Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti – elmə sanballı töhfə
Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi
Mən azərbaycanlıyam!
Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur. Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву. This blog is dedicated to the National leader Heydar Aliev.
Страницы
среда, 20 февраля 2013 г.
Heydər Əliyev və Azərbaycan mədəniyyəti
Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsinə də böyük işlər görülmüşdür.
Hazırda müstəqillik və demokratiya yolunda inamla irəlilədiyimiz bir vaxtda cəmiyyət həyatında insanların potensial qüvvələrinin, fərdi qabiliyyətinin işə salınması həyati tələbata çevrilmişdir. Mədəni həyatın demokratikləşdirilməsi, gənclərin, yeniyetmələrin, əmək qabilliyətli insanların bu prosesdə yaxından iştirakı, əhalinin mədəni həyat səviyyəsinin daha da gücləndirilməsi yolunda böyük addımlar atılmışdır.
Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əvəzsiz xidmətləri var. Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi ilk əvvəl Azərbaycan dövlətinin, onun rəhbəri Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olmuşdur.
Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olmuşdur.
Qədim zəngin baddi və mənəvi mədəniyyətə malik xalqımız məhz ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu öndər Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı idi. Həyatımızın bütün sahələrində unudulmaz liderimizin elə qüdrətli və əzəmətli yadigarları var ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətləri qarşısında heyrətimizi, məhəbbətimizi bildirməyi özümüzə borc bilirik.
Tarixi və mədəni hadisələrin məsafə uzaqlığında Azərbaycanın taleyində H.Əliyevin xidmətləri daha parlaq, daha aydın görünməkdədir. ”Heydər Əliyev Azərbaycanı azərbaycanlılara qaytardı” fikrinin bir şaxəsi də məhz mədəniyyətlə bağlıdır. Həyat təsdiqlədi ki, Azərbaycan mədəniyyətinin Heydər Əliyev qədər əsl himayədarı, böyük qayğıkeşi olmayıb. Ötən əsrın sonlarında cəmiyyətdə baş verən aşınmalar yaddaşlardan silinməyib. Dağılan təkcə iqtisadiyyat deyildi. Mənəvi potensialımız da sıradan çıxmışdı. Məhz Heydər Əliyevin zəkasının işığında sahmanı pozulmuş həyatımızın bütün sahələrində oldüğu kimi, mədəniyyətimizdə də nizamlanma aparıldı. Heydər Əliyev mədəniyyətə sadəcə qayğı göstərməklə kifayətlənmirdi. İstənilən musiqi əsəri, incəsənət xadiminin yaradıcılığı haqqında elə dəqiq fikirlər söyləyirdi, təhlillər edirdi ki, sənətşünaslar həsəd aparırdılar. Heydər Əliyev hər bir sənət sahibi ilə məhz o
sənətin mahir bilicisi kimi söhbət edirdi.
Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçdi. Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Heydər Əliyev görkəmli bəstəkarların, rəssamların, kino və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə böyük əhəmiyyət verirdi. Ümummilli liderimizin sözləridir: “Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını, dünyaya nümayiş etdirirlər”.
Heydər Əliyev mədəniyyətin ictimai həyatda rolunu, mahiyyətini həmişə dəyərləndirir, mədəniyyət xadimlərini, musiqiçiləri yeni yaradıcılıq axtarışlarına ruhlandırmaq üçün onların əməyini yüksək qiymətləndirirdi.
Heydər Əliyevin unudulmaz xidmətlərindən biri də budur ki, müdrik insan müasir musiqinin yeni janrlarının yaradılması ilə bərabər, milli musiqimizin də unudulmamasına çalışırdı. Xüsusilə də Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin əsərlərinin gənc nəsil tərəfindən öyrənilməsinə, tamaşaya qoyulmasına çox diqqət göstərirdi. Ümummilli liderin Üzeyir Hacıbəyov sənətinin ictimai əhəmiyyətini açıqlayan müdrik fikirlərindən: “Əgər nəzərə alsaq ki, əsrimizin əvvəllərində xalqımızın əksəriyyəti savadsız idi, kitab oxuya bilmirdi və kitablar da az idi, kino, televiziya və başqa vasitələr yox idi, təsəvvür edin, Ü.Hacıbəyov öz operası vasitəsilə M.Füzulinin sözlərini “Arşım mal alan”, “O olmasın bu olsun” və başqa operettaları vasitəsilə istədiyi fikirləri insanlara çatdırmaqla xalqımızın mənəvi və mədəni inkişafında nə qədər böyük xidmətlər göstəribdir ”.
Bu gün Azərbaycanda onlarla sənət adamının-yazıçıların, şairlərin, musiqiçilərin, rəssamların, memarların ev muzeyləri fəaliyyət göstərir. Azərbaycanda ev muzeylərinin yaradılmasının təşəbbüskarı da məhz Heydər Əliyevdir.
Müdrik şəxsiyyət həmişə milli mədəniyyətə, onun tarixi qaynaqlarına diqqətlə yanaşırdı. Bu səbəbdən də Azərbaycan mədəniyyətinin son illərdəki tarixi inkişaf yolu məhz Heydər Əliyevin himayəsi və nəzarəti altında davam etmişdir.
Ümummilli liderin həmişə söylədiyi-“yüksək mədəniyyətə malik olan xalq həmişə inkişaf edəcək”- fikri hamının dilinin əzbəri və əməli fəaliyyətinin əsas xətti olmuşdur.
1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə böyük Azərbaycan şairi M.Füzulinin 500 illik yubileyi təntənə ilə qeyd edildi. Böyük Azərbaycan şairinin qardaş Türkiyədə yubiley şənlikləri keçirildi.
Musiqi ayrı-ayrı xalqlara məxsus olsa da insanları birləşdirən ən yaxşı vasitədir. Bu səbəbdən də müxtəlif xalqlar arasında mədəni körpülər salmaq çox vacibdir.
Ümumilli liderimiz öz çıxışlarının birində demişdir: “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.”
Heydər Əliyevin bir amalı vardı: “Qazanılan gəlir birinci növbədə mədəniyyətə sərf olunmalıdır. Çünki mədəniyyət hər şeydən üstündür.”
Unudulmaz rəhbərimiz mədəniyyət işçilərinə maddi və mənəvi yardım göstərməklə kifayətlənmirdi. Ulu öndər həm də yeni, gözəl, mükəmməl əsərlərin ərsəyə gəlməsi üçün şərait yaradırdı, müzakirələr aparırdı.
Tarixin vərəqlərini çevirdikcə çox hadisələr yada düşür. 1937-ci ilin repressiyaları həm millətin istedadlı insanlarının sinəsinə tuşlanmışdı, həm də maddi mədəniyyət abidələri yerlə-yeksan edilmişdi. Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi, doğulduğu doğma Naxçıvanda torpağa tapşırılması və müqəddəs Cavidin ruhuna hörmət olaraq məqbərənin ucaldılması, eləcə də Bakıda bu böyük şairin adına ev muzeyinin açılması məhz Heydər Əliyevin misilsiz xidmətidir.
Unudulmaz Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı və diqqət heç vaxt yaddan çıxan deyil. Belə bir fikir var ki, millət şəxsiyyətini yetişdirir, şəxsiyyət də öz millətini dünyaya tanıdır. Müasir Azərbaycanın memarı olan Heydər Əliyev ümummilli lider və millət qəhrəmanı kimi tarixin şərəfli taxtına ucalıb. Ulu öndərin milli mədəniyyətə, mənəviyyata göstərdiyi münasibət və mövqe hər birimiz üçün böyük məktəbdir.
Xalqı tarixdə yaşadan onun yetirdiyi böyük şəxsiyyətlərdir. Xalqımızın böyük oğlu, ulu öndər, türk dünyasının fəxri, ümummilli liderimiz H.Əliyev məhz belə nəhəng simalardandır.
Mənalı ömrünü Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, zənginləşdirilməsinə, gənclərin fiziki və mənəvi tərbiyəsinə həsr edən Heydər Əliyev ölkəmizin bütün sahələrində qazandığı nailiyyətlərin ilhamçısı və təşkilatçısı olmuşdur. Onun hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni era başlanmışdır. Böyük siyasi şəxsiyyət Heydər Əliyev xalqımızın bütün enerjisini özündə təcəssüm etdirən dahi idi. Xalqın müdrikliyinə inandığı Heydər Əliyev qətiyyət, cəsarət, iradə, uşaqlara, gənclərə qayğı ilə yanaşmağın parlaq nümunəsi olmuşdur.
“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər buna nail ola bilsəm ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam”- deyən Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əsası budur. Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, ilk Konstitusiyasının, Avropa Şurasının tamhüquqlu üzv qəbul olunmasının təşkilatçısı Heydər Əliyevdir.
“Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” – elmə sanballı töhfə
Bu il aprel ayının 27-də Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası təqdim olunmuş əsərlərin siyahısını təqdim etdi.
Elm sahəsi üzrə təqdim olunmuş 14 əsərdən biri də Azərbaycan Tibb Universitetinin III daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, AMEA Dilçilik İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı Nağdəli Tapdıq oğlu Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” dördcildlik külliyatıdır. 2020-ci ilin 25 fevralında Azərbaycan Tibb Universiteti böyük elmi şurası tərəfindən Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına (DMK) təqdim olunmuş bu külliyat 2040 səhifə həcmində olmaqla 4 cilddən, 63 fəsil və yarımfəsildən, Heydər Əliyev dilində səslənən frazeologizmlər lüğətindən ibarətdir.
Təsadüfi deyildir ki, son illər prioritet sahə kimi dil məsələləri diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli sərəncamına, Prezidentin AMEA-nın 70 illik yubileyində dilimizlə bağlı parlaq çıxışındakı müddəalara, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizi dünyaya yaymaq missiyasına söykənən bu külliyat müasirliklə səslənməsinə görə seçilir.
N.Zamanov 2009-cu ildən etibarən Ulu öndər Heydər Əliyevin nitqlərinin araşdırılması ilə məşğuldur. 2017-ci ildə AMEA Dilçilik İnstiutunun Elmi şurasında elmlər doktorluğu hazırlığı üzrə “Heydər Əliyev nitqinin arxitektonikası, ekspressivliyi və üslubi-qrammatik xüsusiyyətləri” mövzusu təsdiqlənmişdir. Mövzu AMEA humanitar bölmədə (bölmə rəhbəri akademik Teymur Kərimli), eləcə də filologiya sahəsində koordinasiya şurasında (şuranın sədri akademik Rafael Hüseynov) yekdilliklə öz təsdiqini tapmışdır. Keçən müddət ərzində 50-dən yuxarı məqalə vətən və xarici elmi jurnallarda nəşr olunaraq mövzunu əhatə etmişdir.
Nağdəli müəllim beynəlxalq və respublika miqyaslı elmi konfranslarda bilavasitə çıxış etmiş, Heydər Əliyev irsinin təbliğində aktiv iştirakı ilə seçilmişdir.
Ümumiyyətlə, hər bir fəsil və yarımfəsildən danışarkən bunun ilk dəfə dosent Nağdəli Zamanov tərəfindən araşdırılmasını qeyd etmək lazımdır. O, Heydər Əliyevin nitqləri barədə söylənilən fikirlərə hörmət edərək, yeri gəldikcə istinad edərək kompleks araşdırmanın şəriksiz müəllifi olmuşdur. Əksər fəsillərlə bağlı novatorluq müəllifin özünə aid olub heç bir ədəbiyyatda, nə yerli, nə də xarici ədəbiyyatda rast gəlmir. “Heydər Əliyevin nitqində poetik duyğular”, “Heydər Əliyevin nitqində dini üslub”, “Heydər Əliyevin nitqində səmimiyyət, qətiyyət, nikbinlik, fəlsəfilik, proqnozlar”, “Heydər Əliyevin nitqində müqayisələr”, “Heydər Əliyevin nitqində antroponimik sıralanmalar”, “Heydər Əliyevin nitqində əsas və köməkçi nitq hissələrinin üslubiyyat yaratması”, “Heydər Əliyevin nitqində sinonimlər”, “Heydər Əliyevin nitqində frazeologizmlər” kimi fəsil və yarımfəsillər, eləcə də frazeologizmlər lüğəti heç bir siyasi natiqlikdə, nitq mədəniyyəti rəhbərliklərində təsadüf olunmur. Tələbələrin nitq mədəniyyəti fənni üzrə stolüstü dərsliyinə çevrilmiş bu monoqrafiyaların 2013-cü ildə çapdan çıxmış I cildində Heydər Əliyev nitqlərindəki giriş və sonluqları, nitqin ekspressivliyini gücləndirən nitq ünsürlərini (səmimiyyət, qətiyyət, nikbinlik, proqnozlar, fəlsəfi fikirlər, poetik duyğular), üslubları (elmi, publisistik, məişət, dini) tədqiqata cəlb etmişdir. Dosent Zamanov I cildin I fəslini Ulu öndərin Azərbaycan dilinin müdafiəsinə həsr etmişdir. Bu fəsildə müəllif yazır: “Azərbaycan dilinin hakim mövqe tutması yolunda Heydər Əliyev qətiyyəti tam ciddiyyəti ilə işə düşür”.
“Heydər Əliyevin nitqlərində girişlər və sonluqlar”, “Heydər Əliyevin nitqlərində məntiqi ardıcıllıq” fəsilləri ilə böyük natiqin nitq arxitektonikasını açıqlaya bilmişdir.
Monoqrafiyanın III fəslində dosent Zamanov gərgin iş apararaq çıxışların yaddaqalan olmasını təmin edən giriş və sonluqları ictimai-siyasi dövrlərdən, auditoriyaların növündən, zaman və məkandan və s. asılı olaraq araşdırmağa müvəffəq olmuşdur.
Heydər Əliyevin nitqində məntiqi ardıcıllıq adlı IV fəsildə tədqiqatçı nitqin məntiqi tərəflərinə toxunmuşdur. Müəllifin bu barədə mülahizələri maraqlıdır: “Heydər Əliyev nitqinə daxilən xas olan məntiqi ardıcıllıq müxtəlif üslublarda və müxtəlif çeşidli auditoriyalarda özünü göstərir.
Monoqrafiyanın V fəslində N.Zamanov Heydər Əliyevin nitqində fəlsəfi fikirləri tədqiqata cəlb edərək Ulu öndəri mütəfəkkir-filosof kimi təqdim edə bilmişdir. Heydər Əliyevin nitqində səmimiyyət adlı VI fəslin sonluğunda seçmələr edərək maraqlı bir fəsil ərsəyə gətirməklə səmimiyyətin Heydər Əliyev nitqlərinin nüvəsini təşkil etməsini gündəmə gətirir.
Monoqrafiyanın bir mühüm fəsli də, indiyədək heç yerdə öyrənilməyən “Heydər Əliyevin nitqində poetik duyğular”a həsr olunmuşdur. Poetik duyğularla gərgin ictimai-siyasi situasiyaları doğru məcraya yönəltmək kimi Heydər Əliyev nitq ustalığı öyrənilmişdir.
Elmi terminologiyalarla zənginliyi ilə seçilən, məntiqi təfəkkürə söykənən, ümumiləşdirmələrə və nəticələrə gətirib çıxaran elmi üslub ilk dəfə Nağdəli müəllim tərəfindən Heydər Əliyevin nitqində araşdırılmışdır. Bu üslub Heydər Əliyevin beynəlxalq konfranslardakı, sessiyalardakı çıxışları əsasında öyrənilmiş, digər üslublarla əlaqəyə diqqət yetirilmişdir. Elmi üslubun tələb etdiyi iri, mürəkkəb cümlələr Heydər Əliyev nitqində də özünü bariz şəkildə göstərir. Lakin bu cümlələr sadəcə elmi üslubun tələb etdiyi kimi iri cümlələr yox, digər nitq elementləri ilə – sinonimlərlə, təkrarlarla, frazeoloji birləşmələrlə və ədatlarla qüvvətlənən iri cümlələrdir.
Bu cilddə müəllif eləcə də üslublara ciddi əhəmiyyət verir. Heydər Əliyevin nitqlərinin təküslubluğa sığmadığını, müxtəlif üslubların harmoniyasından ibarət olduğunu göstərə bilmişdir.
Məişət üslublu çıxışları tədqiq edərək Heydər Əliyev dühasının bir çox xarakterlərini xalq üçün, millət üçün açmış olur. Dini üslubla bağlı müəllif yazır: “. Heydər Əliyevin dini üslubdakı çıxışları dövlətçilik elementləri ilə zəngindir. Gənc nəslin dövlətçilik ideyalarını mənimsəməsində, dini inancların dövlətçilik ilə harmoniyasını yaratmaqda bu üslub çox dəyərlidir”.
2014-cü ildə işıq üzü görmüş monoqrafiyanın II cildində N.Zamanov tərəfindən Ulu öndərin çıxışlarında əsas və köməkçi nitq hissələrinin, eləcə də frazeoloji birləşmələrin, sinonimlərin üslubiyyat yaratmasını ciddiyyətlə araşdırılmışdır.
N.Zamanovun monoqrafiyasının II cildində II fəsil “Heydər Əliyevin nitqlərində köməkçi nitq hissələri” adlanır. Müəllif II fəslin girişində təsadüfən yazmır: “Heydər Əliyevin nitqlərinin tədqiqi belə bir fikir söyləməyə əsas verir ki, ulu öndərin nitqlərində ekspressivlik qazandırmaq, əlvanlıq yaratmaq baxımından əsas və köməkçi nitq hissələri arasında xüsusi bir sədd yoxdur”. Akademik Nizami Cəfərov monoqrafiyanın III cildinə yazdığı ön sözdə bu barədə yazır: “Dosent Zamanov etika və estetikanı siyasi lider nitqində haqlı olaraq ümumfəlsəfi qanunlara tabe olan ayrı-ayrı fənlər səviyyəsində təqdim edə bilib. Etik dəyərləri araşdırarkən müasir etikanın tələblərinə uyğun olaraq monoqrafiyada Heydər Əliyevin nitqində dil etikası, dini etika, təhsil etikası, tibbi etika, ekoloji etika, etika və siyasət, hüquqi etika kimi fəsillərə ayırır.
Maraqlısı odur ki, bütün bu “etikalar”ın sadə, anlaşıqlı bir dildə auditoriyalara çatdırılması müasir Azərbaycan dilinin imkanları hesabına araşdırılır.
İki böyük hissədən ibarət olan monoqrafiyanın “Etika” bölməsində müəllif Aristotelin, Kantın etik kredolarını sadalayır, sonra Heydər Əliyevin insanlığa münasibətdə etik kredosu sayılan ifadələri sıralayır. Elə bu cildi dosent N.Zamanov AMEA Fəlsəfə İnstitutu ilə əlaqədə işləmiş, İnstitutun direktoru İlham Məmmədzadə isə cildin elmi rəyçisi olmuşdur. 2018-ci ilin dekabr ayında AMEA Dilçilik İnstitutunda Tibb Universitetinin əməkdaşlarının da iştirak etdiyi III cildin təqdimat mərasimi tibb və dilçilik sahə alimlərini bir araya gətirdi.
Monoqrafiyasının IV cildində müəllif Ulu öndərin nitqlərində frazeologizmlərin araşdırılmasına diqqət yetirmişdir. Akademik Nizami Cəfərovun ön sözü ilə başlayan bu cilddə frazeologizmlərin araşdırılmasına yeddi fəsil həsr olunmuşdur ki, bu fəsillər novatorluğu ilə nitq mədəniyyətimizin inkişafına mühüm töhfədir. “Heydər Əliyev xarakteri frazeologizmlərdə” fəsli xüsusi bir maraq kəsb edir. Müəllif təsadüfən yazmır ki, görkəmli söz sənətkarlarının xarakteri onların əsərlərindəki frazeologizmlərlə səciyyələnə bilər. Dosent N.Zamanovun təkcə somatik frazeologizmlərlə bağlı iqtibas etdiyi vətən və xarici ədəbiyyatın çoxluğu onun monoqrafiyanın yazılmasına ciddi məsuliyyət hissindən xəbər verir.
Monoqrafiyada diqqət çəkən ən vacib məqam siyasi natiq dilində səslənən frazeologizmlərin lüğətinin tərtibidir. Lüğətdə frazeologizmlərin mənasının aydın olması üçün müəllif onları cümlə şəklində vermişdir. Hər bir frazeologizmin izahı ilə yanaşı, onun siyasi səhnədəki mənası da ayrıca açıqlanmışdır.
Ayrıca qeyd etmək yerinə düşər ki, 2018-ci ildə AMEA Folklor İnstitutunun elmi şurasının qərarı ilə çap olunmuş “Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər” monoqrafiyası və görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlalın 110 illiyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransında “Mir Cəlalın “Açıq kitab” romanında Azərbaycan dilinin müdafiəsi”, Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “M.P. Vaqif və müasirlik” mövzusunda Respublika elmi-praktik konfransında “Azərbaycan estetik dünyagörüşünün formalaşmasında Molla Pənah Vaqif yaradıcılığının rolu”, böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfransda “Nəsimi yaradıcılığında söz” məqalələri Nağdəli müəllimin təkcə dilçilik sahəsinə yox, həm də ədəbiyyatımıza, folklorumuza, fəlsəfəmizə dərindən bələdliyini sübut edir.
Nağdəli müəllimin monoqrafiyalarının III və IV cildləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının qərarı ilə çap edilmişdir. Dövlət Mükafatları Komissiyasının nizamnaməsində təqdim olunmuş əsərlərin yayılma dərəcəsinə diqqət yetirilir ki, müəllifin külliyatı elmi ictmaiyyət və geniş oxucu kütləsi arasında geniş yayılmışdır. Belə ki, monoqrafiyalara indiyədək 39 rəy verilmiş, bu rəylər mərkəzi mətbuatda, elmi jurnallarda yer almışdır. Eləcə də, müəllif 10 dekabr 2015-ci ildə AMEA-nın Rəyasət Heyətində “Heydər Əliyev və natiqlik sənəti” mövzusunda məruzə etmişdir. Monoqrafiyalara Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyində (14.06.2013), AMEA-da (04.03.2014), ATU-da (01.12.2015), ATU-da (16.05. 2016), 2 saylı Bakı Baza Tibb Kollecində (13.05.2016), AMEA-da (07.12.2018) təqdimatar keçirilmişdir. Monoqrafiya Təhsil nazirliyi tərəfindən ali məktəblərin birinci kurslarında “Nitq mədəniyyəti” fənninin tədrisi üçün dərs vəsaiti kimi tövsiyə olunmuşdur.
Sonda ümidvar olduğumuzu bildirmək istəyirik ki, Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası bu kompleks elmi-tədqiqat işini layiqincə dəyərləndirəcək.
Heydər Əliyev və Azərbaycançılıq
Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: yaraşıqlı boy-buxun, təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Azərbaycanın dünyadakı nüfuzlu, vüsətli siyasi və iqtisadi yüksəlişi sübut edir ki, İlham Əliyev qalibiyyət əzmini dövlət idarəçiliyinin sarsılmaz baş xətti kimi inadkar bir inamla qoruyub saxlayır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri — müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Akademik Ramiz Mehdiyevin sözləri ilə desək, “Azərbaycançılıq təliminin Heydər Əliyev tərəfindən irəli sürülən və həyata keçirilən dövlətçilik konsepsiyası ilə vəhdət halında, beynəlxalq miqyasda artıq qərarlaşmış olan başlıca ideoloji kurslarla müqayisəli şəkildə təhlil edilməsinə müasir mərhələdə böyük ehtiyac vardır”.
Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Bu zaman iki cəhət əsas götürüldü: Azərbaycan Demokratik Cümhuriyyətinin dövlətçilik ənənələrinə tarixən düzgün yanaşıldı; Azərbaycan ziyalılarının ana dili uğrunda əsrin önlərindəki fikir mücadilələri əxz olundu.
Hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi. Sonralar o, bu təhlükəli tarixi məqamı belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.
Heydər Əliyevin azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri səylə nəzərə alınır. Bununla belə, onun konsepsiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur ki, bu da həmin təlimin gələcəyə yönəlməsini təmin edir. Onun dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi (10 noyabr 2001-ci il) azərbaycançılığın tarixi proqram sənədidir. Buradakı əsas müddəalara nəzər salaq:
“Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını fəhmlə təyin edən mütəfəkkir idi. “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft sazişləri belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə Ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda dövlətə inam hissi, taxt-taca hörmət gücləndi. Mətləbdən uzaqlaşmadan deyək ki, ulu öndərin azərbaycançılıq təliminin təməlində məhz Azərbaycan dili dayanır. Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil.
Azərbaycançılıq ideologiyası ittihadçılığın əsas prinsiplərindən biri olaraq ünsiyyət birliyini nəzərdə tutur. Belə birlik isə ana dili, Azərbaycan dili vasitəsi ilə baş tutur. Elə buna görə də Heydər Əliyev dönə-dönə deyirdi:
“Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərabycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir.
Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”.
Göründüyü kimi, Ümummilli lider “Azərbaycan dili” sözlərini təkrar etməkdən doymur, əksinə, onu dilə gətirməkdən dərin zövq alır, milli qürur duyurdu. Bu, hər şeydən öncə onun dilimizə məhəbbətindən irəli gəlirdi. O, dünya azərbaycanlılarına üzünü tutub deyirdi ki, siz hər biriniz yaşadığınız ölkənin dilini bilməlisiniz, o ölkənin adət-ənənələrini mənimsəməli və ona hörmət etməlisiniz. Amma bununla belə harada yaşamağınızdan asılı olmayaraq Azərbaycan dilini unutmamalı, onu yaşatmalı və inkişaf etdirməlisiniz. Heydər Əliyev nəinki dilimizi sevir, həmçinin daim onun tərəqqisi üçün, bütün dünyada nüfuzunun qorunması üçün səylə çalışırdı.
Qüdrətli şəxsiyyət Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni – azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Bu baxımdan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlər idi. Bu tarixi sənədlər artıq yeni əsrin və üçüncü minilliyin əvvəllərində ana dili uğrunda mübarizənin dövlət səviyyəsində milli müstəqillik uğrunda mübarizənin — azərbaycançılığın tərkib hissəsi kimi əks etdirən dövlət proqramaları — böyük strategiyanın təməl faktları idi.
Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Göründüyü kimi, burada ideologiyanın tarixi-siyasi funksiyası ilə dilin rolu arasında uyğunluq öz əksini tapır. İdeologiyanın vəzifəsi gələcəyi yaratmaqdır. Prezidentin fərmanında xalqın gələcəyi həm də onun dili, zəngin dil mədəniyyəti ilə əlaqələndirilir. Burada böyük tarixilik duyğusu ilə qeyd olunur ki, “XX yüzillik Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəllərindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur”. Heydər Əliyevin milli ideologiya konsepsiyasında da XX əsrin məhz bu tarixi ənənəsi əsas yer tuturdu. Dil yalnız bir mənəviyyat problemi, filoloji fikir məsələsi deyil, azərbaycançılıq fəlsəfəsinin təməl problemi idi. O, dilin taleyinə millətin və dövlətin taleyi kimi baxır, böyük inamla belə qənaətə gəlirdi ki, “Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir”.
Ulu öndər təkcə dövlətçiliyə, milli ideologiyaya deyil, ümumən mənəvi mədəniyyətin tarixi taleyinə dil prizmasından nəzər salırdı. Çünki dil milli-mənəvi varlığın ifadəsidir, dilin inkişafı milli şüurun dirçəlişini əks etdirir, milli-mənəvi özünüdərk ana dilinə münasibətdən başlanır. “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Bu sözlərdə böyük dövlət xadimi və mütəfəkkirin mənəvi mədəniyyətə — ədəbiyyata, incəsənətə münasibəti ifadə olunub. Heydər Əliyev çox gözəl bilirdi ki, Şərqin, türk-islam dünyasının, xüsusən də Azərbaycanın bütün fəlsəfi təlimləri əsasən bədii ədəbiyyata bağlı olub onun bətnindən boy atmışdır. Ona görə də azərbaycançılıq fəlsəfəsini formalaşdırarkən o, Azərbaycan ədəbiyyatına sistemli şəkildə istinad edirdi. Əvvəla, budur ki, Azərbaycanda hakimiyyətin ilk günlərindən (1969), hələ bundan əvvəl DTK-nın rəhbəri olarkən Heydər Əliyev ədəbiyyatı, mədəniyyəti, hər şeyi dövlətçiliyə tabe etməyə nail oldu. Başqa sözlə desək, Azərbaycanın tarixi taleyi ilə bağlı bütün fikirlərə dövlətçilik mənafelərindən nəzər salmağa başladı. Dövlət rəhbərləri arasında ilk dəfə məhz ümummilli lider ədəbiyyatla cəmiyyətin münasibətlərini sahmana saldı. Yazıçının tarixi qiymətini verməyin dövlət mexanizmini hazırladı və şəxsi təcrübədə əyaniləşdirdi.
Müdrik şəxsiyyət “Kitabi Dədə Qorqud”, M.Füzuli və “Manas” haqqında fərmanları və fikirləri ilə ədəbiyyat vasitəsilə türk birliyini yaratmağın yolunu göstərdi…
Azərbaycançılıq fəlsəfəsinin tərkib hissəsi kimi Heydər Əliyevin ədəbiyyat konsepsiyasının əsasında tarixilik və müasirliyin vəhdəti dayanır. Azərbaycan yazıçılarının VII qurultayındakı (12 iyun 1981) “Ədəbiyyatın yüksək borcu və amalı” adlı tarixi nitqində deyirdi:
“Yazıçı sözü xalqın əməllərinə uyğun gəlməlidir. Gerçəkliyin bədii inikasının başlıca obyekti müasirlikdir… Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir… tarixi simaların obrazları yaradılan və tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, artıq deyək ki, mürəkkəb mövzulardır. Belə mövzuların öhdəsindən yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər. Buna görə də tarixi mövzuda əsər yaratmağa girişməzdən əvvəl ədib öz qüvvə və imkanlarını götür-qoy etməli, böyük və ciddi hazırlıq işi aparmalıdır”.
Qüdrətli şəxsiyyət təkcə ədəbiyyatı, mədəniyyəti izah və şərh etmir, ədəbiyyata, mədəniyyətə təsir edir, onu yeni ideyalara, milli və dövlətçilik taleyi ilə bağlı istiqamətə yönəldirdi. Onun ədəbiyyat konsepsiyasında istedada böyük önəm, ədəbiyyatın əbədiyyətinə qüdrətli inam var. Hələ 1975-ci ildə Azərbaycanda sovet ədəbiyyatı günləri münasibətilə söylədiyi nitqdə ədəbi irsi hər şeydən uca tutaraq deyirdi:
“Tarixin bir-birinə qovuşduğu əsrlər bir çox xalqların oğul və qızlarını qızğın məhəbbətlə tərənnüm edən Nizami dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi fikirlə zəngin lirikasını, Xaqaninin məhəbbət və iztirab tərənnüm edən poemalarını, Vidadi və Vaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan ölməz şeirlərini bizə gətirib çatdırmışdır. Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairləri təravətdən düşməyən misraları ilə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur. Onlar xalqın azadlığı və səadəti haqqında öz dərin fikirlərini və sönməz arzularını əsrlərdən, nadanlıq, dini fanatizm, milli əsarət və ictimai ədalətsizlik zülmətindən keçirərək nəsillərə bəxş etmişlər”.
Göründüyü kimi, bu konseptual fikirdə də bədii ədəbiyyat milli istiqlalın, xalqın azadlıq və səadətinin fikir carçısı kimi dəyərləndirilir. Çünki Heydər Əliyevin azərbaycançılıq ideologiyası milli istiqlal nəzəriyyəsi idi. Bu ideologiyanın formalaşmasında mədəniyyətin roluna da ilk növbədə məhz istiqlalçılıq kontekstində nəzər salırdı. Belə hesab edirik ki, mədəniyyət və ideologiya eyni məqsəddə — gələcəyi formalaşdırmaq kimi tarixi bir məqamda birləşir. Əgər təhsil ideologiyanın təbliğ funksiyasını ifadə edirsə, mədəniyyət təlqin vəzifəsini öz üzərinə götürür. Mədəniyyətin başlıca vəzifəsi xalqda vətən əxlaqı tərbiyə etməkdir. Azərbaycan kimi polietnik cəmiyyət üçün bu, xüsusilə vacibdir.
Ulu öndər öz dövlət siyasətini, ideoloji fikirlərini həyata keçirərəkən, Azərbaycan xalqını özünə və dünyaya tanıtdırmaq üçün mədəniyyət amilindən bacarıqla istifadə edirdi: “Xalq bir neçə xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində seçilir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir”. O, mədəniyyəti xalqı irəli aparan, onu tarixdə yaşadan, xalqı zənginləşdirən qüdrətli bir vasitə hesab edirdi. Xüsusilə qloballaşan dünyaya çıxış üçün mədəni inteqrasiyanın imkanları böyükdür. Cəmiyyətdə mənəvi deformasiyaları vaxtında aradan qaldırmaq, xalqın özünə və dövlətə inamını, mənəvi tarazlığı qorumaq baxımından mədəniyyətə böyük önəm verməsi Heydər Əliyevin siyasi lider kimi tarixi uzaqgörənliyi idi. Mədəniyyətə bir körpə kimi atalıq qayğısı göstərir, onu insanlığın mənəvi varlığı üçün qorumağı lazım bilirdi: “Mədəniyyət başqa aləmdir. Mədəniyyət uşaq kimidir, həmişə tumar və qayğı istəyir. O, həssasdır: əlinin tumarı, ürəyinin qayğısı azca azalan kimi, o hiss edir, küsür, inciyir. Siyasi rəhbər, dövlət xadimi bunu bilməlidir, bir an yadından çıxarmamalıdır”.
Türk dünyasının lideri Heydər Əliyev fenomenal yaddaşa, parlaq nitq qabiliyyətinə, dərin zəkaya malik bir şəxsiyyət idi. O, hansı sahədən danışırsa danışsın, həmin sahəni qaldırır, əhəmiyyətini yüksəldir, onun tarixi dəyərini güclü məntiqlə əsaslandırırdı. O, neftdən danışanda deyirdi ki, Azərbaycanın tarixi taleyi üçün neftdən önəmli bir şey yoxdur, tarixdən elə danışırdı ki, bu fikri tarix haqqında söyləməli olurdun. Mədəniyyətlə bağlı ulu öndərin fikirlərini oxuyanda da belə nəticəyə gəlirsən ki, onun azərbaycançılıq təlimi, dövlət ideologiyası və siyasəti üçün mədəniyyətdən vacib amil yoxdur. Bu, hər şeydən əvvəl onun mədəniyyətə, ədəbiyyata, dilə, xalqın mənəvi varlığını əks etdirən sənətə məhəbbətindən irəli gəlirdi. Məsələn, o, teatr sənəti haqqında deyirdi:
“Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Orada çalışanlar fədakardırlar, fədaidirlər… Teatr xadimləri tamaşaçıya bir söz demək üçün, mədəni səviyyəsini yüksəltmək üçün, irəliləyişimizə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar. Heç kim bilmir ki, artist səhnəyə çıxıb rolu tamaşaçı qarşısında oynadığı vaxta kimi nə qədər həyəcan keçirir. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir”.
Heydər Əliyev özü bu ecazkar qüvvədən, sənətin kütlə psixologiyasına təsir imkanlarından öz dövlət siyasətini həyata keçirərkən bacarıqla istifadə edirdi. Ümumiyyətlə, bir xalqı dünyada tanıtmaq üçün incəsənət və idmandan yaxşı vasitə yoxdur. Xüsusilə musiqi, teatr, kino və idmanın çevik növləri xalq haqqında, ölkə haqqında başqa xalqlarda çox fəal təsəvvür yaradır, müxtəlif rejimli, müxtəlif dilli millətləri və ölkələri siyasətsiz belə bir-birinə yaxınlaşdırır.
Tarixdə bir çox liderlər kino sənətindən siyasi-ideoloji məqsədlərlə, ən çevik və kütləvi təsir vasitəsi kimi istifadə etmişlər. Azərbaycan kino sənətinə münasibətində müdrik şəxsiyyətin böyük bir qayğıkeşliyi var. Sovet imperiyası çökdükdən sonra həmişə Moskvadan asılı olmuş kino sənətimiz böhrana düşmüş, iqtisadi çətinliklər ucbatından “Azərbaycanfilm” bağlanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. Belə bir dövrdə — 2000-ci il avqust ayının 18-də ümummilli lider 1898-ci il avqustun 2-də ilk kinoseansın nümayiş etdirildiyi günü Azərbaycan kinosu günü — kino işçilərinin peşə bayramı olaraq, Azərbaycan kinosu gününün təsis edilməsi haqqında sərəncam imzaladı.
Bu sərəncamla bərabər onun inamla dediyi fikirlər milli kino sənətimizi öz məcrasına qaytardı:
“Kino bizim xalqımızın salnaməsidir. Azərbaycan kinosunda dəyərli əsərlər yaradılıb. Bunu heç cürə unutmaq olmaz. Kinomuzun tarixi və bu sahədə əldə etdiyimiz nailiyyətlər bizim milli sərvətimizdir. Biz bu sərvəti qoruyub saxlamalıyıq. Tariximizdir, ədəbiyyatımızdır — kinomuz. Bunlar bir-biri ilə sıx surətdə bağlıdırlar. Kinonu, kinematoqrafiyanı, kino sənətimizi yaşatmaq lazımdır. Şübhəsiz ki, bizim kino sənətinin on illərlə yaranmış böyük bir kollektivinin dağıdılmasına imkan vermək olmaz. Eyni zamanda, gərək hər birimiz bu ağır dövrə dözək. İnanıram ki, bu ağır dövrün də ömrü uzun olmayacaqdır. Biz bu dövrü keçib gedəcəyik, mən gələcəyə nikbin baxıram”.
Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi. Bəyanatlarından birində ölkədəki demokratiyadan sui-istifadə edənlərə müraciətlə deyirdi:
“Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın dini rəhbəri təhqir olunur, onda təbiidir ki, bu bizi narahat etməlidir. …Biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik, edəcəyik də. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır”.
Ümumiyyətlə, ulu öndər dinin tarixdə və cəmiyyətdəki mənəvi- saflaşdırıcı roluna, insanlarda inam, iman və əqidə formalaşdırmaq imkanlarına xüsusi diqqət yetirir, dəyişməz ehkamlar sistemi olan dini ideologiyadakı yerini həssaslıqla təyin edir. Hələ 1993-cü ildə fəlsəfi-ictimai fikirdə belə bir qənaə formalaşmışdı ki, “Azərbaycançılıq” xalqımızın çox əzab-əziyyətlərdən sonra yaratdığı tarixi dəyərdir, real müstəqilliyə nail olmaq, vahid, bölünməz, unitar Azərbaycanı qoruyub saxlamaq vasitəsidir. Bu gün “azərbaycançılıq” milli həyatın ahəngdarlığının çoxəsrlik ənənəsi, diyarımızda yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, birgə fəaliyyəti və qarşılıqlı təsirinin tarixi, ümumi taleyi, Azərbaycanın bütövlüyünü qorumaq uğrunda onların birgə mübarizəsinin tarixi təcrübəsidir” (Ramiz Mehdiyev.Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi. Bakı, 2001, s.208).
Heydər Əliyevin tarixi şəxsiyyət kimi möhtəşəmliyi bunda idi ki, o, təkcə müstəqil Azərbaycan dövlətini deyil, həm də real tarixin özünü idarə etməli oldu. Tarixi hərəkətə gətirmək, onu idarə etməklə o, tarixdə şəxsiyyətin həlledici rol oynadığını, marksist fəlsəfənin iddia etdiyi kimi, tarixi kütlələrin deyil, liderlərin yaratdığını öz fəaliyyəti ilə əyaniləşdirməyə nail oldu. Onun azərbaycançılıq nəzəriyyəsi nadir tarixi şəxsiyyətlərə məxsus belə bir imkana istinad edir.
Ümumiyyətlə, ideologiya tarixin gedişi ilə meydana çıxaraq, həmin gedişi təsdiq edən və bu gedişin sonrakı istiqamətlərini müəyyənləşdirən, həmin prosesdə xalqın rolunu təyin edən, ona tarixi bəraət qazandıran ən parlaq və obyektiv ideyaların sistemi və məntiqi məcmusudur.
Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi dövlət idarəçiliyində zəngin təcrübəsi olan böyük şəxsiyyətin tarixi xidmətidir. Böyük nəzəri-tarixi ənənələri olsa da, azərbaycançılıq yeni siyasi dövrün ifadəsi, yeni təfəkkür mərhələsinin fəlsəfəsi kimi formalaşmışdır.
Heydər Əliyevin yeni tarixi dövrdə — 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında məhz azərbaycançılıq ideologiyası dayanırdı. Müdrik şəxsiyyətin ideyalarının əzmkar davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasətin tarixi rolundan bəhs edərkən demişdir: “Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir. Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir… İndiki siyasət bir çox onilliklər üçün nəzərdə tutulmuş siyasət olmalıdır. Əks halda, Azərbaycan yenə də hansısa hərc-mərcliyə məruz qala bilər”. Bu sətirlərdə Heydər Əliyev siyasətinə, onun ideologiyasına qüvvətli inam və İlham Əliyevin qalibiyyət əzmi ifadə olunur. Bu gün bütün dünyada azərbaycançılığın ən böyük qarantı Azərbaycanın və hər bir azərbaycanlının Prezidenti İlham Əliyevdir.
Böyük dövlət xadimi çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi. O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində – daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.
Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin şəxsiyyəti daha möhtəşəm görünür, qoca tarix inadkar bir inamla onun cahanşümul əməllərini, dövlətçilik ideallarını və azərbaycançılıq nəzəriyyəsini təsdiq edir.
Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.