Press "Enter" to skip to content

Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri

3 Heydər Əliyev “Müstəqilliyimiz əbədidir”, 3-cü kitab, Azərnəşr, Bakı 1997, səh. 336

Ictimai bölmənin iqtisadiyyatı

Elşən NƏSİROV Naxçıvan Dövlət Universitieti Dünya İqtisadiyyatı və Menecment kafedrasının müəllimi

Ümumiyyətlə iqtisadiyyatın iki tipi mövcuddur:

1. Açıq iqtisadiyyat

2. Qapalı iqtisadiyyat

Bunların hər birinin özünəməxsus xüsusiyyətləri, göstəriciləri inkişaf meylləri var. Açıq iqtisadiyyat olduğuna görə biz qapalı iqtisadiyyat yox, açıq iqtisadiyyat haqqında söhbət açacağıq. Açıq iqtisadiyyatın bütün göstəricilərini, inkişaf meyllərin, qanunauyğunluqlarını üzə çıxaracaq, ona daxil olan sistemlər haqqında ətraflı məlumat verəcəyik. İndi isə bu dediklərimiz haqında qurduğumuz plan əsasında daha ətraflı tanış olaq.

Açıq iqtisadiyyat haqqında danışarkən ilk növbədə onun nə demək olduğunu bilmək lazımdır. Açıq iqtisadiyyatla qapalı iqtisadiyyat arasında çox böyük fərq vardır. Belə ki, açıq iqtisadiyyatda bazar iqtisadiyyatı hökm sürür. Burada sağlam rəqabət gedir. Ölkələr arasında qarşılıqlı idxal-ixrac olur. Açıq iqtisadiyyatın hökm sürdüyü ölkə tam müstəqil olur, heç bir ölkədən asılı və heç kimin himayədarlığı altında olmur. Bütün bu dediklərimiz qapalı iqtisadiyyatda yoxdur. Deməli, bu sadalananlar açıq iqtisadiyyatla qapalı iqtisadiyyat arasında olan fərqi təşkil edir.

Açıq iqtisadiyyatda həmçinin xarici iqtisadi əlaqələr də mühüm rol oynayır. Məs: keçmiş SSRİ ilə Türkiyə arasında münasibətlər çox gərgin olduğuna görə Naxçıvan Muxtar Respublikasında sərhəddə yerləşən Sədərək qəsəbəsi çox əlverişsiz iqtisadi-coğrafi mövqeyə malik idi. Azərbaycan Respublikası müstəqilliyə nail olduqdan və Türkiyə ilə özünün dostluq, qardaşlıq münasibətlərini bərpa etdikdən sonra Sədərək qəsəbəsinin iqtisadi-coğrafi mövqeyi təkcə bu iki ölkə üçün deyil, həm də mərkəzi Asiya ölkələri üçün xüsusi əhəmiyyət kəsb etməyə başladı. Yaxud, Bakı-türkmənçay gəmi-bərə xətti işə düçdükdən sonra Mərkkəzi Asiya respublikalarınıın, Rusiyanın Sibir, uzaq şərq rayonlarının, habelə Çin və Yaponiyanın Avropa ölkələri ilə nəqliyyat-iqtisadi əlaqələrində Respublikamızın iqtisadi-coğrafi mövqeyinin qat-qat artmışdır.

Son illərdə İran və Türkiyə ilə mehriban qonşuluq münasibətləri möhkəmlənir. Astara, Biləsuvar, Cəlilabad, Cəbrayıl, Babək, Sədərək rayonlarında yeni yaradaılmış sərhəd keçid məntəqələri və dömrükxanalar, Araz çayı üzərində salınan yeni körpülər, İranla birgə tikilməkdə olan Muğan SES və s. buna əyani nümunədir.

Respublikamızın mavi yanacaqla təmin olunmasında İran-Azərbaycan qaz kəməri mühüm rol oynayır. Gələcəkdə İran, Azərbaycan və Türkiyə arasında qarşılıqlı enerji verilişi gücləndiriləcəkdir.

Azərbaycan öncə qeyd etdiyimiz kimi, açıq iqtisadiyyatda qarşılıqlı idxal-ixracda mühüm rol oynayır. Respublika daxilində istehsal olunan məhsulların xarici ölkələrə satılması və xarici ölkələrdən lazım olan məhsulun alınması xarici ticarət adlanır və əsas xarici-iqtisadi əlaqə hesab edilir. Hal-hazırda respublika 52 xarici ölkə ilə ticarət edir. Ən sıx iqtisadi əlaqə İran, Türkiyə, Böyük Britaniya, Rusiya, ABŞ, Qazaxıstan, Ukrayna, Almaniya, Fransa, BƏƏ, Macarıstan, Polşa və digər dövlətlərdir. Danimarka, Yaponiya, Finlandiya, İraq və digər ölkələrə Azərbaycan yalnız mal ixrac edir. İrlandiya, Kanada, Misir, Norveç, İsveç, Sinqapur, Hindistan və s. ölkələrdən isə mal idxal edir. Azərbaycandan əsas ixrac olunan mallar neft və neft məhsulları, xam neft, pambıq lifi, əlvan metallar, kimya məhsulları, soyuducular və onlar üçün buraxılacaq neft avadanlığı, kondisionerlər, şərab məhsulları, meyvə konservləri və s. mallardır. Ümumi dəyərinə görə neft və neft məhsuları əsas yer tutur.

Xarici ölkələrdən şəkər, yağ, un, sitrus meyvələri, buğda, uşaqlar üçün süd, müxtəlif maşən və avadanlıq, hazır paltar, parçalar, ayaqqabı,məişət əşyaları və s. gətirilir. Rusiyadan əsasən taxıl, metal, meşə materialı, müxtəlif maşın və avadanlıq, Ukraynadan ət, şəkər, yağ, nəqliyyat vasitələri, Belarusiyadan ərzaq məhsulları, avtomobil, traktorlar, Qazaxıstandan taxıl, ət, metal və s. alır. Açıq iqtisadiyyat mövcud olan ölkələrdə həm də bazar iqtisadiyyatı mövcuddur. Çünki bazar iqtisadiyyatı hökmranlıq edən inkişaf etmiş ölkələrdə azad sahibkarlıq və azad ticarət prinsipi hökm sürür. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, hər bir şəxs (fiziki və ya hüquqi) qanunla qadağan edilməmiş sənət və kommersiya fəaliyyətinin istənilən növü ilə məşğul ola bilər. Məlumdur ki, qiymətlərin əmələ gəlməsinin əsasını dəyər qanunu təşkil edir. Ancaq bundan başqa onlara daxili və xarici xarakterli müxtəlif amillər təsir göstərir ki, bunlardan biri də qiymətlərin dövlət tənzimlənməsidir.

İnkişaf etmiş bazar iqtisadiyyatı şəraitində olan ölkələrin təcrübəsi qiymətlərin dövlət tənzimlənməsinin iki üsulunun mövcud olduğunu göstərir: iqtisadi və inzibati. Tənzimlənmənin iqtisadi üsulu daha üstündür və dövlət orqanlarının vergi, maliyyə-büdcə, kredit, valyuta, gömrük siaysəti vasitəsilə həyata keçirilir. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi bazar mexanizminin fəaliyyətini pozmur, qiymətin iqtisadi əsaslandırılmasını və onların dünya bazar qiymətləri ilə əlaqəsini saxlayır.

Bazar şəraitində qiymətlərin inzibati üsullarla tənzimlənməsi isə fövqaladə hallarda, iqtisadiyyatın böhran keçirdiyi, sürətli inflyasiya təsərrüfat kompleksinin bütün sahələrində tənəzzül baş verdiyi şəraitdə, digər məhsulların qiymətlərinin sürətli artımından əhalini soial müdafiə etmək məqsədilə də həyata keçirilə bilər. Bu halda hökumət özü inzibati qaydada istehlak səbətinə daxil olan ilkin tələbat mallarının qiymətini müəyyənləşdirir və dəyişdirir.

Qiymətlərin dövlət tənzimlənməsi qanunvericilik, inzibati və məhkəmə xarakterli ola bilər. Parlament tərəfindən qiymətlər üzrə qanunların qəbul edilməsi müəssisələr, eləcə də onlarla dövlət arasındakı münasibətlər üçün hüquqi əsaslar yaradırlar. Bu qanunlar kompleksi mülki hüququn tərkib hissəsi olanqiymət hüququnu təşkil edir. Səlahiyyətli orqanlar qiymət hüququ əsasında qiymətlərin tənzimlənməsi üzrə inzibati fəaliyyəti həyata keçirirlər. Onların pozulması zamanı günahkarlar məsuliyyətə cəlb olunurlar. Qiymətlərin tənzimlənməsi üzrə birbaşa fəaliyyət nazirliklər və Milli Bank tərəfindən aparılır. Bir sıra dövlətlərdə tərkibinə tanınmış mütəxəssislər, həmkarlar təşkilatının nümayəndələri, sahibkarlar, fermerlər daxil olan ekspert komissiyaları yaradılır. Bu komissiyalar dövlət idarələrinə və hökumətə qiymət məsələləri üzrə məsləhətlər verir, eləcə də müvafiq qanun layihələri haqqında öz fikirlərini bildirirlər.

Ümumiyyətlə, bazar iqtisadiyyatına keçid müasir iqtisadi strategiyamızın ana xəttini təşkil edir və iqtisadi inkişafımız bu istiqamətdə formalaşır. Getdikcə bazar münasibətləri daha geniş xarakter alaraq bütövlükdə istehsal münasibətlərinin mahiyyətini dəyişir və ona yeni məzmun verir. Bu proses getdikca daha da genışlənməli və mövcud iqtisadi böhrandan çıxmağın əsas yolu olmalıdır. Yalnız bazar iqtisadiyyatına keçıd, dünya iqtisadi sivilizasiyasına qayıdış respublikamızı düşdüyü bu ağır iqtisadi vəziyyətdən qurtarmağa imkan verəcəkdir.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının dünya iqtisadiyyatına daxil olması və onun tələblərinə uyğunlaşması, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçməyi tələb edir. Hal-hazırda Azərbaycanda iqtisadiyyatın bazar prinsipləri əsasında formalaşması məqsədilə bazar təsərrüfatının hansı modelindən istifadə edilməsi sahısində gərgin axtarışlar gedir. Bununla bağlı, inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində istifadə edilən modellərin xüsusiyyətlərinin öyrənilməsi böyük əhəmiyyətə malikdir. Mövcud olan bazar modelləri və onların inkişaf istiqamətləri geopolitik vəziyyətdən, təbii resursların mövcudluğundan, inkişafın tarixi şəraitindən, əhalinin adət və ənənələrindən, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən, cəmiyyətdə mövcud olan sosial gərginlikdən asılıdır.

Bazar iqtisadiyyatı modelinin 3 əsas növü mövcuddur:

1. Liberal model. (Amerika modeli)

2. Sosial yönümlü bazar iqtisadiyyatı modeli

3. Bazar iqtisadiyyatının sosial – demokratik modeli

Azərbaycanda bazar iqtisadiyyatının amerikan modelindən istifadə edilmsinə daha çox üstünlük verilirdi. Bunun səbəbini onunla izah etməyə çalışırlar ki, 70 il ərzində bizdə cəmiyyət hesabına yaşama prinsipi hökm sürüb, hal-hazırda bunu düzəltmək lazımdır. İndi cəmiyyətin hər bir üzvü sahibkar, mülkiyyətçi olmaqla, Amerika vətəndaşları kimi, özlərinin şəxsi tələbatlarını öz gücləri hesabına ödəməlidirlər. Yəni, bu cəmiyyətdə hərə öz gücünə arxalanmalıdır.

Artıq biz aydınlaşdırdıq ki, bazar iqtisadiyyatı açıq iqtisadiyyata daxildir. Lakin onu da qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatında azad sahibkarlıq hökm sürür. Bəs Azərbaycanda müasir dövrdə sahibkarlıq fəaliyyəti necədir?

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı ilə bağlıdır. Bu sahədə keçirilən hüquqi, təşkilati, iqtisadi və s. tədbirlər nəticəsində bir sıra müsbət nəticələr əldə edilmişdir. Belə ki, 1998-ci ildə ÜDM-nun 55 faizi özəl bölmənin payına düşmüşdür. 1998-ci ilin əvvəlində respublikamızda dövlət qeydiyyatından keçmiş 12 mindən çox kiçik müəssisə, 1 mindən çox kooperativ, 2 minə yaxın müştərək və xarici müəssisə yaranmış və fəaliyyət göstərmişdir.

Bununla belə, bu gün respublikamızda sahibkarlıq fəaliyyəti qarşısında heç bir problem olmadığını, sahibkarlıq mühitinin isə tamamamilə qənaətbəxş olduğunu iddia etmək olmaz. Hal-hazırda həm respublika əhalisinin sayıilə münasibətdə fəaliyyət göstərən özəl müəssisələrin kəmiyyəti, həm də burada çalışan əmək qabiliyyətli əhalinin payı digər ölkələrə nisbətən xeyli azdır.

Qərb ölkələrinin təcrübəsi göstərir ki, özəl bölmənin, xüsusən kiçik sahibkarlığın inkişafı dövlətin daimi himayəsi və fəal köməyi sayəsində baş verir. Bununla yanaşı bu ölkələrdə dövlət qanunvericilik, inzibati-hüquq, büdcə və s. vasitəsilə sahibkarlıq fəaliyyətini tənzimləyir.

Bundan fərqli olaraq, bu gün respublikamızda sahibkarlıq mühiti vergi, gömrük, bank-kredit və digər iqtisadi sahələrdə çatışmazlıqlar, dövlət məmurlarının özbaşınalığı və s. ilə xarakterizə olunur. Qeyd edilmiş bu problemlərin aradan qaldırılması sahibkarlıq fəaliyyətinin zəngin potensial imkanlarından Azərbaycannın yüksək iqtisadi inkişafı üçün istifadə etməyə imkan verəcəkdir.

Açıq iqtisadiyyatda kapitalın beynəlxalq axını da mühüm rol oynayır. Kapital ixracı xarici bazarlar uğrunda mübarizədə ölkəərin iqtisadi və siyasi mövqeyini möhkəmləndirmək məqsədilə həyata keçirilir. Tarixi baxımdan kapital ixracı əsasən dövlət və xüsusi kapital formasında həyata keçirilir. Kapital ixracından istifadənin sahibkar və borc kapitalı formasını göstərmən olar.

Kapital ixrac edən xaricdə öz kapitalını, kənd təsərrüfatına, ticarətə və s. sahələrə qoyan sahibkar kimi çıxış edir. İxrac olunan kapital, sahibkar kapitalı formasında öz sahibinə sahibkar mənfəəti gətirir.

Dünyanın bazar iqtisadiyyatı ölkələrinin infrastrukturunda müxtəlif xidmətlər göstərən kompaniyaların rolu çox böyükdür. Bunların arasında ən geniş yayılmış kompaniyalardan biri beynəlxalq lizinq kompaniyalarıdır. Beynəlxalq lizinq dedikdə, lizinq kompaniyası tərəfindən digər bir ölkədə xarici bir firmadan hər hansı bir əmlakın pulla alınıb, digər xarici bir firmaya uzun müddətə icarəyə verilməsi başa düşülür. Lizinq xidməti, dünayanın İEÖ-də son 25-30 ildə geniş vüsət almışdır. Lizinqin yayılmış növlərindən maliyyə lizinqi, beynəlxalq lizinq və ixrac lizinqini göstərmək olar.

Kapital ixrac edən, kapital qoyulan ölkədə fəaliyyət göstərən sahibkar rolunda çıxış etməyə də bilər. O, öz kapitalını xarici sahibkarlara və ya başqa dövlətlərə borc verə bilər. Borc kapitalı mülkiyyətçilər tərəfindən fəaliyyətli sahibkarlara borc verən və faiz gətirən kapitaldır. Borc alanlar sənayeçılər, tacirlər, iri fermerlərdir ki, bunlar da qazanc əldə etmək üçün borc almış pulu kapital şəklində istifadə edirlər.

Müasir dövrdə dövlət kapital ixracı üçün dövlət büdcəsinin vəsaitinin xeyli hissəsi sərf edilir. Dövlət kapital ixracı əsasən göndərilən malları kreditləşdirmək vasitəsi kimi istiqrazlar şəklində və xarici bankların cari hesablarına qoyuluşlar şəklində ixrac olunur. Müasir şəraitdə kapital ixracının mühüm xüsusiyyətlərindən biri dövlətin beynəlxalq təşkilatları tərəfindən kapital ixracının artmasıdır. Bu işdə beynəlxalq kredit təşkilatları (Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası,Avropa Bərpa və İnkişaf Bankı və s.) mühüm rol oynayırlar.Beynəlxalq kredit təşkilatları kommersiya şərtlərinə əsasən fəaliyyət göstərirlər.

Beynəlxalq və xarici kapital bazarlarında beynəlxalq kredit müxtəlif formalarda, istiqraz, səhm və başqa qiymətli kağızlar emissiyası şəklində həyata keçirilir. Beynəlxalq kredit müxtəlif ölkələrin dövlətlərinin bir-birinə verdiyi kreditə deyilir. Beynəlxalq kredit kommersiya, bankir və dövlət krediti formasında həyata keçirilir.

Hazırda dünya ölkələrində bankların rolu xeyli artmışdır. Bankların verdiyi kreditlər təkcə bura cəlb edilmiş azad pul vasitələri hesabına yox, həm də özünəməxsus kapital vaitəsilə həyata keçirilir. Bundan əlavə, banklar ölkədə maliyyə vəziyyətinin normal gedişini, qiymətlrin səviyyəsini. Ölkənin tədiyə balansını və beləliklə də iqtisadi artım prosesini təmin etmək, onu sürətləndirmək və ya zəiflətmək imkanına malikdir

Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri

Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur.

Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Ümumiyyətlə, məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını hazırlamadan ölkənin sosial-iqtisadi həyatında əsaslı dönüşə nail olmaq mümkün deyil. Ötən 15 il ərzində Prezident İlham Əliyev Ulu Öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını möhkəmləndirdi.

Dövlət başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir.

Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri İlham Əliyevin 2003-2018-ci illərdə imzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmışdır.

Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət aldı. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi oldu, iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss etdi.

x x x

HEYDƏR ƏLİYEV İQTİSADİ STRATEGİYASININ DÖNMƏZLİYİ

Hər bir xalqın, millətin xoşbəxtliyi, ilk növbədə, onun müstəqil və güclü dövlətə malik olması ilə müəyyən edilir. Dövlət müstəqilliyi hər şeydən əvvəl onu qazanmış xalqın özünütəsdiqi və milli özünüdərki üçün bir şansdır. Belə bir tarixi şansdan faydalanan və ondan səmərəli istifadə edən xalqlar həm milli inkişafa nail olur, həm də sahib olduqları dövlətin dayaqlarını möhkəmləndirə bilirlər.

Azərbaycanın müasir tarixində dövlətçiliyin qorunması ənənəsinin yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heç şübhəsiz, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Bunu müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu da bir daha təsdiq edir. Bu müddət ərzində dövlətimizə və onun müstəqilliyinə qarşı qəsdlər olsa da, onların qarşısı qətiyyətlə alınmışdır.

Dövlət müstəqilliyi və siyasi azadlıq milli iqtisadiyyatın inkişafına şərait yaratdığı kimi, milli iqtisadiyyatın inkişafı və güclənməsi də dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirir. Əgər Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilməsəydi, nə neft strategiyasını, nə də təşəbbüskarı olduğumuz digər strateji və transmilli layihələri həyata keçirə bilərdik. Dövlət müstəqilliyinin gücləndirilməsi iqtisadiyyatımızın milli maraqlara uyğun inkişaf etdirilməsinə şərait yaratmışdır.

Azərbaycanın təkcə dövlətçilik deyil, həm də iqtisadi inkişaf tarixinin ən parlaq və şərəfli dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrün siyasi və iqtisadi aspektlərinin öyrənilməsi hər zaman öz aktuallığını saxlayır. Bu, gələcək inkişafımızın əsas istiqamətlərini müəyyən etmək və bir daha dəqiqləşdirmək baxımından zəruridir. Heydər Əliyevin “İqtisadiyyatı qüdrətli olan dövlət hər şeyə qadirdir” fikri bir daha təsdiq edir ki, Ümummilli Lider milli iqtisadiyyatımızın inkişafına dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi hər zaman böyük önəm vermişdir.

Keçmiş İttifaq daxilində Azərbaycan iqtisadiyyatı vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi olsa da, özünəməxsus inkişaf yolu keçmiş, Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə genişmiqyaslı iqtisadi quruculuq prosesinə start verilmişdir.

Hələ Sovet İttifaqı dağılmamışdan əvvəl ekspertlər siyasi müstəqilliyə iqtisadi cəhətdən hazır olan iki respublikadan biri kimi, məhz Azərbaycanı qeyd edirdilər. Çıxarılan belə bir nəticə ölkəmizin təkcə təbii sərvətlərinin zənginliyinə deyil, həm də milli iqtisadiyyatımızın inkişaf perspektivlərinə əsaslanırdı. Belə ki, keçmiş Sovet İttifaqı dövründə Azərbaycanın büdcə gəlirləri xərclərindən bir qayda olaraq çox olurdu. Həmçinin istehsal olunan milli gəlirlə istehlak olunan milli gəlir arasında birincinin xeyrinə böyük fərq əmələ gəlirdi.

Keçmiş İttifaqın tərkibində olan “müttəfiq” respublikalardan biri kimi, mövcud maneələrə, müstəqil iqtisadi siyasət yürütmək imkanlarının məhdud olmasına baxmayaraq, Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə öz iqtisadi potensialını, milli iqtisadi maraqlarını reallaşdıra bilmişdir. Respublikamız iqtisadiyyatın bütün sahələrində güclü iqtisadi və kadr potensialı yaratmağa nail olmuşdur. Bir çox məhsulların istehsalına görə Azərbaycan keçmiş SSRİ-də qabaqcıl yerlərdən birini tuturdu. Bu dövrdə yeni sənaye müəssisələrinin açılması, maşın və avadanlıqların alınması digər respublikalara nisbətən Azərbaycanda əsas fondların daha sürətlə artmasına səbəb olmuşdur.

Heydər Əliyev 1993-cü ildən – müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən müasir dünya düzəninin inkişaf meyillərini uzaqgörənliklə qiymətləndirərək, çağdaş cəmiyyətin qəbul etdiyi inkişaf yolunu seçdi. Bu yol isə iqtisadiyyat üzərində dövlət inhisarçılığının aradan qaldırılmasından, sahibkarlığın inkişaf etdirilməsindən və iqtisadiyyatın liberallaşdırılmasından başlayır.

1994-cü ildə isə “Əsrin müqaviləsi”nin imzalanması ilə Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsası qoyuldu. Bu strategiya çərçivəsində həyata keçirilmiş tədbirlər, o cümlədən Dövlət Neft Fondunun yaradılması məhz davamlı inkişafın təmin edilməsinə, dövlətimizin iqtisadi və sosial dayaqlarının möhkəmləndirilməsinə yönəldilmişdir.

Milli iqtisadiyyatımızın inkişafı üçün strateji və siyasi xarakterli mühüm addımlardan biri 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi oldu. Yeni Konstitusiya dövlət idarəçiliyinin formasını, vətəndaşların və dövlətin hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, həm də iqtisadi sistemin əsaslarını, dövlətin iqtisadi strategiyasının başlıca prinsiplərini də özündə əks etdirmişdir.

Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və onun regionda güc mərkəzinə çevrilməsi ulu öndər Heydər Əliyevin dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur. Xüsusilə də 1990-cı illərin ortalarından başlayaraq görülmüş tədbirlər milli iqtisadiyyatın sabitləşdirilməsində və inkişafında həlledici rol oynamışdır.

Xatırladaq ki, 1990-1995-ci illərdə ÜDM-in həcmi hər il orta hesabla 15 faiz azalırdı. İqtisadi artım tempinin aşağı düşməsi inflyasiya ilə müşayiət edildiyinə görə ölkədə 1990-cı illərin əvvəllərində staqflyasiya müşahidə edilirdi. Azərbaycanda 1991-ci ildən başlayan iqtisadi tənəzzülün qarşısı yalnız makroiqtisadi sabitləşdirmə proqramlarının həyata keçirilməsindən sonra – 1996-cı ildə alındı.

1990-cı illərin əvvəllərində ölkədə qiymət artımı hiperinflyasiya həddinə çatmışdır. Belə ki, inflyasiyanın səviyyəsi 1992-ci ildə 1174 faiz, 1993-cü ildə 1081 faiz təşkil etmişdir. Yalnız Heydər Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” 1994-cü il 15 iyun tarixli Fərmanın icrasından sonra inflyasiyanı 1995-ci ildə 85 faizə, 1996-cı ildə isə 2,5 faizə endirmək mümkün olmuşdur. Sərt pul-kredit və maliyyə siyasətinin həyata keçirilməsini nəzərdə tutan bu Fərmanla ölkədə ardıcıl antiinflyasiya tədbirlərinə başlanıldı. Artıq 1996-cı ildən etibarən inflyasiya tədricən azalaraq 2002-ci ildə 2,8 faizə enmişdir.

1990-cı illərin əvvəllərində inflyasiya tempinin əməkhaqqının artım tempini əhəmiyyətli dərəcədə qabaqlaması əhalinin alıcılıq qabiliyyətini kəskin şəkildə aşağı salırdı. Əhalinin sosial müdafiəsi hər şeydən əvvəl maliyyə sabitliyinin təmin olunmasını tələb edirdi. Yüksək inflyasiya şəraitində isə həyat səviyyəsini nəinki yüksəltmək, hətta qoruyub saxlamaq mümkün deyildi. Yalnız 1996-cı ildən etibarən inflyasiyanın cilovlanması əhalinin həyat səviyyəsinin pisləşməsinin qarşısını aldı.

Heydər Əliyevin milli iqtisadiyyatımızın inkişafı üçün əsas xidmətləri bir tərəfdən ictimai-siyasi sabitliyin təmin edilməsindən, digər tərəfdən də iqtisadi islahatların aparılmasına ardıcıl siyasi dəstəyin verilməsindən ibarət olmuşdur. Belə bir siyasi impuls olmadan iqtisadi quruculuq sahəsində böyük uğurlar əldə etmək mümkün olmazdı.

İqtisadi islahatların həyata keçirilməsi üçün münbit şəraitin yaradılması, milli iqtisadiyyatımızın bazar münasibətləri əsasında inkişafına konstitusion təminatın verilməsi, neft müqavilələrinin imzalanması, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi, ölkəmizin beynəlxalq əhəmiyyətli strateji-iqtisadi layihələrə qoşulması, dünyanın qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Ümummilli Liderin fəaliyyəti, onun bu sahədə atdığı strateji addımların nəticəsində mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyevin söylədiyi bir fikri xatırlatmaq istərdim: “Beş ildən sonra Azərbaycan dünyəvi dövlət, daha yüksək sürətlə inkişaf edən, kifayət qədər güclü iqtisadiyyata və yaxşı həyat səviyyəsinə malik respublika olacaqdır. Bu, həddən çox “əgər”lərdən asılıdır…” 2 . Bəli! Ümummilli Liderin qətiyyətlə söylədiyi nikbin fikirlər artıq özünü doğrultmaqdadır. Fikrimizcə, bu şərtlərdən ən əsası bazar “relsləri” üzərinə keçirilmiş Azərbaycan iqtisadiyyatının inkişaf sürətinin artırılması, ölkənin mövcud iqtisadi potensialından daha səmərəli istifadə edilməsidir.

Konkret strategiya olmadan nə iqtisadi transformasiyanı, nə də milli iqtisadiyyatın formalaşdırılması prosesini uğurla həyata keçirmək mümkündür. Strategiya sosial-iqtisadi inkişafın əsas oriyentirlərini müəyyən edir. Genişmiqyaslı islahatlar aparmadan, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində köklü dəyişikliklər etmədən müəyyən edilmiş iqtisadi strategiyanın reallaşdırılmasına nail ola bilməzdik. Dünya ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi islahatları yalnız güclü siyasi iradəyə və qətiyyətli mövqeyə malik olan dövlətlər uğurla həyata keçirə bilir. Bu baxımdan Azərbaycanın siyasi rəhbərliyinin qəbul etdiyi radikal qərarlar islahatların dönməzliyinin təmin edilməsində həlledici rol oynamışdır.

Siyasi dəstək olmadan yeni iqtisadi münasibətlərin təşəkkül tapması qeyri-mümkündür. Bu baxımdan iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın inkişaf etdirilməsinə Heydər Əliyevin ardıcıl siyasi və ideoloji dəstəyi iqtisadi yeniləşmə prosesinin dönməzliyini təmin etmişdir. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə yeni iqtisadi sistemin formalaşdırılması üçün bir sıra fərman və sərəncamlar imzalanmış, mühüm dövlət proqramları qəbul edilmişdir. Ölkədə sahibkarlığın dəstəklənməsi özəl sektorun güclənməsi üçün geniş perspektivlər açmışdır. 1990-cı illərin ortalarından etibarən həyata keçirilən özəlləşdirmə proqramı özəl sektorun təşəkkülü prosesinə zəmin yaratmışdır.

Ulu Öndərin imzaladığı “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” 2002-ci il 10 sentyabr tarixli, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 28 sentyabr tarixli fərmanlar özəl sektorun inkişafında mövcud olan problemlərin kompleks və sistemli həllini, sahibkarlığın sürətli inkişafı üçün əlverişli iqtisadi və institusional mühitin yaradılmasını, müxtəlif dövlət orqanlarının nəzarət funksiyalarının məhdudlaşdırılmasını nəzərdə tuturdu.

Azərbaycanda iqtisadiyyatın idarə edilməsinin təşkilati strukturunun təkmilləşdirilməsinə, islahatların kadr təminatı ilə bağlı problemlərin həllinə Ümummilli Lider xüsusi diqqət yetirirdi. Onun tərəfindən “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” 1998-ci il 29 dekabr tarixli Fərmanın imzalanması institusional islahatların konseptual əsaslarının hazırlanması və bu prosesin geniş miqyasda həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

Müasir dövrün tələblərinə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində də mühüm addımlar atılmışdır. Belə ki, “Dövlət qulluğu haqqında” Qanun qəbul edilmiş, dövlət orqanlarında müsabiqə yolu ilə işə qəbul prosesinə başlanılmış, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır.

Ulu Öndər Azərbaycanın iqtisadi inkişaf tarixinə həm də radikal torpaq islahatlarının müəllifi kimi imzasını atdı. 1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” Qanuna əsasən, MDB məkanında ilk dəfə olaraq, torpaq üzərində xüsusi mülkiyyətçiliyin əsası qoyuldu. Bu, torpaq bazarının və kənddə yeni iqtisadi münasibətlərin formalaşması üçün hüquqi baza yaratdı.

Heydər Əliyev aqrar islahatların gedişi və onun perspektivləri barədə çox aydın strateji baxışlara malik idi. Ümummilli Lider qeyd edirdi: “Aqrar bölməni keçmiş sistem əsasında, keçmiş prinsiplər əsasında idarə edib istənilən nəticəyə nail ola bilmərik. İslahatların əsasını mülkiyyət formasının dəyişdirilməsi təşkil edir. Gərək kəndli torpağın sahibi olsun və bilsin ki, bütün bunlar onundur və istədiyi kimi istifadə edə bilər. İslahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir. Əks təqdirdə, islahatlar səmərəsiz ola bilər. Bu islahatların aparılmasında mühafizəkarlığa qətiyyən yol vermək olmaz, eyni zamanda, islahat şüarları altında aqrar bölmədə əldə olan potensialımızın dağılmasına da yol vermək olmaz” 3 .

Həyata keçirilmiş aqrar islahatların nəticəsidir ki, hazırda kənd təsərrüfatı istehsalının 99 faizi özəl bölməyə əsaslanır. Bu isə aqrar sektorun inkişafına müsbət təsir göstərən həlledici amildir. 1992-1995-ci illərdə kənd təsərrüfatında istehsal həcmi ildə orta hesabla 12 faiz, təkcə 1992-ci ildə isə 23,8 faiz aşağı düşmüşdür. Aqrar sahədə tənəzzülün qarşısı yalnız 1998-ci ildən alınmış və həmin dövrdən başlayaraq, istehsal artan dinamika ilə davam etmişdir.

1999-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunmuşdur. Həmin güzəştlər davamlı olaraq bu günə kimi tətbiq edilməkdədir.

İqtisadi islahatların həyata keçirilməsi sahəsində beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. Azərbaycan Respublikası Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna (BVF) üzv dövlət kimi 1992-ci ildə qəbul edilsə də, həmin təşkilatlarla intensiv əməkdaşlığa, birgə hazırlanmış iqtisadi proqramların və layihələrin həyata keçirilməsinə, kredit tranşlarının açılmasına əsasən 1995-ci ildən başlanılmışdır. Bu, hər şeydən əvvəl onunla izah olunur ki, həmin dövrədək ölkəmizdə siyasi vəziyyətin qeyri-sabitliyi şəraitində beynəlxalq maliyyə təşkilatları Azərbaycanla fəal əməkdaşlığa meyil etmir və kreditlərin ayrılmasında gözləmə mövqeyi tuturdular. Birgə iqtisadi proqram və layihələrin həyata keçirilməsinə ictimai-siyasi vəziyyətin sabitləşdirilməsindən sonra başlanılmışdır.

Heydər Əliyev iqtisadi strategiyası hələ uzunmüddətli dövr üçün Azərbaycanda əsas götürüləcək. Prezident İlham Əliyev 2003-cü ildə seçkiqabağı çıxışlarında Ulu Öndərin müəyyən etdiyi ümumi iqtisadi kursun davam etdiriləcəyini bəyan etmişdir. Çünki bu kurs dünya sivilizasiyasının qəbul etdiyi bazar iqtisadiyyatı prinsiplərinə, azad sahibkarlığa, beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşməsinə, sosialyönümlü iqtisadi siyasətin həyata keçirilməsinə əsaslanır.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi səlahiyyətlərinin icrasına yenicə başladığı dövrdə jurnalistlərə verdiyi ilk müsahibəsində bildirmişdir: “Artıq Azərbaycanda ölkəmizi inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Qarşımıza yeni tələblər, yeni vəzifələr çıxır” 4 .

Bu gün islahatların gedişi prosesində yeni iqtisadi şəraitin reallıqları nəzərə alınır, iqtisadi siyasətin ayrı-ayrı istiqamətləri müasir dövrün tələblərinə uyğunlaşdırılır və daha da təkmilləşdirilir.

PREZİDENT İLHAM ƏLİYEVİN HÖKUMƏTİN İQTİSADİ BLOKUNA İLK TAPŞIRIQLARI

“Bütün planlarımızın həyata keçirilməsi üçün başlıca şərt iqtisadi potensialdır” 5 . Bu, Prezident İlham Əliyevin səsləndirdiyi əsas tezislərdən biridir. Təsadüfi deyildir ki, hazırda Azərbaycanda dövlət idarəçiliyi əsas etibarilə “güclü iqtisadiyyat-güclü dövlət” prinsipinə əsaslanır. İqtisadi diplomatiyanın imkanlarından maksimum istifadə edilməsi də bu prinsipin reallaşdırılmasına xidmət edir.

Hələ 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladığı çox qısa bir müddətdə İlham Əliyev ölkəmizin inkişaf prioritetlərini müəyyən edən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman imzaladı, az sonra davamlı və tarazlı inkişafın təmin edilməsinə yönəldilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nı (2004-2008-ci illər) təsdiq etdi.

Prezident İlham Əliyev neft gəlirlərinin artdığı bir vaxtda makroiqtisadi sabitlik üçün müəyyən təhlükələrin, o cümlədən inflyasiya potensialının yarana biləcəyini nəzərə alaraq, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli Fərman imzalamışdır. Milli iqtisadiyyatımızın neft bumu mərhələsinə hazırlığını təmin edən bu Fərmanda dövlət büdcəsi xərclərinə nəzarətin gücləndirilməsi, neft ixracından əldə ediləcək vəsaitlərin səmərəli idarə olunması və istifadəsi ilə bağlı məsələlər öz əksini tapmışdır.

Davamlı inkişaf neft gəlirlərinin prioritet istiqamətlər üzrə səmərəli istifadə edilməsindən asılıdır. Bu baxımdan 2004-cü ildə “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın (2005-2025) dövlət başçısı tərəfindən təsdiqi xüsusi olaraq qeyd edilməlidir. Azərbaycanda neft və qaz gəlirlərinin kəskin artması şəraitində makroiqtisadi sabitliyin qorunması, gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün saxlanması, onlardan əhalinin rifahının yüksəldilməsi üçün istifadə edilməsi, qeyri-neft sektorunun inkişafının stimullaşdırılması neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın qəbul edilməsini zərurətə çevirmişdir. Bu strategiya neft və qaz gəlirlərindən istifadənin əsas prinsiplərini və ortamüddətli xərclər siyasətini müəyyənləşdirdi.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə hökumətin iqtisadi blokuna ilk tapşırıqlarını vermişdir. Ölkəmizin sosial-iqtisadi həyatının ən aktual problemlərini özündə əks etdirən bu Fərmanı dövlət başçısının iqtisadi komandaya ilk tapşırıqlarının məcmusu kimi qiymətləndirmək olar.

Şərti olaraq, Fərmanda əks olunan məsələləri məzmun və xarakterinə görə 5 əsas blok üzrə – institusional, sosial, sənaye, sahibkarlığın inkişafı və bazar mühitinin yaxşılaşdırılması və dövlət maliyyə sisteminin təkmilləşdirilməsi istiqamətləri üzrə qruplaşdırmaq olar.

İnstitusional blok qəbul edilmiş dövlət proqramlarının icra vəziyyətinin araşdırılması, iqtisadiyyatın idarə edilməsində islahatların başa çatdırılması, vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasının təmin edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarında intizamın gücləndirilməsi, beynəlxalq və regional iqtisadi qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, bank sistemində və kommunal sektorda islahatların aparılması kimi məsələləri əhatə edirdi.

Sosial bloka işsizliyin azaldılması, qaçqın və köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı, əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya sistemində və sosial sahədə islahatların sürətləndirilməsi və məşğulluğun təmin edilməsi məsələləri daxil edilmişdir.

Sənaye bloku qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sektora investisiyaların cəlb olunmasının stimullaşdırılması, yeni emal müəssisələrinin yaradılması, ixracın stimullaşdırılması və alternativ enerji mənbələrindən istifadə edilməsi məsələlərini nəzərdə tuturdu.

Sahibkarlığın inkişafı və bazar mühitinin yaxşılaşdırılması bloku özəl sektorun inkişafı ilə bağlı qərarların icrasının təmin edilməsi, dövlət müəssisələrinin özəlləşdirilməsinin və idarəetməyə verilməsinin sürətləndirilməsi, inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması, kreditlər üçün girov təminatının təkmilləşdirilməsi, aqrar sektorda islahatların ikinci mərhələsinin başlanılması ilə bağlı tapşırıqları əhatə edirdi.

Dövlət maliyyə sisteminin təkmilləşdirilməsi bloku dövlət büdcəsi xərclərinin strukturunun təkmilləşdirilməsi, dövlət büdcəsi vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə edilməsi, dövlət satınalmalarına nəzarətin gücləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, dövlət müəssisələrində maliyyə intizamının möhkəmləndirilməsi və ödəməmələr probleminin aradan qaldırılması ilə bağlı tapşırıqları ehtiva edirdi.

Sistemli və kompleks xarakter daşıyan bu Fərman biri digərinin reallaşmasına şərait yaradan istiqamətləri özündə birləşdirmişdir. Məsələn, inhisarçılığı aradan qaldırmadan sahibkarlığı inkişaf etdirmək, idarəetmə sistemini yeniləşdirmədən iqtisadi islahatları sürətləndirmək, qeyri-neft sektorunun və regionların inkişafını təmin etmədən işsizlik problemini həll etmək mümkün deyildir.

Adından da göründüyü kimi Fərman sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirlərini əhatə edir. Doğrudur, 2000-ci illərin ortalarında Azərbaycan iqtisadiyyatı artıq inkişaf “relsləri” üzərinə keçirilsə də, iqtisadi proseslərə impuls, dinamizm verməyə ehtiyac var idi. Bu baxımdan Prezident İlham Əliyevin ilk iqtisadi Fərmanı inkişafın sürətləndirilməsinə yönəldilmişdir. Ulu Öndər də 1994-cü ildə “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” ilk genişmiqyaslı Fərman imzalamışdır. Məhz həmin Fərmanla makroiqtisadi sabitliyin əsası qoyulmuşdur.

Prezident İlham Əliyevin ölkənin iqtisadi həyatında reallaşdırdığı mühüm təşəbbüslərdən biri denominasiya ilə bağlı olmuşdur. Ölkədə pul dövriyyəsini daha da yaxşılaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirmək məqsədi ilə 2005-ci ildə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalandı. 2006-cı il yanvarın 1-dən milli valyutanın – manatın denominasiyası həyata keçirildi. 1 yeni manat 5000 köhnə manata bərabər tutuldu. Denominasiyanın həyata keçirilməsi ölkəmizdə makroiqtisadi sabitliyi bir daha təsdiq etdi.

Dövlət müstəqilliyinin bərpa edilməsindən sonra keçmiş Sovet İttifaqından miras qalmış problemlərdən biri 1990-cı illərin əvvəllərində yüksək inflyasiya səbəbindən vətəndaşlarımızın keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin kəskin şəkildə ucuzlaşması olmuşdur. Bu əmanətlər Azərbaycan dövləti tərəfindən bir neçə dəfə indeksləşdirilmiş və onlara görə kompensasiyalar verilmiş (1993-1997-ci illərdə), əmanətçilərin bir qismi qeyd olunan kompensasiyanı almış, böyük bir hissəsi əmanətləri və onlara görə verilən kompensasiyaları almaq hüquqlarından istifadə etməmiş və keçən müddət ərzində həmin əmanətlərin dəyəri xeyli azalmışdır. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti 2012-ci ildə həmin əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi barədə Fərman imzalamışdır. Belə bir qərarın qəbul edilməsi Azərbaycanda iqtisadi siyasətlə sosial siyasətin bir-biri ilə uzlaşdırıldığını açıq-aydın nümayiş etdirir.

Ümumiyyətlə, məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını hazırlamadan həyata keçirilən hər hansı bir tədbir ölkənin sosial-iqtisadi həyatında əsaslı dönüş yarada bilməz. 2003-2017-ci illər ərzində Prezident İlham Əliyevin məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir.

AZƏRBAYCAN İQTİSADİYYATI YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ

Son 15 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. Bu müddət ərzində Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqda və iqtisadi sahədə müşahidə edilən mütərəqqi dəyişiklikləri özünün həyat səviyyəsində, rifahında hiss etməkdədirlər.

Hazırda islahatların texnologiyası da təkmilləşməkdədir. İqtisadi siyasətdə çevikliyin təmin edilməsi, struktur dəyişiklikləri ilə institusional islahatların paralel aparılması, konkret hədəflərə və maliyyə mənbəyinə əsaslanan proqramlı idarəetmə bunu bir daha təsdiq edir. Son 15 ildə 201 proqram xarakterli sənəd, o cümlədən 12 Konsepsiya, 12 Milli Strategiya, 12 Strateji Yol Xəritəsi, 94 Dövlət Proqramı, 10 Milli Fəaliyyət Planı, 23 Tədbirlər Planı, 21 Tədbirlər Proqramı, 17 Milli Plan və proqramlar qəbul edilmişdir.

Hazırda qeyri-neft sektorunda müşahidə edilən davamlı artım meyilləri, valyuta ehtiyatlarımızın həcmi və onunla müqayisədə xarici dövlət borcunun minimal səviyyəsi, mühüm nəqliyyat-enerji layihələrinin reallaşdırılması ölkəmizin milli və iqtisadi təhlükəsizliyi üçün möhkəm əsaslar yaradır. Strateji əhəmiyyətə malik bu cür genişmiqyaslı işlər milli və iqtisadi maraqlarımızın qorunması, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edilməsi, iqtisadiyyat və siyasətin bir-biri ilə uğurlu bir şəkildə uzlaşdırılması ilə tamamlanır.

Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Belə ki, dövlət başçısı ölkəmizdə sənayeləşmənin sürətləndirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın təşkili, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmiş, 2014-cü ili “Sənaye İli” elan etmişdir.

Sənaye parkları və məhəllələri mövcud potensialın gücləndirilməsi və yeni istehsal sahələrinin yaradılması, sənayedə struktur dəyişikliyi baxımından yeni yanaşmadır. Odur ki, son dövrlərdə ölkədə bu cür təsisatların yaradılması istiqamətində xeyli iş görülmüşdür.

Kimya sənayesinin inkişaf etdirilməsi məqsədi ilə 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına qərar verilmişdir.

Ölkə başçısının iştirakı ilə 2017-ci ildə Balaxanı Sənaye Parkının açılış mərasimi keçirilmişdir. Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatı, əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına şərait yaradır.

2016-cı ildə təməli qoyulmuş Mingəçevir Sənaye Parkında isə yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması nəzərdə tutulur. Pambıqçılığın sürətlə inkişafı qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilini tələb edir. Mingəçevir Sənaye Parkının ərazisində yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı müəssisəsi – “Ring” üsulu ilə istehsal edilən pambıq-poliester fabriki və “Open End” üsulu ilə iplik istehsal edən fabrik belə müəssisələrdəndir. Prezident İlham Əliyev 2018-ci ilin fevral ayında hər iki fabrikin açılışında iştirak etmişdir.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə yaradılan bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammalla təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcəkdir.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı gəmiqayırma zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin istehsalı həyata keçirilir.

Əczaçılıq məhsullarının istehsalı üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkında artıq təməli qoyulmuş dərman zavodlarının tikintisi istiqamətində müvafiq tədbirlər görülür. Ölkəmiz üçün yeni sahə olan əczaçılıq sənayesinin yaradılması məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla yanaşı, həm də yerli istehsal hesabına əhalini keyfiyyətli əczaçılıq məhsulları ilə təmin edəcək, idxaldan asılılığı azaldacaq və ixrac potensialını yüksəldəcəkdir.

2017-ci ildə isə Prezident İlham Əliyev ölkədə ilk dəfə yaradılmış Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak etmişdir. Hazırda Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə rezident kimi qeydiyyata alınmışdır.

2016-cı ildə yaradılmış Masallı Sənaye Məhəlləsində həyata keçiriləcək layihələr əsasən mebel, tikinti materialları, plastik tara, süfrə suyu, qida məhsulları, xalça istehsalı və kənd təsərrüfatı məhsullarının emalı sahələrini əhatə edir.

Bundan başqa, 2017-ci ildə Hacıqabul və Sabirabad Sənaye məhəllələrinin yaradılmasına başlanılmışdır. Hacıqabul Sənaye Məhəlləsində fəaliyyət göstərəcək rezidentlərin ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil ehtiyat hissələri və kompozit materialları istehsalı sahələrində ixtisaslaşması nəzərdə tutulur. Sabirabad Sənaye Məhəlləsində isə yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının tapşırığına uyğun olaraq, növbəti sənaye məhəllələrinin yaradılması istiqamətində işlər davam etdirilir.

Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə edən sənaye sahələrinin yaradılmasında, istehsal prosesinin təşkili zamanı infrastruktur xərclərinin azaldılmasında, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsində, məşğulluğun təmin edilməsində sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir.

İqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olmuş, respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, turizm fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə “Turizm İli” elan edilmişdir. Ötən müddətdə Bakı ilə yanaşı, regionlarda da otellərin və istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına geniş imkanlar yaratmışdır. 2003-cü ildə ölkədə mehmanxana və mehmanxana tipli müəssisələrin sayı cəmi 96 olduğu halda, 2004-2017-ci illər ərzində belə obyektlərin sayı artaraq 550-yə çatmışdır ki, bunun da 400-ü regionlarda yerləşir.

Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TANAP və TAP layihələri, həmçinin “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması xüsusi olaraq qeyd edilməlidir. Bu layihələr üzrə işlərin çox hissəsi artıq icra olunmuşdur.

İnkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanlarının, körpülərin, tunellərin, yol qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması və s. işlər davam etdirilmişdir.

Tranzit potensialının reallaşdırılması istiqamətində də irimiqyaslı layihələr həyata keçirilmiş, o cümlədən Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənmiş, Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmiş, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı olmuş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilmişdir.

Ölkənin tranzit potensialından daha səmərəli şəkildə yararlanmaq məqsədi ilə dövlət səviyyəsində institusional islahatların aparılmasına ehtiyac yaranmışdır. Məhz bu siyasətin davamı olaraq, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmışdır. Ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqi, özəl şirkətlərlə dövlət orqanlarının əlaqələndirilməsi, tariflərin optimallaşdırılması və tranzit prosedurlarının sadələşdirilməsi istiqamətində işlərin aparılması Koordinasiya Şurasına həvalə edilmişdir. Ölkənin tranzit cəlbediciliyinin artırılması istiqamətində Koordinasiya Şurası tərəfindən bir sıra mühüm tədbirlər görülmüşdür. Belə ki, dəhlizin rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə region ölkələri arasında koordinasiya gücləndirilmiş, tranzit müddətləri qısaldılmış və prosedurlar təkmilləşdirilərək optimallaşdırılmış tarif siyasətinə başlanmışdır.

İqtisadiyyatın şaxələndirilməsi və sənayenin modernləşdirilməsi istiqamətində mühüm layihələrdən biri telekommunikasiya və Yer səthinin müşahidəsi peykləri olan “Azerspace” və “Azersky”ın istismara verilməsi olmuşdur.

Neft sektorundan sonra prioritet sahələrdən biri hesab olunan və son illər ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan rabitə və informasiya texnologiyaları sahəsinin inkişafında 11,3 dəfə artıma nail olunmuşdur. Son 15 ildə regionlarda 1600-dən çox ATS, 1000-dən çox poçt binası tikilmiş və ya əsaslı təmir edilmişdir. 2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları İli” elan edilmişdir.

Əhalinin dərman vasitələri ilə optimal qiymətlərlə etibarlı təchizatı sosial və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Dərman vasitələri bazarında yaranmış xaotik vəziyyətin aradan qaldırılması və bu sahəyə nəzarətin gücləndirilməsi ilə bağlı ölkə başçısının müvafiq tapşırıqlarından sonra qanunvericiliyə dəyişikliklər edilmiş və 2015-ci ilin ortalarından etibarən ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılmışdır. Tənzimləmə prosesi intensiv şəkildə davam etdirilmiş, dövlət qeydiyyatına alınmış 11 minə yaxın dərman vasitəsinin qiymətləri təsdiq edilmişdir. Nəticədə süni qiymət artımının və dərman vasitələrinin qiymətləri ilə manipulyasiyaların qarşısı alınmış, dərman vasitələri bazarında şəffaflıq, ictimai və dövlət nəzarəti təmin edilmişdir.

Ölkə başçısının tapşırığına uyğun olaraq, 2017-ci ildən etibarən icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar pilot layihənin icrasına başlanılmış və sığortanın baza zərfinə 1800-dən çox tibbi xidmət daxil edilmişdir.

Azərbaycanda iqtisadi inkişaf bazar münasibətlərinə əsaslansa da, o, həm də sosial ədalət prinsipi ilə tamamlanır. Yeni pensiya və sosial müdafiə sisteminə keçid, ölkə vətəndaşlarının ipoteka kreditləri ilə təmin edilməsi və 2016-cı ildə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə sosial mənzillərin tikilərək ehtiyacı olanlara verilməsinin nəzərdə tutulması dövlətin sosial siyasətində keyfiyyət dəyişikliklərini əks etdirir.

Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nəticələr beynəlxalq hesabatlarda da əksini tapmış, müxtəlif meyarlar üzrə reytinq cədvəllərində ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bu, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi və institusional islahatlara beynəlxalq təşkilatların verdiyi yüksək qiymətdir.

“Doing Business” hesabatına əsasən Azərbaycan 2017-ci ildə 190 ölkə arasında 57-ci pillədə, Davos İqtisadi Forumunun “Qlobal Rəqabətədavamlılıq” hesabatında isə 35-ci pillədə qərarlaşmışdır. Eyni zamanda, sonuncu hesabata əsasən “Siyasətçilərə ictimai etimad” adlanan indikator üzrə Azərbaycan dünyada 20-ci pilləyə yüksəlmişdir. Bu isə iqtidara xalqın böyük etimadını səciyyələndirən mühüm göstəricidir.

İndi ölkəmizdə iqtisadi liberallaşmanın, struktur islahatlarının yeni mərhələsi başlanır. Bu mərhələdə əsas vəzifə səmərəli iqtisadiyyatın qurulmasından, daha sağlam iqtisadi bazaya əsaslanan təsirli sosial siyasətin həyata keçirilməsindən ibarətdir. Nəzərə almalıyıq ki, “Ən yaxşı sosial siyasət düzgün iqtisadi siyasətdir” tezisini əsas götürmüş Azərbaycan bir çox Şərqi Avropa ölkələri kimi iqtisadi transformasiya dövrünü uğurla başa çatdırmışdır.

“Bundan sonra bizim qarşımızda duran əsas məsələ qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın səmərəliliyinin təmin edilməsidir” fikrini Prezident İlham Əliyev heç də təsadüfən qeyd etməmişdir. Bəli! Sosial siyasət yalnız səmərəli iqtisadiyyata əsaslandıqda uzunmüddətli təsir gücünə malik olur. Bu baxımdan son illər həyata keçirilən liberallaşdırma tədbirləri, xüsusilə də institusional islahatlar ölkə iqtisadiyyatında ciddi keyfiyyət dəyişiklikləri kimi qiymətləndirilməlidir.

Bazar iqtisadiyyatı yolunu seçmiş ölkələr öz rəqabətqabiliyyətliliyini davamlı dövlət proteksionizmi, ucuz enerji resursları hesabına təmin edə bilməz. Bütün bunlar idman yarışlarında olduğu kimi, iqtisadiyyat üçün də qısamüddətli “dopinq effekti” verir. Biz iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyini yalnız struktur dəyişiklikləri, texnoloji yeniləşmə vasitəsilə artıra bilərik.

Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsi qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, çoxsaylı iş yerlərinin açılması ilə xarakterizə olunur. Eyni zamanda, regionlarımız inkişaf etdirilir və bu da əyalətlərdə iqtisadi fəallığın yüksəlməsi ilə müşayiət olunur. Dövlət investisiyaları vasitəsilə infrastruktur obyektlərimiz modernləşdirilir. Xidmət, tikinti, rabitə və informasiya texnologiyaları, nəqliyyat, turizm, emal sektoru qeyri-neft sektorunun potensial sahələri kimi inkişaf etməkdədir. Kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi siyasəti davamlı xarakter daşıyır.

Yeniləşmənin bütün istiqamətlər üzrə uğurla reallaşdırılması ölkənin inkişafı ilə bağlı konkret hədəflərin müəyyən edilməsindən bilavasitə asılıdır. Azərbaycan özünün perspektiv inkişaf xəttini artıq müəyyən edib. Bu, qəbul edilmiş dövlət proqramlarında, strateji yol xəritələrində bir daha öz əksini tapır. Həmin sənədlər ölkəmizdə proqramlı idarəetməni səciyyələndirməklə yanaşı, həm də Prezident İlham Əliyevin siyasi, sosial-iqtisadi və institusional inkişafla bağlı hədəflərini özündə ehtiva edir.

Ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurların davamlılığını təmin etmək məqsədi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilmişdir. Konsepsiya çərçivəsində qeyri-neft sektorunun inkişafı, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması, institusional potensialın gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, ətraf mühitin qorunması və s. məsələləri əhatə edən 53 sənəd təsdiq edilərək icrası təmin olunmaqdadır.

Yeni mərhələdə iqtisadi siyasəti müəyyən edərkən müasir dövrün çağırışları nəzərə alınmalı, yerli istehsalın stimullaşdırılması istiqamətində tədbirlər görülməli, dövlət xərcləri restrukturizasiya edilməli, gəlirlərin yenidən bölgüsünün səmərəli mexanizmi yaradılmalıdır. 2016-cı ildə yaradılmış Maliyyə Sabitliyi Şurası makroiqtisadi sabitliyin təmin edilməsi üzrə tədbirləri səmərəli koordinasiya etməlidir.

Makroiqtisadi göstəricilərin yaxşılaşdırılması 1990-cı illərin əvvəllərində itirdiyimiz iqtisadi potensialın bərpa edilməsi baxımından əhəmiyyətli olsa da, o, iqtisadi siyasətin son məqsədi və əsas hədəfi kimi qəbul edilməməlidir. İqtisadi islahatların indiki mərhələsində qarşıda duran əsas vəzifə iqtisadiyyatda kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçidi təmin etməkdən ibarət olmalıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük imkanlar və yeni-yeni perspektivlər açır. Heç şübhəsiz, Azərbaycanın bugünkü inkişafı onu ortamüddətli perspektivdə yüksək həyat səviyyəsinə, güclü iqtisadiyyata malik ölkələr sırasına daxil edəcəkdir.

AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAF VEKTORU: 2003-2017-Cİ İLLƏR

2003-2017-ci illərdə ümumi daxili məhsul (ÜDM) nominal ifadədə 9,8 dəfə, real ifadədə 3,2 dəfə artmışdır. Bu dövrdə ölkədə orta illik iqtisadi artım 9,4 faiz, o cümlədən qeyri-neft sektorunda 8,2 faiz təşkil etmişdir. Sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər iqtisadi artımın iqtisadi inkişaf amilinə çevrilməsinə yönəldilmişdir.

İqtisadiyyatın neft sektorundan asılılığının azaldılması və sənayenin hərtərəfli inkişafının təmin edilməsi iqtisadi siyasətin öncül istiqamətlərindən biri kimi müəyyən edilib. Ölkə iqtisadiyyatında neft sektoru həlledici rol oynasa da, son illər qeyri-neft sektorunun fəaliyyətində əhəmiyyətli canlanma hiss olunur. 2003-2017-ci illərdə sənaye istehsalı 2,6 dəfə, qeyri-neft sektoru üzrə ÜDM 2,8 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmışdır.

İqtisadiyyatın liberallaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi nəticəsində özəl sektorun rolu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Belə ki, ÜDM-də özəl bölmənin payı 2003-cü ildə 74 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 84 faiz olmuşdur.

Maliyyə imkanlarının artması iqtisadi inkişafın yeni mərhələsinin xarakterik xüsusiyyətlərindən biridir. Bu, özünü dövlət büdcəsinin, strateji valyuta ehtiyatlarının həcmində göstərir. Son 15 il ərzində dövlət büdcəsinin gəlirləri 16,7 dəfə artaraq, 2003-cü ildəki 1,2 mlrd. manatdan 2018-ci ildə 20,1 mlrd. manata çatmışdır. Qeyri-neft sektorunun inkişafı büdcə gəlirlərinin formalaşmasına da öz təsirini göstərməkdədir. Belə ki, 2017-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirləri 8,6 mlrd. manat olmuşdur ki, bu da 2003-cü illə müqayisədə 11,4 dəfə çoxdur.

Əsas kapitala yönəldilmiş vəsaitlər 2003-2017-ci illər ərzində 3,8 mlrd. manatdan 16,8 mlrd. manata çatmışdır. Bu isə real ifadədə 3 dəfə artım deməkdir. Təcrübə göstərir ki, neftlə zəngin olan bir çox ölkələr əldə olunan gəlirlərdən investisiya təyinatlı deyil, cari istehlak məqsədləri üçün istifadə etdiklərinə görə rəqabətqabiliyyətli və səmərəli iqtisadiyyat qura bilməmişlər.

2003-cü illə müqayisədə 2018-ci ildə dövlət büdcəsi xərclərinin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu xərcləri 55,5 dəfə artaraq, 86,9 milyon manatdan 4,8 mlrd. manata çatmışdır. Bu isə genişmiqyaslı infrastruktur layihələrinin maliyyələşdirilməsi deməkdir.

Dünyada investisiya layihələrinin bahalaşdığı bir şəraitdə neft dollarlarının yalnız depozit şəklində saxlanılması təklifi populizmdən başqa bir şey deyil. İnfrastruktur xərcləri neft gəlirlərinin yenidən bölgüsünü təmin etməklə, eyni zamanda, təkcə bugünkü deyil, həm də gələcək nəsillər üçün yatırılan kapital kimi dəyərləndirilməlidir.

Strateji valyuta ehtiyatları 26,2 dəfə artaraq, 2002-ci ildəki 1,6 mlrd. ABŞ dollarından 2017-ci ildə 42 mlrd. ABŞ dollarına yüksəlmişdir ki, bu da ÜDM-in həcmini üstələyir. 1990-cı illərin əvvəllərində Azərbaycanın valyuta ehtiyatlarının 90-95 faizi əsasən BVF və Dünya Bankının kreditləri hesabına formalaşırdısa, indi bu ehtiyatlar əsasən ixracdan əldə edilən valyuta gəlirlərindən ibarətdir. Ölkəmizin ixrac imkanlarının artması valyuta ehtiyatlarının formalaşmasında həlledici rol oynayır.

Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 25 faizdən azdır ki, bu da dünyada ən yaxşı göstəricilərdən sayılır. Qeyd edək ki, iqtisadi təhlükəsizlik baxımından kritik hədd 40 faizdir.

2003-2017-ci illərdə iqtisadiyyata kredit qoyuluşları 670 milyon manatdan 11,7 mlrd. manata çatmışdır.

Biz son 15 ildə qazandığımız uğurlarla kifayətlənməməliyik. Əksinə, nailiyyətlərimiz yaxın gələcəkdə daha miqyaslı işlərin həyata keçirilməsi üçün baza rolunu oynamalıdır. İlk növbədə, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artırılmalı, insan inkişafı indeksi yüksəldilməli, ölkəmizin innovasiyalı inkişafı təmin edilməli, modernləşmə prosesinə əngəl ola biləcək institusional maneələr aradan qaldırılmalıdır.

İQTİSADİYYAT VƏ SİYASƏT

Hər bir ölkədə iqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. İctimai-siyasi sabitliyin qorunub saxlanılması ölkəmiz üçün bu gün də imkanlar pəncərəsi kimi çıxış edir. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Balanslaşdırılmış uğurlu xarici siyasət iki və çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli şərait yaradır.

Kommunizm barədə utopiyaların hökmran olduğu dövrdə “Siyasət iqtisadiyyatın təmərküzləşmiş ifadəsidir” tezisi sovet ideoloqları tərəfindən tez-tez səsləndirilsə də, əslində o, reallığı əks etdirmirdi. Belə ki, siyasət iqtisadiyyatın deyil, əksinə, iqtisadiyyat siyasətin təmərküzləşmiş ifadəsinə çevrilmişdir. Sosializm dövründə iqtisadiyyat büsbütün siyasiləşdirilmiş və ideologiyalaşdırılmışdı. SSRİ kimi nəhəng dövlətin iqtisadiyyatı, o cümlədən sənayesi, sosial təminat sistemi, büdcəsi, xarici ticarəti sovet ideologiyasının başlıca ehkam və oriyentirlərinə tabe etdirilərək formalaşdırılırdı. Əsas məqsədi dünyanın ayrı-ayrı ölkələrinə sosializm “ixrac” etməkdən ibarət olmuş bu “super” dövlətin iqtisadi dayaqlarını isə hərbi-sənaye kompleksi və “müttəfiq” respublikaların təbii ehtiyatları təşkil edirdi. Belə bir halda siyasi və iqtisadi sərhədlərin bir qayda olaraq “bağlı” olması ittifaq dövləti üçün heç bir problem yaratmırdı. Keçmiş SSRİ-nin dünya təsərrüfat sistemindən təcrid olunması və beynəlxalq əmək bölgüsündə iştirak etməməsi nəticəsində yaranan çətinliklər “müttəfiq” respublikaların hesabına aradan qaldırılırdı.

Tarixi inkişafın indiki mərhələsində siyasətlə iqtisadiyyatın bir-birindən ayrılması və ya onların qarşı-qarşıya qoyulması yolverilməzdir. Çünki siyasətlə iqtisadiyyat arasında sıx əlaqə mövcuddur. Belə ki, indiki dövrdə siyasətimizə iqtisadi, iqtisadiyyatımıza isə siyasi prizmadan yanaşıb qiymət verməliyik. Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, bu dövrdə iqtisadiyyat və siyasət arasında əlaqənin forma və xüsusiyyətləri də bunu bir daha təsdiq edir. Siyasət iqtisadiyyatın fövqündə dayanmadığı kimi, iqtisadiyyat da siyasətin fövqündə dayana bilməz.

Nəzərə almalıyıq ki, dünyanın inkişaf etməkdə olan bir sıra ölkələri, o cümlədən Asiya “pələngləri” iqtisadi tərəqqiyə bazar iqtisadiyyatına keçməklə nail olmuşlar. Lakin bu ölkələrdə azad iqtisadiyyatın inkişafına yönəldilmiş radikal iqtisadi islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyətin sayəsində mümkün olmuşdur. Azərbaycanda da iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında və uğurla başa çatmasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynamışdır.

Ölkə rəhbərliyinin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın dövlət maraqlarının qorunmasında mühüm rol oynamış, ölkəmizin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət imkanlarını xeyli genişləndirmişdir. Müəyyən edilmiş strategiya isə Azərbaycanın müstəqil dövlət kimi iqtisadi dayaqlarını möhkəmləndirmişdir.

Əgər ilkin mərhələdə ölkə rəhbərliyinin siyasi kursu və diplomatik fəaliyyəti iqtisadi maraqlarımızın reallaşmasına xidmət edirdisə, indi iqtisadi sahədə əldə edilən uğurlar, həyata keçirilən iqtisadi diplomatiya ölkəmizin siyasi-strateji maraqlarına xidmət etməkdədir. Bu gün Azərbaycanda iqtisadiyyat və siyasət bir-birindən ayrılmazdır və çox uğurlu bir şəkildə tamamlanır. Prezident İlham Əliyevin iqtisadi quruculuq sahəsindəki fəaliyyəti strateji xarakter daşıyır və Azərbaycanın sosial-iqtisadi inkişafı üçün uzunmüddətli perspektivlər açır.

Dövlət quruculuğunun və iqtisadi islahatların ardıcıl həyata keçirilməsinin başlıca şərti ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasıdır. Biz hesab edirik ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti həm də sabitliyin qorunub saxlanılması naminə öz seçimini davamlı olaraq İlham Əliyevlə bağlayırlar. Ötən 15 il bu seçimin doğru olduğunu bir daha təsdiq edir.

Prezident İlham Əliyev 2018-ci il martın 19-da Novruz şənliyindəki çıxışında sabitlik məsələsinə toxunaraq demişdir: “Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik” 6 .

Xarici ekspertlər, dünyanın aparıcı siyasi təhlil mərkəzləri Azərbaycanda müşahidə edilən sabitliyi, dövlətimizin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin genişlənməsini, ölkənin siyasi rəhbərliyinin çevik və tarazlı diplomatiyaya malik olmasını hər zaman “imkanlar pəncərəsi” kimi dəyərləndirmişlər.

Həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi quruculuq işləri, dövlət proqramlarının vaxtında icrası, strateji layihələrin uğurla başa çatdırılması İlham Əliyevin dövlət başçısı kimi yaranmış imkanlardan səmərəli istifadə edə bilmə bacarığını və məharətini nümayiş etdirdi.

Əsaslı iqtisadi dəyişikliklər hər şeydən əvvəl cəsarətli siyasi qərarların qəbul edilməsindən, siyasi və ideoloji oriyentirlərin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasından asılıdır. Siyasi impuls olmadan iqtisadi və institusional islahatları həyata keçirmək mümkün deyil.

İqtisadiyyat və siyasətin qarşılıqlı əlaqəsinə dair Prezident İlham Əliyevin fikirləri xüsusi olaraq maraq doğurur: “İqtisadi inkişaf, siyasi inkişaf, cəmiyyətin demokratikləşməsi prosesi – bunlar hamısı paralel getməlidir. İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir. İndi dünyada gedən proseslər onu göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr dünyada öz yerini daha da möhkəm tuturlar, öz siyasətini daha da cəsarətlə aparırlar. İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyinə öz töhfəsini verir. İqtisadi cəhətdən heç kimdən asılı olmayan ölkə öz siyasətini də müstəqil şəkildə apara bilər və Azərbaycanın timsalında biz bunu görürük. ” 7 .

Dünya təcrübəsi də göstərir ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyətin sayəsində mümkün olur. Burada güclü hakimiyyət dedikdə güclü dövlət mexanizmi ilə yanaşı, həm də vətəndaşların ölkə rəhbərliyinə inam və etimadı başa düşülür. Ölkəmizdə də iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında Heydər Əliyevin qətiyyəti, sonrakı mərhələdə isə Prezident İlham Əliyevin iradəsi və prinsipiallığı, xalqın ona inamı və davamlı dəstəyi həlledici rol oynamışdır.

Keçmiş ittifaq respublikalarının əksəriyyətindən fərqli olaraq, Azərbaycanda siyasi hakimiyyətin sabitliyi və onun davamlı xarakteri təmin edilmişdir. Bir tərəfdən dövlət idarəçiliyi sahəsində sabitliyin qorunub saxlanılması, digər tərəfdən də Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatların həyata keçirilməsinə verdiyi siyasi dəstək iqtisadi transformasiya prosesinin sürətləndirilməsi və dövlət idarəetmə aparatında radikal dəyişikliklərin aparılması üçün əlverişli zəmin yaratmışdır.

İqtisadi diplomatiyanın hansı imkanlara malik olduğunu peşəkar bir səviyyədə qiymətləndirən Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafı məsələlərinə böyük önəm verməsi heç də təsadüfi deyil. Cənab Prezident müsahibələrinin birində bildirmişdir: “Hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır” 8 . Dövlət başçısının iqtisadi məsələlərə peşəkar və kompetent yanaşması, milli maraqlarımızı hər zaman önə çəkməsi iqtisadi diplomatiyanın təsir gücünü daha da artırır.

Azərbaycan Prezidentinin ötən dövrdəki fəaliyyətinə ümumi nəzər yetirsək, ölkəmizin strateji xarakterli bir çox problemlərinin həllində onun iqtisadi diplomatiyanın imkanlarından səmərəli istifadə etdiyini görərik. İlham Əliyev bu zaman Azərbaycanın potensialını, cəlb olunduğu strateji layihələrin əhəmiyyətini, gözlənilən inkişaf perspektivlərimizi nəzərə alır.

Fikrimizcə, Azərbaycanda iqtisadi diplomatiyanın əsası neft strategiyasının hazırlanması və “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyuldu. Neft strategiyasının ardıcıl həyata keçirilməsi isə iqtisadi diplomatiya ənənələrinin inkişafına xidmət etdi. Bu sahədə Prezident İlham Əliyevin xüsusi rolunu qeyd etmək lazımdır.

Müasir dünya dövlətləri bir-birləri ilə artıq hərbi deyil, çox hallarda məhz iqtisadi üsul və vasitələrlə mübarizə aparırlar. Azərbaycanın iqtisadi cəhətdən geniş manevretmə imkanları ona gələcəkdə bəzi dövlətlərə öz şərtlərini diktə etmək üçün şərait yaradır. Prezident İlham Əliyevin müasir dünya düzəninin iqtisadi və siyasi “oyun qaydaları”na dərindən bələd olması ölkəmizin maraqlarının bütün səviyyələrdə etibarlı şəkildə qorunmasına təminat verir.

İQTİSADİ GÜC DAĞLIQ QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ TƏSİRLİ VASİTƏ KİMİ

Təxminən 30 ildir ki, müstəqil Azərbaycan Respublikası keçmiş ittifaq dövlətinin miras qoyduğu Dağlıq Qarabağ münaqişəsinə cəlb edilib. Separatizm meyilləri keçmiş ittifaqın başqa respublikalarını da əhatə etsə də, bu proses Azərbaycanda olduğu kimi, ağrılı və uzunmüddətli xarakter daşımamışdır. Artıq imperiya buxovundan azad olmuş müstəqil dövlətimiz hazırda bütün səylərini təkcə dövlət quruculuğunun həyata keçirilməsinə və milli iqtisadiyyatımızın formalaşdırılmasına deyil, həm də Dağlıq Qarabağ probleminin həllinə yönəldir.

Bu problem ümummilli məsələ olduğuna görə siyasi mənsubiyyətindən, tutduğu vəzifədən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını düşündürür və narahat edir. Artıq onilliklərdir ki, münaqişənin həllində Ermənistan qeyri-konstruktiv mövqe tutur, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə məhəl qoymur və münaqişənin həllinə əngəl yaradır.

Keçmiş SSRİ-nin rəhbərliyi anlamalı idi ki, Ermənistanın “səpdiyi” separatçılıq və işğalçılıq toxumu ittifaqın digər respublikalarını və regionlarını da əhatə edəcək və bu, gələcəkdə idarəolunmaz prosesə gətirib çıxaracaq. Lakin ittifaq rəhbərliyinin, şəxsən Qorbaçovun Dağlıq Qarabağ probleminin həllində qətiyyətli və ədalətli mövqe tutmaması nəticəsində separatizm meyilləri dərinləşdi və münaqişə zəncirvarı prosesə çevrildi.

Ermənistan ayrı-ayrı xarici dövlətlər tərəfindən “bəslənildiyi” və himayə olunduğu halda, Azərbaycan heç bir xarici dəstək olmadan inkişaf edərək özünü müstəqil bir dövlət kimi təsdiq etməkdədir. Ölkəmizdə dövlət quruculuğu Ermənistandan fərqli olaraq, həmişə milli xarakter daşıyıb. Yəni, Azərbaycan öz müstəqil dövlətini yalnız öz gücü və daxili potensialı hesabına qurub və bu gün də ölkənin siyasi rəhbərliyi müstəqil dövlət quruculuğunu milli əsaslar üzərində və milli maraqlarımıza uyğun olaraq həyata keçirir.

2016-cı ilin aprel döyüşləri göstərdi ki, Ali Baş Komandandan sıravi ölkə vətəndaşlarınadək hər bir kəs ən son anda hərbi güc tətbiq etməklə torpaqlarımızın erməni işğalından azad edilməsinə hazırdır. Bu döyüşlər xalqımızda mübarizlik və vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunu bir daha təsdiq etdi.

Prezident İlham Əliyev işğal olunmuş torpaqlarımızı erməni təcavüzkarlarından azad etmək üçün istənilən vaxt hərbi gücdən istifadə ediləcəyini bildirir. O, həm də Ermənistanı işğalçı mövqedən çəkindirmək üçün iqtisadi təzyiq üsullarından geniş istifadə edilməsi fikirlərini də səsləndirir. Bu, o deməkdir ki, Dağlıq Qarabağ probleminin həllində hərbi güclə yanaşı, iqtisadi gücdən, iqtisadi diplomatiyanın imkanlarından bundan sonra da maksimum istifadə ediləcəkdir.

Milli iqtisadiyyatımızın inkişafı və dövlətin maliyyə imkanlarının artması fonunda ordumuzun maddi-texniki bazası da möhkəmləndirilir, hərbi xərclərimiz ilbəil artır. Ali Baş Komandan ordu potensialımızın gücləndirilməsini suveren hüququmuz olaraq dəyərləndirir və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək naminə bu hüquqdan istifadə ediləcəyini açıq şəkildə bəyan edir.

İqtisadi müharibədə Azərbaycanın mövqeyinin getdikcə güclənməsini nəzərə alaraq, onun daha sərt və sistemli bir şəkildə davam etdirilməsini zəruri hesab edirik. Artıq dünyada əks mövqedə dayanan ölkələr bir-birlərini silahla deyil, əsasən iqtisadi vasitələrlə zəiflətməyə üstünlük verirlər.

Prezident İlham Əliyev öz çıxışlarında Ermənistanla Azərbaycan iqtisadiyyatının müqayisəsini heç də təsadüfən aparmır: “Ərazilərimiz azad olunmayınca, Ermənistanla heç bir əməkdaşlıq etməyəcəyik. Ermənistan belə bir əməkdaşlığı çox arzulayır, buna çalışır. Biz Ermənistanla əməkdaşlıq etmədən də uzun illər, on illərlə gözəl yaşaya bilərik. Kommunikasiyaların açılmaması, regional proseslərdən kənarda qalması isə Ermənistana baha başa gələcəkdir. Onlar diasporun köməyinə, hər hansı başqa xarici mənbələrin maliyyələşdirməsinə nə qədər ümid bəsləyə bilərlər? Ölkə özü-özünü dolandıra bilmir. O, həmişə xaricdən gələn hansısa maliyyə mənbələrindən asılıdır. Azərbaycan isə ərazilərinin işğal edilməsinə, bir milyon qaçqının olmasına baxmayaraq, inkişaf edir və edəcəkdir” 9 . Xatırladaq ki, Ermənistan əvəzsiz yardımlardan və ya ianələrdən asılı vəziyyətdə olan ölkələrin siyahısında hər il bir qayda olaraq “liderlər” sırasında yer alır.

Ekspertlərin təxmini hesablamalarına əsasən Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində ölkəmizin iqtisadiyyatına yüz milyardlarla ziyan vurulmuşdur. Hazırda Ermənistan işğal etdiyi ərazidə kənd təsərrüfatı və sənaye potensialından, yerüstü və yeraltı təbii sərvətlərdən maksimum faydalanmağa çalışır.

MDB məkanında iqtisadi diplomatiya sahəsində Azərbaycan qədər geniş manevretmə imkanlarına malik olan ikinci ölkə yoxdur. Biz bu imkanlardan hərbi münaqişənin həllində maksimum istifadə etməliyik. İqtisadi diplomatiya və iqtisadi gücün tətbiq edilməsi bir çox hallarda siyasi diplomatiyadan və hərbi gücün tətbiqindən daha təsirli və dağıdıcı olur. Məhz bu baxımdan ölkəmizin iqtisadi siyasətində Ermənistanla hərbi münaqişə amili nəzərə alınır, işğalçı ölkəyə qarşı iqtisadi təzyiqin müxtəlif forma və üsullarından istifadə edilir.

Hərbi münaqişənin həllində iqtisadi diplomatiyanın imkanlarından istifadə edilməsi həm də böhran məngənəsində sıxılmaqda olan Ermənistanın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq təhlilini tələb edir. Fikrimizcə, Ermənistan iqtisadiyyatının ən zəif nöqtələri müəyyənləşdirilməli, işğalçı dövlətə qarşı iqtisadi gücün tətbiq edilməsinin cari və strateji istiqamətləri müəyyən edilməlidir.

Azərbaycan sovet imperiyası buxovundan azad olmaqla öz sərvətləri üzərində mülkiyyət hüququ əldə etdi. Bu isə iqtisadi potensialımızın dövlətçiliyimizin gücləndirilməsi və milli tərəqqi üçün istifadə edilməsinə zəmin yaratdı. Ermənistanda isə əksinə, sosial-iqtisadi problemlərin kəskinləşməsi dövrü başlandı.

Ermənistan digər keçmiş ittifaq respublikaları kimi dövlət müstəqilliyi əldə etsə də, iqtisadi cəhətdən buna hazır deyildi. Keçmiş sovet məkanında “ələbaxan” respublikalardan biri olan Ermənistanın birdən-birə müstəqillik qazanması onun üçün ciddi sosial-iqtisadi problemlərlə nəticələndi. Məlum olduğu kimi, SSRİ-nin vahid xalq təsərrüfatı kompleksindən daha çox Ermənistan faydalanırdı. Belə ki, onun ucuz enerji, xammal və ilkin emal məhsulları ilə təchizatı, istehsal edilən sənaye məhsulları üçün təminatlı və sabit satış bazarına malik olması, respublika büdcəsinin ittifaq büdcəsi hesabına subsidiyalaşdırılması Ermənistanın problemlərinin həllində əhəmiyyətli rol oynayırdı.

Keçmiş ittifaq respublikaları tərəfindən 1991-ci ildən etibarən qiymətlərin liberallaşdırılması Ermənistanı həm də ucuz xammal və yanacaq-enerji bazarından məhrum etdi. Məlum olduğu kimi, işğalçı ölkənin sənayesinin 50 faizi keçmiş SSRİ-nin hərbi sənaye kompleksindən asılı idi. Bir tərəfdən ittifaq büdcəsindən hərbi-sənaye kompleksi üçün mərkəzləşdirilmiş büdcə xərclərinin azaldılması, digər tərəfdən də Rusiyada hərbi yönümlü sənaye müəssisələrinin tədricən konversiya edilməsi, yəni istehsal yönümünün dəyişdirilməsi Ermənistandakı müəssisələrin əksəriyyətinin fəaliyyətinin tamamilə dayanmasına, bəzilərinin öz istehsal gücünün 15-20 faizi səviyyəsində işləməsinə səbəb oldu. Bu prosesin nəticəsində Ermənistan təkcə 1993-cü ildə 1992-ci illə müqayisədə sənaye məhsulu istehsalının 60 faizini, ərzaq məhsulları istehsalının isə 50 faizini itirdi.

Nə qədər təzadlı olsa da, keçmiş sovet məkanına daxil olan digər respublikalardan fərqli olaraq, Ermənistanda dövlət müstəqilliyinin əldə edilməsi onun tərəqqisindən daha çox, tənəzzülünə xidmət etdi. Başqa sözlə, Ermənistanın siyasi “azadlığı” ona iqtisadi fəsadlar gətirdi. Bu, bir daha işğalçı ölkənin “müstəqil dövlətçiliyi”nin dərin tarixi köklərə malik olmadığını göstərdi.

Ermənistan dünyaya yaydığı informasiyalarda Azərbaycan və Türkiyə tərəfindən blokadaya alındığını bəyan edir. Bu, o deməkdir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf 7 rayonunu işğal etməsinə, Naxçıvanı blokadada saxlamasına baxmayaraq, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərindən istifadə etmək iddiasındadır.

Erməni separatizminə cavab olaraq, Azərbaycan Ermənistana gedən nəqliyyat dəhlizi vasitəsilə yük daşımalarını 1989-cu ildən etibarən dayandırmışdır. Sovet ittifaqı dövründə Ermənistanın yük dövriyyəsinin 90 faizi Azərbaycanın nəqliyyat infrastrukturu hesabına təmin edilirdi. Təkcə Ermənistanın idxal etdiyi malların 85 faizi Azərbaycandan keçən dəmir yolu vasitəsilə daşınırdı. Yanacaq ehtiyatlarının 80 faizini isə işğalçı ölkə ərazimizdən keçən qaz kəməri və dəmir yolu vasitəsilə idxal edirdi.

Ermənistanın Azərbaycandan asılılığını xarakterizə edən bu rəqəmlərə nəzər saldıqda erməni separatçılarının öz ölkələri üçün nə qədər ciddi problem yaratdığı bir daha aydın olur. Ermənistan “xarici dəstəkdən” istifadə edərək Azərbaycan ərazisinin 20 faizini işğal etməklə, əslində çox şey itirdi. Hər şeydən əvvəl, neftin və qazın nəqlinə görə əldə edə biləcəyi sabit valyuta gəlirlərindən məhrum oldu. Gürcüstan kimi Ermənistan da Azərbaycanın həyata keçirdiyi transmilli enerji və nəqliyyat layihələrindən faydalana bilərdi.

Yeni ərazi davası aparan qonşumuzun sosial-iqtisadi problemlərinin kəskinləşməsi hər şeydən əvvəl onun regional iqtisadi inteqrasiya prosesində iştirak etməməsi ilə bağlıdır. Əgər Ermənistan ərazi iddialarından əl çəksəydi və Azərbaycanla Gürcüstanın, o cümlədən Türkiyənin birgə həyata keçirdiyi strateji iqtisadi layihələrə qoşulsaydı, xarici dövlətlərdən topladığı “ianələrdən” dəfələrlə artıq gəlir əldə edə bilərdi.

Ermənistan özünün neftə və qaza olan tələbatını bütünlüklə idxal hesabına ödəyir. Yəni, bu ölkənin xaricdən enerji asılılığı var. Azərbaycanla sərhədlərin bağlanması isə həmin enerji resurslarının nəqlini çətinləşdirir və xərcini artırır.

Azərbaycan işğalçı dövlətlə həm də iqtisadi gücün dili ilə danışır və Ermənistan bunun acı nəticələrini görməkdədir. Təsadüfi deyildir ki, erməni iqtisadçılar öz iqtisadiyyatlarının təhlili ilə bağlı hesabatların hər abzasında Azərbaycanın iqtisadi təzyiqinin doğurduğu nəticələrdən geniş bəhs edirlər.

Hər bir dövlətin başlıca vəzifəsi ölkə vətəndaşları üçün layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Lakin Ermənistan hökuməti bu vəzifəni yerinə yetirmək əvəzinə, işğalçı və separatçı mövqeyi ilə öz vətəndaşlarını məhrumiyyətlər qarşısında qoyur. Vaxtilə “Dağlıq Qarabağ uğrunda mübarizə”yə qalxmış ermənilər, indi öz fiziki mövcudluğunu qoruyub saxlamaq üçün mübarizə aparırlar. Sosial vəziyyəti kəskinləşməkdə olan ermənilər vaxt gələcək özləri Ermənistan rəhbərliyini işğalçı və separatçı mövqedən çəkindirməyə məcbur edəcəklər. Əks halda, Azərbaycan tərəfdən Ermənistana qarşı iqtisadi gücün tətbiqinin davam etdirilməsi işğalçı ölkəni sosial partlayış həddinə gətirib çıxaracaq. Bunun da acı nəticələrini həm Ermənistan rəhbərliyi, həm Ermənistan vətəndaşları, həm də Qarabağ erməniləri hiss edəcək…

Müstəqillik əldə etdikdən sonra Ermənistanın iqtisadi problemləri təkcə Azərbaycanın iqtisadi təzyiqlərinin nəticəsində deyil, həm də bu ölkənin iqtisadi dayaqlarının zəifliyi ilə əlaqədar olaraq kəskinləşmişdir. Təsadüfi deyildir ki, beynəlxalq iqtisadi təşkilatlar öz analitik hesabatlarında işğalçı ölkənin iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr qrupuna daxil edirlər.

Statistik məlumatların təhlili göstərir ki, Azərbaycan bir sıra makroiqtisadi göstəricilərə görə Ermənistanı dəfələrlə qabaqlayır. Hər bir dövlətin maliyyə təminatı onun büdcəsinin vəziyyəti ilə müəyyən edilir. Ermənistanda vergi bazasının ilbəil məhdudlaşması dövlət büdcəsinin icrası sahəsində ciddi problemlər yaratmaqdadır.

Dövlət büdcəsindəki gərginliyin nəticəsidir ki, Ermənistanın xarici borcu 2017-ci ildə kritik həddə – 5,4 mlrd. ABŞ dollarına çatmışdır. Bu, ÜDM-in təxminən 60 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, iqtisadi təhlükəsizlik baxımından kritik hədd 40 faiz hesab olunur.

Azərbaycanda və Ermənistanda xarici borcu təhlil edərkən bir cəhəti də nəzərə almaq lazımdır. Belə ki, beynəlxalq maliyyə təşkilatları borc vəsaitlərini ölkəmizə kredit qabiliyyətli olmasına, yəni bu borcu qaytarmaq üçün potensial valyuta ehtiyatlarına malik olduğuna görə ayırırlarsa, Ermənistan bu kreditləri xarici ölkələrdə fəaliyyət göstərən lobbisi hesabına əldə edir.

Milli iqtisadiyyatımızın xarici investorlar üçün daha cəlbedici olması Cənubi Qafqaz regionuna yatırılmış sərmayənin əsasən ölkəmizdə cəmləşməsinə şərait yaradır. Artıq Azərbaycan Qafqazın əsas ticarət və investisiya mərkəzinə çevrilməkdədir. Neft kapitalı da daxil olmaqla indiyə kimi Azərbaycana cəlb edilən xarici investisiyaların həcmi 2003-2017-ci illərdə 117,8 mlrd. ABŞ dolları təşkil etmişdir. Təsadüfi deyildir ki, ölkəmiz xarici investisiyaların adambaşına düşən həcminə və ÜDM-dəki payına görə bir çox ölkələri qabaqlayır.

Hər bir ölkənin iqtisadi təhlükəsizliyini xarakterizə edən əsas göstəricilərdən biri valyuta ehtiyatlarının həcmidir. Ermənistanda bu göstərici 2017-ci ildə 2,3 mlrd. ABŞ dolları təşkil etdiyi halda, Azərbaycanda bu rəqəm təxminən 42 mlrd. ABŞ dollarına çatır. Bu isə Ermənistanla müqayisədə 18 dəfə çoxdur.

Azərbaycan təkcə valyuta ehtiyatlarının həcminə görə deyil, həm də onun strukturuna və artım tempinə görə əlverişli mövqeyə malikdir. Valyuta ehtiyatlarının strukturunun təhlili göstərir ki, Ermənistan öz valyuta sərvətlərini əsasən xarici dövlətlərin ianələri və beynəlxalq maliyyə təşkilatlarının kreditləri hesabına formalaşdırır. Başqa sözlə, o, sabit valyuta gəlirlərinə malik deyil. Azərbaycan isə öz valyuta ehtiyatlarını əsasən qazanılmış, yəni, ixracdan əldə edilən valyuta gəlirləri hesabına formalaşdırır.

İqtisadi təhlükəsizliyi xarakterizə edən başqa bir göstərici ölkənin enerji ilə təchiz olunma səviyyəsidir. 1989-cu ilədək Ermənistanın qazla təchizatını əsasən Rusiya, Türkmənistan və Azərbaycan həyata keçirirdi. Ermənistanın separatçı fəaliyyətinə qədər Azərbaycan Transqafqaz Enerji Sistemi çərçivəsində bu ölkənin enerji təchizatında həlledici rol oynayırdı. İndi isə işğalçı Ermənistanın enerji təminatının aşağı səviyyədə olması artıq bu ölkəni iqtisadi uçuruma yaxınlaşdırıb.

Hər hansı bir ölkənin sosial vəziyyətini və perspektivini əhalinin sayının artım tempi, başqa sözlə demoqrafik meyillər müəyyən edir. BMT-nin statistik məlumatlarına əsasən, əhalinin orta illik sayı Azərbaycanda artdığı halda, Ermənistanda əksinə, hər il azalmışdır. Ermənistan üçün ciddi təhlükə doğuran bu meyil, həm də on minlərlə Ermənistan vətəndaşının ölkəni tərk etməsi ilə müşayiət edilir.

Hazırda Azərbaycan dünyanın qabaqcıl dövlətlərinin iqtisadi maraqlarını özündə birləşdirən regional strateji-iqtisadi mərkəzə çevrilib. Belə bir mövqenin qorunub saxlanılmasını ölkəmizin milli dövlətçilik maraqları tələb edir. Bu gün bizim başlıca məqsədimiz Azərbaycan Respublikasının bir dövlət kimi gücünü və qüdrətini daha da artırmaqdan, onun iqtisadi dayaqlarını möhkəmləndirməkdən ibarətdir. Bu, ona görə lazımdır ki, güclü Azərbaycan dövləti həm işğal olunmuş torpaqlarımızı azad etməyə, həm də ölkəmizin ərazi bütövlüyünü qorumağa qadir olmalı və bunun üçün özünün hərbi və iqtisadi potensialını daha da artırmalıdır.

DÖVLƏT İDARƏÇİLİYİNİN PRİNSİPLƏRİ VƏ İNSTİTUSİONAL İSLAHATLAR

“Biz Azərbaycan xalqı üçün işləyirik. Onlar bizə bu etimadı göstəriblər və biz də bu etimadı doğrultmalıyıq. ” 10 . Bu fikirlərlə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti olaraq dövlət idarəçiliyi sahəsində əsas prinsipini bəyan etmiş oldu.

Prezident İlham Əliyevin “Vətəndaşlar dövlətə deyil, dövlət vətəndaşlara xidmət etməlidir” prinsipini rəhbər tutması həyata keçirilən idarəetmə islahatlarında, ilk növbədə, ölkə vətəndaşlarının maraq və mənafelərinin önə çəkilməsini bir daha təsdiq edir. İnstitusional islahatlar dövlət məmurları tərəfindən ölkə vətəndaşlarına göstərilən xidmətin daha da təkmilləşməsinə və yaxşılaşdırılmasına yönəldilmişdir.

Ölkə rəhbərliyi tərəfindən tətbiq edilən idarəetmə texnologiyasının əsas cəhətlərindən biri hər bir məmurun fəaliyyətinin əldə edilmiş konkret nəticələr əsasında qiymətləndirilməsidir. Fəaliyyətin nəticələrə görə qiymətləndirilməsi prinsipi bir qayda olaraq, dövlət məmurlarının öz işinə daha məsuliyyətlə yanaşması ilə nəticələnir, digər bir tərəfdən də dövlət idarəetmə aparatının daha səmərəli və məhsuldar işləməsinə zəmin yaradır.

Prezident İlham Əliyev 2003-cü ildə Nazirlər Kabinetinin ilk iclasında yeni təsdiq etdiyi hökumət üzvlərinə müraciət edərək demişdir: “Mən bildirmək istəyirəm ki, hər birinizin gələcək fəaliyyəti nəticələrdən asılı olacaqdır. Bütün sahələrdə nəticələr olmalıdır. Hamıdan tələb edirəm ki, öz işinə məsuliyyətlə yanaşsın və öz vəzifə borcunu vicdanla yerinə yetirsin” 11 .

Bu gün idarəetmə sistemində aparılan dəyişikliklər idarəetmə texnologiyasında müasir üsul və formaların tətbiq edilməsinə, bəzi dövlət orqanlarında mövcud olan süstlük və ətalətin aradan qaldırılmasına, onların koordinasiyasının daha səmərəli və çevik təşkil edilməsinə, dövlət qulluğunun müasir tələblərə uyğun qurulmasına yönəldilmişdir.

Dövlət başçısı artıq ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı təxirəsalınmaz vəzifələr müəyyən edib. Bunu, əslində, iqtisadi quruculuq prosesinin yeni mərhələsinin vəzifələri də hesab etmək olar. Bu vəzifələrin dövlət orqanları tərəfindən uğurla yerinə yetirilməsi ölkə vətəndaşları qarşısında nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətlidir.

Müəyyən edilmiş hədəflərə çatmaq üçün görülən işlərə peşəkar yanaşmadan başqa, həm də komanda prinsipinə ciddi riayət edilməsi tələb olunur. Komanda prinsipi heç də hər bir dövlət məmurunun eyni cür düşünməli olduğunu deyil, ölkənin inkişafının strateji istiqamətləri ilə bağlı vahid mövqe nümayiş etdirmələrini, qarşıya qoyulan məqsəd və vəzifələrin reallaşdırılması naminə bütün səylərini səfərbər etmələrini nəzərdə tutur.

Öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik. Bu baxımdan Prezident İlham Əliyev yerli sahibkarlarla görüşü zamanı dövlət məmurlarının vahid komanda şəklində çalışmasının vacibliyini heç də təsadüfən söyləməmişdir: “Azərbaycanın gözəl gələcəyi var. Azərbaycanda sabitlik var. Azərbaycanda gözəl insan potensialı var, çox peşəkar insanlar var. Əlbəttə, siyasi iradə də var. Əgər biz hamımız hərə öz yerində bu istiqamətdə vahid bir komanda kimi çalışsaq, əminəm ki, yaxın zamanlarda Azərbaycanda sahibkarların qarşısında heç bir problem olmayacaqdır” 12 .

Prezident İlham Əliyevin çıxışları və söylədiyi fikirlər əsasında onun kadr siyasətinin konturlarını da görə bilərik. Cənab Prezident müsahibələrinin birində qeyd edir: “Hesab edirəm ki, Azərbaycanda çox güclü kadr potensialı yaranıbdır. Bu potensialı, peşəkar insanları qorumaq lazımdır. Sizə deyim ki, onlar Azərbaycanda o qədər də böyük sayda deyillər. Əlbəttə, hər bir məmura, hər bir vəzifəli şəxsə eyni gözlə baxıram. Mən ayrı-seçkilik eləmirəm və hesab edirəm, kim öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirsə, əlbəttə, öz işinə davam etməlidir”.

Hər bir məmur kadr məsələsində dövlət maraqlarına uyğun meyarları əsas götürməli və öz fəaliyyəti ilə kadr siyasətinə kölgə salmamalıdır. Ayrı-ayrı məmurların kadrlara münasibətdə özbaşınalığı, cılız və subyektiv yanaşması nəticəsində kadr potensialının itirilməsinə imkan vermək olmaz.

Azərbaycanda institusional islahatların mahiyyətinin, onun məqsəd və vəzifələrinin düzgün qiymətləndirilməsi struktur dəyişikliklərinin uğurla aparılmasının həlledici şərtlərindən biridir. Lakin müşahidələr göstərir ki, idarəetmə islahatlarının “fəlsəfəsi” ilə bağlı bir-birindən fərqli təsəvvürlər mövcuddur.

İdarəetmə islahatları bir qayda olaraq, yalnız azad iqtisadiyyatın inkişafına və bürokratik meyillərin aradan qaldırılmasına, çevik idarəçiliyə və koordinasiyaya şərait yaratdığı halda iqtisadi və təşkilati baxımdan müsbət nəticələr əldə olunur. Ümumiyyətlə, dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin islahatların aparılması yolunda qarşıya çıxan “maneələri” asanlıqla dəf etməyə imkan verir.

Bütün postsosialist ölkələri və keçmiş ittifaq respublikaları kimi Azərbaycan da bazar iqtisadiyyatına keçid prosesinə qəbul edilmiş ümumi “reseptlər” əsasında başlamışdır. Bu mənada transformasiya dövrünü yaşayan ölkələrdə iqtisadi islahatların gedişi və onun mərhələləri bir-birindən demək olar ki, fərqlənmirdi. Başlıca fərq həmin ölkələrin seçmiş olduğu tənzimləmə və idarəetmə modelindədir. Sözsüz ki, iqtisadi potensialı, sənaye strukturu, milli iqtisadi maraqları, geopolitik mövqeyi, yeni iqtisadi münasibətlərin formalaşması sürəti bir-birindən fərqli olan ölkələrin tənzimləmə modeli və idarəetmə sistemi də eyni ola bilməz. Buna görə də Prezident İlham Əliyev tərəfindən Azərbaycanda sosial-iqtisadi inkişafın spesifik xüsusiyyətlərini və mövcud reallıqlarını nəzərə alan iqtisadi tənzimləmə modeli və idarəetmə sistemi qurulmuşdur.

Dövlət idarəetmə sisteminin yenidən qurulması prosesində diqqət yetirilməli mühüm məsələlərdən biri idarəetmə islahatlarının iqtisadi islahatların tempi ilə düzgün əlaqələndirilməsidir. Yəni, idarəetmə sisteminin restrukturizasiyası ilə yeni iqtisadi sistemin formalaşması bir-birini tamamlamalıdır. Bu baxımdan ölkəmizdə idarəetmə sisteminin təkmilləşdirilməsi iqtisadi islahatların gedişi ilə sinxronlaşdırılır və bu da, öz növbəsində, iqtisadiyyatın səmərəli tənzimlənməsinə əlverişli şərait yaradır.

Dövlət idarəetmə sistemində islahatların yeni mərhələsi artıq reallaşmaqdadır. Struktur islahatlarının uğurla nəticələnməsi dövlət orqanlarının hüquq və səlahiyyətləri ilə məsuliyyətlərinin balanslaşdırılmasından, idarəetmə sistemində şəffaflığın, iqtisadiyyatda isə debürokratizasiyanın təmin edilməsindən asılıdır. Bu isə son nəticədə dövlət qurumları ilə biznes sektoru arasında münasibətlərin daha sağlam əsaslar üzərində qurulmasına şərait yaradır.

İqtisadiyyatın liberallaşdırılması və yeni iqtisadi münasibətlərin formalaşması, dövlət sektoru ilə xüsusi sektor arasında nisbətin dəyişməsi öz-özlüyündə dövlətin iqtisadi funksiyalarını müəyyən etmir. İstər Qərbi, istərsə də Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, bu ölkələrin iqtisadi inkişafı eyni prinsiplərə əsaslansa da, dövlətin iqtisadiyyatdakı rolu bir-birindən fərqlənir. Belə bir fərq hər şeydən əvvəl hər bir dövlətin öz qarşısına qoyduğu vəzifələrin və bu vəzifələrin həyata keçirilməsi üçün seçilmiş olan üsul və vasitələrin müxtəlifliyindən irəli gəlir.

Dövlət idarəetmə aparatının yenidən təşkili Azərbaycan Respublikasının Konstitusiyasına və ölkəmizin dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlara əsaslanaraq, yeni iqtisadi düzənin prinsiplərini, müstəqil dövlətimizin qloballaşan dünyaya inteqrasiyasının bugünkü reallıqlarını, milli iqtisadiyyatımızın inkişaf meyillərini, nəhayət, formalaşmaqda olan iqtisadi sistemin tələblərini nəzərə almaqla həyata keçirilir.

İdarəetmə sistemində islahatları ayrı-ayrı dövlət orqanlarının ləğvi və ya birləşdirilməsi, yaxud da yeni strukturların yaradılması kimi xarakterizə etmək olmaz. İnstitusional islahatlar birinci növbədə dövlət strukturlarının tənzimləyici rolunun gücləndirilməsini və onların fəaliyyətinin səmərəliliyini təmin etməlidir. Bu, heç də bürokratik meyillərin dərinləşdirilməsi demək deyil. Əksinə, idarəetmə sistemində aparılan islahatlar dövlət idarəetmə orqanlarının debürokratizasiyasına, iqtisadiyyatda dövlət inhisarçılığının aradan qaldırılmasına şərait yaratmalıdır.

İdarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir. Belə ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur. Qüvvədə olan əsasnamələrin yenidən hazırlanması iqtisadiyyatın idarə edilməsi sahəsində təkrarçılığı aradan qaldıra bilər. Dövlət orqanlarının təşkilati strukturunu vahid meyar və prinsiplərlə formalaşdırmaq məqsədi ilə nazirlik və komitələr, agentlik və xidmətlər üzrə yeni nümunəvi əsasnamənin hazırlanması da məqsədəuyğundur.

Azərbaycanın dövlət idarəetmə aparatında nəzərdə tutulan dəyişikliklər ölkənin mövcud reallıqlarına cavab verməklə yanaşı, həm də Əsas Qanunumuzun tələblərinə uyğun olaraq həyata keçirilir. Konstitusiyaya əsasən ali icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Dövlət idarəetmə aparatı da bu prinsipə uyğun olaraq fəaliyyət göstərməli və təkmilləşdirilməlidir.

Hesab edirik ki, Azərbaycanda prezidentli respublika üsuli-idarəsinin seçilməsi iqtisadi sistemin transformasiyasının və radikal iqtisadi islahatların həyata keçirilməsinin sürətləndirilməsi baxımından özünü doğrultmuşdur. Təsadüfi deyildir ki, bir çox ekspertlər keçid mərhələsində olan ölkələr üçün prezidentli respublikaya əsaslanan dövlət idarəçiliyini daha məqsədəuyğun hesab edirlər.

Azərbaycan Respublikasının Konstitusiyası iqtisadi idarəçilik sahəsində ali hakimiyyət və dövlət orqanlarının hüquq və səlahiyyətlərini, əsas vəzifələrini dəqiq müəyyən etmişdir. Belə ki, ali icra hakimiyyəti – Azərbaycan Respublikasının Prezidenti dövlətin iqtisadi və sosial proqramlarını təsdiq etməklə sosial-iqtisadi siyasəti müəyyən edir. Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanı kimi dövlət proqramlarının icrasını, yəni, ölkə başçısı tərəfindən müəyyən edilmiş iqtisadi siyasətin həyata keçirilməsini təmin edir. Mərkəzi icra hakimiyyəti orqanları isə öz səlahiyyətləri daxilində müvafiq proqramların reallaşdırılmasında iştirak edir, dövlətin ayrı-ayrı sahələr üzrə müəyyən edilmiş siyasətini həyata keçirir.

Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir. Konstitusiya islahatları çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri institutu yaradılmışdır. Xüsusilə də Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin dövlət idarəçiliyi tarixində yeni mərhələnin əsasını qoydu. Bu təyinat ali dövlət idarəçiliyinin təkmilləşdirilməsi və daha da gücləndirilməsi, hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsi, dövlət idarəetmə orqanlarında qərarların operativ qəbulu, sosial-humanitar sahədə dövlət siyasətinin uğurla həyata keçirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Ölkə iqtisadiyyatının sürətlə yeniləşdiyi bir vaxtda iqtisadi yönümlü dövlət orqanlarının fəaliyyətinin səmərəli koordinasiyasının təmin edilməsi xüsusi aktuallıq kəsb edir. Dövlət idarəetmə sistemində islahatlar hər şeydən əvvəl iqtisadi idarəetmə və tənzimləmə “yükü”nün dövlət orqanları arasında “səmərəli” və “ədalətli” bölgüsünə yönəldilməlidir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən iqtisadi məsələlərə sistemli və kompleks şəkildə baxılması islahatların gedişinə mane olan amillərin, iqtisadiyyatımızın zəif nöqtələrinin vaxtında aşkar edilməsində həlledici rol oynayır. Belə bir yanaşma iqtisadi siyasəti hazırlayan və koordinasiya edən strukturlara daha səmərəli işləmək üçün əlverişli şərait yaradır.

İnstitusional islahatların mühüm istiqamətlərindən biri antikorrupsiya tədbirlərinin həyata keçirilməsidir. 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bu sahədə hüquqi bazanı formalaşdırmaqla yanaşı, həm də hakimiyyətin korrupsiya ilə mübarizədə siyasi iradəsini nümayiş etdirdi.

Həmin ildə Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nı (2004-2006-cı illər) təsdiq etdi. Proqramda korrupsiyanın qanunun aliliyinə, dövlət idarəçiliyinin səmərəli fəaliyyətinə, iqtisadi inkişafa təhlükə yaratdığı qeyd olundu və korrupsiyaya qarşı mübarizədə ümumi dövlət siyasətinin həyata keçirilməsinin vacibliyi bir daha bəyan edildi.

Dövlət Proqramının icra müddəti bitdikdən sonra Prezident İlham Əliyev 2007-ci ildə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nı və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planını təsdiq etmişdir. Bu strategiyaya əsasən korrupsiyaya qarşı mübarizənin institusional mexanizminin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulurdu.

Şəffaflığın artırılması ilə bağlı beynəlxalq təşəbbüslərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Prezident İlham Əliyev dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədi ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq etdi. Bu çərçivədə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmək üçün 2016-2018-ci illəri əhatə edən yeni fəaliyyət planı da qəbul edildi.

Açıq hökumət prinsiplərindən biri olan ictimai iştirakçılığın genişlənməsi üçün qanunvericilik bazasını təmin edən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu dövlət orqanları yanında ictimai şuraların yaradılmasını, ictimai əhəmiyyət kəsb edən qanun və qərar layihələrinin müzakirəsində və dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakına şərait yaratmışdır.

İdarəetmə sistemində şəffaflığın təmin edilməsi üçün dövlət idarəçiliyində müasir informasiya texnologiyalarının imkanlarından maksimum istifadə edilməsi tələb olunur. Son illər inzibati prosedurlar və dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə 91 qurum elektron hökumət portalı vasitəsilə 438-dək elektron xidmət göstərmişdir.

Dövlət idarəçiliyində şəffaflığın təmin edilməsində “ASAN xidmət”in yaradılması xüsusi əhəmiyyət kəsb edir. “ASAN xidmət” – Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzdir. 2013-cü ildən fəaliyyətə başlayan “ASAN xidmət” BMT-nin 2015-ci ildə “Dövlət Xidmətləri Mükafatına” layiq görülmüşdür. “ASAN xidmət”ə indiyə qədər edilən müraciətlərin sayı 20 milyonu keçib.

İdarəetmə islahatları, ilk növbədə, hökumətin iqtisadi blokunu əhatə edir. Bu isə tamamilə təbii qəbul edilməlidir. Belə ki, iqtisadi yönümlü dövlət orqanlarının təşkilati strukturu və funksiyaları yeniləşməkdə olan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmalıdır. Yeni iqtisadi şəraitdə iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsi köhnə idarəçilik prinsiplərinə əsaslana bilməz.

DÖVLƏT NƏZARƏTİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

Hər bir ölkədə idarəetmə və dövlət nəzarəti sisteminin xüsusiyyətlərini mövcud iqtisadi münasibətlərin xarakteri müəyyənləşdirir. Bu mənada ölkəmizdə bazar münasibətlərinin tədricən formalaşması, iqtisadiyyatın liberallaşması dövlət idarəetmə və nəzarət sistemində keyfiyyət dəyişikliklərinə səbəb olmuş və onun fəaliyyətinə yeni məzmun vermişdir.

İstənilən iqtisadi sistem özünə uyğun idarəetmə və tənzimləmə mexanizminin yaradılmasını tələb edir. Nəzarət sistemi isə dövlət idarəetmə sisteminin tərkib hissəsi və onun bir qolu olduğuna görə hüquqi dövlət, demokratik cəmiyyət və azad iqtisadiyyat kimi prinsiplər bu sistemdə də nəzərə alınmaya bilməz.

Əgər planlı təsərrüfat sistemində dövlət idarəetmə aparatı iqtisadiyyat üzərində total nəzarət funksiyasını yerinə yetirirdisə, yeni mərhələdə dövlət orqanları daha çox tənzimləyici rol oynamalıdırlar. Nəzarət funksiyaları isə ciddi şəkildə reqlamentləşdirilməlidir.

Heydər Əliyev dövlət nəzarəti sisteminin yenidən təşkilinə xüsusi diqqət yetirirdi. Ümummilli Liderin imzaladığı iki mühüm sənəd – “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 1996-cı il 17 iyun tarixli və “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişaf etdirilməsi sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 1999-cu il 7 yanvar tarixli fərmanlar bir çox hallarda “nəzarətsizliyə” səbəb olan dövlət nəzarəti sistemində radikal dəyişikliklərin əsasını qoydu.

Məhkəmənin qərarı olmadan hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağan edildi. Vergilər Nazirliyinin səyyar vergi yoxlamalarının sayı azaldıldı, işçi heyəti 40 faiz ixtisar edildi. Yerli icra hakimiyyəti orqanlarının nəzarət qurumları ləğv olundu.

Dövlət nəzarəti sistemində aparılan əsaslı dəyişiklikləri heç də dövlət nəzarətinin yumşaldılması və ya aradan qaldırılması kimi xarakterizə etmək olmaz. Dövlət heç bir halda qanunların pozulmasına, dövlət əmlakı və vəsaitinin dağıdılmasına, mənimsənilməsinə göz yuma bilməz. Əksinə, milli iqtisadiyyatını formalaşdıran bir ölkə kimi Azərbaycanda dövlət nəzarəti daha da sərtləşdirilməli idi. Bu sərtlik isə “məqsədli” əsassız yoxlamaların aparılması ilə deyil, qanun pozuntularının aşkar edilməsi və onun nəticələrinin aradan qaldırılması ilə müəyyən edilir. Bir sözlə, nəzarət sistemində aparılan islahatlar dövlət nəzarətinin yumşaldılmasına yox, onun təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına və bu sistemin bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən təşkilinə yönəldilmişdir.

Dövlət nəzarəti sistemində aparılan islahatların zəruriliyini və bu sahədə müşahidə edilən dəyişikliklərin xarakterini müəyyən etmək üçün yaxın keçmişimizə – amirlik iqtisadiyyatının təcrübəsinə nəzər salmalıyıq.

Bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdən fərqli olaraq, mərkəzləşdirilmiş planlı təsərrüfat sistemində dövlət nəzarəti iqtisadiyyatın bütün sahələrini əhatə etməklə total xarakter daşıyırdı. Əsas nəzarət obyekti olan dövlət müəssisələrinin fəaliyyəti tamamilə reqlamentləşdirilmişdir. Onlar yalnız dövlət sifarişlərinin icraçıları kimi fəaliyyət göstərirdilər. Sahibkarlıq fəaliyyəti, ticarət vasitəçiliyi, valyutanın və qiymətli kağızların alqı-satqısı qanunvericiliklə qadağan edilmişdir. Bu sahədə hər hansı bir fəaliyyət son nəticədə cinayət məsuliyyətinə səbəb olurdu. Qadağaların çox olması nəzarətin miqyasını da genişləndirmişdi.

Son illər ölkəmizdə həyata keçirilən institusional islahatlar çərçivəsində dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl və kompleks tədbirlər görülməkdədir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununa əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılmışdır. Qanuna görə bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, qida təhlükəsizliyinə və dövlətin maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparıla bilər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 noyabr tarixli Fərmanı ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək uzadılmışdır.

Müqayisə üçün qeyd edək ki, yoxlamaların sayı onun dayandırılmasından əvvəl 2 il ərzində 120 mindən çox idisə, yoxlamaların dayandırıldığı növbəti 2 il ərzində bu rəqəm 200-dən az olmuşdur.

İqtisadiyyatın geniş miqyasda liberallaşdığı, sahibkarlıq fəaliyyəti üçün qadağaların aradan qaldırıldığı bir vaxtda dövlətin iqtisadi subyektlər üzərində total nəzarəti artıq praktiki baxımdan mümkün deyil. Yeni şəraitdə dövlətin iqtisadi nəzarəti əsasən maliyyə nəzarəti xarakteri daşımalıdır. Bu cür nəzarət, öz növbəsində, maliyyə intizamının artırılmasını, mülkiyyət formasından asılı olmayaraq, bütün iqtisadi subyektlərin dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsini, ölkənin maliyyə təhlükəsizliyini təmin etməlidir.

Maliyyə nəzarətini yalnız büdcə-vergi nəzarəti ilə məhdudlaşdırmaq olmaz. O, valyuta, gömrük və bank nəzarətini də əhatə etməklə maliyyə resurslarının formalaşması, bölgüsü və istifadə edilməsi prosesinin qanuniliyinə, məqsədəuyğunluğuna və səmərəliliyinə nəzarət edilməsi sahəsində dövlət orqanlarının və auditor təşkilatlarının həyata keçirdikləri tədbirlərin məcmusudur. Sistemli maliyyə nəzarətinin təşkili aşağıdakı şərtlərin yerinə yetirilməsindən asılıdır:

– birincisi, maliyyə nəzarətinin subyektləri, yəni hansı qurumların nəzarət edəcəyi konkret müəyyən edilməli;

– ikincisi, maliyyə nəzarətinin obyektləri, yəni hansı qurumlara nəzarət ediləcəyi konkretləşdirilməli;

– üçüncüsü, nəzarətin predmeti – nəyə nəzarət olunduğu dəqiqləşdirilməli;

– dördüncüsü, nəzarətin prinsipləri, metod və metodologiyası, texnika və texnologiyası müəyyənləşdirilməlidir.

Maliyyə nəzarətinin sistemliliyini təmin etmək üçün ən əsas şərt nəzarətin nəticələri üzrə konkret qərarların qəbul edilməsidir. Yəni, maliyyə nəzarətinin başlanğıc və son nöqtəsi olmalı və onların hər ikisi bir-birini tamamlamalıdır.

Maliyyə nəzarətinin əsas istiqamətlərindən birini büdcə nəzarəti təşkil edir. Maliyyə nəzarətindən fərqli olaraq, büdcə nəzarətinin miqyası məhduddur. Belə ki, büdcə nəzarəti əsasən dövlət sektorunu, dövlətin maliyyə vəsaitlərindən istifadə edən müəssisə və təşkilatları əhatə edir.

Milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün büdcə nəzarəti və onun səmərəli təşkili xüsusi əhəmiyyət kəsb edir. Dövlət özünün funksiyalarını maneəsiz və normal bir şəkildə həyata keçirmək və sosial-iqtisadi prosesləri çevik tənzimləmək imkanına malik olmalıdır. Bu imkanların reallaşması isə dövlət vəsaitinin həcmi ilə müəyyən olunur. Dövlətin malik olduğu maliyyə resursları nə qədər çox olarsa, onun sosial-iqtisadi proseslərə təsir etmək imkanları da geniş olar. Bu mənada ölkəmizdə büdcə nəzarəti bir tərəfdən maliyyə resurslarından səmərəli və qənaətlə istifadə edilməsini təmin etməli, digər tərəfdən də büdcə mədaxilinin artırılması üçün mövcud olan ehtiyatları aşkar etməlidir.

Dövlət idarəetmə sisteminin səmərəliliyi həm də dövlət vəsaitlərinin istifadə olunması vəziyyəti ilə bağlıdır. Buna görə də son illərdə büdcə sistemi, dövlət satınalmaları və büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsi ilə bağlı qanunvericilik təkmilləşdirilmiş, hesabatlılıq və şəffaflığın artırılmasını, maliyyə inzibatçılığının gücləndirilməsini nəzərdə tutan dəyişikliklər edilmişdir.

Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqların, qanunvericiliklə müəyyən olunmuş vəzifə və funksiyaların icrasını təmin etmək üçün son illər Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən bir sıra addımlar atılmaqdadır. Nəzarət funksiyalarının gücləndirilməsi dövlətin ali audit qurumuna yol verilmiş maliyyə və prosedur nöqsanlarının müəyyən edilməsinə sistemli yanaşmanı tətbiq etməklə yanaşı, həmin nöqsanların nəticələrinin aradan qaldırılması ilə bağlı təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratmaqdadır. Belə ki, son illərdə nəzarət tədbirlərinin nəticəsi kimi dövlət büdcəsinə bərpa edilmiş vəsaitlərin həcmi xeyli artmışdır.

Dövlət vəsaitləri üzərində ictimai nəzarət mexanizmlərinin səmərəliliyi hesabatlılığın və şəffaflığın təmin olunması ilə də sıx bağlıdır. Bu istiqamətdə Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti orqanı kimi atdığı addımlar, xüsusilə də nəzarət tədbirləri ilə bağlı məlumatların ictimailəşdirilməsi, tərtib olunmuş rəylərin və hesabatların açıqlanması, vətəndaşlara QHT və KİV tərəfindən yönəldilmiş sorğuların cavablandırılması, rüblük bülletenlərin nəşri beynəlxalq standartların nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir.

Atılan addımlar Hesablama Palatasının ali audit qurumları icmasında yerini möhkəmləndirməklə yanaşı, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yüksəlməsinə xidmət etməkdədir. Qeyd etmək yerinə düşər ki, Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatının Açıq Büdcə İndeksi–2017 hesabatında Azərbaycan Respublikasının Hesablama Palatasının dövlət büdcəsinə nəzarət sahəsində fəaliyyətini 100 ballıq şkala üzrə 83 balla qiymətləndirmişdir.

Dövlət vəsaitlərindən istifadə edən və ya dövlət mülkiyyətində olan müəssisə və təşkilatlara maliyyə nəzarəti daha da sərtləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, bu cür müəssisələr özəl şirkətlərdən fərqli olaraq israfçılığa meyilli olurlar. Dövlət vəsaitlərindən qənaətlə istifadəni təmin etmək üçün dövlət büdcəsi vəsaitlərinin konkret proqram və layihələr üzrə ayrılması təcrübəsi genişləndirilməlidir.

Maliyyə nəzarəti sistemində vergi nəzarəti orqanlarının üzərinə böyük məsuliyyət düşür. Müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o, həm də iqtisadi inkişafın stimullaşdırıcı aləti kimi çıxış edir. Bu baxımdan vergi orqanlarının fəaliyyəti sahibkarlığın inkişafını dəstəkləməlidir. Vergi xidmətində peşəkar və təmiz kadrlara üstünlük verilməli, vergi əməkdaşlarının yüksək səviyyəli xidmət göstərməsi üçün onlara normal iş rejimi yaradılmalıdır.

Vergi sisteminə hörmət və inamın artırılması üçün ciddi addımlar atılmalı, vergiödəyiciləri ilə münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanmalıdır. Vergi uçotunun dəqiq aparılması, auditin real funksiyasının bərpa olunması, vergilərin yığılmasından vergilərin ödənilməsinə keçidin təmin edilməsi yeni mərhələdə vergi nəzarəti orqanlarının xüsusi diqqət yetirməli olduqları fəaliyyət istiqamətləri olmalıdır.

Maliyyə nəzarəti sistemində ölkənin iqtisadi sərhədlərini qoruyan gömrük orqanlarının da xüsusi yeri vardır. Mövcud qanunvericiliyə əsasən gömrük orqanları dövlət icra hakimiyyəti sistemində hüquq-mühafizə orqanı statusuna malik olsa da, onlar daha çox vergi və valyuta nəzarəti funksiyası daşıyırlar. Bu baxımdan Dövlət Gömrük Komitəsi özünün tənzimləyici və fiskal funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdıraraq həyata keçirməlidir.

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli Sərəncamına əsasən, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sisteminin yaradılması istiqamətində ciddi tədbirlər görülmüşdür.

2016-cı il aprel ayının 4-dən etibarən gömrük prosedurlarının daha da sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi və xarici ticarət əməliyyatlarının liberallaşdırılması məqsədi ilə elektron bəyanetmə sisteminin tətbiqinə başlanmışdır.

Azərbaycanda bank nəzarətini müasir dövrün tələblərinə uyğun qurmadan maliyyə nəzarəti sistemini təkmilləşdirmək qeyri-mümkündür. Nəzərə almalıyıq ki, bir çox qeyri-qanuni maliyyə əməliyyatlarının aparılması, “çirkli” pulların rəsmi dövriyyəyə cəlb edilməsi, vergidən yayınma və sair bu kimi bir çox hallar çevik bank nəzarətinin olmaması ilə əlaqədardır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmışdır. Palata kreditorların, investorların və sığortaolunanların hüquqlarını qoruyan qurumdur. Ölkənin qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin çevikliyinin və şəffaflığının təmin edilməsi, eyni zamanda, bu sahələrdə tənzimləmə və nəzarətin həyata keçirilməsi, maliyyə sektorunun dayanıqlığının qorunub saxlanılması Palatanın missiyasına daxil olan əsas vəzifələrdir.

Maliyyə nəzarətinin əsas istiqamətlərindən biri kimi valyuta nəzarətinə xüsusi diqqət yetirilməlidir. Valyuta nəzarəti orqanları gizli valyuta dövriyyəsinin aradan qaldırılması, xarici valyutanın ölkədən qanunsuz olaraq çıxarılmasının qarşısının alınması və ölkənin valyuta ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində təsirli tədbirlər görməlidirlər.

Ölkədə müstəqil audit xidmətini inkişaf etdirmədən, onun fəaliyyətini təkmilləşdirmədən maliyyə nəzarətinin müasir dövrün tələblərinə uyğun qurulması qeyri-mümkündür. Bu sahənin inkişaf etdirilməsi, öz növbəsində, yüksəkixtisaslı auditor kadrların hazırlanmasını, audit xidmətinə tələbin artırılması üçün zəruri şəraitin yaradılmasını tələb edir. Maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi statistikanın və mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması ilə paralel həyata keçirilməlidir.

Maliyyə nəzarətinin səmərəliliyini təmin etmək üçün bu sahədə çalışan kadrların sosial problemlərinin həlli də diqqət mərkəzində saxlanılmalıdır. Nəticələrə görə mükafatlandırma sisteminin tətbiqi maliyyə nəzarətinin səmərəliliyini təmin edə bilər.

Nəzarət orqanlarının fəaliyyətinin elektronlaşdırılmasına, bu sahədə müasir telekommunikasiya sistemlərindən, informasiya texnologiyalarından geniş istifadə edilməsinə xüsusi diqqət yetirilməlidir.

Dövlət nəzarəti sistemində islahatların uğurla davam etdirilməsi bu sahədə görülən işlərin iqtisadi islahatların gedişi və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi vəzifələri ilə əlaqələndirilməsini tələb edir.

AZƏRBAYCANDA NEFT SEKTORUNUN ÜSTÜN İNKİŞAFI “PATOLOGİYA”DIRMI?

Dünya təcrübəsi göstərir ki, milli iqtisadiyyatını formalaşdırmaqda olan ölkələrin iqtisadi inkişafı ilkin mərhələdə sənayenin bir və ya iki aparıcı sahəsindən asılı vəziyyətdə olur və həmin sahələr ölkədəki problemlərin həllində mühüm rol oynayır. Azərbaycanda da inkişaf üçün lokomotiv funksiyasını məhz hasilat sənayesi yerinə yetirməli oldu. Bu baxımdan maneələrə və təzyiqlərə baxmayaraq, Ulu Öndərin siyasi iradəsi və qətiyyəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ölkədə iqtisadi inkişafın əsasını qoydu. Beləliklə, Azərbaycan həm də özünün siyasi və iqtisadi diplomatiya tarixində böyük bir uğuruna imza atmış oldu. Əldə edilmiş bu nailiyyət sonrakı mərhələdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi transmilli layihələrin reallaşması ilə tamamlandı.

“Əsrin müqaviləsi” böyük siyasi əhəmiyyətə malikdir. Belə ki, onun imzalanması dövlət müstəqilliyimizin təsdiqi kimi qiymətləndirilməlidir. Bu müqavilə Azərbaycanın regionda geostrateji mövqeyini gücləndirmiş, dünyanın aparıcı dövlətləri ilə əlaqələrimizin daha da inkişafına, siyasi və iqtisadi diplomatiya sahəsində müstəqil dövlət kimi manevretmə imkanlarımızın genişlənməsinə şərait yaratmışdır.

“Əsrin müqaviləsi”nin iqtisadi əhəmiyyəti də çoxşaxəlidir. Belə ki, bu müqavilə ilə Azərbaycanın enerji təhlükəsizliyinin əsası qoyuldu. Xarici investisiyaların cəlb edilməsi üçün yaşıl işıq yandırıldı. Ölkəmiz regional və beynəlxalq iqtisadi inteqrasiya prosesində daha yaxından iştirak etməyə başladı.

Hər bir ölkənin təbii sərvəti iqtisadi inkişaf üçün zəmin yaratsa da, onun həlledici şərti kimi çıxış etmir. Nə qədər təzadlı görünsə də, dünyanın zəif inkişaf etmiş ölkələrinin əksəriyyəti təbii ehtiyatları zəngin olan ölkələrdir. Belə bir təzad həmin ölkələrdə mövcud iqtisadi potensialın reallaşdırılmasını təmin edə bilən səmərəli iqtisadi sistemin yaradılmamasının nəticəsidir.

Ulu öndər Heydər Əliyev məhz böyük şəxsiyyətlərə xas olan uzaqgörənliklə neft gəlirlərinin idarə edilməsinin ən səmərəli modelini yaratdı. Bu model neftin ixracından əldə edilən bütün valyuta gəlirlərinin Dövlət Neft Fondunda toplanılmasını və həmin vəsaitlərin mərkəzləşdirilmiş qaydada istifadə edilməsini nəzərdə tutur. Məhz bu mexanizmə əsaslanaraq, Prezident İlham Əliyev “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nı təsdiq etmişdir.

Dövlət Neft Fondu neft gəlirlərinin səmərəli idarə edilməsi baxımından əsas rol oynamaqla, mühüm makroiqtisadi funksiyanı yerinə yetirir: birincisi, neft dollarının ölkənin valyuta bazarına təzyiq göstərməsinə imkan vermir; ikincisi, dividendlər hesabına öz həcmini artıraraq, yığım funksiyasını həyata keçirir; üçüncüsü, ölkənin maliyyə sistemini “neftsiz iqtisadiyyat rejimi”nə uyğunlaşdırır.

Hazırda neft sektoru ölkənin makroiqtisadi göstəricilərinə, xüsusilə də iqtisadi artım tempinə, sənaye istehsalının, ixracatın və xarici investisiyaların həcminə, büdcə və valyuta gəlirlərinə həlledici təsir göstərməkdədir. Bu isə təbiidir.

Prezident İlham Əliyev hələ Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olduğu dövrdə neft sektorunun üstün inkişafı ilə bağlı qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı hələ uzun illər neft amilindən asılı olacaq və bu, reallıqdır. Onun fikrincə, neft amili 1994-cü ildən ölkənin iqtisadi inkişafına böyük təkan verib və bu gün iqtisadiyyatın bütün sahələrinin neft sektoru kimi inkişaf etməli olduğunu düşünmək sadəlövhlük olardı. Hesab edirik ki, tamamilə məntiqi və populizmdən uzaq olan bu fikir Azərbaycan iqtisadiyyatının mövcud reallıqlarına əsaslanır.

Neft sektorunun milli iqtisadiyyatımızda payının artması məsələsinə gəlincə, onun sənaye strukturundakı payına nəzər yetirmək kifayət etmir. Bunun üçün həm də iqtisadi quruculuq prosesindəki meyilləri, makroiqtisadi vəziyyəti, ölkənin real iqtisadi potensialını, milli sənayemizin xüsusiyyətlərini, beynəlxalq konyunkturanın tələb və şərtlərini, nəhayət keçid dövrünün reallıqlarını nəzərə almalıyıq.

Ümumiyyətlə, Azərbaycanda neft sənayesinin üstün inkişafını aşağıdakı amillər və səbəblər şərtləndirir:

Birincisi, müstəqil dövlət quruculuğu mərhələsində olan və milli iqtisadiyyatını inkişaf etdirməyə çalışan hər bir ölkə yaxın, orta və uzunmüddətli dövr üçün müəyyənləşdirilmiş vəzifələri yerinə yetirməkdən ötrü zəruri maliyyə vəsaitinə malik olmalıdır. Bu vəsaiti isə bir qayda olaraq, sabit gəlir mənbəyi və bunu əldə etmək üçün təminatlı satış bazarı olan ölkələr əldə edə bilir. İlkin mərhələdə Azərbaycan üçün təminatlı bazar məhz enerjidaşıyıcıları, xüsusilə də neft və neft məhsulları bazarı oldu.

İkincisi, sənaye üzrə əsas fondların 44 faizi neft və qaz hasilatı sektorunun payına düşür. Əsas fondların belə bir bölgüsü həm də sənaye istehsalının sahəvi strukturunu, yəni neft sənayesinin üstün inkişafını şərtləndirir.

Üçüncüsü, iqtisadiyyatın liberallaşdırıldığı və kapitalın sərbəst hərəkətinə şərait yaradıldığı ölkələrdə investisiyalar gəlirlilik səviyyəsi daha yüksək olan sahələrə yatırılır. Bu baxımdan rentabelliyinə görə neft sənayesinin digər sahələrdən fərqlənməsi xarici kapitalın əsasən bu sektorda cəmlənməsinə səbəb olur.

Azərbaycanda neft sənayesinin üstün inkişafı öz-özlüyündə ölkə iqtisadiyyatı üçün təhlükə doğurmur. Eyni zamanda, indiki mərhələdə neft sektorunun milli iqtisadiyyatımızda, o cümlədən sənayenin və ya ixracatın strukturunda payının artması patoloji proses deyil. Əksinə, bu meyil milli iqtisadiyyatda müsbət dəyişikliklərə – valyuta gəlirlərinin artmasına, xarici kapitalın cəlb edilməsinə, qeyri-neft sektorunun və infrastruktur sahələrinin inkişafına şərait yaradır.

Etiraf etmək lazımdır ki, təbii sərvətlər bir çox ölkələrin əsas gəlir mənbəyinə çevrilərək onların iqtisadiyyatında mühüm rol oynamışdır. Lakin son 20 ildə yüksəkixtisaslı işçi qüvvəsi, yüksək texnologiyalar, nou-hau təbii resurslarla müqayisədə milli sərvəti artırmağın daha etibarlı amili kimi çıxış etməkdədir.

Prezident İlham Əliyev neft və qeyri-neft sektorunun inkişafının əlaqələndirilməsinə böyük önəm verir: “Əgər biz öz iqtisadiyyatımızı şaxələndirməsək, yalnız və yalnız iqtisadiyyatımızı neft amili üzərində qursaq, böyük uğurlar əldə edə bilmərik. Neft hasil edən ölkələrin təcrübələri onu göstərir ki, bu, yanlış yoldur. Biz neft amilindən, sadəcə olaraq, çox məharətlə istifadə etməliyik və edirik ki, Azərbaycanın iqtisadiyyatı hərtərəfli inkişaf etsin və gələcək nəsillərimiz neft amilindən asılı olmasın” 13 .

Heydər Əliyevin müəllifi olduğu neft strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Belə ki, Azərbaycanda iki milyard ton neft hasil olunması milli iqtisadiyyatımızın inkişaf tarixinin əlamətdar hadisəsi kimi 2017-ci ildə təntənəli şəkildə qeyd edilmişdir. Eyni zamanda, neft hasilatı sahəsində davamlılığı təmin etmək məqsədi ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılmışdır. Müqavilənin icrası nəticəsində Azərbaycana 40 mlrd. ABŞ dolları həcmində investisiyanın yatırılacağı nəzərdə tutulur. Yeni imzalanmış müqavilə Azərbaycan üçün daha da əlverişlidir. Belə ki, müqavilə imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 mlrd. ABŞ dolları həcmində bonus ödəniləcəkdir. Həmçinin Dövlət Neft Şirkətinin payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcəkdir.

Uğurlu neft strategiyasının reallaşması nəticəsində 2003-cü ilin sonuna 815,6 milyon ABŞ dolları təşkil etmiş Dövlət Neft Fondunun vəsaiti 2018-ci il 31 yanvar tarixinə 37,5 mlrd. ABŞ dollarına çataraq, təqribən 46 dəfə artmışdır. 2003-2018-ci illər ərzində Dövlət Neft Fonduna, ümumilikdə, 138,4 mlrd. ABŞ dolları həcmində vəsait daxil olmuşdur.

Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etmişdir. “Qara qızıl”ın “insan kapitalı”na çevrilməsi siyasəti çərçivəsində yüzlərlə azərbaycanlı gəncin dünyanın qabaqcıl ölkələrinin aparıcı universitetlərində təhsil ilə bağlı xərcləri Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilmişdir. Dövlət Proqramının maliyyələşdirilməsi məqsədi ilə 2008-2017-ci illər ərzində Dövlət Neft Fondu tərəfindən ayrılmış 205,5 milyon manat vəsait hesabına 3300-dən çox tələbə xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almışdır.

Azərbaycan təkcə neft deyil, həm də qaz ixrac edən ölkəyə çevrilməkdədir. Başqa sözlə, ölkəmizin ixracat potensialı yaxın gələcəkdə neftlə yanaşı, həm də qazın hesabına artacaq. Eyni zamanda, Azərbaycan qonşu ölkələrin neft-qaz resurslarını dünya bazarlarına ötürən tranzit dövlətə çevrilməkdədir. Bütün bunlar Azərbaycan iqtisadiyyatını dünya neft bazarındakı mənfi konyunktur dəyişikliklərindən sığortalayan və risklilik dərəcəsini azaldan amillər olaraq qiymətləndirilə bilər. Məsələ burasındadır ki, dünya bazarında neftin və qazın qiyməti heç də eyni vaxtda artıb-azalmır.

Hələ 1990-cı illərin ortalarında bəzi xarici diplomatlar və ekspertlər qeyd edirdilər ki, Azərbaycan yaxın perspektivdə “böyük imkanları olan yoxsul ölkə”dən zəngin təbii sərvəti və sağlam iqtisadiyyatı olan varlı ölkəyə çevriləcək. Artıq bu gün Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasındadır. Əminik ki, neft strategiyasının qətiyyətlə davam etdirilməsi ölkəmizin iqtisadi potensialının reallaşmasında, iqtisadi inkişafla sosial inkişafın əlaqələndirilməsində bundan sonra da həlledici rol oynayacaq.

SAHİBKARLIĞIN İNKİŞAFI SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİ

Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi müəyyən edildiyinə görə özəl sektorun inkişafına dövlət tərəfindən hər zaman siyasi-ideoloji dəstək verilib. Belə ki, ölkə başçısı tərəfindən imzalanmış bütün qanun, fərman və sərəncamlar Azərbaycanda bazar iqtisadiyyatının və sahibkarlığın inkişafına yönəldilib. Sahibkarlığa bu cür siyasi dəstək bir tərəfdən özəl sektorun inkişafına təkan verib, digər tərəfdən də xüsusi mülkiyyətçilik münasibətlərinin daha da dərinləşməsinə və bu prosesin dönməz xarakter almasına şərait yaradıb.

Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti statusunda jurnalistlərə ilk müsahibəsində söylədiyi bir fikri xatırlatmaq istərdik: “Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə biz üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq” 14 .

Bəli! Prezident İlham Əliyev son 15 ildə sahibkarlığın inkişafını iqtisadi sahədə dövlət siyasətinin mühüm istiqaməti kimi müəyyən etdi. Əgər biz sahibkarlıq fəaliyyəti ilə bağlı bütün qanunları diqqətlə nəzərdən keçirsək, görərik ki, onların hər birində özəl sektorun inkişafı üçün güzəşt və imtiyazları, dövlət yardımını, o cümlədən maliyyə dəstəyini nəzərdə tutan kifayət qədər müddəalar var.

2010-cu ildə Bakı Biznes Mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev sahibkarlarla görüşərkən təkcə sahibkarlığın inkişafına liberal mövqe nümayiş etdirmədi. O, həm də uzun illərdən bəri sahibkarlıq fəaliyyətinə mane olan bir sıra mənfi halların – inhisarçılığın, məmur özbaşınalığının, korrupsiyanın və rüşvətxorluğun mövcudluğunu qeyd edərək, bu kimi hallarla qətiyyətlə mübarizə aparılacağını bəyan etdi. Dövlət başçısı özəl sektorun inkişaf etdirilməsi sahəsində gələcək vəzifələri bir daha dəqiqləşdirmək məqsədi ilə sahibkarları açıq müzakirəyə dəvət etdi.

Bu görüş dövlət orqanları ilə sahibkarlar arasında sağlam və şəffaf münasibətlərin yaradılmasına xidmət etdi. Görüşün nəticəsi olaraq, ölkə başçısı yerli istehsalçıların dəstəklənməsi, iş adamlarına iqtisadi fəaliyyətə başlamaq üçün hər cür şəraitin yaradılması, vergi orqanları tərəfindən qeyri-qanuni və uzunmüddətli yoxlamaların, bəzi dövlət qurumlarında rüşvətxorluğun aradan qaldırılması, hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin dayandırılması, inhisarçılığın qarşısının alınması, sahibkarlığın inkişafı üçün kredit təminatının yaxşılaşdırılması, regionların inkişaf etdirilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında konkret vəzifələr müəyyən etdi və ötən 15 il ərzində bu vəzifələrin ardıcıl olaraq həyata keçirilməsini təmin etdi.

Sahibkarlarla keçirilən bu görüş Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının, o cümlədən sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı islahatçı mövqeyə və liberal baxışlara malik olduğunu bir daha təsdiq etdi. Məsələn, ayrı-ayrı dövlət orqanları tərəfindən dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin görülməsinə baxmayaraq, ölkə başçısı mövcud nəzarət sistemini qənaətbəxş hesab etməmiş, xüsusilə də vergi yoxlamalarında yol verilən ciddi nöqsanların aradan qaldırılmasını və vergi nəzarəti prosedurunun təkmilləşdirilməsini, hüquqi şəxslərin dövlət qeydiyyatına alınma müddətinin və lisenziyalaşdırılan fəaliyyət növlərinin sayının azaldılmasını tələb etmişdir.

Prezident İlham Əliyev yerli sahibkarlara müraciət edərək bildirmişdir: “Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz” 15 . Sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.

Artıq sahibkarlıq fəaliyyəti üçün müvafiq qanunvericilik bazası yaradılıb. Sahibkarlığa dövlət köməyi ilə bağlı proqramlar qəbul edilib. Eyni zamanda, idarəetmə və dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məqsədi ilə ölkəmizdə institusional islahatlar aparılır. Sahibkarlıq mühitini daha da yaxşılaşdırmaq məqsədi ilə biznesin təşkili proseduru əhəmiyyətli dərəcədə sadələşdirilir. Lisenziyaların və icazələrin sayı minimuma endirilərək onların verilməsi, sahibkarlıq subyektlərinin qeydiyyatı prosedurları “Bir pəncərə” prinsipinə əsaslanır.

Özəl sektorda investisiya fəallığını artırmaq üçün Dövlət İnvestisiya Şirkəti yaradılmış, investisiyaların təşviqi mexanizminin tətbiqinə başlanılmışdır. Şirkət 2006-cı ildən aqrar və sənaye layihələrinin icrasında fəal iştirak edir. ÜDM-in 83 faizinin özəl sektorun payına düşməsi onu göstərir ki, artıq sahibkarlar iqtisadi inkişaf üçün lokomotiv rolunu oynamaqdadır.

Bir çox ölkələrdə özəl sektorun fəaliyyətinə dövlət həm birbaşa, həm də dolayı formada dəstək verir. Dolayı maliyyə dəstəyi kontrakt sistemi vasitəsilə, yəni sahibkarların dövlət sifarişlərinin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə göstərilir. Yerli istehsalçıların dəstəklənməsi məqsədi ilə artıq Azərbaycanda da bu təcrübədən geniş istifadə olunur.

Bazar iqtisadiyyatının inkişaf etdiyi heç bir ölkədə dövlət orqanları iş yerlərinin açılması ilə bilavasitə məşğul olmurlar. Onların fəaliyyəti məşğulluğu stimullaşdırmaqla və əmək bazarını tənzimləməklə məhdudlaşır. Hesab edirik ki, Azərbaycanda da iş yerlərinin açılması hər hansı dövlət orqanının deyil, məhz sahibkarlıq qurumlarının fəaliyyəti nəticəsində təmin edilməlidir. Artıq ölkəmizdə iş yerlərinin 75 faizinin məhz özəl sektorun payına düşməsi bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir.

Özəl sektorun inkişaf etdirilməsinin mühüm istiqamətlərindən biri kiçik və orta sahibkarlığın dəstəklənməsidir. Bu cür müəssisələr bir qayda olaraq, bazara daha çevik adaptasiya olunurlar. Bu sahədə əsaslı dönüşə nail olmaq üçün Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılmışdır.

Sahibkarlığın inkişaf etdirilməsi institusional islahatların davam etdirilməsini, çevik fəaliyyət göstərən idarəetmə sisteminin qurulmasını, iqtisadi proseslərin səmərəli koordinasiyasını tələb edir.

Sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılmışdır.

Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılması məqsədi ilə aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi təsis edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 2015-ci il 19 oktyabr tarixli Fərmanına əsasən, dövlət təhlükəsizliyi (həmçinin qiymətli kağızlar bazarı) ilə bağlı hallar istisna olmaqla, İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların verilməsinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsinə 2015-ci il noyabrın 2-dən başlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli Fərmanına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuşdur. Həmçinin yeni lisenziyalar müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir.

Əvvəllər müxtəlif sahibkarlıq fəaliyyətlərinə toplam 330 icazə tələb olunurdusa, “Lisenziyalar və icazələr haqqında” Qanunun qüvvəyə minməsi ilə bütün icazələr vahid sənəddə göstərilir, onların sayı isə 86-ya endirilir.

Bundan başqa “Lisenziyalar və icazələr” portalının yaradılması, “susmaqla razılıq” və “Bir pəncərə” prinsiplərinin tətbiqi ilə bağlı tədbirlər görülmüşdür. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilmə müddəti 20 gündən 10 iş gününə endirilmişdir.

İnvestisiyaların təşviqi mexanizminin tətbiqi nəticəsində 2017-ci ilin may ayından 2018-ci ilin fevral ayının əvvəllərinədək 244 investisiya layihəsinə təşviq mexanizmi tətbiq olunmuş, 2,1 mlrd. manatlıq investisiyanın cəlb olunmasına və 16 mindən çox yeni iş yerinin açılmasına şərait yaranmışdır.

“Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli Sərəncamında kənd təsərrüfatı və emal məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və s. nəzərdə tutulmuşdur.

Son iki ildə sahibkarların ixrac fəaliyyətinin dəstəklənməsi məqsədi ilə ümumilikdə 35,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsullarının ixracına görə ixrac təşviqləri verilmişdir.

Xarici ölkələrdə dövlətimizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi qərara alınmışdır.

Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən “ASAN Viza” sisteminin tətbiqinə başlanılmış, ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin həmin sistem vasitəsilə ölkədə qalma müddəti 30 günədək olmaqla, elektron viza almaq imkanı yaradılmışdır.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğu sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin təşkilinə başlanılmışdır.

Sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq, risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” ASC yaradılmışdır. Fond sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdıran hüquqi şəxs kimi fəaliyyət göstərəcək.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2003-2017-ci illər ərzində layihələrinin ümumi dəyəri 4,4 mlrd. manat olan 34 535 sahibkara 2,1 mlrd. manat güzəştli kredit verilmiş və 154 minə yaxın yeni iş yeri yaradılmışdır. Güzəştli kreditlərin 71,6 faizi aqrar sektorun, 28,4 faizi digər sahələrin inkişafına yönəldilmişdir.

Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin nəticəsində 2003-2017-ci illərdə ölkəmizin qeyri-neft ixracı 4,1 dəfə, ixrac olunan mal çeşidlərinin sayı 2,6 dəfə artmışdır. Eyni zamanda, sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artmışdır. Bu müddət ərzində ölkə iqtisadiyyatına 2,6 dəfədən çox xarici investisiya cəlb olunmuşdur.

Artıq sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Belə ki, son illər regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora üstünlük verilir.

Orta sinfin formalaşması, ilk növbədə, sahibkarlığın inkişaf etdirilməsindən asılıdır. Təsadüfi deyildir ki, ölkədə yoxsulluğun səviyyəsi təkcə büdcə hesabına əməkhaqqını artırmaqla yox, həm də sahibkarlıq fəaliyyətinə şərait yaratmaqla azaldılır.

Özəl sektorun inkişafı hər bir ölkəyə varlı millət – varlı dövlət prinsipini reallaşdırmaq imkanı verir. Bu prinsipin həyata keçməsi isə vətəndaşların iqtisadi azadlığına və son nəticədə insan azadlığının təmin edilməsinə şərait yaradır. Ölkə vətəndaşlarının yüksək işgüzarlıq keyfiyyətləri Azərbaycanda özəl sektorun perspektivlərindən xəbər verir.

REGİONLARIN İNKİŞAFI PROQRAMINDAN REGİONAL İQTİSADİ SİYASƏTƏ

Prezident İlham Əliyev hələ 2003-cü ildə seçkiqabağı çıxışlarında ölkəmizdə regional disbalansın dərinləşdiyini, iqtisadi potensialın bölgələr üzrə qeyri-bərabərliyini nəzərə alaraq, Azərbaycanın bütün regionlarının hərtərəfli inkişaf etdiriləcəyini qeyd etmişdir. Çünki davamlı və tarazlı inkişafın əsas şərtlərindən biri məhz regionların inkişafında qeyri-bərabərliyin aradan qaldırılmasıdır.

Buna görə də Prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı çox qısa bir müddətdən sonra 2004-cü il 11 fevral tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nı (2004-2008-ci illər) təsdiq etdi.

Doğrudur, əvvəllər də regional məsələləri özündə ehtiva edən bir sıra sənədlər qəbul edilmişdir. Lakin yeni proqramda sosial, iqtisadi və institusional blokları əhatə edən genişmiqyaslı konkret tədbirlərin nəzərdə tutulması regionların inkişafı sahəsində real nəticələrin əldə olunmasına şərait yaratdı. Başqa sözlə, sosial və iqtisadi siyasətin regional inkişafla uzlaşdırılması və vahid bir sənəddə əks etdirilməsi bu proqramın üstün cəhətlərindən biri idi. Proqramın konkret tədbirlər planına əsaslanması onun nə dərəcədə səmərəli və vaxtında icra edildiyini izləməyə imkan vermişdir. Bütün iqtisadi və inzibati rayonları əhatə edən genişmiqyaslı tədbirlərin nəzərdə tutulması proqramın icrası üçün böyük məbləğdə maliyyə vəsaitinin ayrılmasını şərtləndirirdi.

Təcrübə göstərir ki, regional inkişaf proqramının hazırlanması və həyata keçirilməsi digər istiqamətlərdən fərqli olaraq, heç də asan başa gəlmir. Çünki regionların inkişafı ilə bağlı institusional, təşkilati, iqtisadi, sosial, hüquqi və maliyyə xarakterli bir çox vəzifələri yerinə yetirmək lazım gəlir. Eyni zamanda, regional iqtisadi siyasətin işlənilməsi və onun davamlı olaraq təkmilləşdirilməsi tələb olunur.

Regionların qeyri-bərabər inkişafı heç də yeni məsələ deyil. Sadəcə olaraq, keçid dövrü bu problemi kəskinləşdirmişdir. Keçmiş ittifaq dövlətinin süqutundan sonra vahid xalq təsərrüfatı kompleksinin dağılması, təsərrüfat əlaqələrinin qırılması, aqrar-sənaye kompleksinin yeni şəraitə uyğunlaşa bilməməsi, kənd təsərrüfatı məhsullarının emalı üzrə ixtisaslaşan müəssisələrin öz fəaliyyətini dayandırması, neft-qaz sektorunun üstün inkişaf etməsi, xarici kapitalın böyük həcmdə məhz Bakıya yönəldilməsi regional fərqləri daha da dərinləşdirmişdir.

Ulu Öndərin rəhbərliyi ilə başlanmış genişmiqyaslı quruculuq işlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, həm də regionların inkişafına şərait yaratmışdır. Burada xatırlatmaq yerinə düşər ki, Ümummilli Lider hələ sovetlər dönəmində Azərbaycanın dağlıq ərazilərinin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi qərarla bu cür yanaşmanın əsasını qoymuşdur.

Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafını təmin etmək üçün Prezident İlham Əliyev tərəfindən regionların inkişafı üzrə 3 Dövlət Proqramı, Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 3 Tədbirlər Proqramı, çoxsaylı sərəncam və fərmanlar imzalanmışdır. Bu proqramların icrası Azərbaycanda yoxsulluğun və işsizliyin azaldılmasına, regionlarda iqtisadi fəallığın artırılmasına və infrastrukturun formalaşmasına şərait yaratmışdır.

Azərbaycan dövləti regionların qeyri-bərabər inkişafını iqtisadi təhlükəsizlik baxımından ciddi problem kimi dəyərləndirir və buna görə də regional inkişaf proqramları hazırlayıb həyata keçirir.

Prezident İlham Əliyevin regionların inkişafına dair olduqca aydın və konkret konseptual baxışları vardır: “Azərbaycan təkcə Bakıdan və Abşerondan ibarət deyildir. Azərbaycanın hər bir bölgəsi inkişaf etməlidir. Regionları hərtərəfli inkişaf etdirmək üçün güclü infrastruktur olmalıdır ki, onu da sahibkar yarada bilməz. Bu vəzifəni dövlət öz üzərinə götürübdür. Azərbaycanın gücü, bölgələrin gücündədir. Regionların sosial-iqtisadi inkişaf proqramının, əlbəttə ki, əsas məqsədi işsizliyin aradan qaldırılmasından, yoxsulluğun azaldılmasından ibarətdir. ” 16 .

Regional fərq özünü əlavə dəyərin formalaşmasında açıq şəkildə göstərməkdədir. 2016-cı ildə ÜDM istehsalında Bakı şəhərinin payı 76,9 faiz, regionların payı isə 23,1 faiz təşkil etmişdir. Bu, onunla əlaqədardır ki, istehsal və xidmət sahələrinin çox hissəsi, o cümlədən neft-qaz sənayesi Bakı şəhəri və onun ətrafında cəmləşmişdir.

Azərbaycan neft və qaz ehtiyatları ilə yanaşı, digər təbii resurslarla da zəngindir və bu ehtiyatların əsas hissəsi regionlarda yerləşir. Regionların təbii resurs potensialından istifadə etməklə qeyri-neft sektorunu inkişaf etdirə bilərik. Bu baxımdan regionların təbii resurs potensialının yenidən qiymətləndirilməsi, onun təsərrüfat dövriyyəsinə cəlb olunması və səmərəli istifadə edilməsi qarşıda duran mühüm vəzifələrdəndir.

Azərbaycanda regionların tarazlı inkişafını təmin etmək üçün digər sahələrlə yanaşı, bölgələrdə aqrar-sənaye kompleksinin sürətli inkişafına nail olmalıyıq. Nəzərə almalıyıq ki, kənd təsərrüfatı ölkə üzrə ÜDM-in 5,6 faizini istehsal edir. Əhalinin 47 faizi isə kənd yerlərində yaşayır və məşğul əhalinin 36,3 faizi kənd təsərrüfatında çalışır. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi regionlardakı problemlərin aradan qaldırılmasına şərait yarada bilər.

Əslində regional inkişaf proqramlarının icrası nəticəsində Bakı şəhəri ilə regionların inkişaf səviyyəsi arasındakı fərqin tamamilə aradan qaldırılacağını gözləmək sadəlövhlük olardı. Dünyada elə bir ölkə yoxdur ki, bütün regionların bərabər səviyyədə inkişafına nail olsun. Bu, bir məqsəd kimi də qarşıya qoyulmur. Əsas məsələ, regionlar arasında dərinləşmiş sosial-iqtisadi fərqin tədricən azaldılmasıdır.

Regionların inkişafına qısa bir müddətdə nail olmaq çətindir. Elə bu səbəbdən də indiyə kimi 3 regional inkişaf proqramı hazırlanmış və həyata keçirilmişdir. Artıq Prezident İlham Əliyev tərəfindən dördüncü proqramın hazırlanması ilə bağlı müvafiq dövlət orqanlarına tapşırıq verilmişdir.

Regional inkişaf proqramlarında nəzərdə tutulan tədbirlərin sistemli şəkildə icra edilməsi qeyri-neft sektorunun inkişafı, bölgələrdə yeni iqtisadi münasibətlərin formalaşması və iqtisadi fəallığın artması, iş yerlərinin açılması baxımından əhəmiyyətli olmuşdur.

Regional inkişaf, ilk növbədə, zəruri infrastrukturun yaradılmasını tələb edir. Təcrübə göstərir ki, bu vəzifələri bir qayda olaraq özəl sektor deyil, dövlət yerinə yetirir. Azərbaycanda regionlar üzrə infrastrukturun bərpası və sosial obyektlərin tikintisi dövlət vəsaitləri hesabına həyata keçirilmişdir.

Təkcə 2003-2017-ci illərdə regional inkişaf proqramları çərçivəsində Azərbaycanda yaradılmış olan 1,9 milyon yeni iş yerinin 72 faizi regionların payına düşür. Bu müddət ərzində 52,6 min kilometr qaz xətti çəkilmiş və ya əsaslı təmir olunmuşdur. 1700-dən artıq yaşayış məntəqəsi təbii qazla təmin edilmiş, ümumilikdə isə regionlar üzrə qazlaşdırma səviyyəsi 41 faizdən 90 faizə çatmışdır. 2826 məktəbdə və 300-dən çox məktəbəqədər təhsil müəssisəsində, 451 səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. 38 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. 11 min kilometrdən çox respublika və yerli əhəmiyyətli yolda təmir-tikinti işləri aparılmışdır. 366 ədəd körpü və tunel tikilmiş, təmir olunmuşdur. Mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 96-dan 550-yə çatmışdır ki, bunun da 400-ü regionlarda yerləşir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlara verilmiş güzəştli kreditlərin 75,1 faizi regionların payına düşür.

Regionların təkcə iqtisadi deyil, həm də sosial inkişaf göstəriciləri də bir-birinə yaxınlaşmalıdır. Məsələ burasındadır ki, iqtisadi inkişaf sosial inkişafa şərait yaratdığı kimi, həyat səviyyəsinin yüksəldilməsi də iqtisadi fəallığın artmasına zəmin yaradır.

Ayrı-ayrı ölkələr inkişaf səviyyəsindən asılı olmayaraq, regionların qeyri-bərabər inkişafını iqtisadi təhlükəsizlik baxımından ciddi problem kimi dəyərləndirir və buna görə də regional iqtisadi siyasət və regional inkişaf proqramları hazırlayıb həyata keçirirlər. Məsələn, Rusiya şimal rayonlarını inkişaf etdirmək üçün xüsusi iqtisadi zonalara üstünlük verir. Türkiyə əyalət rayonlarının inkişafca geri qalması problemini hələ bu günə kimi aradan qaldıra bilməyib. Buna görə də əyalət rayonlarının inkişaf etdirilməsi Türkiyənin iqtisadi inkişaf proqramının mühüm hissələrindən biri kimi çıxış edir. Dünyanın nüfuzlu regional qruplaşması olan Avropa İttifaqının özü də regional inkişaf proqramları vasitəsilə Avropa iqtisadi məkanına daxil olan ölkələrin sosial-iqtisadi göstəricilərinin bir-birinə yaxınlaşdırılması siyasətini həyata keçirir.

Öz-özlüyündə heç bir proqram onun obyekti olan problemi avtomatik olaraq aradan qaldırmır. Dövlət proqramları yalnız konkret şərtlər daxilində yerinə yetirilə bilər. Yüksək xərctutumlu regional proqramların maliyyə təminatına malik olması, proqram çərçivəsində investisiya layihələrinin davamlı olaraq maliyyələşdirilməsi onun uğurlu icrasını təmin etmişdir.

Regional problemlərin həlli həm də regional inkişaf proqramının icrasının digər sosial-iqtisadi inkişaf proqramları ilə əlaqələndirilməsindən, iqtisadiyyatda, o cümlədən sənayedə struktur dəyişikliklərinin sürətindən və miqyasından asılıdır. Heç şübhəsiz, Azərbaycanda itirilmiş iqtisadi potensialın bərpası nə qədər zəruri olsa da, bu, heç də köhnə iqtisadi baza, sənaye strukturu əsasında təmin edilməməlidir və edilə də bilməz. Çünki nə əvvəlki vahid xalq təsərrüfatı kompleksi var, nə də ki ittifaq bazarı. Ölkə iqtisadiyyatının strukturu yeni dövrün tələbləri baxımından nə qədər tez dəyişərsə, regionların iqtisadi potensialını da daha tez hərəkətə gətirmək olar. Bu sahədə görülən işlərin davamlı olması buna inam yaradır.

ƏRZAQ TƏHLÜKƏSİZLİYİ VƏ AQRAR SAHƏDƏ DÖVLƏT SİYASƏTİ

Hər bir ölkənin ərzaq təhlükəsizliyi milli iqtisadi təhlükəsizliyin əsas şərtlərindən və həlledici elementlərindən biridir. O, hər şeydən əvvəl daxili bazarda yetərli həcmdə ərzaq məhsullarının mövcudluğunu və əhalinin bu məhsullara olan tələbatının ödənilməsini nəzərdə tutur. Ərzaq təhlükəsizliyi həm də ölkənin ərzaq təminatı sahəsində müstəqilliyini, dövlətin iqtisadi və sosial dayaqlarının nə dərəcədə möhkəm olmasını xarakterizə edir.

Bu baxımdan ərzaq təhlükəsizliyinin iki aspektini – sosial-iqtisadi və siyasi-iqtisadi aspektlərini qeyd edə bilərik. Sosial-iqtisadi aspektə görə hər bir dövlət öz vətəndaşlarının əsas qida məhsulları üzrə istehlakını qəbul edilmiş norma və standartlara uyğun olaraq təmin etməlidir. Bu öhdəlik “Ümumdünya Ərzaq Təhlükəsizliyinə dair” Roma Bəyannaməsində müəyyən edilmişdir.

Ərzaq təhlükəsizliyinin siyasi-iqtisadi aspekti isə əhalinin ərzaqla təminatının yerli istehsala əsaslanmasını və ölkənin ərzaq asılılığının minimuma endirilməsini xarakterizə edir.

Ərzaq təhlükəsizliyi artıq dünya təcrübəsində qəbul edilmiş və hazırda geniş istifadə olunan anlayışdır. O, mahiyyətcə, ölkənin ərzaq bazarını, eyni zamanda, milli iqtisadiyyatın mövcud vəziyyətini səciyyələndirir. Beynəlxalq səviyyədə ərzaq təhlükəsizliyi terminindən ilk dəfə olaraq 1972-1973-cü illərdən, yəni dünyanı bürümüş taxıl böhranından sonra istifadə edilmişdir.

Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində vəziyyət heç də həmişə sabit olmayıb. Məsələn, 1990-cı illərin əvvəllərində keçmiş ittifaqın digər respublikalarında olduğu kimi, Azərbaycanda da istehlak bazarı kəskin qıtlıq dövrü keçirirdi. Həmin illərdə əsas ərzaq məhsullarına olan tələbat minimal səviyyədə ödənilirdi. Bəzi məhsullara hətta talon sistemi tətbiq edilirdi. Bunun nəticəsində əhalinin qida məhsulları üzrə istehlak səviyyəsi də kəskin şəkildə aşağı düşmüşdür. Lakin 1994-cü ildən başlayaraq ticarət rejiminin liberallaşdırılması bir tərəfdən daxili bazarın idxal məhsulları ilə təmin edilməsinə, digər tərəfdən də idxalın strukturunda ərzaq məhsullarının payının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxardı. Yerli istehsalçılar ərzaq bazarında itirmiş olduqları mövqeləri aqrar islahatların həyata keçirilməsindən sonra tədricən bərpa etməyə başlamışlar.

Dünya təcrübəsinə əsasən ərzaq təhlükəsizliyi ərzaq təminatı sahəsində ölkənin nə dərəcədə müstəqil olması meyarına görə qiymətləndirilir. Bu meyara əsasən idxal olunan ərzaq məhsulunun həcmi həmin məhsulun ölkə üzrə istehlakının 30 faizindən çox olmamalıdır.

1990-cı illərin əvvəllərində Azərbaycanda ərzaqla özünütəminetmə səviyyəsi təhlükəli hesab edilən kritik həddi keçmişdi. Həmin illərdə ölkəyə gətirilən ərzaq məhsulları ümumi idxalın 65-70 faizini təşkil edirdisə, son 5 ildə bu göstərici orta hesabla 14-15 faiz arasında dəyişir. Son illər kənd təsərrüfatına dövlət dəstəyinin artırılması nəticəsində ölkəmizin ərzaq məhsulları üzrə idxaldan asılılığı azalmaqdadır.

Hazırda bütün növ ərzaq məhsullarının idxalının azaldılması və ya tamamilə ləğv edilməsi bir məqsəd kimi qarşıya qoyula bilməz. İndiki mərhələdə söhbət yalnız ölkənin ərzaq idxalından asılılığını minimuma endirməkdən gedə bilər. Məsələ burasındadır ki, istehlak bazarında realizə olunan bir çox məhsulların tamamilə yerli istehsal hesabına təşkili müəyyən zaman tələb edir. Bu səbəbdən də istehlak üçün zəruri olan həmin məhsulların idxalının məhdudlaşdırılması yolverilməzdir. Əks halda, bu, ərzaq bazarında vəziyyətin gərginləşməsinə, xüsusilə də qiymətlərin yüksəlməsinə, əhalinin ərzaq təminatının pisləşməsinə, istehlak səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.

Ərzaq təhlükəsizliyinin əsas şərti əhalinin ərzağa olan tələbatının tam ödənilməsi və bununla da qida məhsullarının normal səviyyədə istehlakının təmin edilməsidir. Qida məhsulları istehlakının yaxşılaşdırılması hər şeydən əvvəl əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsindən asılıdır. Deməli, hər bir ölkənin ərzaq təhlükəsizliyi təkcə aqrar sahədə mövcud olan problemləri aradan qaldırmaqla təmin edilmir. Belə bir təhlükəsizlik həm də cəmiyyətdəki bir sıra sosial-iqtisadi problemlərin sistemli və kompleks həllini şərtləndirir. Təhlil göstərir ki, son 20 ildə Azərbaycanda əhalinin qida məhsulları üzrə istehlakının istər həcmində, istərsə də strukturunda müsbət dəyişikliklər müşahidə edilib. Həyat səviyyəsinin yaxşılaşması, əhalinin real pul gəlirlərinin artması ərzaq məhsullarının adambaşına istehlakının yüksəlməsinə şərait yaratmışdır.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi həm də istehlak olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılmasını və keyfiyyətə səmərəli nəzarət mexanizminin qurulmasını tələb edir. Təsadüfi deyildir ki, qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı təmin etmək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır.

Ölkənin ərzaq təminatı hər şeydən əvvəl kənd təsərrüfatının inkişaf səviyyəsindən asılıdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sektorda kök salmış problemlərin həlli tələb olunur.

Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş torpaq islahatları kənd təsərrüfatında yeni iqtisadi münasibətlərin əsasını qoydu. 1995-ci ildə “Aqrar islahatların əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, 1996-cı ildə isə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edildi.

Aqrar sahədə islahatların həyata keçirilməsi, kolxoz və sovxozların ləğvi, onlara məxsus bütün əmlakın kənd əhalisinə pulsuz paylanması, kənd təsərrüfatı məhsullarını emal edən müəssisələrin özəlləşdirilməsi ölkənin aqrar potensialından daha səmərəli istifadə etməyə əlverişli şərait yaratmışdır. Artıq özəl sektorun aqrar istehsalda payı 99,7 faiz təşkil edir. Bu, Azərbaycanda aqrar sektorun bazar münasibətləri əsasında inkişaf etdiyini göstərir.

Hələ 1995-ci il avqustun 25-də kənd təsərrüfatına dair müşavirədə Ulu Öndər belə bir fikir söyləmişdir: “Söz yox ki, torpaqlar bölünüb paylanacaq və torpaq islahatı haqqında qanunun qəbul edilməsini də tezləşdirəcəyik. Amma indiki şəraitdə torpaqdan səmərəli istifadə etmək lazımdır” 17 . Təsadüfi deyildir ki, hazırda torpaqdan səmərəli istifadə edilməsi məsələləri aqrar siyasətin ana xəttini təşkil edir.

Kənd təsərrüfatı multiplikator rolunu oynayaraq, iqtisadiyyatın digər sahələrinin də inkişafını stimullaşdırır, şaxələndirmə prosesinə həlledici təsir göstərir. Bu baxımdan kənd təsərrüfatı təkcə iqtisadi fəaliyyət növü deyil, o, həm də iqtisadi inkişafın təkanverici qüvvəsidir. Bu, həmin sahənin sinergetik, sistemyaradıcı xüsusiyyətindən irəli gəlir.

İqtisadi inkişafın yeni mərhələsində aqrar islahatların qanunvericilik bazasının formalaşması, torpaq üzərində xüsusi mülkiyyət münasibətlərinin təşəkkül tapması, aqrar sektorun özəl bölməyə əsaslanması, ölkədə əksər ərzaq məhsullarına tələbatın tamamilə daxili istehsal hesabına ödənilməsi, ərzaq məhsulları istehlakının müsbət dinamikası, emal müəssisələri şəbəkəsinin tədricən genişlənməsi, bir sıra kənd təsərrüfatı məhsullarının yüksək ixracat potensialı, bu sahədə inkişaf perspektivlərinin və istifadə edilməyən ehtiyatların olması kənd təsərrüfatının güclü tərəfləri kimi dəyərləndirilə bilər.

Hazırda kənd təsərrüfatının inkişaf etdirilməsi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Prezident İlham Əliyev aqrar sektorun ölkəmiz üçün önəmini nəzərə alaraq qeyd edir: “Gələcəkdə kənd təsərrüfatının inkişafına yeni proqramlar əlavə ediləcək və biz bu sahəyə maksimum dərəcədə diqqət göstərməliyik. Bu, həm təhlükəsizlik məsələsidir, həm iqtisadi məsələdir, həm də sosial məsələdir. Çünki Azərbaycan əhalisinin, demək olar ki, yarısı kənd təsərrüfatı bölgələrində yaşayır” 18 .

Azərbaycanda son 15 ildə kənd təsərrüfatı istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində mühüm işlər görülmüşdür. 2004-cü ildə səhmlərinin nəzarət zərfi 100 faiz dövlətə məxsus olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. 2007-ci ildən etibarən kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi proqramına start verildi.

Həmin dövrdən əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar sahə üçün 50 manat, həmçinin buğda və çəltik istehsalçılarına hər hektar sahəyə görə əlavə olaraq 40 manat subsidiya verilir.

Heyvandarlıqda məhsuldarlığın yüksəldilməsi, cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə dövlət vəsaiti hesabına xaricdən damazlıq heyvanlar idxal olunur və lizinq qaydasında istehsalçılara 50 faiz güzəştlə satılır.

İstehsalçılara satılan mineral gübrəyə görə verilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilmiş, tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 100 manatdan 150 manata çatdırılmış, bu güzəşt təbii mənşəli gübrələrin (biohumus) satışına da tətbiq olunmuşdur.

Həmçinin istehsalçılara satılan pestisidlərə görə 70 faizədək güzəşt tətbiq olunmuş, güzəştin ümumi məbləğinin yuxarı həddi 10 manatdan 50 manata çatdırılmışdır.

Kənd təsərrüfatı bitkilərinin (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) əkin sahəsinin hər hektarının becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə dövlət büdcəsindən verilən yardımın həcmi 25 faiz artırılaraq 50 manat olmuşdur. Bu yardım artıq təkrar əkinlərə də şamil edilir.

Ölkəmizdə ilk dəfə məhsula görə subsidiyanın verilməsi mexanizmi tətbiq olunmuş və bu subsidiya siyasəti pambıq, tütün, şəkər çuğunduru və baramaya şamil edilmişdir. Belə ki, istehsalçılara emal müəssisələrinə təhvil verdikləri xam pambığın hər 1 kiloqramına görə 0,1 manat, quru tütünün hər 1 kiloqramına və ya yaş tütünün hər 10 kiloqramına görə 0,05 manat, şəkər çuğundurunun hər tonuna görə 4 manat və yaş baramanın hər kiloqramına görə isə 5 manat məbləğində subsidiya verilməsi müəyyən edilmişdir.

“Aqrolizinq” ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının və müasir suvarma sistemlərinin dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilir.

Aqrar sahədə həyata keçirilmiş dövlət dəstəyi tədbirləri nəticəsində 2003-2017-ci illərdə Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə artmışdır.

“Aqrolizinq” ASC-nin xətti ilə, ümumilikdə, 2005-2017-ci illər ərzində 38222 kənd təsərrüfatı texnikası, o cümlədən 1872 taxılyığan kombayn, 296 pambıqyığan kombayn, 10853 traktor və 25201 digər texnikalar alınaraq lizinq yolu ilə sahibkarlara satılmış və ya istehsalçılara xidmət üçün rayonlardakı aqrotexniki servis mərkəzlərinə verilmişdir.

“Aqrolizinq” ASC tərəfindən 2009-2017-ci illər ərzində idxal olunmuş 26513 baş iribuynuzlu və 5947 baş xırdabuynuzlu məhsuldar cins heyvanlar 50 faiz güzəştli qiymətlərlə 1121 sahibkara satılmışdır.

2007-2017-ci illər ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə 604,2 milyon manat, buğda və çəltik əkininə görə 219,9 milyon manat, həmçinin gübrənin güzəştli satışına görə 300,0 milyon manat həcmində büdcə vəsaiti ayrılmışdır.

Bu dövrdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı sahəsində çalışan 31990 sahibkara dövlət büdcəsi vəsaiti hesabına 1,5 mlrd. manat həcmində kredit verilmişdir.

İndiyə kimi ölkədə 32 iri fermer təsərrüfatı yaradılıb və bu layihələrə 70,5 milyon manat güzəştli kredit ayrılıb. Hazırda 43 aqroparkın yaradılması istiqamətində intensiv işlər aparılır.

Son 15 ildə meliorasiya-irriqasiya sisteminin inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən böyükmiqyaslı layihələr hesabına 360 min hektar sahədə torpaqların su təminatı yaxşılaşdırılmış, 127 min hektar sahə yeni suvarılan torpaqlar kimi əkin dövriyyəsinə əlavə edilmiş, həmçinin 256 min hektar sahədə meliorativ tədbirlər görülmüşdür. Ümumi tutumu 460 milyon kubmetrə yaxın olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilib istifadəyə verilmişdir. Meliorasiya və irriqasiya tədbirləri çərçivəsində 4 min kilometr suvarma kanalı tikilmiş və ya yenidən qurulmuş, 2481 kilometr kollektor-drenaj şəbəkəsinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilmişdir.

Hazırda Prezident İlham Əliyev tərəfindən aqrar sektorun inkişafına dair yeni vəzifələr müəyyən edilmişdir. Bu vəzifələr müasir aqrar-sənaye kompleksinin formalaşdırılmasından, yeni texnologiyaların tətbiqindən, ixrac imkanlarının genişləndirilməsindən, intensiv inkişafın və rayonlar üzrə ixtisaslaşmanın təmin edilməsindən və s. bu kimi məsələlərdən ibarətdir.

Yaxın illər ərzində pambıq istehsalının təqribən 500 min tona, tütün istehsalının 12 min tona, çəltik istehsalının 40 min tona, barama istehsalının 6 min tona çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Aqrar siyasət, o cümlədən kənd təsərrüfatına dəstək heç də aqrobiznesin bütün məsuliyyətinin dövlətin üzərinə qoyulması demək deyil. Aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi kənd təsərrüfatı istehsalçılarında ələbaxımlılıq vərdişləri yaratmamalıdır. Kənd təsərrüfatı dövlət dəstəyinə baxmayaraq, bazar iqtisadiyyatı “relsləri” üzərində inkişaf etməlidir.

Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi olduğuna görə, o, ümumi inkişaf kontekstində nəzərdən keçirilməlidir. Təsadüfi deyildir ki, son illər Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, maliyyə imkanlarımızın genişlənməsi kənd təsərrüfatı üçün də yeni imkanlar açmışdır. Dövlətin subsidiyalaşdırma siyasəti kənd təsərrüfatı istehsalçılarına, onların gəlirlərinə, istehlak xərclərinə müsbət təsir göstərmişdir.

Aqrar siyasətin ölkənin ümumi iqtisadi inkişaf strategiyası ilə uzlaşdırılması makroiqtisadi sabitliyin saxlanılması, inflyasiyanın cilovlanması, qeyri-neft sektorunun və regionların inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Aqrar siyasət kənd təsərrüfatına investisiya qoyuluşlarının artırılmasını nəzərdə tutur. Bu sahəyə investisiyaların cəlb edilməsi iqtisadiyyatın şaxələndirilməsinin əsas şərtidir. Bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da mənfəət investisiya qoyuluşlarını stimullaşdırmalıdır. Deməli, aqrar-sənaye kompleksinə kredit və investisiya qoyuluşlarının artırılması, ilk növbədə, bu sahənin gəlirliliyinin təmin edilməsindən asılıdır.

Hazırda kənd təsərrüfatının inkişaf perspektivləri aqrar-sənaye kompleksi (ASK) kontekstində dəyərləndirilir. Belə ki, ASK özü bir tam olaraq aqrar sektoru, kənd təsərrüfatı məhsullarının emalını, istehsal infrastrukturunu, ərzaq və istehsal vasitələri bazarını özündə birləşdirir. Başqa sözlə, aqrar siyasət təkcə kənd təsərrüfatı istehsalını deyil, həm də məhsul zəncirinin bütün halqalarını – istehsalı, emalı və satışı da əhatə edir. Bu, aqrar sektorun mövcud problemlərinə sistemli yanaşmanı təmin etməklə, onların kompleks həllinə şərait yaradır.

Aqrar siyasət kənd təsərrüfatının dövlət tənzimlənməsi ilə bazar mexanizminin daha sıx əlaqələndirilməsinə istiqamətlənməlidir. Aqrar sahəyə dövlət dəstəyi nə qədər zəruri olsa da, bu siyasət yalnız bazar alətlərinə və iqtisadi stimullara əsaslanmalıdır. Başqa sözlə, kənd təsərrüfatının subsidiyalaşdırılan bir sektor olmasına baxmayaraq, sahənin dəstəklənməsində bazar iqtisadiyyatının müasir mexanizmlərindən istifadə edilməli və aqrar siyasətin səmərəliliyi təmin edilməlidir.

“Kənd təsərrüfatının intensiv yollarla inkişaf etməsi çox vacibdir. Azərbaycanda torpaqlar çox deyil, biz torpağın hər bir qarışından səmərəli istifadə edilməsi üçün lazımi tədbirlər görməliyik” 19 . Prezident İlham Əliyevin bu tövsiyəsi aqrar siyasətin əsas hədəfini müəyyən etməklə yanaşı, həm torpaqlardan səmərəli istifadəni, həm də sahənin rəqabət qabiliyyətinin təmin edilməsini nəzərdə tutur.

Kənd təsərrüfatının inkişafını xarakterizə edən kəmiyyət göstəricilərinin keyfiyyət göstəricilərini tamamlaması prinsipial əhəmiyyət kəsb edir. Aqrar siyasət nəticəsində kənd təsərrüfatı istehsalı həcminin artırılması ilə yanaşı, əmək məhsuldarlığının, istehsalın rentabelliyinin yüksəldilməsinə, intensiv inkişafa nail olmalıyıq. Məhz belə bir yanaşma son nəticədə kənd təsərrüfatının səmərəliliyini təmin edə bilər.

Ölkəmizdə bir təsərrüfata düşən əkin sahəsi orta hesabla 2 hektardan azdır. Bu isə istehsalın səmərəli təşkilinə imkan vermir. Bunu nəzərə alaraq, kənd təsərrüfatında kooperasiyanı təşviq edən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. Bəzən kooperasiyanı kolxozların bərpası kimi qəbul edirlər. Halbuki sovet dövründə kolxoz üzvləri torpaq üzərində xüsusi mülkiyyət hüququna malik deyildilər. Kooperasiya isə xüsusi torpaq mülkiyyətçilərinin könüllülük əsasında birgə təsərrüfatçılıq fəaliyyətini nəzərdə tutur. Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı kooperasiyasına dair qanunun və dövlət proqramının qəbul edilməsi kooperativ əsasda təşkil olunan iri təsərrüfatların qurulmasına şərait yaradacaqdır.

Yeni dövr kənd təsərrüfatında innovasiyaların tətbiqini şərtləndirir. Ərzaq məhsulları istehsalında böyük nəticələr əldə etmiş ölkələr buna “yaşıl inqilab” nəticəsində nail olmuşlar. İqtisadi inkişafın yaratdığı imkanlar aqrar sektorda innovasiyaların tətbiqinə şərait yaradır.

Aqrar siyasət konservləşdirilmiş vəziyyətdə qala bilməz. İqtisadiyyat dinamik inkişaf etdiyi üçün dövlətin kənd təsərrüfatına münasibətdə həyata keçirdiyi siyasət də daxili və xarici amillər nəzərə alınmaqla davamlı olaraq yeniləşir.

Aqrar siyasətin yeni dövrün tələblərinə uyğunlaşdırılması və kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi ərzaq təhlükəsizliyinin etibarlı təminatı baxımından mühüm əhəmiyyət kəsb edir.

Hazırda dövlət başçısı tərəfindən aqrar sektorun müxtəlif sahələri ilə bağlı dövlət proqramları qəbul edilməkdədir. Bu proqramlar, eyni zamanda, dövlətin kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini əks etdirir.

Kənd təsərrüfatında texnoloji yeniləşmə, məhsuldarlıq nə qədər vacib olsa da, kəndin sosial məsələləri kölgədə qala bilməz. Buna görə də, aqrar sektorun inkişafına kəndin kompleks inkişafı, sosial məsələlərin həlli kontekstində baxılmaqdadır. Ölkə rəhbərliyinin həyata keçirdiyi aqrar siyasət kəndin inkişafına, xüsusilə də kənd ərazilərində müasir infrastrukturun yaradılmasına, kənddə həyat səviyyəsinin yüksəldilməsinə və məşğulluğun təmin edilməsinə xidmət edir.

İqtisadi artım yükünün neft sektorundan qeyri-neft sektoruna keçdiyi bir vaxtda aqrar siyasət iqtisadiyyatın şaxələndirilməsini dəstəkləməlidir. Kənd təsərrüfatının inkişafı sahəsində mövcud imkanların tədricən reallaşdırılması bu sektoru yaxın perspektivdə iqtisadiyyatın aparıcı sahəsinə çevirəcəkdir.

AZƏRBAYCANIN MƏŞĞULLUQ STRATEGİYASI

İşsizlik inkişaf səviyyəsindən asılı olmayaraq, hər bir cəmiyyətin ən ağrılı sosial-iqtisadi problemlərindən biridir. Sovet İttifaqının mövcud olduğu 70 il ərzində aparılan tədqiqatlar və həyata keçirilən ideoloji təbliğat sosialist iqtisadiyyatının kapitalist iqtisadi sistemindən daha üstün olması təsəvvürünün formalaşdırılmasına xidmət edirdi. İttifaq dövləti kapitalizmə xas olan problemlərin sovet iqtisadiyyatında da kök salmasının qarşısını hər vəchlə almağa çalışırdı. Sovet cəmiyyətində, xüsusilə də işsizlikdən söhbət gedə bilməzdi. Sosial xarakterli bu problemin yaranmasına yol verməmək üçün dövlətin həyata keçirdiyi tədbirlər iqtisadiyyatın qeyri-səmərəli fəaliyyətinə səbəb olurdu. Əməktutumluluğu yüksək, məhsuldarlığı isə aşağı olan sosialist müəssisələri kapitalist firmaları ilə müqayisədə həm keyfiyyət, həm də səmərəlilik göstəricilərinə görə geri qalırdı. Amirlik iqtisadiyyatı dövründə işsiz olan hər bir kəsə tüfeyli damğası vurulur və həmin şəxslər inzibati məsuliyyətə cəlb edilirdilər.

Bazar münasibətlərinə əsaslanan iqtisadiyyatda isə işsizliyin mövcud olması təbii hal kimi qiymətləndirilir. Buna görə də hər bir ölkədə işsizliklə mübarizə onun tamamilə aradan qaldırılmasına deyil, azaldılmasına yönəldilir. İşsizlik yalnız iqtisadiyyat üçün təhlükəli həddi keçdikdə, yəni kütləvi hal aldıqda, iqtisadi böhranla müşayiət edildikdə ciddi sosial problemlərə səbəb olur.

Prezident İlham Əliyev hələ 2003-cü ildə seçkiqabağı çıxışlarında işsizliyi qarşıda duran ən mühüm problem kimi qeyd etmiş və növbəti 5 ildə 600 min yeni iş yerinin açılacağını əsas vəzifə kimi müəyyən etmişdir.

Təqdirəlayiq haldır ki, ölkə rəhbərliyinin son 15 ildə həyata keçirdiyi məşğulluq strategiyası çərçivəsində 1,9 milyon yeni iş yeri (o cümlədən 1,4 milyonu daimi) açılmış, işsizlik səviyyəsi 5 faizədək azalmışdır. Məşğulluğun təmin edilməsi vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına şərait yaratmışdır.

2003-2017-ci illər ərzində işsizlik müavinətinin orta aylıq məbləği 11,4 dəfə artaraq 267,5 manat, bu məqsədlər üçün xərclənən illik vəsaitin həcmi isə 16,8 dəfə artaraq 17,6 milyon manat təşkil etmişdir.

Ölkədə bazar münasibətlərinin tədricən formalaşması iqtisadiyyatın, o cümlədən məşğulluğun strukturunda da əsaslı dəyişikliklərə səbəb olmuşdur. Əgər 1995-ci ildə dövlət sektorunda məşğul əhalinin 56 faizi çalışırdısa, 2016-cı ildə bu göstərici 24,6 faizə enmişdir. Qeyri-dövlət bölməsinin məşğulluğun strukturundakı payı isə müvafiq olaraq 44 faizdən 75,4 faizə yüksəlmişdir. Belə bir tendensiya əhalinin məşğulluğu ilə bağlı əsas yükün dövlətin deyil, artıq xüsusi bölmənin üzərinə düşdüyünü göstərir.

Məlum olduğu kimi, işsizliyin tsiklik, struktur və müvəqqəti formaları mövcuddur. İşsizliyin bu formaları demək olar ki, ölkə iqtisadiyyatında bu və ya digər formada özünü göstərməkdədir. Əgər iqtisadiyyatın, o cümlədən sənayenin strukturunda baş verən köklü dəyişikliklər struktur işsizliyinin kəskinləşməsinə səbəb olursa, əməkhaqqının sahələr və sektorlar üzrə differensasiyasının dərinləşməsi müvəqqəti işsizliyə gətirib çıxarır. Ölkədə işsizliyin müxtəlif formalarda təzahür etməsi bu problemin müxtəlif amillərin təsiri ilə yarandığını göstərir. Bu baxımdan məşğulluq siyasəti çoxşaxəli olmalı və işsizliyə birbaşa və dolayı təsir göstərən bütün amillərin təsirini aradan qaldırmalı və ya minimuma endirməlidir.

Sosial-iqtisadi inkişafın yeni mərhələsində işsizlik probleminin təhlili xüsusi aktuallıq kəsb edir. İşsizlik bir tərəfdən iqtisadi transformasiyanın nəticəsi kimi, digər bir tərəfdən də sovet iqtisadiyyatının miras qoyduğu ən ağır problemlərdən biri kimi qiymətləndirilməlidir. Buna görə də işsizliyin azaldılması sistemli və kompleks tədbirlərin həyata keçirilməsini tələb edir.

İşsizliyin qarşısının alınması hər şeydən əvvəl ölkədə normal fəaliyyət göstərən əmək bazarının formalaşdırılmasından və onun çevik tənzimlənməsindən asılıdır. Eyni zamanda, yeni dövrün reallıqlarını, əhalinin milli xüsusiyyətlərini və mentalitetini nəzərə alan məşğulluq siyasəti müəyyən edilməli və həyata keçirilməlidir. Heç şübhəsiz, belə bir siyasət həm də dünya ölkələrinin bu sahədə müvafiq təcrübəsini nəzərə almalıdır.

İşsizlərə dövlət yardımı ilə bağlı tədbirlər məşğulluq siyasətinin yalnız bir hissəsini təşkil etməlidir. Məşğulluq siyasəti potensialı reallaşdırılmayan işçi qüvvəsindən tam istifadə edilməsini, məhsuldar və yüksək ödənişli məşğulluq üçün şəraitin yaradılmasını, əmək bazarında təklifin tələbə uyğunlaşdırılmasını, əmək məhsuldarlığını artırmaq məqsədi ilə insan kapitalına investisiya qoyuluşunun artırılmasını təmin etməlidir. Dövlət orqanları işsizlərin yenidən ixtisaslaşmasını və peşə hazırlığını təşkil etməklə, işçi qüvvəsinin əmək bazarının tələblərinə adaptasiyasına şərait yaratmalıdır.

Ölkədə yeni iş yerlərinin açılması özəl sektorun inkişafından bilavasitə asılıdır. Özəl sektor nə qədər dinamik inkişaf edərsə, onun maliyyə imkanları nə qədər genişlənərsə, dövlətin işsizliklə bağlı qayğıları da bir o qədər azalmış olar. Xüsusilə də kiçik biznesin inkişafına daha çox şərait yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, əksər ölkələrdə yeni iş yerləri iri şirkətlərdə deyil, əsasən orta və kiçik müəssisələrdə açılır.

Ölkədə məşğulluğun strukturuna həlledici təsir göstərən amillərdən biri əməkhaqqının differensasiyasının dərinləşməsidir. Əməkhaqqının sahələr üzrə bir-birindən kəskin fərqlənməsi işçi qüvvəsinin də sahələr üzrə qeyri-bərabər bölgüsünə gətirib çıxarır. Bəzi sahələrdə əməkhaqqının aşağı olması, eyni zamanda, əməyin keyfiyyətinin və əmək intizamının aşağı düşməsinə səbəb olur. İşsizliklə bağlı problemin həlli ölkə vətəndaşlarının təkcə iş yerləri ilə təmin olunması ilə bitmir. İş yerləri məşğul əhalini həm də yüksək əməkhaqqı ilə təmin etməlidir. Həmin əməkhaqqı da işçilərin təkrar istehsalına şərait yaratmalıdır. Yəni, hər bir işçi öz iş qüvvəsini yenidən bərpa etmək imkanına malik olmalıdır.

Məlum olduğu kimi, 1997-ci ildən ölkədə əmək yarmarkaları təşkil edilir. Onun vasitəsilə indiyə kimi on minlərlə ölkə vətəndaşı işlə təmin edilmişdir. Lakin əmək yarmarkaları əhalinin məşğulluğunun təmin edilməsində yalnız köməkçi rol oynayır. Yəni, işsiz vətəndaşlar həmin yarmarkaların vasitəsilə mövcud vakansiyalar barədə məlumatlar əldə edir və iş yeri axtarmaq üçün məşğulluq mərkəzlərinin xidmətlərindən istifadə edirlər. Problemin köklü həlli isə yeni iş yerlərinin açılmasından ibarətdir.

Əsas fondların və investisiyaların regionlar üzrə qeyri-bərabər bölgüsü də məşğulluq problemini kəskinləşdirir. Uzun illər Azərbaycanın paytaxtdankənar rayonlarında bəzi sənaye müəssisələrinin öz fəaliyyətlərini dayandırması regional işsizliyin səviyyəsini artırmışdır. Son illər investisiyaların regionlara yönəldilməsi, dövlət səviyyəsində ardıcıl olaraq regional inkişaf proqramlarının həyata keçirilməsi paytaxta işçi qüvvəsi axınını xeyli azaltmışdır.

Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də idxalı əvəz edən sənaye sahələrinin inkişaf etdirilməsi məşğulluğun təmin edilməsində həlledici rol oynaya bilər. Bu baxımdan ölkədə yeyinti sənayesinin və yüngül sənayenin inkişaf etdirilməsi bir tərəfdən daxili bazarın inkişafına, digər tərəfdən də məşğulluq sahəsində mövcud imkanların artırılmasına şərait yaradacaqdır.

Hazırda ölkədə həyata keçirilən iqtisadi siyasət işsizliyin yaranma imkanlarının məhdudlaşdırılmasına, sosial siyasət isə işsizlik probleminin doğurduğu fəsadların aradan qaldırılmasına yönəldilmişdir.

Əhalinin məşğulluğunun təmin edilməsi sahəsində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” uğurla icra olunmuşdur.

2016-cı ildən etibarən əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində tədbirlərin həyata keçirilməsi ilə məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələnin əsası qoyuldu. Özünüməşğulluq işsiz və işaxtaran şəxslərin əmək potensialının reallaşdırmasına və nəticə etibarilə onların gəlirlərinin artırılmasına, ölkədə yeni iş yerlərinin açılmasına, kiçik və orta sahibkarlığın inkişafına şərait yaradır.

İşsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onların aktiv məşğulluq tədbirlərinə cəlb olunması, passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçidin əhatəliliyinin genişləndirilməsi məqsədi ilə ölkədə 2018-ci il 1 yanvar tarixindən işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılmışdır.

YOXSULLUĞUN AZALDILMASI STRATEGİYASI

Yoxsulluq istənilən cəmiyyətə xas olan çoxşaxəli sosial-iqtisadi problemdir. Yoxsulluğun azaldılması təkcə humanistlik prinsiplərindən irəli gəlmir, bunu həm də gələcək nəsillərin fiziki, əmək və intellektual potensialının qorunub saxlanılması və inkişaf etdirilməsi zəruriliyi diktə edir. Buna görə də yoxsulluq problemi qlobal səviyyədə olduğu kimi, həm də ölkəmizdə daim diqqət mərkəzindədir.

Seçilmiş iqtisadi inkişaf modelindən asılı olmayaraq, hər bir dövlətin öz sosial funksiyalarını nə dərəcədə səmərəli həyata keçirməsi aztəminatlı təbəqənin maddi təminatı və yoxsulluğun səviyyəsi ilə müəyyən olunur. Yoxsulluq mahiyyəti etibarilə hər hansı bir şəxsin öz minimal ehtiyaclarını ödəmək iqtidarında olmamasıdır. Bu cür insanlar öz əmək qabiliyyətini qoruyub saxlamaqda, potensialını reallaşdırmaqda, maddi və mənəvi ehtiyaclarını ödəməkdə, özlərini cəmiyyətdə təsdiq etməkdə çətinlik çəkirlər. Yoxsulluq hər bir insanda daim qorxu hissi və müdafiəsizlik sindromu yaradır.

Yoxsulluq təkcə sosial-iqtisadi problem deyil, həm də demokratik inkişaf üçün bir maneədir. Dünya təcrübəsi göstərir ki, yoxsulluq səviyyəsi yüksək olan ölkələrdə demokratikləşmə prosesi bir qayda olaraq zəif və ləng gedir. Adam Smit hələ vaxtilə qeyd etmişdir ki, əhalisinin böyük bir hissəsi yoxsul olan cəmiyyət inkişaf edib xoşbəxt ola bilməz. Yoxsulluq səviyyəsinin yüksək olması kütləvi savadsızlığa, cinayətkarlığın artmasına, mənəviyyatın deformasiyasına gətirib çıxarır.

Yoxsulluq bir tərəfdən gəlirlərin və istehlakın ən aşağı səviyyədə olmasıdırsa, digər tərəfdən də təhsilin aşağı səviyyəsi, yetərincə qidalanmama, insanın səhhətində problemlər deməkdir. Buna görə də hər bir ölkədə yoxsulluqla mübarizə sosial-iqtisadi siyasətin mühüm istiqaməti kimi nəzərdə tutulur.

Bəzən yoxsulluq problemi həddən artıq şişirdilir. Dünyada yoxsulluğun mövcud olmadığı ölkə yoxdur. Hətta inkişaf etmiş ölkələr belə yoxsulluq problemini köklü şəkildə həll edə bilməyib.

Əslində, yoxsulluğun əsası amirlik iqtisadiyyatı dövründə qoyulmuşdur. Təsadüfi deyildir ki, 2002-ci ildə “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı”nın təqdimatına həsr olunmuş konfransda ulu öndər Heydər Əliyev öz nitqində bu məsələ ilə bağlı fikirlərini belə açıqlamışdır: “Keçmiş sovetlər ittifaqına mənsub olan ölkələrdə, məlumdur ki, SSRİ dağılandan sonra çox ağır sosial-iqtisadi proseslər gedib və getməkdədir. Sovetlər ittifaqı dövründə də insanların hamısı eyni səviyyədə yaşamırdı. Respublikaların vəziyyətləri də müxtəlif idi. Amma, ümumiyyətlə, yoxsulluq mövcud idi. Bəlkə də o vaxt sovet sistemində hamının eyni səviyyədə yaşaması prinsipi prizmasından baxanda kimin yoxsul olması, kimin olmaması, o qədər də görünmürdü. Ümumiyyətlə, sovetlər ittifaqında, sosialist sistemində yoxsulluq bir problem kimi müzakirə olunmurdu. Yəni, problem vardısa da, onun olması etiraf edilmirdi” 20 .

Doğrudur, sovet iqtisadiyyatı dövründə yoxsulluq inkar edilsə də, faktiki olaraq o, “aztəminatlılıq” formasında təqdim edilirdi. Hələ 1975-ci ildə keçmiş SSRİ-də aztəminatlılığın həddi kimi ailənin bir üzvü üçün ayda 50 rubl müəyyən edilmişdir. Bu dövrdə aztəminatlı ailələrin xüsusi çəkisi 16 faizə çatırdı. 1985-ci ildə bu göstərici ayda 75 rubla çatdırılmışdır. İnzibati yollarla həyata keçirilən ifrat bərabərçilik siyasəti keçid dövründə yoxsulluğun kütləviləşməsinə əlverişli şərait yaratmışdır.

Məşhur iqtisadçı C.Qelbreytin təbirincə desək, keçmişdə yoxsulluq əksəriyyətin problemi idisə, bu gün o, əhalinin müəyyən bir hissəsinin problemidir. Bu fikir onu təsdiq edir ki, əvvəllər yoxsulluq geniş miqyas almaqla yanaşı, həm də daha kəskin xarakter daşıyırdı. Hətta indiki inkişaf etmiş ölkələr də yoxsulluq problemini kəskinliyi ilə yaşamışlar. Yoxsulluq yalnız keçmiş SSRİ-də əhalinin az bir hissəsindən əksəriyyətin probleminə çevrilmişdir. 1990-cı illərin əvvəllərində həyata keçirilmiş şok terapiyası bu problemin geniş miqyas almasına səbəb olmuşdur.

Bəziləri yoxsulluğu bazar iqtisadiyyatı üçün xarakterik olan bir hal hesab etdiklərinə görə onu formalaşmaqda olan yeni iqtisadi sistemin nəticəsi kimi qiymətləndirirlər. Lakin bazar iqtisadiyyatı özlüyündə yoxsulluğu doğurmur. Yoxsulluq problemi daha çox səmərəli sosial müdafiə sisteminə malik olmayan, gəlirlərin qeyri-bərabər bölgüsünün dərinləşdiyi ölkələrdə özünü büruzə verir. Bazar iqtisadiyyatının yoxsulluq adlı nə prinsipi, nə də elementi var. Əgər keçid dövründə yoxsulluq problemi kəskinliyi ilə təzahür edirsə, bu, bazar iqtisadiyyatı ilə əlaqələndirilməməlidir.

Yoxsulluq probleminin həlli iqtisadi inkişafdan asılı olduğu kimi, iqtisadi inkişafın özü də yoxsulluq probleminin həllindən asılıdır. Belə ki, həyat səviyyəsi aşağı olan, alıcılıq qabiliyyəti isə zəif olan ölkədə iqtisadi fəallıq yüksək ola bilməz. İqtisadi fəallıq alıcılıq qabiliyyətli tələbin mövcud olmasını şərtləndirir. Bir çox inkişaf etmiş ölkələrdə iqtisadi artımı təmin edən amil, həm də yüksək alıcılıq qabiliyyətinə malik ölkə vətəndaşlarıdır.

Məlum olduğu kimi, hələ 2000-ci ildə BMT Minilliklə bağlı sammitini keçirmişdir. Bu sammitdə yeni yüzillik üçün fəaliyyət prioritetlərini müəyyən edən Minilliyin Bəyannaməsi qəbul edilmişdir. Bu prioritetlərdən ən əsası ifrat yoxsulluğu aradan qaldırmaqdan ibarətdir.

Azərbaycan yoxsulluğa və aclığa qarşı mübarizədəki uğurlarına görə Minilliyin İnkişaf Məqsədlərinin (MİM) sona çatması ilə bağlı Romada keçirilən təqdimat mərasimində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xüsusi mükafatına layiq görülmüşdür. Qürurverici haldır ki, Azərbaycan MİM-lər çərçivəsində yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürən 128 ölkə arasında bu vəzifəni yerinə yetirən 18 ölkədən biri olmuşdur. Ölkəmiz həm də dünyada yoxsulluğun 5 faizdən aşağı endirilməsinə nail olan 29 ölkə sırasındadır.

BMT-nin fəal üzvü kimi qlobal problemlərin həllində iştiraka töhfə verməyə yüksək səy göstərən Azərbaycan BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni Qlobal Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulmuşdur.

Yoxsulluqla mübarizəni təkcə daxili amillər deyil, həm də dünyada gedən proseslər diktə edir. Təsadüfi deyildir ki, 17 oktyabr dünyada Beynəlxalq Yoxsulluqla Mübarizə Günü kimi qeyd edilir. Hər bir ölkədə olduğu kimi, qlobal səviyyədə də regionların fərqli inkişaf səviyyəsinə malik olması, gəlirlərin qeyri-bərabər bölgüsü yoxsulluqla qlobal mübarizəni xeyli çətinləşdirir.

Əslində, dünya üzrə gəlirlərin qeyri-bərabər bölgüsünü ÜDM istehsalında ayrı-ayrı ölkələrin iştirak səviyyəsinin fərqlənməsi doğurur. Hazırda dünya üzrə istehsal olunan ÜDM-in 80 faizi dünya əhalisinin təxminən 20 faizini özündə birləşdirən inkişaf etmiş ölkələrin payına düşür. Dünyanın yerdə qalan 80 faizi isə qlobal ÜDM-in cəmi 20 faizini istehsal edir.

BMT-nin 2002-ci ildə Cənubi Afrikanın Yohannesburq şəhərində keçirildiyi sammitində müzakirə olunan əsas məsələlərdən biri yoxsul dövlətlərə yardımla bağlı olmuşdur. Belə ki, 1960-cı illərin sonunda götürülmüş öhdəliyə görə inkişaf etmiş ölkələr üçüncü dünya ölkələrinə öz ÜDM-nin 0,7 faizi həcmində yardım etməli idi. Lakin bu öhdəlik yerinə yetirilməmişdir.

Dünyada yoxsulluğun azaldılması həm də dünya iqtisadi düzənində müəyyən düzəlişlər edilməsini tələb edir. Problemin həllinə şərait yaratmaq məqsədi ilə inkişaf etmiş ölkələr öz bazarlarını inkişaf etməkdə olan ölkələrin məhsulları üçün açmalı, ədalətli ticarət şərtləri daxilində onların dünya bazarında rəqabət aparmasına imkan yaratmalıdırlar. Digər bir tərəfdən də beynəlxalq səviyyəli bəzi problemlər, xüsusilə də borcların tənzimlənməsi və maliyyə yardımlarının səmərəliliyinin artırılması təmin edilməlidir. Əks halda, zəif inkişaf etmiş ölkələr nə qədər səy göstərsələr də, onlar minillik üçün qarşıya qoyulmuş məqsədlərə nail ola bilməyəcəklər.

Keçmiş ittifaq respublikalarında, o cümlədən Azərbaycanda əhalinin həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsi, əslində isə yoxsullaşma prosesi 1990-cı illərin əvvəllərində qiymətlərin liberallaşdırılması nəticəsində baş vermişdir. Bu zaman əhalinin banklarda olan əmanətləri üçün nə kompensasiyalar ödənilmiş, nə də gəlirlərin indeksləşdirilməsi həyata keçirilmişdir. Nəticədə gəlirlərin, əmanətlərin dəyərsizləşməsi prosesi müşahidə edilmişdir. Sosial gərginliyin, o cümlədən yoxsullaşmanın əsası da həmin dövrdə qoyulmuşdur.

Hər bir ölkədə iş yerlərinin məhdud olması və bu əsasda işsizliyin dərinləşməsi yoxsulluğu doğuran səbəblərdən biri kimi çıxış edir. Əmək bazarındakı differensasiya və qeyri-bərabərlik yoxsulluğun əsas səbəblərindən biridir. Belə ki, əmək bazarında aşağıödənişli iş yerlərinə malik olanların sayı çox olduqda, əmək bazarında deqradasiya baş verir, iqtisadi və sosial təbəqələşmə son nəticədə yoxsulluğa gətirib çıxarır.

Ölkədə iqtisadi artım və makroiqtisadi sabitlik təmin edildikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005)” təsdiq edilmişdir. Bu proqram sosial problemlərin həlli yollarını göstərməklə yanaşı, həm də onun iqtisadi əsaslarını müəyyənləşdirdi. Burada islahatların iqtisadi, sosial və institusional aspektləri kompleks şəkildə əhatə olunmuşdur. Proqram bütün sosial-iqtisadi problemlərin həllinə məhz yoxsulluğun azaldılması kontekstindən yanaşmağa imkan vermiş və bir növ istiqamətverici rol oynamışdır.

Hələ 2003-cü ildə Baş nazir İlham Əliyevin prezidentliyə namizəd kimi çıxışlarının əsas tezislərindən biri də Azərbaycanda yoxsul olmamalıdır tezisi idi. O qeyd edirdi ki, Azərbaycan xalqı zəngin xalq olmalıdır. Bunun üçün hər cür şərait var. Dövlətin başlıca siyasəti bundan ibarətdir ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın və o, buna layiqdir və biz buna nail olacağıq. İmkanlarımız artdıqca, Azərbaycanın bütün vətəndaşları, bütün təbəqələr daha da yaxşı yaşayacaqdır.

Bu məqsədlə Prezident İlham Əliyev “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nı təsdiq etmişdir. Yoxsulluqla mübarizə üçün hökumət sosial müdafiə və ya sosial inkişaf proqramları da hazırlaya bilərdi. Hazırlanmış sənədin məhz bu cür adlandırılması sosial proqram və təminatların iqtisadi baza və resurslarla tamamlanması məqsədini güdür.

Yoxsulluğun azaldılması strategiyasının əsas məqsədi yoxsulluğu doğuran səbəbləri aradan qaldırmaqdan və əhalinin sosial müdafiəsi sistemini təkmilləşdirməkdən ibarətdir.

Ölkənin maliyyə ehtiyatlarının səfərbər edilməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması, məşğulluq səviyyəsinin yüksəldilməsi, təbəqələşmənin və gəlirlərin qeyri-bərabər bölgüsünün dərinləşməsinin qarşısının alınması yoxsulluğun azaldılması strategiyasının əsas vəzifələridir.

İqtisadi siyasətlə sosial siyasətin əlaqələndirilməsi, sosial ədalətin qorunması, vətəndaşların potensial qabiliyyətinin reallaşdırılması üçün şəraitin yaradılması, bazar münasibətlərinin inkişaf etdirilməsi, vətəndaşların dövlətdən maliyyə asılılığının azaldılması yoxsulluqla mübarizə strategiyasının əsas prinsipləri kimi müəyyən edilmişdir.

Aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik və iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının yaxşılaşdırılmasına nail olunmuşdur. Eyni zamanda, sosial proqramların maliyyələşdirilməsi imkanlarının genişlənməsi, iqtisadiyyatın genişmiqyaslı liberallaşdırılması, sahibkarlığın təşviq edilməsi yoxsulluğun azaldılmasına əlverişli şərait yaratmışdır.

1990-cı illərin əvvəllərində 60 faiz təşkil edən yoxsulluq səviyyəsi Azərbaycanda həyata keçirilən ardıcıl və sistemli tədbirlər nəticəsində 2003-cü ildə 44,7 faizə, 2005-ci ildə 29,3 faizə, 2010-cu ildə 9,1 faizə, 2017-ci ildə 5,4 faizə endirilmişdir.

Dövlət büdcəsinin sosialyönümlü xərcləri 2003-2017-ci illərdə 10 dəfə artaraq 7,0 mlrd. manata, o cümlədən dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərcləri 11 dəfə artaraq 2,4 mlrd. manata çatmışdır.

Minimum əməkhaqqı 23 dəfədən çox artaraq 5,5 manatdan 130 manata çatdırılmışdır. Dövlət büdcəsinin səhiyyə xərcləri 12,7 dəfə artaraq 55,3 milyon manatdan 704,9 milyon manata yüksəlmişdir.

Orta aylıq əməkhaqqı 8,4 dəfə artaraq 528,2 manata çatmışdır.

BMT İnkişaf Proqramının qlobal İnsan İnkişafı Hesabatına əsasən Azərbaycan “orta insan inkişafı” ölkələri kateqoriyasından “yüksək insan inkişafı” kateqoriyasına daxil edilmişdir.

Yoxsulluğun azaldılması perspektivləri təkcə dövlətimizin iqtisadi imkanları ilə deyil, həm də ölkə vətəndaşlarının yüksək işgüzarlıq keyfiyyətləri və sahibkarlıq potensialı ilə müəyyən olunur. Azərbaycan işgüzarlıq səviyyəsinə görə nəinki MDB ölkələrini, həmçinin Şərqi Avropa ölkələrini qabaqlayır. Özəl bölmənin iqtisadiyyatda payı artır, o, məşğulluğun təmin edilməsində, əhalinin gəlirlərinin formalaşmasında həlledici rol oynayır. Son dövrlər sahibkarlığın inkişafına yönəldilmiş tədbirlər nəticəsində özəl sektorda iqtisadi fəallığın artacağı və nəticədə yoxsulluğun daha da azalacağı gözlənilir.

Yoxsulluqdan qurtulmağın konkret bir resepti yoxdur. Bunun üçün iqtisadi, sosial və institusional sahədə kompleks tədbirlər həyata keçirilməli və onlar bir-birini tamamlamalıdır. Başqa sözlə, yoxsulluğun azaldılması üçün imkanlar yaradılmalı, bu imkanların reallaşması təmin edilməli və etibarlı sosial müdafiə sistemi formalaşdırılmalıdır.

İQTİSADİ-İDEOLOJİ TƏBLİĞAT VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

Qloballaşma prosesinin getdikcə dərinləşdiyi və dünyada vahid siyasi-iqtisadi qaydaların bərqərar olduğu bir vaxtda sosialist və ya kapitalist iqtisadi sisteminin lehinə, yaxud da əleyhinə yönəldilmiş iqtisadi-ideoloji təbliğatın aparılmasına artıq heç bir ehtiyac qalmır. Hazırda dünya ölkələrinin iqtisadi-ideoloji fəaliyyəti və təbliğat sistemi hər hansı siyasi ehkamlar üzərində deyil, yalnız və yalnız dövlət mənafeyinin və milli iqtisadi maraqların qorunması prinsipləri üzərində qurulur. Müstəqil dövlət quruculuğu dövrünü yaşayan və milli iqtisadiyyatını formalaşdırmaqda olan Azərbaycan üçün də məhz bu prinsiplərə əsaslanan çevik iqtisadi ideoloji təbliğat mexanizminin qurulması olduqca vacibdir.

İqtisadi təbliğat sistemsiz qeyri-ardıcıl xarakter daşımamalıdır. Ölkənin siyasi rəhbərliyi tərəfindən müəyyən edilmiş iqtisadi ideologiyanın və islahatlar kursunun təbliği siyasi-ideoloji təbliğat fonunda zəif və sönük görünməməlidir. İqtisadiyyatını yeniləşdirməkdə olan və dünya miqyaslı strateji layihələr həyata keçirən müstəqil Azərbaycan Respublikasında iqtisadi təbliğat davamlı və ardıcıl xarakter daşımalıdır.

İqtisadi ideologiya dövlətin iqtisadi strategiyasını, iqtisadi islahatların konseptual əsaslarını, seçilmiş iqtisadi modelin əsas prinsiplərini, ölkənin milli iqtisadi mənafeyi və maraqları ilə bağlı məsələləri özündə birləşdirir. Azərbaycanın seçdiyi iqtisadi inkişaf modeli və ideologiyası ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni Konstitusiyada öz əksini tapmışdır.

Belə bir ideologiyanın əsasını hər şeydən əvvəl mülkiyyət münasibətləri təşkil edir. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən müdafiə edilməsi artıq konstitusion müddəaya çevrilmişdir. Əsas Qanuna görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Ölkəmizin iqtisadi inkişaf modelinin ümumi prinsipləri də Konstitusiyada təsbit edilmişdir. Əsas Qanunda qeyd edilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bu müddəalar iqtisadi islahatların dönməzliyinə konstitusion təminat verməklə yanaşı, həm də bazar münasibətlərinin ölkənin iqtisadi həyatına daha dərindən nüfuz etməsi üçün hüquqi-ideoloji zəmin yaradır.

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların son məqsədi nə ümumi daxili məhsulun həcminin artırılmasından, nə büdcə kəsirinin minimum həddə saxlanılmasından, nə də ki, valyuta ehtiyatlarını artırmaqdan ibarətdir. İslahatların başlıca strateji məqsədi ölkə iqtisadiyyatını sağlamlaşdırmaqla əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdır. Bu, Əsas Qanunumuzda da öz əksini tapmışdır. Konstitusiyada göstərilir ki, Azərbaycan iqtisadiyyatının inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq, xalqın rifahının yüksəldilməsinə xidmət edir. Bu müddəa, həm də Azərbaycanın iqtisadi inkişaf modelinin sosialyönümlülüyünü təsbit edir. İqtisadi siyasətlə sosial siyasətin bir-biri ilə əlaqələndirilməsi müəyyən etdiyimiz iqtisadi modelin səciyyəvi xüsusiyyətlərindən biridir.

Konstitusiyamızda iqtisadi azadlığın təsbit edilməsi, eyni zamanda, insan azadlığının və cəmiyyətin demokratikləşməsinin iqtisadi-ideoloji əsası kimi qiymətləndirilə bilər. Azad cəmiyyət iqtisadiyyatın, xüsusilə də özəl bölmənin və sahibkarlığın inkişafına şərait yaratdığı kimi, azad iqtisadiyyat da cəmiyyətdə demokratik dəyişikliklərin sürətlənməsinə xidmət edir.

Ulu öndər Heydər Əliyev BVF-nin nümayəndə heyəti ilə görüşündə iqtisadiyyat və demokratiyanın qarşılıqlı əlaqəsinin mahiyyətini açan olduqca maraqlı bir fikir söyləmişdir: “İqtisadi əsas olmasa, demokratiyanı yaratmaq mümkün deyil… Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadiyyatın tənəzzülünün qarşısının alınması və nəhayət, makroiqtisadi inkişafın əldə olunması – bunlar hamısı birlikdə Azərbaycanda həqiqi demokratiyanın yaranmasının əsaslarıdır” 21 .

İqtisadi-ideoloji təbliğat ölkəmizdə həyata keçirilən iqtisadi strategiyanın, dövlətimizin milli iqtisadi maraqlarının, reallaşdırılan və nəzərdə tutulan iqtisadi tədbirlərin, qarşılaşdığımız problem və çətinliklərin vətəndaşlara davamlı şəkildə çatdırılmasını təmin etməlidir. Bu, son nəticədə vətəndaşların hüquqi və iqtisadi maarifləndirilməsinə, iqtisadi islahatların ictimailəşməsinə və cəmiyyət tərəfindən dəstəklənməsinə xidmət etmiş olar.

Bir çox ölkələr iqtisadi transformasiya prosesində ciddi sosial-iqtisadi problemlərlə qarşılaşırlar və onların həlli qısa bir müddətdə mümkün olmur. Bu baxımdan Azərbaycan iqtisadiyyatı da bu kimi problem və çətinliklərdən xali olmamışdır. Bəzən cari problemlərin təhrif edilərək dramatikləşdirilməsi yolverilməz olduğu kimi, sosial-iqtisadi problemlərimizə münasibətdə inkarçılıq mövqeyi də sağlam iqtisadi-ideoloji təbliğat prinsiplərinə uyğun gəlmir. İqtisadi problemlər xarakterindən və onları doğuran səbəblərdən asılı olmayaraq, ölkə ictimaiyyətinə vaxtında çatdırılmalıdır ki, sonradan onlar “təhrif edilmiş” və ya “siyasiləşdirilmiş” bir şəkildə təqdim edilməsin.

Ölkə iqtisadiyyatının yeniləşməsi yeni-yeni problemlərin yaranmasına səbəb olmaqla yanaşı, həm də bir sıra suallar doğurur. Bu suallar həm cari iqtisadi vəziyyətlə, həm də sosial-iqtisadi inkişafın konseptual məsələləri ilə bağlıdır. Elan edilmiş iqtisadi strategiyanın rəvan bir şəkildə davam etdirilməsi islahatların gedişi ilə bağlı ölkə vətəndaşlarında yaranan sualların vaxtında cavablandırılmasını tələb edir.

İqtisadi maarifləndirmə sahəsində görülən işlər də hələ qənaətbəxş səviyyədə deyil. Bu, hər şeydən əvvəl iqtisadi təhsilin və kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılmaması, milli iqtisadiyyatın problemlərini dünya iqtisadiyyatının inkişaf meyilləri ilə əlaqələndirən iqtisadi ədəbiyyatların hazırlanmaması və bu sahədə müvafiq tədqiqat işlərinin aparılmaması ilə izah olunur.

İqtisadi təbliğat yalnız ölkənin iqtisadi potensialının, xüsusilə də təbii sərvətlərimizin səthi bir şəkildə qiymətləndirilməsi üzərində deyil, bu potensialın Azərbaycanın milli maraqları naminə istifadəsinə şərait yarada biləcək sağlam iqtisadi sistemin formalaşdırılması məsələləri kontekstində qurulmalıdır. Nəzərə almalıyıq ki, hər bir ölkənin təbii sərvəti iqtisadi inkişaf üçün zəmin yaratsa da, onun həlledici şərti kimi çıxış etmir.

İqtisadi ideoloji təbliğatın milli maraqlarımıza uyğun olaraq qurulması üçün iqtisadçı alimlərin, müstəqil ekspertlərin iqtisadi problemlərin müzakirəsinə cəlb edilməsi vacibdir. Çox təəssüflər olsun ki, Azərbaycanın iqtisadi-elmi mühiti ilə iqtisadi yönümlü dövlət orqanları arasında böyük bir məsafə var. Bu məsafənin azaldılmasına cəhd göstərilməməsi bir çox hallarda iqtisadi-elmi potensialın kortəbii şəkildə siyasiləşməsinə gətirib çıxarır. Həyata keçirilən iqtisadi islahatların elmi xarakterini və mövcud problemlərə konstruktiv yanaşmanı təmin etmək üçün Azərbaycanın iqtisadi-elmi mühitinin iqtisadi quruculuq prosesində yaxından iştirakına şərait yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, iqtisadçı alimlər ölkə ziyalılarının əsas hissəsini təşkil etməklə yanaşı, həm də iqtisadi islahatların təbliğində və həyata keçirilməsində əsas qüvvə kimi çıxış edirlər.

Azərbaycan dünya təsərrüfat sisteminə daha sıx cəlb olunduqca, ölkəmizin iqtisadi inteqrasiya problemləri daha da aktuallaşır. Bu problemə iqtisadi ideologiya baxımından yanaşılması həm ölkəmizin milli iqtisadi maraqlarının, həm də azad iqtisadiyyat prinsiplərinin nəzərə alınmasını tələb edir. Dünya iqtisadiyyatında liberallaşdırma prosesinin dərinləşdiyi bir vaxtda hər bir ölkənin xarici iqtisadi əlaqələrinin forma və məzmununu, o cümlədən regional strukturunu artıq siyasi qərarlar deyil, dövlət inhisarında olmayan və sərbəst fəaliyyət göstərən bazar müəyyənləşdirir.

Azərbaycanın xarici ticarət dövriyyəsinin regional strukturuna nəzər yetirsək, son illər ərzində bu sahədə mütərəqqi dəyişikliklərin baş verdiyini görərik. Əgər 1990-cı illərin əvvəllərində ölkəmiz dünyanın təxminən 50 ölkəsi ilə xarici ticarət əməliyyatı aparırdısa, indi Azərbaycanın xarici ticarət sahəsində partnyorlarının sayı 187-dir. Bir tərəfdən iqtisadiyyatın liberallaşdırılması, digər tərəfdən də dünya iqtisadiyyatına inteqrasiya prosesi Azərbaycanın xarici ticarət dövriyyəsində “uzaq xaric” adlandırdığımız ölkələrin payını əhəmiyyətli dərəcədə artırmışdır. Bu göstərici 1990-cı illərin əvvəlləri ilə müqayisədə 2017-ci ildə 20 faizdən 85 faizədək artdığı halda, “yaxın xaric” hesab edilən MDB ölkələrinin payı, əksinə, 80 faizdən 15 faizədək azalmışdır. Bu isə öz milli iqtisadiyyatını artıq vahid xalq təsərrüfatı kompleksi çərçivəsində deyil, müstəqil şəkildə və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanaraq formalaşdıran bir ölkə üçün təbii və mütərəqqi meyil kimi qiymətləndirilə bilər. Bu baxımdan Azərbaycanın iqtisadi inteqrasiya probleminə ideoloji aspektdə yanaşıldıqda, bu kimi cəhətlərin nəzərə alınmasını zəruri hesab edirik.

Qloballaşma artıq dünya iqtisadiyyatında yeni mühit formalaşdırmaqdadır. Lakin bu prosesdən bütün ölkələr heç də eyni dərəcədə faydalana bilmir. Məsələn, qloballaşma dünya iqtisadiyyatında böyük payı olan inkişaf etmiş ölkələr üçün əlverişli bazarlar yaratdığı, onların rəqabətqabiliyyətliliyini daha da artırdığı halda, o, inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələr üçün iqtisadi təhlükəsizlik baxımından bəzi problemlər yaradır. Bunu nəzərə alaraq, Azərbaycanda milli iqtisadiyyatın inkişafı və ölkəmizin dünya təsərrüfat sisteminə inteqrasiyası iqtisadi təhlükəsizlik prinsiplərini gözləməklə həyata keçirilməlidir.

Bu kimi vəzifələrin ardıcıl yerinə yetirilməsi isə müasir dünya iqtisadiyyatında və siyasətində müşahidə edilən meyilləri nəzərə alan iqtisadi diplomatiyanın qurulmasından asılıdır. Hazırda Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl həyata keçirilən iqtisadi diplomatiya ölkəmizin milli iqtisadi maraqlarının reallaşmasına xidmət edir.

x x x

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni inkişaf mərhələsinin tələb və şərtlərini nəzərə alaraq, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan 2018-ci il 10 yanvar tarixli iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan 2018-ci il 29 yanvar tarixli konfransda milli iqtisadiyyatımızın cari və perspektiv inkişafı ilə bağlı sistemli və çoxşaxəli vəzifələr müəyyən etmişdir.

Konkret olaraq, qarşıdakı dövr ərzində iqtisadiyyatı şaxələndirməklə dayanıqlı iqtisadi artıma nail olunması, makroiqtisadi sabitliyin qorunması, iqtisadi, o cümlədən institusional islahatların, strateji layihələrin icrasının davam etdirilməsi, qeyri-neft sektorunun və sahibkarlığın dəstəklənməsi, sənaye potensialının daha da gücləndirilməsi, ixracın artırılması və idxalın əvəz edilməsi, aqrar-sənaye kompleksinin və regionların inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, meliorasiya və irriqasiya sahəsində tədbirlərin görülməsi, inflyasiyanın, işsizlik və yoxsulluq səviyyəsinin minimal həddə saxlanılması və infrastruktur layihələrinin icrası hökumətin fəaliyyətinin prioritet istiqamətləri olaraq nəzərdə tutulur.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin ölkəmizin idarə edilməsi və sosial-iqtisadi inkişafı ilə bağlı aydın və konkret baxışlara, siyasi iradəyə malik olması, dövlət başçısı tərəfindən bütün sahələr üzrə konkret dövlət proqramlarının təsdiqlənməsi və onların artıq icrasına başlanılması müəyyən edilmiş vəzifələrin reallaşmasına təminat verir.

Beləliklə, 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Lakin milli iqtisadiyyatını formalaşdırmaqda olan Azərbaycan Respublikası müstəqil və gənc dövlət olaraq iqtisadi dayaqlarını daha da möhkəmləndirməli, yeni dövrün çağırışlarını özünün sosial-iqtisadi həyatında daha çevik nəzərə almalıdır. Azərbaycan xalqı bu vəzifələrin məhz İlham Əliyev tərəfindən daha uğurla həyata keçirilə biləcəyini nəzərə alıb öz seçimini bir qayda olaraq ONUNLA bağlayır, dövlətimizin idarə edilməsini tərəddüd etmədən ONA etibar edir.

İSTİNADLAR

1 İlham Əliyev “İnkişaf – məqsədimizdir”, 1-ci kitab, Azərnəşr, Bakı 2008, səh. 44

2 Ümummilli lider Heydər Əliyevin “Literaturnaya qazeta”nın xüsusi müxbirləri ilə 12 avqust 2000-ci il tarixli müsahibəsindən, “Azərbaycan” qəzeti, 14 avqust 2000-ci il

3 Heydər Əliyev “Müstəqilliyimiz əbədidir”, 3-cü kitab, Azərnəşr, Bakı 1997, səh. 336

4 İlham Əliyev “İqtibaslar və təhlil”, Azərbaycan nəşriyyatı, Bakı 2006, səh. 97

5 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş 31 yanvar 2006-cı il tarixli iclasındakı nitqindən, “Azərbaycan” qəzeti, 1 fevral 2006-cı il

6 “Azərbaycan” qəzeti, 20 mart 2018-ci il

7 İlham Əliyev “İnkişaf – məqsədimizdir”, 26-cı kitab, Azərnəşr, Bakı 2015, səh. 277

8 İlham Əliyev “İnkişaf – məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 19

9 İlham Əliyev “İnkişaf – məqsədimizdir”, 1-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 36

10 İlham Əliyev “İnkişaf – məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 54

11 İlham Əliyev “İnkişaf – məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 54

12 İlham Əliyev “İnkişaf – məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 181

13 İlham Əliyev “İnkişaf – məqsədimizdir”, 9-cu kitab, Azərnəşr, Bakı 2012, səh. 181

14 İlham Əliyev “İnkişaf – məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 19

15 İlham Əliyev “İnkişaf – məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 181

16 İlham Əliyev “İnkişaf – məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 53

17 Heydər Əliyev “Müstəqilliyimiz əbədidir”, 4-cü kitab, Azərnəşr, Bakı 1997, səh. 105

18 İlham Əliyev “İnkişaf – məqsədimizdir”, 35-ci kitab, Azərnəşr, Bakı 2016, səh. 89

19 İlham Əliyev “İnkişaf – məqsədimizdir”, 31-ci kitab, Azərnəşr, Bakı 2016, səh. 273

20 Ümummilli lider Heydər Əliyevin 25 oktyabr 2002-ci ildə “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın təqdimatına həsr olunmuş konfransdakı nitqindən, Aliyev-Heritage.org

21 R.Mehdiyev, “Azərbaycanın özü qədər əbədi” silsiləsindən “Yeni siyasət: inkişafa doğru” kitabı, I cild, Azərbaycan nəşriyyatı, Bakı 2008, səh. 271

Azərbaycan iqtisadiyyatı

Azərbaycan uzun müddət Rusiyanın müstəmləkəsində olduğundan onun iqtisadiyyatı keçmiş SSRİ-nin vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi kimi formalaşmış və onun strukturu tamamilə həmin ölkənin iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmışdı.

Lakin 1918-1920-ci illərdə də Azərbaycan iqtisadiyyatında neft sektoru aparıcı mövqeyə sahib olub. Azərbaycan Demokratik Respublikasının (ADR) fəaliyyətdə olduğu 23 aylıq dövrə aid olan geniş araşdırma mövzuları arasında təəssüf ki, bu cümhuriyyətin iqtisadi tarixi, xarici-ticarət əlaqələri, büdcə siyasəti haqqında yığcam, dərin araşdırılmış materiallara rast gəlmək olmur. Bununla belə, respublikanın sahib olduğu iqtisadi imkanlar, fəaliyyəti ilə bağlı bəzi materiallar toplamaq mümkündür. Həmin materiallar ADR-in iqtisadi fəaliyyəti ilə bağlı az da olsa təsəvvür yaratmağa imkan verir.

ADR hökumətinin Azərbaycanda həyata keçirdiyi iqtisadi fəaliyyət əsasən 1919-cu ildə daha əhəmiyyətli olmuşdur. Həm bu ilin bütünlüklə cümhuriyyət dövrünə daxil olması, həm də hökumətin strukturlarının tam formalaşdırılması bir sıra islahatların həyata keçirilməsinə imkan yaratmışdır. 1919-cu ildə Azərbaycanın dövlət büdcəsi 665 milyon manata bərabər olmuşdur. Bunun böyük hissəsi neft satışından əldə edilən gəlirlərdən və tutulan mənfəət vergisindən daxil olmalar təşkil etmişdir. Büdcəni formalaşdırmaq üçün əsas mənbə gəlir vergisi idi. 1919-cu ildə ölkədə mənfəət vergisinin dərəcəsi 30 faizə bərabər olmuşdur. Büdcə daxilolmalarında ikinci mühüm mənbə şərab, tütün və xüsusən neft məhsullarından alınan aksiz vergisindən ibarət idi. Bunlarla bərabər, büdcənin 100 milyon manatlıq hissəsini gömrükdən, 15 milyon manatını isə azad ticarət, yük, sərnişin daşınmasından toplanan rüsum təşkil edib. Məhdud imkanları olan büdcənin çox hissəsi əmək haqlarının verilməsinə yönəldilirdi. Hökumət az da olsa büdcədən təhsil üçün 30 milyon, hərbi xərclər üçün 80 milyon manat vəsait ayıra bilmişdi. ADR qurulana qədər baş verən münaqişələr səbəbindən çoxlu yaşayış məntəqələri dağıdılmışdı. Büdcədən təxminən 130 milyon manat məhz bu çatışmazlıqların aradan qaldırılması üçün istifadə edildi. Neft sənayesi nəzərə alınmasa, 1918-1920-ci illərdə Azərbaycan daha çox aqrar ölkə olub. Azərbaycanda həmin dövrdə iribuynuzlu mal-qaranın sayı 1 milyon baş, atların sayı 150 min baş, camışların sayı 300 min baş, dəvələrin sayı 12 min baş, qoyunların və keçilərin sayı 1,5 milyon başa çatıb.

Hər bir dövlətin əsas iqtisadi atributlarından biri təbii ki, onun milli valyutasıdır. Azərbaycanın milli valyutası olan manat məhz 1919-cu ilin əvvəllərində tədavülə buraxılıb. İlk əskinazlar 25, 50, 100 və 250 manatlıq olmuşdur. Bir qədər sonra manatın daha böyük 500-lük əskinası emissiya edilib. Azərbaycan birjalarında pulların məzənnələrinə diqqət yetirdikdə görünür ki, manatın kursu aparıcı valyutalara nisbətən çox aşağı olub. Məsələn, 1919-cu ildə 100 rublluq “Romanovlar” 350 manat, 1 ingilis funt-sterlinqi 315 manat, 1 Amerika dolları 280 manat, Fransa frankı 10 manat, İtaliya lirəsi 7 manat, İran tüməni 125-230 manat, rus onluq qızıl valyutası 420 rubl manat və s. təşkil edib.

Maliyyə-pul siyasətini daha da gücləndirmək üçün 1919-cu ilin sentyabr ayının 30-da Bakıda Azərbaycan Dövlət Bankı təsis olunub. 1919-cu ilin oktyabrın 25-də kredit bankları və şəhərlərdə əmanət kassaları fəaliyyətə başlamışdır.

Azərbaycan həmin illərdə aqrar ölkə olsa da, strateji məhsulların çox hissəsini idxal hesabına təmin edib. Taxıla olan ehtiyacını qarşılamaq üçün xaricdən 7 milyon pud (112 min ton) buğda alıb. Təxminən 16 min ton şəkər idxal edib.

ADR xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrində barter üsulundan geniş istifadə edirdi, alınan malların və təbii sərvətlərin müqabilində daha çox neft verilirdi.

Azərbaycan Amerikadan, Fransadan, İtaliyadan və digər xarici ölkələrdən gətirdiyi hərbi sursatın, telefon aparatlarının, minik avtomobillərinin, yüz ədəd paravozun, iki min sisternin, beş yüz bağlı vaqonun, ərzaq məhsullarının dəyərini əsasən neftlə, pambıqla, yunla, ipəklə, gön və dəri ilə ödəyirdi.

Azərbaycanda həmin illərdə iqtisadi əlaqələri qaydaya salmaq üçün gömrük xidməti də yaradıldı, Bakı-Batum neft kəməri bərpa edildi, Kür çayı üzərində körpü tikildi, Bakı-Ceyhan dəmir yolu inşa edildi, Xəzər dəniz gəmiçiliyi yenidən quruldu.

Cümhuriyyət illərində Azərbaycanda 1918-ci ildə 3287 quyudan 185, 6 milyon pud (2,96 milyon ton), 1919-cu ildə 2066 quyu 225,1 milyon pud (3,6 milyon ton), 1920-ci ildə 2037 quyudan 175,1 pud (2,8 milyon ton) neft çıxarılıb.

Azərbaycan neftinin əsas alıcısı ilk vaxtlar Rusiya, daha sonra isə görülən tədbərlər nəticəsində Avropa ölkələri olub. Rusiyada inqilabla əlaqədar Azərbaycandan neftin ixracı 1919-cu ildə ciddi dərəcədə azaldı. Bu amil Azərbaycan iqtisadiyyatında ciddi böhranın yaranmasına səbəb olmuşdur. Şimal bazarının bağlanması nəticəsində 1919-cu ildə respublikada hasil olunan 3,6 milyon ton neftin yalnız 600 min tonu ixrac edilmişdir.

Avropaya neft ixracı 1919-cu ilin mart ayında uzunluğu 500 km, nəql etmək gücü 3 milyon ton olan Bakı-Batumi neft kəməri bərpa edildikdən sonra mümkün oldu. Neft ixracının güclənməsi ölkəmizin bütün istehsal sahələrinin inkişafına təkan verdi.

Həmin dövrdə elektrik stansiyalarının gücü 63,7 min kVt-a çatdı ki, bunun da 56 min kVt-ı “Ağ şəhər” və “Bibiheybət” stansiyalarının payına düşürdü.

Nəhayət, həmin illərdə qısa müddətdə Azərbaycan iqtisadiyyatını idarə edən strukturlar tam formalaşdırıldı.

23 ay ərzində hökumətdə bu şəxslər təmsil olunub: iqtisadiyyat nazirləri arasında Nəsib bəy Yusifbəyli, R.Kaplanov, Əbdüləli bəy Əmircanov, İ.Protasov, Ə.Həsənov (maliyyə və xalq maarifi naziri), Məmməd Yusif Cəfərov, A.Əminov (ticarət və sənaye naziri), Əkbər ağa Şeyxulislamov, Xosrov bəy Sultanov, A.Qardaşov, Əhmədbəy Pepinov (əkinçilik, əmlak və əmək naziri), Xudadat bəy Məlikaslanov, Cəmobəy Hacinski (yollar, poçt və teleqraf naziri), Cəmo bəy Hacınski, Məmməd Həsən Hacınski, Nərimanbəy Nərimanbəyli, Heybətqulu bəy Məmmədbəyov (dövlət müfəttişi), A.Aşurov, Mirzə Əsədullayev (ticarət və sənaye naziri), (maliyyə naziri), G.Lizqarın (ərzaq naziri).

1918-1920-ci illərdə ADR höküməti tərəfindən iqtisadiyyatın bərpası üçün xeyli iş görülüb. Ölkənin inzibati-ərazi quruluşunda dəyişikliklər edilmiş, maliyyə işi qaydaya salınmışdır. Bunlardan başqa Baki-Batum neft kəməri bərpa olunur, Bakı-Culfa dəmiryolunun çəkilişi işi sürətləndirilir.

Kəndlilərə torpaq vermək, əkin-biçin işlərini birlikdə yoluna qoymaq üçün 29 maddədən ibarət torpaq islahatı haqqında qanun layihəsi hazırlanaraq 1920-ci il fevralın 21-də ümumxalq müzakirəsi üçün dərc olunmuşdur. Həmin qanun layihəsinə görə torpaq üzərində mülkiyyət hüququ saxlanılmaqla torpaqları onların sahibləri tərəfindən istifadə olunmayan hissəsi hökumət tərəfindən pulla alınaraq kəndlilərə paylanmalı idi. Digər tərəfdən, kəndlilərə həmin torpaqları almaq üçün güzəştli şərtlərlə kredit verilməsi nəzərdə tutulurdu. Lakin məlum səbəblərə görə, bu qanunun qəbul edilməsinə vaxt çatmadı.

1920-1939-cu illərdə Azərbaycanda iqtisadi şəbəkənin formalaşması prosesi ləng də olsa davam etdirilirdi. Bu dövrü xarakterizə edən ən böyük kompaniya kənd təsərrüfatının kollektivləşdirilməsi idi.

İkinci Dünya Müharibəsindən sonrakı ilk illərdə iqtisadiyyatın başqa sahələri kimi sənaye də dinc quruculuq dövrünün tələblərinə uyğunlaşdırıldı və tədricən inkişaf etməyə başladı. 1948-ci ildə respublika sənayesi müharibədən əvvəlki səviyyəni üstələyən məhsul buraxılışına nail olmuş, Azərbaycan sənayesi müharibədən sonrakı beş il yeddi ay ərzində tamamilə dinc quruculuq dövrünün tələblərinə uyğunlaşdırılmış və xeyli irəliləyib inkişaf etdirilmişdi. 1950-ci ildə Azərbaycanın sənaye məhsulu 1940-cı ilə nisbətən 39% artmışdı.

XX əsrin 50-60-cı illərində Azərbaycan sənayesinin inkişafı, sahə və ərazi quruluşunun təkmilləşməsi sahəsində mühüm irəliləyişlər baş vermişdi. Respublika sənayesində məhsul buraxılışı 1940-cı ilə nisbətən 5,5 dəfə artmış, 1941 – 1970-ci illərdə isə 146 və ya bütün 1920 – 1970-ci illərdə tikilmiş sənaye obyektlərinin 60%-i qədər iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdi. Azərbaycan sənayesinin inkişafında mühüm rol oynayan Sumqayıt boruyayma, alüminium və sintez-kauçuk zavodları, Gəncə Alüminium Zavodu, Daşkəsən Filiz Saflaşdırma kombinatı, Mingəçevir su-elektrik stansiyası və sairə iri müəssisələr tikilib istifadəyə verilmişdi. Bununla da həmin illərdə ağır sənayenin energetika, kimya və neft-kimya, neft emalı, qara və əlvan metallurgiya, cihazqayırma və elektrotexnika kimi sahələrinin geniş inkişafının əsası qoyuldu.

Həmin illərdə sənaye sahələri və obyektlərinin respublika daxilində nisbətən daha səmərəli yerləşdirilməsi, keçmişdə inkişaf səviyyəsi aşağı olan rayonların daha da sürətlə inkişafı, xırda və orta şəhərlərin əmək ehtiyatlarından istifadə səviyyəsinin yüksəldilməsi sahəsində də nəzərə çarpacaq işlər görülmüşdü. Sumqayıt, Mingəçevir, Əli-Bayramlı (indiki Şirvan), Daşkəsən kimi yeni sənaye şəhərləri yaranmış, Naxçıvan, Xankəndi, Quba, Qazax, Salyan, Neftçala və başqa şəhərlərdə sənayenin gələcək daha güclü inkişafı üçün təməl qoyulmuşdu. Nəticədə məhsuldar qüvvələrin respublika ərazisində yerləşməsi xeyli təkmilləşmişdi. Ümumi sənaye məhsulu istehsalında Bakı şəhərinin xüsusi çəkisi 1913-cü ildəki 91,4%-dən 72,8%-ə düşmüşdü. 1960-cı illərin axırına qədər Azərbaycan iqtisadiyyatında bir sıra çatışmazlıqlar və mənfi meyllər də təzahür etmişdi. Belə ki, 1950-ci illərin ortalarına qədər Azərbaycan Sovet İttifaqının karbohidrogen xammalı istehsal edən əsas regionu olaraq qalırdı və o özünün bu mövqeyini Qərbi Sibirin zəngin neft sərvətlərinin 50-ci illərin axırlarında geniş miqyasda mənimsənilməsinə başlanması dövrünə kimi saxlamışdı. Bütün ölkənin böyük tələbatını ödəmək vəzifəsinə uyğun olaraq, Azərbaycanda neft sənayesinin inkişafı uzun müddət onun iqtisadi durumunun təşəkkül istiqamətləri və xarakterlərinə öz təsirini göstərmişdi. Neft sənayesi bir tərəfdən istər çıxarılan xammalın ildən-ilə artımı, istərsə onun emalının genişlənməsi (neftayırma, neft-kimya, kimya) və istərsə də sahənin inkişafına bilavasitə xidmət edən əlaqəli müxtəlif istehsal növlərinin (neft maşınqayırması, cihaz və alətqayırma, qara metallurgiya, ilk növbədə neftçıxarma üçün borular istehsalı), elektroenergetika və s. yaranması əsasında respublikada çox güclü sənaye kompleksinin meydana gəlməsini təmin etdi. Azərbaycan iqtisadiyyatında uzun müddət aparıcı sahə olan neft-qaz sənayesinin onun ümumi inkişaf səviyyəsinin inkişafına təsiri bir qədər fərqli olmuşdu. 50-60-cı illərdə Sovet İttifaqının başqa regionlarında zəngin neft ehtiyatlarının aşkara çıxarılması və istifadəsi ilə əlaqədar olaraq, Azərbaycan neftinə maraq xeyli azaldı. Respublikada neft sənayesinə və onunla əlaqədar sahələrin inkişafına göstərilən səylər də səngidi və bu sahələrin inkişafının zəifləməsi bütövlükdə iqtisadiyyatın artım sürətinə mənfi təsir göstərməyə başladı. Doğrudur, neft hasilatını artırmaq üçün 50 – 60-cı illərdə Kür-Araz ovalığındakı yeni neft yataqları istismara verildi. Lakin bütün bunlar Azərbaycanda neft hasilatını müharibədən əvvəlki səviyyəyə çatdıra bilmədi. Respublikanın zəngin təbii mineral xammalı, energetika, filiz ehtiyatlarının istehsal dövriyyəsinə cəlb edilməsi, qara metallurgiya, neft kimyası, kimya, elektrotexnika və cihazqayırma kimi bir çox mühüm sənaye sahələrinin yaradılması sahəsində bir sıra tədbirlər həyata keçirildi. Lakin bu işlər də çox ləng aparılır, respublikanın kənd təsərrüfatının, əlverişli kurort və turizm imkanlarından çox az istifadə olunurdu. Qeyd etmək lazımdır ki, Azərbaycan sənayesinin tarixən formalaşmış sahə quruluşu üçün əsasən çox kapital tələb edən, lakin nisbətən az məhsul tutumlu sahələrin (misal üçün yanacaq-energetika və i.a.) inkişafı səciyyəvi idi. 1970-ci ildə Azərbaycan SSR-də sənayenin əsas istehsal fondlarının 70%-i, istehsal olunan məhsulun isə cəmi 40%-ə qədəri yanacaq, energetika, metallurgiya və kimya sənayesi sahələrinin hesabına əldə edilirdi. Sənaye məhsulunun cəmi 22%-ni verən yanacaq sənayesinin payına o zaman sənayedə qoyulan bütün kapitalın 50%-dən çoxu düşürdü. Məhsuldar qüvvələrin yerləşdirilməsində baş vermiş irəliləyişlər də kifayətləndirici deyildi, başlıcası isə bütövlükdə məhsuldar qüvvələrin yerləşdirilməsi sahəsində kobud yanlışlıqlara yol verilmişdi. İri obyekt və müəssisələrin əksəriyyəti bir qayda olaraq Bakı və Sumqayıt şəhərlərində tikilirdi, digər şəhər və rayonlarda onların tikintisi məhdudlaşdırılırdı ki, bu da orta və kiçik şəhərlərin əmək ehtiyatlarından istifadə olunması dərəcəsini aşağı salır, ölkə əhalisinin paytaxta axmasına səbəb olurdu. Təsadüfi deyil ki, sovet hakimiyyətinin 70-ci illərə qədər olan dövründə şəhər əhalisinin artması sürətinə görə Bakı, keçmiş ittifaqın paytaxt şəhərləri içərisində birincilər sırasında idi. 1970-ci ildə respublikada olan 60 şəhərin dördündə (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir) bütün şəhər əhalisinin 63%-i, qalanlarında isə 37%-i yaşayırdı. Bu da Bakı şəhərində mənzil sahəsinə və digər sosial obyektlərə olan ehtiyacın ödənilməsi sahəsindəki çətinlikləri daha da ağırlaşdırırdı.

70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda həm bütövlükdə respublika iqtisadiyyatının, həm də regionların gələcək sürətli inkişafını təmin edə bilən istehsal, elmi-texniki və kadr potensialı yaranmışdı. Keçmiş SSRİ əhalisinin yalnız 2,5%-nin yaşadığı Azərbaycan bir çox əsas sənaye məhsulları istehsalına görə ittifaq sənayesində nisbətən xeyli yüksək yer tuturdu. Belə ki, 80-ci illərin ortalarında ittifaq üzrə neft mədən avadanlıqları istehsalının 70%-i, o cümlədən 1970 – 1985-ci illərdə dərinlik nasosları istehsalının hamısı, elektrik qaynaq avadanlıqlarının 10,5%-i, kauçuk sodanın 7,8%-i, şərab və şərab məhsullarının 1/3 hissəsindən çoxu, məişət kondisionerlərinin hamısı, soyuducuların 5,7%-i, pambıq ipliyinin 9,6%-i, ipək xammalının 11,7-i və i.a. Azərbaycanın payına düşürdü. 70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda yeni sənaye müəssisələrinin istifadəyə verilməsi, yeni maşın və avadanlıqların alınması bütövlükdə SSRİ-də olduğuna nisbətən daha sürətlə həyata keçirildiyindən əsas kapital da burada SSRİ-də olduğuna nisbətən daha böyük həcmdə artmış və işçilərin fondla silahlanma səviyyəsi daha yüksək olmuşdu. Bir işçiyə düşən əsas fondların dəyəri keçmiş SSRİ üzrə 1980-ci ildə 13,3 min rubl, 1985-ci ildə 17,8 və 1990-cı ildə 24,2 min rubl təşkil edirdisə, Azərbaycanda bu göstəricilər xeyli yüksək olub, müvafiq surətdə 1980-ci ildə 19,5 min rubl, sonrakı illərdə 24,5 və 33,4 min rubla bərabər olmuşdu. Azərbaycan SSR-in vəsaiti və ondan göndərilən xammalla işləyən bir çox müəssisələr Ukrayna, Rusiya və digər respublikalarda fəaliyyət göstərirdi. 80-ci illərin ortalarında Azərbaycanda güclü istehsal potensialı yarandığım başqa faktlar da sübut edir. Misal üçün 80-ci illərdə Azərbaycandan ittifaq fonduna ayrılan məhsul Azərbaycana gətiriləndən hər il orta hesabla 2,0 milyard rubl, ayrı-ayrı illərdə isə daha çox olmuşdu.

Azərbaycan uzun müddət keçmiş Sovetlər birliyinin üzvü olduğundan onun iqtisadiyyatı keçmiş SSRİ-nin vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi kimi formalaşmış və onun strukturu tamamilə həmin birliyin iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmışdı.

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrdən biri də müstəqil ölkənin tələblərinə cavab verən və müasir dünya təsərrüfatına səmərəli inteqrasiya edən, bazar prinsipləri əsasında qurulmuş milli iqtisadiyyatı formalaşdırmaq idi.

Zəngin karbohidrogen ehtiyatlarına və bunların hasilatı və emalı sahəsində uzunmüddətli təcrübəyə malik olması ölkədə neft hasilatı və emalı sənayesinin, habelə neft-kimya sənayesinin inkişafına, əlverişli təbii-iqlim və torpaq resurslarının mövcudluğu kənd təsərrüfatı və turizm sahələrinin inkişafına, əlverişli coğrafi mövqe isə ölkənin beynəlxalq tranzit nəqliyyat sisteminə qoşulmasına əlverişli zəmin təşkil edirdi. Müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatı məhz bu zəminlər üzərində dəyişməyə və formalaşmağa başladı.

1990-cı illərdə iqtisadi islahatların aparılması üçün hüquqi bazanın yaradılması məqsədilə təxirəsalınmaz əsas normativ və qanunvericilik aktları qəbul edildi. Dövlət sifarişi, kvotalaşma və lisenziyalaşma sistemi ləğv edildi, xarici ticarət fəaliyyəti, qiymətlər tamamilə liberallaşdırıldı, müəssisələr tərəfindən əldə edilmiş valyutaların məcburi qaydada satılması tələbi aradan qaldırıldı, valyuta büdcəsi ləğv edildi, əmək haqqı üzrə məhdudiyyətlər aradan qaldırıldı, sərt maliyyə və pul-kredit siyasəti tətbiq edildi, gömrük və vergi siyasəti təkmilləşdirildi, xarici və xüsusi investisiyaların cəlb edilməsi üçün münasib hüquqi şərait yaradıldı. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 1995-ci ildə respublikada artıq 10 min kiçik müəssisə, 80 minə yaxın fərdi kommersiya strukturları, 100-dən çox kommersiya bankı, 3,5 min kooperativ, 850 fermer təsərrüfatı, xarici investorların iştirakı ilə birgə müəssisə fəaliyyət göstərirdi.

Bu dövrdə, ilk növbədə, xarici investorlar üçün yüksək dərəcədə cəlbedici olan ölkənin zəngin neft ehtiyatları diqqətə gətirildi: 1994-cü ilin sentyabrında “Azəri-Çıraq-Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişi – “Əsrin müqaviləsi” imzalandı. Bundan sonra 2000-ci ilədək olan qısa müddətdə Azərbaycanın neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsinə 12 ölkənin 29 iri enerji şirkəti cəlb edildi, onların iştirakı ilə neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə 30-dan çox beynəlxalq saziş (hasilatın pay bölgüsü sazişləri) imzalandı. Həmin sazişlərin əhəmiyyətli bir hissəsi üzrə kəşfiyyat və qazma işləri bu gün də davam edir, bir neçə saziş üzrə neft və qaz hasilatı və ixracı həyata keçirilməkdədir. Xüsusilə “Azəri-Çıraq-Günəşli” və “Şah-Dəniz” sazişləri üzrə neft və qaz hasilatı və ixracı həcmləri ildən-ilə artmaqdadır.

Hazırda ölkə iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. 2010-cu ildə ölkədə 50,8 milyon ton neft hasil edilmişdir ki, bu da 2003-cü ildə (15,4 milyon ton) olduğundan 3,3 dəfə çoxdur. Neftin 8,5 milyon tonu (16,7 faizi) milli neft şirkəti olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən, qalanı isə neft sazişləri (əsasən “Azəri-Çıraq-Günəşli” konsorsiumu) çərçivəsində hasil edilmişdir. Ümumiyyətlə, son illər Azərbaycanda neft və qaz hasilatı məhz neft-qaz sazişləri çərçivəsində fəaliyyət göstərən konsorsiumların hasilatı hesabına artmaqdadır. Hazırda Azərbaycan nefti 22 ölkəyə ixrac olunur. Ölkənin ixracının 86,5 faizi xam neftin, 6,0 faizi isə neft məhsullarının payına düşür. 2010-cu ildə konsorsiumlar tərəfindən çıxarılan neftin 71 faizi Azərbaycan dövlətinin payına çatmışdır.

2010-cu ildə ölkədə qaz hasilatı 26,3 milyard kub metr səviyyəsinə çatıb ki, bunun 7,1 milyardı (27,4 faizi) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, qalan 19,2 milyard kub metri isə “Azəri-Çıraq-Günəşli” və “Şah-Dəniz” konsorsiumları tərəfindən hasil edilmişdir.

Ölkədə beynəlxalq neft sazişləri çərçivəsində neft-qaz hasilatı və ixracı həcmlərinin daha da artması və neftin dünya bazar qiymətlərinin yüksəlməsi hesabına ölkənin böyük neft gəlirləri əldə etməsi Azərbaycanı 2005-2007-ci illərdə illik ÜDM-in artım templərinə görə dünya liderləri sırasına çıxarmışdı: ölkədə 2005-ci ildə 26,4 faizlik, 2006-cı ildə 34,5 faizlik, 2007-ci ildə isə 25,0 faizlik ÜDM artımı qeydə alındı. 2008-ci ildə dünyanı bürümüş olan maliyyə-iqtisadi böhrana rəğmən Azərbaycanda ÜDM-in kifayət qədər yüksək illik artım tempi qeydə alındı – 10,8 faizlik real artım. Həmin ildə ölkənin ÜDM-i 48,85 milyard ABŞ dolları təşkil etdi ki, bu da 2004-cü ildə olduğundan 5,6 dəfə çox idi. 2008-ci ildə adambaşına düşən ÜDM 5600 ABŞ dolları səviyyəsinə çatıb. Rəsmi məlumatlara əsasən, 2005-2008-ci illərdə ölkədə yaradılan ÜDM-nin 55-60 faizi neft-qaz sektorunun payına düşüb. 2009-2010-cu illərdə neft sektorunun payının azalması, qeyri-neft sektorunun payının isə bir qədər artması müşahidə edilmidir.

Hazırda ölkə iqtisadiyyatında 4 milyondan çox insan məşğuldur. Məşğul əhalinin 1 milyon 560 mindən bir qədər çoxu, yaxud 38,4 faizi kənd təsərrüfatı və meşə təsərrüfatında çalışır, lakin bu sahədə ölkənin illik ÜDM-nin cəmi 5 faizinə qədəri yaradılır. Ölkədə həm bitkiçilik (meyvə-tərəvəz istehsalı, üzümçülük, bostan məhsulları, texniki bitkilər və s.), həm də heyvandarlıq (südlük və ətlik-südlük iribuynuzlu heyvandarlıq, qoyunçuluq, quşçuluq və s.) sahələri fəaliyyət göstərir.

Son illər ölkədə yeni yaradılan emal sənayesi müəssisələrinin sayı artdıqca burada çalışanların sayı da artmaqdadır: belə ki, əgər 2000-ci ildə bu sahənin müəssisələrində 170 minədək işçi məşğul idisə, 2009-cu ildə onların sayı 200 minə yaxınlaşıb ki, bu da bütün məşğul əhalinin 5,0 faizi qədərdir. Ölkədə tikinti işlərinin geniş vüsət alması bu sektorda çalışanların sayında da özünü göstərir: məşğul əhalinin 5,5 faizi yaxud təqribən 225 min nəfəri burada çalışır ki, bu sektorun ÜDM-də payı son illər təqribən 6-8 faiz aralığında dəyişir. Məşğul əhalinin təqribən 1,0 faizi (40,5 min nəfər) elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi işlərində çalışır. Beləliklə, ölkə iqtisadiyyatının bütün istehsal sahələrində hazırda təqribən 2,0 milyondan bir qədər çox insan (məşğul əhalinin təqribən yarısı) çalışır.

Məşğul əhalinin qalan hissəsi xidmət sektorlarında fəaliyyət göstərir. Bunlardan 660 mindən bir qədər çoxu (bütün məşğul əhalinin təqribən 16-17 faizi topdan və pərakəndə ticarətlə, habelə avtomobillərin və məişət texnikasının təmiri ilə məşğul olmaqdadır. Məşğul əhalinin 347 min nəfəri (8,5 faizi) təhsildə, 280 min nəfərə qədəri (7 faizədək) dövlət idarəetməsi və müdafiədə, habelə sosial təminatda, 210 mini (5 faizi) nəqliyyat, anbar təsərrüfatı və rabitə sahələrində, 180 mindən bir qədər çoxu (4,5 faizi) səhiyyə və digər sosial xidmətlər sferasında, 140 minə qədəri (3-4 faizi) daşınmaz əmlak üzrə əməliyyatlar və icarə işlərində, 135 minə qədəri (3 faizi) kommunal və şəxsi xidmətlər göstərilməsində, 18-19 min nəfəri isə maliyyə fəaliyyəti sahəsində xidmət göstərir.

2010-cu ildə ölkədə yaradılan ÜDM-in 52,6 faizi sənayedə, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və ovçuluqda, 7,5 faizi tikintidə, 7,6 faizi ticarət və pullu xidmətlər sahəsində, 6,0 faizi nəqliyyat və yük daşınmasında, 1,9 faizi rabitə və informasiya xidməti sahəsində. 11,9 faizi isə sosial xidmətlər sektorunda formalaşmışdır. ÜDM-in 7,1 faizi məhsula və idxala vergilər hesabınadır.

2010-cu ildə ölkədə istehsal olunan sənaye məhsulunun 75,7 faizi mədənçıxarma (neft-qaz, və digər mineral sərvətlərin hasilatı), 19,2 faizi emal, 4,5 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, 0,6 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrində yaradılıb. Ölkənin sənaye sahələrində işləyənlərin sayı 165,4 min nəfər təşkil edib ki, onların 21,1 faizi mədənçıxarma, 48,2 faizi emal, 17,5 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, 13,2 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrinə aid müəssisələrdə çalışıb.

2010-cu il ərzində əhaliyə 18404 mln. manatlıq və ya 2009-cu illə müqayisədə 9,4% çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Hesabat dövründə 2009-cu illə müqayisədə əmtəə dövriyyəsi 9%, pullu xidmətlərin həcmi isə 10,8% artmışdır. Dövr ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 8796,1 mln. manatlıq ərzaq məhsulları və 4883,4 mln. manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi 2009-cu ilin eyni dövrünə nəzərən müvafiq olaraq 7,5% və 13,8% artmışdır.

Ötən ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% artaraq 325 manat təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən gəlirləri isə 11,9% artaraq 2866 manata çatmışdır.

Hesabat dövründə xarici ticarət dövriyyəsi 27,1 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 21,8 mlrd. ABŞ dolları, idxal isə 6,4 mlrd. ABŞ dolları olmaqla 14,4 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır.

2010-cu il üzrə orta illik inflyasiya 5,7% təşkil etmişdir.

“Yaşayış minimumu haqqında” və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası qanunlarına uyğun olaraq ehtiyac meyarı mərhələlərlə yaşayış minimumuna çatdırılmalıdır. Aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 2010-cu ildə 65 manata çatdırılmış, ünvanlı sosial yardım 110,6 min ailə və ya 500 min nəfər aztəminatlı şəxsi əhatə etmişdir. 2011-ci ildə ehtiyac meyarının məbləği yaşayış minimumunun 78,9%-i götürülməklə 75 manat müəyyənləşdirilmişdir ki, bu da çətin vəziyyətdə yaşayan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən konkret tədbirlərdən biridir.

2011-ci il yanvarın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 4346,3 min nəfər olmuş, onlardan 4088 min nəfərini (94,1%) iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil etmişdir. Həyata keçirilən tədbirlər sosial sahədə əhəmiyyətli müsbət dəyişiklikləri təmin etmişdir. Belə ki, 2010-cu ildə ölkə əhalisinin nominal pul gəlirləri 13,3% artaraq 25,6 mlrd. manata çatmış, onun adambaşına həcmi 2866 manat və ya ayda orta hesabla 238,8 manat təşkil etmişdir. Hesabat dövründə işləyənlərin orta aylıq əmək haqqı orta hesabla 9,1% artaraq 325 manata çatmışdır.

Azərbaycan Respublikasının milli iqtisadiyyatının beynəlmiləlləşməsinin və inteqrasiyasının müasir mahiyyəti Beynəlxalq Əmək Bölgüsünə (BƏB-ə) əsasən müəyyən olunur. Belə ki, BƏB sayəsində dünya ölkələrinin dünya bazarında istehsal həcminin ümumi göstəricisi müəyyən olunur. Beynəlxalq iqtisadi inteqrasiya dövlətlər arasında istehsal amillərinin və malların sərbəst hərəkətini nəzərdə tutur. İqtisadi inteqrasiyaya uğrayan Azərbaycan Respublikası siyasi cəhətdən müstəqil olmaqla iqtisadi cəhətdən qarşılıqlı asılı vəziyyətdə olur. Azərbaycan Respublikasının regional iqtisadi birləşmələrini nəzərdən keçirdikdə məlum olur ki, coğrafi mövqe mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır.

Müstəqilliyi bərpa etdikdən sonra (1991-ci ilin oktyabr ayının 18-də) ölkənin ilk əməkdaşlıq münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakı kimi təsnifləşdirmək olar:

Comments are closed, but trackbacks and pingbacks are open.