Ki xanlığı
Şəki hakimliyinin ərazisi eyni zamanda Xilafətin süqutundan sonra uzun müddət islamla xristianlıq arasında mürəkkəb mübarizə meydanı olmuşdur. Bu mübarizənin gedişində üstünlük təşkil edən türk toplumları, o cümlədən oğuz – türk tayfaları regionun etnik – siyasi tarixində mühüm rol oynamış, buralarda islam dininin geniş yayılmasını və üstünlük qazanmasını təmin etmişlər.
Şəki xanlarının müxtəsər tarixi
Noxuda bir keşiş varmış, amma nə tarixdə olduğu məlum deyildir, adına Qara keşiş deyərlərmiş. Noxuda böyük imiş. Və bir keşiş də Kiş kəndində böyük imiş. Qara keşiş Kişdəki keşişin qızını oğluna istər ki ala. Kişdəki keşiş deyər ki, mənim qızım ağ su ilə pərvəriş tapıbdır, qara su olan yerə qızımı vermərəm. Sonra Qara keşiş deyər ki, Kiş çayından bir arx mən də evimin yanına gətirərəm. Kişdəki keşiş deyər ki, suyu gətir, sonra qızımı oğluna verim. Qara keşiş bu sudan bir arx gətirər. Sonra (Kişdəki keşiş) qızını bunun oğluna verər. Və Qara keşişin oğlunun adı Candardır. Candar bir neçə vaxtdan sonra müsəlman olub, adına Əlican deyibdirlər və Əlicanın oğlu Qutul xandır. Qutul xanı İran padşahının biri Şəkidə xan edibdir. Qutul xanın oğlunun adı Şəki xandır. Və Şəki xanın oğlunun adı Həsən Sultandır.
Amma Həsən Sultanın qəziyyəsini “Aləm-ara” adlı bir tarix kitabı var, o kitabda belə yazıbdır ki, Həsən Sultan (ali) – Səfəviyyə şahı Şah İsmayıla qulluq edərdi. Gürcü valisinin gücü və qüdrəti çox idi. Amma şaha qulluq eləmək səbəbi ilə Həsən Sultana gücü çatmazdı. Şah İsmayıl ölən ildə Gürcüstan valisi Levond xan qoşun götürüb gəlib və Həsən Sultan da qoşun ilə onun qabağına gedib, dava elədilər. Davada Həsən Sultan öldü. Sonra Şəki vilayətinin böyükləri Həsən Sultanın oğlu Dərviş Məhəmməd xanı özlərinə hakim elədilər. Və Şah İsmayıl öləndən sonra oğlu Şah Təhmasib İranda şah oldu.
Dərviş Məhəmməd xan atası kimi şaha qulluq eləmədi. Şirvan vilayətinə şahın qoşunu gəlib dava edəndə, Dərviş Məhəmməd xan da qoşun götürüb gedib Şirvanda Qızılbaş qoşununa şəbxun edibdirmiş. Bu qəziyyəni də Şah Təhmasibə Şirvandakı qoşun böyükləri məlum elədi. Şah Təhmasib, tarixi-islamiyyə doqquz yüz əlli səkkizdə olanda, qoşun ilə gedib, Ərəş mahalına düşdü. Şah Ərəşə gələndə bu ətrafda olan hakimlər ehtiyat elədilər. Levond xan valiyi-Gürcüstan Ərəşdə şahın qulluğuna gəlib,itaət elədi və şah ona xələt verdi və nəvaziş elədi. Şah, Dərviş Məhəmməd xana fərman göndərdi ki, gəl sən də qulluq elə; özünü xarab eləmə, padşahın sənə şəfəqqəti çox olar. Dərviş Məhəmməd xan və Şəkinin böyükləri yerlərinin möhkəmliyinə məğrur olub, qəbul eləmədilər. Şəki vilayətinin sərkərdələri, bəzisi Kiş qalasını bərkidib onda durdular və Dərviş Məhəmməd xan özü bir para böyüklərlə Gələsən-görəsən qalasına getdilər.
Gələsən-görəsən qalası çox hündür və bərk olmasına görə onu heç kimsə ala bilməmişdi. Və bir para adamlarda Əbruz (Elbrus) dağı ki, Qafqazdır, onun ətəklərində sığnaq elədilər. Şah Təhmasib bu işdən çox acıqlanıb, qızılbaş xanlarının bir parasın Kiş qalasına almağa müqərrər buyurdu. Və bir para xanları Levond xan bilə Gələsən-görəsən qalasının üstünə göndərdi; və bir para xanları Əbruz ətəyində olan sığnaq üstünə göndərdi.
Kiş qalasına gedən xanlar qalaya top və tüfəng urdular. Qala əhli gördülər (ki) qala xarab olur. Qalanın yaharın (açarın) özlərilə götürüb, padşahın hüzuruna gəldilər. Padşahın bunlara şəfəqqəti oldu və xələt verdi. Sonra padşah buyurdu Kiş qalasın söküb, xarab elədilər. Və padşah özü də qoşun ilə sığnaq tərəfinə hərəkət elədi.
Sığnaq əhli padşahın gəlməyin və Kiş qalasının xarab olmağın görüb, dəstə-dəstə, fovc-fovc padşahın hüzuruna gəlib, icz izhar elədilər.
Dərviş Məhəmməd xan, bu adamların getməyin və özləri yalquz qalmağın görüb, peşiman olub bir gecə 400 adam götürüb, Gələsən-görəsəndən çıxdı ki, qaça gedə. Bir para xanlar ki, Levond ilə o həvalidə durmuşdular Dərviş Məhəmməd xanın getməyin bilib, qoşun əhli yolların tutubdurlar. Bir az yol getməmiş bunlara çatıb, dava elədilər. Dərviş Məhəmməd xanın çox adamları ölüb, Dərviş Məhəmməd xan özü şamlu Çərəndab Soltanın nökəri Kosa Pirqulu adlı ilə bərabər gəlib, dava elədilər. Kosa Pirqulu buna artıq gəlib başın kəsib, padşahın hüzuruna gətirdi. Padşah buna çox pul və xələt verdi və Şəki vilayətini zəbt elədi. Bu yerəcən “Aləm-ara” kitabinda yazıbdır.
Dərviş Məhəmməd xanın oğlu Baqi bəy uşaq qalıbdır. Dərviş Məhəmməd xan öləndən sonra Şəki vilayətindən bir Hüseyncan adlı bir rəşid kimsə şaha qulluq edərmiş. Şah Təhmasib onu Şəki mahalında, fərman verib, məlik edib. Məlik Hüseyncan deyibdirlər və dəxi (daha) Şəki vilayətində xan qayırmayıb. Və Məlik Hüseyncanın oğlu – Məlik Ziyaüddin Əhməd yüzbaşı, onun oğlu – Məlik Qasım yüzbaşı, onun oğlu – Məlik Əhməd xandır. Bir neçə arxa Şəki mahalında bular məliklik edibdirlər. Bulara Əskiməliklü deyərlər.
Məlik Əhməd xan öləndən sonra uşaqları qalıb, Səfəviyyə padşahının biri adam göndəribdir ki, Şəki mahalının neçə əşya (sənəlik) şahın dəxlin onun övladından alın. Mühəssil gəlib, bunların özlərin və övrətlərin döyüb, tamam mallarin alıb və məliklik adın kəsib, bir özgə nəsildən bir məlik Şəki mahalına fərman verib, məlik edibdir. Onun adı Məlik Hüseyn Saqidir. Bular da iki-üç arxa məliklik edibdir. Biri Məlik Əlmərdən və biri də Məlik Nəcəfdir ki, bular da o nəsildəndir. Axırki Məlik Nəcəfdir, padşah (Nadir şah?) əyyamı malikdir. Və Baqi bəy ki Dərviş Məhəmməd xanın oğlu idi, onda bəylik olmayıb, onun oğlu Əlican, onun oğlu Əsgər və Əsgərin oğlu Alahverdi, onun oğlu Əlican və Əlicanın iki oğlu olub: biri Qurban və biri Əhməd. Qurbanın oğlu Hacı Çələbi və Əhmədin oğlu Hacı Şeyxəli. Hacı Çələbinin Məlik Nəcəf məlik olanda, Şəkidə el arasında abru-dövləti varmış. Hacı Şeyx Qulunun (Şeyx Əlinin) da dövləti varmış. Amma Hacı Çələbinin sikkəsi və rəşadəti ondan artıq imiş.
Məlik Nəcəf padşahdan, özündən qulluq olanda sünni əhlinə çox həvalə edərmiş və sünni əhlini çox incidərmiş. Sünni əhli bunun işindən təngə gəlib Nadir şaha ərz eylədilər ki, məlik qızılbaş olmaq səbəbi ilə bizi çox incidir. Qulluq dərgar olanda qızılbaş əhlindən bizə çox artıq qoyur, bizləri xarab eləyibdir. Padşahın rəiyyəti varıq. Allah xatirinə bizə bir çarə elə. Padşah onlara buyurubdur ki, siz sünni əhlindən bir yaxşı adam qəbul eləyin, qayırın sünni əhlindən vəkil, mənim yanıma gəlsin. Ona fərman verib, mən də vəkil elərəm ki, məlik onsuz bir iş duta bilməsin. Sünni əhli şahın əmrinə görə, məşvərət edərlər ki, Hacı Çələbinin ata-babalarında böyüklük var və özü də rəşid və iş bilən adamdır. Bunu vəkil eləyək.
O vaxt Hacı Çələbi də (hələ) həccə getməmişmiş, adına Çələbi deyərlərmiş. Xalq bunu vəkil edib, padşahın hüzuruna göndərərlər. Şah buna fərman verib, Şəki mahalına vəkil edər ki, Məlik Nəcəf bunsuz rəiyyətə qulluq həvalə eləməsin. Fərman alıb Şəkiyə gəlir, adına vəkil Çələbi deyibdirlər. Məlik Nəcəfi qoymazmış ki, sünni əhlin bihəq yerə incitsin. Məlik Nəcəf bundan ürəyi kinli, ədavətli olub, bəhanə axtarırdı ki, bunu şahın yanında sahibi-təqsir eləsin. Neçə vaxt bundan keçəndən sonra məlik şahın yanına gedər. Şah da İran-Xarabda imiş. Şaha ərz elər ki, Çələbi məni qoymur ki, şahın qulluğun rəiyyətə buyuram. Şahın qulluğunu tutmurlar. Nə özü qulaq asır, nə xalqı qoyur. Şah qəzəbnak olub, Çələbini istər, Çələbi şahın qulluğuna gedər. Şaha bunun gəlməyi məlum olur. Hüzura istər. Məlik də hüzurda varmış. Şah Çələbiyə acıqlanıb ki, mənim qulluğumu nə üçün qoymursan əmələ gələ. Bunu öldürün! Çələbinin boğazına kəndir salırlar. Bu halda, kəndir boğazında, ərz eləyər ki, başına dönüm, mənim təqsirim nədir, bihəq yerə məni öldürürsən? Şah buyurur ki, məlik deyir: Çələbi qoymur şahın qulluğu əmələ gələ. Ərz eylər ki, sənə fəda olum, məsələn şahdan bir qulluq gəlsə məlik dört-beş qulluq da onun üstünə qoyub rəiyyətə həvalə eylər. Mən deyirəm ki, şah məni vəkil edibdir. Razı olmanam ki, şahın rəiyyəti (ni) əbəs yerə xarab eləyəsən. Məlik bu səbəbdən xilaf yerə ərz eylər. Rəiyyət padşahın ixtiyarındadır.
Məlik bu sözdən çox qorxub, şah məlikə çox qəzəbnak olub, Çələbini mürəxxəs eləyib, irəlikindən artıq hökm verib. Çələbi şahın hüzurundan çıxıb, fərmanın alıb, Şəkiyə gəlir və (şah-red.) Məliki də çox söyüb, Şəkiyə göndərir. Şah gecə fikir eləyib, öz əmirlərinə buyurur ki, mənim hüzurumda bir kəsin həddi yoxdur ki, nəfəs çəkə. Şəkili Çələbi nə cürət sahibi varmış ki, boğazında kəndir cürət eləyib bu ərzləri mənə elədi. Heç sözün yanılmadı. Əlbəttə bundan bir xəta əmələ gələcək. Mənim zənnim xəta olmaz.
Bir neçə vaxtdan sonra məlik, Hacı Çələbidən yenə pis sözlər şaha ərz elər. Şah mühəssil göndərir ki, Hacı Çələbidən yüz tümən cərimə alın. Mühəssil gəlib Hacı Çələbidən pulu istər. (Çələbi – red.) Vermənəm, cürmüm nədir ki, cərimə verim, vermənəm (deyər). Bir neçə gün keçər. Sonra mühəssil deyər ki, pulu ver, yoxsa güclə döyərəm allam. Hacı Şeyxəli ki, Hacı Çələbinin əmisidir, deyər: “Çələbi, şahın nökəri ilə yüzləşmə, pulu ver”. Hacı Çələbi verməz. Hacı Şeyxəli çox dövlətli imiş. Oğluna deyər ki, get evimdən pul gətir, cəriməni verək. Hacı Çələbi deyər: sən də vermə. Hacı Şeyxəli onun sözünə baxmaz. Gətirər pulu verər. Mühəssil cəriməni alır, gedir. Şaha burda keçən işləri ərz eylər ki, Hacı Çələbi pulu vermirdi, əmisi verdi. Onu da qoymurdu. Sözünə baxmadı verdi.
Bir neçə vaxtdan sonra Məlik Nəcəf, padşaha Hacı Çələbidən yenə təqsir ərz elər. Şah bu dəfə Hacı Çələbini istər ki, hüzura gəlsin. Adam gəlir Hacı Çələbiyə deyər. Hacı Çələbi bilir ki, bu dəfə yenə şah buna şübhə edəcək. Hacı Çələbi, hər nə ki, sünni əhlinin böyükləri və yüzbaşıları var, xəlvət yığıb, cəm eylər. Deyər ki, şah məni istəyibdir, amma bu dəfə getsəm bilirəm ki, gəlməyəcəyəm. Nə deyirsiz. Bular tamamən deyərlər ki, sən getsən biz Qızılbaşların qulluğuna tab və taqət gətirmənik. Səni getməyə qoymanıq. Deyər: bəs indi mən nə desəm elə elərsiz? Deyərlər: Elərik.
Sabahdan Hacı Çələbi sünni əhlinin böyüklərini və rəşidlərini götürüb gedib Məlik Nəcəfi bir para övladları ilə qırıb öldürürlər. Təmanən cəm olub, tarixi islamiyyə min yüz əlli altıda olanda Hacı Çələbini özlərinə hakim edib, Gələsən-görəsənə gedib, sığnaq elərlər.
Bu əhvəlatı padşaha ərz elərlər. Şah, qoşun göndərib, gəlib Daşbulaq kəndinin yanında Kotandüzü deyərlər, orada ordunu qoyub, bir para zübdə (seçmə) qoşun götürüb, Gələsən-görəsən tərəfinə gedər. Çox dava elərlər. Hər iki tərəfdən çox adam ölər. Hətta şahın qabağında pişxidmətin urarlar. Şahın üməraları ərz elərlər ki, sənə fəda olaq bir para ac, bimənfəət adamlardan ötrü qoşunu nə hacət qırdırırsan. Sonra şah qəbul edib, qayıdıb ordusunda bir para vaxt dəgləşib (əyləşib) sonra gedib, o bir ildə genə gəldi.
Xülaseyi-kəlam üç il Hacı Çələbi Şəki əhli ilə Gələsən-görəsəndə oturub, çox aclıq və tənglik çəkibdirlər. Sonra şah çıxıb gedib. Bunlar da Noxuya düşübdürlər. Şah gedib, Xorasanda şahı öldürübdürlər. İranda məxşuşluluq çox olubdur. Hacı Çələbi çox böyük olub, Təbriz vilayətinəcən buna qulluq edibdirlər.
Nadir şah öləndən sonra İranda bir Əmir Aslan sərdar olub. O da Şəki vilayətinə qoşun çəkib gəlib. Hacı Çələbinin böyük oğlu Həsən ağa bir para qoşun ilə gedib, dava edibdirlər. Həsən ağa o davada ölüb. Əmir Aslan sərdar Şəki vilayətini ala bilməyib, qayıdıb gedibdir.
Bir neçə vaxtdan sonra xoylu Əhməd xan və qaradağlı Kazım xan (və qara) bağlı Pənah xan və gəncəli Şahverdi xan həsəd elərlər ki, Hacı Çələbi nəçün bir belə böyük olmaq gərək. Bular dördü Gürcüstan valisinə adam və kağız göndərərlər ki, biz və sən də qoşun götürüb gedib Hacı Çələbiyə tənbih eləyək. Vali çox qoşun yığıb gəlir. O, dörd xanlara adam göndərər. Olar da gəlir. Vali onların dördünü də dutub, öz qoşunu ilə Hacı Çələbinin üstünə gəlir. Xanları da öz yanında dustaq gətirir. Hacı Çələbi bunu eşidib, bu da qoşun götürüb gedib Şəmkir tərəfində vali ilə dava eləyib, vali çox pis basılıb, çox adamı ölüb, qayıdıb gedibdir. Hacı Çələbi o dörd xanları da valinin əlindən alıb, mürəxxəs eləyib [1] , öz ölkələrinə gedibdirlər.
Sonra bir kərə enə Gürcüstan qoşunu ilə vali gəlib Qanıq [2] kənarında Hacı Çələbi xan ilə dava edib, genə basılıb gedibdir.
Hacı Çələbi xan 12 il hakimlik edib, tarixi islamiyyə min yüz altmış səkkiz də olanda mərhum olub, ölübdür. Oğlu Ağakişi bəy də yerində hakim olub. Surxay xanın atası Məhəmməd xanın qızın alıb, beş il Şəkidə xanlıq edib. Sonra Ağakişi bəy qızını alan Məhəmməd xan, Qumux xanı qoşun ilə Ərəş mahalına gəlib, Ağakişi bəyə adam göndərər ki, qızımın əri gəlsin, görüşək. Ağakişi bəy də bir para adam götürüb gedər. Ərəş sultanı Məlik Əliməhəmməd xan ilə sözü bir olub. Məhəmməd xan tarixi islamiyyə min yüz yetmiş ikidə olanda Ağakişi bəyi öldürər. Qoşunun götürər. Noxuya gələr.
Hüseyn xan ki, Hacı Çələbinin böyük oğlu Həsən ağanın oğludur, o vaxt cahil oğlan imiş. Şəki bəylərinin bir parası onu götürüb Şirvan vilayətinə qaçıbdırlar. Məhəmməd xan Noxuya gəlib, Hacı Çələbinin çox pulun və xəzinəsinin yerini duyubdurlar. Yerdən çıxarıb, Noxuda zülmlər edib, qırx gün Noxuda qalıb. Qırx gündən sonra Şəki əhli dönüb, Hüseyn xanı Şirvandan gətirib, Məhəmməd xanı Şəkidən qovub, Hüseyn xanı Şəkidə xan edibdirlər. Ərəş sultanı Məlik Əli Hüseyn xana qulaq asmayıb. İki il Hüseyn (xan) xan olandan sonra İranda bir əfşar Fətəli xan varmış, sərdar imiş, Qarabağa gəlir. Məlik Əli Fətəli xan (ın) yanına gedər ki, Şəkidə onu xan eləyə. Hüseyn xan bunu eşidib, bu da peşkəş ilə sərdarın yanına gedər. Sərdar Fətəli xan bir para kəslərdən və böyüklərdən xəbər alır ki, Şəki vilayətinin əsl bəyzadəsi Məlik Əlidir, yoxsa Hüseyn xandır? Ərz elərlər ki, Hüseyn xandır. Onların övladı buların nökərləridir. Həmişə bunlara qulluq edibdirlər . Sonra sərdar Fətəli xan Məlik Əliyə naxoş olub [3] ki, ağanın yüzünə nəyçün durursan, deyib, tutub Hüseyn xana verib. Hüseyn xana xələt verib ki, mən də səni xan elədim. Hüseyn xan Məlik Əlini alıb, Şəkiyə gəlir və Məlik Əlini öldürür və Şəkidə hakim olur.
Hacı Çələbinin dörd oğlu var: Həsən ağa, Ağakişi bəy, Cəfər ağa və Hacı Əbdülqadir xan. Hüseyn xan (ın) xanlığından bir neçə il keçəndən sonra, bir para kəslər Cəfər ağaya təhrik verirlər ki, sən Hacı Çələbinin oğlusan Hüseyn xan nəvəsidir. Nəyçün sən xan olmursan, o xan ola. Cəfər ağa da bundan ötrü Hüseyn xandan ədavət elər ki, gün-gündən ədavət aralarında ziyad olur. Hüseyn xan nə qədər hərəkət edir ki, bunu islah eləyə çarə olmaz. Axırı iş çox bərki olur. Hüseyn xan çarə tapmaz. Cəfər ağanı ölürür. Və Hacı Əbdülqadir Cəfər ağanın qardaşıdır, bu işdən küdurət edib, bir neçə ildən sonra Şəki bəylərindən və Ərmiş (Ərəş) bəylərindən üstünə cəm edib, [4] qaçıb Ərəşdə, Kür kənarında Dardoqqaz adlı bir ada var, orada bir bərki səngər qayırıb, Qarabağlı İbrahim xan da, o da bulara kömək olub, orda durarlar. Hüseyn xan ilə onun arasında bir neçə davaları olub. Ağakişi bəyin oğlu Bala Hacı xan o davaların birində ölübdür. Hüseyn xan iyirmi il Şəki vilayətində xanlıq edib. Axırı bir neçə vaxtdan sonra Hacı Əbdülqadir bəy fürsət tapıb Şəki və Ərəş bəyləri ilə gedib, Hüseyn xanı Nuxa qalasında dutub, tarixi islamiyyə min yüz doxsan dörddə olanda Hüseyn xanı öldürüb, Şəki vilayətində xan olubdur. Hacı Əbdulqadir xan deyilibdir.
Bir neçə vaxtdan sonra Hüseyn xanın Əhməd ağa adlı bir oğlu varmış, onu da öldürür. Məhəmmədhəsən Hüseyn xan oğlu Qarabağda imiş. Ordan Cara gələr. Cardan qoşun götürüb gəlib Hacı Əbdülqadir xan ilə dava elər, basılır gedər. Hacı Əbdülqadir xan üç il yarım Şəkidə xanlıq edib.
Məhəmmədhəsən xan sonra bir də Cardan qoşun cəm edib, gəlib Hacı Əbdülqadir xan ilə dava edər. Bu dəfə Hacı Əbülqadir xan basılır.
Qacar, Şirvan vilayətində Mustafa xanın atası Ağası xanın yanına gedər. Ağası xan, onu tutub Məhəmmədhəsən xana verir. Tarixi islamiyyə min yüz doxsan səkkizdə olanda Məhəmmədhəsən xan onu öldürüb, Şəki vilayətində xan oldu və Məhəmmədhəsən xan Hacı Əbdülqadir xanın yeddi xırda oğlunu öldürübdür. Onun oğul övladı qalmadı. Məhəmmədhəsən xan bir iki il xanlıq edəndən sonra, mənim atam Fətəli xan Məhəmmədhəsən xanın qardaşıdır, onun anası Ərəş sultanının qızıdır. Ərəş sultanı Məlik Əlinin oğlanları o vaxtda Ərəşdə böyük və sikkəli və güclü bəylərmiş ki, Fətəli xanın anasının qardaşlarıdır; Məhəmmədhəsən xan , Fətəli xanın qohumları böyük və çox olmaq və özü də Hüseyn xanın istəgi (istəkli) oğlu olmaq səbəbindən ehtiyat elər ki, bəlkə xarab eləyə [5] , tutub Fətəli xanın gözlərin çıxarıb, özü də evində dustaq elər.
Bir neçə ildən sonra Səlim xan (Hüseyn xanın kiçik oğludur), Məhəmmədhəsən xan buna rütbə varməz, birütbə saxlar. Bəlkə xarab eləmək qəsdində olur. Səlim xan, Məhəmmədhəsən xanın yamanlıq qəsdindən qorxub bir para Şəki vilayətinin bəylərindən özünə yoldaş eləyib, tarixi islamiyyə min yüz doxsan doqquzda olanda Şəkidən qaçıb, Car vilayətinə gedər. Haman o ildə İran şahı Ağa Məhəmməd şah qoşun ilə Qarabağ vilayətinin üstünə gəlib, orada əyləşdi. Məhəmmədhəsən xan, şaha qulluq eləmək və ixlas [6] göstərməkdən ötrü Hacı Seyid adlı bir böyük, külli ixtiyar nökəri vardı, bunu padşahın qulluğuna göndərdi. Ağa Hacı Seyid ürəyində Məhəmmədhəsən xandan çox incik imiş. Və (o) şaha ərz elər ki, hərgah istəsən ki, Şəki vilayəti sənə qulluq eləyə, gərəkdir Məhəmmədhəsən xanı öldürəsən, ya gözlərin çıxardasan. Şah öz xanlarından ki, (Dəvəli) Mustafa xan ola, sərdar elər. On iki min qoşun verib, göndərər ki, get Şirvan vilayətin zəbt elə. Məhəmmədhəsən xanı dutub, gözlərini çıxardıb, Təbriz vilayətinə götür (ötür) getsin. Dəvəli Mustafa xan qoşun ilə Kürdən keçib, Şirvan vilayətinə gəlir. Şirvan xanı Mustafa xan Fit dağı adlı bir bərk yer varmış, qaçıb orada sığnaq elər. Qızılbaş qoşunu Şirvanın çöllərindən ələ gələni çapar aparar.
Məhəmmədhəsən xan on iki il xanlıq eləyib. O ildə tarixi islamiyyə min iki yüz onda idi, Səlim xan Cardan və Avardan bir para qoşun cəm edib, gəlir. Göynük kəndinin yanında dava elədilər. Məhəmmədhəsən xan basılıb, gəlib Noxuya. Səlim xan Car və Avar qoşunu ilə daluncə Noxuya gəlib daxil olubdur. Dəvəli Mustafa xan qoşunu ilə Şirvandan Ağdaşa gəlib, bir neçə gün Ağdaşda qalıb, sonra Xaçmaz mahalında Tərkəş adlı kəndin ayağında düşüb əyləşdi. Məhəmmədhəsən xan, Ağa Məhəmməd şaha qulluq elədiyinə və adamı şahın yanında olmağına (arxayın) olub, Dəvəli Mustafa xandan ötrü gəlir və nə fikirdə olmağından xəbəri olmayıb, gəlib Noxudan çıxar gedər ki, gedib Dəvəli Mustafa xandan qoşun alıb, Səlim xanı Şəkidən çıxarıb (çıxara). Tərkəş ayağında Dəvəli Mustafa xanın qoşununa daxil olan kimi, Mustafa xan Məhəmmədhəsən xanı tutdurub, tamam nökərlərin soydurub, özünün gözlərini çıxarıb, bir neçə qızılbaş adına (adamına) verib, Təbriz vilayətinə göndərdi.
Səlim xan Şəkidə xan olub əyləşdi. Bir neçə vaxtdan sonra Məhəmmədhəsən xanın yeddi xırda oğlun öldürübdür. Səlim xan da şaha qulluq eləmiyib, Qızılbaş qoşunundan ehtiyat edib, şəhəri köçürüb, Gələsən-görəsənə aparıb, orda sığnaq elədi. Ağa Məhəmməd şah o il Qarabağı ala bilməyib, qoşunların götürüb, geri qayıdıb getdi. Və Dəvəli Mustafa xan (ı) da Şirvanda öldürübdür. O bir ildə şah genə gəlib, qoşunu da Məhəmmədhəsən xanı da Muğanda qoyub, özü qalan qoşunu götürüb, Qarabağ üstünə gəldi.
Şirvanlı Mustafa xanı və Gəncəli Cavad xanı şah istəyib yanına aparmışdı. O il, çox aclıq olub, Qarabağ tab gətirməyib, İbrahim xan övladları ilə Car vilayətinə qaçdı. Şah Qarabağı alıb, özü gedib Şiş (Şuşa) qalasında əyləşdi. Haman o ildə ki, tarixi islamiyyə min iki yüz on birdə idi. Şişə qalasında şahın öz pişxidməti ki, bəlkə şah məni öldürə, bir gecə şahı öldürür. Sabahdan qoşun əhli bu qəziyyəni bilib, tamam qoşun bir-birinə dəyib, çox-çox məxşuşluq olub, Qızılbaş qoşunu tamam əkildi getdi. Və Şirvanlı Mustafa xan oradan gəlib, Muğandan Məhəmmədhəsən xanı da götürüb, Şirvana gəldi. Bir neçə gün saxlayıb, sonra Məhəmmədhəsən xanı götürüb, Şəkiyə gəldi ki, bunu yenə xan eləyə. Səlim xan eşidib, çıxıb qaçdı. Məhəmmədhəsən xanı Mustafa xan gətirib, bir də xan eylədi. Mustafa xan və Məhəmmədhəsən xan ikisi dost olub dolandılar. Səkkiz il Məhəmmədhəsən xan genə xanlıq elədi. Sonra xan ilə araları yaman olub düşmən oldular. Mustafa xan Səlim xanı Qarabağdan gətirdi ki, gələ Məhəmmədhəsən xanı çıxarıb Səlim xanı xan eyləyə. Və Məhəmmədhəsən xan da qoşun götürüb, Qarabağa gedəndə, yolda işin yüzünə baxıb bildi ki, ölkədə bunu istəməyən kəslər çoxdur. Mustafa xan ilə dava eləyə bilməz. Naçar qoşunu dağıdıb, bir para adamla Mustafa xanın yanına gedər ki, bəlkə genə mənim ilə dost ola, xanlıq munda qalıb, qayıda genə Şəkiyə gələ. Gedən kimi Mustafa xan bunu dutdurub Şirvana göndərir. Və Səlim xanı da saxlar. Bu fikirdə olar ki, öz bəylərindən birini Şəkiyə naib göndərə. Şəki əhli böyük, kiçik yığılıb, mənim atam Fətəli xanın üstünə cəm olub, andlar içib, bərk ittifaq edib, tarixi islamiyyə min iki yüz on doqquzda olanda xan edərlər. İki-üç ay xanlıq elər. Və Mustafa xan görər ki, elədiyi əmələ gətirə bilməz və Fətəli xanın yanına adam göndərər və dostluq elər ki, oğlun da göndərsin və bir neçə vaxt yanımda qalsın. Mən də kiçik idim. Atam məni Şirvana göndərdi. Mən gedən vaxt Səlim xanı Mustafa xan Ağdaş mahalına göndərdi. Ağdaşda bir neçə gün qalandan sonra Şəki bəylərindən iki-üç adam Səlim xana dil verər. Səlim xan da xəbərsiz bir gecə, atlanıb gələr. Fətəli xan xəbərsiz, and içibdirlər, nə bilsin ki, bir neçə bəy xəyanət elərmiş. Səlim xana dil verən bəyin birinə qalanın qapısını tapşırır. Qapıda duran bəy Səlim xan gələn kimi, qapını açıb qalaya salır. Yuxarıda yazılan tarixdə Səlim xan genə Şəkidə xan olur. Bir il yarım xanlıq elər. Və (o) vaxt ki, Qarabağlı İbrahim xan dönüb, Rusiya qoşunu onun ilə dava eləyib, İbrahim xan öləndə Səlim xanın bacısı da orada ölür. Səlim xan bu işdən küdurət eləyib, yaxındakı Rusiya qoşunundan bir neçə adam öldürür. Səlim xanın bu xəyanətindən öz yanında olan sərdar valatəbar qəzəbnak olub. Nebolsin yanaral bir para Rusiya qoşunu ilə Səlim xanın üstünə göndərir. Səlim xan bir az dava eləyib, bacarmaz, çıxıb Qızılbaş tərəfinə qaçar. Nebolsin yanaral bu vilayətin ixtiyarın genə Fətəli xana verir. Amma xoylu Cəfərqulu xan Şəki vilayətin padşahi-aləm pənahdan istəyib, padşah da ona veribdirmiş. Sonra tarixi islamiyyə min iki yüz iyirmi birdə olanda Cəfərqulu xan padşahın əmri ilə Şəki vilayətində xan oldu. Mən də Cəfərqulu xan əyyamı Şəkiyə gəldim. Təhrirən fi 20 (zil) qə’dətü-l-həram 1244 (24-Y-1829).
Hacı Çələbinin nəsli bu tərz ilə
Hacı Çələbi xan
Həsən ağa | Ağakişi bəy
Hüseyn xan | Bala Hacı xan
Mahmud ağa
Məhəmmədhəsən xan, Fətəli xan, Səlim xan
Kərim xan
Abdulla ağa, | Hüseyn ağa,
Əbdülrəhim ağa, | Hacı xan,
Haşım ağa. | Səlim xan.
Şərhlər [ redaktə ]
- ↑ Azad edib
- ↑ Qanıq-Alazan çayı
- ↑ Acığı gəlib
- ↑ Başına yığıb
- ↑ Xəyanət edə
- ↑ Səmimiyyət
Mənbə [ redaktə ]
- Kərim Ağa Fateh, Şəki xanlarının müxtəsər tarixi, 2-ci, təkrar nəşri. “Azərbaycan Ensiklopediyası” NPB. Bakı. 1993, səh. 8-15. ISBN: 89600-007-4
- Məmməd Adilov, “Şəki xanlarının əslü nəcabəti haqqında”, “Tarix” qəzeti (N 18), 1997
Şəki xanlığı
Şəki xanlığının yaranması və ərazisinin genişlənməsi. Müstəqil Azərbaycan dövləti olan Şəki xanlığı 1743-1744-cü illər üsyanı nəticəsində yarandı. Xanlığın əsasını Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Hacı Çələbi qoymuşdur. Bu dövlətin yaranması Azərbaycanın böyük bir hissəsində dövlətçiliyin bərpası olmaqla yanaşı, müstəqillik və azadlıq ideyalarının yaşadılması demək idi. Şəki xanı Hacı Çələbi dövlətin ərazisini genişləndirmək və istiqlaliyyətini möhkəmləndirmək üçün Təbriz üzərinə yürüş edir. Lakin Təbriz hakimi Əmiraslan xan bu yürüşün qarşısını alır. Hacı Çələbi xan geri qayıtmalı olur. Sonra isə Qarabağa hücum edir. Qarabağın bir hissəsini ələ keçirsə də, Hacı Çələbi xan geniş Qarabağ ərazisini tuta bilmir və Qarabağı Şəki xanlığına qatmaq istəyi baş tutmur. Qarabağ xanı Pənahəli xanın ciddi müqaviməti bu arzunu reallaşdırmağa imkan vermir. Lakin Hacı Çələbi və müttəfiqi olan Şamaxı xanının birləşmiş qüvvələri xanlığın mərkəzi olan Bayat qalasını mühasirəyə ala bilirlər. Tarixə «Bayat savaşı» adı ilə daxil olan və bir aydan artıq davam edən döyüşlər Pənahəli xanın qələbəsi ilə nəticələnir, müttəfiqlər heç bir uğur qazana bilməyib, geri çəkilməyə məcbur olurlar. Tarixçi-salnaməçi, «Qarabağnamə»lər müəllifi Mirzə Adıgözəl bəy «Bayat savaşı» haqqında yazır: «Hacı Çələbi. Dərbənd, Car və Balakənədək bütün Şirvanat qoşununu cəm etdi. Pənah xan da qabaqcadan bütün elata bu əhvalatı bildirmiş və hamısını yığıb səngərə dolduraraq sığnaq etmişdi. Hacı Çələbi gəldi və mühasirə ilə məşğul oldu. Hər gün müharibə edir və didişib döyüşməkdən əl çəkmirdilər. Axırda Hacı Çələbi məqsədinə çatmadan küllü miqdarda zərərlə geri qayıtmaq təbilini vurdurdu». Məğlub olandan sonra Kürün sol sahilinə çıxan Hacı Çələbi məyusluqla deyir: «Pənahəli xan bu günəcən bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq».
Hacı Çələbi xan öz hakimiyyətini möhkəmləndirmək üçün ənənəvi «nikah diplomatiyası»na da əl atır. Bu üsulla o, Qazıqumuq hakimi Məhəmmədhəsən xanın qızını oğlu Ağakişi bəyə alır. Qohumluq və müttəfiqlikdən istifadə edən Hacı Çələbi xan Qəbələ və Ərəş sultanlıqlarını da özündən asılı vəziyyətə salır.
Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan digər dövlət xadimləri kimi Hacı Çələbi xan da Şəki xanlığının ərazisini genişləndirmək siyasətini istədiyi şəkildə həyata keçirə bilmir.
«Qızılqaya xəyanəti». Şəki xanlığının güclənməsi və onun Azərbaycanın qərb torpaqlarını birləşdirmək uğrunda mübarizəsi Kartli-Kaxetiya çarlığını ciddi narahat edir. Azərbaycan xanları arasındakı ziddiyyətlərdən istifadə edən II İrakli ilk növbədə Pənahəli xanı öz tərəfinə çəkməyə nail olur. Pənahəli xan onun Şəki xanı Hacı Çələbi xana qarşı birləşmək təklifini qəbul edir. Bu ittifaqa Gəncə xanı Şahverdi xan, Qaradağ xanı Kazım xan, İrəvan xanı Hüseynəli xan və Naxçıvan xanı Heydərqulu xan da qoşulur. Hacı Çələbinin üzərinə yürüş etmək istəyən xanlar 1752-ci ilin martında Gəncə yaxınlığındakı Qızılqaya adlı yerdə görüşürlər. Bu zaman xəyanətə əl atan II İrakli Azərbaycan xanlarını həbs edir və bu yolla onları özündən asılı hala salmaq istəyir. Hacı Çələbi bu zaman öz qoşunu ilə indiki Mİngəçevir şəhəri yaxınlığında düşərgə salıb, Kürü keçməyə hazırlaşırdı. Xanların həbs olunması xəbərini eşitdikdə dərhal Məşvərət şurasını toplayaraq belə bir tapşırıq verir: «Nə qərar qəbul edirsinizsə edin, içərisində Kürü keçmək olsun». Şura Hacı Çələbi xanın fikrini əsas götürərək xanları azad etməyi qərara alır. Gəncə yaxınlığında şiddətli döyüş olur. Hacı Çələbi II İraklinin qüvvələrini məğlub edərək Ağstafaya qədər qovur. Borçalı torpaqları azad edilir. Hacı Çələbi xan oğlu Ağakişi bəyi buraya hakim təyin edir, xanları da əsirlikdən qurtarır. Tariximizə «Qızılqaya xəyanəti» adı ilə daxil olmuş bu hadisə Azərbaycan xanlarının birləşməsinin və ümumi düşmənə qarşı vahid cəbhədə mübarizə aparmalarının vacibliyini göstərir.
Qızılqayadakı məğlubiyyətdən nəticə çıxarmayan II İrakli 1752-ci ilin yazında Car-Balakənə yürüş etsə də yenidən Hacı Çələbi tərəfindən məğlub edilərək ölkədən qovulur.
Şəki xanlığın zəifləməsi. Şirvanı tabe etmək, onu öz xanlığına qatmaq istəyən Hacı Çələbi 1755-ci ildə Şamaxı istiqamətində hərəkətə başlayır. Ağsunun müvəffəqiyyətsiz mühasirəsi onun geri dönməsinə səbəb olur. Hacı Çələbi xanın vəfatından sonra hakimiyyətə gələn Ağakişi bəy qayınatası Məhəmmədhəsən xan tərəfindən xaincəsinə qətlə yetirilir. Onun intiqamını almaq məqsədi ilə Fətəli xan Şəkiyə hücum edir və Məhəmmədhəsən xan Şəkidən qovulur. Hacı Çələbinin nəvəsi Hüseyn xan elan edilir və bununla da Şəki xanlığı Quba xanlığının siyasi asılılığına düşür. 1779-cu ildə Hüseyn xanın vəfat etməsindən sonra Məhəmmədhəsən xan yenidən hakimiyyəti ələ keçirir. Bu hadisə Şəki və Quba xanlıqları arasındakı münasibətlərin kəskinləşərək müharibə həddinə çatmasına səbəb olur. 1785-ci ildə baş verən döyüşdə Məhəmmədhəsən xan məğlubiyyətə uğrayır. Tərəflər öz aralarında etimadı möhkəmləndirmək üçün «nikah diplomatiyası»na əl atır, qohum olurlar. Lakin bu qohumluq uzun sürmür. II İrakli ilə ittifaqa girən Məhəmmədhəsən xan Fətəli xana qarşı çıxır. 1788-ci ildə Şamaxı yaxınlığındakı döyüşdə Məhəmmədhəsən xan yenidən məğlub olur və Şəki xanlığı bir daha Qubadan asılı vəziyyətə düşür. Fətəli xanın vəfatından sonra Məhəmmədhəsən xan Şəki xanlığının müstəqilliyini bərpa edir, ətraf əraziləri də öz nüfuz dairəsinə alır. 1795-ci ildən etibarən Səlim xan hakimiyyəti ələ keçirir.
Təsərrüfat həyatı. Şəki xanlığı xeyli ərazini əhatə etməklə 8 mahala bölünürdü. Bu mahallara Şəki, Xaçmaz, Qəbələ, Ərəş, Padar, Ağdaş, Alpoud və Göynük daxil idi. Şəkinin əhalisi ipəkçilik, sənətkarlıq və ticarətlə məşğul olur, təsərrüfatın əsasını ipək emalı təşkil edirdi. Texniki səviyyənin aşağı olmasına baxmayaraq, ipək ustalarının istehsal etdiyi ipək, təkcə Azərbaycanda deyil Avropada belə çox məşhur idi. Şəkidə boyaqçılıq, misgərlik və metal əşyalar istehsalı da inkişaf etmişdi. Bu şəhərdə sənətkarlıq sahələrini təmsil edən onlarla dükan fəaliyyət göstərirdi.
Şəkinin ticarətində kənd təsərrüfatı məhsulları və xaricdən gətirilən mallar üstünlük təşkil edirdi. Mahalların əhalisinin məşğuliyyətinin əsasında əkinçilik və maldarlıq dururdu. Burada ipəkqurdu bəslənir, taxıl, düyü, meyvə yetişdirilirdi. Xanlığın paytaxtı olan Şəki şəhəri Azərbaycanın qədim şəhərlərindəndir. 1772-ci ildə Kiş çayının daşması nəticəsində məhv olan şəhərin əhalisinin bir hissəsi köçüb gedir, yerdə qalan əhali isə şəhərin indiki ərazisində məskunlaşır. XVIII əsrin sonunda Şəkidə 6 min nəfər adam qalır.
1765-ci ilə qədər digər orta əsr şəhərləri kimi qala divarları ilə əhatə olunmayan Şəkinin əhalisi düşmən hücumu zamanı «Gələsən-görəsən» qalasına çəkilməyə məcbur olurdu. 1765-ci ildə köhnə Şəki, 1772-ci il fəlakətindən sonra isə yeni yerdə salınan şəhər qala divarları ilə əhatə edilir. Bununla yanaşı şəhərdən kənarda istehkam-qala və şəhərin içərisində Məhəmmədhəsən qalası tikilir və müdafiə səciyyəsi daşıyır. Xan sarayı da elə Məhəmmədhəsən qalasında inşa edilir. Həmin qalaya saxsı borularla su çəkilir, iki su quyusu qazılmaqla qalanın suya tələbatı ödənilir. Düşmənin gəlməsini od yandırmaqla xəbər vermək məqsədi ilə şəhərdən aralıda iki keşikçi qülləsi də bu dövrdə tikilir.
Şəkidə mövcud olan Gəncə, Təbriz, Şamaxı və Ləzgi karvansaralarında ticarət üçün müxtəlif yerlərdən gələn tacirlər yerləşirdi. Bu karvansaraların qarətdən xilas olması üçün onları qala kimi tikirdilər. Karvansaranın alt mərtəbəsi malları saxlamaq üçün anbar funksiyasını daşıyır, üst mərtəbə isə tacirlərin yaşayış hücrəsi olurdu. Axşamlar karvansaraların qapıları bağlanır və şəhərlə əlaqə kəsilirdi.
Şəki xanlığı ilə Osmanlı münasibətləri
Azərbaycan tarixşünaslığında xanlıqlar dövrünə bir sıra qiymətli əsərlər [9; 7; 13; 19] həsr olunsa da Şəki xanlığının, habelə digər Azərbaycan xanlıqlarının Osmanlı imperiyası ilə qarşılıqlı əlaqələri indiyədək öyrənilməmiş qalır. Sovet dövründə bu istiqamətdə tədqiqatların aparılmaması bir tərəfdən Azərbaycan – Osmanlı münasibətlərinin araşdırılması üzərinə qoyulan yasaqla, digər tərəfdən Osmanlı – türk mənbələrinin Azərbaycan alimləri üçün əlçatmaz olması ilə əlaqədar idi. Bununla yanaşı, Rusiya işğalları dövründə Cənubi Qafqazın tarixi məsələlərinin geniş əks olunduğu çox qiymətli ilk mənbə olan “Акты Кавказской Археографической Комиссии”nin cildlərində Rusiya imperiyasının Cənubi Qafqazda apardığı işğalçılıq müharibələri dövründə Azərbaycan xanlıqları və sultanlıqlarının tarixinə dair, o cümlədən Şəki xanlığının tarixi barədə olduqca qiymətli məlumatlar vardır. Lakin çox təəssüf ki, bu qiymətli mənbədə Şəki xanlığının Osmanlı imperiyası ilə əlaqələrinə dair məlumatlar yox dərəcəsindədir. Əlbəttə, bunun özü də Azərbaycan xanlıqlar dövrü tarixinin dərindən öyrənilməsinə müəyyən qədər mənfi təsir göstərməmiş deyil. Odur ki, tarixşünaslığımızdakı bu boşluğu aradan qaldırmaq üçün tədqiqatçılarımızın indiyədək lazımınca faydalanmadıqları osmanlı mənbələrinin, xüsusilə də Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı arxivində saxlanılan sənədlərin çox mühüm əhəmiyyəti var. Şəki xanlığının Osmanlı imperiyası ilə qarşılıqlı əlaqələrinə həsr olunmuş bu məqalə də, əsasən, məhz həmin mənbələr əsasında yazılmışdır.
Şəki Azərbaycanın şimal – qərb bölgəsində Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında və müxtəlif tarixi dövrlərdə ölkəyə təcavüz edən yadelli işğalçılara qarşı mübarizədə mühüm rol oynamışdır. Şimal – Qərbi Azərbaycan, o cümlədən Şəki bölgəsi, ən qədim zamanlardan, xüsusilə tariximizin kimmer – iskit (skif) – sak dövründən başlayaraq müxtəlif türk toplumlarının kütləvi şəkildə məskən saldığı diyarlardandır. Yurdun məhz bu bölgəsi Azərbaycan xalqının qəhrəmanlıq eposu olan “Kitabi – Dədə Qorqud” dastanları ilə bilavasitə bağlıdır. “Kitabi–Dədə Qorqud” dastanlarının “Bəkil oğlu İmran” boyunda cərəyan edən hadisələr Azərbaycanın məhz bu regionlarında baş vermişdir [11, s. 16 – 17].
Ərəb xilafətinin süqutu nəticəsində Azərbaycan ərazisində meydana gələn yerli dövlətlərdən biri də Şəki hakimliyi idi. Şəki hakimləri orta əsrlərdə Azərbaycanın şimal – qərb torpaqlarının yadelli işğallarından qorunmasında fəal iştirak etdikləri kimi, Azərbaycanın daxilində gedən siyasi proseslərdə mühüm rol oynamışlar. Azərbaycanın şimal – qərb torpaqlarını yadelli hücumlarından qoruyan Şəki hakimləri eyni zamanda Azərbaycan Albaniya dövlətinin varisləri kimi çıxış edirdilər [ 20, s. 116 — 137]. Ayrı – ayrı dövrlərdə Albaniya hökmdarı titulunu qəbul edən Şəki hakimləri əslində uzun tarixi dövr ərzində hökmranlıq etdikləri ərazidə Azərbaycan – Albaniya mədəniyyətinin inkişafını davam etdirmişlər.
Şəki hakimliyinin ərazisi eyni zamanda Xilafətin süqutundan sonra uzun müddət islamla xristianlıq arasında mürəkkəb mübarizə meydanı olmuşdur. Bu mübarizənin gedişində üstünlük təşkil edən türk toplumları, o cümlədən oğuz – türk tayfaları regionun etnik – siyasi tarixində mühüm rol oynamış, buralarda islam dininin geniş yayılmasını və üstünlük qazanmasını təmin etmişlər.
Bütün orta əsrlər boyu Azərbaycanın şimal – qərb regionunda hegemonluğu əldə saxlayan Şəki hakimliyi Səfəvilər dövlətinin tənəzzülü dövründə yenidən müstəqilləşməyə başlamış, Nadir şah Əfşarın imperiyası dövründə isə Şəki Azərbaycanın şimal – qərb bölgəsində müstəqillik mübarizəsinin mərkəzinə çevrilmişdi. Bu mübarizənin gedişində yerli müsəlman – türk əhaliyə başçılıq edən Hacı Çələbi mərkəzi hakimiyyət tərəfindən müdafiə olunan Məlik Nəcəfi məğlub edərək, hələ Nadir şahın sağlığında ikən Şəkini Azərbaycan ərazisində ilk müstəqil xanlığa çevirmişdi. Nadir şahın yeni yaranmış müstəqil Şəki xanlığının başçısını aradan götürmək planı iflasa uğramışdı [ 19, s. 16 – 17; s. 26 — 27]. İmperiya daxilində yaranmış ilk müstəqil Azərbaycan dövlətini aradan qaldırmaq siyasəti və bu məqsədlə Nadir şahın həmin bölgəyə təşkil etdiyi yürüşlər heç bir nəticə verməmişdi.
Nadir şahın öldürülməsindən (1747) sonra isə Azərbaycanda çoxsaylı xanlıqlar və sultanlıqlar meydana gəldi. Beləliklə, Azərbaycan tarixində ölkədə hegemonluq uğrunda ayrı – ayrı xanlıqlar və sultanlıqlar arasında uzun sürən ara çəkişmələri dövrü başlandı ki, bu da Azərbaycanın tarixi müqəddəratı üçün fəlakətli sonluqla nəticələndi.
Yeri gəlmişkən, bəzi uzaqgörən Azərbaycan xanları Rusiya imperiyası və qacarlar İranı tərəfindən ölkə üçün artmaqda olan işğal təhlükəsinin yaxınlaşdığı şəraitdə xarici təcavüzə müqavimət göstərmək üçün Azərbaycanı vahid mərkəzləşdirilmiş dövlət halında birləşdirməyə cəhd göstərdilər. Bunlardan biri də Hacı Çələbi xanın başçılıq etdiyi Şəki xanlığı idi.
Görkəmli dövlət xadimi Hacı Çələbi xanın hakimiyyəti dövründə (1743–1755) Şəki xanlığı bir tərəfdən qərbdən Rusiyanın müdafiə etdiyi gürcü çarlarının işğallarına qarşı mübarizə aparır, digər tərəfdən yaxınlaşmaqda olan Rusiya – İran təcavüzü əleyhinə Azərbaycanı birləşdirmək siyasəti yeridirdi. Bu məqsədlə o, ilk növbədə Osmanlı imperiyası ilə əlaqələr yaratmışdı [ 15, s. 32 — 35].
Qeyd etmək lazımdır ki, bəhs etdiyimiz dövrdə Rusiya ilə hərbi qarşıdurmaya meyl göstərməyən Osmanlı imperiyası Rusiyanın Azərbaycan xanlıqları ilə münasibətlərini və özünün bölgədəki mənafeyini diplomatik yolla tənzimləməyə çalışırdı. Belə ki, Osmanlı sultanlarının tapşırığı ilə Azərbaycanla həmsərhəd olan əyalətlərin valiləri Azərbaycan xanlıqlarında baş verən hadisələri diqqətlə izləyir və topladıqları məlumatları mərkəzə ötürürdülər [ 12, s. 44; 29, s. 27]. Beləliklə, Osmanlı dövləti xanlıqlara və sultanlıqlara parçalanmış Azərbaycanda baş verən hadisələrlə yaxından tanış idi.
Azərbaycan xanlarının Osmanlı sarayına ünvanladıqları çoxsaylı məktublar bəhs olunan dövrdə Azərbaycanla Osmanlı imperiyası arasında geniş əlaqələr olduğunu sübut edir. * Məsələn, 1746 — cı ildə (hicri 1158 – ci il) Əhməd xanın möhürü ilə Osmanlı vəzirinə göndərilmiş məktubda Şəkidə Hacı Çələbinin hakimiyyəti ələ keçirməsindən, Nadir şahın onun üzərinə təşkil etdiyi yürüşlərdən və onların nəticələrindən, Hacı Çələbinin kömək üçün Osmanlı sarayına məktub göndərməsindən bəhs olunur. Məktubda göstərilir ki: “… Şirvan əyalətinin Şəki kəndlərində hakimiyyəti ələ almış Hacı Çələbi adı ilə məşhur olan bir şəxs Nadirə qarşı yerli kəndxudalarla ittifaq bağladı. Nadir şah Şirvana təcavüz etdiyi zaman Hacı Nadirə üstün gəlib onu məğlub etmişdir. … Hacı Çələbi üç dəfə Nadirin qoşunları ilə müharibə edib və Haqq Təala həzrətlərinin inayətilə qələbə çalmışdır. …bu gün harada olduğu bilinməyən Nadir şahın təkrar edəcəyi bir hücum müqabilində bu tərəflərdə olan bütün əsgərlərini götürüb islam əsgərinə qoşmaq niyyətində olan Hacı Çələbinin məktubunu Sizə göndərmişik. Nadirin vəziyyəti barədə məlumat almaq üçün göndərilən casuslar hələ geri dönməyib. Bundan sonra da bu ətraflarda hər hansı bir hadisə baş verərsə tez bir zamanda rəsmi sənədlə sizə xəbər verərik…” [ 14, s. 478 – 475]. Göründüyü kimi, bu məktub Şəki xanlığı ilə Osmanlı dövləti arasındakı qarşılıqlı əlaqələrin başlanma tarixinin dəqiqləşdirilməsi və bəhs olunan dövrdə baş vermiş siyasi hadisələrin gedişinin öyrənilməsi üçün olduqca əhəmiyyətli ilk mənbədir.
Şəki xanlığı ilə Osmanlı imperiyası arasındakı münasibətlərin araşdırılmasında olduqca əhəmiyyətli olan digər bir sənəd 1754 – cü ildə Hacı Çələbi xanın şəxsən özünün Osmanlı sarayına göndərdiyi məktubudur. Hacı Çələbi xan göstərilən məktubunda yazırdı: “…Nadir şah saysız – hesabsız əsgərləri ilə Şirvan və Dağıstan mahalını işğal etməklə böyük dağıntılar törətmişdir. Buraya da ardı – arası kəsilməyən yürüşlər etmiş, doqquz ay mühasirədə saxlamışdı. Lakin Allah bizə kömək oldu. ….Nadir şahın ölümündən sonra İranın müxtəlif yerlərində xanlıqlar müstəqil fəaliyyət göstərməyə başladı. …. Osmanlı dövləti hələ qədimdən bəri, ehtiyac olduqda, Dağıstan, Şirvan və onun ətrafındakı xanlara hər zaman kömək etmişdir…” [ 17, s. 452 — 451].
Hacı Çələbi xan yuxarıda göstərilən məktubunda, həmçinin, gürcü çarlarının Car–Balakən camaatlıqları üzərinə yürüşlərindən, Şəki xanlığının bu yürüşlər zamanı yadellilərə qarşı baş vermiş döyüşlərdə iştirakından, döyüşlərin gedişi və nəticələrindən də ətraflı bəhs edir, gürcü çarlarının bu yürüşlərdə Rusiya ilə əlbir olduğunu vurğulayırdı: “… gürcü valiləri haqlı – haqsız varislik iddiasında olub, kafir ruslarla əlbir olaraq, 40 – 50 min əsgərlə Car – Tala camaatı üzərinə hücum etmişlər. …Car və Tala camaatı ilə bizim mehriban qonşuluğumuz, həm də din və məzhəb eyniliyimiz var. Buna görə də biz onların imdadına getdik. …. Vuruşma bir saat yarım çəkdi. Allahın köməyi ilə müsəlmanlar qələbə çaldı, kafirlər məğlub oldu ” [ 17, s. 452 — 451].
Məlum olduğu kimi, Şəki xanlığı ilə qonşu Car – Balakən camaatlıqları arasında mehriban qonşuluq və sıx dostluq münasibətləri vardı [1]. Belə ki, hələ 1744 – cü ildə Şəki xanlığının yaranmasından çox keçməmiş, Nadir şah öz qoşunu ilə Şəki xanlığına yürüş etdi. Hacı Çələbi xanın müdafiə olunmaq üçün sığındığı Gələsən–Görəsən qalası mühasirə olundu. Lakin mühasirədə olan Hacı Çələbinin qoşunu gecələr qaladan çıxıb şah ordusuna hücumlar edir, ona ağır tələfatlar verirdi. Məhz bu ağır sınaqlar dövründə Car – Balakən döyüşçüləri şəkililərin köməyinə gəlir, həmin çətin mübarizədə onlara köməklik edirdilər. Bu birgə mübarizə Nadir qoşunlarının ciddi tələfatına səbəb olmuş və onlar geri çəkilməyə məcbur olmuşdular [19, s. 21].
Hacı Çələbi xanın haqqında bəhs etdiyimiz məktubunun bütövlükdə Azərbaycan tarixinin, o cümlədən Şəki xanlığının tarixinin öyrənilməsində digər bir mühüm əhəmiyyəti də ondan ibarətdir ki, həmin məktubda 1752 – ci ildə baş vermiş Qızılqaya xəyanəti də öz geniş əksini tapmışdır. Belə ki, 1752 – ci ildə gürcü çarları Teymuraz və II İrakli Gəncəyə yürüş etməyi qərara aldılar. Lakin onlar bilirdilər ki, Şəki və Qarabağ xanları da Gəncəni ələ keçirməyə çalışırlar. Buna görə də II İrakli hiylə işlədərək vaxtı ilə Qarabağa hücum etdiyi üçün Hacı Çələbi xandan narazı qalmış Qarabağ xanı Pənah xanı (1748 — 1763) öz tərəfinə çəkmək üçün onunla danışıqlara girdi və getdikcə güclənməkdə olan Şəki xanına qarşı ittifaq bağlamağı təklif etdi. Həmin təkliflə razılaşan Pənah xanla yanaşı bu ittifaqa Gəncə xanı Şahverdi xan (1747 – 1760), Qaradağ xanı Kazım xan (1747 – 1752), İrəvan xanı Hüseynəli xan və Naxçıvan xanı Heydərqulu xan (1747 – 1763/64) da qoşuldular. Xanlar II İrakli ilə görüşüb Hacı Çələbi xana qarşı danışıqlar aparmaq üçün Gəncəyə gələrkən, II İraklinin pusquda durmuş qoşun hissələri qəflətən hücum edərək onları əsir aldı və qollarını qandallayıb Gürcüstana doğru hərəkətə başladı. II İrakli bu yolla Azərbaycan xanlıqlarını özündən asılı hala salmaq istəyirdi. Bundan xəbər tutan Hacı Çələbi xan Azərbaycan xanlarını xilas etmək üçün II İraklinin hərbi qüvvələrini təqib edərək darmadağın etdi. II İrakli tərəfindən xəyanət yolu ilə əsir alınmış Azərbaycan xanları isə azad olundular [4, s. 186; 19, s. 30; 7, s. 150 – 151; 23, s. 123]. Bu hadisə Hacı Çələbi xanın Osmanlı sarayına yazdığı məktubunda belə əks olunmuşdur: “ … Qaradağlı Kazım xan, Pənah xan Cavanşir, Haqverdi xan, Hüseynəli xan, Nəcəfqulu xan…. və sairə xanlar birləşib. … (II İrakli – T.G.) xanların hamısını öz çadırına topladı. Ziyafət əsnasında onları həbs etdi. Sonra Gəncə qalası üzərinə hərəkət etdi. …səhərdən günortanın sonlarına qədər ox-oxa, top-topa, misli görünməmiş döyüş oldu. Allahın köməyi ilə müsəlmanlar qələbə çaldı ” [17, s. 452 — 451].
Məktubun sonunda Hacı Çələbi xan Osmanlı dövləti ilə olan münasibətlərindən bəhs edərkən sultana bir il öncə də məktub göndərdiyini vurğulayır. “… bu hadisəni bilməniz və bundan şad olmanız üçün baş vermiş bu hadisəni şəxsinizə bildirdim. Osmanlı dövləti daima İslam dini uğrunda çoxlu işlər görüb. Keçən il də mən sizə məktub göndərmişdim. İndi də sizə şahənə hədiyyələr göndərirəm və sizə dərin təşəkkürümü bildirirəm…”. Şəki xanının məktubunun sonunda qeyd olunmuş bu fakt sübut edir ki, həmin məktub Hacı Çələbi xanın Osmanlı dövlətinə göndərdiyi ilk məktubu deyil.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bəzi əsərlərdə bu məktubun düzgün olmayaraq 1747 – ci ildə (hicri 1160 – cı ilə) yazıldığı qeyd edilir. Lakin məktubdakı hadisələrin araşdırılması, müqayisəli təhlili, həmçinin Qızılqaya xəyanətinin 1752 – ci ildə baş verməsi faktı göstərilən məktubun 1753 – 1754 cü illərdə yazıldığını sübut edir.
Şəki xanlığı ilə Osmanlı imperiyası arasında əlaqələr Hacı Çələbi xanın hakimiyyətindən sonra da davam etmişdi. 1755 – ci ildə Hacı Çələbi xanın vəfatından sonra hakimiyyətə gəlmiş Şəki xanları əsas diqqətlərini xanlığın siyasi qüdrətinin daha da möhkəmləndirilməsinə, ərazisinin genişləndirilməsinə, qonşu xanlıqlarla münasibətlərin nizama salınmasına yönəltmişlər. Bununla belə, qonşu ölkələrlə, xüsusilə Osmanlı imperiyası ilə əlaqələr də davam etdirilmişdir.
XVII əsrin 80 – ci illərindən başlayaraq Şəki xanlığının Osmanlı imperiyası ilə münasibətlərində yenidən canlanma baş verdi. Bu Cənubi Qafqaz üçün Çar Rusiyasının işğal təhlükəsinin daha da artması ilə bağlı idi. Məsələ burasında idi ki, 1783 – cü ildə gürcü çarı II İrakli Rusiya ilə Georgiyevsk traktatını imzaladı [10, s. 265 – 276] Gürcüstan Rusiyanın himayəsini qəbul etdi. Gürcü çarının həmin müqaviləni imzalamaqda əsas məqsədi Çar Rusiyasının köməyi ilə Azərbaycan ərazisinə olan iddialarını həyata keçirmək idi. Bu məqsədilə o, dəfələrlə İrəvan, Gəncə xanlıqları, Car – Balakən camaatlıqları üzərinə yürüşlər etmişdi [1, s. 106 – 107; 29, s. 27 – 28]. Bu Azərbaycan xanlarını, xüsusilə də Şəki xanlarını ciddi narahat edirdi. Bu məqsədilə onlar Osmanlı sarayı ilə münasibətlərini davam etdirir, Cənubi Qafqazda baş verən hadisələr haqqında qarşı tərəfi məlumatlandırır, öz müstəqilliklərini qorumaq üçün Osmanlı dövlətindən kömək istəyirdilər.
Bəhs olunan dövrdə Şəki xanlığı ilə Osmanlı imperiyası arasında əlaqələrin davam etdiyini 1784 – cü ildə (hicri 1198 – cu il) Çıldır valisinə yazılan məktub bir daha sübut edir. Həmin məktubda deyilirdi:“ Mərhum və bağışlanılmış Sarı Mustafa paşanın qalası (Gəncə qalası – T. G.) doqquz aydır ki, Rusiya kafirlərinə tabe olan İrakli xan tərəfindən Rusiya əsgərləri ilə birlikdə top və topxana ilə mühasirə edilmiş, ətrafdakı kəndlər qarət edilmişdir. … mərhəmətli Məhəmməd Həsən xanın, osmanlı qüvvələri və ləzgi tayfasının birləşməsi nəticəsində onların hücumu dəf olunmuşdur. … Rusiyanın İran tərəfinə keçməsi üçün iki qapı var və ikisi də bağlıdır. Bunlardan biri Dərbənd tərəfdəndir ki, o güclüdür və o biri qapı bu tərəfdəndir ki, indi bu tərəfi zəif görüb istərlər ki, fürsət tapıb İslamiyyəni aradan götürələr” [5, s. 370 – 369; 27, s. 92 — 93]. Bu məktubda, həmçinin lazım gəldikdə Şəki, Qarabağ və Şirvan xanlarının düşmənə qarşı birləşməsinin zəruriliyi vurğulanır, Osmanlı imperiyasının da onlara yardım etməsindən bəhs olunur: “… Şəki xanı, Şirvan və Qarabağ sərkərdələri, Məhəmməd Səid xan, İbrahim xan, Ağasi xan sözlərini bir ediblər ki, əgər müsəlman tərəfinə kafirlərdən hücum olarsa və hadisə üz verərsə, onlara qarşı birləşib mübarizə aparsınlar. Sizdən istədikləri də budur ki, belə vəziyyətdə sizlər də bu tərəfdən islama kömək edəsiniz… ” [5, s. 370 – 369; 27, s. 92 — 93].
Şəki – Osmanlı əlaqələri Məhəmməd Həsən xanın dövründə də davam etdirilmiş, iki dövlət arasında diplomatik münasibətlər mövcud olmuşdur. Məhəmməd Həsən xan qarşı tərəfə ünvanladığı məktublarının birində Çıldır valisinin elçisi vasitəsi ilə ona göndərilmiş məktubu aldığını xəbər verir, Çıldır valisinin gürcü çarı Teymuraz haqqında məlumat verilməsi barədə xahişini yerinə yetirdiyini, Teymurazın Moskvaya gedib orada öldüyünü, həmçinin Rusiya imperatorunun da vəfat etdiyini bildirirdi [13, s. 158].
Məhəmməd Həsən xan 1784 – cü ildə (hicri 1198 – ci il) Osmanlı sarayına göndərdiyi növbəti məktubunda isə yazırdı “…İrakli xanın Rusiyanın təşviqi ilə Azərbaycan mülklərinə, o cümlədən İrəvan qalasına təcavüzünə qarşı Azərbaycan və Dağıstan xanlarının birlikdə hərəkət etmələri barədə əmrinizə riayət etməklə Dövləti Aliyyənin xidmətində olduq. … Gəncə qalası bir neçə ildən bəri Rusiyanın yardımı ilə İrakli xanın işğalında ikən əhali, ətraf hakimlərin və Osmanlı ordusunun gücü ilə o geri alınmışdır. Sonradan İrakli xanın oğlu Almas Mirzə, yeznəsi (kürəkəni) Davud bəy və Şəmsəddinli Əli Sultan xeyli əsgərlə buraya hücum etmişlər. Qala əhalisinin xahişi ilə biz də Allahu Təalanın yardımı, əhali və digər ümməti Məhəmmədin köməyi nəticəsində düşmənin təcavüzünü dəf etmişik” [ 18, s. 334 – 333; 27, s. 88 – 91; 28, s. 62 — 65]. Bu qiymətli məlumatdan aydın olduğu kimi, II İrakli Georgiyevsk traktatından dərhal sonra Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarını işğal etməyə və Gürcüstan ərazilərini genişləndirməyə çalışırdı.
Şəki xanı məktubunun sonunda İrandakı vəziyyətdən bəhs edərək yazırdı: “… İran indi sahibsiz qalıb və hər kəs bir məmləkət zəbt etməklə məşğuldur. Onların təkbaşına Rusiyaya müqavimət göstərə bilməyəcəkləri məlumdur. Hamımız mərhəmətli və şəfqətli padşaha möhtacıq. Tiflis xanlığına ruslar tərəfindən cəbbəxana və sursat göndərilməsinə mane olmaq üçün bölgənin vəziyyətini bilən və etibarlı adamlardan olan Əli Əfəndi məlumat vermək üçün yanınıza göndərilir” [ 18, s. 334 – 333; 27, s. 88 – 91; 28, s. 62 — 65]. Məhəmməd Həsən xanın bu məktubu onun öz dövrünün görkəmli dövlət xadimi olduğunu və Azərbaycanı düşdüyü fəlakətli vəziyyətdən qurtarmaq üçün yollar axtardığını sübut edir.
Gəncə qalasının Rusiyandan yardım alan II İrakli tərəfindən mühasirəyə alınması, Məhəmməd Həsən xan, eləcə də İrəvan xanlığının gəncəlilərin köməyinə gəlməsi sayəsində işğalçıların geri çəkilməyə məcbur olması faktı Çıldır valisi Süleyman paşanın 1785 – ci il iyunun 13 – də (hicri 1199 –cu il) Osmanlı sarayına göndərdiyi məktubunda da öz əksini tapmışdır. Bu məktubda diqqət çəkən digər bir fakt isə gürcü çarı II İraklinin Rusiya ilə 1783 – cü ildə bağladığı Georgiyevsk traktatının Azərbaycan xanlarına göndərilməsidir. Məktubda qeyd olunur ki: “ Tiflis xanı İrakli xanın ruslarla bağlılığını ortaya qoyan və on üç maddədən ibarət olan anlaşma mətni Osmanlı dövlətinə meyl etməmələri təşviq etmələri üçün Azərbaycan və Dağıstan xanlarına göndərildi…” [6, s. 286 – 284; 27, s. 130 — 132].
Bəhs olunan məktubda, həmçinin, Osmanlı sarayından xanlar üçün göndərilən fərmanların, hədiyyələrin sahiblərinə çatdırılması və xanların da buna cavab olaraq öz adamlarını İstanbula göndərmələri haqqında da məlumat verilir: “… Azərbaycan və Dağıstan xanlarına çatdırılmaq üzrə göndərilən ali fərmanlar və sultanın hədiyyə və ehsanları xəzinə katibimiz vasitəsilə yerlərinə çatdırıldı. … Dövləti Aliyyədə tam sədaqətlə, səmimi məhəbbətlə… himayə olunmaları üçün Quba və Dərbənd hakimi Fətəli xan etibarlı adamı Hacı Əhməd bəyi, Şəki və Şirvan hakimi Hacı Çələbi xan oğlu Məhəmməd Həsən xan üləmasından Əli Əfəndi, Dağıstan əmirlərindən Avar hakimi Ümmə xan (Ömər xan – T.G.) etibarlı adamlarından əl-Haski və Şuşa və Qarabağ xanı İbrahim xan Mirzə Məhəmməd adlı etibarlı adamını xəzinə katibimizə qoşaraq göndərmişlər… ” [6, s. 286 – 284; 27, s. 130 — 132].
Şəki xanlığı ilə Osmanlı imperiyası arasında qarşılıqlı əlaqələr xanlığın Rusiya tərəfindən işğalından sonra da davam etmişdir. Belə ki, Qarabağ xanı İbrahimxəlil xanın (1763 – 1806) təkidi ilə Şəki xanı Səlim xanın Rusiyanın himayəsini qəbul etməsinə baxmayaraq Çar Rusiyası, çox keçmədən hər iki xanla bağladığı müqavilələrin şərtlərini pozdu [21, s. 702- 705; 24, s. 705 – 707; 22; 10, s. 365 — 376]. 1806 — cı ildə Qarabağ xanı İbrahim xan ailəsi ilə birlikdə * işğalçılar tərəfindən qətlə yetirildi [ 26, s. 332]. Bundan narazı qalan və Şəki xanlığının da bu cür aqibətlə qarşılaşacağını yəqin edən Səlim xan işğalçılara qarşı fəal mübarizəyə başladı. Xanlığın ərazisi Çar Rusiyası tərəfindən zəbt olundu. İmperiyanın əlaltısı olan Xoylu Cəfərqulu xan Şəkiyə xan təyin olundu [25, s. 272 – 273; 29, s. 32]. Şəki xanı bundan sonra Vətənindən didərgin düşərək uzun müddət Qacarlar dövlətinin və Osmanlı imperiyasının köməyi ilə hakimiyyətini bərpa etməyə cəhd göstərdi. Bu baxımdan Şəki xanlığının Osmanlı imperiyası ilə əlaqələrini araşdırmaq üçün Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində qorunub saxlanılan “Hatt-i Hümayun” da mövcud bəzi məktublar olduqca maraqlıdır. Məsələn, 1818 –ci ilə (hicri 1234 – ci ilə) aid olan və Bağdad valisi Davud paşa tərəfindən Osmanlı sarayına göndərilmiş bir məktubda Şəki və Şirvan hakimi Səlim xanın 1813 – cü ildə ölkəsinin ruslar tərəfindən işğalından sonra İran şahzadəsi Abbas Mirzənin yanına gəlib burada yerləşməsi, bundan sonra tabeçiliyində olan yüz nəfərlə Bağdada səfər etməsi, burada Osmanlı valisi Davud paşa ilə görüşməsi və əgər Osmanlı imperiyasından yardım olarsa Şəki xanlığında hakimiyyətini bərpa etmək iqtidarında olması barədə məlumat verilir. Məktubda qeyd olunur: “… Şəki və Şirvan hakimi, nəcabətli Səlim xan Bağdada gəlib qullarınızla görüşdü. …ertəsi günkü yığıncağın müzakirəsi zamanı sual – cavab etməklə bu görüşün məqsəd və məramları haqqında xəbər aldıq. … Şəki, Şirvan və Dağıstanda başdan – ayağa dağlıq ərazilərə yayılan əsgərləri öz tərəfinə cəlb edərək, az bir müddətdə bu qüvvələrin köməyi ilə həm xanlığı, həm də göstərilən əyalətləri xarici və daxili işğaldan qurtarmaq və öz hakimiyyəti altına almaq, həm də vaxt qazanaraq Dağıstan ilə birlikdə adı çəkilən mahalları kafirlərin işğalından tamamilə qurtarmaq ümidi ilə xüsusi məktubu acizanə şəkildə ərz və niyaz olunmaqla göndəririk ” [3, s. 132 — 131].
Lakin onu da qeyd etmək lazımdır ki, bəhs etdiyimiz məktubda Osmanlı imperiyasının Rusiya ilə sülh münasibətlərində olduğu və Səlim xanın kömək istəyinin bu münasibətləri poza biləcəyi də vurğulanır və qeyd olunur ki; “ … lakin, Osmanlı dövləti ilə Rusiya arasında dinc əlaqələrin qurulduğu bir zamanda öz vəziyyətini çətinə salaraq bu münasibətləri gərginləşdirməyin imkan xaricində olduğunu bilirik ” [3, s. 132 — 131].
Yeri gəlmişkən, Səlim xan bundan sonra Osmanlı sultanı ilə şəxsən görüşmək üçün Bağdaddan İstanbula yola düşmüşdü. Bunu onun yolüstü Ərzurumdan Osmanlı sultanına 1819 – cu il iyunun 1 – də (hicri 5 şaban 1234) göndərdiyi məktubu da sübut edir. Səlim xan həmin məktubunda yazırdı: “ …. Bağdaddan sonra Ərzuruma daxil olub öz xidməti borcumu yerinə yetirirəm və ali yüksək dövlət xadiminə daim dua etməkdəyəm. Sizin əzəmətli şövkətinizə və əmrinizə əsasən yüksək vəzifəli qardaşınız və Bağdadın əmiri olan Davud paşa özünün yüksək vəzifəli şəxsləri ilə birlikdə məni yola saldılar. Şaban ayının ikisində Ərzuruma gəlib çıxmışam. Sizin nəzərinizə çatdırılacaq məsələləri yazılı surətdə çatdırmaq mümkün olmadığına görə onları şifahi surətdə şəxsən Sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm. Elə buna görə də məni qəbul etmənizi rica edirəm. Atalar məsəli var, deyirlər: Turandan İrana, İrandan Turana. Sizi şəxsən ziyarət etmək mənə xoş olar. Ümid edirəm ki, mənim xahişimi qəbul edəcək və məni yüksəklərə qaldıracaqsınız.
Şəki, Şirvan və Dağıstanın keçmiş valisi”[16, s. 127].
Şəki xanlığının Osmanlı imperiyası ilə əlaqələrini araşdırmaq üçün Başbakanlıq Osmanlı Arxiv sənədləri içərisində mərhum Qarabağ xanı İbrahim xanın qızı – Şəki xanı Səlim xanın həyat yoldaşı Tuti bəyimin Osmanlı sultanına 1813 – cü il iyulun 5 – də (hicri 1227 – ci il) ərəbcə ünvanladığı məktubu da olduqca qiymətlidir. Belə ki, həmin məktubunda özünü “ Qarabağın şəhid xanı İbrahim xanın qızı Tuti bəyim” kimi təqdim edən və Cənubi Qafqazdakı vəziyyəti təsvir edərək, ruslarla mübarizə apararaq, Şəkini geri qaytardıqları, işğalçıların zəifləməsindən istifadə edərək Dağıstanın müsəlman əhalisi ilə ittifaq bağladıqları və Osmanlı dövlətinin gərəkli yardımı göstərəcəyi təqdirdə üstünlük qazanacaqlarını bildirən Tuti bəyim yazırdı: “… ruslar Tiflisi istila etdikdən sonra biz onlara qarşı dörd il mübarizə apardıq. Minlərlə müsəlman bacı və qardaşlarımız şəhid oldu və biz geri çəkildik. İndi əsgərlərimiz kafirlərlə (ruslarla) mübarizə aparıb, onları Şəkidən çıxarıb. İndi Şəki bizim nəzarətimizdədir. Amma biz onların geri qayıtmasından ehtiyat edirik, çünki bizim müdafiə olunmaq üçün yetərli silah – sursatımız yoxdur. Elə buna görə də vəziyyətimizi Sizə ərz edirəm. Bundan əlavə, biz Dağıstanın rəhbərləri və müsəlman xalqı ilə ittifaq qurmuşuq. Vəziyyətimiz haqqında Sizlərə məlumat verməsi üçün Hüseyn Əfəndini Osmanlı dövlətinə göndəririk. Dövlət rəhbərimizdən bizim adımıza bir fərman verməsini və onun əmrinin yerinə yetiriləcəyinə ümid edirik. Biz burada bütün silahlılarımızla birlikdə qırx minə yaxın müsəlmanıq. İndi ətrafdakı rus ordusu olduqca zəifləmişdir, onlar bizə qalib gəlməyə qadir deyil… ”[8, s. 155; 27, s. 186 — 188].
Lakin Şəki xanlığının Çar Rusiyasına qarşı Osmanlı imperiyasından yardım almaq planı baş tutmadı. Gülüstan müqaviləsi (1813) ilə Şimali Azərbaycanın böyük hissəsini, o cümlədən Şəki xanlığını işğal etmiş Rusiya imperiyasının Cənubi Qafqazdakı mövqeyi Türkmənçay müqaviləsindən (1828) sonra daha da möhkəmləndi: Şimali Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları da Rusiya imperiyasının tərkibinə qatıldı. Bütünlüklə Şimali Azərbaycanda olduğu kimi Şəki xanlığında da Rusiya işğal rejimi dövrü başlandı.
MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT
- Arzu Əşrəf qızı. Car – Balakən camaatlığı. Bakı, 2009, 256 s.
- Azərbaycan tarixi. 7 cilddə. III cild. Bakı, 1999, 584 s.
- Bağdad valisi Davud paşanın məktubu, 1818. BOA, Hatt – i Hümayun, № 761/35955. //Azərbaycan tarixi arxiv sənədlərində. XVIII – XX əsrin əvvəlləri. I cild. Bakı, 2010, 508 səh.
- Bakıxanov A. Gülüstani – İrəm, Bakı, 2001, 287 səh.
- Çıldır valisi Süleyman paşanın Osmanlı sultanına məktubu, 1783 – 1784 . BOA, Hatt – i Hümayun, № 4/94 G. // Azərbaycan tarixi arxiv sənədlərində. XVIII – XX əsrin əvvəlləri. I cild. Bakı,2010, 508 səh; Osmanlı belgelerinde Karabağ. İstanbul, 2009, 660 s.
- Çıldır valisi Süleyman paşanın Sədarətə məktubu, 1785. BOA, Hatt – i Hümayun, № 04/110. //Azərbaycan tarixi arxiv sənədlərində. XVIII – XX əsrin əvvəlləri. I cild. Bakı, 2010, 508 s.; Osmanlı belgelerinde Karabağ. İstanbul, 2009, 660 s.
- Ədalət Tahirzadə. Şəki tarixi qaynaqlarda. Bakı, 2005, 256 s.
- Qarabağın mərhum xanı İbrahim xanın qızı Tuti xanımdan Osmanlı dövlətinə məktub, 1813. BOA, Hatt – i Hümayun, № 1108/ 44645 F. //Azərbaycanın tarixi arxiv sənədlərində. XVIII – XX əsrin əvvəlləri. I cild. Bakı, 2010, 508 s. ; Osmanlı belgelerində Karabağ. İstanbul, 2009, 660 s.
- Mahmud İsmayıl, Maya Bağırova Şəki xanlığı. Bakı, 1997, 76s.
- Mahmudov Y.M. Şükürov K. K. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi. 1639 – 1828. I cild. Bakı, 2009, 512 s.
- Mahmudov Y.M. Azərbaycan tarixi. Erkən intibah dövrü. Bakı, 2008, 128 s.
- Məmmədov H. M. Osmanlı imperiyasının xarici siyasətində Azərbaycan xanlıqları. Azərbaycan SSR Elmlər Akademiyası Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1989, № 3, s. 44 – 50.
- Mustafazadə T. T. XVIII yüzillik – XIX yüzilliyin əvvəllərində Osmanlı – Azərbaycan münasibətləri. Bakı, 2002, 372 s.
- Nadir şah Əfşarla Şəki hakimi Hacı Çələbi arasında olan hadisələrə dair Osmanlı dövlətinə göndərilən Əhməd xan möhürü ilə məktub, 1746. Başbakanlıq Osmanlı Arxivi, Hatt – i Hümayun, № 7/231 // Azərbaycan tarixi arxiv sənədlərində. XVIII – XX əsrin əvvəlləri. I cild. Bakı, 2010, 508 s.
- Nəcəfli G.C. Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVIII əsrin II yarısı) Bakı, 2002, 132 s.
- Sabiq Şəki xanı Səlim xan haqqında, 1819. BOA, Hatt – i Hümayun, № 823/37395 //Azərbaycan tarixi arxiv sənədlərində. XVIII – XX əsrin əvvəlləri. I cild. Bakı, 2010, 508 s.
- Şəki xanı Hacı Çələbinin Osmanlı dövlətinə məktubu, 1754. BOA, Hatt – i Hümayun, № 5/ 156. //Azərbaycan tarixi arxiv sənədlərində. XVIII – XX əsrin əvvəlləri. I cild. Bakı, 2010, 508 s.
- Şəki xanı Məhəmmədhəsən xanın Osmanlı dövlətinə məktubu, 1784. BOA, Hatt – i Hümayun, № 4/94 L. //Azərbaycan tarixi arxiv sənədlərində. XVIII – XX əsrin əvvəlləri. I cild. Bakı, 2010, 508 s.; Osmanlı belgelerinde Karabağ. İstanbul, 2009, 660 s.
- Şəki xanlığının tarixindən. Bakı, 1958.
- Şirinbəy Hacıəli. Şimal – Qərbi Azərbaycan: İngiloylar. Bakı, 2007, 280 s.
- Всеподданнейший рапорт кн. Цицианова от 22 – го мая 1805 года, № 19 //Кавказской Археографической Комиссии, т. 2, Тифлис, 1868, док. 1436, 1238 с.
- Гарабаг: Кюрекчайский договор – 200. Баку, 2005, 176 с.
- Левиатов В. Н. Очерки из истории Азербайджана в XVIII веке. Баку, 1948, 227 c.
- Отношение кн. Цицианова к кн. Чарторыйскому, от 22 – го мая 1805 года, № 328 // Кавказской Археографической Комиссии, т. 2, Тифлис, 1868, док. 1437, 1238 с.
- Отношение кн. Цицианова к барону Будбергу от 4 – го января 1807, № 1 //Акты Кавказской Археографической Комиссии, т.3, Тифлис, 1869, док. 492, 760 с.
- Письмо гр. Гудовича к барону Будбергу, от 21 – го августа 1806 года, № 21 // Акты Кавказской Археографической Комиссии, т.3, Тифлис, 1869, док. 606, 760 с.
- Osmanlı belgelerinde Karabağ. İstanbul, 2009, 660 s.
- Osmanlı devleti ile Azerbaycan türk hanlıkları arasındakı münasibetlere dair arşiv belgeleri.(Karabağ – Şuşa, Nahçıvan, Bakü, Gence, Şirvan, Şeki, Revan, Kuba, Hoy) 1578 — 1914. I kitab. Ankara, 1992, 427 s.
- İbrahim Yüksel. “Çarlık Rusiyasının Azerbaycanı istilası ve Osmanlı devletinin tutumu.” Kafkas araştırmaları. İstanbul, 1988, s. 25 – 39.
Günay Xaliq qızı Talıbova – AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun kiçik elmi işçisi
Comments are closed, but trackbacks and pingbacks are open.