirdi. Cavan qızın və ailəli qadının geyimlərində gözə çarpacaq qədər fərqlər olurdu. Cavan gəlinlər daha gözəl və zəngin geyinirdilər. Qızlar və yaşlı qadınlar bəzək şeylərindən az istifadə edirdilər.
Kişi geyimləri də qadın geyimləri kimi qeyd olunan tarixi-etnoqrafik zonalarda əsasən eyni idi. Kişi geyimlərindən də onun hansı təbəqəyə mənsub olduğunu müəyyən etmək çətin deyildi.
Uşaq geyimləri forma etibarilə yaşlıların geyimi ilə eyni olub, yalnız ölçüləri və yaş xüsusiyyətinə uyğunlaşma elementləri ilə fərqlənirdi.
Toy və bayram paltarları adətən qiymətli parçalardan tikilməklə bərabər gündəlik və iş paltarlarından fərqli olaraq müxtəlif qızıl və gümüş bəzəklərlə də ziynətləndirilirdi.
XIX əsrdə və XX əsrin əvvəllərində alt və üst paltarlardan ibarət olan Azərbaycan qadın geyimlərini iki hissəyə bölmək olar.
Qadın üst geyimləri üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, küləcə, kürdü, eşmək və baharıdan ibarət idi.
Qadın üst köynəyinin qolu əsasən uzun, enli və düz olurdu. Qolun çiyinə tikilən hissəsi əksərən düz, bəzi hallarda isə xırda qırçınlı olurdu. Qoltuğun altında adətən başqa rəngli parçadan xişdək qoyulurdu. Köynək boyun hissədə bir düymə ilə düymələnirdi. Üst köynəyi adətən qanovuz və ya faydan tikilirdi. Köynəyin boynuna, yaxasına, qolunun ağzına və ətəyinə sarıma bafta tutulurdu. Köynəyin ətəyinə qabaq hissədə qızıl ətəklik, mədaxıl, qızıl və ya gümüş qulplu pul da tikilirdi.
Çəpkən – üst köynəyin üstündən geyilirdi. Çəpkən astarlı olub, belə qədər bədənə kip biçilirdi. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlçək ilə bitən qondarma qolları olurdu. Bu qollar çiyindən aşağı boş sallanırdı. Bəzən bu qondarma qola düymələr də tikilirdi. Çəpkən tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilirdi. Çəpkənin yaxasına, çapığın qırağına, ətəyinə və qolunun kənarlarına sarıma və başqa baftalar, köbə, zəncirə, şahpəsənd və s. tutulurdu.
Arxalıq – bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olurdu.
Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilirdi. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilirdi. Bəzi arxalıqlar gen və düz biçilirdi, yan hissədə isə çapığı olurdu. Arxalıqların qollarının da biçimləri müxtəlif olardı. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilirdi. Arxalıqların üçüncü forması lelüfər qollu olurdu. Dirsəyə qədər düz olan lelüfər qol, dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq endə qırçın də əlavə edilirdi. Arxalıqların yaxası açıq olurdu. Əksər hallarda arxalıqlar döşdən aşağı belə qədər düymələnirdi. Bəzi arxalıqların yaxası düymələnmirdi. Arxalıqlar məxmər, tirmə və müxtəlif zərli xara parçalardan tikilirdi, sarıma və cürbəcür baftalarla bəzədilirdi.
Ləbbadə – sırıqlı və astarlı olurdu. Ləbbadənin yaxası açıq olub, bel hissədə bağ ilə bağlanırdı. Ləbbadənin beldən bir qədər aşağıda yan tərəflərində qısa çapığı olurdu. Qolu qısa, dirsəyə qədər idi. Qoltuq yeri açıq biçilirdi. Ləbbadə tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilib, yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla bəzədilirdi.
Eşmək – sırıqlı üst geyimidir. Eşməyin döşü və qoltuğunun altı açıq, qolları isə dirsəyə qədər biçilirdi. Eşmək tikmək üçün əsasən tirmə və məxmərdən istifadə edirdilər. Eşməyin içinə, yaxasına, qolunun ağzına və ətəyinə xəz qoyulurdu. Bundan əlavə qolunun ağzına, ətəyinə və yaxasına müxtəlif bafta və zəncirlər tikilirdi.
Kürdü – qolsuz və sırıqlı qadın geyimidir. Yaxası açıqdır. Yan tərəflərdə çapıqları vardır. Kürdü tirmə və məxmərdən tikilirdi. Yaxasına, ətəyinə və qoluna xəz tikilirdi. Bundan əlavə əhali arasında geniş yayılan geyimlərdən biri də Xorasan kürdüsü idi. Xorasandan gətirilən bu kürdülər tünd sarı rəngli dəridən hazırlanır, üzərinə həmin rəngli ipək sapla naxış tikilirdi.
Baharı – sırıqlı və astarlı qadın geyimidir. Bel hissəyə qədər bədənə kip oturan baharıya, xırda büzməli uzun ətək tikilirdi. Qolu düz və dirsəyə qədər, yaxası açıq biçilirdi. Baharını əsasən məxmərdən tikirdilər. Baharının yaxasına, ətəyinə və qolunun ağzına müxtəlif bafta, köbə və zəncirlər tikilirdi.
Küləcə – belə qədər düz ətəyi büzməli olan qadın üst geyimidir. Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olurdu. Küləcə əsasən məxmər və tirmədən tikilirdi. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilirdi.
Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan-Ordubad zonasından başqa, topuğa qədər olurdu. Naxçıvan-Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirdilər. Tuman 112 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilirdi. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı deyilirdi. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilirdi. Keci sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olurdu. Tumanlar çitdən tutmuş tirməyə qədər hər cür parçalardan tikilirdi. Tumanın ətəyinə başqa parçadan köbə, müxtəlif baftalar, zəncirə və s. tutulurdu. Bəzi şəhərlərdə qadınlar küçəyə çıxarkən çaxçur da geyirdilər. Çaxçur müxtəlif ipək parçalardan tikilirdi.
Qadın üst geyimlərini daha da gözəlləşdirmək üçün evdə və sənətkar karxanalarında hazırlanmış müxtəlif çeşidli baftalar – sarıma, qaragöz, zəncirə, şahpəsənd və s. mövcud idi. Bunlardan əlavə qızıl va ya gümüşdən hazırlanmış qoza va katibi qoza düymələr də qadın geyimlərinin yaxası boyunca tikilirdi. Köynəyin ətəyinə tikmək üçün qızıldan kəsilmiş ətəklik və ya midaxıl istifadə olunurdu. Bəzən köynəyin ətəyinə qızıl pullar tikilirdi. Qadın geyimlərində güləbətin, muncuq, pilək və s. tikmələr də geniş yer tuturdu.
Qadınlar arxalıq və ya çəpkənin üstündən qızıl yaxud qızıl suyuna salınmış gümüş kəmər taxırdılar. Onlarla yanaşı dəri üzərinə gümüş pullar tikilmiş və gümüş toqqası olan kəmərlər də çox geniş yayılmışdı.
Qadın baş örtükləri içərisində kəlağayı, müxtəlif örpəklər, naz-naz və qaz-qaz ipək örtüklər xüsusilə geniş yayılmışdı. Kalağayı Azərbaycanın Şəki, Gəncə və Şamaxı kimi məşhur ipəkçilik mərkəzlərində xüsusi karxanalarda istehsal edilirdi.
Bəzi yerlərdə qadınlar baş örtüyünün altından araxçın qoyardılar. Çox vaxt bu araxçınların üstünə qızıldan kəsilmiş müxtəlif formalı çaxma bəzəklər tikərdilər.
Azərbaycanda çarşab əsasən bəzi şəhər və şəhəryanı kəndlərin sakinləri üçün səciyyəvi idi. Evdən çıxarkən qadınlar başdan ayağa qədər çarşaba bürünürdü. Çarşab bir rəngli atlasdan, dama-dama keci parçadan və müxtəlif çeşidli ipək parçalardan olurdu. Çarşab örtən qadınlar bəzən rübənddən də istifadə edirdilər.
XIX əsr Azərbaycanlı kişilərin milli geyimləri də alt və üst paltarlardan ibarət idi.
Kişi üst geyimləri üst köynəyi, arxalıq, çuxa və şalvardan ibarət olurdu. Qeyd etmək lazımdır ki, xalq geyimlərinin çox geniş yayılmış olan bu dəsti, cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan ərazisi üçün səciyyəvi idi.
Kişi üst köynəyi iki növ olurdu: yaxası ortadan və yaxası yandan biçilən hər iki növün kiçik boyunduruğu olurdu. Köynəyin yaxası qaytandan olan düymə və ilgək ilə düymələnirdi. Kişi köynəkləri əsasən atlasdan və sətindən tikilirdi.
Arxalıq – beldən kəsik və bədənə kip biçilirdi. Ətəyi qırçın və ya büzməli, qolları düz olub bilək hissəyə doğru daralırdı. Arxalıqlar bir, yaxud iki döşlü, kiçik boyunduruqlu və boğaza qədər düyməli olurdu. Arxalıqları kişmirdən, atlasdan, nazik mahuddan, sətindən, lastikdən və s. parçalardan tikirdilər. Arxalığın üstündən cavanlar qayış və ya kəmər, yaşlı və qoca kişilər isə qurşaq bağlayırdılar.
Çuxa – kişi üst geyimlərindən biridir. Azərbaycanda iki cür – vəznəli və çərkəzi çuxalar mövcud idi. Hər iki çuxanın yaxası açıq biçilirdi. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilirdi. Bel hissəsində çuxanın bəndi olardı.
Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilirdi. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilirdi.
Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənirdi. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlçəkli qondarma qolunun astarı ipək parçadan tikilirdi. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan duzəldilmiş ilgək və düymələri olurdu. Çərkəzi çuxanın uzunluğu müxtəlif idi: bəzilərinin uzunluğu dizdən bir qədər aşağı, bəzilərininki isə dizə qədər olurdu. Çuxanı mahuddan və ya şaldan tikirdilər. Çuxanı müxtəlif qızılı bafta, sarıma və başqa parçadan köbə ilə bəzəyirdilər.
Kişi şalvarı lifə hissəsində nisbətən gen olub, ayaq tərəfə getdikcə daralırdı. Balaqların arasında üçbucaq formalı parça tikilirdi. Şalvarın lifəsinə keci sapından toxunmuş tumanbağı keçirilirdi. Tumanbağının uclarında qızılı və gümüşü güləbətin sapdan toxunmuş gözəl qotazları olurdu. Şalvar evdə toxunmuş şaldan yaxud müxtəlif çeşidli yun parçalardan tikilirdi.
Bəzi dağlıq rayonlarda kişi üçün üst qış geyimi qoyun dərisindən tikilən yaxası düyməli kürk hesab olunurdu. Ticarət mərkəzlərində və şəhərlərdə kişilərdən Xorasan kürkü geyənlər də vardı. Xorasan kürkünün üzəri ipək sapla naxışlanırdı. Dağlıq yerlərdə çobanlar qışda yapıncıya burunurdu.
Kişi baş geyiminə Azərbaycanda xüsusi əhəmiyyət verilirdi. Başı açıq gəzmək olmazdı. Ən geniş yayılmış kişi baş geyimləri müxtəlif biçimli dəri papaqlar hesab olunurdu: buxara və çərkəzi papaq (qara, çal və mixəyi buxara dərisindən), çobanların şələ papağı və başqaları. Tirmə və ipək parçalardan üzəri əksər hallarda güləbətin tikməli araxçınlar çox geniş yayılmışdı. Yaşlı kişilər və qocalar papağın altından ağ bezdən sırıqlı təsək qoyurdular. Gecələr isə kişilər sırıqlı şəbkulah geyirdilər.
Corablar. Azərbaycanda toxunmuş yun corablar ən geniş istifadə olunan geyimlərdəndir. Corablar ipək və yun saplardan toxunurdu. Azərbaycanda toxunmuş corablar həm incə və gözəl naxışına və həm də saplarının rənglərinə görə fərglənirdi. Onların naxışı xalça, tikmə, basma və parçalarda olan naxışların eynidir. Corablar dizə qədər uzun və topuğa qədər qısa şəkildə toxunulurdu.
Ayaqqabılar. Azərbaycanda müxtəlif rəngli tumaşdan tikilmiş ayaqqabılar çox geniş yayılmışdı. İstər qadın və istərsə də kişilərin geydikləri ən geniş yayılmış ayaqqabı başmaqlar hesab olunurdu.
Qadınlar üzü tikməli başmaq və ya uzun boğazı olan tikməli çəkmələr də geyirdilər. Aşılanmış və xam göndən hazırlanmış kişi ayaqqabıları adətən bir rəngli və naxışsız olurdu. Şəhərlərdə kişilər başmaqçıların tikdikləri başmaq və ya nəleyin geyirdilər. Kənd yerlərində isə xam göndən tikilmiş çarıqlar daha çox yayılmışdı. Çarıqların bağları yun ipdən toxunulurdu.
Müxtəlif bəzək şeyləri geyimləri tamamlayır, onun milli xüsusiyyətini zənginləşdirirdi. Zərgərlər bəzək məmulatını qızıl və gümüşdən qayırırdılar. Qiymətli qaş-daş: brilliant, almaz, zümrüd, yaqut, mirvari, firuzə, əqiq va s. istifadə olunurdu. Azərbaycanın zərgərlik məmulatı mərkəzləri Bakı, Gəncə, Şamaxı, Şəki, Naxçıvan, Şuşa şəhərləri idi. Yerli zərgərlər əhaliyə lazım olan hər cür zərgərlik məmulatı hazırlayırdı. Dağıstanın Kubaçi zərgərlərinin isətehsal etdikləri gümüşdən qayrılmış qadın və kişi kəmərləri də Azərbaycanda böyük şöhrət tapmışdı.
Azərbaycan qadınları bəzəkləri çox sevir, onlardan geniş və bacarıqla istifadə edirdilər.
Qadınların istifadə etdikləri bəzək şeylərinin dəstinə imarət deyirdilər. Bura müxtəlif çeşidli baş və döş bəzəkləri, üzüklər, sırğalar, kəmər, bazubənd və bilərziklər daxildir.
Azərbaycan milli geyimləri
Azərbaycan milli geyimləri xalqın maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranmışdır. Geyim xalqın tarixilə çox sıx əlaqədardır. Belə ki, xalqın maddi mədəniyyətini, xalqı xas olan xüsusiyyətləri daha çox əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır.
Azərbaycan XVII–ci əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əlayəti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdir. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu.
Geyimin stili onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər.
Kişi və qadın geyimlərı Azərbaycanın bütün etnik, tarixi zonalarında eyni idi. Bununla belə kişi geyimlərı geyimin yiyəsinin sinfi əks etdirirdi.
Uşaq geyimi öz forması ilə böyük geyimi ilə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi.
Azərbaycan qadın geyimi XIX–cü əsrdə, XX-ci əsrin əvvələrində alt və üst geyimlərdən ibarət idi. Üst geyimi isə öz növbəsində çiyinüstü və bel geyimlərindən ibarət idi. Qadın çiyinüstü geyimi üst köynəyindən, arxalıqdan, çəpkəndən ibarət idi. Üst köynəyinin düz biçimi, çiyini tikişsiz və rəngbarəng qoltuqaltından ibarət idi. Bu köynəklər əsasən qanovuz və fay ipək parçalarındantikilirdi.
Çəpkən – çiyinüstü, astarlı və yalançı qolları malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalarından tikilirdi.
Ləbbadə – çiyinüstü üst gödəkçəsidir. Bu geyim sırıqlı astarda olur, tirmədən, məxmərdən və başqa parçalardan tikilirdi.
Güləcə – qadın çiyinüstü üst geyimidir. Bu geyim astarlı olur və tirmədən, məxmərdən tikilirdi. Baharı – sırıqlı astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi.
Kürdü – qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən tikilirdi, xəz dəri və sıx naxışlarla bəzənilirdi.
Eşmək – qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və şəridlə bəzənilirdi. Qadın bel üst geyimi – bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi. Şəhərlərdə qadın evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər.
Kişi milli üst geyimi – üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlaz, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi. Qaba – kişi çiyinüstü üst geyimidir və əsasən tirmədən tikilirdi.
Çuxa – içi tüklü qoyun dərisindən tikilmiş düyməsiz, naxışlı şubadır.
Milli geyim dəstinə müxtəlif növlü baş geyimləri və ayaqqabılar da daxil idi.
Milli geyim dəstlərinə yerli zərgərlərin yaratdığı zərgərlik məmulatları da daxil idi.
Şorqoğalın hazırlanması
Əslində, Novruz süfrəsinə duzlu (şor) deyil, şirin qoğal qoyarlar. Şirin qoğalın xəmiri və hazırlanma qaydası də aşağıda göstərdiyimiz kimidir, fərq içidir ki, onu da qoz-fındıq və şəkər tozunun bərabər nisbətdə qarışığından hazırlayırlar.
Tərkibi
(16 -18 ədəd üçün):
Xəmir üçün:
1 paket (2 1/4 ç.q.) toz maya
1 stəkan ilıq su
6 stəkan un + xəmir yoğurmaq üçün də əlavə
2 çay qaşığı duz
1 stəkan süd – otaq hərarətində
1 yumurta
200 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı
İç üçün:
2 x.q. cirə
2 x.q. razyana
0,5 ç.q. sarıkök
1 ç.q. duz
bir çay qaşığının 1/4-i qədər istiot
2 stəkan un
115 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı
Yağlamaq üçün:
500 q əridilmiş yağ
Üstü üçün:
2 yumurta sarısı
1 x.q. xaş-xaş
Hazırlanması:
Əvvəlcə xəmir hazırlanır. Balaca bir kasada mayanı ilıq suda həll edib təxminən 10 dəqiqə köpüklənməsi üçün gözləyin.
Unu iri qaba ələyin, üzərinə duz əlavə edib qarışdırın. Ortasında bir çökək açıb maya qarışığı, süd, yumurta və yağı əlavə edin.
Əlinizlə bunları qarışdırın. Xəmiri unlanmış taxta (və ya masada) yumşaq və elastik olana kimi, 10 dəqiqə yoğurun.
Xəmir çox bərk olmamalıdır. Əgər xəmir hələ də əlinizə yapışırsa, onda bir az da un əlavə edib yoğurun. Xəmiri iri qaba qoyub üzərini dəsmal ilə örtüb gəlməsi üçün isti yerə qoyun, təxminən bir saat yarımlıq.
Bu müddətdə içi hazırlayın. Cirə və razyana toxumunu 2 dəq. ətri çıxana qədər qovurun (qovurmaq onların ətrini və dadını artıracaq, amma bu o qədər də vacib deyil – onları olduğu kimi də istifadə edə bilərsiz).
Ədvaları həvəngdə döyün. Bir qabda yağdan başqa iç üçün nəzərdə tutulan bütün ərzaqları qarışdırın. Əridilmiş yağı buraya əlavə edib əlinizlə narın umac olana kimi ovxalayın. İç hazırdır. Onu bir kənara qoyun.
Gələn xəmiri yağlamaq üçün yağı hazırlayın – yağı əridin,duz əlavə edib kənara qoyun.
2 iri soba sinisini hazırlayıb kənara qoyun.
Xəmiri kündələyib 9 bərabər hissəyə ayırın. Hər hissəni kündələyin.
Bir az un səpilmiş taxtada bir kündəni 50 sm-lik dairə alınanadək yayın.
Yaydıqca arada un səpin ki, xəmir oxlova yapışmasın,yaymaq rahat olsun. Sonra yuxanı oxlov vasitəsilə kənara qoyun.
4 x.q. yağı yuxanın üstünə çiləyib əlinizlə yayın. Qalan kündələri də bu cür yayıb, üst-üstə yığın.
Sonuncudan başqa, hamısını yağlayın (hər sonrakı kündəni daha kiçik açıb ondan əvvəlkinin üstünə yerləşdirib, kənarlarından çəkə bilərsiniz ki, altdakı yuxanın üstünə tam otursun).
İndi isə ehtiyatla, lay-lay xəmirin kənarlardan tutub diametri 60 sm olana kimi dartın.
İti bıçaqla, xəmirdən 5 sm enində zolaqlar kəsin, sonra isə zolaqları 30 sm uzunluğunda düzbucaqlı şəridlərə kəsin.
Dairənin qısa tərəflərini kəsməyin.
Düzbucağın qısa tərəfindən başlayaraq onu rulet şəklində bükməyə başlayın, daha sonra isə içini aşağıda izah edilən iki üsuldan birini istifadə edərək doldurun.
1-ci üsul: ruletin bir ucunu büzüb bağlayın, digər ucu açıq qalsın. Barmağınızla ruletin açıq qalan tərəfini oyun. İçi boş konus alınmalıdır.
2-ci üsul (bu üsul xəmiri daha da qat-qat edir: Ruleti əlinizdə hər iki tərəfindən tutaraq 3 dəfə burun (paltar sıxan kimi). Sonra əlinizlə basıb yastılayın. Yastıladığınız kökənin içində oyuq açın (göbələyin papağına oxşar).
Oyuğun içinə bir x.q. yarım içdən doldurun. Kökənin uclarını bir yerə gətirib bağlayın. Kökəni əlinizlə diametri 10 sm olanadək yastıladın.
Qoğalları bir-birindən aralı vəziyyətdə sinilərə düzün.
Əvvəlcədən sobanı 180 dərəcəyədək qızdırın.
Qoğalların mərkəzində barmağınızla dayaz boşluq açıb oraya bir çimdik iç qoyun.
Qoğalların üstünə yumurtanın sarısını çəkin və xaşxaş səpin. 40 dəqiqə ərzində və yaxud üstləri qızaranadək bişirin (20 dəqiqə bişdikdən sonra sinilərin yerlərini dəyişin). Qoğal soyuduqdan sonra süfrəyə verin.
Geyimin əl ilə hazırlanması
Tanıdığım biri var. Həmişə şəhərdə şöhrət tapmış “Memi” adlı ikinci əl geyim mağazasından geyinir. Oradakı geyimlərin xalis Avropa məhsulu olduğunu deyir. Hələ məni də oradan bazarlıq etməyə dəvət edir. Düzü, doğmalarının köhnəsini geyməyə əsla qəbahət kimi baxmıram. Bu gün də tərəfdarıyam. Amma tanımadığın, rəngini ,qismini bilmədyin avropalının paltarını geymək nə dərəcədə doğrudur, ya ürəyi rahatlatır anlamıram. Özü də deyilənə görə, bu mağazadan alver edənlərin maddi imkansızlıqla əlaqəsi də yoxdur.
Maraq üçün, adıçəkilən mağazalardan birinə baş çəkmək qərarına gəldim. “Avropadan geyimlər” adlı mağazanın qapısına çatmış məni pis qoxu birtəhər etdi. Bu qoxu içəridən gəlirdi. Amma deyəsən orada məndən başqa qoxuya reaksiyası olan yox idi. Satıcı xanımdan soruşdum ki, “buranın havası niyə belədir?”, o da cavabında “geyimləri dərmanlayırıq, yəqin onu deyirsiz.” Yox, mən sualıma doğru cavabı almadım axı. Cavabı özüm deyim. Bu torbada qalmış köhnə, kirli paltar qoxusudur.Satıcıyla söhbətim barədə bir qədər sonra. Amma sizə deyim ki, mağazada alıcı da kifayət qədər idi. Çoxu da seçdiyi geyimin pulunu hazırlayırdı.
“Geyilmiş paltar”ı başa düşdük, bəs “memi” nədir?
Bu gün dünyada, eləcə də bizdə ikinci, üçüncü əl məhsulların satışı adi hala çevrilib. Konkret Azərbaycandan söhbət getsə, bu sektorda mobil telefon bazarı öndə gedir. Millətimiz pul tapan kimi telefon dəyişmək, köhnəsini isə dəyər-dəyməzinə satmaq xəstəliyinə tutulub. Elektrik avadanlıqları, avtombillər də bir neçə əldən keçərək satılır. Məsələ ondadır ki, adı çəkilən məhsulların əvvəllər bir neçə sahibi olmasına baxmayaraq insanın sağlamlığı üçün təhlükəsi yoxdur. Geyim məhsullarının, özü də mənşəyi bilinməyən xalqa məxsus paltarların Bakıya gətirilməsinin arxasında isə əsil düşünməyə dəyər məsələlər durur. “Second hand”, “Memi”, “Avropadan geyimlər”, “Uçuz Avropa geyimləri” adı altında fəaliyyət göstərən bu mağazalara nəzarət edənlər kimlərdir? Bu geyimlər necə, haradan gəlir, kim gətirir?
Başa qayıdaq. İkinci əl geyimlərin kütləvi satışının tarixi ötən əsrin ikinci yarısından başlayıb.Avropanın aristokrat hesab edilən təbəqəsi hər mövsüm geyim tərzi, qarderobunu dəyişməyi sevirdi. Elə bu gün də dəb altında bu tendensiya davam edir. Köhnə paltarlarını fəqir-füqəraya dağıtmağa əli gəlməyənlər bahalı geyimlərini ucuz qiymətə tacirlərə satırdılar. Getdikcə bu qayda xüsusi bazar formasına keçir və bütün ölkələrə yayılır. İkinci əl geyimin satılmasını yəhudilərin adı ilə də bağlayırlar. Güya ötən əsrin ortalarında ABŞ-da yəhudi bazarları yaxşı gəlir əldə etdiyindən, Nyu-Yorkun yerli idarəetmə orqanı onların ticarətinə qadağa qoyub. Müflisləşən tacirlər öz paltarlarını satmağa başlayıblar. Bu gün ikinci əl geyimlər həm kommersiya , həm də qeyri-kommersiya yolu ilə yeni sahiblərinə çatdırılır. İkincisi xeyriyyə kampaniyalarının səyi və əməyi nəticəsində xüsusən, yoxsul Afrika ölkələrinə yönəldilir. Dünyada bu işin şəxsi təşşəbbüskarları da çoxdur. Bizdə isə “Second hand” dükanlarının yaranışı ölkədə qaçqın və məcburi köçkün məsələsi meydana gəlməsi ilə bağlı olub. O, vaxt çoxu deyirdi ki, bu paltarlar Azərbaycana humanitar yardımla birgə gəlir. Çox məhsul kimi bu da ünvanına çatmırdı. Humanitar yardımla evlərə verilən geyimi görən bizim camaat o vaxt “kiminsə köhnəsinə qalmamışam” deyə-deyə “işbaz”ların əlinə yaxşı fürsət verdi. Yavaş-yavaş geyilmiş paltar biznesi böyüdü. Xatırlayıram, təzə-təzə 95-97-ci illərdə yaranmış “Second hand” dükanlarında paltar kilo ilə satılardı. Başqa sözlə, həmin “biznesmenlər” elə kilo ilə xaricdən aldıqlarını, kilo ilə də (əlbəttə, gəlirlərini bilirdilər) satırdılar. Sonralar artıq satış qaydası dəyişdi, tək-tək satılan malların alıcıları da çoxalmağa başladı. İndi çoxumuzun tənqid obyektinə çevirdiyimiz bu mağazalar öz şəbəkələrini yaradıb. Özü də alıcılarının sağlamlığını vecinə almayan bu mağazalar gigiyenik sertifikatsız fəaliyyət göstərir. Halbuki, xaricdən alınan məhsulun hər partiyasının xüsusi gigiyenik sertifikatı olmalıdır. Həmin geyimlər Azərbaycana gətirildikdən sonra da xüsusi qaydada təmizlənməli, yerli nəzarət orqanlarının xeyir-duasını almalıdır. Bu mallar bir neçə qrupda satılır. Kilo ilə satılan məhsullar yeni paltar və ayaqqabılar(stock), az geyilmiş, yeni kimi olanlar( lux, extra), I, II, III kateqoriyaya məxsus məhsullar şəklində satışa çıxarılır. Sonuncular məhsulun parçası, vəziyyətinə görə ayırd edilir. III kateqoriyaya daxil olan təmiz pambıqdan olan, amma yırtılmış, sökülmüş paltarlar da israf olunmur, onlardan siləcəklər hazırlanır. Növbəti dəfə geyim üçün nəzərdə tutulan paltarlar ya quru, ya da kimyəvi (metil-bromidlə) təmizlənmə yolu ilə dizinfeksiya olunur və olunmalıdır. Azərbaycana gətirilmiş məhsulların isə xüsusi qoxusu malın ən aşağı keyfiyyətdə, vəziyyətdə olduğundan xəbər verir. Çünki bu mallar burada satılandan qat-qat aşağı qiymətə kilo ilə alınır. Yerli dükandakı satıcı xanım məhsulların israrla təmizlədiyini bildirir. Onun fikrincə, alıcılar özləri də paltarı yumadan geyinmir. Axı yumaqla, yaxalamaqla həmin geyimdəki mikrobları təmizləmək mümkün deyil. Geyilmiş ayaqqabıların neçə yuyulması isə lap maraqlıdır. Bəs bu mallar konkret hansı “Avropadan” gəlir? Bu məsələ qaranlıq qalır. “Second hand” mağazalarına qoyulan “memi” adı nə deməkdir? Bunu isə nə satıcılar, nə də alıcılar bilmir. Satıcılardan birinin dediyinə görə, “Memi” elə “second hand” deməkdir. Bu vaxta qədər araşdırdım, amma bu iki sözün sinonim olduğunu tapa bilmədim.
Ekspertlər bir ağızdan “əleyhinəyəm” deyir
Bakıda artıq öz alıcı kütləsi olan “Second hand” mağazalarının sahibləri və onlara tabe olan alıcılar “geyimdən xəstələnmək mümkün deyil” deyirlər. Alıcıları da geyim yolu ilə keçən dəri xəstəliklərindən xəbərsizdirlər. Onlara elə gəlir ki, aldıqları maldan bir dənədir, özü də firma məhsuludur. Həqiqətən də xaricdə fəaliyyət göstərən geyilmiş məhsulların çoxu məşhur brendlərə, markalara məxsusdur. Bu məhsulu alanlar geyimləri ilə də fəxr edirlər. Misal üçün, Türkiyədə fəaliyyət göstərən yüksək səviyyəli, nüfuzlu ikinci əl mağazalarından oranın məşhurları, imkanlı xanımları da geyinir. Ən maraqlısı isə odur ki, orada ötən əsrin ortalarında istehsal olunmuş geyim mağazaları da var. Burda həmin geyimi kirayə də götürmək olar. Bu qəbahət deyil və gigiyenik tələblər çərçivəsində həll olunur. Bizdə də şəhərin bir neçə ticarət mərkəzində gəlinlik, yaxud ziyafət paltarları kirayəyə verilir. Bu sektor da nəzarətsizdir. Respublika Dəri Zöhrəvi Dispanserinin həkimi Şəhla xanımın sözlərinə görə, hətta kirayə və geyilmiş mal alan şəxs o paltarı üstündə bir dəfə yoxlamaqla belə xəstəliyə yoluxa bilər. “Dəri xəstəlikləri arasında yayılmış olan göbələk xəstəlikləri daha tez yoluxdurulur. İnsanlar bu barədə ciddi düşünməlidir, dəri xəstəliklərinin yayılması tez baş verir və sağalması isə vaxt aparır. Müalicəvi dərmanlar isə çox bahalıdır. Bir sözlə, təzə paltar, ayaqqabı geyinmək məsləhətlidir.” Başqa bir dermatoloq Nazim həkimə görə, insan çox vaxt öz yaxının paltarını geyməkdən çəkinir. “Bu insanlar, hansı ürəklə tanımadığı şəxslərin paltarını geyinə bilər. İnsan dərisi həssasdır, o geyinilmiş paltar nə qədər təmizlənsə də, onların yenidən istifadəsi yanlışdır. Bizə ötürülən xəstəliklərin çoxu bu yolla artır. Mağazalarda geyilmiş uşaq, alt paltarlarının satışı isə yolverilməzdir.” Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyyəddin Kazımovun sözlərinə görə, bu geyimlərin Azərbaycana gətirilməsinə qadağa qoyulmalıdr. Mütəxəsis həm öz, həm də mərkəz adından bu mağazaların fəaliyyətinin tam əleyhinə olduğunu dedi. O, gigiyenik tələblərə cavab verməyən bu mağazaların Respublika Sanitar Karantin Müfəttişliyinin nəzarətində olduğunu bildirdi. Təəssüf ki, adı çəkilən idarəyə sualları ünvanlamaq mümkün olmadı. Çünki müfəttişlik həftənin beş günü işləyir, iki gün isə “yorğun” iş həftəsindən sonra Səhiyyə Nazirliyinin digər “əhəmiyyətli” sayılan idarələri kimi dincəlir. Amma Sanitar Karantin Müfəttişliyininə veriləcək suallara başqa biri cavab verir. Bu vaxtiylə “Second hand” mağazalar şəbəkəsinin bazasında işləmiş Zeynəb adlı xanımdır. Zeynəbin sözlərinə görə, orada işlədiyi iki il müddətində özünü də maraqlandıran suallara cavab verilməyib. “Orada ciddi rejimlə işləyirdim. Hər ayın əvvəli təzə mal gəlirdi. Ancaq gələn malların qaydaya salınmasına, hara, nə vaxt verilməsinə, sayılmasına cavabdeh idim. Düzü, mən də hardan gətirildiyi ilə maraqlanmışdım. Amma yerini, ölkənin adını eşitməmişdim. Tək onu bilirəm ki, o məhsullar mən işlədiyim müddətdə hər hansı təmizliyə getmirdi. Gələn paltarlar arasında təzəsi də olurdu, üzərində etiketi olan da. Sadəcə tikilişində qüsuru olanlar yenilənirdi. Dəfələrlə bazaya rəsmi idarədən yoxlama qrup gəlmişdi. Amma heç kəs bizdən gigiyena ilə bağlı hər hansı sənəd tələb etmirdi. Bütün məsələ bağlı qapı arxasında həll olunurdu. Məncə bu mağazalar elə dövlət idarələri ilə əlbir işləyirlər.” Deyilənlərdən sonra başqa sözə ehtiyac yoxdur. Burdan belə çıxır ki günah satanda yox, alıcılardır. Bu arada eşitdiyimə görə, geyilmiş paltarlar içərisində ölmüş insanların da geyimləri satılır. Bu da avropalının ölüsünündürsə.
Heç olmazsa, öz köhnələrimizi geydirək.
Əvvəldə də qeyd etdiyim kimi, dünyanın çox ölkəsində geyinilmiş paltar, ayaqqabını atmaq əvəzinə onu yardım məqsədiylə istifadə edirlər. Bu pərakəndə şəkildə aparılmır. Misal üçün Türkiyənin özündə küçələrdə xüsusi qutular qoyulur. Həmin qablara yığılan geyimlər günün sonunda götürülür. Nəzarət altında dezinfeksiya olunaraq ölkənin vilayətlərinə, aztəminatlı ailələrə göndərilir. Araşdırma zamanı maraqlı bir fakt da qarşıma çıxdı. Ötən il ölkədə elə yerli sanitariya və gigiyenaya nəzarət idarələrinin səyi ilə sorğu aparılıb. Məlum olub ki, ölkədə təmizlik işlərinin 70%-ində köhnə paltarlardan bez kimi istifadə olunub. Bunu nəzərə alan xeyriyyə təşkilatları “Geyimlər bez olmasın, ümüdlər yox olmasın” şüarı ilə kampaniyaya start verib. Bu yolla köhnə geyimlərin təmizlənərək qiymətləndirilməsinə qərar verilib. Nəticə də pis olmayıb. İctimai rəyə təsir etmək mümkün olub. Xeyli sayda sahibsiz insan geydirilib. Eyni vəziyyət biz də hökm sürür. Çoxu köhnə paltarı bez, siləcək kimi istifadə edir. Amma bu gün zibilxanaların kənarında köhnə paltarlar yığılmış torbalara rast gəlmək olar. Bəlkə də, bizim də elə etibarlı xeyriyyə təşkilatına ehtiyacımız var. Eləsi olsun ki, sabah o paltarları gətirib “Second hand” mağazalarına təhvil verməsin.
Raminə Eyvazqızı
Comments are closed, but trackbacks and pingbacks are open.