Qorxunun yaratdığı bəlalardan necə qurtulaq
M. Ə. Sidqi jurnalın 16 noyabr 1918-ci ildə çıxmış 6-cı sayındakı “Nə istəyirlər?” adlı məqaləsində də erməni fitnəkarlığına toxunub. Müəllif Qafqazda əsassız torpaq iddiaları irəli sürən, bu məqsədlə hər cür böhtana, şantaja əl atan bədnam ermənilərin mənfur xislətinə diqqət yetirərək yazırdı: “Erməni kirvələrin qədimdən bəri bir adətləri vardır ki, bir şey olan kimi elə bağırardılar ki, səsləri birbaş Yevropaya gedərdi. Yevropanın başı qarışıq olduğuna görə indi də Ermənistanın Tiflisdə olan vəkili Camaliyan əlini qulağının dibinə qoyub Kiyev komissarına qışqırır ki; -Adə, ay dığa! Qoyma, Gürcüstanda olan erməni qaçqınları soyuqdan, aclıqdan qırıldı.
Məmmədəli Sidqi erməni məkrini necə ifşa edirdi? – FOTOLAR
Görkəmli maarifçi ədib Məhəmməd Tağı Sidqinin oğlu olan Məmmədəli Sidqinin (1888-1956) zəngin, çoxşaxəli yaradıcılığının mühüm bir sahəsi də jurnalistika və publisistika ilə bağlıdır. O, 1920-ci ilə qədər “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “İqbal”, “Yeni irşad”, “Bəsirət”, “Yeni iqbal”, “Tazə xəbər”, “Sədayi-həqq”, “Sədayi-vətən”, “Həqiqət”, “Babayi-Əmir”, “Azərbaycan”, “Şeypur”, “Zənbur” kimi mətbuat orqanlarında aktual mövzularda yazdığı çoxsaylı məqalə və felyetonlarını müxtəlif imzalarla (Zadə, Rizə, Əfi, Bekar, Qəmiş, Bir naxoş, Şeypur, Kabla Kövsər, Kəzbi, Kərtənkələ və s.) oxuculara çatdırmış, sovet dövründə də mətbuat sahəsində çalışmışdır. M. Ə. Sidqi “Şeypur” jurnalının səhifələrində də bir çox məqalə və felyetonlar dərc etdirmişdir.
”Şeypur” jurnalının cəmi 14 sayı çıxıb, ilk nömrə 5 oktyabr 1918-ci ildə, sonuncu isə 18 yanvar 1919-cu ildə işıq üzü görüb. Jurnal Bakıda elektrik “Turan” mətbəəsində nəşr olunurdu. Jurnalın redaktoru Məmmədəli Sidqi, naşiri isə şair-publisist Səməd Mənsur idi. “Şeypur”un səhifələrində Məmmədəli Sidqi, Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı, Əliabbas Müznib, Əmin Abid, Məmmədəli Nasir və digər tanınmış qələm sahiblərinin ideya-bədii mükəmməlliyə malik yazıları mühüm yer tuturdu.
İctimai-siyasi hadisə və proseslərə aydın mövqedən münasibət bildirən jurnal Vətən və xalq taleyi üçün xüsusi önəm daşıyan məsələlərə həssaslıqla yanaşır, milli mənafelərin ardıcıl müdafiəçisi kimi çıxış edir, bu yolda heç nədən çəkinmirdi. Xüsusən Azərbaycanın yenidən işğalına can atan rus bolşevizminin əsl mahiyyəti, onlara və digər havadarlarına arxalanan ermənilərin fitnəkar əməlləri, əsassız torpaq iddiaları, 1918-ci ilin martında soydaşlarımıza qarşı törətdikləri qanlı qırğınlar “Şeypur”un səhifələrində tutarlı faktlar və əhatəli təhlillər vasitəsilə öz ifadəsini tapıb. Bu baxımdan Məmmədəli Sidqinin jurnalda “Şeypur” imzası ilə dərc etdirdiyi məqalə və felyetonlar da diqqəti çəkir.
“Şeypur”un ilk sayında onun “Altı ay” məqaləsi verilib. Bu məqalə jurnalın əsas məramnaməsi, proqram sənədi də sayıla bilər. Burada həftəlik jurnalın əsas hədəfləri, başlıca qayəsi öz ifadəsini tapıb. Müəllif əsas diqqəti ermənilərin xalqımıza qarşı törətdiyi 1918-ci ilin qanlı mart qırğınından ötən altı aya yönəldərək həmvətənlərimizin yaşadıqları ağrılı-acılı günləri xatırladır, onları olub keçənlərdən nəticə çıxarmağa çağırırdı.
Jurnalın 26 oktyabr 1918-ci il tarixli 4-cü sayında M. Sidqinin “Tiflis duması” adlı məqaləsi verilib. Bu məqalədə “sosialist dərisi örtmüş daşnakların” mart hadisələri haqqında uydurmalar yayması, müəyyən dairələrin, xüsusən sol eserlərin də onlara dəstək verməsi ürək ağrısı ilə dilə gətirilir: “Tiflis dumasında sosialist dərisi örtmüş olan daşnaq kirvələrimizin Bakı hadisatı haqqında nə məzmunda məruzə verdiklərini Bakı qəzetlərində oxuduq. Tiflis dumasında kamali-vüqar ilə əyləşən “Levi eser”lər, yəni sol sosialistlər də. daşnaqsaqan firqəsi nümayəndəsi mərsiyə dedikdə payi-minbər oxuyurmuşlar. Bu biçarələr sosialist olduqlarından öz məsləkləri mövcibincə belə də olmalıdırlar”. M. Ə. Sidqi bolşeviklərin erməniləri dəstəklədiyini, azərbaycanlılara münasibətdə ayrı-seçkilik etdiyini, həmvətənlərimizin əksinqilabçı adıyla qırdırıldığını da nəzərə çatdırırdı: “Qafqaz islam əhalisi hamısı “kontre-volyusioner”, yəni əksinqilabçı olduqlarına görə onların qətli vacibdir. Lakin kirvələr əsl həqiqi sosialist, yəni cibgir olduqlarından onlar lazımlı adamlardırlar. ”. Müəllif əsl vətəndaş yanğısı ilə belə bir haqlı sual verirdi: “Amma bircə burası var ki, bilmirəm, bu “rəhmli ağalar” bir neçə ildə bütün Qafqaziyada müsəlman qanı çay kimi axanda harada idilər?”
M. Ə. Sidqi jurnalın 16 noyabr 1918-ci ildə çıxmış 6-cı sayındakı “Nə istəyirlər?” adlı məqaləsində də erməni fitnəkarlığına toxunub. Müəllif Qafqazda əsassız torpaq iddiaları irəli sürən, bu məqsədlə hər cür böhtana, şantaja əl atan bədnam ermənilərin mənfur xislətinə diqqət yetirərək yazırdı: “Erməni kirvələrin qədimdən bəri bir adətləri vardır ki, bir şey olan kimi elə bağırardılar ki, səsləri birbaş Yevropaya gedərdi. Yevropanın başı qarışıq olduğuna görə indi də Ermənistanın Tiflisdə olan vəkili Camaliyan əlini qulağının dibinə qoyub Kiyev komissarına qışqırır ki; -Adə, ay dığa! Qoyma, Gürcüstanda olan erməni qaçqınları soyuqdan, aclıqdan qırıldı.
Qəzetlərin verdiyi xəbərlərə görə, Camaliyanın səsindən Tiflis yaxınlığında olan bir körpü bir balaca şikəst olmuşdur. Bundan əlavə, Tiflisdə çıxan erməni qəzetləri bütün Qafqaziyanın Ermənistana verilməsindən ötrü müharibə edib, qırılan ermənilərin tələf olmasından şikayət edib. uzun-uzun məqalələr yazmaqdadırlar”.
Budur erməni xisləti! M. Sidqi təkzibolunmaz faktlarla göstərirdi ki, ermənilər özləri qırğınlar, vəhşiliklər törədir, əsassız iddialar qaldırır, sonra isə başqalarını borclu çıxarırlar: “O gün Gəncədən iki teleqraf gəlib ki, erməni saldatları Göyçə sərhəddini keçib müsəlmanlara hücum etmişdilər. Altmış min müsəlmanın irzü-namusu, həyatı, malı və mülkü təhdid edilir. İndi Tiflisdə olan Camaliyana və erməni qəzetlərinə deyəsən ki, balam, bu, nə əhvalatdır? Özlərini eşitməməzliyə vurub deyəcəklər ki, qoymayın, erməni milləti qırıldı, qurtardı. Bu işlərdən belə görünür ki, ermənilər Ermənistana qənaət etməyib, Rey havasına düşmüşdürlər. Xülasə, erməni kirvələr çox ərköyün bəslənmişlər. Onlar deyir ki, biz hər nə eləsək, siz danışmayın. Ancaq siz bir balaca əl tərpətsəniz, qiyamət qopardarız”.
M. Sidqinin “Bu gün” məqaləsi isə “Şeypur”un 07 dekabr 1918-ci il tarixli 8-ci sayındadır. Məqalənin əvvəlində müəllif Bakıda Azərbaycan Parlamentinin fəaliyyətə başlamasından doğan sevinc hisslərini ifadə etməklə yanaşı, istiqlalımızı gözü götürməyən bədxahların varlığını da nəzərə çatdırır, eyni zamanda, respublikanın müstəqilliyinin beynəlxalq aləmdə tanınmasına bəslədiyi ümidlərini dilə gətirirdi. Məqalənin ikinci bölümündə isə M.Ə. Sidqi Azərbaycana düşmən kəsilmiş nankor ermənilərin yenə də fitnəkar əməllər törətdiklərinə, torpaqlarımıza basqınlar etdiklərinə diqqət yönəldərək onların Qafqazdakı əsassız ərazi iddialarını, bu məqsədlə hər cür saxtakarlığa əl atdıqlarını, erməni hakim dairələrinin məkrli oyunlarını bir daha oxuculara çatdırırdı: “Doğrudan, həya bir yaxşı şeydir. İnsan ki, həyasız oldu, heç nə. Həyasız adamdan hər nə desən, baş verər. Bu həyasızlardan biri də Ermənistan hökumətinin baş komandanı Andranik kirvədir ki, yenə Qarabağda baş qaldırıb müsəlmanları qırmağa başlamışdır. Ermənistan hökuməti də gözlərini yumub, əli ilə işarə eləyir. Ermənistan hökumətinin nə tövr siyasət yeritdiyini və nə fikirdə olduğunu təfsir etmək artıqdır. Bu hökumət deyir ki, Qafqazda Gürcüstan və Azərbaycan ola bilməz. Burda ancaq bir Ermənistan ola bilər. Qafqazın hamısı ya gərək Ermənistan olsun, ya da Ermənistana tabe kimi bir şey olsun”.
Məmmədəli Sidqi bir maraqlı fakta da diqqət yönəldirdi: “Tiflisdə çıxan “Qruziya” qəzeti. bir nəfər rus yazıçısı Upuçninin “Keçmiş xülyalar” ünvanlı məqaləsini dərc etmişdir. Bu məqalə büsbütün tərcümə edilib “Azərbaycan” qəzetinin 56-cı nömrəsində çap olmuşdur. Hərgah o məqaləni oxumayıbsansa, xahiş edirəm, alıb oxuyasan. Bu məqaləni bir nəfər urus yazmışdır. Özü də öz yazdığı kimi, əvvəlcə ermənilər ilə çox dost imiş. Hətta hər yerdə erməniləri müdafiə edib, onların barəsində danışılan yalanları da təkzib edirmiş. Bu urus məqaləsində deyir ki, Qafqazda Ermənistan adlı şey olmayıbdır. Urus Qafqaza gəlib Qafqazı alanda bir Gürcüstan var imiş, bir də bir neçə dənə türk (Azərbaycan – H.H.) xanlıqları. Ermənistan hökuməti də deyir: Çe. Qərəz, həya yaxşı şeydir”. Məqalənin sonunda müstəqillik təşnəsi olan xalqın arzusu bir daha bəyan edilirdi: “Yaşamaq istəyirik!”
Məmmədəli Sidqi “Şeypur”un 1918-ci ilin 14 dekabrında çıxmış 9-cu sayındakı “Siyasət” adlı məqaləsində ölkə üçün mühüm olan mətbuat və dövlət mənafeyi məsələsinə toxunmaqla yanaşı, sonda yenə də Andranikin bədnam əməlləri, bolşevik cildinə girmiş daşnakların günahsız azərbaycanlıların qanını tökməsi faktlarına diqqət yönəldirdi: “O gün qəzetlər yazır ki, general Tomson Andranikə yenə bir teleqraf vurub, qan tökməkdən əl çəkməyi əmr edir. Andranik də deyir ki, mən müsəlmanları qırmıram. Mən “bolşevik” olmuşam. Bolşevik də gərək adam qırsın”.
11-ci saydakı (28 dekabr 1918) “Gürcü-erməni vuruşması” məqaləsində də M. Ə. Sidqi ermənilərin məkrli niyyətlərini, azərbaycanlılarla yanaşı, gürcülərə də ədavət bəslədiklərini tutarlı vasitələrlə, təsirli bir tərzdə təqdim etmişdir. Məqalədə deyilir ki, Azərbaycan, Gürcüstan və Ermənistan hökumətləri öz aralarında olan mübahisəli məsələləri, o cümlədən sərhəd məsələlərini həll etməkdən ötrü neçə ay bundan irəli Tiflis şəhərində bir konfrans çağırmışdılar. Azərbaycan və Gürcüstan nümayəndələri konfransa gəlirlər, ermənilərdən kimsə görünmür. Səbəbini Tiflisdəki erməni nümayəndəsindən soruşurlar. Alınan cavab əsl erməni məkrinə uyğundur: “Cavab verdi ki, Ermənistan hökumətindən mənə bu barədə heç bir buyuruq yoxdur. Bir-iki gün gözləyin, görək, nə olar. Bir-iki gün keçdi. Soruşdular: – Balam, nə oldu?
Cavabında dedi ki: -Bəs məni bu gün bağışlayın. Pərhiz tutmuşam. Gələ bilmərəm. Bəlkə sabahda, biri gündə gəldim.
Bir neçə gündən sonra dedi ki: -Varatniklərim yuyulub, praçşnidən gəlməyibdir. Nə bilim, gərək hamama gedəm.
Xülasə, hər dəfə bir düdük verib konfransa gəlmədi ki, gəlmədi. Bu minval ilə Ermənistan hökuməti işləri ləngə salıb, axırda sərhəd məsələsini qılınc ilə həll eləməyi qərara aldı. Gürcüstana xəbər-zad vermədən dava başladı”.
Aydın siyasi dünyagörüşə, həssas milli mövqeyə malik M. Ə. Sidqi ermənilərin belə hərəkətlərinin hansı məqsədə yönəlməsi barədə olan yozumları da nəzərə çatdırırdı: “Biri deyir ki, Ermənistan hökumətinin yeri darışlıq olduğundan bir balaca ayağını uzatmağa yer axtarır. Biri deyir ki, xeyr! Ayağını uzatmağa yer var. Bu iş ancaq Borçalı müsəlmanlarının keyfini xəbər almaq üçün bəhanədir. Bəziləri deyir ki, səhvsən. Ermənilər həyat-məmat məsələsini ortalığa qoyub, axırıncı dəfə olaraq vuruşurlar. Qərəz, hər kəs gürcü-erməni vuruşmasını bir cür təfsir edir. Amma biz deyirik: – Xeyr, bunların heç biri düz deyil. Ermənilər Rusiyanı çox dost tutduqlarına görə Rusiya taxtına təzə bir Nikolay çıxarmaqdan ötrü bu işləri eləyirlər. Və Rusiyanı bərpa etdikdən sonra da Ermənistana Ermənistan veriləcəyinə inanırlar”. Yəni ermənilərin əsl niyyəti Qafqazda zorla özlərinə torpaq tutmaq, dövlət qurmaq idi ki, onların həmin istiqamətdəki şərəfsiz əməlləri indi də davam edir.
Vətənpərvər publisist Məmmədəli Sidqinin “Şeypur” jurnalındakı məqalə və felyetonları ideya aydınlığı, mövzu aktuallığı ilə yanaşı, sənətkarlıq baxımından da dolğun və mükəmməldir. Müəllifin hər mövzuya uyğun ifadə tərzi, təsvir üsulları, təqdim elementləri seçməsi ilk baxışdan diqqəti çəkir. Əsərlərdəki monolq və dialoqlar, gah ciddi, gah da satirik-yumoristik təfsir və dəyərləndirmələr, mətləbin uzadılmaması, sadə dildə təqdimi oxucuya əsas qayəni yetərincə çatdırır.
Məmmədəli Sidqinin “Şeypur” jurnalındakı yazıları bunlarla məhdudlaşmır. Biz burada bəzi nümunələrə nəzər salmaqla kifayətlənirik.
Hüseyn Həşimli
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini,
Əməkdar elm xadimi, professor
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
Qorxunun yaratdığı bəlalardan necə qurtulaq?
Reallıq budur ki, müasir tibb elmi alternativ tibb adlanan xalq təbabətini tam olaraq qəbul etmir.
İnsanların xarakterləri müxtəlif olduğu kimi, qorxuları da müxtəlifdir. Ümumiyyətlə, qorxu insan fiziologiyasında var. Bu hissin mənfi tərəfləri olduğu kimi, insanları təhlükədən qoruma və onun ehtiyatlı olmasına şərait yaradan müsbət tərəfi də var. Qorxu həm də bir çox xəstəliyin yaranmasına zəmin hazırlayır. Belə ki, hər hansı bir hadisənin şahidi olmaq insanın dərin sarsıntı keçirməsinə və ağır xəstəliyə tutulmasına gətirib çıxarır. İnsanlar da bu qorxularından qurtulmaq üçün müxtəlif yollar axtarırlar. Çıldağa, pirlərə və ya bu kimi yerlərə üz tuturlar. Bəs qorxu nədir? Hansı hallarda insanda bu hiss yaranır? Qorxunu aradan qaldırmaq üçün yuxarıda sadalanan yerlərə üz tutmaq çarədirmi?
“Bir neçə psixoloji prosedura keçməklə fobiyanı aradan qaldırmaq mümkündür”
Qorxu müəyyən təsirlərə qarşı ortaya çıxan hissi reaksiyadır. Şəxsə görə qorxunun şəkli və forması dəyişir. Qorxu anında insanda bənizi ağarır, ürək döyüntüsü artır, tərləmə, boğulma, titrəmə kimi bənzəri hallar baş verir. Qorxu, sadəcə, uşaqlara xas duyğu deyil. İnsan istənilən yaş dövründə nələrdənsə qorxa bilər. Qorxunun inkişaf etmiş forması “fobiya” adlanır. Fobiya latınca “dəhşət” deməkdir. Psixoloq Elnur Rüstəmov pasiyentlər arasında qorxudan əziyyət çəkənlərin sayının kifayət qədər olduğunu bildirdi: “Bizə fobiyası olan pasiyentlər müraciət edirlər. Bu qorxu müxtəlif səbəblərdən qaynaqlana bilir. Kimisi yaşadığı hər hansı hadisədən, kimisi də yaxınının ölümündən sonra yaranan qorxu ilə bacara bilmir. Bizdən əvvəl bir çox yerə müraciət etsə də, fobiyasından qurtula bilməyən pasiyentimizə bir neçə prosedura keçdikdən sonra kömək edə bilmişik”.
Qorxu ilə başlayan problemlər
Reallıq budur ki, müasir tibb elmi alternativ tibb adlanan xalq təbabətini tam olaraq qəbul etmir. Ancaq tarix boyu insanlar alternativ tibb adlandırdığımız üsullarla müalicəyə baş vurmuşlar. Həmin üsulların əksəriyyəti unudulsa da, bəzilərindən hələ də istifadə olunmaqdadır. Bəzən insanlar alternativ tibdən istifadə edərək müalicə olunurlar. Bunu tövsiyə edən həkimlər də var. Bunlara çöp çıxartma, mədə sallanması, çıldaq, hacamat, zəli qoyma və s-ni. misal göstərə bilərik.
“Alternativ tibbə müraciət edib, müsbət nəticə əldə edən insanlar da az deyil”
İlahiyyatçı Rövşən Məmmədov “Zaman-Azərbaycan” qəzetinə müsahibəsində bildirdi ki, alternativ tibbə müraciət edən və narahatlığından xilas olan bir çox insanlar var: “Əvvəlcə, onu qeyd edim ki, qorxunun müalicəsi üçün öncəliklə psixoloq və bu sahənin mütəxəssis həkimlərinə müraciət edilməlidir. Qorxu ilə başlayan bir problemin başqa fəsadları da ortaya çıxa bilər. Lakin alternativ tibbə müraciət edib, müsbət nəticə əldə edən insanlar da az deyillər. Bəzi həkimlər bu yerlərdə aparılan müalicələrin elmi əsası olmadığını iddia etsələr də, buraya müraciət edib əziyyət çəkdiyi narahatlıqdan xilas olan bir çox insanlar var. Alternativ tibbi müalicə üsullarından biri olan iynəbatırma da artıq bəzi mərkəzlərdə geniş istifadə edilir. Çıldaq da bu növ iynəbatırma kimi refleks terapiyadır. Çıldağa közlə dağlayaraq müalicə də deyə bilərik. İnsanın bədənində müəyyən refleks nöqtələri, sinir ucları var. Həmin nöqtələrə od toxunanda bədən ayılır. Çıldaq kürək nahiyəsində başlayıb sinə, qollar, dizlər və ayaqlarda qurtarır. Çıldaqçı da parçanı yandırıb bədənin müəyyən nöqtələrinə – boyun nahiyəsinə, bilək, topuq, dirsək, diz qapaqları və onurğanın qurtaracağına vurur”.
“İslam dini bütün müalicə üsullarına müsbət yanaşır”
R. Məmmədov dedi ki, İslam dini müalicə üsulları olaraq, bütün üsul və metodlara müsbət baxır: “Allah dərmansız dərd yaratmamışdır. Hər dərdin öz dərmanı vardır. Peyğəmbərimiz (s.ə.s) “Allah hər xəstəliyin dərmanını yaratmışdır. Haram şeylərlə olmamaq şərtilə müalicə olunun” Əbu Davud, Tibb 11). Rəsulullah (s.ə.s) başqa hədisində, “Şafi olan Allah nə xəstəlik yaradıbsa, onun dərmanını da yaratmışdır. Sadəcə, bir xəstəliyin əlacı yoxdur”, buyurmuş, “Bu hansı xəstəlikdir?” – deyə soruşanlara “Qocalıq”, – cavabını vermişdir “(Buxari, Tibb 1, Əbu Davud, Tibb 1, Tirmizi, Tibb 2, İbn Macə, Tibb 1,)”.
“Kömək istəmək yerinə, dua edə bilərik”
Eyni məqsədlə ölkənin müxtəlif bölgələrində olan pirlərə, ziyarətgahlara müraciət edənlər də az deyil. R. Məmmədov dedi ki, insanların üz tutduqları çıldaqların əksəriyyəti ziyarətgah, ocaq və ya pirlərin yanında yerləşir: “Ola bilsin ki, həmin yerlərdə qəbri və ya məqamı olanlar yaşadıqları dövrlərdə Allah dostu, vəli insanlar olublar. Mənəvi dünyaları zəngin olan bu insanlar, bəlkə də, müəyyən üsullarla – dualar oxuyaraq (rüqyə) və s. insanları müalicə ediblər. Lakin vəfat etdikdən sonra onların hər hansı bir insana şəfa və ya kömək etmək kimi bir funksiyaları olmur. Buna görə də ziyarətgaha, pirə gedərkən də bunu diqqətə almaq lazımdır. Orada dəfn olunan şəxsdən kömək istəmək yerinə, dua edə bilərik”.
Dinimizdə savab qazanmaq niyyəti ilə ziyarət ediləcək yerlər Peyğəmbərimizin (s.ə.s) hədisində bildirilmişdir. “İbadət məqsədilə üç məscid xaricindəki yerə səfər etmək olmaz: Məscidi-Haram, Məscidi-Nəbəvi və Məscidi-Əqsa” (Buxari, Ənbiya 8; Müslim, Məsacid, 2). Bunların xaricində hər hansı bir yeri ziyarət etmək insana heç bir savab qazandırmır.
“Zaman Azərbaycan”
Məşhur psixoloq açıqladı: İnsanın yalan danışdığını necə bilmək olar? – FOTO/VİDEO
Publika.az psixoloqla müsahibəni təqdim edir:
– Rəvan bəy, qadınların kişilərdən emosional baxımdan 9 dəfə güclü olduğu deyilir. Bu fakt nə dərəcədə düzgündür?
– İnsanın beynində formalaşan bütün düşüncələr davranışları sayəsində qarşı tərəfə sərgilənir. Davranışınsa 3 növü var. Rasional, emosional və irrasional. Kişilərdə rasionallıq, qadınlarda daha çox irrasional və emosional davranış müşahidə olunur.
Hər hansı işi sevə-sevə yerinə yetirdiyimiz zaman məhsuldarlıq daha çox olur. Odur ki, emosionallığı qadınlarda keyfiyyət rəmzi kimi qiymətləndirmək olar. İrrasionalıq isə qərarsızlıqdır. Hər hansı bir elmin təkminləşməsi və inkişaf etməsi üçün sorğu-suallar yaranır. Həmin sualların cavablarının tapılması nəticəsində elm inkişafa doğru gedir.
Kişilərə isə daha çox rasionallıq xasdır. Dolayısı ilə qadın davranışlarının kökündə irrasionallıq və emosionallıq dayanırsa, təbii ki, onlarda emosionallıq kişilərdən daha çoxdur.
– Bəs qadınların depressiyadan daha tez çıxmasının səbəbini necə izah edərdiniz?
– Hər hansı hadisəyə rasional yaşayanda, onun alternativlərini güdürsən. Amma irrasional və emosional davrananda kobud səslənsə də, heç bir fərqi olmur. Bu, artıq tələbat və ehtiyac ödənməsi mövzusuna çevrilir.
Hər iki cinsi birləşdirən tələbat və ehtiyacları olur. Həyatda qidalanmaq, hüzur tapmaq, işləmək və s. kimi tələbatlarımız var. Ətrafımızdakı 10 nəfər bizim qidalanma və iş tələbatlarımızı ödəyə bilər. Amma hüzur tələbatını ödəyən bir insan yoxdur. Odur ki, biz hüzur tələbatını ödəyə biləcək bir insanı axtarır və o hüzuru gələcəkdə qarşılaşdığımız insanın simasında təsəvvür edirik.
Kişilər rasional davrandıqları üçün sanki rasionallıqlarına sadiq qalmağa üstünlük verir. Qadınlarda isə emosional və irrasional davranış üstün olduğundan o simanı başqa biri ilə əvəz edirlər.
– Özünə qapanmış insanların hüzura qovuşması daha çətin prosesdir?
– Qapalı insanlar digərləri ilə müqayisədə sosial deyil. Sosial insanın hüzurla bağlı tələbatı olmur. Amma özünə qapanmış insan daxili rahatlıq deyilən anlayışı hər kəsdən ummağa çalışır. Sanki acsan və əlinə keçən bütün yeməklərdən yeməyə çalışırsan. Bu, doğru deyil, pis nəticələnə bilər. Bizə uyğun olub-olmadığının fərqinə varmadan, ətrafımızdakı insanlardan hüzur ummağa başlaya bilərik. Məsələ ondadır ki, hüzuru bizə uyğun olan insandan ummaq lazımdır. Hər kəsin öz kriteriyaları var. Baxmalısan ki, sənin hüzur kriteriyaların qarşı tərəflə uzlaşır, ya yox. İnsan kimdən və nə istədiyini biləndə, onun daxili rahatlıq problemi çox az hissə təşkil edir.
– Alla Puqaçova deyir ki, hər bir qadın aktrisadır, əgər o, pis aktrisadırsa, həmişə uduzacaq. Hansısa məqsədlərə nail olmaq üçün sizcə, həqiqətənmi, qadınlar özündə artistizm elementlərini toplamalıdır?
– Əslində bu fikri sadəcə qadınlara aid etməzdim. Bir var yaxşı və mədəni insan, bir də var özünü yaxşı və mədəni göstərən insan. İnsanlar bir çox hallarda özü kimi olmur, qarşı tərəfə nə maraqlıdırsa, onu verməyə çalışırıq.
Amma hörmətli Alla Puqaçovanı anlamaq aspektindən yanaşsaq, qadınlarda rasionallıq cəhətdən axsamalar olduğu üçün özünü gücsüz sayır və kişinin qılığına girməyə can atır. Qadınlar öz tələblərini kişinin əli ilə həyata keçirə bilir.
Hər halda qadınlar bir xəttə qədər ağıllı olmalıdır. Lap ağıllı qadın kişiyə maraqlı deyil. Kişi testesteron daşıyıcısıdır, sahiblənir, dominantdır. Belə bir yaradılışa desən ki, sən dominant deyilsən, əlbəttə ki, qəzəblənəcək.
– Psixoloqlar bir çox daxili xəstəliklərinin yaranma səbəbi kimi sevgi çatışmazlığını göstərir. Həqiqətən psixoloji problemlər bizim fiziologiyamıza ciddi təsir göstərir?
– Təbii ki, bu, insan orqanizminə birbaşa təsir edir. Həyatımızı istəklər üzərində qururuq. İstəklər isə qismən də olsa, emosiyalara daxildir. Hər bir insan xoşbəxt olmaq, rəngarəng həyat, müxtəlif tanışlıqlar istəyir. Buna afferiativ tələbat deyilir. Bu, ehtiyac deyil, tələbatdır, bunsuz olmaz, hər bir insanda var.
Aşırı istəklərsə afferiativ təlabət pozuntusu adlanır. Şikayət edənlərin çoxu afferiativ tələbatın dalınca qaçmır, afferiativ tələbat pozuntusu yaşayır. Hər şeydən aşırı dərəcədə istəyirlər. Əlində olanlara baxmırlar. Görürsən ki, əslində tələbat və ehtiyaclarımızı ödəmək üçün hər şeylə təmin olunmuşuq. Amma onlar gözləntlərini əldə etmək üçün özünü daha böyük məsuliyyətlə yükləyir. Stress isə gözləntilərə qarşı aşırı bağlılıq deməkdir, dolayısı ilə bir çox xəstəliklər stress nəticəsində meydana gəlir.
– Deməli, stressdən uzaq olmaq üçün ətrafdan gözləntiləri minimuma endirməliyik?
– Gözləntidən emosional bağlılığı olmayan kəs yoxdur həyatda. Amma özünü və övladını aşırı məsuliyyətlə yükləyən insanı anlamaq çox çətindir. Odur ki, stressdən uzaq olmaq üçün nə özünü, nə də ki, qarşındakını aşırı məsuliyyətlə yükləməyəcəksən. Emosional bağlanacaqsan, amma hər şeyə yox. Gözləntidən həddən artıq bağlılığı olmayan insanın stressi də olmayacaq.
– Bunu daha geniş izah edə bilərsiniz?
– Emosional bağlılığımız olan mövzulara dəyərlər deyilir. Dəyərlər nə qədər az olarsa, itirmə qorxusu bir o qədər azalır. Dəyərlərin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Mənfi tərəfi onun çoxluğundadır. Dəyər nə qədər az olarsa, o insanı zədələmək bir o qədər qeyri-mümkündür. Əlbəttə ki, dəyərsiz yaşamaq mümkün deyil, amma dəyərlərin də sayını azaltmaq lazımdır. Dəyərlər də iki cür olur, maddi və mənəvi. Məsələn, telefon maddi dəyərdir. Telefondan çox asılı olmaq təbii hal deyil, məncə, onsuz da yaşaya bilərik.
Əksər hallarda valideyn, övlad və həyat yoldaşında ilişib qalırıq. Bunlar mənəvi dəyərlərdir. Hər halda etiraf etməliyik ki, gec-tez onlar da bizi tərk edir. Özümüzü itkiyə hazırlamalıyıq, çünki hər dəqiqə potensial itkidir. İnsanın başlıca dəyəri özüdür.
– Belə çıxır ki, doğmalarımıza olan sevginin ölçüsünü azaltmalıyıq? Bu, axı mümkün deyil.
– Yox, azaltmaq lazım deyil. Tövsiyə edirəm ki, sevgini qayğı müstəvisində yaşayaq və yaşadaq. Sevgini əlavə məsuliyyətlə yükləmək lazım deyil ki, qarşı tərəf bizdən hürkməsin.
– Bədən dili xarakterimizi ələ verən qeyri-şifahi ünsiyyət formasıdır. İstərdim ki, yalandan danışaq. Bizim yalan danışdığımızı göstərən əsas əlamət hansıdır? Ən sadə yolu nədir?
– Əgər verdiyiniz suala dəqiq cavablar verirsə, deməli düz danışır. Yox əgər, düşünüb və ehtimallara sarılaraq cavab verirsə, mümkündür ki, ya unudub, ya sizdən nə isə gizlədir. Yaddaş iki cürdür: məntiqi və həqiqi. Yalan danışan insan məntiqi yaddaşa müraciət edir. Yalan danışdığından şübhələndiyiniz adamın həqiqi, yoxsa məntiqi yaddaşdan istifadə etdiyinə diqqət edin.
İnsan emosional olanda jestlərdən daha çox istifadə edir. Məsələn, kiməsə söhbət zamanı qəfil “Həyatında kimsə var?” sualını verəndə, görürsən ki, əvvəlki səs tempi, jestlər və verbal ünsiyyət forması dəyişir. Deməli, realda olmasa, potensial kimsə var.
– Bir insanın şəxsi keyfiyyətlərini kitab kimi oxumağın bir üsulu var?
– Çox danışması üçün açar suallar verirsən. Nə qədər çox danışırsa, bir o qədər yaxşıdır və bu müddətdə müəyyən sürətdən istifadə edir. Sürət isə temperamenti ifadə edir. Bu insan danışanda biz artıq müəyyən edə bilirik ki, hansı temperamentin daşıyıcısıdır. Artıq nəzəri məlumatımız var.
Məsələn, “sevgiyə inanmıram” deyirsə, bu o deməkdir ki, ard-arda uğursuz sevgilər yaraşır. Suala insan birinci vərdiş halı aldığı formada cavab verir.
Verbal, yoxsa qeyri-verbal ünsiyyətdən istifadə etdiyinə diqqət yetirin. Yəni emosionallığını ölçürsən və nəticədə özünüifadə sürətinə nəzər salırsan ki, pozitivdir, ya neqativ. Lazım olanı, yoxsa nə gəldi danışır. Bütün bu aspektlər bəsdir ki, qarşı tərəfi müəyyən qədər tanıya bilək. Buna da maksimum 3-4 dəqiqə vaxt gedəcək. Baxır ki, hansı dərəcəli açar suallar verirsən. Əsas məsələ açar sualdadır. Doğru cavabı eşitmək üçün doğru sualı verməlisən. Adamı tanımaq üçün doğru açar suallar seçmək lazımdır.
– Hər birimiz səhv etməyə məhkumuq, amma onları özünlə daşımaq çox dəhşətlidir və bu bizi uçuruma apara bilər. Sizcə, biz niyə öz səhvlərimizi görmək, qəbul etmək və onlarla üzləşmək istəmirik?
– Biz adətən addımlarımızın nəticəsini əvvəldə deyil, sonda analiz edirik. “Görəsən, nə etdim ki, bu yerə gəlib çıxdım” deyə düşünürük. Yəni sonda oturub əvvəli fikirləşirik. Amma əvvəldə oturub sonu fikirləşsə idik, geri dönməyə ehtiyac qalmayacaqdı.
O səhvlərdən insan utanır ki, onlar kiminsə və ya özünün dəyərlərinə həqarət edə biləcək duruma gətirib çıxardır. İnsan o səhvlərdən üzləşməyə qaçır ki, ya kiminsə, ya da özünün dəyərlərinə həm də çox pis toxunub.
Lakin səhvləriniz mənə toxunmursa, alçaltmırsa, kiminsə yanında aşağılamırsa, niyə də o səhvləri bağışlamayım ki? Bu artıq mənim səhvimə çevrilir ki, niyə sizi bağışlamadım.
– Və özünü bağışlamaq daha çox vaxt aparır, nəinki başqalarını...
– İnsanlar bəzən təklikdən ona görə qaçır ki, özünə hesabat verməsin. Və təklikdə qalmaq cürətini qazanmaq zaman alır. İnsan gününü rasional düşünsə, planlasa və yaşasa, o, öz düşüncələri ilə üzləşməyə çətinlik çəkməyəcək. İki günü eyni keçən insan itirmiş sayılır. Yəni, hər gün elə bir fəaliyyət sərgiləməliyik ki, bu günümüz digərindən fərqlənsin, daha məhsuldar və faydalı olsun. Belə düşünən insanın təklikdə qalmaq qorxusu olmayacaq. Bəzən insan öz dəyərlərinə o qədər qarşı çıxır ki, təklikdə qalanda, ürəyi sıxılır. Özünə hesabat vermək istəmir.
– İlahiyyatçılar da, psixoloqlar da insan mənəviyyatını zənginləşdirmək və daxili harmoniyasını bərpa etməklə məşğul olur. Bu baxımdan onların eyni missiyanı yerinə yetirdiyini deyə bilərik? Ümumiyyətlə, onları birləşdirən hansı cəhətlər var?
– Deyirlər ki, filosoflar da, psixoloqlar da dindar ola bilməz və s. Bu, birmənalı olaraq yanlış fikirdir. Din inanc mövzusudur. Yer üzündə inancsız yaşamaq mümkün deyil. Kimisi özünə, kimisi bütlərə, kimisi öz gücünə və.s inanır. Kimisi də din deyilən faktora inanır.
Din insanın həyatda uğursuzluqlarla üzləşməməsi üçün lazım olan məqamları təlqin edir. Psixologiya və fəlsəfə də eyni mahiyyəti təlqin edir. Sadəcə yanaşma və prinsiplər fərqlidir.
Həyat özü iki hissədən ibarətdir: bizim üçün mücərrəd olan hissəsi və materiya. Fəlsəfə isə materiya və mənəviyyatın kəsişməsidir. Göründüyü kimi üçünün də tərkib hissəsi eynidir. Psixologiya fəlsəfənin mənəvi hissəsini öyrənən sahədir.
– Heç bir dini inancı olmayan ləyaqətli insan ola bilərmi?
– Həzrəti Məhəmməd. (s.a.v.) də buyurub ki, insana dininə görə hörmət etməyib. Dini qəbul etsə də, pis əməllərlə məşğul olan o qədər insan var ki. O qədər insan da var ki, dini inancı yoxdur, amma xeyirxah işlərlə məşğuldur.
– Təəssüf ki, basdırılmış emosiyalar ölmür, onları susmağa məcbur etsək də, daxilən bizə təsir etməyə davam edir. Sizcə, ilahi ədalətə arxayın olub qəzəbi və qisasımızı ürəyimizdə saxlamaqla düz edirik?
– Bütün informasiyalar neyronlarda toplanır. Bir də var ki, beyin hər hansı məsələni hələ həzm edə bilməyib, tam olaraq cavabını tapmayıb və bu mövzu onun üçün qapanmayıb. İnsan beynində bir neçə qapanmamış mövzular varsa, beyin artıq məşğuldur və əlavə informasiyanı qəbul edə bilmir. Qapanmış emosiyalar “niyə” sualının yaratdığı təəssüratlardır. Bu da insanda stress və depressiya yaradır. Bundan azad olmaq üçün heç bir mövzunun çıxış və ya həll yolunu tapmadan digərinə keçməyin.
Məcbur deyil ki, psixoloq olsun, əgər bir adam suallarınıza ədalətli şəkildə cavab verirsə, onunla mütəmadi olaraq söhbət edin və danışın. Adi ünsiyyətlə də bunu həll etmək olar. Yetər ki, fərqli aspektdən yanaşmış olsun.
Kimsə sizə pislik edibsə və qisas almaq hissi güclənibsə və bu mövzu sizin üçün aktuallığını qoruyub saxlayırsa, özünüzə üç sual verib. Birincisi, o insanın ziyan görməsi sənin nəyinə lazımdır? Niyə bu barədə düşünürsən və bu sualın ədalətli cavabını tapırsan. İkincisi, bu qisası necə alacaqsan? Əksər hallarda görürsən ki, qisas almalı ciddi bir məsələ yoxdur. Üçüncüsü və ən əsası, bunun sizə və ona nə faydası olacaq? Əgər bu suallara məntiqli yanaşma tapa bilmirsinizsə, bu artıq vicdansız davranış formasıdır. Vicdanlı yanaşma tək özünün deyil, qarşı tərəfin də faydasını güdməlidir.
– Münasibətlərin möhkəm və sağlam olması üçün nə tövsiyə edərdiniz?
– İnsan nəyə yatırım edirsə, onu itirməkdən qorxur. Yatırım maddi və mənəvi olur. Bunun üçün elə etməlisiniz ki, qarşı tərəf sizə mənəvi yatırım etsin. Bununla da sizi itirmək qorxusu, dolayısı ilə münasibətlər güclənəcək.
– Cəmiyyətimizdə sizi narahat edən psixoloji problemlər hansılardır?
– Diqqətsizlik və valideyn-övlad münasibətləri həddindən artıq aktualdır. Maraqlıdır ki, uşaq dünyaya gələndə, “layiqli övlad olsun” deyirik, amma “layiqli valideyn olsun” demirik. Hər hansı işə qəbul olmaq və ya sürücülük vəsiqəsi almaq üçün imtahan veririk, amma valideyn olmaq üçün heç bir imtahan tələb olunmur. Bu imtahanı heç kim heç kimdən götürmür. Bunu özün həyatdan götürürsən.
Həmçinin empatiya mövzusu geniş vüsət alıb. Hər hansı hadisə baş verəndə, özlərini onun yerinə qoyub ikinci klonu olurlar. Özünü adamın yerində deyil, onun vəziyyətində təsəvvür etməlisən ki, empatiya hissin artsın və ona kömək edə biləsən. İndi cəmiyyətin sanki yaralı yeridir ki, kiminləsə oturub dərdləşsin.
Ən aktual digər bir mövzu stressdir. Bu olmalıdır, amma aşırı deyil. İnsanlar bir-birinin mənəviyyatına sanki hörmət etmir, belə bir reallıqla üzləşmişik. Stressdən azad olmağın bir neçə yolu var. Birincisi, idmanla məşğul olmaq, ikincisi, psixoloq ünsiyyət, üçüncüsü isə mənəvi ehtiyac – cinsi aktdır.
– Müsahibə üçün minnətdaram.
– Siz çox sağ olun.
Aytən Məftun,
Foto: Pərviz Həşimi
Comments are closed, but trackbacks and pingbacks are open.