Press "Enter" to skip to content

Könüllülük proqramları

Unikal.org xəbər verir ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli 1748 nömrəli Sərəncamı ilə ölkəmizdə 2020-ci il “Könüllülər ili” elan olunub.

Könüllülük Proqramı başa çatıb – FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan VII Könüllülük Proqramı başa çatıb. Könüllülük Proqramında iştirak etmiş gənclərə arayışlar təqdim olunub. SİA xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, müdir müavini Anar Məmmədov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, İdarənin əməkdaşları və VII Könüllülük Proqramını başa vuran gənclər iştirak ediblər.

BŞTİ müdiri Mehriban Vəliyeva ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirildiyini, könüllülük hərəkatının geniş vüsət aldığını, gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını bildirib.

BŞTİ-nin gənclərin ictimai fəallığının artırılması, könüllülük təşəbbüslərinin inkişaf etdirilməsi və fərdi inkişaflarına dəstək göstərilməsi məqsədilə Könüllülük Proqramları həyata keçirməklə bu istiqamətdəki fəaliyyətini genişləndirdiyini deyib.

İdarə müdiri Könüllülük Proqramının həyata keçirilməsinin əsas məqsədinin tələbə və məzun gənclərə bilik və bacarıqlarını artırmaq, təhsil sahəsində təcrübə toplamaq, kollektivlə işləmək bacarıqlarına yiyələnmək, öz ixtisaslarına uyğun kadr kimi formalaşmaq istəyən şəxslərə uğurlu karyera qurmaq imkanı yaratmaq, onların elmi fəaliyyət və keyfiyyət göstəricilərini yüksəltmək, peşəkar kimi formalaşmasına dəstək verməkdən ibarət olduğunu söyləyib.

M.Vəliyeva könüllüləri təbrik edərək onların fəaliyyətinin yaddaqalan və səmərəli olduğunu söyləyib, hansı sahədə çalışmalarından asılı olmayaraq, könüllülərin uğur qazanacaqlarına inandığını bildirib.

BŞTİ-nin müdir müavini Anar Məmmədov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov VII Könüllülük Proqramı iştirakçılarının 3 aylıq fəaliyyəti dövründə gənclərin ünsiyyət, kollektivə uyğunlaşmaq, tapşırılan işi layiqincə yerinə yetirmək xüsusiyyətlərinə görə seçildiklərini qeyd edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.

BŞTİ-də onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edən gənclər, könüllü kimi 3 aylıq fəaliyyətləri dövründə təhsili idarəetmə sahəsindəki iş prinsipi ilə bağlı müsbət təcrübə qazandıqlarını nəzərə çatdırıblar. Bütün bu nailiyyətlərin qazanılmasında İdarə kollektivinin böyük rolu olduğunu deyən gənclər, onlara öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, BŞTİ tərəfindən həyata keçirilmiş ilk Könüllülük Proqramında 15, II Könüllülük Proqramında 26, III Könüllülük Proqramında 35, IV Könüllülük Proqramında 42, V Könüllülük Proqramında 29, VI Könüllülük Proqramında 18, VII Könüllülük Proqramında isə 27 nəfər müxtəlif sektorlarda, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində fəaliyyət göstəriblər. İndiyədək həyata keçirilmiş Könüllülük Proqramlarında iştirak etmiş gənclərdən 19 nəfəri BŞTİ-nin əməkdaşı kimi çalışır.

Könüllülük proqramları

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “eSAS” Elektron Sosial Aktivlik Sistemi yaradılıb və onun üzərindən nazirliyin Könüllülük Proqramı təsis edilib.

Unikal.org xəbər verir ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli 1748 nömrəli Sərəncamı ilə ölkəmizdə 2020-ci il “Könüllülər ili” elan olunub.

“eSAS” Elektron Sosial Aktivlik Sistemi yaradılması və onun bazasında nazirliyin Könüllülük Proqramı hazırlanmasında məqsəd məhz gənclərin şəxsi inkişafı, informasiya texnologiyaları üzrə biliklərinin və rəqəmsal bacarıqlarının artırılması, onların maarifləndirilməsi, yaradıcı ideya və innovativ təşəbbüslərinin dəstəklənməsi, o cümlədən asudə vaxtlarının səmərəli təşkilidir.

“eSAS” Könüllüləri elektron xidmət və müraciətlər, sayt və sosial şəbəkələrlə iş, onların daima nəzarət altında saxlanılması və onlayn aktivliyin təmin edilməsi, şərh, sual, şikayət və təkliflərə vaxtında baxılması və aidiyyəti üzrə məlumatın verilməsi üzrə fəaliyyət göstərəcəklər. Eyni zamanda, internet resurslarında və dünya ictimaiyyətində Azərbaycan haqqında yayılan dezinformasiyaların aşkarlanması və aidiyyəti üzrə məlumat verərək həmin məlumatların təkzib edilməsində iştirak edəcəklər.

Bununla yanaşı, “eSAS” Könüllüləri nazirliyin aparatı, struktur bölmələri, strukturuna daxil olan qurumlar və ya strukturuna daxil olmayan tabeliyindəki qurumlarda təcrübə keçmək imkanı əldə edəcəklər. Həmçinin, onlar nazirlik tərəfindən keçirilən müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər, təlim və seminarlarda yerli və xarici qonaqların qarşılanması, qeydiyyatı, yönləndirilməsi, müşayiət olunması, məlumatlandırılması, tədbir məkanının təşkil olunması və digər texniki-təşkilati işlərin həyata keçirilməsinə cəlb ediləcəklər.

“eSAS” Könüllülük Proqramını müvəffəqiyyətlə bitirən könüllülərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından müvafiq sertifikatlar təqdim olunacaq. Ən fəal, müvafiq ixtisas və peşə biliklərinə malik, qanunvericiliyin tələblərinə uyğun olaraq, müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçən könüllülərin nazirliyin struktur bölmələri, strukturuna daxil olan qurumlar və ya strukturuna daxil olmayan tabeliyindəki qurumlarda işlə təmin olunmasına köməklik göstəriləcək.

Tələbələr üçün Xaricdə Onlayn Könüllülük Proqramları – Xaricdə Təhsil

COVİD-19 səbəbiylə təhsilin qlobal olaraq dayandırılması ilə bir çox qurum qapılarını bağlamalı oldu və bu səbəbdən tələbələr də daxil olmaqla, bir çox insan evindən işləməyə davam edərkən, onlayn öyrənmə və iş platformaları həyatımıza sürətli bir şəkildə daxil oldu. Bəs COVİD-19 müddətində xaricdə könüllülük proqramları davam edirmi və əgər davam edirsə onlayn şəkildə necə könüllü olmaq olar? Bu kimi bir çox suallarınıza bu məqaləmizdə təfərrüatı ilə cavab verəcəyik! Elə isə gəlin çox vaxt itirmədən ağla ilk gələn ən sadə sualdan başlayaq!

Könüllük Nədir?

Bu sualı ən sadə bir şəkildə cavablandırmalı olsaq, “sosial faydalı fəaliyyətdir” deyə bilərik. Şəxs heç bir qarşılıq gözləmədən bir işi sərbəst görməyi öhdəsinə götürərək bunu dövlət və ya özəl qurumlar vasitəsi ilə faydalanaraq edir. Günümüzdə dünyanın hər bir ölkəsindən hər bir fərdin iştirak edə biləcəyi müxtəlif sahələrdə minlərlə könüllü iş proqramları həyata keçirilir. Bu gün bütün dünyanı ələ keçirmiş mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, könüllülük proqramlarıda öz fəaliyyətlərini onlayn olaraq davam etdirməkdədir. Karantin müddəti ərzində vaxtınızı səmərəli istifadə edərək, təcrübə və bacarıqlarınızı artıra biləcəyiniz beynəlxalq onlayn könüllülük proqramlarında iştirak edə bilərsiniz. Bu baxımdan indi sizin üçün evdən onlayn şəkildə könüllü ola biləcəyiniz proqramları təqdim edirik!

Ən Məşhur Beynəlxalq Könüllülük Proqramları Hansılardır?

Bu günlərdə bir çox qeyr-kommersiya təşkilatları onlayn könüllülərin köməyindən istifadə edir. Gün ərzində yalnız bir neçə saatınızı bu proqramlara sərf etməklə, siz öz CV-nizi gücləndirə, yeni bilik və bacarıqlar qazana bilə və beynəlxalq sertifikatlar əldə edə bilərsiniz. Könüllü olaraq iştirak edə biləcəyiniz proqramlar isə bunlardır:

1.UN Volunteers

Dünyanın ən əhatəli beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə yaradılan UNV proqramı onlayn şəkildə könüllülük proqramları vasitəsi ilə bütün dünyada sülh və inkişafa töhfə verməyi hədəfləmişdir. Proqramlar çərçivəsində siz COVİD-19 haqqında infoqrafikanın hazırlanmasından tutmuş, uşaq kitablarının ingilis dilindən yapon dilinə tərcüməsinə qədər bir çox geniş sahədə könüllülük imkanlarından faydalana bilərsiniz.

2.Smithsonian Digital Volunteers

Dünyanın ən böyük muzey, tədqiqat və təhsil kompleksi olan Smithsonian İnstitutu tərəfindən yaradılan proqram onlayn könüllü olmaq istəyən tələbələr üçün əla təkliflər təqdim edir. Siz tarixi sənədləri köçürə, institutun artefaktları və tədqiqatları haqqında Vikipediya məqalələrini hazırlaya bilərsiniz.

3.Red Cross Digital Volunteer

Digər bir könüllü təşkilatı olan Red Cross (Qırmızı Xaç) dünyanın ən güclü humanitar təşkilatı sayılır. Təşkilat fəlakətlər zamanı köməyə ehtiyacı olan insanları tapmaq və Facebook kimi bir çox sosial media platformalarında mühüm yenilikləri paylaşmaq üçün onlayn könüllüləri axtarır və onlarla işləmək üçün imkanlar təqdim edir. Proqramlar haqqında daha ətraflı məlumat üçün linkə klik edərək proqramların rəsmi saytlarına daxil ola bilərsiniz.

Könüllü İş Proqramlarının Faydaları Nələrdir?

Könüllülük layihələri yalnız başqa insanlara fayda verən xeyriyyəçilik fəaliyyəti deyildir. Bu bütövlükdə cəmiyyətə daha böyük təsirlərdə fayda verən və tələbələr üçün daha geniş imkanlar və fürsətlər təqdim edən proqramlardır. Bu səbəbdən bir çox təşkilatlar ilin bütün aylarında tələbələrin həyatını zənginləşdirəcək, onların bilik və bacarıqlarını inkişaf etdirəcək və ən vacib olanı isə hərtərəfli şəxsiyyət kimi formalaşmalarında şərait yaradacaq və gələcəkləri üçün müsbət şəkildə fayda verəcək bir çox layihələr təklif etməkdədir. Bu proqramların bəziləri tələbələrin məzun olduqdan sonra işə qəbul olma imkanlarını daha da artırır, digərləri isə mükəmməl öyrənmə təcrübəsi təqdim edir. Könüllü proqramları tələbələrə məktəbdə və ya hər hansı bir iş yerində əldə edə bilməyəcəyi dəyərli bir təcrübə yaşadacaqdır. Sizinlə həmfikir olan insanlarla tanış ola və networking əlaqələrinizi genişləndirə bilərsiniz. Son olaraq isə sizlərə uğurlar arzu edirik!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Comments are closed, but trackbacks and pingbacks are open.