Tural Şahbazlı: Allahın Azərbaycana bəxş etdiyi ən gözəl nemət Azərbaycanın Gəncləridir
5️⃣ Ulu bir sərkərdə, ulu bir öndər | Qabil Ədalət
Ulu Öndər Heydər Əliyevə aid şeirlər
Müasir Azərbaycanın əsas qurucularından olan və tarixə öz damğasını vuran dahi şəxsiyyət Heydər Əliyev bu gün də xalqın yaddaşında və ürəyində yaşayır. Onun ali bir rəhbər kimi Azərbaycan üçün etdikləri xalq tərəfindən unudulmur, şeir və nəğmələrə, film və kitablara mövzu olur. Xalq onun üçün yaşayanları unutmur.
1️⃣ Vətən oğlu | Fikrət Qoca
Vətən oğlu, ata oldun bizə sən,
Ata kimi qayğımızı çəkirdin.
Şair kimi həssas idin sözə sən,
Danışıqda sözdən sözü çəkirdin.
Ölkə olduq sən arzuna çatanda,
Bir əlin od, bir əlin su olurdu.
Millət rahat xumarlanıb yatanda,
Yuxun bir an quş yuxusu olurdu.
Yurdumuzda şan-şöhrətli hər nə var
Yatmadığn günlər, aylar, illərdi;
Ziyarətə gəlir səni bu yollar…
Göz yaşımız məzarında güllərdi.
Sənin rəmzin Azərbaycan bayrağı,
Baş qoymağa, can verməyə hazırıq.
Dan ulduzum – yurdumuzun mayakı,
Şer də bir təsəllidir, yazırıq.
Adın-sanın yenilməz bir ordudu,
İndi odlar diyarının özüsən…
Azərbaycan Heydərlərin yurdudu,
Gələcəyə baxanların gözüsən.
2️⃣ Heydər atamız | Zəminə Bayramova
Azərbaycan adını,
Azərbaycan xalqını,
Dünyaya tanıtdıran,
Heydər atamız oldu.
Sinəndə köz də yansa,
Dilində söz də yansa,
Qarşında kim dayansa,
Yaşa, ey odlar yurdu.
Tanrı sənə yetirib,
Heydər kimi bir oğlu.
Keşiyində dayanıb
Basılmaz, igid ordu.
Damarında türk qanı
Axan Heydər özüdür.
Bütün türk dünyasında,
Atatürklə özüdür.
3️⃣ Ulu öndər | Rafiq Yusifoğlu.
Heykəlinə baxıram
Rəhbər xəyala dalıb.
Çiçəklənən ölkəmiz
Ondan yadigar qalıb.
Səsini dinləyəndə
Güc gəlib qolumuza.
Zəkası günəş kimi
Nur səpib yolumuza.
Doğma Azərbaycanı
Gülüstana döndərib.
Hamımızın qəlbində
Heykəli var öndərin.
4️⃣ Heydər ata, Heydər baba! | N.Laçınov.
Xalqımızın fəxri, şanı,
Xatırlayım hansı anı.
Dolanmısan bu dünyanı,
Heydər ata, Heydər baba.
Vətənimi azad edən,
El qədrini daim bilən.
Torpağını qəlbən sevən
Heydər ata, Heydər baba!
Həm ümmansan, həm də Günəş,
Sübh çağının dan ulduzu.
Qəlbimizdə ən müqəddəs
Heydər ata, Heydər baba!
İlham təki oğlun vardır,
Ömür yolun bir bahardır,
Xalqın hər an bəxtiyardır,
Heydər ata, Heydər baba
Keçsə aylar, keçsə illər
Ürəklərdə qalacaqsan.
Arzuların çiçək açıb,
Yaşayacaq Azərbaycan!
Heydər ata, Heydər baba!
5️⃣ Ulu bir sərkərdə, ulu bir öndər | Qabil Ədalət
Gəlişinlə qurtulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə, ulu bir öndər.
Ucaltdı hər yerdə bayrağımızı,
Yazdı tarixlərə ad- sanımızı.
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə, ulu bir öndər.
Hara baxırsansa nişanələri,
Özündən sonrakı abidələri.
Bizləri tərk etmir xatirələri
Ulu bir sərkərdə, ulu bir öndər.
Heydər adı dastanlara çevrildi,
Onun qüdrətini yer üzü bildi.
Allah onu yurdumuza yetirdi,
Ulu bir sərkərdə,ulu bir öndər.
Zəhmətiylə dirçəltdi yurdunu,
Gücləndirdi yenilməyən ordunu.
Ödəyibdir min rəhbərin borcunu,
Ulu bir sərkədə,ulu bir öndər
Bu idi məqsədi vətən ucalsın,
Oğulları düşmənləri dağlasın.
Analar gözünü sevinc ağlatsın,
Ulu bir sərkərdə, ulu bir öndər.
Əlindən gələni xalqına etdi,
Ağ günə çıxarıb dünyadan getdi.
Qomadı desinlər yolunuz bitdi,
Ulu bir sərkərdə, ulu bir öndər.
Özündən sonra bir davamçı qoydu,
Onunda bu yolu heydər yoludu.
Haqqa qovuşsada xalqın düşünər,
Ulu bir sərkərdə, ulu bir öndər.
6️⃣ Ümummilli lider Heydər Əliyevin 90 illiyinə | ELŞAD BARAT
Bilirəm ki, dünənimiz bu günün keçmişi deyil,
Hər dövürdə bir şəxsiyyət tarixin vərdişi deyil,
Bir ölkəni xilas etmək bir insanın işi deyil,
Allah səni öz nurundan yaratmışdı Heydər baba.
Gəlişilnə yoxa çıxdı mərmi yağış, balta külək,
Gedişində ağlayırdı yerdə insan, göydə mələk,
Hələ yanan ocaqların istiliyi varsa, demək,
Allah səni öz nurundan yaratmışdı Heydər baba.
Heydər dedim coşdu qələm, cənnət-məkan oldu sinəm,
Heydər dedim susdu bulud, güldü günəş, doldu sinəm,
Heydər adlı zirvələrə-haqqa gedən yoldu sinəm,
Allah səni öz nurundan yaratmışdı Heydər baba.
Bu torpağı, bu milləti canından da çox sevirdin,
Ayağını basan yerdə-daş üstündə gül bitirdin,
Özün getdin, öz xalqına özün kimi oğul verdin,
Allah səni öz nurundan yaratmışdı Heydər baba.
Yer topunun sir boxçası rəngsiz, donsuz göylərdədir,
Xeyir-duan üstümüzdə, ruhun sonsuz göylərdədir,
Göydən gəldin, göyə döndün, yerin onsuz göylərdədir,
Allah səni öz nurundan yaratmışdı Heydər baba.
7️⃣ Dədə Heydər – Atatürk | Xəlil Rza Ulutürk ( Heyder Eliyeve aid seir )
Azadlıq allahı tək əyləşib öz yerində,
Yerin-göyün nuru var peyğəmbər gözlərində.
Sadəliyi nur saçır, əzəməti dərində.
Gedir, polad çiynində Kəpəz, Qoşqar boyda yük.
Dədə Heydər – Atatürk.
Dərin mavi gözləri sakit yanan od-ocaq,
Alovunda satqınlar yanacaq, kül olacaq.
Qaranlıqda işıqdır – o işığa yol açaq.
Məsləki varlığından böyükdür, min qat böyük.
Böyüklük heykəlidir Dədə Heydər – Atatürk!
Dörd tərəf qar-qiyamət, sərt qış… o, güllü yazdır,
Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.
Ərzurumdan Xəzərə şığıyan Xan Arazdır.
Dalğasında dönüklər ağ köpükdür, boz köpük,
Dalğalanır nəhr tək Dədə Heydər – Atatürk.
Azərbaycan, Türkiyə… Daş qala – qoşa səngər,
Bütün qasırğalara birləşməklə sinə gər.
Bu birlik qarşısında düşmən tük salacaq, tük…
Qucur iki sahili Dədə Heydər – Atatürk.
Bunları da bəyənə bilərsiniz:
- Heyder baba dagi haqqinda melumat
- Dovlet remzleri haqqinda melumat
- Qarabaga Aid Seir
12 Dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür!
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Heydər əliyevin anım gününə aid ssenari
YAP Ağdaş rayon təşkilatında 12 dekabr – Ulu öndərimiz Heydər Əliyevin anım gününə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf perspektivləri” adlı onlayn formatında elmi konfrans keçirilib.
Unikal.org xəbər verir ki, Videokonfransı Azərbaycan Respublikası Milli Məclisinın deputatı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov açdı. Ulu öndərmizin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.
Cavid Osmanov bildirdi ki, 2 gün sonra ulu öndərimiz Heydər Əliyevin anım günüdür. On yeddi il bundan əvvəl Vətən öz böyük oğlunu itirmişdir. Ancaq bu on yeddi ilin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili olmuşdur. Çünki bu illərdə Heydər Əliyev siyasəti davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir.
Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur, onun banisidir. Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Ona görə biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirik.
1993-cü ildə Azərbaycan xalqı böyük müdriklik göstərmiş, ölkəmiz, xalqımız üçün ən ağır anlarda Heydər Əliyevə müraciət etmiş, onu hakimiyyətə dəvət etmişdir. Çünki Heydər Əliyevin 1970-1980-ci illərdə gördüyü işlər xalqın yaddaşında yaşayırdı. Azərbaycan 1970-ci ilə qədər sovet məkanında ən geridə qalmış respublika idi. Heydər Əliyevin fəaliyyəti nəticəsində 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. Eyni zamanda, xalqımız üçün ən ağır anlarda Heydər Əliyev daim xalqın yanında idi. 20 Yanvar faciəsi zamanı da o, öz haqq səsini ucaltmışdır. O vaxt Sovet İttifaqının süqutuna hələ iki il vaxt qalmışdı. Ancaq Heydər Əliyev öz cəsarətli səsini ucaltmış, sovet rəhbərliyinin bu cinayətini pisləmiş, onu qınamış, Kommunist Partiyasından imtina edərək onun sıralarını tərk etmiş və əsl liderlik keyfiyyətləri nümayiş etdirmişdir. Məhz Heydər Əliyevin qərarı ilə Azərbaycanın milli bayrağı – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı kimi elan edilib.
İctimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyevin bütün dövrlərdə əsl lider, əsl öndər olduğunu deyən Cavid Osmanov qed etdi ki, məhz buna görə də 1993-cü ildə – xalqımızın ən ağır anlarında xalq ona üz tutmuş, hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, ciddi islahatlara start verilmişdi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilmiş, ölkə daxilində aparılan islahatlar ölkəmizin inkişafını təmin etmişdir. Azərbaycan dövləti çox dərin milli köklər, milli dəyərlər üzərində qurulmuşdur. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Məhz o illərdə aparılan siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Ondan sonrakı dövrdə də Heydər Əliyev siyasəti davam etdirilmişdir. 2003-2020-ci illərdə Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi tarixdə qalmışdır. Bu inkişafın təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Ulu Öndərin siyasətinə sadiq qalan ölkə başçımız onun siyasətini yaşatmış, zənginləşdirmiş və Azərbaycanı inamla irəliyə aparmışdır.
Ulu öndərimizin ən böyük arzularından biri də Qarabağın işğaldan azad olunması idi. Bu arzunu da ölkə Prezidentimiz reallaşdırdı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi nəticəsində Azərbaycanın qalibiyyəti təmin olundu, müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq zəfərlər, şanlı qələbələr tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. Bu gün isə öz haqqı uğrunda əvvəldən axıra kimi ləyaqətlə, inamla mübarizə aparan, bu müharibədən qalib çıxan Azərbaycan artıq böyük Zəfərini hərbi keçidlə qeyd etdi. Bu hərbi parad rəşadətli Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya növbəti nümayişi kimi tarixə düşəcəkdir. Rəşadətli Ordumuz 44 gün ərzində düşmən ordusunu diz çökdürdü, ermənilərin çoxlu sayda texnikasını, artilleriya sistemini, hava hücumundan müdafiə sistemini məhv etdi. Döyüş əməliyyatları zamanı düşməndən götürülən çoxlu sayda qənimətlər – tanklar, piyadaların döyüş maşınları, minaatanları dünyaya nümayiş etdirildi. Dostumuz da, düşmənimiz də bu 44 gün ərzində Azərbaycanın igid əsgərlərinin əzmlə qazandıqları bu fəxarətli zəfərlərinin qürurla qeyd etməsinin şahidi oldu. Ölkə Prezidentimiz cənab İlham Əliyev yenilməz Sərkərdə, Azərbaycan tarixində itirilmiş torpaqlarımızı qaytaran Prezident kimi tarixə düşdü. Bu Zəfər Paradı yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişidir.
On yeddi il bundan əvvəl cənab İlham Əliyev Azərbaycan xalqına söz vermişdi ki, əgər ona etimad göstərilərsə, o Heydər Əliyevin siyasətinə sadiq qalacaq, bu yoldan dönməyəcəkdir. Ötən 17 il ərzində verilən bütün sözlər həyatda öz əksini tapmışdır. 17 il ərzində Heydər Əliyev siyasəti yaşadı və daha da inkişaf etdi.
Konfransda çıxış edən rayon təşkilatının Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva və Şura üzvü Azad Gözəlov bildirdilər ki, Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Biz irəliyə gedirik, inkişafa doğru gedirik, bundan sonra da Azərbaycan Heydər Əliyev siyasəti ilə idarə ediləcəkdir. Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız Azərbaycan xalqının xoşbəxt gələcəyini bundan sonra da təmin edəcəkdir.
Comments are closed, but trackbacks and pingbacks are open.