ADU haqqında
Birinci mərhələ inandırıcı nitqin üç əsas dayaq elementlərindən biri, daha doğrusu, birincisi olan etosun (professional səriştə və təcrübə) tələblərini əhatə edir. Prezident İ.Əliyevin multikulturalizm kontekstində söylədiyi nitqlərin, çıxışların və verdiyi müsahibələrin təhlili zamanı bu mərhələnin üç fərqli səviyyədən ibarət olduğu qənaətinə gəldik: 1. Tematik təmayül. 2. Konseptual terminlər. 3. Məntiqi ifadəlilik.
Ümumi məlumat
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.
Multikulturalizm ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər” deməkdir.
Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.
Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.
Multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır.
Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır.
Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir.
Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib.
Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilmiş, 15 may 2014-cü il tarixli sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir.
Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovşağında yerləşməsidir.
Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir.
Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilmişdir. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır.
Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində 2015-ci il sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilmlş və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunmuşdur.
2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci qlobal forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər.
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir.
İzolyasionizm (təcrid etmə), assimilyasiya və aparteiddən fərqli olaraq, multikulturalizm – cəmiyyətdə yalnız bir hakim etnik qrupun deyil, həmçinin digər milli azlıqların və immiqrantların mədəni müxtəlifliyinin və rəngarəngliyinin mövcudiyyətidir. Dünyada fərqli adlarla öz mədəniyyətlərinin üstünlüyünü təmin etməyi qarşılarına məqsəd qoyan, digər etniklərə, immiqrantlara assimilyasiya obyekti kimi baxan, cismən, yaxud mənəvi cəhətdən əritmək, yox etmək fəaliyyətlərini tarixdə və müasir dövrümüzdə dövlət siyasətlərində ənənə halına salmış bəzi dövlətlər mövcuddur.
Multikulturalizmin müxtəlif modelləri — ABŞ, İsveç, Avstraliya, Kanada modeli kimi növləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir. Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul edilməsi qeyd edilənlərə bariz nümunədir.
Bu gün multikulturalizmin alternativi yoxdur və mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması qürurvericidir.
Multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir.
Azərbaycanda olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir. Bu məqsədlə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi tərəfindən indiyədək 4 virtual dəyirmi masa təşkil olunmuşdur. “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası”, “Multikultural təhlükəsizlik”, “Xarici ölkə universitetlərində “Azərbaycan multikkulturalizmi” fənninin tədrisi: problemlər və perspektivlər”, “Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi tələbələrin gözü ilə)” mövzusunda olan bu dəyirmi masaların materialları Azərbaycan, rus və ingilis dillərində dərc edilərək ölkə daxilində və xaricdə paylanmışdır.
Virtual dəyirmi masalarda Braziliyadan, Amerikadan, İtaliyadan, Litvadan, Bolqarıstandan, Türkiyədən, Rusiyadan, Gürcüstandan, Misirdən, İordaniyadan və başqa ölkələrdən tanınmış alimlər, ictimai xadimlər və tələbələr iştirak etmişlər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qış və yay məktəbləri layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir. “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsi çərçivəsində
hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmi tədris edilir.
Qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
2016-cı ildə “Azərbaycan multikkulturalizminin qaynaqları” seriyasından “Azərbaycan multikkulturalizminin ədəbi-bədii qaynaqları” kitabı işıq üzü görmüşdür. Kitabda görkəmli Azərbaycan ədiblərinin əsərlərində bədii ifadəsini tapan çoxəsrlik multikultural dəyərlər və tolerantlıq ənənələri öz əksini tapmışdır.
26 noyabr 2015-ci ildə Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasında çıxış edən Prezident İlham Əliyev demişdir: “Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq.”
Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.
Copyright © 2016 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.
Azərbaycan Prezidenti İlham Əliyevin multikultural üslublu nitqləri
Siyasətin insanların şüurunu idarə edən və getdikcə qüvvətlənən silaha çevrilməsi təkzibedilməz bir gerçəklikdir. Tarix boyu istər siyasi partiyalar, birliklər, cərəyanlar, istərsə də, ayrı-ayrı fərdlər, xüsusilə, liderlər və dövlət başçıları millətə, dövlətə təsir etməyə müvəffəq olmuşlar. Bu müvəffəqiyyət, əsasən, məharətlə formalaşdırılmış natiqlik imici, siyasətçilərin xalq kütlələrinə kommunikativ təsiri nəticəsində əldə edilmişdir. Siyasi diskursda cəmiyyətin nitq aparatı ilə hakim nitq üslubunun qarşılıqlı əlaqəsi aydın əks olunur. Məhz bu nüans siyasi linqvistikada “siyasətçilərin diskurs portreti”nin yaradılmasını prioritet vəzifəyə çevirir [2, s.8].
Məqalənin obyekti Azərbaycan Prezidenti İlham Əliyevin 2003-2017-ci illər ərzində multikulturalizm mövzusunda söylədiyi nitqlərin, etdiyi çıxışların və verdiyi müsahibələrin 152 mətnindən ibarətdir. Məqalənin predmetini isə bu mətnlərdə aşkar etdiyimiz səciyyəvi ritorik elementlərin, linqvistik xüsusiyyətlərin, dil vasitələrinin təhlillərinin nəticələrinin ümumiləşdirilməsi təşkil edir.
Bu nitqlərdə linqvistik və ritorik baxımdan diqqəti cəlb edən bir çox məqamların olmasını nəzərə alaraq, təhlilləri 3 mərhələdə aparmağı məqsədəuyğun hesab edirik:
I Mərhələ: Dövlət başçısı imicini formalaşdıran əsas nitq elementləri
Birinci mərhələ inandırıcı nitqin üç əsas dayaq elementlərindən biri, daha doğrusu, birincisi olan etosun (professional səriştə və təcrübə) tələblərini əhatə edir. Prezident İ.Əliyevin multikulturalizm kontekstində söylədiyi nitqlərin, çıxışların və verdiyi müsahibələrin təhlili zamanı bu mərhələnin üç fərqli səviyyədən ibarət olduğu qənaətinə gəldik: 1. Tematik təmayül. 2. Konseptual terminlər. 3. Məntiqi ifadəlilik.
- Prezident nitqində dövlət başçısının natiqlik imicini formalaşdıran əsas səviyyə, ilk növbədə, onun nitqlərinin tematik təmayülündən ibarətdir. Bu səviyyə iqtisadi-siyasi realilər ehtiva edir və ictimai rəyə əsaslanır [3, s.129].
Prezident İ.Əliyevin multikulturalizm kontekstində söylədiyi nitqlərin, çıxışların və verdiyi müsahibələrin tematik strukturu əsasən aşağıdakı makro-mövzulardan ibarətdir:
1) Azərbaycan dövlətçiliyi dini və milli-etnik tolerantlıq üzərində qurulmuşdur:
“Azərbaycanda dini dözümlülük var. Bu gün bu məclisdə müxtəlif konfessiyaların nümayəndələrinin iştirakı və çıxışları bunu bir daha göstərir. Bu, çox böyük nailiyyətdir, sərvətdir. Həmişə belə olubdur. Milli, dini dözümlülük, tolerantlıq Azərbaycan xalqına xas olan xüsusiyyətdir.” (22.11.2003. Müqəddəs Ramazan bayramı münasibətilə iftar mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən) [10, s.8].
2) Azərbaycan hökuməti onun ərazisində yaşayan milli azlıqların hüquqlarının qarantıdır:
“Azərbaycanda milli azlıqlar var. Bütün başqa vətəndaşlar kimi həmin azlıqların da öz hüquqları və öhdəlikləri var. Cəmiyyətimiz çox dözümlüdür. Etnik və dini tolerantlıq ölkəmizin əldə etdiyi ən yüksək nailiyyətlərdəndir. Ölkəmizdə milli azlıqların azad, sülh şəraitində yaşaması faktı onlara olan normal münasibətlərin göstəricisidir və bu siyasət davam etdiriləcəkdir. Onların hüquqları bizim qanunvericiliklə qorunur.” (29.04.2004). Prezident İ.Əliyevin AŞPA-nın yaz sessiyasının iclasındakı çıxışından) [10, s.9].
3) Müasir Azərbaycan sivilazisayalararası dialoq yaradan bir körpüdür:
“ … bu gün Şərqlə Qərbin kəsişdiyi yerdə, Bakıda müxtəlif ölkələrdən müxtəlif dinlərin nümayəndələri iştirak edirlər. Biz buna çox böyük önəm veririk. Bunun çox böyük əhəmiyyəti var. Çünki indiki zamanda bir çox hallarda sivilizasiyalararası, mədəniyyətlərarası dialoqdan danışılır, ancaq bununla bərabər, dünyada gedən proseslər, əfsuslar olsun ki, bəzi hallarda gərginliyin artmasına gətirib çıxarır. Mən çox istəyirəm ki, bu gün Azərbaycanda başlanan Bakı prosesi mədəniyyətlər arasında olan dialoqun, dosluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə öz dəyərli töhfəsini versin.” (02.12.2008. Azərbaycan Prezidenti İ.Əliyevin Bakıda Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş konfransdakı nitqindən) [10, s.44].
4) Azərbaycan dövləti islamafobiya meyllərinə qarşı qətiyyətlə mübarizə aparır:
“Biz öz növbəmizdə dünyada islam həmrəyliliyinin gücləndirilməsi üçün səylərimizi göstəririk. Bəzi ölkələrdə islamofobiya meyillərinin gücləndirilməsi bizi çox narahat edir, İslam müqəddəslərinin təhqir olunması bizi haqlı olaraq hiddətləndirir. Biz öz növbəmizdə islamı sülh, qardaşlıq, mərhəmət dini kimi dünyaya daha da geniş şəkildə təqdim etməliyik. Hesab edirəm ki, təşkilatımızın istiqamətlərindən biri də bu olmalıdır.” (16.10.2012. Azərbaycan Prezidenti İ.Əliyevin Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısındakı nitqindən) [10, s.81].
5) Azərbaycan Prezidenti üçün Dağlıq Qarabag münaqişəsinin həlli istənilən kontekstdə prioritetdir:
“Biz Bakıda erməni kilsəsini bərpa etdik və onu qoruyuruq. Ermənilər isə işğal edilmiş torpaqlarda bizim məscidlərimizi dağıdıblar. Bənzəri Cocuq Mərcanlıda tikilən həmin o Gövhərağa məscidi dağılmış vəziyyətdədir. O binanı dağıtmaq olar, amma düşmən bilməlidir ki, dağılmış məscidlər bizim qəlbimizdə yaşayır. Biz bu məscidləri qəlbimizdə ucaltmışıq və torpaqlar işğaldan azad olunandan dərhal sonra iki ay ərzində gözəl məscid tikilib istifadəyə verilib. Bunun çox böyük tarixi mənası var. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda da belə gözəl iftar süfrələri açılacaq, İnşallah.” (20.06.2017. Azərbaycan Prezidenti İ.Əliyevin müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində söylədiyi nitqindən) [10, s.171].
- Prezident İ.Əliyev tərəfindən müasir multikultural məkan əsasən dini və etnik tolerantlıq, konfessiya, dünyəvilik, qloballaşma, inteqrasiya, demokratikləşmə, sivilizasiyalararası dialoq, çoxmillətli, həmrəylik, bərabərhüquqlu və s. terminlər vasitəsilə konseptuallaşır. Bu terminlər XXI əsrin gəlişi ilə Azərbaycan siyasi leksikonunda ümumişlək xassə əldə etdi. Siyasətçinin ideya və görüşləri sisteminin, eləcə də, ictimai şüurda gedən dəyişikliklərin ifadəsi olan bu terminlər müvafiq mətnlər üçün olduqca əhəmiyyətli açar sözlərdir. Bu sözlər istər siyasi, istər iqtisadi-ticarət, istərsə də elmi-mədəni istiqamətlərdə strateji və səmərəli əməkdaşlığa, uzunmüddətli perspektivlərə işarə edir.
- Prezident İ.Əliyevin multikulturalizm kontekstində nümayiş etdirdiyi məntiqi ifadəliliyin, intellektual ekspressivliyin verbal ifadə formaları əsasən bunlardır:
1) Sadalama üslubi vasitəsi:
“Biz istəyirik ki, müsəlman aləmində sülh bərqərar olsun, sabitlik bərpa edilsin, məzhəb əsasında münaqişələrə son qoyulsun və birlik olsun.” (18.06.2016. Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində söylədiyi nitqindən) [10, s.143].
Sadalama nitqdə detalları, incəlikləri təqdim etmək üçün istifadə olunan üslubi vasitə, söz və ifadələrdən mərhələli istifadədir. Prezident, sanki sadalama vasitəsilə mövzunun obyektini tərkib hissələrinə ayırır, auditoriya üçün onu daha anlaşıqlı etmək məqsədilə aydınlaşdırır. Bununla bərabər, bu vasitədən mümkün ikimənalılığın qarşısını almaq üçün də istifadə olunur. Prezident çıxışlarında bu vasitəyə, eyni zamanda, müəyyən ideyaları vurğulamaq və onlarla bağlı gələcək planları açıqlamaq, auditoriyada lazımi təəssüratı yaratmaq məqsədilə müraciət edilir. Sadalama vasitəsilə siyasətçi bir çox hallarda auditoriyaya əsl mesajı ötürür.
2) Sinonim cərgənin elementlərinin sadalanması:
“Yəni, biz çalışırıq ki, bütün bu məsələlər tənzimlənsin, dünyada daha da böyük anlaşma olsun, qarşıdurmaya yol verilməsin, insanlar rahatlıq, sülh, əmin-amanlıq şəraitində yaşasınlar.” (26.11.2015. Azərbaycan Prezidenti İ.Əliyevin Bakıda ISESCO Baş Konfransının XII sessiyasının açılışında etdiyi çıxışından) [10, s.127].
Siyasi diskursda sinonimlərdən, adətən, nitqin təsir gücünü artırmaq, emosionallıq və ekspressivlik yaratmaq məqsədilə istifadə olunur. Ancaq bunu elə məharətlə etmək lazımdır ki, lüzumsuz təkrarlar vasitəsilə nitqdə monotonluğa yol verilməsin. Məhz bu zaman üslubi effektə nail olmaq olar. Prezident İ.Əliyevin çıxışlarında fikir və hisslərin daha dəqiq ifadəsi məqsədilə eyni sinonim cərgəyə məxsus olan sözlər elə yerli-yerində işlədilir ki, bu vasitə nitqdə həm ahəngdarlıq, həm də aydınlıq yaradır. Sinonimlərdən məqamında və düzgün istifadə, eyni zamanda, dövlət başçısının dil daşıyıcısı kimi zəngin söz ehtiyatına malik bir şəxsiyyət olmasını göstərir.
3) “Biz” deyksisinin inkluziv paradiqmada işlədilməsi:
“Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulubdur.” (29.09.2016. Azərbaycan Prezidenti İ.Əliyevin Bakıda V Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqindən) [10, s.127].
Bu kontekstdə Prezident İ.Əliyev onun bu fikrini dəstəkləyən, onunla həmfikir olan xalqın, kütlələrin səlahiyyətli nümayəndəsi kimi ümumiləşdirilmiş “biz” şəxs əvəzliyindən istifadə etmişdir. “Biz” əvəzliyi siyasi diskursda auditoriyanı inandırmaq məqsədilə olduqca tez-tez müraciət olunan ritorik vasitələrdəndir. Prezident İ.Əliyev “biz” əvəzliyinə aşağıdakıları təcəssüm etmək məqsədilə müraciət edir:
- a) dövlət rəhbərliyini:
“Biz bu problemləri gizlətməməliyik, ört-basdır etməməliyik.” (31.10.2013. Azərbaycan Prezidenti İ.Əliyevin Bakıda Üçüncü Beynəlxalq Humanitar Forumun açılış mərasimindəki nitqindən.) [10, s.97].
- b) Azərbaycan xalqını və cəmiyyətini:
“Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik və onları hər şeydən üstün tuturuq.” (10.05.2015. Prezident İ.Əliyevin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimdəki nitqindən) [10, s.115].
- c) Azərbaycan dövlətini və onun beynəlxalq əməkdaşlıq etdiyi partnyorlarını:
“Biz beynəlxalq təşkilatlarda bir-birimizi qarşılıqlı surətdə dəstəkləyirik.” (16.10.2012. Azərbaycan Prezidenti İ.Əliyevin Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısındakı nitqindən.) [10, s.81].
3) Öz partnyorlarına və ya rəqiblərinə müraciət zamanı “onlar” şəxs əvəzliyi:
“Onların ayrı-seçkilik siyasəti, çirkin əməlləri nəticəsində azərbaycanlılar oradan zorla qovulub, başqa millətlərin nümayəndələri də, belə demək olarsa, yavaş-yavaş çıxarılıbdır.” (28.07.2005. Azərbaycan Prezidenti İ.Əliyevin Heydər Əliyev bağında Qusar rayonunun sakinləri ilə görüşündəki nitqindən.) [10, s.17].
4) “Bu gün” referensinin proksimal deyksis kimi istifadəsi:
“Bu gün Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir ki, burada bütün etnik qrup və dinlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar.” (05.05.2017. Azərbaycan Prezidenti İ.Əliyevin Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı mərasimindəki nitqindən) [10, s.162].
Bu nümunədə Prezident İ.Əliyev “bu gün” zərfi vasitəsilə hazırki şəraitdə hazırki zamana işarə edir və nisbi zaman referentindən istifadə edərək psixoloji temporallığı aradan qaldırmağa çalışır.
II Mərhələ: Nitq-inandırma vasitələri
Əvvəldə də qeyd etdiyimiz kimi, ikinci mərhələ siyasi kommunikasiyanın əsas məqsədinə xidmət edən nitq-inandırma, nitq-təsir vasitələrinin təhlili ilə bağlıdır. Əsasən pafosun mövcudluğunu şərtləndirən bu vasitələr aşağıdakılardan ibarətdir:
1) Burada, ilk növbədə, ritorik suallar diqqəti cəlb edir:
“Digər tərəfdən, bu prosesləri və sizin danışdığınız məsələni – Avropa ictimaiyyətinin həmin proseslərdə iştirakının müəyyən məyusluq doğurduğunu təhlil edərkən soruşmaq lazımdır ki, “bəs alternativ nədir?”. Multikulturalizmin alternativi varmı? Əgər o “dəfn” edirlərsə, deməli, alternativ olmalıdır. Bəs bu hansı alternativdir? Əgər bu, multikulturalizm deyilsə, bəs nədir?” (26.12.2011. Azərbaycan Prezidenti İlham Əliyevin İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana İTAR-TASS agentliyinə və “Rossiya 24” telekanalına verdiyi müsahibədən) [10, s.75].
Siyasi diskursda ritorik suallar auditoriyanı inandırmaq, onun diqqətini cəlb etmək, müəyyən fikri təsdiqləmək üçün ən təsirli və effektli vasitə hesab edilir. Ümumiyyətlə, inandırıcı nitqdə ritorik suallardan istifadə etmək bir zərurət hesab edilir.
2) Prezident İ.Əliyevin multikultural kontekstdə tez-tez müraciət etdiyi növbəti ritorik fiqur isə hipofora və ya antipoforadır:
“Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.” (18.05.2015. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışında söylədiyi nitqindən) [10, s.117].
Hipofora olduqca maraqlı və təsirli ritorik fiqurdur. Danışan/yazıçı verdiyi sualı özü cavablandırır və yaratdığı fiqur vasitəsilə auditoriyanın şüuruna müraciət edərək problemlərin həlli yollarını göstərməyə üstünlük verir.
3) Bu nitqlərdə Prezident öz niyyətlərində və qərarlarında qətiyyətli olmasını ifadə edərkən əsasən qısa və ya uzun sadə cümlələrə müraciət edir. Bu cümlələrdə qəti, qətiyyətlə, əminəm, əleyhinəyik və s. sözlərindən, inkar sözlərdən, feilin inkar formalarından və feilin vacib şəklindən istifadə edilir:
“Əminəm ki, bu sahədə əldə etdiyimiz uğurlar nəinki Azərbaycana təsir göstərəcəkdir, artıq göstərir, hətta onun hüdudlarından kənara da çıxır.” (18.03.2013. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq konfransda söylədiyi nitqindən) [10, s.84].
“Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik.” (10.09.2017. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana işgüzar səfəri: Azərbaycan Prezidenti İlham Əliyev Astanada İƏT-in elm və texnologiya üzrə birinci Sammitində etdiyi çıxışından.) [10, s.172].
4) Siyasi diskursun əsas təsir mexanizmlərindən biri ictimai şüura təsir etməklə dünyanın dəyərlər xəritəsini dəyişməkdən ibarətdir. Bu diskursda obrazlı şəkildə illokutiv effekt yaradan və məqsədyönlü auditoriyaya təsir edən əsas vasitə metaforadır. Ümumiyyətlə, Prezident İ.Əliyevin nitqlərində və çıxışlarında müxtəlif metaforik modellər təqdim olunur:
- Hakimiyyəti təşxis edən (təcəssüm edən) metaforalar:
“Azərbaycan özü terrorizmin qurbanıdır.” (06.07.2004. Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın “La letr diplomatik” jurnalına müsahibəsindən) [10, s.11].
- Tibb sahəsində istifadə edilən, sağlamlıqla bağlı olan, xəstəlik bildirən metaforalar:
“Müharibə, qan, dağıntılar. Bu, bizim cəmiyyətimizi daha sıx birləşdirir. Bu – radikalizmə qarşı ən böyük “peyvənddir”.” (17.10.2016. Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova “Sputnik Azerbaydjan” üçün müsahibəsindən.) [10, s.151].
- Azərbaycanın inkişafı perspektivlərinin ifadəsi vasitələri olan metaforalar:
“Biz tənha bir ada deyilik, qonşuluğumuzda digər ölkələr var və bizim qanunauyğun marağımızdadır ki, bu sahədə regionda və dünyada müsbət inkişaf mövcud olsun.” (16.11.2016. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimində söylədiyi nitqindən) [10, s.153].
5) Prezident İ.Əliyevin multikulturalizmlə bağlı nitqlərində, çıxışlarında emosionallığın ötürülməsi üçün aşağıdakı linqvistik vasitələrə daha çox müraciət edilir:
“Azərbaycan sivilizasiyalararası bir körpüdür. Həm coğrafi, həm siyasi, həm bütün başqa cəhətlərdən Azərbaycan nadir bir ölkədir!” (01.01.2015. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikindən) [10, s.111].
- Söyləmdə semantik baxımdan emosional təsir gücünə görə bir-birindən qüvvətli
təyinlərin ardıcıl sıralanması:
“Əfsuslar olsun ki, islam dininə qarşı bəzi dairələrdə qeyri-adekvat, qeyri-normal , çox mənfi münasibət vardır.” (10.08.2011. Azərbaycan Prezidenti İlham Əliyevin Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinin və diplomatik nümayəndəlirinin rəhbərlərini qəbul nitqindən.) [10, s.67].
6) Prezident İ.Əliyevin multikulturalizmlə bağlı nitqlərində, çıxışlarında auditoriyanın diqqətini daha önəmli məqamlara yönəltmək üçün istifadə olunan əsas üslubi-sintaktik vasitələri işləklik dərəcəsinə görə aşağıdakı kimi sıralamaq olar:
- Sintaktik paralelizm:
“İyirmi ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür. On ilə yaxındır ki, Azərbaycan Avropa Şurasının üzvüdür.” (26.042010. Prezident İ.Əliyevin Bakıda dünya dini liderləri sammitinin açılış mərasimində etdiyi çıxışından.) [10, s.57].
- Leksik təkrarlar. Qeyd etmək lazımdır ki, təhlilə cəlb edilmiş nitqlərdə və çıxışlarda leksik təkrarın bütün növlərinə – kök təkrar, anafora, epifora, anadiplosis, natamam təkrar, çərçivə təkrar, zəncirvarı təkrar, sinonim təkrarlara müraciət edillir:
“Bu, ölkəmizi daha da gücləndirir. Ölkənin gücünü təkcə təbii sərvətlər, təbii ehtiyatlar, yaxud da ki, maliyyə imkanları müəyyən etmir.” (12.08.2011. Prezident İ.Əliyevin müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəki çıxışından) [10, s.67] (kök təkrar).
“Çünki indi dünyada müxtəlif yanaşmalar mövcuddur, fikirlər səslənir, bəziləri deyir ki, multikulturalizm artıq ölüb, multikulturalizmin gələcəyi yoxdur.” (20.12.2011. Azərbaycan Prezidenti İ.Əliyevin Bakıdakı Əjdərbəy məscidinin açılış mərasimində etdiyi çıxışından.) [10, s.73] (sinonim təkrar).
III Mərhələ: Mətnlərin struktur-semantik xüsusiyyətləri
Prezident İ.Əliyevin multikultural çıxışlarının tədqiqinin üçüncü mərhələsi mətnlərin struktur-semantik səciyyəsini ehtiva edir. Məhz bu apsekt nitqlərin və çıxışların qrammatik xüsusiyyətləri ilə əlaqədardır və natqilik elmində loqosun (məntiqi əsaslandırma) əsas elementlərindən hesab edilir. Həmin mətnlərin təşkilinin və funksional strukturunun əsas qrammatik göstəricilərini bu cür ümumiləşdirmişik:
1) Vaciblik və zərurət ifadə edən “feilin kökü+malı/məli şəkilçisi+şəxs şəkilçisi” modal konstruksiyası:
“Mən tam əminəm ki, öz dininə hörmət edən insan mütləq başqa dinlərə də hörmətlə yanaşmalıdır.” (20.12.2011. Azərbaycan Prezidenti İ.Əliyevin Bakıdakı Əjdərbəy məscidinin açılış mərasimində etdiyi çıxışından.) [10, s.73].
2) Prezident İ.Əliyevin multikulturalizmlə bağlı nitqlərinin və çıxışlarının mətnlərinin struktur xüsusiyyətlərindən biri də xüsusi mühakimə üsulu olan deduksiyadan (ümumidən xüsusiyə doğru aparan məntiqi əsaslandırma) müxtəlif zamanlara müraciət fonunda istifadə edilməsidir. Auditoriyanı inandırmaq məqsədilə sadəcə olaraq bəhs olunan məsələlərdən xəbərdar olduğunu deyil, eyni zamanda, onu əmələ gətirən səbəblər üzərində düşündüyünü, bu məsələnin tarixçəsi, onun digər sferalarla bağlılığı barəsində kifayət qədər məlumata malik olduğunu nümayiş etdirmək üçün Prezident İ.Əliyev Azərbaycan dövlətinin tarixinin müxtəlif dövrlərinə və ya öz şəxsi təcrübəsinə müraciət edir:
- Azərbaycan tarixinin SSRİ-dən əvvəlki müxtəlif dövrlərinə müraciət:
“743-cü ildə tikilmiş məscid ondan sonra təbii dağıntılara, zəlzələyə məruz qalmışdı, onun bir hissəsi dağıdılmışdı, ondan sonra bərpa edilmişdir. 1918-ci ildə ermənilər tərəfindən Şamaxı məscidi dağıdılmışdır, yandırılmışdır.” (20.12.2011. Azərbaycan Prezidenti İ.Əliyevin Bakıdakı Əjdərbəy məscidinin açılış mərasimində etdiyi çıxışından.) [10, s.71].
- Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrə müraciət:
“Bildiyiniz kimi, keçən əsrin 30-cu illərində məscid dağıdılmışdır. Bütövlükdə, Sovet İttifaqı zamanında dinə qadağa qoyulmuşdur və məscidin dağılmasını əks etdirən o acı kadrlar bizim gözümüzün qabağındadır.” (12.07.2008. Azərbaycan Prezidenti İ.Əliyevin Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra istifadəyə verilməsi münasibətilə nitqindən.) [10, s.41].
- Şəxsi təcrübəyə müraciət:
“2010-cu ildə də çox önəmli hadisə baş vermişdir. Dünya dinləri liderlərinin Bakıda zirvə görüşü və 2011-ci ildə birinci Forum keçirilmişdir. Artıq “Bakı prosesi” inkişaf edir və əminəm ki, bu Forumda aparılan diskussiyalar, fikir mübadiləsi, məruzələr bizim ümumi işimizə töhfə verəcəkdir.” (30.05.2013. Azərbaycan Prezidenti İ.Əliyevin Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı nitqindən.) [10, s.87].
Təhlilə cəlb edilmiş mətnlərin müqayisəli təhlili bu nəticəyə gəlməyə əsas verir ki,
“yeni tarix” Prezident İ.Əliyevin nitqlərinin və çıxışlarının əsasını təşkil edir. Bu, dövlət başçısı üçün olduqca mühüm məqamdır. Bəzi hallarda gələcək zamana nisbətən keçmiş zaman elementlərinə daha çox rast gəlinir ki, bunu Azərbaycanda multikulturalizm ənənələrinin dərin köklərə malik olmasına inandırmaq üçün istifadə edilmiş üslubi vasitə kimi qəbul etmək lazımdır.
Prezident İ.Əliyevin multikulturalizm mövzusunda etdiyi çıxışların və söylədiyi nitqlərin mətnlərinin dil-üslubi və struktur xüsusiyyətlərinin yuxarıda qeyd edilmiş rakurslardan təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidentinin multikultural diskursunun əsasını “emosional-ekspressiv” vasitələrlə bərabər “rasional” vasitələr də təşkil edir. Rasionallıq Prezident İ.Əliyevin nitqində öz əksini müxtəlif linqvistik vasitələrlə – sadalama, dərəcələnmə, təkrarın ayrı-ayrı növləri, ritorik suallar və hipoforalar, eləcə də, nəticə etibarilə potensial auditoriyaya qüvvətli təsir göstərmək məqsədilə söyləmdə qətiyyətin propozisional ifadəsi və s. xüsusi məntiqi ifadə üslubunda tapır. Prezident İ.Əliyevin nitqində ekspressivlik isə öz ifadəsini fəal metaforik modellər və təyinlərin semantik dərəcələnməsi vasitəsilə gerçəkləşdirir. Bütövlükdə, bu vasitələr auditoriya ilə səmimi ünsiyyət effektinin yaranmasına vəsilə olur. Bütün qeyd olunan vasitələr, eləcə də, indiki zaman planında multikultural kontekstin məxsusi olaraq ümumiləşdirilməsini Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin natiqlik imicinin fərdi səciyyəsi hesab etmək olar.
İstifadə edilmiş ədəbiyyat:
- Гаврилова М.В. Когнитивные и риторические основы президентской речи (на материале выступлений Б.Н. Ельцина и В.В. Путина). СПб.: СПбГУ, 2004, 295 c.
- 2. Гаврилова М.В. Репрезентация понятия «президент» в инаугурационных речах Б.Н. Ельцина и В.В. Путина // Политэкс, 2008, том 4, №, с.236-246
- Гаврилова М.В. Некоторые черты речевого портрета первого президента России Б.Н.Ельцина // Политическая лингвистика. Серия «Теория политической лингвистики». 2012, № 4 (42), с.17-22
- Edwards G.C. Presidential Rhetoric: What Difference Does It Make? // Beyond the Rhetorical Presidency. Texas: A&M University Press, 1996, pp.199-217
- Mcgraw K.M. Manipulating Public Opinion//Understanding Public Opinion//ed. by B. Norrander and C.Wilcox. Washington: DC – CQ Press, 2002, 256 p.
- Medhurst M.J and Aune J.A. The Prospect of Presidential Rhetoric (Presidential Rhetoric and Political Communication). Texas A&M University Press, 2008, 400 p.
- James N., Druckman J., Holmes W. Does Presidential Rhetoric Matter? Priming and Presidential Approval // Presidential Studies Quarterly 34, No. 4 (December), 2004. University of Minnesota: Center for the Study of the Presidency, pp.755-778
- Lakoff G. Metaphor and War: The metaphor system used to justify War in the Gulf // Honolulu: Matsunaga Institute for Peace 23, 1991, pp.25-32
- Wodak R.Discourse and politics . Discourse in context. // Contemporary Applied Linguistics // Vol. 3. London: Bloomsbury, 2014, pp. 321-346
Seçilmiş nüm unələr:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mutikulturalizmin Azərbaycan modeli haqqında. Bakı: BMMM, 2017
Summary
Multicultural style speeches by the President of Azerbaijan Ilham Aliyev
The article deals with the lexico-semantic, stylistic and structural peculiarities of Ilham Aliyev’s presidential speeches functioning as means of persuasion in multicultural speeches. The research is carried out in three stages: 1) main elements of speech that shape image of a state leader; 2) persuasive verbal means; 3) structural-semantic elements of the texts. Explored means make up “rational” and “emotional” elements called ethos, pathos and logos – the integral parts of persuasive speech.
Резюме
Pечи мультикультурального стиля Президента Азербайджана Ильхама Алиева
В статье рассматриваются лексико-семантические, стилистические и структурные особенности речей президента Ильхама Алиева, функционирующие как средства убеждения в мультикультурной речи. Исследование проводится в трех этапах: 1) основные элементы речи, формирующие имидж государственного лидера; 2) вербальные средства убеждения; 3) структурно-семантические элементы текстов. Изученные средства образуют «рациональные» и «эмоциональные» компонентные элементы убедительной речи, называемые этос, пафос и логос.
Mənbə: ADU, Elmi Xəbərlər, Bakı-2018, №2, Səh.12-20
Heydər əliyev və azərbaycan muıtikulturalizm
Bu günlərdə ölkə ictimaiyyəti böyük ruh yüksəkliyi və coşqu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü dövlət səviyyəsində təntənəli şəkildə qeyd etməyə hazırlaşır. 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərin işığında bu dahi şəxsiyyətin həyat və fəaliyyətinə yeni baxış bucağından nəzər salarkən onun siyasi portreti daha dolğun görünür.
Dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev xalqının xilaskarı missiyası ilə Tanrı və zaman tərəfindən Azərbaycanın taleyinə bəxş edilmiş və bu qürurlu taleyin zirvəsini müəyyən etmiş nadir şəxsiyyətlərdən biridir. Bu dahi insanın Azərbaycan xalqının qan və qəlb yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalması heç şübhəsiz ki, təsadüfi deyildir. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq gerçəkdən mümkünsüzdür. Elə bu səbəbdəndir ki, Heydər Əliyevi tanıdığımız gündən ona ən böyük azərbaycanlı demişik.
Bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Hüseynlinin “Heydər Əliyev məfkurəsi və müasir dövlət quruculuğu” sərlövhəli məqaləsində əksini tapıb.
“İki sahil” həmin məqaləni təqdim edir.
Nadir siyasət adamı Heydər Əliyev dünyada gedən proseslərə təsir etmək gücündə olan fövqəladə şəxsiyyət kimi eyni zamanda tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən müdrik və unikal dövlət xadimi idi.
O, təkcə güclü təsərrüfatçı deyil, həm də sözünün çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir lider idi. Heydər Əliyevin dərin məntiqli və məzmunlu nitqi, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi.
Təbiət siyasi xadimlərin heç də hamısında rast gəlinməyən tarixi bəsirəti, siyasi fəhm kimi nadir öncəgörmə qabiliyyətini zəmanəsini çox-çox qabaqlayan, mahir psixoloq, insan qəlbinin dərin bilicisi olan Heydər Əliyevdən əsirgəməyib. O, analitik düşüncə tərzi və çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti və dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi. Ulu Öndər bəlkə də dünyanın çox nadir siyasətçilərindəndir ki, siyasətin ən qızğın meydanlarında hisslərini gizlədərək, ağlı və məntiqi ilə davranmağı bacarıb, əsl peşəkarlıq nümayiş etdirib.
Müasir siyasi texnologiyalarda lider üçün xarizma çox mühüm təsirə malik keyfiyyət hesab olunur. Heydər Əliyevin ən ali insani keyfiyyətləri, fenomenal xarakteri, hərəni öz dilində danışdırmaq məharəti onu tanıyanların sevimlisinə çevirirdi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, səbat, diqqət və bir çox digər yüksək mənəvi cəhətlər Heydər Əliyevin fərdi naturasının özünəmıxsus çalarlarıdır.
Heç də hər dövlət xadiminə xas olmayan bu üstünlüklər ulu Tanrının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətlərdir. Onun gücü həm də universal, dərin biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, heyrətamiz yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləməklə bərabər həm də eyni zamanda həmsöhbətinə təsir etmək bacarığında idi.
Məsələləri əhəmiyyətinə görə ardıcıllıqla düzmək qabiliyyəti və mahir diplomat olması onu dünyanın ən məşhur siyasətçiləri ilə bir sıraya qoyur. Heydər Əliyev sanki əzəldən böyük siyasət üçün yaranmış, təkcə bir ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən dövlət və dövlətçilik məsələləri ilə bağlı baxışlarında da özünü büruzə vermişdir. O, hər zaman zərgər dəqiqliyi ilə, ölçülüb-biçilmiş qərarlar qəbul edirdi. Hətta fəaliyyətini haqsız yerə təftiş edənlər ona irad tutmaq üçün nöqsan adına bir fakt tapıb ortaya qoya bilməmişlər, əksinə, əks mövqedə duran siyasi opponentləri sonradan onun haqlı olduğunu etiraf etməyə məcbur olmuşlar ki, bu da milli maraqların kəsişdiyi məqamlarda ölkədə siyasi həmrəyliyin əldə olunması üçün çox vacib amildir.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkəni hərtərəfli inkişaf yoluna çıxararaq onun müstəqilliyini əbədi və dönməz etmişdir. Elə bu səbəbdən idi ki, hələ dünya çapında yetərincə tanınmayan Azərbaycan kimi kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddətdə dünya xəritəsində cəlbedici mövqeyi ilə seçilən nüfuzlu bir dövlətə çevrilə bildi. Əsrə bərabər cəmi 10 il ərzində müstəqil Azərbaycan Respublikasının sükanı arxasında duran Heydər Əliyev xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərb demokratiyası ilə Şərq dəyərlərinin bənzərsiz sintezini özündə əks etdirən yeni nəsil müasir dövlət modelini formalaşdırmağa nail oldu. Bu siyasətin bariz nəticəsidir ki, bu gün Azərbaycan öz tolerantlığı və multikultural dəyərləri ilə dünyanının bütün digər ölkələrinə təkrarsız nümunədir.
İdarəetmədə böyük səriştəsi və qibtə ediləcək bacarığı olan, nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı zərgər dəqiqliyi ilə bacaran Heydər Əliyevin təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu Öndər deyirdi ki, “reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır”. Məntiqlə, həqiqətən də belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət etmiş olur.
Heydər Əliyevin siyasəti tamamən milli maraqlar üzərində qurulmuşdu. Bununla bağlı onun daha bir möhtəşəm fikrinə diqqət çəkmək istəyirəm: “. Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun”.
Ulu Öndər qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadiminin gedişləri çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirir.
Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə, rəvan nitqə, yüksək intellektə, təhlil etmək bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər Əliyevə bərabər tutula bilən siyasətçi çox azdır. Ümummilli Liderin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi olub. “Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir” deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Bəlkə də buna görədir ki, bir sıra hallarda Heydər Əliyevi “siyasət qrossmeysteri”, “siyasət patriarxı” kimi epitetlərlə xarakterizə edirlər.
Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir. Bu bir həqiqətdir ki, Azərbaycan xalqı əlverişli tarixi şəraitdən, özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından istifadə edərək, XX əsrin sonunda məhz Heydər Əliyevin müəllifliyi ilə öz istiqlal arzusunu real olaraq gerçəkləşdirə, onu formal şəkildən həqiqi vəziyyətə çevirə bilib. Müstəqillik dövrünün qısa dövlətçilik tarixi ümummilli lider Heydər Əliyevin bu fikrini bir daha təsdiq edir ki, “müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.
Bu təhlil həm də onu sübut edir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyanı yalnız iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs yerinə yetirə bilər. Məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Sovetlər İttifaqının süqutu nəticəsində formal müstəqillik əldə etmiş bütün müttəfiq respublikalarda olduğu kimi Azərbaycanda da keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Lakin bunun əvəzində xalqı səfərbər edən, onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli mənəvi dəyərlərini qoruyub saxlayacaq və yönəldəcək milli sistem və ideya da ortaya qoyulmamışdı. Keçmişin bütün varlıqlarından, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total imtina tendensiyası Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Əlbəttə, bu proses bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edənlərin aydın məqsəd və məramının yoxluğundan, idarə etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamasından dolayı yaranmış siyasi və iqtisadi böhranla bağlı idi. Azərbaycanda bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider isə məhz hələ sovetlər dönəmində respublikaya uğurla rəhbərlik etmiş, keçmiş SSRİ-nin ali rəhbər strukturlarında ən yüksək vəzifələrdə çalışaraq böyük dövlətşilik və siyasi təcrübə əldə etmiş Heydər Əliyev idi. Tarix də 1993-cü ildə onun hakimiyyətə qayıdışını ən düzgün seçim kimi dəyərləndirdi.
Belə ki, Ulu Öndərin dövlətçilik təlimi güclü dövlətçilik anlayışı və onun bütün atributları ilə yanaşı dövlətin iqtisadi, siyasi, sosial və mənəvi əsaslarına söykənir. Müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirməklə bərabər Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnəkdir.
Bizim milli dövlətçilik tariximizdə möhtəşəm yer tutan müstəqil Azərbaycan Respublikasının fərqli cəhəti dövlət quruculuğunu şərtləndirən əsas amillərdən biri kimi onun milli dövlət olmasıdır. Uzun illər öz dövlətçiliyindən və milli mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu olmuşdur. Ümummilli Lider, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlimi – dövlət siyasəti səviyyəsinə qaldırılmış azərbaycançılıq ideologiyasını yaratmağa müvəffəq olmuşdur. Ayrıca olaraq xüsusi vurğulanmalıdır ki, başqa sahələrdə olduğu kimi, milli ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini qoruya bilmiş və vaxtilə məhz birləşdirici ideya kimi irəli sürülmüş azərbaycançılıq ideologiyasını mükəmməl bir təlim kimi ölkənin dövlət siyasətinə çevirmişdir.
Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin müstəqil dövlət təlimi və onun ayrılmaz tərkib hissəsi olan bu ideologiyanın həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Buna görə də bu gün elm və mədəniyyətə, vətənpərvərlik tərbiyəsinə, xalqımızın tarixi irsinə yetirilən diqqət dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub Heydər Əliyevin dövlətçilik təliminin yaradıcı şəkildə inkişafının təzahürü kimi özünü göstərir.
Ona görə də bu gün dövlət quruculuğundan danışarkən, heç şübhəsiz, ilk yada düşən Heydər Əliyevin bu sahədəki danılmaz fəaliyyəti və əsasını qoyduğu siyasi xəttdir. Doğrudan da, məhz Ulu Öndərin ikinci dəfə xilaskarlıq missiyası ilə hakimiyyətə dönüşündən sonra Azərbaycanda bütün atributlara malik güclü dövlətin formalaşması prosesinə start verildi. Dövlət quruculuğu və onun hüquqi təminatı uğurlu istiqamət üzrə davam etdirildi. Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinə şərəfli səhifələr yazmış Cavanşir, Babək, Şah İsmayıl Xətai kimi sərkərdələrin həyat və fəaliyyətini böyük vətənpərvərlik məktəbi və xalqın birlik təcəssümü kimi hər zaman nümunə göstərən Ulu Öndər özünün titanik fəaliyyəti sayəsində müasir siyasi şəraitin və zamanın tələbləri kontekstində dövlət və dövlətçilik ənənələrini yeni və dolğun çalarlarla daha da zənginləşdirməyə nail olmuşdur. 1993-cü ildən sonra bu istiqamətdə hadisələrin axarına diqqət yetirəndə əsas kursun insanlarda etnik-milli duyğularla yanaşı, ictimai-siyasi özünüdərk düşüncəsinin və vətəndaşlıq hisslərinin formalaşdırılmasına yönəldildiyinin şahıdi oluruq. Bu sahədəki fəaliyyətin istiqamətini Heydər Əliyevin “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” şüarı altında ifadə ifadə olunan ideya müəyyən etmişdir.
Mütərəqqi dövlətçilik prinsiplərinin bərqərar olması üçün Heydər Əliyevin əsas amalı dövlət işini ümumxalq işinə çevrmək idi. Bu xüsusda insan amilinə böyük əhəmiyyət verən Ulu Öndərin maraqlı bir fikri var: “Bir var dövlət işi ilə məşğul olan adamlar, bir də var adi vətəndaş. Adi vətəndaş da, əgər həqiqətən də vətəndaşdırsa, deməli, öz vətəninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz”. Əgər biz Heydər Əliyevin çıxışlarını diqqətlə izləsək, görərik ki, onun ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsidir.
Heydər Əliyevin yüksək dövlətçilik anlayışı həm də onunla səciyyələnir ki, o, öz baxışlarında siyasəti iqtisadiyyatdan, mədəniyyətdən, milli-mənəvi dəyərlərdən təcrid etmirdi. Onun özünün bir şəxsiyyət və lider kimi hərtərəfli hazırlıqlı olması, bütün sahələrdə yüksək intellektual səviyyəyə malik olması daxili və xarici siyasət kurslarının da bir-birini üzvi şəkildə tamamlayaraq vəhdət şəkildə həyata keçirilməsinə imkan verirdi. Bu gün hər kəs böyük məsuliyyət hissi ilə dərk edir ki, bütün sahələr üzrə Azərbaycanın öz maraqlarına uyğun işlənib – hazırlanmış müstəqil inkişaf kursu məhz Heydər Əliyev dühasının məhsuludur. İstər böyük və ya kiçik, uzaq və ya da yaxın dövlətlərlə, istərsə də iqtisadi və mədəni – mənəvi sahələrdəki tərəf – müqabillərlə münasibətdə Azərbaycan ilk növbədə öz milli maraqlarından çıxış edir. Həm də bu maraqların rəhbər tutulması elə incə siyasətlə həyata keçirilir ki, böyük dövlətlərin və qonşuların maraqları ilə birbaşa ziddiyyət təşkil etməsin.
Qeyd etmək lazımdır ki Azərbaycanda dövlət quruculuğunun möhkəmlənməsi, bu sahədəki nailiyyətlər həm də iqtisadi təməlin düzgün qoyulması ilə bağlı olub. Odur ki, Heydər Əliyev platforması fonunda islahat deyilərkən, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.
Çünki Heydər Əliyev siyasəti iqtisadiyyatdan, mədəniyyətdən, milli-mənəvi dəyərlərdən təcrid etmirdi. Onun özünün bir şəxsiyyət kimi hərtərəfli hazırlıqlı olması, bütün sahələrdə yüksək intellektual səviyyəyə malik olması xarici siyasət kursunun da kompleks şəkildə həyata keçirilməsinə imkan verirdi. Əgər Heydər Əliyevin çıxışlarını diqqətlə izləsək, görərik ki, onun ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri və digər transmilli layihələrin reallaşması ən çətin anlarda uğurlu neft strategiyasını təməlini qoymuş Heydər Əliyevin yenilməz siyasi iradəsinin nümayişdir. Xalqın rifahına yönəlmiş hədəflərə nail olmaq üçün atılan bu addımlar milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrilmiş bu böyük insanın qətiyyətli mövqeyinin və uzaqgörənliyinin nəticəsi kimi dəyərləndirilməlidir.
İqtisadiyyatın inkişafı, adamların rifah halının yaxşılaşdırılması həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuşdur: “Biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də vətəndaşlarımızın, xalqımızın rifahını yaxşılaşdırmağa, yaranmış vəziyyətdə müxləlif və yeni formalardan istifadə edərək iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq”. Heydər Əliyev fikrini bununla bitirmir və məsələyə tam dialektik bir mövqedən yanaşmaqla, sosial-iqtisadi proqramların həyata keçirilməsinin də, öz növbəsində, dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar olması, mədəni-mənəvi həyatın təşəkkülü üçün bir şərt olduğunu qeyd edir. “İqtisadiyyat son məqsəd kimi yox, şərt kimi, təməl kimi, vasitə kimi götürülür. Siyasi və mədəni-mənəvi aspektdəki nailiyyətlərin də çox vaxt iqtisadi təmələ söykəndiyi vurğulanırdı. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.
Lakin “Əgər ölkədə ictimai – siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit yaradılmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz” söyləyən Heydər Əliyev üçün dövlət quruculuğu ilə bağlı məsələlər fəaliyyət strategiyasında özlüyündə son məqsəd deyildi. Çünki mənəvi buxovlardan azad olmayan, öz milli mənliyini dərk etməyən xalqın azad ola bilməməsi təfəkküründən çıxış etsək, belə qənaətə gələrik ki, dövlətin möhkəmləndirilməsi müstəqil iqtisadi siyasətlə yanaşı həm də daxili asayişin və əmin-amanlığın təmin olunmasından keçir.
Dövlət quruculuğundan danışarkən onun bir qolu olan hüquqi dövlət quruculuğunu fərqləndirə bilərik. Çünki bu sahənin də özünəməxsusluğu var. Təsadüfi deyil ki, 1993-cü ildə Ulu Öndərin səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələr içində hüquqi təməl və ümumilikdə hüquq anlayışı əsas prioritetlərdən birini təşkil edirdi. Bu məsələyə münasibətdə Heydər Əliyevin mövqeyi belə ifadə olunur: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. Eyni zamanda, Ulu Öndər deyirdi: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”.
Nəhayətdə isə “Dövlət – dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön planda saxlayırdı. O, lkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ildə imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratmışdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarizəyə başlanıldı. Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu.
Demokratik hüquqi dövlət quruculuğu prosesi də məhz tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirilmişdir. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi. Bütün bu müddəaların ən yüksək standartlara uyğun şəkildə əks olunduğu və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli lider Heydər Əliyevdir. Həqiqətən də, Ana Qanunumuz dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir.
Bu yeni, mütərəqqi Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün Ulu Öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutaraq, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında geniş və ciddi islahatlar aparmaqla hüquqi dövlət quruculuğuna və hüquq sisteminin modernləşməsinə müstəsna əhəmiyyət verməsi ilə bağlı niyyətini ortaya qoymuşdur.
Azərbaycanda milli qanunvericiliyin mükəmməl səviyyəyə qaldıılmasına xüsusi önəm verən Heydər Əliyevin təşəbbüsü ilə hakimiyyət qollarının müstəqil fəaliyyətinin təmin edilməsində mühüm rol oynayan bir sıra hüquqi aktların, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlanmış və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edilmiş, məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis edilmişdir.
İnsan hüquqlarının qorunmasına müstəsna diqqət ayıran Ümummilli Liderin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. Bu istiqamətdə Azərbaycan parlamenti bir sıra beynəlxalq konvensiyaları ratifikasiya etmişdir.
Dövlətin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri kimi, şübhəsiz, Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu ölüm cəzasının tamamilə ləğv edilməsi, söz və mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması Heydər Əliyevin demokratik dəyərlərə verdiyi önəmin ifadəsi və onun böyük mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiq edən çoxsaylı faktlardandır.
Çox zaman Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki əsas xidmətini sağlam qüvvələri səfərbər edərək güclü dövlət strukturları yaratmasında, müstəqilliyimizin, daxili, ictimai-siyasi sabitliyin real təminatçısı olan dövlət aparatı qurmasında görürlər. Çünki Heydər Əliyev idarəetmənin sosialist inzibati-amirlik sistemindən çevik düşüncə və bacarıq üzərindən idarəetməyə keçidin nə demək olduğunu aydın dərk etdiyindən bu məsələni xüsusi diqqətdə saxlayır və yüksək ixtisaslı kadrların yetişdirilməsinə böyük əhəmiyyət verirdi.
Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Ulu Öndər çox gözəl dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onun ərazi bütövlüyünü təmin etmək və Qarabağ problemini birdəfəlik həllinə nail olmaq üçün möhkəm siyasi və iqtisadi bazanın qurulmasına ehtiyac vardır. Münaqişənin həllində vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların ikili standartlarla müşayiət olunan fəaliyyətlərini hər zaman tənqid hədəfində saxlayan Heydər Əliyev “Biz Azərbaycan torpağının bir qarışını da heç kimə verməyəcəyik!”, “Azərbaycanın ərazi bütövlüyü istənilən yolla mütləq bərpa ediləcəkdir!” deyə bu məsələdə qətiyyətli mövqeyini hər zaman hər yerdə ifadə edərək dünyaya mesaj vermişdir. Ulu Öndərin o dövrdə apardığı siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dövləti möhtəşəm xalq-ordu-Prezident birliyi sayəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı nəticəsində tarixi Qələbə qazanaraq 30 ildən bəri düşmən tapdağı altında qalmış ərazilərimizə, nəhayət ki, sahib çıxmışdır. Bu baxımdan Vətən müharibəsində qazanılmış tarixi Zəfər, ilk növbədə, Heydər Əliyev ideologiyasının təcəssümü kimi dəyərləndirilməlidir.
Beləliklə, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ciddi uğurlar, sürətli iqtisadi inkişaf yolu ilə bölgədəki stabil lider mövqeyi məhz Heydər Əliyevin müəyyən etdiyi dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi ilə bilavasitə bağlıdır.
Azərbaycanın Heydər Əliyev epoxasından sonrakı mərhələlərdə tarixin gedişatı qəti şəkildə deməyə əsas verir ki, son 17 ildə bölgədə və ölkə daxilində formalaşmış yeni iqtisadi və siyasi konfiqurasiya şəraitində Ulu Öndərimizin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində xalqı səfərbər etməyə nail olmuş Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında dövlət quruculuğu istiqamətində yeni dövrlə səsləşən çoxşaxəli iqtisadi, sosial və hüquqi islahatlar məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirilir, yeni çalarlarla zənginləşdirilir.
Bu baxımdan əminliklə söyləmək mümkündür ki, dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.
Comments are closed, but trackbacks and pingbacks are open.