Press "Enter" to skip to content

Hüseyn Cavid kimdir

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq, nə Xaliq, nə əski-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə şur olaydı,

Hüseyn Cavid yaradıcılığında qadın

XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus ədəbi imzası və dəsti-xətti ilə seçilən böyük mütəfəkkir-şair Hüseyn Cavid (1882-1941) bütün dövrlər üçün maraqlı və aktual olan bir sıra ölməz əsərlər yaradıb. “Maral”, “Ana”, “Səyavuş”, “Afət”, “Peyğəmbər”, “Xəyyam” və digər əsərləri ilə ədəbiyyat aləminə misilsiz töhfələr verən Hüseyn Cavid yaradıcılığının müxtəlif cəhətləri ilə – saf məhəbbətin tərənnümü, bəşərin nicatı, qadın azadlığı və b. bu kimi mövzularla özünə ali, əbədiyaşar mövqe qazanıb.

Onun yaradıcılığında qadın problemi öz aktuallığı və orijinallığı ilə seçilir. Ədəbiyyata qədəm qoyduğu ilk zamanlardan böyük ədib qadın məsələsinə maraq göstərib, bu aktual mövzuda “Qadın”, “Qız məktəbində”, “Şərq qadını”, “Vərəmli qız”, “Pəmbə çarşaf”, “Dəniz pərisi”, “Get”, “Qəmər” , “Bir qızın son fəryadı” və başqa şeirlər həsr edərək qadın məsələsini önə çəkib. Şair “Şərq qadını” şeirində:

Mən nə idim?

Şərqin əzilmiş qadını!

Mən nə idim? Uf, onu heç sormayınız!

Varlığım bir quru heç!

– deyə feodal əxlaqının, mövhumat və cahilliyin hökm sürdüyü, köhnəlmiş adət və ənənələrin yaşadığı cəmiyyətdə Şərq qadınının gördüyü əzabları əks etdirib. Bununla da qadının faciəsinin kökündə məhz ictimai düşüncə və qayda-qanunlar külliyyatını, qadına haqq verilməməsini əsas səbəb kimi göstəriridi.

Hüseyn Cavid qadınları öz hüquqları uğrunda fəal mübarizəyə səsləyir və qadınlara öz hüquqlarını əldə etməsinin yolunu maariflənmə, mədəni tərəqqidə olduğunu göstəriridi. Mütərəqqi ideyalar müəllifi olan görkəmli sənətkar düşünürdü ki, qadın maariflənərsə, elm, bilik öyrənərsə, cəmiyyət üçün fəal bir ictimai üzv ola bilər. O, qadının gözəlliyini bər-bəzəkdə, var-karda deyil, maarifdə, bilikdə, təhsildə görürdü. “Qız məktəbi” şeirində ədib:

Yoqmu sənin incilərin, altın biləziklərin?

Söylə, yavrum! Hiç sıqılma.

– Var əfəndim, var. lakin

Müəlliməm hər gün söylər, onların yoq qiyməti,

Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti, – deyə qadın üçün təhsilin vacibliyini göstəriridi.

Ədib yalnız şeirlərində deyil, eyni zamanda dram əsərlərində də bu məsələyə toxunmuş və fərqli müstəvilərdə qadın obrazları yaratmışdır. Görkəmli romantik ədib bu problemə verdiyi əhəmiyyətdən irəli gələrək əksər dram əsərlərinə məhz qadın adları verib: “Şeyda”, “Maral”, “Afət” və s. Hətta dramaturq “Səyavuş” əsərinə də əvvəlcə Südabə adı verməyi düşünüb.

Dramaturqun qadının bir şəxsiyyət, ana kimi böyüklüyünü, humanistliyini nümayiş etdirdiyi əsərləri arasında “Ana” dramı özünəməxsusluğu ilə seçilir. Mövzüsu Dağıstan həyatından götürülmüş bu mənzum faciənin əsas qəhrəmanı olan Səlma ana Azərbaycan ədəbiyyatı üçün yeni tipli Ana obrazıdır. Oğlu Qanpolad İsmət adlı qıza nişanlıdır. Həmçinin bu qıza varlı Orxan da könül vermişdir. Orxan İsmətin Qanpolada olan sədaqətini görəndəndən sonra dostu Muradın vasitəsilə onu öldürtdürür. Murad təhlükədən xilas olmaq üçün bilmədən oğlunu qətl etdiyi Səlma ananın evində gizlənir. Ana öz övində, öz himayəsində gizlətdiyi, qoruduğu adamın doğma balasının qatili olan Murad olduğunu biləndə şəxsi hissi ilə deyil, ictimai əxlaqı ilə davranaraq onu əhv edir, qatili evində qonaq olduğu üçün cəzalandırmır və deyir:

Həm mültəci, həm qərib, həm müsafir,

Xayır, vicdanım olmaz buna qadir,

Bir də hər nə yapsam bu dərdi silməz,

Məhv olsa aləm, Qanpolad dirilməz,

Xayır, əfv etməli. Getsin də miskin,

Xəcalətdən ölsün, yerlərə keçsin…

Bu misralardan da aydın görünür ki, dramaturq anaya ilahi qüvvə kimi yanaşmaqla onu ən ali qüvvə kimi təsvir edib. Çünki Səlma ananın mənsub olduğu ictimai düşüncəyə, əxlaqa, dəyərlərə, inama görə Allah bütün günahları bağışlayandır. Buna görə də ana şəxsi faciəsindən deyil, bu humanist əxlaqından irəli gələrək oğlunun qatilini bağışlamağı onu cəzalandırmaqdan üstün tutur, onu öz vicdanının mühakiməsinə buraxır. Beləliklə, Hüseyn Cavid ana obrazı altında qadın mənəviyyatının saflığını, humanistliyini və əvəzolunmazlığını təqdim edir.

Şairin qadın hüquqsuzluğu haqqında yazdığı əsərlər içərisində “Maral” faciəsi mühüm əhəmiyyət kəsb edir. Bu əsər Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzüsunda yazılan ilk faciədir.

Bu əsərində Hüseyn Cavid köhnəlmiş düşüncə və qayda-qanunlar dövrünün artıq başa çatdığını qadın obrazlarının faciəsi əsasında təqdim və elan edir.

Əsərlərindən məlum olur ki, ədibi qadın taleyi daima düşündürmüş, məhz bu düşüncə və baxışların nəticəsi kimi “Afət” dramı ərsəyə gəlmişdir.

Əsərin sonunda özünü öldürən Afətin faciəsində, “ictimai mühit ictimai şüru yetişdirir” fəlsəfəsinə əsaslansaq, onun yaşadığı çirkin, qadını əzən mühit, qeyri-əxlaqi qaydalar məsul və günahkardır.

Cavid “Azər” poemasında da qadınların faciəli həyatını poemanın müxtəlif hissələrində ifadə edib. Poemada Səlminazın açı taleyindən əsərin “Gəlin köçərkən” bölməsındə bəhs edilir. Sərvinaz anasının təkidi ilə sevmədiyi, yaşlı bir insana ərə verilir. Yaşadığı fəlakətlərə dözməyən Sərvinaz özünü öldürür. Əsərdə ananın fəryadını göstərən Cavid “Suçlu qadın” ifadəsi ilə ananın qızını uçuruma sürüklədiyini ifadə edir.

Suçlu qadın çiçəklər, ipəklərlə süslənən

Cənazə qarşısında yapraq kibi titrədi.

Ayrılmaq istəməzdi sovurduğu çiçəkdən,

“Xayır, ıssız məzara onu bıraqmam!” dеdi.

Ananın fəryadının, Sərvinazın əsl faciəsi ananın savadsızlığı və qızını da məktəbdən çıxararaq bu cahilliyə məhkum etməsidir.

Cavid “Azər” poemasında həmçinin Şərq qadınının çadradan xilas olması məsələsinə də toxunmuşdur. Əslində “çadra, örtük” ədəbiyyatımızda qadın azadlığı ideyasını özündə ümumiləşdirmiş və bu ali ideyanı ehtiva etmişdir. Böyük humanist ədib qadınların məhz çadranı atmaqla hürriyyətə qovuşacaqlarını göstərmiş və onları hər cür mənəvi məhdudiyyətdən xilas olmağa çağırmışdır:

İnqilab iştə! Atıb çarşafı siz,

O siyah pərdəyi rədd еylədiniz.

Qеyd еdərkən bunu tarix, ancaq

Bir fəzilət dеyə alqışlayacaq.

Sizi aldatmasın amma bu qürur,

Çarşaf atmaqla bitər sanma qüsur.

Çoq bеyinlər yеnə həp pərdəlidir,

Mənəvi pərdəyi dəf еtməlidir.

Görkəmli ədibin şah əsərlərindən olan “Azər” poeması daşıdığı yüksək ədəbi-bədii məziyyətlərinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərəncamı ilə təsdiqlənən “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilmiş və kütləvi olaraq oxunması tövsiyə edilmişdir.

Böyük mütəfəkkir-şair Hüseyn Cavid “Peyğəmbər” əsərində qadın məsələsini tam təkmil ideyaya çevirərək qadın haqqı məsələsini bütün gücü ilə əks etdirib. Burada qadınların acınacaqlı vəziyyətini təsvir edən şair: “ Xayır, bən oğuldan başqa Evlad istəməm, istəməm. Qız və qadın insanmı ya? Yoq, bən qıza evlad deməm” misraları ilə qadının köhnə cəmiyyət və düşüncədə tutduğu ictimai mövqeyə qarşı çıxmış, qadının insanlıq haqlarıı özünə qaytarmaqla cəmiyyəti inkişaf etdirə bilmək imkanı olduğunu demişdir. Peyğəmbərin dili ilə:

O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət.

Qadın gülərsə şu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək, – deyə qadına əsl vətəndaş-şair qiymətini ifadə edib.

Bu xoşməramlı fikirlər isə, ümumiyyətlə, Hüseyn Cavidi əbədlişdirən və ölməzləşdirən özünə məxsus ideyalar kimi müəyyənləşdirib.

Beləliklə, Hüseyn Cavidin əsərləri bir çox aktual problemlər daxil olmaqla qadına haqında ən ali düşüncəni özündə ehtiva edən əsərlər kimi yadda qalır.

Səbinə Dünyamalıyeva

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Hüseyn Cavid kimdir?

Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, şair, yazıçı, dramaturq milli romantik şeirin və mənzum faciənin banisidir.

Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) 24 oktyabr 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olub. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində alıb. 1899-1903-cü illərdə Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. 1909-cu ildə isə İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, əvvəlcə Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

Hüseyn Cavid dramaturigiyası

Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb.

Bununla yanaşı, qələmə aldığı “Ana faciəsi”, “Maral”, “Şeyda”, “Şeyx Sənan”, “Uçurum”, “Afət”, “Knyaz”, “Xəyyam” əsərləri ilə milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib.

Hüseyn Cavid şeirləri

Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir.

İdealla varlıq arasındakı ziddiyyət, ideal həqiqət axtarıcılığına istiqamətlənən xəyallardan yaranan lirik-fəlsəfi düşüncələr Cavid şeirinin başlıca məzmununu təyin edir. Şairin lirik “mən”i qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayan filosof xarakterli aşiqdir:

Xəyal. Əvət, yaşadan yalnız əhli-halı odur,

Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.

Şair həm klassik lirika üslubunda qəzəllər, həm də xalq-aşıq şeiri ruhunda qoşma və gəraylılar yazıb. “Get”, “Könlümü” rədifli şeirlər, habelə “Hər yer səfalı, nəşəli” şeiri qəzəl formasında, “Xuraman-xuraman” şeiri isə qoşma formasındadır. “Rəqs”, “Uyuyur” və s. şeirlərdə müxəmməs və müsəddəslərin müəyyən əlamətləri müşahidə olunur. Bədii yaradıcılığın başlanğıc mərhələsinə xas olan həmin cəhət sənətkarın fərdi üslub axtarışları dövrü üçün səciyyəvi hal hesab oluna bilər.

Hüseyn Cavid poemaları

Şair ilk poemalarını hələ XX əsrin əvvəllərində yazıb. İlk poemaları əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarətdir. Bu poemaların əksəriyyətində süjet əlamətləri və obrazlar yox dərəcəsindədir. “Bir ahi-məzlumanə” (1907), “İştə bir divanədən bir xatirə” (1912), “Hübuti-Adəm” (1913), poemalarında epik təsvirlərdən qat-qat çox lirik-romantik düşüncələr öz əksini tapıb. Yalnız “Hübuti-Adəm” poemasında Adəm peyğəmbərlə Həvvanın münasibətlərindən alınmış bir məqamın təsviri şairə nəfsin fəlakətləri ətrafında poetik mülahizələr irəli sürməyə imkan verib.

Hüseyn Cavidin yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil poema “Azər” əsəridir. Poemanı şair hələ 1926-cı ildə Almaniyada müalicə olunarkən yazmağa başlayıb, nəhayət, 1928-ci ildə tamamlayıb.

Hüseyn Cavid nə zaman vəfat edib?

Hüseyn Cavid 1939-cu ildə Maqadana sürgün edilib, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib.

Böyüklüyün, ucalığın, əbədiyaşarlığın ünvanı – Hüseyn Cavid

Cavidin söykəndiyi həqiqətin bircə mənası olub: xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək! Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindən biridir. Ümummilli lider Heydər Əliyev unudulmaz dramaturqun yaradıcılığını çox yüksək dəyərləndirərək demişdir: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. EXalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”. Məhz bu dürüst qiymətin nəticəsidir ki, dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən Hüseyn Cavidin anadan olmasının 130 illiyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd edilir.

Yaradıcılığa şeirlə başlayan Cavid ilk pyesi “Ana”nı 1910-cu ildə yazmışdı. 1937-ci ilə kimi bir-birinin ardınca 20-dən çox pyes yazan qüdrətli sənətkarımız Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoydu. “Maral”, “Şeyx Sənan”, “Uçurum”, “Şeyda”, İblis”. “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı”, “Atilla”, “Koroğlu” ssenarisi, yarımçıq “Azər” poeması və başqa əsərlər ədəbiyyatımızın inciləri sayılır.

Tarixi mövzularda möhtəşəm əsərlər yaradan Hüseyn Cavid əsrlərin ən dərin qatlarına dövrünün gözü ilə baxaraq işlədiyi mövzunu elə qüdrətlə mənalandırırdı ki, ədib bütün ədəbi döyüşlərdən qalib çıxırdı. Bu səbəbdən də onun əsərlərində yalnız Azərbaycan deyil, bütün bəşəriyyəti düşündürən problemlərə, məsələlərə işıq saçılırdı. Cavidin axtardığı həqiqətin bir mənası vardı: milləti azad, xoşbəxt və birlikdə görmək! Gənclik illərində dostlarına yazdığı məktubların birində oxuyuruq: “. Əsl məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir”.

Cavid yaradıcılığına həmişə diqqət və həssaslıqla yanaşan unudulmaz Heydər Əliyevin başqa bir fikri də bu dahi sənətkarın bir şəxsiyyət kimi məziyyətlərini açıqlayır: “Hüseyn Cavid həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həqiqətən canından artıq sevmişdir”. Əsərlərində nəyi tərənnüm etmiş, hansı arzuların qanadında səmalara uçmuş olduğunu böyük ustadımız vaxtilə belə cavablandırmışdır: “Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir!” O, bu həqiqəti tapmaq üçün elə ağır bir yolun yolçuluğunu üzərinə götürdü ki, üzləşdiyi çətinliklər, ziddiyyətlər, təzyiqlər, uçurumlar və nəhayət, repressiyalar ömrünə, həyatına qənim kəsildi. Dəhşətlisi odur ki, Cavid kimi coşqun arzulu, vətəndaş mövqeli, milli qürurlu, torpaq sevgili şairimizin taleyinə sürgünün ən ağır nəticəsi olan qürbət iztirabları yazıldı.

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq, nə Xaliq, nə əski-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə şur olaydı,

nə matəm,
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.

Bu zahiri inkarın daxilində qəribə bir istək duyulmaqdadır. Bəs nə olaydı? Cavid nə arzulayırdı? Nə istəyirdi? Yalnız ədalət! Bütün həyatı boyu yazdıqlarında ancaq bu diləklə çırpınmışdı böyük Əfəndimiz! O, məfkurə davasını insanların beyninə, milli zehniyyətinə aşılamaq istəyirdi:

Turana qılıncdan daha kəskin ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.

Böyük Cavidin amallarını “uf” demədən doğrayan 1937-ci ilin qəzəbli qılıncı o dövrün bir çox aydınlarının həyatını puç edərək işıqlı arzularına son qoydu, xanimanlarını dağıtdı, ailə üzvlərini isti ocaqlarından didərgin saldı. Kimi sinəsinə tuşlanmış güllədən, kimi qəfil başlayan qəzadan, kimi də sonrakı vahiməli illərin sarsıntısından dünyasını vaxtsız dəyişdi. Bu ədalətsiz hökmlərin, əmrlərin, tuthatutların, qovhaqovların ən ağır zərbəsi isə millətin köksünə dəydi. “Ayaq altında pamal olmuş” vətənin dərdləri Cavidin qələmində əvvəlcədən fəryad qoparırdı:

Daha məhv etdi artıq istibad,
Yaxdı zülm atəşinə canımızı!
Olub hər bir hüququmuz bərbad,
Dinləməz kimsə əlamanımızı!

Rəzalətlərin hökm sürdüyü o dövrdə ümidsizlik, bədbinlik öz qəzəbli hökmlərini elə bir həddə çatdırmışdı ki, hər axşamın toranlığı evlərə bir vahimə gətirirdi: “Görən, bu gecə kimin qapısı döyüləcək?”, “Bu gecə kimi tutacaqlar?”. O qorxulu gecələrin birində isə qara qüvvələr məhz Cavid əfəndini apardılar. Deyilənə görə, əzrayıllı gecələrə dönən həmin günlərin bir axşamında teatrda böyük dramaturqun “İblis” əsəri göstərilirmiş. Sonralar 37-ci ilin qəzəbinə tuş gələn Abbas Mirzə Şərifzadə həmin tamaşada Cavidin üsyankar səsini, etiraz və fəryadını özünəməxsus kinayələrlə, acı gülüşlərlə, öldürücü ahənglə salona iynələyirmiş:

Sellər kimi axmaqda qızıl qan,
Canlar yaxar, evlər yıxar insan.

Bu qorxunc qəhqəhələrin atmacaları dövrün əks-sədası idi:

İblis nədir?
– Cümlə-xəyanətlərə bais.
Ya hər kəsə xain olan insan nədir?
– İblis!

İnsandakı bu xislətə, vəhşətə, sonu nifrətə dönən yalançı şəfqətə, lənətə uzanan rəhmətə meydan oxuyan Cavidlərin, Abbas Mirzə Şərifzadələrin, Müşfiqlərin, Əhməd Cavadların. haqq səslərini məhz o gecələr döyülən qapı səsləri batırmaq istəyirdi. Şərə, zülmə yol verən fitnələr öz işini görsə də, o şəxslərin ruhunu öldürmək mümkün olmadı. Çünki Cavidlərin gözəllik, sevgi tanrısına tapınan ömürləri eləcə nura qənşər bir yolun əbədi yolçusuna dönmüşdü.

. Payızda dünyaya gəlmişdi böyük və unudulmaz ustad. Adətən oktyabra “Cavidlər ayı” deyirlər. Maraqlıdır ki, ailənin bütün üzvləri məhz bu ayda doğulublar. Oktyabrın 2-si şairin qızı Turan xanımın, 22-si oğlu Ərtoğrolun, 24-ü isə Cavid əfəndinin özünün doğum günləridir.

Hüseyn Cavid ilk dərslərini atasından, eləcə də dövrünün tanınmış ziyalısı, böyük qardaşı Məhəmməd Rəsizadədən alıb. Əvvəlcə mollaxanada, daha sonra isə Məhəmməd Tağı Sidqinin məktəbində oxuyub. Sonralar isə İstanbulda Darülfünunun ədəbiyyat şöbəsini bitirib. Həbs olunana qədər (1937-ci il) Bakıda yaşayan Hüseyn Cavid əvvəlcə orta məktəbdə, sonra teatr texnikumunda və Bakı Darülmüəllimində ədəbiyyat dərsi deyib.

Millətini, xalqını canından artıq sevən bu böyük mütəfəkkir 1937-ci ilin qəzəbli möhürünə – “vətən xaini” kimi iyrənc ifadəyə məruz qaldı. Özünü həmişə “hüsni-Xuda şairi” sayan, xəyalı səmalara qanadlanan Cavid dillər əzbəri olan “Mənim tanrım” adlı şeirində deyirdi:

Hər gülün cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var.
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir!

Hüseyn Cavid haqqında sağlığında da, ölümündən və bəraətindən sonra da xeyli xatirə və məqalələr yazılıb. Dəhşətlisi odur ki, dövrün qəzəbli diktələri bəzən Cavidin müasirlərini can qorxusuna salaraq yalan, riya yazmağa məcbur edib. O illərin “Ədəbiyyat qəzeti”ni vərəqləyəndə, Cavidin ünvanına tuşlanmış şeirləri oxuyanda inanmağın gəlmir ki, belə bir qüdrətli dramaturqa “Sən şahların sinisini yaladın”, “Sənin yazdıqların özündən qabaq öldü” demək mümkün imiş. Yaxşı ki, dünyanın dəyişən vaxtı gəldi. Yaxşı ki, Cavidin məhəbbəti susmuş ürəkləri dilə gətirdi. Bütün bu yazılanların, deyilənlərin arasında iki şəxsin münasibəti daha səmimi, daha təsirli, doğrudur. Böyük şairin ömür-gün dostu Mişkinaz xanımın “Cavidi xatırlayarkən” adlı xatirəsini oxuduqda ustadın canlı portreti göz önündə dayanır. Bu yazıdan sonra sanki başqa bir məqaləni, xatirəni oxumağa ehtiyac duyulmur. Çünki Cavid necə varsa, geyimindən, yerişindən, vərdişlərindən, ta yazı-pozusuna, dost-tanışına münasibətinə qədər Mişkinaz xanımın xatirələrində öz əksini tapıb. Cavidin həyatında, yaradıcılığında, daha doğrusu, onun xalqımıza qaytarılmasında, təbliğ və təşviqatında önəmli yeri ümummilli lider Heydər Əliyev tutur. Məhz bu böyük insanın qayğısı və diqqəti nəticəsində Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirildi. Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn olundu. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə Hüseyn Cavid məqbərəsi tikildi, Bakıda Hüseyn Cavidin ev-muzeyi açıldı. 120 illik yubileyinin təntənəli keçirilməsi də Hüseyn Cavidin adı ilə bağlanan üçüncü böyük sevinc idi ki, məhz dövlət müstəqilliyimizi qazandıqdan sonra baş tutdu.

Qızı Turan Cavid isə ömrü boyu atası ilə bağlı xatirələrin, yazıların, əlyazmaların başına pərvanə kimi fırlandı. Bəzən də düçar olduğu atəşlərdən içi min əzab çəkdi, yandı, qovruldu, amma zərif çiyinlərini elə bir yükün altına vermişdi ki, o, adicə övlad deyildi. Köksündə anasının, atasının, qardaşının ürəkləri döyünürdü. Dağılmış inciləri bir yerə yığmaq missiyası onun taleyinə yazılmışdı. Qapı-qapı, el-el, oba-oba gəzərək atasının əsərlərini axtardı, topladı, çap etdirdi. Bəzən də üzləşdiyi məqamlarda son qəpiyini də xərcləməyi bacardı. Atasının əlyazmalarını müxtəlif şəhərlərdən, müxtəlif insanlardan öz halal pulu ilə aldı. Qandan-gendən gələn bir toxluq ömrü boyu Turan xanımın varlığında qərar tutdu. Onu maraqlandıran yalnız Hüseyn Cavid irsinin bir yerə toplanması və yenidən çapı idi. Turan xanımı narahat edən, daim düşündürən, nəhayət, çatdığı arzulardan biri də Hüseyn Cavid əsərlərinin ilkin variantında işıq üzü görməsi oldu. Doğrudur, böyük dramaturqumuz bəraət aldıqdan sonra kitabları çap edilirdi. Təəssüf ki, dövrün tələbindən, quruluşun hökmündən irəli gələn diktələrə məruz qalaraq. Məhz Turan xanımın fədakarlığı nəticəsində Hüseyn Cavidin əsərləri yazıldığı kimi pərəstişkarlarına çatdırıldı.

Hüseyn Cavid elə bir həqiqətin əsiri idi ki, o, altun saraylara, daş zindanlara, vəhşi pəncələrə, tikanlı məftillərə, dəmir qəfəslərə meydan oxuyurdu. Cavid elə bir həqiqətin aşiqi idi ki, qumral gözəllərə, sevdalı könüllərə, parlaq sevgilərə, gülümsəyən günəşə öz misraları ilə ağ yelkənlər kimi qanad açırdı. Bu gün ləngərli söz sahibimizin, qüdrətli şairimizin, böyük dramaturqumuzun doğum günüdür! Bu gün Cavid həqiqətinin gül açdığı gündür! Görün azadlıq yolunda vuruşun ləzzətini Cavid necə dəyərləndirirdi:

Şər olmadıqca xeyrə qovuşmaq mahal olur,
Qəsvətli, sisli hər gecədən bir, günəş doğar.
Hürriyyət öylə nazlı bir afət ki , tək vüqar,
Qan axmadıqca kimsəyə gülməz o işvəkar.

Unudulmaz xalq şairi Rəsul Rza Cavidlə bağlı maraqlı bir fikrin müəllifidir: “Onun romantik qanadlı şeiri yüksək sənətkarlıq nümunəsi idi. Bu gün də öz təsir gücünü itirməmişdi. Cavidin şeir dilinin mürəkkəbliyi və bugünkü dilimizə görə bəzən çətin anlaşılması haqqındakı fikirlər yalnız qismən qəbul oluna bilər. Dilimizin inkişaf yolunu izləyənlər bilirlər ki, Cavidin yazıb-yaratdığı illərdə Azərbaycan dilinə yad olan sözlər, tərkiblər həm ədəbi dilimizdə, həm də mətbuatda bol-bol işlənirdi”. Bu fikri xatırlatmaqda məqsədimiz odur ki, Cavidin özü kimi, yazıları da, əsərləri də heç bir zamanın, dövrün diktəsinə baş əyməyib. Bu məziyyətlər onun bənzərsizliyini, orijinallığını şərtləndirən əsas cəhətlərdəndir. Təəssüf ki, dərsliklərdə bu gün Caviddən gələn “yavrum”, “quzum” sözlərini “tərcümə” edərək “balam”, “qızım” yazanlar ömürləri boyu Cavid adlı möhtəşəm dağın ətəklərinə yaxın düşə bilməzlər. Cavid elə bir sərvətdir ki, ona toxunmaq özü günahdır. Onun əsərlərini yalnız olduğu kimi oxumaq, sevmək və qorumaq lazımdır.

. Şərqin qapısı sayılan Naxçıvanda bu gün ağ işıq kimi ətrafa nur səpən bir məqbərə var – Cavidlər məqbərəsi! Bu müqəddəs torpağın sakinləri də, oraya gələn qonaqlar da həmişə üç ünvanı ziyarət etməyi mənəvi borc bilirlər: Əshabi-Kəhf, Mömünəxatın türbəsi və Cavidlər məqbərəsi! Sovet quruluşunun həyata keçirdiyi repressiyalar nəticəsində bir-birindən ayrı düşən, fələyin yazdığı ağrı-acıya tuş gələn, uzun illər həsrət içində çırpınan Cavidlər məhz bu məqbərədə bir-birinə qovuşaraq rahatlıq tapdılar.

“Həqiqət istərəm, yalnız həqiqət”, – deyə bütün ömrü boyu çarpışan, yazıbyaradan Hüseyn Cavidin əsərləri elə bir haqdan qüdrət alıb ki, bu gün də aktual və mənalı səslənir. Doğum günün mübarək, böyük ustad! Gələcəyə doğru mətin bir yürüşlə elə zirvədəsən ki, sənə nə əl çatar, nə söz yetər! Qəribədir ki, həm də hər kəsin – səni sevənlərin də qəlbində varsan! Böyüklük, ucalıq, əbədiyaşarlıq budur!

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.