İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18. Şəxsi azadlıqdan məhrum etmək üçün onun hüquq pozuntusu törətməsinə əsaslı şübhə olmalıdır. Yalnız belə hallırda azadlıqdan məhrum etmə kifayət qədər əsaslandırılmış və qanuni hesab olunur. Hər bir şübhə obyektiv olaraq şübhə edilən şəxslə güman edilən cinayət hadisəsi arasında əlaqə fakt və məlumatlarla təsdiq olunduqda əsaslı hesab oluna bilər. Əsaslı şübhə yalnız şəxsin əvvəllər hər hansı hüquq pozuntusu törətməsinə əsaslana bilməz.
Insan huquqlarinin ve əsas azadliqlarinin müdafiəsi konvensiyasi
Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında
Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
30 mart 2006-cı il №5 Bakı şəhəri
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyavi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.
Azərbaycan Respublikasının 2001-ci ilin yanvar ayının 25-də Avropa Şurasına daxil olması, daha sonra «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasını ratifikasiy a etməsi demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün fundamental hüquq və əsas azalıqların təmininə sadiqliyin ifadəsidir.
Son illər Respublikamızın universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması ilə səciyyələnir. Həmin müqavilələrin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələri özünün qanunvericilik sisteminə daxil etməklə beynəlxalq öhdəliklərini yerinə yetirmək yolunu tutmuşdur. Beynəlxalq müqavilələr dövlətlər arasındakı beynəlxalq münasibətlərin tənzimlənməsinin, dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla milli qanunvericiliyin tərkib hissəsinə çevrilməkdədir.
Beynəlxalq hüququn səmərəliliyi, beynəlxalq müqavilələrin müddəalarının həyata keçirilməsi və beynəlxalq öhdəliklərə əməl olunması dövlət daxilində həyata keçirilən təşkilati və hüquqi tədbirlərdən asılıdır.
İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bağlanmış müqavilələrdə dövlətlərin üzərlərinə götürdüyü öhdəliklər iştirakçı dövlətlərə deyil, onların yurisdiksiyası altında olan insanlara ünvanlanmaqla, ayrı-ayrı fərdlərin hüquqlarının müdafiəsinə yönəlmiş olur. Respublikamızda pacta sunt servanda (müqavilələr icra olunmalıdır) pirinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesi davam etməkdədir. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsini də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsidir.
«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı da məhz insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin təmininə, məhkəmə sisteminin müasirləşdirilməsinə, məhkəmə hakimiyyətinin möhkəmlənməsinə yönəlmişdir.
Fərmanda Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.
Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr tərəfindən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin düzgün və vahid qaydada tətbiqinin təmini məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
Q Ə R A R A A L I R :
1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, insan hüquqları müasir dünyada ümumbəşəri mədəniyyətin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
İnsan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr aşağıdakıları nəzərə almalıdır:
-bütün insanlar heç bir ayrı-seçkiliyə yol verilmədən əsas hüquq və azadlıqlara malikdirlər;
-insan hüquq və azadlıqları məkan, ərazi hüdudları ilə bağlı deyildir. İnsanlar harada olmalarından asılı olmayaraq əsas hüquq və azadlıqlara malikdirlər;
-insan hüquqları universal, bölünməz olmaqla qarşılıqlı bağlılıqdadır. Milli, dini, tarixi, mədəni özünəməxsusluq nəzərə alınmaqla insan hüquq və azadlıqlarına ali dəyər kimi hörmət və riayət edilməli, onların müdafiəsi təmin olunmalıdır;
-hüquq və azadlıqların həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır;
-insan hüquq və azadlıqları yalnız qanun, konstitusiya və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər;
– hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır;
– hər kəsin hüquq və azadlaqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
2. Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.
İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
3. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir .
4. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsi zəruri hallarda həm Konvensiyada nəzərdə tutulmuş insan hüquqlarının pozuntusunun, həm də ərizəçi üçün onun zərərli nəticələrinin aradan qaldırılması məqsədilə xüsusi, həmçinin eyni xarakterli pozuntuların gələcəkdə baş verməsinin qarşısının alınması üçün ümümi xarakterli tədbirlərin görülməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları yalnız onun icraatında olan işlərin həllinə deyil, həmçinin geniş mənada Konvensiya normalarının izah edilməsinə, qorunmasına, inkişafına xidmət edir və bu yolla dövlətlərin Konvensiya iştirakçısı kimi daşıdıqları öhdəliklərə riayət olunmasına yardım göstərir.
Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər.
5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
İnsan hüquqlarının məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası təcrübədə həyata keçirilən hüququn səmərəliliyinə təminat verməyə istiqamətlənmişdir.
6. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir».
Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, eləcə də cinayət prosesində təqsirləndirilən şəxsi məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir.
Cinayət işləri ilə bağlı həmin müddətlərin hesablanması zamanı «ağlabatan müddət» həm ibtidai araşdırma müddətini, həm də hökmün çıxarılmasına kimi olan məhkəmə baxışı müddətini əhatə edir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə müddətin hesablanması şəxsə ittihamın elan edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, ona digər prosessual məcburiyyət tədbirlərinin tətbiqindən başlayır və şəxs barəsində hökmün qanuni qüvvəyə minməsinə və ya onun barəsində cinayət təqibinə xitam verilməsinə kimi davam edir.
Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir
Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.
7. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr qərəzsizliyin təmin olunmasına nail olmalıdırlar. Qərəzsizliyinə şübhə olan hər bir hakim işə baxan məhkəmə tərkibindən çıxarılmalıdır.
8. Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.
9. Cinayət prosesinin çəkişmə prinsipi prosesdə ittiham və müdafiə tərəflərinin bərabərliyinin təmin olunmasını nəzərdə tutur. Cinayət prosesinin çəkişmə prinsipinə əsasən həm ittiham, həm də müdafiə tərəfinin digər tərəfin təqdim etdiyi sübutlarla tanış olmaq imkanı olmalıdır. Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur.
10. Məhkəmələrə izah edilsin ki, hüququn aliliyi və insan hüquqlarına hörmət Avropa Şurasının Nizamnaməsinin 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 142-ci, MPM-in 82-ci maddələrində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübütün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər.
Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir.
11. Məhkəmələr nəzərə almalıdırlar ki, müdafiəçiyə müdafiə etdiyi şəxslə sərbəst, təklikdə görüşüb danışmaq imkanı yaradılmasa, o öz vəzifəsini layiqincə yerinə yetirə bilməz. Təqsirləndirilən şəxsin müdafiəçi ilə sərbəst şəkildə, təklikdə, qeyri-məhdud miqdarda və müddətdə görüşmək hüququ heç bir istisnaya yol verilmədən təmin olunmalıdır.
12. Məhkəmələr nəzərə almalıdırlar ki, müdafiə hüququ demokratik cəmiyyətdə ədalətli məhkəmə baxışının ayrılmaz tərkib hissəsidir. Konvensiya cinayət törətməkdə təqsirləndirilən şəxsə müdafiəsi üçün üç üsuldan istifadə etməyə imkan verir: özünü şəxsən müdafiə etmək; özünün seçdiyi müdafiəçiyə malik olmaq; müəyyən hallarda pulsuz təyin olunmuş müdafiəçidən istifadə etmək. Zəruri hallarda hüquqi yardım göstərilməsi dövlət hesabına təmin olunmalıdır.
13. Məhkəmələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı»ın 9-cu maddəsinin 3-cü bəndinə istinad edərək həbs qətimkan tədbirinin tətbiqinin ümumi təcrübəyə çevrilməsinə imkan verməsinlər. Şəxsin məhkəməyə gəlməsinə təminatların mövcud olduğu təqdirdə onun azadlıqda qalmasına üstünlük verilməlidir.
Həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı və başqa qətimkan tədbirinin tətbiqinin qeyri-mümkün olduğu, son dərəcə zəruri hallarda tətbiq olunmalıdır.
14. Məhkəmələr nəzərə almalıdırlar ki, azadlıq hüququ məhdudlaşdırılmış şəxslər «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən azadlıqlarının məhdudlaşdırılması ilə bağlı ağlabatan müddətdə məhkəmə baxışının keçirilməsi, həmçinin barələrində həbs qətimkan tədbiri seçilməsinə zərurət olmadıqda məhkəməyədək azad olunmaq hüququna malikdirlər.
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır.
16. Nəzərə almaq lazımdır ki, şəxsin cinayəti törətməsinə əsaslı şübhə onun həbsə alınması üçün zəruri şərtdir. Bununla belə bu cür şübhə şəxsin həbsdə saxlanılmasının davam etdirilməsi üçün yetərli deyildir. Şəxsin həbsdə saxlanılmasına bəraət qazındırılması üçün əsaslı şübhə ilə yanaşı digər əsaslar da mövcud olmalıdır. Bu cür əsaslara cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq kimi əsasları aid etmək olar. Bununla belə həmin əsaslar real olmalı, yəni mötəbər məlumatlarla təsdiq olunmalıdırlar. Həbs qətimkan tədbiri müddətinin uzadılması zamanı məhkəmələr bunun üçün mövcud olan əsasları və onları təsdiq edən sübutları qərarlarında göstərməlidirlər.
17. Məhkəmələr nəzərə almalıdırlar ki, təqsirləndirilən şəxsin uzunmüddətli həbsi üçün tutarlı əsaslar yoxdursa, iş üzrə ehtimal həmişə şəxsin azadlığa buraxılmasının xeyrinə olmalıdır. Azadlığa buraxılmanın əsasları məhkəməyəqədərki bütün müddət ərzində istənilən vaxt tətbiq edilə bilər. Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndi nəzərdə tutur ki, şəxsin həbsdə saxlanılmasının davam etdirilməsinə haqq qazandırmaq mümkün olmadıqda, o azadlığa buraxılmalıdır. Həbsin əsaslılığı, hər bir işin xüsusiyyəti nəzərə alınmaqla, qiymətləndirilməlidir. Məhkəmələr öz qərarlarında azadlığa buraxılmanı rədd edən konkret əsasları təsdiqləyən faktlara və məlumatlara əsaslanmalıdırlar. Həmin qərarların əsasları, tərəflərin irəli sürdüyü arqumentlər də daxil olmaqla, müvafiq sənəddə öz əksini tapmalı, qərarın surəti təqsirləndirilən şəxsə və onun müdafiəçisinə verilməlidir.
18. Şəxsi azadlıqdan məhrum etmək üçün onun hüquq pozuntusu törətməsinə əsaslı şübhə olmalıdır. Yalnız belə hallırda azadlıqdan məhrum etmə kifayət qədər əsaslandırılmış və qanuni hesab olunur. Hər bir şübhə obyektiv olaraq şübhə edilən şəxslə güman edilən cinayət hadisəsi arasında əlaqə fakt və məlumatlarla təsdiq olunduqda əsaslı hesab oluna bilər. Əsaslı şübhə yalnız şəxsin əvvəllər hər hansı hüquq pozuntusu törətməsinə əsaslana bilməz.
19. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi barədə qərarlarında məhkəmələr Azərbaycan Respublikası CPM-in 446.2.5 – 446.2.10-cu maddələrində nəzərdə tutulan məsələlərə münasibətini dəqiq göstərməklə, qərarın qüvvədə olma müddətini qeyd etməlidirlər. Fərdlərin şəxsi həyatına müdaxiləyə yönəlmiş hər bir tədbir qanunvericilikdə nəzərdə tutulmuş ciddi şərt və prosedurlara cavab verməlidir.
Məhkəmələr nəzərə almalıdırlar ki, şəxsi həyata hər bir müdaxilə mütləq zəruri olmalı və bu ciddi ictimai tələbatın mövcudluğu ilə şərtlənməlidir.
20. Azərbaycan Respublikasının Konstitusiyasının 32-33-cü maddələrinə və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən «hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir». Məhkəmələr insan hüquqlarına müdaxiləyə icazə verilməsinin hər bir halında nəzərə almalıdırlar ki, müdaxilə nə qədər geniş və dərindirsə, ona bəraət qazandırılması üçün səbəblər də bir o qədər tutarlı olmalıdır.
21. Məhkəmələrə izah edilsin ki, şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, ailə sirri, şərəf və ləyaqəti qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın öz hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir.
22. Mətbuat, söz azadlığı ilə bağlı işlərə baxarkən məhkəmələr hüquqi dövlət quruculuğunda mətbuatın mühüm rol oynamasını nəzərə almalı, ona diqqət yetirməlidirlər ki, mətbuat ictimai fikri formalaşdırır, vətəndaşların hakimiyyət strukturları üzərində nəzarətini həyata keçirir, demokratik dəyərlərin yayılması üçün maarifçilik funksiyasını yerinə yetirir.
Fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla yanaşı fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür. Nəzərə alınmalıdır ki, təkcə məlumatın məzmunu deyil, onun şəxsin şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmayan ifadə forması da fikir azadlığı ilə müdafiə olunur. Fikir ifadə etmək azadlığına qoyulan məhdudiyyət məcburi xarakterə malik ictimai zərurətlə bağlı olmalıdır.
23. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin IV hissəsinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ikinci abzasına müvafiq olaraq dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır.
24. İzah edilsin ki, işin məhkəmə baxışı zamanı Konvensiyada nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının pozulmasına səbəb olan halların aşkara çıxması məhkəmələrə Azərbaycan Respublikası CPM-in 355-ci və MPM-in 265-ci maddəsinə əsasən xüsusi qərar çıxarmasına əsas verir. Xüsusi qərarda hüquq və azadlıqların pozulmasına səbəb olan fakt və hallar vəzifəli şəxslərin nəzərinə çatdırılmaqla, pozulmuş hüquqların bərpası, onlara yol vermiş şəxslərin cəzalandırılması və gələcəkdə bu kimi hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsini ehtiva edir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiyalarına tapşırılsın ki, Ali Məhkəmə Plenumunun qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında əvvəllər qəbul edilmiş qərarlarının «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri əsasında yenidən işlənməsi barədə müvafiq təkliflər hazırlasınlar.
Azərbaycan Respublikası
Ali Məhkəməsinin Sədri Ramiz Rzayev
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 110 1 -ci maddəsini rəhbər tutaraq qərara alıram:
1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verildiyi barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2023-cü il
SƏNƏDLƏR Sərəncamlar 17 mart 2023
15:28
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra.
SƏNƏDLƏR Fərmanlar 17 mart 2023
15:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı.
SƏNƏDLƏR Sərəncamlar 17 mart 2023
15:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli.
SƏNƏDLƏR Qanunlar 17 mart 2023
15:22
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Serbiya.
SƏNƏDLƏR Qanunlar 17 mart 2023
15:20
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb.
SƏNƏDLƏR Qanunlar 17 mart 2023
15:18
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında.
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 17 mart 2023
08:40
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları.
XƏBƏRLƏR Səfərlər 16 mart 2023
19:01
İlham Əliyevin Türkiyəyə səfəri 16 mart 2023, 19:01
XƏBƏRLƏR Tədbirlər 16 mart 2023
19:00
İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb 16 mart 2023, 19:00
XƏBƏRLƏR Tədbirlər 16 mart 2023
18:45
Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının birgə naharı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.
SƏNƏDLƏR Sərəncamlar 16 mart 2023
17:17
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elman Məmməd oğlu.
SƏNƏDLƏR Sərəncamlar 16 mart 2023
17:15
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı.
© 2010-2023 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.
- FAQ
- Sayt haqqında
- 2007-2010-cu illərin materialları
İnsan hüquq və azadlıqlarının müdafiəsi dövlətin ali məqsədidir TƏHLİL
Azərbaycanda qəbul edilən qanunlar, imzalanan Prezident Fərman və sərəncamları insanların daha yaxşı yaşamasına, onların təhlükəsizliyinin təmin olunmasına hesablanıb. Ulu Öndərimiz Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət və demokratik siyasi quruluşun bərqərar olması üçün bir sıra vacib tədbirlər həyata keçirilmiş, mühüm sənədlər qəbul edilmiş, öhdəliklərə imza atılmışdır. Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur.
Ulu Öndər demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. Onun rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, xalqın sosial-rifah halının yaxşılaşmasına, demokratik proseslərin sürətlənməsinə təkan oldu. Ulu Öndərimiz Heydər Əliyev hələ Konstitusiya layihəsinin hazırlanması zamanı demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplə, əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Aparılan siyasətin təməlində İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi dayanır
1996-cı ildə insan hüquqları və azadlıqlarının müdafiəsini təmin etmək, qanunun aliliyini möhkəmləndirmək, bütün hakimiyyət qollarının qarşılıqlı fəaliyyətini gücləndirmək məqsədilə Hüquqi İslahat Komissiyası yaradıldı. Eyni zamanda, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyası”nın müddəalarına uyğun Azərbaycanda yeni qanunlar hazırlandı. Dahi Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiq olunur. Proqram insan hüquqları sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Belə ki, bu məqsədlə proqram çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilir. Bundan əlavə, ölkəmizin Avropa Şurasına üzvlüyü ərəfəsində qanunvericiliyin Avropa İnsan Hüqüqları Konvensiyası ilə müqayisəli təhlili aparılır.
Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasi və hüquqi islahatların əsasında da, məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Bununla bağlı ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üçün genişmiqyaslı tədbirlər görülmüşdür. Belə islahatların məntiqi davamı olaraq dövlət başçısının 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Ümummilli Lider Heydər Əliyevin strategiyasına sadiq olan Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları uzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir. Aylığın məqsədi insan hüquqları sahəsində ötən dövrdə əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu, Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında”, “Gender bərabərliyinin təminatları haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və digər qanunlar qəbul edilmişdir. Bu aktların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən, Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlar ilə sıx əməkdaşlıq etmişlər. Göstərilən məcəllə və qanunlar yalnız həmin təşkilatların müsbət rəyi alındıqdan sonra parlamentin müzakirəsinə çıxarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapan və Milli Məclis tərəfindən qəbul edilən qanunlar, eləcə də Prezidentin imzaladığı sərəncam və fərmanlar Azərbaycanda hüquq və azadlıqların tam təmin olunduğunu göstərir. Bu günlər Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevin azadlıqdan məhrum olunmuş 634 nəfəri əfv etməsi barədə imzaladığı sərəncam insan azadlıqlarına verilən növbəti dəyərin nəticəsidir. Ümumilikdə isə 1995-ci ildən bu günə qədər Azərbaycanda 64 əfv sərəncamı imzalanıb. Məlumata görə, əfv sərəncamları ilə ümumilikdə 7542 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. 2017-ci ildə qəbil edilən Amnistiya aktı ilə 11 min nəfərə şamil olunub. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin bu istiqamətdə düzgün və məqsədyönlü siyasət aparmasının müsbət bəhrəsidir.
İnsan hüquq və azadlıqlarına hörmət prinsipi prioritet istiqamət təşkil edir
Birmənalı şəkildə onu demək olar ki, bu gün Azərbaycanda insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsipi prioritet istiqamət təşkil edir. Bunun da kökündə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət və bu siyasətin davamlığının ölkə Prezidenti İlham Əliyev tərəfindən təmin etməsi dayanır. Məhkəmə sisteminin mütərəqqi olmasına, təkmilləşməsinə, müstəqil fəaliyyət göstərməsinə təkan olan qanunvericilik bazasının yaradılması insan haqlarının müdafiəsinə mühüm töhfələr vermiş olur. Hakimlərin müstəqilliyi, siyasətsizləşdirilməsi, toxunulmazlığı və şəxsi təhlükəsizliyi təmin olunur. Prokurorluğun funksiyaları və statusu yeni demokratik şəraitə uyğunlaşdırıldığı hüquqi dövlət quruculuğu və insan hüquq və azadlıqlarının yeri və rolu beynəlxalq standartlara uyğun müəyyənləşdirilib, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun qəbul edilib, “İnsan hüquq və azadlıqlarını təmin və polisin fəaliyyətini tənzim etmək məqsədilə hüquq-mühafizə orqanları sistemində mühüm yer tutan “Polis haqqında” qanun qəbul edilir. Qanuna görə polis ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması, habelə, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətlərində fəaliyyət göstərir və polisin səlahiyyətləri qanunda dəqiq müəyyən edilir. Polisin fəaliyyəti üzərində nəzarət mexanizmləri təsis edilir, polis əməkdaşlarının qanunsuz hərəkətlərindən və qərarlarından məhkəməyə müraciət etmək hüququ təsbit olunur”.
Ekspertlərin gəldiyi qənaətə görə, “İnsan haqları ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı ən önəmli beynəlxalq Konvensiyalardan biri “İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasıdır”. “İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası (Avropa İnsan Haqları Konvensiyası, 1950) Avropa Şurası üzvü olan ölkələr üçün əsas normativ-hüquqi aktlardan biridir. Ötən müddət ərzində ölkəmiz insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Əldə olunan bu kimi uğurlar, nailiyyətlər təbii ki, davamlı xarakter daşıyacaq. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət insanların sağlam, təhlükəsiz, sosial, iqtisadi cəhətdən tam şəkildə təmin olunmasına hesablanıb. Vacib amil isə Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin, Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
İ.ƏLİYEV
Comments are closed, but trackbacks and pingbacks are open.