Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı
İttifaq öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, bu Nizamnaməyə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir.
AZƏRBAYCANDA HƏMKARLAR İTTİFAQLARININ YARANMASININ 100, HƏMKARLAR İTTİFAQLARI MƏRKƏZİ ORQANININ 85 İLLİYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 25-də Heydər Əliyev adına Sarayda Azərbaycanda həmkarlar ittifaqlarının yaranmasının100, Həmkarlar İttifaqları Mərkəzi Orqanının təsis edilməsinin 85 illiyinə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.
Yığıncaqdan əvvəl yubiley tədbirlərində iştirak etmək üçün Bakıya gəlmiş beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqları qurumlarının nümayəndə heyətləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə tər güllər düzmüşlər. Qonaqlar Şəhidlər xiyabanında qəhrəman Vətən övladlarının məzarları üzərinə gül qoymuş, xilaskar türk əsgərinin şərəfinə ucaldılmış abidə kompleksini ziyarət etmişlər.
Yığıncaq açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səslənmişdir. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan həmkarlar ittifaqlarının üzvlərinə dövlətimizin başçısı İlham Əliyevin təbrik məktubunu oxumuşdur (Məktub qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev çıxış edərək, təntənəli yığıncağın iştirakçılarını və xalqımızı Azərbaycanda həmkarlar ittifaqlarının yaranmasının 100 illiyi, Həmkarlar İttifaqları Mərkəzi Orqanının 85 illiyi münasibətilə təbrik etmiş, bu gün əslində bir təşkilatın deyil, bütövlükdə xalqımızın demokratik cəmiyyət uğrunda mübarizəsinin bir əsrlik yubileyinin qeyd olunduğunu vurğulamışdır.
Natiq bu kütləvi təşkilatın tarixinə ekskurs etmiş, keçmiş sovetlər birliyi məkanında ilk fəhlə həmrəyliyi hərəkatının məhz Bakıda yarandığını, ilk kollektiv müqavilənin isə bu gün respublikamızın fəxri sayılan neftçilər tərəfindən 1904-cü ildə imzalandığını, Bakıda ilk həmkarlar ittifaqı təşkilatını 1905-ci il oktyabrın 17-də konka işçilərinin yaratdığını, Qafqazdakı həmkarlar ittifaqları təşkilatlarının 75 faizinin Azərbaycanın paytaxtında cəmləndiyini, ittifaqın ilk mətbu orqanı “Qudok” qəzetini xatırlatmışdır.
Azərbaycanda həmkarlar ittifaqlarının real qüvvəyə çevrilməsi yolunda keçdiyi mərhələləri sadalayan sədr, hərəkatın bütün təcavüzlərə baxmayaraq, müstəqilliyini qoruyub saxlamaq, birləşmək, vahid yumruq halında çıxış etmək üçün atdığı addımları, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətdə olduğu dövrdə bolşeviklərin və menşeviklərin təsiri altına düşdüyünü, ötən əsrin iyirminci illərində həmkarlar ittifaqlarında rəhbər vəzifələrə partiya işçilərinin göndərildiyini yada salmışdır.
Səttar Mehbalıyev çıxışına davam edərək demişdir ki, biz 85 il əvvəl təşkil edilmiş mərkəzi orqanımızın ilk fəaliyyət illərini ürək ağrısı ilə xatırlayırıq. Elə yarandığı gündən onun struktur tərkibi milli ayrı-seçkilik zəminində formalaşdırılmışdı: azərbaycanlılar təşkilatın rəhbər vəzifələrinə imkan daxilində yaxın buraxılmırdılar. AK (b)P-nın göstərişi əsasında AHİŞ-in Rəyasət Heyətinə əksərən qeyri-azərbaycanlılar seçilmişdi. Onların arasında millətimizin cəmi iki təmsilçisi – V.Ağayev və Z.Dadaşov var idi. 1922-ci ildə həmkarlar ittifaqları aparatında çalışan 244 nəfərdən yalnız 31 nəfəri və ya 12,7 faizi azərbaycanlı idi. 1920-ci ildən 1928-ci ilədək olan dövrdə yalnız 2 il AHİŞ sədri azərbaycanlı olmuşdu. 1920-30-cu illərdə Azərbaycan həmkarlar ittifaqları daxilində aparılan milli ayrı-seçkilik siyasəti etirazlarla müşayiət olunurdu.
1929-cu ildə Azərbaycan həmkarlar ittifaqlarının sıralarında azərbaycanlıların sayının artırılmasını tələb edənlər sağ və sol təmayülçülərə qarşı mübarizə pərdəsi altında işdən kənarlaşdırıldılar.
Natiq, Azərbaycan həmkarlar ittifaqlarının milli kadrla möhkəmləndirilməsi istiqamətində atılan addımlardan, İkinci Dünya müharibəsi illərində təşkilatın fəallığından, müharibədən sonrakı bərpa illərində həll etdiyi vəzifələrdən, 1946-cı ildən başlayaraq hərəkatda təşkilatlanmanın böyük vüsət almasından, respublika komitələrinin sahələr üzrə formalaşmasından, 1948-ci il noyabrın 27-29-da Bakıda I respublika ittifaqlararası konfrans keçirilməsindən, həmkarlar ittifaqı mərkəzi aparatına, ilk təşkilatlara işçilərlə rəftar etməyi bacaran, onların qayğıları ilə yaşayan, əsil təşkilatçı insanlar cəlb edilməsindən söz açmış, Azərbaycanda həmkarlar ittifaqı hərəkatında, onun inkişafında mühüm əməyi və rolu olmuş sələflərimizi – Cavad bəy Məlik Yeqanovu, Q.Ağaverdiyevi, M.Ağasiyevi, M.Aydınbəyovu, Z.Dadaşovu, Q.Dadaşovu, T.Tahirovanı, K.Hüseynovu, Z.Hüseynovanı, L.Rəsulovanı və digərlərini minnətdarlıqla yada salmış, dünyasını dəyişənlərə Allahdan rəhmət diləmişdir.
1970-1980-ci illəri AHİK-in fəaliyyətinin ən səmərəli dövrü adlandıran Səttar Mehbalıyev, həmin illərdə həmkarlar ittifaqları təşkilatları üzvlərinin sayının sürətlə artdığının müşahidə edildiyini diqqətə çatdırmış və demişdir ki, 1980-ci ilin yanvar ayının statistik məlumatlarına görə, həmkarlar ittifaqları təşkilatlarının sıralarında 2 milyon 270 min üzv var idi. Bu, 1970-ci illə müqayisədə 871 min nəfər çoxdur.
1982-1987-ci illərdə say artımı ilə bərabər, qurum təşkilati cəhətdən möhkəmlənmiş, struktur baxımından təkmilləşdirilmişdir. Bu illərdə yeni 2 əyalət, 34 şəhər və rayon həmkarlar ittifaqları komitəsi, 2,5 min sex həmkarlar ittifaqı təşkilatı yaradılmışdır. Aqrar-sənaye kompleksi işçiləri və balıqçılıq təsərrüfatı işçiləri həmkarlar ittifaqları komitələri də həmin illərdə təşkil olunmuşdur. Komitə sədrlərinin böyük hissəsi ali təhsilli kadrlar idi. Lider seçilərkən bacarıqlı, kollektivdə hörmət qazanmış, təşkilatçılıq bacarığı olan işçilərə üstünlük verilirdi.
Konfederasiyanın sədri respublikamız müstəqillik qazandıqdan sonra həmkarlar ittifaqlarının fəaliyyətində dönüşün başlandığını vurğulamış və demişdir ki, ölkədə gedən iqtisadi, sosial və siyasi islahatlar qurumun və onun mərkəzi orqanlarında müasir tələblərə cavab verən struktur dəyişikliklərinin aparılmasının zəruriliyini ortaya qoydu. Ona görə də Azərbaycan Həmkarlar İttifaqları Şurası axırıncı qurultayında özünü buraxıb, bütün səlahiyyətləri yeni yaranmış quruma – Konfederasiyaya verdi. Konfederasiya yaradarkən başlıca məqsədimiz az bir vaxta dünya həmkarlar hərəkatının tərkib hissəsinə çevrilmək, idarə edilməsi mümkün olmayan həddə çatmış böyük bir mexanizmin mərkəzdə cəmləşmiş səlahiyyətlərini paylaşdırmaq, həmkarların hər bir strukturunun səlahiyyətlərini özünə qaytarmaq idi.
Natiq xüsusi qeyd etmişdir ki, konfederativ tipli həmkarlar ittifaqı təşkilatı yaradarkən başqa ölkələrin təcrübəsini olduğu kimi köçürməmişik. Bizim qəbul etdiyimiz struktur Yaxın Şərq və müəyyən mənada İsveçrə həmkarlar ittifaqlarının quruluşuna daha uyğundur. Hazırda, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da daxil olmaqla, Konfederasiyada 27 sahə təşkilatı birləşmişdir. Həmin sahələrdə üst-üstə ittifaq üzvlərin sayı 1,5 milyon nəfərə yaxındır.
Natiq sözünə davam edərək demişdir: Təəssüflər olsun ki, respublikamız müstəqillik qazandıqdan sonra hakimiyyətə gəlmiş səriştəsiz və naşı qüvvələr özlərinə məxsus idarəçilik prinsiplərini əsas tutaraq həmkarlar ittifaqlarını gözdən salmağa, mülkiyyətinə sahib çıxmağa, bir sözlə, onun ləğvinə ciddi səy göstərdilər. Respublika həmkarlar ittifaqlarının mübarizliyi və 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizdə həmkarlar ittifaqlarına ögey münasibəti yaxşılığa doğru əsaslı surətdə dəyişdi. İlk növbədə, həmkarlar ittifaqlarının cəmiyyətdəki statusunu müəyyənləşdirən “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu Qanunun işləməsi üçün digər qanunvericilik aktları da qəbul edildi. Həmkarlar ittifaqlarının tam sərbəst, müstəqil, heç bir dövlət strukturundan, yerli idarəetmə orqanlarından, işəgötürənlərdən və onların birliklərindən, siyasi partiyalardan və digər ictimai birliklərdən asılı olmayaraq, öz nizamnamələri çərçivəsində fəaliyyət göstərmələrinə şərait yaradıldı.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası özünün I və II qurultaylarında bütün ittifaq üzvlərinin istəklərini nəzərə alaraq respublika seçiciləri arasında ilk olaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan prezidentliyinə namizədliyini irəli sürdü. Həmkarlar İttifaqı təşkilatlarının çoxmilli üzvləri prezident seçkilərində də məhz ulu öndərimizin namizədliyini müdafiə etdilər. 2003-cü il prezident seçkilərində də həmkarlar ittifaqı təşkilatlarının üzvləri Heydər Əliyev kursunu, bu kursun ən layiqli davamçısı Prezidentimiz İlham Əliyevin namizədliyini dəstəklədilər.
Hazırda özündə 23 sahə, 3 həmkarlar ittifaqı komitəsini və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasını birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası istər ölkə miqyasında, istərsə də beynəlxalq aləmdə kifayət qədər nüfuza malik olan ictimai təşkilatdır.
Məlumdur ki, biz əhalinin sosial-iqtisadi maraqlarının təmin edilməsində, onların sağlamlıqlarının və əməyinin mühafizəsində, məişət problemlərinin, sosial təminatlarının müsbət həll olunmasında daha çox maraqlıyıq. Son 11 il ərzində baş vermiş ictimai-siyasi və sosial-iqtisadi dəyişikliklər dövlətimizin bu istiqamətdə böyük işlər gördüyünü təsdiq edir. Ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmış, bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar ölkədə sosial-iqtisadi tərəqqiyə geniş imkanlar açır. Prezident seçkilərindən keçən qısa dövr ərzində 300 mindən çox adam işlə təmin olunmuşdur. İşçilərin əmək haqları, müavinətlər artmış, bir sıra sosial proqramlar həyata keçirilmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları ölkə rəhbərliyinin son iki il müddətində həyata keçirdiyi tədbirlərin bilavasitə iştirakçısına çevrilmişdir. Biz fəaliyyətimizi Prezidentimizin işçilərin sosial hüquqlarının qorunması sahəsində irəli sürdüyü tələblər səviyyəsində qurmağa çalışırıq.
AHİK əhalinin məşğulluğunun yaxşılaşdırılmasına dair Proqram hazırlayıb Nazirlər Kabinetinə təqdim etmiş, ölkədə səmərəli məşğulluğun təmin edilməsi üzrə Dövlət Proqramına təkliflər vermişdir. Ölkəmizin Prezidentinin oktyabrın 26-da imzaladığı “Azərbaycan Respublikasının məşğulluğun strategiyası”nın təsdiq edilməsi haqqında” Fərman bizim də nailiyyətimizdir.
Qeyd etməliyəm ki, vətəndaşların sosial hüquqlarının qorunmasında xüsusi rol oynayan beynəlxalq konvensiya və tövsiyələrin Milli Məclis tərəfindən ratifikasiya edilməsinə nail olunmuşdur.
Bütün bunlar həmkarlar ittifaqları təşkilatlarına işçilərin pozulmuş əmək və sosial hüquqlarının bərpası uğrunda daha səmərəli mübarizə aparmağa imkan verib. Son dörd ildə işdən qanunsuz çıxarılmış 666 nəfər işə bərpa edilmişdir. Onlardan 240 nəfərinin əvvəlki iş yerinə qaytarılması həmkarlar ittifaqları təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilmiş məhkəmələrdən sonra mümkün olmuşdur. Axırıncı üç ildə vətəndaşlardan həmkarlar ittifaqları təşkilatlarına daxil olmuş 270 min 389 ərizə və şikayətin 264 min 155-i, 2004-cü ildə daxil olmuş 75 min 759 müraciətin isə 73 min 787-i müsbət həll olunmuşdur.
Ümumiyyətlə, Azərbaycan həmkarlar ittifaqları səlahiyyətləri çərçivəsində olan problemlərin həllində öz rolunu icra hakimiyyəti ilə sosial dialoqda görür. Məlumdur ki, həmkarlar ittifaqları təşkilatları əvvəllər yalnız Nazirlər Kabineti ilə Baş Kollektiv Saziş imzalayırdı. Artıq ikinci dəfədir belə bir sənəd üçtərəfli qaydada, yəni AHİK, Azərbaycan Respublikası Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanır. Həmkarlar ittifaqları təşkilatları üçtərəfli Baş Kollektiv Sazişə istinad edərək əmək kollektivlərinin hüquqlarının qorunması, kütləvi işsizliyin qarşısının alınması, müəssisələr müflisləşərkən işçilərin mənafelərinin müdafiəsi və s. vəzifələrin yerinə yetirilməsində qarşıya çıxan maneələri dəf edə bilirlər.
Konfederasiyanın sədri, qurumun beynəlxalq əlaqələrindən, kadr hazırlığından, həyata keçirilən tədbirlər barədə informasiyaların həmkarlar ittifaqlarının sıravi üzvlərinə, geniş ictimaiyyətə çatdırılması, Ermənistanın təcavüzkarlığı ilə bağlı xalqımızın üzləşdiyi problemin aradan qaldırılması istiqamətində, qaçqınlara və məcburi köçkünlərə, şəhid ailələrinə, təbii fəlakətdən zərər çəkmiş bölgələrə yardım göstərilməsi istiqamətində görülən işlərdən, hərbi hissələrə səfərlərdən, müxtəlif mövzularda keçirilmiş müsabiqələrdən danışmışdır. O, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda kurort şəbəkəsinin inkişafı üçün gördüyü əvəzsiz işlərdən geniş söz açmış, ulu öndərin təşəbbüsü ilə tikilmiş və ya açılmış müalicə-istirahət ocaqları barədə ətraflı söz açmışdır.
Natiq məlumat vermişdir ki, respublikamızda fəaliyyət göstərən bütün transmilli şirkətlərdə, birgə və özəl müəssisələrdə işçilərin sosial-iqtisadi hüquqlarının qorunması, həmin müəssisələrdə həmkarlar ittifaqı təşkilatının yaradılması üçün mövcud imkanlardan istifadə edilir. Bunun nəticəsidir ki, bu gün ölkədə 3.883 özəl, birgə və xarici müəssisədə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Təkcə 2004-ci ildə bu qəbildən olan 597 həmkarlar ittifaqı təşkilatının yaradılması qurumun nüfuzunun artdığından xəbər verir.
Səttar Mehbalıyev daha sonra demişdir: Bizim üçün bu əlamətdar gündə ən sevindirici məqam, ən qiymətli hadisə ölkəmizin Prezidenti İlham Əliyevin həmkarlar ittifaqı hərəkatının inkişafındakı xidmətlərinə görə 9 nəfərə “Tərəqqi” medalı, 20 nəfərə isə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verməsi, 2 qocaman üzvümüzə Prezident təqaüdü təyin etməsi olmuşdur. Bu, həmkarlar ittifaqlarının tarixində çox əlamətdar hadisədir. Həmin mükafatlar dövlətin və ölkəmizin Prezidentinin bütövlükdə həmkarlar ittifaqlarına olan qayğı və diqqətinin nümunəsidir.
Natiq çıxışının sonunda 6 noyabr parlament seçkiləri ilə əlaqədar mülahizələrini bölüşmüş, ölkəmizdə demokratiyanın təntənəsi naminə həyata keçirdiyi tədbirlərə görə ölkəmizin Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmiş və əmin etmişdir ki, çoxminlik həmkarlar ittifaqı ordusu həmişə onunladır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Tahir Budaqov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Ələkbər Məmmədov, Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası baş katibinin müavini xanım Mamounata Cisse, Ümumi Həmkarlar İttifaqları Konfederasiyası Baş katibinin müavini Albert Potapov, Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının prezidenti Mustafa Özbek təbrik nitqi söyləmişlər.
Yığıncağın ünvanına beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqları təşkilatlarından daxil olmuş təbrik teleqramları oxunmuşdur.
Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan Prezidentinin 25 oktyabr və 24 noyabr 2005-ci il tarixli Sərəncamlarına əsasən “Tərəqqi” medalı ilə təltif edilmiş həmkarlar ittifaqları fəallarına həmin medalları təqdim etmişdir.
Səttar Mehbalıyev məlumat vermişdir ki, Azərbaycan həmkarlar ittifaqlarının 100 illiyi münasibətilə 100 ədəd yubiley medalı hazırlanmışdır və onu alanlara hər ay minimum əmək haqqının 50 faizi qədər vəsait ödəniləcəkdir. Yığıncaq iştirakçıları 1 nömrəli medalın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verilməsi haqqında qərarı alqışlarla qarşıladılar.
Yubiley yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunmuşdur (Müraciət qəzetin bugünkü nömrəsində dərc edilir).
Yubiley yığıncağı Azərbaycan həmkarlar ittifaqları haqqında filmin nümayişi və incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar ittifaqı
Azərbaycanda həmkarlar təşkilatlarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Həmkarlar hərəkatı Avropadan Rusiyaya, oradan da Azərbaycana yayılmış, zaman-zaman həyatın bütün sahələrini əhatə etmişdir. Bu təşkilatlar təkcə işçilərin sosial, iqtisadi problemlərinin həlli ilə məşğul olmamış, eyni zamanda əsrin əvvəllərində ölkədə cərəyan edən siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilmiş, dövlət təşkilatları və sahibkarlar qarşısında siyasi tələblər də qaldırmışdır.
Çarizm dövründə daha çox gizlin fəaliyyət göstərən, təzyiqlərlə üzləşən həmkarlar təşkilatlarının fəaliyyəti yalnız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə açıq müstəviyə keçmiş, ölkədə bərqərar olan demokratiya şəraitində inkişaf edərək genişlənmişdir. Bu illərdə milli düşüncəli insanları bir araya gətirən həmkarlar təşkilatlarının formalaşması geniş vüsət almış, lakin Azərbaycanın Sovet imperiyasının əsarəti altına düşməsi bu təşkilatların möhkəmlənməsinə imkan verməmişdir.
1920-ci ilin əvvəllərində Azərbaycanda 20-dən artıq həmkarlar təşkilatı fəaliyyət göstərmişdir ki, onlardan biri də məhz Təhsil İşçilərinin Həmkarlar təşkilatıdır. Bu təşkilat Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı adı altında 1920-ci ilin iyun ayında yaradılmış, işini Xalq Maarif Komissarlığı ilə əlaqəli şəkildə qurmuş, sosializmin təhsil siyasətinin yerlərdə icrasının təmin edilməsi prosesinin iştirakçısına çevrilmişdir.
Fəaliyyətinin ilk illərindən başlayaraq Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı bir sıra işlər görmüş, kurslar təşkil etmiş, bu sahədə çalışan insanların əmək hüquqlarının təmin olunması ilə bağlı təkliflərlə çıxış etmişdir. Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı xüsusən də əhalinin savadlanması ilə bağlı mühüm tədbirlər həyata keçirmişdir.
1921-ci ilin yanvarında Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar İttifaqı İncəsənət İşçiləri Həmkarlar İttifaqı ilə birləşərək Maarif və İncəsənət İşçiləri Həmkarlar İttifaqı adlandırılmış, həmçinin həmin ilin mayından mətbuat işçilərini də öz sıralarında birləşdirmişdir. 1922-1934-cü illərdə məktəb, uşaq bağçaları, uşaq evləri, elmi idarə, ali məktəb və siyasi maarif idarələri işçiləri də Maarif İşçiləri Həmkarlar İttifaqında bir araya gəlmişlər. 1934-cü ildə Maarif İşçiləri Həmkarlar İttifaqı bir neçə müstəqil ittifaqa çevrilmiş, təhsil işçilərinin həmkarlar təşkilatı funksiyasını Azərbaycan Maarif İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı və Ali və Orta İxtisas Məktəblərinin Həmkarlar İttifaqları yerinə yetirmişdir.
1948-ci ildə isə Kino-Foto İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər Müəssisə İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı ilə birləşdirilmişdir.
1957-ci ilin oktyabrında SSRİ-nin tərkibinə daxil olan əksər müttəfiq respublikaların maarif, ali məktəb və elmi idarə işçilərini birləşdirən Ümumittifaq Maarif, Ali məktəb və Elmi İdarə İşçilərinin Həmkarlar İttifaqı təsis olmuş, onun müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda Respublika Komitəsi yaradılmışdır. Azərbaycanın sovetlər birliyində təmsil olunduğu illərdə bu təsisat Maarif, Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.
Bu illərdə təhsil işçilərinin həmkarlar təşkilatları müstəqil fəaliyyət göstərə bilməsə də, mütəmadi olaraq təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, onların müalicə və istirahətlərinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görmüş, müəllim əməyinin qiymətləndirilməsi, əməyin iqtisadi baxımdan stimullaşdırılması, təhsil işçilərinin pensiya təminatı ilə bağlı təkliflərlə çıxış etmişdir.
Ötən əsrin 70-80-cı illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublikamızda həmkarlar ittifaqlarının fəaliyyəti üçün zəngin uğurlarla yaddaqalan olmuş, cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi bu sahənin inkişafı üçün də mühüm tədbirlər həyata keçirilmiş, həmkarlar ittifaqlarının fəaliyyətində demokratikləşmə meyllərinin əsası ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində, məhz o illərdə qoyulmuşdur.
80-ci illərin sonlarından etibarən bütün Sovet imperiyasında başlanan müstəqilləşmə prosesi digər ictimai təsisatlar kimi Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin həyatında da özünü göstərmişdir. Bu illərdə təşkilat proseslərə təsir imkanlarını itirmiş, təhsil işçilərinin problemlərinin həllinə yardım iqtidarı zəifləmiş, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının fəaliyyətində yaranmış böhran 1990-cı ilin sentyabr ayında təşkilatın I qurultayında ittifaqın yeni nizamnaməsinin təsdiq olunması ilə nəticələnmişdir. Yeni nizamnamədə həmkarlar ittifaqının dövlət orqanlarından asılı olmayan müstəqil ictimai təşkilat kimi fəaliyyət göstərəcəyi öz əksini tapmışdır.
Sonradan 1991-ci ilin 25 oktyabrında keçirilən IV plenumda nizamnaməyə bəzi dəyişikliklər olmuş, 1992-ci il iyunun 10-da isə təşkilat Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Həmin nizamnaməyə əsasən İttifaq «Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı» adlandırılmışdır.
Yeni nizamnamədə üzvlərin hüquq və azadlıqları, aşağıdan yuxarıyadək bütün həmkarlar ittifaqı orqanlarının seçkili olması, üzvlər qarşısında hesabatlılıq və s. kimi mütərəqqi müddəalar öz əksini tapmış, qurumun müstəqilliyi təmin edilmişdir. Bu illərdə təhsil işçilərinin hüquqlarının qorunması, sosial təminatının yaxşılaşdırılması, tələbələrin asudə vaxtının səmərəli təşkili, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir sıra işlər görülmüşdür.
Bütün bunlarla yanaşı 1990-93-cü illərdə Azərbaycanda yaşanan ağır siyasi böhran, başıpozuqluq, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunması Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin sanatoriya və istirahət mərkəzlərində, tələbə yataqxanalarında yerləşdirilməsi, inflyasiya və s. bu kimi problemlər Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının nizamnaməsində əksini tapan öhdəliklərin yerinə yetirilməsinə mane olmuşdur.
Bu acınacaqlı vəziyyətin dəyişməsi yalnız 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra mümkün oldu. Respublikada bütün infrastrukturun tamamilə dağıdıldığı, ölkədə hərc-mərcliyin, anarxiyanın hökm sürdüyü bir vaxtda xalqının köməyinə gələn Heydər Əliyevin yürütdüyü səmərəli siyasət nəticəsində qısa müddət ərzində irimiqyaslı layihələrin icrasına başlanıldı, xarici investorlar ölkəyə cəlb olundu, yeni-yeni müəssisələr fəaliyyətə başladı, minlərlə iş yerləri yaradıldı, Azərbaycanın iqtisadiyyatı yenidən quruldu.
Bu inkişaf, tərəqqi tezliklə həmkarlar ittifaqlarının fəaliyyətində də özünü göstərdi. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar təşkilatlarının fəaliyyətində demokratik prinsiplərin geniş tətbiqi həmkarlar təşkilatlarını işçilərlə rəhbərlik arasında yaranan ziddiyyətləri müəssisənin daxilində həll edə bilən özünüidarəetmə sisteminə çevirdi. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.
Ümummilli liderimiz həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində də misilsiz işlər gördü. Həmkarlar təşkilatlarının inkişafına təkan verən önəmli addımlardan biri 1994-cü ilin 24 fevralında “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun imzalanmasından ibarət oldu. Qanun digər peşə sahibləri kimi təhsil işçilərinə də heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququ verdi. Həmçinin həmkarlar ittifaqlarının dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmaması, onlar qarşısında hesabat verməməsi, həmkarlar təşkilatlarının müəssisələrin rəhbərliyindən asılılığının olmaması, qanunvericilikdə bu təsisatın işinə kənar müdaxilələrin yolverilməzliyi ilə bağlı müddəanın öz əksini tapması həmkarlar təşkilatlarının təhsil işçilərinin hüquqlarının qorunması istiqamətində sərbəst fəaliyyət göstərməsinə şərait yaratdı.
Qanunun qüvvəyə minməsindən sonra bu təsisat özünün davamlı inkişaf yoluna qədəm qoydu.
Hər il əmək haqlarının artırılması, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, həmkarlar təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar tezliklə öz bəhrəsini verdi, həmkarlar təşkilatları nüfuzlu bir quruma çevrildi.
1999-cu ildə ölkəmizdə aparılan təhsil islahatı ilə əlaqədar olaraq Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlandırıldı və təşkilat illər keçdikcə səmərəli fəaliyyəti ilə nüfuzunu qaldıraraq öz sıralarını genişləndirdi.
Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir.
İttifaqın fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq əsas prinsiplərdir. İttifaq öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən, müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.
İttifaq öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, bu Nizamnaməyə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir.
İttifaq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür, onun Nizamnaməsini tanıyır. İttifaq öz fəaliyyətində dövlət və təsərrüfat orqanlarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur.
İttifaqın hüquqi ünvanı: Bakı şəhəri, Gənclər meydanı, 3.
İttifaq 10 iyun 1992-ci il tarixdə 186 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
AHIK Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
AHİK-də “Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub Şəhid ailələri və qazilər hər zaman AHİK-in diqqətindədir AHİK daha 5900 ailəyə bayram sovqatı göndərib Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib Prezident tərəfindən təltif olunan həmkarlar ittifaqı fəallarına orden və medallar təqdim olunub
RƏSMİ XRONİKA
AHİK XƏBƏR
AHİK-in nümayəndəsi BMT-nin İqtisadi və Sosial Şurasının Qadınların Vəziyyəti üzrə Komissiyasının 67-ci sessiyasında iştirak.
AHIK Xəbərləri 16 Mart 2023
AHİK-də “Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub
16 Mart 2023
Şəhid ailələri və qazilər hər zaman AHİK-in.
15 Mart 2023
AHİK daha 5900 ailəyə bayram sovqatı göndərib
15 Mart 2023
FƏALİYYƏTİMİZ
ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ
SOSİAL TƏRƏFDAŞLIQ
GƏNCLƏR SİYASƏTİ
SOSİAL MEDİADA İZLƏ
37 Followers Follow
366 Subscribers Subscribe
ORQANLAR
ÜZV TƏŞKİLATLAR
TABEÇİLİK
QANUNVERİCİLİK
KEÇİDLƏR
FOTOQALEREYA
PENSİYA HESABLA
BİZƏ YAZIRLAR
BİZƏ YAZIRLAR
Ergün Atalay. Türkiye İşçi Sendikaları Konfederasyonu genel başkanı
Değerli Kardeşim, ülkemizde gerçekleşen ve hepimizi deriden etkileyen deprem felaketinedeniyle, yaptığınız nakdi ve ayni yardımlar, Azerbaycan ve Türkiye’nin ne derecegüçlü bir kardeşlik bağıyla birbirine bağlı olduğunu bir kez daha herkese göstermiştir.Temennileriniz ve desteğiniz nedeniyle şahsınız nezdinde, kardeş Azerbaycanhalkına ve Konfederasyonunuzun tüm üye sendikalarına, şahsım ve Türkiye İşçiSendikaları Konfederasyonu adına teşekkür ederim.
Mirzəbala Hüseynov
Hörmətli cənab Səttar Möhbalıyev! Sizin rəhbərliyiniz və yüksək təşkilatçılıq qabiliyyətiniz sayəsində mən “Günəşli” sanatoriyasında 8 dekabr 2022-ci ildən 22 dekabr 2022-ci ilədək müalicədə oldum. Sizin rəhbərliyiniz sayəsində çalışan gözəl insanlara xoşbəxtlik, cansağlığı və uzun ömür arzulayırıq. Xoş arzularla təqaüdçü müəllim Mirzəbala Hüseynov.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov
Hörmətli Səttar müəllim, Sizi və Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşlarını təşkilatın yaradılmasının 30 illiyi münasibəti ilə bütün şuşalılar adından səmimi qəlbdən təbrik edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində aparılan işlərdə göstərdiyiniz peşəkar və uğurlu fəaliyyət daima öz.
Comments are closed, but trackbacks and pingbacks are open.