Heydər Əliyevi xatırlayarkən: hər ili, hər günü bir dastan olan ömür – AZƏRTAC-ın xüsusi layihəsi
Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkanı verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı olmuşdur. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqına ağır itki üz verdi. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın Ümummilli lideri, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əlirza oğlu Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etdi. Dekabrın 14-də mərhumun cənazəsi vətənə gətirilərək və Fəxri Xiyabanda torpağa verildi. Dəfn mərasimini yüz minlərlə insan müşayiət etdi və həmin gün ümumxalq matəminə çevrildi. Dəfn mərasimindən keçən ilk günlər ərzində ölkəmizdə və xaricdə yaşayan milyonlarla insan Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, Onun şəxsiyyətinə olan xalq sevgisini və hörmətini bariz şəkildə nümayiş etdirdilər. Ümummilli Liderin parlaq xatirəsi xalqımızın yaddaşına əbədi həkk olunmuş və tariximizdə heç vaxt silinməyən izlər qoymuşdur. Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur. Azərbaycan real təhlükələrlə üzləşdiyi dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkəni böhrandan xilas etdiyinə görə milyonlarla insanın müraciəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi 15 iyunu Heydər Əliyevin şərəfinə dövlət bayramı – Milli Qurtuluş günü elan etmişdir. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmiş, heyranlıq doğuracaq coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır. Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə – 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalıqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı. Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır. Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü miniliyyi inamla qədəm qoymuşdur. Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Şəxsiyyətindəki qətiyyət onun geniş auditoriya qarşısında çıxışlar edərkən çox vaxt elə bədahətən söylədiyi fikirlərdə parlaq əksini tapmışdır. Sarsılmaz məntiq üzərində qurularaq qeyri-adi dərəcədə böyük təsir gücünə malik məruzə və nitqləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsidir. Azərbaycan dövlətinin başçısı, Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin-Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də fəlsəfi məfkurəsində – milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır. Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyli üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən – məhz onun hakimiyyətə gəlişindən gəlişindən sonra başlamışdır. Bu məkanada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya, əlbəttə, aşkarda daban-dabana zidd olmayan formada olsa belə, alt qatda ona müxalif qalaraq, Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heylər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün zəmin yaratmışdı. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı. SSRİ-nin əyalətlərindən biri kimi baxıldığından, 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyllərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı və eybəcər şəkillər aldığı, bütün bunların isə xalqın milli-mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu. Respublikada kosmopolit bir əhvali-ruhiyyə hökm sürdüyündən milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində nəinki ciddi addım atılmır, hətta bu yöndə edilə bilən təşəbbüslərin qarşısı alınırdı ki, belə bir halda, heç şübhəsiz, milli şüura malik olan, milli düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsinə çox ciddi maneələr törədirdi. İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuş respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafını təmin etmək üçün prinsipial cəhətdən yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. O illərdə milli ideyanın qıtlığı üzündən baş alıb gedən, həm iqtisadi, həm mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Onun yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1970-1980-ci illər baş verən dəyişikliklərin miqyasına görə, ictimai və iqtisadi sahədəki dərin islahatların səviyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələr təşkil etmişdir. İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır. Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir də məhz belə bir cəhət çəkir ki, burada mənəvi, bədii, estetik intibah iqtisadiyyatda, sənaye, tikinti və təsərrüfatdakı böyük nailiyyətlərlə, güzərandakı elliklə yaxşılaşma və kütləvi ruh yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşmişdir. 70-ci illərdən başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixən zəruri azadlıq mübarizəsinə də daxilən hazırlamışdır. 80-ci illərin sonu 90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur. Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yollara tapmaq imkanı verən bir şərait yaratmışdı. Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib istifadəyə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqı dəyərlərinin təbliği də həyata keçirilirdi. Heydər Əliyevin başçılığı ilə 1969-1980-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyətli məsələ idi. Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Bu məqsədlə Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq olaraq tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi. Bu həmin dövr idi ki, hətta, Moskvada Sankt-Peterburqda çıxan jurnallarda işıq üzü görə bilməyən yazılar fəal vətəndaşlıq nümunəsi olan əsərlər kimi dövrün Bakı mətbuatında dərc oluna bilir, şəxsən Heydər Əliyev səviyyəsində hər cür hücumdan və qəsdlərdən qorunurdu. Həmin illərdə mədəniyyət və incəsənət nümayəndələrinin tarixi keçmişimiz, eləcə də bugünümüzlə bağlı qadağa qoyulmadan milli ruhlu əsərlər yarada bilmələri üçün münbit şəraitin təmin olunması gənc qələm sahiblərinə xüsusi qayğı və diqqətlə yanaşılması ilə əlaqəlidir. Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidərin planı tədqiqi və nəşri-bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğ prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərinə ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi yaradıcısı və Sədri olduğu Yeni Azərbaycan Partiyası ilə sıx şəkildə bağlıdır. Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində keçirilmişdir. Konfransda Azərbaycanın müxtəlif regionlarından təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsi iştirak etmişdir. Konfrans Yeni Azərbaycan Partiyasının təsis edilməsi haqqında qərar qəbul etmişdir. Heydər Əlirza oğlu Əliyev konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə gəlməsi ilə YAP-ın inkişafında yeni mərhələ başlamışdır. Həmin dövrdə YAP-ın qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim diqqətdə saxlayırdı. O, YAP-ın Sədri kimi partiyanın ildönümlərinə həsr edilmiş tədbirlərdə daim iştirak edər, proqram xarakterli nitqlər söyləyər, partiya həyatı və fəaliyyətilə əlaqədar zəruri tapşırıqlar verərdi. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən 600 mindən çox üzvü birləşdirən YAP, Ümummilli Liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir. Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmışdır. Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən – müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə say göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın öz hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Dünya liderləri Heydər Əliyev haqqında – Foto
Azərbaycan tarixində mühüm rol oynayan Heydər Əliyev dünya səviyyəsində tanınan və qəbul edilən siyasətçi idi. Təsadüfi deyil ki, dünya liderləri Heydər Əliyev haqda maraqlı fikirləri ilə yadda qalıb.
AzNews.az bu fikirlərdən bəzilərini təqdim edir:
Tanınmış politoloq Zbiqnev Bjezinski: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə şəksiz liderdir”.
ABŞ-ın keçmiş prezidenti Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır”.
Türkiyənin keçmiş prezidenti Əhməd Necdət Sezər: “Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm. Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır. Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir”.
Pakistanın keçmiş baş naziri Bənəzir Bhutto: “Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir”.
Fransanın keçmiş prezidenti Jak Şirak: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarıb. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim”.
Rusiya prezidenti Vladimir Putin: “Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndiririk. Azərbaycan bütün bu illər ərzində MDB-nin az-az ölkələrindən biri idi ki, orada rusdilli məktəblər bağlanmamış, rusdilli nəşrlərin sayı nəinki azalmamış, hətta Sovet İttifaqı dövründəkindən də çox olmuşdur. O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona sadəcə böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim”.
Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl: “Mənim Heydər Əliyevə böyük sevgim, hörmətim və ehtiramım vardır. Bunun kökündə onun insani xüsusiyyətləri, Azərbaycan millətinə, xalqına xidmətləri, Azərbaycan dövləti, müstəqilliyi naminə gördüyü işlər durur. Mənim tanıdığım Heydər Əliyev Azərbaycan vətənpərvəridir, bir o qədər də türk vətənpərvəridir.
Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidməti sayəsində yaradılmışdır. Hörmətli Heydər Əliyevin Azərbaycana gətirdiyi ən önəmli məsələlərdən biri də möhkəm sabitlikdir. Atəşkəsə nail olunaraq, ölkənin digər işləri ilə məşğul olmaq imkanı yaradıldı. Daxili sabitlik bərqərar edildi, iqtisadi inkişaf, quruculuq işləri başlandı.
Hörmətli Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu ölkədə sabitliyin, asayişin bərqərar olunmasıdır. Bu, asan iş deyildi. Heydər Əliyevə qarşı sui-qəsdlər hazırlanırdı. Ancaq Azərbaycan xalqı üçün, mənim qardaşlarım üçün ən vacib olanı müstəqil dövlətin yüksələn bayrağıdır. Yüksələn bayraq enməz! Azərbaycanın müstəqilliyi güclüdür, əbədidir”.
Böyük Britaniyanın eks baş naziri Toni Bleyer: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir”.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev: “Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görüb”.
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze: “Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin indinin özündə nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək.
Heydər Əliyev dünya qarşısında xidmətlərinə görə beynəlxalq aləmdə tanınmış siyasət və dövlət xadimi kimi, Gürcüstanın və gürcü xalqının dostu kimi bizə əziz və doğmadır. Qəzetlərimizin “polad iradəli Əliyev” yazdığı kimi, o, həqiqətən də polad iradəyə malik nadir şəxsiyyətdir. Məhz onun cəsarəti sayəsində Azərbaycan güclü, müstəqil, firavan bir ölkəyə çevrilməkdədir. Heydər Əliyev siyasət meydanına Azərbaycanın ağır, mürəkkəb vaxtında yenidən gəlmişdir, bir çox çətinliklərə sinə gərərək, Azərbaycanı böhranlı vəziyyətdən xilas etmişdir.
Azərbaycan xalqının əsl xoşbəxtliyi ondan ibarətdir ki, xalqın, dövlətin ən çətin, böhranlı vaxtında görkəmli siyasətçi, böyük şəxsiyyət cənab Heydər Əliyev məsuliyyəti öz üzərinə götürmüşdür”.
Bolqarıstanın sabiq prezidenti Georgi Prvanov: “Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini qiymətləndiririk”.
Türkiyənin sabiq Prezidenti Abdullah Gül: “Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir”.
Roma papası II İohan Pavel: “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm”.
Özbəkistan prezidenti İslam Kərimov: “Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu böyükdür”.
Almaniyanın sabiq kansleri Gerhard Şröder: “Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır”.
Ukraynanın sabiq prezidenti Leonid Kuçma: “Azərbaycanın əvəzsiz lideri Heydər Əliyev mənim və Ukrayna xalqının yaxın dostu idi. Bizim dostluq münasibətlərimiz onun sayəsində inkişaf edib möhkəmlənmişdir. Heydər Əliyev dahi insan, müdrik şəxsiyyət idi. Əminəm ki, Azərbaycan xalqı Heydər Əliyevin böyüklüyünü hələ bundan sonra daha dərindən dərk edəcək”.
Fələstinin sabiq rəhbəri Yasir Ərəfat: “Azərbaycanın dəstəyini həmişə hiss etmişik. Biz bununla fəxr edirik və bundan qüvvət, güc alırıq”.
ABŞ-ın sabiq Prezidenti Bill Klinton: “Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur”.
BMT-nin sabiq baş katibi Butros-Butros Qal: “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simasında özümə yaxın dost və sirdaş tapmağımdan məmnunam. Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm”.
Başqırdıstan Respublikasının Prezidenti Murtaza Rəhimov: Heydər Əlirza oğlu böyük siyasətçi, dahi dövlət rəhbəri və vətənpərvər, gözəl, istedadlı insan kimi məşhur idi. Sovet dövlətinin, sonralar MDB-nin və Azərbaycan Respublikasının tarixinin bir çox parlaq və əhəmiyyətli səhifələri onun adı ilə bağlıdır.
Moldova sabiq prezidenti Vladimir Voronov: “Heydər Əliyevi həmişə böyük vətənpərvər, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub-saxlanması uğrunda mübariz kimi tanımış və qiymətləndirmişik”.
Kraliça II Elizabet: “Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq”.
ÇXR-in sədri Xu Szintao: “Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır”.
Tacikistan Prezidenti İmaməli Rəhmanov: “Onun adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil və suveren Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırmışdır. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaqdır”.
İranın sabiq Prezidenti Seyid Məhəmməd Xatəmi: “Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir”.
Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku: “Prezident Heydər Əliyev çox maraqlı simadır, onun dünya miqyaslı liderlərindən biri olduğunu nəzərə alsaq, görərik ki, o, çox parlaq şəxsiyyətdir. Onunla mən hələ prezident seçilməzdən əvvəl tanış olmaq istəyirdim. Lakin təəssüf ki, buna müvəffəq olmadım. Bizim ilk ünsiyyətimiz Lissabonda oldu, sonra başqa beynəlxalq tədbirlərdə görüşdük.
Zənnimcə, Heydər Əliyev dünya siyasətində çox mühüm rol oynamışdır və oynayacaqdır. Bu gün mən onun daha bir keyfiyyətini – bir sıra nəsillər üçün nəzərdə tutulmuş mühüm layihələrə qoşulan böyük dövlət xadimi keyfiyyətini kəşf etdim. Mən müəyyən dərəcədə tarixi fürsət olan İpək Yolunu nəzərdə tuturam. Ən başlıcası, öz xalqından istifadə etmək deyil, əksinə, öz xalqına xidmət etməkdir.
Prezident Heydər Əliyev görkəmli siyasətçidir və qarşılıqlı maraq doğuran məsələləri son illər ərzində onunla bir neçə dəfə səmimi və konstruktiv şəraitdə müzakirə etmək mənə nəsib olmuşdur”.
Türkiyənin sabiq baş naziri Bülənd Ecevit: “Azərbaycan ilə Türkiyə arasında dərin kökləri olan tarixi və mədəni bağlar vardır. Hörmətli Əliyev tarixdən gələn bu bağların yenidən canlandırılması və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün fövqəladə səylər göstərmişdir”.
Amerika politoloqu Henri Alfred Kissincer: “Dünyanın siyasi tarixində Heydər Əliyev kimi siyasətçilər olduqca nadir bir haldır. Biz Heydər Əliyevlə eyni ildə, 1923-də anadan olmuşuq. Buna görə də, demək olar ki, eyni siyasi staja, illər boyunca hər cür sınaqdan keçmiş bir təcrübəyə malikik. Səmimi etiraf etməliyəm ki, Sovetlər Birliyi rəhbərliyində demokratik baxışlarına görə ən düzgün mövqədə duran məhz Heydər Əliyev idi. Sovet hakimiyyətinin ən strateji və geosiyasi məsələlərinin həllində Heydər Əliyev əvəzedilməz bir siyasətçi idi. Sonralar Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi də tarixi qanunauyğunluqdan irəli gəlir. Bütün maneələrə baxmayaraq, Qavqaz regionu üğrunda gedən böyük “siyasi oyunlar” mühidində o, Azərbaycanı regionun ən güclü və aparıcı bir dövlətinə çevirməyi bacardı. ABŞ ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsasını da məhz Heydər Əliyev qoymuşdur. Ümumiyyətə, Heydər Əliyev, şəxsiyyət kimi, bir fenomendir!”.
Heydər Əliyevi xatırlayarkən: hər ili, hər günü bir dastan olan ömür – AZƏRTAC-ın xüsusi layihəsi
Azərbaycanın müasir tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskar gözündə gördüyü Heydər Əliyev çox zəngin və mənalı ömür yaşayıb. Hər ayı, hər günü bir dastan olan bu böyük ömrün nişanələri fotolarda yaşayır. Hər il mayın 10-da Ulu Öndərlə bağlı xatirələr bir daha dilə gəlir, müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillər bizi Heydər Əliyevli günlərə qaytarır.
AZƏRTAC-ın arxivində hamımız üçün doğma və əziz, unudulmaz insan olan Heydər Əliyevin həyatının müxtəlif mərhələlərini əks etdirən minlərlə nadir fotoşəkil qorunur. Bu fotolar əsasında hazırlanmış xüsusi layihəni təqdim edirik.
Böyük ailənin sadə həyat tərzi
Həyata yol ailədən başlayır. 97 il əvvəl Naxçıvanın ucqar kəndində, sadə bir ailədə dünyaya göz açmış Heydər Əliyev böyük vəzifələrdə çalışmasına baxmayaraq, dəbdəbədən uzaq, sadə bir həyat yaşayıb. Respublikanın rəhbəri Heydər Əliyevin və görkəmli alim Zərifə xanımın ailəsi adi azərbaycanlı ailəsindən o qədər də fərqlənmirdi.
Heydər Əliyev gənc yaşlarından yüksək vəzifələr tutub, çiyinlərində bütün ölkənin yükünü daşıyıb. İşin çoxluğuna baxmayaraq, ailəsinə də vaxt ayırırdı. Ailə albomundakı fotolardan biri çox uzaq keçmişə aiddir. Biz bu fotolarda onu ömür-gün yoldaşı Zərifə xanımla yanaşı, övladları İlham və Sevilin, nəvələri Leylanın, Arzunun və Heydərin, gəlini Mehriban xanımın əhatəsində görürük.
Ulu Öndərin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi oğul yetişdirməsidir. Fotoların birində ata və oğul yanaşı dayanaraq uzaq üfüqlərə baxırlar. İllər arxasından sanki bugünkü modern, dinamik inkişafda olan Azərbaycanı görürlər. Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev 17 ildir ki, Azərbaycana bacarıqla rəhbərlik edir, onu inamla gələcəyə aparır.
Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda həyatın axarını dəyişdi
Bu bölmədə toplanan fotolar ötən əsrin 70-80-ci illərində çəkilib. Mərkəzi hökumət keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri sayılan Azərbaycana ögey münasibət bəsləyir, respublikada ətalət və durğunluq hökm sürürdü. Bu xoşagəlməz tendensiya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumundan – Heydər Əliyev birinci katib seçiləndən sonra aradan qalxdı. Çox keçmədən həyatın axarı büsbütün dəyişdi, respublikada böyük quruculuq dövrü başlandı. Bakıda o vaxtlar üçün nadir müəssisələr (məişət kondisionerləri, dərin dəniz özülləri zavodları), yaraşıqlı binalar (“Gülüstan” sarayı, Heydər Əliyev Sarayı) tikildi, böyük yaşayış massivləri (Yeni Əhmədli, Günəşli), mikrorayonlar salındı. Bununla paralel olaraq, kənd təsərrüfatı məhsulları, xüsusən pambıq, üzüm və tərəvəz istehsalında rekord nəticələr əldə olundu, əhalinin güzəranı yaxşılaşmağa başladı.
Elm və təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev istedadlı gəncləri keçmiş SSRİ-nin qabaqcıl məktəblərinə təhsil almağa göndərir və beləliklə, yüksəkixtisaslı kadr potensialı yetişirdi. Eyni zamanda, incəsənət və ədəbiyyat inkişaf edir, milli ruhlu əsərlər yaranırdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən məhz bu kadr və intellekt potensialı köməyə çatdı.
Əvvəlki birinci katiblərdən fərqli olaraq, Heydər Əliyev bölgələrə müntəzəm səfərlər edir, insanlarla görüşür, onların problem və qayğıları ilə maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri də ənənə halını almışdı. Qarşımızdakı bu ağ-qara fotolar özündə həmin dövrün ab-havasını yaşadır, bizi xəyalən o illərə qaytarır.
Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva dövrü
1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında Azərbaycan oğlunun yüksək mövqe tutması çox qürurverici hadisə idi. Bu illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ hüdudlarını aşırdı. Heydər Əliyev mərkəzi hökumətdə tutduğu vəzifənin imkanlarından istifadə edərək, bir sıra böyük layihələri Bakıya yönəldirdi.
Bu bölmədəki fotolarda Heydər Əliyevin Moskva həyatının, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyətinin bəzi məqamları əks olunub.
Ulu Öndərin Naxçıvan həyatı
Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi, ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Ölkə rəhbərliyi ilə aralarında yaranmış ixtilaflar və ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bir müddət Moskvada yaşamağa davam etdi.
Həmin vaxtlar Azərbaycanın başı üzərində qara buludlar dolaşırdı. Dağlıq Qarabağda separatçılıq hərəkatı baş qaldırmışdı. 1990-cı il yanvarın 20-də Sovet Ordusu Bakıda qanlı qırğın törətdi.
Bu ağır günlərdə Ulu Öndər vətəni Azərbaycana qayıtdı. Respublikanın o vaxtki rəhbərliyi onun Bakıya yolunu kəsdiyi üçün Heydər Əliyev doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə əhalinin onu necə coşqu ilə qarşıladığı, muxtar respublikadakı həyat və fəaliyyətinin müəyyən anları əksini tapıb.
Xilaskarın qayıdışı
1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etsə də, hakimiyyətdə təmsil olunanların səriştəsizliyi, siyasi çəkişmələr, vəzifə davaları ucbatından ölkədə vəziyyət getdikcə mürəkkəbləşirdi. Azərbaycan parçalanma, müstəqilliyini itirmək təhlükəsizliyi ilə üz-üzə qalmışdı.
Belə bir mürəkkəb vəziyyətdə Vətənin və xalqın taleyinə biganə qala bilməyən Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Fotoların biri özündə həmin tarixi anı yaşadır.
Ümummilli Lider məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı düşdüyü ağır vəziyyətdən qurtara bildi. Təhlükələri bir-bir dəf edərək ölkəmizi tərəqqi yoluna çıxardı. Heydər Əliyevə olan inam və etibar sayəsində 1994-cü ildə xarici şirkətlərlə neft kontraktı – sonradan “Əsrin müqaviləsi” adı almış tarixi saziş imzalandı. Bununla da iqtisadi inkişafın əsası qoyuldu. Fotoşəkillər bizi həmin günlərə qaytarır, bu dahi şəxsiyyətin titanik fəaliyyətinin ayrı-ayrı məqamları göz önündə canlanır.
Siyasət olimpinin zirvəsində
Dövlət müstəqilliyini yenicə əldə etmiş Azərbaycan o vaxt dünyada yetərincə tanınmır, beynəlxalq arenada ilk kövrək addımlarını atırdı. Heydər Əliyevin şəxsi nüfuzu burada da köməyə gəldi, Azərbaycanın dünyaya inamla çıxmasını şərtləndirən əsas amil oldu. Dünya liderləri ilə çoxsaylı görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər gənc dövlətin xarici siyasətinin uğurlarını təmin etdi. Həmin vaxt çəkilmiş fotolarda Heydər Əliyevin hər yerdə hörmət-izzətlə qarşılandığını görürük.
Dövlət və hökumət rəhbərləri, tanınmış siyasi xadimlər, məşhur yazıçılar Heydər Əliyevi siyasət nəhəngi, nadir istedad sahibi, tarixi və əfsanəvi şəxsiyyət adlandırır, ona bəslədikləri böyük hörmət hisslərini dilə gətirirdilər. Yeri gəlmişkən, bir neçə sitata nəzər salaq.
Rusiya Prezidenti Vladimir Putin: O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi.
ABŞ-ın sabiq Prezidenti Corc Buş: Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.
Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev: Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi. Heydər Əliyev həm MDB ölkələri, həm də öz xalqı üçün çox işlər görmüşdür. Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcək.
Qırğız yazıçısı Çingiz Aytmatov: Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir.
Məşhur ABŞ politoloqu Zbiqnev Bjezinski: Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir.
Ümummilli Liderə ümumxalq məhəbbəti
Fəxri xiyaban. Paytaxtımızın ən uca nöqtələrindən birində yerləşən bu ünvanda Heydər Əliyevin möhtəşəm, əbədiyyət simvolu olan abidəsi ucalır. Azərbaycana təşrif buyuran yüksək səviyyəli dövlət və siyasi xadimlər, hörmətli qonaqlar bu abidəni ziyarət edərək xalqımızın Ulu Öndərinin xatirəsinə hörmət və ehtiramını bildirirlər.
Ulu Öndərin doğum və anım günlərində insanlar axın-axın onun abidəsi önündən keçir, ruhu qarşısında baş əyirlər. Fotoobyektiv bu anları da tarixin yaddaşına köçürüb. Həmin mənzərəni seyr etdikcə tam əminlik yaranır ki, xalqın Heydər Əliyevə məhəbbəti onun özü kimi əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq.
YENİ AZƏRBAYCAN PARTİYASI
Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkanı verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı olmuşdur. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqına ağır itki üz verdi. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın Ümummilli lideri, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əlirza oğlu Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etdi. Dekabrın 14-də mərhumun cənazəsi vətənə gətirilərək və Fəxri Xiyabanda torpağa verildi. Dəfn mərasimini yüz minlərlə insan müşayiət etdi və həmin gün ümumxalq matəminə çevrildi. Dəfn mərasimindən keçən ilk günlər ərzində ölkəmizdə və xaricdə yaşayan milyonlarla insan Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, Onun şəxsiyyətinə olan xalq sevgisini və hörmətini bariz şəkildə nümayiş etdirdilər. Ümummilli Liderin parlaq xatirəsi xalqımızın yaddaşına əbədi həkk olunmuş və tariximizdə heç vaxt silinməyən izlər qoymuşdur. Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur. Azərbaycan real təhlükələrlə üzləşdiyi dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkəni böhrandan xilas etdiyinə görə milyonlarla insanın müraciəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi 15 iyunu Heydər Əliyevin şərəfinə dövlət bayramı – Milli Qurtuluş günü elan etmişdir. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmiş, heyranlıq doğuracaq coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır. Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə – 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalıqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı. Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır. Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü miniliyyi inamla qədəm qoymuşdur. Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Şəxsiyyətindəki qətiyyət onun geniş auditoriya qarşısında çıxışlar edərkən çox vaxt elə bədahətən söylədiyi fikirlərdə parlaq əksini tapmışdır. Sarsılmaz məntiq üzərində qurularaq qeyri-adi dərəcədə böyük təsir gücünə malik məruzə və nitqləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsidir. Azərbaycan dövlətinin başçısı, Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin-Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də fəlsəfi məfkurəsində – milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır. Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyli üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən – məhz onun hakimiyyətə gəlişindən gəlişindən sonra başlamışdır. Bu məkanada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya, əlbəttə, aşkarda daban-dabana zidd olmayan formada olsa belə, alt qatda ona müxalif qalaraq, Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heylər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün zəmin yaratmışdı. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı. SSRİ-nin əyalətlərindən biri kimi baxıldığından, 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyllərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı və eybəcər şəkillər aldığı, bütün bunların isə xalqın milli-mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu. Respublikada kosmopolit bir əhvali-ruhiyyə hökm sürdüyündən milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində nəinki ciddi addım atılmır, hətta bu yöndə edilə bilən təşəbbüslərin qarşısı alınırdı ki, belə bir halda, heç şübhəsiz, milli şüura malik olan, milli düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsinə çox ciddi maneələr törədirdi. İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuş respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafını təmin etmək üçün prinsipial cəhətdən yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. O illərdə milli ideyanın qıtlığı üzündən baş alıb gedən, həm iqtisadi, həm mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Onun yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1970-1980-ci illər baş verən dəyişikliklərin miqyasına görə, ictimai və iqtisadi sahədəki dərin islahatların səviyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələr təşkil etmişdir. İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır. Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir də məhz belə bir cəhət çəkir ki, burada mənəvi, bədii, estetik intibah iqtisadiyyatda, sənaye, tikinti və təsərrüfatdakı böyük nailiyyətlərlə, güzərandakı elliklə yaxşılaşma və kütləvi ruh yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşmişdir. 70-ci illərdən başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixən zəruri azadlıq mübarizəsinə də daxilən hazırlamışdır. 80-ci illərin sonu 90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur. Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yollara tapmaq imkanı verən bir şərait yaratmışdı. Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib istifadəyə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqı dəyərlərinin təbliği də həyata keçirilirdi. Heydər Əliyevin başçılığı ilə 1969-1980-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyətli məsələ idi. Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Bu məqsədlə Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq olaraq tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi. Bu həmin dövr idi ki, hətta, Moskvada Sankt-Peterburqda çıxan jurnallarda işıq üzü görə bilməyən yazılar fəal vətəndaşlıq nümunəsi olan əsərlər kimi dövrün Bakı mətbuatında dərc oluna bilir, şəxsən Heydər Əliyev səviyyəsində hər cür hücumdan və qəsdlərdən qorunurdu. Həmin illərdə mədəniyyət və incəsənət nümayəndələrinin tarixi keçmişimiz, eləcə də bugünümüzlə bağlı qadağa qoyulmadan milli ruhlu əsərlər yarada bilmələri üçün münbit şəraitin təmin olunması gənc qələm sahiblərinə xüsusi qayğı və diqqətlə yanaşılması ilə əlaqəlidir. Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidərin planı tədqiqi və nəşri-bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğ prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərinə ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi yaradıcısı və Sədri olduğu Yeni Azərbaycan Partiyası ilə sıx şəkildə bağlıdır. Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində keçirilmişdir. Konfransda Azərbaycanın müxtəlif regionlarından təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsi iştirak etmişdir. Konfrans Yeni Azərbaycan Partiyasının təsis edilməsi haqqında qərar qəbul etmişdir. Heydər Əlirza oğlu Əliyev konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə gəlməsi ilə YAP-ın inkişafında yeni mərhələ başlamışdır. Həmin dövrdə YAP-ın qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim diqqətdə saxlayırdı. O, YAP-ın Sədri kimi partiyanın ildönümlərinə həsr edilmiş tədbirlərdə daim iştirak edər, proqram xarakterli nitqlər söyləyər, partiya həyatı və fəaliyyətilə əlaqədar zəruri tapşırıqlar verərdi. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən 600 mindən çox üzvü birləşdirən YAP, Ümummilli Liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir. Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmışdır. Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən – müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə say göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın öz hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Bu səhifəni göndər
Adınız
E-poçt
Mesajınız
- ÜMUMMİLLİ LİDER
- SƏDR
- XƏBƏRLƏR
- Xəbər lenti
- Partiya xəbərləri
- Gündəm
- Tarixi arayış
- Nizamnamə
- Əsasnamələr
- Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının Əsasnaməsi
- Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Əsasnaməsi
- Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Əsasnaməsi
- Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında Əsasnamə
- Təftiş Komissiyasının Reqlamenti
- Proqram
- Rəhbər strukturlar
- Sədrin birinci müavini
- Sədr müavinləri
- İdarə Heyəti
- Təftiş Komissiyası
- Rayon və şəhər təşkilatları
- Partiyaya üzvlük
- Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası
- Uçot siyasəti
- Milli Məclisin üzvləri
- Veteranlar Şurası
- Gənclər Birliyi
- Qurultaylar
- I Qurultay
- II Qurultay
- III Qurultay
- IV Qurultay
- V Qurultay
- VI Qurultay
- VII Qurultay
- Seçki kampaniyaları
- Prezident seçkiləri
- 11 aprel 2018-ci il
- 09 oktyabr 2013-cü il
- 15 oktyabr 2008-ci il
- 15 oktyabr 2003-cü il
- 11 oktyabr 1998-ci il
- 03 oktyabr 1993-cü il
- Parlament seçkiləri
- 09 fevral 2020-ci il
- 01 noyabr 2015-ci il
- 07 noyabr 2010-cu il
- 06 noyabr 2005-ci il
- 05 noyabr 2000-ci il
- 12 noyabr 1995-ci il
- Bələdiyyə seçkiləri
- 23 dekabr 2019-cu il
- 23 dekabr 2014-cü il
- 23 dekabr 2009-cu il
- 17 dekabr 2004-cü il
- 12 dekabr 1999-cu il
- Referendum
- 26 sentyabr 2016-cı il
- 18 mart 2009-cu il
- 24 avqust 2002-ci il
- Şəkillər
- Videolar
© 2014 Yeni Azərbaycan Partiyası
AZ1025, Azərbaycan Respublikası, Bakı şəhəri, S.Senyuşkin küçəsi 26
Telefon: (+99412) 490 80 33, 490 80 43, 496 80 60, 490 80 47
Faks: (+99412) 490 80 41
Comments are closed, but trackbacks and pingbacks are open.