Press "Enter" to skip to content

Ilyas fndiyevin avtobipqrafi sri hansıdır.

1980-ci ildə İlyas Əfəndiyev ikinci dəfə tarixi mövzuya müraciət edərək “Natəvan” pyesini yazıb, teatra təqdim etdi. Bu tamaşaya həmin vaxtlar Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının (indiki Musiqili-Dram Teatrı) baş recissoru olan xalq artisti Mərahim Fərzəlibəyov, Milli Akademik Dram Teatrında quruluş vermək üçün dəvət olundu. Tamaşada baş rolda, xalq artisti Amaliya Pənahova çıxış etdi. Tamaşa rejissor yozumuna və aktyor oyununa görə də maraqla qarşılandı və bu tamaşadan sonra Mərahim Fərzəlibəyovun da rejissor həyatı Milli Akademik Dram Teatrı ilə bağlandı. “Natəvan” tamaşasının uğurla qarşılanmasından sonra dramaturq İlyas Əfəndiyev və rejissor Mərahim Fərzəlibəyovun birlikdə müştərək işləri başlandı. Belə ki, bu tamaşadan sonra İlyas Əfəndiyevin yenə də tarixi mövzuda yazdığı “Şeyx Xiyabani” tamaşasına Mərahim Fərzəlibəyov quruluş verdi. Bu tamaşada baş rolda Həsənağa Turabov orijinal bir obraz yaratdı. Və onun bu rolu Azərbaycan teatr tarixində bir hadisə oldu. Tamaşanın uğurundan sonra Mərahim Fərzəlibəyov, dramaturqun “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Dəlilər və ağıllılar” və son əsəri olan “Hökmdar və qızı” əsərlərinə quruluş verdi. Bütün bu tamaşalar da orijinal mövzularına, aktuallığına, yüksək dramaturci tapıntılarına, obrazlarının dramaturq tərəfindən professional səviyyədə işlənməsinə, dialoqların yığcamlığına və rejissor yozumu ilə birlikdə, maraqlı aktyor oyun üslubuna görə, tamaşaçılarda böyük maraq yaratdı. Və ən əsası isə bu pyeslərin sayəsində çoxlu gənc aktyorlar, aktrisalar Azərbaycan səhnəsi üçün yetişdi. Onlar da bu gün Milli Akademik Dram Teatrının aparıcı sənətkarlarıdır.

İlyas Əfəndiyevin dramaturgiyası

Yadıma gəlir ki, biz keçən əsrin 60-70-ci illərinin gəncləri həmin vaxtlar ən çox oxuduğumuz, bəyəndiyimiz və tez-tez müzakirə etdiyimiz əsərlər içərisində “Dağlar arxasında üç dost” və “Üç atılan” romanları da vardı. Biz təkcə bu romanları oxumaqla kifayətlənmirdik və hətta oradakı qəhramanlara oxşamağa, həyatda onlar kimi olmağa çalışırdıq. Və heç vaxt mənim ağlıma gəlməzdi ki, illər keçəcək, çox sevdiyim bu yazıçının özü ilə şəxsən yaxından tanış olacam. Onun maraqlı söhbətlərini eşidəcəm və yazdığı “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər” pyeslərindən ayrı-ayrı epizodları, parçaları 1977-ci ildə Sumqayıtda yaratdığım “Ümid” teatr-studiyasında olan həvəskarlarla hazırlayacam və hətta 2007-ci ildə “Məhv olmuş gündəliklər” pyesinə Dövlət Gənclər Teatrında quruluş verəcəm. Həyatımda bu da tale yazısı olacaq ki, 1977-ci ildə “Həyatın astanasında” olan ilk pyesimi oxumaq üçün İlyas müəllimə verəcəm. Dramaturq kimi onun xeyir-duasını, dəyərli məsləhətlərini alacam. Onun məsləhətləri nəticəsində bu pyesi yenidən işləyib o vaxtlar Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqəyə təqdim edəcəm. Beləliklə, “Həyatın astanasında” pyesim müsabiqənin qalibi olacaq. İllər keçəcək, 1985- ci ildə “İnan mənə” pyesimi Azərbayan Yazıçılar İttifaqında həmin vaxtlar keçirilən müsabiqəyə təqdim edəcəm. Bu pyes müsabiqədə birinci yerə layiq görüləcək və həmin vaxtlar Yazıçılar İttifaqının katibi işləyən, sevimli xalq yazıçımız, filologiya elmləri doktoru, professor Elçin, məndən xəbərsiz bu pyesi Moskvaya, Ümumittifaq gənc dramaturqlar müsabiqəsinə göndərəcək və bu pyes də orada 48 pyesin içərisindən mükafata layiq görüləcək. Bunu mən yalnız pyes Moskvada mükafata layiq görüləndən sonra biləcəm və Azərbaycan Yazıçılar İttifaqına gəlib xalq yazıçısı Elçinlə ilk dəfə orada görüşəcəm, yaxından tanış olacam. “İnan mənə” pyesimin Moskvaya göndərilməsinin də əsl səbəbkarı o, olduğunu biləcəm. Hətta onun məndən daha çox sevindiyinin də şahidi olacam. Belə ki, Elçin müəllim, Azərbaycan dramaturqlarının 7 pyesinin içərisindən məhz bu pyesi seçib Moskvaya göndərməklə və bu pyes də 48 pyesin içərisindən mükafata layiq görülməklə o, dramaturgiyanı yaxşı bildiyini və obyektiv insan olduğunu bir daha sübut edəcək.

Bu gün İlyas Əfəndiyev dramaturgiyasından və əsərlərinin səhnə həllindən, rejissor yozumundan, bu pyeslərdəki aktyor oyunundan yazmaq istədiyim bir vaxtda, hər iki yazıçının həm də böyük insani keyfiyyətləri, istedadlı cavanlara isti münasibəti, diqqəti, əsl azərbaycanlı ağsaqqal qayğıkeşliyi yadıma düşdü və bütün olub-keçənlər bir kino lenti kimi gözlərim qarşısından keçdi.

Artıq dünya dramaturgiyasında qəbul olunmuş bir neçə klassik dramaturqun, həm də səhnə sənətində yaratdıqları məktəb var. Məsələn Şekspr, Molyer, Ostrovski, Çexov, Brext dramaturgiyası və məktəbi. Eləcə də Azərbayjanda Mirzə Fətəli Axundov, Jəlil Məmmədquluzadə, Hüseyn Javid, Jəfər Jabbarlı, Səməd Vurğun, İlyas Əfəndiyev dramaturgiyası və onların pyeslərində yetişən, bəhrələnən recissorlar, aktyorlar nəsli. Yəni bu pyeslərin sayəsində xalq tərəfindən sevilən, sənətkar kimi qiymətləndirilən, teatr tariximizdə layiqli yer tutan sənətkarlar. Əlbəttə, mən bu yazımda yalnız onlardan birinin, artıq klassikaya çevrilmiş İlyas Əfəndiyevin dramaturgiyasının bəzi cəhətlərini, qayələrini, anlarını təhlil edəcəm. Çünki onun dramaturgiyasını bütövlükdə təhlil etmək artıq doktorluq səviyyəsində böyük elmi işdir. Ona görə də mən yalnız bu yazımla, portret cizgiləri ilə İlyas Əfəndiyev dramaturgiyasının poetikasını, fəlsəfəsini, üslub xüsusiyyətlərini, pyeslərindəki xarakterlər qalereyasını və bu tərəflərin, qayələrin rejissor, aktyor işinə kömək edən məqamlarını aydınlaşdırmağa çalışacam. Bununla bağlı, məhz ilk əvvəl İlyas Əfəndiyev dramaturgiyasının keçdiyi yola, mühitə, quruluşa nəzər salaq. Yazıçının, dramaturqun keşməkeşli həyat illərini, qırmızı imperiyanın vaxtında, nəsr əsərlərində, pyeslərində sözaltı mənalarla bütün istəklərini oxuyuculara və tamaşaçılara çatdıra bilmək ustalığını, məharətini təhlil edək.

1914-cü ildə Füzulidə dünyaya gələn və Azərbayjan Pedaqoci İstitutunun (indiki Azərbayjan Dövlət Pedaqoci Universiteti) coğrafiya fakultəsini bitirən İlyas Əfəndiyev yazıçılığa nasir kimi başlayıb. Onun “Kənddən məktublar” adlı ilk kitabı 1939- cu ildə çap olunub. Həmin vaxtlar iyirmi beş yaşında kitab çap etdirmək və bu ilk kitabın da çap olunması ilə oxucu marağı yaratmaq elə də asan deyildi. Buna görə həqiqətən böyük istedad sahibi olmaq lazım idi. Gənc İlyas da özünün istedadlı nasir olduğunu bu kitabı ilə sübut etdi. Bu kitabda onun “Qarımış oğlan”, “Qızbəs xala”, “Mirzə İman” hekayələri və “Kənddən məktublar” povesti toplanmışdı. Bu kitabı həmin vaxtlar tanınmış ədəbiyyat tənqidçiləri, mütəxəssislər də yaxşı qarşıladılar və beləliklə, İlyas Əfəndiyev özünü istedadlı bir yazıçı kimi sübut etdi. “Kənddən məktublar” povestini oxuyanda, orada çoxlu dramaturci elementlərə rast gəlmək mümkündür. Ən maraqlısı budur ki, bu povest indi də özünün aktuallığını itirməyib. Dramatuci səriştəsi olan rejissor tərfindən bu povest səhnələşdirilsə, maraqlı səhnə əsəri ola bilər.

Ümumiyyətlə, İlyas Əfəndiyevin 1944-jü ilə qədər yazdığı bütün nəsr əsərlərindəki dramaturci elementlər o qədər çoxdur ki, dramatrugiyaya belə bağlılıq, dramaturgiyanı dərindən bilməsi, onu ilk kitabı çap olunandan cəmi beş il sonra dramaturgiyaya gətirib. Belə ki, 1944- jü ildə İlyas Əfəndiyev, Mehdi Hüseynlə birlikdə “İntizar” pyesini yazıblar. 1945-ci ilin əvvəllərində bu pyes, Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında (indiki Milli Akademik Dram Teatrda) böyük uğurla tamaşaya qoyulub. İlk pyesinin belə uğurlu alındığını görən İlyas müəllim, bundan sonra özü sərbəst pyeslər yazmağa başlayır. Beləliklə, ilk sərbəst əsəri olan, “İşıqlı yollarla” pyesini yazıb. Bu əsərin tamaşası da mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanır. Hətta tamaşa, 1948-ci ildə Moskvada, Azərbayjan professional teatrının yaranmasının 75 illik yubileyi çərçivəsində oynanılır və paytaxt tamaşaçılarının, mütəxəssislərinin də marağına səbəb olur. Bu pyeslərin maraqlı işlənməsinə, yaxşı səhnə həlli, aktyor oyunu olmasına baxmayaraq, hələ ki, onlar dramaturq yox, nasir İlyas Əfəndiyevin qələmindən çıxmışdı. Çünki cümlələrin səlis və rəvan yazılmasına baxmayaraq, dialoqlarda uzunçuluq, hadisələrdə nəsirçilik vardı. Nəsrdən dramaturgiyaya keçən yazıçıların əksəriyyətində belə hallar olur. Çünki dramaturgiyanın öz yazı üslubu, səhnəni çox yaxşı bilmək, akytor, rejissor sənətindən yaxşı xəbərdar olmaq və ən əsası isə “teatr mətbəxində” olmaq, yazıçı üçün əsas şərtlərdəndir. Təsadüfi deyil ki, dünyanın ən məşhur dramaturqları Sofokl, Şekspir, Molyer, Brext recissor, akytor olublar. Əbdürrəhim bəy Haqverdiyev və Jəfər Jabbarlı həm də rejissorluqla məşğul olublar. Onlar, “sehirli qutu” adlandırdığımız səhnənin sirlərini, texnalogiyasını, qanunlarını mükəmməl biliblər. Dramaturgiyanın tarixini və dram əsərlərində lazım olan əsas elementləri, texnikanı qısa vaxtda çox yaxşı öyrəndiyindən, tanınmış rejissorlar Adil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımovla dostluq əlaqələrinin qurulması sayəsində və bu rejissorların onun dramaturgiyasına maraqlarının çox olmasına görə, İlyas Əfəndiyev dramaturgiya ilə daha ciddi məşğul olmağa başlayır. Və bütün bunlar da tezliklə özünün çox yaxşı bəhrəsini verir. Belə ki, o, çox orijinal əsər olan “Bahar suları” pyesini yazıb, teatra təqdim edir. Bu pyes də qısa vaxtda Adil İsgəndərov tərəfindən böyük uğurla tamaşaya hazırlanır. Tamaşada isə əsas rollarda İsmayıl Dağıstanlı – Uğur, Ələsgər Ələkbərov – Alxan, Hökumə Qurbanova- Şəfəq, Ağasadıq Gəraybəyli – Nəcəf rollarında maraqla çıxış edirlər. Artıq bu pyesdən sonra tanınmış teatr tənqidçiləri, mütəxəssislər Məmməd Arif, Cəfər Cəfərov, Mehdi Məmmədov İlyas Əfəndiyevi, Jəfər Jabbarlı dramaturgiyasının layiqli davamçısı adlandırıblar. Bu pyes baxmayaraq ki, həmin dövrün “konfliktsizlik nəzəriyyəsinə, dramaturgiyasına” xidmət edən əsərlərdən olsa da, burada məhəbbət mühüm yer tuturdu. Bu məhəbbətin kontekstində isə istehsalata, vətənpərvərliyə münasibət ictimai-psixoloji boyalarla müəllif və rejissor tərəfindən yaxşı işləndiyindən tamaşaçılar tərəfindən maraqla qarşılanırdı. Bu pyesin uğurundan ruhlanan İlyas Əfəndiyev “Atayevlər ailəsi” pyesini yazır. Və bu pyesə quruluşu Azərbaycan səhnəsinə, milli aktyor və rejissor sənətimizə çoxlu yeniliklər gətirən Toiq Kazımov verir. Müəllifin bu pyesi keçən əsrin əllinci illərində səhnə sənətimizdə böyük bir hadisə olur. Bu tamaşa haqqında Cəfər Cəfərov, Mehdi Məmmədov kimi sənətçilərimiz maraqlı ressenziyalar yazırlar. Bu pyesdəki hadisələr əsasən bir ailə daxilində cərəyan edib, həmin ailənin üzvüləri ilə əlaqədar olsa da, “Atayevlər ailəsi” məişət dramı deyil. Duzdür, ailə cəmiyyətin ilkin üzvüdür. Atayevlərin də həyatı cəmiyyətdən təcrid oluna bilməz. Bütün ailələr kimi, bu ailə də gözə görünən və görünməyən tellərlə cəmiyyətə bağlıdır.

Beləliklə də, bir ailədə baş verənləri, qohumlar arasındakı olan münasibətlərin əxlaqi mahiyyətlərini açmaqla və dramaturci cəhətdən ustalıqla buna nail olmaqla müəllif, bu pyesi ilə ictimai dramın gözəl nümunələrindən birini yaratmışdı. Məhz buna görə də pyes həmişə, bütün dövrlərdə aktual olaraq qalacaq. Yuxarıda yazdığım kimi, dramaturq sosialist cəmiyyətinin, quruluşunun eybəcərliklərini də sözaltı mənalarla bu pyesdə yaxşı işləyib. Həmin vaxtlar rejissor Tofiq Kazımov tərəfindən də pyesə düzgün açar tapılmış və aktyorlar da rejissorun sayəsində rollarnın öhdəsindən məharətlə gəlirdilər. Bu pyesin müvəffəqiyyətindən, rejissor və dramaturq arasında yaranan dostluqdan sonra, İlyas Əfəndiyev demək olar ki, yaradıcılığının böyük hissəsini dramaturgiyaya həsr etdi. Belə ki, bundan sonra bir-birinin ardınca Azərbayjan teatr tarixində hər biri hadisə olan “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Sən həmişə mənimləsən”, “Mənim günahım” pyeslərini yazdı. O, elə bu əsərləri ilə də Azərbaycan dramaturgiyası tarixində lirik-psixoloji pyes janrının əsasını qoydu. Bu həm də bu keçmiş Sovetlər Birliyidə dramaturq tərəfindən əsası qoyulan yeni janr idi. Elə bu pyeslər və başqa səhnə əsərləri ilə də Tofiq Kazımov, rejissor kimi, Azərbaycan teatr tarixində “realist səhnə oyunu” adlanan yeni aktyor oyun üslubunun əsasını qoydu. Bu aktyor oyun üslubunun banisi isə sevimli aktyorumuz Həsənağa Turabov oldu. Beləliklə, bu pyeslər Azərbayan teatr sənətinə Əli Zeynalov, Məlik Dadaşov, Həsənağa Turabov, Şəfıqə Məmmədova, Amaliya Pənahova, Vəfa Fətullayeva, Səməndər Rzayev, Səfurə İbrahimova, Kamal Xudaverdiyev, Rafıq Əzimov, Fuad Poladov, Ramiz Məlikov, Yaşar Nuriyev və onlarja digər akytor və aktrisaların yetişməsinə, özlərini bir sənətkar kimi sübut etməsinə təkan verdi. Yuxarıda yazdığım kimi, bu pyeslərdəki obrazları ilə realist aktyor oyun üslubunun Azərbaycanda əsasını qoyan Həsənağa Turabovla etdiyimiz söhbətlərdə, o, İlyas Əfəndiyev dramaturgiyasından danışanda deyirdi: “Mənim bir aktyor kimi yetişməyimdə, özümü bu sənətdə təsdiq etməyimdə, rejissor Tofiq Kazımovun və dramaturq İlyas Əfəndiyevin pyeslərinin böyük rolu olub. Mən İlyas müəllimin pyesləri sayəsində püxtələşmişəm və səhnədə öz sözümü deyə bilmişəm”.

Böyük Vətən Müharibəsindən sonrakı dövrdə İlyas Əfəndiyev yaradıcılığının çoxşaxəliliyi onda idi ki, yazıçı-dramaturq öz yaradıcılığınıda rəngarəng mövzulara və canrlara müraciət edirdi. Belə ki, o, həm hekayələr, həm əmək qəhramanları haqqında oçerklər yazır, onların portret cizgilərini yaradır, həm romanlar və həm də dramaturci cəhətdən bir-birindən fərqli pyeslər yazırdı. Məhz buna görə də biz İlyas Əfəndiyevi həmin dövrdə təkcə Azərbaycanda yox, keçmiş Sovetlər İttifaqında ən görkəmli və məhsuldar yazıçılardan biri adlandırsaq, yəqin ki, səhv etmərik. Çünki, bunu deməyə həmin vaxtlar yazdığı hekayələr, oçerklər, “Söyüdlü arx”, “Dağlar arxasız olmur”, “Üç atılan”, “Körpüsalanlar”, “Geriyə baxma qoca” kimi romanları və biri-birindən maraqlı pyesləri əsas verir. Müəllif həmin dövrdə qələmə aldığı dram əsərləri ilə özünün novatorluğuna, professionallığına görə, onu həmin dövr Sovet dramaturgiyasının ən aparıcı dramaturqlarından biri etmişdi. Onun pyesləri keçmiş ittifaqın bir sıra respublikalarının, hətta sosialist ölkələrinin teatr səhnələrində böyük uğurla tamaşaya qoyulurdu. Həmin vaxtlar Azərbaycandan kənarda “Sən həmişə mənimləsən” pyesi daha uğurla qarşılanır və ayrı-ayrı respublikaların teatrlarının səhnələrində tez-tez də tamaşaya qoyulur, repertuarında əsas yerlərdən birini tuturdu. Çünki bu pyes təkcə Azərbaycanda yox, həm də keçmiş Sovetlər Birliyində lirik-psixoloji dramın ilk nümunəsi idi. Əsər həm mövzu baxımından çox orijinal idi, həm də müəllif burada yığcam və az sözlə böyük fəlsəfi, tərbiyəvi fikirlər söyləyə bilmişdi. Məhz buna görə də tanınmış rejissor, aktyor, sənətşünaslıq doktoru, Azərbaycan teatr sənətində öz məktəbini yaratmış və mənim professional teatr sənəti sahəsində ilk müəllimim olan Mehdi Məmmədov, İlyas Əfəndiyev dramaturgiyası haqqında belə yazırdı: “İlyas Əfəndiyevin pyeslərinin dili, səhnə dilinin təmizliyi, səlisliyi, yığcam, dərin sözaltı mənalı və ifadəli olması xoş təsir bağışlayır. O, sözü diqqət və həmişə ehtiyatla seçir. Sözaltı mənalardan bacarıqla istifadə edir. Fikri, hissi ifadə etməyi, səhnə vəziyyəti tələb edəndə isə gizlətməyi yaxşı bacarır”. Onu da vurğulamaq istəyirəm ki, ilk sənət müəllimim, aktyorluq və rejissorluq sənətinin sirlərini Azərbaycanda mənə ilk öyrədən Mehdi Məmmədov hər dramaturq haqqında belə maraqlı fikirlər demirdi və yazmırdı.

“Sən həmişə mənimləsən” pyesində Həsənzadə və Nargilə dueti, dramaturq tərəfindən xüsusi orijinallıqla, professionallıqla işlənib. Bu rolları ilk dəfə ifa edən xalq artisti Əli Zeynalov və gənc aktrisa, o vaxtlar 19 yaşı olan Amaliya Pənahova dueti çox maraqla qarşılanırdı. Aktyorlar var qüvvələrini sərf edirdilər ki, müəllifin fikrini və rejissor Tofiq Kazımovun səhnə yozumunu, ali məqsədini, obrazların özəyini tamaşaçıya dəqiq çatdıra bilsinlər. Eləcə də “Mənim günahım” tamaşasında Xansu – Həsənağa Turabov, Nərminə – Səfurə İbrahimova dueti də tamaşaçılar və teatr mütəxəssisləri tərəfindən maraqla qarşılanırdı.

Müəllifin 1968-ji ildə tamaşaya qoyulan “Unuda bilmirəm” pyesi də digərləri kimi böyük bir hadisəyə çevrildi. Düzdür, bundan əvvəl tamaşaya qoyulan “Mənim günahım” teatr mütəxəssislərinin bəziləri tərəfindən birmənalı qarşılanmadı. Bəzi tənqidçilər bu pyesi və onun səhnə həllini tam başa düşmədiklərindən haqsız olaraq, tənqid etmişdilər. Məşhur dramaturqlar, rejissorlar və teatr tənqidçiləri də deyir ki, əgər o tamaşa birmənalı qarşılanmırsa, deməli, maraqlı səhnə əsəridir.

“Unuda bilmirəm” tamaşası teatr mütəxəssisləri, ədəbiyyat tənqidçiləri tərəfindən yaxşı qarşılandı. Əsasən də Nargilə rolunda Amaliya Pənahova və Kamran rolunda Həsənağa Turabov həmin vaxtlar hamının sevimlisi oldular. Çünki o səhnə əsərinin mövzusu da yeni idi. Çox maraqlı haldır ki, bu tamaşa uzun illər də Milli Akademik Dram Teatrının repertuarında qaldı və bu illərdə çoxlu aktyorların, aktrisaların yetişməsinə köməklik etdi.

Müəllifin “Məhv olmuş gündəliklər” pyesi xarakterlər dramıdır, desəm, yanılmaram. Çünki burada olan Fəridə, Ədalət, Ancel, Savalan, Qənimət, Gövnər xanım obrazları, hər biri öz-özlüyündə çox yetkin və biri o birinə oxşamayan, səhnəmizdə həmin vaxtlarda rast gəlmədiyimiz surətlərdir. Elə buna görə də Milli Akademik Dram Teatrında rejissor Tofiq Kazımov tərəfindən qoyulan bu tamaşada aktyorlar Kamal Xudaverdiyev – Ədalət, Səməndər Rzayev – Qənimət, Fuad Poladov- Savalan, Vəfa Fətullayeva – Fəridə, Şəfıqə Məmmədova – Ancel rollarını ustalıqla oynayırdılar.

Yuxarıda yazdığım kimi, mən də “Məhv olmuş gündəliklər” pyesinə 2007-ci ildə Dövlət Gənclər Teatrında quruluş vermişdim. Və bir rejissor kimi, çalışmışdım ki, pyesə yeni açar tapım. Yəni özüm başa düşdüyüm və günün tələblərinə cavab verən formada tamaşa hazırlayım. Rejissor kimi ali məqsədi belə müəyyənləşdirmişdim. Həyata gündəliklərdəki, bədii əsərlərdəki yazılanlar kimi baxan, əvvəlcədən ölçüb-biçməklə, ehtimallarla, mülahizələrlə, varlı adamlara ərə gedən gənc qızların ailə həyatının sonu çox vaxt faciə ilə qurtarır. Ona görə də biz səhnə tərtibatını bütövlükdə gündəliklərdən qurmuş və tamaşada leytimativ kimi, Fəridənin ən çox sevdiyi Jor Bizenin “Karmen” operasının və bəstəkar Radion Şedrinin “Karmen” suitasındakı musiqilərindən istifadə etmişdik. Tamaşadakı mahnılara musiqisini yazan bəstəkar Sərdər Fərəcov və quruluşçu rəssam Əli Vüqar da, öz işləri ilə rejissorun bu ideyasına xidmət edirdilər. Tamaşada çoxlu plastik hərəkətlər və ayrı-ayrı şeirlərə yazılmış mahnılar da, bütövlukdə mizanlar da bu qayənin, rejissor yozumunun açılmasına xidmət edirdi. Biz hətta Gövhər xanım roluna əlavə sözlər yazmaqla, bu rolu da epizodluqdan çıxarıb, əsas rollardan biri etmişdik. Bu tamaşada çıxış edən Gövhər xanım – əməkdar artist Qəmər Məmmədova, Fəridə – Cəmilə Allahverdiyeva, Ancel – Gülbəniz Mustafayeva, Ədalət – Rəşad Səfərov, Qənimət – Elşən Hacıbabayev və Nurlan Rzayev, Savalan – Qədirhüseyin İsmayılov və Vahid Orucoğlu da bu ideyaya xidmət etməklə maraqlı rollar oynayırdılar. Və onların hər bir epizoddakı çıxışları tamaşaçı alqışları ilə sona yetirdi. Bu tamaşa haqqında da dörü mətbuatda biri-birindən maraqlı ressenziyalar çap olundu.

1971-c ildə teatr səhnəsində tamaşaya qoyulan “Mahnı dağlarda qaldı” tamaşası İlyas Əfəndiyevin tarixi canrda yazdığı ilk pyesi olsa da, çox bitkin və dramaturci cəhətdən professionallıqla işlənmişdi. Bu tamaşaya quruluş verən rejissor Əlheydər Ələkbərov, rəssam Nüsrət Fətullayev, bəstəkar Süleyman Ələsgərov, əsas rolların ifaçıları Həsənağa Turabov – Nijat, İsmayıl Dağıstanlı – Böyük bəy, Leyla Bədirbəyli – Fəxrəndə xanım, Amaliya Pənahova – Şahnaz, Vəfa Fətullayeva – Gülgəz, Fuad Poladov – Rəhman, Məmmədrza Şexzamanov – Həsənəli və başqa aktyorlar öz rollarını böyük həvəslə, yüksək profesionallıqla ifa edirdilər. Ona görə də bu tamaşa elə ilk premyerasından uğurla qarşılandı və sonra dövlət mükafatına layiq görüldü.

Dramaturq İlyas Əfəndiyev komediya canrında da öz qələmini sınadı və bunun nəticəsində “Qəribə oğlan” kimi maraqlı bir komediya yazdı. Bu tamaşaya quruluş verən xalq artisti, rejissor Ağakişi Kazımov, hətta bu komediyanı müzikl janrına qədər yüksəltdi və bu tamaşa Azərbaycan teatr sənətində ilk müzikl oldu. Dramaturq İlyas Əfəndiyevin, rejissor Ağakişi Kazımovun, bəstəkar Emin Sabitoğlunun böyük profesionallıqla qurduqları tamaşada, əsas rolda çıxış edən Fuad Poladov, özünün rəngarəng oyun üslubu ilə Azərbayan səhnəsi üçün çox böyük bir tapıntı oldu. Bu tamaşada baş rollarda çıxış edənlər – Əliağa Ağayev, Nəcibə Məlikova, Mirvari Novruzova və teatrın o vaxtlar cavan aktyor heyyəti sayılan, sonralar tanınmış sənətkarlar olan Amaliya Pənahova, Rafiq Əzimov, Kamal Xudaverdiyev, Səməndər Rzayev, Ramiz Məlikov və başqları da maraqlı rollar oynayırdılar. Bundan sonra rejissor Ağakişi Kazımovla İlyas Əfəndiyevin birgə işi olan “Büllur sarayda” tamaşası da maraqlı səhnə əsəri kimi qarşılandı. Bu tamaşada oynayan aktyorlar – Amaliya Pənahova, Yaşar Nuriyev, Fuad Poldov, Rəfael Dadaşov, Sevil Xəlilova, Əliabbas Qədirov, Hacı İsmayılov, Hamlet Qurbanov və başqa aktyorların oyunu, səhnə tərtibatı da yaxşı işlənmişdi. Həmin vaxtlar “Büllur sarayda” tamaşası xalq artisti, rejissor Cənnət Səlimova tərəfindən Səməd Vurğun adına Rus Dram Teatrında da tamaşaya qoyuldu. Bu tamaşa da özünün orijinal səhnə həllinə, rejissor yozumuna görə də maraqlı idi. Tamaşada aktyor ansambılı, rejissor Cənnət xanımın yüksək professionallığı və hər akytorla obrazları dəqiq işləməsi sayəsində maraqlı alınmışdı. “Büllur sarayda” tamaşası rusdilli tamaşaçılar tərəfindən də yaxşı qarşılanırdı.

Xalq artisti, professor Ağakişi Kazımov, rejissorun dramaturqla birgə iş üslubu haqqında danışanda, müsahibələrimizdən birində maraqlı olan belə bir fikir işlədib: “Mənim canlı dramaturqla ilk rejissor işim İlyas Əfəndiyevlə olub. Səhnəni, dramaturgiyanın bütün qanunlarını yaxşı bilməsi, az sözlə çox geniş fikirlər ifadə etməsi, yazdığı rolların heç birinin, bir-birinə oxşamaması, obraz səviyyəsinə qalxması, sözaltı mənaları dəqiq yerində işlətməsi, gözlənilməz hadisələr qurması, maraqlı konfliktlər yaratması və hətta hansı aktyorun hansı rolu daha uğurlu oynaya bilməsi ilə İlyas Əfəndiyev mənə çox köməklik edib. Bütün bunlarla yanaşı o, həm də sözübütöv, rejissoru lazım olan yerdə müdafiə edən, onu pis niyyətlərdən, lazımsız hücumlardan qoruyan insan idi. Məhz buna görə də onun hər iki pyesinə verdiyimiz quruluş maraqlı alınmışdı və teatr sənətimizin tarixinə layiqincə yazıldı”.

1980-ci ildə İlyas Əfəndiyev ikinci dəfə tarixi mövzuya müraciət edərək “Natəvan” pyesini yazıb, teatra təqdim etdi. Bu tamaşaya həmin vaxtlar Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının (indiki Musiqili-Dram Teatrı) baş recissoru olan xalq artisti Mərahim Fərzəlibəyov, Milli Akademik Dram Teatrında quruluş vermək üçün dəvət olundu. Tamaşada baş rolda, xalq artisti Amaliya Pənahova çıxış etdi. Tamaşa rejissor yozumuna və aktyor oyununa görə də maraqla qarşılandı və bu tamaşadan sonra Mərahim Fərzəlibəyovun da rejissor həyatı Milli Akademik Dram Teatrı ilə bağlandı. “Natəvan” tamaşasının uğurla qarşılanmasından sonra dramaturq İlyas Əfəndiyev və rejissor Mərahim Fərzəlibəyovun birlikdə müştərək işləri başlandı. Belə ki, bu tamaşadan sonra İlyas Əfəndiyevin yenə də tarixi mövzuda yazdığı “Şeyx Xiyabani” tamaşasına Mərahim Fərzəlibəyov quruluş verdi. Bu tamaşada baş rolda Həsənağa Turabov orijinal bir obraz yaratdı. Və onun bu rolu Azərbaycan teatr tarixində bir hadisə oldu. Tamaşanın uğurundan sonra Mərahim Fərzəlibəyov, dramaturqun “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Dəlilər və ağıllılar” və son əsəri olan “Hökmdar və qızı” əsərlərinə quruluş verdi. Bütün bu tamaşalar da orijinal mövzularına, aktuallığına, yüksək dramaturci tapıntılarına, obrazlarının dramaturq tərəfindən professional səviyyədə işlənməsinə, dialoqların yığcamlığına və rejissor yozumu ilə birlikdə, maraqlı aktyor oyun üslubuna görə, tamaşaçılarda böyük maraq yaratdı. Və ən əsası isə bu pyeslərin sayəsində çoxlu gənc aktyorlar, aktrisalar Azərbaycan səhnəsi üçün yetişdi. Onlar da bu gün Milli Akademik Dram Teatrının aparıcı sənətkarlarıdır.

Dramaturqun Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanan “Büllur sarayda”, quruluşçu rejissor Ağakişi Kazımov, “Məhv olmuş gündəliklər” quruluşçu recissor, xalq artisi Vaqif Əsədov və “Sarıköynəklə Valehin nağılı” əsərini səhnə üçün işləyən və quruluşçu recissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov tamaşalara maraqlı quruluşlar veriblər. Bu tamaşalarda da teatrın bir qrup aktyorları biri-birindən maraqlı rollar oynayıblar. Xalq yazıçısının 100 illik yubileyinə bir töhfə olan “Sarıköynək və Valehin nağılı” tamaşasında aktyorlardan, xalq artistləri Tariel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Lətifə Əliyeva, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Ədalət Əbdülsəməd, Sabir Məlikov, Vüsal Mehrəliyev, İlham Əsədov, Mehriban Hüseynova, Hüseyn Nağıyev və başqaları maraqlı rollar oynadılar. Tamaşa öz aktuallığı və bu günlə səsləndiyinə görə, tamaşaçıların da marağına səbəb oldu.

Beləliklə, Milli Akademik Dram Teatrında və respublikanın başqa teatrlarında 20 pyesi səhnə həyatı görən İlyas Əfəndiyevin bu pyeslərinə təkcə Azərbaycanın ayrı-ayrı dövlət teatrlarında yox, həm də keçmiş Sovetlər Birliyində maraqlı quruluşlar verildi. Bununla da o, özünün dramaturq kimi məktəbini yaratdı. Bu məktəbdən bu gün də Azərbaycan teatrları bəhrələnir. Azərbaycanın teatrlarında çoxlu aktyorlar, aktrisalar və maraqlı rejissorlar yetişir. Əminəm ki, zaman-zaman Azərbaycan teatrı və eləcə də dünya teatrları İlyas Əfəndiyev dramaturgiyasına müraciət edəcək. Bu pyeslərin əsasında maraqlı tamaşalar hazırlanacaq və orijinal kinofilmlər çəkiləcək. Tamaşaçılar bundan sonra da professional aktyorların maraqlı oyun ifasında, dərin, orijinal rejissor yozumlarında bu əsərlərin yeni səhnə variantlarlarını görəcəklər. Böyük dramaturqun əsərlərinin yeni-yeni qatları açılacaq. Çünki İlyas Əfəndiyev dramaturgiyası özündə milliliyimizi qoruyub saxlamaqla, yüksək tərbiyəvi əhəmiyyətə malik olması ilə, dərin fəlsəfi fikirləri özündə əks etdirməklə yanaşı, həm də dünyəvi məsələlərlə, hadisələrlə, fikirlərlə, zamanın tələbləri ilə çox zəngindir. Dünya teatrları da onun yaradıcılığına müraciət etməklə, Azərbaycan həqiqətlərini, tariximizi bu əsərlər vasitəsilə öyrənəcəklər. Və İlyas Əfəndiyev təkcə klassik nasir kimi yox, həm də klassik dramaturq kimi ədəbiyyatımızda daim yaşayacaq. Zaman-zaman müstəqil respublikamızda gələcək nəsillərimiz üçün ədəbiyyat, teatr sahəsində, yeni insan tərbiyəsində İlyas Əfəndiyev yaradıcılığı məktəb olacaq. Və Jəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı məktəbləri ilə birlikdə teatr tariximizdə uğurla addımlayacaq. Mən buna əminəm.

Ilyas fndiyevin avtobipqrafi sri hansıdır.

Həyatı və fəaliyyəti. İlyas Əfəndiyev XX əsrin 50-60-cı illərində Azərbaycan dramaturgiya və nəsrinin ən istedadlı yaradıcılarından biri olmuşdur. Onun lirik-psixoloji üslublu dramaturgiyası teatrımızın tarixində yeni mərhələ açmışdır. Həyatdakı dəyişiklikləri həssaslıqla duymaq, ən yeni insan tiplərini müşahidə edib ədəbiyyata gətirmək onun istedadının ən qiymətli keyfiyyətləri idi.

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü ilin 28 mayında Füzuli rayonunda dünyaya gəlmişdir. On altı yaşında orta məktəbi başa vuraraq ana dili müəllimi kimi çalışmağa başlamış, üç illik fəaliyyətdən sonra Bakıya gələrək Ali Pedaqoji İnstitutun Coğrafiya fakültəsinə daxil olmuşdur. Lakin atasının vəfatı və eyni zamanda, «kulak oğlu» olması səbəbindən ona qarşı başlayan təzyiqlər gənc İlyasa burada əyani təhsilini bir ildən artıq davam etdirməyə imkan verməmişdir. O, doğma yurduna qayıdaraq məktəbdə coğrafiya müəllimi kimi çalışmağa başlamış və Ali Pedaqoji İnstitutun qiyabi şöbəsini 1938-ci ildə bitirmişdir.

1940-cı ildən başlayaraq o, «Ədəbiyyat qəzeti» redak­siyasında ədəbi tənqid şöbəsinin müdiri, Azərbaycan Radio Komitəsində ədəbiyyat şöbəsinin müdiri, Bakı kinostudiyasında ssenari şöbəsinin müdiri, «İnqilab və mədəniyyət» jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri, habelə Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmaqla bərabər, bir-birindən maraqlı hekayə, povest və romanlar qələmə almışdır. İstedadlı yazıçı öz yaradıcılıq gücünə inanan bir sənətkar idi. O, 1962-ci ildə Yazıçılar İttifaqının katibi vəzifəsindən könüllü getmiş və qalan ömrünü peşəkar yazıçı əməyinə həsr etmişdir.

Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərinə görə İlyas Əfəndiyev bir sıra mükafatlarla təltif edilmiş, Azərbaycanın Dövlət Mükafatına, Respublikanın Əməkdar İncə­sənət xadimi və Xalq yazıçısı fəxri adlarına layiq görülmüşdür. İlyas Əfəndiyev 1996-cı ildə Bakıda vəfat etmiş və Fəxri xiya­banda dəfn olunmuşdur.

Yaradıcılığı. İlyas Əfəndiyev yaradıcılığa lirik ruhlu heka­yələrlə başlamışdır. 1939-cu ildə onun “Kənddən məktublar” adlı beş hekayədən ibarət ilk kitabı çıxmışdır. Bu kiçik kitab ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş və İlyas Əfəndiyevin ya­zıçılıq istedadı barədə yüksək rəylər söylənmişdir. Gənc yazıçının şirin, lirik, dəqiq və ifadəli nəsr dili, cazibədar təhkiyə tərzi ilk yazılarından diqqəti çəkirdi. Onun hekayələrinin süjetləri, bir qayda olaraq sadə, həyati və konkretdir, uydurmaçılıqdan uzaqdır.

İlk kitabının çap olunduğu 1939-cu ildə gənc yazıçının cə­mi 25 yaşı vardı və Azərbaycan nəsrinin tarixi üçün bu çox ca­van yaş idi: ədəbiyyatımızda nasirlər nisbətən gec ərsəyə gəlirlər. İ.Əfəndiyev isə ilk addımlarından yazıçılıq istedadını büruzə vermiş və yaşlı yazıçıların xeyirxah münasibəti ilə qarşılaşmışdır. O vaxtdan etibarən ədibin həyatında yeni bir mərhələ başlamışdır.

İlyas Əfəndiyevin qələmə aldığı «Söyüdlü arx», «Körpüsalanlar», «Sarıköynəklə Valehin nağılı», «Geriyə baxma, qoca», «Üçatılan» və digər bu kimi roman və povestləri müasir Azərbaycan nəsrinin maraqlı nümunələri kimi oxucular tərəfindən öz yüksək qiymətini almışdır. Yazıçı heç kəsə bənzəməyən cazibədar və oxunaqlı bir üsluba malik idi və bu səbəbdən oxucular tərəfindən çox sevilirdi.

Ədibin dramaturgiya sahəsində ərsəyə gətirdiyi ilk əsər isə XX əsrin 40-cı illərinə aiddir. Böyük Vətən Müharibəsi başladıqdan bir qədər sonra İlyas Əfəndiyev yazıçı Mehdi Hüseynlə birgə «İntizar» pyesini yazmış, bu əsər Azərbaycan Dövlət Dram Teatrının səhnəsində böyük uğur qazanmışdır. Arxa cəbhədə çalışan insanların fədakar əməyini, sarsılmaz əhval-ruhiyyəsini əks etdirən bu pyeslə ədib bədii yaradıcılığın yeni bir sahəsində tükənməz enerji ilə fəaliyyətə başlayaraq, bir-birinin ardınca dəyərli səhnə əsərləri yaratmışdır.

Bu sırada İlyas Əfəndiyev qələmindən çıxan «Bahar suları», «Atayevlər ailəsi», «Unuda bilmirəm», «Sən həmişə mənimləsən», «Məhv olmuş gündəliklər», «Mənim günahım», «Mahnı dağlarda qaldı», «Qəribə oğlan», «Xurşidbanu Natəvan», «Büllur sarayda», «Tənha iydə ağacı» və s. pyeslər xüsusi uğurla səhnəyə qoyulmuş və rəğbətlə qarşılanmışdır. Bu əsərlər Azərbaycan teatrı tarixində əsl hadisəyə çevrilmiş, əsl sənət nümunələri kimi oxucu və tamaşaçı yaddaşında həmişəyaşarlıq qazanmışdır.

İlyas Əfəndiyevin yazdığı pyeslər arasında xarici ölkələrin teatrında səhnələşdirilən dramaturgiya nümunələri də az deyildir. Ədibin ayrı-ayrı əsərləri türk, fars, rus, alman, ingilis, fransız, bolqar, çex və digər dillərə çevrilmişdir. Onun yaradıcılığı təkcə nəsr və dramaturgiya nümunələri ilə məhdudlaşmır. O, bədii yaradıcılığın mühüm sənətkarlıq məsələlərinə, yazıçı fərdiyyətinə, dil, üslub problemlərinə, dram əsərlərinin səhnə təcəssümünə dair qiymətli məqalələrin, onlarla publisistik yazının müəllifidir.

Hekayələri. Onun ilk kitabındakı hekayələrin çoxu məişət və mənəviyyat mövzusundadır: həyatdan geri qalan, ətalət basmış əyalət adamları əsas tənqid hədəfidir. Bu hekayələrin əksəriyyəti bədii tiplərə – yazıçının həyatda müşahidə etdiyi səciyyəvi eybəcərlikləri təmsil edən insanlara həsr edilmişdir.

Hekayələr içərisində ən irisi və maraqlısı «Kənddən məktublar»dır. Bu məktubları yazan Qambay on dörd il ayrılıqdan sonra öz kəndinə qayıtmışdır və burada gördüklərini öz dostuna yazır. Məktub formasının seçilməsi yazıçıya kənd haqqında yazmaqda müəyyən sərbəstlik verir və onu süjet uydurmaqdan azad edir. Hekayənin formasında belə orijinallıq olsa da, onun mövzusu 30-cu illər sovet nəsri üçün səciyyəvi idi. Yazıçı kənddə gedən dəyişiklikləri qələmə almaq istəmişdir. Bu yeniliklərin mərkəzində isə şəhərdən kəndə gəlib özü ilə yeni quruluşa xas təzəliklər gətirən obrazdır. Hekayədə bu surət aqronom kimi kəndə gələn Zərifədir. O bir tərəfdən qadın azadlığı problemi baxımından müsbət qəhrəmandır. O biri tərəfdən isə rəsmi ideologiyada kəndin sosialistcəsinə yenidən qurucusu adlandırılan qəhrəman tipidir. Zərifə həm də keçmiş bəy qızıdır. Cavan yazıçının orijinallığı bir də bundadır, çünki o zaman müsbət qəhrəmanların hamısı «işçi» sinfindən olmalı idi.

Cavan yazıçı isə öz sinfindən üz döndərmiş bir bəy qızını yeni həyat qurucusu timsalı kimi təqdim edir. Lakin hekayəni maraqlı edən Zərifənin aqronomluğu ilə, kənddə gördüyü işlərlə bağlı faktlar yox, onun kasıb kəndli oğlu olan Qambayla məhəbbət macərasıdır. Məhz bu xətti qələmə almaqla İ.Əfəndiyev öz yaradıcılıq fərdiyyətinin qüvvətli xüsusiyyətlərini büruzə vermiş olur. Bu xüsusiyyət isə qəhrəmanların şəxsi həyatına, hisslərinə və mənəvi aləminə işıq salmaq istəyidir. Burada müəllif hələ bu məhəbbətin özünə yox, bu barədə Zərifənin bəzi etiraflarına və ətrafdakı adamların bu barədə məlumatlarına daha çox əsaslanır.

Yazıçının «Aydınlıq gecələr» adlı ikinci kitabı 1945-ci ildə çapdan çıxmış və onun yazıçı qələminin püxtələşdiyini nümayiş etdirmişdir. Kitaba 1941-1944-cü illərdə yazılan «Durnanın günahı», «Kiçik bir poema», «Qəhrəman ilə bülbülün nağılı», «Sən, ey qadir məhəbbət», «Qoca tarını çaldı», «Qarı dağı» kimi hekayələr daxil edilmişdir. Adlarından da göründüyü kimi, yazıçı nağıl və dastan poetikasından istifadə edir: qəhrəmanların yuxuları, toy mərasimi, məhəbbət macəraları nağıllarımızda olduğu kimi verilir. Xalq yaradıcılığındakı romantika, yüksək və təmiz insan duyğuları yazıçının yaradıcılıq ruhuna yaxın idi. Elə buna görə də, bu xüsusiyyət ədibin bütün yaradıcılığı boyu davam etmişdir.

«Aydınlıq gecələr»də müharibə mövzusuna toxunan bir neçə hekayə olsa da, döyüşçü obrazı, hərbi əməliyyatların təsviri yoxdur. Yazıçı bunları görmədiyi üçün qələmə ala bilməzdi. Amma döyüşən ordu ilə arxa cəbhənin birliyi mövzusunu, xüsusən azərbaycan qadınlarının müharibə illərində özünü büruzə verən yüksək mənəvi keyfiyyətlərini, çox zaman kişi əziyyətinə qatlaşmalarını, müharibənin aclıq, qıtlıq, ailə başçılarını itirmə kimi nəticələrini mətanətlə qarşılamalarını yazıçı isti və çox zaman poetik bir nəsr dili ilə qələmə almışdır.

İ.Əfəndiyevin müharibə ilə bağlı hekayələrinin mərkəzində arxa cəbhənin əsas qəhrəmanları sayılan qadınlar durur. Onların əksəriyyəti müharibəyə getmiş ərlərini saf və poetik məhəbbətlə sevən, həssas qəlbli, xəyalpərvər qadınlardır. İradəcə zəif və zərifdirlər, ayrılıq və sevgi iztirabları onların varlığına hakim kəsilir. Məsələn, «Durnanın günahı» (1941) hekayəsinin qəhrəmanı belədir. Durnanın cəmi iyirmi yaşı vardır, əri Eldarı ürəkdən sevir. Dava başlanan kimi müharibəyə gedən ərindən Durna bir neçə ay məktub almır. Peşəcə kinoaktrisa olan Durna ərini gözləyə-gözləyə iztirab çəkir, nigaranlıq onun qəlbini üzür. Yazıçı obrazın mənəvi iztirablarını lirik və şairanə bir dillə qələmə alır.

Durna ərini sevsə də, zəif iradəlidir: şux, özünə inamlı və iradəli bir gənc olan Soltanın ona bir qadın kimi yanaşması qızın mənəvi aləmini sarsıdır, bütün xəyalını və fantaziyasını özünə cəlb edir. Durna təcrübəsiz bir qadın kimi rahatlığını, mənəvi müvazinətini itirir, Soltana uyaraq daxili iztirab və şübhələrindən qaçmağa çalışır. Durna Soltanla sevişir. Lakin onun daxili aləmindəki şübhə və tərəddüdlər yox olmur: onun varlığını günahına görə qorxu və iztirablar bürüyür. Əri Eldar cəbhədən sağ salamat qayıdarsa, Durna nə edəcəkdir, onun üzünə necə baxacaqdır?

Durna zəif təbiətli olsa da, daxilən təmiz və səmimidir və belə qalmaq istəyir. Ona görə öz aləmində qərara gəlir ki, Eldar qayıtsa, onun qarşısında etiraf edəcək, onun ayaq izlərini öpəcək və bağışlanmasını istəyəcəkdir. Yazıçı üçün Durnanın bağışlanıb-bağışlanmayacağı vacib deyildir. Onun səmimiyyəti, etiraf etmək, lakin riyakarlıq etməmək qətiyyəti nə qədər faciəvi olsa da, humanist yazıçı üçün daha qiymətlidir.

Ədib müharibədən sonra iri nəsr formalarına və dramaturgiyaya əsas diqqət yetirsə də, «Gülaçar», «Su dəyirmanı», «Yaylaq qonşumuz», «Yun şal», «Qırçı və qızıl çiçək» kimi maraqlı və qiymətli hekayələr çap etdirmişdir.

«Söyüdlü arx» adlı ilk romanı İlyas Əfəndiyev yaradıcılığa başladıqdan iyirmi il sonra, 1958-ci ildə ədəbi ictimaiyyətə təqdim etdi. Bu romanın da əsas qəhrəmanı şəhərdən kəndə işləməyə gəlmiş Nuriyyə – gənc aktrisadır. Lakin romanın süjetində yenilik ondadır ki, Nuriyyə ancaq kənddə mədəni quruculuqla məşğuldur, kitabxana müdiridir. O, mədəni quruculuq fədaisidir, kənddə dram və musiqi dərnəyi təşkil edir, cavanları kitabxanaya cəlb edir. Təsərrüfat məsələlərində yenilikçilərlə mühafizəkarlar arasında konflikt Söyüdlü arxın uzadılması məsələsi ilə bağlıdır və kəndin rəhbər işçiləri arasında gedir.

Romanın uğur qazanmasında əsas rolu Nuriyyənin mədəniyyət sahəsində fəaliyyəti yox, onun mənəvi aləmi, şəxsi həyatı oynayır. Yazıçı qəhrəmanın həyatının bu tərəflərinə xüsusi diqqət yetirir. Roman birinci şəxsin – Nuriyyənin dilindən, onun xatirələri kimi verilir. Yazıçının digər qadın qəhrəmanları kimi Nuriyyə də emosional xarakterli, sentimental, daxilən həssas, böyük sevgisini axtaran qadındır. Romanın oxunaqlı çıxmasını və uğurunu da ən çox bu cəhət təmin edir, əsər oxucu tərəfindən maraqla izlənir və sevilir.

30-cu illərdə ədəbiyyatda kəndə gedən qadın obrazları mübarizliyi və qətiyyəti ilə seçilirdisə, İ.Əfəndiyevin Nuriyyəsi həssaslığı və həqiqi qadın zərifliyi ilə fərqlənirdi. Bununla yazıçı dövrün şablonlarından qaçmağa, həyata münasibətdə öz orijinal yolunu formalaşdırmağa çalışırdı. Romanda Nuriyyənin məhəbbət macərasına böyük yer ayrılır. Məhz məhəbbət xətti romanın təhkiyəsini lirik və istiqanlı edir, oxucunu asanlıqla ələ alır. Nuriyyə altı il ərzində sevib ürəyində gəzdirdiyi Murada təsadüfən rast gəlir, lakin onun ailəsi olduğunu bildikdə, nəcib qız sevgisini qəlbinin dərinliyində basdırmağa qərar verir.

Romanın sonunda bu gözəl təbiətli qadın, nəhayət ki, öz taleyini tapır və əsər nikbin sonluqla bitir. Təsadüfi də olsa, onun aktrisalıq istedadı tanınır və Bakıya gəlib böyük sənət aləmində addımlamaq üçün imkanlar tapır.

«Körpüsalanlar» (1960) romanının qəhrəmanları da sovet vaxtı vacib sayılan ictimai əməklə məşğuldurlar. Onlar dörd nəfərlik körpüsalanlar briqadasıdır. Romanın qəhrəmanı Səriyyə ali təhsilli mühəndisdir, ailəlidir, bu briqadada buldozerçi işləyən Qəribə xüsusi münasibət bəsləyir, əslində onu sevir. Lakin Səriyyənin o zaman üçün yüksək vəzifə sayılan trest müdiri işləyən əri vardır. Adil öz arvadını sevir və onun sərbəstliyinə də dözür. Lakin Səriyyə üçün bu azdır: onun Qəriblə münasibətləri inkişaf edir, dedi-qodulara səbəb olur. Nəhayət o, qətiyyətlə ərindən ayrılır və buldozerçi ilə həyat qurur. Bu sadə süjetdə yazıçı sovet ədəbiyyat terminologiyasında az işlənən şəxsiyyət azadlığı, hər kəsin seçim hüququ kimi məsələyə toxunmuşdu və bunlar müsbət-mənfi qəhrəman sxeminə sığmasa da, ədəbiyyatımız üçün bir yenilik idi.

Səriyyə yazıçının bütün əvvəlki qadın qəhrəmanlarından fərqlənirdi və elə buna görə böyük mübahisələrə səbəb oldu. Xoşbəxtlikdən bu mübahisələr ancaq yazıçının xeyrinə oldu, onun şöhrətini, populyarlığını artırdı, pərəstişkarlarının sayını çoxaltdı. «Körpüsalanlar» İlyas Əfəndiyevin həcmcə ən kiçik romanı olsa da, həm yazıçının yaradıcılığında, həm də 60-cı illər ədəbiyyatında yüksək bir yer tutur. Bu əsər yazıçının və nəsrimizin müasirlik gücünü saxlayan ən qiymətli və geniş oxunan romanlarından biridir.

Səriyyənin bir şəxsiyyət kimi ədəbiyyatımızda yeniliyi onda idi ki, o milli qadın idealına bənzəmək istəmirdi, bunun əksinə olaraq, ancaq öz qəlbinin azad səsinə qulaq asıb yaşamağa meylli idi. Şübhəsiz ki, romanın yazıldığı dövrdə belə qadınlar çox deyildi. Lakin onlar var idi və onların sayı da artırdı. Yazıçının müdrikliyi onda özünü göstərdi ki, o, həyatdakı bu meyli görüb ədəbiyyata gətirdi. O zamanın ədəbi qəhrəmanları mütləq iki qütbdən birinə – ya müsbət, ya da mənfiyə aid edilməli idilər. Lakin Səriyyə bu bölgünün heç birinə uyğun gəlmirdi. Bu, yazıçının və romanın qüsuru yox, aşkar məziyyəti idi. Əslində, ədib adi bir qadın obrazı yaratmaq istəmişdi: bu qadın öz qəlbinin daxili səsini boğa bilmir və bunu istəmirdi. Hətta bu qadında yazıçının əvvəlki qadın qəhrəmanlarındakı emosionallıq, sentimentallıq kimi xüsusiyyətləri də vardı. Həm də bunlardan əlavə, onda daxili bir sərbəstlik də vardı və bu sərbəstliyin köməyi ilə Səriyyə əxlaqi və dədə-baba şərtiliklərinə, normalarına baxmadan sərbəst hərəkətlərə yol verirdi. O, Azərbaycan cəmiyyətində şəxsiyyətin azad inkişafının irəliyə doğru bir addımını təmsil edirdi.

Bu, yazıçının yaradıcılığı və bizim ədəbiyyatımız üçün yeni qadın tipi idi. Səriyyə ətrafdakıların onun barəsində nə düşünməsindən asılı olmayaraq, daxilən azaddır, sərbəst addımlar atıb qərarlar qəbul edir, istədiyi kimi yaşayır. Məhz buna görə, o illərdə yazıçının bu qəhrəmanına müsbət qadın kimi baxmaq istəmirdilər. Lakin əslində, buna ehtiyac da yox idi. Səriyyənin – birinci şəxsin dilindən yazılmış bu roman şirin təhkiyəsi, maraqlı məhəbbət süjeti ilə görünməmiş bir uğur qazandı.

Bu uğurdan ruhlanan yazıçı 1963-cü ildə yeni roman – «Dağlar arxasında üç dost» əsərini çap etdirdi. Bu əsər kənd həyatına həsr olunmuşdu və yazıçının nəsr dilinin və üslubunun bütün yaxşı xüsusiyyətlərini özündə əks etdirirdi. Ailə, məhəbbət problemləri ilə yanaşı, müsbət qəhrəman yaratmaq istəyi də bu romanın əsasında dururdu. Görünür, Səriyyə barədə tənqidlər yazıçıya təsir etmişdi.

«Valehlə Sarıköynəyin nağılı» (1976-1978) müəllifin üslub və forma axtarışları ilə də diqqəti cəlb etmişdi. Adından bəlli olduğu kimi, yazıçı burada yenidən folklor poetikasına və ifadə vasitələrinə müraciət edir: əsərin fəsilləri nağıl adlanır, təhkiyədə nağıl üslubundan və ifadələrindən istifadə edilir, müsbət və mənfi qəhrəmanlar nağıllarda olduğu kimi ağ-qara və birmənalı verilir. Romanda yazıçını narahat edən əsas məsələ sovet cəmiyyətində 70-80-ci illərdə gedən aşkar bir təbəqələşmə idi. Bu illərdə partiya və dövlət məmurlarının yuxarı hissəsi, böyük dövlət təsərrüfatlarının rəhbərləri korrupsiyaya uğramışdı və ziyankar bir sinfə çevrilmişdi. Onlar sözdə sinifsiz adlandırılan cəmiyyətdə ayrıca sinif olmuşdular, öz vəzifələrinə xüsusi mülkiyyət kimi baxır, bu vəzifələri alıb-satırdılar. Valeh və Sarıköynək bu hallara qarşı əsil nağıl romantikası ilə mübarizə etmək istəyirlər. Lakin yazıçı görürdü ki, sovetlər cəmiyyəti içində formalaşan hakim sinfə qarşı həyatda uğurlu və nəticəli mübarizə mümkün deyildir və əsərin adındakı nağıl sözü həm də buradan irəli gəlirdi. Əsərin əhəmiyyəti onda idi ki, müəllif sovet cəmiyyəti daxilində yetişmiş ağır sosial böhranı ürək ağrısı ilə, nağılvari şəkildə ortaya qoyurdu. Harınlamış, özünü cəmiyyətin ağası kimi hiss edən hakim sinif öz maddi maraqlarından başqa heç nə ilə hesablaşmaq istəmirdi və sovet dövlətini dağılmağa doğru aparırdı.

İlyas Əfəndiyev kənddən çıxmış bir yazıçı olsa da, ədəbiyyatda ilk addımlarından ziyalı mühitinə və psixologiyasına, ən yeni və müasir insan tiplərinə daha artıq maraq göstərirdi. O, kənddən yazdığı əsərlərdə belə, bir növ şəhər yazıçısı idi. Ədib əsil kənd mövzusuna yaradıcılığının ən yetkin çağlarında müraciət etdi və «Geriyə baxma, qoca» (1980) romanını və «Üçatılan» (1981) povestini yazdı.

Hər iki əsər avtobioqrafik xarakter daşıyır, bir sıra qəhrəmanlar hər iki əsərdə iştirak edir və yazıçının indiyə qədər qələmə almadığı uşaqlıq xatirələrinə əsaslanırdı. Bu nümunələr təcrübəli ədibin nasir qələminin uğurlu bəhrələri idi. İ.Əfəndiyev ilk dəfə olaraq içindən çıxdığı kənd mühitini və adamlarını, yaxından tanıdığı və sevdiyi ən yaxın qohumlarını, nəsil şəcərəsini ədəbiyyata gətirirdi.

«Geriyə baxma, qoca»nın mərkəzində duran balaca Murad yazıçının özüdür. Həssas qəlbli, hər şeydən təsirlənən, fitrətən mənəvi işığa və insan xoşbəxtliyinə pərəstiş edən bu uşağın ətrafdakı adamlara, hadisələrə, tərəkəmələrin ağır həyatına münasibəti gələcək yazıçının ilkin dərin humanizmini və mənəvi keyfiyyətlərini əks etdirirdi. Yazıçının bütün yaradıcılığından qır­mızı xətt kimi keçən xeyirxah bir nağıl romantikası, lirizm, gözəl­liyə məhəbbət, eybəcərliyə, qəddarlığa nifrət hissləri Muradın simasında öz əksini tapır. Bunlar yazıçının yaradıcılığının mənəvi bünövrəsi idi.

Yazıçı təhkiyəni qəhrəmanların dilindən aparmaq tərzini bu əsərlərdə də qoruyub saxlayır, son nəsr əsərlərində yaradı­cı­lığının ilk illərində istifadə etdiyi bir sıra süjetləri də yenidən işləyirdi.

Dramaturgiyası. İlyas Əfəndiyev ədəbiyyata gəldiyi ilk illərdən dramaturgiyaya meyl etmişdir. O teatr mühitinə 1943-cü ildə Mehdi Hüseynlə birgə yazdığı «İntizar» pyesinin tamaşası zamanı daxil olmuş və ömrünün sonuna qədər teatr və səhnədən ayrıla bilməmişdir. Onun nəsr əsərlərinin bir sıra qəhrəmanları aktrisalardır və bu baxımdan İ.Əfəndiyev böyük C.Cabbarlı ənənələrinin parlaq davamçısı idi. İlyas Əfəndiyev öz məqalələrində də dramaturgiya və teatr məsələlərindən geniş bəhs etmiş, Azərbaycan səhnəsini böyük məhəbbətlə sevmiş və onun inkişafının müxtəlif problemlərini öz məqalələrində qaldırmışdır.

Müasir və mədəni bir Azərbaycan yazıçısı kimi İ.Əfən­diyev xalqımızın müasir dünya mədəniyyəti yolu ilə sürətli tərəqqisini arzulayırdı və bu tərəqqinin əsas göstəricilərindən bir­ini – C.Cabbarlı kimi Azərbaycan teatr səhnəsinin vəziyyətində və səviyyəsində görürdü. Azərbaycanda qadın azadlığı və müstə­qilliyi, onun tərəqqisi və özünütəsdiqi məsələsi yazıçının dramaturgiyasının əsas leytmotivlərindən biridir.

Nəcib təbiətli, kövrək, sevmək və xoşbəxt olmaq ehtirası ilə yaşayan qadın obrazları yazıçının dramaturgiyasında bir silsilə təşkil edir və onun pyeslərinə xüsusi cazibədarlıq və maraq bəxş edirdi. Belə qadın surətləri dramaturqun müharibədən sonra yazdığı «İşıqlı yollar» (1947) və «Bahar suları» (1948) pyeslərində də diqqəti cəlb edir və cavan dramaturqa nüfuz qazandırırdı. Hər iki əsərdə konfliktsizlik nəzəriyyəsinin prinsipləri özünü göstərirdi. Lakin yazıçının istedadı insan xarakterləri yaratmaq, insan münasibətlərini qısa dramatik replikalarda ifadə etmək baxımından özünü qabarıq büruzə verirdi.

«Atayevlər ailəsi» (1954) pyesində artıq konflikt vardır, lakin hələ sosial xarakter daşımır, orta bir ailənin üzvləri arasında özünü göstərir. Pyesin konfliktinin tərəfləri – ər Xosrov Atayev və onun arvadı Dilşad Atayevadır. Sonuncu obraz meşşan qadın obrazı kimi yaradılmışdır. 1950-ci illərdə sovet əxlaqına görə meşşan ictimai həyatla maraqlanmayan, öz şəxsi problemləri çərçivəsində yaşayan insan tiplərinə deyirdilər. Dilşad hər şeydən maddi fayda götürməyə çalışır, mənəvi dəyərləri mənasız sayır. Öz tamahkar məqsədlərinə nail olmaq üçün o, asanlıqla yalan danışır, adamların arasını vurur, hətta onları asanlıqla şərləyə də bilir. O, dövlətin və xalqın malını talayanların himayədarı və şərikidir.

Əri Xosrov arvadının tam əksidir və onun əməllərindən bixəbərdir. O, balaca əyalətdə şəhər sovetinin sədridir. Dilşad ərinin vəzifəsindən, adından daim sui-istifadə edir, adamların pulunu alıb onlar üçün müxtəlif işlər düzəldir. Əri bunlardan ancaq əsərin finalında xəbər tutur və dərin mənəvi sarsıntı keçirir.

Pyesin mənfi tərəfində Dilşad xanımdan başqa milis rəisi olan Ziyad Şahsuvarov kimi mənfi insanlar da vardır. Özü milis işçisi olsa da, o, rüşvət müqabilində qanunları pozur, cinayət­kar­ları məsuliyyətdən azad edir. Amma rəsmi məqamlarda öz həqiqi sifətini gizlədir, ən təmiz adam kimi danışır, başqalarını asanlıqla əxlaqi eybəcərliklərdə ittiham edir.

«Sən həmişə mənimləsən» (1964) pyesini yazıçı on illik fasilədən sonra teatra təqdim etdi. Əsərin tamaşası qeyri-adi bir müvəffəqiyyət qazandı və dramaturgiyamızda yeni bir üslubi istiqamətin başlanğıcı kimi qəbul edildi. Bu lirik-psixoloji dramaturgiya üslubu idi. Əlbəttə, lirika bu əsərə qədər də dramaturgiyada var idi, lakin yazıçı böyük istedadla bu lirikanı dərin məzmunlu bir psixologizmlə birləşdirdi. Bu üslub teatr üçün də təzə oldu və orada saxta monumentalizm ənənələrinin öz yerini müasir və sadə bir üsluba verməsinə imkan yaratdı.

Əslində lirik-psixoloji üslubun «Sən həmişə mənim­ləsən» pyesi ilə yarandığını söyləmək dəqiq deyildir. Bu üslubun əlamətləri yazıçının bütün əsərlərində, xüsusilə səhnə əsərlərində özünü büruzə verirdi. Amma «Sən həmişə mənimləsən» pyesi yazıçının digər pyeslərindən prinsipial şəkildə fərqlənirdi. Dramaturqun əvvəlki pyeslərində o zamanın tələbləri olan əmək cəbhəsinin təsviri, müsbət qəhrəmanı və yeni insanı göstərmək, surətləri sinfi baxımdan bölmək kimi sosialist realizmi şablonları bu və ya digər dərəcədə əksini tapırdı. Lakin «Sən həmişə mənimləsən» pyesi bunların hamısından azad və təmiz bir pyesdir və Azərbaycan ədəbiyyatı üçün çox əhəmiyyətli bir tarixi tendensiyanı ifadə edirdi. Bu tendensiya isə ədəbiyyatın partiya ideologiyası ilə qoyulmuş şablonlardan yaxa qurtarması, təmizlən­məsi meyli idi. İ.Əfəndiyev bu meyli bütün müasirlərin­dən daha cəsarətlə və daha böyük istedadla ifadə etmişdi.

Pyesin əsas qəhrəmanları Nargilə və Həsənzadədir. Əsər başlıca olaraq onların dialoqları, münasibətlərinin inkişafı, həya­tın müxtəlif məsələləri barədə mülahizələri kimi qurulmuşdur. Nargilənin 19, Həsənzadənin isə 46 yaşı vardır. Lakin onlar bir-birinə dərin və səmimi bir məhəbbətlə bağlanırlar. Ancaq onlar qovuşa bilmirlər, çünki bunu, ilk növbədə Həsənzadə istəmir, Nargilənin xoşbəxt olmasını bir ata kimi arzulayır.

Pyesin uğuru ən çox Nargilə obrazı və ona yazıçının münasibəti ilə bağlıdır. İnsani keyfiyyətlər baxımından onda dramaturqun əvvəlki qadın qəhrəmanlarına bənzər xüsusiyyətlər vardır. Lakin sosial həyata münasibətdə yazıçı Nargiləni qabaqcıl müasirimiz və ya nə uğrunda isə mübarizə aparan bir qadın kimi yox, adi bir fərd, yetimlik taleyi yaşamış bir qız kimi qələmə alır. Nargilə tipik yox, adi bir insandır. O, mənəvi gözəllik və təmənnasız məhəbbət timsalıdır .Uşaq ikən atasını itirmiş, anası isə ikinci dəfə ərə getmişdir. Atalığı Fərəc əsəbi, qəddar, eqoist bir insandır. Nargilənin bu kobud və eybəcər insanla bir dam altında keçən həyatı faciədir, mənəvi və fiziki zülm silsiləsidir. Onu faktiki olaraq ev qulluqçusu vəziyyətinə salıblar. Anası Nəzakət iradəcə zəif bir qadındır və Fərəcin iradəsinin kor bir icraçısına çevrilmişdir.

Nargilə Həsənzadə ilə tanış olanda sanki qaranlıq dünyadan işıqlı bir aləmə düşür. Həsənzadə qızın qonşusu və ziyalı bir insandır. Onun mənzili də, səsi də, qızla rəftarı da, söhbətləri də qız üçün uca və təmiz hava kimidir. Nargilə Həsənzadə ilə ünsiyyətdən sanki mənəvi güc toplayır, iradəsi bərkiyir, nikbinləşir və gözəlləşir. Onların münasibətlərinin bö­yük dramaturji ustalıqla inkişaf etdirilən müəyyən mərhələsində Nargilə özü Həsənzadəyə onu sevdiyini elan edir. Yazıçı bu dramatik vəziyyətləri yüksək ölçü hissi, təbii və lirik dialoqlar vasitəsi açıqlayır. Onların münasibətlərində məhəbbətin gözəlliyinə xələl gətirə bilən bircə ifadə və söz yoxdur. Ona görə oxucu və tamaşaçı Nargiləni bu hərəkətinə görə qınamır, çünki qızın saf, nəcib sevgisi ancaq hörmət və qibtə doğurur, insan mənəviyyatının, insan gözəlliyinin təntənəsi kimi səslənir. Bu, yazıçının yüksək sənətkarlığının və dramaturji ustalığının ifadəsi idi.

Çox cavan yaşında həyat yoldaşını itirmiş Həsənzadə bircə oğluna görə yenidən ailə həyatı qurmamışdır. Nə qədər yüksək mənəvi keyfiyyətlərə malik bir insandırsa, bir o qədər tənhadır, təkdir. Təklik mövzusu pyesin ikinci aparıcı problemidir. Bu mövzunu Həsənzadənin taleyi və Nargiləyə qarşı seçimi ifadə edir. Həsənzadədə qıza qarşı dərin məhəbbət hissi yaranır. Lakin Həsənzadə təkliyi seçir. Çünki onun üçün təklikdən çıxmaq ehtiyacından daha yüksək bir dəyər vardır: bu, öz daxili bütövlüyünə, daxili məninə və vicdan səsinə sədaqətdir. Bu cəhətlə hesablaşmadan yaşamaq, Nargilə ilə həyat qurmaq Həsənzadə üçün zülm olar, əzab olar. Məhz buna görə o, uca bir məhəbbətlə sevdiyi Nargilənin məhəbbətini qəbul etmir, son nəticədə qıza münasibətdə müqəddəs bir ata mövqeyinə keçir.

Həsənzadə insan münasibətlərində mənəvi və əxlaqi ucalığın timsalıdır: bu ucalıq Həsənzadəyə ətrafdakı adamlara göstərmək üçün yox, öz daxili rahatlığı, müvazinəti, ali mənəvi meyarlarla yaşamaq istəyi ilə bağlıdır. O, ucalıq rəmzidir, nağılvari romantik bir seçimin daşıyıcısıdır. Yazıçı şüurlu surətdə romantik başlanğıca üstünlük verir, bununla dövrün təmənnalı ideologiyasına və əxlaq kodekslərinə etirazını bildirir. Çünki cəmiyyət üçün hazırlanan, insanlara nümunə kimi göstərilən əxlaq hələ əsil təmiz əxlaq deyildir, o, sosial bir borcdur. Həqiqi ali və insani, gözəl və səmimi əxlaq insanın öz daxili prinsipləri ilə bağlıdır, bu əxlaq hər kəsin özü üçündür.

«Sən həmişə mənimləsən» pyesi sənətkarlıq baxımından da yazıçının ən parlaq əsərlərindən biri idi. Dramatik replikanın gözəlliyi, ən incə insan münasibətlərini sözlə, vəziyyətlərlə ifadə etmək, səhnə şərtiliyindən ustalıqla istifadə pyesin bədii dəyərini daha da artırır. Həsənzadənin öz mərhum arvadı və onun xəyalı ilə söhbətləri, Sarısaç qızla bağlı yığcam epizodlar, Fərəcin eybəcər despotizmini göstərən xırda səhnələr əsərdəki əsas süjeti gözəl şəkildə tamamlayır və pyesin bədii bütövlüyünü, fikir miqyasını genişləndirir. Bu əsər İlyas Əfəndiyevin dramaturq ustalığının ən gözəl nümunəsidir.

«Sən həmişə mənimləsən» 1960-cı illər ədəbiyyatında yeni mərhələ açan bir əsər oldu və ədəbiyyatdakı axtarışlara və ədibin öz dramatik yaradıcılığına da təkan verdi. İ.Əfəndiyev bir-birinin ardınca «Mənim günahım»(1967), «Unuda bilmirəm» (1968), «Məhv olmuş gündəliklər» (1969) kimi pyeslərini yazdı. Bunlar sosialist realizmi şablonlarını dağıdan, ədəbiyyata və səhnəyə həqiqi və canlı həyat konfliktləri, insan taleləri gətirən silsilə əsərlər idi. Bu əsərlər müasir teatrımızın da təzələnməsinə imkan yaratdı.

Tarixi mövzu 1980-ci illərdə bütün ədəbiyyatda olduğu kimi, İlyas Əfəndiyevin də yaradıcılığında, xüsusilə dramatur­giyasında qabarıq şəkildə özünü büruzə verdi. “Mahnı dağlarda qaldı” (1971), “Xurşidbanu Natəvan”(1980), “Şeyx Xiyabani” (1986) kimi pyesləri yazıçının tarixi mövzuya müraciətdə də novator mövqedə durduğunu və xalqımızın tari­xinə yeni, bolşevik şablonlarından azad bir şəkildə yanaşmağa çalışdığını göstərirdi. Sovetlər imperiyasının dağılma ərəfəsində xalqımızın tarixi taleyinə işıq salmaq, onun ən ibrətli səhifələrini gənc nəslə tanıtmaq, bədii fikrimizin ümdə vəzifələrindən idi.

«Xurşidbanu Natəvan». Xalqımızın taleyi və birliyi problemi İ.Əfəndiyevin ən yaxşı tarixi əsərlərindən birinin – Natəvanın həyatına həsr olunmuş əsərinin də mərkəzində durur. Pyes İlyas Əfəndiyevin tarixi dramları sırasında ən qiymətli əsərlərdən biridir. Bu əsər 80-ci illərin əvvəllərində böyük ədəbi hadisəyə çevrildi, geniş tamaşaçı auditoriyasının rəğbətini qazandı. İlyas Əfəndiyev ilk dəfə olaraq qadın surətini tarixi mövzulu dram əsərinin qəhrəmanı kimi seçmişdir. Dramın uğur qazan­masının bir səbəbi tarixi hadisələrin müasir səslən­mə­sidirsə, digəri İlyas Əfəndiyevin yetkin sənətkarlıq məharətidir.

Xurşidbanu Natəvan tarixdə sonuncu Qarabağ xanı İbrahimxəlilin qızı, həm də təmiz və bəşəri hisslərin, müqəddəs qadın duyğularının incə nəğməkarı olan bir şairədir. Onun hüzn və kədərlə aşılanmış qəzəlləri öz ağır taleyinin, həmçinin Qarabağ xanlığının XIX əsrin birinci yarısındakı süqutunun ağrılarını ifadə edirdi. Onun əsərlərində kədər sosial səciyyə daşıyır və yazıçını da Natəvan taleyinin bu baxışları daha artıq cəlb etmişdir:

Düşəydi çərx gərdişdən olaydı dəhri-dün viran,

Bəşər tab eyləməz hərgiz zəminü-asiman ağlar

İlahi, görməsin gözlər, yaman gündür belə günlər

Aman verməz qəmü-möhnət, hamı pirü-cavan ağlar.

Ümumilikdə, dramaturqun əsas niyyəti Natəvanın həm ictimai xadim, həm də elə bağlı şair kimi romantik miqyaslı obrazını yaratmaqdır. Bütün dramaturji material, dramatik konflikt və süjet də ən çox Natəvanın taleyi üzərində qurulur. Əsər­də ondan başqa Knyaz Xasay, Seyid Hüseyn, şair Mamayı, şair Nəvvab, Qafqaz Canişini və başqa obrazlar da yaradıl­mış­dır.

Yazıçı Knyaz Xasay obrazını da tarixdə olduğundan fərqli qələmə almışdır. Tarixdə Natəvanın Knyaz Xasayla evlənməsi Qafqaz canişini tərəfindən qurulmuş plan üzrə baş tutmuşdur. Pyesdə isə Natəvanla Xasay Canişinlikdə tanış olurlar və bir-birini səmimi surətdə sevirlər. Onların ailə həyatı da qarşılıqlı hörmət əsasında gedir, Knyaz arvadının maarifçilik fəaliyyətini himayə edir.

O, Çar Rusiyasının müstəmləkə orqanları ilə toqquşur, qadın olsa da, təslim olmur, üstəlik bacardıqca xalqın vəziyyətini yüngülləşdirən islahatlar üzərində düşünür. Natəvan 80-ci illərin əvvəllərində tarixi şəxsiyyəti təmsil edən ilk əsər qəhrəmanı idi ki, bu əsərdə xalqın ikiyə parçalanmasına etiraz edilir, Güney və Quzey Azərbaycan anlayışlarının qəbuledilməzliyi irəli sürülür. Yazıçının ustalıqla yaratdığı bu obrazın həm azadlıq tərəfdarı, həm də ictimai reformator kimi çıxış etməsi Qarabağ xanlığının tarixinə münasibətdə böyük yenilik idi və yazıçını özündən əvvəl bu mövzuya toxunanlardan fərqləndirdi.

Azərbaycanın birliyi ideyasını daha qabarıq səsləndirmək üçün yazıçı tarixdən şuşalı kimi tanıdığımız Seyid Hüseyni Təbrizli kimi vermişdir. O, İranda şahın despotizmindən qaçıb Qarabağa pənah gətirən, Natəvanın yanında qulluğa götürülən bir şəxsdir. Knyaz Xasay Natəvanın xeyir-duası ilə Dağıstana qayıtdıqdan sonra Seyid Hüseyn ağıllı, mərd bir şəxs kimi Xan Qızının dayağı olur. Seyid Hüseyn vətənpərvər bir Azərbaycanlı ziyalıdır, xalqın azadlığı və birliyi onun da həyat idealıdır.

Ümumiyyətlə, 80-ci illər sovet sisteminin böhranı dövrü idi. Bu illərdə tarixi mövzuda çoxlu əsərlər meydana çıxır və bu əsərlərdə sovet tarixşünaslığının milli keçmişə təhrifedici münasibəti yenidən saf-çürük edilir, bəzən isə açıq-aşkar təftiş edilirdi. Lakin buna da ancaq İlyas Əfəndiyev kimi böyük ədəbi nüfuzu olan qüdrətli yazıçılar nail ola bilirdilər. Bu baxımdan “Xurşidbanu Natəvan” tarixi dramında yazıçı əslində sovet dövlətinin dağılma ərəfəsində cəmiyyəti düşündürən əsas məsələ – xalqımızın azadlığı və gələcək taleyi məsələsi barədə düşünürdü. Məhz bu məsələləri “Xurşidbanu Natəvan” pyesinin əsasına qoymaqla, onun fikir leytmotivinə çevirməklə İlyas Əfən­diyev xalqımızın tarixi keçmişinə münasibət baxımından yenilikçi və cəsarətli vətəndaş kimi çıxış edirdi.

Pyesdə Natəvanın təşkil etdiyi “Məclisi-üns” və onun üzv­ləri də xeyli yer tutur. Bu məclis ədəbiyyat və mədəniyyət tarixi­­mizdə şərəfli bir yer tutur: onun Nəvvab, Mamayı kimi gör­kəmli üzvləri istedadlı şair və alim olmaqdan başqa, həm də azərbaycanın vətənpərvər ziyalıları olmuşlar. Yazıçı bu məclislərdən dövrün mütərəqqi qüvvələrini daha qabarıq vermək, xüsusilə xalqın taleyi ilə bağlı məsələləri müzakirəyə çıxarmaq üçün istifadə etmişdir.

İlyas Əfəndiyev pyesdə özünəməxsus uzaqgörənliklə Qarabağda yuva salmış mənfur erməni millətçiliyinin fitnəkar təbiətini, xalqımız üçün tarixi təhlükə olmasını göstərə bilmişdir. Sovet ideologiyası şəraitində yazıçı bu mövzunu genişləndirib çılpaq verə bilməzdi. Lakin əsərin indiki halında da buradakı Ter-Vahan surəti torpaqlarımıza göz dikən, Xristian dünyasına özünü qurban kimi qələmə verən erməni fitnəkarlığının sərrast obrazıdır. Onun yaltaqlığı, riyakarlığı, hər dəqiqə min cildə girib ağı qara kimi qələmə vermək xüsusiyyəti erməni millətçiliyinin əsas cizgiləri kimi ümumiləşir.

Natəvan surəti alovlu vətənpərvərdir, milli azadlıq və milli birlik ideyalarının carçısıdır. İlyas Əfəndiyev Natəvanın prototipinin şəxsi taleyini, yalnız Qarabağın taleyini əsas götürməmişdir. Onun yaratdığı Xan Qızı şimallı-cənublu Azərbaycanın taleyi və dərdi ilə yaşayır. İmperiyaların süngüsü ilə ikiyə parçalanmış vətəni bütöv görmək istəyir. Bu motiv pyesdə Natəvanın həm Rusiya imperiyası, həm də İran dövləti səfirləri ilə görüşlərində daha dərindən açılır və qüvvətli səslənir. Natəvan bu iki qonşu dövləti Azərbaycanın azadlığı və müstəqilliyi üçün potensial təhlükə sayır və bu təhlükələrin dəf edilməsi üçün böyük diplomatik məharət göstərir.

O öz xalqına dərin tellərlə bağlıdır, sadə kəndlilərin problemləri ona rahatlıq vermir. Qafqaz Canişini ilə görüşdə Qarabağ xanlığının bütün torpaqlarını və mülkünü tələb edəndə Canişin soruşur ki, bu qədər torpaq sənin nəyinə lazımdır? Natəvan buna cavab verir ki, “mənim xalqım var”. Bu ideya əsər boyu Natəvanın fəaliyyətinin əsas qayəsi kimi diqqəti çəkir. Natəvan məhz xalq üçün Şuşaya su çəkdirir, kəndli balaları üçün məktəb açdırır. O, əməlpərvər bir maarifçidir, ümumi təhsilin xalqın gələcəyi üçün köklü əhəmiyyətini dərindən dərk edir. Ona görə də istedadlı kəndli balalarını təhsil almaq üçün Rusiyanın böyük şəhərlərinə göndərir. Mil düzündə suvarılan əkinçiliyi inkişaf etdirmək üçün burada arxlar salmaq istəyir.

Lakin Natəvan qara qüvvələrin güclü olduğu bir mühitdədir: onu təqib edirlər, hər addımına göz qoyurlar, şəxsi həyatına müdaxilə edirlər. Ağlasığmaz şayiələr onun normal həyatını zəhərləyir. Lakin dramaturqun bu sevimli qəhrəmanı iradəcə möhkəmdir: bəzən sarsılsa da, tərəddüdlər keçirsə də, sınmır, cəmiyyətdə Xan Qızı nüfuzundan istifadə edib öz iradəsini yeritməkdə, öz islahatlarını, insanpərvər əməllərini həyata keçirməkdə davam edir. Doğrudur, onun ovqatı tez-tez dəyişir: gah bədbin, gah amiranə, gah emosional, gah da sərt olur. Lakin bu xüsusiyyətlər şairənin obrazını daha da tamamlayıb genişləndirir, ona əhatəli bir siqlət verir.

Dramaturq Natəvanın bioqrafiyasında xalqımızın XIX əsrdəki taleyi ilə bağlı məqamları pyesin fikir leytmotivinə çevirmiş, şairənin milli məzmunlu kədərinə xalqımızın azadlıq arzularını da əlavə etmişdir. Ona görə də əsərdəki Natəvan obrazı öz tarixi prototipini təkrarlamır, orijinal bədii qəhrəman səviyyəsinə qalxır və müəllifin tarixi keçmişə münasibətdə novatorluq bacarığını ifadə edir.

Bunu pyesin ilk epizodlarından müşahidə etmək mümkündür. Pyesin lap başlanğıcındakı monoloqunda Natəvan deyir: «Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın öz vətəninə, öz mənliyinə, öz ləyaqətinə sahib olmasındadır. Mən azadlığın qüdrətinə inanıram. İnsanın gözəl hisslərinin, gözəl fikirlərinin pərvazı üçün, insan ləyaqətinin yüksəlişi üçün həqiqi vicdan azadlığı lazımdır». Bu sözlər İlyas Əfəndiyevin «Xurşidbanu Natəvan» tarixi dramındakı əsas müəllif qayəsini yığcam şəkildə əks etdirir.

“Şeyx Xiyabani” ədəbiyyatımızda Azərbaycan xalqının birliyi probleminə həsr olunmuş ilk dram əsəri idi. Sovetlər dövründə Xiyabani hərəkatına milli deyil, çox zaman dini hərəkat kimi səciyyə verilirdi, süni olaraq bolşeviklərlə əlaqələndirilirdi. Əslində isə, Xiyabani hərəkatı bu taydakı Demokratik Respublikanın bilavasitə təsiri ilə İranda azərbaycanlıların hüquqları uğrunda mübarizəyə qalxmışdı. Bu mövzu yazıçının “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Büllur sarayda” pyeslərində də bir motiv kimi vardır.

İlyas Əfəndiyev bu pyesi sovetlərin dağılmasının sürətlə özünü büruzə verdiyi bir vaxtda yazdı. Elə buna görə uzaqgörən yazıçı Şeyx Xiyabanini tarixdə olduğu kimi deyil, 80-ci illərin ikinci yarasında Azərbaycanın birliyi ideyası baxımından müasirləşdirib səhnəyə gətirir. Pyesdə o, Azərbaycanın birliyi ideyasının təbliğatçısı və mətin döyüşçüsüdür. Əsər tamaşaya qoyulduğu zaman bu ideyanın gəncliyin vətənpərvər tərbiyəsi baxımından çox böyük əhəmiyyəti vardı.

Pyesdə səslənən Xiyabani monoloqları milli qeyrət və mübarizə ehtirasları, Azərbaycan sevgisi ilə doludur. O deyir: “Ey qüdrətli Azərbaycan xalqı! Ey azadlıq vuruşlarının cəsur mücahidi! Bu alqışlar, verdiyin qurbanların səsidir. Qoy, bu qüdrətli səslər sənin ürəyində ildırımlar saçan daha güclü bir tufan qoparsın! Mənim əzablar, sitəmlər çəkmiş böyük xalqım! And olsun sənin şərəfinə! Heç bir hədə-qorxu, heç bir xain zərbə bu qiyamın əsasını sarsıda bilməyəcəkdir! Biz şəhid olacayıq, lakin bu yoldan dönməyəcəyik”.

Alovlu sözlərlə xalqa üz tutan Xiyabani oxucu və tamaşaçılar tərəfindən hədsiz bir məhəbbətlə qarşılanırdı. Bu isə yazıçının qələbəsi idi, uzaqgörənliyi idi. Cəmi iki il sonra Ermənistanın Qarabağ torpaqlarına işğalçı hücumu başlananda Şeyx Xiyabaninin bu sözləri gəncliyi torpaq uğrunda döyüşlərə səfərbər edən qüdrətli bir çağırış kimi səsləndi. Xiyabani azadlıq və müstəqillik uğrunda şəhidliyi şərəf kimi qəbul edən misilsiz bir vətənpərvər obrazı idi.

Comments are closed, but trackbacks and pingbacks are open.