Press "Enter" to skip to content

Əkinçi.qəzet

»Əkinçi«nin „Daxiliyyə“sində çap olunmuş bir yazını ixtisarla diqqətinizə çatdırırıq: „Altı ay yoxdur ki, bizim “Əkinçi» çap olunur, amma ingilisin paytaxtı London şəhərində onun çap olunmağı məlumdur. Oradan bir kitabın bir fəslinin türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qələtini düzəldək. Əlhəqq, bu çox ziyadə gözüaçıqlıq istər. London şəhərində bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın ucunda bizim qəzet kimi bir kiçik qəzet çap olunmağını eşidib, istəyirlər ondan da nəfbərdar olsunlar, amma bizim adamın çoxu nəinki bu çağadək bizim qəzeti oxumayıblar, bəlkə, bəzi şəxslər onun bina olmağının xəbərini də eşitməyiblər. Hətta elə adam var ki, qəzet pulu verib, onu almaq istəmir” (“Əkinçi”, 1 yanvar 1876, «Daxiliyyə»). “Əkinçi«də öz əksini və təcəssümünü tapmış maarifçilik mədəniyyətinin aparıcı istiqamətini həqiqi mənada maarifçilik fəlsəfəsi, etik, estetik ideyalar təşkil edir, dialektika və idrak məsələləri xüsusilə maraq doğurur. Diqqəti çəkən budur ki, Həsən bəy Zərdabi „Əkinçi“ adını daşıyan kiçik formatlı bir qəzetdə fəlsəfi dünyagörüşü məsələlərinə toxunmuş və özü ciddi, sərt təqiblərə məruz qaldığı bir vaxtda belə təmas etdiyimiz fəlsəfi məzmunlu məsələlərdən kəskin ictimai-siyasi nəticələr çıxara bilmişdir. Bunlar haqqında, məhz „Əkinçi“dəki materiallara əsaslanaraq danışmağı lazım bilirik.

“ƏKİNÇİ” QƏZETİ-MİLLİ MƏTBUAT.

“Əkinçi” — Azərbaycan dilində işıq üzü görən ilk milli qəzetdir. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən Əkinçi qəzetinin ümumilikdə 56 sayı işıq üzü görmüşdür. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu; baş redaktoru Həsən bəy Zərdabi idi.

XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasını zəruri edirdi. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək çətinliklə olsa da belə bir qəzetin nəşrinə icazə ala bilmişdi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olmuş və nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail ola bilmişdi. “Əkinçi”nin nəşrilə həm də milli mətbuatımızın əsası qoyulmuşdu. “Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalələ və digər yazıları dərc olunurdu. 1877-1878-ci illər Rus-Türk müharibəsi başlanan zaman arxa cəbhədə “türk-tatar” dilində qəzetin mövcudluğundan ehtiyat edən Rusiya hökümətinin göstərişi ilə 1877-ci ilin sentyabrın 29-da “Əkinçi”nin nəşrinə rəsmən xitam verilmişdi. İlk mətbuat orqanımız olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü gün – iyulun 22-si artıq respublikamızda “Mətbuat Günü” kimi qeyd edilir.

“Bizim şəriətimizə görə qulu azad etmək çox böyük savab olduğunu bilə-bilə biz özümüz öz xaişimizlə bir-birimizə qul olmuşuq: rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya məgər qul deyilmi? Bəli, biz hamımız quluq. Buna səbəb bizim ata-baba adətlərimizdir. Xülasə, Şərqi zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa biz tərəqqi etməyəcəyik və edə də bilmərik”. Bu fikirlər “Əkinçi” qəzetinin 1877-ci ildə çıxan 6-cı nömrəsindəndir. Məqalələrində Azərbaycan xalqının yüksəlişi məsələlərinə tez-tez toxunan “Əkinçi”lər feodal quruluşunun məhv olacağına inanırdılar. Əsgər ağa Gorani məqalələrinin birində yazırdı ki, quldarlığı feodalizmi də kapitalizm əvəz edəcəkdir. “Əkinçi” insanların adi hüquqlardan belə məhrum olduğunu açıqcasına deyirdi. Qəzet başqa bir məqalədə söz azadlığının olmamasına acıyaraq yazırdı: “Məlumdur ki, heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə eləyər; haçan keyfi necə istəsə mələyər, amma insan nəinki özü istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir”. “Əkinçi”nin müəllifləri xalqın zülm altında olmasının əsas səbəblərindən birini elmsizlikdə görürdülər. Onların fikrincə adamların biri digərinə avamlıq üzündən qul olur. Məqalələrin birində deyilir: “Məlumdur ki, bir heyvan bir ahunu şikar edib özü yeyir və əgər bir qeyri heyvan onun əlindən o ahunu almaq istəsə, onunla ölənəcən dava edər, amma insan qan-tər töküb qazandığını avamlığı cəhətdən öz əli ilə özündən güclülərə verib onların dəxi artıq təvanə olmağına bais olur ” (54).

Məhz buna görə də qəzet oxucuları elmli olmağa, maarif ardınca getməyə, gözüaçıqlığa səsləyirdi. “Əkinçi” mühərrirləri xalq yaradıcılığına böyük qiymət verirdilər. H. Zərdabi xalq mahnılarının qarşısında ictimai həyatı əks etdirmək vəzifəsini qoyurdu. O, məqalələrinin birində yazırdı: “Məlumdur ki, hər kəsin mahnıdan xoşu gəlir, səsi olan da, olmayanda könlü istəyən vaxt mahnı oxuyur. Bu səbəbə mahnı çox vacib şeydir, ona binaən onun mənasını yaxşılaşdırmaq səyinə düşmək lazımdır. Hər tayfanın keçmişində olan yaxşı və yaman günlərini şərh edən mahnıları olur; bunlar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəccüb eyləsin, xudavənda, onları kim və nə üçün düzəldib! Onların çoxunu ki, avam çağırır, heç mənası yoxdur. Məsələn, Ağacda oturub sərçə, Niyə uzunsan ay küçə. Sən harada qaldın ay beçə, Ey yar, ey yar, ey qara qız ” (56). Zərdabi məqalənin sonunda göstərir ki, bizim şairlərimiz bir-birinə həcv etməkdənsə mənalı mahnılar yazsalar, xalqın mənəvi inkişafına kömək edərlər. Qeyd etmək lazımdır ki, “Əkinçi” redaksiyasına çoxlu hekayələr gəlirdi. Lakin Zərdabi bədii və məzmun cəhətdən zəif olanları buraxmırdı. Beləliklə, qəzet real həyatdan bəhs edən əsərlər uğrunda qızğın mübarizə aparırdı. Qəzet bu cür mübarizəsi ilə realist Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin inkişafına faydalı təsir göstərmişdi. H. Zərdabi dünyagörüşü etibarilə maarifçi-demokrat idi. O, Qərbi Avropa burjua respublikalarında olan şəraitin Azərbaycanda da bərqərar olmasını arzulayırdı: “. . . Nə qədər Avropa əhli bizim təki azadlıqdan bixəbər olub, ol vaxtacan bizdən bədtər avam olub. Amma bu halda azadlıq cəhətdən Avropa əhli çox tərəqqi edib və hər bir işdə bizdən irəli düşüb. …Xülasə, Məşriq-zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik ” “Hamını çağırıram gəlmir, göstərirəm görmür , deyirəm qanmır. Axırda gördüm onları haraylayıb çağırmaqdan başqa bir əlac yoxdur. Ola bilməz ki, sözümü eşidənlərdən heç biri qanmasın. Necə ki, bir bulağın suyunun altına bərk bir daş qoysan ,bir neçə ildən sonra su tökülməkdən daş deşilir , habelə söz də , ələlxüsus doğru söz… Heç olmaz ki, doğru söz yerdə qalsın…” xalq üçün yanaraq deyirdi Zərdabi . Həsən bəy Zərdabi Azərbaycan teatrının yaranmasında, ilk xeyriyyə cəmiyyətinin təşkilində, qız məktəbinin açılmasında, ana dilində təhsilin həyata keçirilməsində və başqa sahələrdə misilsiz rol oynamış ziyalıdır. “Əkinçi” üçün əlindən gələni əsirgəməyən maarifçilərimizdən biri Nəcəf bəy Vəzirov “Əkinçinin” Rusiya müxbiri idi. Seyid Əzim Şirvani “Əkinçi”nin təsirilə günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır, Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün “Əkinçi” xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, “Əkinçi”də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:

Bəs “Əkinçi” cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim “Əkinçi” vəfat.

Əsgər ağa Goraninin “Əkinçi” qəzetinin 17 nömrəsində müxtəlif imzalarla 39 məqaləsi dərc olunub . Mirzə Həsən Əlqədari “Əkinçi”nin “Məktubat” bölümündə cənubda baş verənləri xəbərdar edən əsas yazarlardan biri idi. Məmmədtağı Əlizadə tez-tez Almaniya , Fransa kimi ölkələrə gedir , orada dərin biliklər və məlimatlar əldə edir, “Əkinçi” oxucuları ilə paylaşırdı. “Əkinçi”nin Dağıstan müxbiri Ələkbər Heydəri gənclərin dərin elmi biliklərə yiyələnməsini zəruri məsələ kimi irəli sürürdü. O, köhnə təlim-tərbiyə üsullarını pisləyir, məktəb-mədrəsədəki təlimin yarıtmazlığını , orda tədris edilən fənlərin puçluğunu açıb göstərirdi. “Əkinçi”nin inadkar və dözümlü olmasına görə fərqlənən əməkdaşlarından biri Əhsənül-Qəvaid təxəllüsü ilə yazan Gəncəli Hacı Məhəmməd Sadıq idi . O, idrakın gücünə inanır , hətta onun vasitəsilə insanların azad ,dinc , qayğısız yaşayacaqlarına bel bağlayırdı. “…Bu qayda qədim zəmanə qaydasıdır və zəmanə dəyişdiyinə görə gərək o da dəyişsin . İndi hər bir sənətin sənətkarı olduğu kimi , elmləri də hamısını bir ustadddan , bir məktəbdən öyrənmək olmaz. Həm də hər iki elm bir məktəbdə bir ustaddan öyrənildikdə , oxuyanlar hər ikisindən də avara olur.” Bu fikirlər “Əkinçi”nin əməkdaşı Məhbus Dərbəndiyə aiddir. “Əkinçinin yazarlarından biri Zaqafqaziya Şeyxülislamı Axund Əhməd Hüseynzadə idi. O, dünyəvi elmləri mükəmməl bilmiş, onadək kitab müəllifi olmuşdur.

“Əkinçi” əsl xalq qəzeti idi

Azərbaycan milli mətbuatının qazandığı “Əkinçi” qəzetinin ana dilinin saflığını qorumaq, geniş oxucu kütləsi ilə anlaşıqlı, ifadəli dildə danışmaq sahəsində göstərdiyi nümunə sonrakı 135 ildə də aktual və gərəkli olmuşdur. “Əkinçi” qəzeti türk-Azərbaycan dili probleminə ciddi əhəmiyyət verir və onun təkmilləşdirilməsi məsələlərinin təbliğinə kifayət qədər yer verirdi. Sübutlar gətirməyə ehtiyac yoxdur ki, “Əkinçi” sadə, anlaşıqlı xalq dilində nəşr olunurdu. Yəqin ki, M.F.Axundovu da “Əkinçi” nin nəşr dili çox maraqlandırırdı. O, Həsən bəy Zərdabiyə “Əkinçi” nin dili barədə tövsiyələrini verirdi. M.F.Axundov Həsən bəy Zərdabiyə 21 aprel 1875-ci il tarixli məktubunda yazırdı: «Sizin qəzetinizin məziyyətlərindən biri də üslub gözəlliyi, məlumatların şərhinin incəliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyüdür. Ona görə ki, Sizin qəzetiniz eyni zamanda, öz məqsədləri ilə tatar (Azərbaycan — İ.Rüstəmov) dilinin qüsurlardan təmizlənməsinə çalışmalı və nümunə olmalıdır. Orfoqrafiya barədə qoy Sizin gələcək redaktorunuz mənim komediyalarımın imla qaydalarını əsas tutsun».

Əlimərdan bəy Topçubaşovun «Azərbaycanın mayakı» adlı xatirə yazısında Həsən bəy Zərdabi və “Əkinçi” qəzetinin dili ilə əlaqədar söylədiyi fikirlər də diqqəti cəlb edir. O göstərirdi ki, Həsən bəy ona məxsus enerji ilə ana dilinin müdafiəsi üçün səylə çalışırdı: o, dilin terminalogiyası imkan verdiyinə görə “Əkinçi«də fars və ərəb sözlərindən qaçmağa və müstəsna şəkildə türkcə-Azərbaycanca yazmağa çalışırdı; imkan daxilində ən sadə və asan başa düşülən xalq sözləri və ifadələri işlədilirdi». Əlimərdan bəy daha sonra qeyd edirdi ki, Həsən bəyin əleyhdarları ona irad tuturdular ki, ərəb və fars dillərini bilmədiyindən tərəkəmə (kəndli) jarqonuna əl atır. Əlimərdan bəy həmçinin bunu da nəzərə çatdırırdı ki, Həsən bəyin tənqidçilərinin əksəriyyəti və xüsusilə onların indiki uşaqları doğma dilin xalqın milli mənlik şüurunun oyanmasına bir çağırış olaraq Zərdabinin xidmətlərinin hər cür əhəmiyyətini başa düşürdülər və başa düşməyə bilməzdilər. Əlimərdan bəyin bu fikri də maraq doğurur ki, Həsən bəy xalqın özünün içərisindən müxbirlər yetişdirib onları kütlələrin lap içərilərinə göndərirdi, buna görə də “Əkinçi” xalqın salnaməsi adını qazanmışdı. Burada yerinə düşər ki, Həsən bəyin ömür-gün yoldaşı Hənifə xanımın bu barədə fikirlərini də oxucuların diqqətinə çatdıraq. Bu halda biz Hənifə xanımın «Həsən bəy Məlikov Zərdabinin bioqrafiyası» adlı yazısına istinad edəcəyik. Yeri gəlmişkən, demək istəyirəm ki, Zərdabinin bioqrafiyasını yazarkən Hənifə xanımın təhrif və şişirtmələrə yol verməsi barədə ara-sıra səslənən bir sıra fikirləri yersiz və həqiqətə uyğun olmayan hal hesab edirəm. Zərdabinin elmi irsinin çoxdankı tədqiqatçısı kimi qəti qənaətim budur ki, Həsən bəyin, bütövlükdə, dünyagörüşü və onunla bağlı konkret məsələlər araşdırılarkən Hənifə xanımın haqqında bəhs etdiyimiz yazısı etibarlı və dəyərli elmi materiallar, sənədlər sırasına daxil edilməlidir. İndi isə Hənifə xanımın “Əkinçi«nin dili barədə, o cümlədən konkret olaraq Həsən bəy Zərdabinin türk-Azərbaycan dilinin saflığı uğrunda mübarizəsi barədə fikirlərinə yer verək.

Hənifə xanım göstərirdi ki, Həsən bəy ömrünün axırına qədər saf türkcə tərəfdarı olmuşdur. Onun „Əkinçi“sinin dili bütün qafqaz müsəlmanları arasında aydın anlaşılırdı. Hənifə xanım „Əkinçi“də dil məsələlərinin qoyuluşuna və tətbiqinə dair bir sıra konkret məqamlara toxunurdu. Məsələn, Hənifə xanım diqqətə çatdırırdı ki, Həsən bəy krımlılardan, volqaboyu tatarlarından və sibirlilərdən ərəb dilində məqalələr alırdı. Həsən bəy ərəbcəni yaxşı bilən bir Qazanlı molla tapıb bu məqalələri tərcümə etdirib nümunə kimi müəlliflərinə qaytarır, onlardan ana dilində yazmalarını xahiş edirdi. Bu müxbirlər sonra öz dillərində yazmağa başladılar. Həsən bəy onlara öz ana dilində yazmağı öyrətməklə fəxr edirdi.

Doğrudan da „Əkinçi“ qəzetində Azərbaycan dili ilə əlaqədar məsələlərə ciddi əhəmiyyət və geniş yer verilirdi. Hər şeydən əvvəl, qəzetin redaktorunun, fəal müxbirlərinin dərc olunmuş yazıları özü nümunə idi. İstisna bu ola bilərdi ki, bir sıra hallarda „Əkinçi“ sözü, necə deyərlər, „əks cəbhənin“ nümayəndələrinə verir, onları „öz dillərində“ danışdırırdı.

»Əkinçi«nin fəaliyyət göstərdiyi dövrdə maarifçilik mədəniyyətinin mühüm tərkib hissələrindən biri də kitab çap mədəniyyəti, lazımlı kitabların digər dillərdən türk-Azərbaycan dilinə tərcüməsi idi. Qeyd etmək lazımdır ki, bu məsələlər „Əkinçi“dən sonra da, xüsusilə, XX əsrin lap ibtidasında Həsən bəy Zərdabinin maarifçilik fəlsəfəsində əhəmiyyətli yer tutmuşdur. Əlbəttə, yeni səviyyədə, yeni ictimai-siyasi, mədəni-mənəvi məzmunda.

Həsən bəy Zərdabi „Əkinçi“ qəzeti səhifələrində haqqında bəhs etdiyimiz məsələnin təbliğinə, artıq qeyd etdiyimiz kimi, geniş yer verirdi. „Əkinçi“dən bir parçanı Həsən bəyin özünün şərhində diqqətinizə çatdırırıq: „Bir neçə ildir Osmanlı dövləti məktəbxanalar açıb hər bir elmi öz dillərində xalqa öyrədir. Çünki onların kitablarını bizim adama oxumaq çətindir, ona binaən yaxşı olardı ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, ol kitablardan gətirib, bir az dəyişdirib, çapxana açıb, öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda sair kitabların əvəzində ol kitablar oxunsun… Elm kitablarımız olsa, onları oxurlar və necə ki, su damcı-damcı düşmək ilə daşı deşər, habelə o kitabları oxumaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər“ (»Əkinçi”, 29 mart 1876, «Daxiliyyə»).

Həsən bəy Zərdabinin nəzərinizə çatdırdığımız mülahizələri “Əkinçi«nin demokratik əhval-ruhiyyəli müxbirləri, Azərbaycanın mütərəqqi ziyalıları, o cümlədən maarifçi şair və yazıçıları tərəfindən, Vətənin hüdudlarından kənarda yaşayıb-yaradan „Əkinçi“ dostları tərəfindən geniş müdafiə olunurdu, qəzet də öz səhifələrini məmnuniyyətlə onların sərəncamına verirdi. Maraqlı bir cəhət də diqqəti cəlb edir. Həsən bəy Zərdabi fəalyyətinin bütün dövrlərində, o cümlədən „Əkinçi“nin çıxdığı vaxtlarda xalqın şüuruna təsir etmək, onu avamlıq və xurafat buxovlarından azad etmək, kütlədə milli mənlik şüurunu inkişaf etdirmək məsələlərinə böyük əhəmiyyət verirdi. O, „Əkinçi“ qəzeti səhifələrində dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm olaraq məlumat dərc edir, onların çap və yayılma mədəniyyəti barədə şərhlər verir, „Əkinçi“ni bu qəzetlərlə müqayisə edir, müəyyən ziyalı dairələrində təəssübkeşlik hissini oyatmağa çalışırdı.

»Əkinçi«nin „Daxiliyyə“sində çap olunmuş bir yazını ixtisarla diqqətinizə çatdırırıq: „Altı ay yoxdur ki, bizim “Əkinçi» çap olunur, amma ingilisin paytaxtı London şəhərində onun çap olunmağı məlumdur. Oradan bir kitabın bir fəslinin türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qələtini düzəldək. Əlhəqq, bu çox ziyadə gözüaçıqlıq istər. London şəhərində bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın ucunda bizim qəzet kimi bir kiçik qəzet çap olunmağını eşidib, istəyirlər ondan da nəfbərdar olsunlar, amma bizim adamın çoxu nəinki bu çağadək bizim qəzeti oxumayıblar, bəlkə, bəzi şəxslər onun bina olmağının xəbərini də eşitməyiblər. Hətta elə adam var ki, qəzet pulu verib, onu almaq istəmir” (“Əkinçi”, 1 yanvar 1876, «Daxiliyyə»). “Əkinçi«də öz əksini və təcəssümünü tapmış maarifçilik mədəniyyətinin aparıcı istiqamətini həqiqi mənada maarifçilik fəlsəfəsi, etik, estetik ideyalar təşkil edir, dialektika və idrak məsələləri xüsusilə maraq doğurur. Diqqəti çəkən budur ki, Həsən bəy Zərdabi „Əkinçi“ adını daşıyan kiçik formatlı bir qəzetdə fəlsəfi dünyagörüşü məsələlərinə toxunmuş və özü ciddi, sərt təqiblərə məruz qaldığı bir vaxtda belə təmas etdiyimiz fəlsəfi məzmunlu məsələlərdən kəskin ictimai-siyasi nəticələr çıxara bilmişdir. Bunlar haqqında, məhz „Əkinçi“dəki materiallara əsaslanaraq danışmağı lazım bilirik.

Həsən bəy „Əkinçi“nin elə ilk nömrəsində bəyan etmişdi: „Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki məsəldir deyərlər, zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olgunan. Zəmanənin dəyişilməyi, əlbəttə, hər anlıyan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gediblər. Onların belə irəli getməyinə mane olmaq, yəni onları keçən zamanənin qaydası ilə saxlamaq məsləhət deyil. (“Daxiliyyə»). Cəsarətlə demək olar ki, Həsən bəyin söylədiyi bu fikirlər “Əkinçi«nin fəaliyyət göstərdiyi bütün dövrlərdə bir növ qəzetin ana xəttini təşkil etmiş və Zərdabi isə həmişə bu ideyanı rəhbər tutmuşdur və heç zaman ondan dönməmişdir. Insan, onun şüuru, idrak prosesi barədə söylənilmiş, əsas etibarilə də Zərdabi zəkasına məxsus ideyalar olduqca maraqlıdır. Zərdabi, məsələn, göstərirdi ki, „insanın hər bir hərəkəti və fikir dərəcatı beyinlədir və beyin başda və beldə olur, oradan da bədənin hər tərəfinə damarları gedir“ (»Əkinçi”, 1875, N:5). İnsan və heyvanın müqayisəsinə dair “Əkinçi«də yer almış yazılar bu cəhətdən dərin elmi məzmuna və ictimai-siyasi pafosa malikdir. Zərdabi belə hesab edirdi ki, insan dünyanı dərk etmək qabiliyyətinə və şüura malik olduğuna görə bütün mövcudatın əşrəfidir, ən yüksək varlıqdır.

Həsən bəy şüurun insanı bütün canlıların şahı, padşahı etməsi barədə qədim filosofların fikirlərinə istinadən yazırdı: „Qədim zamanın filosofları deyirlərmiş ki, insan da heyvandır. Amma əqli artıq olmaq səbəbinə tamam heyvanların padşahıdır. İnsan heyvanların padşahı olması xüsusində deyirlərmiş ki, insanın bədəni çılpaq olduğundan heyvanın bədənindən zəifdir. Amma insan ağılı ilə parça toxuyub, üryan bədəninə paltar tikməklə və təmirati-bina edib özünü havanın dəyişilməyindən mühafizat etməklə zəif bədənini heyvandan yaxşı saxlayır. İnsanın iti dişi, dırnağı, buynuzu yoxdur. Amma əqli ilə insan ox, buçaq və qeyr alət qayırıb heyvanatın dişi və dırnağından özünü mühafizat edir. Insanın bədəni düz durmaq səbəbinə onun üçün çapuqluq, yəni yeyin yüyürmək mümkün deyil. Amma insan at, eşşək və qeyr heyvanları tutub, öyrədib, handa bir yeyin heyvana faiq gəlir. Xülasə, insan əqli artıq olmaq səbəbinə hər bir heyvanata qalib gəlir. Pəs insan heyvanların padşahıdır. Hərgah diqqət ilə mülahizə edəsən, aşkar olur ki, insan nəinki heyvanata,tamam dünyaya malikdir“ (»Əkinçi” ,1877, N:15). “İnsan ağıl və elmi ilə tamam dünyanı təsərrüf edə bilər” (yenə orada).

Bəs insan ona mənsub olan belə bir şərafətdən istifadə edə bilirmi? “Əkinçi” insanın sosial genetikasından və amalından doğan həmin şərafətini onun real gerçəklikdə düçar olduğu rəzil vəziyyət arasındakı təzadı nəzərə çatdırır: «Leykən insan bu şərafətdən özünü uzaq edib. Heyvan haraya istəsə gedir, hər tərəfə istəsə baxır, nə istəsə eləyir, haçan kefi istəsə uluyur, amma insan nəinki özü istədiyini edə bilmir, hətta heyvan uluyan kimi öz xahişi ilə danışa da bilmir. Pəs insanın maliki-dünyalıq hüququ payimal olub; onun ağılı məhz tavanalar üçün işləyir» (yenə orada).

Buna görə də “Əkinçi” insanı bir növ bu payimal olmuş hüququnu qorumağa səsləyir. Qəzetdən yenə bir parçanı nəzərinizə çatdırırıq: ” Məlumdur ki, bir heyvan bir ahunu şikar edib, özü yeyir və əgər bir qeyri heyvan onun əlindən o ahunu almaq istəsə, onunla ölüncən dava edər. Amma insan qan-tər töküb qazandığını avamlığı cəhətindən öz əli ilə özündən güclülərə verib, onun dəxi artıq tavana olmağına bais olmur” (yenə orada). “Əkinçi” qəzeti, demək olar ki, mövcud olduğu bütün dövrlərdə bədii yaradıcılıq məsələlərinə, xüsusilə şeirlərimizin ideya məzmunu, aşıq və xalq mahnıları, atalar sözləri ilə bağlı məsələlərə ciddi əhəmiyyət verirdi. Qəzet həmçinin o vaxtlar geniş yayılmış həcvbazlığa və mədhbazlığa qarşı çıxırdı. Nəcəf bəy Vəzirovun “Əkinçi«də dərc olunmuş və ingilis alimləri Bokl və Dreperin kitablarından bəhs olunan yazısından bir parçanı diqqətinizə çatdırırıq: „Kitablarımız… Kitab əvəzinə həcv inşa edirik… İndi yazılan həcvlər məst olan çəkməçi danışığına oxşadığına nəinki onları çap etmək olmur, hətta adam olan kəs onu oxuyanda əti ürpərir. Çünki bizim zəmanə tərəqqi zamanıdır və tərəqqi etməyən tayfa günü-gündən tənəzzül edib axırda puç olacaq, ona binaən bizim şüara qardaşlarımızdan ki, onlar əlhəqq xalqın gözçüsüdürlər, iltimas edirik, təqazayi-zəmanəyə müvafiq xalqın gözünü açmağa səy eləsinlər, yoxsa hədyan danışmaq bir çətin zad deyil və ondan heç kimsəyə bir nəf yoxdur“ (»Əkinçi”, 1877, N:10).

Həsən bəy Zərdabi öz növbəsində dövrünün şairlərini məzəmmət edərək mənasız şeirlərdən əl çəkib, xalq həyatını əks etdirən şeirlər yazmağı tələb edirdi. O, millətin oyanması işində mahnı və nəğmələrin rolundan danışaraq “Əkinçi«də yazırdı: ». Mahnı vacibi şeydir, ona binaən onun mənasını yaxşılaşdırmaq səyinə düşmək lazımdır. Hər taifənin vətəndarlıq və millətin keçmişdə olan yaman və yaxşı günlərini şərh edən mahnıları olur; bu mahnılar ağızdan-ağıza düşüb, milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəccüb eyləsin, xudavənda, onları kim və nə üçün düzəldib! Onların çoxunu ki, avam çağırır, heç mənası yoxdur. Məsələn, — Ağacda oturub sərçə, niyə uzunsan, ey küçə; sən harda qaldın ey beçə, ey yar, ey yar, ey qara göz” (“Əkinçi”, 1877, N:18). Göründüyü kimi, Həsən bəy Zərdabi dərin ideyalı, sosial mənalı şeirlər yazılmasını tələb edirdi.

Uzun illər keçdikdən sonra Həsən bəy “Əkinçi” zamanında bəhs olunan bu məsələni xatırlayaraq, «Bizim nəğmələrimiz» adlı məqaləsində yazırdı: ” Keçmişdə “Əkinçi” qəzeti çıxanda ol vəqtin şairlərindən yazıb təvəqqə eyləmişdim ki, bülbülü və gülü tərif və bir-birilərini həcv etməkdən əl çəkib, elm təhsil etməyin nəflərindən və biz müsəlmanlara olan zülmlərin barəsində şeirlər yazıb onları bizim aşıqlara xoş sövt ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar; onlardan bircə Seyid Əzim Şirvani elm təhsil etməyin nəflərindən bir neçə şeir yazmışdı. Amma qeyr şairlərimizdən heç bir cavab gəlmədi”(«Həyat» qəzeti, 1906-cı il, N:6).

Maarifçilik mədəniyyətinə dair”Əkinçi” qəzetində yer almış materiallar olduqca zəngindir. Onların hamısını ətraflı təhlil etmək bu yazımızda imkan xaricindədir. Bunu nəzərə alaraq bir sıra məsələlərlə əlaqədar yığcam icmal şəklində ümumiləşdirmələr vermək istərdik. Əvvəla, adətlər-ənənələr barədə istər Həsən bəy Zərdabinin özünün şərhində, istərsə də “Əkinçi«də dərc olunmuş müxbir yazılarında həm tarixi planda, həm də məntiqi-fəlsəfi planda adət və ənənələrin tarixən necə dəyişib təkamülə uğraması, insanların həyatında oynadığı rol haqqında maraqlı təfsilatlar verilmişdir. Başlıca olaraq diqqəti cəlb edən budur ki, „Əkinçi“də bu məsələyə münasibətdə yenilik və köhnəlik arasında gedən mübarizə öz əksini tapmışdır.

Həsən bəy Zərdabi gənc və tərəqqi yolu ilə gedən insanlara müraciət edərək çətinliklərdən qorxmayaraq Vətənin, millətin maraqlarını üstün tutmağa çalışırdı: „Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər! Amma insaf deyil, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız… Qoy şüaralar sizi həcv etsin, mollalar lənət oxusun, avamünas daşa bassın, siz millət üçün zəhmət çəkərsiniz və bişək, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaqlar“ (»Əkinçi” qəzeti, 1876-cı il, N:11).

Əslində hörmətli oxucu, burada təsvir olunanlar Həsən bəyin maarifçilk fəaliyyəti zamanı özünün rastlaşmış olduğu çətinliklərin, mane və təqiblərin bir növ əks-sədası idi. Məgər, «rus Həsən», “şapkalı Həsən” deyə Bakının küçələrində onu daşa basmamışdılarmı?* Bir neçə söz də «Vəkili-naməlum», əslində dostu Mirzə Fətəli Axundovun “Əkinçi«yə göndərdiyi məktublar barədə. „Vəkili-naməlum“ Həsən bəyə irad tuturdu ki, nə qədər „elm, elm“ demək olar, bir gül ilə bahar olmaz». Əlbəttə, bu məsələdə «Vəkili-naməluma» o mənada haqq qazandırmaq olar ki, təkcə «elm, elm» şüarı ilə «sosial yara» sağalan deyildi. Doğrudur, lap əvvəldə dediyimiz kimi, Həsən bəy Zərdabi fəaliyyətinin sonrakı dövrlərində, necə deyərlər, nəzəri maarifçilikdən” «praktiki maarifçiliyə», döyüşkən maarifçiliyə keçmişdi, həm də «damcı daşı deşər» prinsipinə sadiq qalmışdı. Əlbəttə, «Vəkili-naməlum» da Həsən bəyin və “Əkinçi«nin fəal müxbirlərinin ciddi tənqidindən sonra „Əkinçi“ ilə „dil tapa bilmiş“, fəaliyyətini eyni məcraya yönəltmişdi.

Azərbaycanda maarif carçısı, xalqa istiqamətlənmiş „xitabət kürsüsü“ kimi ad qazanmış „Əkinçi“ qəzetində türk dilli müsəlman aləmində böyük əks-səda doğurmuşdu. Burada yalnız böyük maarifçi, müəfəkkir, türkçü İsmayıl bəy Qaspıralıya və onun nəşr etdirdiyi „Tərcüman“ qəzetinə „Əkinçi“nin, şəxsən Həsən bəy Zərdabinin göstərmiş olduğu müsbət təsirdən bir neçə kəlmə qeyd etmək istərdik. Hənifə xanım Məlikova oxuculara artıq məlum olan „Xatirələrində“ göstərirdi ki, İsmayıl bəy Qasprinski Krımdan, Baxçasaraydan Həsən bəyə məktub yazaraq „Tərcüman“ adlı qəzet buraxmaq istədiyini xəbər verir, həmçinin Həsən bəydən bu işdə ona xeyir-dua verməsini xahiş edirdi. Həmçinin xahiş edirdi ki, Həsən bəy qəzetin idarə edilməsinə rəhbərliyi öz üzərinə götürsün. İsmayıl bəyin məktubu Həsən bəydə bayram əhval-ruhiyyəsi yaratmışdı və Həsən bəy təkrarən Zərdab kəndində yaşadığı vaxtlarda „Tərcüman“ qəzetini abunə olaraq alar, özü oxuyar və başqalarına da oxutdurardı.

Əlimərdan bəy Topçubaşovun „Azərbaycanın mayakı“ adlı xatiratında „Tərcüman“ qəzeti ilə bağlı söylədiyi fkirlərə toxunmaq da yerinə düşərdi. Əlimərdan bəy yazırdı: İsmayıl bəy tez-tez qeyd edirdi ki, Rusiyada türk mətbuatının tarixi „Əkinçi“dən başlanır və Həsən bəy Məlikzadə Zərdabi də bu mətbuatın patriarxıdır. Həmçinin İsmayıl bəy Həsən bəyi özünün müəllimi adlandırırdı. Yerinə düşər deyək ki, İsmayıl bəy Qaspıralı Azərbaycanın demokratik əhval-ruhiyyəli dairələri ilə sıx əlaqə saxlayırdı və onun qızı Şəfiqə xanım Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri olan Nəsib bəy Yusifbəylinin ömür-gün yoldaşı olmuşdur. Bir halda ki, söhbət „Əkinçi“ və „Tərcüman“ qəzetlərindən, onların redaktorları — Həsən bəy və İsmayıl bəydən getdi, burada bir məqama da toxunmaq yerinə düşərdi. Bu məqam da ümumiyyətlə ömrünü xalqın maariflənməsinə, milli maraqların gerçəkləşməsinə, dahi şəxsiyyətlərin həyatının az öyrənilmiş sahələrinə daha bir işıq salınmasına imkan verir. Hənifə xanım Məlikovanın Həsən bəy Zərdabinin şəxsi və ictimai həyatının „əlavə bir çırağı“, Həsən bəyin ömür-gün yoldaşı olmaqla yanaşı, onun maarifçilik fəaliyyətində, „Əkinçi“nin işlərində ən yaxın köməkçisi, məslək dostu olması, milli mətbuatımızın ilk qaranquşu olan həmin qəzetin normal fəalyyəyti üçün gecə-gündüzünü əsirgəmədiyi heç bir digər sübut tələb etmir. Eyni sözləri müəyyən fərqlə „Tərcüman“ qəzetinin redaktoru İsmayıl bəy Qaspıralının həyat yoldaşı Zöhrə xanım haqqında da təkrar etmək olar. „Qaspıralı. Seçilmiş əsərləri: roman və hekayələri“ kitabında göstərildiyi kimi, İsmayıl bəyin həyat yoldaşı Zöhrə xanım və Krımın adlı-sanlı, zəngin bəylərindən birinin qızı olan anası Fatma xanım ziynət şeylərinin, hətta cehiz əşyalarının satılmasına icazə verirlər ki, İsmayıl bəy „Tərcüman“ qəzeti üçün mətbəə yarada bilsin. Zöhrə xanım, elə bil, eynilə Hənifə xanım kimi, „Tərcüman“ qəzetinin normal fəaliyyət göstərməsi üçün İsmayıl bəyin ən yaxın köməkçisi, məsləkdaşı olmuşdur.

Həsən bəy Zərdabinin İsmayıl bəy Qaspıralı və Yusif Akçura ilə əlaqələrinin hər üç mütəfəkkirin dünyagörüşünün düzgün qiymətləndirilməsi üçün əhəmiyyətli görünə biləcək bəzi məqamları üzərində də dayanmaq istərdim. Əvvəla, bu diqqəti çəkir ki, Yusif Akçura böyük mütəfəkkirlər və maarifçilər olaraq Həsən bəyə və İsmayıl bəyə böyük hörmətlə yanaşır. O, „Əkinçi“nin İsmayıl bəy tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Qəzetin tam komplektinin onun şəxsi kitabxanasında saxlandığını qeyd edir.

Burada yada salmaq istərdim ki, Yusif Akçura İsmayıl bəyin „Dildə, fikirdə, işdə birlik“ şüarının Həsən bəy Zərdabidən qaynaqlandığını xüsusi olaraq nəzərə çatdırır: „Rusiyada 1905-ci il inqilabin baş verib, düşüncə və mətbuat xeyli hüriyyətə qovuşduğu zaman İsmayıl bəy Qaspıralı bütün türk millətinin böyük millətlər arasında görülən həyat qovğasında Zərdabinin sözləri ilə “Məğlub və məğhur (yenilmiş) və nabud (yox olma) olmaması üçün tapdığı çarələrin əsaslarını bir prinsip halında „Tərcüman“ın başına əlavə etdi: „Dildə, fikirdə, işdə birlik“. „Əkinçi“yə dair məlumatı İsmayıl bəy Qaspıralının şəxsi kitabxanasında mövcud olan „Əkinçi“ kolleksiyasından aldım». Azərbaycanda maarifçiliyin, maarifçilik mədəniyyətinin, eləcə də maarifçilik fəlsəfəsinin təşəkkül və inkişafında “Əkinçi«nin, onun redaktorunun, o dövrün demokratik ziyalılarının artıq tarixə yazılmış xidmətlərinin tam əhatəli təhlilini bir yazıda vermək mümkün deyildir. „Əkinçi“ qəzetinin özünün tam mətnində və qəzetlə bağlı əlavə materiallarda çox maraqlı elmi-informatik ideyalar saxlanılmaqdadır. Ümumiyyətlə, oxucular, o cümlədən „Əkinçi“ və Zərdabi irsinin araşdırıcıları burada tarix, coğrafiya, etnoqrafiya, ekologiya, təbabət və s. haqqında olduqca çox qiymətli elmi informasiya əldə edə bilərlər. „Əkinçi“, nəinki burada öz təcəssümünü tapmış maarifçilik mədəniyyəti və fəlsəfəsi baxımından, həmçinin o dövrün, eyni zamanda, sonrakı dövrlərin ictimai-siyasi, fəlsəfi, mənəvi-intellektual mühitinə, həm də fikrinə göstərmiş olduğu böyük təsir baxımından qiymətlidir.

»Əkinçi«yə həsr olunmuş yazılarımdan birini „Yanıb-sönən, yenə də məşələ dönən “Əkinçi» adlandırmışdım. Həqiqətən, “Əkinçi” bir qığılcım idi ki, sonradan ondan alov doğdu. Bu alov isə heç zaman sönməyəcəkdir.

İzzət Rüstəmov
BDU-nun sosiologiya kafedrasının müdiri,
fəlsəfə elmləri doktoru, professor

  • Teqlər:
  • mətbuat
  • , Əkinçi qəzeti
  • , Həsən bəy Zərdabi

Ekinci Qezeti – Wikipedia

Əkinçi (azərb-ərəb. اکینچی‎) — Azərbaycan dilində yayımlanan ilk milli qəzet. 1875-ci ildə başlayan nəşriyyatı 1877-ci ildə bitmişdir. İlk sayının buraxıldığı 22 iyul Azərbaycanda “Milli Mətbuat Günü” kimi qeyd olunur. Ayda iki dəfə 300–400 tirajla yayımlanmışdır. Ümumilikdə 56 sayı buraxılmışdır.

  • M.F.Axundzadə
  • S.Ə.Şirvani
  • N.Vəzirov
  • Ə.Gorani
  • İsa Sultan Şahtaxtli
  • Məhəmmədtağı Əlizadə Şirvani
  • Məhbus Dərbəndi
  • Məmnun Əlqədari
  • Ələkbər Elçizadə
  • Xaçatur Qorxmazov

Mündəricat

  • 1 Haqqında
  • 2 “Əkinçi” qəzetinin nəşrə başlaması
  • 3 Qəzetin başlıca mövzuları
  • 4 “Əkinçi”lər
  • 5 “Əkinçi” nin bağlanması
  • 6 İstinadlar
  • 7 Mənbə
  • 8 Ədəbiyyat
  • 9 Xarici keçidlər
  • 10 Həmçinin bax

I əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud idi. Azərbaycanda isə bu sahədə sükut hökm sürürdü. Görünən mənzərə belə idi: XIX əsrin ikinci yarısında Azərbaycan hələ də milli mətbuatını yarada bilməmişdi. Ancaq bu istiqamətdə fəaliyyət göstərənlər və ya bu arzuda olanlar var idi.

Sovet dövrünün tarix və ədəbiyyat kitablarında, adətən XIX əsrin bütün müsbət tərəfləri Azərbaycanın Rusiya tərkibinə daxil olması dövründən sonraya aid edilir. Əslində, həmin əsrin birinci yarısında baş verən bir sıra tarixi hadisələr, xüsusilə 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrinin imzalanması Azərbaycan xalqının milli təfəkkürünün inkişafına təkan verdi. Azərbaycanın iki yerə bölünməsi, hər hissəsinin bir dövlətin müstəmləkəsi altında yaşamağa məhkum edilməsi milli azadlıq duyğularını gücləndirməyə başladı. Digər tərəfdən, XIX əsrin xüsusilə ikinci yarısında Rusiyanın ictimai-siyasi həyatında baş verən mühüm hadisələr, 1861-ci ildə Rusiyada təhkimçilik hüququnun ləğvi onun təbəəliyində olan ölkələrdən biri kimi Azərbaycana təsir göstərdi. İqtisadi və ictimai inkişaf milli mətbuatımızın yaranmasını zəruri etdi.

1864-cü ildə Gürcüstanda təhkimçilik hüququnun ləğvindən sonra, daha dəqiq, 1870-ci ildə Azərbaycanda da kəndli islahatlarını həyata keçirmək üçün əsasnamə imzalandı. Əslində bu əsasnamədə yeni bir şey yox idi və o, 1847-ci il əsasnaməsi ilə eyniyyət təşkil edirdi. Fərqlilik isə ondan ibarət idi ki, kəndlilərin asılılığı azaldılır, hər 15 yaşa çatmış şəxsə 5 desyatin torpaq verilirdi. Əslində əsasanmənin icrası zamanı torpağı 5 desyatindən aşağı olanlara əlavə torpaq verilmədi, kəndlinin yaşayış binasının, təsərrüfat tikililərinin sahəsi də pay torpaqlarına daxil edildi. Kəndlilərdən yığılacaq vergilər də əvvəlki əsasnamədə nəzərdə tutulduğu kimi qaldı. Torpaq islahatları ilə yanaşı, Azərbaycanın bölgələrində məhkəmə, şəhər və inzibati idarə islahatları da həyata keçirilmişdi. Formal şəkildə aparılan bu dəyişikliklər feodal istehsal münasibətlərinin kapitalist münasibətləri ilə əvəzlənməsindən doğurdu.

Qafqazdakı ali hakimiyyət burada çar canişinlərinin əlində cəmlənmişdi. Quberniyaları bütün mülki və hərbi hakimiyyətə sahib olan qubernatorlar idarə edirdilər. Quberniyalar isə qəzalara bölünürdü. Keçirilən bu islahatların əsas məqsədi çarizmin Qafqazda həyata keçirdiyi müstəmləkəçiliyi möhkəmlətməkdən ibarət idi. İnzibati-ərazi bölgüləri yaradılarkən bu və ya digər daxil edilən əhalinin milli tərkibi, onun tarixi-dini ənənələri nəzərə alınmırdı. Bu islahatların yarımçıq, formalizm xatirinə keçməsinə baxmayaraq, məhSuldar qüvvələrin və kapitalizmin önə çıxması, inkişafı üçün az da olsa imkanlar yarandı. İqtisadiyyatı, sənayesi Rusiya bazarları ilə formalaşan Azərbaycanda kənd təsərrüfatının, sənayenin tərəqqisi ləng olsa da, inkişafa meyilləndi.

Azərbaycan milli mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlayır. Kövrək addımlarını atan Azərbaycan milli burjuaziyasının və dövrün görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başladı. Təhsil sahəsində bəzi dəyişikliklər həyata keçirildi. Məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, Səid Ünsizadənin, S.Ə.Şirvaninin xidmətləri danılmazdır. S.Ünsizadənin Şamaxıda açdığı məktəbdə şəriətlə yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam dininin tarixi, həmçinin rus və ana dili tədris olunurdu. Maarifçiliyin geniş intişar tapmasında bu şəxsiyyətlərlə yanaşı, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan maarifçilər nəslinin nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar. Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçdilər.

Əkinçi” nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi. Milli mətbuat tariximizin “Əkinçi”nin nəşri ilə bağlanması tarixi reallıqları özündə əks etdirir. “Əkinçi” özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə cığır açdı. Ünsizadə qardaşlarının yaratdıqları “Ziya” (“Ziyayi-Qafqaziyyə“), “Kəşkül” kimi nəşrlər “Əkinçi” ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu. Sovet dövrünün araşdırıcıları ideoloji yöndən bu qəzet və dərgiyə yanaşaraq obyektivlikdən kənar fikirlərə rəvac vermişlər. Ancaq Ünsizadələrin nəşr etdiyi mətbu orqanlar islam birliyi ideyasının tərəfdarı olması ilə yanaşı, xalqın maariflənməsinə, Avropanın elmi yenilikləri ilə oxucuların tanışlığına, ədəbiyyata yeni baxışın formalaşmasına əsaslar yaratdı, mətbəəçilik işi quruldu.

Əkinçi” qəzetinin nəşrə başlaması

Azərbaycan Tarixi Muzeyində “Əkinçi” qəzetinin ilk nəşri

Çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş “Senzura haqqında qəti qanun“dan sonra mətbuatda nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi. Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə 1868-ci ildə düşmüşdü. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Hənifə xanım Məlikovanın göstərdiyi kimi “qəzetin nəşrinə icazə alma 7 il çəkdi”. [1] Zərdabinin rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu. Maliyyə vəsaiti əldə etdikdən sonra H.Zərdabi Bakının qubernatoru, general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edərək qəzet nəşrinə icazə istədi. Bu məsələyə toxunan Zərdabi yazır:

Mən ona fərzimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyum ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğunu qəbul eləsin. Bu tövr ərizə verib icazə aldım.

Azərbaycan milli mətbuatının əsasını təşkil edən bu mətbuat nəşrin adının “Əkinçi” olması, şübhəsiz ki, çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü. Qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də “Əkinçi“nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli dövri mətbuatın əsası qoyuldu. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular. Hansı məsələlərin qəzetdə əksini tapacağı sualına “Əkinçi“nin ilk nömrəsində Zərdabi dərc etdiyi məqalədə cavab verdi və bəlli oldu ki, qəzetin məramnaməsi belə olacaqdır:

  1. Daxiliyyə – buradakı məqalələr qəzetin münşisinin özü tərəfindən yazılacaqdır.
  2. Əkin və ziraət xəbərləri – yəni bizim, ya qeyri vilayətlərdə olan əkinlərdən.. onları becərmək vaxtında işlədilən əsbablardan, əkin yerini şum etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışıq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan, mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və qeyri-vilayətlərdə nə qisim mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışılacaqdır.
  3. Elm xəbərləri – yəni elm və imtahan yolu ilə aşkar olan, məsələn, insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışılacaqdır.
  4. Tazə xəbərlər – bir neçə qism olacaqdır, əvvələn ticarət xəbərləri olacaq, yəni bizim vilayətimizdə və qeyri vilayətlərdə bir şey, məsələn, buğda filan şəhərdə, ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər verəcəkdir və s. [1]

İlk sayda dərc olunan məqalədən və bu məlumatlardan göründüyü kimi Həsən bəy “Əkinçi“nin əsas ideya istiqamətlərinin 4 əsas şöbədə əksini tapacağını müəyyənləşdirmişdi. Lakin “Əkinçi”nin 6-cı nömrəsindən sonra qəzetdə məktublar şöbəsi də açıldı və “Məktublar” başlığı altında materiallar da dərc olunmağa başlandı. Bu 5 şöbə qəzetin sonuncu nömrəsinə qədər davam etmişdir. [1] “Əkinçi” Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. Hənifə xanım Abayeva öz xatiratında “Əkinçi“nin yayıldığı geniş coğrafiyaya toxunaraq yazırdı:

Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi. Qəzetin ilk abunəçiləri, onu birincilər sırasında salamlayanlar Omskdan, Tümendən, Cistopoldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları idilər.

Qəzetin başlıca mövzuları

Rusiyada təhsil aldığı illərdə demokratik fikirli ziyalılarla ünsiyyət quran və “Полярная звезда”, “Колокол”, “Современник” kimi demokratik mətbuat orqanlarının mütərəqqi ideyaları ilə tanış olan Zərdabi və “Əkinçi”nin başqa müəllifləri “Əkinçi” qəzetinin nəşri ilə bu ab-havanı Azərbaycanda görmək istəyir, xalqın tərəqqisi məsələsini başlıca məqsəd kimi götürürdü. “Əkinçi” dövrün azərbaycanlısının təsəvvürlərinin genişlənməsinə, qonşu ölkələrdə və cəmi dünyada baş verən mütərəqqi ideyalar barədə onların məlumatlanmasına, mədəni intibaha qədəm qoymalarına böyük kömək etmişdi. [1]

Əkinçi” insanların adi hüquqlardan belə məhrum olduğunu açıqcasına deyirdi. 1877-ci ildə çıxan 6-cı nömrədə o yazırdı: [1]

Bizim şəriətimizə görə qulu azad etmək çox böyük savab olduğunu bilə-bilə biz özümüz öz xahişimizlə bir-birimizə qul olmuşuq: rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya məgər qul deyilmi? Bəli, biz hamımız quluq. Buna səbəb bizim ata-baba adətlərimizdir. Xülasə, Şərqi zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa biz tərəqqi etməyəcəyik və edə də bilmərik.

Qəzet başqa bir məqalədə söz azadlığının olmamasından yazırdı: [1]

Məlumdur ki, heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə eləyər, haçan keyfi necə istəsə mələyər, amma insan nəinki öz istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir.

Azad söz və fikir sərbəstliyinin mövcud olmadığını üstüörtülü şəkildə çarizmin yeritdiyi siyasətlə bağlayan “Əkinçi“lər səbəblərdən biri kimi köhnə qaydaların dəyişdirilməməsində görürdü. Qəzet üstüörtülü şəkildə olsa da, çarizm üsul-idarəsini, onun törətdiyi cinayətləri tənqid edirdi. Qəzetin dərc etdiyi bir neçə xəbər bunu sübut edir. Məsələn, “peterburqda dekabrın 6-da Kazanski sobor kilsəsində dua oxunan vəqtdə bir neçə tələbə və qeyri dövlətin üstə nalayiq sözlər danışıb. İndi senat onların işinə baxıb, qət edib çoxunu Sibirə göndərib”. “Ural kazaklarının yerlərində təzə əsgəri qayda qoyulandan sonra bəzi şəxslər ol əmrə razı olmadığına binaən hökm olunub ki, onları öz külfətləri ilə tutub Türküstana göndərsinlər” Qəzet cəmiyyətin əzənlərdən və əzilənlərdən ibarət olduğunu açıq etiraf edirdi. [1]

Əzənlər sinfinə mənsub olan bəylər, ağalar “Əkinçi”nin əsas tənqid hədəfi idi. Qəzet yazırdı ki, əlbəttə, bəylər “xəlqin xoşbəxtlik fikrini çəkməz. Onun üçün pul gərəkdir ki, keyfi-dimağa məşğul ola və millət əvəzinə heyvan gərəkdir ki, ona hakimlik edib, öz bəyliyini zahir edə”. “Əkinçi” Peterburq fəhlələrinin həyatından bəhs edərkən göstərirdi ki, “bircə Peterburq şəhərində 90 min fəhlə yersiz qalıb“.

H.Zərdabi və onun məsləkdaşları “Əkinçi” qəzetini din və mövhumata, ətalət və geriliyə qarşı mübariz bir tribunaya çevirməyə çalışırdılar. Zərdabi və məsləkdaşlarının qəzet səhifələrində dərc etdirdikləri yazıların bir qismi dini fanatizm və mövhumata həsr olunmuşdu. Məişətdəki yeniliyə qarşı çıxanlara sərt cavab verən Zərdabi yazırdı: [1]

. çəkmə geyməkdə bir günah yoxdur və hər kəs fikir eyləsə görər ki, çəkmə geyməklə insan müsəlmanlıqdan çıxmaz. Amma bir şəxs. başmaq yerinə çəkmə geyəndə şüəralar onu həcv edir, mollalar ona mənbərdən lənət oxuyur, əvamünnas salam verməyir, xülasə hamımız birləşib onu kafir hesab edib, o qədər incidirik ki, biçarə naəlac qalıb öz millətini atıb gedib xaricilərlə üns tutur ki, onun övladı onların içində böyüyüb onların tərəqqisinə daxil olur. Əlbəttə, belədə nə qədər səy edək ki, buğda bitsin, olmaz. Alaq otları artacaq və bir qərinədən sonra onları biçib əvəzinə qeyrə hasil edəcəklər.

Əkinçi” dini ayinləri həyata keçirərkən Quranda nəzərdə tutulan qaydalardan kənara çıxmaları zərərli hal hesab edirdi. Aşura günü baş yarmanın əleyhinə müzakirə açan “Əkinçi” bu halın islam qayda-qanunları ilə bir araya sığmadığını göstərirdi. Qəzetdə H.Zərdabinin, Əhsənül-Qəvaidin (Hacı Məmmədsadıq), Ə.Gorani, Heydəri və başqalarının bu mövzuda kəskin yazılarla çıxış etmələrini qəbul etməyənlər də etirazlarını, mövqelərini qəzetə ünvanlayırdılar. Qarabağdan Hadiyul-Muzillin Həsən Qara Hadı, Qubadan Hadimül-Qəvaid, kapitan Sultanov, “Əkinçi“nin dini fanatizmin əleyhinə apardığı bu müzakirələri qəbul etmir, öz mövqelərini kəskin şəkildə bildirir, hətta təhqir yolu tuturdular. H.Zərdabi H.Q.Hadinin həcvini qəzetdə dərc edərək redaksiya qeydində göstərmişdi: [1]

Cənab Hadi Qarabağinin həcvini tamam çap eləməyə izn olmadı. Fikrim budur ki, bizim Zərdab kəndində Qarabağın sərhədində bir daş qoydurub, onun üstə zikr olan həcvi tamam qazdırım ki, gələcəkdə bizim övladlar o yadigarə baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti islami qəflətdən ayıltmaq istəyən vəqtdə neçə nadanlara rast gəlmişəm.

Əkinçi” qəzeti mollaların və ruhanilərin iç üzünü konkret dəlillərlə açırdı. Həm xristian, həmçinin müsəlman aləmindəki fırıldaqları bir-bir açıb göstərirdi: [1]

İspaniya məmləkətinin bir kəndində bir təvanə kəs vəfat edən zaman üstə keşiş gətirmədiginə, keşiş deyib ki, belə şəxsin ruhunu şeytan özü gəlib cəhənnəmə aparır. Meyid basdırılandan irəli ol şəxsin evinə bir əcaib paltarda uzunquyruq və əlində məşəl surət daxil olub ki, hamı görüb, şeytan – deyib qaçıb. Bir kişi bu qeylüqalı eşidib əlində tüfəng içəri daxil olanda, ol surət onun üstə gedib. Bu halda tüfəng atılıb ona dəyib. Sonra onu soyundurub görüblər ki, zikr olunan keşişdir”

Əkinçi” qəzeti mövhumatçılara birinci zərbəni dünyəvi elmləri öyrətməyə təşviq edən müzakirəni açmaqla vurdu. Qəzet göstərirdi ki, biz də “qeyri millətlər kimi elmi-əbdanı elmi-ədyandan ayırıb, onun üçün qeyri məktəbxana bina edib, qeyri müəllimlər təyin etməliyik

Millət, dövlət qeyrəti çəkən qardaşlar, gərək xəyalati–qəvaidi–mövhumiyyəti kənara qoyub, bacarıq və qüvvə sahibləri əsbab, aləti-tərəqqiyat və məktəbxanələr bina edib, maşın və ustadlar gətirib ətraflı qaidə-ülum ilə tərbiyyət etsin, ta kəm-kəm xəlq baxəbər olub, öz məaş əbdanlarına lazım olan işləri əmələ gətirsinlər” [1]

Qəzet əkinçiliyin inkişafına kömək edən çoxlu material dərc etmişdir. Demək olar ki, qəzetin bütün nömrələrində əkinçilik və maldarlıqla bağlı materiallar “Elm xəbərləri“, “Əkin və ziraət xəbərləri” rubrikası altında işıq üzü görmüşdü. Bu materialların əksəriyyətini sadə, rəvan xalq dilində Zərdabinin özü qələmə almışdı. Həsən bəy ilə yanaşı, Nəcəf bəy Vəzirov, Ə.Gorani kimi elmi, müasir dövrün tələblərini bilən qələm əhli Rusiyanın, Avropanın kənd təsərrüfatına aid yeniliklərini oxuculara çatdırırdılar.

Torpağın məhsuldarlığının artırılması, kübrə növləri, məhsuldarlığın təyini üsulları, heyvan saxlanılması, yeni əkinçilik alətləri əsas mövzular idi. Kənd təsərrüfatına həsr etdiyi məqalələrinin birində Zərdabi Azərbaycanda kətan kimi məlum olan ənənəvi ağac kotanların çoxlu işçi qüvvəsi tələb etməsi xüsusiyyətlərini pisləyir, onun təkmilləşdirilmiş alətlərlə əvəz edilməsinin vacibliyini qeyd edirdi:

Xülasə, dünyada kotan çoxdur, amma bizimkindən yamanı heç olmaz. Onun hər bir hissəsi yaman olduğuna 8 cüt öküz ilə işlədirik və onunla belə yeri narın edib çevirə bilməyirik. Ona bianən bizim tavanası olan əkinçilər yaxşı elədilər ki, Moskva karxanalarından əla kotanlar gətirib işlədəydilər.

Müəllif məqalədə məlumat verirdi ki, artıq dünyada kotanla yer şumlanmır:

İndi elm sahibləri səy edirlər ki, kotanı su buğu ilə işləyən maşınla işlətsinlər və belə maşınlar qayırıblar ki, bir tağar yeri bir saatda şumx edir.

Zərdabi məqalələrinin birində göstərirdi ki, Qafqazda qaramal sayca çoxdur, lakin bunlardan az məhsul götürülür, ona görə də heyvanları tövlə şəraitində saxlayıb yemləmək lazımdır. Qəzetdə aqrotexniki və zootexniki məsləhət xarakteri daşıyan yazılar verilirdi. Torpağın keyfiyyətini, münbitliyini məhsuldarlığını təyin etmək üsulu xalqa çox sadə bir dil ilə çatdırılırdı. Qəzet buğdanın növlərini, onların əkilib becərilməsi üsullarını izah etmişdir. Taxılçılıq haqda qəzetdə belə maraqlı mülahizələrə rast gəlmək olur: [1]

Onu bir yerdə bir neçə il dalbadal əksək hasil ilbəil az olar. Ona binaən yaxşıdır ki, bir il buğda əkəndən sonra, yer bir il dincəlsin və ya buğdadan sonra o yerdə bir neçə il qeyri şey, məsələn qarğıdalı, kartofel, tənbəki, yerkökü və qeyri kökü dərinə gedən şey əkəsən. Xülasə yer dincəlməyə qalanda bir il keçəndə buğda əkmək olar.

Əkinçi“də kənd təsərrüfatı materiallarını H.Zərdabi, N.Vəzirov, Ə.Gorani kimi elmli, bilikli, mütəxəssis şəxslər yazırdılar. Onlar Rusiyanın, Avropanın kənd təsərrüfatına dair yeniliklərin vaxtında oxuculara çatdırırdılar.

Əkinçi” nin müəllifləri xalqın zülm altında olmasının əsas səbəblərindən birini elmsizlikdə görürdülər. Onun fikrincə adamların biri digərinə avamlıq üzündən qul olur. Məqalələrin birində deyilir: [1]

Məlumdur ki, bir heyvan bir ahunu şikar edib özü yeyir və əgər bir qeyri heyvan onun əlindən o ahunu almaq istəsə onunla ölənəcən dava edər, amma insan qan-tər töküb qazandığını avamlığı cəhətdən öz əli ilə özündən güclülərə verib onların dəxi artıq təvanə olmağına bais olur.

Əkinçi realist sənətin beşiyi başında çox ayıqsayıq dayanmışdı. Qəzetin mühərrirləri ədəbiyyatın həyatla əlaqəsini, sənətdə məzmun və forma məsələlərini düzgün başa düşmüşdü. H.Zərdabi, N.Vəzirov, Əhsənül-Qəvaid və Heydəri öz məqalə və məktublarında köhnə sxolastik şeiri, ictimai məzmunu olmayan həcv ədəbiyyatını tənqid etmiş, şeirdə elmin, maarifin, həyat həqiqətlərinin tərənnümünün tərəfdarı mövqeyindən çıxış etmişlər. Qəzet həcvkülar haqqında yazırdı: [1]

İndi yazılan həcvlər məst olan çəkməçi danışığına oxşadığına nəinki onları oxumaq olmur, hətta adam olan kəs onları oxuyanda əti ürpərir.

H.Zərdabi şairləri həyatla ayaqlaşmağa səsləyərkən yazırdı: [1]

Bizim zəmanə tərəqqi zəmanəsidir və tərəqqi etməyən taifə günü-gündən tənəzzül edib axırda puç olacaq, ona binaən bizim şüəra qardaşlarımızdan ki, onlar əlhəq xalqın gözcüsüdürlər, iltimas edirik, təqazayi-zəmanəyə müvafiq, xəlqin gözünü açmağa səy etsinlər.

N.Vəzirov şeirin tərbiyəvi əhəmiyyətinə üstünlük verir və nalayiq həcvlər yazanları kəskin ifşa edirdi. Əkinçi mühərrirləri xalq yaradıclığına böyük əhəmiyyət verirdilər. Zərdabi xalq mahnılarının qarşısında ictimai həyatı əks etdimək vəzifəsini qoyurdu. O, məqalələrinin birində yazırdı: [1]

Məlumdur ki, hər kəsin mahnıdan xoşu gəlir, səsi olan da. olmayan da könlü istəyən vaxt mahnı oxuyur. Bu səbəbə mahnı çox vacib şeydir, ona binaən, onun mənasını yaxşılaşdırmaq səyinə düşmək lazımdır. Hər tayfanın. keçmişdə olan yaxşı və yaman günlərini şərh edən mahnıları olur; bunlar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəccüb eyləsin, xüdabəndə, onları kim və nə üçün düzəldib! Onların çoxunu ki, avam çağırır, heç mənası yoxdur. Məsələn, .

Zərdabi məqalənin sonunda göstərir ki, bizim şairlərimiz bir-birinə həcv etməkdənsə mənalı mahnılar yazsalar xalqın mənəvi inkişafına kömək edərlər. Əkinçi redaksiyasına çoxlu hekayələr gəlirdi. Lakin Zərdabi bədii və məzmun cəhətdən zəif olanları buraxmırdı. Bir məktubunda Zərdabi boş və mənasız hekayələrin müəlliflərinə işarə vuraraq yazırdı: [1]

Ey qardaşlar, rəva deyil ki, bircə qəzetimiz var ki, “Əkinçi” olsun, sizə “Əlif Leyla” dərsi desin. Bu halda müsəlman milləti tufana düşmüş təkidir ki, hər ləpə onların bir hissəsinin aparıb qərq edir. Qardaşlarınızın qərq olmağına baxa-baxa inək irəlidən yediyi xörəyi köyşəyən kimi Rüstəm Zalın nağılını oxuyub keçmişdə olanların qüvvətilə fəxr edək və öz qərq olmağımıza əlac eyləməyək.

Həsən bəy Zərdabi – Xalqın tərəqqisini onun maariflənməsində görən Həsən bəy Zərdabi mədəni yüksəliş naminə fərqli vasitələrə baş vurmuş, müxtəlif ideyaları həyata keçirmişdi. Müsəlman Şagirdlərinə Yardım Cəmiyyəti təsis edir və gimnaziyadakı tələbələri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) ilə birlikdə bütöv bir yayı Azərbaycanın kənd və şəhərlərini dolaşır. Onun tələbələrin təhsil xərclərini ödəmək üçün yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti o qədər də uğurlu alınmadı. Böyük çətinliklə də olsa, Həsən bəy 1600 manata qədər pul toplayır və bu vəsaitin faizi ilə ildə 1–2 nəfərin təhsil haqqını ödəyir. Bu işlə yanaşı Həsən bəy öz mənzilində pansionat açır, hər il on nəfər azərbaycanlı uşaq bu pansionata qəbul olunur və gimnaziyaya daxil olmaq üçün hazırlanır. 1872-ci ildə ailə həyatı qurduğu Tiflisdə Nəcib Qızlar İnstitutunu bitirmiş Hənifə xanım Abayeva da təlim-tərbiyə işlərində ərinin ən yaxın köməkçisi olur. Millətin maariflənməsi yolunda Həsən bəyin göstərdiyi səyləri Hənifə xanım xatirələrində belə təsvir edir:

O, bir nəfər dəmirçini öz uşağını gimnaziyaya verməyə razı salmışdı.

Təbii ki, Həsən bəyin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə edilən, mayası vətənpərvərlikdən doğulan işlər idi. Azərbaycanın o zamankı tarixi inkişaf səviyyəsində ən təsirli, münasib vasitələrdən birinin mətbu söz olduğunu H.Zərdabi duymamış deyildi. O ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada, mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan maarifiçisi Abbasqulu bəy Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz üzərinə götürürdü. “Əkinçi“nin meydana çıxması bir neçə cəhətdən əlamətdar idi. Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq Həsən bəy Zərdabi “Əkinçi”nin timsalında mətbuata kütləvi informasiya vasitəsi, maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı. “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun“, “yaxşı-yamanlığı aşkar eləsin“, “xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün” kimi dərin mənalı fikirlər çağdaş mətbuatımızın da əsas prinsipləri olaraq qalmaqdadır.

Həsən bəy Zərdabi qəzetə ana dilini öyrədən bir məktəb kimi baxırdı, “qəzet və ya jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir”. O, təcrübədə sübut edirdi ki, Azərbaycan mətbuatı öz milli zəmini üzərində inkişaf etməyə qadirdir, qəzet xalqın həyatında inkişafa doğru təkanverici amil ola bilər. Lakin jurnalistikaya meyl göstərən, onu özünə sənət seçən adamların olmaması, Zərdabini tutduğu böyük yolda çətinliklərə salırdı. O, bu barədə yazırdı: [1]

Dünyada hər qəzeti 5 və ya 10 adam inşa edir, onu çap eləyən, hürufatını düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən tək özüm görüm. Hətta bizim müsəlaman şəhərində bir savadlı olan müsəlman yoxdur ki, qəzetə baxıb onun qələtini düzəltsin və ya hürufatını düzsün.

Azərbaycanda milli dildə qəzet çıxarmaq üçün mətbəələrin olmaması nəticəsi idi ki, İranda, Türkiyədə çap olunan qəzet və kitablardan istifadə edilir və bunun nəticəsində dilimizdə xarici sözlərin, ifadə və tərkiblərin işlədilməsinə şərait yaradılırdı: [1]

Onların kitablarını bizim adam üçün oxumaq çətindir. Ona binaən yaxşı olardı ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, çapxana açıb öz dilimizdə çap elətdirib kitabları xalqa müftə , ya bir az qiymətə paylasın.

Bu böyük maarif fədaisi “Əkinçi“nin nəşri ərəfəsindəki qayğılarından söz açaraq xatırlayırdı:

“Əkinçi”nin nəşri ərəfəsindəki qayğılarından söz açaraq xatırlayırdı: “Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır.

Zərdabi qəzet oxuyanların sayını artırmaq üçün çox vaxt nömrələrib pulsuz paylayırdı. Hələ qəzet çıxmamışdan əvvəl Zərdabinin M.F. Axundova göndərdiyi məktubda bunu aydın görmək olar: [1]

Bəlkə sizi belə bir şey düşündürür ki, nə üçün başqa birisi deyil məhz siz, özü də müftə, bir quru “çox sağ ol” eşitməyə belə ümidiniz olmadan bu barədə zəhmət çəkəsiniz. Onda mən məcburam deyəm ki, xalqa sənə doğma olan xalqa məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir; xalqın, həm də geridə qalmış avam xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən bir adamı belə bir fikir yoldan qoymamalıdır. O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır.

Hənifə xanımın xatirələrində qeyd edir ki, bir dəfə fransız qəzetinin baş müxbiri Bakıya gəlib çıxmışdı. O, Rusiyada, xüsusilə Bakıda qəzet işinin qurulmasını öyrənirdi. O, bütün Rusiyada Azərbaycan dilində çıxan yeganə qəzetlə maraqlanıb Həsən bəyin yanına gəlmişdi. Qəzetin üç il müddətində ancaq 300 abunəçisi olduğunu bilincə müxbir təəccüblə Həsən bəyə baxıb səmimi surətdə dedi: [1]

“Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz. Sizin energiyanıza heyran qalmışam. Görünür siz öz xalqınızı çox sevirsiniz.

Zərdabi “Əkinçi” də demək olar ki, hər şeydən yazırdı. “Əkin və ziraət xəbərləri” başlığı altında gedən məqalələrində Zərdabi torpağın elmi qayda ilə becərilməsindən, əkinçilik işlərini yeni yola çıxarmaqdan, yeni maşınların tətbiqindən və s. bəhs edirdi.

O, həmçinin kəskin siyasi məsələlər də qoyurdu, zəmanənin eyiblərini açıb göstərirdi. O, bəzən ustalıqla adi bir məqalənin içində siyasi məsələlərdən bəhs edirdi. Məsələn, o, bir məqalədə oxucuya adi bir xəbər verir, göstərir ki, fransız alimi Paster barama qurdu bəsləməyin yeni qaydasını tapmışdır. Fransa sözü işlədilən yerdə mötərizə açıb deyirdi ki, (indi Firəngistanda padşah yoxdur, dövlət işinə məhkəmə (yəni məclis) mülahizə edir ki, ol məhkəmənin calislərini camaat zübdə edir). Beləliklə, Zərdabi oxucuya başa salmaq istəyirdi ki, Fransada dövlət quruluşu bizimkindən yaxşıdır. Orada məclisi camaat seçir, dövlət işlərini tək bir adam deyil, məclis idarə edir.

Zərdabinin həm jurnalistlik, həm də elmi fəaliyyətində materialist görüşlər özünü əks etdirir. Onun “torpaq, su və hava”, “Bədəni salamat saxlamaq düsturuləməli” əsərlərində, 1905–1906-cı illərdə “Həyat” qəzetində, 1907-ci ildə “Dəbistan” jurnalında çıxan məqalələrində bu görüşləri hiss etmək olur. [1]

Mirzə Fətəli Axundov– milli dramaturgiyanın əsasını qoyan Axundov bu ideyalarla yaşadığı bir zamanda Zərdabinin “Əkinçi” adlı qəzet nəşr etdirmək xəbərini eşidib onu alqışlamışdır. Qəzet barəsində Axundovla Zərdabi arasında xeyli məktublaşmalar olmuşdur. O, 1875-ci ildə aprelin 21-də Zərdabiyə göndərdiyi məktubda deyir: [1]

Göndərdiyiniz elanlardan Şeyxül-islama və Müftüyə — hərəsinə 25 nüsxə verdim. Onların hər ikisindən sizin mənə yazdığınız məktubda ifadə etdiyiniz xahişinizi yerinə yetirməyi rica etdim. Mənə göndərilən elanlara gəlincə, onlardan 10 dənəsini mənim xahişimə əsasən, buradakı İran konsulu cənabları qəbul etdilər. Beləliklə, siz 10 nəfər abunəçinin pulunu oradan alacaqsınız. Mən nəzərdə tutmuşam ki, savadlı tanışlarıma təsadüf etdikdə, bu elanlardan onlara təqdim edərək, sizin qəzetinizə abunəçi olmağı onlardan xahiş edim.

M.F.Axundov bu məktubda qəzetlə əlaqədar bir neçə mühüm vəzifə irəli sürmüşdür. Axundovun fikrincə, geniş oxucu kütləsi üçün buraxılan mətbuat orqanının şriftləri gözəl, dili, üslubu, orfoqrafiyası tam düzgün olmalıdır. O, kiçik bir elanda çoxlu orfoqrafiya səhvi görüb yazmışdı: [1]

Qəzetinizin şriftindən mən fövqəladə razıyam. Ancaq sizin azərbaycanca məktubları hazırlayan mühərrirdən çox narazıyam. O, Azərbaycan dilini bilmir. Buna görə də kiçik bir elanda bir çox bağışlanılmaz səhvlərə yol vermişdir. Həmin bu mühərriri ərəb qrammatikasını bilən, fars və türk dillərinə bələd olan başqa bir savadlı adamla əvəz etmək lazımdır.

Böyük mütəfəkkir Tiflisdə öz komediyalarını çap etdirərkən dilinin səlisliyinə, orfoqrafiyanın düzgünlüyünə xüsusi fikir vermişdi. Onun Zərdabidən xahişi bu idi ki, həmin komediyaların orfoqrafiyasına riayət etsin. M.F.Axundov hətta, elanda olan bütün səhvlərin altından qırmızı qələmlə cızıqlar çəkib bir nüsxəsini Həsən bəyə göndərmişdi.

M.F.Axundov “Əkinçi”nin qarşısında duran vəzifələri çox düzgün müəyyənləşdirmişdi: [1]

Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır.

Məktubun sonunda M.F.Axundov “Əkinçi” qəzetində əməkdaşlıq etməyə razı olduğunu bildirir və qəzetin proqramının ona göndərilməsini Həsən bəy Zərdabidən xahiş edir. Axundov Əkinçinin qaldırdığı mühüm ictimai-siyasi məsələlərə dair öz rəyini bildirir, habelə “Vəkili-milləti-naməlum” imzası ilə məktublar yazırdı. Aşura mərasimlərində baş yarıb, insanın özünə xəsarət yetirməsinin islama zidd olduğunu bildirən və bu mövzuda polemika açan “Əkinçi” də M.F.Axundov mütərəqqi cəbhədə dayanmış, cəhalətpərəstləri kəskin tənqid etmişdir. [1]

Seyid Əzim Şirvani — S.Ə. Şirvaninin yaradıcılığının mühüm bir hissəsi “Əkinçi” qəzeti ilə bağlıdır. Qəzetin satira cəbhəsi Şirvaninin şeirləri hesabına olduqca qüvvətli idi. Əkinçinin təsiri ilə o, günün ən zəruri məsələlərinə uyğun şeirlər yazırdı. Qəzet onun əlində maarifçilik ideyalarını yaymaq üçün xitabət kürsüsünə çevrilmişdi. Azərbaycan xalqının həyatında “Əkinçi“nin böyük rolu olduğunu şeirlərində vurğulayan Şirvaninin nəzərində qəzetin xeyli üstünlükləri vardı. Birinci: qəzet dünyanın hər yerindən müxtəlif məzmunlu xəbərləri toplayıb oxuculara çatdırır. Bu isə dünya işlərindən xəbərdar olmaqda oxuculara kömək edir. İkinci: qəzet elm toxumu səpir, əkinçiliyi yüksəltməyin yollarını göstərir, məişəti daha da yaxşılaşdırmaq istəyənlər üçün ağıllı müəllimdir. Üçüncü: qəzet ana dilində çıxdığı üçün dilin saflaşmasında, təmizlənməsində mühüm rol oynayır. Nəhayət: qəzetin qiyməti ucuz, məqalələrin dili sadə olduğuna görə hamıya münasibdir. [1]

Şair “Qəzet nədir” şeirində oxucuları “Əkinçi”nin məramə ilə tanış edir, qəzetin əhəmiyyətini başa düşməyənləri satira atəşinə tuturdu. Seyid Əzim şeirdə dövrünün qəzetlərinin xülasəsini verir, əkinçini mövqeyini düzgün qiymətləndirirdi.

Qafqaz əhlinə xitabən yazdığı şeirində şair zəmanəsindən şikayət edir. Din xadimlərini min bir hiylə ilə xalqı soyması, avamlıq, gerilik, savadsızlıq satira atəşinə tutulur. S.Ə.Şirvaninin bu şeirində H.Zərdabiyə yüksək qiymət verir, onun elmini, biliyini tərifləyir, elm öyrənmək sayəsində xalqının ən qabaqcıl, gözüaçıq adamı olması ilə fəxr edir.

S.Ə.Şirvani “Əkinçi” qəzetində 10-dan çox satirik şeir və məktub çap etdirmişdir. Onun ilk şeiri qəzetin nəşrinin 1-ci ilində 6-cı nömrədə buraxılmışdır. Həmin nömrədən sonra Şirvaninin şeirləri həm əsas nömrələrdə, həm də əlavələrdə dərc olunmuşdur. [1]

Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatına mahir dramaturq kimi daxil olan, hələ tələbəlik illərindən “Əkinçi“nin səsinə səs vermiş, onun yaradıcı heyətinə qatılmış, publisist məqalələri ilə çıxış etmişdir. Onun ilk publisist əsərləri “Əkinçi” qəzetində çap olunmuşdur. “Əkinçi“nin ilk nömrəsi işıq üzü görəndə Nəcəf bəy Vəzirov Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfatı Akademiyasında təhsil alırdı. Bakıda real gimnaziyada oxuyan vaxt Zərdabi onun müəllimi olmuşdu. Müəlliminin anadilində qəzet nəşr etməsini Moskvada eşidən Vəzirov “Əkinçi“də yaxından iştirak etməyi qarşısına əsas məqsəd qoymuşdu. 1875-ci il avqust ayının 28-də Zərdabinin ünvanına göndərdiyi məktubunda Vəzirov yazırdı: [1]

Əvvəlinci iki nömrəni aldım. “Əkinçi” mənim ana dili müəllimimdir. Tərcümə üçün orijinal bir şey tapmıram. Özümününkünü yazıram. Davamı da olacaq. Qəzetin proqramını göndərin ki, nədən yazacağımı bilim.

Məktubla bərabər Zərdabiyə Şuşanın həyatından, buradakı gerilik və mövhumatdan bəhs edən “Ağıçı” adlı felyeton göndərən Vəzirovun bu yazısı “Əkinçi“də çap olunmadı. Bu onu ruhdan salmamış, öz yazıları üzərində çalışmış, “Əkinçi”yə müntəzəm məktublar göndərmişdir. “Əkinçi“də dərc etdiyi məqalələrdə N.Vəzirov ədəbiyyat və sənət məsələlərinə də toxunmuş, gerçəkliyi özündə ehtiva edən nümunələrin yerini həcvlərin, mədhiyyələrin tutmasına mənfi münasibət bildirmişdi. [1]

Onun “Əkinçi”də 8 məqaləsi dərc olunmuşdur. Bu məqalələr müxtəlif mövzulardadır. Məsələn, ilk məqaləsi Petrovsk-Razumovsk Akademiyasında mal-qaranın saxlanmasından, yem hazırlanmasından bəhs edir.

Əkinçi” nin proqramında da vaxtı keçmiş adət və ənənələrin tənqidi mühüm yer tuturdu. Odur ki, N.Vəzirov bu mövzuda məqalələrə xüsusi əhəmiyyət verirdi. Qəzetdə çap etdirdiyi 2-ci məqaləsində Vəzirov yazırdı: [1]

Bizim adəti-qədimə zəmanə rəftarı ilə düz gəlməyir. Biz qanacağımızı artırmağa səy edəndə adəti-qədimləri dəyişdirməyə səy etmirik.

Yaxud “Bənd məxsusi” sərlövhəli başqa bir məqaləsində N.Vəzirov yazırdı: [1]

Hərdəm tənha oturub fikir edirəm, xüdabəndə, bizim axırımız necə olacaq! Əqlimiz at-baba əqli, getdiyimiz ata-baba yolu, heç bir dəyişilmək yoxdur. Ata-babamız xoruz və qoç döyüşdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nəqlinə qulaq asıb, qızıl quş saxlayıb, günlərin keçirdib, biz də ki, bu yolu gedirik, tələf olacayıq.

Maarif və mədəniyyət məsələlərindən bəhs edən də N.Vəzirov köhnəlmiş adətləri dəyişdirməyi irəli sürürdü. O yazırdı: [1]

İnsan bir şeyə adət edəndən sonra onun yamanlığını bilməz. Məsələn, burunotu çəkmək bir yaman adətdir. Amma onu çəkən üçün ondan xoş şey olmaz, habelə bizim məktəbxanalarımızdan yaman məktəbxana dünyada tapılmaz, amma ona elə adət eləmişik ki, guya ondan əla məktəbxana dünyada olmaz.

Əkinçi” də çap etdirdiyi məqalələrində N.Vəzirov ədəbiyyat və sənət məsələlərinə də toxunmuşdur.

Əsgər ağa Gorani — Bakı real gimnaziyasında Həsən bəy Zərdabinin şagirdi olmuş, sonra isə təhsilini Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfat Akademiyasında davam etdirmişdi. Əsgər ağa Gorani şəcərə etibarilə Qarabağ xanları nəslindəndir. Moskvada təhsil alarkən Nəcəf bəy Vəzirov kimi o da “Əkinçi“nin nəşrini eşitmiş, anadilli mətbu orqanın varlığından sevinmişdi. Onun “Əkinçi” qəzetində 40-dək məktubu dərc olunmuşdur. Qəzetin bütün şöbələrində onun məktublarına rast gəlmək mümkündür. “Elm xəbərləri” şöbəsində Goraninin qəbirstanlığa yaxın yerlərdə su quyularının qazılmasının zərərindən, mal-qaranı saxlamağın yeni üsullarından, Şərq xalqlarının elmsizliyinin səbəblərindən, telefonun və stenoqrafiyanın ixtisarından, tarix elminin inkişafı məsələlərindən bəhs edən maraqlı yazıları verilmişdir.

Məktubat” şöbəsində dərc etdirdiyi yazılarının birində Gorani Bakı-Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədar dövlətin qərarından, dəmir yolunun keçəcəyi yerlərdən məlumat verir. Başqa bir məktubunda isə Peterburq kənd təsərrüfatı muzeyindən danışır. Muzeyin şöbələri, eksponatları haqqında məlumat verir, belə mədəni ocaqların əhəmiyyətini göstərir. [1]

Əsgər ağa qəzetdə təzə xəbərlər yazmağa çox meyl edirdi. Bu xəbərlər böyük təbliğat gücünə malik idi. Məsələn, “Əkinçi”nin 1876-cı ildə çıxan 1-ci nömrəsində Goraninin Peterburq padşahlıq kitabxanasından bəhs edən məqaləsi verilmişdir. Müəllif göstərir ki, bu kitabxanada 900 min basma, 30 min yazma kitab və 75 min kitab surəti saxlanılır. Qiymətli nüsxələr şüşə altında nümayiş etdirilir. “Əgər bir kəs bilsə ki, filan kitab yoxdur, o vaxt deyə bilər ki, onu tapıb iki həftənin müddətində ona versinlər. Hər yekşənbə günü kitabxananı hər bir kəs gəzib tamaşa edə bilər...”

Ə. Gorani rusca çıxan qəzet və jurnallardan maraqlı xəbərləri tərcümə edib “Əkinçi”yə göndərirdi. Onun “Знание” jurnalından, “Texniçeski sbornik”dən tərcümələri məlumdur. Goraninin tərcümələrinə Zərdabi tələbkarlıqla yanaşırdı, bəzi məqalələri yenidən işləmək üçün özünə qaytarırdı. Məsələn, qəzetin 28 aprel 1876-cı il tarixli 8-ci nömrəsində çıxan bir məktubun maraqlı tarixçəsi vardır. Gorani hələ Peterburqda olarkən müxtəlif mənbələrdən istifadə edərək “Hollandiya vilayətində necə pendir qayırırlar“ ünvanlı məktub hazırlayıb göndərmişdi. Müəllif özü tərcümənin zəif olduğunu başa düşüb H.Zərdabiyə yazmışdı: [1]

O Сыроделии в Голландии» məqaləsini “şorsuyu” tərcümə etmişəm. Bilmirəm düzdürmü.

Əkinçi” qəzetinin bütün nəşri boyu Ə.Gorani onun fəal müxbiri olmuşdur.

Əhsənül Qəvaid— “Əkinçi” nin məktubat şöbəsində gedən məqalələrdə əhalinin mədəni geriliyi, cəhalət və mövhumat, köhnə ruhani təhsili, mollaxanalar, patriarxal və feodal adət-ənənələr kəskin tənqid olunurdu. Bu məqalələrin müəlliflərindən biri Əhsənül Qəvaid idi. O, müasir elmləri təhsil etməyə çağıran və bəzən də kənd təsərrüfatından bəhs edən məqalələr də yazırdı. Qəvaid qəzetin 18 nömrəsində 21 məqalə çap etdirmişdir. Əhsənül-Qəvaid məqalələrində xalqlar dostluğu ideyasını geniş təbliğ edirdi. O, məhərrəmlik təziyəsində baş yarmaq əleyhinə kəskin məqalələr yazmışdı. [1]

Ələkbər Heydəri — Ələkbər Heydəri qəzetdə gedən ən ciddi publisist yazısı “dini elmləri, yoxsa dünyəvi elmləri tədris etmək lazımdır” mövzusunda olan məqaləsidir. Həmin məqalə 1875-ci ildə çıxan 10-cu nömrədə mübahisə təriqilə verilmişdir. Heydəri dünyəvi elmlərin tədrisinə üstünlük verir və bu barədə öz mülahizələrini əsaslandırırdı. Həmin məqalə geniş müzakirəyə səbəb olmuşdur. Müəlliflər iki hissəyə bölünmüşlər. Zərdabi və onun ardıcılları Heydərini müdafiə etmiş, ruhanilər isə əleyhinə çıxmışlar.

Qəzetin həmin ildə çıxan 11-ci sayında Əhsənül-Qəvaid müəllifin fikri ilə həmrəyolduğunu bildirmiş, dini təhsillə yanaşı, dünyəvi elmlərin tədrisini vacib hesab etmişdi. Qəzetin 12-ci sayında Zaqafqaziyanın şeyxülislamı Axund Əhməd Hüseynzadə dini elmlərin üstünlüklərini sübut etməyə çalışmışdır. Təkcə 1876-cı ildə Heydərinin qaldırdığı məsələ ilə əlaqədar müxtəlif müəlliflərin 15 məqaləsi çap olunmuşdur. Zərdabi bu müzakirənin əhəmiyyəti haqqında yazırdı: [1]

Zikr olan mübahisənin ümdə muradı bizim “elmli əbdan”dan (yəni dünyəvi elmlər) bixəbər qalmağımızın səbəblərini bəyan edib onun əlacını xalqa aşikar etmək idi.

İsa Sultan Şahtaxtlı — Azərbaycanın ilk jurnalistlərindən olan, 1875-ci ildə “Əkinçi” qəzetinin nəşr olunduğu dövrdə “Tiflisskiy vestnik” qəzetinin siyasi şöbəsinin müdiri işləyən, məşhur publisist İsa-Sultan Şahtaxtinski Zərdabi ilə yaxından əlaqə saxlayırdı. İsa Sultan nəinki onun qəlbi üçün əziz olan “Əkinçi“nin müvəffəqiyyətindən sevinir, həmçinin “Tiflisskiy vestnik” qəzetinin oxucularını ilk Azərbaycan qəzetində dərc olunan məqalə və xəbərlərlə tanış edirdi. “Tiflisskiy vestnik“in təkcə 1876-cı il 18 noyabr tarixli 260-cı nömrəsində onun “Əkinçi“dən üç xəbəri dərc olunub.

Respublika Əlyazmaları Fondunda Həsən bəy Zərdabinin arxivində Şahtaxtinskinin bir məktubu saxlanılır. 1876-cı il mayın 9-da Tiflisdən Zərdabiyə göndərdiyi həmin məktubdan aydın olur ki, Şahtaxtinski “Əkinçi” də xarici siyasət şöbəsinin açılmasına təşəbbüs etmişdir. Bu barədə məktubda deyilir: [1]

. əgər sizin rus dilindən tərcümə etməyə meyliniz və vaxtınız olarsa, onda mən məmnuniyyətlə sizin redaktə etdiyiniz qəzetdə iştirak edərəm. Onda qəzetdə xarici siyasət şöbəsi açmaq mümkün olardı və mən sizə iki həftədən bir siyasi icmal göndərərdim. Belə ki, sizə öz hüsnü-rəğbətimi sözlə deyil, işlə sübut etmək istəyirəm.

Adları çəkilən müəlliflərdən əlavə qəzetdə Məhəmmədtağı Əlizadə Şirvani, Əlimədəd Abdullahzadə (Məhbus Dərbəndi), Məmnun Əlqədari, Ələkbər Elçizadə, Xaçatur Qorxmazov və b. çıxış etmişlər.

“Əkinçi” nin bağlanması

Qəzetin 1877-ci ildə çıxan 20-ci nömrəsində birinci səhifədə belə bir elan vardı: [1] [2]

Biz xəstə olduğumuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxması məlum deyil.

Bu nömrədən sonraq qəzetin heç bir nüsxəsi yoxdur. Məhz bu elanın çap olunduğu sonuncu 56-cı nömrəsi ilə də “Əkinçi” qəzeti bağlanmışdır. Burada azərbaycanlı əhaliyə düşmən münasibəti ilə seçilən yeni Bakı qubernatoru Ruzinin də rolu vardı. Qəzetin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 sayı işıq üzü görmüşdü ki, bu da cəmi 56 say edir.

Zərdabi “Həyat” qəzetinin 28 dekabr 1905-ci il tarixli sayında “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində qəzetin bağlanması səbəblərini ətraflı şərh etmişdi. Müəllif məqalədə “Əkinçi“ni nə məqsədlə nəşr etdiyini, qarşıya çıxan çətinlikləri, çap senzurası tərəfindən təqibləri açıb göstərmişdir. Zərdabi həmin məqaləsində qeyd edir:

Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm, qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur”.

Həmin məqalədən aydın olur ki, o zaman Qafqazda ərəb əlifbası ilə hürufat yox dərəcəsində idi. Vaxtilə “Tfilisskiye vedomosti” və “Zakavkazskiy vestnik” qəzetlərinin, habelə Arzanov qardaşlarının Tiflisdəki mətbəələrindən qalmış ərəb hürufatına bel bağlamaq olmazdı. Azərbaycan dilində qəzet buraxılması işinə milli mətbəənin təşkilindən, hürufat tədarükündən başlamaq lazım idi ki, Zərdabi məhz belə etdi. O, özü İstanbula gedib hürufatı satın alıb gətirir. Həmin dövrdə İstanbulun “Babi-ali caddəsi“ndə mətbuat və kitab ticarəti sahəsində çoxlu azərbaycanlı işləyirdi. Xatirələrində Zərdabi onların “Əkinçi” üçün hürufat əldə etməyə böyük kömək göstərdiklərini ayrıca qeyd edir.

Məqalənin mühüm bir hissəsində “Əkinçi“nin çap senzurası tərəfindən təqib edilməsi təsvir edilir. O, qəzetin bağlanması səbəblərinin ərtaflı şərhini verir. Zərdabi yazır ki, bir gün Nəcəf bəy Vəzirovun Moskvadan göndərdiyi məktub mətbəədə yığılıb səhifələnmişdi. Senzor qol çəkib qəzetin çap olunmasına da icazə vermişdi. Həmin məktubda dükanların qabağında qəsidə oxuyan və camaatı elmə səsləyən dərviş təsvir olunurdu. Qəzet çap olunub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni yığdılar və Zərdabini qubernatorun idarəsinə çağırdılar. Qubernatorun fikrincə, Vəzirovun məqaləsində siyasi fikirlər irəli sürülürdü. Bunu bəhanə edib qəzetin bir daha buraxılmasına icazə vermədilər. [1]

Bir tərəfdən senzura və jandarmın təzyiqi, digər tərəfdən Dağıstanda iğtişaş, rus-türk müharibəsinin başlanması və başqa səbəblər “Əkinçi“nin bağlanması ilə nəticələndi. Çar hökuməti qəzeti bağladıqdan sonra hətta Zərdabinin Bakıda yaşamasını belə qorxulu hesab etdi. Bu haqda Zərdabi həmin məqalədə yazır [1] [2] :

Bir gün gimnaziyanın direktoru mənə məlum elədi ki, sərdarın hökmünə görə, gərək mən Yekaterinador şəhərinin gimnaziyasına müəllim gedəm. Ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb xalq işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim.

Comments are closed, but trackbacks and pingbacks are open.