SON DƏQİQƏ
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamına əsasən böyük, folklor şair İmadəddin Nəsiminin 650 illik yubileyi həm ölkə daxilində, həm də ölkədən kənarda keçirilir.
İmadəddin Nəsimi-650 -ŞƏKİLLƏR
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamına əsasən böyük, folklor şair İmadəddin Nəsiminin 650 illik yubileyi həm ölkə daxilində, həm də ölkədən kənarda keçirilir.
Manevr.az xəbər verir ki, növbəti tədbir Kəlbəcər rayonu 23-saylı tam orta məktəbdə keçirildi. Tədbirə Azərbaycan Respublikasının Dövlət himni ilə start verildi. Sonra Nəsimi haqqında geniş məlumat verildi. Ardından “Nəsimi Dünyasına Səyahət” adlı filmə baxıldı. Filmdən sonra Kəlbəcər rayonu 23-saylı tam orta məktəbin şagirdlərinin ifasında bədii hissəyə baxıldı. Bədii hissədə Nəsiminin qəzəlləri səsləndirildi və kiçik həcmli səhnələr göstərildi. Tədbirdə iştirak edən qonaqlar Nəsiminin yaradıcılığından və keçdiyi əzablı yollardan bəhs etdi. Kəlbəcər rayonu 23-saylı tam orta məktəbin direktoru Həqiqət xanım Şükürova çıxışında bu tədbirdə əziyyəti və əməyi olanlara öz təşəkkürünü bildirdi. Tədbirdə Dünya qəzetinin baş redaktoru Füzuli Ramazanoğlu, Kəlbəcər rayonu Təhsil şöbəsinin və Təhsil Naziriliyinin nümayəndələri iştirak etdilər.
Sonda xatirə şəkilləri çəkildi
SON DƏQİQƏ
Aprelin 25-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova giriş sözü ilə çıxış edərək bildirib ki, bu il Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təkcə ölkəmizdə deyil, dünyada rəngarəng tədbirlərlə qeyd olunmaqdadır.
Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz yaradıcılıq yolu ilə seçilən, ana dilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. Nəsimi yaradıcılığında insanın əzəməti, şəxsiyyətin azadlığı və məhəbbət ideyası mühüm yer tutur. Onun müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib.
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birinci hakimiyyəti illərində, yəni 1973-cü ildə UNESKO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi beynəlxalq miqyasda qeyd olunmuş, Azərbaycanda və Moskvada keçirilən yubiley təntənələrində dünyanın bir çox ölkəsindən gəlmiş nümayəndələr iştirak etmişlər. Bu dövrdə Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsimiyə bir sıra bədii əsərlər, rəsm əsərləri, musiqilər həsr olunmuş, bədii film çəkilmiş, Bakıda heykəli qoyulmuş, adına məktəb, küçə, gəmi verilmiş, haqqında elmi tədqiqat əsərləri yazılmış, əsərləri dönə-dönə çap edilmişdir. Bu gün AMEA-nın Dilçilik İnstitutu böyük şairin adını daşıyır. Paytaxtımızın bir rayonu Nəsiminin adına verilmişdir.
2017-ci ildə Fransanın paytaxtı Parisdə yerləşən UNESKO-nun baş qərargahında böyük Azərbaycan şairi Nəsiminin vəfatının 600 illiyininin qeyd olunması ölkə Prezidenti cənab İlham Əliyevin ədəbiyyatımıza verdiyi böyük önəmin bariz nümunəsidir. 2018-ci il noyabr ayının 15-də isə ölkə Prezidenti “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması xüsusilə böyük əhəmiyyət daşıyır və ölkəmizin hər yerində Nəsiminin bədii irsi ilə bağlı rəngarəng tədbirlərin keçirilməsinə stimul vermişdir. Muxtar respublikamızda da Nəsimi ilə bağlı müxtəlif tədbirlər keçirilməkdədir.
Vurğulanıb ki, altı yüz ildən çoxdur ki, dahi şairimiz böyük bir coğrafi məkanda mərdlik, fədakarlıq və iradə rəmzi kimi özünə abidə ucaltmışdır. Altı əsrdir öz idealları uğrunda mübarizə aparan, hətta son nəfəsində də öz ideyasından dönməyən bu böyük tarixi şəxsiyyətin irsi öyrənilir.
Nəsimi poeziyasında mübarizə ruhu qüdrətlə tərənnüm etdirilir. Mübarizə ruhu bu poeziyanın əsas cövhəridir. Şairin fikrincə, ilahi varlıq səviyyəsinə yüksələn insan kamil olduğu zaman dünyanın sirlərinə vaqif olacaq, real ədalətli cəmiyyət yaranacaqdır. Nəsimi şeirlərində ilhamla vəsf olunan kamil insan obrazı əzəmət və əyilməzlik simvoludur. Bu baxımdan “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası ilə başlayan qəzəl Nəsimi yaradıcılığının kamil nümunəsidir.
Natəvan Qədimova deyib ki, Nəsimi şeirlərində dərin kədər, istilaçıların zülmünə və azğınlıqlarına etiraz motivləri də vardır. Bu kədər isə bəzən onun həyəcanlarının ifadəsi kimi özünü göstərir. Şair qaranlıq bir mühitdə insanları və xalqları dostluğa, gözəlliyə, hünərli olmağa, buxovlardan azad olmağa səsləyir. Böyük şair feodal dünyasının ağır, amansız həyatından, hökmdarların zülm və özbaşınalığından şikayətlənir, xalqa zülm edənləri həqiqi insan hesab etmir. Nəsimi zəmanəsindən narazı olmasına baxmayaraq ümidsizliyə qapılmır, ömrü bəxtiyar keçirməyə çağırır. Şair xalqları bir-birinə yaxınlaşdıran, mehriban edən bir amala doğru gedir ki, bununla da bizim müasirimizə çevrilir.
İmadəddin Nəsiminin ölməz irsi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və böyük arzularının, ideyalarının, duyğu və düşüncələrinin zəngin tükənməz xəzinəsidir. Ölkə Prezidentinin Sərəncamı ilə “Nəsimi ili” elan edilməsi böyük şair və mütəfəkkirə dövlət səviyyəsində verilən dəyərin və ehtiramın ifadəsidir. Eyni zamanda Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsin təbliğinə də çox böyük töhfədir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Ana dilli şeirimizin böyük ustadı”, Əməkdar elm xadimi, professor Hüseyn Həşimli “İmadəddin Nəsimi yaradıcılığının ideya-bədii xüsusiyyətləri” mövzularında çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, Nəsimi Azərbaycan ədəbi dilinin inkişafına çox əhəmiyyətli təsir göstərmiş, onu leksika, bədii ifadə vasitələri ilə zənginləşdirmişdir. Nəsimi poeziyasının ideya-bədii xüsusiyyətləri onun davamçısı olan şairlərin yaradıcılığında aydın duyulmaqdadır.
Tədbirin bədii hissəsində Xalq artisti Həsən Ağasoy, aktyorlar Zakir Fətəliyev, Nurbəniz Niftəliyeva dahi şairin qəzəllərini bədii qiraət etmişlər. Sonra muzeyin ekspozisiyasına baxış olmuşdur.
Comments are closed, but trackbacks and pingbacks are open.