KİTAB ADAM YEMİR
Dənizə tərəf getdik. Gəmiyə iki bilet aldım.
Gürcü familiyası anar
(əvvəli ötən saylarımızda)
– Bu dəhşətdən sonra yaxşıca nahar eləmək lazımdır, – deyə o, qayğısız və şən gülümsədi. – Yaman acmışam. Yaxşı kabab yemək istəyirəm. Deyirlər burda əntiqə bir kababxana açıblar.
– Hə. Biri var Binəqədidə. Amma ora uzaqdır. Biri də Bayıldadır. Gedək ora.
Kababxana kişilərlə dolu idi. Əsmər qadın çinsinin yeganə nümayəndəsi idi. Onun qeyri-adi görkəmi, geyimi hamının diqqətini cəlb edirdi və bizi hər tərəfdər süzürdülər. hamı bir balaca, ya əməlli-başlı dəm idi və, biz bu baxışların tən ortasında dayanmışdıq. Hələ ki, ancaq baxırdılar, amma qorxurdum söz-zad da atsınlar, odur ki bura gəldiyimizə lap-peşman olmuşdum. Yaxşı ki, bufetçi məni tanıdı, məsələni dərhal başa düşdü və bizə yanaşıb pəncərə qabağındakı masanın arxasına apardı. Mən arxam dənizə tərəf oturdum. Əsmər isə arxası camaata, üzü dənizə oturmuşdu və mən sifariş verən müddətdə çiynim üstündən dənizə və üfüqdə görünən çatılmaz Nargin adasına baxırdı.
– Şampan, – dedi. – Bilirəm, bu lap görməmişlikdir, kababla, şamdan içməzlər, amma mən istəyirəm. Yadındamı o axşam, sizdə.
Bəli, yadımda idi. Yadımda idi ki, o axşam bizdə Əsmər həyatında ilk dəfə şamdan içmişdi. Amma onun uşaqlıq xatirələrinin sentimental qüssəsi məni yavaş-yavaş əsəbiləşdirirdi. Həyatın pozulmaz məntiqinə görə keçib gedənləri qaytarmaq cəhdi kimə gərəkdir. Əsmər niyə bütün olub keçənləri qaytarmaq, xatirələri oyatmaq istəyir. Bura niyə gəlib? Ötən günlərinə ziyarətəmi? Kimə lazımdır bu ziyarət? Hiss edirdim ki, ovqatım getdikcə təlx olur, qarşıdakı pəncərədən səkiyə mismar kimi vurulmuş dümdüz ağaclara baxırdım və qanım daha da qaralırdı.
Kabab gətirdilər, göy-göyərti, turşu.
– Yüz ildir kəvər yeməmişəm, – deyə Əsmər ləzzətlə kəvərə kirişmişdi. Xidmətçi şampanları açırdı.
– Sənə gülməli bir şey danışım. Bir dəfə balaca bir diplomatik məclis vardı. Camal da xidmətçini közləmədi, şampanı özü açmağa başladı. Tərs kimi şampanın tıxaçı sıçradı, gedib düşdü Latın Amerikası ölkələrindən birinin səfirinin boşqabına, Camalın rəngi-rufu qaçdı, mən də qorxumdan əsirdim. Amma allaha şükür, səfir baməzə adam imiş, zarafata saldı, keçib ketdi. – Əsmər bir qurtum şampan içdi. – Yaxşı, sağ ol, içək sənin sağlığına.
– Yox, bir dayan , tələsmə. Birinci tost sənin sağlığına. Mən çox şadam, çox, lap çox şadam ki, sən gəlmisən.
Birinci badəni içən kimi başa düşdüm ki, bu gün mənə şampandan bir şey olmayacaq, daha əsaslı bir şey lazımdır.
– Etiraz etmirsənsə mən özümçün araq sifariş eləyim.
Araq stəkanını başıma çəkdim və hiss etdim ki, bütün təfərrüatlar, xırda detallar hamısı əriyib gedir və əsas şeylər qalır. Mənim xəyalımda da keçmiş oyanırdı, tikə-tikə, parça-parça oyanırdı. Amma qeyri-real uşaqlıq illərinin keçmişi yox. Keçmiş illərin ərzində hissi varlığını itirmişdi, sadəcə hadisələr, faktlar sadalığı kimi qalmışdı, ona görə də heç bir duyğu oyatmırdı. Mənim xəyalımda yaxın keçmiş – hələ solub sönməmiş, uzaqlaşıb itməmiş keçmiş – təhsil illərim, Moskva canlanırdı. O illər, o künlər ki, bütün həyatım hələ irəlidə idi. Qəribə, dumanlı arzularla, xəyallarla dolu ömrüm – hələ ancaq kələcək idi. Ömür tərəzimin keçmiş gözü yüngül idi, göyün üzünə qalxmışdı. Gələcək gözü ağır idi, dolu idi, yükündən aşağı düşmüşdü.
Qarşımdakı həyat böyüklüyü və təxminiliyinə görə sərhədsiz-kənarsız, formasız və sahilsiz bir şey kimi görünürdü. Elə bil uzaqdan yaxınlaşdığın naməlum bir şəhərin peyzacıydı. Hər şey də bir az duman içində idi. Elə bil ekranda fokusu düzəlməmiş filmə baxırsan. Bu dumanlı mənzərədən- dumanlı şəhərin siqnal işıqları kimi, televiziya qülləsinin qırmızı işıqları kimi ayrı-ayrı nöqtələr körünürdü – hadisələr, qələbələr, döyüşlər. Ancaq bu gələcəyə yaxınlaşdıqca, yaşın artdıqca, kənd kinomexanikinin göstərdiyi film-dəymiş kimi fokus düzəlir, duman çəkilir, dumanın arxasından real həyat çıxır – real həyatın konturları, formaları, sahilləri, sərhədləri və onda bir çox şeyləri başa düşməyə, düzgün görməyə başlayırsan. Başa düşürsən ki, dünyanın rəngi bozdur və ayrı-ayrı hadisələr, qəribə işlər varsa da, onlar vadilər kimi vaxtın sonsuz səhrasında itib gediblər. Həyat elə uzundur ki, parlaq ola bilməz. Və ancaq sonda – axıb getmiş keçmişə dönüb nəzər salarkən çıxıb getdiyin, əbədi tərk etdiyin şəhərə baxan kimi, ona baxarkən, yenə də başa düşürsən ki, bu arxada qalan şəhər, bu mənzərə, bu axşam qaranlığında görünməzləşən keçmişində hər halda nəsə var – hadisələr, sevinclər, qələbələr, məğlubiyyətlər. Və indi onları körürsən – tərk etdiyin şəhərin axşam qaranlığında televiziya qülləsinin işıqlarını görən kimi.
İçən kimi başlayıram çərənləməyə, dərin qırıldatmağa. Necə deyərlər, stəkanda tufan. Amma su stəkanında yox, araq stəkanında.
Çaxırla dəm olmaq – işdə pillə-pillə qalxmaq kimidir. Bəs araq? Bir stəkan bəsdir. Bir stəkandan sonra kim istəsən olursan. İçən kimi Moskvadayam. Təyyarəsiz, qatarsız, pulsuz, biletsiz. Daraqomilov küçəsində yasəmənlər açır, bütün dostlarım yanımdadır, dünyada nə qədər közəl şeylər var – axşam radio xoru, “küçələrə su səpmişəm” mahnısı, Moskva mayı, kişi dostluğu, arvad barmaqları – uzun sərin barmaqlar, dəniz, yazın erkən çağında torpaq, Zuğulbada aylı kecə, Ağsu dolamalarını keçəndən sonra yağış, Tallinin qışı, Kürcüstan, bir də Heminqueyin yazdığı iri, ləng atlar – Monsuri parkındakı atlar, Monsuri parkı Parisdədir. Parisdə də, mən heç vaxt olmamışam. Bir də İçəri şəhərin əbədi daşları – heç kəsin dağıdıb sovura bilməyəcəyi daşlar. Əsmərə danışdım ki, bir dəfə bir dostumla İçəri şəhərə gəlmişdik. Qədim hamamı sökürdülər. Kiminsə səhlankarlığı ucundan hamama tarixi abidə lövhəsini vurmayıblar, cavan, sarışın buldozerçi də entuziastlar mahnısını oxuya-oxuya müdhiş maşınını bu yazıq, biçarə, sanki qorxusundan büzüşüb qalmış tikintinin düz üstünə sürürdü. Biz haray-həşir qaldırdıq. “Mənə nə var, – dedi, – mənə deyiblər, mən də sökürəm. Yoldaşım qaçdı ora-bura zəng eləməyə, mən də oturdum buldozerin parçına. Buldozerçiyə dedim ki, hünərin var, məni burdan düşür.
– Bilirsən gəl nəyin sağlığına içək? Bax, sən Moskvadan uçub gəlmisən. Camalla dünyanın yarısını gəzmisiz. Amma ən yaxşı səyahət bilirsən hansıdır? Bilmirsən. Ən yaxşı səyahət araq şüşəsinin boğazından dibinə səyahət etməkdir. Gəl bax bu səyahətin sağlığına içək.
Bu mənim ənənəvi tostumdur. Kiminsə başını tovlamaq istəyəndə bu tostu deyirəm. Bəs Əsmərə niyə bunu dedim? Ancaq daha özümü saxlaya bilmirdim. Danışır, danışır, danışırdım. Deyirdim ki, heç vaxt bir adam başqasını başa düşə bilməyəcək. Deyirdim ki, allah yoxdur, amma mən bir dəfə onu eşitdim: Açarların zəngindən eşitdim. Bu açarlarla o bizi – insanları təklik kameralarında bağlayıb, indi də gəzir özüyçün, açarlarını cinkildədir. Amma bu təklik kameralarında insanlar hamısı eyni şeyləri görür – ulduzları, ayı, buludları, çarmıxa çəkilmiş səmanın bir tikəsini, bir udumunu, yağışı – bizim ümumi ərazimizi. Hər adamın həqiqəti onun içində bağlıdır. Seyf kimi, şkaf kimi. Bu seyfi, bu şkafı başqası aça bilmir, çünki birinin açarı başqasına düşmür. Hər adam öləndə torpağa onun açarlarını da basdırırlar. Biz öləndə də torpağa bizi – heç bir vaxt açılmamış şkafları basdıracaqlar.
Aman allah , mən nə qədər boş-boş danışırdım. Dəm olsam da, birdən hiss elədim ki, o, mənə qulaq asmır və harasa baxır.
– Hara baxırsan? – deyə mən kəskin soruşdum.
– Orda güzgü var. Güzgüyə baxıram görəm mən hansı cür şkafa oxşayıram.
Dənizə tərəf getdik. Gəmiyə iki bilet aldım.
Dənizdən əsən külək Əsmərin saçlarının mürəkkəb səliqəsini alt-üst edirdi, o iki əllə yaylığından yapışıb, saçlarını birtəhər qorumağa çalışırdı. Mən onun çiyinlərini qucaqladım. Gəmi şəhərdən get-gedə uzaqlaşır, dənizin çil-çıraqlarının əksinə boyanmış işıqlı tərəfindən ağır qaranlığına doğru gedirdi. Televiziya qülləsinin konturları itmişdi, onun qırmızı işıqları-gecənii düymələrinə oxşayırdı.
-Əsmər dəsmalıyla üzünü örtdü, ancaq alnı və gözləri açıq qalmışdı. Alnı və gözləri közəl idi. Mən onun. baş yaylığını götürüb alnını və gözlərini örtdüm. İndi burnu, dodaqları, çənəsi açıq qalırdı və onlar da közəl idi. Mən yaylıqla onun sifətinin müxtəlif tərəflərini örtürdüm və hər dəfə qalan hissələr gözəl, kamil idilər.
Gəmi uzun bir fit verdi və geri dönməyə başladı. Mən barmaqlarımı onun sərin əlində gəzdirdim.
– Əzizim, – dedim, – sənin beş barmağın varmış.
– Qəribədir, eləmi, qəribədir ki, altıbarmaq deyiləm. O bu sözləri yaylığın dalından dedi, mən yaylığı onun dodaqlarından qopardım və Əsməri öpməyə başladım. Mən hiss elədim ki, yaylığı boynuma keçirdi və bərk-bərk dartdı. Onun sifətinin bütün formalarını, bütün əzalarını duyur və Əsmərin pıçıltısını eşidirdim.
– Bax, görürsənmi, səni buxovladım, yaylığımla. Biz aerodroma gedirdik və mənim fikirlərim quma batmış maşının çarxları kimi bir yerdə hərlənirdi. hərlənib eyni br cümləyə qayıdırdı: “Sahil boyu səpələnmiş balıqçı komaları. ” Bu qırıq cümlə hardan düşmüşdü beynimə. Onun mənası nə idi, o kimdən, nədən danışırdı və nəyə görə bu cümlə bütün qəlbimi titrədir, ağrıdır?
Əsmər mühacirlərdən danışırdı. Müxtəlif ölkələrdə rast gəldiyi mühacirlərdən. Bəzilərinin görürsən güzəranı da pis keçmir, amma hamısının gözlərində eyni bir ifadə var – qəriblik, yalqızlıq ifadəsi.
Mən düşündüm ki, bəlkə biz də, Əsmər də, mən də mühacirik. Böyüklər diyarına uşaqlıq ölkəsindən gəlmiş mühacirlər. Geri qayıtmaq imkanından əbədi məhrum olmuş mühacirlər. Vətənləriyçün qəribsəmiş mühacirlər.
– Deməli, bircə Həştərxanda düşəcəyik, səhər də Moskvadayam. Heyf ki, sənin ad gününə qala bilmədim, Bir gör sən allahg – sonra o əlavə etdi: – Hələ ki, Moskvadayıq, gəl. Camalla mən çox şad olarıq. “Yenə də Camalla mən!”
– Mən bilmirdim ki, Camal belə mənsəb qazanıb. Diplomatik məclislərdə şampan açmaq nadir şəxslərə nəsib olan səadətdir.
– Yaxşı, acıdil olma, o, ayrı işlərlə də məşğul olur.
– Bilirəm, bilirəm, onun əlindən hər iş gəlir. Səhv eləmirəmsə, cavanlıqda çəkməçi olub.
– Sən isə cavanlıqda da axmaq olmusan, elə indi də axmaqsan. Bəli, Camal çəkməçilik eləyib, böyük, ailə saxlayıb və özü də oxuyub. Belə şeyə rişxənd eləmək ayıbdır.
Mən doğrudan da xəcalət çəkdim. Təyyarəyə yarım saatdan sonra minəcəkdilər, biz aeroportun kafesində oturmuşduq, vaxt çox ağır keçirdi. Elə dəqiqələr olur ki, lim-həlim doludurlar, heç bilmirsən necə keçirlər. Boş dəqiqələr də olur, içilmiş şüşə kimi, bilmirsən onları neyləyəsən. Minik elan edəndə rahat nəfəs aldım
– Bağışla, bir az artıq-əskik danışdım, – dedim.
– Eybi yoxdur ,- o hələ də incik idi.
– İndi dediklərim heç, bayaq kababxanada da çox səfeh sözlər danışırdım.
– Keçər, – dedi və bu ondan eşitdiyim son sözlər idi.
Trapın yuxarı pilləsindən çevrilib, əl elədi, sonra təyyarənin qaranlıq qapısında qeyb oldu. Bir neçə dəqiqədən sonra o, uca qara köydə iki qırmızı, bir yaşıl işıq nöqtəsi idi. İyirmi dəqiqə də keçdi, ayın otuzu oldu və mənim sinnim bir yaş artdı. Bu vaxt mən şəhərə yaxınlaşırdım və kecə vitrinlərinin işıqları soyuq, soyuq idi.
Amma nə isə xoş bir rahatlıq hissi, azadlıq, asudəlik hissi içimi doldurmuşdu. Mən işim-peşəm haqqında düşünürdüm. Düşünürdüm ki, sabah , yox, artıq bu kün səhər iş masamın ardına keçəcəm. Masamın üstündəki böyük ağ planşet haqqında düşünürdüm, fikirləşirdim ki, tuşun nə yaxşı iyi var, yaxşı qəddənmiş qələmlərin nə gözəl forması var. Bir də düşünürdüm ki, işdən, fəaliyyətdən gözəl dünyada nə var və bunların olmaması nə böyük faciədir. Böyük şəhər – mənim peşəm – üstümə axırdı.
Səhər məni yuxudan bacımın cingiltili səsi oyatdı.
– Təbrik edirəm, təbrik edirəm. Böyük oğlan olasan, balaca bacını incitməyəsən. – Əyilib məni öpdü, – sənə teleqram gəlib. Həştərxandan. Gürcüdəndir.
Mən teleqramı qapdım. İki söz. “Təbrik. öpürəm .” Bir də imza:
Ədalət � 2018.- 16 mart.- S.6.
KİTAB ADAM YEMİR
İnsan çox şey oxuya bilər, amma hər oxuduğu ona xoş gəlməz. Hər insanın bir şeyə marağı var, kiminin dedektiv, kiminin sərguzəşt, kiminin sosial-məşiət, kiminin qəhrəmanlıq, kiminin də sevgi mövzusunda yazılara. Azərbaycan ədəbiyyatında sevgi mövzusunda yazılmış əsərlərdən biri, bəlkə də birincisi “Gürcü familiyası”dır.
Sovet dövrünün ən gur çağlarında yazılmış bu əsər bənzərsiz təsviri ilə həqiqətən də qəlbləri oxşayır. O dövrün Bakısının, insanlarının, gündəlik həyatının, tarixinın, gələcəyinin və keçmişinin əks olunduğu əsərdə 2 gəncin nakam məhəbbətindən söhbət açılır. Hadisələrin baş verən məkanı isə tarixi keçmişimiz olan İçərişəhərdir
Əsəri oxuyan şəxs son dərəcə nostalji hisslərə qapılır, sanki hər şeyi öz gözü önünə gətirəcək. Əsər sanki gənclərə həqiqi məhəbbətin müqəddəs olduğunu göstərir, lakin eyni zamanda onu da göstərir ki, lazımi vaxtda lazımi addım atmaq lazımdır. 2 nəfərin arasına 3-cülərin girməsinə yol verməsinlər. Əsərin sonunda isə göndərilmiş bir “bağlama” yazıçının insanlara bir hədiyyəsidir- heç kim ümidsiz qalmasın. Hamının bir teleqram almağa ehtiyacı var. fərqi yoxdur, kimdən olur-olsun, hansı şəhərdən olur-olsun.
“Gün keçdi’ bu sözü biz özümüz haqqında heç vaxt deyə bilmərik. Bizim üçün sadəcə “Gün keçir” və yalnız biz həyatdan köçəndən sonra bizim haqqımızda deyəcəklər ki, “Filankəs üçün GüN KEÇDİ”. Necə ki, biz bu esəri oxuyub deyirik. Əsmər və Oktay üçün “Gün keçdi”.
Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… – Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTO
Kulis.az rejissor Arif Babayev haqqında maraqlı faktları nəşr edib.
Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olub. Ailədə beş qardaş olublar. Evin ən böyük uşağı Arif olub. Uşaq olanda futbolu çox sevib. Bir də kiçik yaşlarından kinoteatrda filmlərə baxmağı. O, böyük maraqla futbolçuların şəkillərini toplayır, kino sənətinə dair kitablar, qəzet materialları oxuyurdu. 1947-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində daxil olur.
Gənclik illəri cazın inkişaf etdiyi dövrlərə düşən Arif Babayevin də musiqiyə həvəsi yaranır və o, bir müddət trubada ifa edir. Vaqif Mustafazadə ilə dost olması onun caza olan sevgisini daha da artırır. Onun bu sevdasına ən çox etiraz edən atası olur. Hacıağa müəllim oğlunun milli musiqi alətlərini qoyub, truba çalmasına narazılıq edir.
Arif Babayev 1947-1953-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində tanınmış rejissor, aktyor və pedaqoq Mehdi Məmmədovun kursunda təhsil alır. Qoqolun “Müfəttiş” tamaşasını hazırlayarkən rol bölgüsündə müəllimi ona da Qorodniçi obrazını tapşırır. 1953-cü ildə institutu bitirdikdən sonra Naxçıvan teatrına göndərilir. Həmin teatrın səhnəsində Qoqolun “Evlənmə” pyesini səhnələşdirir.
1956-cı ildə Rauf Kazımovski onu yeni yaranan televiziyaya işə dəvət edir. Burada hazırladığı layihələr, verilişlər sayəsində az vaxtda tanınır. 1959-cu ildə televiziyanın baş rejissoru təyin olunur. Həmin müddətdə Moskvaya ezam olunur. Mərkəzi televiziyada ustad televiziya rejissoru kimi özünü necə tanıdırsa, geriyə “Rejissor pultunun Paqaninisi” tituluyla qayıdır.
1958-cı ildə anası Sürəyya xanım vəfat edir. Ondan iki il qabaq da atası Hacıağanı itirmişdi. Onlarla birlikdə doğma İçərişəhərdə yaşadığı günlər də bitir. Ata-anasından sonra qardaşları ilə yola gedə bilmir. İçərişəhərdəki evlərindən getməkdən başqa çarəsi qalmır. On beş il Bakının ayrı-ayrı yerlərində kirayədə yaşamalı olur. Sonra kinostudiyanın yanında kino xadimləri üçün tikilmiş binada ona da mənzil verirlər.
Karyerası uğurlu olsa da, rejissor heç zaman ailə qurmur. Ətrafında bir-birindən gözəl xanımlar var idi. Onu sevən, ailə qurmaq istəyənlər də çox idi. Hətta bəziləri özləri Arif Babayevə evlilik təklifi edirdilər. Bir dəfə Nəcibə Məlikovayla evliliyinin astanasından döndü. Çünki Arif Babayevin dəli kimi sevdiyi bir qadın var idi. Televiziyada redaktor kimi çalışan yəhudi əsilli Nina adlı qadını sevib. Nina Yarova ilə televiziyada eyni redaksiyada çalışırdı. Nina redaktor, Arif isə rejissor idi. Sevgisi qarşılıqsız deyildi. Nina onu sevirdi. Ancaq ailəli idi. Tez-tez onların evinə gedirdi Arif Babayev. Ninanın həyat yoldaşını, övladlarını tanıyırdı. Onların ailəsinin dağılmasını istəmirdi. Amma bir neçə il sonra Nina ərindən boşanır və başqasıyla evlənir. Arif Babayev Ninanın ikinci həyat yoldaşına: “Onu qoru, Nina dünyanın ən yaxşı insanıdır”, – deyir.
Qardaşı rejissor Vasif Babayev müsahibələrində onu belə xatırlayır: “Arif xasiyyətcə çox sadə adam idi. Çəkiliş zamanı fəhlələrə kömək edirdi. Deyirdi ki, nə olar, onlar da yorulurlar. Fasilədə də daha çox fəhlələrlə ünsiyyətdə olurdu. Ailədə böyük övlad, işində sayılıb-seçilən rejissor olduğu üçün ətrafındakıları ona hörmətlə yanaşmağa məcbur etmək xasiyyəti yox idi. Çox vaxt gecələr yatmırdı. Bir dəfə şəhəri gəzə-gəzə bizə gəlib çıxdı. Çarpayını ona verib özüm yerdə yatmaq istədim. Qoymadı. Dedim, elə iş olar, mən çarpayıda, sən yerdə? Dedi, niyə olmur, sən yerində rahat yat, mən yerdə yatmağı xoşlayıram. Öz evində də belə edirdi. Xasiyyətindəki həlimlik onu fərqləndirirdi. Hətta demək olar ki, Arif fağır adam idi. Konflikt yaratmaqla, haqlı olduğunu səs-küylə sübut etməklə heç arası yox idi. Mənzili əsl subay kişinin mənzili olsa da, paltarları həmişə səliqədə olardı. Əyin-başına, görünüşünün doğurduğu təəssürata çox diqqətli idi. Həmişə ən son dəbə uyğun geyinər, təmiz-tarıq görkəmdə olardı”.
Çəkdiyi filmlərin bir çoxunda özünün müəyyən cizgiləri var idi. Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkdiyi “Gün keçdi” filminin qəhrəmanı Oqtay isə Arif Babayevin özü idi. Orada öz dünyasını, öz yalnızlığını çəkmişdi kinorejissor. Bəlkə buna görə Anar etiraf etmişdi ki, ekran əsərinə baxanda öz ssenarisini tanımayıb.
Deyilənə görə bu filmdə kadrlar həddindən artıq çox olduğu üçün rejissorla kinostudiyanın direktoru Adil İsgəndərov arasında narazılıq yaranır. Buna görə də Moskvadan montajçılar çağırılır.
Bədxərc idi. Qazandığı pulları ən çox da geyim-keciminə xərcləyirdi. Son dəblə geyinirdi. Sovet dövründə xaricdən çətinliklə gətirilən paltarları alverçilərdən baha qiymətə alırdı. “Paltarların, ayaqqabıların köhnələndə təzələmək həvəsin qalmayıbsa, demək ölüm sənə yaxınlaşıb”, – deyirdi.
Şəkər xəstəliyi amanını kəssə də, yenə nifrət etdiyi xəstəxanalara üz tutmur, səhhətinə fikir vermir, pəhriz yeməkləri yemirdi. Xəstəxanaya getmək məcburiyyətində qalanda isə onun həm də vərəmə yoluxduğu məlum olur.
1981-ci ildə rejissorun səhhətində dəyişikliklər başlanır. 54 yaşlı rejissor 26 avqust 1983-cü ildə şəkər xəstəliyindən vəfat edir.
Comments are closed, but trackbacks and pingbacks are open.