Press "Enter" to skip to content

HƏMKARLAR İTTİFAQLARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏREDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

10. 10-cu maddədə:

Həmkarlar ittifaqları hansı işlərlə məşğul olur?

Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. İşçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Göstərilən məqsədlərə nail olmaq üçün ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var. İşləməyən pensiyaçıların və işsizlərin həmkarlar ittifaqında üzvlük qaydası həmkarlar ittifaqlarının nizamnamələri ilə tənzim edilir. Azərbaycan Respublikasında hərbi xidmətdə olan şəxslərə həmkarlar ittifaqlarında birləşməyə icazə verilmir.

Həmkarlar ittifaqları öz nizamnamələri ilə müəyyən olunmuş vəzifələri yerinə yetirmək məqsədilə könüllülük prinsipləri əsasında sahə, ərazi və başqa əlamətlər üzrə birliklər (şura, federasiya, konfederasiya) yaratmaq hüququna malikdirlər. Həmkarlar ittifaqları yerli, ərazi, respublika və ümumrespublika statusuna malik ola bilərlər.

Həmkarlar ittifaqı birliyi dövlət qeydiyyatından keçirildiyi vaxtdan hüquqi şəxs hesab olunur və hüquqi şəxs statusu əldə edir. Həmkarlar ittifaqı birliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatından keçirilir.

Həmkarlar ittifaqlarının müstəqilliyi

Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Həmkarlar ittifaqları müstəqil surətdə öz nizamnamələrini, fəaliyyət proqramlarını hazırlayır və təsdiq edir, strukturlarını müəyyənləşdirir, rəhbər orqanlarını seçir və geri çağırır, yığıncaqlar, konfranslar, plenumlar, məclislər, qurultaylar keçirir və fəaliyyət göstərirlər. Adından və təşkilati quruluşundan asılı olmayaraq bütün həmkarlar ittifaqları bərabər hüquqlara malikdirlər. Həmkarlar ittifaqları birliklərinin sədrləri və ya onların müavinləri eyni zamanda siyasi partiyaların rəhbər orqanlarında ola bilməzlər. Siyasi partiyaların rəhbər orqanlarına seçilən, yaxud təyin edilən həmkarlar ittifaqları təşkilatının sədrləri və ya onların müavinləri öz istəyi ilə bu iki fəaliyyətdən birini davam etdirə bilərlər.

Həmkarlar ittifaqlarında üzvlük, qanunla göstərilən hallar istisna olmaqla, vətəndaşların qanunvericiliklə təmin edilən əmək, sosial, iqtisadi, siyasi, şəxsi hüquqları və azadlıqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. İşçilərin işə qəbulunu, irəli çəkilməsini, habelə işdən azad edilməsini onların həmkarlar ittifaqları yaratmaq təşəbbüsləri, fəaliyyət göstərən həmkarlar ittifaqlarına daxil olmaları və ya oradan çıxmaları ilə şərtləndirmək qadağandır. Həmkarlar ittifaqlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.

HƏMKARLAR İTTİFAQLARININ ƏSAS HÜQUQLARI

Həmkarlar ittifaqlarının norma yaradıcılığında iştirakı

Həmkarlar ittifaqları əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilər. İşçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihələrinə həmkarlar ittifaqları respublika birliyinin rəyi müzakirə edilməklə baxılır. Həmkarlar ittifaqlarının respublika birlikləri işçilərin mənafelərini və həmkarlar ittifaqlarının hüquqlarını pozan qanunvericilik aktları, dövlət orqanlarının qərarları, sərəncamları barədə müvafiq qanunvericilik, icra və məhkəmə orqanlarına müraciət edə və şikayət verə bilərlər. Dövlət və yerli özünüidarəetmə orqanları işçilərin əmək, sosial, iqtisadi hüquqlarına və mənafelərinə aid olan normativ aktları müvafiq həmkarlar ittifaqlarına azı 15 gün qabaq məlumat verməklə qəbul edirlər. Qanunvericiliklə nəzərdə tutulan hallarda həmkarlar ittifaqları respublika birliyi əmək və sosial-iqtisadi məsələlər üzrə qanunvericiliyin tətbiq edilməsi qaydalarını nizama salan normativ aktların hazırlanmasında iştirak edir.

Əmək hüququnun qorunmasında həmkarlar ittifaqlarının hüquqları

Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində, nəzarətin həyata keçirilməsində iştirak edirlər.

İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.

Əmək və həmkarlar ittifaqları haqqında qanunvericiliyə əməl edilməsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar ittifaqlarının hüquqları

Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur. Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər. Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər. Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, firmaları və başqa orqanlar yarada bilərlər.

Əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının hüquqları

Həmkarlar ittifaqları “Əməyin mühafizəsi haqqında” qanununun və digər normativ aktların tələblərinə uyğun iş yerlərində işçilərin əməyinin mühafizəsini tənzim edən qanunvericiliyə, istehsal zədələri nəticəsində əmək xəsarətinə görə zərərin ödənilməsinə, əmək şəraiti, istehsal sanitariyası normalarına işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər.

Kollektiv müqavilələrin və sazişlərin bağlanması sahəsində həmkarlar ittifaqlarının hüquqları

Kollektiv müqavilələrin və sazişlərin bağlanması sahəsində həmkarlar ittifaqlarının hüquqları qanunvericiliklə müəyyən edilir. Kollektiv danışıqların aparılması və kollektiv müqavilələrin bağlanılması həmkarlar ittifaqı təşkilatlarının təklifinə əsasən həyata keçirilir. Həmkarlar ittifaqlarının birlikləri dövlət orqanları və digər təşkilatlarla öz səlahiyyətləri daxilində iqtisadı, sosial və mədəni inkişaf məsələləri üzrə kollektiv danışıqlar aparır və kollektiv sazişlər bağlayırlar. Dövlət orqanları və işəgötürənlər kollektiv müqavilələr və kollektiv sazişlər bağlamaq haqqında həmkarlar ittifaqlarının yazılı təklifini aldığı gündən on təqvim günü ərzində danışığa başlamalı və kollektiv danışıqların aparılması təşəbbüsü ilə çıxış edən tərəfə danışıqlarda onun tərəfindən iştirak edəcək nümayəndələr barədə məlumat təqdim etməklə cavab göndərməlidirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin və kollektiv sazişlərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində qanunvericiliyə uyğun olaraq nəzarət edirlər.

İşçilərin həyat səviyyəsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar ittifaqlarının hüquqları

Həmkarlar ittifaqlarının birlikləri səlahiyyətlərinə uyğun işçilərin sosial və iqtisadi müdafiəsi, həyat səviyyəsinin əsas meyarları, qiymət əmsallarının dəyişməsindən asılı olaraq kompensasiyaların məbləğlərinin müəyyən edilməsi üzrə plan və proqramların hazırlanmasında, qanunvericiliklə müəyyən edilmiş dolanacaq minimumunun gözlənilməsinə, qiymətlərin artımından asılı olaraq əmək haqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarət edilməsində iştirak edirlər.

Həmkarlar ittifaqlarının beynəlxalq əlaqələri

Həmkarlar ittifaqları nizamnamə məqsəd və vəzifələrinə müvafiq olaraq beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına daxil ola, qanunvericiliklə müəyyən olunmuş qaydada xarici iqtisadi fəaliyyətlə məşğul ola bilərlər.

Həmkarlar ittifaqlarının informasiya hüquqları

Həmkarlar ittifaqı təşkilatları nizamnamə vəzifələrini və hüquqlarını, qanunla nəzərdə tutulan səlahiyyətlərini həyata keçirmək, öz üzvlərini məlumatlandırmaq üçün kütləvi informasiya vasitələri və nəşriyyatlar təsis edə; mətbuat xidməti və sosioloji tədqiqat mərkəzləri yarada; dövlət və təsərrüfat orqanlarının vəzifəli şəxslərindən, işəgötürəndən dövlət, kommersiya və qanunla qorunan başqa sirr olmayan məlumatları tələb edə bilərlər. Dövlət və təsərrüfat orqanları, işəgötürən həmkarlar ittifaqlarını müvafiq məlumatlarla maneəsiz təmin etməyə borcludurlar.

Əmək mübahisələrinə baxılmasında həmkarlar ittifaqlarının hüquqları

Həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə baxılmasında iştirak edirlər. Əmək mübahisələrinin predmeti və həlli qaydası qanunvericiliklə müəyyən edilir.

Həmkarlar ittifaqlarının kütləvi tədbirlər keçirmək hüquqları

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq və nizamnamə məqsəd və vəzifələrini həyata keçirmək məqsədilə həmkarlar ittifaqları tətillər, mitinqlər, küçə yürüşləri, nümayişlər və başqa kütləvi tədbirlər təşkil edib keçirə bilərlər.

HƏMKARLAR İTTİFAQLARININ FƏALİYYƏTİNİN HÜQUQİ TƏMİNATI VƏ ƏMLAK VƏZİYYƏTİ

Dövlət və təsərrüfat orqanları, siyasi partiyalar və ictimai birliklər, işəgötürən və digər vəzifəli şəxslər həmkarlar ittifaqlarının hüquqlarını pozmamalı, onların fəaliyyətinə yardım göstərməlidirlər. Mülkiyyət formasından asılı olmayaraq işəgötürən həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür. Bu müddəaların pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. İşəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında qanunvericiliyə, kollektiv müqavilənin şərtlərinə, əmək və sosial məsələlər üzrə sazişlərə əməl edilməsini yoxlamaq və nizamnamə vəzifələri ilə bağlı məsələlərlə əlaqədar həmkarlar ittifaqı nümayəndələrinin həmkarlar ittifaqı üzvlərinin iş yerlərinə getməsinə mane olmaq qadağan edilir. İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqlarının qabaqcadan razılığının alınması əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

Əmək funksiyasının icrasından azad edilməyib həmkarlar ittifaqı orqanlarına seçilmiş işçilər üçün təminatlar

Həmkarlar ittifaqı orqanlarının öz əmək funksiyasının icrasından azad edilməyən üzvləri həmkarlar ittifaqlarının seçkili orqanlarında, təşkil etdiyi tədris kurslarında, seminarlarda iştirak etdiyi müddət üçün həmkarlar ittifaqının vəsaiti hesabına orta əmək haqqı məbləğində haqq ödəməklə işəgötürənin razılığı ilə istehsal işindən azad edilirlər. Həmkarlar ittifaqı ilk təşkilatlarının tərkibinə seçilmiş və öz əmək funksiyasının icrasından azad edilməmiş həmkarlar ittifaqı üzvlərinə həmkarlar ittifaqı fəaliyyətini həyata keçirmək üçün müddəti və şərtləri kollektiv müqavilələrdə (sazişlərdə) göstərilən asudə vaxt verilir.

Əmək funksiyasının icrasından azad edilib həmkarlar ittifaqı orqanına seçilmiş işçilər üçün təminatlar

Həmkarlar ittifaqı orqanlarında seçkili vəzifələrə seçildiyinə görə əmək funksiyasının icrasından azad edilmiş həmkarlar ittifaqı üzvlərinin seçkili səlahiyyətləri başa çatdıqdan sonra onlara əvvəlki işi (vəzifəsi) verilir, bu mümkün olmadıqda isə həmin müəssisədə və ya işçinin razılığı ilə başqa müəssisədə buna bərabər iş (vəzifə) verilir.

Müvafiq iş (vəzifə) vermək mümkün olmadıqda isə həmkarlar ittifaqı işçinin işə düzələcəyi dövr üçün, lakin altı aydan artıq olmayan müddətdə onun orta əmək haqqını saxlayır.

Müəssisədə əmək funksiyasının icrasından azad edilərək həmkarlar ittifaqına seçilmiş işçilərə həmin müəssisənin digər işçiləri üçün müəyyən edilmiş güzəştlər bərabər əsaslarla şamil olunur.

Həmkarlar ittifaqları ilk təşkilatlarının fəaliyyəti üçün maddi şəraitin yaradılmasında işəgötürənin vəzifələri

İşəgötürən həmkarlar ittifaqının fəaliyyəti üçün zəruri olan avadanlıqları və otaqları kollektiv müqavilədə göstərilən şərtlərlə həmkarlar ittifaqlarına verir.

Kollektiv müqavilə bağlanarkən qəbul edilən qərara müvafiq surətdə müəssisə özünün balansında olan, yaxud icarəyə götürdüyü binaları, otaqları, qurğuları və başqa obyektləri, habelə istirahətin təşkili, işçilərlə və onların ailələri ilə mədəni-maarif işi, bədən tərbiyəsi, sağlamlıq işi aparmaq üçün zəruri olan istirahət bazalarını, uşaq-gənclər və digər sağlamlıq düşərgələrini pulsuz olaraq həmkarlar ittifaqlarının istifadəsinə verə bilər.

Müəssisə həmkarlar ittifaqlarına kollektiv müqavilədə müəyyən edilən sosial, iqtisadi və mədəni tədbirlər üçün vəsait ayıra bilər.

Benefisiar.org

“HƏMKARLAR İTTİFAQLARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏREDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226, № 5, maddə 379; 2001-ci il, № 11, maddələr 676, 683; 2004-cü il, № 6, maddə 397; 2005-ci il, № 1, maddə 5, № 8, maddə 684) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. Preambulada “tövsiyələrinə” sözündən sonra “, Avropa Sosial Xartiyasına” sözləri əlavə edilsin.

2. 1-ci maddənin ikinci hissəsində:

2.1. üçüncü abzasda “sahələr üzrə həmkarlar ittifaqları” sözləri “sahələr üzrə respublika və ya ərazi həmkarlar ittifaqları” sözləri ilə, “təsis etdikləri həmkarlar ittifaqı” sözləri “təsis etdikləri respublika və ya ərazi həmkarlar ittifaqı” sözləri ilə əvəz edilsin;

2.2. dördüncü abzas çıxarılsın;

2.3. beşinci-səkkizinci abzaslar müvafiq olaraq dördüncü-yeddinci abzaslar hesab edilsin və dördüncü-altıncı abzaslar müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:

“işçi” dedikdə, əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlayaraq, əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür;

“işəgötürən” dedikdə, tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs başa düşülür;

“müəssisə” dedikdə, bu Qanunun məqsədləri üçün istənilən qurum, o cümlədən xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları başa düşülür;”.

3. 2-ci maddənin ikinci hissəsində “konvensiyalarında” sözlərindən sonra “, Avropa Sosial Xartiyasında” sözləri əlavə edilsin.

4. 3-cü maddənin beşinci hissəsi çıxarılsın, altıncı hissə beşinci hissə hesab edilsin və aşağıdakı redaksiyada verilsin:

“Həmkarlar ittifaqları öz nizamnamələri ilə müəyyən olunmuş vəzifələri yerinə yetirmək məqsədi ilə könüllülük prinsipləri əsasında sahə, ərazi və başqa əlamətlər üzrə birliklər (şura, federasiya, konfederasiya) yaratmaq hüququna malikdirlər.”.

5. Qanuna aşağıdakı məzmunda 3-1-ci maddə əlavə edilsin:

“Maddə 3-1. Həmkarlar ittifaqlarının statusu

Həmkarlar ittifaqları yerli, ərazi, respublika və ümumrespublika statusuna malik ola bilərlər.

Bir inzibati-ərazi vahidində (şəhər, rayon, kənd) sahə (peşə) əlaməti üzrə fəaliyyət göstərən müəssisələrin həmkarlar ittifaqlarının ilk təşkilatlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi yerli həmkarlar ittifaqı statusu daşıyır.

Bir inzibati-ərazi vahidində (şəhər, rayon, kənd) fəaliyyət göstərən yerli həmkarlar ittifaqlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi ərazi həmkarlar ittifaqı statusu daşıyır.

Sahə (peşə) və ayrı-ayrı sahələrdə fəaliyyət göstərən ilk, yerli və ərazi həmkarlar ittifaqlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi respublika həmkarlar ittifaqı statusu daşıyır.

Bu maddənin dördüncü hissəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının ərazisi üzrə yaradılan həmkarlar ittifaqı birliyi respublika həmkarlar ittifaqı statusu daşıyır.

Respublika statusu daşıyan həmkarlar ittifaqlarının yarıdan çoxunun birləşib təsis etdikləri həmkarlar ittifaqı birliyi ümumrespublika həmkarlar ittifaqı statusu daşıyır.”.

6.1. ikinci hissədə “təşkilatı” sözü “birliyi” sözü ilə, “hüquqları” sözü “statusu” sözü ilə əvəz edilsin;

6.2. üçüncü hissədə “təşkilatı” sözü “birliyi” sözü ilə əvəz edilsin.

7. 5-ci maddənin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır.”.

8.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 6. Həmkarlar ittifaqları birliklərinin sədrlərinin (sədr müavinlərinin) siyasi fəaliyyətlə məşğul olmalarına məhdudiyyətlər”;

8.2. birinci hissə çıxarılsın, ikinci hissə birinci hissə hesab edilsin.

9. 7-ci maddənin ikinci hissəsində “onların müəyyən həmkarlar ittifaqına mənsubiyyəti, oraya daxil olması və ya oradan çıxması” sözləri “onların həmkarlar ittifaqları yaratmaq təşəbbüsləri, fəaliyyət göstərən həmkarlar ittifaqlarına daxil olmaları və ya oradan çıxmaları” sözləri ilə əvəz edilsin.

10. 10-cu maddədə:

10.1. dördüncü hissədə “təsərrüfat” sözü “yerli özünüidarəetmə” sözləri ilə əvəz edilsin;

10.2. beşinci hissədə “iştirak edə bilər” sözləri “iştirak edir” sözləri ilə əvəz edilsin.

11. 11-ci maddənin ikinci hissəsində, 12-ci maddənin birinci və ikinci hissələrində, 13-cü maddədə, 17-ci maddənin birinci və ikinci hissələrində, 18-ci maddənin birinci hissəsində ismin müvafiq hallarında “müdiriyyət” sözü ismin müvafiq hallarında “işəgötürən” sözü ilə əvəz edilsin.

12. 14-cü maddəyə aşağıdakı məzmunda ikinci-beşinci hissələr əlavə edilsin:

“Kollektiv danışıqların aparılması və kollektiv müqavilələrin bağlanılması həmkarlar ittifaqı təşkilatlarının təklifinə əsasən həyata keçirilir.

Həmkarlar ittifaqlarının birlikləri dövlət orqanları və digər təşkilatlarla öz səlahiyyətləri daxilində iqtisadı, sosial və mədəni inkişaf məsələləri üzrə kollektiv danışıqlar aparır və kollektiv sazişlər bağlayırlar.

Dövlət orqanları və işəgötürənlər kollektiv müqavilələr və kollektiv sazişlər bağlamaq haqqında həmkarlar ittifaqlarının yazılı təklifini aldığı gündən on gün müddətində danışıqlara başlamağa borcludurlar.

Həmkarlar ittifaqları kollektiv müqavilələrin və kollektiv sazişlərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində qanunvericiliyə uyğun olaraq nəzarət edirlər.”.

13. 20-ci maddədə:

13.1. maddənin adında “Müdiriyyətin, dövlət” sözləri “Dövlət” sözü ilə əvəz edilsin;

13.2. birinci hissədə “müdiriyyət və” sözləri “işəgötürən və digər” sözləri ilə əvəz edilsin;

13.3. üçüncü hissədə “Müdiriyyət” sözü “İşəgötürən” sözü ilə əvəz edilsin;

13.4. maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqlarının qabaqcadan razılığının alınması Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir.”.

14. 21-ci maddədə:

14.1. maddənin adında, birinci və ikinci hissələrində “istehsal işindən” sözləri “əmək funksiyasının icrasından” sözləri ilə əvəz edilsin;

14.2. birinci hissədə “müdiriyyətin” sözü “işəgötürənin” sözü ilə əvəz edilsin, “seçkili orqanlarında” sözlərindən sonra “, təşkil etdiyi tədris kurslarında, seminarlarda” sözləri əlavə edilsin.

15. 22-ci maddədə:

15.1. maddənin adında “İstehsal işindən” sözləri “Əmək funksiyasının icrasından” sözləri ilə əvəz edilsin;

15.2. birinci hissədə “işdən” sözü “əmək funksiyasının icrasından” sözləri ilə əvəz edilsin;

15.3. maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Müəssisədə əmək funksiyasının icrasından azad edilərək, həmkarlar ittifaqına seçilmiş işçilərə həmin müəssisənin digər işçiləri üçün müəyyən edilmiş güzəştlər bərabər əsaslarla şamil olunur.”.

16. 23-cü maddənin adında “müdiriyyətin” sözü “işəgötürənin” sözü ilə, birinci hissəsində “Müəssisənin müdiriyyəti” sözləri “İşəgötürən” sözü ilə əvəz edilsin.

17. 24-cü maddənin ikinci hissəsindən “kollektiv” sözü çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2006-cı il.

“Həmkarlar ittifaqları haqqında” qanunda dəyişiklik edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1076-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1076-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.