Press "Enter" to skip to content

Prezident İlham Əliyev haqqında kitab çap olundu

Məncə, cənab Prezidentin əsas nailiyyəti nə iqtisadi möcüzə, nə bizim inkişafımızdadır. O, Azərbaycan xalqının özünə dəyərini ortaya çıxardı.

Ilham əliyev haqqında kitab

Qrem Uilsonun “Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı” kitabının təqdimatı olub.

Bu gün “Gülüstan” sarayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş, tanınmış müəllif Qrem Uilsonun “Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı” (“The President of Azerbaijan: His struggle for peace and vision of the future”) kitabının təqdimatı olub. ANS PRESS “AzərTAc”a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə qazanılmış nailiyyətlərdən bəhs edən “2003-2011-ci illərdə Azərbaycan” adlı videoçarx nümayiş olunub.

Tədbiri açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib ki, xalqımızın tarixində müstəqillik dövrü iki tarixi şəxsiyyətin – ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsi bizim əvəzsiz irsimizdir, – deyən akademik Ramiz Mehdiyev, yeni dövrdə bu siyasətin uğurla həyata keçirilməsinin Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, kitab prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş digər əsərlərdən fərqlənir. Prezident İlham Əliyevin milli lider obrazının təsviri ilə yanaşı, Azərbaycanda və onun ətrafında baş verən siyasi proseslərin təfsilatı ilə təsvir edilməsi kitabın əsas cəhətlərindəndir. Əsərin digər əhəmiyyəti onun Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilməsidir.

Sonra kitabın müəllifi Qrem Uilson çıxış edərək dövlət başçısının praqmatik siyasi xadim kimi liderlik xüsusiyyətlərindən söz açıb, əsərin yazılmasını zəruri edən amillərdən danışıb.

Kitab haqqında videoçarx göstərilib. ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin, Türkiyənin Bilkənd Universitetinin prezidenti Əli Doğramacı çıxışlarında kitabın əhəmiyyətindən danışıblar.

Prezident İlham Əliyev haqqında kitab çap olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Pekində çin dilində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013” adlı kitabının təqdimat mərasimini keçirib.

SAM-ın mətbuat xidmətindən verilən məlumata görə, 26 avqust 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Pekində səfərdə olub.

Səfər zamanı SAM-ın direktoru Fərhad Məmmədov Çin Xalq Rrespublikasının (ÇXR) Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Araşdırma İnstitutunda çinli ekspertlər qarşısında “Azərbaycanın Qafqaz regionunda rolu” mövzusunda çıxış edib. Mühazirədən sonra tərəflər arasında mövzuya dair geniş fikir mübadiləsi aparılıb.

Daha sonra SAM-ın aparıcı elmi işçisi Rəşad Kərimov tərəfindən tərcümə olunan “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013” adlı kitabın təqdimat mərasimi baş tutub. Kitabın məsləhətçisi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovdur.

Təqdimat mərasimi Pekin Dünya Mədəniyyət Mərkəzində SAM və Azərbaycan Respublikasının ÇXR-daki səfirliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə iştirak etmiş 100-dən çox qonaqların arasında ÇXR-in rəsmi nümayəndəsi, elm xadimləri, iş adamları, ÇXR-in nüfuzlu KİV rəhbərləri, ÇXR-daki Rusiya və Qırğızıstanın fövqəladə və səlahiyyətli səfirləri, Türkiyə, Venesuela, Moldova və Ukraynanın diplomatları iştirak ediblər.

Tədbiri açılış nitqi ilə Azərbaycan Respublikasının ÇXR-daki fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov başlayıb. Səfir qeyd edib ki, təqdimatı keçirilən bu kitab Azərbaycanı daha yaxından tanımaq üçün imkan yaradacaq.

Daha sonra təqdimat mərasimində ÇXR Müasir Beynəlxalq Münasibətlər Akademiyasının vitse prezidenti Fın Çon Pin, Etnik Universitetin professoru, türkoloq Xu Cen Xua və SAM-ın direktoru Fərhad Məmmədov çıxış edib.

Fərhad Məmmədov bildirib ki, kitab Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2003-2013-cü illər ərzində uğurlu prezidentlik fəaliyyəti ilə yanaşı, Azərbaycanın müxtəlif sahələr üzrə əldə etdiyi nailiyyətlərə, onun dünya birliyinə inteqrasiyasına, ölkəmizin üzləşdiyi problemləriə həsr olunub. Onun fikrincə, bu kitab Azərbaycanla Çin dövlətlərimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlarımız bir-birini daha yaxşı tanımasına yardımçı olacaq.

Konfransdan sonra qonaqların şərəfinə ziyafət verilib.

Ilham əliyev haqqında kitab

Bir müddət əvvəl Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının təqdimatı olub.

Kitab cəmiyyətdə böyük maraq doğurub. Elmira Axundova ilə kitabla bağlı söhbəti təqdim edirik.

– Elmira xanım Sizi bu kitabınızın işıq üzü görməsi münasibətilə təbrik edirik. Bu ideya necə yarandı?

– Mənim 10 ildə prezident haqqında ən azı 15 məqaləm çıxıb. Prezidentimizin bütün uğurlarını, nailiyyətlərini izləmişəm və Moskvada, Bakıda, Ukraynada böyük jurnallarda məqalələrim yayımlanıb.

Təqdimatda da dedim ki, hər kitabın yetişmək vaxtı var, tez də olmaz, gec də. 5 il bundan əvvəl mənə desəydilər ki, sən niyə prezident haqqında yazmırsan, deyərdim ki, hələ tezdi.

Cənab Prezident haqqında ilk kitab 2007-ci ildə çıxıb. Hüseynbala Mirələmov və Andrianovun müəllifi olduğu kitabı dəyərləndirdim. O dövr üçün bu kitab maraqlı idi. Hətta mən öz kitabımda o nəşrə bir neçə dəfə istinad eləmişəm.

5 il qabaq bilmirdim ki, nə yazım. Ancaq axırıncı 4-5 ildə İlham Əliyevin siyasətinə valeh oldum. Onun idman sahəsində, regionlara diqqəti, fərmanları, islahatları, “Asan-xidmət” kimi inqilabi addımı, korrupsiya əleyhinə tədbirləri, iş adamları üçün yaratdığı şəraitlər və ən əsası da onun xarici siyasətdəki maraqlı və sərt manevrləri, kişiyanə işləri mənim üçün çox maraqlı oldu.

Əvvəl Umumilli lider Heydər Əliyev haqqındakı kitabımı yazdım. O kitab böyük rəğbət, qiymət aldı. Sonra 1 il qaldım ki, nə edim? Fikirləşirdim ki, nə üzərində işləyim? Birdən ağlıma gəldi ki, prezident haqqında məqalələri toplayım görüm bu 5 ildə nələr yazmışam. Nəzər yetirəndə bunların bir kitab həcmində olduğunu gördüm. “İlham Əliyev və Kütləvi İnformasiya Vasitələri”, “Prezidentin valideynləri kimdir?”, “Uğurlu bioqrafiyası olan adam” məqalələrimə baxdıqda, böyük bir kitab üçün vəsait olduğunu gördüm. Əlavə materiallar, şəkillər topladım, onu kitab halına saldım. Bu nə elmi, nə də bədii kitab oldu, publisistik nəşr oldu. Sırf publisistik, jurnalistin məhsulu. Kitabda jurnalistlərin də fikirləri yer alıb, jurnalistlərlə bağlı ayrıca fəsil var.

Çox maraqlıdır ki, kitab elə bil bu gün üçün yazılıb, çox aktualdır. Axırıncı hadisələrə qədər bütün məlumatları bu kitaba sala bildim. Hətta referendumun nəticələri də qeyd olundu. Kitab müasir formatdadır. Kim istəsə, kitabı çap edib hədiyyə verə bilər. Bu kitabı oxuyanların Azərbaycan haqqında, Prezidentimiz haqqında tam təsəvvürü olacaq. Əsas məsələ, mən Prezidentimizin portretini yaratmağa çalışdım. Şəxsi keyfiyyətini, gənclik illərində hansı xüsusiyyətlərə malik olub, siyasətə təzə başlayanda qarşısında hansı çətinliklər dururdu, genetik gələn şəxsiyyəti necədir – bunlar haqqında, hətta ailə mühiti barədə dolğun məlumat verdim. Ailəsinin onun haqqında danışdığı məqamlar da var. Başqa yerlərdə bu məlumatlar yoxdur.

– Bilirik ki, İlham Əliyev özü haqqında kitabların yazılmasını istəmir. Təbii ki, bunu kiminləsə razılaşdırmalıydınız.

– Heç kim inanmır ki, mən kitablarımı razılaşdırmıram. Heydər Əliyev hələ sağlığında mənə tövsiyyə etmişdi ki, “Elmira xanım, mənim haqqımda yaz, səndə yaxşı alınır”.
2005-ci ildə cənab Prezidentə yaxınlaşıb dedim ki, “Mən Heydər Əliyev haqqında kitab yazıram”. O da dedi ki, “sənə nə kömək lazımdır?”, “niyə yazırsan?” demədi. Mən dedim ki, icazə verin, Heydər Əliyevin evdə olan arxivini mənə açsınlar. O da göstəriş verdi, arxiv açıldı. Amma soruşmadı ki, “necə yazırsan, hansı formada yazırsan?”.
Mən Heydər Əliyev haqqında yazımı heç kimə göstərməmişəm. Göstərsəydim, bəlkə də bu kitab indi çıxmayacaqdı. Mən jurnalistəm və sərbəstəm. Heydər Əliyev haqqında olan kitab da çox maraqlıdır. Nadir mənbələrdən istifadə etmişəm. Orda fərqli-fərqli insanlar danışıb. Onların arasında müxalifətdə olan insanlar da danışıb. Kitabda Rüstəm İbrahimbəyovun, Eldar Namazovun, mərhum Sirus Təbrizlinin, Rafael Allahverdiyevin xatirələri var. Onlar sonradan müxalifətə döndülər. Kitabda adları keçən həmin insanlar vaxtilə Heydər Əliyevlə işləyiblər.

İlham Əliyevlə bağlı kitaba gəlincə, yenə də heç kimlə məsləhətləşmədim, icazə almadım. Mən fikirləşdim ki, kitabı burada çap etdirmək çətin olacaq. Ona görə də Moskvaya getdim. Bir neçə nəşriyyata baş vurdum. Kitabı göstərdim, dedilər ki, “bizim nəşriyyatda prezidentlərlə bağlı gələn 2-ci kitabdır”. Bundan əvvəl Qırğızıstanın keçmiş prezidenti Əskər Akayev haqqında kitab çap olunduğunu bildirdilər. Kitabı oxudular, çox bəyəndilər.
Mən jurnalist olduğum üçün öz milli maraqlarımı qoruğumağa öyrəşmişəm. Kitabda da bir neçə yerdə Qarabağ haqqında, ermənilər haqqında, ermənilərin törətdiyi soyqırımıları barədə məlumatlar yer alıb. Qarabağ məsələsində bizim mövqeyimizi kitabda ətraflı şəkildə qeyd etmişəm. Onlar xahiş elədilər bu hissələri ya çıxarım, ya da yumşaldım. Amma 99 faiz buna getmədim. Bildirdim ki, siz özünüzü ermənilərdən sığorta etmək istəyirsinizsə, “müəllifin mövqeyidir” sözlərini yazın. Mənə lazım olan bütün məlumatlar kitabda qaldı. Bu, böyük bir uğur idi. Kitab nəşriyyatda o qədər bəyənildi ki, onlar kitabın əlavə 1500 nüsxəsini Rusiyada özləri satmaq üçün çap elədilər. Bu kitab Moskvanın ən böyük kitab mağazalarında satılır.

– Elmira xanım kitabı sizin yazmağınız hər halda rəhbərliyin sizə etimadıdır. Hər adama bu imkan verilmir.

– Təqdimatda da dedim ki, məni ruhlandıran 2013-cü ildə Prezident Adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rus dilində çıxan kitabı (“Десять лет, изменившие Азербайджан” (“Azərbaycanı dəyişdirən on il”)) oldu.
Çox maraqlı kitabdır. Kitabda Azərbaycan siyasəti haqqında axırıncı 10 ilin bütün hadisələri təsvir edilib. Kitabı oxuyanda elə bil mənə ilham verdi. Dedim ki, Ramiz Mehdiyev bu kitabı elmi tərəfdən yazıb, mən də publisistikdan yanaşa bilərəm. O kitab mənə bir növ yol göstərdi. Ramiz müəllimin özünə də dedim ki, siz mənə yol göstərmisiniz.
Kitabı Bakıya böyük çətinliklə gətirmişəm. Kitab Moskvada çap edildiyinə görə, Bakıya gəlməsi çətin idi. Moskvada diaspor nümayəndəsi ilə danışıqlar apardıq, dedilər az-az göndərərk. Mən buna razı olmadım, çünki təqdimata ən azından 600 kitab lazım idi. Onların dediyi üsulla kitabların göndərilməsi uzun müddət çəkəcəkdi. “Azərbaycan Dəmir Yolları”nın nümayəndəsi ilə danışdım, o da Cavid Qurbanovla müəllimlə əlaqə saxladı. Cavid müəllim dedi ki, “Elmiraya nə kömək lazımdırsa, edin”. Nümayəndə dedi ki, “kitabları Moskvdan Bakıya apararıq, amma çox çətin olacaq, 3 gün yol gedəcək, gömrük məntəqələrində çətinlik yaranacaq. Hələlik 100 ədəd aparaq, görək necə olur”. Mən buna da razı olmadım. Çünki 600 kitabın gətirilməsi uzun çəkəcəkdi. Axırda nəşriyyatla əlaqə saxladım. Onlar tanıdıqları bir transfer şirkəti ilə kitabları daşımağa başladılar. Kitabları gətirdilər Vladiqafqaza. Oradan Bakıya gətirməyə razılaşmadılar. Oğlum öz dostu ilə böyük maşınla getdi Vladiqafqaza, kitabları yüklədilər. Rusiyada və Gürcüstan sərhədində çox əziyyət çəkdilər. Amma Azərbaycan gömrüyündə heç bir problem olmadan keçdilər. Aydın Əliyevə, Kamaləddin Heydərova təşəkkür edirəm. Azərbaycan gömrüyündə heç bir rüsum tələb edilmədən mənə kömək etdilər.

– Kitab gözlədiyiniz rezonansı doğurdumu, necə qarşılandı?

Kitab Moskvada da satılır. Bura gətirdiyim 600 kitabdan 60-70 ədədi qalıb. Hamı kitab istəyir, mağazalara da vermişəm. Prezidentin İşlər kitabxanasına kitabdan vermişəm. Xarici işlər naziri Elmar Məmmədyarovdan xahiş etdim ki, 100 kitabı xaricdəki səfirliklərimizə göndərsin.
300 səhifəlik kitabdır, mənə kömək etsələr, kitabı bir neçə dilə tərcümə edib, xarici ölkələrə göndərərik ki, öz dillərində rahat oxuyub ölkəmiz, Prezidentimiz haqqında məlumat alsınlar. Bu çox gözəl bir təbliğat vasitəsi ola bilər. Azərbaycanın iqtisadi möcüzəsi ilə hamı maraqlanır, bu necə baş verib, Azərbaycan necə belə yaşayır?

Məncə, cənab Prezidentin əsas nailiyyəti nə iqtisadi möcüzə, nə bizim inkişafımızdadır. O, Azərbaycan xalqının özünə dəyərini ortaya çıxardı.

– Bu sahədə fəaliyyətinizi davam etdirmək fikriniz varmı?

– Respublikamızın dəyərli insanlarından biri Kamal müəllim mənə deyib ki, unikal kitab yazmısan. Onun oğlu Tale Heydərovun böyük bir cəmiyyəti var. Onlar mənim 3 cildlik kitabımı ingilis dilinə çeviriblər. Kitab yaxınlarda çıxmalıdır.
Tale Heydərov dedi ki, bu kitab bir neçə dilə tərcümə olunmalıdır. Ros Uilson da İlham Əliyev haqqında maraqlı bir kitab yazıb. Bunun üzərindən 7 il keçib. O kitabda Avropa Oyunları, iqtisadi yüksəliş, regionların inkişafı yox idi. Ona görə də mənim əsas məqsədim yazdığım kitabın xarici dillərdə çap olunmasıdır.
İstəyirəm ki, Heydər Əliyevin 95 illiyinə bir kitab həsr edim. Bu kitabda heç yerdə yazılmayan məlumatlar, şəkillər olacaq. Onun komandası ilə iş metodu, jurnalistlərlə zarafatı, bəzi insanlarla çəkişmələri, ümumiyyətlə Heydər Əliyevin tam obrazı, görünməyən tərəfləri kitabda yer alacaq. Demək olar ki, kitabın 50 faizi hazırdır, qalan hissəsini Heydər Əliyevin 95 illiyinə qədər tamamlayacam.

Cənab Prezidentin siyasətini dünyaya çatdırmaq üçün əlimdən gələni edəcəyəm. Rus dilində danışan insanların sayı 1 milyarda çatır. Bu çox böyük bir oxucu auditoriyasıdır.

Qafar Ağayev

Comments are closed, but trackbacks and pingbacks are open.