Press "Enter" to skip to content

Heydər əliyevin xarici siyasəti

Keçən əsrin 90-cı illərinin əvvəllərində dünya miqyasında baş verən gərgin, dinamik və sürətli geosiyasi proseslər Azərbaycana da təsir etdi. Lakin təəssüf ki, həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yarıtmaz siyasəti ucbatından Azərbaycan geosiyasi baxımdan təcrid olunmuş siyasi həyat yaşayırdı. Yerli siyasi qrupların məhdud maraqları bütün digər faktorları kölgədə qoymuşdu. Bəzi dairələr Ermənistan vasitəsilə 1993-cü ilin əvvəlində Qarabağda işğal əməliyyatlarını genişləndirir, Azərbaycanın içərilərinə doğru ekspansiya siyasətinə əl atırdılar.

Ulu öndər Heydər Əliyevin xarıci sıyasət kursu və Azərbaycanın diplomatik uğurları

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, təcrübəli dövlət xadimi, ulu öndər Heydər Əliyevlə bağlı olub. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilib. XX əsrin 70-80-ci illəri Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarixi zaman kəsiyidir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bir sıra çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirib. Onun Azərbaycana rəhbərliyi dövründə bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılıb. Bu nailiyyətlər o vaxt hakimiyyətdə olan Ümummilli Liderin rəhbərliyi və prinsipiallığı nəticəsində mümkün olub.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Heydər Əliyevin xarıci sıyasət kursu və Azərbaycanın diplomatik uğurları” adlı məqaləsini təqdim edir.

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Dağlıq Qarabağda başlayan erməni separatizmi, eləcə də hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olunmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi.

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyevin bu yeniləşmiş xarici siyasət xəttində, ilk növbədə, bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu.

Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq, xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq, respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni xarici siyasət xətti üçün hər şeydən əvvəl müharibə dayandırılmalı və dinc şərait təmin edilməli idi. Bu məqsədlə 1994-cü ilin mayında Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaradılması yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.

Müstəqilliyini bərpa etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil edib.

Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindən biridir.

Ümummilli lider Heylər Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan 1994-cü il mayın 4-də Prezident Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ ilə dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı. Bu, öz növbəsində, NATO-nun hərbi strukturları ilə Azərbaycan Ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahələrdə birgə hərəkət etmək imkanı verirdi. Bununla yanaşı, ölkəmizin bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün də əlverişli şərait yaratdı.

Avratlantik strukturlara inteqrasiya istiqamətində Azərbaycan çoxtərəfli Trans-Atlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirən Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir. Belə ki, ölkəmiz 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulan ilk dövlətlərdən olub və bu təşkilatın əksər qurumlarının işində fəal iştirak edərək NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnir.

Azərbaycanın NATO ilə əməkdaşlığı respublikamızın xarici siyasət strategiyasının bir neçə əsas amili baxımından qiymətləndirilməlidir. Birincisi, gənc Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İkincisi, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır və çoxtərəfli diplomatiya siyasəti yeridir. Üçüncüsü, Azərbaycanın müharibə vəziyyətində olması tələb edir ki, bütün vasitə və yollarla beynəlxalq aləmlə təmasda olsun və onu problemlərimizin həllinə daha çox cəlb etsin. Bu üç amil Azərbaycanın NATO proqramına qoşulmasında əsas rol oynayıb. Bu gün NATO ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, öz maraqlarını bilavasitə təmsil etməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən bu sahədə fəaliyyət müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanıb. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır.

Azərbaycanın Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar Ümummilli Liderin uzaqgörən, daxili və xarici siyasətinin və bu istiqamətdə məqsədyönlü fəaliyyətinin nəticəsi idi. Yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və dövlətimizin üçrəngli bayrağı ucaldılıb. Bu hadisəni ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək demişdi: “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.

Qazanılan bu uğurlarla yanaşı, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ümummilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində başlıca yer tutub. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü məsələlərini beynəlxalq aləmə çıxararaq regionda sülhün bərqərar olması üçün beynəlxalq təşkilatların təsirini artırmağa çalışıb. Prezident Heydər Əliyevin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərində, ATƏT-in zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda, Ermənistan prezidenti ilə danışıqlarda göstərdiyi səylər onun apardığı məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil edib. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində məhz Prezident Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. Daha sonra 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” barədə qərar qəbul olundu.

1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq yolunda böyük siyasi nailiyyət sayıla bilər. Zirvə toplantısı zamanı Ümummilli Liderin siyasi iradəsi və diplomatik fəaliyyəti sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivəsini müəyyənləşdirən xüsusi bir sənəd qəbul edildi. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilən bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin yekun sənədlərinə əlavə edildi.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutub. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 150-yə qədər görüş keçirib. Azərbaycan Prezidentinin bu dövrdə 80-dək ölkənin dövlət başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatların ən yüksək səviyyəli nümayəndələri ilə, ATƏT-in, NATO-nun, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, MDB-nin, GUAM-ın, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türkdilli Ölkələrin Dövlət Başçılarının zirvə görüşlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub.

Ümumiyyətlə, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikamız üçün həlledici illər olub. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib, Azərbaycan dünya birliyinə qovuşub.

Əsasını Ümummilli Liderin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə əxz edərək dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçib. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə girir.

Hazırda regionda və dünyada baş verən əsas iqtisadi siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkə daxilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəldib və bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaradıb.

Müasir dövrdə Azərbaycanın hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Belə ki, keçən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq sənədlərə imza atıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib.

Bu gün dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli dərəcədə artırıb. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına və dinamik şəkildə davam etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf edib. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Ona görə də bu gün dünyanı narahat edən, həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.

Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Artıq bu il 27 illiyini qeyd etdiyimiz müstəqil dövlətimiz bütün sahələr üzrə inkişafını davam etdirir, beynəlxalq aləmdə müqavilələrini daha da möhkəmləndirir, xarici siyasət sahəsindəki uğurlarını intensivləşdirir. Məhz bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dövlət başçısı İlham Əliyevin mövqeyi dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur.

Azərbaycan müasir dövrün hədə və təhdidlərinin əlaqələndirilmiş şəkildə qarşısının alınması, eləcə də aradan qaldırılması üçün beynəlxalq birliyin səylərini səfərbər etmək məqsədilə qlobal və regional təşkilatların işində fəal iştirak edir. Ölkəmiz sülhün və təhlükəsizliyin təmin olunmasında universal beynəlxalq təşkilat kimi BMT-nin mərkəzi rolunun daha da artırılması istiqamətində göstərilən səyləri dəstəkləməklə təşkilatın müxtəlif təsisatları və ixtisaslaşdırılmış qurumlarında təmsilçiliyini daha da artırıb.

Ümumiyyətlə, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüququn prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulmasının zəruriliyi bildirilir.

Dövlət başçısı İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha da artırıb.

Eyni zamanda, Prezident İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Prezident İlham Əliyev torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb.

Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, bu gün Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu xeyli yüksəldib, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurla davam etdirilməsi müstəqil dövlətimizin dünya birliyində mövqelərinin daha da yüksələcəyinə olan əminliyi artırır.

Heydər əliyevin xarici siyasəti

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.

E.Əhmədov qeyd edib ki, ölkəmizin əldə etdiyi bütün uğurlar Prezident İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb.

Keçən bir il ərzində qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün bunlara baxmayaraq, keçən bir il, xüsusilə 2018-ci il ölkəmiz üçün uğurlu olub, dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf edib, müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

Onu da qeyd etmək vacibdir ki, dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı sərəncamlar Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində də keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.

2003-cü ildən başlayaraq, o cümlədən son bir il ərzində xarici siyasət sahəsində böyük uğurlar əldə edilib. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb. Prezident İlham Əliyev tərəfindən təkcə 2018-ci ildə 16 xarici ölkəyə, o cümlədən Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana rəsmi və işgüzar səfərlər edilib. Eyni zamanda, 16 dövlətin, o cümlədən Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın prezidentləri, həmçinin Almaniyanın Federal Kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

Azərbaycan müsəlman aləmində çox böyük hörmət, nüfuz qazanıb. İslam həmrəyliyi ilə bağlı atılan addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin apardığı siyasət, yəni, həm ölkə daxilində, həm də xaricdə bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi tədbirlər İslam aləmində həmrəyliyi, əməkdaşlığı və İslam birliyini daha da möhkəmləndirir. Keçən il Naxçıvanın İslam Mədəniyyətinin paytaxtı seçilməsi heç də təsadüfi olmayıb.

Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi, dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər – VI Bakı Beynəlxalq Humanitar Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, VII Qlobal Bakı Forumu və s. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.

Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı genişlənib. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün Yekun Bəyannaməsində də Alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək və hörməti əksini tapıb. Onlar regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasının zəruriliyini bildiriblər.

2019-ci ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycanın BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etməsi ölkəmizin nüfuzunu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcək.

Bununla yanaşı, 2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə Toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir. Bu Konvensiya ölkəmizin maraqlarının təmin edilməsi baxımından böyük diplomatik və siyasi uğurudur.

Keçən dövr ərzində müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumuna, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə ev sahibliyi edib.

Bununla yanaşı, 2018-ci il aprelin 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında bir sıra mühüm sənədlərin imzalanması, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi iki dost və qardaş dövlətin münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir. Sentyabrın 15-də keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki qardaş dövlətin 100 il bundan əvvəl olduğu kimi, hər zaman bir-birinin yanında olmasını bir daha sübut etdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və Prezident İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb. Münaqişə həll olunmadan, yəni, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib.

Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək. Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.

Eyni zamanda, hərbi potensialımıza böyük diqqət göstərən Prezident İlham Əliyev bu sahədə böyük nailiyyətlər əldə etdiyimizi bildirərək qeyd edib ki, bizim ordumuzun döyüş qabiliyyəti artıb. Uğurlu Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib və bu əməliyyat nəticəsində 11 min hektar torpağa ordumuz nəzarət edir: “. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə – Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək”.

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.

Heydər Əliyevin xarici siyasət kursu: dünya sisteminin yenidən qurulması kontekstində

XX əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Müstəqillik və suverenlik anlayışları yeni məzmun çalarları kəsb etməyə başlamışdı. Hər bir ölkənin müstəqilliyi onun ətraf aləmlə qarşılıqlı münasibətlərinin xarakteri və məzmunu ilə sıx bağlı olurdu. Qlobal güclərin dünyanı bir-birindən “qarşılıqlı asılı olan” dövlətlər sistemi kimi qəbul etməsi bir tərəfdən əməkdaşlıq imkanlarını artırırdısa, digər tərəfdən bir sıra siyasi-ideoloji və geosiyasi modellərin ixracı üçün əsas hazırlayırdı. Bu səbəbdən müstəqilliyinə qovuşmuş dövlətlər xarici təsirlərlə daxili potensiallarını uyğunlaşdırmaq məcburiyyəti qarşısında qalmışdılar. Müstəqil dövlət quruculuğunun uğurlu olması üçün bunun mühüm əhəmiyyəti vardı. O cümlədən, daxili siyasətlə xarici siyasət bir-birini tamamlamalı idi. Azərbaycan 1993-cü ildən başlayaraq bu vəzifənin öhdəsindən gəlməyə başladı.

Ümumilikdə isə bu vəzifə milli, regional və qlobal maraqları uzlaşdıran inkişaf strategiyasının tərkib hissəsi idi. Təcrübə göstərdi ki, bu strategiya həm müstəqil demokratik dövlət quruculuğunu uğurla aparmağa, həm Cənubi Qafqazın aparıcı dövlətinə çevrilməyə, həm də regional lider olmağa imkan yaratdı. Bu prosesdə xarici siyasət kursunun xüsusi yer tutduğunu etiraf etmək gərəkdir.

Keçən əsrin 90-cı illərinin əvvəllərində dünya miqyasında baş verən gərgin, dinamik və sürətli geosiyasi proseslər Azərbaycana da təsir etdi. Lakin təəssüf ki, həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yarıtmaz siyasəti ucbatından Azərbaycan geosiyasi baxımdan təcrid olunmuş siyasi həyat yaşayırdı. Yerli siyasi qrupların məhdud maraqları bütün digər faktorları kölgədə qoymuşdu. Bəzi dairələr Ermənistan vasitəsilə 1993-cü ilin əvvəlində Qarabağda işğal əməliyyatlarını genişləndirir, Azərbaycanın içərilərinə doğru ekspansiya siyasətinə əl atırdılar.

1993-cü il iyunun 15-dən situasiya dəyişməyə başladı. Bu, Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edildiyi gün idi. Heydər Əliyev qarşısında duran vəzifələri həll etmək üçün yalnız siyasi-diplomatik üsula üstünlük verdi. Ən çətin anlarda belə, Heydər Əliyev danışıqlar, diplomatiya yolunu seçdi. Əvvəla, bununla o, cəmiyyətimizin fərqli cəhətlərini nəzərə alaraq gələcək düşmənçiliyin yaranmasına imkan vermədi, ikincisi, xarici düşmənlərin bundan yararlanmaq şansını əldə etməsinin qarşısını kəsdi, üçüncüsü, Azərbaycanın siyasi səhnəsində diplomatik fəaliyyət mədəniyyətinin yerini möhkəmləndirdi, dördüncüsü, növbəti nəsil siyasətçilərə nümunə oldu.

Heydər Əliyev bu kimi gedişlərlə faktiki olaraq xarici siyasətin də ümumi cizgilərini və əsas metodlarını yaratdı. O, daxili problemləri həll etmək üçün tətbiq etdiyi siyasi və diplomatik məharətə əsaslanan üsulları xarici siyasi fəaliyyətə proyeksiyaladı. İndi hər kəsin haqqında danışdığı “balanslaşmış xarici siyasət kursu”nun rüşeymləri o vaxtlarda formalaşdı.

Heydər Əliyev Azərbaycanın düşdüyü konkret geosiyasi və tarixi şəraiti nəzərə alaraq xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirməyə başladı. Əvvəlcə, nəzərə alındı ki, qlobal səviyyədə geosiyasi mühit Qərbin xeyrinə ciddi surətdə dəyişib. İkincisi, Rusiya ilə əlaqələri kəsmək çox təhlükəli və tarixi gerçəklik baxımından perspektivsizdir. Üçüncüsü, Türkiyə məlum səbəblərdən bölgədə strateji tərəfdaş olmalıdır. Dördüncüsü, İran böyük qonşumuz və ortaq tarixə malik olduğumuz cəmiyyət kimi xarici siyasətdə ciddi yer almalıdır. İranla əməkdaşlıq xətti seçilməlidir. Beşincisi, strateji istiqamət olaraq Qərbə inteqrasiya xətti götürülməlidir.

Heydər Əliyev bu konsepsiyanın fonunda Azərbaycanın regionda olan digər dövlətlərə yönəlik xarici siyasət kursunu müəyyənləşdirdi. Bununla da, balanslaşmış xarici siyasət dərin təhlil əsasında dəqiq hesablanmış siyasi proqnozlara uyğun olaraq qurulurdu. Bu siyasətin mərkəzində güclü Azərbaycan dövləti və demokratik cəmiyyət yaratmaq dururdu. Onun əsas vəzifələrindən biri ölkənin pozulmuş ərazi bütövlüyünü təmin etmək idi. Çünki ərazi bütövlüyü təmin edilməyən dövlətin tam mənada davamlı inkişaf etməsi mümkün deyildi. Hər an münaqişə amilindən yararlanıb, Azərbaycana istədiklərini qəbul etdirməyə cəhdlər edərlər. Bunu böyük güclər daha yaxşı bilirlər, elə bu məqsədlə də Azərbaycanın səylərinə baxmayaraq, keçən əsrin 90-cı illərinin ortalarından Dağlıq Qarabağ münaqişəsi donduruldu. Nə BMT-nin qətnamələri yerinə yetirildi, nə də Ermənistanı sözdə deyil, əməldə işğalçı elan edib, müvafiq addımlar atıldı.

Əksinə, təcrübə göstərdi ki, böyük güclər zaman-zaman Ermənistanın başına sığal çəkmək, ona silah satmaqla sürətlə inkişaf edən Azərbaycan üçün təhlükə mənbəyinin qaldığını nümayiş etdirdilər. 1993-1995-ci illərdə erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına çalışmaq əvəzinə, Bakıda dövlət çevrilişi planları hazırlayıb, ölkəni yenidən xaosa sürükləməyə cəhd edildi. Bu çevrilişlərin ssenariləri xaricdə hazırlanırdı. Görünür, hələ keçən əsrin 50-ci illərində Fridrix Avqust fon Hayekin dediyi “biz (avropalılar) etiraf etməliyik ki, çox səhvlər buraxmışıq və davranışımızı dəyişməliyik” tövsiyəsini nəzərə almayanlar az deyil. Bəziləri hələ də öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaq vərdişindən əl çəkmək istəmir. Hər bir halda, Azərbaycanın çətinliklərindən istifadə edib ona təzyiq göstərmək, sözəbaxan hakimiyyət formalaşdırmaq işi heç bir siyasi əxlaq normasına sığmır. Azərbaycanı əhatə edən böyük dövlətlərin, hətta min kilometrlərlə uzaqda olanların öz ambisiyaları vardı. Onlar bilirdilər ki, Azərbaycana nəzarət etmək bütövlükdə Cənubi Qafqaza nəzarət etmək demək idi.

Bunun səbəbi, Hafiz Paşayevin fikri ilə ifadə etsək, Azərbaycanın “G üçlüyü” (Geography, Geology, Geopolitics) ölkəsi olmasıdır. “3G” müasir tarixi şəraitdə ölkənin coğrafi yerinə, geoloji zənginliyinə və geosiyasi mövqeyinə uyğun olaraq çox əhəmiyyətli olduğunu ifadə edir. Bu xüsusiyyətlərinə görə Azərbaycan həmişə böyük dövlətlərin maraq mərkəzində olub. Bu fikir Heydər Əliyevin XXI əsrin və üçüncü minilliyin gəlişi ilə bağlı Azərbaycan xalqına etdiyi müraciətdə elmi-nəzəri-praktiki cəhətdən dəqiq əsaslandırılıb.

Azərbaycan müxtəlif sivilizasiyaların kəsişmə məkanı, fərqli dinlərin və mədəniyyətlərin yanaşı yaşadığı yer olub. Müasir tarixi mərhələdə enerji daşıyıcılarının əhəmiyyətini nəzərə alsaq, böyük dövlətlərin ölkəmizə olan maraqlarını tam təsəvvür edə bilərik. Məlumdur ki, enerji siyasəti XX əsrin ikinci yarısından dünya geosiyasətinin əsas prioritetlərindən biri və bəzən birincisi hesab olunur. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olması böyük dövlətlərin diqqətini çox çəkirdi. Lakin onların bir böyük səhvi vardı – onlar bu zənginlikdən yararlanmaq üçün onun sahibi olan Azərbaycanın müstəqilliyini, sərbəst qərar vermək, kiminlə istəsə, onunla əməkdaşlıq etmək haqqını tanımaq istəmirdilər.

Görünür, tarixdə baş verən bəzi hadisələr də onlarda müəyyən təsəvvür formalaşdırmışdı. Çünki 300 il əvvəl Azərbaycan parçalanandan sonra burada fəaliyyət göstərmək üçün Bakıdan heç nə soruşmurdular. Nə Nobel qardaşları, nə də onlardan sonra gələnlər neft çıxarmaq icazəsini Azərbaycandan almadılar. Bununla da, belə təəssürat yarana bilərdi ki, kim bacarırsa, bu ölkənin sərvətlərini talan edə bilər, razılıq almağa isə ehtiyac yoxdur. Geosiyasi müstəvidə cərəyan edən proseslərin ümumi istiqaməti isə burada vəziyyəti daha da mürəkkəbləşdirdi.

Məsələ, Z.Bjezinskinin qeyd etdiyi kimi, geosiyasi “qravitasiya mərkəzinin Qərbdən Şərqə meyillənməsi” prosesi ilə bağlı idi. Deyirlər ki, Hitlerdən ad günündə dünyanın xəritəsi olan tortun hansı hissəsindən pay istədiyini soruşanda Azərbaycanı göstəribmiş.

Bu gün Azərbaycan çox mühüm ölkədir. O, Cənubi Qafqazda həlledici geosiyasi oyunçudur. Azərbaycan həm də Şərqə və Mərkəzi Asiyaya açılan “geosiyasi pəncərə”dir. Cənubi Qafqazın başqa bir ölkəsinin coğrafi, geoloji və geosiyasi xarakteristikalarına görə bu funksiyanı yerinə yetirməsi imkanı yox dərəcəsindədir.

Bütün bunlar onu göstərir ki, qlobal səviyyədə gedən geosiyasi proseslərin ümumi məntiqi, postsovet məkanının geosiyasi xüsusiyyətləri, Cənubi Qafqazda yaranmış ümumi vəziyyət və Azərbaycanın öz daxili siyasi mühitinin ziddiyyətləri sistem halında ölkənin strateji seçimini xeyli çətinləşdirmişdi. Bu cür iyerarxik maraqlar sistemini nəzərə almadan ümumi inkişaf strategiyası və onun tərkib hissəsi olan xarici siyasət kursu seçilə bilməzdi.

Heydər Əliyev bu mürəkkəb vəziyyətdə xarici siyasətin qarşısında duran vəzifələri və onun prioritetlərini dəqiq müəyyənləşdirdi. Yığcam şəkildə həmin vəzifələr barədə ulu öndər 1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən andiçmə mərasimində danışmışdır. Ulu öndər bəyan edirdi: “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”. Bunun üçün önəmli vəzifə kimi ümummilli lider bərabərhüquqlu əlaqələr yaratmağı qarşıya qoyurdu. Bu tezisin geosiyasi mənası dərindir. Mərkəzə dövlətin müstəqilliyinin təmin edilməsi gətirilir. Bu o deməkdir ki, Azərbaycan bundan sonra müstəqilliyini qətiyyətlə qoruyacaq.

Azərbaycanın xarici siyasəti son məqsəddə güclü dövlətlə güclü cəmiyyət modellərinin harmoniyasını təmin etməkdən ibarətdir. Bu yolda bütün xarici tərəfdaşlarla balansı həmişə saxlamaq mümkün olmaya bilər. Müasir tarixi mərhələdə bu, əsas şərt deyil. Çünki geosiyasi və geoiqtisadi proseslər o dərəcədə sürətlə dəyişir ki, hər hansı statik durumun formalaşmasına ehtiyac yoxdur. Bu məntiqlə balans modeli də yeniləşməlidir. Burada əsas şərt əməkdaşlığa daim açıq olmaq və əlaqələr sistemini sivil qaydalar daxilində formalaşdırmaqdan ibarətdir. Həmin mənada balans dinamik, çevik və tarazlı münasibətlər sisteminin qurulması anlamına gəlir. Güclü dövlətlə güclü cəmiyyətin bir-birini tamamlaması məhz bu dinamizmdə öz təsdiqini tapır. Olduqca maraqlı, aktual və vacib bir müddəadır. Xarici siyasəti dövlət quruculuğu və cəmiyyətin inkişaf fəlsəfəsi ilə mükəmməl əlaqələndirməyin nümunəsidir. Qarşıya bu vəzifə qoyulursa, qətiyyətlə Azərbaycanın diplomatik xidmət sahəsini, diplomatiyanın metodlarını inkişaf etdirmək və onu daxili inkişafın tempinə uyğunlaşdırmaq lazım gəlirdi. Bunun üçün ilk növbədə, xarici siyasətin daha konkret səviyyədə vəzifələrini aydınlaşdırmaq lazım idi.

Bu vəzifələr içərisində ilk sırada Azərbaycanın müstəqilliyinə və suverenliyinə təminat almaq dururdu. Münaqişələr və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin (LİNKS) icraçı direktoru Dennis Sammut qeyd edir ki, 1990-cı illərin ortalarında xarici siyasətin iki əsas məqsədindən biri Azərbaycana suveren dövlət kimi təminatlar almaqdan ibarət idi. 1993-1995-ci illərdə Azərbaycanda baş verən siyasi hadisələrə nəzər yetirsək, bu vəzifənin nə qədər çətin olduğunu anlaya bilərik. O zaman daxildə qanunsuz hərbi qruplaşmalar xaricdən aldıqları dəstək sayəsində Azərbaycanın müstəqilliyinə və suverenliyinə ciddi ziyanlar vurmaq yolunu seçdilər. Bir-birinin ardınca dövlət çevrilişinə cəhdlər oldu. Bu hadisələrin arxasında Azərbaycanın “Əsrin müqaviləsi”ni imzalaması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə qərar verməsinin durduğu indi hər kəsə məlumdur. Həmin dövrü Azərbaycanın suverenliyi və müstəqilliyinin təmininin ən böhranlı mərhələsi adlandırmaq olar. Ölkəmiz müəyyən mənada “suverenlik və müstəqillik imtahanı verirdi”.

Bu məqamda Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı ilə böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı. Azərbaycanı yolundan döndərmək mümkün olmadı. Ölkə beynəlxalq aləmdən suverenliyinə və müstəqilliyinə təminat ala bildi və iki istiqamətdə strateji dividend əldə etdi. Birincisi, Qərblə strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandırdı. İkincisi, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq öz iqtisadiyyatının gələcək inkişafını təmin etmək imkanı qazandı. 1995-ci ilin martında növbəti dövlət çevrilişi cəhdinin qarşısı alınandan sonra Qərblə əməkdaşlıq sazişlərinin bağlanması yolları tam açıldı. 1995-1998-ci illərdə Heydər Əliyev Avropa İttifaqının böyük dövlətləri, o cümlədən Böyük Britaniya ilə (1997-ci il) strateji xarakterli sənədlər imzaladı. Həmin sənədlərdə iqtisadi əməkdaşlıq şərtləri Azərbaycanda siyasi islahatlar və demokratik təsisatların yaradılmasına yardım proqramları ilə yanaşı dururdu. Yəni ulu öndər peşəkar səviyyədə iqtisadi infrastrukturun yaradılmasını siyasi islahatlar proseslərinin dinamikası ilə uyğunlaşdırdı.

Məlumdur ki, həmin illərdə neft müqavilələri sahəsində danışıqlar prosesinə o zaman ARDNŞ-in birinci vitse-prezidenti olan İlham Əliyev rəhbərlik edirdi. Sonralar o günləri xatırlayan İlham Əliyev deyirdi, “. neft müqavilələrini imzalayarkən mən, ilk növbədə, geosiyasi məsələləri qaldırır, yalnız bu sahədə anlaşma əldə olunandan sonra texniki-iqtisadi problemlərin təhlilinə keçir, hər bir məsələni konkretləşdirməyə başlayırdım”. Azərbaycan rəhbərliyinin bu gedişləri yalnız taktiki xarakter daşımırdı. Bəlkə də həmin dövr üçün mühüm əhəmiyyəti olan maliyyə gəlirindən çox, gələcək üçün prinsipial məna kəsb edən tərəfdaş kimi etimad qazanmaq daha önəmli idi. Azərbaycan həmin illərdə peşəkar diplomatik və siyasi-iqtisadi gedişləri ilə etibarlı tərəfdaş imicini qazandı.

İndi Ermənistan siyasətçiləri və diasporu Azərbaycanın enerji siyasətinin Dağlıq Qarabağı ermənilərin əlindən almaqda olduğunu açıq deyirlər. Məsələn, Avropanın erməni assosiasiyaları forumunun rəhbəri Aşot Qriqoryan 2012-ci il mayın 22-də keçirdiyi mətbuat konfransında bu haqda birmənalı fikir söyləyib. O, təşvişlə deyir: “Təəssüf ki, Azərbaycanın neft faktoru getdikcə daha həlledici olur və bunun fonunda biz məhv olduğumuzu görürük. “. 1993-1995-ci illərdə atılan addımlar, formalaşdırılan xarici siyasət və diplomatik gedişlər bu günün uğurları naminə edilirdi.

Enerji faktorunu xarici siyasətin aktual məsələsinə çevirməklə Azərbaycan özünün təhlükəsizliyini regional və beynəlxalq təhlükəsizlik sistemi ilə sıx əlaqələndirirdi. Həmin bağlantını yaratmaq Azərbaycanın xarici siyasəti üçün olduqca əhəmiyyətli idi. Çünki torpaqlarının müəyyən hissəsi işğal edilmiş ölkənin ərazi bütövlüyünü təmin etmək şansı əldə etməsi üçün bütövlükdə dövlət kimi təhlükəsizliyinə təminat lazım idi. Bu təminatı real olaraq regional və beynəlxalq təhlükəsizlik sistemində Azərbaycanın yerini dəqiq müəyyənləşdirmək hesabına almaq mümkün idi. Burada konkret mexanizm çərçivəsində enerji faktorundan istifadə etmək əvvəlcədən düşünülmüş qərar idi. Çünki dünyanın bütün inkişaf etmiş ölkələrinin enerjiyə böyük ehtiyacı vardı və onu daha etibarlı yolla nəql etmək zərurəti keçən əsrin 90-cı illərində daha aydın dərk edilirdi. Azərbaycan enerji amilini xarici siyasətinin əsas elementlərindən birinə çevirməklə regional və qlobal səviyyədə cərəyan edən geosiyasi və geoiqtisadi proseslərin mahiyyətini dəqiq qiymətləndirdiyini sübuta yetirdi. Bu məqam indi də xarici siyasətdə güclü bir vasitə kimi öz pozitiv rolunu oynamaqdadır.

Yuxarıdakı mülahizələrdən görünür ki, Azərbaycan suverenliyini və təhlükəsizliyini təmin etmək üçün xarici siyasət vasitəsi ilə regional və qlobal səviyyədə uyğun siyasi mühit yaratmalı idi. Bu məqsəd geniş spektrli və şaxəli xarici siyasət yeritməyi qarşıya vəzifə kimi qoyurdu.

Xarici siyasətin vəzifələrini bir neçə qrupda birləşdirmək olar. Birinci qrupa Azərbaycanın beynəlxalq və regional təşkilatlarda təmsil olunmasını, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaratmasını, dövlətlərlə tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmasını aid etmək olar. İkinci qrupa ölkənin azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi üçün uyğun beynəlxalq şəraitin yaradılmasını, Azərbaycanın bütün beynəlxalq təşkilatlarda, o cümlədən iqtisadi yönümlü təşkilatlarda fəal iştirakının təmin edilməsini, xalqın mənafeyinə tabe edilmiş xarici iqtisadi siyasət yeridilməsini, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının təmin edilməsini aid edə bilərik. Nəhayət, üçüncü qrupa əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmiş beynəlxalq normaların həyata keçirilməsinə şərait yaradılması, regionda mehriban qonşuluq münasibətlərinə üstünlük verilməsi, Azərbaycana qarşı olan xarici təzyiqlərin qarşısını alan beynəlxalq himayənin və xarici ölkələrlə geniş informasiya mübadiləsinin mexanizmlərini formalaşdırmaq daxildir.

Göründüyü kimi, 1993-cü ilin ikinci yarısından Azərbaycan sistemli bir xarici siyasət kursu götürmüşdür. Onun tərkibində qlobal geosiyasi mühitin nəbzini tutan, beynəlxalq münasibətlər sistemində dövlətimiz üçün əlverişli şərait yaradan, ölkənin bütün regionlarda yerləşən dövlətlərə əməkdaşlığını təmin edən istiqamətlər var. Bununla yanaşı, həmin kursda bazar iqtisadiyyatına keçid qarşısında yaradılan əngəlləri aradan qaldırılmasını və insan haqlarına əməl olunmasını təmin edəcək prioritetlər yer alıb. Bu istiqamətlər sistem halında Azərbaycanda güclü dövlət və demokratik cəmiyyət quruculuğu prosesini uğurla başa çatdırmaq üçün lazım olan xarici və daxili şərait yaratmalıdır.

Bu vəzifələrin fövqündə ölkənin ərazi bütövlüyünün təmini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin xarici siyasətin başlıca vəzifəsi olması qətiyyətlə nümayiş etdirilir. Bu münaqişə aradan qaldırılmasa, qarşıda duran vəzifələrin tam həllinə təminat yoxdur. Faktiki olaraq, bu problemin həll edilməsi Azərbaycanın güclü müstəqil dövlət olaraq tarixi sınağıdır. Çünki ərazi bütövlüyü təmin edilməyən ölkənin davamlı və təminatlı inkişafı olduqca çətindir. Münaqişə qaldıqca dövlətin təhlükəsizliyinə təhdidlər də qalır. Bunlara görə, Azərbaycanın ərazi bütövlüyünün təmini hər üç qrupun hər bir bəndində öz ifadəsini tapır. Bütövlükdə, xarici siyasət kursu bu problemi özündə əks etdirir.

Bu gün Azərbaycanın xarici siyasət sahəsində ciddi uğurları göz qabağındadır. Keçən müddət ərzində xarici siyasət güclü dövlətin yaradılması işində üzərinə düşənləri yerinə yetirib. Dünyada geosiyasi situasiya sürətlə dəyişdiyindən xarici siyasətin arsenalında da yeniləşmələr baş verir. Artıq qeyd etdiyimiz kimi, XXI əsrin başlanğıcı risklərin və böhranların yaranması ehtimalının artması ilə xarakterizə olunur. Ümumiyyətlə, tarixə nəzər salsaq, ötən əsrlərin əvvəlləri də belə gərginliklərlə müşahidə olunub və müharibələr baş vermişdir. Buna uyğun olaraq, mümkün təhlükə və riskləri nəzərə alan çevik xarici siyasət strategiyasını daha da inkişaf etdirməyə ehtiyac yaranır. Azərbaycan Prezidenti İlham Əliyev məsələnin bu aspektinə daim ciddi diqqət yetirir və ölkəmizin son vaxtlar beynəlxalq miqyasda əldə etdiyi böyük uğurlar çevik xarici siyasət kursunun inkişaf etdiyini təsdiqləyir.

Beləliklə, sistemli surətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın xarici siyasətində yüksəliş başladı. Qısa müddətdə Heydər Əliyev bu prosesin dönməzliyini təmin etdi. Nəticədə, Azərbaycanın xarici siyasəti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə, regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurulması dinamikasına çevik reaksiya verən sistem kimi daxil oldu. Bu sistem daim özünü yeniləşdirir, meydana çıxan gözlənilməz situasiyalara konstruktiv reaksiya verir. Azərbaycanın xarici siyasəti müasir dövr üçün xarakterik olan risk və böhranları nəzərə alan mexanizmlər formalaşdırır. Həmin mexanizmlər böhranlı situasiyalarda müxtəlif variantlardan ölkənin maraqlarına cavab verən daha səmərəli olanı seçməyə əsaslanır. Xarici siyasətin çevikliyi Azərbaycanı keçən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəldib. Ölkənin xarici siyasəti regional lider strategiyasına istiqamətləndiyindən bu mövqenin daha da möhkəmləndiriləcəyinə şübhə yoxdur.

Xarici siyasətdə ayrıca istiqamət kimi beynəlxalq və regional təşkilatlarla sıx əlaqələr yaratmaq, onlarla əməkdaşlıq etmək götürülür. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, MDB, İƏT, ECO, QDİƏT, GUAM, NATO, Qoşulmama Hərəkatı və başqa təşkilatlarla hərtərəfli münasibətlərin qurulmasına böyük diqqət yetirilir. Bütövlükdə, qeyri-dövlət və qeyri-hökumət təşkilatlarının sosial-mədəni və siyasi həyatda rolunun artması tendensiyası gücləndiyindən xarici siyasətdə onların yeri və rolu daha da genişlənir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində aparılan aktiv diplomatik və ideoloji iş sayəsində Xocalı soyqırımı bir neçə dövlətin parlamentində müzakirə edildi. Azərbaycan diplomatiyası bu addımla 57 ölkə ilə münasibətlərinə yeni müsbət çalar gətirdi. Regional və qlobal miqyasda beynəlxalq təşkilatlarda aktiv diplomatik fəaliyyət qlobal geosiyasi mühitə sistemli şəkildə təsir etmək imkanı yaradır.

Azərbaycan MDB çərçivəsində də aktiv fəaliyyət göstərir. Ölkəmizin bu quruma daxil olması və orada aktiv iş aparması ilə Ermənistanın bir çox mənfur planlarının qarşısı alındı. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənədi qəbul edə bilməz. Ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmini üçün bunun nə dərəcədə əhəmiyyətli olduğunu anlamaq çətin deyil. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan faktorunu nəzərə alaraq veto qoya bilir. Xüsusilə, təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan verir. Yeritdiyi çevik siyasət sayəsində Azərbaycan həm MDB-yə daxil olan dövlətlərlə sıx əməkdaşlıq edir, həm də özünə qarşı ola biləcək təhlükəli qərarları neytrallaşdırır.

Gətirdiyimiz misallar istər-istəməz belə bir sual doğurur: beynəlxalq təşkilatlar çərçivəsində xarici siyasət daha çox uğur qazanmağa imkan verirsə, ikitərəfli əlaqələrin qurulmasının əhəmiyyəti azalmır ki? Etiraf edək ki, qloballaşan dünyada bir neçə dövlətin daxil olduğu qurumla əməkdaşlıq daha perspektivli görünür. Lakin bütün hallarda ikitərəfli münasibətləri diplomatiyanın heç bir formasının əvəz edə bilməyəcəyini proqnozlaşdırmaq olar. Hazırda xarici siyasətin əsas istiqamətləri sırasında ikitərəfli əlaqələr əhəmiyyətli mövqeyini saxlamaqdadır. Bu zaman qarşılıqlı anlaşma prinsipi əsas götürülür. Bu əsasda başqaları ilə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər qurmaq mümkün olur. Beynəlxalq təhlükəsizlik baxımından həmin prinsip əhəmiyyətlidir. Siyasi təhlükəsizliyin təmini bu prizmada aktual problem kimi qəbul edilir. Siyasi təhlükəsizlik dövlət quruculuğu məsələlərini müstəqil yerinə yetirmək üçün cəmiyyətin imkan və qabiliyyətlərini ifadə edir.

Belə şəraitdə dövlətin siyasi təhlükəsizliyi məsələsi çox sayda faktorun nəzərə alınmasını tələb edir. Həmin aspektdə xarici siyasətin siyasi təhlükəsizliklə beynəlxalq təhlükəsizliyin uyğunlaşdırılmasında çevik mexanizm kimi hədsiz əhəmiyyəti aydın görünür. Müstəqilliyini yaxın keçmişdə əldə etmiş dövlətlər üçün bu məsələ ikiqat vacibdir. Azərbaycan bütün bu şərtləri nəzərə alaraq xarici siyasətin əsas istiqamətlərini üç səviyyədə sistemləşdirmişdir. Birinci səviyyə Azərbaycanla coğrafi qonşu olan böyük dövlətləri əhatə edir. Burada konkret olaraq Rusiya, Türkiyə və İran nəzərdə tutulur. İkinci səviyyə Orta Asiya dövlətləri, Gürcüstan və Ermənistanla olan münasibətlərdən ibarətdir. Üçüncü səviyyə isə Avropa, ABŞ və Uzaq Şərq də daxil olmaqla Asiya və islam dövlətləri istiqamətində aparılan siyasətdən ibarətdir. Bunların fonunda dünyanın bütün dövlətləri ilə siyasi əlaqələr qurmaq xətti yeridilir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqaməti hər üç səviyyəni əhatə edir – buraya məhəlli və qlobal miqyaslı təşkilatlar daxildir.

Xarici siyasətin prioritetlərinin düzgün müəyyənləşdirilməsi milli dövlətçiliyin inkişaf etdirilməsinin mühüm şərtlərindəndir. Təhlillər göstərir ki, Azərbaycan yalnız 1993-cü ilin ikinci yarısından xarici siyasətini sistemli, düşünülmüş və ardıcıl olaraq aparmağa nail olmuşdur. Ulu öndər Heydər Əliyev mükəmməl xarici siyasət kursu hazırlamışdır. Müstəqilliyimizin 22 ili ərzində toplanan təcrübə sübut edir ki, ölkəmizin xarici siyasət kursu böhranlı situasiyalarda belə, kifayət qədər səmərəlidir.

Son vaxtlar Avrasiya məkanında inteqrasiya modellərindən tez-tez danışırlar. Rusiya və Türkiyənin bununla bağlı yanaşmaları var. Avrasiyada hansı inteqrasiya modelinin reallaşacağından asılı olmayaraq, bu məkanda ölkələr arasında əlaqələrin inkişafı bir zərurətdir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “Strateji dərinlik” kitabında yazır ki, Türkiyə Almaniya, Rusiya və ya Yaponiya kimi hərəkət etməlidir. Yəni, o, özünə yaxın olan regionlarda aktiv siyasət yeritməli, sonra dünya miqyasında söz sahibi olmaq imkanı qazanmalıdır. Bu şərtlər daxilində ərazi bütövlüyünün təmini çox əhəmiyyətlidir.

Xarici siyasəti dünya sisteminin yenidən qurulması prosesindən kənarda təsəvvür etmək mümkün deyil. Azərbaycan qlobal miqyasda gedən dəyişiklikləri öz üzərində hiss edir. Bu təsirlər regional səviyyədə özünü göstərən müxtəlif tendensiyalarla (siyasi, geosiyasi, iqtisadi, hərbi, ekoloji və mədəni xarakterli) uzlaşdırılmalıdır. Bu zaman əsas meyar xarici siyasətin prioritetləridir. Deyək ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş verən hadisələr regionda geosiyasi mənzərəyə ciddi təsir etdi. Azərbaycan bu hadisəyə ərazi bütövlüyünün təminini, münaqişələrin dinc yolla həllini və regional əməkdaşlığa yardım etmək zərurətini nəzərə alaraq reaksiya verdi. Bu, ölkəmizin Rusiya və Gürcüstanla əməkdaşlığına xələl gətirməyən bir mövqe idi. Eyni zamanda, Azərbaycan xarici siyasətinin prioritetlərini gözləyərək hərəkət etdi. Ona görə də, Prezident İlham Əliyevin həmin mərhələdə tutduğu mövqeyini beynəlxalq aləm yüksək qiymətləndirdi.

Azərbaycanın mürəkkəb bir regionda xarici siyasət sahəsində böyük uğurlar qazanması həqiqətən, zirvəyə yüksəliş deməkdir.

Bu yolda aşırımlardan inamla keçən, qarşıya çıxan maneələri qorxmadan dəf edən gənc müstəqil dövlət indi regionun lideridir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin xarici siyasətinin prioritetləri qətiyyət və inamla həyata keçirilir. Təcrübə göstərir ki, Azərbaycanın xarici siyasət kursu region səviyyəsində pozitiv geosiyasi dəyişiklikləri stimullaşdırır. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq yalnız əməkdaşlıq və inteqrasiya istiqamətində fəaliyyət göstərir. Dövlətimiz yeni beynəlxalq enerji layihələri, iqtisadi əməkdaşlıq proqramları və mədəniyyətlərarası dialoqa xidmət edən tədbirlər həyata keçirdikcə, bəzi qüvvələrin təxribatçı hərəkətləri artır. Cəbhə xəttində atəşkəsi pozurlar, bəzi media orqanlarında ölkəmizə qarşı qərəzli yazılar dərc edirlər, müxtəlif beynəlxalq dairələrdən təzyiqlər etməyə çalışırlar. Bütün bunlar mahiyyətcə sürətlə inkişaf edən Azərbaycana qısqanclığın nümayişidir. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan artıq keçən əsrin 90-cı illərinin ölkəsi deyil – o, güclü, sülhsevər və zəngindir! Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti olaraq bundan sonra da üzərinə düşən missiyanı yerinə yetirəcəkdir!

Məqaləni İsrail Prezidenti Şimon Peresin fikirləri ilə bitirmək istəyirəm. “Azərbaycan qeyri-adi ölkədir və olduğum digər ölkələrdən fərqlənir. Mən Azərbaycanda səfərdə olmuşam. Bu ölkə məndə xoş təəssüratlar yaradıb. Heydər Əliyev Fondunda oldum və həqiqətən, anladım ki, o, (Heydər Əliyev), gözəl insan olub, böyük istedada, qeyri-adi zəkaya malik olub. İlham Əliyevlə isə ingilis dilində danışırdıq. O, ingilis dilini mükəmməl bilir. Hər iki Əliyevlər belə qərar veriblər ki, Azərbaycan öz yolu ilə inkişaf etməlidir, taleyini, gələcəyini özü həll etməlidir. Bu gələcək üçbucaqlı daş üzərində dayanır: birincisi – ölkənin qədim mədəniyyətidir, ikincisi – zəngin yeraltı sərvətidir, üçüncü üçbucaqlı daş isə – elmin inkişafı, elmin yeni istiqamətlərinin inkişafıdır. Bu ölkə öz ənənələrini qoruyub saxlamaq istəyir və eləcə də müasir həyatın bir hissəsinə çevrilməyi arzulayır. Məncə, bu çox müdrikçəsinə həyata keçirilir. Əslində, bu gün bu və ya digər ölkənin nə coğrafi ölçüləri nə də əhalisinin sayı mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, dünya daim dəyişir. Mən Prezident Əliyevi çox yüksək dəyərləndirirəm. O, çox mədəni bir insandır: müstəqildir, liberaldır. O, qorxan insanlardan deyil. O, asanlıqla geri çəkilməz və o, Azərbaycanın böyük gələcəyinə ürəkdən inanır. Mənim kimi. Mən də bu ölkənin uğurlu gələcəyinə əminəm”.

Novruz MƏMMƏDOV – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü
“Azərbaycan”

Comments are closed, but trackbacks and pingbacks are open.