Krəm Əylisli – Daş yuxular
Əylis azərbaycanlıları dünya incisi kilsələri anbara çevirib həyətində arpa-buğda əkən, erməni keşişin qızının qarnını küçənin ortasında yaran, “mırıq”, “qaban” kimi ləqəblərlə anılan şizofrenik, çirkin, kirli, dayaz, qəddar kişilər, boş vaxtlarını kilsənin heykəllərinə daş ataraq keçirən uşaqlar, Anikonun tək dəyərini müsəlmanlığı qəbul etməsində görən və saçlarında bit qaynayan Camalı təmizləyən Haykanuşa söyüşlü bayatı qoşan qadınlardı.
Əylisin daş yuxusu
Əkrəm Əylislinin “Daş yuxular” əsərini maraqla oxudum. Hadisələr 1989-ci ilin dekabr ayının sonu, yanvar aynın əvvəllərində baş verir. Saday Sadıqlı adlı məşhur bir Azərbaycan aktyoru, Bakıda döyülən bir Ermənini xilas etməyə çalışdığı sırada şiddətə məruz qalır və dostu Nüvariş Qarabağlı tərəfindən xəstəxanaya gətirilir.
Mövzu oxuyucuya Nüvariş Qarabağlı, Saday Sadıqlının yuxuları, onu müalicə edən həkim Fərid Fərzani və Sadayın qayınatası doktor Abbasəliyevin vasitəsiylə çatdırılır.
“Daş yuxular” mistik bir Erməni heyranlığı ilə naxışlanıb. Demək olar ki, bütün hadisə və təsvirlər birbaşa və ya dolayı yolla erməni mükəmməliyinin isbatına xidmət edir. Məsələn, Saday və qayınatası Naxçıvanın Əylis kəndində doğulub böyüyüblər. Hər ikisi bu kəndə hüdudsuz sevgiylə bağlıdırlar. Amma çox keçmədən məlum olur ki, bu kəndə olan sevgi onun erməni əhalisiylə məhdudlanır. Əylisdə ermənilər və onların ağlasığmaz dərəcədə zərif və möhtəşəm üslubda tikilmiş kilsələri xaricində sevgiyə layiq heç bir şey yoxdu.
Bir neçə ermənini bir az yaxından tanıyırıq. Bunlardan biri, Haykanuş, Əylisdəki ən gözəl limonları yetişdirən, illərdən bəri saçları yuyulmayan yetim Camalın saçını yuyub onu dünyaya yenidən qaytaran, vaxtının böyük hissəsini kilsədə ibadətlə keçirən bir anadı. Onun nəvəsi Lyusini isə şəhərdən gəlmiş, daim kilsədə rəsm çəkməklə məşğul olan, kiçik yaşına baxmayaraq kifayət qədər mürəkkəb xarakterli bir qız kimi tanıyırıq.
Digər erməni qadını, Aniko hər şeydən xəbərdar olan, hamıya hər sahədə köməyi dəyən qürurlu, qətiyyətli, kilsənin həyətini gül bağçasına çevirən bir insandı. Bir başqası isə 340 il əvvəl Əylisi kitab səviyyəsindəki rəngarəng gündəliyində təsvir edən erməni taciri Zəkəriyyə Əylislidi. Bütün uzaqdan və yaxından tanıdılan ermənilər zəhmətkeş, xarakterli, maraqlı, yaradıcı, səliqəli, ruhən şəhərli, ətrafını sevən və bütün hallarda zərərsiz insanlardı.
Əsərdəki azərbaycanlılar ermənilərin mütləq antitezisdirlər. Onları ilk dəfə Nüvariş Qarabağlının dili ilə “vəhşi heyvan kimi davranan əclaf yerazlar” olaraq tanıyırıq. Bunlar daha ümumi kontekstdə, Bakıda nifrət və dəhşət dolu anti-erməni şüarları səsləndirərək onları ilk yaxaladıqda qəddarlıqla öldürən azərbaycanlıların bir az daha aktiv nümayəndələridirlər. Əsərin yaratdığı Azərbaycanın iqtidarında, müxalifətində, sənət dünyasında yaltaq qullar və qəddar ağalardan başqa azərbaycanlı tapmaq çətindir.
Yadda qalan azərbaycanlılardan biri Şuşadan gəlmiş yekəpər Şahqacar Ərmağanovdur. Teatrın qarderobunda işləyən qoca erməni qadını pəncərədən atıb bunu intihar kimi qələmə verən adam Şuşanın varlılarından olub, “Baksovet”də pullu işə düzəlmiş və öldürdüyü erməninin evini fahişəxanaya çevirmiş iyrənc bir məxluqdur.
Əylis azərbaycanlıları dünya incisi kilsələri anbara çevirib həyətində arpa-buğda əkən, erməni keşişin qızının qarnını küçənin ortasında yaran, “mırıq”, “qaban” kimi ləqəblərlə anılan şizofrenik, çirkin, kirli, dayaz, qəddar kişilər, boş vaxtlarını kilsənin heykəllərinə daş ataraq keçirən uşaqlar, Anikonun tək dəyərini müsəlmanlığı qəbul etməsində görən və saçlarında bit qaynayan Camalı təmizləyən Haykanuşa söyüşlü bayatı qoşan qadınlardı.
Əylislilərin ən oxumuş və dünya görmuş azərbaycanlısı Mirzə Vahabdı. Türklərdən gizlənən 10 yaşlı Anikonu xilas edib evində saxlaması onu bir anlıq Əylisin ilk müsbət azərbaycanlısına çevirir. Ancaq tərifləndiyi cümlə qurtarmadan bu adam da yazıçı tərəfindən özündən 20 yaş kiçik erməni qızını zorla özünə arvad edən biri olaraq çirkinliklər cərgəsinə qatılır.
Yoxdurmu heç yaxşı azərbaycanlı? Saday Sadıqlı, məsələn, qabiliyyətli, ləyaqətli, güc qarşısında əyilməyən, zəifin yanında səf tutan birisidir. Amma Saday demək olar ki, istisnadı. Bu xarakterdə azərbaycanlılar arasında başqa heç kimi tanımırıq. Saday təkdi, tək olduğu kimi də əslində yoxdu. Eyni zamanda, psixi problemləri olan bir adamdı Saday. Yuxularına hər gün eyni kabuslar girən, xəyalı başqa dünyalarda dolaşan şizofrenik xüsusiyyəti birisidir. Bu mənada anormaldı, milli normanın xaricindədi.
Saday ruhən ermənidir – erməni böyüklüyünə olan sevgisiylə uşaqlığında sövq təbii xaç çevirən və ermənilərə qarşı sürüb gələn və gözləri önündə baş vermiş Sumqayıt və Bakıda davam edən “qətliam”lardan sonra ən böyük arzusu Eçmiədzinə gedib xristianlığı qəbul etmək, ömrünün axırına qədər müsəlmanların günahlarının bağışlanması üçün dua etmə planları quran biridir.
Digər yaxşı sayılacaq azərbaycanlı hörmətli alim, “Əylis patriotu” Abbasəliyevdir. Ancaq, tezliklə onun gözündəki Əylis gözəlliklərinin istisnasız olaraq ermənilərə aid olduğunu öyrənirik. Onu kənddə yaşayan azərbaycanlıların çirkinliklərinə işıq tutan, mümkün olduğu qədər bu çirkinlikləri düzəltməyə çalışan (kilsəni anbara çevirənə ağıl verərək, çay ətrafını zibilləyənləri tənbeh edərək) və əlbəttə ki Bakıda baş verən vulqarlıqlara baş bulayan biri olaraq tanıyırıq. Bu mənada bu insan da azərbaycanlı deyil.
Digər birisi əslən Güney Azərbaycandan olan Fərid Fərzanidir. Uzun illər Moskvada işləyib rus qadınla evlənmiş qabiliyyətli bir həkim və xoş bir insandı. Bakıda ermənilərə qarşı baş verənlər qarşısında və ümumiyyətlə azğın kütlə və həyasız siyasətçilərin olduğu bu ölkəyə gəldiyinə peşmandı. Azərbaycana gəlişinin səbəbi Azərbaycan damarının tutmasıdır. Oğlunu adət-ənənəyə görə sünnət etdiyi üçün həm yoldaşını, həm də oğlunu mənən itirən, qızı ilə telefon əlaqəsi həyatının tək işığı olan faciəvi bir atadır. Ancaq, həyatını puç edən bu şiddət ritualının – sünnətin boşluğuna getdikcə inanan və beləcə də onu azərbaycanlı edən tək şeydən (əsərdə sünnət müsəlmançılığa və azərbaycanlılığa bərabər tutulur) getdikcə qopan və beləcə də yenə də azərbaycanlı olmayan biridir.
Qısacası Saday və Abbasəliyevin yaxşılığı daha çox ermənilərə sevgidən, Fərid Fərzaninin yaxşılığı isə öz ailəsinə olan sevgidən ibarətdir. Heç biri Azərbaycan cəmiyyətinə, elitlər və xalq daxil olmaq şərtiylə, heç bir müsbət hiss bəsləmir. Saday mütləq istisna, anormal və erməni olmaq istədiyi (olduğu) üçün, Abbasəliyev Əylis patriotu olaraq, Fərid həkim isə onu azərbaycanlılığa bağlayan son və tək mənasız qalıntıdan üz döndərdiyi üçün azərbaycanlı deyillər. Müsbət təsir bağışlayan üç insanın heç biri azərbaycanlı deyil.
Bu təəccüblənəcək bir hal deyil. Əsərin müsbətlik simvolu olan erməni və mənfilik simvolu olan azərbaycanlı-müsəlman kontekstində müsbət xarakterli olanların erməniləşməsi və azərbaycanlılıqdan çıxması gözlənilən struktural bir məcburiyyətdə çevrilir. Onu da qeyd edək ki, azərbaycanlı olmadıqları üçün bu insanların ermənilərə qarşı “yaxşı” davranışı azərbaycanlıların adına yazıla bilməz.
Digər qəribə məqam onların hər üçünün izsiz-tozsuz ölüb getməsidir. Saday açıq şəkildə arxasında övlad qoymadan ölür, Fərid həkim yaşlıdı, sünnət məsələsinə görə ailəsini itirib və qızı ilə münasibətləri olsa da, belə çıxır ki, bunun tək səbəbi qızların sünnət olmamasıdır. Bu mənada həkimin övladları azərbaycanlı deyillər və o bir azərbaycanlı olaraq nəslini davam etdirmədən öləcək. Abbasəliyev də yaşlı adamdı və ölümə doğru yalnızlıq səyahətinə çıxıb. Qızının əri öldüyü üçün onun da nəsli kəsilməyə doğru gedir. Demək ki, yaxşı ola biləcəklər azərbaycanlı deyillər, olsalar belə, iz qoymadan ölüb yox olurlar.
Yaxından tanıdığımız digər azərbaycanlı Nüvariş Qarabağlının da pis adam olmadığını oxucu hiss edir. Eyni zamanda o milli simvol olmayacaq qədər natamamdı. Sadaya sevgisi və ermənistanlı və qarabağlı azərbaycanlılara nifrəti ilə yadda qalan bu adam da ölür – özünü öldürür. O da sonsuzdur. Qəribədir ki, ölümünüm əsas səbəbkarının şuşalı nataraz fahişəxana sahibi olduğuna eyham edilir. (Nüvariş) Qarabağlı qarabağlı (Şahqacar Ərmağanov) əlindən öldürülür. Əslində Nüvarişin kürdəmirli olduğunu, qarabağlı təxəllüsünü özünə sonradan götürdüyünü öyrənirik. Yəni Nüvariş timsalında Qarabağ saxtadı, şuşalı timsalında Qarabağ korrupsiyonerdi, əxlaqsızdı və günahsız erməni qatilidi. Sarsıdıcı olan odur ki, “əsl” Qarabağ qarabağlılaşmağa çalışan azərbaycanlını (Azərbaycanı) öldürür.
Bir birinin anti-tezi olan azərbaycanlılar və ermənilərin münasibəti azərbaycanlıların erməniləri və onlara aid olanları məhv etmə tendensiyası ilə xarakterizə olunur. Bu sadəcə erməniləri öldürmək və onların kilsələrini dağıtmaq məsələsi deyil. Burda daha ciddi hadisə, fəlsəfi simvolizm, dayazlığın, mənasızlığın, şiddətin, kobudluğun, gülünclüyün, dağıdıcılığın, köçəriliyin, dərinliyə, mənaya, sülhə, incəliyə, zərafətə, yaradıcılığa, şəhərliliyə olan nifrəti və onu yox etmək hissidir. Fars, Çin, Avropa tarixi və elmi ədəbiyyatındakı Hun-Türk-Monqol süvarisi ilə qarşılaşırıq sanki.
Bu məhvetmə işində parazitlik havası var – şuşalı ermənini evinə girmək üçün öldürür, azərbaycanlı qəssab erməni qonşusunun başını həyətinə sahib olmaq üçün kəsir, filanca kişi kilsənin həyətini bostana çevirdiyi üçün məhv etmiş olur.
Amma daha yayğın hava, əsərdə erməni və erməni yaradıcılığı ilə təmsil olunan gözəlliklərin, yeknəsək bir səbəbsizliklə, başa düşülməz və qarşısıalınmaz bir instinktlə silinməsidi. Əsərdə bəlkə də ən dəhşətli məsələ pisliyin yaxşılığı məhv etmə güdümündəki səbəb yoxluğudur. Azərbaycanlılar-türklər özləri də tam başa düşmədən yaxşı və gözəl olanı tapdaq altına alırlar.
Əsərdə səbəbsizliyi ən çox qabardan faktorlardan biri şiddətə məruz qalanın mütləq məsumluğudu. Sadayın hər gecə yuxusuna girən qara və şirin bir tülkü balası var. Bir anda ortaya çıxan bu heyvanı vaxtı ilə bir erməni qızının qarnını Əylisin ortasında yırtan qatil qəssabın özü qədər heyvərə nəvəsi öldürür. Bu tülkü balası bütün sevimliliyi və zərərsizliyi ilə erməniləri, onu öldürən qəssab nəvəsi isə bütün zorba mənasızlığı ilə azərbaycanlıları simvollaşdırır. Maraqlıdır ki, tülkü balasının taleyi kilsənin yanında həll olur, eyni ilə Bakıda Parapet bağında, kilsənin yanında öldürülən “ev paltarında çörək almağa çıxan qoca erməni” (bir insan daha zərərsiz şəkildə təsvir edilə bilməzdi) kimi. Saday kilsə yanında səbəbsiz yerə öldürülən tülkü balasının əzabıyla canını tapşırır. Tülkünün ölümü şərin pasifist xeyri mənasızcasına məhv etməsinin sonsuz misallarından sadəcə biridi. Sadayın ölümü də həmçinin.
Kilsədəki heykəllərin qulaq-burunlarına boş vaxtlarında daş atan bu insanlar erməniləri də eyni izahsızlıqla qırırlar. Səfəvilər 17-ci əsrdə, türklər 20-ci əsrin başlarında, azərbaycanlılar demək olar ki, gördükləri hər yerdə, Əylisdə, Sumqayıtda, Bakıda erməniləri heç bir səbəb olmadan ən gülünc və dəhşətli metodlarla, mənasız intihar məktubları yazdıraraq, soyuq hovuzlarda boğaraq, eşşək üstünə mindirib zurna havasına gəzdirərək öldürürlər, məhv edirlər, yer üzündən silirlər.
Şuşalının niyə Bakıya gəldiyini (məhz gəldiyini, əsərdə qaçmış ola biləcəyi deyilmir), niyə qoca ermənini öldürdüyünü bilmirik, Əylis ermənilərini 1919-cu ildə qıran türk süvariləri qeybdən peyda olur sanki. Ermənistandan gələnlərin dəhşətli aqressivliyi də oxuyuculara aşağıda qeyd ediləcək istisna bir cümlə xaric, izah edilmir. Bu tükürpədici bir mühit yaradır. Belə çıxır ki, bir vəba virusu təbiəti etibarıyla necə dağıdıcıdırsa azrəbaycanlılar da elə dağıdıcıdırlar. Elə isə, burda dəyişdirilə bilinəcək, reform ediləcək bir şey yoxdur. Alınacaq tədbir də vəba virusuna qarşı alınan tədbirdən fərqli ola bilməz.
Yaxşı olma potensialı daşıyan üç azərbaycanlının ölümü bu kontekstdə yeni məna qazanır. Yaxşı olan heç bir şeyin həyatda qalmadığı Azərbaycanda onlar da məhv olub gedir. Ölən erməni deyil, Azərbaycan və azərbaycanlılar (pisin) kontekstində yaxşı olan hər şeydir.
Azərbaycanlı vəhşətinin səbəbsizliyi, süni bir forma da alır zaman-zaman. Sanki kimsə ermənilərin törətdiklərini, ən azından, törətmiş ola biləcəklərini qayçı ilə səliqəli bir şəkildə əsərdən kəsib çıxarıb.
Bunun yeganə istisnası Sadayın həyat yoldaşı və Abbasəliyevin qızı Azadənin, Ermənistandan minlərlə qovulanlardan, konflikti başladan ermənilərdən və Osmanlı İmperatorluğunda baş verənlərin cəzasının Azərbaycanın çəkməsindən 3-4 cümlə içində bəhs etməsidir. Bu kiçik paraqrafda ilk və son dəfə səbəb göstərilir, ilk və son dəfə müəyyən legitimlik yaradılır və ən qəribəsi bu ilk və son dəfə ortaya çıxan yeganə müsbət xarakterli bir azərbaycanlı tərəfindən edilir. Əslində əsərin fonunda bu kiçik paraqraf o qədər rəngsiz qalır ki, oxuyucu bunun əsəri senzura edən xəyali gücün qayçısından təsadüfən xilas olduğu fikrinə qapılır.
Əkrəm Əylisli Azadə obrazını cırtdanlığa məhkum edərək bəlkə də Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda yazıla biləcək ən maraqlı əsəri əlindən çıxartmış olur. Sadayın Azadə ilə dialoqunun davamı iki xalq arasında, və ya azərbaycanlıların öz aralarında bu ciddi məsələ ilə dərindən üz-üzə gəlməsini təmin edə bilərdi. Ancaq səhnə erməniləşmiş Sadayın, erməni rəsmi təbliağatını bədii formada bizə çatdırması ilə məhdudlaşır və əsər gücünü itirir.
Təktərəflilik və səbəbsizlikdə daha maraqlı və əsəri gücləndirən nöqtələr də tapıla bilər. Məsələn, bunlar əsərin ümumi konseptual çərçivəsinin yaratdığı məcburi nəticələr ola bilər. Daha açıq ifadə ilə ermənilərin təmsil etdikləri müsbətliklər məcmuəsi onları nəzəri olaraq qatillikdən məhrum edir. Bu mənada, həqiqət nə olursa olsun, ilahiləşmiş bir obrazın digər tərəfin bütün vəhşətinə cavab belə verməməsi (səbəb olması qalsın bir tərəfə) təbii bir hadisədir. “Daş yuxular”da hadisələr xeyir və şər arasında cərəyan edir. Ancaq bu manixean bir mühit deyil. Şər xeyri hər üsulla məhv edir, xeyir isə şərlə mübarizə aparmır. Xeyir özünü qorumağa belə çalışmır. Xeyir sadəcə olaraq xeyir olmağa davam edir. Buradakı mütləq sülhsevərlik caynizm dinini və xristian fəlsəfəsindəki ən pasifist cərəyanları xatırladır.
Xristianlığın daha güclü hiss edildiyi başqa bir məqam da var. “Daş yuxular”ında xristian fəlsəfəsinin ən ümdə prinsiplərindən olan, günahların hamısını üstünə alıb özünü başqasına qurban etmə xəttini görməmək mümkün deyil. Bu əsər xristian ruhunun ən ifrat məqamında yazılıb. “Daş yuxular”ı yazan əlbəttə ki, Sadaydı, xristian olan Sadayın özüdür. Və bu nöqtədə məqsəd həqiqət deyil. Burda məqsəd başqasına olan sonsuz və bağışlayıcı sevgidir. O dərəcədə ki, qarşı tərəfi günahkar olaraq belə görmür, görə bilmir. Beləcə, əsərdəki təktərəflilik və səbəbsizlik verilməyə çalışılan mesajın olmazsa olmaz tərkib hissəsi kimi görülə bilər. Yəni, tarixi təhrif etmək və ya həqiqətləri görməməkdən daha ciddi məsələ ilə üz üzə ola bilərik.
Bəlkə də əsərdəki məsələ daha bəsitdir. Sadayı erməniləşdirən, dəymə-düşər edən, şizofrenləşdirən onun nakam uşaqlıq məhəbbətidir. Lyusi, Yerevandan gəlmiş, tətilini azərbaycanlıların Əylisinə fikir vermədən, ona baxmadan, kilsədə şəkil çəkməklə keçirən Lyusi, Bomba Babaşın azərbaycanlıya xas kor-kobud, bayağı diqqət çəkmə cəhdlərini heç bir şey olmamış kimi göz ardına vuran Lyusi, Babaşı onların həyətinə girib limon və daha sonra da öz tumanını oğurlatma həddinə gətirir. Bu nöqtədə Sadayın ən tərs və riskli davranışının ən ilki ilə qarşılaşırıq.
Özündən canlı Bombanı bir şillədə yerə sərərək əlindəki tumanı alıb bunun əslində Babaşın bacısına aid olduğunu kənd arasında qışqıran bir Saday çıxır qarşımıza. Bu fizika qanunlarına və Azərbaycan normalarına uymayan davranışını Saday daha sonra bir çox başqa hallarda, Azərbaycandakı siyasi-sosyal sistemə qarşı göstərmiş olacaq. Bəlkə Sadayın xarakteri bu hadisə ilə şəkil qazanır?
O hadisədən sonra Lyusi gedir və kəndə bir daha gəlmir. Azərbaycanlılar yenə də bir ermənini, bir gözəlliyi məhv etmiş olur. Sadayın xiffəti və qəzəbi bəlkə də bu qədər konkret və bəsitdi. Yəni məsələ ermənilərə edilən haqsızlıqlar deyil. Sadəcə olaraq bir fərdə duyulan nakam eşqin gücü hadisəni milli ədavət və milli sevgi səviyyəsinə çıxardıb. Sadayın hər şeydən çox sevdiyi Əylisdən doyub Eçmiədzinə getmək istəməsi də bu mənada izah edilə bilər. Əylisdə sevdiyi kilsələr var, amma sevdiyi qız yoxdu. Amma getmək istədiyi Eçmiədzində kilsələrlə bərabər, yaxında Yerevan da var, və orda Lyusi adında, bir zamanlar yox yerdən peyda olan sevimli, zərərsiz, zərif bir şəhərli qız var.
Mövzunu Əkrəm Əylisliyə ən barışmaz mövqedə olan oxuyucuların gözündə belə haqq qazandıra biləcək bir dəyərləndirmə ilə yekunlaşdıraq. Bəlkə də Sadayın hadisələri və tərəfləri ideallaşdırmasının, hadisələri süni şəkildə budamasının səbəbi şizofren olmasıdır. Saday xəstədir. Onun duyğularından süzülən bu əsər də xəstə düşüncə məhsuludur. Şizofrenikdir. Bu xəstəliyin ən əsas xüsusiyyətlərindən biri səbəb nəticə zəncirinin itməsi, əlaqə qurma qabiliyyətinin yox olmasıdı.
Beləliklə bəlkə də yazıçının göstərməyə çalışdığı azərbaycanlıların erməniləri məhv etmə ehtiraslarının səbəbsizliyi deyil. Məsələ Erməni və azərbaycanlılar, işıq və qaranlıq arasında gedən mübarizə deyil. Əsl məsələ, bəlkə də erməni qızına olan yarımçıq məhəbbətdən ağlını itirən birinin şizofrenləşərək azərbaycanlıların haqlı davası kimi şübhə götürməz bir gerçəkliyə nə qədər tərs və fərqli prizmadan baxa biləcəyini göstərmək və beləcə də insan məhəbbətinin sonsuz gücünü tərənnüm etməkdir. Elə isə “Daş yuxular” sadəcə olaraq romantik bir əsərdir.
Əkrəm Əylisli – Daş yuxular
Əkrəm Əylislinin Rusiyanın populyar “Drujba Narodov” jurnalında çap olunmuş “Daş Yuxular” (Kamennıe Snı) romanı son aylar Azərbaycanın ictimai həyatında sözün əsl mənasında böyük narazılığa səbəb olmuşdur. Bu əsər özünün bədii keyfiyyətləri ilə deyil, avantürist ideyaları və xəstə sayıqlamaları ilə diqqəti cəlb edir. Romanı burada şərh etmək fikrimiz yoxdur. Qoy onun bütün keyfiyyətlərini oxucu özü dəyərləndirsin. Bu vaxta qədər əsərin Azərbaycanca variantı olmadığından Azərbaycan oxucusunun əksəriyyətinin bunu etmək imkanı məhdud idi. Bu boşluğu doldurmaq üçün biz həmin əsərin Azərbaycan dilinə tərcüməsini ictimaiyyətə təqdim edirik. Düzdür, müəllif bu romanın bütün hüquqlarının ona məxsus olmasını bildirərək, onu bu vaxta qədər oxucuya ana dilində təqdim etməmişdir. Amma o, bilməlidir ki, əsər nəşr olunana qədər yazıçıya məxsus ola bilər. Onun çap olunmasından sonra müəllifin öz xalqının müqəddəs dəyərlərinə, mənəviyyatına, düşüncə tərzinə və tarixinə dərindən zərbə vuran belə bir cızma-qaranı müəlliflik hüququ pərdəsi ilə ört-basdır etməyə mənəvi haqqı yoxdur. Beləliklə, əsəri sizin mühakimənizə təqdim edirik.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Daş yuxular. Rekviyem romanı.
Əkrəm Əylislinin “Daş yuxular” Rekviyem romanı Ermənistan-Azərbaycan münaqişəsinin 1980-ci illərin sonlarında artdığı dövrdə dərk edilməsinə həsr olunub. Romanda müəllifin Naxçıvan vilayətindəki doğma kəndi — Ailisin tarixi mühüm yer tutur, əhalisinin əksəriyyəti 1919-cu il qırğını zamanı demək olar ki, tamamilə məhv edilmiş ermənilər idi.
Roman yazıçının ermənilərə simpatiyasında ittiham olunduğu və Azərbaycan KİV-ləri, Yazıçılar Birliyi (Aylıslı 20 ildən çox idi), mədəni və dini avtoritetlər, Azərbaycan Prezidenti və Parlamenti tərəfindən tənqid olunduğu Azərbaycanda kəskin etiraza səbəb olub. Kitabda müəllifin azərbaycanlıları ermənilərə, xüsusən də Bakı və Sumqayıtdakı qanlı qırğınlara təsvir etməsi də hiddət doğurdu. Bir sıra Qərb KİV-lərinin fikrincə, romanda Heydər əliyevin Azərbaycanda siyasi zülmün bərqərar olmasına görə tənqidi yer alıb.
Bu, sadəcə bədii mətn deyil, acı həqiqəti söyləməkdən çəkinməyən xalqının şərəf və ləyaqəti naminə əsl vətənpərvər bir yazıçının son dərəcə cəsarətli bir hərəkətidir. Vətən sevgisinə heç kim şübhə etməyən bir həmyerlinin dediyi, xüsusilə lazımlı və faydalıdır. Hər kəs üçün faydalıdır — ruslar, ermənilər, gürcülər, serblər və albanlar, ərəblər və israillilər — ağrılı şəkildə ortaq dil axtaran hər kəs üçün.
Nə susmağı, nə də səsini aşağı salmağı bilməyən yazıçı nə etməlidir?
Və sonra nifrət arasında qalxan əkrəm əylislinin nə etdiyini et.
Другие электронные книги автора
Comments are closed, but trackbacks and pingbacks are open.