Press "Enter" to skip to content

Hədəf ədəbiyyat

Bu hadisədən cəmi bir il sonra 12 iyun 1981-ci ildə yazarların VII qurultayında Heydər Əliyev birbaşa Cənub ədəbiyyatı məsələlərinə toxunur. Bunun təfərrüatlarını Vilayət Quliyevin tərtib etdiyi „Ədəbiyyatın yüksək borcu və amalı” kitabında görmək olur. Kitabda 1969-1999-cu illər Heydər Əliyevin ədəbiyyatla bağlı fəaliyyəti əhatə olunmuş, çıxışlarından sitatlar verilmişdir. Həmin sitatlardan birində deyilir: “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər… Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır” (səh. 146).

Heydər Əliyev və Azərbaycan ədəbiyyatı

Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən dahi lider Heydər Əliyev daim ziyalılara diqqətlə yanaşırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 21 sentyabr 1993-cü ildə AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir.

Hakimiyyəti boyu ziyalıların və ziyalılığın himayədarı olan Heydər Əliyev ədəbiyyat insanlarına həmişə diqqət göstərmişdir. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan ulu öndər ədəbiyyata dərindən bələd olmuş və sözə sevgi ilə yanaşmışdır. Bunu onun hələ sovetlər dönəmində yazarların V, VI, VII, IX qurultaylarında iştirak etməsi də sübut edir.

O, həmin qurultaylarda iştirak etməklə qurultay iştirakçılarına stimul verir, ədəbiyyatın inkişafı üçün şərait yaradırdı. Ulu öndər Heydər Əliyevin söz adamlarına diqqəti və qayğısı bununla kifayətlənmirdi. Qüdrətli Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrdə mühafizəçisinə çevrilirdi. Ölkənin bütün hüdudlarını əhatə edən ayrı-ayrı bölgələrdə yerli şəraitin tələblərinə uyğun milli mədəniyyət ocaqlarının və abidələrinin yaradılmasına xüsusi əhəmiyyət verirdi. Deyilən fikirlərə sübut olaraq hələ sovetlər vaxtı yaradılmış ədəbiyyat ocaqlarını misal göstərə bilərik.

Ulu öndər hakimiyyətə gəldiyi ilk dönəmlərdə – 12 avqust 1969-cu ildə Qazaxda Molla Pənah Vaqifin ev muzeyinin yaradılması qərarının verilməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. 1978-ci ildə isə Şamaxıda Ədəbiyyat Muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi həmin bölgənin tarixi şöhrətini daha da artırdı
Tarixə nəzər saldıqda görürük ki, Heydər Əliyev 60-70-ci illərdə olduğu kimi, 80-ci illərdə də ədəbiyyatın keşiyində xüsusi inamla dayanmışdır. 1980-ci ilin 11 dekabrında Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev muzeyinin yaradılması qərarına imza atmaq həmin zaman kəsiyi üçün əvəzolunmaz iş idi. Bunu Hüseyn Cavidin faciəvi həyat tarixçəsinə əsaslanaraq söyləmək daha inandırıcı olar. Bir imperiyanın məhv etdiyi bir dahini hələ o imperiyanın mövcud olduğu bir zamanda vətəninə qaytarmaq tarixi ədalətsizlik üzərində milli qələbə idi.
Görülən ədəbiyyatyönlü işlər bunlarla kifayətlənmirdi. Heydər Əliyev 15 yanvar 1982-ci ildə Şuşada M.P.Vaqifin məqbərəsinin açılışında iştirak edir. Bu hadisənin tarixi əhəmiyyətini həmin tədbirin iştirakçısı və şahidi olmuş şairlərimiz sonralar əsərlərində xüsusilə qeyd etmişlər. Onlardan biri də Cabir Novruzdur. O, “Şuşa yolu” poemasında həmin açılış mərasiminin incəliklərinə belə toxunur: «Mənfur, paxıl ermənilər məzlum-məzlum baxırdılar, süzürdülər. Özlərini üzürdülər… Vaqifin bu mavzoleyinin onlar üçün göz dağı olduğunu bilirdilər”.
Bütün bunlarla yanaşı, hakimiyyətdə olduğu dövrün birinci mərhələsində istər müasir, istərsə də klassik şair və yazıçıların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmasını unutmaq olmaz. 1969-cu ildə ölkə rəhbəri təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olur. Bu, o dövrün yazarlarına böyük etimadın göstəricisi idi. Bu göstərici hər il daha da artır, daha geniş arenanı əhatə edirdi. Belə ki, 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri böyük təntənə ilə gerçəkləşdirilir.
Klassiklərə olan diqqətdən danışarkən ilbəil keçirilən yubiley tədbirlərini xatırlamaq lazımdır. 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər, heykəlinin ucaldılması ədəbiyyat tariximiz üçün önəmli hadisə idi. Həmçinin 13 sentyabr 1973-cü ildə bəşəri klassikimiz İmadəddin Nəsimin 600 illik yubileyinin Bakı ilə yanaşı Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etmək demək idi. Nəticədə 1980-ci ildə Bakıda İ.Nəsimin abidəsi qoyuldu.
Qarşıdan bəşəri şair Nizami Gəncəvinin yubileyi gəlirdi. Bu münasibətlə 6 yanvar 1979-cu ildə „Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilir. Dövrün bütün ziddiyyətlərinə baxmayaraq, qərarda Nizami Gəncəvinin məhz Azərbaycan şairi olmasının qabarıq vurğulanması əsas önəmli fakt idi. Bu o demək idi ki, böyük bir imperiya Nizami Gəncəvini Azərbaycanın şairi olaraq öyrənir və təbliğ edirdi. Qərarın icrasından irəli gələrək, 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi dövlət səviyyəsində keçirilmişdir.
Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirilən bəzi yubiley mərasimlərinə nəzər salaq. Yubilyarlar müxtəlif zümrələri əhatə edirdi. Məsələn: 1974-cü ildə 90 illiyi keçirilən Hüseyn Cavid repressiya qurbanı olmuşdur. 25 may 1979-cu ildə romantik şair Məhəmməd Hadinin 100 illiyi, 17 oktyabr 1980-ci ildə isə mollanəsrəddinçi tənqidi realist şair Əliqulu Qəmküsarın 100 illiyi qeyd edilmişdir. 12 iyul 1982-ci ildə isə xanım şair Mirvarid Dilbazinin 70 illiyi dövlət səviyyəsində keçirilmişdir.

Heydər Əliyevin sovet hakimiyyəti dövründə yazarlara olan etimadını və qayğısını sadaladığımız faktlarla məhdudlaşdırmaq olmaz. O həmçinin 27-31 oktyabr 1980-ci il Bakıda keçirilən dünya yazıçılarının “Ədəbiyyatların dostluğu-xalqların dostluğudur” Ümumittifaq Konfransını təşkil edərək, dünya yazıçılarını bir araya yığmağı bacarmışdır. Zamana və məkana diqqət yetirsək görərik ki, o cür tarixi dönəmdə bu qədər dünya yazarları Moskvaya yox, məhz Bakıya gətirilmişdir.

Bu hadisədən cəmi bir il sonra 12 iyun 1981-ci ildə yazarların VII qurultayında Heydər Əliyev birbaşa Cənub ədəbiyyatı məsələlərinə toxunur. Bunun təfərrüatlarını Vilayət Quliyevin tərtib etdiyi „Ədəbiyyatın yüksək borcu və amalı” kitabında görmək olur. Kitabda 1969-1999-cu illər Heydər Əliyevin ədəbiyyatla bağlı fəaliyyəti əhatə olunmuş, çıxışlarından sitatlar verilmişdir. Həmin sitatlardan birində deyilir: “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər… Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır” (səh. 146).

Ulu öndər 29 oktyabr 1997-ci ildə „Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalanmışdır. Ümumiyyətlə, söz adamlarına qarşı göstərilən dövlət qayğısı ölkəmiz müstəqillik qazandıqdan sonra da davam etdirilmişdir.

90-cı illərdə ölkəmizin düçar edildiyi ədalətsiz müharibənin fəsadlarına baxmayaraq, Heydər Əliyev yenə də ədəbiyyat sahəsinə öz diqqət və qayğısını azaltmırdı. 1994-cü ildə satirik qələm ustası Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin keçirilməsi həmin çətinliklər dövründə böyük hadisə idi. Həmçinin Azərbaycanın azadlıq mücadiləsində fərqlənən şairlərin dövlət tərəfindən mükafatlandırılması milli müstəqilliyə xidmət edirdi. 1995-ci ildə ilk dəfə Heydər Əliyev tərəfindən Bəxtiyar Vahabzadəyə verilən “İstiqlal” ordeninə sonralar Məmməd Araz və Xəlil Rza Ulutürk də layiq görülmüşdür.

Dahi lider Heydər Əliyev 6 noyabr 1996-cı ildə Türk Dünyası Yazıçılarının III Qurultayında çıxışı zamanı bəşəri və ortaq türk abidələrinin adlarını vurğulamaqla böyük türk coğrafiyasının xəritəsini cızmışdır: „Qədim dövrlərdə “Dədə Qorqud”, „Manas”, “Alpamış”, „Koroğlu” dastanları, xalqlarımızın hamısına mənsub olan dahi şairlərimiz, yazıçılarımız – Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, xalqlarımızı dünyada tanıdan ölməz əsərlər yaratmışlar…”
Heydər Əliyev sovet hakimiyyəti illərində olduğu kimi müstəqilik illərində də yazıçıların qurultayında iştirak etmişdir. 1997-ci ilin oktyabrında Azərbaycan Yazıçılar Birliyinin X qurultayında iştirakı və söylədiyi “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm” – sözləri ədəbiyyata böyük sevginin ifadəsi idi. Həmin qurultayın səmərəli nəticəsi olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan „Azərbaycan”, “Ulduz”, „Qobustan” jurnalları və “Ədəbiyyat qəzeti” dövlət tərəfindən maliyyələşdirilərək nəşr edilməyə başladı.
Heydər Əliyevin ədəbiyyat sahəsində xidmətlərindən söz düşəndə onun folklora və folklor nümunələrinə biganə olmadığını da söyləmək lazımdır. 1997-2000-ci illərdə „Dədə Qorqud” dastanının Bakı ilə yanaşı, Drezden və YUNESKO-da yubileyinin təşkili buna örnəkdir. 2000-ci ildə “Kitabı-Dədə Qorqud” eposunun 1300 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlər nəinki folklorşünaslığa, o cümlədən ədəbiyyatşünaslığa böyük təkan verdi. Bu ənənəni davam etdirəm Prezident İlham Əliyev 28 dekabr 2013-cü ildə „Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında” və 20 fevral 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalamışdır.
»Dədə Qorqud” eposuna verilən dövlət dəyəri milli kimliyə verilən əvəzolunmaz dəyər idi. Heydər Əliyevin bu tipli xidmətlərini nəzərə alan beynəlxalq qurumlar onun fədakarlıqlarını dəyərləndirməyi də unutmamışlar. 1986-cı ildən təsis edilən Beynəlxalq Atatürk Sülh Mükafatının 1 noyabr 1999-cu ildə Heydər Əliyevə verilməsi də həmin dəyərin bir parçasıdır. Bundan bir il sonra 22 iyun 2000-ci il Moskvada azərbaycanlıların ümumrusiya konqresində çıxış edən ulu öndər bir daha hər bir azərbaycanlının yanında olmaqdan qürurlandığını sübut edir. Harada yaşamasından asılı olmayaraq milli dövlətçilik marağına xidmət etməli olduqlarını vurğulayır. Öz fəaliyyətində bunun ən yaxşı nümunəsini göstərir. 9 mart 2001-ci ildə paytaxtımızda Atatürk Mərkəzinin yaradılması ilə ulu öndərin milli xidmətlərinə daha bir töhfə əlavə olunur.
Heydər Əliyev yalnız ədəbiyyatın yox, həmçinin ədəbiyyatın əsas istinadgahı olan dilin də inkişafını diqqətdən kənarda saxlamamışdır. 18 iyun 2001-ci il «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” AR Prezidentinin fərmanı ilə rus dilinin hegemonluğunu azaltdı. Bir neçə ay sonra, 1 avqust 2001-ci ildə „Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərman verilməklə kiril əlifbasının yarım əsrdən çox davam edən hökmranlığına son qoyulmuşdur. 4 yanvar 2003-cü il “Azərbaycan Respublikası Dövlət dili haqqında” Azərbaycan Qanunu”nun tətbiq edilməsi barədə” fərman isə bütün bu işlərin məqsədyönlü həyata keçirilməsinə zəmin yaratdı.

Heydər Əliyevin ədəbiyyat adamlarına qarşı sevgisi birtərəfli olmamış, onlar da daim bu şəxsiyyətin fəaliyyətini müxtəlif janrlarda olan əsərlərlə işıqlandırmışlar. Hələ sovetlər zamanında, 1974-cü ildə Cənubi Azərbaycan şairi Bulud Qaraçorlu Səhəndin yazdığı „Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə” şeiri sonralar çoxlu ardıclılar tərəfindən davam etdirilmişdir. Müstəqillik dövründə eyni mövzulu çoxlu lirik şeirlər yazılmaqla bərabər irihəcmli poemalar da qələmə alınmışdır. Bu əsərlərə nümunə olaraq Elxan Zal Qaraxanlının “Anıt məzar dastanı”, Zəlimxan Yaqubun „Əbədiyyət dastanı”, Sabir Mustafanın “Qayıdış”, Ramiz Məmmədzadənin „Zirvə”, Fikrət Qocanın “Gərək bu günləri görəydin özün”, Fəridə Ləmanın „Onu zaman seçib”, Rəfiq Zəka Xəndanın “Heydər baba”, Elman Həbibin „Heydərnamə”, Ramiz Duyğunun “Prezidentin ürəyi”, Ramiz Heydərin „İlhamlı gələcək”, Mirkazım Seyidovun “Heydər dühası” və s. göstərə bilərik. Eyni zamanda Heydər Əliyevin obrazı yaradılmış səhnə əsərlərinə Hidayətin „Burdan bir atlı keçdi” pyesini, Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”, Aqşin Babayevin „Xilaskar” tamaşalarını, İftixar Priyevin “Qurtuluş dastanı” dramını misal gətirə bilərik.
Bir nüansa da toxunmaq lazımdır ki, Heydər Əliyevin həyat və fəaliyyəti yalnız bədii əsərlərdə deyil, tədqiqat əsərlərində də əksini tapmışdır. Bu əsərlərdən biri ilk nəşri 1998-ci ildə, ikinci nəşri 2009-cu ildə olmuş „Heydər Əliyev və Azərbaycan Ədəbiyyatı” kitabıdır. 2010-cu ildə AMEA Ədəbiyyat İnstitutu tərəfindən təqdim olunan bu kitab ədəbiyyat sahəsi üzrə Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. Bunlardan əlavə, Tərlan Novruzovun “Heydər Əliyev və ədəbiyyat məsələləri” kitabları, eləcə də Elmira Axundovanın 2014-cü ildə çap olunmuş 6 cildlik „Heydər Əliyev: şəxsiyyət və zaman” publisist romanı da ulu öndərin ədəbiyyatla bağlılığı barədə qələmə alınıb.

Göründüyü kimi, Heydər Əliyev hər bir ədibə xüsusi qayğı göstərmiş, onların layiqli dəyərlərini almalarına şərait yaratmışdır.

Müəllif: Gülnar Səma
Mənbə: artkaspi.az

  • Teqlər:
  • Azərbaycan ədəbiyyatı
  • , Heydər Əliyev
  • , Heydər Əliyevin dövründə Azərbaycan ədəbiyyatı
  • , ədəbiyyat haqqında
  • , “Dədə Qorqud eposu
  • , Ulu öndər Heydər Əliyev
  • , Heydər Əliyev sovet hakimiyyəti illərində

Hədəf ədəbiyyat

“Bu klub milli ədəbiyyatın dirçəlməsinə yardımçı olacaq”. Bunu Modern.az-a Hədəf Nəşrlərinin redaktoru, gənc yazıçı Rüfət Əhmədzadə deyib. “Hədəf” Oxucu Klubun fəaliyyətdən danışarkən o, qeyd edib ki, Klubda xarici müəlliflərlə görüşlər təşkil ediləcək. “Bu layihə bizim “Hədəf” komandasının təşəbbüsü ilə yaransa da, fəaliyyətimizi hər hansı qrupun maraqları üzərində qurmayacağıq. Əsas məqsəd cəmiyyətdə mütaliənin təbliğinə, gənclərin kitab oxumağa həvəslənməsinə və yeni imzaların oxuculara daha uğurlu və planlı şəkildə təqdim edilməsinə nail olmaqdır. İstəyirik ki, həm oxucuların zövqünün yaxşılaşması, həm də yazarlarımızın tənqid və iradlara dözümlü olması istiqamətində işlər görək”.

R.Əhmədzadə böyük elektron bazanın yaradılacağını və müxtəlif sahələr üzrə, müxtəlif dillərdə olan kitabların orda toplanacağını da qeyd edib. “Klub mart ayının ilk günlərindən fəaliyyətə başlayacaq. Tədbirlər əsasən “28 May” metrostansiyası yaxınlığında açılışa hazırlanan “Kitabevim.Az” marketinin nəzdində keçiriləcək. “Hədəf” Oxucu Klubu həm üzvlərimiz üçün müxtəlif ixtisaslar və sahələr üzrə abunəli kitabxana xidmətləri göstərəcək, həm də müxtəlif müzakirəli təqdimatlar, seminar və dəyirmi masalar, yazıçılarla görüşlər təşkil edəcək. Eyni zamanda, xarici yazarlar ilə Azərbaycan oxucularının və yazarlarının istər real, istərsə də internet bağlantısı ilə görüşlərini keçirməyi planlaşdırırıq”.

Modern.az

Ədəbiyyat müəllimi, sən bir günəşsən

Kurikulum tələbləri ilə işləyən fənn müəllimlərinə kömək məqsədi ilə belə bir bloqun yaradılmasını qarşımıza məqsəd qoyuruq. Burada müəllimlərə metodik dəstək verilməsi, onlarla müəyyən müzakirələrin açılması bir hədəf kimi götürülür.

Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili

  • Получить ссылку
  • Facebook
  • Twitter
  • Pinterest
  • Электронная почта
  • Другие приложения

dos. Fəxrəddin Yusifov
TƏLİM STRATEGİYALARI [1]
Ədəbiyyat tədrisinin təşkili

Bu başlıq altında Siz ədəbiyyat tədrisinin təşkilinə dair məlumatlara, verilən əsas tələblər, ədəbiyyat dərslərinin yeni təlim texnologiyalarından istifadə ilə tədrisi(Tənqidi Təfəkkürün İnkişafında Mütaliə və Yazı və fəal(interaktiv) təlim, fəal(interaktiv) təlimin mexanizmləri), ədəbiyyat dərslərində istifadə olunan üsullar(metod və texnikalar), iş formaları(fərdi, cütlərlə, kiçik və böyük qruplarla iş), müəllimin təlim fəaliyyətinin planlaşdırılması(perspektiv və cari planlaşdırma), ədəbiyyat dərslərinin növləri(induktiv, deduktiv və qarışıq tipli), ədəbiyyat dərslərində müəllimin mövqeyini (fasilitasiya bacarıqlarını), ədəbi əsərlərin öyrədilməsi, icmalların öyrədilməsi, yazıçının həyat və yaradıcılığına dair məlumatın öyrədilməsi, ədəbiyyat nəzəriyyəsinə dair məlumatların öyrədilməsi, ədəbiyyatdan sinifdənxaric və məktəbdənkənar işlərin təşkili, ədəbiyyat dərslik komplektləri ilə işləmək bacarığı, nitq inkişafı işlərinin təşkili məsələlərini nəzərdən keçirəcəksiniz

Ə dəbiyyat tədrisinin təşkilinə verilən tələblər

Ədəbiyyatın tədrisi qarşısına qoyulan tələblər zaman dəyişdikcə yeniləşmişdir. Dövrün tələbi bu işin məzmununun yeniləşməsinə, tərkibinin dəyişməsinə səbəb olmuşdur. Məsələyə bu yönümdən yanaşsaq, 1991-ci ildə C. Əhmədovun vəsaitində [2] əksini tapan ümummetodik tələbləri diqqətinizə çatdırmaq istəyirik:

1. Qarşıya qoyulan məqsədə çatmaq üçün dəqiqlik və məqsəd aydınlığı;
2. Dərsin özündən əvvəlki və sonrakı məşğələlərlə əlaqəsi;
3. Dərsdə təlimlə tərbiyənin vəhdətinin gözlənilməsi;
4. Dərsin bütün mərhələlərində şagirdlərin fəallığının təmin olunması;
5. Şagirdlərin əmək intizamının təmin olunması;
6. Dərsdə vaxtdan maksimum səmərəli istifadə;
7. Dərsin zəruri vəsaitlə təmin olunması;
8. Dərsin faydalı yekunlarla nəticələnməsi.

Burada əksini tapan məsələlər sovetlər dönəminin tələbləri ruhunda tərtib olunsa da, öz aktuallığını qoruyur və bugünkü dərslərimiz üçün hələ də keçərlidir, amma yetərli deyil. Bunun üçün verilən tələblərə təkrar baxmaqla təsəvvürünüzdə canlanan məsələləri uzlaşdırsanız kifayət edər.

Müəllim hazırlığı ilə 95 ildən çox məşğul olan doğma universitetimizin metodika sahəsində də öz zəngin ənənəsi və təcrübəsi olmuşdur. O, bu sahədə respublikamızın yeganə baş aparıcı müəssisəsi sayılmışdır. Ona görə də universitetimizin ədəbiyyat tədrisi metodikası proqramında verilən tələblərə də diqqəti ayrıca cəlb etmək istərdik. Tələbə və müəllimlərimizin müəyyən dövrə qədər istifadəsində olan 2005-ci il proqramında [3] oxuyuruq:

1. Ədəbiyyatın tədrisi prosesində şagirdlərə vətənpərvərlik tərbiyəsinin aşılanması müasir dövrün əsas problemi kimi;

2. Ədəbi parçaların tədrisini humanistləşdirmək müasir dərsin aktual bir keyfiyyəti kim;
3. Bədii materialın öyrədilməsində yazıçı ideyasının düzgün qiymətləndirilməsi;

4. Dərsin intensivləşdirilməsi. Akademik dərs saatının hər bir mərhələsindən maksimum dərəcədə səmərəli istifadə edilməsi;

5. Tədris materiallarının öyrədilməsində təlimin texniki vasitələrindən istifadə edilməsi;
6. Tədris prosesində fəndaxili və yaxın fənlər arasında əlaqənin ön plana çəkilməsi;
7. Ədəbiyyat dərslərində şagirdləri müstəqil fəaliyyətə alışdırmaq.

Nəzərə alsaq ki, bu proqram tərtib olunanda hələ ədəbiyyat kursu yenilənməmişdi, onda yuxarıdakı tələblərin dövrümüz üçün nə qədər aktual olduğunu aydın şəkildə görə bilərik. Amma bunları da yetərli saymaq olmaz.

Ədəbiyyat tədrisinin təhsil islahatı tələblərinə uyğunlaşdırılması bu gün ən vacib məsələlərdən biridir. Təsadüfi deyildir ki, orta məktəbin ədəbiyyat kursu artıq yenilənməni başa vurmaq üzrədir. Yeni kurs yeni tələblər ruhunda fəaliyyət göstərməkdədir. Həmin tələblər içərisində müasir təlim texnologiyalarının, elektron resursların tədris prosesinə gətirilməsi, dərslərdə fəal(interaktiv) təlim texnologiyasından istifadə, əyani vasitələrdən, internetdən, multimedianın imkanlarından istifadə yolu ilə tədrisin keyfiyyətinin yük­səldilməsi, təlim prosesində şagirdə münasibətin dəyişməsi, müəllimin bələdçi, şagirdin isə tədqiqatçı olması, yaddaş amilindən düşüncə amilinə keçilməsi, dialoqun geniş tətbiqi, nəticəyönümlü və şəxsiyyətyönümlü təhsilin həyata keçirilməsi və s. bir vəzifə kimi qarşıda durur.

Ədəbiyyat tədrisinin keyfiyyətinin yüksəldilməsində kadrların əvəzedilməz rolunu xüsusi ilə vurğulamaq istərdik. Gələcəyin ədəbiyyat müəllimi nələrdən xəbərdar olmalıdır sualına çoxlu və fərqli cavablar vermək mümkündür. Burada onun ixtisasını mükəmməl bilməsi ilə yanaşı şəxsi keyfiyyətlərinə, səriştəsinə qədər hər bir şeyi nəzərdə tutmaq olar. Biz təxmini olaraq onları aşağıdakı kimi qruplaşdırmaq qərarına gəldik. Belə hesab etdik ki, gənc ədəbiyyat müəllimi aşağıdakı məsələlərdən kifayət qədər məlumatı olmalı, müvafiq bilik və bacarıqlara yiyələnməlidir:

1. Təhsil haqqındakı rəsmi sənədlərin ondan nə istədiyini(yəni məzmununu),

2. Ümumi təhsil məktəblərində ədəbiyyatın tədrisi yollarını, məqsəd və vəzifələrini, tədris prosesinin planlaşdırılmasını, təşkilini və qiymətləndirilməsini, metodik qaydaları, üsul və vasitələri, onları praktik olaraq istifadə etməyi,

3. Ədəbiyyat dərslik komplekti ilə işləmək bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi,

4. Ən vacib, zəruri, müasir tələblərə cavab verən elmi-nəzəri, pedaqoji-psixoloji və metodik bilikləri,

5. İnternet resurslarından səmərəli istifadə etməyi,
6. Təqdimatlar, tədqiqatlar aparmaq, özünü inkişaf, özünü təkmilləşdirmək qaydalarını,

7. Müəllim üçün ən zəruri təşkilati, idarəetmə və ünsiyyət bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi və s.

Ədəbiyyatın tədrisi metodikası fənni gələcəyin ədəbiyyat müəllimlərində yuxarıda adı tutulan keyfiyyətlərin, bilik və bacarıqların olmasını hədəf götürməlidir. Dövlətin təhsil siyasətini bilmədən, şagirdlərlə, dərsliklərlə işləmək bacarığına sahib olmadan, tədris prosesini təşkil etmək, planlaşdırmaq, idarə etmək, qiymətləndirmə və monitorinq aparmaq, sənətinin sirlərinə yiyələnmədən, yüksək vətəndaşlıq keyfiyyətlərinə, sənət sevgisinə sahib olmadan gələcəyin yaxşı ədəbiyyat müəllimi olmaq mümkün deyil.

Hər bir ədəbiyyat müəllimi dövlətin onun qarşısında nə kimi vəzifələr qoyduğunu, ondan nə tələb olunduğunu aydın şəkildə təsəvvür etməlidir.

Dərs keçməyə başlayan hər bir ədəbiyyat müəllimi məhz həmin vəzifələrin icrasına özünü hazır hesab etməlidir. Onun tədris etdiyi hər bir mövzunun arxasında bu rəsmi sənədlərin tələb etdiyi məsələlər dayanmalıdır. Bunun üçün də öncə “Təhsil haqqında” Azərbaycan Respub­likası Qanunu”nun aşağıdakı müddəalarını nəzərinizə çatdırırıq.

Maddə 4. Təhsilin əsas məqsədi (yəni təhsilimiz kimlərin yetişdirilməsinə xidmət göstərməlidir, fənlərimizin, mövzularımızın tədrisi zamanı biz hansı insanı yetişdirməliyik və bu insanda hansı keyfiyyətlər özünü göstərməlidir?):

4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:

4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;

4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;

4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Bəs ümumi təhsil qarşısına qoyulan vəzifələr nədən ibarətdir? Yenə də hamin Qanunun aşağıdakı müddəaların nəzər salmaq lazımdır:

19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.

19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.

Ümumi təhsil müəssisələrin güddüyü əsas məqsəd nədir sualına da yenə həmin sənədin aşağıdakı bəndlərində cavab verilir. Hər bir fənn müəllimi, eləcə də ədəbiyyat müəllimi öz fəaliyyətində burdakı tələbləri əldə rəhbər tutmalıdır. Unutmayaq ki, orta məktəb dərslikləri yaradılanda da məhz həmin tələbələrin həyata keçirilməsi bir zərurət kimi qarşıya qoyulur. Biz aşağıda həm ümumi orta təhsil(V-IX siniflər), həm də tam orta təhsil(X-XI siniflər) üzrə təlim məqsədlərini təqdim edirik:

19.13. Ümumi orta təhsilin məqsədi təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.

19.17. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya teхnоlоgiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur.

Dərslik komplektləri yaradılanda Qanunun bu tələbləri ilə yanaşı onun məzmununu əldə rəhbər tutan “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları(kurikulumları)” sənədinin müddəaları da nəzərə alınmalıdır. Həmin sənədin ümumi təlim nəticələri(9-cu bölmədə verilir və səviyyələr üzrə – ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər – təqdim olunur) və fənlər üzrə məzmun standartları(10-cu bölmə) ümumi təhsilin səviyyələri üzrə əldə olunacaq bilik və bacarıqları əks etdirməklə orta məktəb dərsliklərində nələrin güdüləcəyinə dair zəruri istiqamət verir. Siz əvvəlki bölmədə həmin sənədin məzmunu ilə tanış edildiniz. Yaxşı olardı ki, indi ümumi təlim nəticələri(9-cu bölmə) və məzmun standartlarında(10-cu bölmə) əksini tapan məzmunla Qanunundakı müddəaların bir-biri ilə necə uzlaşdığına diqqət yetirəsiniz. Hər bir gənc ədəbiyyat müəllimi onun qarşısında duran vəzifələrin nədən ibarət olduğunu, bu vəzifələrin haradan qaynaqlandığını bilməlidir. Biz burada diqqəti yenidən “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulum­la­­rı)” sənədindəki bir məsələyə cəlb etmək istərdik. Bu da təlim prosesinin təşkilində əldə əsas götürüləcək prinsiplərdir. İş prosesində bu tələblər mütləq yerinə yetirilməlidir. Həmin sənəddən oxuyuruq:

Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:

pedaqoji prosesin tamlığı — pedaqoji prosesdə təlimin məqsədləri kompleks şəkildə (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;

təlimdə bərabər imkanların yaradılması — bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;

şagirdyönümlülük — şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;

inkişafyönümlülük — şagirdlərin əqli fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;

fəaliyyətin stimullaşdırılması — pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;

dəstəkləyici mühitin yaradılması — pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.

Buradakı prinsiplər ədəbiyyat müəlliminin peşə fəaliyyətində bir açar rolunu oynamalıdır. Onların məğzinə dair qısa şərhlərimizi verək. Hər bir ədəbiyyat dərsində təlim-tərbiyə-inkişaf məqsədləri dəqiq şəkildə müəyyən olunmalı və onun icrası nail olunmalıdır. Təlimin bütün iştirakçıları üçün bərabər iş şəraiti yaradılmalıdır. Hər bir şagirdin dərslərdə fəal iştirakı, fikir söyləmək, münasibət bildirmək hüququ təmin olunmalıdır. Bir şagirdlə deyil, bütün siniflə birlikdə işləmək, onları dinləmək, dərsə cəlb etmək vacibdir. Bir şagird başqa birindən heç bir vəchlə üstün tutula bilməz. Dərs prosesi şagirdin maraq, tələbat və mənəvi ehtiyaclarının yüksək səviyyədə ödənilməsinə xidmət göstərməli, şagirdin inkişafı(intellektual, psixi, etik, estetik, mənəvi və s.) izlənilməli və daim diqqətdə saxlanılmalıdır.

1. Ədəbiyyat tədrisi qarşısına qoyulan tələbləri yenidən nəzərdən keçirin. Onlara sərbəst münasibət bildirin.

2. Həmin təsnifata nələri əlavə edərdiniz?
3. Proqram və ali məktəb dərsliyində irəli sürülən həmin tələbləri ümumiləşdirməyə çalışın.
4. Rəsmi sənədlər təhsilin məzmunu ilə bağlı nələri ifadə edir?
5. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu” sizə nə kimi məlumatları təqdim etdi?
6. Bu məlumatların sizin gələcək müəllimlik fəaliyyətinizlə bağlı nə kimi əlaqələri vardır?
7. Təlim prosesinin təşkili prinsiplərinə nələr daxildir?

[1] Strategiya – hədəfi, ona çatmaq üçün ən səmərəli yolu və bu yolda istifadə olunan üsul və vasitələrin cəmini əhatə edir.

[2] Bax: Əhmədov C. Ədəbiyyat tədrisi metodikası. Bakı: 1991, səh.181-186.

[3] Bax: Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqram. Ədəbiyyat tədrisi metodikası. Bakı: 2005, səh. 7-8.

Comments are closed, but trackbacks and pingbacks are open.