Azərbaycanda jurnalistlər ən çox hansı prinsipləri pozurlar
“İndi daha geniş anlamda bu sahədə fəaliyyət göstərən beynəlxalq ekspertlətlə əlaqə saxlayırıq. Onlar öz təkliflərini veriblər. Bu təkliflərin bəziləri Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarının maddələri ilə üst-üstə düşür, bəziləri isə uyğun gəlmir. İndi bu məqamların müzakirələrini keçiririk”, – Amaşov deyib.
Azərbaycanda jurnalistlərin peşə davranış qaydalarında dəyişikliklər ediləcək – Mətbuat Şurasının sədri Əflatun Amaşov
Azərbaycanda jurnalistlərin peşə davranış qaydalarında dəyişikliklər ediləcək. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
“Biz ATƏT ilə iki istiqamətdə fəaliyyət göstəririk. Bunlardan birincisi, jurnalistlərin peşə davranış qaydalarının təkmilləşdirilməsi, digəri isə “Diffamasiya haqqında” qanun layihəsinin hazırlanmasıdır”, – Amaşov əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda jurnalistlərin peşə davranış qaydalarının təkmilləşdirilməsinə ehtiyac var.
“Azərbaycanda peşə davranış qaydaları deklorativ xarakter daşıyır, yalnız tezislərdən ibarətdir. Biz bu qaydaları tezis halından çıxarıb bəzi məqamları dərinləşdirmək məcburiyyətindəyik. Çünki MŞ-yə daxil olan şikayətlərdə elə hallar olur ki, davranış qaydaları ümumi prinsipləri birləşdirdiyinə görə müəyyən edə bilmirik ki, hansı davranış qaydası pozulub”, – Amaşov bildirib.
Azərbaycanda jurnalistlərin peşə davranış qaydaları Azərbaycan jurnalistlərinin birinci qurultayında, 2003-cü ilin martın 15-də qəbul olunub.
Mətbuat Şurasının sədri bununla bağlı müəyyən təkliflərin də olduğunu söyləyib.
“İndi daha geniş anlamda bu sahədə fəaliyyət göstərən beynəlxalq ekspertlətlə əlaqə saxlayırıq. Onlar öz təkliflərini veriblər. Bu təkliflərin bəziləri Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarının maddələri ilə üst-üstə düşür, bəziləri isə uyğun gəlmir. İndi bu məqamların müzakirələrini keçiririk”, – Amaşov deyib.
Amaşov qeyd olunan təkliflərin müzakirəsi ilə bağlı bir sıra tədbirlərin təşkil ediləcəyini söyləyib.
MŞ sədri “Diffamasiya haqqında” qanun layihəsinin müzakirələri ilə bağlı son durum haqqında danışıb.
“Biz Avropaya inteqrasiya yolunu tutmuşuqsa, gec-tez biz də “Diffamasiya haqqında” qanun layihəsini qəbul etməliyik. Lakin Avropanın bir çox ölkələrində bu qanun hələ də qəbul olunmayıb. Böyük Britaniyada bu qanun bu il qəbul olunub. Ancaq proses bütün Avropa ölkələrində gedir və əvvəl-axır, bütün ölkələrdə qəbul olunacaq”, – Amaşov deyib.
“Diffamasiya haqqında” qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupa millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildirlər.
Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.
“Diffamasiya haqqında” qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı – Azərbaycan Jurnalistlər Birliyi, “Nəcəf Nəcəfov” Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası Parlamentə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.
Azərbaycanda jurnalistlər ən çox hansı prinsipləri pozurlar?
“Mətbuat Şurası Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları üzrə şikayətlərə baxır. Bizim əsas istinad edəcəyimiz sənəd budur. Vətəndaşların müraciətləri zamanı da şikayətləri bu istiqamətdə təsnifatlaşdırırıq. Hər il Mətbuat Şurasına çoxsaylı müraciətlər və şikayətlər daxil olur, bu, dəyişilən rəqəmlərdir”.
Oxu.Az xəbər verir ki, bunu Mətbuat Şurası sədrinin müavini, qurumun Şikayətlər üzrə komissiyasının sədri Müşfiq Ələsgərli Modern.az-a açıqlaması zamanı bildirib: “2016-cı ilin yekun hesabatına görə Mətbuat Şurasına təqribən 686 müraciət daxil olub. Bu müraciətlərdən 322-si birbaşa kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Bu şikayətlər müxtəlif məsələləri əhatə edir. Demək olar ki, əhalinin bütün sosial təbəqələrindən şikayətlər daxil olur.
Məsələn, 322 şikayətdən 118-i ayrı-ayrı sıravi vətəndaşlardan, 91-i dövlət idarə, müəssisə və təşkilatlarından,78-i özəl müəssisələrdən,16-sı özünüidarəetmə orqanlarından,19-u isə ictimai qurumlardandır. Şikayətlər, demək olar ki, bütün ölkə üzrə daxil olub.
Daxil olan şikayətlərdən 29,3 faizi qəzetlərdə, 51,9 faizi internet xəbər portallarında, 4 faizi jurnallarda, 14,8 faizi isə informasiya agentliklərində dərc olunan materiallardandır”.
M.Ələsgərli şikayətlərin daha çox hansı prinsiplər istiqamətində olduğundan da danışıb: “Bilirsiniz, Azərbaycanda jurnalist peşə davranış qaydalarının 4 mühüm prinsipi və hər prinsipin də öz maddələri var. Birinci prinsip həqiqətə xidmət, dəqiqlik və obyektivlik, ikinci prinsip informasiya qaynaqlarına sayğılı yanaşma, üçüncü prinsip şərəf və ləyaqətin qorunması, dördüncü prinsip isə jurnalistlərin özünün və çalışdığı orqanın reputasiyasının qorunmasıdır.
Jurnalistlər peşə davranış qaydalarının ən çox birinci prinsipini pozurlar. Bu, təəssüf hissi doğurur.
Birinci prinsipin 2-ci maddəsi üzrə pozuntular şikayətlərin təqribən 24,8 faizini əhatə edir: Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib, bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmaq üçün çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir.
Birinci prinsipin 3-cü maddəsi üzrə pozuntular şikayətlərin 4,9 faizidir. Yazıda şərhlər elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, faktdan ayıra bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın.
İkinci prinsipin 1-ci maddəsi üzrə pozuntular şikayətlərin 3,5 faizidir: Təşkilatların, partiyaların, cəmiyyətlərin, birliklərin və hər hansı digər maraqlı qrupların rəsmi məlumatları yayılarkən mənbə mütləq göstərilməlidir. Lakin bilgi verən şəxs adının gizli saxlanması şərtini irəli sürürsə, jurnalist və informasiya orqanı bu şərtə mütləq əməl etməlidir. İnformasiya qaynağının gizliliyi qorunmalıdır.
İkinci prinsipin 2-ci maddəsi üzrə pozuntular şikayətlərin 16,1 faizidir: Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır. İnformasiya çapa hazırlanarkən onun mənası təhrif olunmamalıdır. Başqa mətndən və ya çıxışdan sitat gətirərkən jurnalist həmin sitatın harada başlandığını və bitdiyini dəqiq bildirməlidir. Fotosimvolların (illüstrasiya, fotomontaj və sair) dərci zamanı şəklin sənədli xarakter daşımadığı qeyd olunmalıdır. Yazıların sərlövhələri onun məzmununa uyğun gəlməlidir.
Üçüncü prinsipin 2-ci maddəsi üzrə pozuntular şikayətlərin 28,9 faizidir: Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır.
Dördüncü prinsipin 6-cı maddəsi üzrə pozuntular şikayətlərin 10,3 faizidir: Plagiat yolverilməz hərəkətdir.
Dördüncü prinsipin 7-ci maddəsi üzrə pozuntular şikayətlərin 11,5 faizidir: Jurnalist yazılarında vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməli, Azərbaycan dilinin zənginləşməsinə öz töhfəsini verməklə yanaşı, onun təmizliyinin qorunub-saxlanmasına da çalışmalıdır.
Burada diqqət çəkən əsas məqam bütün prinsiplərin maddələri üzrə şikayətlər daxil olsa da, üçüncü prinsipin 1-ci maddəsi üzrə heç bir şikayət daxil olmayıb.
Yəni faiz nisbəti sıfırdır. Bu da “Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, ehtiyac duyulmadıqda onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır” maddəsidir.
Bu, onu deməyə əsas verir ki, Azərbaycanda, həqiqətən də, tolerantlıq, multikultural dəyərlərə hörmət mövcuddur”.
Bəzi şikayətçilər cavabdeh KİV-in fəaliyyətinin dayandırılmasını istəyirlər
Müsahibimiz həmçinin 2017-ci ilin yanvarından iyul ayına qədər olan şikayətlərdən söz açıb: “Bu müddətdə Azərbaycan Mətbuat Şurasına daxil olan şikayətlərin 28,9 faizi qəzetlərdə, 57,1 faizi internet media vasitələrində, 9,5 faizi ayrı-ayrı bloqlarda, 4,5 faizi jurnallarda yer alan materiallarla bağlıdır.
Qarşı tərəfin mövqeyinin öyrənilməməsi və ya onlara şərait yaradılmaması ilə bağlı şikayətlər 28 faizdir. Bu şikayəti edənlərin təqribən 48 faizi istəyib ki, həmin KİV-lər təkzib versin və üzr istəsinlər.
Qarşı tərəfin möqvqeyinin işıqlandırmasını tələb edənlər 36 faizdir. Bəzi şikayətçilər istəyirlər ki, cavabdeh KİV-in fəaliyyəti dayandırılsın. Bu da 14,8 faizə qədərdir”.
Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları və reallıqlar
ATƏT-in Bakı ofisi və Azərbaycan Mətbuat Şurasının “Medianın özünü tənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” mövzusunda keçirdiyi konfransda “Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları”nın yeni variantının təqdimatı olub. Sənəd bu prinsipə əsaslanır: həqiqətə xidmət, dəqiqlik və obyektivlik; informasiya qaynaqlarına sayğılı yanaşma; şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı; jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması.
ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel bildirib ki, ATƏT-ə üzv ölkələrin xəbər almaq, xəbər hazırlamaq və yaymaq azadlığı ilə bağlı öhdəlikləri var. “Ümid edirəm ki, yeni qaydaların qəbulu öhdəliklərin daha yaxşı yerinə yetirilməsinə və Azərbaycanda təhqir, böhtan və diffamasiyanın dekriminallaşdırılmasına təkan verəcək”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov hesab edir ki, Jurnalistlərin Peşə Davranış Qaydalarının yeni variantı jurnalist mədəniyyətinin inkişafına səbəb olacaq. O həmçinin “Diffamasiya haqqında” qanunun tezliklə qəbul ediləcəyinə əmindir. “Mətbuat Şurası 2010-cu ili diffamasiya ili elan edib”.
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin konfransa göndərdiyi çıxışı səsləndirilib. O Azərbaycan hakimiyyətini böhtana görə cinayət cəzasının ləğvinə çağırıb. “Mən böhtan haqqında repressiv qanunların ləğvinə və mətbuatın müstəqil məsuliyyət sisteminin yaradılmasına tərəfdaram. Şərəf və ləyaqətin qorunması haqqında mövcud qanunvericilik ATƏT məkanında müstəqil KİV-ə təzyiq mexanizmlərindən biridir. O, jurnalistlərin işinə ciddi əngəl törədir, hakimiyyəti tənqiddən qoruyur. Bütün bunlar demokratik cəmiyyətdə jurnalistin öz rolunu yerinə yetirməsinə – korrupsiyanı ifşa etməsinə, siyasi prosesləri işıqlandırmasına və hökuməti tənqid etməsinə mane olur”.
Rəsmi “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov hesab edir ki, Jurnalistlərin Peşə Davranış Qaydalarına onların redaksiyalarından başlanmalıdır. “Gündə cəmi bir neçə yüz nüsxə satılan qəzetlər haradan maliyyələşir, bunlar öyrənilməlidir”.
Ekspert, Bakı Dövlət Universitetinin doktoru Qulu Məhərrəmli Jurnalistlərin Peşə
Davranışı Qaydaları ilə bağlı qəbul ediləcək istənilən sənədin media azadlığı sahəsində mövcud durumu dəyişəcəyinə inanmır. “Azad media olmadan istənilən sənəd duruma təsir edə bilməz”.
Konfransda Mətbuat Şurasının İdarə Heyəti üzvünün iqtidar partiyasının fəalı olması, prezidentin jurnalistlərə mənzil tikintisi üçün 5 milyon manat ayırması, bəzi televiziyaların qara piarla məşğul olması, reket jurnalistikası və başqa məsələlər də diqqət mərkəzində olub. “Reket hüquqi termindir. Bu məsuliyyəti yalnız məhkəmələr müəyyən edir. Odur ki, Mətbuat Şurasının jurnalistləri və ya qəzetləri reket elan etməsi düzgün yanaşma deyil. Reketçilik məsələsi daha çox məmurlara aiddir. Jurnalist reket elan edilirsə, məmur da reket elan edilməlidir”, – deyə Rusiyanın “Naş Dom” hüquq müdafiə təşkilatının nümayəndəsi qeyd edib.
Digər beynəlxalq ekspert, Amerikanın İREX Mediaya Yardım Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Şeldon Markoff Mətbuat Şurasının sədrinə və hökumət rəsmilərinə davranış qaydalarının “jurnalist cəmiyyəti dəqiq informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı şəxsi, siyasi və ya maliyyə xarakterli həvəsləndirmələr qəbul etməməli, qiymətli hədiyyə almamalı, yaxud özünə pulsuz xidmət göstərilməsinə yol verməməlidir” bəndi ilə Azərbaycan prezidentinin jurnalistlər üçün ev tikintisinə 5 milyon manat ayırması nə qədər uzlaşır” sualını ünvanlayıb.
Rəsmi hakimiyyət nümayəndələri və Mətbuat Şurası prezidentin sərəncamını dəstəklədiyini nümayiş etdirib.
Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərov bildirib ki, prezidentin ayırdığı vəsait hesabına tikiləcək mənzillər ehtiyacı olan jurnalistlərə hədiyyə ediləcək və bu, gələcəkdə də davam etdiriləcək. “Burada mediaya və jurnalistlərə təsirdən söhbət gedə bilməz. Maliyyənin xərclənməsi və mənzillərin verilməsi şəffaf olacaq”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, prezidentin addımı zərurətdən irəli gəldiyindən Jurnalistlərin Peşə Davranış Qaydalarının pozulması kimi başa düşülməməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.