Press "Enter" to skip to content

Хропанюк dövlət və hüquq nəzəriyyəsi

Mənəviyyatı qısaca ətrafdakıların şəxsin etdikləri hərəkətlərə münasibəti kimi təsvir edə bilərik. Bu halda şəxs hər hansı bir şəkildə davranarkən cəmiyyət tərəfindən veriləcək reaksiya, qiymət barəsində düşünür, və o, bütün cəmiyyət tərəfindən ümumi qəbul olunmuş qaydalar və normaları rəhbər tutur. Mənəvi başlanğıclar, əsasən, dini yazılarda öz əksini tapmışdılar (məsələn, “öldürmə”, “oöurlama” və s.).

Hüquqi dövlət və onun spesifik xüsusiyyətləri

Hüquqi dövlət – yalnız ciddi ədalət, azadlıq, bərabərlik və qardaşlıq ideyaları əsasında yaradılmış hüquq normalarını mənimsəmiş dövlət təşkilatı formasıdır ki, burada vətəndaşlar, dövlət orqanları və səlahiyyətli şəxslər ümumdövlət maraqlarının təmin edilməsi şərti ilə fərdin hüquq və azadlıqlarının reallaşması üçün fəaliyyət göstərir.

Hazırda sivil və demokratik dövlətlər hüquqi dövlət qurmağı öz qarşılarına bir məqsəd kimi qoyurlar.

Vətəndaş cəmiyyəti – fərdlərin qarşılıqlı əlaqələri çərçivəsində ehtiyaclarının təmin edilməsini, hər kəsin güzəranını, rifahını və mövcudluğunu reallaşdıra biləcəyi bir sahədir. Vətəndaş cəmiyyətində fərdlər tamın bir parçası olur və bu müstəvidə də ehtiyac və iradəsini gerçəkləşdirir.

Vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşdırılması siyasi, iqtisadi və hüquqi islahatların keçirilməsini, həmçinin dövlətin və cəmiyyətin hüquqi əsaslarını daim müasirləşdirməyi və hüquq sistemini keyfiyyətcə yeniləşdirməyi tələb edir.

Bu yazımızda hüquqi dövlət və onun səciyyəvi xarakterləri barədə danışacağıq.

Hüquqi dövləti analoji kateqoriyalardan fərqləndirən spesifik xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərin həyata keçirilmə səviyyəsi bu və digər dövlətin hüququn üstünlüyünə nə qədər sadiq qaldığının göstəricisidir.

İnsan hüquq və azadlıqlarının prioritetliyi

Hüquq dövləti vətəndaşların öz hüquq və azadlıqlarını reallaşdırmaq üçün qurulur və fəaliyyət göstərir. Hüququn üstünlüyü prioritet olan ölkələrdə hər hansı qanun, siyasi qərar və ya fəaliyyət proqramı qəbul olunarkən insan amili mühüm əhəmiyyət kəsb edir. Hüquqi dövlətin məqsədi cəmiyyətin, o cümlədən də onun bir parçası olan fərdin ehtiyaclarını bütünlüklə ödəməkdir. Bu cür dövlətlərdə dövlət aparatının fəaliyyəti iqtisadi cəhətdən hegemonluq edən sinfin və siyasi elitanın ehtiyaclarının ödənilməsinə deyil, insanın və vətəndaşın hüquq və azadlıqlarına istiqamətlənir.

İnsan azadlıqlarının həyata keçirilməsi gerçəkliyi

Adətən, dövlətlərin konstitusiyalarında insan hüquq və azadlıqlarına geniş yer verilir. Bu cür deklarativ xarakterli hüquqi sənədlərin mövcudluğu hələ ölkədə hüquqi dövlətin qurulduğunu demək deyil. Hüquqi dövlət olmaq üçün insan haqlarının real tətbiqini təmin etmək lazımdır. Məsələn, Azərbaycan Konstitusiyasının 12-ci maddəsində yazılır: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Əgər bu, yalnız kağız üzərində yazılmış deklarativ bir bəyanat olsa, dövlət bunun real həyatda tətbiqinə diqqət ayırmasaydı, bu maddənin tələblərinin sözsüz yerinə yetirilməsi üçün iradə nümayiş etdirməsə, onda hüquqi dövlətdən söhbət belə gedə bilməz. Hüquqi dövlətdə bütün hakimiyyət orqanlarının, bütün vəzifəli şəxslərin fəaliyyətləri insanların, cəmiyyətin, o cümlədən də bütünlükdə dövlətin həyatının yaxşılaşdırılmasına istiqamətlənir. Vətəndaşlar təkcə öz hüquqlarını öyrənməklə kifayətlənməməli, həm də həmin hüquqlardan lazımi anlarda istifadə etməlidir və dövlət ondan asılı olan hər şeyi yerinə yetirməlidir ki, bu imkanlar gerçəkləşdirilə bilsin.

Hüququn üstünlüyü

Əvvəllər hamının, ilk növbədə, dövlət orqanlarının qanun çərçivəsində fəaliyyət göstərməsi hüquqi dövlətin əsas kriteriyası sayılırdı. Məsələn, qədim yunan filosofu Platon yazırdı: “Mən qanunların işləmədiyi və ya onların kiminsə təsiri altında olan dövlətin ölümünü çox yaxında görürəm. Harada ki, qanun idarəçinin ağası, idarəçi isə onun quludur, orada Allahın dövlətlərə hədiyyə etdiyi qurtuluş və rifah var”. Amma zaman göstərdi ki, hətta qanunlara ciddi riayət eləyən dövlət belə, həmişə hüquqi ola bilmir. Məsələn, Faşist Almaniyası öz genosid planını qanunları əsas tutaraq həyata keçirmişdi. Amma həmin qanunlar özləri hüquqi deyildi. Deməli, qanuna əsaslanmaq hələ hüquqi dövlət olmaq demək deyil. Hər şeydən əvvəl qanun özü humanist olmalı, insan hüquq və azadlıqlarının reallaşdırılmasına xidmət etməlidir.

Dövlətin və vətəndalşın qarşılıqlı məsuliyyəti

Alman klassik hüquq fəlsəfəsinin banisi İmmanuil Kant qeyd edirdi ki, vətəndaşları qanunlar çərçivəsində davranmağa məcbur etmək üçün dövlətin əlində olan imkanlara vətəndaşlar da malik olmalıdır ki, hakimiyyəti qanunlara dəqiq əməl etməyə məcbur edə bilsin. Bu ad hüquqi dövlətdə mümkündür. Təbii ki, dövlət leqal güc tətbiq etmək imkanlarına sahib olan yeganə təşkilatdır və vətəndaşla münasibətdə bu məsələdə üstünlüyə sahibdir. Amma hüquqi dövlətdə bu fərq sanki aradan qalxır, daha doğrusu, minimuma enir. Çünki birincisi, vətəndaşlar yüksək vətəndaşlıq mövqeyinə keçərək müstəqilləşir. Bununla belə, güc tətbiqi qayda deyil, istisnadır. İkincisi, vətəndaşın dövlət orqanlarının qanunsuz işinə münasibətdə iddia irəli sürmək üçün real imkanı təmin olunur.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

protesthv

İnsan hüquqları: formalaşma və inkişaf tarixi

Posted: December 21, 2012 in Ümumi, Hüquq Nəzəriyyəsi, Maraqlı Məlumatlar

İnsan hüquqları… Yəqin ki, bu söz birləşməsi zəmanəmizin ən aktual və sıx rast gəlinənlərindən biridir. Bu məqalədə mən sizə insan hüquqlarının nəsilləri, onların müasir normativ əsasları, təmin olunma və müdafiə olunma səviyyəsi barədə danışacağam.

Mövzuya ən əsasından, təməldən başlayaq. İnsan hüquqları necə və nə zaman yaranıblar?

Bütün insan hüquqları üç “nəsilə” bölünür. Birinci nəsilə mülki (şəxsi) və siyasi hüquqlar aiddirlər. Onların sırasında biz azadlıq hüququ, vicdan və söz azadlığı, sübutsuz həbsdən və tutuqlanmaqdan azad olunma hüququ və bir sıra digər hüquqları sadalaya bilərik. Bu hüquqlar şəxsin azadlığı, dövlətin ayrı-ayrı insanların şəxsi həyat sahəsinə qarışmamazlığı, həmçinin hər kəsin ölkənin siyasi həyatında iştirak etmə hüquq və azadlıqlarının təmin olunması ideyaları ifadə edilir.

İkinci nəsilə iqtisadi, sosial və mədəni hüquqlar aiddirlər. XX əsrin birinci rübü və ortaları arasındakı dövrdə müxtəlif ölkələrin konstitusiyalarında bir sıra sosial-iqtisadı və sosial-mədəni hüquqların daxil edilməsi müşahidə edilir. Bu hüquqlara əmək hüququ, təhsil hüququ, elm və mədəniyyət nailiyyətlərindən azad şəkildə istifadə etmək və digər hüquqlar aiddirlər. Artıq 1919-cu ildə Veymar konstitusiyası əmək hüququ, qocalıq və xəstəliyə görə müavinət almaq hüququnu nəzərdə tuturdu. Beləliklə, insan hüquqlarının ikinci nəslinin əsası qoyuldu. Birinci və ikinci nəsil hüquqların əsas fərqi dövlətin onların həyata keçirilməsində iştirak dərəcəsində ifadə olunur. Birinci nəsil hüquqlar mənfi hüquqlar adlandırılır, çünkü vətəndaşların onları həyata keşirmə zamanı dövlətin maksimal dərəcədə bu prosesə qarışmamazlığı qeyd edilir. Amma ikinci nəsil hüquqları barədə tam əksini demək olar. Bu hüquqlar müsbət xarakter daşıyırlar. Yəni şəxsin öz sosial-iqtisadi və mədəni hüquqlarından istifadə etməsi üçün dövlətin aktiv iştirakı, onun əlverişli şəraitlər yaratması tələb olunur.

Üçüncü nəsil hüquqlara kollektiv hüquqları aid edirlər. Şəxs bu hüquqlarla öz xüsusi statusuna görə yox, cəmiyyətin bir üzvü olduğu üçün təmin olunur. Bu hüquqlar sırasında təhlükəsiz ətraf mühitdə yaşamaq hüququ, sülh hüququ, xalqən öz müqəddəratını təyin etmək hüququ kimi hüquqları sadalamaq olar.

Son zamanlar dördüncü nəsil hüquqların var olmasını qeyd edirlər. Belə hüquqların yaranmasını elmi-texniki tərəqqi, genetik mühəndisliyin inkişafı və digər amillərlə əlaqələndirirlər.

Müasir dövrdə insan hüquqları universal, ümumdünya səviyyəsində qeyd olunub və təmin edilirlər. Bunun sübutu olaraq insan hüquqları məsələsinə toxunan bir sıra beynəlxalq aktların qəbul olunmasını qeyd etmək olar. Onlar içərisində ən vacibi BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul olunmuş və elan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamədir. Bəyannamənin Preambulasında qeyd olunur ki, BMT BA İnsan hüquqları haqqında Ümumi Bəyannamə bütün xalqlar və bütün dövlətlərin yerinə yetirməyə can atmalı olduqları vazifə kimi bəyan edir. Bu Bəyyanamə hər kəsin ləyaqət və hüquqlarında azad olduqlarını (maddə 1); diskriminasiyanın heç bir formada yolverilməməzliyini (maddə 2); quldarlığın və qul ticarətinin qadağan edildiyini (maddə 4); şəxsin işgəncəyə, qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya qarşı çıxdığını (maddə 5); hər bir insanın mülki (şəxsi), siyasi, sosial, iqtisadi, mədəni, həmçinin kollektiv hüquqlarla təmin olunduğunu bəyan edir. Eyni zamanda Bəyannamə hər bir insanın cəmiyyət qarşısında daşıdığı bəzi öhdəliklər barədə də danışır. Bəyannamə həmçinin qeyd edir ki, şəxsin öz hüquq və azadlıqlarını həyata keçirilməsi BMT məqsəd və prinsiplərinə zidd olmamalıdır (maddə 29, 3-cü hissə).
İnsan hüquqları institunun inkişaf etməsində bir sonrakı addım BMT BA tərəfindən 16 dekabr 1966-cı ildə iki paktın qəbul olunması oldu: Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktİqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt. Bu paktların mətnlərində İnsan hüquqları haqqında ümumi Bəyannamənin müddəaları daha da detallaşdırılır və dəqiqləşdirilir, İnsan Hüquqlar Komitəsi təşkil edilir, onun funksiyaları sadalanır, həmçinin insanların hüquq və azadlıqlarını daha effektiv şəkildə təmin olunma və müdafiəsinə yönəlmiş bir sıra digər mütərəqqi müddəalar əks olunub.

İnsan hüquqları sahəsində universal aktlarla yanaşı, həmçinin bəzi regional aktlar da qəbul olunub. Misal olaraq 4 noyabr 1950-ci ildə qəbul olunmuş “İnsan hüquqlarını və əsas azadlıqıarının müdafiəsi haqqında” Avropa Konvensiyasının adını çəkmək olar.

Bütün sadalanmış aktlar insan hüquqları institunun həm beynəlxalq, həm də ayrı-ayrı dövlətlər səviyyəsində formalaşması və inkişaf etməsində böyük rol oynayırlar. Bu sənədlər dünyanın bir çox ölkələri tərəfindən qəbul olunub və təsdiq ediliblər, onların əsas müddəaları bu ölkələrin konstitusiya və digər qanunlarının bir sıra maddələrində öz əksini tapıblar. İnsanın hüquq və azadlıqıarını təmin etmək və müdafiə etmək müstıqil demokratik cəmiyyət qurmağa can atan bütün dövlətlər üşün ən əsas məqsəddir.

Müəllif: A. Çinarə

Qanunsuz tikililər

Tikili – dörd tərəfi metal, taxta və s. materialarla əhatə olan məkan anlayışıdır.
Məqalə bu anlayışı təkcə hüquqi aspekten baxmağa yönəlsədə, “tikili” tək hüquqi anlayış deyil. “Tikili ”ümumi anlayışdır və bunu nəzərə alsaq onu bir necə yöndən öyrənmək lazımdır.Əvvəlcə bu anlayışın tarixinə nəzər salaq.

İlk insan həyata tutunmaq üçün od, qidayla yanaşı müxtəlif tikililərdən də istifadə edirdi.Yalnız bu tikililər primitiv xarakter daşıyır və indidən fərqli olaraq təbiətdən (yarpaq, ağac, daş və s.) istifadə olunurdu. Zaman keçdikcə onlar bu materialların bir-birindən fərqləndiyini hiss etməyə başlamış, nə qədər möhkəm materiala sahib olsalar,o qədər təhlükəsiz şəraitdə yaşadıqlarını gormüş, və beləliklə zaman keçdikcə primitive tikililər formalaşmış, indiki dövründəki formaya sahib olmuşlar.

Əgər “mənimsəmə ” hissi insanın həyata tutunmağına köməklik göstərmişsədə, bu duyğu insanları zaman keçdikcə tərk etməmiş və bu ilimizə qədər gəlib cixmiş, bizləridə özü ilə birlikdə gətirmişdir. Amma bu duyğunun bütün hisslər kimi müsbət və mənfi tərəfləri mövcuddur.Məqaləmin əsasını təşkil edən anlayışın formalaşmasında mənfi tərəf çoxluq təşkil edir. Belə ki, bu hiss çoxaldıqca insanlar özlərinə aid olanından daha çoxunu istəmiş, buda ”qanunsuz tikili” anlayışına yol açmışdır.

Tikililər iki növə ayrılır:

❶Qanun çərçivəsindəki tikililər;
❷Qanunsuz tikililər.

Azerbaycan Respublikasının 12 noyabr 1995-ci ildə referendum vasitəsi ilə qəbul olumuş, 24 avqust 2002 və 18 mart 2009-cu ildə əlavə və dəyişikliklər edilmiş əsas qanunu sayılan – Konstitusiyasının 29.1 maddəsində (“Mülkiyyət huququ”) deyilir: “Hər kəsin mülkiyyət hüququ vardır.”,və müvafiq olaraq 43.1 və 43.2 maddələrində (“Mənzil hüququ”) deyilir: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.” Yuxarıda göstərilənlər hər bir vətəndaşın hüququdur. Lakin yaddan çıxarmaq lazım deyil ki, “Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.”(AR Konstitusiyasi maddə 24.2).

Yaşadığımız binanın istər pəncərəsindən, istər qapısıdan başımızı çıxarsaq və diqqətlə baxsaq bu növ tikililərin elə də az olmadığını görərik. Azərbaycan Respublikasının 1 sentyabr 2000 –ci ildə qüvvəyə minmiş Mülki Məcəlləsində 180 maddəsi “ Özbaşına tikinti və onun nəticələri”nə həsr olunmuşdur.

Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunda bu tikililərin mülkiyyət hüqunu çərçivəsinə alına bilməsi də nəzərə alınmışdır.Belə ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Amma əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.Bu isə Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən 24 –cü maddəsinin sübutu ola bilər.

Azərbaycanda da bu tikililərin sayı az deyil. Bunu nəzərə alan Bakı şəhəri İcra hakimiyyəti qanunsuz tikililərin leqallaşdırılması haqqında qanun layihəsi hazırlayıb.Hal- hazırda qanun layihəsi nəzərdən keçirilir. Beləliklə, yenidən qeyd etmək yerinə düşər ki, Azərbaycan Dövlətin ali məqsədi İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir.Bunun üçün bir sıra addımlar atılıb və atılmaqdadır.

Müəllif: Məmmədova Gülnar

Ölüm cəzası: lehinə yoxsa əlehinə?

Posted: December 21, 2012 in Ümumi, Cinayət Hüququ, Hüquq Nəzəriyyəsi, Maraqlı Məlumatlar

Hələ ən qədim zamanlardan ölüm cəzası ən geniş yayılmış və tez-tez tətbiq edilən cəzalardan biri idi. O həmçinin ətrafdakı digər insanlar üçün xəbərdarlıq üsulu kimi istifadə edilirdi və məhz buna görə açıq şəkildə yerinə yetirilrdi. Bu məqalədə mən bu sualla bağlı öz nöqteyi-nəzərimi bildirəcəm və bu cür cəzanın nə qədər ədalətli və məqbul hesab etdiyim barədə danışacağam.

Tarixə nəzər salsaq ölüm cəzasının XX əsrin 40-cı illərinə qədər əsas cəza növü olaraq qaldığını və digər növ cəzalardan daha sıx tədbiq edildiyini görərik. Amma İkinci Dünya Müharibəsindən sonra vəziyyətin getdikcə dəyişdiyini görürük. Sırayla bir çox ölkələrdə ölüm cəzası ya ləğv edilir, ya da ömürlük həbs və ya uzun müddətli azadlıqdan məhrum edilmə ilə əvəz olunurdu. Sadalanmış hadisələrin ən əsas səbəbi 10 dekabr 1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamənin və 16 dekabr 1966-cı il tarixli iki Beynəlxalq Paktların: mülki və siyasi hüquqlar haqqında və iqtisadi, sosial və mədəni hüquqlar haqqında qəbul edilməsi oldu.

Lakin o vaxtlardan və bu günlərədək bu sual ətrafında müxtəlif alimlər arasında bir şox diskussiyalar gedir. Ölüm cəzası ləğv edilməlidir yoxsa onun qüvvədə qalması daha məqsədəuyğundur? Şəxsən mən bu suala birmənalı cavab verməkdə zorlanıram. Bir tərəfdən ölüm cəzası mənə görə ən qəddar və qeyri-insani bir cəzadır. Belə baxsaq, bu da adam ödürmədi, lakin qanuni şəkildə. Bundan başqa məhkəmə tərcübəsi xeyli elə hallar bilir ki, insan ölüm cəzasına məhkum edilib və bu cəza yerinə yetirilib, amma sonra məlum olub ki, bu insan bu əməldə günahkar deyildi. Lakin olan olub, keçen keçib.

Amma elə hallar olur ki, insanı onun həyatdan məhrum edərək cəzalandırmaq yetərincə haqlı hesab oluna bilər. Məsələn, ardıcıl olaraq bir sıra qətllər törədən şəxslər və digər belə kategoriya cinayətkarlar barəsində bu cür cəza yeganə mümkün və ədalətlidir. Əks halda öz həyatın, yaxınlarının təhlükəsizliyi barədə heç narahat olmadan belə cinayətkarlarla eyni cəmiyyətdə yaşamaq necə mümkündü?

Ölüm cəzasının bütün müsbət və mənfi tərəflərini təhlil etdikdən sonra mən yenə də onun ləğv edilməsinin tərəfdarıyam, çünkü söhbət insan həyatları barədə gedir. Və bu həyatlar bir an içində məhəkəmənin tək bir qərarı ilə kəsilə bilər və bu qərarlar hər zaman haqlı olmaya da bilərlər.

Müasir dövrdə ölüm cəzası 130-dan çox ölkədə ləğv edilib. Azərbaycan Respublikasında ölüm cəzası 10 fevral 1998-ci ildə ləğv edilib. Ölüm cəzasının ləğv edilmədiyi ölkələrdə onun tədbiqi qəti şəkildə məhdudlaşdırılır və ömürlük həbs cəzası ilə əvəz olunur. Həm ölüm cəzası tədbiq edildikdə belə onun ən ağrısız yolla – ölümcül inyeksiya yolu ilə yerinə yetirilir.

Tədricən bütün dövlətlər bu növ cəzadan imtina etmə yoluna düşürlər. Və bu tendensiya kifayət qədər doğru və ağlabatandır.

Müəllif: Abdullayeva Çinarə

Vəsiyyət etmək azadlığı

Posted: December 21, 2012 in Ümumi, Hüquq Nəzəriyyəsi, Mülki Hüquq, Müraciətləriniz

“Bütün vəsiyyətimi arvadıma bir şərtlə edirəm: o yenidən ailə həyatı
qursun. Mən əmin olmaq istəyirəm ki,ən azı bir kişi mənim ölümümə ağlayacaq” Genrix Geyne

Vərəsəlik hüququ qədim institutlardan biridir.Mülkiyyət hüququnun yaranması cəmiyyət qarşısında bir sıra suallar qoydu- mülkiyyətçinin ölümündən sonra əmlakı kimə qalacaq, o əmlak kimə məxsusdur və s. Bundan əlavə, nikah və ailə münasibətlərinin inkişafı da bu məsələlərin həll olunmasına ehtiyac duyur.Vərəsəlik institutunun çox uzun və mürəkkəb tarixi vardır.Cəmiyyət seçim qarşısında qalmışdır:bir tərəfdən,mülkiyyəti ilə istədiyi kimi rəftar etmə azadlığı,digər tərəfdən, vəsiyyətçinin yaxın qohumlarının cəmiyyət tərəfindən qayğısı,məsəl üçün,özlərini təmin edə bilməyib, kiminsə himayəsi altında yaşayanları.İndiyə qədər dünyanın bütün hüquqi sistemləri iki fundamental prinsip birləşmələrinə əsaslanırlar: vəsiyyət etmək azadlığı və ailənin maraqlarının qorunması.

Vəsiyyət etmək azadlığı nədən ibarətdir?Vəsiyyət etmək azadlığı ilk öncə vətəndaş ölüm vəziyyətində olarkən mülkiyyəti ilə nə edəcəyinə qərar vermə hüququndan ibarətdir,yəni o vəsiyyət qoya da bilər, qoymaya da.Bu prinsipə əsasən vətəndaş hər bir insana vəsiyyət qoya bilər,hər hansı bir şəkildə payı müəyyən edə bilər, miras edən qanun üzrə varislərdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir,vəsayyitə qanunda müəyyən olunmuş başqa müddəaları əlavə edə bilər.Vəsiyyət etmək azadlığının bir məhdudiyyəti var – məcburi pay.Bu miras qoyanın ən yaxın qohumlarının,səhhətində problemləri olanların və himayəndəsində yaşlı biri olanlara kömək üçün tərtib edilmişdir.Vəsiyyət etmək azadlığı miras qoyanın istədiyi əmlakını vəsiyyət etmək azadlığından ibarətdir.Burda söhbət ancaq həmin anda vəsiyyətçiyə məxsus olan mülkdən yox,həm də gələcəkdə əldə oluna biləcək mülkdən gedir.Bu halda vəsiyyət anlayışı belə ola bilər:”Bütün əmlakımı nədən ibarət olursa olsun,harda olursa olsun,vəsiyyət edirəm…”.Vəsiyyətnamədə vəsiyyətçiyə məxsus olan mülkün yalnız bir hissəsidə miras qoyula bilər.Bu halda mirasın qalan hissəsi vəsiyyət olunmamış elan olunur və qanun üzrə miras edilir.Vəsiyyətlərin sayı bir neçə dənə ola bilər.Vəsiyyətçi bir vəsiyyət üzrə bütün mülkiyyətini miras qoya bilər və ya bir neçə vəsiyyət üzrə konkret mirası göstərməklə vəsiyyət edə bilər.

Vəsiyyətçi kiməsə vəsiyyətnamənin məzmununu,ləğvi və ya dəyişdirilməsi haqqda məlumat verməyə borclu deyil.Vəsiyyət etmək azadlığı ilk öncə varisləri müəyyən etməyə yönəlir. Bu vəsiyyətçinin ailə üzvləri, qohumları və digər şəxslər və müəssisələr,və ya hər hansı bir dövlət, Azərbaycan Respublikası,o cümlədən, bələdiyyələr, beynəlxalq təşkilatlar və s. ola bilər.

İkincisi, vəsiyyətçi istədiyi bir şəkildə varislərin payını müəyyən edə bilər.O,bütün mirasının və ya hissəsini birinə və ya bütün varislərə eyni payda vəsiyyət edə bilər,hər birinin payını müəyyən edə bilər,həmçinin mirası bir neçə nəfərə vəsiyyət edib paylarını göstərməyə bilər.

Üçüncüsü,vəsiyyətçi qanun üzrə varisləri mirasından məhrum edə bilər. Vərəsəlik hüququndan məhrum olunan şəxslər heç bir halda varisliyə cəlb oluna bilməz.Başqa bir hal-vəsiyyətnamədə qeyd olunmayan varis.O bir halda vərəsəliyə cəlb oluna bilər ki, digər varislər mirasdan imtina etsələr və ya ləyaqətsiz varis kimi tanınsalar.

Dördüncüsü,vəsiyyətçi öz vəsiyyətnaməsində varisləri yenidən müəyyən edə bilər.Başqa sözlə,o,vərəsəliyə təyin olunmuş şəxs ölərsə və ya vərəsəlikdən imtina edərsə,onu dəyişib başqa varis təyin edə bilər.

Ölümdən sonra mülkiyyətçiyə öz əmlakının hüquqi taleyinin müəyyən etməyə imkan verən vərəsəlik azadlığı getdikcə daha da çox vəsiyyətçinin ailəsinin xeyrinə məhdudlaşdırılır. Şəxsin ölümüylə onun əmlakının taleyi və, ümümiyyətlə, onun hüquqi münasibətləri (borclar, tələblər və s.) barədə bir sıra suallar yaranır. Müasir anlayışlara əsasən mərhumun ölümündən sonra onun əmlakı tərkib hissələrə bölünməyib, öz əvvəlki birliyini qoruyub, artıq məlum olan şəxslərə, yəni mirasçılara keçir. Məhz onlar mərhumun bütün hüquq munasibətlərinə daxil olub, onun əmlakının sahibi olur, kreditor və öhdəliklərində borclu qismində çıxış edirlər. Əmlakın bu şəkildə, yəni hüquq münasibətlərinin bütün məcmusunun arası kəsilməyən keçidini, biz vərəsəlik adlandırırıq.

Müəllif: Məmmədova Aygün

Hüquq və mənəviyyat

Posted: December 21, 2012 in Ümumi, Hüquq Nəzəriyyəsi, Maraqlı Məlumatlar

Hər hansı bir şəkildə davranarkən bir deyirik ki, “Mənim hüququm var…” və ya “Bu mənim hüququmdur” və s. Lakin tez-tezmi biz bu hərəkətlərin mənəvi tərəfi barədə düşünürük? Və, ümumiyyətlə, onun haqqında düşünmək lazımdırmı?

Hüquq və mənəviyyat…Hansını seçməli? Bu iki anlayışdan hansı biri digəri üzərində üstünlüyə malikdir? Amma hər şey sırayla. Əvvəlcə hər bir sözün mənasını dərk eləməkdən başlayaq.

Hüququn bir neçə mənası var, lakin bu kontekstdə o hər bir insana məxsus olan subyektiv hüquq kimi başa düşülür. Yəni şəxs müəyyən bir vəziyyətdə öz qənaəti nəticəsində davranır: o, hər hansı bir hərəkəti edə bilər yaxud da onları yerinə yetirməkdən imtina edə bilər.

Mənəviyyatı qısaca ətrafdakıların şəxsin etdikləri hərəkətlərə münasibəti kimi təsvir edə bilərik. Bu halda şəxs hər hansı bir şəkildə davranarkən cəmiyyət tərəfindən veriləcək reaksiya, qiymət barəsində düşünür, və o, bütün cəmiyyət tərəfindən ümumi qəbul olunmuş qaydalar və normaları rəhbər tutur. Mənəvi başlanğıclar, əsasən, dini yazılarda öz əksini tapmışdılar (məsələn, “öldürmə”, “oöurlama” və s.).

Çox vaxt hüquq və mənəviyyat üst-üstə düşürlər. Və əksər hallarda qanunsuz davranış həmçinin mənəviyyat normalarına da zidd olur. Yəni şəxs qanunu pozduqda bütün cəmiyyətə qarşı çıxır, ictimai əsayişi pozur, cəmiyyətin bütün üzvlərini təhlükəyə salır.

Amma elə məqamlar da olur ki, hər hansı bir hərəkət mənəviyyat qanunlarına zidd olduğu halda belə qanunsuz hesab edilmir. Hər kəsin rastlaşa biləcəyi və böyük bir ehtimalla rastlaşdığı sadə bir misal gətirəcəm: bir qayda olaraq, ictimai nəqliyyatda qocalara, qadınlara və uşaqlara yer verirlər. Lakin hərdən belə hal baş vermir. Bu vəziyyətdə şəxs seçim qarşısında qalır: hüquq yoxsa mənəviyyat? Hüquq deyir ki, öz yerini kiməsə vermək ya da verməmək şəxsin hüququdur, yəni bu məsələnin həlli onun öhdəliyinə buraxılır. Lakin mənəviyyat bu vəziyyətdə şəxsi öz yerini yuxarıda sadalanmış insanlara verməyə məcbur edir. Nəticə olaraq biz görürük ki, insan öz yerini digərinə vermədikdə, qanunu pozmasa da mənəviyyat normalarını pozmuş olur.

Sonda qeyd edək ki, hər bir insan öz davranışının əsası olaraq hüququ ya da mənəviyyəti seçməkdə azaddır. Amma bu o demək deyil ki, bu seçim bütün hallara aiddir. Dövlət qəbul etdiyi qanunlarla şəxsə bəzi hərəkətləri etməyi qadağan edir və bu normalara riayət etməməyə görə müəyyən cəzaları nəzərdə tutur. Çünkü dövlət ayrılıqda şəxsin, bütün cəmiyyətin və, təbii ki, bütün dövlətin maraqlarını qoruma altına alır. Beləliklə, o, hər bir kəsdə qorunma, təhlükəsizlik hissini yaradır. Sözsüz, ən ideal variant hüquq və mənəviyyətin birləşməsi hesab edilir, lakin bu hər zaman mümkün olmur. Lakin buna doğru getmək lazımdır.

Müəllif: Abdullayeva Çinarə

Hüquqa giriş

Posted: December 21, 2012 in Hüquq Nəzəriyyəsi

Hüquq kifayət qədər geniş və mürəkkəb sahədir, onu anlamaq, müxtəlif sahələrini öyrənmək üçün ilk növbədə ümumi hüquq nəzəriyyəsi ilə tanış olmaq lazımdır, çünkü məhz onun əsas termin və anlayışları ilə biz gələcəkdə tez-tez rastlaşacağıq.

Ümimi hüquq nəzəriyyəsində hüquq və dövlət paralel şəkildə öyrənilir. Təsadüf deyil ki, adətən bu kurs “Dövlət və hüquq nəzəriyyəsi” adlandırılır. Tarix boyu hüquq və dövlət bir-biri ilə sıx əlaqədə inkişaf edirdilər. Məhz hüquqidemokratik dövlətdə müxtəlif hüquq sahələri daha geniş şəkildə inkişaf edirlər, və həmçinin, insan və vətəndaşın əsas hüquq və azadlıqları hərtərəfli qəbul olunur, təmin edilir və qorunur. Elə buna görə də, biz hesab edirik ki, blogumuzda dövləti hüquqla yanaşı öyrənmək daha məqsədəuyğun olardı.

Dövlətin inkişafıyla, elmi-texniki tərrəqinin mükəmməlləşməsiylə, hüquqla idarə olunması tələb edən yeni sahələr və münasibətlər yaranır.

Hüquq ibtidai icma dövründən bizim günlərədək uzun bir inkişaf yolu keçib. Öz inkişafının hər mərhələsindən hüquq və onun strukturu daha da mürəkkəbləşir, tətbiq sahəsi genişlənir.

Hüquq, onun müasir anlayışında, Yeni dövrdə yaranıb. Məhz bu zaman ilk məcəlləşdirilmiş aktlar qəbul olunub. Onlara 1804-cü ildə dərc edilmiş Napoleon Bonapartın “Mülki Məcəlləsi”ni və 1896-cı ildə dərc olunmuş “Almaniya Mülki Məcəlləsi”ni aid etmək olar.

Müasir dovrdə belə aktlar bütün sahələrdə və bütün ölkələrdə qəbul olunublar.

Hüquq hər yerdə və hər şeydədir və bu prosses – hüququn yeni sahələrə daxil edilmə prossesi – dayanmır, əksinə, o daha da sürətlənir və mükəmməlləşir.

1. Hüququn anlayışı. Dövlət və hüququn qarşılıqlı əlaqəsi Hüquq normaları Hüququn mənbələri

Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Hüquq anlayışı haqqında məsələ mübahisəlidir. Hüquq elminin müxtəlif sahələrinin nümayəndələrinin hüquqa vaxtilə vermiş olduqları və hal-hazırda verdikləri müxtəlif təriflər mövcuddur.

Hüququn mahiyyəti ilə bağlı nəzəriyyələrdən biri olan təbii hüquq nəzəriyyəsi hesab edir ki, hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı vardır, o təbii olaraq mövcuddur, təbii hüquq, sanki müəyyən cəmiyyətdə mövcud olan hüquq normaları sisteminə (normativ hüquq adlandırılan) qarşı qoyulur.

Hüququn tarixi məktəbi hesab edir ki, hüquq tarixi təkamülün üzvi tərkib hissəsidir, torpağa atılan dən kimi o xalqın şüurunda yetişir, adətlər və qanunlar şəklində təzahür edir. Hüquq təbiətən meydana gəlmir, onun necəliyini müvafiq xalqın tarixi həyatı müəyyən edir.

Hüququn psixoloji məktəbi hüququn meydana gəlməsini və fəaliyyətini cəmiyyətin sosial iqtisadi həyatı ilə yox, şəxsiyyətin (şəxsin, qrupun) psixologiyası ilə izah edir. Hüquqa psixoloji vəziyyətin, həyəcanın, institutların məhsulu kimi baxılır.

Marksist-Leninçi hüquq nəzəriyyəsi hüququn sinfi mahiyyətini – onun qanun səviyyəsinə qaldırılmış hakim sinfin iradəsi olduğunu xüsusi qeyd edir.

Hüququn tərifinə, onun təbiətini sosial hadisə kimi başa düşən digər yanaşmalar da mövcuddur.

Aşağıdakı tərif hüquq ədəbiyyatında geniş yayılmışdır.

Hüquq – dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı və onun gücü ilə qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının (normaların) məcmusudur.

Bu zaman nəzərə almaq lazımdır ki, hüquq elmində «hüquq» anlayışı iki mənada işlədilir:

Hüquq normaları sistemində ifadə olunan ümumməcburi davranış qaydalarının məcmusu kimi hüquq obyektiv hüquqa aiddir;

b) subyektiv hüquq və ya subyektiv mənada hüquq.
Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» – bu konkret şəxsə məxsus olan hüquq olur (məsələn, müəyyən əşyaya mülkiyyət hüququ).

Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Məsələn, hər bir Azərbaycan Respublikasının vətəndaşına məxsus olan əmək hüququ əməyə münasibətdə öz qabiliyyətindən sərbəst istifadə etmək, bu və ya digər peşəni, fəaliyyət sahəsini seçmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya muzdla işləmək imkanını ifadə edir. Alimlərin əksəriyyəti bu fikirdə yekdildirlər ki, subyektiv hüquqda başlıcası, sərbəst fəaliyyət göstərmək, şəxsi davranış növünü və onun həddini sərbəst seçmək imkanıdır. Bununla bərabər, bəzi tədqiqatçılar hesab edirlər ki, subyektiv hüquqların bu xarakteristikasına əlavələr etmək lazımdır. Məsələn, onlar müəyyən sosial rifahlardan istifadə etmək imkanını, başqa şəxslərdən müvafiq davranışı tələb etmək imkanını, habelə dövlət orqanlarına təsir etmək üçün bu və ya digər qanunla yol verilən tədbirlərə əl atmaq imkanlarını göstərirlər. Lakin bu əlavələr subyektiv hüquqları xarakterizə edən başlıca əlamətləri nəzərə alır: subyektiv hüquq – qanun çərçivəsində hərəkət etmək, öz davranış növünü və həddini seçmək imkanıdır.

Əgər subyektiv hüquq bu və ya digər qanunauyğun davranışı seçmək imkanını ifadə edirsə, vətəndaşın üzərinə qoyulan qanunvericiliklə müəyyən olunan və dövlət tərəfindən təmin olunan hüquqi vəzifələr zəruri davranışı nəzərdə tutur.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə hər kəs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət etməli, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.

Hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur. Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir. Bu qarşılıqlı əlaqə aşağıda göstərilənlərdə təzahür edir:

1. Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki, dövlət elə bir siyasi mexanizmdir ki, o, hüququ ümumməcburi davranış qaydaları (hüquq normaları) şəklində formalaşdırır. Qanun – dövlətin müvafiq səlahiyyətli orqanlarının (parlament, hökumət və s.) hüquqyaratma fəaliyyətinin nəticəsidir.

  1. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur. Hüququn keşiyində duran məhz dövlət mühafizəsi, dövlət məcburetmə imkanları hüquq normalarını cəmiyyətdə fəaliyyət göstərən digər sosial normalardan (məsələn, adət, əxlaq və s.) fərqləndirir.
  2. Yalnız hüququn dövlətə ehtiyacı yox, həmçinin dövlətin də hüquqa ehtiyacı var. O hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz.

Bütün bunlar dövlət orqanlarının özbaşınalığını aradan qaldıran vacib şərtlərdir, cəmiyyətdə qanunçuluq rejiminin elementləridir, vəzifəli şəxslə vətəndaş arasında qarşılıqlı əlaqənin əsasıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.